Azerbaycan free ebook management system www.kitablar.com www.kitablar.org ------------------------------------------------------------------------------------------------------------------ Ebook Title: Azərbaycan dilinin tarixi Ebook Author: Prof. Qəzənfər Şirin oğlu Kazımov Ebook Translator: Müəllif Bir neçə söz I fəsil - Azərbaycan ərazisi ən qədim insan məskənidir I fəsil - Ulu dil müasir dil ailələrinin dərin qatlarında (monogenez problemi) I fəsil - Ədəbiyyat II fəsil - Dil ailələrinin yaranması II fəsil - Şumerlər, onların məskunlaşması və yayılma arealı haqqında II fəsil - Şumerlər və qədim Azərbaycan II fəsil - Mixi yazıların oxunması II fəsil - Şumer dilinin quruluşu. II fəsil - Morfologiya II fəsil - Sintaksis II fəsil - Leksika II fəsil - Ədəbiyyat III fəsil III fəsil - Dövlət, etnogenez və dilimizin mənşəyi məsələlərinin qoyuluşu III fəsil - E.ə.III-II minilliklərdə etnik tərkib və dil məsələləri III fəsil - Leksika. Xüsusi adlar III fəsil - Bə’zi fonetik xüsusiyyətlər III fəsil - Qrammatik xüsusiyyətlər III fəsil - MANNA: etnik tərkib və dil məsələləri III fəsil - Leksika: Manna xüsusi adları III fəsil - Fonetik xüsusiyyətlər III fəsil - Qrammatik xüsusiyyətlər III fəsil - MADA: etnik tərkib və dil məsələləri III fəsil - Leksika: Mada xüsusi adları III fəsil - Qrammatik xüsusiyyətlər III fəsil - Gəlmə türk tayfaları: kimmerlər, skiflər, saklar, onların etnik tərkibi və dili haqqında III fəsil - Kimmerlər III fəsil - Skiflər III fəsil - Saklar III fəsil - Qrammatik xüsusiyyətlər III fəsil - Ədəbiyyat IV fəsil IV fəsil - Albaniya. Alban (Aran) dili Alban dövlətinin yaranması. Etnik tərkib və dil məsələləri IV fəsil - Alban (aran) dili IV fəsil - Albaniyanın digər türk tayfaları IV fəsil - Alban yazısı haqqında IV fəsil - Alban dilinin leksikası (xüsusi adlar) IV fəsil - Qrammatik xüsusiyyətlər IV fəsil - Atropatena. Atropatenalıların dili haqqında Etnik tərkib və dil məsələləri IV fəsil - Leksika: Atropatena xüsusi adları IV fəsil - Erkən orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü IV fəsil - Ədəbiyyat V fəsil V fəsil - VI-VIII əsrlərdə Azərbaycanın siyasi, iqtisadi və mədəni vəziyyəti V fəsil - “Kitabi-Dədə Qorqud” ümumxalq Azərbaycan dilinin təşəkkülü dövrünün abidəsidir Yaranma tarixi V fəsil - Poetik - dastançılıq örnəyimiz V fəsil - Bə’zi fonetik, leksik və morfoloji xüsusiyyətlər V fəsil - “Kitabi-Dədə Qorqud” dilinin sintaksisi V fəsil - Sintaktik əlaqələr V fəsil - Söz birləşmələrinin quruluş modelləri V fəsil - CÜMLƏ Cümlənin məqsədə görə növləri V fəsil - Nəqli cümlə V fəsil - Sual cümləsi V fəsil - Əmr cümləsi V fəsil - Nida cümləsi V fəsil - SADƏ CÜMLƏ Cümlə üzvləri V fəsil - Xəbər V fəsil - Tamamlıq V fəsil - Tə’yin V fəsil - Zərflik V fəsil - Əlavələr V fəsil - Həmcins üzvlər V fəsil - Qoşulma konstruksiyalar V fəsil - Cümlə üzvlərinin sırası V fəsil - CÜTTƏRKİBLİ VƏ TƏKTƏRKİBLİ CÜMLƏLƏR V fəsil - Təktərkibli cümlələr V fəsil - Şəxssiz cümlə V fəsil - Qeyri-müəyyən şəxsli cümlə V fəsil - Ümumi şəxsli cümlə V fəsil - Adlıq cümlə V fəsil - Bütöv cümlə V fəsil - Yarımçıq cümlə V fəsil - Üzvlənməyən cümlələr V fəsil - Xitab V fəsil - Ara sözlər və ara cümlələr V fəsil - Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr V fəsil - Tabeli mürəkkəb cümlələr VI fəsil VI fəsil - IX-XII əsrlərdə ədəbi dilin təşəkkülünü şərtləndirən amillər VI fəsil - AZƏRİ DİLİ VI fəsil - Ədəbiyyat VI fəsil - Nəticə Müəllif AFTOBİOQRAFİYA Qəzənfər Şirin oğlu Kazımov 3 martt 1937-ci ildə Azərbaycan respublikası, Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir.. Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il - 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Namizədlik dissertasiyasının mövzusu: "Ə.Haqverdiyevin dramaturgiya dili"; doktorluq dissertasiyasının mövzusu: "Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)". Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990-1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. Ailəlidir. İki övladı var. Əsas əsərləri: "Azərbaycan dilindən təcrübi məşğələlər" (1973), "Yazıçı və dil" (1975), "Komik-bədii vasitələr" (1983), "Bədii ədəbiyyatda komizm üsulları" (1987), "Qurbani" (1990), "Qurbani və poetikası", (1996), "Sənət düşüncələri" (1997), "Dilimiz-tariximiz" (1998), "Müasir Azərbaycan dili.Sintaksis" (2000), «Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)» və s. Ali və orta məktəblərin "Azərbaycan dili" dərsliklərinin ("Azərbaycan dili",7-8-ci siniflər üçün dərslik, 1983=cü ildən; "Azərbaycan dili", rus məktəbinin 2-3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; «Azərbaycan dili» - 8-9-cu siniflər üçün – 2003-cü ildən ; "Müasir Azərbaycan dili.Sintaksis", ali məktəblər üçün dərslik, 2000) müəllifidir. Mərkəzi mətbuatda 200-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur. Əsas yaradıcılıq tstiqamətləri: -Azərbaycan dili tarixi; -müasir Azərbaycan dilinin quruluşu; -bədii əsərlərin dili; -komizm (satira və yumor) nəzəriyyəsi; -üslub və üslubiyyat məsələləri; -ədəbiyyatşünaslıq məsələləri; -etimologiya; -metodika. dilin tədrisi Q.Ş.KAZIMOV 24.01.2002 KİTABLAR: Dilimiz-tariximiz.-Bakı,1998. Azərbaycan dili.-7-8-ci siniflər üçün dərslik, 1998, 1999, 2001,2002. (prof.Y.Seyidovla) Azərbaycaqn dili.-8-9-cu siniflər üçün dərslik, «Təhsil» nəşriyyatı,2003 (dos.F.Şahbazlı ilə) Müasir Azərbaycan dili.Sintaksis. -Ali məktəblər üçün dərslik, Bakı,"Ünsiyyət",2000, 496 s. Azərbaycan dili.-rus məktəbinin 3-cü sinfi üçün dərslik, Bakı,2003 Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən XIII əsrə qədər.-Bakı, Təhsil» nəşriyyatı,20003. MƏQALƏLƏR: 1998 Xalq sevgisi ilə (Anarın 60 illiyi).-«Zaman» qəzeti,26 fevral 1998, 43/944. Fizika ilə lirikanın vəhdəti.-V.Əliyevin «Çırağımı sevənlərə» (Bakı, Kür,1998) kitabına ön söz,s.3-11; «Şərqin səsi» qəz.,iyul 1998.15. Bir neçə söz.V.Əliyevin «Od.Ocaq.Məşşəl.Şam» kitabına.Bakı,1998. Xalq poeziyasında daşlaşan tariximiz. H.Mirzəyevin "Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz" əsərinə (Bakı,1997) ön söz; s.3-5. Mətn dilçiliyi problemləri. Ə.Abdullayevin "Aktual üzvlnmə və mətn" əsərinə (Bakı,1998) ön söz, s.5-21. Tariximizə, dilimizə məhəbbətlə. M.Nuriyevanın "Tariximizin söz yaddaşı" əsərinə (Bakı,1998) ön söz; s.3-5. Arxalı köpək qurd basar."Olaylar", noyabr 1998,nömrə: 77,78,79,90. Ədəbi dilimizin sintaksisinə yeni baxış.-"İki sahil", 18 dekabr 1998. Vətəndə vətənsiz olmuşuq.- «Sərbəst düşüncə» qəz. 12-22 noyabr 1998, 19/78. 1999 Xəzan yarpaqları. -"Ədəbiyyat qəzeti", 22 dekabr 1999. Özü nisgilli, taleyi xoşbəxt şair (Əli Tudə – 70).- "Cümə" -"Xalq qəzeti"nin əlavəsi, 29 yanvar- 4 fevral 1999. Dəliliyin xeyiri."İki sahil",2 fevral 1999. 19/2263. Dünyamızın dərdləri.-Y.Nəsirlinin hekayə və povestləri haqqında).-«İki sahil», 3 mart 1999, 40. Mə'nəvi xəzinəmizin yorulmaz toplayıcı və tədqiqatçısı."Düşüncə" xüsusi buraxılış,may 1999. Yetmişə bir qalanda.-"İki sahil", 8 iyul 1999. Müasir Axısna türkləri dilinin tədqiqi.- İ.Kazımovun "Axısqa türklərinin dili" əsərinə (Bakı,1999) ön söz. İllər onü özü ilə gələcəyə aparır (Ə.Dəmirçizadə – 90).-"Ulus" qəzeti,28-31 avqusi1999. 2000 50 ilin işığında.-"İki sahil",2 fevral 2000 Elin şair oğlu."Oğuz eli" qəzeti, xüsusi buraxılış,yanvar 2000 Xalq naminə, haqq, ədalət naminə.-"Günay",19-25 fevral 2000 Kövrək duyğular.Y.Nəsirlinin "Əgər ki yıxılsam, çinar göstərin" kitabında,s.3-32 (Bakı,2000) Reyhan ətirli şe'rlər.Y.Nəsirlinin göstərilən kitabında, s.295-306. "Kitabi-Dədə Qorqud" və Azərbaycan dilinin inkişaf mərhələləri.-"Kitabi-Dədə Qorqud" - 1300,Bakı,"Ünsiyyət",2000,s.25-55. Fəlsəfi düşüncənin, şərq fəlsəfəsinin poetik ifadə vasitələri.-"Sərbəst düşüncə",5-15 fevral 2000 -sa,-sə şəkilçisi, onun praforma və derivatlarının, qrammatiik və üslubi xüsusiyyətlərinin tədqiqi.-G.Abdullayevanın "Azərbaycan dilində -sa,-sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri" (Bakı,2000) əsərinə ön söz.s3-13 Psixolinqvistik tədqiqat (İ.Kazımovla),-"Şərqin səsi",may 2000. "Tədqiqlər" -2.Bakı,2000 Ali və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat proqramları haqqında.-"Azərbaycan məktəbi",2000,nömrə 5.s.105-111. İsmi birləşmələr və onların tərəfləri arasında sintaktik əlaqələr.-"Dilsçilik məcmuəsi",Elm,2000,s.45-65. Əziz dost, unudulmaz yoldaş. "Türk bilimi araştıraları", 9 sayı, Sivas,2000,s.27-29 Yunus Emre vk Qurbani.- "Türk bilimi araştıraları", 9 sayı, Sivas,2000,s.51-56. 2001 Yunus Emre ve Qurbani. Türk bilimi araştırmaları.-9 sayı, Sivas, 2000,s.51-56. Dünya dillərinin qohumluğu (monogenez) problemi.-Elmi-praktik konfransın materialları, "Ünsiyyət",2001,s.223-255. Dostluq və sənət duyğuları."Ədəbiyyat qəzeti",12 yanvar 2001 Həssas qəlbin kövrək duyğuları.Z.Məmmədqızının "Gözlərini görym sənin" (2001) kitabına ön söz. Şairin poeziya dili (R.Rza-90). «İki sahil», 2 mart 2001. 43/2795;"Ünsiyyət" qəzeti, aprel 2001(xüsusi buraxılış) İki bölünməkdən elə qorxmuşam. V.Arzumanlının "75 ilin pillələri" (2001) kitabında,s.172-176 Azərbaycan tarixi - 1.-"Təzadlar" qəzeti, iyul-avqust 2001, nömrə 23,24,25,26,27,28,28,30. Poeziyanın şirin dili haqqında .-"İki sahil",2 oktyabr 2001. Həmişəyaşar sənət və sənətkar.-(İ.Əfəndiyevin vəfatının 5 ili) "Azərbaycan müəllimi", 4 oktyabr 2001 Mirzə İbrahimov və dilimiz.-İki sahil", 5 dekabr 2001 2002 Ulu dilin yaranması və protodtillərə parçalanması.-İki sahil", 15 yanvar 2002 Qədim Azərbaycan dili dövrü.-"İki sahil", 2 fevral 2002, 5 fevral 3002, 6 fevral 2002, İnsan təbiəti və dilçilik.- Tədqiqlər - 1,AMEA nəşri, 2002. Nüvədi yanğısı və ya toponimlərin yeni ömrü.-İki sahil", 16 mart 2002 Eolxoz rəhbəri.Əlisahib Əroğulun «Torpaq ətirli insan» (Bakı,2002) kitabına ön söz,s.56-64. Dilimizin bu günü.-İki sahil",13 iyul 2002 Mətnin qurulma texnikası və semantik strukturu. N.Novruzovaanın "Mətn sintaksisi" (200) əsərinə ön söz Mətn sintaksisi məsələləri. -"Türkologiya" jurnalı,2002, 2003 1. «Tiqana» (2003) kitabına rəy. 2. Kəlbəlayı İsmayıl ağırlığı və ya Fərman Kərimzadəni xatırlarkən. –«Vedibasar» qəzeti N2 18 mart 2003. 3. The first human language and ist derivations – Azerbaijan – Azerbaydjan qazerbaydjansı, «Nurlan» nəşriyyatı N1-2, 2003, s. 56-59. 4. Dilimizin bu günü.-Xudafərin qəzeti 28 dekabr 2002. N 14. 5. Nüvədi yanğısı və ya toponimlərin yeni ömrü. – Əmdəməli Əliyevin «Azərbaycan dilinin meğri şivələri» (Bakı, Elm, 2003) əsərinə ön söz. S. 35-50. 6. Ədəbi dilimizin təşəkkül yolu. «Paritet» qəzeti 14 16 iyun 2003, N, 65 – 516. Kitablarım: 1.Əzık dramaturqii A.Axverdieva.-AKD,1965,35 s. 2.Azərbaycan dilindən təcrübi məşğələlər.-Bakı, APİ nəşri, 1973,297 s.(kollektiv) 3.Yazıçı və dil.-APİ nəşri,1975,228 s. 4.Komik-bədii vasitələr.-Bakı,Yazıçı,1983,188 s. 5.Qurbani.-Bakı,Yazıçı,1984,47 s.(rus dilində) 6.Əzık azerbaydjanskoy sovetskoy satiriçeskoy prozı.1920-1940 qq.(problema əzıkovıx sredstv i priemov komiçeskoqo),-ADD, Baku,1987,62 s. 7.Bədii ədəbiyyatda komizm üsulları.-Bakı, "Maarif",1987,228 s. 8.Azərbaycan yazıçılarının əsərlərindən səhifələr (F.Həsənovla).-Bakı,"Maarif",1988,77 s. 9.Qurbani (Toplayanı, tərtib edəni, ön sözün müəllifi Q.Kazımov).-Bakı Universiteti Nəşriyyatı,1990,278 s. 10.Qurbani və poetikası.-Bakı, ADPU nəşri,1996,198 s.(monoqrafiya) 11.Sənət düşüncələri.-Bakı, Dövlət Kitab Palatası,1997,576 s. 12.Dilimiz-tariximiz.-Bakı,Elm,1998,280 s. 13.Müasir Azərbaycan dili.Sintaksis.Ali məktəblər üçün dərslik.Bakı,"Ünsiyyət",2000,496 s. 14. Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən XIII əsrə qədər.-Bakı, Təhsil» nəşriyyatı,2003. Orta məktəb dərsliklərim: 1.Azərbaycan dili.-Rus məktəbinin 2-ci sinfi üçün (M.Səfərovla),1977-1995-ci il nəşrləri. 2.Azərbaycan dili.Rus məktəbinin 3-cü sinfi üçün,1996-cı il və sonrakı nəşrlər. 3.Azərbaycan dili.Azərbaycan məktəbinin 7-8-ci sinifləri üçün (M.Şirəliyev və M.Hüseynzadə ilə),1983-1993-cü il nəşrləri. 4.Türk dili (Y.Seyidovla birlikdə).-7-8-ci siniflər üçün, 1994. 5.Azərbaycan dili (Y.Seyidovla).-7-8-ci siniflər üçün, 1995 -2002-ci il nəşrləri. Azərbaycan dili.-rus məktəbinin 3-cü sinfi üçün dərslik, Bakı,2003 Azərbaycaqn dili.-8-9-cu siniflər üçün dərslik, «Təhsil» nəşriyyatı,2003 (dos.F.Şahbazlı ilə) 200-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqramın müəllifiyəm. Özüm və kitablarım haqqında 80-dən artıq müsbət rəy çap olunmuşdur. 40-dan artıq kitabın elmi redaktoru, onlarca elmlər doktoru və namizədinin opponenti olmuşam. 5 nəfər aspirant və dissertantım müdafiə edib, bir neçəsinin işi hazırdır. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral cəmiyyətinin üzvüyəm (1998), Kembric (İngiltərə) və ABŞ Bioqrafiya İnstitutlarında qeydə alınmışam.(1998) 1965-ci ildən ali məktəbdə müəllim, dosent, professor (1989) vəzifələrində işləmişəm. 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişəm. 1989-1997-ci illərdə APİ-nin filologiya fakültəsinin dekanı olmuşam. Həmin dövrdə müdafiə şurasının sədr müavini olmuşam. 1975-ci ildən Təhsil Nazirliyi nəzdində elmi-metodiki şuranın üzvüyəm. !997-1999-cu illərdə AAK-da ekspert komissiyasının üzvü olmuşam. 1999-cu ilin aprelindən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi vəzifəsində işləmişəm.2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiriyəm. Q.Ş.KAZIMOV 27.01.2003 Bir neçə söz İran, rus, Avropa və bir sıra Azərbaycan dilçi və tarixçilərinin yazdıqlarına görə, şimallı-cənublu Azərbaycan ərazilərində türk tayfaları bizim eranın əvvəllərindən görünməyə başlamış, Azərbaycan xalqı və onun dili XI əsrdə səlcuqların, XIII əsrdə monqolların Cənubi Qafqaza gəlişi ilə təşəkkül tapmış, Azərbaycan dili XVI-XVIII əsrlərə qədər Anadolu türklərinin dilindən fərqlənməmişdir. Bu fikrin arxasında qeyri-elmi və qərəzli bir konsepsiya durur. Başqa neytral münasibətdə alimlərin Azərbaycan xalqının tarixinə son dərəcə səthi yanaşdıqlarını göstərir. Hər iki hal Azərbaycan dilinin mənşəyini təhrif edir, Azərbaycan xalqının, Azərbaycan dili və dövlətçiliyi tarixinin düzgün öyrənilməsi işinə əngəl törədir. Xalqın başının çörək və Qarabağ dərdi ilə qarışıq olduğundan istifadə edən bə’zi qələm sahibləri onun şanlı tarixini başqasının adına yazır, dilini kökündən qoparıb “qafqazdilli”, “irandilli” deyə boğazına yabançı dil soxmağa, onu gəlmə bir xalq kimi təqdim etməyə, ruhdan və gözdən salmağa çalışır. Tarixi gerçəkliyə zidd olan bu konsepsiya saysız yanlış müddəalar doğurur, bəşər tarixinin saxtalaşdırılmasına, etnik mənsubiyyət məsələlərinin siyasi konyunkturalar əsasında “müəyyən” edilməsinə səbəb olur. Tarixi həqiqətin təhrifi bəşərin elmi şəkildə müəyyən edilmiş inkişaf yolunun təhrifindən başlayır. Uydurma konsepsiyaya görə, türklərin ilkin beşiyi Mərkəzi Asiya olmuş, türklər Altayda doğulmuş, Altayda artıb-çoxalmış, Avropa ərazilərinə, Cənubi Qafqaza və Ön Asiyaya oradan yayılmışlar. Bütün yanlış müddəalar buradan başlayır. Bu konsepsiyanın tərəfdarları hindavropalıların və sami tayfalarının yaşıdı olan türkləri cavanlaşdırmaq, “gənc xalqlar” sırasına daxil etmək üçün dəridən-qabıqdan çıxırlar. Guya türklərin tarixi hunlardan başlayır - hunlardan o tərəfə “türk” anlayışı yoxdur və s. Arxeoloji və tarixi materiallar ulu dilin (ilk bəşər dilinin) harada meydana çıxdığını, dil ailələrinə harada təcrid olunduğunu, ilkin miqrasiyaların nə zaman və haradan başladığını öyrənmək üçün əsaslı material verdiyi halda, tarixçilərin yönü başqa səmtə düşmüşdür. Arxeoloji mədəniyyət çoxdan sübut etmişdir ki, bəşər sivilizasiyası və ümumiyyətlə hər şey, o cümlədən müasir insan tipinin əsas əlaməti olan dilin təşəkkülü, dialekt parçalanmaları və ilkin miqrasiyalar buradan - Ön Asiyadan başlamışdır. Başqa cür desək, bəşərin inkişaf yolu ilkin miqrasiyaların yönünün Şərqdən Qərbə deyil, Qərbdən Şərqə olduğunu, kimmerlərin, sakların, skiflərin, hunların Qərbə hərəkətinin onların neçə min il sonrakı geri miqrasiyası olduğunu göstərir. Keçən onilliklərdə ən mühüm problem e.ə.III-I minilliklərdə Ön Asiyada türk varlığının sübutu olmuşdur. Bütöv və aydın mətnlər əldə edilməsə də, mixi yazılarda mühafizə olunmuş külli miqdarda etnonim, toponim və antroponimlərin təhlili Azərbaycan aborigenlərinin türkdilli olduğunu sübut etmişdir. Hələ keçən əsrin 70-80-ci illərində O.Süleymenov, T.Hacıyev, A.Məmmədov və başqaları tarixi aspektdə şumer-türk leksik araşdırmaları aparmaqla elmi ictimaiyyət arasında Azərbaycan türk dilinin qədimliyinə böyük maraq yaratdılar. Şərq tarixinin öyrənilməsində böyük xidmətləri olan Y.B.Yusifov sonrakı dövrlərdə bütün müqavimətləri qıraraq böyük cəsarətlə Azərbaycan türk tarixinin həqiqi mənzərəsini yaratdı. (“Azərbaycan tarixi”,1994) Onun yaradıcılığı e.ə.III minilliyin əvvəlindən - Aratta dövründən bu yana ölkəmizin ərazilərində türk etnoslarının, türk dövlətçiliyinin, türk tayfa dillərinin tarixi rolunu aşkara çıxarmaq baxımından zəngin elmi-nəzəri bilik verir. Qədim Şərq dillərinə yaxşı bələd olan Y.B.Yusifov Azərbaycan xalqının tarixini saxtalaşdıran konsepsiyanın güclü mühafizəçilərindən çəkinmədən uzun axtarışlar prosesində xalqımızın tarixi inkişaf yolunu düzgün işıqlandıran və akademik “Azərbaycan tarixi”nin (1998) uydurma konsepsiyasını əvvəlcədən uçurub-dağıdan həqiqi elmi tarix yaratdı. Bu tarix öz gerçəkliyi ilə oxucuda vətənpərvərlik duyğuları yaradır, xalqa onun keçmişini sevdirir. Təqribən eyni vaxtda eyni duyğu və düşüncələrlə meydana çıxan Q.Ə.Qeybullayev etimoloji araşdırmalarının zənginliyi ilə Y.B.Yusifovun aşkara çıxardığı elmi həqiqəti tam mə’nası ilə faktlaşdırmış oldu. Q.Ə.Qeybullayev lullubi, kuti, turukki, kassi, Manna, Mada, kimmer, skif, sak, alban, Atropatena xüsusi adlarının (etnonim, toponim və antroponimlərin) böyük bir qismini bir lay şəklində mənşə araşdırmalarına cəlb edərək türk dilinin Ön Asiyadakı qədimliyini görmək istəməyənləri əsaslı faktlar qarşısında qoydu. İlk dəfə olaraq Q.Ə.Qeybullayev e.ə.III-II minilliklərdə və daha qədim dövrlərdə Azərbaycan ərazilərində məskunlaşmış türk tayfalarının, demək olar ki, hamısının Orta və Mərkəzi Asiyada sonrakı minilliklərdə yaşamış eyniadlı bölümlərini müəyyənləşdirməklə ilkin miqrasiyaların yolunu praktik şəkildə aydınlaşdırdı və Xəzərin şərqindən Çin hüdudlarına qədər məskunlaşaraq Mərkəzi Asiyada artıb-çoxalan, böyük Hun imperatorluğu tərkibində Ön Asiyaya dönən türk tayfalarının ilkin vətəninin Ön Asiya olduğunu yeni fakt və dəlillərlə təsdiq etmiş oldu. Doğrudur, Q.Ə.Qeybullayev özü bu nəticəyə gəlməmişdi, lakin onun məhsuldar yaradıcılığı bizə belə bir nəticəyə gəlmək üçün əsaslar verdi. Tarixçilərin dolaşdırdığı digər mühüm problem madalıların (midiyalıların) kimliyi məsələsidir. E.ə.IX əsrin 30-cu illərindən tarix səhnəsinə çıxan madalılar və Mada dövləti bu yerlərdə azı 100 il sonra görünməyə başlayan və Madanın mərkəzdən uzaq ətraf əyalətlərində dolaşan irandilli tayfaların adına çıxılır, əzəmətli Mada dövləti elmi xəyanətlə İran dövləti kimi təqdim edilir. “Tarix” yazanların bu cür mövqeyi dilimizin və xalqımızın mənşəyini daha dərin girdaba salır. Azərbaycanın aborigen tayfalarının - kutilər, lullular, sular, turukkilər, kaslar, kaspilər, mağlar, utilər, mannalılar, madalılar, albanlar və b-nın, sakların, skiflərin, kimmerlərin mənşəyi qəsdən dolaşdırılır, ümumxalq Azərbaycan dilinin, şifahi və yazılı ədəbi dilimizin təşəkkül tarixi qəsdən geri çəkilir, azəri dili anlayışı düşmən mövqeyindən izah edilir, Anadolu və azəri dillərinin müqayisəyə gəlməz tarixi və təkamül yolu eyni ölçülü sayılır. Fikirlərimiz bir sıra məsələlərin həllində Y.B.Yusifov, Q.Ə.Qeybullayev,T.İ.Hacıyev və b.-nın fikirləri ilə üst-üstə düşür. Onların əsərlərindən, xüsusilə Q.Ə.Qeybullayevin etimoloji araşdırmalarından tənqidi şəkildə daha çox faydalanmışıq. Məqsədimiz e’tinasızlıqdan az qala üzərini kül basmış bu ocağın üzərindəki külü üfürüb altındakı odu oxuculara göstərmək və öz fikirlərimizi bu odun işığında izah etmək olmuşdur. Azərbaycan xalqının, Azərbaycan dilinin mənşəyini düzgün araşdırıb ortaya çıxarmaq işini özləri üçün həqiqi vətəndaşlıq borcu sayan bir sıra başqa alimlərimizin - Z.Bünyadov, Ə.Dəmirçizadə, S.Əliyarov, T.Məmmədov, K.Əliyev, E.Əlibəyzadə, Z.Həsənov, V.Həbiboğlu, Ç.Qaraşarlı və b.-nın axtarışları, bir sıra ziddiyyətli mülahizələrinə baxmayaraq, fikirlərimizə dayaq olub. Qeyd etdiyimiz alimlərin əsərlərində problemin qoyuluşu birtərəfli olduğu üçün sona çatdırılmır - türk dilinin tarixi onun inkişafının müəyyən kəsiyində araşdırılır, neçə min illik ilkin mərhələ nəzərə alınmır. Bizə qədərki mərhələdə Ön Asiyada türklərin tarixi zəngin faktlar əsasında Şumerə çatdırılmışdır. Şumerin içərilərinə girməyə lazımi şəkildə cəsarət etməmişlər. Çünki keçən onilliklərdə şumer və türk yaşıdlığının sübutunun özü dahiyanə xidmət idi. Artıq onların böyük xidməti ilə hasil olan materiallar şumer-türk mənşə birliyini ortaya qoymaq üçün əsaslar verdi. Bunu bu vaxta qədərki leksik müqayisələrdən morfoloji və sintaktik araşdırmalara keçilməsi nəticəsində aşkara çıxarılan sistemli türk-şumer struktur eynilikləri sübut etdi. Bütün bunlar bizdə türklərin hindavropalılar və samilərlə birlikdə Ön Asiyanın ən qədim və əzəli sakinləri olduğuna şübhə yeri qoymadı. XX əsrin 40-cı illərində prof. Ə.Dəmirçizadə “Azərbaycan dilinin tarixi” əsərini yazdı. Professorun çapı uğursuz olan bu kitabında uzaq səfəri Midiya xüsusi adlarına olmuşdur. O vaxtdan keçən müddət ərzində aşkara çıxarılan zəngin materiallar daha uzaq keçmişə üz tutmağa imkan yaratdı. Lakin mixi yazıların çoxu hələ də öyrənilməmişdir. Ona görə də axtarışlar davam etdirilməlidir. Hər bir yeni əsər sonrakı üçün yol açır, onun qüsurlarının tənqidi prosesində yeni fikirlər doğulur, yeni düşüncə əsərdəki yeniliklərlə qanadlanır, nəticədə elm irəliləyir, həqiqət aşkar olur. Biz də bu niyyətlə bu mürəkkəb problemləri bir yerə toplayıb faktlardan aldığımız təəssürat əsasında qəlbimizdən keçənləri kitaba köçürdük. Qoy vətənsevər gənc alimlərin könlünə ilham versin, oxucuların keçmişə nəzər yoluna işıq saçsın... Müəllif 5.IV.2003 I fəsil - Azərbaycan ərazisi ən qədim insan məskənidir İnsanın meydana çıxması, təfəkkür və nitqinin formalaşması, ilkin vətəni, əsas inkişaf mərhələləri bir sıra elmlərin - paleoantropologiya, morfologiya, geologiya, arxeologiya, etnoqrafiya, coğrafiya, zoologiya və linqvistikanın köməyi ilə öyrənilir. Bəşərin təşəkkülü «geoloji dövr» adlandırılan dördüncü dövrlə bağlıdır. Bu dövrün 4 (son vaxtlar 6) milyon il davam etdiyi müəyyən edilmişdir*. *Arxeoloqlar bu tarixi daş dövrü, tunc dövrü, dəmir dövrü kimi üç dövrə ayırırlar. Daş dövrü (paleolit) - təqribən 4 - 3,5 milyon il əvvəldən başlayıb e.ə. III minilliyə qədərki dövrü, tunc dövrü - e.ə.III-II minillikləri, dəmir dövrü - e.ə. I minilliyin əvvəlindən bizim eraya qədərki dövrü əhatə edir. Paleolit (yun. paleos - qədim, litos - daş) özü də bir neçə mərhələyə: 3,5 milyon il əvvəldən 100-80 min il əvvələ qədərki dövr - ilkin (aşağı) paleolit; 100 - 80 min il əvvəldən 40 - 35 min il əvvələdək - orta paleolit; 40 - 35 min il əvvəldən 14 min il əvvələdək - yuxarı və ya son paleolit; 14-8-ci minilliklər - mezolit (mezos - yun. orta, litos - daş); 7- 6-cı minilliklər - neolit (neos - yun. yeni, litos - daş); 6 - 4-cü minilliklər - eneolit (eneos - lat. mis, litos - yun. daş) (1; 14; 2, 27) mərhələlərinə bölünür. Qəbul olunmuş ümumi geoxronoloji bölgüyə əsasən dördüncü dövr üç böyük epoxaya ayrılır: eopleystosen, pleystosen və holosen epoxaları. Tarixçi və arxeoloqların araşdırmalarına əsasən Azərbaycan ərazisində 1,8 milyon il bundan əvvəl başlamış eopleystosen epoxası təqribən 700 min il əvvələ qədər davam etmişdir və “Abşeron əsri”nə müvafiq gəlir. 700 min il əvvəl başlayan pleystosen epoxası üç dövrə ayrılır: erkən, orta və üst pleystosen. Azərbaycanda erkən pleystosen 700-400 min il arası (“Bakı əsri”), orta pleystosen 400-130 min il arası (“alt Xəzər əsri”), üst pleystosen 130-10 min il arası (“üst Xəzər və erkən Xvalın əsrləri”) davam etmişdir. Son 10 min ili holosen əhatə edir. Bu son dövrdə iqlim tamamilə dəyişərək müasir şəklə düşmüşdür.(3; 55-56) Hələ XIX əsrdə (1871) Ç.Darvin insanın təkamül nəticəsində insanabənzər meymundan əmələ gəldiyini sübut etdi. 1891-ci ildə Yava adasında pitekantrop (meymun-adam) skeleti, 1907-ci ildə «Heydelberq insanı» deyilən insan çənəsi tapıldı. Sonralar 40-dan artıq sinantrop skeleti əldə edildi. Pitekantrop, sinantrop, neandertal və kramanyon insan qalıqları Ç.Darvin nəzəriyyəsinin doğruluğunu sübut etdi. Tədricən müəyyən edildi ki, ən qədim insanabənzər meymunlar Avropanın müxtəlif rayonlarında, Asiyada, Qafqazda və Afrikanın bir çox yerlərində yaşamışlar. (2; 28-29) İnsanabənzər meymundan müasir insan tipinə qədər üç böyük mərhələ keçilmişdir: ən qədim insanlar - arxantroplar, ibtidai insanlar - paleantroplar və nəhayət, müasir insan tipi. Bu üç mərhələdə iki böyük sıçrayış müəyyənləşdirilmişdir: birinci və vacib sıçrayış - birinci mərhələdən ikinciyə keçid, yə’ni alət düzəldilməsinə başlanması; ikinci sıçrayış - qədim insandan müasir quruluşlu insana keçid.(1; 26) Antropogenezlərin başlanğıcında avstralopitek növlü meymunlar durur. Avstralopiteklərin nəsli indi də Cənubi və Mərkəzi Afrikada, Cənubi Asiyada yaşamaqdadır. Lakin onların daha qədimdə yayıldığı ərazilər Tanzaniyada Olduvay dərəsi, Keniya və Həbəşistan hesab olunur. Arxeoloji qazıntılar zamanı alimlər arxantropların düşərgələrinə Avropada, Asiyada, Afrikada rast gəlmişlər. Arxantropların ən qədim nümayəndəsi Homo habilis («bacarıqlı adam») olmuşdur. Arxantropların əsas nümayəndəsi pitekantroplardır. Heydelberq adamı və sinantroplar da arxantroplara daxildir. Arxantrop (pitekantrop) dövrü 100 min il əvvələ qədər davam etmişdir. 100-80 min il əvvəldən mustye arxeoloji dövrü başlamışdır ki, bu dövrün insanları paleantroplardır. Bunların qalıqları daha çox tapılmışdır. Qalıqlar göstərir ki, paleantroplar Avropa, Asiya və Afrikanın geniş ərazilərinə yayılmışlar. Neandertal insan paleantroplara aiddir. (2;30-31) Köhnə SSRİ ərazisində öz qədimliyinə görə 1968-ci ildə tapılmış Azıx adamı arxantroplardan paleantroplara keçid dövrünün adamı hesab olunur. Paleantropun - neandertal insanın Yer üzərində geniş yayılması belə bir müddəanın yaranmasına səbəb olmalı idi ki, hələ dilin təşəkkül tapmadığı dövrdə arxantroplar və sonra da paleantroplar Avropa, Asiya, Afrika kimi qitələrdə geniş yayılmışsa, deməli, sonrakı 35-40 min il ərzindəki təşəkkül dövründə müxtəlif dillər yaranmalı idi və deməli, bir ulu dildən söhbət gedə bilməzdi. Belə olduqda xalqlar da kök e’tibarilə fərqlənməli və dini inkişaf da tamamilə fərqli olmalı idi. Lakin tarixi faktlar və arxeoloji materiallar göstərir ki, bütün etnoslar, bütün dillər, bütün dinlər bir kökdəndir. Arxeoloji mədəniyyət sübut edir ki, arxantroplar və paleantroplar müxtəlif qitələrdə yayılsalar da, onların hamısı öz inkişafını sona çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir: «Sovet alimləri belə hesab edirlər ki, müxtəlif irqli müasir insanlar bir və ya bir-birinə çox yaxın olan bir qrup neandertallardan tədricən inkişaf edərək dəyişmələrinin nəticəsində formalaşmışdır. Neandertallara məxsus qeydə alınmış digər qalıqlar isə sadəcə olaraq öz sonrakı inkişafını dayandırmış və tədricən məhv olmuş növə aiddir (fərqləndirmə bizimdir - Q.K.)». (2; 32) Deməli, neandertal insan Yer üzünün hər yerində - yayıldığı bütün ərazilərdə öz inkişafını başa çatdıra bilməmiş, müasir insan tipinə çevrilməmişdir. Müasir insan tipinin təşəkkül prosesi Yer kürəsinin hər yerində deyil, müəyyən məhdud ərazidə baş vermişdir. Heç şübhəsiz, ən mühüm məsələlərdən biri də müasir insan tipinin harada, hansı ərazidə formalaşmasıdır. Arxeoloji mədəniyyət bu suala da cavab verir: «Son vaxtlarda əldə edilmiş antropoloji və arxeoloji materiallar ehtimal etməyə imkan verir ki, bu proses (son mərhələdə müasir insan tipinin yaranması prosesi - Q.K.) əsasən cənub-şərqi Avropada, şimali Afrikada və qərbi Asiyada baş vermişdir. Buradan müasir inkişaf etmiş insanlar dünyanın digər yerlərinə yayılmışlar.» (2; 32)(Xəritəyə bax) Cənub-şərqi Avropa, şimali Afrika və qərbi Asiya Ön Asiyanı ortalığa alır və çox maraqlıdır ki, bizə çatan ilk böyük sivilizasiya da bu əraziyə məxsusdur. Ameri0ka və Avstraliya qitələri ilk insanın vətəni kimi istisna edilir. (1;36) İnsan məskənlərinin sonralar genişlənməsi irqi ayrılığa səbəb olmuş, Avropada avropoid, Afrikada neqroid, Asiyada monqoloid irqlər yaranmışdır. İrqlərin yaranması son paleolitdə (35 min il əvvəl başlayıb 12 min il əvvəl qurtardığı qeyd edilir) homo sapiensin formalaşması dövrü ilə bağlı izah edilir, lakin onların bə’zi əlamətlərinin paleantroplarda olduğu da göstərilir*. *Avropoidlər Avropanın cənub-şərqində, neqroidlər Afrikanın şimalında yarana bilərdilər. Görünür, monqoloidlər daha sonralar yaranmışlar. Fikrimizcə, bu irqlər ilkin əsaslı şivələrin - sonrakı böyük dil ailələrinin - hindavropalıların, samilərin və bütün zəncilərin və nəhayət, türk, monqol, yapon, çin tayfalarının özəyini təşkil edən protodilləri təmsil etmişlər. Azərbaycan ərazisində bütün dördüncü dövrü əhatə edən və bəşəriyyətin inkişaf pillələrini əks etdirən maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Ölkəmizdə qədim daş dövrünə aid materiallar Azıx, Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağaralarından əldə edilmişdir. Azıx mağara düşərgəsində qalınlığı 13,5 metrə bərabər 10 arxeoloji təbəqə müəyyən edilmişdir. Bu təbəqələr dünyanın hələlik heç bir guşəsində müşahidə edilməyən ardıcıllıqla paleolitin bütün dövrlərini əks etdirir. (3; 55,60,61) Mağaranın 7-10-cu təbəqələrindən əldə edilən maddi-mədəniyyət nümunələri Quruçay mədəniyyəti adı ilə məşhurdur (alətlərin düzəldilməsi üçün daşları yaxınlıqdakı Quruçaydan gətirmişlər). Quruçay mədəniyyətinin 1,2 milyon il əvvəl başlayıb, 700 min il əvvəl sona çatdığı müəyyən edilmişdir. Quruçay mədəniyyətindən sonra Aşel mədəniyyəti dövrüdür. Bu dövrün ən böyük nailiyyəti insanın inkişafında mühüm rol oynamış əl çapacaqlarının meydana çıxmasıdır. Azıx mağarasında 1968-ci il qazıntıları zamanı Orta aşel dövrünə aid (5-ci təbəqə) 18-22 yaşlı qadının (Azıxantrop) alt çənəsi tapılmışdır. Azıxantrop (Azıx adamı) köhnə SSRİ ərazisində ən qədim, dünyada isə 4-cü qədim insan qalığıdır və 350 min il əvvələ aid edilir. Orta Aşel dövründə Azıx mağara sakinləri ovçuluqla daha çox məşğul olmuşlar. 5-ci təbəqədən 45-ə qədər müxtəlif heyvan və quş qalıqları aşkar edilmişdir. Son 100 min ildən 35 min ilə qədərki dövr arası mustye mədəniyyəti dövrü hesab olunur (ilk nümunələr Fransanın Le-Mustye şəhərində tapıldığı üçün belə adlandırılmışdır). Bu dövrdə qədim insanların bədən quruluşunda, əmək alətlərində, həyat tərzində böyük dəyişikliklər yaranmış, neandertal insan tipi formalaşmışdır. Kobud daş alətlərdən itiuclu alətlərə keçilmiş, dəfn mərasimləri başlanmışdır. Bu dövrə aid ən zəngin material Tağlar mağarasından əldə edilmişdir. «Bütün Zaqafqaziya və Yaxın Şərq abidələri içərisində Tağlar mustye düşərgəsi yeganə abidədir ki, uzunmüddətli olmuşdur və tapılan əmək alətləri zəngin tarixə malikdir».(3; 67) Tağlar mağarasında qədim insanlar 90 min il əvvəldən 35 min il əvvələ qədər yaşamışlar. 35 min il bundan əvvəl mustye mədəniyyətini üst paleolit əvəz etmişdir. Üst paleolit 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrün adamları müasir insan formasında (neantrop, kromanyon və s.) olmuş, əmək alətlərini xeyli təkmilləşdirmiş, mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşamışlar. Mağaralarda hələ bir neçə yüz min il əvvəl oddan istifadə edilmişdir. Təbiət üzərində ilk qələbə olan od insanın həyatında və şüurunda böyük dəyişikliklər yaratmışdır. Artıq Aşel dövründə oddan ardıcıl istifadə edilmiş, sün’i odalma məişətə daxil olmuşdur. (1;37) Son paleolitə məxsus zəngin qəbir avadanlıqları tapılmışdır.Tarixçilərin fikrincə, «300 min il bundan əvvəl say və hesablama azıxantropa mə’lum idi». (3; 94) Hələ «mustye dövründə sürü münasibətləri arxada qalmış, ibtidai icma quruluşu (nəsli cəmiyyət) təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdı». Həm də «Güman etmək olar ki, mustye dövrü yeni ictimai təşkilatın - tayfanın yaranması» dövrüdür. Mustye ilə son paleolit arasında - 30-35 min il bundan əvvəl müasir insan tipi - Homo Sapiens («dərrakəli insan») meydana gəlmişdir. «Dərrakəli insan» bə’zən «neantrop» (yeni insan) adlandırılır. (3; 78-79) Mağara materialları göstərir ki, hələ mustye dövründə uzaq ərazilərin sakinləri arasında əlaqələr olmuşdur. Son paleolit dövrünə aid cənubi Qafqaz abidələrində Qırmızıdəniz mənşəli balıqqulaqları və s. də bunu təsdiq edir. Lakin əsas miqrasiyalar dövrü mezolit (14-8-ci minilliklər) hesab olunur. Mezoliti əvəz edən neolit dövründə (7 - 6-cı minilliklər) Cənubi Azərbaycan ərazisində - Urmiya gölü hövzəsində, Zaqros ərazisində insanlar tam oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla məşğul olmağa başlamışlar. Şimali Azərbaycanda isə neolit dövrünün təsərrüfat və mədəniyyət qalıqları Qobustan düşərgələrindən əldə edilmişdir.(3; 85) Mezolitdən neolitə keçilən dövrü insan həyatında inqilabi səciyyə daşıyan köklü dəyişikliklərin baş verdiyi dövr hesab edirlər. Maldarlıq və əkinçiliklə yanaşı, sənətkarlıq - dulusçuluq, toxuculuq, yundan, dəridən müxtəlif mə’mulatlar hazırlanması və s. meydana çıxır. Təsərrüfatın özəyini müəyyən ərazidə məskunlaşan nəsli icmalar təşkil edir. Mezolit və neolit dövrlərində əkinçiliyin, maldarlığın, sənətkarlığın inkişafı məhsul bolluğuna səbəb olmaqla ibtidai-icma quruluşunun dağılması üçün zəmin hazırlayır. Artıq bu dövrdə əhalidə müəyyən dini görüşlər də təşəkkül tapır. Tarixçi, arxeoloq və etnoqrafların tədqiq və araşdırmalarından aydın olur ki, miladdan əvvəl XII minillik Yer kürəsinin və insanın həyatında böyük dəyişikliklər minilliyi olmuşdur. Paleolitin (daş dövrünün) sonlarında, iqlimin dəyişdiyi, mülayimləşdiyi, nəhəng buzlaqların şimala çəkildiyi, müasir insan tipinin yaranmasının başa çatdığı, ibtidai icma quruluşunun ilkin mərhələsinin yarandığı, sürü icmasının nəsli quruluşla - qəbilə quruluşu ilə əvəz olunduğu, oxun və yayın meydana çıxdığı, heyvanların əhliləşdirilməsinə başlandığı dövrdə və mezolitin əvvəlində insanın bədən quruluşunda, sosial-ictimai həyatında, məişətində, əmək alətləri texnikasında, dilində, dinində böyük yeniliklər əmələ gəlmişdir. Alimlər ilk insanların təfəkkür və nitqinin inkişafını iki mərhələyə bölürlər: birinci mərhələ arxantrop və paleoantrop mərhələsi, ikinci mərhələ - Homo sapiens mərhələsidir. Homo sapiens üst paleolitin adamıdır. Beyin çəkisi 1400-1500 sm3 olmuşdur. Alimlər birinci mərhələdə insanın yalnız hissi-əyani təfəkkürə malik olduğunu, nitqinin üzvlənmədiyini qəbul edirlər. Abstrakt təfəkkür, üzvlənən nitq insanın inkişafının ikinci mərhələsinə aid edilir. Son paleolitə qədər insanın nitqi üzvlənməmişdir. Deməli, üzvlənən nitqin təşəkkülü e.ə. son 40-35 min il ərzində baş vermişdir. Ən qədim insanların nitqi birhecalı, dəyişməyən və bir-biri ilə bağlanmayan sözlərdən ibarət olmuşdur. (1;34) Onlar əksərən başqa canlılar kimi kəsik-kəsik qışqırtılarla danışmışlar. Birgə fəaliyyət tədricən eşidilən səsin mahiyyətini anlamaq imkanı yaratmışdır. Lazımi mə’nalar bu cür müəyyən səslərlə mənimsənilmişdir. Başqa canlılardan fərqli olaraq, insan rəngarəng səslər tələffüz edə bilmiş və onların birləşmələri tədricən söz şəklində formalaşmışdır. İnsan zərurət nəticəsində elə əşyaları adlandırmalı olmuşdur ki, onunla daim əlaqədə olmuş, həmin əşyalar onun məişətinə daxil olmuşdur. Dil tədricən, yavaş-yavaş inkişaf etmişdir. (1; 35) Beləliklə, məhdud coğrafi ərazidə təşəkkül tapan dil ibtidai insan dəstələrinin ilkin adlandırma və fərdi nitq xüsusiyyətləri ilə fərqlənsə də, tədricən vahid dil kimi ümumiləşmə prosesi keçirmişdir. Biz bu dili ulu dil adlandırırıq. 35-40 min illik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə miqrasiyaların çoxalması ilə parçalanmağa başlamış, tədricən ilkin forma-quruluş e’tibarilə bir-birindən fərqlənən və gələcək dil ailələrinin başında duran protodilləri doğurmuşdur. Nəticədə Yer üzərində yaranmış ulu dildə təqribən e.ə.XII minillikdə böyük bir mərhələ başa çatmış, ulu dilin parçalanması, müxtəlif dialektlərin, müasir dil ailələrinin başında duran protodillərin yaranması prosesi sona yetmişdir (müxtəlif dillərin bir-birindən sonrakı təcrid olunmalarını inkar etmirik). Müxtəlif dil ailələrinin yaranması bundan sonrakı inkişaf prosesinin nəticəsidir. Alimlərin fikrinə görə, dil ailələrinin yaranması ibtidai-icma quruluşunun dağılması dövrünə aiddir: «Dil ailələrinin formalaşması... ibtidai cəmiyyətin dağılması dövründə baş vermişdir». (1; 36) Bu fikir bir daha təsdiq edir ki, protodillərin yaranması bundan bir neçə min il əvvələ aid olmalıdır. Bu mülahizəyə əsasən, tarixdən aldığımız təəssürat əsasında deyə bilərik ki, 14 min il əvvəl ulu dil artıq parçalanmışdı və hazırda Yer üzərində yaşayan dil ailələrinə aid ilk kök dillər, yə’ni prahindavropa, protosami, prototürk (pratürk) və s. mövcud idi. Elə bir dövr idi ki, qəbilələr müxtəlif istiqamətlərdə hərəkət edir, bə’zən ayrılma və birləşmə nəticəsində az-çox yaxın və ya uzaq qəbilə, tayfa dilləri arasında çarpazlaşma prosesi gedir, dillər köksözlü, aqqlütinativ və flektiv dillər kimi formalaşma istiqamətlərində inkişaf edərək bir-birindən tədricən daha çox ayrılırdı. Dillərin quruluş sistemi ilə yanaşı, ulu dilin protodillərə səpələnmiş lüğət tərkibində də dəyişikliklər baş verirdi. Buna səbəb tədricən prefiks, infiks, suffiks kimi dil vasitələrinin törəməsi, dillərin tədricən tipoloji cəhətdən fərqlənməsi, leksik-qrammatik vasitələrin inkişafı, qrammatika və leksikanın qarşılıqlı şəkildə bir-birini zənginləşdirməsi idi. Biz inamla belə bir fikir də söyləmək istərdik ki, tipoloji cəhətdən fərqlənən protodillər ulu dilin daxilində güclü dialekt kimi fərqlənmişdir. Buradan başqa daha mühüm bir nəticə çıxarmaq olur: tipoloji cəhətdən fərqlənən ilk protodillər ilkin təcridolunma mərhələsində eyni quruluşlu bütün dil ailələrinin başında durmuşlar. Yə’ni indi bir-birinə qohum hesab olunmayan bütün flektiv dillər bir protodilin törəmələridir. Bir-birinə qohum hesab olunmayan bütün iltisaqi dillər bir protodilin törəmələridir. Tipoloji cəhətdən fərqlənən ilk protodillər yenidən bölünməklə iltisaqi dillər üçün fərqli ailələri yarada biləcək protodillərin təşəkkülünə (ikinci mərhələ) gətirib çıxarmışdır. Odur ki bütün iltisaqi dilləri müqayisəli tarixi metod əsasında qohum dillər kimi öyrənmək olar. Köksözlü dilləri (bunlar iltisaqi dillərə daha yaxındır), flektiv dilləri də bu cür öyrənmək mümkündür. Bunlar inkorporlaşan dillər istisna olmaqla, tipoloji cəhətdən fərqlənən üç mühüm protodilin bərpasına aparır. Həmin üç protodilin (ulu dilin ilk dialektlərinin) bərpası ilə təbii-coğrafi şəraiti də nəzərə almaqla üzvlənən nitqə malik olan ilk insanların bir sıra səciyyəvi əlamətləri - yaşadığı ərazi, irqi xüsusiyyətləri, təfəkkür tərzi və s. barədə də təsəvvür qazanmaq olar. İnsan nitqinin yüksək səviyyədə formalaşmasında sonralar meydana çıxan yazının böyük rolu olmuşdur. Yazı xüsusi inkişaf yolu keçməklə təfəkkürün və dilin inkişafını da şərtləndirmişdir. Yazının inkişafı bir növ insan nitqinin inkişaf yolunu xatırladır. İnsan nitqinin inkişaf istiqaməti aşağıdan yuxarıya: fonem = cümlə - fonem = söz (söz birləşməsi) - fonem = heca - fonem = səs şəklində olmuşdur. Buna müvafiq olaraq, yazının inkişaf yolu da eyni istiqamətdə olmuşdur: qrafem = cümlə (piktoqrafik yazı) - qrafem = söz (və ya söz birləşməsi) (ideoqrafik yazı) - qrafem = heca (sillaboqrafik yazı) - qrafem = səs (fonoqrafik yazı). (Cabbar Məmmədov) Bütün ayrılmalara, parçalanmalara baxmayaraq, ulu dilin lüğət fonluna aid olan sözlər, ulu dilin makro və mikro sistemləri yaranan hər bir protodildə özünə yer eləmiş və bu yolla dil ailələrinə keçmişdir. Həmin lüğət və həmin quruluş minilliklər boyu təkmilləşmə, səlisləşmə, sadələşmə və mürəkkəbləşmə yolu ilə inkişaf etsə də, bir çox dəyişmələrə mə’ruz qalsa da, öz əsasını dünya dillərində saxlamışdır. Bu ümumi inkişaf prinsipini nəzərə almadıqları üçün bir çox alimlər qədim dil qalıqlarından, xüsusilə leksik vahidlərdən danışarkən onların, yanlış olaraq, gah bu, gah da başqa bir dil ailəsinə mənsub olduğunu sübut etməyə çalışmışlar... I fəsil - Ulu dil müasir dil ailələrinin dərin qatlarında (monogenez problemi) Keçən əsrin 70-ci illərində türkologiya aləmində Oljas Süleymenovun şumer və türk əlaqələri barədə fikrləri ildırım kimi işıq saçdı. Dövrünə görə onun mülahizələri çox cəsarətli idi. Lakin əksər türkdilli respublikaların müstəqil həyata qədəm qoyduqları indiki dövrdə həqiqətə doğru irəliləmək üçün daha geniş imkanlar vardır. Oljas türk ana dilinin kök sözlərinin öz ilkinliyini qoruması sahəsində misilsiz imkanlarını qeyd edərək təntənə ilə yazırdı: «Yer» - bir vaxtlar beynəlxalq söz olub semit, german və türk dillərinə daxil olmuşdur. Onların hamısı bir nöqtədən başlamışdır, lakin «yer» praforması dəyişikliyə uğramadan, xalis halda yalnız türk dillərində qalmışdır». Bu qeydlərdəki «Onların hamısı bir nöqtədən başlamışdır» sözlərindən güman etmək olardı ki, dünya dillərinin yarandığı vahid ulu dil nəzərdə tutulur. Lakin sonrakı sözlərdən aydın olur ki, müəllif ulu dil ideyasını ağlına belə gətirmir: «Fantastik bir fikir söyləyim. Bizə mə’lum olmayan bir xalq eramızdan 4-5 min il əvvəl qılıncın və dinin köməyilə bə’zi Avropa və bə’zi Asiya xalqlarını fəth edir və yüz illər boyu davam edən əsarət dövründə mənşəcə müxtəlif dillərdə ümumi leksik təbəqə və bununla yanaşı, qeyri-müəyyən miqdarda qrammatik göstəricilər yaradır». (4; 178-179) İki yüz il əvvəl Vilyam Cons (1746-1794) sanskrit yazıları ilə tanış olduqdan sonra yazırdı: «Sanskrit dili öz qədimliyindən asılı olmayaraq, qeyri-adi quruluşa - yunan dilindən mükəmməl, latın dilindən zəngin, ayrı-ayrılıqda hər birindən daha gözəl quruluşa malikdir. Lakin bununla belə, sanskrit dili istər fe’l kökləri, istərsə də qrammatik formalar baxımından bu iki dilə o qədər yaxındır ki, belə yaxınlıq təsadüfün nəticəsi ola bilməzdi; bu qohumluq elə güclüdür ki, hər üç dili araşdıran filoloq mütləq bu qənaətə gəlməlidir ki, dillərin üçü də bəlkə artıq mövcud olmayan bir ümumi mənbədən doğub». Bu güman dillərin inkişafını vahid köklə bağlayan istiqamətin ilkin nümunələrindən sayıla bilər. Hind-Avropa dilçiliyinin nümayəndələri nəzərdən keçirdikləri bütün başqa dillərdə rast gəldikləri uyğun sözləri bir müddət Hind-Avropa protodilinə aid etməklə irqi üstünlük meylini nümayiş etdirmişlər. İlk dövrlərdə Hind-Avropa dil ailəsi I və II şəxs əvəzliklərinin, qohumluq bildirən və bədən üzvlərinin adlarını ifadə edən bir sıra sözlərin uyğunluğu əsasında yaradılırdı. Həm də bunu onunla əsaslandırmağa çalışırdılar ki, bu cür sözlər əsas lüğət fonduna daxil olan ən zəruri sözlərdir və bunlar - bu cür sözlər başqa dillərdən mənimsənilmir. O.Süleymenov həm Hind-Avropa dillərində, həm də türk dillərində işlənən bir sıra sayların, əvəzliklərin və bə’zi başqa spesifik söz qruplarının qarşılıqlı əlaqə nəticəsi olduğunu güman edərək yazır: »...türk dilindəki birinci onluqdakı saylar müvafiq Hind-Avropa saylarına uyğun gəlir. Hind-Avropa dillərindəki bə’zi mürəkkəb saylar türk dillərindən əxz edilib. Latın təsrif sistemi yalnız türk təsrif sistemi ilə izah oluna bilər. Hind-Avropa dillərinin qohumluğuna əsas sübut-dəlil kimi götürülən I şəxs əvəzliyinin adlıq və tə’sirlik hallarındakı suppletiv formaları türk və uqor-fin dilləri ilə müqayisədə aşkarlana bilər (mən - məni, mənə və men - meni, menqe). Türk materialını nəzərə almadan, o cümlədən «ter» - türk cəm say formantının mənşəyini araşdırmadan (bu formant sözə hörmət, ehtiram mə’nası verən şəkilçi kimi işlədilirdi) mather, father, sister, brother kimi qohumluq terminləri formalarının mənşəyi barədə qəti fikir söyləmək qeyri-mümkündür». (4;182) Qeyd edilən söz qruplarının Hind-Avropa və türk dillərində olması onlardan birinin digərinə tə’siri nəticəsi, kontakt nəticəsi kimi izah oluna bilməz. Bir dil öz inkişaf yolunu unudub o biri dilin təsrif sistemini ala biləz. Bu cür sözlərin əksər dünya dillərində işlənməsi həmin sözlərin ulu dildən gəldiyini, müxtəlif dillərdə ulu dilin əsas lüğət fondunu yaşatdığını sübut edir. Müəllifin göstərdiyi «ter» formantına gəlincə, qeyd etməliyik ki, vorker, teacher, brother tipli sözlərdə həmin formant ter deyil, er-dir və bu formant cəmlik, ehtiram mə’nası deyil, şəxs (teacher - öyrədən şəxs, vorker - işləyən şəxs və s.) mə’nası ifadə edir, - dünya dillərində geniş yayılmış ər sözüdür. T.İ.Hacıyev şumer dilinin bir çox dil ailələri ilə müqayisə edildiyini və həmin dillərdə şumerdən izlər olduğunu nəzərə alaraq yazır: «Əslində, şumercənin çox dillərlə element əlaqəsi olması, lakin müasir dillərdən konkret şəkildə heç birinə uyğun gəlməməsi özlüyündə çox şey deyir. Əgər hər dil altı min il əvvəlki yazılı mənbədə özündən nə isə bir şey görürsə, neçə min illik yazı boşluğunda özünü itirib (məhz bu boşluq ardıcıl müqayisəni və əlaqələrin bərpasını imkansızlaşdırır) bir də müasir dövrdə tapırsa, bu hadisə dillərin monogenezisi ideyasının dəyirmanına su tökür (əlbəttə, şumercəni başlanğıc saymaq fikrində deyilik. O, sadəcə olaraq, öz ulu kökü ilə müasir dillər arasında bir keçid mərhələsi ola bilərdi). Həmin bu ulu kökdə türk dillərinin və onun tərkib hissəsi kimi Azərbaycan dilinin də payı görünür. Şumerin bilavasitə qonşusu midiyalıların bugünkü övladları olan azərbaycanlılar bu tarixi izə nikbinliklə baxa bilərlər. Hətta başqalarına nisbətən, şumerin izləri Azərbaycan və türk dillərində nisbətən çoxdur. Bu, mladoqrammatiklərin məşhur dalğa nəzəriyyəsi ilə özünü bir daha doğruldur. Həmin yaxınlıq - dil elementlərinin uyğunluğu ən azı onu təsdiq edir ki, altı min il əvvəl türk dilli etnoslar şumerlə (ən çox da Midiya səmtindən) yaxın mədəni, siyasi, iqtisadi əlaqədə olmuşlar». (5; 31-32) Keçən onilliklərdə bizim dilçilikdə və ümumən türkologiyada məsələ uzaqbaşı belə qoyulurdu. Bunlar iki görkəmli alimin - Oljas Süleymenov və T.İ.Hacıyevin fikirləridir və onlar türk dillərinin tarixi qədimliyinin isbatı yolunda çox iş görmüş, daha çox tanınmışlar. Ümumiyyətlə, bu iki nümunə ilə yanaşı, nəzərdən keçirdiyimiz digər tarixçi, dilçi və arxeoloqların qədim Azərbaycan və Şumer əlaqələri barədə fikir və qeydlərini aşağıdakı kimi sintez etmək olar: 1.Türk dillərinin tarixi çox qədimdir və Ön Asiyada türklər azı şumerin yaşıdıdır; 2. Türklər şumerlərin yaxın qonşuluğunda yaşamışlar və həmin yaxın ərazi indiki Cənubi Azərbaycan ərazisi olmuşdur; 3. Şumerlərlə türklər ünsiyyətdə olmuş, qarşılıqlı şəkildə söz verib, söz almışlar; 4. Akkadların hücumundan sonra şumerlər məhv olmamış, müxtəlif istiqamətdə (xüsusilə şərqə doğru) yayılmalı olmuşlar; 5. Müxtəlif sistemli (genetik cəhətdən qohum hesab olunmayan) dillərdəki eyni leksik, morfoloji vasitələr dalğa nəzəriyyəsi, kontakt nəticəsi kimi izah oluna bilər. Sonuncu bənd istisna olmaqla, bu tezislər həqiqəti əks etdirir və əsasən düzgündür. Ona görə «əsasən» deyirik ki, ulu dilin dialekt parçalanması göstərir ki, türklərin də tarixi hindavropalıların, semitlərin və başqalarının tarixi kimi çox qədim olub, yalnız şumer dövrü ilə məhdudlaşmır. Son bənddəki düşüncə tərzində dillərin bir kökdən - ulu dildən yarandığı nəzərə alınmır, ona görə də yanlış olaraq dalğa nəzəriyyəsinə, kontakt vasitəsilə alınmalara böyük üstünlük verilir. Bu cür düşüncə tərzi dillərin həqiqi və təbii inkişaf yolunu görmək istəmir. Elə bu cəhətə görə də, məsələn, O.Süleymenov hansısa bir qeyri-müəyyən substratın e’cazkar gücündən danışır, yaxud T.Hacıyev fakt qarşısında qalaraq, şumer elementlərinin müasir dil ailələrində özünü göstərməsini, dalğa nəzəriyyəsini nəzərə almadıqda, dünya dillərinin vahid genezis əsasında yaranması barədə nəzəriyyənin dəyirmanına su tökmək kimi mə’nalandırır və s. XIX əsrin əvvəllərində müqayisəli-tarixi metod meydana çıxdı və az sonra böyük bir dil qrupunun - «Hind-Avropa dilləri» adlandırılan dillərin qohumluğu müəyyən edildi. Keçən əsrin 20-30-cu illərində hami-sami, Altay, dravid, uqor-fin, Çin-Tibet, Malayziya-Polinez, Qafqaz dil ailələrinin olduğu da dəqiqləşdirildi. Müqayisəli-tarxi metod uzaq getməyə imkan verməsə də, son minilliklərin materialları əsasında hər bir ailəyə daxil olan dillərin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri tarixi aspektdə müqayisə edilməklə qohumluq əlaqələri aydınlaşdırıldı və bu istiqamətdə dəyərli əsərlər meydana çıxdı. Dilçilikdə «Altay nəzəriyyəsi» vardır və bu nəzəriyyəyə görə türk, monqol və tunqus-mancur dilləri yaxın qohumdur. Bu qohumluğu qəbul etməyənlər də vardır və bu halda türk dilləri ayrıca bir ailə, tunqus-mancur və monqol dilləri başqa ailə hesab olunur. Bunun özü də bir problemdir və uzaqgörən tədqiqatçılar bu dillər arasındakı yaxınlığı daha aydın təsəvvür edir, spesifik fərqləri tarixi inkişafın təbii məhsulu hesab edirlər. Hər halda, bu dil ailələri vardır və onların mövcudluğuna heç kəsdə şübhə yoxdur. Bu gün dillər - dil ailələri arasına qoyulan bu sərhədlər müxtəlif sistemli dillərə nəzər salan hər bir alimdə daxili bir e’tiraz doğurur. Slavyan və türk dilləri tam fərqli dil ailələri sayılır, lakin, məsələn, slavyan fe’l kökləri ilə türk fe’l kökləri arasında hədsiz yaxınlıq bu dillərin mənşə fərqi məsələsinə kəskin şübhələr doğurur. Eyni vəziyyəti biz fərqli dil ailələri hesab olunan türk dilləri ilə uqor-fin dilləri arasında da görürük. Elə buna görə də A.S. Melniçuk Altay dilləri ilə uqor-fin dillərini də birləşdirmiş, bir ailə kimi nəzərdən keçirmişdir. (6, 27-42) Bu hal dilçiləri düşündürməyə bilməzdi. Hələ keçən əsrin 20-30-cu illərində N.Y.Marr müxtəlif sistemli dillər arasında maraqlı müqayisələr aparmışdır. Dil ailələri dəqiqləşdikcə dilçilikdə istər-istəməz müqayisə eyni dil ailəsi daxilindən çıxaraq müxtəlif dil ailələrini əhatə edir. Lakin, şübhəsiz, bunun üçün əvvəlcə hər bir dil ailəsinin müqayisəli-tarixi metod əsasında dərindən öyrənilməsi vacibdir. XIX əsrin ortalarında A.Şleyxer (1821-1868) «Hind-Avropa dillərinin müqayisəli qrammatikası kompendiumu» (1861-1862) əsəri ilə müqayisəli-tarixi metodun böyük bir dövrünə yekun vuraraq «ulu dil» nəzəriyyəsini yaratmışdır. Lakin A.Şleyxerə qədər də bu barədə müəyyən fikirlər söylənmişdi: «...XVIII əsrin sonunda Vilym Cons sanskrit, yunan, latın, qot, kelt və qədim fars dillərinin artıq mövcud olmayan bir mənbədən törəməsi fikrini irəli sürmüşdü. F.Bopp əvvəllər Hind-Avropa dillərinin sanskritdən, yaxud onunla ümumi olan bir «atadan» törəməsi fikrini deyirdisə, sonralar bu dillər arasında yalnız «qardaşlıq münasibətləri» olmasından danışırdı. F.Şlegel sanskrit dilinin ilkin olması, bütün Hind-Avropa dillərinin ondan törəməsi ideyasını irəli sürürdü«. (7; 99) A.Şleyxer bunlardan fərqli olaraq, Hind-Avropa dillərinin ilk təsnifini vermiş, dillərin şəcərəsi nəzəriyyəsini yaratmış, qohum dillərin bir «ulu dil»dən - kök dildən əmələ gəldiyini və sonrakı dillərin həmin ulu dilin nəsilləri, budaqları olduğunu göstərmiş, fikirlərini «Şleyxer ağacı» deyilən bir ağac şəklində təsvir etmişdir. Onun fikrincə, ulu dilin xüsusiyyətləri (müəllif «ulu dil» dedikdə Hind-Avropa protodilini nəzərdə tutur) slavyan-german dillərində daha az mühafizə olunmuşdur, deməli, slavyan-german dilləri ulu dildən daha qədim dövrlərdə ayrılmışdır; yunan-itali-kelt qrupu bir müddət ulu dil daxilində dialekt kimi yaşamış, nisbətən sonralar ayrılmışdır. A.Şleyxerin fikrincə, ulu dil sanskrit dilinin ideal quruluşuna malik olmalı idi, eyni zamanda dil inkişafının ən yüksək zirvəsini təşkil etməli və flektiv formanın zirvəsinə çatmalı idi. (7,102-103) Bu cəhətdən N.Y.Marrın fikri daha əsaslı görünür. N.Y.Marr qeyd edirdi ki, düşünmək olmaz ki, kök dil yüksək ədəbi, nümunəvi dil zirvəsinə çatdıqdan sonra parçalanır, əksinə, kök dil daxili şivələrlə birlikdə ümumiləşmək üzrə ikən dağılır, müxtəlif dillərin yaranmasına yol açır. A.Şleyxer Hind-Avropa dillərinə məxsus praformaların öyrənilməsi yolunda böyük iş görmüş, fonetik, leksik, morfoloji arxetiplərin dəqiqləşdirilməsi üçün xeyli əmək sərf etmişdir. O hətta bərpa etdiyi protodildə «Qoyunlar və Atlar» adlı təmsil də yazmışdır. Şübhəsiz, hər bir dil ailəsinə məxsus protodili dəqiq prinsiplər əsasında ciddi və böyük bir tədqiqatçı qrupunun köməyi ilə əslinə yaxın şəkildə bərpa etmək olar. Bunun üçün ailə daxilindəki hər bir dilin tarixi materialları ortada olmalı və onların fonetikası, leksik tərkibi, qrammatik quruluşu dəqiq surətdə öyrənilməlidir. İkinci mərhələdə daha yaxın qohumların, məsələn, türk dilləri ailəsinin oğuz qrupu dillərinin, yaxud qıpçaq qrupunun və ümumiyyətlə, bütün bu cür daha yaxın qrupların dilləri müqayisə edilməli, sonra ailə daxilində bütün qrupların müqayisəsi aparılmalı, dəqiq nəticələr əsasında praformalar müəyyən edilməlidir. Yaxın qruplar arasında və bütövlükdə ailədaxili müqayisələr paralel də aparıla bilər. Dilçilikdə bunların artıq dəyərli nümunələri vardır. A.Şleyxerin gördüyü iş nümunəvidir. Lakin bir çoxları dünya dillərinin bir kökdən, bir ulu dildən yaranması fikrini qəbul edə bilmirlər. Yer üzərində mövcud olan dillərin ailələrə bölündüyü fikrini heç kəs rədd etmir və bunu təkzib etmək üçün heç bir əsas da yoxdur. Şleyxerdən başlayaraq, bir sıra görkəmli alimlər dil ailələrinin hər birinin vahid bir kökdən, bir protodildən yarandığını sübut etmişlər. Bəs həmin protodillər haradan meydana çıxmışdır? Nə üçün qeyd edirlər ki, məsələn, Hind-İran budağında hind və İran dilləri daha sonralar təcrid olunmuşlar? Nə üçün qeyd edirlər ki, bir sıra dil ailələrinə nisbətən, türk və monqol dilləri sonralar təcrid olunmuşlar? Bunlar aydın şəkildə göstərir ki, tarixin bizə dəqiq şəkildə mə’lum olmayan (və ya arxeoloji qazıntılar əsasında təxmin etdiyimiz) bir dövründən başlayaraq, Yer üzərində yaranmış ilk dil tədricən qollara ayrılmağa başlamış və bu proses Hun imperiyasının tə’siri ilə «xalqların böyük köçü» nəticəsində son məskunlaşmaya qədər sür’ətlə davam etmiş, sonralar da kəsilməmişdir. Beləliklə, aydın olur ki, ulu dil protodillərə parçalanmış, həmin protodilllər sonralar bir və ya bir neçə dil ailəsinin başında durmuşdur. Kök dil-gövdə qol-budaq atdıqca Yer üzərində dillər, dil ailələri artıb çoxalmış, minilliklər ərzində bir-birindən təcrid oluna-oluna müstəqilləşmişlər. Ulu dilin parçalanması səbəbləri bizim təsəvvür etdiyimizdən qat-qat çox olmuşdur. Təbii fəlakət və zəlzələlər, yanğın və uçqunlar, təbii şəraitin kifayət qədər əlverişli olmaması, qohum tayfa və qəbilələr arasında ixtilaflar, əhalinin getdikcə artması, izlərini bütün dini kitablarda saxlamış Nuh daşqını, iqlimin dəyişməsi, havaların soyuması və istiləşməsi, Şimala doğru hərəkətin mümkünlüyü, daha yaxın ailə və qəbilələrin özlərinə müstəqil məskən seçmək istəyi, yeni otlaqlar və əkin yeri axtarışları, miqrasiyalar və s. insan dəstələrinin bir-birindən uzaq düşməsinə, minilliklər ərzində qohumların yadlaşmasına, ərazi iddiaları ilə düşmənçilik münasibətlərinin artmasına, dillərin, dinlərin, antropoloji quruluşun dəyişməsinə səbəb olmuşdur. Bunları biz dedik-demədik, mə’lumdur və qazıntı materialları da təsdiq edir. Dillərin bu cür təcrid olunmasını, dediyimiz kimi, tarixçi və etnoqraflar daha çox e.ə. XII minilliyə aid edirlər. Həmin minillik Yer kürəsinin və bəşərin həyatında böyük dönüş minilliyi hesab olunur. İqlim dəyişir, havalar istiləşir, buzlaqlar şimala çəkilir. İnsan ilk dəfə oturaq həyata keçməyə başlayır, ilk dəfə olaraq heyvanları əhliləşdrməyə başlayırlar. Ovçuluq işi təkmilləşdirilir, ox-yay kəşf edilir. İnsanlar dənli bitkilər əkib-becərməklə məşğul olurlar, onlarda rəsm və musiqi qabiliyyəti inkişaf edir. Bütün bunlar insanların köç halında daha münbit ərazilərdə məskunlaşması zərurətini ortaya çıxarır, şimala, qərbə və şərqə hərəkət başlayır. Bunlar həm də vahid ulu dilin ilkin parçalanması üçün zəruri təbii şərait idi. Tarixçi və dilçilərin fikrincə, həmin minillikdə bir sıra protodillər artıq yaranmış, vahid ulu dil dialekt parçalanmasını başa çatdırmışdı. Bizim ulu dil haqqında təsəvvürlərimiz də ancaq məntiqə, ulu dilin dil ailələrindəki izlərinə və protodillərin törəmələrinə, budaqlarına əsaslanır. İnsanın keçdiyi dörd milyon illik yolu və homo sapiensin 40-35 minillik yolunu nəzərə alsaq, e.ə. XII minilliyə qədər insanlar artıq ətraf aləmlə və öz münasibətləri ilə bağlı ən zəruri anlayışları ifadə edən sözlərə və kifayət qədər təkmil bir fonetik sistemə, qrammatik quruluşa malik dilə sahib olmalı idilər. Dil həqiqətən bir sistemdir və bir orqanizm kimi götürdükdə hər hansı bir dildə elə bir sintaktik struktur müəyyən etmək olmaz ki, o, digər dillərdə olmasın. Adların dəyişmə sistemi, subyekt - predikat əlaqəsi, sait - samit birliyi, sintaktik əlaqə və birləşmələr və s. bütün dil ailələrində öz əsasını ulu dildən almışdır. Su, hava, od, adam, dağ, meşə, baş, göz, əl, yer, mən, sən və s. kimi insanın hər dəqiqə gərəyinə çatan zəruri əşyaların adları protodillərə ulu dildən yayılmışdır. İnsan zəruri bir əşyanı qısa və uğurlu şəkildə adlandırmışsa, onu dəyişməyə ehtiyac hiss etməmiş və onu minilliklər ərzində təbii şəkildə mühafizə edib saxlamışdır. Yalnız bir-birindən ayrı düşənlər nəsildən nəslə bu və ya digər səsin fərdi tələffüzünü qayda şəklində davam etdirməklə, yeni spesifik morfemlər əlavə etməklə sözü fərqləndirməyə, onun səs qabığında müvafiq dəyişiklik yaratmağa, semantikasında yeni çalarların inkişafına səbəb olmuşlar. Yazının olmadığı belə bir dövrdə protodillərin təcrid olunduğu ulu dili son dərəcə kamil, səlis, şivə xüsusiyyətlərindən məhrum bir ədəbi dil kimi düşünmək doğru olmazdı. Əksinə, ümumiləşmək üzrə olan bu dil şivə elementləri ilə zəngin olmalı idi. Əsas isə odur ki, o dildə protodillərin yaranması üçün kifayət qədər əsaslı fonetik, leksik və qrammatik özək olmalı idi. Yəqin ki, bu cəhətləri nəzərə alaraq N.Y.Marr yazırdı: «Özlüyündə aydındır ki, insanlığın sübh çağında heç bir vahid dil olmamışdır və yafəsi dilçiliyin izah etdiyi kimi, belə vahid dil haqqında ibtidai sadəlövhlük məsələ qoya bilər. İlkin nitq - müxtəlif səslərin və ya üzvlənməyən səs kompleksinin müxtəlif növlərinin ibtidai sürü qışqırtılarından ibarət olmuşdur... Lakin hər bir qəbilənin, o nə cür çarpazlaşmış və ya qarışmış olsa belə, öz xüsusi dili olmuşdur; bəşərin tarixəqədərki inkişafının bu mərhələsində müxtəlif qəbilə dillərində ümumilik yalnız nitqin tipologiya və semantikasında, başqa sözlə, nitqin quruluşunda və qəbilənin sərəncamında olan bir qrup sözün mə’nalandırılmasında olmuşdur, lakin səs kompleksinin özü, səsli dilin özü müxtəlif qəbilələrdə başlanğıcda müxtəlif idi. Ümumi dil, illa da vahid dil bir sıra qəbilələrdə daha sonrakı nailiyyətdir, bununla belə, tam təşəkkül tapmamış, lakin müxtəlif dil ailələri üçün əsas verən dildir».(8; 3-4) Fikrimizcə, N.Y.Marr məsələni düzgün təsəvvür etmişdir. Sürü halında yaşayan ibtidai insanın hələ tam təşəkkül tapmamış, üzvlənməyən nitqi vahid dil kimi çıxış edə bilməzdi. Tədricən qəbilə dilləri üzvlənən dil kimi təşəkkül tapdıqca onların (qəbilə dillərinin) vahid dil şəklində inteqrasiyası da güclənmiş, lakin tam yetkin dil şəklinə düşən ulu dil elə həmin şivə xüsusiyyətləri ilə də protodillərə təcrid olunmuşdur. Beləliklə, N.Y.Marr dilin ilkin təşəkkülü ilə onun ümumiləşmə dövrlərini düzgün fərqləndirmişdir. Sürü halında yaşayan insanlarla homo sapiens nitq e’tibarilə fərqlənməli idi və, şybhəsiz, 35-40 min ilə yaxın bir müddətdə təşəkkül tapmaqda olan ulu dil protodillər üçün lazımi bazaya malik olmalı idi. Amma düşünmək mümkündür ki, ana bətnində rüşeym necə inkişaf edirsə, hələ ümumiləşməmiş qəbilə dilləri də tipoloji cəhətdən rüşeym fərqinə malik olmuş, həmin rüşeym-tipoloji fərq ulu dildə xeyli inkişaf etmiş, protodillərdə qayda şəklini alaraq ailələrdə sabitləşmişdir. Elə buna görə də biz ilk dəfə belə bir mülahizə irəli sürürük ki, tipoloji cəhətdən eyni (və ya yaxın) olan bütün dillər bir protodilin budaqlarıdır. Odur ki tipoloji cəhətdən eyni quruluşlu dilləri müqayisəli-tarixi metod əsasında öyrənməklə sonra müqayisəni protodillər arasında apararaq ulu dilə yaxınlaşmaq olar. XX əsrin ortalarında artıq dil ailələrinə aid zəngin material toplanmışdı: «Hind-Avropa dilçiliyində müqayisənin ciddi metodları tam şəkildə dəqiqləşdikdən sonra (XIX əsrin son onilliyi), bu metodlar əsrimizin 20-30-cu illərində geniş şəkildə tətbiq edilməyə başlayır, Ural ulu dilinin əsas xüsusiyyətləri aydınlaşır, elə həmin dövrdə sami-hami və dravid rekonstruksiyalarının əsası qoyulur; 20-30-cu illərdə tədricən müqayisəli Altay dilçiliyi formalaşır, bu son onilliklərdə isə (XX əsrin 50-60-cı illəri - Q.K.) kartvel dilçiliyində həlledici addım atılır». (9; 40) Bir tərəfdən, ayrı-ayrı dillər öyrənilir, digər tərəfdən də qohum dillər arasında müqayisələr aparılır və nəticədə dilçilik tədqiqatı müqayisəli-tarixi metodun ilkin mərhələsinə görə qohum sayılmayan müxtəlif sistemli, tipoloji cəhətdən fərqli dil ailələri arasında yaxınlıq görməyə başlayır, bu sahədə də araşdırmalar aparılır. Bunun üçün morfemlərin identifikasiyası metodundan istifadə edilir, sözlərin, sözdüzəldicilik vasitələrinin, leksik-qrammatik elementlərin uyğunluğu əsas götürülür.(9; 3) Bu metodla aparılan müqayisələr göstərir ki, yaxın dövrlərdə təcrid olunmuş dillərdə morfem uyğunluğu daha çoxdur; qohum dillər uzaq keçmişdə təcrid olunmuş olduqda fərqlər çoxalır, bir çox ilkin morfemlər arxaikləşmiş, sıradan çıxmış olur, lakin yenə də həmin dillərin eyni mənşəli olduğunu əks etdirən kifayət qədər leksik, fonetik və qrammatik elementlər qalır. Bunlar qohum dillərin fonetik, leksik və qrammatik nüvəsini təşkil edən vasitələrdir. Bu cür müqayisələr zamanı uyğunluq və oxşarlıq təsadüfi xarakter daşımamalı, alınmalara aid olmamalı, sistem təşkil etməli və praformanın müəyyənləşdirilməsinə doğru yönəlməlidir. Hələ XIX əsrin ortalarında V.Şott və M.A.Kastrenin tədqiqləri əsasında yaranmış Ural-Altay nəzəriyyəsinin tərəfdarları həmin dövrdən başlayaraq müqayisəyə cəlb etdikləri dillərin dairəsini daha da genişləndirmişlər. Q.Evald (1862) Altay, Hind-Avropa və Hami-sami dillərinin morfoloji quruluşunda uyğunluqlar görmüş, R.Kolduell (1875) dravid dillərinin leksik, morfoloji və sözdüzəldicilik vasitələrini Ural və Altay dillərinin materialları ilə müqayisə etmiş, bunları ən yaxın dillər hesab etmişdir. XX əsrin ikinci onilliyində A.Trombetti nostratik nəzəriyyədə nəzərdə tutulan altı dil ailəsinin arasında leksik müqayisələr aparmış, eyni tipli tədqiqatçılar arasında xüsusi uğurlar əldə etmişdir.(9; 39) Görkəmli türkoloq M. Rəsənenin (1953) araşdırmaları türk və Ural dillərinin qohumluğu məsələsinə həsr olunmuş, müəllif e’tibarlı fonetik və leksik müqayisələr aparmışdır. Bu sahədə araşdırmaları B.Kollinder, K.Menqes və başqaları davam etdirmişlər. Hind-Avropa və sami dillərinin müqayisəsinə həsr olunmuş zəngin ədəbiyyat vardır. Bu sahədə Q.Möllerin (1907-1909) və onun ardıcılı A.Kuninin (1946) əsərləri daha əhəmiyyətli hesab olunur. Hind-Avropa və Altay uyğunluğu Q.Hünterti (1934), St.Mladenovu (1937) maraqlandırmış, Q.Voqt bir sıra kartvel-hindavropa uyğunluqlarını qeyd etmişdir.(9, 38-45) Nəticədə, iki dil ailəsi arasında aparılan bu cür müqayisə və araşdırmalar daha geniş dil ailələrini birlikdə müqayisəyə cəlb etmək ideyasını yaratmışdır: «Komparativistikanın ayrı-ayrı sahələri arasında koordinasiyanın olmaması uzun müddət o faktın dərk olunmasına mane olmuşdur ki, iki dil ailəsinin müqayisəsi əsasında əldə edilmiş xüsusi uyğunluqların bir çoxu həqiqətdə bir neçə dil ailəsini əhatə edən daha geniş uyğunluğun təzahürüdür. Halbuki artıq A.Trombettinin işlərindən çıxan müvafiq material bu cür nəticəyə gətirə bilərdi. Bu cür situasiya iki qohum dilin deyil, kifayət qədər geniş dil ailəsinin mövcudluğunu təxmin edir, müqayisəli tədqiqat, təbii olaraq, bu ailəyə daxil olan maksimal kəmiyyətdə dillərin cəlb edilməsi ilə aparıla bilərdi. İlk dəfə X.Pedersen Hind-Avropa, Ural-Altay və sami dil ailələrini n o s t r a t i k dillər sırasında uzaq qohum hesab edərək bu vəziyyəti aydın surətdə formalaşdırmışdır. (Pedersen 1903,1907-1908,1924)» (9, 45) Ural-Hindavropa, Ural-Altay və Ural-yukagir dil xüsusiyyətlərini müqayisə edən B.Kollinder öz əsərləri ilə qeyd edilən konsepsiyanı daha da inkişaf etdirmişdir. XIX əsrin əvvəllərindən başlayan müqayisəli-tarixi metod əsasında yaranmış zəngin elmi mənbələr XX əsrin 60-cı illərində Sovet alimi V.M.İlliç-Svitıça daha əsaslı araşdırmalar aparmağa imkan vermişdir. O, 1966-cı ildə «Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelğskiy, indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy)» adlı qiymətli əsərini hazırlamış, əsər müəllifin vəfatından bir neçə il sonra - 1971-ci ildə çap olunmuşdur. Ensiklopedik lüğətdəki:«Nostratik dillərin qohumluğu fərziyyəsini Daniya alimi X.Pedersen irəli sürmüş, Sovet alimi V.M.İlliç-Svitıçın işləri onun elmi cəhətdən əsaslı olduğunu sübut etmişdir».(10; 899) - sözləri nostratik nəzəriyyənin doğruluğunu təsdiq etməklə yanaşı, bu sahədə V.M.İlliç-Svitıçın böyük xidmətlərini də göstərir. V.M.İlliç-Svitıç qeyd edilən dil ailələrində işlənən 245 sözün etimoloji təhlilini vermiş, ulu dildən gələn həmin sözlərin dil ailələrindəki arxetiplərini dəqiqləşdirib müqayisələr aparmaq istiqamətində xeyli iş görmüşdür. Ciddi fonetik araşdırmalar aparmış, dil ailələri arasındakı səs uyğunluqlarını müəyyənləşdirmək əsasında sözlərin eyni mənşədən törədiyini əks etdirən zəngin faktlar toplamışdır. Qeyd edilən altı dil ailəsi üzrə əvəzliklərin və əvəzliklərdən törəmiş şəxs şəkilçilərinin geniş cədvəlini vermişdir. Lüğət məqalələri alimin hər bir dil ailəsinə necə həssaslıqla yanaşdığını aydın göstərir. Müəllif hər dil ailələrinə aid elmi ədəbiyyatı diqqətlə nəzərdən keçirmiş və həmin ailəyə daxil olan dillərin tədqiqi səviyyəsi ilə maraqlanmışdır. Bu əsər dünya dillərinin bir kökdən olduğunu təsdiq edən ilk uğurlu ümumiləşdirici əsərdir. Lakin heç şübhəsiz, müəllifin tədqiqatının qüsurlu cəhətləri də vardır. Əsərdə bə’zi sözlərin ulu dilə aid arxetipləri deyil, hər bir dil ailəsinə məxsus müşahidə olunan ilkin forması seçilmişdir. Görünür, həqiqi arxetiplərin müəyyənləşdirilməsi sonrakı mərhələnin işi olmalıdır. Müəllif dünyanın qədim dillərinə də (sanskrit istisna olmaqla) fikir verməmişdir. Lakin gələcək araşdırmalar üçün, dilin mənşəyinin müəyyənləşdirilməsi üçün geniş üfüqlər açmışdır. İlliç-Svitıçın əsəri Çin-Tibet, Malayziya-Polinez, Amerika və bir sıra Afrika dil ailələri istisna olmaqla, demək olar ki, Yer üzündəki əsas dil ailələrini əhatə edir. Amerika qitəsində, cənubi Asiyada və Afrikanın cənub ölkələrində, Avstraliyada və ətraf adalarda yaşayan yerli əhalinin özünəməxsus dilləri olsa da, həmin ölkələrdə ingilis, fransız, ispan, portuqal dillərindən ədəbi dil kimi istifadə edilir. Ona görə də həmin xalqların dillərinin (yerli dillərin) öyrənilməsi daha vacibdir. Şübhəsiz, həmin dillər sistemli şəkildə öyrənilməklə müqayisəyə cəlb edilən dillərin əhatə dairəsi daha da genişləndirilə bilər. Nostratik (lat. noster, nostra, nostrum - bizim; bizə müasir, indiki; bizim üçün müvafiq, bizə əlverişli olan) dilçilik nəzəriyyəsi bütün fəlsəfi-məntiqi gücü ilə inamla vahid ulu dilə doğru aparan yoldur. Ona görə də dünya dillərinin qohumluğu ideyasının tərəfdarları və tədqiqatçıları artmaqdadır. N.D.Andreyevin 1986-cı ildə çap etdirdiyi «Ranne-indoevropeyskiy praəzık» əsəri yalnız Hind-Avropa dillərini deyil, müəllifin Ural və Altay dilləri adlandırdığı dilləri də əhatə edir. Bu dillər boreal (lat.boreus - şimal) yerləşmə əsasında tədqiqata cəlb edilmiş, Ural ətrafı və Altay səmtində yaşayan xalqların -tunqus və mancurların dilləri də əhatə olunmuşdur. Yunan, fin, sanskrit, evenk, latın, litva, nanay, eston, Avesta, qot, xantı, oroç, xett, qədim alman, nehid, qədim slavyan, ulç, oroq, Veda, udagir, erməni və s. dillərdən gətirilən faktlar göstərir ki, müəllifin müqayisə dairəsi Hind-Avropa dilləri ilə məhdudlaşmamışdır. Bu dillərin bir qismi Tunqus-Mancur dil ailəsinə aiddir (nanay, evenk,ulç, oroq, nehid və s.). Müəllifin tədqiqat, müqayisə, uyğunlaşdırma üsulu da maraqlıdır. Müəllif 203 kök sözün etimoloji müqayisəsi əsasında bu qənaətə gəlmişdir ki, «Mövcudluğunun başlanğıc mərhələsində erkən Hind-Avropa (EHA) ulu dili boreal ulu dil (BUD) daxilində müstəqil qol kimi ayrılaraq, uzun müddət boreal ulu dil tipologiyasından aldığı irsi tam şəkildə saxlamışdır. »(11; 4) A.S.Melniçuk «Dünya dillərinin ümumi qohumluğu haqqında» məqələsi ilə (6; 27-42, 46-65) buşmenlərin və huttentotların dillərindən başqa, Yer üzündəki bütün dil ailələrinin qohumluğunu, bir kökdən, bir ulu dildən törəmiş olduğunu daha əsaslı şəkildə, orijinal bir üslubda sübuta çalışmışdır. Müəllif düzgün qeyd edir ki, konkret bir dil ailəsi daxilində şərti işarələrin uyğünluğu prinsipinə əsaslanan komparativistika ulu dilin quruluşunun tarixəqədərki dərinliklərinə enməyə çəpər çəkir, belə bir metodoloji əsasla işləməklə ulu dilin parçalanması, müxtəlif dillərə ayrılması dövrünə aid hadisələrin bərpası mümkün deyildir. Bu cəhətdən müəllif praformaların müəyyənləşdirilməsində vokalizmin mürəkkəb sisteminin rekonstruksiyasından imtina edən N.D.Andreyevin işini ilk iş kimi qiymətləndirir. Dil ailələrinin ümumi genetik qohumluğu problemində dilemma kimi qarşıda duran əsas məsələ «dillərin poligenez və ya monogenez olması»dır. Şübhəsiz, bu mübahisə arxeoloji materiallarla yanaşı, dil ailələrinin qohumluğunu isbat edən faktların tədqiqi, aşkara çıxarılması yolu ilə də həll oluna bilər. A.Trombetti inamla, tə’kidlə monogenez mənşəyin sübutuna çalışmış, lakin Q.Şuxardtın fikrincə, o öz fikrini sübut edə bilməmişdir. Tarixi linqvistika sahəsində tədqiqatın hələ çox az olduğunu nəzərə alan X.Pedersen «...bu sahədə hər bir peyğəmbərliyin vaxtından tez» olduğunu bildirmişdir. A.S.Melniçuk bu cür mülahizələri ümumiləşdirərək dillərin monogenez və ya poligenez olması məsələsinin tarixi linqvistikanın mühüm bir bölməsi kimi son dərəcə aktual olduğunu göstərir. Müəllif yazır: «Hind-Avropa dilçiliyində etimoloji tədqiqatın dərinləşdirilməsi istiqamətində son dövrlərdəki araşdırmaların gedişində gözlənilmədən dünyanın bütün müasir dil ailələrinin vahid mənşəyini aydın şəkildə sübut edən özünəməxsus və inandırıcı faktlar əldə edilmişdir». A.S.Melniçuk dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirmiş və məqalədə konkret bir nümunə əsasında fikrini isbata çalışmışdır. Təbii ki, müəllifin bu üsulu da tarixi-müqayisəli analiz prosesində hamı tərəfindən qəbul edilmiş fonetik qanunlara əsaslanır. Prinsipin əsasında söz kökündə artikulyasiya bazasına görə yaxın olan samitlər durur. Komparativistlər fərqli samitlərlə düzələn söz köklərini əksərən müqayisə üçün yaxın qoymamışlar. A.S.Melniçukun fikrincə, artikulyasiya bazasına görə eyni və ya yaxın olan samitlər əslində genetik cəhətdən eyni olan, lakin fonetik cəhətdən fərqlənən kökün variantlarını yaradan səslərdir. Mə’lumdur ki, bütün dil ailələrində samitlər başlıca olaraq iki qrupa - dilönü, dodaq və dilarxası, larinqal samitlərə ayrılır. A.S.Melniçukun yeni üsuluna əsasən, etimoloji araşdırmalar prosesində tək-tək samitlər müqayisə edilməməli, müqayisədə artikulyasiya bazasına görə yaxın olan bütün samitlər nəzərdə tutulmalıdır. Yalnız bu yolla etimoloji cəhətdən vahid kökün necə şaxələndiyini müəyyənləşdirmək olar. Bu o deməkdir ki, bir dil ailəsində söz kökündə bu və ya digər dilarxası və ya larinqal samit başqa dil ailələrində bir və ya bir neçə dilarxası, larinqal samitə uyğun gələ bilər. Ön sıra samitlər də eynilə nəzərə alınmalıdır. A.S.Melniçuk mövcud tədqiqatlardan aldığı təəssürat əsasında saitlərin mənşəyi barədə də fikir söyləmişdir. Müəllifin fikrincə, i və u ən qədim saitlərdir; e tədricən i-dən, o saiti u-dan ayrılmış, başqa sözlə, i və e, u və o səslərinin mənşəyi bir olmuşdur. Ona görə də müxtəlif dillərə ayrılma dövründə eyni söz kökü həm i, həm də e, yaxud həm u, həm də o saitinin iştirakı ilə formalaşmışdır (müəllif daha əvvəllər sait səslərin aydın olmadığı, qeyri-müəyyən olduğu, diffuz səslər kimi tələffüz edilmədiyi fikrindədir); a saiti isə larinqal H samitinin tə’siri ilə yaranmışdır; buna görə də sözlərdə samitlər ilkin dövrlərdə i, u, a saitlərinin müşayiəti ilə ifadə olunmuşdur və müəllifin fikrincə, bunu türk dilləri bazası əsasında daha yaxşı izah etmək mümkündür. Həm də belə hesab olunur ki, i və u saitləri meydana çıxana qədər artıq a saiti özünün qeyri-müəyyən ə forması ilə mövcud idi. Məqalədə bu fikir də müdafiə edilir ki, hələ vahid dilin parçalanmasından əvvəl a saiti sıradan çıxmış zəif, larinqal bir səsin əvəzinə yaranmışdır, i, u, e, o saitləri isə dil ailələrinə məxsus protodillər dövründə inkişaf etmişdir. Buna görə də ulu dilin rekonstruksiyasının vokalizm qanunları əsasında bərpası cəhdi əsassızdır. N.A.Andreyev kimi, A.S.Melniçuk da söz köklərini ikisamitli hesab etmiş və araşdırmalarını bu prinsip əsasında qurmuşdur. O, dil faktlarından aldığı təəssürat əsasında praformaların müəyyənləşdirilməsi üçün samitlərin metatezasının rolunu xüsusi nəzərə almağı lazım bilmişdir (türk dillərində: piç - ‘kəsmək’, çap - ‘biçmək, qırmaq’ kimi). A.S.Melniçukun fikrincə, onun qeyd etdiyi struktur xüsusiyyətlər bütün dünya dillərində təkrar olunan etimoloji komplekslərin öyrənilməsində böyük rola malikdir və bu söz qruplarındakı mürəkkəb, özünəməxsus, həm də izomorf xüsusiyyətlər heç bir başqa səbəblə deyil, yalnız başlanğıcdan bütün dünya dillərinin qəti və şübhəsiz qohumluğunu nəzərə almaq əsasında aydınlaşdırıla bilər. Dünya dillərində eyni və yaxın semantika ətrafında birləşən söz qruplarının izomorfizmi (izomorfizm - eyni kökdən olub, səs tərkibi ilə fərqlənmə) ondadır ki, iki samit əsasında formalaşan hər hansı bir sözün ilk samiti arxa sıra, məsələn, k samiti olduqda izomorfizm nəticəsində başqa dillərdə həmin samitlə artikulyasiya bazası eyni (və ya yaxın) olan başqa samitlər (q, h, g və s.) işlənə bilər; söz kökünün son samiti ön sıra samitlərindən biri, məsələn, t olduqda digər dillərdə izomorfizm nəticəsində başqa ön sıra samitləri (s, z, d və s.) işlənir. Və, eyni zamanda, bu samitlər arasında ilk dövrlərdə i (i və ya e), u (u və ya o) və a (a və ya ə), yaxud da sonor samitlərdən (l, m, n, r) biri infiks kimi çıxış edir. A.S.Melniçuk ailələrin qruplaşdırılmasını özünəməxsus şəkildə aparmış və aşağıdakı dil ailələrini əhatə etmişdir: Hind-Avropa, Ural-Altay, semit, Afrika dilləri, Qafqaz, dravid, kxmer dili, İndoneziya, tay, Tibet-çin, Paleoasiya (çukot, eskimos, yukagir, ket, nivx), Amerika hindlilərinin dilləri. Ural-Altay dil ailəsi adı altında türk, monqol, fin-uqor, tunqus-mancur, samodiy, yapon dillərini birləşdirmişdir. Fikrimizcə, müəllifin Altay nəzəriyyəsini bu cür genişləndirməsi ağlabatandır. Yer üzərində ulu dil protodillərə parçalandıqdan sonra eyni sözün izomorfları qohum protodillərdə (indiki dil ailələrinə aid kök dildə) hər bir insan cəmiyyətinin, hər bir tayfanın, xalqın səciyyəsinə müvafiq inkişaf yolu keçmişdir. A.S..Melniçuk yuxarıda qeyd etdiyimiz prinsiplər əsasında eyni mənşədən olan bir söz kompleksinin (K^T, K^S, yə’ni ilk samiti dilarxası k və onunla yaxın məxrəcli, ikinci samiti dilönü t, s və onlarla yaxın məxrəcli səslər olan sözlər) altı struktur formada inkişafını müəyyənləşdirmişdir: 1. kt, ks tipli saitsiz kök variantları. Müəllif qeyd edir ki, Hind-Avropa dillərində elementar kt, ks söz kökü öz quruluş və səs variantları ilə birlikdə əlaqəli olan aşağıdakı mə’naları ifadə edir: vurmaq, məhv etmək, deşmək, kəsmək, doğramaq, yarmaq, közərtmək, dişləmək, yemək, bişirmək, yandırmaq, xəstələnmək, qazmaq, hönkürmək, əkmək, dartmaq, oymaq, qaşımaq, daramaq, itiləmək, tərpətmək, dürtmək, tapdalamaq, söndürmək, çapmaq (səkmək), tullanmaq, qaçmaq, yıxılmaq, atmaq, diyirlətmək, sür’ətlə getmək. Kt, ks kökləri də səsdüşümü, səsartımı ilə *kt,*ghd, *d, *ghs,*s və s şəkillərdə variantlaşa bilmişdir: məs.: qəd. hind KSauati - məhv edir, GDHa - yeyən, Dan - diş, KSuo - xəstə və s.; hami-sami: maKTab - məktəb (ərəb) (baş hərflər ilkin söz köklərini bildirir); A.S.Melniçuk Ural-Altay (türk, monqol, fin-uqor, tunqus-mancur, samodiy, yapon) dil ailəsi ilə bağlı maraqlı bir mülahizə irəli sürmüşdür. Müəllifin fikrincə, bu böyük dil ailəsində kt, ks elementar söz kökünün ilk samiti düşmüş, sözlər sadələşmiş, ikinci samitlər qalmışdır. Ona görə də son samit ilk samit kimi çıxış edir: Diş - diş, Sı - korlamaq, sındırmaq (alt.), Tuska - ağrı, əzab (fin), Şev - yarıq (türkcə), Çiçix - dəlmək, deşmək (monq.),Toin - dəstə (həvəngdə) (komi) (böyük hərflər söz kökünün ikinci samiti, yə’ni qalığıdır); 2.Ket, kes tipli saitli kök variantları; məs.: Hind-Avropa: KATuh - iti (qəd. hind), Ural-Altay: KES - kəsmək (tat.); Hami-Sami: KATaba - yazmaq (ərəb); 3.İnfiksli (kert, kers) kök variantları; məs.: H.-A.: KRTih - xəncər (qəd. hind), U.-A.: KELTe - gödək (qırğ.), H.-S.: KARŞun - bölünmə, xırdalanma (ərəb) (infiks sonor samitlərdən ibarətdir; kökdən sonrakı kiçik hərflər sonrakı dəyişmələrlə bağlıdır); 4.Samitlərin əksinə düzülüşü ilə (metateza) saitsiz kök: tk, sk variantları; məs.: H.-A.: SKənda - dağılma (Avesta). H.-S.: aSKe - (üzünü) qırxmaq (ərəb). Müəllifin fikrincə, Ural-Altay dillərində əksinə düzülüşdə (tk,sk) ön sıra samitələrin düşümü ilə söz kökləri sadələşmiş, arxa sıra samitləri qalmışdır: KAya - qaya (türk), KU- dəri (komi), QAv - yarıq (monq.); 5.Samitlərin əksinə düzülüşü ilə (metateza) saitli (tek,sek) kök variantları; məs.: H.-A.: DAHati - yanır (qəd. hind); U.-A.: TAĞ -dağ (şor), TEG - dəymək (özb.), TAKe - dağ (yapon); H.-S.: DAKarun - iti (ərəb), 6.Samitlərin əksinə düzülüşü ilə infiksli (terk, senk) kök variantları; məs.: H.-A.: FALX - oraq, çin (lat.); U.-A.: ÇALĞı - oraq, kərənti (alt.), TAMQa - möhür (monq.); H.-S.: TARKun - tərk etmək. Nümunə üçün biz müəllifin əhatə etdiyi dil ailələrindən üçünə (Hind-Avropa,Ural-Altay və hami-sami ) müraciət etdik və zəngin dil faktlarından əyanilik üçün bir neçəsini qeyd etməklə kifayətləndik. A.S.Melniçukun bu üsulu dünya dillərinin bir kökdən, bir ulu dildən yaranması fikrini daha inandırıcı şəkildə əyaniləşdirir. Müəllifin vahid dilin qohum dillərə parçalanması və qohum protodillərin inkişaf yolu, bu inkişaf prosesində söz köklərində baş verən dəyişikliklər, kökün samit əsası barədə təsəvvürləri aydın və inandırıcıdır. Hələ hamının monogenez nəzəriyyəsinə inanmadığı bir dövrdə nisbətən aralı mə’naya malik olan sözlərin bu cür kompleks izahı bə’zi oxucuları inandırmaya bilər. Həm də ona görə ki, tək-tək sözün necə inkişaf edib şaxələndiyi, tədricən hansı mə’naları qazandığı barədə oxucu özü nəticə çıxarmalı olur. Məsələn, Ural-Altay dillərində kt söz kökünün ilk samitinin düşməsi, söz kökünün ikinci samitlə fəaliyyəti qeyd edilir, lakin onların bərpası oxucunun öhdəsinə buraxılır. Əgər, məsələn, monqol dilindəki çiçix (ç = t, dəlmək, deşmək) sözü kt və onun variantları kd, ks, kş, kz, kç, kf arxetiplərində k samitinin sonrakı mərhələdə düşümü ilə səciyyələnirsə, onda bu söz daha qədimdə (lakin ikinci mərhələdə) k^ç şəklində (^ - saitin qeyri-müəyyən olduğunu bildirir) olmuşdur. Yaxud 4-cü bənddə (samitlərin əksinə düzülüşü ilə saitsiz kök - tk, sk) Ural-Altay dillərində ilk samitin düşməsi ilə sözün sadələşdiyi göstərilir. Amma başqa cür də fərziyyə yürütmək olar: bəlkə heç bu cür sözlərdə metateza olmamış, ona görə də ikinci samit düşmüşdür? A.S.Melniçukun nəzəriyyəsi ulu dilin öyrənilməsi üçün geniş imkanlar yaradır, ona görə də dərinləşdirilməli və faktların daha konkret izahı ilə əyaniləşdirilməlidir. V.M.İlliç-Svitıç lüğətdə altı dil ailəsində - sami-hami, kartvel, Hind-Avropa, Ural, dravid, Altay dillərində söz köklərinin və bir sıra qrammatik formaların müqayisəli etimoloji təhlilini vermişdir. Lakin bir sıra lüğət məqalələrində söz kökləri nümunəsi iki, üç, bə’zən beş ailənin materialları ilə məhdudlaşmışdır. Geniş mə’nada Altay nəzəriyyəsinə (türk, monqol və tunqus-mancur dillərinin qohumluğuna) əsaslandığı üçün türk dilləri materiallarını müqayisəyə cəlb etmək həmişə mümkün olmamışdır. Bu cəhət A.S.Melniçukun da məqaləsinə aiddir. Bu cür sözləri türk dilləri materialları ilə zənginləşdirmək mümkündür. N.D.Andreyevin lüğətində isə türk dilləri, qeyd etdiyimiz kimi, nəzərə alınmamışdır. Lakin ilkin Hindavropa dilkökünü üzə çıxarmaq istəyi ilə yazılmış bu əsər türk dilləri ilə geniş müqayisə üçün zəngin fakt verir. V.M.İlliç-Svitıçın müəyyənləşdirdiyi praformalar rəngarəng quruluşa malikdir: CV, CVC, CVCV, CVCVC və s. (C - samit fonemlər-konsonantizm; V - sait fonemlər-vokalizm). N.D.Andreyev və A.S.Melniçuk praformaları bir qayda olaraq CVC şəklində götürmüşlər. Türk dilləri söz kökünün sabitliyi ilə bir çox dil ailələrindən fərqlənir. Türkoloji tədqiqat göstərir ki, bizə yaxın dövrlərdəki (min beş yüz illik) qədim türk praformaları əsasən CV şəklində olmuş, V və CVC formaları səsdüşümü və sözdüzəldicilik vasitələri ilə yaranmışdır. Ona görə də praformaları CV şəklində, söz sadələşmiş olduqda V, mürəkkəbləşmiş olduqda CVC şəklində işarə etmək münasibdir. Hazırkı dövrdə ayrı-ayrı dil ailələrinin başında duran protodillərin söz köklərinin müəyyənləşdirilməsi ilə protodillər arasında əlaqə və qohumluğun öyrənilməsi paralel aparılır. Təbii ki, bu sahədə Yer üzərində heç bir koordinasiya yoxdur. Hər bir mədəni xalq öz dilinin müasir vəziyyətini və tarixi inkişaf yolunu öyrənməkdədir. Lakin bir sıra görkəmli alimlər böyük ümumiləşdirmələr apararaq dil ailələrinin və ailələrarası münasibətlərin müəyyənləşdirilməsi sahəsində əhəmiyyətli işlər görürlər. İki əsrlik tədqiqat nəticəsində bəşəriyyət xeyli təcrübə toplamışdır. Lakin bütün bunlar hələlik işin başlanğıcı sayıla bilər. Dilçilik elmi ulu dilin kifayət qədər aydın təsəvvür edilməsi üçün hələ böyük zəhmətə qatlaşmalıdır. Qeyd etdiyimiz alimlərin yaradıcılıq təcrübəsi və tədqiqat metodları ulu dilə doğru araşdırmaların gələcəyinə böyük ümidlər doğurur. Biz dünya dillərinə məxsus saysız söz köklərində ulu dilin söz köklərini görürük. Lakin əsas mövzumuza aid olmadığı üçün illərdən bəri topladığımız nümunələrdən bir neçəsinin şərhi ilə kifayətlənəcəyik. 1.*gi - getmək, gəlmək, qaçmaq, yerimək, hərəkət etmək, yüyürmək, yortmaq və s. Ulu dilin sözlərinin müxtəlif dil ailələrindəki forma və semantik xüsusiyyətlərinin müqayisəsi göstərir ki, hətta müasir dövrdə antonim məqamda işlənən bir sıra leksik vahidlər də bir kökdən törəmişdir. Buna ən tipik misallardan biri *gi sözüdür. Bu söz ulu dilin parçalanması ərəfəsində bütün canlı və cansız varlıqların müxtəlif növ hərəkətini bildirmiş, bütün protodillərə keçmiş, dil ailələrinə yayılmışdır. Alt.: türk Azərb. gəl, get, gəz, gir, qaç, qov, qayıt, köç, keç yeri, yeriş, yüyür, yort, yıx və s. Müxtəlif mə’nalar ifadə etsə də, bu sözlər eyni kökdəndir: gə-l - sözündə -l qayıdış, ge-t sözündə -t icbari-məcburi uzaqlaşdırmaq əlamətidir; ga-yıt sözü də əslində gəl sözü ilə fərqli çalarda sinonimdir; ga-ç, kö-ç sözlərində -ç şəkilçisi müasir dildə bə’zən qayıdış növ anlayışını ifadə edən -ş (büz-üş-mək, yığ-ış-maq və s.) şəkilçisidir; sonrakı sözlərdə g səsi y səsinə keçmişdir (kir>yer sözündə olduğu kimi); söz eyni dərəcədə başqa türk dillərində də geniş yayılmışdır: türkcə. kaç, tuvin. kaş, qədim uyğur və qıpçaq dillərində: kaç, qumıq. kaç - ‘qaçmaq’. Söz şumer dilində gi (yumşaq q səsi) şəklində tələffüz olunmuşdur; g samiti sonrakı inkişaf prosesində arxa sıra q, dilortası g, k samitlərinə, dilortası g samitindən y samitinə keçmişdir. Daimi və zəruri anlayışların ifadə vasitəsi olduğundan ulu dilin bu sözünü müxtəlif dil ailələri spesifik fonetik fərqlərlə yaşatmaqdadır. Ural: kuaca - qaçmaq (saam), gujult - yavaş getmək (udmurt); Qafqaz: kel - getmək (kartvel), go-nkal - getmək (çan); Dravid: kata - keçmək (tamil), kata - keçmək (malaylam), kat - yenidən keçmək (malto); (9, 19) H.-A.: türk dillərinə çox yaxın olan rus dilində uXOd - getmə, çıxma, vıXOditğ - çıxmaq, vXOd - giriş, XOditğ - yerimək, getmək və s.; ing.: go - getmək, COme (kam) - gəlmək; sans. ga-ççhan - hərəkət edərək, ga-ççhanti - gedir (12, 344); lat. perCUrro, CUrri, CUrsum - qaçmaq, tələsmək (c=k); Sözün çoxmə’nalılığı ulu dildən başlayır və bu hal şumer dilində də öz izlərini saxlamışdır. E.ə. IV minilliyə aid şumer ideoqramlarında ayaq şəkli ‘getmək’, ‘gedir’, ‘gəlir’, ‘qayıdır’ mə’nalarını ifadə edir. E.ə.III minilliyin əvvəlinə aid şumer sillaboqramlarında da gi, gin sözləri ‘qayıtmaq’, ‘getmək’, ‘gəlmək’, ‘gedir’ mə’nalarındadır. (13, 39) E.ə.II minilliyin sonu, I minilliyin əvvəlinə aid biayn (urartu) yazılarında: ka - irəli getmək, agauri - aparmaq, getmək, agu - aparmaq, getmək, kuluarşi - qaçmaq, kulu - tərk etmək mə’nalarındadır. (14; 17,18,157,165,170,171) Misallardan göründüyü kimi, sözün izomorfizmi dilortası və yaxın arxa sıra samitlərinin əvəzlənməsi ilə üzə çıxır: *gi, ga, *ge, gə, go, gu, xo, ka, ke, ku, co, ka, ye, yi, yo, yı (g=q; c=k). 2.*bi - boy, boy atmaq, bitmək, bitki, böyümək, böyük, inkişaf etmək, balaca, balacalaşmaq və s. Bu söz ilkin inkişaf mərhələsində insanlara, bitkilər aləminə, başqa canlı və cansız varlıqlara aid olmuş, sonrakı dövrlərdə daha çox antonim sözlər şəklində iki istiqamətdə - ‘böyük’ və ‘balaca’ anlayışlarının ifadə vasitəsi kimi şaxələnmişdir. Alt.: türk Azərb. bo-y, bo-y-la-n-maq, ba-x-maq, bö-y-ük, bö-y-ü-mək, bö-y-ü-d-ücü; bi-t-mək, bi-t-ki; ba-la, ba-la-ca, ba-la-q (camış balası), ba-la-la-maq, ba-la-lı; başqa türk dillərində: tuvin, karaqas, qəd. uyğur. bi-cə- balaca, monq.bi-ciken - çox balaca, buryat. bi-şixan, kalmık. bi-çkn; Ural: karel. pi-cukkaini - nə isə balaca, veps pi-cu - balaca, est. pi-sune - balaca; fin. puu, mari, komi pu, samodiy poo, paa - böyüyən bitki; Dravid: malaylam. pi-cca(n) - nə isə balaca, teluq pi-cca - balaca, gödək; (həmçinin İlliç Svitıç 175,177,178,181,182,184-də ba-ra - daha çox, yaxşı, be-rgi - böyük, yüksək, bo-li - böyümək (bitki haqqında), bu-hi - meydana çıxmaq, böyümək (daha çox ağac haqqında), bo-nga - yoğun, böyük sözlərinə bax). H.-A.: sans. ma-han - böyük, ma-hatah - çox böyük; rus. bo-lğşoy -böyük, bo-lğşe - daha böyük, daha çox; b >m keçidi ilə balaca mə’nasında: ma-lış, ma-lötka - körpə, balaca, ma-lo - az, kiçik, ma-loroslıy - qısaboy, ma-lıy - kiçik, balaca, ma-lenğkiy - balaca, ma-lğçik - kiçik oğlan uşağı; latın. b-revis - balaca, gödək; fars. bo-zorq - böyük; alm. o-be-r - böyük, baş; ing. bi-g - böyük; (12; 342) lat. pa-rtus - doğum, doğulma, pa-rum - az, bir qədər, pa-rve - az, balaca, pa-rvulus - az, balaca, pa-rvus - az, balaca, böyük olmayan, mi-niu, miniutum, de-mi-nue - balacalaşdırmaq, kiçiltmək, azaltmaq; V.M.İlliç-Svitıç kürd dilindəki be-cuk - balaca, fars dilindəki ba-ca - oğlan sözlərinin türk dillərindən alınmış olduğunu, gürcü dilindəki bi-c - ‘oğan uşağı’ sözünün izahının çətin olduğunu göstərir, öz nəzəriyyəsini unudur.(9; 178) Sözün törəmələri çox olduğu və dünya dillərində geniş yayıldığı üçün müəllif Ural və Altay dillərində ‘balaca’ mə’nasında bica, pica sözlərinin izahını deskriptiv izah hesab etmişdir. Bundan əlavə, eyni yuvadan olan üç sözün eyni kökdən olduğunu nəzərə almamış, hər birini müstəqil söz kimi vermişdir: 1) U.-A.: bi-ca, pi-ca - balaca; S.-H.: bi (böyüyən bitki); H.-A.: yun. fu-llov - bitki, yarpaq, lat. f-loos -çiçək; drav.: po-li - böyümək; 2) Hind-Avropa, Ural və dravid dillərində: bo-ngə - yoğun, böyük; 3)H.-A.,Ural, Alt. dillərində: bu-hi - böyü.(9; 182-184) H.-S.: kəBİr - böyük, əkaBİr - böyüklər, əkBƏr - böyük (sifət və ondan düzələn xüsusi ad) (ərəb); Sözün kökü dünya dillərində ilkin p>b əvəzlənməsinin əksinə olaraq, b səsinin bə’zən karlaşması, bə’zən də yaxın məxrəcli burun səsinə - m samitinə və p>f istiqamətində sürtünən səsə çevrilməsi və sait dəyişməsi ilə fərqlənir:*bi, bo, ba, ma, bö, be, bə, pi, fü, po, poo. Bu sözlərdəki -ca, -cu, -c, -sə,-si, -su dünya dillərində kiçiltmə anlayışını ifadə edən morfem kimi sabitləşmişdir və dilimizdəki -ca, -cə şəkilçisi ilə eyni mənşəlidir. V.M.İlliç-Svitıç bıtğ- ‘olmaq’ sözünün bi kökündən yarandığını düzgün qeyd etmişdir. Bizim dilimizdəki olmaq fe’li də bi kökündəndir, rus dilindəki bıtğ sözü ilə eyni mənşəlidir - yaxın dövrlərdə kökün ilk samitini (BOlmaq) itirmişdir. Bi-t-mək fe’li də ‘inkişafda olan, böyüyən’ mə’nasında bi sözündəndir. Bizim dilimizdəki ‘bacarmaq’ mə’nasında bi-l-mək sözü (-l - qayıdış anlayışının əlaməti kimi daşlaşmışdır), rus dilində MOçğ - ‘bacarmaq’ sözü, ingilis dilindəki may - ‘bacarmaq’ sözü də eyni kökdəndir. İngilis dilində tu be fe’li və onun təsrif formaları vas, were sözləri də b>v keçidi ilə öz əslini saxlamışdır. 3.*ti - dil, demək, danışmaq, mə’lumat çatdırmaq, söz söyləmək. Alt.: türk Azərb. di-l, de-mək, da-n-ış-maq, dü-ş-ün-mək, di-n-lə-mək, di-ş (?); türkcə. dil; qədim türk. til - dil (fizioloji və ictimai-ünsiyyət vasitəsi mə’nalarında), başq. tel, xakas til, tatar tel, özb. til- dil; monq. tolğ - lüğət; H.-A.: ing.tell - danışmaq, demək, söyləmək; tonque - dil; sansk. damsayati, damçati - danışmaq, uTa - deyilir, ukTva - deyərək, prokTA - deyilmişdir, pravadanTİ - demək; eston. tönkama - çox danışmaq; (12; 345); lat. bilinguis - ikidilli, tin(n)io - səslənmək, eşidilmək, tinnitus - cingilti, zəng səsi, tinnibus - cingiltili, səslənən; Biayn (urartu): tiau - danışmaq, demək (14;304); ingilis dilindəki tongua, qədim latın dilindəki dingua - ‘dil’ sözləri göstərir ki, linqua, linqvistika sözləri də ti - ‘dil’ sözündən yaranmışdır. Söz *ti, di, te, to, da, ta, t, li şəkillərində inkişaf yolu keçmişdir. F.Cəlilov bu sözlə bağlı dünya dillərindən bir sıra nümunələr verərək adəti üzrə həmin sözün qohum olmayan dil ailələrində işlənməsini kontaktla əlaqələndirmişdir: «İngilis dilindəki tale (nağıl), talker (çox danışan), tell (demək), rus dilindəki tolkovatğ və slavyan dillərindəki de ədatı da (əvvəllər «dedi» anlamında işlənmişdir) haqqında danışdığımız *de fe’li ilə bağlıdır. Bu fe’ldən yaranan dil sözü isə bir çox dillərdə müxtəlif derivatları ilə işlənir. İ.Məlikov de- fe’linin eyni anlamda xett (te’) və urartu (ti-) dillərində olduğunu da qeyd etmişdir. (21; 128) Şumer dilində də bu söz de (qovoritğ) , di (sujdenie) şəklində işlənir. Göründüyü kimi, bu fe’l də qədim Ön Asiya dilləri ilə türk dillərinin kontaktından xəbər verir». (15; 175) Müəllif bə’zi dilçilər tərəfindən sözün praformasının ed şəklində bərpa olunduğunu, bə’zi türk dillərində tılkır (krasnoreçivıy), Azərbaycan dilində isə mənfi çalarda dılğır şəklində işləndiyini də qeyd etmişdir. 4.*ga - örtülü yer, qab, qapı, qala, qalamaq, hasar, şəhər. Ulu dildən gələn bu söz dünya dillərində geniş yayılmışdır. Alt.: türk Azərb. ga-b, ga-z-an, ga-ş-ıq, kü-p-ə, gü-v-əc, ga-p-ı, ga-p-a-g, ga-p-a-mag, ga-la, ga-b-ar-mag, ga-b-ar-cıg, ga-b-la-mag; qəd.uyğur. gapuag- qapaq, tuvin. kavak - qapaq, başq. tatar kapka - darvaza, türkcə qapamaq - bağlamaq, örtmək, monq. kapa - bağlamaq, örtmək; tunq. kalan - qazança, evenk kalan - çuğun dolça; Kartvel: gürcü. kepan - dam (evin damı). (9; 337) H.-A.: erm. kap -göz qapağı, isveç kafte - hasar, barı; (9; 337) ing. cup - fincan; (c=k) H.-S.: tamil kavi - örtmək, malaylam kappu - örtmək, kannada kappu - örtmək; ərəb (Omman) kelav qab, qəd. yevr. kallahat - qazança, küvəc; (9; .337), gəl’ə - qala, zindan, gəsr - saray (g = q); Dravid: tamil kalam - qab, kannada kala - küvəc, bardaq; (9; 287) Biayn: aGUnuni - bərkidilmiş, burGAla - yaşayış yeri, GAlazi - qala, şəhər (g = q); (14; 18,93,114) Qədim biayn dilindəki abGAru -sözünün okrujitğ (əhatə etmək, dairəyə almaq) mə’nası da göstərir ki, bütün bu sözlər (qapı, qapaq, qala, hasar və s.) bir kökdən, ulu dilin ‘bağlamaq, örtmək’ mə’nasında ga sözündən törəmişdir. Bunu yaxın məxrəcli samitlərin keçidi ilə *ga, gu, gü, ka, kü, ke söz kökləri də təsdiq edir. F.Cəlilov xvatatğ, bratğ mə’nasında qap - fe’linin pratürkdə *qab şəklində olduğunu qeyd etmişdir. (15; 182-183) 5.*ba - bağ, əlaqə, bağlamaq, birləşdirmək, əlaqə yaratmaq, bağlayan, birləşdirən, əlaqə yaradan, allah, başçı, rəis, bəy, hörmək, toxumaq.. Alt.: türk Azərb. ba-ğ (ip, kəndir), ba-ğ ( bağça), ba-ğ-la-maq, ba-ğ-lı, ba-ğ-lı-lıq; ba - bağlamaq (16; 76), bağa, tısbağa, qurbağa; qəd.Manna bağ - allah, Bağıstan - ‘allahlar yurdu’ mə’nasında vilayət adı; b>m keçidi ilə MA-nna, MA-da, ma-ğ, Mu-ğan, mü-q (tayfa adı), Ma-ğan (qədim türk şəxs adı); Tunqus: evenk. ba - kəbinlə bağlamaq, boynuna sarılmaq; Monq. ba-g - ip, koreya. pa - ip; Kartv.: gürcü, meqrel. b - bağlamaq, bağlamaqla yükləmək; H.-A.: rus. boq - allah, (b>v keçidi ilə) vəzatğ - bağlamaq, büzüşdürmək, toxumaq, vəzanie - toxuma, vəzalğhik - toxucu, svəzğ - əlaqə, rabitə, svəzatğ - bağlamaq, sarımaq, svəzist - rabitəçi və s.; ing. bunch - bağ, binding - bağlayan, bond - əlaqə, nitq əlaqəsi, bind - bağlamaq; lat. pacifico - sülh bağlamaq, pactum - müqavilə, pactio - razılıq (c=k), qəd. hind badhnati - bağlayır, Avesta bandayaiti - bağlayır, fars band, osetin baddun - bağ; S.-H.: misir. bnd - bağ, qəd. yevrey abnet - kahinin qurşağı, anqas baat - bağ; (9; 194) V.M.İlliç-Svitıç bah (privəzıvatğ - bağlamaq, bənd etmək) və bant (svəzıvatğ - bağlamaq) sözlərini müxtəlif leksik vahidlər kimi izah etmişdir. (9; 72,194) Ona görə də birinci sözə kartvel və Altay dillərindən, ikinci sözə Sami-Hami və Hind-Avropa dillərindən misallar gətirə bilmişdir. Sözün kökünü nəzərə ala bilsə idi, misallar əhatəli olardı. Göründüyü kimi, söz dünya dillərində *ba, bə, vya, b, bu, bi, bo, pa şəkillərində inkişaf etmişdir ki, burada sait dəyişməsi ilə eyni məxrəcli b>p keçidi də vardır. 6.*lu -adam, el, xalq, adam yaşayan yer, ulus, ölkə. Şumer dilində lu - ‘adam’, lulu - ‘adamlar’ deməkdir. Bu söz dilimizdə ‘yaşlı’, ‘böyük’, ‘şöhrətli’, ‘qədim’, ‘müdrik’, ‘əcdad’ mə’nalarında ulu sözündə qalmışdır; görünür, öndəki -u ‘qədim, böyük’ deməkdir; ul-us - adamlar yaşayan yer, qəbilə, el, sonralar xalq, millət mə’nası qazanmışdır; Söz dünya dillərində adam, el, xalq, adamların yaşadığı yer və böyük, ulu mə’naları ilə genişlənmişdir. El sözü də həmin kökdəndir. Alt.: türk. türkcə ulu - böyük, görkəmli, yüksək, ulus - qəbilə, millət, ulusal - milli, ulusallaştırma - milliləşdirmə, ulusçu - millətçi, uluslararası - xalqlararası; xakas. ay ool - ay oğul, ay adam! (oğ-UL sözünün də əsasında lu- ‘adam’ durur); uluğ - böyük, yüksək; başq. ulan - uşaqlar, ullık - oğulluq, il - ölkə, olo -böyük, ulu, ololok - böyüklük; (RBS 53,523) qırğız. uluk - rəis. hakim, hökmdar, uluktuk - rəisin, hökmdarın vəziyyəti, ulut - millət, uluu - böyük, yüksək, ulu, yaşa görə böyük, ali, baş, əlahəzrət, uluuluk - böyüklük, qəbilə ittifaqı, qəbilə, xalq, ölkə; uyğ. ulaşmaq - birləşmək, ulak - iş heyvanı (adama xidmət edən heyvan: lu (>ul-ak), ulus - xalq, ölkə, uluğ - böyük, rəhbərlik, vəzifəcə böüyk, uluğluk - böyüklük; özbək. ulus - xalq, dövlət, ulug - böyük, həcmi çox iri, üstün, ulu, təntənəli, mənsəbdar, başçı, katda. (17; 11,272-273) Qədim türk dilində: ulug - böyük (adam, qardaş), ulus - adam yaşayan yer, ul - el (16; 610,611); monq. üle - dövlət, adamlar, xalq, sülalə (MOT, 453). Hind-Avropa dillərində lu sözünün inkişaf yolu və Hind-Avropa praforması haqqında N.D.Andreyev yazır: «Boreal L^W kök sözü (L - söz kökünün ilk və əsas samitini,^ - dəyişə bilən saiti, W - sözün ikinci - şərti samitini bildirir - Q.K.) ‘açmaq, aydınlaşdırmaq, azad etmək’, ‘geyinilmişi soyundurmaq’, ‘xilas olunaraq’ (Hind-Avropa protodilində mə’na geniş imiş) mə’nalarını ifadə etmişdir: evenk. LU-kirga «azad olmaq», «ilməyini açmaq»; yun. LÜ-o «açıram»,»ilməyi açıram»; udaqir. LU-kta «soyunmaq, çıxarmaq (paltarı, ayaqqabını, xizəyi)», «açmaq», «özündən aralamaq», «düyməsini açmaq, qırmağını açmaq»; latın. co-LU-o (c = k) «açıram»,» düyməsini açıram»,» soyunuram»; ulç. LU-purum «soyunmaq, çıxarmaq», «dartıb çıxarmaq, çəkib çıxarmaq», ved. LU-noti «ayırır»,» kəsib ayırır»; xantı LaV-ötta «lay-lay soymaq»; latın. so-LU-tum «açılmış»,» həll olunmuş (icazə verilmiş)», »azad»; fin LU-pa «icazə», «azad»; yun. e-LeU-theros «azad», «azad edilmiş». (11; 9) Bə’zi dillərdən təkrar faktlar verməklə N.D.Andreyev sözün (LU sözünü həmişə müəllif özü fərqləndirmişdir) semantik inkişaf yolunu belə təsəvvür etmişdir: 1.Azad etmək; 2. Azad olmaq; 3.Böyük (yaşlı, yaşa dolmuş - artıq hərəkətlərində müstəqil olan), böyümək, yetişmək; and (çətinliklər üçün); adamlar; xalq. (11; 186) Bu, əslində, sözün inkişaf yolu yox, bəşərin inkişaf yoludur. Söz (lu - ‘adam’) bir söz şəklində bütün bu prosesi özündə cəmləşdirmişdir: lu - ‘adam’ deməkdir və hər bir adam həmin mərhələləri keçir. Lu hələ 6-7 min il əvvəl ‘adam’ demək idi və müəllifin bu misallarının əhəmiyyəti orasındadır ki, o, ulu dilə məxsus olan, lakin ilkin olaraq şumerdə rast gəldiyimiz bu sözün bütün Hind-Avropa məkanında geniş işləndiyini göstərməklə onun ulu dilə məxsus lüğət vahidlərindən olduğunu və sonralar dünya dillərində müxtəlif izomorflara şaxələndiyini təsdiq etmiş olur. Bu söz hələ qədim dünyanın müxtəlif dillərində qeydə alınmışdır. Biayn (Urartu) dilində «adamların yığını», »dəstə» mə’nasında ueli və bu sözdən düzəlmiş ueli-du sözü lu - ‘el’ sözü ilə bağlıdır. (14; 322) Bundan əlavə, biayn yazılarında bu sözdən törəmiş Lullu-bi ölkə adı tez-tez işlənmişdir (II fəslə bax). 7.*ta - düz, çöl, səhra, dərə, təpə, dağ, dərin. Bu söz dünya dillərində yer, məkan mə’nası ifadə etmiş, sonrakı inkişaf prosesində ‘düz’, ‘səhra’, ‘çöl’ mə’nalarını saxlamaqla yanaşı, ‘dərin’, ‘dərə’ və ‘təpə’, ‘dağ’ antonim qarşılaşdırmasının yaranmasına səbəb olmuşdur. Alt.: türk. Azərb. dü-z, di-k, tə-p-ə, da-ğ, da-m, də-r-ə, di-b, də-r-in, də-l-ik, de-ş-ik, də-l-mək, də-mək, de-mi (yer); xakas tağ - dağ, tizik - deşik, tiren - dərə, dərin, töp, turey - təpə, tüs - düz (doğru və düz yer); başq. tau - dağ, tübə - təpə, tərən, yırtık - dərin; tuvin deşpik - deşik, daq - dağ, daq-daş, daq-daşdıq - dağ-daş; monq.teqş - düz, səhra, teq - dairə, kruq, tusaq - düşmək, tam - dərin çuxur, taq - qapaq, doroqş - aşağı; H.-A.: lat. tektum - dam, tavan, tequla - kirəmit, terebra - burğu, terebro - quyu qazmaq, terra - torpaq, quru yer, montani - dağlı, dağ əhalisi, montuogug - dağlıq, montana - dağlıq yer; ing. deep, deeply - dərin, mountain - dağ, girder - dərə, qobu; N.D. Andreyev Avestanın dilində dar, eston dilində tor-kama, ulç dində dür-a sözlərini yarmaq, parçalamaq mə’nasında izah etmişdir (11; 5-6); qəd. slav. qora - dağ, fin quori - dağ, evenk hör-öqö - dağ, mansi ur-ala - dağ təpəsi, evenk ur-ədi - dağlıq, yun. bor-ees - dağ küləyi, krit der-aş - çöl, təpə, orok xur-ən - dağ, dağ meşəsi, xantı ur - təpə, nanay xur-əktə - çöl yeri. (11; 25) N.D.Andreyev bu sözlərin əksəriyyətinin arxetipində ilk samitin g olduğunu qeyd etmişdir: UwR - GwR, XUR-əktə - GwR-əkt və s. Rus dilində də bu silsilədən olan sözlərin ilk samiti Q ilə başlayır: qora, qlubina, qlubokiy, qrəda və s. Bu hal göstərir ki, sözlərin ilkin formalaşma dövründəki ilk samiti düşmüş, Hind-Avropa dillərinin bir qismində ikinci samit qalmışdır. Söz *tə, də. di, dü, de, da, *ta, tu, to, ti, yı; ilk samitin itirilməsi ilə: gor, gir, hör, kir, ur, qor şəkillərində inkişaf yolu keçmişdir. V.M.İlliç-Svitıç, N.D.Andreyev, A.S.Melniçuk arxetipləri müəyyənləşdirərkən, qeyd etdiyimiz kimi, onları, başlıca olaraq, CVC şəklində təsəvvür etmişlər. Lakin şumer dili materialları və türk dillərinə məxsus söz kökləri göstərir ki, sözü sağ tərəfdən bağlayan, qapayan samit sonrakı hadisədir və ola da bilər ki, bunların bir qismi kök dildən - ulu dildən dil ailələrinin yarandığı protodillərə keçmiş, bir qismi qohum protodillərdə ulu dilin parçalanmasından sonra inkişaf etmişdir. Lakin bə’zən ikinci samitin dünya dillərində möhkəm mövqeyi onların bir qisminin hələ ulu dildə mövcudluğuna inamı artırır. Bizim rast gəldiyimiz faktlar içərisində belələri də vardır. CV quruluşlu bir neçə nümunə ilə tanışlıqdan sonra CVC tipli bir-iki nümunəyə də nəzər salmağı lazım bildik. 8.*bar, *ber - almaq, vermək, yığmaq, toplamaq, var, mal-dövlət; Bu söz də eyniköklü, lakin antonim mə’na istiqamətində inkişaf edən sözlərdəndir: ümumi ‘var’, ‘mal-dövlət’, ‘mülk’ mə’nası ilə yanaşı, ‘almaq’ və ‘vermək’ antonim mə’nalarını ifadə edən sözlər də bu köklə bağlıdır. Alt.: türk Azərb. bar (meyvə), var (mal-dövlət və mövcud olmaq mə’nalarında), bar-ın-maq; ver ( H.-A.: rus dilindəki beri, bratğ sözləri ‘al’, ‘götürmək’ mə’nalarını verir və bizim ver (ber) sözünə antonim mə’na qazanmışdır. Qədim slavyan dillərində bğrati - alıram; lat. parum - az, əhəmiyyətsiz, fero, ferre - aparmaq, daşımaq, göndərmək, gətirmək, təqdim etmək; ing. property - var (imuşestvo), bear, perform - aparmaq; H.-S.: çad birre - qapmaq, qarmalamaq; Dravid: tamil perukku - toplamaq, yığmaq; (bax: 9; 176-177) V.M. İlliç-Svitıç bari və berhu sözlərini iki müstəqil söz kimi izah etmişdir: bari - bratğ (almaq, götürmək), berhu - datğ (vermək) (9; 176-177); Söz qədim biayn dilində paru və aru şəkillərində işlənmişdir. İlk və kök samitinin düşməsi ilə işlənən formada (aru) İ.İ.Meşşaninov ‘davatğ, prinositğ’ (vermək, gətirmək) mə’nalarında söz kökünün ar olduğunu (-u - aoristin göstəricisidir) qeyd etmiş, ‘dar, pomoşğ, blaqovolenie’ (hədiyyə, kömək, iltifat) mə’nalarında ar-uşe isminin də həmin sözdən düzəldiyini göstərmişdir. ‘Bratğ, uvoditğ, uqonətğ’ (götürmək, aparmaq, qovub aparmaq) mə’nalarında paru sözünün aru sözü ilə eyni köklü olduğu, örtüsüz hecalı sözdə p samitinin düşdüyü aydındır. Bu söz assur mətnlərində aşBAt (bratğ, xvatatğ - almaq, yapışmaq, tutmaq) şəklində işlənmişdir.(14; 239-240) Söz *par, bar, ber, var, ver (b>v), br, bir, per, ar, (p>f) fer, per, bear şəkillərində inkişaf yolu keçmişdir. 9.*bur - burmaq, burulmaq, burulğan, boran. Söz iki istiqamətdə - burmaq, qazmaq, deşmək, çuxur açmaq və burula-burula hərəkət edən təbiət hadisələrini (boran, çovğun, burulğan) bildirmə istiqamətlərində inkişaf etmişdir. Altay: türk Azərb. bur-mag, bur-ul-mag, bur-ğu, bur-ul-ğan, bor-an; b -v - f keçidi ilə: fır-la-mag, fır-t-ı-na; qəd. türk.bor - boran; monq. burgi - tozun fırlanması, nanay. borkali - tufan, çovğun; V.M.İlliç-Svitıç bura - ‘burmaq, deşmək’, bur - ‘boran, fırtına’ sözlərini müstəqil söz kökləri kimi qeyd etmiş (9; 186, 188) və nostratik dillərdən zəngin misal vermişdir: qırğız, qaraqalp., noğ., qumıq, türkmən bur - burmaq; tunqus, evenk buru - girdab, burulğan; Ural: fin pura - burğu, komi purnol - burğu, macar fur - burmaq, deşmək, xantı pori - burmaq, deşmək, saam borga - tufan, çovğun, mordov porf - çovğun, tufan; Dravid: tamil porai - deşik, koğuş, teluq borre - deşik, çuxur; Kartvel: gürcü. borbal - təkər, qazança dairəsi; S.-H.: aramey brz - burmaq, qəd. misir vbr (v- önlük) - burmaq, somali booraan - çuxur (qoşa saitlər uzunluğu bildirir); ərəb baarih - isti səhra küləyi; H.-A.: Avesta barantiauan - fırtınalı, boranlı gündə, alban bire - deşik, lat. for - deşirəm, furo - guruldayıram, vıyıldayıram (buşuö), terebra - burğu, terebro - deşmək, burğulamaq; qəd. yux. alman boran - burmaq, deşmək (9;186); rus. burnıy - boranlı, tufanlı, burovik - qazmaçı, burovoy - buruq (sifət), buritğ - qazmaq, b>v keçidi ilə: vrahatğ - fırlandırmaq, vrahenie - hərlətmə, fırlatma; ing. bore - quyu qazmaq, brovn - fırtınalı. Söz *pur/bur, bor, boor, bar, baar, bir, br, por, for, fur, fır, vr şəkillərində (b>v, p>f) inkişaf yolu keçmişdir. 10.*si - sinə, ürək, orta. Bu söz s - k - y və s - ç keçidləri ilə nostratik dillərdə geniş işlənməkdədir. Alt.: qəd. türk yürək, başq. yörək, künel, xakas. çürek, türkm. yürek; Azərb. ür-ək Kartvel: m-kerd - ürək, qəd. gürcü mkred (m -prefiksdir), meqrel. kədər, kidir; H.-A.: erm. sirt, xet. kir, yun. kardia, lat. kar, qəd. irland kride, litva sirdis, latış sirds; alman herts, sansk. hrdaya, Avest. zərəd - ürək, golh -ürək, orta (12; 341); Tibbdə işlədilən kardiamin sözü eyni kökdən olsa da, çox qədim deyil - latın formasıdır. Sözün ilkin formalaşma dövrünə si, zə daha yaxındır. Şumer dilində şa şəklində işlənmişdir. Beləliklə, söz kökü *şa, si, zə, *ke, kə, ki, ka, yü, ü, o, kö, he şəkillərində inkişaf yolu keçmişdir. Ş>s və k>y keçidləri təbiidir; ör - yuxarı qalxmaq, görünmək (16; 388), orun - yer (19; 177), oru - çuxur (18; 87), oruq - yol (16; 372) sözləri göstərir ki, or/ör kökü həm yuxarı, həm aşağı, həm də düz yer mə’nasında işlənmişdir; or sözündə kökün ilk samiti s düşmüşdür, söz kökü əslində indiki halda o səsidir: so-l, sa-ğ (Azərb.), se-redina, se-rdüe (rus); (s)o(r) - sözü s>z, s< ş keçidləri ilə şumercə şa sözünə daha yaxındır; k>y keçidi ilə könül və yürək bir kökdəndir. Şa (sa) və ka formaları ulu dildən gələn dialekt fərqi kimi də izah oluna bilər. Alimlərimiz dünya dillərinin vahid kök üzərində yarandığını nəzərə almadıqları üçün tipoloji cəhətdən müxtəlif dillərdə türk dillərində işlənən bir sözü gördükdə həmin sözün türk dillərindən yayılmış olduğunu güman etmişlər. Məsələn, demək olar ki, bütün dünya dillərində işlənən ər sözü haqqında F.Cəlilov yazır: «Bu sözü Avropaya aparan macarlar onun hersoq (knyaz) derivatını slavyan və german dillərinə ötürmüşlər. Ola bilsin ki, alman dilindəki herr (knyaz), latın dilindəki erus/herus (knyaz) sözlərinin kökündəki er/her sözü həmin dillərə daha qədim dövrdəki kontaktda keçmişdir. Bu sözü geniş regiona çıxaran sakatlar (skiflər) ola bilərdi, çünki Herodot ər (eor) sözünün sakat dilində «kişi» anlamında işləndiyini qeyd edir (Qerodot,I,105). Qədim Ön Asiyada ər sözü geniş yayılmışdı. Məsələn, şumer dilində eren (ərən), urartu dilində erelı (başçı) və s. Erməni dilində isə bu söz daha dərin iz buraxmışdır: arnanal/ayranal (ərləşmək), arutyun (kişilik), aru (erkək), ari (igid), ayr (ər), araqan (ər kimi) və s. Şərqə gedən türk tayfaları isə ər sözünü evenk (ur) və monqol (ere) dilinə ötürmüşlər. Göründüyü kimi, ər sözü bütöv Avrasiyaya yayılmışdır ki, bu da qədim türkdilli tayfaların müxtəlif miqrasiyaları ilə bağlıdır.» (15; 141-142) Bu cür araşdırmaların bir xeyiri odur ki, tədqiqatçılar sözün dünya dillərində yayılma arealını müəyyənləşdirə bilirlər. Təhsil, tədris prosesində yunan, latın mənşəli söz kimi izah edilən bir çox sözlərin xalis yunan və ya latın sözü olmadığı, dünya dillərinə məxsus ulu dildən gəldiyi aydınlaşır. Və eyni zamanda aydın olur ki, o sözün kökü elə bizim dildə, türk dillərində də işlənməkdədir. Lakin bir şey də danılmazdır ki, həmin sözün elmi termin kimi yayıldığı forma latın və ya yunan formasıdır. Məsələn, ‘uşaq ötürən’, ‘uşağı müşayiət edən’ mə’nasında pedaqoq (yunanca paidagogos) sözünün əvvəli paida ‘uşaq’ deməkdir (pediatriya sözü də bu sözdəndir). Paida sözünün pa kökü p - b keçidi ilə ba - ‘balaca’ sözüdür; go sözü isə gi - ‘getmək’, ‘gəlmək’ sözüdür. İndiki halda söz-forma yunancadır, lakin sözün komponentləri yunan dilinin öz məhsulu olmayıb ulu dilin yadigarıdır və hər iki komponenti dünya dillərində yaşamaqdadır. Tariyel Vəli Nüvədili «Əcdad» kitabında bu cür bir sıra sözlər haqqında yazmışdır: «Yunanların Arxeoloq sözünü ulularımızdan almalarına şübhə yoxdur. Arxeoloq - Arxayos və Loqos sözlərinin birləşməsidir. Arxayos - qədim, ön, arxa, Loqos - bilik, öyrənmək, danışmaq deməkdir. Arxayos-un üstünə yunan ‘yos’u əlavə edilmiş bizim Arxa sözü olduğuna inam bəslərsiniz hər halda. Kökündə bizim lağı (indiki hənəyi, zarafatı) saxlayan Loqos həm də bizim laf-la da (söhbət, danışıq) eyni səsləşir. Həmçinin Arxaik - arxalaşmış, qocalmış sözündə də həmin qrammatik əmsalımızın durduğu göz önündədir. Görürsünüzmü? Homo-nun «həm»lə (məs.: həmcins) səsləşib eyni mə’na verməsi də maraqlıdır. Baxıın: homogen - həm və ya həmingen - eyni tərkibli; homoseksualist- hamanseksualist (eyni cinsdən olanla cinsi əlaqədə olan şəxs). Yunan seks-inin kökündə də söyüş zamanı çox işlətdiyimiz feilin durduğunu qorxmadan təbliğ edə bilərsiniz». (20; 39) «...insanda daban sümüyü öz forması ilə qalxana bənzəyir, onun da adı Şumer - Azəri mənşəlidir. Belə ki, anatomiyada bu sümük yunanca kalkaneus adlanır. Kalkaneus-da ‘kalkan - qalxan’ sözünü görməmək ədalətsizlikdir. ...Yunanların tibbi termin kimi verdikləri «kafalon» - baş, kəllə sözünün də kökündə bizim «kafa» - baş, kəllə sözünü görməmək insafsızlıqdır. Tarixə əfsanə kimi daxil olmuş «Androkafalon»larda da (adambaşlı öküz, şir, at, balıq və s. əfsanəvi varlıqlarda Andreos - adam, kafa - baş, -lon - lı - onların da Şumer Türklərindən gəlmə olduğu çoxlu tarixi fiqurlarla sübut edilib) kafa geniş işlədilir, amma Anatolu Türklərinin ən çox sevdikləri kəlmədir. Əlbəttə, Şumeri özümüzünkü etməmişdən, bizdən «qoca» Yunanların bizdən söz aldıqlarını söyləmək «gülüncdür».(20;89) (Müəllifin orfoqrafiyası saxlanmışdır). Bu cür kommentariyalar başqa alimləri mizin əsərlərində də müşahidə olunur. Sözlərin müqayisəsi düzgündür, qarşılığı göstərilən kəlmələr həqiqətən eyni köklü sözlərdir. Lakin bunlar nə türkün, nə latının, nə yunanın, nə də başqa bir dilindir; bunlar dünya dillərində ulu dilin izləridir. T.V.Nüvədili tipoloji cəhətdən fərqli dillərdə eyniköklü sözlər üzərində müşahidələrini ümumiləşdirərək yazır: «Bu mətnlərdən bircə şey Gün kimi aydındır: indi bizim lüğət fondumuzda 60-65 faiz ərəbin, farsın saydığımız sözlərin hamısı özümüzündür, onlar bizim dopdoğmalarımızdır. Çünki gil yazılar yazılanda dediyim dillərin hələ heç daşıyıcıları belə dünyaya gəlməmişdilər. Bu da tarixin danılmaz olqusudur... Dünyaya gələndən sonra babalarımızın dilində oxuyan, onların məktəblərində elmin müxtəlif sahələrində dərs alan ərəblər, farslar, yəhudilər, rumlar, ermənilər və həmçinin qədimdə ölüb getmiş bir sıra xalqlar (elamlar, assurlar, aramilər, akkadlar...) minlərlə sözümüzü də öz dillərinə qatıb, sonra acizləşdirildiyimizdən istifadə edərək, başımıza döyüb onları bizə ərməğan verdiklərinə inandıra biliblər. Onu da qeyd edim ki, bizdən aralı düşsələr də, yəni din cəhətdən bizimlə təmasda olmadıqlarından bizə yad olan İbruda da, elə Yunan dilində də nə qədər istəsəniz Şumer Azəri sözlərinə rast gələrsiniz». (20; 286) Burada bir neçə məsələ bir-birinə qarışdırılıb. Mühüm bir məsələ ondan ibarətdir ki, müəllif şumer dilini azəri türk dilinin əcdadı hesab edir. Bu, müəllifin qəti inamıdır və tarixdən aldığı zəngin təəssürat əsasında onda bu inam yaranmışdır, saysız şumer mətnləri üzərində illərlə apardığı müşahidələr əsasında bu qənaətə gəlmişdir (bu bizim də inamımızdır). Müəllifin açıq e’tirafı bundan ibarətdir ki, şumer mətnləri düzgün transkripsiya edilib, lakin düzgün mə’nalandırılmayıb. Tədqiqatçılar ya bilərəkdən, yaxud da türk dilini bilmədikləri üçün sözləri bir-birinə bitişdirməklə, yaxud parçalamaqla mətnləri tamamilə başqa istiqamətdə oxumuşlar; əslində isə mətnlər türkcə oxunur və müəllif xeyli şumer mətnini türkcə oxumuş, Azərbaycan, türk, rus, ingilis dillərinə tərcümə etmişdir. Bu qənaət, qeyd etdiyimiz kimi, müəllifin öz qənaətidir və bir çox dəlillər bizi də buna inandırır. Lakin bir sıra digər məsələlərə gəldikdə müəllifin elmi-metodiki baxışları ilə razılaşmaq olmaz. Müəllif bu qənaətdədir ki, Yer üzərində ilk insanlar şumerlər olub, başqa xalqlar da onlardan törəyib. Müəllif güman edir ki, bütün bu dillərdəki sözlər də şumerlərdən onlara ərməğan edilib: «Şumer deyilib ölü sayılan dil Azəri Türküsüdür! Və bu dil dünya dillərinin ilkinidir. «Bizim eranın X-XIII əsrlərində bir millət kimi təşəkkül tapmış (!)» Azəri xalqı (Azərbaycan xalqı yox!) dünya xalqlarının ilkinlərindən biri yox, ən ilkinidir. Adamın bilavasitə, birbaşa, düz xətt boyu törəməsidir. Türük - Turuk - törədən, tirik - dirrik - bitki, heyvan, insan aləmi, ümumiyyətlə, canlı deməkdir». (20; 336) Nə sitat daxilində dırnaqda verilən, nə də bütövlükdə sitatdakı fikirlə razılaşmaq mümkündür. Bu cür aludəliklə xalqın və dilin tarixini obyektiv müəyyənləşdirmək olmaz. Nəzərə almaq lazımdır ki, müəllif tərəfindən adı çəkilən ərəblər də, assurlar da, elamlar da... şumerlərin yaşıdıdır, lakin sivilizasiyanın mərkəzində şumerlər durur; şumerlər Yer üzünün yeganə tayfaları deyil, çox inkişaf etmiş tayfalarıdır. Ona görə də müəllifin «bizim» hesab elədiyi şumer sözləri ulu dildən gələn, ulu dilin həmin dillərin hamısına və eyni zamanda şumer dilinə səpələnmiş sözləridir. Alınmalar məsələsində də müəllif yanlış fikir söyləyir. Biz Nüvədilinin o sözlərini xüsusilə ona görə qeyd etdik ki, dünya dillərinin qohumluğu (monogenez) problemi alınmalara tamamilə yeni nəzərlə baxmağı tələb edir. Bu problem dilçilikdə hələlik heç kimin nəzərini cəlb etməsə də, düşünülməli məsələlərdəndir. «Şumerlər bizim əcdadımızdır, bu sözlər şumerdə var, ona görə də alınma sayıla bilməz!» - tezisi ilə məsələni həll etmək olmaz. Eyni bir söz ulu dildən bütün dil ailələrinə səpələnmişdir. Hər bir dil ailəsi daxilindəki dillər həmin sözə fərqli (fərdi) fonetik don geydirmişdir. Məsələn, od sözü rus dilində oqonğ, fars dilində atəş, sanskritdə aqnih şəklindədir. Bu sözlər mənşə e’tibarilə bir kökdəndir - ulu dilin sözüdür, lakin onun, məsələn, atəş forması fars dilinə məxsusdur. Biz həm od, həm də atəş işlədiriksə, bunlardan birincisi türk, ikincisi fars formasıdır və bu formanı (atəş) alınma hesab edirik. Eləcə də pedaqoq, arxaik, morfologiya tipli sözlər alınmadır. Bir sıra elmi ədəbiyyatın qısa xülasəsi və verdiyimiz misallar sübut edir ki, müqayisəli-tarixi metod əsasında aralarına möhkəm sərhəd qoyulmuş dil ailələri və ümumən Yer üzərində mövcud olan bütün dillər bir mənşədəndir, bir ulu dilin törəmələri, bir gövdənin budaqları, yarpaqlarıdır - doğma Yer kürəsinin bütün xalqları, bütün dinləri kimi, dilləri də bir kökdəndir. I fəsil - Ədəbiyyat D.Q.Reder, E.A.Çerkasova. İstoriə drevneqo mira.- Moskva, Prosvehenie,1985. Z.B.Göyüşov, A.İ.Martınov. SSRİ arxeologiyası,-1990. Azərbaycan tarixi.-1 cild, Bakı, «Elm», 1998. Oljas Süleymenov.Az-Ya.-Bakı,1993. T.İ.Hacıyev. Azərbaycan dilinin yazıyaqədərki izləri haqqında.-Azərbaycan filologiyası məsələləri. «Elm», 1983. A.S.Melğniçuk O vseobhem rodstve əzıkov mira. -VƏ, 1991, №2, c.27-42; VƏ,1991, № 3, s.46-65. Ə.Ə.Rəcəbov. Dilçilik tarixi. - Bakı, «Maarif», 1988. N.Ə.Marr. İzbrannıe rabotı.-Tom III, Moskva,1934. V.M.İlliç-Svitıç.Opıt sravneniə nostratiçeskix əzıkov (semitoxamitskiy, kartvelskiy indoevropeyskiy, uralğskiy, dravidiyskiy, altayskiy).Vvedenie, sravniteğnıy slovarğ (b - k).Moskva, Nauka, 1971. Sovetskiy gnüiklopediçeskiy slovarğ. - Moskva, 1985. N.D.Andreev. Ranne-indoevropeyskiy praəzık. - Leninqrad, Nauka, 1986. Q.Ş.Kazımov. Qədim sanskrit, müasir türk, rus, ingilis, ərəb və fars dillərində eyniköklü sözlər. -Sənət düşüncələri. -Bakı, Dövlət Kitab Palatası, 1997. İ.M.Dğəkonov Əzıki drevney peredney Azii.-Moskva, Nauka, 1967. İ.İ.Mehaninov. Annotirovannıy slovarğ urartskoqo (biaynskoqo) əzıka. -Leninqrad, 1978. F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. -Bakı, «Maarif», 1988. Drevnetörkskiy slovarğ. -Leninqrad, Nauka, 1969. Uzbek tilininq izoxli luğati. - 1, 11, Moskva, 1981. Mahmud Kaşğari. Divanü-lügat-it-türk, tercümesi. Çeviren Besim Atalay, 1, Ankara, 1939. Mahmud Kaşğari. Divanü-lügat-it-türk, tercümesi. Çeviren Besim Atalay, 2, Ankara, 1941. Tariyel Vəli Nüvədili. Əcdad. -Sietl, VA, ABŞ, 1997. İ.S.Məlikov. Qədim xett və Azərbaycan dil uyğunluqları. -Azərbaycan filologiyası məsələləri. - «Elm»,1983. Lüğətlər Башкирско-русский словарь. -Москва,1958. Киргизско-русский словарь. -Москва,1965. Латинско-русский словарь. -Москва,1961. Русско-английский словарь. -Москва,1966. Русско-башкирский словарь. -Москва,1954. Русско-турецкий словарь. -Москва,1972. Русско-хакасский словарь. -Москва,1961. Русско-якутский словарь. -Москва,1968. Татарско-русский словарь. -Москва,1966. Тувинско-русский словарь. -Москва,1968. Туркменско-русский словарь. -Москва,1968. Турецко-русский словарь. -Москва,1977. Уйгурско-русский словарь. -Москва,1968. Франсызжа-азярбайжанжа лцьят. -Бакы,1965. Монгол-орос толь, -Москва, 1957. (МОТ)İxtisarlarAlt - Altay baş.-başqırd est. - eston drav.-dravid erm.-erməni ing.-ingilis kartv.-kartvel qaraqalp.-qaraqalpaq lat.-latın monq.-monqol MOT - Monqol-oros tolğ.-Moskva,1957. RBS -Russko-başkirskiy slovarğ,-Moskva,1954. sans. - sanskrit noğ.-noğay tunq.- tunqus türkm.-türkmən yevr.- yevrey yun.-yunan H.-A. - Hind-Avropa H.-S. - Hami-sami II fəsil - Dil ailələrinin yaranması Təqribən miladdan əvvəl XII minillikdən dilin inkişafında ikinci böyük mərhələ - protodillərin parçalanması mərhələsi başlayır və XII-VI minilliklər arası dil ailələrinin təşəkkülü dövrü hesab olunur. E. ə. VI minilliyə qədərki dövr haqqında yalnız arxeoloji materiallar əsasında mə’lumat almaq olur. Mezolitdə (XII-VIII minilliklər) insanın əmək fəaliyyətində, dünyagörüşündə, ətraf aləmə münasibətində əmələ gələn dəyişikliklər onun təfəkkür və nitq inkişafına səbəb olur. Həyatın 12 min il əvvəl başladığı Qobustan mağara düşərgəsi materialları bunun əyani sübutu sayılır. Neolit dövründə (VII-VI minilliklər) insanın oturaq həyata keçməsi, maldarlıq və əkinçiliklə əsaslı surətdə məşğul olmağa başlaması onun dərketmə qabiliyyətinin yüksəlməsi üçün güclü zəmin yaradır, ibtidai insan ilkin incəsənət vərdişləri əldə edir. İnsan sür’ətlə artır, dillər uzaq ərazilər və uzun minilliklər hesabına tədricən bir-birindən fərqli keyfiyyətlər qazanmağa başlayır: «Artıq ibtidai tarixin sonunda ən iri dil ailələri, başqa sözlə, qrammatik quruluşuna və əsas lüğət fonduna görə yaxın olan dil ailələri mövcud idi: Hind-Avropa (müasir slavyan, baltik, german, kelt, roman, İran, hind, erməni, yunan və b. dillər), sami-hami dilləri (qədim Misir, sami - akkad (babil, assur), Finikiya, qədim yevrey, ərəb, həbəş (amxar) və b. dillər), həm də şumer və xurrit, Altay (türk, monqol və b. dillər), Çin-Tibet (Çin xalqlarının dilləri, Tibet, Vyetnam, Birma), Ural (fin-uqor-samodiy dilləri) və s.»(1; 35-36) Bu dövr hazırkı türk dilləri üçün pratürkün parçalanması dövrüdür. Pratürkün parçalanması da məhz Ön Asiya hüdudları ilə bağlı olmuşdur. Prof.Y.B.Yusifov yazır: «Çox güman ki, pratürk dil birliyinin parçalanması e.ə. VIII-VII minilliklərdə baş vermiş və bu dövrdə Hind-Avropa dili ilə ünsiyyətdə olmuşdur. Bu etnosların arasında qarşılıqlı leksik mənimsəmələr prototürklərin ilk vətəni Ön Asiyada (fərqləndirmə bizimdir - Q.K.) baş vermişdir». (2; 83) Müəllif Hind-Avropa dili ilə ünsiyyəti ona görə nəzərə çarpdırır ki, hələ tam yetkinləşməmiş bu dil ailələrinin praformalarında leksik müvaziliklər aydın seçilir. Lakin bunlar bu iki dilin Ön Asiyada kontaktı ilə deyil, eyni kökdən - vahid ulu dildən ayrılmaları ilə bağlı olmuşdur. Azərbaycan əraziləri pratürkün vətəni olmaqla, onun parçalanma sahəsi kimi mərkəzi mövqe tuturdu. Pratürkün harada yaranması və parçalanması barədə başqa fikirlər də vardır. Burada məsələni Altay nəzəriyyəsi mürəkkəbləşdirir. Bu nəzəriyyəyə görə, tunquslar, mancurlar, monqollar və türklər Altay ərazisində yaşayan əhalidən təcrid olunmuşlar və geneoloji cəhətdən qohum dillərdir. Məşhur altayşünas N.N.Poppe «Altay dillərinin müqayisəli qrammatikası» əsərində yazmışdır: «Bu kitabın müəllifinin şübhəsi yoxdur ki, monqol, türk və mancur-tunqus dil ailələri arasında sövti və morfoloji uyğunluqlar nə təsadüfiliyə, nə də alınmalara əsaslanır, əksinə, qədim qohumluğa şəhadət edir». (4; 3) Bir fərziyyəyə görə, Praaltay dili əvvəlcə ümumtunqus və ümummonqol-türk qollarına ayrılmış, sonralar monqol-türk qolundan monqol və türk dilləri təcrid olunmuşdur. Q.İ.Ramstedt və B.Y.Vladimirsev bu fikirdə olmuşlar. N.N.Poppenin fikrincə, Altay dil ailəsindən pratürk qrupu daha əvvəl ayrılmışdır, tunqus-monqol-mancur dilləri xeyli sonralar bir-birindən təcrid olunmuşlar. (4; 8) Pratürkün harada təcrid olunması barədə fikri istisna olmaqla, N.N.Poppenin mövqeyi daha əsaslıdır. Türk, monqol və tunqus-mancur dillərinin təcrid olunma zamanı barədə də fikirlər mövcuddur. Bu cəhətdən V.L.Kotviçin aşağıdakı mülahizəsi müəllifin şübhələri ilə birlikdə daha maraqlıdır: «Bütün göstərilən hallarda ümumi Altay dili məsələsi ki, guya müxtəlif dil ailələrinə ayrılmışdır, şübhə altındadır. Hər halda bu ümumi dilin mövcudluğunu miladdan qabaq birinci minilliyin əvvəlindən gec olmayaraq çox uzaq keçmişə aid etmək lazım gələrdi. Hun dövründə (e.ə.III-II yüzilliklərdən başlayaraq) artıq xüsusiləşmiş türk, monqol və tunqus dilləri fərqli lüğət tərkibi və morfologiyası ilə mövcud idi, bir-biri ilə yalnız tipoloji cəhətdən, başqa sözlə, daha çox sintaktik baxımdan yaxın idi». (47; 351) Miqrasiyaların e.ə.VIII-V minilliklərdə sür’ətləndiyini nəzərə almaqla V.L.Kotviçin nəticələrinin doğruluğuna şübhə etməmək olar. Məsələ burasındadır ki, Altay nəzəriyyəsini müəyyən şərtlə biz də düzgün hesab edirik: bir halda ki tunqus, mancur, monqol dilləri ilə türk dilləri arasında, məsələn, deyək ki, türk dilləri ilə Hind-Avropa dilləri arasında olan yaxınlıqdan daha çox genetik yaxınlıq vardır, onda, deməli, bu dillər bir protodildən təcrid olunmuşlar. Lakin bu, pratürkün ilkin vətəninin Ön Asiya olduğunu inkar edə bilmir. E.ə.12-ci minillikdə sami tayfalarından, hindavropalılardan və başqalarından təcridolunma prosesini əsasən başa çatdırmış olan prototürk əhali böyük kütlələr halında miqrasiyaya başlayarkən bir qismi öz ulu vətənində qalmış, qalanı güclü axınla münbit şərait və torpaqlar axtarışı ilə səyahətə çıxmış, qərbdə Balkana, şərqdə Çin və yapon sərhədlərinə qədər irəliləmiş, minilliklər ərzində antropoloji quruluşunu təkmilləşdirməklə yanaşı, dilini də dəyişmiş, artıb-çoxalmış, qohum budaqlara ayrılmışdır. Buna görə də türklərin qərb və şərq vətənləri arasında oxşar relyef və çay vadiləri, dağ ətəkləri, çoxlu toponimlər vardır: Türklərin, monqolların, tunqus-mancurların bir kökdən olmasına bu mə’nada şübhə yoxdur. Lakin Altay türklərin beşiyi, ilkin vətəni deyildir. Türklərin beşiyi Ön Asiyadır. Hər şey buradan başlamışdır. İlk miqrasiyaların çıxış nöqtəsi Ön Asiyadır. E.ə. VIII-VII əsrlərdə sakların, kimmerlərin, skiflərin Azərbaycana gəlişi qohum tayfaların çox sonrakı əks miqrasiyalarındandır. N.Y.Marr da türklərin vətəninin Orta Asiya olması barədə fikirlərin qeyri-elmi olduğunu qeyd etmiş və yazmışdır: «Ancaq onların kütləvi şəkildə orada yaşadıqlarını və ilk yazılı şəhadətlərinin orada olduğunu bildiyimizə görə türklərin ilk vətəninin Asiya olduğu fikrinin elmiliyi ilə razılaşmaq mümkün deyildir». (24; 134-135) Türklərin şərqə birbaşa ilkin hərəkəti, çox güman ki, mezolitə (XII-VIII minilliklər) aiddir, çünki ən mühüm miqrasiyalar dövrü mezolit hesab olunur. Mezolitdən keçən minilliklər ərzində (hun dövrünə qədər 8 min il) türklər Altayda artıb-çoxalmış, tədricən bu kökdən tipoloji cəhətdən eyni olan tunqum-mancur və monqol dilləri təcrid olunmuşdur. Görünür, iltisaqi türk protodili hələ miqrasiyanın başlandığı dövrdə aydın şivə xüsusiyyətləri ilə fərqlənirmiş. Ön Asiyada qalan türk qolundan iltisaqi türk-şumer, elam, hurri və urartu dilləri, şərqə üz tutan qolundan monqol, tunqus, mancur, yapon, koreya və bəlkə də çin dilləri təşəkkül tapmışdır. Qarışıq şivələr Mərkəzi Asiyanın hüdudsuz ərazilərində hələ Altayaqədərki dövrdə qohumluq əlaqələri çətin sezilən fərqli keyfiyyətlər qazanmışdır. Bunlardan belə nəticə çıxarmaq olur ki, qədim dünyanın bütün iltisaqi dilləri bir kökdən, bir ümumi protodildən yaranmışlar. Bu cəhət tipoloji cəhətdən fərqlənən digər dil ailələrinə də aiddir. Biz bu mülahizələrdə türkləri ona görə əsas qol hesab edirik ki, Ön və Mərkəzi Asiyada daim böyük kəmiyyət üstünlükləri ilə fərqlənmişlər. Digər tərəfdən, çox aydın hiss olunur ki, şərqə, qərbə, şimala hərəkət edən türklər heç vaxt Ön Asiya ilə əlaqələrini kəsməmişlər. Tarixini bilmədiyimiz saysız əks miqrasiyalar olmuşdur ki, bunlardan bizə çatanı hələlik sakların, skiflərin, kimmerlərin geri miqrasiyasıdır. Ulu dildən təcrid olunmuş türk protodilini, o protodil ki ondan Ön Asiyada elam, hurri, urartu, Mərkəzi Asiyada monqol, mancur, tunqus, Koreya dilləri təcrid olunmuşdur, onu başqa bir şərti adla da adlandırmaq olardı. Lakin Ön Asiyada şumer-türk üstünlüyü, Mərkəzi Asiyada türkün çox geniş arealı həmin protodildə türk dialektinin aparıcı rolunu göstərməkdədir. Müasir insan tipinin Ön Asiya hüdudlarında təşəkkül tapdığını və ulu dilin bu ərazilərdə protodillərə təcrid olunduğunu nəzərə almayan tədqiqatçılar türklərin qərb ölkələrinə və o cümlədən Azərbaycan ərazilərinə Orta Asiyadan gəldiyini güman edirlər. Lakin daha diqqətli tədqiqatçılar onların Ön Asiyadan Orta və Mərkəzi Asiyaya getdiyini, sonralar yeni qüvvə ilə geri qayıtdıqlarını qeyd etmişlər. (43; 10) Türklər güclü qol olduğundan onların Qərbə və Şərqə yayılma arealı da geniş olmuşdur. Altay sözünün özünü də türklər indiki Altaya Ön Asiyadan - e.ə. III minilliyin başlanğıcında son şüaları görünən və bəlkə də neçə yüzillik tarixi olan Aratta ərazi adından aparmışlar. Bu ad bir qədər sonra (Altaydan çox qabaq) elə Ön Asiyada da Alatey şəklində işlənmişdir. VIII-VI minilliklərdə - pratürkün daha sür’ətlə dialekt və şivələrə ayrıldığı dövrdə qəbilə və tayfaların müxtəlif istiqamətlərdə hərəkəti də güclənmişdir. Türklər Qərbi Anadoluya, Balkana, Cənubi Qafqaza yayılmışdır. Orta Asiyaya miqrasiya güclənmiş və tədricən qərbi və şərqi türk qollarında fərqlər çoxalmağa başlamışdır. Bu dövr hələ vahid ərazi və dövlət anlayışlarının olmaması ilə şərtləndiyi kimi, dilin də bu və ya başqa bir xalqa məxsus dil kimi təşəkkül tapmış olduğunu iddia etmək olmaz. Şübhəsiz, Ön Asiya və Qafqaz ərazilərində türk tayfaları ilə yanaşı, Hind-Avropa kökünə əsaslananlar, qafqazdillilər də mövcud idi, yanaşı və birgə yaşayırdılar. Azərbaycan ərazisində eneolitə çox erkən (VI minillik - IV minilliyin ortaları) keçilmişdi. Eneolit sinifli cəmiyyətin meydana çıxmasını sür’ətləndirirdi. Zaqafqaziyada eneolit dövrünə aid 150-dən artıq yaşayış yeri müəyyən edilmişdir ki, bunların əksəriyyəti Azərbaycan ərazisinə aiddir. Kərpic evlər dairəvi və ya düzbucaqlı tikilirdi. Yaşayış məskənləri əksərən 0,5 ha, bə’zən daha böyük əraziləri əhatə edirdi. (5; 95) Tədricən qonşu ölkələrlə əlaqələr də yaranır və genişlənirdi. «Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün neolit dövrü ərzində olmuşdur». (5; 100) Əhali daha sür’ətlə artmağa başlayır, metal alətlərdən istifadəyə keçilir, qoşa nikaha əsaslanan əhali icma torpaqlarında çalışır, insanlar ümumi pay hesabına dolanırlar. Qadın nəslinin (ana xaqanlıq) üstünlüyü dini və mifoloji təfəkkürün inkişafını sür’ətləndirir. Cəmiyyəti icma ağsaqqalları şurası idarə edir. Qeyd edilən dövrdə Azərbaycan ərazisin də iki antropoloji tipin - «Kafkasion» və «Aralıq dənizi» tiplərinin mövcud olduğu və həmin tiplərin sabitliyi qeyd edilir: »Tunc dövründə Azərbaycan vilayətlərində məskunlaşmış tayfaların və tayfa birliklərinin əksəriyyəti əvvəllər də burada mövcud olmuş həmin iki antropoloji elementdən törəmişdir.» (5; 127) Eneolitin sonunda, yə’ni e.ə.IV minilliyin ortalarında dünyanın və Ön Asiyanın ən mədəni ərazisi Mesopotamiya, ən mədəni əhalisi bu ərazinin sakinləri şumerlər idi. Şumerlər həm türk olmaq e’tibarilə, həm də Azərbaycan tayfaları ilə yaxın qohumluğa, varislik əlaqələrinə görə daim bizi özünə çəkir. Yalnız şumerlərin sayəsində biz öz tariximizin dərinliklərinə enə bilirik. II fəsil - Şumerlər, onların məskunlaşması və yayılma arealı haqqında İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Nisbətən yuxarılarda məskunlaşma daha əvvəllər baş vermişdir. İngilis alimləri S.Lloyd və Q.Çayldın fikrincə, bu yerlərdə turanlılar çox qədim dövrlərdən məskən salmış, qonşuların həsəd apardığı yüksək mədəniyyət yaratmışlar: «Turanlılar təxminən on-on iki min il bundan qabaq səfalı Dəclə-Fərat çayları hövzəsində məskən salıb, ətraflarında yaşayan saysız-hesabsız vəhşi tayfaların heyrətli nəzərləri altında dünya sivilizasiyasının yəhərini aldılar. Dünyada ulu bir mədəniyyətin məş’əli alışdı. Bu işıq ehtiyacı daxildən gəlirdi. Və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər guşəsində «işıq adaları» şö’lələndi...» (6; 16) İndiki Kərkük yaxınlığında - Kalat-Carmoda aşkar edilmiş insan məskəni e.ə.VII-VI minilliklərə aiddir. Dəclə çayının orta axarında müəyyən edilmiş e.ə.VI minilliyə aid Samarra mədəniyyəti İkiçayarasının mədəni-iqtisadi inkişafının təməli sayılır. Samarra sakinlərinin şumerəqədərki etnos olduğu və şərti olaraq «protodəclə», yaxud «banan» dilində danışdıqları qeyd edilir. (8;17) «Bə’zən protodəclə dili «banan dili» adlandırılır ki, bu da həmin dil üçün səciyyəvi olan quruluşla bağlıdır - xeyli xüsusi ad ingilis dili «banan» sözünü xatırladır: Bunene, Kubaba, Zababa, Bilulu və s.» (8;6) İ.T.Kaneva göstərir ki, şumerlər mərkəzi və cənubi İkiçayarasının ilk sakinləri olmamışlar. Şumer mətnlərində toplanmış toponimlərin və digər xüsusi adların təhlili həmin ərazidə şumerlərdən əvvəl «protofərat» və «protodəclə» adlandırılan iki dil layı haqqında fikir yürütməyə imkan verir. Protofərat leksik layı son dərəcə ümidsiz bərpa olunduğu halda, protodəclə aydın təsəvvür olunur. Cənubi İkiçayarasında Ubeyd kəndi yaxınlığında e.ə.V minilliyin sonu, IV minilliyə aid Ubeyd mədəniyyəti müəyyən edilmişdir. Bunlardan da cənubda, qurumuş bataqlıqlar ərazisində «Hacı Məhəmməd» adı ilə tanınan mədəniyyət abidələri aşkar edilmişdir. Bu, Ubeyd mədəniyyətindən iki min il əvvələ aiddir. Hacı Məhəmməd və Ubeyd sakinləri Şumerin ilk əkinçiləri hesab olunur. Bu mədəniyyətin yaradıcılarını protoşumerlər adlandırırlar. Ubeyd sakinlərinin tədricən şimala doğru yayıldığı fərz edilir. E.ə. IV minilliyin ikinci yarısını Uruk mədəniyyəti təmsil edir. Bu yerlərdə ibtidai icma quruluşunun dağılması, nəsli quruluşdan patriarxal ailəyə və kənd icmasına, qəbilədən (və ya qəbilələr ittifaqından) dövlətə keçilməsi e.ə. IV minilliyin əvvəlindən özünü göstərməyə başlamışdır. İlk sinifli cəmiyyət IV minilliyin sonlarında Şumerdə və Elamda yaranmış, III minillikdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Şumerlərin ilk dövləti Dəclə və Fərat çaylarının cənub axarı arasında əmələ gəlmişdir. O vaxtlar bu çaylar ayrı-ayrılıqda İran körfəzinə axırmış. Çayların arasındakı düzənliyə yunanlar Mesopotamiya demişlər. Bu söz yunan dilində «ikiçayarası» deməkdir. Rus dilindəki Mejdureçğe, Dvureçğe sözləri də eyni mə’nadadır. Ərəblər isə eyni mə’nalı Beyn əl.Nəhreyn sözünü işlədirlər. «E.ə. III minillikdə ölkənin cənubunda (Nippurdan cənuba - Şuruppana qədər) və bu mərkəzdən şimala doğru fərqli vəziyyət mövcud idi. Nippur və Şuruppandan cənubda XXIV-XXIII əsrlərə qədər sami xüsusi adlarına praktik olaraq təsadüf olunmur, şimalda isə belə adlar əvvəldən yayılmışdı və zaman keçdikcə onların sayı artırdı. Ölkənin şimal hissəsi şumer dilində Ki-Uri, akkad dilində isə əvvəlcə Varum, sonralar e.ə.XXIV əsrdə Sarqon Qədim tərəfindən əsası qoyulmuş paytaxt şəhərinin adı ilə Akkad adlanırdı. Mərkəzi, sonra isə cənub hissəsi o zaman Şumer adlanmağa başlamışdı; daha əvvəllər isə bütün şumerdilli ərazilər sadəcə olaraq Kalam - ‘Ölkə’ idi». Əhalinin özünüadlandırması yox idi, «Ur adamı», «Uruk adamı», «Laqaş adamı» və s. deyilirdi. Dil fərqindən asılı olmayaraq, İkiçayarasının əhalisi qarabaşlar adlanırdı (sag-giga) (g=yumşaq q), samidillilər də özlərini belə adlandırırdılar (salmat kakkadim )». (9; 36) ‘Ölkə, yaşayış yeri’ mə’nasında Kalam sözü sami dillərindəki qəl’ə formasından tam fərqli olaraq xalis türk formasıdır. Dəclə çayını şumerlər İligna, akkadlar İliklat, Fərat çayını şumerlər Buranun, akkadlar Purattu adlandırırdılar.(7;44) Şumer dövründə bu ərazidə Larsa, İsin, Laqaş, Umma, Der, Kutu, Kiş, Nippur, Puzriş-Daqan şəhərləri əmələ gəlmişdi. Şumer adına (şu-me-ru-u) ilk dəfə Rimuşun vaxtında (e.ə. XXIII əsr) təsadüf edildiyi göstərilir.(8; 8) «Şumer» sözünün Assur hökmdarı Aşurbanipalın dövrünə aid mixi yazılarda işləndiyi də qeyd edilir. Bu yazılardan birində «gizli Şumer sənədləri» barədə mə’lumat verilir.Y.B.Yusifov qeyd edir ki, qədim yazılı mənbələrdə «şumer» etnik adı işlədilməmişdir. Cənubi İkiçayarasının əhalisi mixi yazılarda «Şumer (ölkəsinin) xalqı» adını daşıyırdı. Əhaliyə isə həm kengir, həm də qarabaşlar (şumercə sang igiga, akkadca salmat kakkadi) adı verilmişdi. (7; 47) İ.M.Dyakonovun işlətdiyi terminlərlə eyni olan buradakı terminlərdə bə’zi fərqlər vardır. Bunlar müxtəlif oxunuşdan, müxtəlif ədəbiyyatdan gələn fərqlərdir. Sag-giga sözü aydındır: sag - şumer dilində ‘baş’ deməkdir, giga sözü isə ‘qara’ sözünü mühafizə edir - hərfən ‘başı qara’ - qarabaşlar mə’nasındadır. Y.Yusifovun dediyi kengir sözünün izahına İ.M.Dyakonovda rast gəlirik. İ.M.Dyakonov göstərir ki, Şumer sözü mixi yazılarda Kİ.EN.Gİ işarəsi ilə yazılır. «Belə bir fikir yayılmışdır ki, bu sözü fonetik cəhətdən *Kegi(r) şəklində oxumaq lazımdır, çünki Şumer sözünün dialekt formasının prototipidir. Lakin k>ş dialekt keçidinə kifayət qədər inandırıcı dəlil yoxdur, ona görə də Kİ.EN.Gİ yazılış formasını Şumer oxunuşu ilə tərkibi ideoqram kimi düşünmək daha yaxşı olar». (9,36) Buradan aydın olur ki, Kiengi (və başqa variantlardakı Kegir, Kengir) «Şumer» deməkdir. Ki-en-gi sözünün etimologiyası haqqında vahid fikir yoxdur. Römer ki-egi şəklində ‘knyaz yeri’, ‘knyaz torpağı’ kimi izah etmişdir. (8; 8) Bizim fikrimizcə, Kİ.EN.Gİ - ilkin mə’nasına görə ‘allahın gəldiyi torpaq’ deməkdir: ki - ‘torpaq’, En(An) - şumerlərin allah adı, gi - ‘gəlmək’ sözüdür. İ.T.Kanevada belə qeydlər də vardır ki, şumerlər özlərini kar-rir, yə’ni ‘qarabaşlar’ adlandırırmış. Bu da Kengir sözünün bir oxunuş variantıdır. Ka-r-rir sözündə ‘qara’ sözü daha aydın seçilir. Şumerlərin yerləşdiyi Şimali Mesopotamiya vilayətlərini akkadlar Suber adlandırırmış. Bir ağlabatan mülahizəyə görə, Suber (Şumer) - sub və yer sözlərindən olub, ‘sulu yer’ mə’nasındadır. Sonralar görəcəyik ki, böyük Hun imperiyasının tə’siri ilə VI əsrdə Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq göstərən Savarlar bu Subirlər - şumerlərdir. Qədim sanskrit-buddistlər Sumer ölkəsini (sanskritdə sumeru) insan məskunlaşmasının mərkəzi saymışlar. (10; 513) Şumerlər öz dillərini eme-gir (KU ) adlandırırmışlar; eme - dil deməkdir, kir hissəsinin mə’nası dəqiq müəyyən edilməmişdir. İ.T.Kanevanın fikrincə, bu söz ‘blaqorodnıy’ (nəcib, alicənab) mə’nasında ola bilər. (8; 8). Şumerlər Eredu şəhərini özlərinin ən qədim məskəni, fars körfəzindəki Dilmun adasını isə bəşəriyyətin yarandığı mərkəz hesab etmişlər. (8; 6) Qədim şumer yazılı mənbələri e.ə.IV-III minilliklərə aid edilir. E.ə. 2000-ci ildən canlı şumer dilinin sıradan çıxdığı, bu dilin yalnız elmi və dini kitab dili kimi işləndiyi göstərilir. Antik mənbələrdə şumerlər haqqında heç bir mə’lumat yoxdur. XIX əsrdə şumer yazıları oxunduqdan sonra şumerləri Bibliyadakı Şin’ər ilə əlaqələndirməyə başlamışlar. (8; 7) Araşdırmalar nəticəsində tarixçilər bu qənaətə gəlmişlər ki, Şumer sülalələrinin hakimiyyət müddəti cəmi 500-700 ilə bərabər olmuşdur. Hökmdar hakimiyyəti Şumerlərdə e.ə. IV minilliyin sonlarında yaranmışdı. Lakin III minilliyin əvvəllərindən hökmdar hakimiyyəti barədə daha aydın faktlar mövcuddur. Şumer ərazilərindəki dövlətlər tarixçilər tərəfindən «erkən sülalələr» adlandırılır. Erkən sülalələr dövrü e.ə.XXVIII-XXIV əsrləri əhatə edir. İlk Şumer dövlətləri ayrı-ayrı şəhər dövlətləri şəklində olmuşdur. XXVIII-XXVII əsrlərdə Kiş şəhər dövləti üstünlük təşkil etmişdir. Kiş sülaləsinin ilk hökmdarı əfsanəvi Etana idi. Kişlə paralel və ondan bir qədər sonra Uruk şəhər dövləti yüksəlir. Uruk sülaləsinin görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi. En-Merkarın Azərbaycan Aratta ölkəsi ilə sıx əlaqəsi olmuşdur. İkinci Şumer sülaləsi dövrü e.ə. XXVII-XXVI əsrləri əhatə edir. Bu dövrdə İkiçayarasının birləşdirilməsi uğrunda mübarizə gedir. Kiş hökmdarı Aka ilə Uruk hökmdarı Gilqameşin münasibətləri pozulur. Akanın Uruk üzərinə yürüşü boşa çıxır. Bu zaman Ur şəhər dövləti güclənməyə başlayır. Ur hökmdarı Mesanepada Kiş şəhərini zəbt edir və Akanı hakimiyyətdən salır. Ur hökmdarları bütün Şumer üzərində ağalıq iddiasına düşür və özlərini «Kainatın hökmdarı» adlandırmağa başlayırlar. Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür (7-9 il). Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır. (7; 72-76) Şumer ərazisində tədricən Umma şəhər dövləti güclənir. Umma hökmdarı Luqalzaqqesi (e.ə. 2312-2287) əvvəlcə Uruk, sonra Laqaş şəhərini tutur, Uruk şəhərini özünə paytaxt seçir. Ur, Larsa, Kiş, Nippur şəhərlərini də işğal edir. Bütün Şumer Luqalzaqqesinin hakimiyyəti altında birləşir. Şumerlər bu yerlərə gəlmə xalq hesab olunur. Arxeoloji qazıntılar vasitəsilə tapılmış kişi və qadın təsvirləri şumerlərin Aralıq dənizi və Qafqaz irqinə mənsub olduğunu göstərir. Onlar bığ və saqqal saxlamırmışlar. Şumerlərin Kiçik Asiyadan, Ön Qafqazdan, Şimali İran ərazisindən və başqa yerlərdən gəldiyi ehtimal edilir. Bunların hamısı indiki Azərbaycanla bağlı ərazilərdir. Əksər alimlərin qəti qənaəti bundan ibarətdir ki, şumerlər İkiçayarasının şimal-şərqindən - Zaqroş dağlarından, qədim Azərbaycan torpaqlarından Mesopotamiyaya enmişlər:«Zaqroş dağlarının dağətəyi əkinçi-maldar tayfaları yeni torpaq və otlaqlar axtarışı ilə qərbə hərəkət edərək bütün Şimali Mesopotamiyaya yayılırlar. Yeni yerlərdə atmosfer yağıntılarının azlığı onları ilkin sün’i suvarma təcrübəsinə məcbur etmişdir». (1; 115) D.Q.Reder və E.A.Çerkasova sonrakı inkişafla əlaqədar bu fikri dərinləşdirərkən şumerlərin tarixən Zaqroş ərazisinin sakinləri olduqlarını, oradan aşağılara endiklərini, onların Vətəndə (Zaqroş ərazisində) qalanlardan əlverişli məkanla əlaqədar daha sür’ətlə inkişaf etdiklərini söyləmişlər: «Bizim e.ə.VI minilliyin sonuna yaxın əkinçi və maldar tayfalar Aşağı Mesopotamiyanı mənimsəyirlər. Bu ərazidə sün’i suvarmaya keçilməsi nəticəsində iqtisadi inkişaf daha sür’ətli addımlarla irəliləyir. Suvarma əkinçiliyinin meydana çıxması ona səbəb oldu ki, ibtidai cəmiyyətin dağılması, quldarlıq quruluşunun yaranması istehsal təsərrüfatının ən qədim ocaqlarında (Zaqros dağlarında, Mesopotamiyadan şimal və şərq rayonlarında) deyil, Dəclə və Fəratın məhsuldar düzlərində baş verdi». (1; 115) Göründüyü kimi, qədim dünya tarixinin tədqiqatçıları Zaqroş ərazisini, sonralar Şumerdən geri qalsa da, «istehsal təsərrüfatının ən qədim ocağı» adlandırmışlar. Sonralar görəcəyimiz kimi, mağların fəaliyyəti də qədim Azərbaycan ərazisinin ətraf aləmdən daha qədim mədəniyyəti ilə seçildiyini sübut edir. Müəlliflər yenə yazırlar: «İkiçayarasının əhalisi etnik cəhətdən yekcins deyildi. Ölkənin məskunlaşması iki tərəfdən getmişdir. Şərqdən Dəclə və Fərat sahillərinə bu və ya digər bir dil ailəsinə aid edilməsi çətin olan bir dildə danışan şumerlər enmişlər, qərbdən və şimal-qərbdən Mesopotamiyaya sami tayfaları - akkadlar sıxlaşmışdır. Onların (sami tayfalarının - Q.K.) vətəni bütün faktlara əsasən Ərəbistan yarımadası və Şimali Afrika idi...» (1; 116-117) Deməli, İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. Bu hal təbii-tarixi prosesin siyasi mövqedən inkarından başqa bir şey deyildir. Əvvəllər mağ sənəti kütləvi xarakter daşısa da (maq tayfa üzvləri arasında), sonralar tədricən mağ sehr, cadu və duaları mürəkkəbləşmiş, yalnız kahinlər tərəfindən istifadə olunmuşdur. Kahinlər isə nəsli cəmiyyətin başçısı kimi en adlanmış, sonralar kahin-hökmdara - ensi’yə çevrilmişlər. Deməli, şumerlər hələ Zaqroş dağlarından gəlməmiş, magiyaya bələd olmuş, təsərrüfat inkişaf etdikcə qəbilə başçısı kahinə və hökmdara (en-ensi) çevrilmişdir. Əlaqəni təsdiq edən mühüm cəhət budur ki, şumer başçıları kimi, Azərbaycan ərazisində güclü bir tayfa olan mağların tayfa başçısı da ensi adlanmışdır. Şumerlər köçüb gəldikləri ərazi ilə əlaqələrini sonralar da kəsməmiş, tikinti şeylərini, xüsusilə meşə materiallarını İkiçayarasına gəldikləri dağlardan gətirməli olmuşlar. İkiçayarasında yeni gəlmələrlə birlikdə Uruk və Cəmdət-Nəsr mədəniyyəti yaradılmışdır. Uruk mədəniyyəti Ubeyddən xeyli fərqlənirdi. Əvvəl qabları qırmızı, qara və boz rənglə rəngləyirdilər. Uruk boz rəngli qablarına keçid bu yerlərə yeni etnosların gəlişi ilə əlaqələndirilir. B.Brentyes yeni etnosların Urmiya gölu hövzəsindən (Cənubi Azərbaycandan) gəldiyini qeyd etmişdir. (7; 47-48) Şumer-Akkad mənbələrinə hamıdan çox bələd olan A.Leo Oppenheym də onların şimal dağlarından - Babilistanın şərqində yerləşən Zaqroş dağlarından, indiki Cənubi Azərbaycan ərazilərindən enib gəldiyini və özləri ilə orada işlənən dillərdən birini gətirdiklərini qeyd etmişdir: «Şumer dilinin yeri linqvistik sistemdə hələ müəyyənləşdirilməyib. Ola bilər, bu dil tarixəqədərki dövrdə dağlardan (Zaqroş dağları nəzərdə tutulur - Q.K.) Aşağı Mesopotamiyaya enən xalqların danışdığı dillərdən biri olmuşdur». (11; 48) Bə’zi mənbələrdə akkad dilinin şumer dilini sıxışdırdığı göstərilir: «...II minilliyin əvvəlində sami dili şumerlərin qədim dilini tədricən sıxışdırmış, bütün ölkədə canlı istifadədən çıxarmışdı, şumer dili yalnız din və elm dili kimi ölü dil olaraq qalmışdı». (24; 98) Şumer dilinin ölü dilə çevrildiyini iddia etmək doğru deyildir. Şumerşünasların əksəriyyəti şumerlərin İkiçayarasına gəlmə olduqlarını qeyd etdikləri kimi, akkadların hücumundan sonra onların İkiçayarasını tərk etdiklərini də göstərmişlər. Şumer dili, şumer mədəniyyəti o qədər güclü olmuşdur ki, onlar İkiçayarasını tərk etdikdən iki min il sonraya qədər onların dili həmin ərazidə elm və din dili kimi işlənməli olmuşdur. Mesopotamiyada bu dilin canlı dil kimi tədricən sıradan çıxdığını iddia etmək olar. Lakin şumerlər hara getmişlərsə, öz dillərini də özləri ilə aparmış və yaşatmışlar: Şumer ədəbiyyat və mədəniyyətinin qədim Azərbaycan mədəniyyəti ilə üzvi əlaqəsini ortaya çıxarmaqda xüsusi rolu olan E.Əlibəyzadə də şumerlərin məğlubiyyətdən sonra İkiçayarasını elliklə tərk etdiklərini yazmışdır: «Şumerlər Babilistandan çəkilib getdikdən sonra belə, şumer dili «elm» dili idi, «müqəddəs din» və «ədəbiyyat dili» olaraq qalırdı.. Şumerlər Dəclə-Fəratı elliklə tərk etdikdən sonra belə, şumer dili Babilistanda din, elm və mədəniyyət dili sayılmışdı». (15; 60,61) Şumerlərin İkiçayarasını tərk etdikdən sonra hansı əraziyə üz tutduqları, harada məskunlaşdıqları barədə də müxtəlif fikirlər vardır. E.Əlibəyzadə yazır: «Akkadlarla müharibədə məğlubiyyətdən sonra, görünür, şumerlərin tarixi yeni səmtə yön almışdır. Onlar yenidən, bir neçə min il sonra doğma «Ulubaba yurduna» - Mərkəzi Asiyanın dərinliklərinə və onun üstündən keçib Yaxın Şərqə çəkilmiş, öz «əcdad» torpaqlarına qayıtmışlar. Bu fikri Çindən ta Qara dənizədək əldə edilən zəngin maddi-mədəniyyətin Şumer mədəniyyəti ilə bir kökə, ana telə bağlı olduğu da təsdiq edir»... (15;65) Bu fikirlərdə mübahisəli cəhətlər də vardır. Burada «Yaxın Şərq» sözləri, yəqin ki, mexaniki işlənmiş, yaxud da müəllif şumerlərin yenidən Yaxın Şərqə - Ön Asiyaya qayıtdığını demək istəmişdir. Müəllif Mərkəzi Asiyanı ona görə şumerlərin ata-baba yurdu sayır ki, bir çox başqaları kimi, o da Altayı türklərin beşiyi hesab edir. Onu da qeyd etməliyik ki, şumerlər İkiçayarasını elliklə tərk etməmişlər. Bir qədər şərqdə Kərkük, Ərbil əhalisi onların varisləridir. İkiçayarası mədəniyyəti şumerlərdən sonra daha çox akkadlarla bağlıdır. Şumerlərin ardınca yüksək mədəniyyət nümunələri yaradan akkadların özləri də dil cəhətdən fərqlənmişlər. Assur və babil dillərini eyni statusa malik sami dilləri hesab edən assirioloqlar hətta həmin dillərin özlərinin də üç mərhələ keçdiklərini söyləmişlər: «Onlar (assirioloqlar - Q.K.) tə’kid edirlər ki, hər iki dialekt - babil və assur dialektləri öz statusuna görə bərabərdir və hər ikisi üçün üçüzvlü bölgü qəbul edilməlidir: qədim, orta və yeni assur dili və qədim, orta, yeni babil dili». (11; 53-54) Bunlar göstərir ki, şumer dilini dünyaya düşmüş yeganə dil hesab etmək son dərəcə sadəlövh təsəvvürə malik olmaqdır. Şumerlər türk protodilinin parçalanması əsasında yaranan dillərdən biri idi. Akkadların bir-birindən necə fərqləndiyini göstərən faktlar şumerlərin də bir ailənin öz abidələri ilə böyük iz qoymuş bir qolu olduğuna şübhə yeri qoymur. Şumerlər öz yaxın qohumları içərisində və uzaq qohumlar arasında daha böyük sür’ətlə və daha erkən qabağa çıxan mədəniyyətin sahibləri olmuşlar. «Protoakkadlar erkən sami dillərindən birində danışdıqları kimi, şumerlər də özlərini rayonun bir neçə etnik qruplarından ancaq biri kimi göstərirdi. Bütün bu elementlərin birliyi Mesopotamiya mədəniyyətinin meydana çıxmasına gətirdi. Həqiqətən, o, çox qısa müddətdə meydana çıxdı və üç min ildən artıq bir müddətdə böyük və ya kiçik dəyişikliklərə mə’ruz qaldı, qonşu mədəniyyətlərə güclü tə’sir göstərdi və onları cavab reaksiyalarına səslədi». (11; 48) Şumerlər e.ə.2000-ci ilə qədər Mesopotamiyada olmuş, hətta müstəqilliklərini itirdikdən sonra da xeyli müddət akkadlarla və kutilərlə birgə yaşamışlar. Şumerlərin bundan sonrakı taleyi qaranlıqdır. Onlar ölkəni tərk etmişlərsə, bundan sonra tərk etmişlər. Ola bilər, müstəqilliyin itirildiyi ilk gündən - Akkad hakimiyyətinin əvvəlindən də şumerlərin bir qismi ölkəni tərk etmişdir. Lakin onların hakimiyyəti yenidən ələ alması, III Ur sülaləsini yaratmaları göstərir ki, onlar uzun müddət İkiçayarasını tərk etməmişlər. E.ə.I minilliyin sonlarına qədər şumer dilindən istifadə edilməsi də təsadüfi deyildir: «Akkad dili şumer dilini sıxışdırmaqda və, hər halda, onunla əməkdaşlıq etməkdə və onun işlənməsini həyatın müəyyən sahələrində, ədəbiyyatın spesifik janrlarında və s. məhdudlaşdırmaqda davam etmişdir. Qədim babil dilinin son rübündə şumer mətnlərinin, həm də o mətnlər ki, onlar bu vaxta qədər yalnız şumer dilində saxlanmışdı, onların tərcüməsi dayandırılır...» (11; 51) Bizim üçün aydındır ki, şumerlərin Mərkəzi Asiyaya köçünü türk istəyi ilə izah edirlər. Əgər III minilliyin sonlarında onlar İkiçayarasından çıxaraq Mərkəzi Asiyaya üz tutmuşlarsa, nə üçün Mərkəzi Asiyada mixi yazılara təsadüf edilmir, öz yazılarını nə üçün heç olmasa II, I minilliklər ərzində o yerlərdə davam etdirməmişlər? Halbuki Yaxın Şərqdə mixi yazılar elamlar, akkadlar, assurlar, hetitlər, biaynlar tərəfindən mənimsənilmiş və işlədilmişdir. Bütün bunlar göstərir ki, şumerlər Mərkəzi Asiyadan gəlməmişlər və o yerlərə getməmişlər. İkiçayarası lazım idisə, onları Kür-Araz ovalığı da tə’min edə bilərdi. Şumerlər Yaxın Şərqin öz övladlarıdır. Yaxın Şərqə yayılmış əhali Azıxdan çıxmışdır. O dövrdə əhali o qədər də sıx deyildi ki, İkiçayarasını tərk edən şumerlər Tyan-Şana qədər uzaq bir yol keçsinlər. İrandillilər indiki İran yaylasına e.ə.VIII əsrdə gəlmişlər. Bundan min beş yüz il əvvəl şumerlər İkiçayarasının şərqində özlərinə daha asan yurd-yuva tapa bilərdilər və onların əcdad yurdu, Şumer dastanlarından aydın olduğu kimi, elə bu yerlər - qədim Aratta əraziləri idi. Qaldı, türkləri Orta Asiyada yerləşdirmək və şumerləri onların babası saymaq məsələsinə, Orta Asiya türklərinin inkişaf yolu, tarixi təkamülü üçün bunun heç bir əhəmiyyəti yoxdur. Şumerlərlə eyni vaxtda Mərkəzi Asiya ərazisində Şumer mədəniyyəti tipli mədəniyyətin olması o deməkdir ki, Şumerlər İkiçayarasında məskunlaşmazdan çox-çox əvvəl türklər Mərkəzi Asiyada da yerləşmişdilər - mezolitdə. Onların sonrakı dövrlərdə - miladın birinci minilliyində Yaxın Şərqə, xüsusilə Azərbaycan ərazilərinə geri qayıdışları tarixi faktlarla sübut olunur. İ.M.Dyakonov şumerlərin taleyini daha yanlış düşünmüşdür: «Baxmayaraq ki, şumer dili sami-akkadlar tərəfindən sıxışdırıldı, lakin bir xalqın başqası tərəfindən fiziki sıxışdırılması baş vermədi; antropoloji tip dəyişmədi, mədəniyyətdə elə bir əsaslı dəyişiklik olmadı... Mahiyyət e’tibarilə sonrakı babillilər elə həmin şumerlər idi... lakin dillərini dəyişmişdilər». (9; 37) Müəllif düzgün qeyd edir ki, akkadların gəlişindən sonra bir xalqın başqası tərəfindən fiziki məhvi baş verməyib. Lakin şumer dilinin akkad dili tərəfindən məhv edilməsi fikri doğru deyil. Eyni zamanda sonrakı babilliləri dillərini dəyişmiş şumerlər hesab etmək daha yanlış fikirdir. Ola bilər ki, həqiqətən əlsiz-ayaqsız şumerlərdən Babildə qalanlar tədricən dillərini dəyişib bu xalqa qarışmışlar, lakin yüksək mədəniyyət yaratmış şumerlər akkadların tabeliyi altında özlərini məhv edə bilməzdilər və heç şübhə yoxdur ki, onlar istilaçıların hakimiyyətinə dözməyərək şərqə, İran yaylasının şimal-qərbinə, Azərbaycan ərazilərinə - İkiçayarasına enməzdən əvvəl yaşadıqları öz qədim vətənlərinə çəkilmişlər. Şumerlərin İkiçayarası ərazilərdən şərqə və hətta bəlkə uzaq Sibirə yayılmaları barədə də fikir vardır: «Mənə belə gəlir ki, şumerlər öz heroqliflərini - kur, kir (dağ-torpaq) «ölkə» mə’nasında işlətdikləri kimi, prototürklər bu işarəni («dağ-torpaq» işarəsini - Q.K.) azacıq dəyişərək, «ölkə» mə’nasında «sub-yer» (su-yer) adlandırmışlar. Sonralar bu işarə ümumxalq gerbinə (tamğa, damqa) çevrilmişdir. Qədim türklər Mesopotamiyanı kütləvi surətdə tərk etdikdən sonra (müəllif «qədim türklər» dedikdə şumerləri nəzərdə tutur; fərqləndirmə bizimdir - Q.K.) ana yurd obrazını bu işarədə yaşatmış və sonrakı nəsillərə bu işarə ilə təsvir etmişlər: Sulu-sucaqlı Sub-yer! Yerli sakinlər şimal-şərqi Asiyaya köçmüş prototürkləri çox güman bu ad altında (Sub-yer, yaxud Sub-yir) tanımışlar. Onların qəbirlərini (kurqanları) suber (subir) adlandırmışlar və bu ən’ənə rus köçkünləri zamanına qədər yaşamışdır. Tobol quberniyasında çud qəbirlərinin sıvır xalqına məxsus olduğu güman edilir. Patkanovun fikrincə, Sibir şəhərinin adı bu terminlə bağlıdır, çünki bu yerlərdə sıvırların qəbirləri olmuşdur. Sonralar bütün bu ərazi Sibir adlandırılmışdır». (9; 215) Bu sözlərdə biz də həqiqət görürük. Lakin O.Süleymenovun qeyd etdiyi bu türklər bilavasitə şumerlər deyil, onların bir qolu olan və İkiçayarasının şimal ərazilərində yaşayan Subirlərdir. Bunlar axıra qədər öz adlarını Subir, Suber, Savar, Suvar, Savir və s. şəkillərdə saxlamışlar. Sonralar görəcəyik ki, daha çox VI əsrdə şərqdən Azərbaycana gələn və türk tayfaları arasında böyük fəallıq göstərən Savarlar da bu Subirlərdir. Şumerlərin babillilər içərisində əridiyini heç bir məntiqlə əsaslandırmaq olmaz. II fəsil - Şumerlər və qədim Azərbaycan Azərbaycan ərazisi sakinlərinin İkiçayarası ilə əlaqələri çox qədimdən - neolit dövründən (e.ə.VII -VI minilliklər) başlamışdı. «Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün neolit dövrü ərzində olmuşdur. Belə ki Naxçıvanın I Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılmışdır. Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Ubeyd ( bir sıra əsərlərdə bu söz Obeyd kimi də verilir - Q.K.) mədəniyyəti materiallarında öz əksini tapmışdır. Ubeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzun müddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Ubeyd təbəqələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı Leylatəpədə me’marlıq formaları, dulusçuluq kürələri, dulus mə’mulatı bu ərazidə əsrlərlə davam edən yerli əlamətlərdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər (iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali Mesopotamiyadan, məsələn, 3-cü Yarımtəpə Ubeyd yaşayış yerində eynilə təkrar olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri qoymur». (5; 100) Azıx mağarasının bəşərin təşəkkülündə rolunu və digər tərəfdən, şumerlərin İkiçayarasına Azərbaycan ərazilərindən getdiyini nəzərə aldıqda əksinə düşünmək daha düz olar (tarixçilər bunu nəzərə almalıdır) və hər iki halda əlaqələr göz önündədir, hər iki ərazi əhalisinin bir kökdən olması inamı daha güclüdür. Bu əlaqələr yaşayış düşərgələrindən, qəbirlərdən tapılan maddi materiallarla da təsdiq olunur. Aydın olur ki, Xankəndi qənşərindəki bir kurqandan «...ölünün başı altında, öz formasına görə Cənubi Mesopotamiyada Ur qəbirlərindəki asmaları xatırladan, qızıl lövhədən hazırlanmış sırğa tapılmışdır». (5;115) Şimali Qafqaz və Şərqi Avropa ilə Mesopotamiya arasında ticarət əlaqələri yaradan yollar Azərbaycan ərazisindən keçirdi. »Görünür, yaranmış belə yollar vasitəsilə Şimali Qafqaza parlaq zərgərlik sənəti məhsulu olan çoxlu miqdarda mə’mulat, Mesopotamiyadan qızıl və gümüş əşyalar... daxil olurdu». (5; 114-115) Azərbaycanın bə’zi şimal rayonlarında (Xanlar, Oğuz, Qəbələ və s.) ölülərin yandırılması müəyyən edilmişdir. «Maraqlıdır ki, Qafqazın başqa rayonlarında belə dəfn adəti yayılmamışdı. İraqı (Mesopotamiya ərazisini - Q.K.) çıxmaq şərtilə qədim Şərq ölkələrində də bu adət mə’lum deyil». (5; 116) Orta tunc dövründə (III minilliyin son rübündən II minilliyin ikinci yarısınadək) Şumer - Azərbaycan əlaqələri daha da genişlənir. «Həmin tarixi mərhələdə Azərbaycan ərazisinin bir hissəsi (cənubu) onun əhalisi ilə birlikdə Şumer-Akkad mənbələri orbitinə düşür. Bu mənbələr isə bizə müharibələr, e.ə.III minilliyin son üç əsrində Azərbaycanda, ona qonşu olan vilayətlərdə baş vermiş hadisələr, orada yaşamış tayfaların adları və s. haqqında ilkin mə’lumatlar verir». (5; 119) Kutilər, lullubilər, hurrilər haqqında ilk mə’lumata bu mənbələrdə rast gəlirik. Şumer - Azərbaycan əlaqələri əvvəlki minilliklərdə daha xoş olmuşdur, bu iki ərazinin əhalisi arasında aşkar şəkildə dostluq və qardaşlıq münasibətləri hiss olunur. «...şumer belə hesab edirdi ki, sağda xoşbəxt və dost ölkələr, solda əzazil və düşmən ölkələrdir». (1; 145) «Sağ» və «sol» dedikdə şərq və qərb nəzərdə tutulurdu. Şərqdə lullular, kutilər, kasslar, solda samilər idi. Akkadların İkiçayarasını işğalından sonra bu münasibətlərdə dəyişiklik əmələ gəlmişdi. Zaqroş dağlarında və onun şərqində yaşayan kaslar və lullularla İkiçayarası münasibətlərindən danışarkən (onları «düzənlik əhalisi» və «dağlılar» deyə fərqləndirməklə) Oppenheym yazır: «Ancaq çox nadir hallarda dağ əhalisi ilə əlaqələr mehriban xarakterdə olurdu. Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bə’zən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar. Babillilər Şumer ən’ənələrini davam etdirərək (o öz ifadəsini En-Merkarın tarixində tapmışdı) mədəni tə’sir göstərməyə çalışırdılar (çalışırdılar ki, kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın). (11; 38) Bu sözlər bir neçə məsələni aydınlaşdırmağa ikan verir. Əvvələn, bu dövr Babil hakimiyyəti dövrüdür və artıq şumerlər hakimiyyətdə deyil. İkincisi, babillilərlə dağ əhalisi - lullubilər ərazi e’tibarilə çox yaxındır, münasibətlər yaxşı olsa, dağlar İkiçayarası üçün bufer zonadır. Üçüncüsü, dağ əhalisi - lullubilər və kaslar (kassilər) da sivil dövlət yaratmışlar və işçi qüvvəsi, qul kimi işlətmək üçün və ya şəhərləri, əhalini dolandırmaq üçün tez-tez Babilə hücumlar edirlər (halbuki bizim tarixçilər e.ə.I minillikdən tez Azərbaycan ərazisində dövlət tanımırlar). Və nəhayət, münasibətlərə En-Merkarın dövründən qalmış ən’ənələrin də müsbət tə’siri vardır (bu barədə bir qədər sonra danışılacaqdır). Şumerlərin qonşuları müxtəlif tayfalardan ibarət idi. İkiçayarasının şimalında sami tayfalarından olan akkadlar yaşayırdılar. Akkadlar fərqli şivələrdə danışırdılar. Tədricən onlardan assurlar və babillər əmələ gəlmişdir. İkiçayarasına yaxın mövqedə - Cənubi Azərbaycanın qərbində kuti tayfaları məskunlaşmışdı. Kutilər ilə qonşuluqda, Urmiya gölünün cənubunda - Cənubi Azərbaycan ərazisində lullubilər yaşayırdılar. Lullubi hakimi Anubanini öz hakimiyyətini Zaqroş dağlarına qədər genişləndirmişdi. Kutilərin və lulluların bir qismi III minilliyin əvvəlindən İkiçayarasında da məskunlaşmışdılar. Oppenheym yazır: «Lullubilər (lullu) də kutilər kimi dağ xalqı idilər... Qaya üzərində tapılmış İştarın təsviri və yazı göstərir ki, lullibilər akkadların ilk dövrlərində Mesopotamiya ilə əlaqəni müdafiə edirdilər». (11; 378) Şumerlərin birliyinə baxmayaraq, ətrafda böyük təhlükə yaranmışdı. İkiçayarasının şimal hissəsində sami tayfalarından güclü Akkad dövləti meydana gəlmişdi. E.ə.2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (akkad dilində Şarrumkenu - həqiqi, qanuni hökmdar) (e.ə.2316-2261) Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50 Şumer hökmdarı məğlub olur. Sarqon Şumeri işğal edir. Şumer-Akkad dövləti yaranır. (7; 76-78) Akkad şəhərini də o saldırmışdır. Onun nəvəsi Naram-Suenin hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad arada itirdiyi qüdrətini yenidən bərpa edir. Naram-Suen özlərinə yaxın ərazidə yerləşən kuti və lullubilərlə də döyüşməli olur. Şarkalişarrinin (e.ə. 2200-2175) dövründə kutilər, elamlılar və samilər Akkad dövlətini tez-tez təhlükə altında qoyur. Kuti (quti) hökmdarı Elulumeş (e.ə.2177-2171) e.ə.2175-2172-ci illərdə Akkadı qəti məğlubiyyətə uğradır. Hökmranlıq kutilərin əlinə keçir. Kutilər öz yazılarını akkad dilində tərtib edir və Şumeri canişinlik şəklində idarə edirlər. Kutilər yüz ilə qədər orada hökmranlıq etmişlər. 21 kuti hökmdar adı mə’lumdur. Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən olduğu barədə fərziyyələr var. Oppenheym göstərir ki, «Bu xalqın öz dili vardı». (11; 377) Uruk hakimi Utuhenqal son kuti hökmdarı Tirikanı məğlub edərək (e.ə.2104) hakimiyyəti ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin tezliklə - e.ə.2097-ci ildə Utuhenqal sui-qəsdlə öldürülür və Ur şəhər hakimi Ur-Nammu öz oğlunu Uruka ensi tə’yin edir. Ur-Nammu (e.ə.2112-2103) III Ur sülaləsinin başçısı idi. Onun başçılığı ilə Şumer dövləti yenidən fəaliyyətə başlayır. Bu, sonuncu Şumer dövləti idi. Ur-Nammudan 100 il sonra - e.ə. 2003-cü ildə - III minilliyin sonunda elamlıların Ur şəhərinə basqını ilə Şumer və Akkadın minillik tarixi başa çatır. III Ur sülaləsinin ləğvindən sonra Şumer ərazisində İsin, Larsa, Mari, Babil, Eşuppa kimi şəhər dövlətləri yüksəlməyə başlayır. Babil şəhəri (bab-ili - allahın qapısı; yunanlar Vavilion deyirdilər) daha da güclənir, İkiçayarasının siyasi həyatında mühüm rol oynayan Babilistan dövləti (e.ə. 1894-1595) yaranır. Dövlətin banisi Sumuabum (e.ə. 1894-1881) idi. Babillilər amori - sami tayfaları idilər. Hələ e.ə.XVIII əsrin ortalarından Azərbaycanın qədim və güclü tayfalarından olan kassi (kaşşu, yunanlar kassi, kissi, kosoy deyirdilər) tayfası Babilistanın işğalına çalışır. 1742-ci ildə kassi hökmdarı Qandaş Babilistana hücum etsə də, bir nəticə hasil olmur. Nəhayət, onlar 1595-ci ildə Babili işğal edərək 1155-ci ilə kimi - 500 ilə qədər burada hökmranlıq etmişlər. II Aqum (e.ə. 1595-1571) özünü «Kassilərin, akkadların, Babilistanın və Kutilərin hökmdarı» adlandırmışdır. XV əsrin ortalarında kassi hökmdarı I Karaindaş özünə «Babilistan hökmdarı, Şumer və Akkad hökmdarı, kassilər hökmdarı və Kar-Duniaş hökmdarı» titulunu qəbul etmişdi. (Kar-Duniaş ya kassilərin keçmiş ölkə adı, yaxud da kassi allahı Duniaşın ölkəsi mə’nasında izah edilir.) (7; 104) Babildə yeni məbədlər tikilir və bunlar həm yerli allahlara, həm də kassi allahları Şumaliya və Şukamunaya ithaf edilirdi. Kassi hökmdarları Misir fironları ilə məktublaşırdılar. Misirdəki Əl-Amarna arxivindən I Kadaşman-Enlilin (e.ə.1374-1360) məktubları tapılmışdır. II Burna-Buriaşın (e.ə.1360-1335) Misir fironu Exnatona məktubları qalmışdır. Babilistan-Kassi hökmdarı III Kaştiliaşın vaxtında (e.ə.1230-1223) Assur hökmdarı I Tukulti-Ninurta (e.ə.1244-1208) Babilistana hücum edir. Ölkəni qarət edir, əhalini köləliyə aparır, Kaştiliaş əsir düşür. Lakin Tukulti-Ninurta sui-qəsdlə öldürüldükdən sonra Babildə yenidən yüksəliş başlayır və kassi hökmdarı Adadşumusur (e.ə.1194-1187) Assuriyanı özündən asılı vəziyyətə salır. Ancaq bu yüksəliş də uzun sürmür. E.ə.1158-ci ildə Elam hökmdarı I Şutruk-Nahhunti Babilistanı işğal edib, öz oğlunu taxta əyləşdirir. Babilistanda kassi sülaləsinə son qoyulur. Bu müddət ərzində kassilər (kassi padşahları) yalnız 1700-1230-cu illər arasında öz adlarını saxlaya bilmişlər. Son 8 kassi hökmdarının akkad adı daşıdığı qeyd edilir. (11; 60,377) Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə olmuş, lullubilərlə qardaşlıq münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər idarə olunmuşdur. Bu, hər iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir. Qazıntılar və Şumer-Akkad rəvayətləri «Ümumdünya daşqını» deyilən daşqının olduğunu təsdiq edir. Şumer rəvayətinə görə, Yer üzərində insanlar hədsiz çoxalır. İnsanlar arasında olan naqis cəhətlərdən allahlar qəzəblənir və daşqınla onların kökünü kəsməyi qərara alırlar. Bu əhvalatı «Gilqamış» dastanının qəhrəmanı Gilqamışa Utnapiştim belə danışır: Sənin tanıdığın, Fərat çayının sahilində yerləşən Şuruppak şəhəri qədim şəhərdir, allahlar orada yaşayırlar. Böyük allahların qəzəbi ora gətirdi ki, onlar daşqın yaratmağı qərara aldılar; onların arasında ata Anu, onların məsləhətçisi, yenilməz Enlil, onların havadarı Ninurta, onların hakimi Ennuqi də vardı. Müdriklik allahı Ea onlarla söhbət etdi və onların qərarını qamış dəyəyə (daxmaya) söylədi: «Dəyə, dəyə! Divar, divar! Dəyə, eşit! Divar, başa düş! Şuruppak əhli, Ubar-tutunun oğlu, evini məhv elə, gəmi düzəlt, var-dövləti tərk elə, həyat axtar, şeylərə nifrət et, ürəyini (canını) yaşat. Gəmiyə bütün canlı varlıqlardan toxumluq yüklə. Qoy düzəltdiyin gəmi onun ölçüsünə uyğun olsun, qoy onun eni ilə uzunu bir-birinə uyğun olsun. Okeanda onun üstünü bağla.» (12; 264) Allah Ea allahların daşqın törədəcəyi xəbərini bu cür gizli şəkildə insanlara çatdırır - Ziusudra (akkad. Utnapiştim/Uqnapiştim) adlı dindar hakimə xəbər verir. Ziusudra (Utnapiştim) iri gəmi düzəltdirir, ailəsini, heyvan və quşlardan nümunələr yığır gəmiyə. Tufan başlayır, su, rəvayətə görə, 8 metr hündürlüyə qalxır. 6 gün 6 gecə külək, daşqın, fırtına ara vermir. 7-ci gün fırtına sakitləşir. Bəşəriyyət məhv olmuş, gilə qarışmışdır. Ubar-tutu oğlunun gəmisi Nisir (Kinipa) dağının təpəsində ilişib qalmışdır. Hər tərəf sudur. Dağ gəmini buraxmır. İştarın köməyi ilə gəmi xilas olur. Allahlar tökülüşüb gəlirlər öz qurbanlarının yanına. İştar deyir: «Allahlar... mən öz boynumdakı mavi cəhənnəm daşını qoy unutmayım, bu günləri mən unutmaram, mən onları əsrlərlə unutmaram! Qoy allahlar gəlib mənim mədhlərimi eşitsinlər, ancaq Enlil bura gəlməsin, çünki o, məsləhətləşmədən daşqın yaratmış və mənim adamlarımı məhvə məhkum etmişdir». (12; 265) Lakin Enlil də gəlir. O, sağ qalanlar olduğunu görüb qəzəblənir. O zaman Ea ona deyir: «Sən allahlar arasında ən müdrikisən, qəhrəmansan! Sən necə, necə məsləhətləşmədən daşqın yaratdın? Günahkarın günahını öz üstünə qoy, cinayətkarın cinayətini öz üstünə qoy, amma yazığın gəlsin, bütün bəşəri məhv etmək olmaz». (12; 265) Ziusudranın gəmisi Nisir (Kinipa) dağı ətrafında xilas olur. Allahlar onlara əbədi həyat verir. Gəminin xilas olduğu yer - Kinipa (Nisir) dağı bizim Manna ərazisindədir. İngilis arxeoloqu Leonard Vulli Ur şəhərinin yerində apardığı qazıntılar zamanı (1922-1934) 18 metr hündürlükdə mə’bəd xarabalığı aşkar etmişdir. Məbədin bünövrəsi e.ə.IV minilliyin ortalarına aid təbəqəni təşkil edir. Bu təbəqədən aşağı 3 metr qalınlığında qum, lil və daşlardan ibarət təbəqə, sonra yenə mədəni təbəqə aşkar edilmişdir. Ərazidə bir neçə yerdə bu cür təbəqələr müşahidə olunmuşdur. Bu göstərir ki, Ubeyd dövründə, bəlkə də ondan əvvəl bu yerlərdə Dəclə və Fərat çaylarının daşması nəticəsində böyük fəlakət olmuş, çoxlu insan tələfatı baş vermişdir. Bu mə’lumat ubeydlərdən şumerlərə çatmış, sonralar «Nuh daşqını» adı ilə Tövrata və Qurana da düşmüşdür. Lakin bu kitablardan daha əvvəl Nuh tufanı barədə mə’lumat «Bilqamıs» dastanında verilmişdir. Tarixi şəxsiyyət hesab olunan (təqr.e.ə.2800-2700-cü illər arası) Bilqamısın təsviri prosesində təhkiyəçi deyir: O hər sirri bilərdi, o hər şeyi görərdi, Yeri su basmasından bizə xəbər verərdi. Şumerlərin gil lövhələrdə Daşqın haqqında mə’lumatını ilk dəfə ingilis alimi Corc Smit oxumuşdur. Şumer yazılarında daşqın təsdiq edilir: eger a-ma-ru ba-ur-ra-ta İnanna nin-kur-kur-ra-ke... a-nam-til-la-ka mu-un-ne-sud-sud ‘posle toqo, kak navodnenie konçilosğ, İnanna, vladıçiüa vsex stran... vodu jizni im izlila’ - daşqın qurtaran kimi bütün ölkələrin hakimi İnanna ...suyu onların həyatından kənar etdi. Nuh (Noy) - Adəm və Həvvanın nəslindən sayılır, o, tufan zamanı böyük fədakarlıqlar göstərmişdir. Yuxarıdakı qeydlərdən göründüyü kimi, «Bilqamıs» dastanında onun adı Ubar Tutunun oğlu Utnapiştim şəklində işlənmişdir. Nuh daşqını qədim dünyanı daim məşğul etmiş, tarixi hadisələrin vaxtını çox zaman həmin daşqının vaxtı ilə müəyyən etməyə çalışmışlar. Alman alimi F.Deliç göstərir ki,» babillilər öz tarixlərini iki böyük dövrə - Daşqınaqədərki və daşqından sonrakı dövrə bölürlər; bu Daşqın bütün böyük çayların dənizə tərəf yön aldığı və zəlzələli, qasırğalı və ya ildırım kimi axıntılı, xüsusi növ dəhşətli bir tufan olmuşdur».(13; 14-15) Nuh tufanı haqqında Bibliyada verilən mə’lumat da şumerlərdən alınmışdır: «...tufan barədə Babil mifinin özü də əslində ilk Şumer qaynağından götürülmədir».(14; 175) Nuhun gəmisi, dediyimiz kimi, Cənubi Azərbaycan ərazisindəki Kinipa dağının ətəklərində xilas olmuş, ilk dəfə o yerlərdə torpaq görmüş və gəmidəkilər sahilə çıxa bilmişlər. Nuh tufanı ilə bağlı əlamət və miflər Şimali Azərbaycan ərazilərində də geniş yayılmışdır: «Xalqımızın yaddaşında hələ çox qədim zamanlardan «Nuh peyğəmbər», «Nuh tufanı», «Nuh gəmisi» anlayışları var. İndinin özündə Naxçıvan ərazisində «Gəmiqaya» adlı bir dağ yad edilir. Bunlar çox söz deyir və bu məzmunun, bu təsəvvürün bizim üçün doğma olduğuna, məhz Şumer əcdadlarımızdan keçib gəldiyinə şübhə yeri qoymur...» (15; 146) El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağlarına verilən ad da Nuhla əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür. Son ümid Dik daşdır, oğlan çətinliklə Dik daşın üzərinə qalxır. Bir neçə gündən sonra su yatmağa başlayır. Bu zaman bir qoca oğlana yanaşır. Bu, Nuh babadır. O, oğlanı Dik daşın üzərindən endirir, onun sağ qalmasına təəccüb edir. Gəzdiyi yerlərdən yalnız burada canlıya, diriyə rast gəldiyi üçün qoca bu dağa «Diri» adı verir (diri - tir - yaşamaq, tiriq - canlı, diri sözləridir.10; 562) Nuhun gəmisi geri qayıdarkən qoca öz nəvəsi Sənəmi oğlana verir. Mazan böyüyüb güclü bir pəhləvan olur. Sənəmlə evlənir, oğul-uşaqları olur. Sonralar el sənətkarı Qurbani də bu nəsildən yaranır. Diri dağının döşündə Mazan nənənin qəbri indi də durur. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı saymışdır. (44; 214) Onu da qeyd edək ki, bu əfsanə ilə bağlı Dik daşın, nənənin çörək taxtası, kündələri və s.-in Diri dağının döşündə daşa dönmüş şəkildə qalmaqda olduğu barədə də əfsanələr vardır. Diri dağının ətəyində yerləşən balaca Xələfli kəndinin sakini Bilal Fərəc oğlu (özünü Qurbaninin nəslindən sayır) bu əfsanəni nəzmə çəkmişdir. Nümunə üçün bir neçə misrasını qeyd edirik: Möhtəşəm bir qaya vardır Diri dağın zirvəsində, O zirvədə qartallardı ucalığın zirvəsində. Bu, Dik daşdır, vüqarı var, bir igidi xatırladır... Diri dağ ətrafı qalın meşəlik, Meşədə heyvanlar, qayada kəklik... Meşəlik, qayalıq arasında kənd, Keçilməz qayalar bu kəndə bir bənd. Burda göy otlaqlar, dumduru sular, Burda meyvələrdən sanki bal damar. İlin gümrah vaxtı bahar ayıdır, İşə sübhdən gedən gecə qayıdır. Nuhun dövrü imiş bu vaxt, bu dövran, Fəlakət baş vermiş, qırılmış insan. Nuh tufanı adlı tufan başlamış, Sular ərşə qalxıb dağları aşmış... (45; 78) Nuhun gəmisinin qonşu Naxçıvan ərazisində daşqın zamanı bir sıra dağlara yan aldığı və Nuhun onlara Ağrıdağ, İnandağ, Kəmki, Gəmiqaya adlarını verdiyi barədə «Nuhun tufanı» adlı əfsanə də bu cəhətdən maraqlıdır. (bax: 16; 66-69) Daşqın haqqında hind əfsanəsi də vardır. Əfsanə e.ə. I əsrdə Vedaların kommentariyasında qeydə alınmışdır. Manu su götürüb əlini yumaq istərkən əlinə bir balıq düşür. Balıq deyir: «Məni böyüt, səni xilas edərəm». «Sən məni nədən xilas edəcəksən?» - deyə soruşduqda balıq cavab verir: «Bütün canlıları daşqın aparacaq, səni ondan xilas edərəm». Manu balığı böyüdür, dənizə atır. Balıq bir gəmi qayırıb daşqın, tufan günü gəmiyə girməyi tapşırır. Daşqın başlayır. Balıq gəlib gəmini yedəyinə alıb şimal dağlarına çatdırır, dağı göstərib deyir: «Budur, mən səni xilas etdim. İndi gəmini ağaca bağla ki, su səni aparmasın. Hələlik sən dağın başında olacaqsan. Su yatmağa başlayanda tədricən (aşağılara) düşə bilərsən». İndi həmin dağ «Manu enişi» adlanır. Daşqın bütün canlıları aparmış, yalnız Manu qalmışdır. (12; 382-383) («Mahabharata» - «Bharat nəslinin böyük döyüşü haqqında povest» 18 kitabdan, 90 min beytdən ibarətdir və e.ə. I minilliyin 2-ci yarısında bir neçə əsr ərzində yaranmışdır.) Şumer mətnləri çox rəngarəng məsələləri əhatə edir: inzibati aktlar (Ur, Uruk şəhərlərinin, III Ur sülaləsinin nəhəng arxivi, Nippur, Laqaş, Drehem və Coxa sənədləri), çar yazıları (xüsusilə Laqaş şəhərində tapılmış yazılar), ədəbi əsərlər - himnlər, ağılar, andlar, dualar, məhkəmə qanunları, məsəllər və miflər... Yaxşı cəhət budur ki, çar yazıları həm akkad, həm də şumer dilində yazılmışdır. «O dövrün zəngin ədəbiyyatı tam şəkildə bir xeyli informasiya vermək imkanına malikdir...» (11; 50) Bu cəhətdən Şumer qəhrəmanlıq dastanları xüsusi əhəmiyyətə malikdir. Qədim şumerlərin yaratdığı doqquz qəhrəmanlıq dastanı mə’lumdur. Bu dastanların çoxu qədim Azərbaycan dövləti Aratta ilə bağlıdır. Dastan qəhrəmanlarının bir qismi - En-Merkar, Luqalbanda və Bilqamıs tarixi şəxsiyyətlərdir. «Bilqamıs» dastanı sonralar yaranmış türk dastanları ilə sıx bağlıdır. Dastanın qəhrəmanının adı sonrakı türk dastanlarının bir sıra qəhrəmanlarının adları ilə eyni quruluşludur. Dastanın əsas qəhrəmanının adı müxtəlif variantlarda qeyd olunur: Bilqamıs/Bilgəmis/Bilqamış/Bilqameş və ya Gilqamıs /Gilqamış/ Gilqameş. Bu adla qədim türk qəhrəmanlarının adları - Alpamıs/Alpamış (özbəklərdə), Buğrancı oğlu İlalmış/İlalmıs, Tərsuzamış/Tərsuzamıs («Dədə Qorqud kitabı»nda) adları arasında oxşarlıq və ahəngdar səslənmə təsadüfi olmayıb, bu qəhrəmanların bir mə’nəvi telə bağlılığına, «qardaşlığına», bir ana kökdən çıxdığına, bir qaynaqdan gəldiyinə şahidlik edir. (15; 75) E.Əlibəyzadə yazır: «Təkcə «Bilqamıs» dastanında özünü göstərən başqa mə’nəvi keyfiyyətlər bir yana, üç mühüm amil - dil, el - dövlət (Uruk), inam (Tənqri/Tanrı) Şumer və müasir türk xalqlarının bir kökə bağlı olduğu fikrini söyləməyə əsas verir. Belə bir səsləşməni, beş min illik bir vaxtı, məsafəni keçib gələn və dəyişməyən üç mühüm mə’nəvi amili dünya xalqlarının heç birində tapmaq mümkün deyil». (15; 76) Dastanlardan biri «En-Merkar və Arattanın ali kahini» («En-Merkar i verxovnıy jreü Arattı») adlanır. Başqa dastanlara nisbətən bu dastan daha yaxşı qalmışdır. Dastanı Şumer dilindən S.N.Kramer tərcümə etmişdir. Dastanın əsas qəhrəmanı En-Merkardır. O, mifik qəhrəman sayılsa da, Şumerlərin çar siyahısında adı vardır. (11; 387; 12; 258-276) Dastanda Uruk hökmdarı ilə Aratta hökmdarı, Uruk şəhər dövləti ilə Aratta dövləti arasındakı münasibətlərdən bəhs edilir. Hadisələr e.ə. III minilliyin 1-ci yarısına aiddir. Uruk hökmdarı En-Merkar Arattanı özünə tabe etmək istəyir, bunun üçün ilahə İnannanın gücündən istifadə etməyə çalışır və ona müraciət edir: «...O zaman baş kahin, Zamuş ölkəsindən İnannanın işıqlı ürəyi ilə seçilmiş allah Utunun oğlu En-Merkar öz ağasına, mehriban hakimə, işıqlı İnannaya dua edir: «Mənim ağam İnanna, Uruk üçün (Arattanın adamları) qoy qızıl və gümüş işləyib hazırlasınlar, ...sənin yaşadığın işıqlı mənzil ziynətlənsin, onun içərisinə qurbanı mən gətirərəm! Aratta Uruka tabe olsun! Arattanın əhalisi öz dağlarının dağ daşını qoy gətirsinlər, qoy mənim üçün böyük mə’bəd tiksinlər, qoy böyük mə’bəd düzəltsinlər! Böyük mə’bədi, allahlar mə’bədini qoy işıqlı eləsinlər! Qoy Kulabada mənim ayinlərimi düzgün icra etsinlər!» (12; 269) Lakin Aratta hökmdarı (onun adı çəkilmir, en - ‘kahin-hökmdar’ adlandırılır) böyük ustalıqla ölkəsini müdafiə edir, En-Merkarla məsələni tarixdə ilk dəfə sülh yolu ilə həll edir, ona, onun ölkəsinə daş, lacivərd, qızıl, gümüş göndərir, əvəzində ondan taxıl alır. Bütün əlaqələr qasid vasitəsilə olur. Qasid «Qara dağı» aşır, yeddi dağı keçir, Aratta ölkəsinə gəlir və hökmdarının istəklərini Aratta kahininə çatdırır. Görünür, bu ölkələr əvvəllər yaxın qohumlar tərəfindən idarə olunan əyalətlər şəklində qurulmuş, daha güclü görünən bir mərkəzdən idarə olunmuşdur. İndi elə dövrdür ki, hər iki tərəf güclənmişdir, özlərini müstəqil dövlət kimi aparmaq istəyirlər. Lakin allahları yenə də birdir - Enlildir, İnannadır, İştardır... Ona görə də Uruk kahininin sifarişini eşitdikdə Arattanın baş kahini təəccüblənir və öz ağasına belə bir cavab aparmağı qasidə tapşırır: «Mən - ali kahin, (ilahə İnannanın) pak əli ilə tə’yin olunmuşam. Bütün əhalinin hökmdarı, müqəddəs İnanna Arattaya, pak mərasimlər ölkəsinə həqiqətdə məni gətirib. Arattanın qarşısındakı böyük dağlarda dəqiq şəkildə məni qapı qoyub. Aratta Uruka necə itaət edə bilər? Aratta Uruka itaət etməyəcək, de ona!»(12; 271) Onu da qeyd edək ki, Aratta hökmdarı «ali kahin» adlandırıldığı kimi, dastanda En-Merkar da ali kahin adlandırılır: «Ali kahin (yə’ni En-merkar) işıqlı İnannanı dinlədi». (12; 269) En-Merkar İnannaya dua etdikdən sonra İnanna ona məsləhətlər verir. Bu cəhət göstərir ki, Uruk və Aratta dövlətləri eyni tipli, eyni hüquqlu dövlətlərdir. Heç bir dastan yalnız uydurmalardan ibarət olmur, mütləq müəyyən tarixi izləri də mühafizə edib saxlayır. O cəhətdən bu dastanda maraqlı məsələlər vardır. Dastan çox aydın şəkildə uruklularla arattalıların bir kökdən olduqlarını, bir dildə danışdıqlarını göstərir. En-Merkar müdrik qasidi yenidən Aratta hökmdarının yanına göndərir və ona belə bir tapşırıq verir: «Böyük dağlardan keçib (Arattanın ali kahininə) tərəf get. Arattanın ali kahininə de və əlavə et: «...Nə vaxtsa ilan da yox idi, əqrəb də yox idi, goreşən də yox idi, şir də yox idi, it də yox idi, canavar da, qorxu da yox idi, dəhşət də, adamların rəqibi də yox idi. Həmin günlərdə şumerlərlə bir dildə danışan Şubur dağı və Hamazi vilayəti, böyük ən’ənələrin böyük dağları, hər bir şeyi olan Ur ölkəsi, təhlükəsizlikdə rahat ömür sürən Amurru ölkəsi - bütün əhali və Enlilə itaət edən bütün xalq bir dildə mədhiyyələr oxuyurdu». (12; 270) «Enlilə itaət edən bütün xalq» dedikdə Şumer əhalisi də, arattalılar da nəzərdə tutulur. Bu əsərdə Aratta əhalisi daim «pak mərasimlər ölkəsinin əhalisi» («lödi stranı çistıx obrədov») adlandırılır. Diqqət edilsə, dağ əhalisinin yerləşdiyi ərazidə Şubur dağı var. B-m keçidi ilə bu elə Şumer’dir. Y.B.Yusifov Arattanın indiki Cənubi Azərbaycan ərazisində yerləşdiyini və tarixdə izi qalmış ilk Azərbaycan dövləti olduğunu sübut etmişdir. Müəllif indiki Süleymaniyyə vilayətində Qaradağ yer adının qalmaqda olduğunu qeyd etməklə yanaşı, e.ə..VIII əsrdə II Sarqonun yeddi dağı aşıb, Aratta çayını keçib Mannaya daxil olduğunu göstərən qədim mənbə haqqında da mə’lumat vermişdir. Deməli, Aratta həm ölkənin, dövlətin adı, həm də indiki Cənubi Azərbaycan ərazisində çay adı olmuşdur. Y.B.Yusifovun belə bir mülahizəsi də var ki, ola bilər, II Sarqonla bağlı kitabədə abidə müəllifi «Aratta çayı» yox, sadəcə «Arattanın çayı» demək istəmişdir. (7; 125-127) Maraqlı cəhətdir ki, ətrafında o qədər şəhər dövlətləri ola-ola, En-Merkar nə üçün nisbətən aralıda yerləşən, yeddi dağ aşaraq mə’bəd tikintisi üçün ustalar gətirtməyə, daş gətirtməyə, mis, qızıl, gümüş gətirtməyə çalışdığı Arattaya müraciət edir? Həm də dastanda Arattaya hüsn-rəğbət var, ilahə İnanna onu daim qoruyur, Aratta hakimi hazırcavablığı və müdrikliyi ilə seçilir. Elə bil, bu dastan uruklular tərəfindən deyil, arattalılar tərəfindən yaradılmışdır. Hər halda, Uruk dövləti güclənmiş olsa da, Arattanı özündən asılı vəziyyətə salmağa çalışsa da, razılaşma və xoş münasibət aydın görünür. Bunlar göstərir ki, uruklularla arattalılar arasında etnogenetik əlaqələr, qohumluq əlaqələri vardır. En-Merkarın göndərdiyi qasid Aratta hökmdarına öz hökmdarının (En-Merkarın) sifarişini çatdırarkən «Sənin atan, mənim ağam məni sənin yanına göndərdi» (12; 270) deyir. Yaxud başqa bir dastanda Aratta hökmdarı En-Merkarı özünün böyük qardaşı sayır, bir ananın övladı olduqlarını bildirir: «Ana bətnində belə mən sənə tay deyildim»- deyir. Aratta və Uruk dövlətlərini əlaqələndirən bu dastandan bu cür xoş bir təəssürat qazanmaq olur. Digər bir şumer dastanı «Uruk və Aratta» adlandırılmışdır. Bu ad dastanın məzmunundan doğur. Aratta hökmdarı En-Sukuşsiranna Uruk hökmdarı En-Merkardan tələb edir ki, onun hakimiyyətini tanısın və ilahə İnannanın Arattaya köçürülməsinə imkan versin. En-Merkar Arattanın Uruka tabe olmalı olduğunu və allahların iradəsi ilə İnannanın Urukda qalacağını (söhbət İnannanın heykəlindən gedir) bildirir. Aratta hökmdarı öz köməkçisi kahin Ur-Qirnunnanı Uruku tabe etməyə göndərir. Kahin Uruka gəlib müqəddəs pəyəyə girir, inək və keçini dilə tutur ki, süd və qaymaq verməsinlər. Bunun nəticəsində Uruk pis vəziyyətə düşür. Bu zaman Nidaba ilahəsinin iki çobanı Aratta maşmaşı (vəziri) Ur-Qirnunnanı tutub öldürür. Aratta hökmdarı məcbur olub En-Merkarın yanına elçi göndərir və bu sözləri çatdırmağı tapşırır: «Ey sən, İnannanın istəklisi, təkcə sən şöhrətə layiqsən. ...Aşağı torpaqlardan yuxarıya kimi sən yeganə hökmdarsan, mən isə sənin arxanca gedirəm. Ana bətnində belə mən sənə tay deyildim, sən mənim böyük qardaşımsan (fərqləndirmələr bizimdir - Q.K.) Mən heç bir zaman sənə tay ola bilmərəm». Beləliklə, Aratta Urukdan asılı vəziyyətə düşür. Lakin bu asılılıq nisbi xarakterdə olub, daha çox dostluq, qardaşlıq əlaqələrinə əsaslanır. Dastandan aydın olur ki, Uruk və Aratta hakimləri qardaş olmuşlar, bir qarından doğulmuşlar. Və həm də Urukdan Arattaya qədər («aşağı torpaqlardan yuxarıya kimi») qardaş tayfanın ixtiyarında olmuş, lakin onlardan bu və ya digəri gücləndikcə qoruyucu ilahəni - İnannanı öz şəhərinə, öz ölkəsinə aparmağa çalışmış, öz üstünlüyünü o birinə tanıtmaq istəmişdir. Hər iki dastanda urukluların üstünlüyü nəzərə çarpır. Şumer mədəniyyətinin üstün mövqeyi, oradakı inkişaf Uruk və Aratta münasibətlərində özünü bu cür göstərir: Üçüncü dastan - «Luqalbanda və En-Merkar» dastanı Aratta ilə Urukun yaxınlıq, qohumluq əlaqələrini daha aydın göstərir. Dastandan aydın olur ki, indi Aratta ilahə İnannanın məskənidir. Urukun vəziyyəti isə pisdir. Martu (sami) tayfaları Uruku mühasirə etmişlər. En-Merkar uzaq səfərdən İmduqud quşunun köməyi ilə Uruka qayıdan Luqalbandanı Arattaya göndərir ki, İnannanı xəbərdar etsin və arattalılar köməyə gəlsinlər. Luqalbanda yeddi dağ aşaraq Arattaya çatır. Vəziyyəti ilahə İnannaya söyləyir. İnanna Uruku xilas etmək üçün məsləhətlər verir. Bu dastanda Aratta Urukun dar gündə köməyinə gələn müttəfiqi, yaxını, dostu kimi təsvir edilmişdir. «Luqalbanda və Hurrum» adlanan dördüncü dastanda En-Merkar Arattaya yürüş etmək istəyir. Lakin Hurrum ölkəsində (Aratta ilə Elam arasında) Luqalbanda xəstələnir. Onu ölmüş bilib Hurrum dağında qoyurlar. Luqalbanda iki gündən sonra allahların (Utu, İnanna, Sin) verdiyi «həyat yemi»,» həyat suyu» ilə sağalır. Dastanın ardı pozulmuş olduğundan səfərin sonu bilinmir. Qalan dastanlar Uruk və Kiş şəhər dövlətləri arasındakı mübarizədən («Gilqameş və Ata») və Uruk hökmdarı Gilqameşin macəralarından bəhs edən «Gilqameş» dastanlarıdır. Tarixçilər özləri də e’tiraf edirlər ki, «Şumer dastanlarında heç bir ölkəyə Aratta qədər diqqət yetirilməmişdir. Şumerlər bu ölkə ilə yaxından təmasda olmuşlar». (7; 129) Lakin biz bu qənaətdəyik ki, şumerlər Arattanı özlərininki saymış, öz qardaşları hesab etmişlər. Şəhər dövlətləri (Uruk və Aratta) arasında dostluq, yaxınlıq, qardaşlıq münasibətləri ilə yanaşı, bu və ya digər dövlətin üstünlük iddiası ilə əlaqədar narazılıqlar da olmuşdur. Bütün bunlar ən qədim dövrlərdə Şumerin Arattadan ayrıldığını bir daha təsdiq edir. Aratta sakinlərindən fərqli olaraq, şumerlərin gəlmə olduqları və Azərbaycan ərazilərindən İkiçayarasına endikləri mə’lumdur. Son dövrlərdə qəbul edilmiş əsas fikir bundan ibarətdir ki, şumerlər İkiçayarasına Zaqroş zonasından - Arattadan keçmişlər: (bax: 1; 115) Arattalılarla şumerlərin qohumluğunu göstərən bir cəhət də onların eyni allahlara sitayiş etmələridir. Şumer allahı Dumuzi Arattaya da himayədarlıq edir. Şumerlərə məxsus bərəkət və məhəbbət ilahəsi İnanna (akkadlarda İştar) Arattanın da bərəkət və məhəbbət ilahəsidir. Urukun baş kahini En-Merkar İnannaya üz tutaraq arattalıların daş, ağac gətirərək Urukda parlaq bir mə’bəd tikmələrini, qızıl-gümüşlə bəzəmələrini arzulayır - İnanna orada əbədi rahatlıq tapsın. İnannanın heykəli Aratta mə’bədində də var. Aratta İnannanın da doğma evi hesab olunur. İnanna həm də «müdrik dağ xanımı» adlandırılır. Bunlar bir daha göstərir ki, şumerlərin əvvəlki məskəni dağlar olmuş, onlar İkiçayarasına dağlardan enmişlər. İnanna En-Merkara Arattaya qasid göndərməyi məsləhət görür. «Qoy qasid Suzdan, Anşandan keçsin, parıltılı dağları qalxsın, parıltılı dağları ensin, Arattanın baş kahininin yanına getsin». Qasid iki dövlət arasında geniş əlaqələr yaradır, axırda En-Merkar özü Arattaya gəlir. Şumer heyvandarlıq allahı, İnannanın sevgilisi Dumuzi (Tammuz) Arattanı da himayə edir və s. Beləliklə, şumer dastanları Şumer - Aratta qohumluğunu sübut edir. Bunun özü də böyük mənbədir. Lakin, şübhəsiz, bu iki xalqın dil qohumluğunun sübutu üçün yazılı materialların tədqiqi vacibdir. Bunun üçün şumer mixi yazılarının xüsusiyyətləri və oxunma vəziyyəti barədə mə’lumat almaq faydalı olardı. II fəsil - Mixi yazıların oxunması İnsanlar hələ neolit dövründən piktoqramlar - şəkli yazılar vasitəsilə öz fikirlərinin ifadəsinə çalışmışlar. Lakin piktoqramlarla yalnız fikrin mahiyyətini çatdırmaq mümkün idi, mürəkkəb fikirlərin dəqiq ifadəsi çətin idi, çünki piktoqramlarda dilin lüğət tərkibi və qrammatik quruluşu fəaliyyətdə deyildi. Ona görə də tədricən hər biri konkret bir anlayışın ifadəçisinə çevrilmiş ideoqramlar yaranmışdır. E.ə. 3200-3100-cü illərə aid çoxlu şumer ideoqramları tapılmışdır. Lakin bu cür yazı forması da rabitəli nitqi ifadə edə bilmirdi. Ona görə də ideoqramlardan loqoqramlara və sonra da fonoqramlara keçilməsi lazım gəlmişdir. Tədricən qrammatik formantların fonetik işarələrlə verilməsi güclənmişdir. «Ardıcıl olaraq qrammatik formantların verilməsi üçün fonetik işarələrin sayı artır və təqribən 2500-cü ildən (Laqaşda Eannatumun hakimiyyəti dövründən), demək olar ki, bütün qrammatik formalar və köməkçi sözlər söz sırası və qrammatik göstəricilərə əməl olunmaqla canlı dilə uyğun şəkildə ifadə edilir. Ancaq bu zaman mə’lumatların qrafik verilməsi həqiqi mə’nada yazı şəkli alır...» (9; 41-42) Bu cür yazı növü loqoqrafik-sillabik (söz-heca) yazı növü adlanır və daha e’tibarlı olub, istənilən mətnin düzgün verilməsinə kömək edir. Şumer dili tədqiqatçılar tərəfindən bir neçə inkişaf mərhələsinə ayrılır. İ.M.Dyakonov dövrləşdirməni aşağıdakı şəkildə aparmışdır: Arxaik dövr - e.ə.2800-2500-cü illər; Qədim şumer dili dövrü - e.ə.2500-2300-cü illər; Şumer dilinin keçid dövrü - e.ə.2300-2200-cü illər; Yeni şumer dili dövrü - e.ə.2200-2000-ci illər; Sonrakı şumer dili dövrü - e.ə.2000-ci ildən canlı şumer dilinin sonunadək olan dövr. E.ə.1600-cü ildən sonrakı dövr isə şumerdən sonrakı dövr hesab olunur. Şumer dili eramızın I əsrinədək elm və din dili kimi işlədilmişdir.(9; 44-46) İ.T.Kaneva tərəfindən bu dövrlər bir qədər də dəqiqləşdirilmiş, yazının və Şumer mətnlərinin xarakteristikası verilmişdir: 1.Arxaik dövr (piktoqrafiya dövrü, qrammatik morfemlər qrafik ifadəsini tapmır. İşarələrin sırası yazıda onların oxunuşuna uyğun gəlmir) - protoyazı dövrü -e.ə.3000-2750-ci illər; bu dövrdə Şumer dili danışıq dili və rəsmi dil olmuşdur; bu dövrə aid təsərrüfat, hüquq və məktəb mətnləri qalmışdır; 2.Qədim şumer dili dövrü (vacib qrammatik morfemlərin qrafik işarələri müşahidə olunur; Eannatumun hakimiyyətinə qədər (e.ə.2400-cü il) yazıda işarələrin sırası onların oxunuşuna uyğun gəlməyə bilir) - ilkin sülalələr dövrü - e.ə. 2750-2315-ci illər; Şumer dili danışıq dili və rəsmi dil kimi işlənmişdir; təsərrüfat, hüquq, tikinti mətnləri, şahlara həsr olunmuş mətnlər və ədəbi əsərlər qalmışdır; 3.Keçid dövrü - Akkad sülaləsi dövrü - e.ə.2315-2200-cü illər; şumer dili akkad dili ilə yanaşı, danışıq və rəsmi dil kimi işlənmişdir (məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda); təsərrüfat və çar yazıları (çar yazıları çox vaxt iki dildə - akkad və şumer dillərindədir); 4.Yeni şumer dili dövrü (yazılı mətn demək olar ki, bütün qrammatik morfemləri əks etdirir və canlı nitq axınına uyğun gəlir) - II Laqaş sülaləsi (e.ə.2136-2104-cü illər), III Ur sülaləsi (e.ə. 2100-2000-ci illər) dövrləri; şumer dili məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda rəsmi dil kimi işlənmişdir; saysız təsərrüfat yazıları, hüquq mətnləri, qanunlar, çar yazıları, ədəbi yazılar və s. qalmışdır; 5.Daha gec yaranmış şumer mətnləri (mətnlər demək olar ki, nitqi tam əks etdirir; leksika və qrammatikada akkad dili tə’siri və qrammatik qüsurlar müşahidə olunur); I İssin sülaləsi (e.ə.2017 - 1794-cü illər), Larsa sülaləsi (e.ə.2025 - 1763-cü illər), I Babil sülaləsi (e.ə.1894-1749-cu illər) dövrləri; şumer dili yalnız məktəblərdə öyrənilir; ikidilli çar yazıları, şumer-akkad lüğətləri, leksik, qrammatik və terminoloji sorğular, əvvəlki dövrlərdə yaranmış ədəbi əsərlərin kopiyaları, üz köçürmələri və bu dövrdə yaranan ədəbi əsərlər, çar himnləri, akkad hüquq mətnlərində çoxlu şumer sözləri və s.; 6. Şumerlərdən sonrakı dövr mənbələri (qrammatik səhvlər çox olduğundan bu mətnlər şumer dilinin qrammatikasını öyrənmək üçün əlverişli sayılmır) - e.ə.1749 - e.ə.II əsrlər; Şumer dili yalnız məktəblərdə öyrənilir; əvvəlki dövrlərdə yazılmış mətnlərin kopiyaları; təhrif olunmuş şumer dilində orijinal mətnlər (ağılar, andlar, çar yazıları, məsəllər, akkad dilində şumer ifadə və sözləri və s.). (8; 13-14) Ön Asiyanın qədim dilləri, xüsusilə qədim şumer yazıları bəşərin uzaq keçmişi, neçə min il əvvəlki inkişaf səviyyəsi barədə misilsiz mə’lumat verir, bizi 5-6 min il əvvəlki əcdadlarımızla qovuşdurur. İ.M.Dyakonov yazır: «Qədim Ön Asiyanın dilləri yalnız dünyanın ilk sivilizasiyası olmaq e’tibarilə maraq doğurmur, belə bir sivilizasiya dilçi üçün həm də ona görə böyük maraq doğurur ki, bu ən qədim sivilizasiyanın yazılı abidələri bəşərin bütün sosial və mədəni inkişafının əsasını qoymuşdur, bizə ən qədim dövrlərdən başlayaraq bir neçə min il müddətində hərəkətdə olan fakt mühafizə edib saxlamışdır. Bu faktlar bizə dilin inkişafını bu inkişafın qısa kəsiyində deyil, uzunmüddətli inkişafı ərzində öyrənməyə imkan verir.» (9; 7) Uruk mədəniyyətinin son mərhələsi (IV minilliyin sonu, III minilliyin əvvəli) protoyazı dövrü sayılır. Gil lövhələr üzərində bu dövrə aid çoxlu yazı tapılmışdır. Bunlar piktoqramlardan (şəkli yazıdan) ibarətdir. Piktoqramları Uruk sakinləri yaratmışlar. 1853-cü ildə Qoyuncuq adlanan ərazidə aparılan qazıntı zamanı Assur hökmdarı Aşşurbanipalın saray kitabxanası aşkar edilmişdir. Kitabxanada mixi yazı ilə 25 mindən artıq kitabə meydana çıxarılmışdır. Bunlar şumerlər, babillilər və assurlar tərəfindən hazırlanmışdır. Gilqameş dastanının bir hissəsi burada, bir hissəsi Nineviyada tapılmışdır.1850-ci illərdə Xorsabat qazıntıları zamanı Assur hökmdarlarının siyahısı tapılmışdır. 1854-cü ildə Ur şəhərinin axtarışları zamanı Qatran-təpə yaxınlığında yeni şumer kitabələri aşkar edilmişdir. 1877-1900-cü illərdə Fransanın Bəsrədəki səfiri Ernest de-Sarzek Laqaş qazıntıları zamanı 30 minə qədər mixi kitabə meydana çıxarmışdır. Suriya, Türkiyə, İran, Misir ərazilərindən də qədim mixi yazılar tapılmışdır. Nineviyadan 25 mindən çox, Arraphadan 4 min, Şuşarradan 150, Aşşurdan 700, Nippurdan 720, Babil, Borsippa, Sippar və s.-dən 10 min, Maridən 20 min, başqa yerlərdən yüzlərlə sənəd tapılmışdır. (7; 58-60) Təkcə Moskvanın A.S.Puşkin muzeyində 2000-dən artıq mixi yazı lövhəsi saxlanılır. (17; 11) Şumer yazıları təsərrüfata aid sənədlərdən, dövlət sənədlərindən və daha çox bədii ədəbiyyatdan ibarətdir. Bu yazılar içərisində himn və ağlaşmalar, qəhrəmanlıq dastanları, maraqlı hekayələr, zərb-məsəllər, hikmətlər, məktəb hekayələri, elmi biliklərə dair yazılar və s. vardır. Qədim Şərq ölkələri tarixinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanmışdır. Bu sahədə ilk ciddi əsər XIX əsrin sonunda fransız alimi Q.Maspero tərəfindən yazılmışdır. Eduard Meyerin «Qədim tarix» (1895), rus şərqşünası B.A. Turayevin «Qədim Şərq tarixi», V.V.Struvenin «Qədim Şərq tarixinin qısa kursu» (1934), V.İ.Avdiyevin «Qədim Şərq tarixi» (1948) dərsliyi və b. əsərlər arxeoloji qazıntı materialları və digər mənbələr əsasında, mixi yazıların oxunmuş mətnləri əsasında Qədim Şərq haqqında mə’lumatı tədricən genişləndirmiş və dərinləşdirmişdir. V.İ.Kuzişşinin redaktəsi altında 1979-cu ildə çap olunmuş «Qədim Şərq tarixi» dərsliyində qədim Şərq xalqlarının tarixi dövrləşdirilmiş, üç mərhələyə ayrılmışdır: birinci mərhələ - e.ə.IV minilliyin sonu və III minilliyi; ikinci mərhələ: e.ə. II minillik və birinci minilliyin əvvəli; üçüncü mərhələ: e.ə. I minilliyin ortasından eramızın I minilliyinin ortasına qədərki dövrü əhatə edir. Bu cür başqa bölgülər də vardır. Mixi yazıların oxunması üçdilli (qədim fars, babil və elam dillərində) Bisütun yazılarının oxunması ilə mümkün olmuşdur. Əvvəlcə XIX əsrin 30-cu illərində (1837) H.Raulinson qədim fars mixi yazılarını oxuya bilmişdir. Bundan sonra o, Babil dilində olan mətni oxumağa başlamışdır. Bisütun yazısının elam mətnini 1855-ci ildə K.E.Norris oxuya bilmişdir. Mə’lum olmuşdur ki, qədim fars mixi yazısı 40, elam - 111, babil - 600 işarədən ibarətdir. Və yenə mə’lum olmuşdur ki, mixi yazılar bütöv mə’naya malik işarələrdən, hecayi yazıdan və fonetik yazıdan ibarət olmaqla üç cürdür. (7; 66-68) 1857-ci ildə mixi yazını oxuyanlar - E.Hinks, H.Raulinson, Y.Oppert, F.Talbot birlikdə özlərini sınamış və hamısının eyni mətni ayrılıqda düzgün oxuduğu mə’lum olmuşdur. Bu da təsdiq olundu ki, mixi yazıları ilk dəfə tətbiq edən xalq şumerlər olmuşdur. Bundan sonra dünyanın görkəmli şumerşünasları şumer dilinin hansı dil ailəsinə məxsus olduğu barədə fikir söyləməyə başlamışlar. Alman alimi Q.Vinkler, fransız alimi E.Reklü, rus alimi L.Reder, türk alimi Ahmet Cavat şumer dilinin türk-turan dillərindən olduğunu söyləmişlər. Q.Vinkler yazmışdır: «Bizə çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın bu ilk dili barəsində bizdə müəyyən fikir yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir». (18; 6-7) E.Reklü: «...assuroloqlar... təəccüb içində gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və sami dillərinə xas olan cizgilər qətiyyən yoxdur, əksinə, Turan və Ural-Altay dilləri ilə bir qohumluq vardır. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dillər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına görə tamamilə başqa dildir».(19; 466) L.Reder: «Şumerlərin dili ayrıca bir dildir. ...Yalnız onu qəti demək olar ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər.» (20; 150) Ahmet Cavat: «Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mö’təbər əsər nəşr etdirən Voolley şumerlərin morfoloji cəhətdən «əski türkcəyə bənzər» bir dildə danışdıqlarını qəbul edir.» «Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü subut ikidir: 1) dil sübutu; 2) geoloji və arxeoloji sübut». (21; 10,58-59) Şumer mətnləri üzərində uzun müşahidələr aparan, onların türk dili əsasında oxusu sahəsində inandırıcı uğurlar əldə edən T.V.Nüvədili yazır: «O ki qaldı şumer dilinin Azəri Türküsü olması faktına, bu, Mütləq həqiqətdir! Aksiomadır!» Hətta müəllifin fikrincə, bu dilə vaxtilə «şumer» yox, «türk dili» deyilib: «Gördüyünüz kimi, bütün Kitab (müəllif özünün «Əcdad» kitabını nəzərdə tutur - Q.K.) isbat edir ki, Şumer deyilən dil olmayıb tarixdə. Vaxtilə «Bu, türk dilidir!» deyib duran azman alimlərin səsi sonradan yəhudi mənşəli alimlərin (xüsusilə Amerika alimi Noy Samuel Kramerin) bütün cidd-cəhdləri ilə tam batırıldı. Səmt azdırıldı. Çünki gil yazılar açılmamışdan öncə dünya elmi ictimai fikrində onların mütləq Assur, Yəhudi kitabələri olduğu ideyası mövcud idi. Dahi fransız Yulies Oppert buna son zərbə endirdi! Odur ki u dil sonradan qəsdən «ölüləşdirildi» və yeni «lüğəti» yaradıldı. Lakin Şumer dili təmiz Azəri türküsüdür!» (22; 24,409) Mixi yazılardan üç min ilə qədər istifadə edilmiş, yeni minilliyin başlanğıcında bu yazı növü sıradan çıxmışdır. Mixi kitabələri çoxdur. Lakin bunların hamısının oxunması mümkün olmamışdır. Tədqiqatçıların fikrinə görə, mixi yazılar düzgün transliterasiya edilir, lakin onların mə’nalandırılmasına həmişə inanmaq olmur. Akkad, babil dillərində olan mixi yazıların varisi olduğu üçün onları əsasən düzgün oxumuşlar. Lakin şumer yazılarının «varisi bilinmədiyi» üçün şumer mətnlərini istədikləri kimi oxumuşlar. Əlifbanın özünün də çətinlikləri çoxdur. Eyni bir işarənin bir neçə cür oxunduğu mə’lumdur. Məsələn, «ayaq» mə’nasını daşıyan işarənin du, qin, qub, qup, ra, tum şəkillərində; «dağ» mə’nasını daşıyan işarənin kur, mat, şad, qin, şat, pat, lad, lat hecaları ilə oxunuşları olduğu söylənilir; «sol əl» işarəsi kab, kal, qub, qul, xub, xul kimi oxunmuşdur və s. Eyni əşyanın təsviri müxtəlif mə’nalarda başa düşülmüşdür; məsələn, ‘göz’ün təsviri təkcə göz yox, üz, ön, ön tərəf, keçmiş (əvvəlki) mə’nalarında; iki balaca, bir böyük şaquli ox su ilə yanaşı, oğul mə’nasında başa düşülmüşdür. Bu və ya digər bir mətndə bu işarə gah «a» saitini, gah şumer dilində «su» sözünü (akkad dilində «mu» sözünü), gah da «oğul» sözünü bildirmişdir.(1; 135-136) Y.Yusifov şumer mətnlərinin oxunması ilə bağlı çətinliklər barədə yazmışdır: «Davamı müasir dillərdə təmsil olunmuş və mixi işarələrlə yazılmış qədim dillər (akkad sami dili, het Hind-Avropa dili, qədim fars dili) müəyyən müşküllüyə baxmayaraq, oxundu və başa düşüldü. Lakin şumer və müasir dillərdə davamı (qohumluğu) olmayan, yaxud müəyyən edilməyən başqa dillərin mixi yazı növü əsasında oxunulub dərk edilməsi bir çox hallarda şərti xüsusiyyət daşıyır. Şumer mətnlərində işlənmiş mixi işarələrin bir çoxu başqa mə’nada da oxunula bilər. Təəssüf ki, hələlik belə bir vacib araşdırma aparılmamışdır. Bəlkə bu istiqamətdə aparılan tədqiqatlar qədim mixi yazılı dillərin müasir dillərlə qohumluğunu bildirən yeni mühakimələr ortaya çıxara bilərdi». (7; 123) «Cavan və şux Avropa öz fındıq burnunu qırışdıraraq vaqonun pəncərəsindən axsaq və donqar Asiya qarısını təkəbbürlə seyr edir. Tarixdə bir qırpım olan bu vəziyyət onların hər ikisinə əbədi və əzəli görünür. Cavan, özünəvurğun Avropa ağlına belə gətirmir ki, indi seyr etdiyi bu üzüqırış küp qarısı vaxtilə ipə-sapa yatmayan, məğrur, cəsur bir gözəl olub. Onun şaqraq səsini qədim Ellada və Misir müdrikləri dinləyib». (23; 169) N.Y.Marr yazırdı: «Elmi baxış - bu, aydındır, bəs onda «siyasəti», bəli, məhz «siyasəti» necə başa düşək? Mən bilmirdim ki, alim ən əvvəl strateq, siyasətbaz, diplomat və yalnız bütün bunlardan sonra alim olmalıdır; yə’ni müəyyən sosial biliklərin yaradıcısı və daşıyıcısı, yenilik havası ilə şüurları oyadan, bilikləri vicdanla şərh edən bir şəxs olmalıdır ki, onun da bir borcu var: mövcud biliklərimiz çərçivəsində ya lap əvvəllərdə bilinən, lakin hətta alimlərə də bəlli olmayan, ya da lap indicə mə’lum olan şeylər barədə utanıb-çəkinmədən danışmaq». (24; 144) Bu sitatları verməkdə məqsədimiz aşkar görünənin siyasətin qurbanı olduğunu göstərməkdir. Şumer mətnləri üzərində az-çox əməliyyat aparan alimlərin türk dillərini şumerin varisi hesab etmələrinə baxmayaraq, hindavropa kökünə əsaslananlar və bir sıra yəhudi alimləri şumeri varissizləşdirmək uğrunda əllərindən gələni əsirgəmirlər. Dediyimiz kimi, şumer yazılarının transliterasiyası alimləri tə’min etsə də, yazıların mə’nalandırılması qənaətbəxş sayılmır. Eyni mətnləri tamamilə başqa cür oxuyanlar da vardır. Bu cəhətdən Tariyel Vəli Nüvədilinin «Əcdad» kitabında maraqlı faktlarla rastlaşmaq olur. Tariyel Vəli Nüvədilinin «Əcdad» kitabı (Sietl,VA, ABŞ, 1997, 472 səh.) - dörd dildə - azəri (Azərbaycan), türk (Türkiyə türkcəsi), rus və ingilis dillərindədir. Müəllif müxtəlif mənbələrdən götürdüyü şumer mətnlərini özünəqədərki dövrdə edilmiş tərcümələrdən tamamilə fərqli şəkildə, türk-azəri dili zəminində izah etmişdir. Yalnız həqiqi şumer mətnləri sayılan mətnləri deyil, alimlərin akkad mənşəli hesab etdikləri bir sıra mətnləri də türk dili zəminində izah etməyə çalışmışdır. Bu əsərdə azəri dilinə tərcümələrlə yanaşı, rus dilinə tərcümələr də maraq doğurur, ona görə ki bə’zən müəllif şumer mətninin ümumiləşmiş mə’nasını rus dilində daha səlis ifadə etmişdir. İngilis dilinə tərcümələr əlavə izahatları nəzərdən keçirmək və ümumən bu dildə tərcümənin necə alındığını yoxlamaq baxımından maraq doğurur. Müəllifin əsas məqsədi isə böyük zəhmətlə bir neçə dildə hazırladığı bu kitabı və öz fikirlərini dünyanın aparıcı xalqlarına öz dillərində çatdırmaq olmuşdur. Tariyel Vəlinin «yeni tərcüməsi» dedikdə onu nəzərdə tuturuq ki, o mətnləri Tariyeldən əvvəl də oxumuşlar. Lakin Tariyel bunları tamamilə başqa məzmunda tərcümə etmişdir və bu məzmunla əvvəlki tərcümələrin məzmunu arasında, müəllifin öz dediyinə görə, heç bir uyğunluq yoxdur. Şumer mətnlərinin ilk oxucu-tərcüməçiləri onları varisi bilinməyən bir dilin mətnləri kimi oxumuşlar. Tariyel Vəli isə mətnləri qədim türk dili zəminində izah etmişdir. Bə’zən tərcümələr qədim türk formasından çox müasir dilə uyğun gəlir. Müəllif şumer və akkad mətnlərinə fərq qoymamış, bunların hamısını türk mətnləri kimi izah etmişdir. Bu bir həqiqətdir ki, gil lövhələrin ilk oxucuları bə’zən sözlərin sərhədini düzgün müəyyən edə bilməmiş, ya sözü parçalamış, ya da yanaşı sözləri birləşdirmişlər. Ona görə də T.V.Nüvədili ilk növbədə sözlərin sərhədini müəyyənləşdirməyə çalışmış, bundan sonra semantik araşdırmalar aparmışdır. Bu, çox çətin əməliyyatdır, bə’zən müasirləşdirməyə də səbəb olmuşdur. Lakin ümumilikdə bu cür araşdırmalar müsbət nəticələr verməkdədir. Kitabın mühüm bir qüsuru ondan ibarətdir ki, müəllif özündən əvvəlki tərcümələri verməmişdir. İlkin tərcümələr oxucunun əlində olmadığından müqayisələr aparmaq qeyri-mümkündür. Tərcümə olunan mətnin gil lövhədəki fotofaksimili də çox vacib idi. Müəllif bir neçə dildə tərcüməyə zəhmət çəkməkdənsə, imkan daxilində fotofaksimili və mətnin ilkin tərcümələrini əsərə daxil etmiş olsa idi, oxucunu daha çox inandıra bilərdi. Müəllifin fikri aydındır, bildirir ki, mətnlər bütün hallarda düzgün transliterasiya edilmişdir, lakin mə’nalandırma düzgün deyildir. Odur ki bu yeni tərcümədə söz sərhədləri dəyişir, həm də əksəriyyət e’tibarilə dəyişir. Orijinalın verilməsi ilkin tərcümələrdə təbii və şüurlu sapmaları daha aydın üzə çıxara bilərdi. Buna heç bir şübhə yoxdur ki, T.V.Nüvədili son dərəcə böyük zəhmət çəkmiş, üzüntülü axtarışlar aparmışdır. Qədim lüğətlərdən neçə-neçə sözün mə’nasını öyrənməli olmuşdur. Bu, təkcə vətənpərvərlik işi deyil, bəşər mədəniyyətinin keçdiyi yolu düzgün işıqlandırmaq istəyi baxımından da əhəmiyyətlidir və böyük tarixi-mədəni xidmət istiqamətində görülən işdir. Bu cür tədqiq və araşdırmalar yaxşı niyyətlərin köməyi ilə davam və inkişaf etdirilərsə, düzgün istiqamətin havadarları çoxalarsa, bəşər tarixi yenidən yazılmalı və yaradılmalı olardı. Ona görə də tarixçilər, şərqşünas alimlər bu işə son dərəcə ciddi yanaşmalı, tədqiqatı məs’uliyyətlə davam etdirməlidirlər. Belə bir problemə həvəskar sə’yi ilə diqqət yetirmək arzuolunmazdır. Bu sahədə məktəb yaratmaq, gənc elmi işçiləri cəlb etmək, vəsait ayırmaq, dövlət qayğısı göstərmək vacibdir. Əgər mədəniyyət tariximiz üçün yeni və parlaq səhifə açılırsa, üstündə durub açmaq lazımdır. Həqiqi dövlət başçısı-vətəndaş qayğısı olmayınca biz tariximizi əməlli öyrənə bilməyəcəyik. III minillikdə şumerlərin dili həmin ərazidə - Mesopotamiyada rəsmi dil olmuş, e.ə.I minilliyin sonlarına - II-I əsrlərə qədər bu dildən elm və din dili kimi istifadə edilmişdir. İmkan dairəsində lap bu son məqamlara - e.ə.II-I əsrlərə aid dini və elmi-mədəni mətnlər əldə edilib öyrənilərsə, bu dil «Dədə Qorqud»un və ya qədim türk abidələrinin dilinə yaxın olmalıdır. Tarixçilər belə mətnlərin olduğunu qeyd etmişlər (lakin bu cür mətnlərin qüsurlu olduğunu deyib yan keçirlər, bəlkə də qüsurları aşkar türklüyüdür). Çətinlik orasındadır ki, şumer mətnləri, onların faksimili bizim kitabxanalarda yoxdur. Bəşəriyyət öz keçmişinə səhlənkar yanaşır. Alimlər mətnləri yer altından üzə çıxarmış, min bir əzabla ilkin şərhini vermişlər, lakin bunlar küll halında insanlara çatdırılmamışdır. Bəşəriyyət keçmişi öyrənmək əvəzinə, hələ də uçurub-dağıtmaqla, yandırıb-yaxmaqla, qırıb-tökməklə məşğuldur. Xristian - müsəlman münaqişələri baş alıb gedir. İri dövlətlər kiçik dövlətləri məngənədə sıxır, qanını sormağa çalışır. Bütün xalqlar, bütün dinlər, bütün dillər bir kökdən olduğu halda, insanlar bir-birinə qənim kəsilib, «ali irq» düşüncələri ilə bəşər sivilizasiyasına ləkə gətirir, vəhşilik dövrünün yeni ərazi iddiaları ilə yaşayır. Şumerlərin türk varislərini e’tiraf etməmək də həmin daxili naqisliyin nəticəsidir. Görünür, insanın ağıllanması, kamilləşməsi üçün hələ bir neçə min il də lazımdır. Hiss olunur ki, T.V.Nüvədili şumer mətnləri ilə məşğul olduğu müddətdə saysız ədəbiyyat nəzərdən keçirməli olmuş, dünya mədəniyyətinin inkişaf yolu barədə zəngin biliklər qazanmışdır və bu bilikləri oxucu ilə paylaşmaq istəyir. Lakin müxtəlif dilli mətnlərə fərq qoymaması, Yer üzünü yalnız türk kökü ilə bağlamaq istəyi, şumerin mövcud olduğu dövrdə artıq protodillərin çoxdan parçalanmış olduğunu nəzərə almaması oxucunu az inandırır. Nüvədilinin fikrincə, ulu babalarımız şumerlərin Enlil İsmə Dağan kimi böyük filosof, astronom və şairləri, Hun qızı Bida və Bikə adlı şairələri, Şəmsi Ədəd Abi kimi görkəmli salnaməçiləri olmuşdur. Müəllif şumerləri qəti inamla türk-azərilərin əcdadı saydığından gələcəkdə ədəbiyyatımızın buradan başlamalı olacağına şübhə etmir. Həqiqətən şumerlərdə elm, mədəniyyət, poeziya yüksək inkişaf səviyyəsində olmuşdur və bunlar hansı xalqı isə özünə çəkməlidir. Dil yaxınlığı bir tərəfə, bütün Yaxın Şərqin Azıxdan dirilik tapdığını nəzərə aldıqda bunların bizim aborigenlər olduğuna inam daha çox artır. Oxucuda bu inamı bir qədər də artırmaq üçün T.V.Nüvədilinin tərcümələrindən bir-iki nümunə veririk. T.V. Nüvədili tərcümə etdiyi parçaları Niderland alimi Marianna Voqelsanq tərəfindən tərcümə və çap edilmiş şumer mətnlərindən götürmüşdür. Müəllif (T.V.Nüvədili) bunları Enlil İsmə Dağanın yudisiyaları hesab edir. 31-ci yudisiya: Mətn: İt-ta -na-tal-ma a-bi ilani DİNGİR DUR. AN Kİ, uk-kush En-lil-u-ti ish-sha-bat i-na lib-bu-shu An-zu u it-ta-at-tal-ma a-bi ilani DİNGİR DUR. AN Kİ uk-kush En-lil-u-ti ish-h-sha-bat i-na lib-bi-shu. T.V.Nüvədilinin nəzərincə, sözlərin sərhədlənməsi: İttan et alma, abi, ilani dingi(r)(n) dur, an ki, Ukkus Enlil, uti ish shabatina libb ishü, Anzu u(y)tta, et alma, abi, ilani dingi(r)(n) dur, an ki, Ukkus Enlil, uti ish shabatina libb ishü. Tərcüməsi: İttən ət alma, abi, ilanı dingin dur (sakit burax), an ki, Ukkus (müdrik) Enlil, utu iş şabatına (həftəsinə) libb (qurtar) işü. Anız (ancı-küləş) utta (otta), ət alma, abi, ilanı dingin dur, an ki, Ukkus Enlil utu iş Şabatına libb işü.(22; 214 ) Əvvəlki tərcüməçilərdə dingir sözü dinqir-tanrı (türklərin qədim tanrısı) kimi izah edildiyi halda, müəllif sonda -r > -n keçidi ilə bu sözü ‘dinc’, ‘sakit’ mə’nasında başa düşür. Bu cür dəyişiklik mətnin ümumi məzmununun dəyişilməsinə səbəb olmuşdur. Akkad mətnləri hesab olunan bir sıra hetit mətnlərini də müəllif eyni şəkildə oxumuşdur. Yorqen Laosse və Torkild Yakobsenin «Bir daha Şikşəbbum barədə» məqaləsindən («Gil lövhələrin tədqiqi» jurnalı, 42-2-ci cild, Payız,1990,s.128-177) götürdüyü mətni müəllif Şəmsi Ədəd Abi tərəfindən yazılmış «Hetitlərin ərəblər tərəfindən soyqırımına elegiya» adlandırmış və böyük bir hissəsinin (bəlkə də hamısının) tərcüməsi ilə məşğul olmuşdur. Müəllif Şəmsi Ədəd Abini ən qədim azəri-türk salnaməçisi adlandırmış və onun düşündüyü xidmətlərini yüksək qiymətləndirmişdir. Yuxarıda adları qeyd edilən müəlliflərin həmin mətnləri necə oxuduğu bizə mə’lum olmadığı üçün bu mətnlərin yeni tərcüməsi barədə qəti söz demək çətindir. Lakin bu başdan onu demək olar ki, 3000-3500 il əvvələ aid edilən bu mətnləri müəllif türkcə oxuya bilmişdir. Bunlardan bir neçəsini oxucunun mühakiməsinə veririk: 1-ci məktubun 25-ci mətni: id-bu-ba-am she-we-ra-am hul-lu-lam sh-a-na Mu-tu-shu mar-shi-ip-ri ad-di-nu a-na it-ti iq-be-em u ta-ap-pe-e Mu-tu-shu E-te-el-li-ni i-na Ar-ra-ap-hi-im ki... Sözlərin Nüvədili tərəfindən sərhədləndirilməsi: id, bu baam, shave ram, (H)ullam shaane mutushu. Mar shipri addinu ana ittik beem? U tappee mutushu Ete elini ina Arraap hiim ki... Tərcüməsi: İt(d) bu bə(y)əm, sevə raam?! (İtdir ki, bəyəm o, itaət sevə?) hüllü(li) am, şana mütüsü (o allah mücəssəməsi, şanının-abrının mütisi xalq) Mar sivri adınu ana ittik bə(y)əm? (Sivri - oxabənzər- ilan adını ona biz verdik bəyəm? (şe’rin müəllifi ərəbi nəzərdə tutur) U tappə mütüsü (u dəyənək mütüsü, yə’ni «başına vurulub, çörəyi əlindən alınan» yazıq) Ete (hetit) elini ina (yenə) Arap hiyyim ki...(Deməli, bu, 1-ci dəfə deyil) Ərəb hiyim ki (ərəb qiyim-qiyim edib doğrayıb ki...) (22; 229) Bu mətndə də ağlabatan şeylər çoxdur. Məsələn, əgər son cümlədəki mutusu və hiyim sözləri düz mə’nalandırılmışsa, tappə sözünü ‘təpmək’, ‘hücum çəkmək’ mə’nasında da anlamaq olar.»Sivri ilan adını ona (biz) verdik bəyəm?» tərcüməsi də tam ağlabatandır. Mətn: a-na Ku-wa-ri qi-bi-ma um-ma be-el-ka-a-ma ash-shum awili mesh Tu-ru-ki-iki Tərcüməsi: Anaku varı cibimə (O nə ki varı, cibimə). uyma fəlakətə, qəmə (beel-böl - fəlakət), Aşşum (məğlubiyyət) av iləməz Türükü ki...(Cinayət törətmək Türkə başucalığı gətirməz ki...) (22; 258) Birinci iki misra elegiyada çox təkrar olunur və müəllif onu hər dəfə, demək olar ki, eyni cür tərcümə edir: O nə ki var, cibimə. Sonrakı cümləni aşşum (aşmaq, məğlub olmaq) sözünə əsasən (Bir dəfə) məğlub olmaq türkü av eləməz (başqalarının ovuna çevirməz) kimi də anlamaq olar.Üçüncü misrada umma sözü uyma olmasa da, ona yaxın mə’nadadır: dərdə, qəmə batma, məğlubiyyət türkü ova çevirməz. Mətn: um-ma a-na-ku-ma lu Tu-ru-ku-u ki sha ki-ma-ish-tu ul-la-num i-la-ku-nim. Tərcüməsi: Umma una ki, malu Türüki ki, Saki maistü ulanum ilə künim. (Türkü mal yığan hesab eləmə, günüm elə olanım ilə də xoşdu) (22; 255-256) Namə’lum müəllif tərəfindən yazılmış «Atda saqqo (qabar) xəstəliyinin müalicəsi» şərti adı ilə verdiyi mətnlərin («D’Assyrologie et D’Arshologie Orientale», LXXXVI, VOL, N 1, rr.79-83 - jurnalından götürülmüşdür) tərcüməsində inandırıcı cəhətlər daha aydın görünür: Mətn: 19. i-na sha-’al’-shi sha-pa-ri-im a-na-ku ak-bi... Sözlərin Nüvədiliyə görə sərhədlənməsi: ina Saalsi sap, arim, anaku ağ bi(çilgan) Tərcüməsi: Yenə Səəlsi səp, arım (arımmaq, təmizlənmək, sağalmaq üçün), o nə ki ağ bıçılqan! Səəlsi təbabətdə işlənən salisal turşusunun adıdır, aspirindir. Həkim məsləhətidir ki: Bıçılqan yaraya salisal - səəlsi səp, yara təmizlənsin, sağalsın. Dörd-beş min ilin o tayından bu cür uyğunluqlar tapılırsa, deməli, araşdırmalar aparmağa böyük ehtiyac vardır. Bu mətnləri türk oxumalıdır. Yoxsa hələ müəmmalı məsələlər çox olacaq. II fəsil - Şumer dilinin quruluşu. Fonetika Bu vaxta qədər şumer dilinin heç bir qədim və müasir dil ilə qohumluğu sübut edilməsə də, şumer leksikası ilə türk dillərinin leksikası arasında yaxınlıq daha çox müəyyən edilmişdir. Bir sıra alimlər (alman alimi F.Hommel və b.) şumer dilinin Altay dilləri ilə qohumluğu müddəasını müdafiə etmişlər. Lakin XX əsrdə türk xalqları o qədər gözdən salınmışdır ki, tədqiqatçılar uzun müddət zəngin şumer-türk paralelləri əsasında yalnız türk dillərinin qədimliyini, hardasa Şumer dövründə mövcud olduğunu sübuta çalışmaqla kifayətlənmişlər. Şumer dilinin Qafqaz, Tibet-Birma, Ural-Altay, o cümlədən bilavasitə türk dilləri ilə qohumluğu barədə fərziyyələr irəli sürülmüşdür. Şumer dilində Hind-Avropa mənşəli sözlər axtarılmışdır. Son illərin tədqiqatçıları daha çox şumer dili ilə türk dillərinin leksikası arasında uyğunluqlar müəyyən etmişlər. «Belə təsəvvür yaranır ki, şumer xalqı müxtəlif dillərdə danışan etnosların qarışmasından yaranmışdır, lakin onlardan məhz şumer dili üstünlük təşkil etmiş, yazı dilinə və ünsiyyət vasitəsinə çevrilmişdir.» (7; 47) Türk dilləri kimi, şumer dili də aqqlütinativ quruluşludur: «Şumer, elam, xurrit və urartu dilləri aqqlütinativ tipə mənsubdur - hər bir qrammatik əlaqənin ayrıca bir göstərici ilə ifadəsi səciyyəvidir, göstəricilər bir-birindən sonra müəyyən ardıcıllıqla yerləşir - sözün kökü və əsası və şəkilçilər».(9; 29) İ.M.Dyakonov aqqlütinativ quruluşlu bu dillərin hamısını səciyyələndirən bir əlamət kimi, onların erqativ quruluşa malik olduğunu, yə’ni bu dillərdə vasitəsiz obyektin - vasitəsiz tamamlığın olmadığını qeyd etmişdir. (9; 7) Vasitəsiz tamamlığın olmadığı dillərdə növ kateqoriyası da formalaşmamış olur, ona görə də bu cür dillərdə məntiqi obyekt bildirən söz adlıq hal formasında hal-vəziyyətin subyekti kimi çıxış edir. (9;7) Erqativ quruluşlu cümlələrdə fe’l aktiv və passiv növ baxımından neytral olur, ikisubyektli fe’l kimi çıxış edir, həm mə’lum, həm də məchul növlərə uyğun gəlir.» Buna görə də bütün erqativ dillərdə tə’sirli və tə’sirsiz fe’llər formal şəkildə fərqlənir: birincilər adəti üzrə subyekt-obyekt təsrif formasına (və ya daha dəqiqi - iki subyektə), ikincilər subyektli təsrifə malik olurlar». (9; 21) Cümlənin erqativ quruluşu daha çox fe’ləqədərki mərhələyə aid olur. Belə bir fikir də maraqlıdır ki, «...bir sıra dil ailələrində fe’lin təsrif formantları qədim dil prototipi ilə bağlı olmur, belə ki fe’llər finit formanı müstəqil qazanırlar, kök dil isə fe’ləqədərki vəziyyətdə qalır». (9; 33) Elə buna görə də, məsələn, Ə.Dəmirçizadə «Dədə Qorqud»un dilindən danışarkən fe’lin dastanların yarandığı dövrdə «demək olar ki, tam mə’nası ilə təşəkkül etmiş olduğunu» söyləmişdir». (46; 119) İ.M.Dyakonov qədim Ön Asiyanın dillərini: şumer dili, elam dili, xett dili, hürri və urartu dilləri, kartvel dilləri, sami-hami dilləri, Hind-Avropa dilləri, şimal-şərqi Qafqaz dilləri kimi səkkiz qrupa ayırmış, şumer dilinin bunların heç biri ilə qohum olmadığını göstərmişdir. (9; 29) Şumer dili alimləri qədim Ön Asiyanın dilləri içərisində daha çox məşğul etsə də, bu dilin qrammatik quruluşu ilə bağlı bir çox məsələlər hələ də dəqiq müəyyənləşdirilməmişdir. Çünki müqayisələr aparmaq üçün heç bir dil şumer üçün varis hesab olunmamışdır. Şumer dili ilə hamıdan əvvəl şumerlər özləri məşğul olmuşlar.S.N.Kramer yazır ki: «Dilçilik baxımından, çoxsaylı məktəb lövhələrinə əsasən, hər şeydən əvvəl qeyd edək ki, şumerlərdə qrammatikaya xüsusi diqqət verilib. Belə lövhələrin əksəriyyəti mürəkkəb isimlərin və fe’l şəkillərinin və s. uzun siyahısından ibarətdir. Bu onu göstərir ki, şumerlərin qrammatikası yaxşı işlənmişdi. Sonralar, miladdan qabaqkı III minilliyin son dördüncü rübündə, sami-akkadlar tədricən Şumeri zəbt etdikləri vaxtlarda Şumer müəllimləri bizə mə’lum ilk «Lüğətlər» yaratmışlar. Məsələ burasındadır ki, sami işğalçılar nəinki şumer kitabələrini qəbul etmişlər, həm də qədim şumer ədəbiyyatını yüksək qiymətləndirmiş və saxlamışlar; şumer dili ölən vaxtlarda belə, o kitabələri təqlid etməyə başlamışlar».(14; 65, 21) Mixi yazılar səslərin düzgün verilməsi üçün kifayət qədər imkana malik olmamışdır. Bundan əlavə, həm də «varisi olmadığı üçün» şumer yazıları daha böyük təhriflərlə transliterasiya edilmişdir: «Şumer dilinin bu və ya digər bir dil ilə genetik qohumluğunu bərpa etmək mümkün olmur. Bu yolda aradan qaldırılması çətin olan əngəl şumer sözlərinin real fonetik sifəti haqqında mə’lumat olmamasıdır. ...söhbət şumer fonetikasının akkad vasitələri ilə verilməsindən gedir». (8; 7) Şumer mətnlərinin latın qrafikası əsasında transliterasiyası qəbul edilmişdir. Söz-formalarda hər bir işarə defislə ayrılır. Tərcümə zamanı mətndə bir işarənin düzgün tələffüzü mə’lum olmadıqda həmin işarənin ilkin ağlabatan oxunuşu baş hərflə kursiv şəklində verilir. Həmin işarənin düzgün tələffüzü tapılmış hesab olunduqda kiçik hərflə, kursivlə işarələnir; omofonlar diakratik işarələrlə fərqləndirilir: na - çəki daşı; na’ < nad - uzanmaq, n’a - adlandırmaq, na4 - daş. Determinativlər, yə’ni sözün hansı kateqoriyadan olduğunu bildirən işarələr sözün üzərində petitlə yazılır; məs.: giş determinativi ağac əşyaları (giş - ağac), na4 - daş qismini (na4 - daş), urudu metal şeyləri (urudu - mis), ki - yer bildirmək üçün (ki - torpaq, yer) işlədilən determinativlərdir. Kişi, qadın və allahları bildirmək üçün m, f, d determinativlərindən (m - lat. mas - kişi, f - lat. femina - qadın, d - lat. deus - allah) istifadə olunur. (8; 18) Şumer sözlərinin tələffüzü akkad fonetikasına əsaslanır. Ona görə də şumercənin təsəvvür edilən tələffüzündə təxminilik vardır. Şumer dilinin saitlər və samit lər sistemi yeni və sonrakı dövr şumer dilinin loqoqrafik-sillabik yazıları əsasında müəyyən edilmişdir. Saitlər sistemi aşağıdakı kimi dəqiqləşdirilmişdir: a - u, a - e (ə), u - ü, i. Saitlər sistemində o - ö oppozisiyası müşahidə olunmur, lakin A.Pebel qədim şumer dilinin Laqaş dialektində o saitinin olduğunu qeydə almışdır. Bu saitlər türk dillərinin, o cümlədən Azərbaycan dilinin saitlər sisteminin əsasında durur. Bə’zi türk dillərində (türkcədə) ə saitinin işlənməməsi, dilimizdə o, ö saitlərinin o qədər də fəal olmaması (məs.: şəkilçilərdə işlənməməsi) onların sonralar yarandığını göstərir. Şumer dilində olmamaları da (və ya az işlənmələri) bununla bağlı izah edilə bilər. Şumer dilində burun saitlərinin olduğu güman edilir. (9; 47) Bu cəhət də onu türk dilləri ilə bağlayır. Şumer fonetik sistemi, xüsusilə saitlər akkad fonetik sisteminin də müəyyənləşməsinə kömək etmişdir: «Əsas saitlərin (a, i, e, u) möhkəm şəkildə təsbit olunması canlı nitqi dərəcə dəqiq verməyə imkan yaradan böyük üstünlük idi və akkadlar bu müvəffəqiyyətə görə öz müəllimlərinə - şumerlərə borclu idilər». (1; 135) Şumer samitlər sisteminə aşağıdakılar daxildir: p - b, t - d, k - g, ş,- s - z, m, n, l, r, h. Bunların sırasında x, j, v, y, q, f, ç, c samitləri müşahidə olunmur. Samitlər sistemindəki g camitindən başqa, diakritik işarəli bir g’ samiti də vardır ki, Babil dövrü sillabik yazılarında bunun müxtəlif şəkildə - g, n, m hərfləri ilə (bə’zən də ng ilə) verildiyi qeydə alınmışdır. (9; 49) Bu göstərir ki, şumer dilində qədim türk dillərinə məxsus qovuşuq ng burun samiti də olmuşdur. Kombinator vəziyyətlər istisna olmaqla, şumer dilində uzun səslər olmamışdır. Bu cəhət türk dillərinin xarakterinə də uyğundur. Əslində, II minilliyin əvvəllərinə qədər akkad yazılarında kar və cingiltili samitlər fərqlənməmişdir. (Bu hal şumer sözlərinin oxunuşuna da tə’sir edir). Sonrakı dövrdə anlautda fərqləndirilsə də, inlautda və auslautda fərqlənməmişdir. Boğaz samitləri də sonrakı dövrdə fərqləndirilmişdir, lakin fərqləndirmə əvvəllər o qədər də ardıcıl olmamışdır. Akkad yazısındakı sibilyant (fışıltılı) ş səsi affrikat tş, z səsi isə affrikat dz səslərinin verilməsinə xidmət etmişdir. Bu da türk dillərinin tarixi inkişaf yolunda özünü göstərən prosesdir və görünür, bu əsasa görə T.V.Nüvədili anlautda z ilə verilən sözlərin c ilə tələffüzünü düzgün saymışdır. (bax: 22; 255-258) Türk dillərinin qədim mərhələsini araşdıran fransız alimi L.Bazen Orxon-Yenisey mərhələsində aşağıdakı sait və samitlərin mövcud olduğunu müəyyən etmişdir: a - e, o - ö, ı - i, u - ü. Samitlər: p - b, t - d, k - q, v, m, n, r, l, j, y - 8 sait, 13 samit. Sonrakı - ikinci mərhələdə saitlərin sayı 9-a, samitlər 22-yə çatmışdır. (25; 1-2.) Qədim türk mərhələsinin yazılı abidələri azı 2500 il şumerdən sonrakı hadisədir, fərq isə saitlər sistemində o, ö səslərindən, samitlər sistemində sürtünən f, v, x, y, ğ samitlərindən ibarətdir. Şumer yazısında sözlərin sonunda samitlərin kar və ya cingiltili olduğunun seçilməməsi də (9; 46) nisbəti düzgün müəyyənləşdirməyə mane olur. İ.M.Dyakonovun şumer dili haqqında dediyi aşağıdakı sözləri eynilə türk dillərinə də aid etmək olar: «Fövqəladə mühüm fonetik qanun: ikihecalı əsaslarda samitlər arasında yalnız bu və ya digər bir sait işlənə bilər: gaba - ‘qrudğ’, ama «matğ», amar «detenış»... Bu, yəqin ki, çox qədim, lakin hər halda sonrakı hadisə olub, söz əsasının ilkin saitinin nədən ibarət olduğunu bildirir». (9; 52) Bu xüsusiyyət Hind-Avropa və sami dillərindən fərqli olaraq, başdan-binadan türk dillərinə aiddir və ahəng qanunu adlanan qanunun əsasında durur. Şumer dilinin ikihecalı sözlərində sait səslərin ahəngi (alınmalarla mürəkkəb sözlərdən başqa), xüsusilə u - u, a - a, i - i uyğunluğu geniş müşahidə olunur: dumu, uru, Nanna, lukur, Nusku, dağal, tuku, dinqir və s. Ahəngə tabe olmayan sözlər də vardır: Nibru, sipad, Nergal, Navirtum və s. Belələri düzəltmə, mürəkkəb və ya alınma sözlərdir. O.Süleymenov qeyd edir ki, «...şumerlər sözün tərkibindəki samitləri eyni bir saitlə birləşdirərək sözə vahid bir düzüm verirlər: dinqir, sikil, udun, amar, dumu, diriq, eren, zabar, sakar, emek, dili, uzuq, uruq və s. Özü də çox ehtimal, bu prosesə vahid monolit kimi qəbul olunan və qeyri-müəyyən morfoloji quruluşa malik olan alınma sözlər cəlb olunur». (23; 205) Əgər müəllifin müşahidəsinə görə, alınma sözlər ahəngə bu cür tabe etdirilirsə, deməli, bu proses dilin özündə ciddi bir qanun kimi fəaliyyət göstərir. Bu xüsusiyyət də türk dillərinin xüsusiyyətidir və müasir türk dillərində də ahəngin müxtəlif səbəblərdən pozulması halları mövcuddur. Türk dillərində olduğu kimi, şumer dilində də vurğunun sözün son hecasına düşdüyü müəyyən edilmişdir. Güman edilən musiqili vurğu ilə yanaşı, türk dillərində olduğu kimi, əsas vurğunun güc vurğusu olduğu dəqiqləşdirilmişdir. (9; 52) Şumer dilində müşahidə olunan fonetik proseslərdən biri söz sonunda g/k səslərinin düşməsidir: emek - eme, eşik - eş, uduk - udu, uzug - uzu - uz, dirig - diri, uruk - uru və s. Bu xüsusiyyət türk dillərində, o cümlədən Azərbaycan dilində geniş yayılmışdır: ayırıq - ayrı, qapıq - qapı, ütük - ütü və s. Şumer dilində olduğu kimi, türk dillərində də səs keçidləri dilin lüğət tərkibini zənginləşdirən, yeni sözlərin yaranmasına imkan verən mühüm vasitələrdən olmuşdur. Məsələn, get, gəl, gir, keç, köç, qaç sözlərinin kökü eyni morfemdən - gi morfemindən yaranmışdır: ge, gi, gə, kö. O.Süleymenov türk və şumer dillərini fərqləndirən bir cəhət kimi, şumer dilindəki cingiltili samitlər əvəzində türk dillərində sözlərin daha çox kar samitlə tələffüz olunduğunu qeyd edir: şum. dingir, ud, ada, dirig və s. türk. tengir, ut, ata, tirik. Müəllif əksinə hal da müşahidə etmişdir. Bu vəziyyət «Dədə Qorqud»un dili ilə müasir Azərbaycan dilinin müqayisəsində də özünü göstərir. Belə ki, məsələn, müasir Azərbaycan dilində cingiltili d samiti ilə tələffüz edilən bir çox sözlər dastanın dilində t ilə ifadə olunmuşdur: müasir Az.dili: dağ, dar, dadlı, dam, dayaq, damar, dustaq, duymış və s. - DQ-da: tağ, tar, tatlu, tam, tayaq, tamar. (26; 54) «Dədə Qorqud»un dili ilə müasir Azərbaycan dilində əksinə müqayisə üçün də nümunələr vardır (VI fəslə bax). Bunlar göstərir ki, min illər boyu dildə karlaşma - cingiltiləşmə hadisələri bir-birini əvəz etmişdir. Şumer dilindəki t - d, s - z, p - b, ş - s keçidləri türk dillərinin də xarakter əlamətlərindəndir. İ.M.Dyakonov şumer dilinin fonetik sistemini nəzərdən keçirərək e.ə.III minilliyin ortalarına aid şumer dili fonetik sistemi ilə II minilliyə aid hürri dili fonetik sistemi arasında yaxınlıq müşahidə etmiş və bu yaxınlığın qədim vahid substratdan gəldiyini güman etdiyini bildirmişdir. (9; 51) Müəllif bunun üçün söz sonunda samitlərin düşümü, saitlərin daxili uyğunlaşması kimi hadisələri qeyd edir. Bunlar türk dillərinin ən xarakterik əlamətlərindəndir. Dilin fonetik sistemi nə qədər qədimdə formalaşmış olsa da, öz qohumluq əsaslarını saxlayır: ahəng qanunu, burun sait və samitlərinin olması, vurğunun son hecaya düşməsi, sait və samitlərin müvafiqliyi və müvafiq şəkildə əvəzlənmələri şumer dilinin fonetik sistemi ilə türk dillərinin və xüsusilə Azərbaycan dilinin fonetik sistemi arasında heç bir əsaslı fərqin olmadığını, əksinə, bu dillərin çox yaxın olduğunu təsdiq edir. Akkad fonetikasının Şumer dilinə yaramadığını göstərən İ.T.Kaneva bu qənaətə gəlir ki,» Şumer fonetikası və fonoloji sistemi zəngin olmuşdur». (8; 20) O da qeyd olunur ki, Şumer dilində kar və cingiltili samitlər güclü fərqlənməmiş, kar samitlər cingiltili, cingiltililər zəif səslər kimi tələffüz olunmuşdur. (8; 21) E.ə. sonuncu minillikdə şumer mətnlərində dəyişikliklər, bə’zi sözlərin və qrammatik formaların fərqli əvəzediciləri müşahidə olunur. İ.M.Dyakonov belə sözləri «qadın danışığı», İ.T.Kaneva dialekt xüsusiyyəti hesab etmişlər. Lakin faktlar göstərir ki, bu cür sözlər nə dialekt sözüdür, nə də qadın danışığıdır, şumer dilinin yeni inkişaf mərhələsini, arxaik formaların yeniləri ilə əvəz olunduğunu göstərən faktlardır. Konkret desək, müəllif göstərir ki, məsələn, ‘mən’ mə’nasında işlənən ga-e sözü emesal dialektdə ma-e kimi tələffüz olunur. Bu hal çox aydın şəkildə nəticə çıxarmağa imkan verir ki, arxaik forma yenisi ilə əvəz olunmuşdur. Ma sözü ‘mən’, ‘biz’ sözlərinin köküdür. Əgər Şumer dilindəki yeni sözlərin və qrammatik vasitələrin tam şəkildə ortaya çıxarılması mümkün olarsa, bu dilin türk budağı olduğuna şübhə qalmaz. II fəsil - Morfologiya Şumer dilinin morfoloji quruluşu türk dillərinin morfoloji quruluşu ilə eynidir. Sözlərin V, CV, VC, CVC, VCV, CVCV, VCVC, CVCVC quruluş tipləri türk dillərində olduğu kimidir: e - ev, ki -kir, torpaq, şa(g) - ürək, udu - qoyun, giri - ayaq, amar - buzov, dana (əmər heyvan), libiş - qəzəb və s. Hətta bunların inkişaf istiqamətinə dair fikirlər də türk dillərində sözlərin inkişafı barədə fikirlərlə eynidir: İsim əsaslarının erkən tipləri (erkən köklər) CVC, VC şəklində olmuşdur; VCVC, (C)VCV tipləri (və onların sait yerdəyişməsi ilə təkrarı) onların inkişafıdır». (9; 52) İsimlərdə kəmiyyət anlayışının ifadə üsullarına görə şumer dili türk dillərini xatırladır. Bu dildə lu - ‘adam’, bə’zən də ‘adamlar’, lu-(e)ne - ‘adamlar’, lu-lu ‘adamlar’ şəklində tərcümə edilir. Bizim müasir dilimizdə də belədir: adam da, adam-lar da eyni kəmiyyəti ifadə edə bilir. Birinci hal, yə’ni təkrar olunmadan cəm bildirən lu - üslubi çoxluqdur; bu söz həm ‘tək bir adam’, həm də ‘adamlar’ kimi dərk olunur. Sözün cəm şəklində dərki bizim işlətdiymiz Yanıma adam gəlmişdi- cümləsindəki adam kimidir: həmin söz morfoloji cəhətdən tək olsa da, üslubi çoxluq bildirir - gələn adam tək də ola bilər, çox da. Cəmlik, çoxluq anlayışını ifadə etmək üçün şumer dilində sözün təkrarından daha çox istifadə edilmişdir: dumu-dumu - övladlar, qızlar, oğlanlar, bala-bala - balalar, nəvə-nəticələr. Bu hal cümlədə sifətin təkrarı ilə də yaranır: digir-gal-gal-ene (allah - böyük-böyük - lər) - bütün böyük allahlar. Çoxluğa daxil olan hər bir fərdi ayrıca nəzərə çarpdırmaq üçün dili-dili (bir-bir) sözü işlədilmişdir: lu-dili-dili - ‘adamlar bir-bir’. Sistem heç bir dəyişikliyə uğramayıb, yalnız ifadə vasitələrində fərq görünür. Azərbaycan dilində bu üsuldan əlaməti gücləndirmək, çoxaltmaq üçün geniş istifadə edilir: yaxşı-yaxşı, yavaş-yavaş, tez-tez, çox-çox və s. Cəm anlayışının ifadəçisi kimi istifadə olunan -(e)ne şəkilçi sayılır. Şübhəsiz, kateqorial əhəmiyyətini itirsə də, tam sıradan çıxmamış uyğunluqlar da vardır. Məsələn, türk dillərində olduğu kimi, şumer dilində də cins kateqoriyası yoxdur. Türk dillərində olduğu kimi, bu dildə də qadın və kişi cinsi ya müxtəlif sözlərlə ifadə olunmuşdur (gu(d) - öküz, ab - inək), yaxud da qadın və ya kişi cinsinə aid olduğunu bildirmək üçün əlavə sözlərin iştirakı ilə düzələn birləşmələrdən istifadə edilmişdir (digir - allah, digir-ama - ana allah). Şumer dilində bə’zi sözlər həm ad, həm də fe’l kimi işlənmişdir: üy - qala və qurmaq, toy - toy və doymaq; bu quruluş dilin ən qədim, daha doğrusu, ilkin yaranma mərhələsinə aid olsa da, bu gün də ədəbi dilimizdə izlərini saxlamışdır: köç - köçmək və köçən əşya, düz - hamar yer və düzmək, iç - daxil və içmək, içəri ötürmək və s. Bu cür sözlərin böyük bir qismi tarixən şəkilçilər vasitəsilə omonimlikdən çıxmışdır. Müasir dilimizdə məhsuldar şəkildə fe’ldən ad düzəldən -q,-k şəkilçisi (qoru-q, ələ-k, bil-ik, sürt-ük və s.) şumer dilində də məhsuldar olmuşdur: turu - törəmək, yaşamaq, doğulmaq; turu-g - diri; uru - qurmaq, tikmək, uru-g - şəhər; yüzü - üzmək, yüzü-k - su quşu, üzən quş.(23; 07) Azərbaycan dilindəki -an fe’li sifət şəkilçisi şumer dilində -en şəklində işlənmişdir: er - getmək, eren - arxa ilə gedən. O.Süleymenov ugken - ‘xalq yığıncağı’ sözünü misal gətirərək göstərir ki, türk dilləri üçün «tə’yin + tə’yin olunan» modeli üstün olduğu halda, şumer dilində əksinədir. (23; 208) Qeyd etməliyik ki, həqiqətən də müasir türk dillərində «tə’yin + tə’yinlənən» modeli üstünlük qazanmışdır, lakin tə’yinin tə’yinlənəndən sonra işlənməsi də türk dillərinə yad deyil və XX əsrə qədərki Azərbaycan dilində bu model böyük üstünlüyü ilə seçilmişdir. Bu model bu gün də ədəbi dilimizdə fəaldır; xüsusi adlardan sonra işlədilən kişi, xanım, bəy, ağa, əmi, dayı, həkim, yazıq tipli sözlər bu quruluşun davamıdır. Bunlarla bərabər, İ.M.Dyakonov «tə’yinlənən + tə’yin», «tə’yinlənən + əlavə» modelləri ilə yanaşı, qədim dövrlərdən şumer dilində əsas modelin «tə’yin + tə’yinlənən söz» şəklində olduğunu da xüsusi qeyd etmişdir: «Ən qədim mürəkkəbləşmə «tə’yin - tə’yinlənən» sırasına malikdir, tə’yin yiyəlik hal şəkilçisi qəbul etməmişdir (dumu-sag - «rebenok qolova» -ilk uşaq; ug-ken «plemə-kruq - xalq yığıncağı»). (9; 53-54) İ.M.Dyakonovun qeydlərindən aydın olur ki, şumer dilində hal münasibətləri hal şəkilçiləri ilə qoşmalar arasında orta mövqe tutan xüsusi formantlarla ifadə olunmuşdur. Bu xüsusiyyət təkmilləşmiş şəkildə eyni dərəcədə türk dillərinə də aiddir. Türk dillərində hal şəkilçiləri ilə yanaşı, bir sıra qoşmaların vasitəsilə də hal münasibətləri ifadə olunur. Müəllifin müşahidələrinə əsasən, da komutativi, şe allativi daha əvvəlki dövrlərdə müstəqil isimlər olmuş və başqa isimlərlə «tə’yin - tə’yinlənən» quruluşunda əlaqələnmişdir. Məsələn, lugal-da sözləri əvvəllər ‘rəhbər tərəf’ mə’nasında işlənmiş, sonralar ‘rəhbərlə, rəhbərin yanında’ mə’nasını almışdır. (9; 55) Beləliklə, da həm birgəlik şəkilçisi, həm də müstəqil söz kimi («tərəf») işlənmişdir (müasir dilimizdəki «tərəf» sözünün tə hissəsində özünü saxlamışdır; luqal sözü isə şumercə lu - ‘adam’ və bizim dilimizdəki qəl-bi sözlərindən ibarətdir - ‘qəlbi adam’, ‘yüksək adam’, ‘rəhbər’ mə’nalarında). Şumer dilində hal göstəriciləri sintaqmın sonunda işlənmiş və bütövlükdə sintaqma aid olmuşdur: digir-gal-ra - yönlük hal - böyük allaha (digir - dingir - tənqri - (allah), qal - qəlbi, -ra - bizim o-ra, bu-ra sözlərindəki arxaik yönlük hal şəkilçisi), lugal-kalam-ak - yiyəlik hal - ölkənin çarı (luqal - ‘başçı, rəhbər, çar’, kalam - qala(maq) fe’li, həm də ‘qala, şəhər, ölkə’, -ak yiyəlik hal şəkilçisi; hərfən: ‘başçı ölkənin’ = ‘ölkənin başçısı, çarı’), lugal-kalam-ma-ra - yönlük hal - ölkənin çarına və s. Türk dillərində də belədir. Şumer dilində hal şəkilçiləri aşağıdakı kimi müəyyənləşdirilmişdir: 1. Absolyut hal (şəkilçisiz, sıfır şəkilçili): Nin-gir-su e-zu mara-du ‘Ninqirsu, sənin evini mən tikdim’. 2. Erqativ hal: -e; gala-e balag nutum ‘müğənni baraban gətirmədi’. Şumer dilindəki absolyut hala uyğun gələn bizim adlıq hal türk dillərində də qədimdən bəri sıfır şəkilçilidir. Subyekt halı kimi, şumer dilində də fəal olmuş, sadalamalarda da işlənmişdir. Xitablar da absolyut hal ilə ifadə olunmuşdur. «Erqativ hal» deyilən halın əla məti olan -e şəkilçisi son dərəcə az hallarda, həm də yalnız 3-cü şəxsdə, zəif şəkildə işlənmişdir; bu hal fe’l inkişaf etdikcə, növ kateqoriyası formalaşdıqca, vasitəsiz obyektin hərəkətlə bilavasitə əlaqəsinin dildə ifadəsi nəticəsində sıradan çıxmışdır. 3.Yiyəlik hal: -a(k); e-lu-ak ‘adam-ın evi’ (e - ‘ev’, lu - ‘adam’, -ak - yiyəlik halın şəkilçisi). Şumer dilində yiyəlik halın şəkilçisində (-ak) çox zaman a saitinin işlənmədiyi, əvvəlki sait vasitəsilə udulduğu, k samitinin isə yalnız saitdən əvvəl işləndiyi və əslində yiyəlik halın formantla «ifadə olunmadığı» göstərilir. (8; 43) Türk dillərinə məxsus ulu dildə də yiyəlik hal şəkilçisinin olmadığı güman edilir. (27; 78) Görünür, tarixin hansı mərhələsindəsə, şumerdəki -a(k) şəkilçisi yoxa çıxmış və sonralar tədricən -ın,-in,-un,-ün şəkilçisi formalaşmışdır. Və ya bəlkə də -ak şəkilçisinin samiti -nk şəklində burunda tələffüz edilmiş və tədricən -n (-ın) şəkilçisinə çevrilmişdir. Bizim dilimizdə olduğu kimi, şumer dilində də yiyəlik hal atributiv xarakter daşımış, sahiblik bildirmişdir. Onu da qeyd edək ki, şumer dilində yiyəlik halın şəkilçisi kimi verilən -a(k) bir qədər şübhə doğurur. Hiss olunur ki, bu şəkilçi həm hal, həm də mənsubiyyət şəkilçisi funksiyasını yerinə yetirmişdir. İ.M.Dyakonov yazır: «Sintaqmın ayrıca üzvü öz növbəsində özünü «tə’yinlənən - tə’yin» qrupu şəklində göstərə bilər. Bu halda yiyəlik halın müvafiq hal şəkilçisi də bütün kompleksin sonunda yerləşir. Əvəzliyin və halın əlamətləri və cəm şəkilçisi cərgə ilə yerləşir: aid olduqları sözlərin əksinə düzülüşü qaydasında». (9: 57) Aşağıdakı misallar verilmişdir: lugal-kalam-a(k)-ra - ölkə çarına (üarö stranı) ama-diggir-ene(-ak)-ra - allah analarına (materi boqov) Misallar belə tərcümə edilmiş və göründüyü kimi, müəllif bunların hər ikisini (hər iki misalı) sondakı göstəriciyə görə yönlük halda olan sintaqmlar hesab etmişdir. Dalbadal iki hal - yiyəlik (-ak) və sonra da yönlük hal (-ra) necə işlənmişdir? Hiss olunur ki, -ak şəkilçisi mənsubiyyət bildirir. Və nə vaxtsa, şəxs əvəzliyindən törəmişdir. Bəlkə də müasir dilimizdəki xəbərlik şəkilçisi -ıq formantının (müəllim-ik) praformasıdır. Odur ki həmin misalları: ölkə çarına yox, çar ölkəsinə, allah analarına yox, ana allahlar-ı-na şəklində tərcümə etmək düzgün olar; ama - ana, digir - allah, ene - cəm şəkilçisi, -ak - mənsubiyyət, -ra yönlük hal şəkilçisi - türk dillərinin quruluş sxeminə tam uyğundur. Sonrakı misallar da bunu təsdiq edir. Müəllif: e-lugala-ane-ak birləşməsini «dom eqo xozəina» şəklində tərcümə etmişdir: e - ev, lugala - ağa (xozəin), ane - onun, -ak - ın = onun ağa-sı-nın evi və burada -ak şəkilçisi müasir dilimizdəki (s)ı mənsubiyyət şəkilçisinə müvafiq gəlir. 4.Yönlük hal -ra: E-an-na-tum-ra a e-na-ag ‘o, Eannatum-a göstəriş verdi’, luqal-ani-ra ‘öz ağası-(n)a’. -ra şəkilçisi türk dillərində yönlük halı bildirmək üçün geniş şəkildə işlənən bir şəkilçi olmuşdur. Bizim dilimizdə tarixən o-ra, bu-ra tipli sözlər həmin şəkilçinin köməyi ilə yaranmış və bu şəkilçi şəxsin, əşyanın yönəldiyi obyekti, məkanı bildirmişdir. 5. İstiqamət halı (allativ) -(e)şe/eş: Aratta-aş ba-te ‘o, Aratta-ya yaxınlaşdı’. Son saitinin çox vaxt düşməsi, əvvəlki saitinin assimilyasiyaya uğraması nəticəsində bu şəkilçi daha çox -aş, -eş,-iş,-uş şəkillərində işlənmiş və hərəkətin istiqamətini, zaman və məkan hüdudunu, məqsəd və səbəbini bildirmişdir ki, bunlar müasir dilimizdəki yönlük halın mühüm xüsusiyyətlərindəndir. Şübhəsiz, tarixən bu şəkilçinin ş samiti düşmüş və şəkilçi yer-istiqamət halının -e şəkilçisi ilə birləşmişdir. 6.Yer-istiqamət halı -e: ki-e um-ma-te ‘yer-ə yaxınlaşdı’. İ.M.Dyakonovun fikrincə, bu halın şəkilçisi erqativ halın şəkilçisi ilə bir mənşədəndir. Hərəkətin predmetə, şəxsə doğru yönəldiyini, zaman münasibəti, obyekt, hərəkətin vasitə və alətlərini bildirir. Yarımqapalı e saitinin açıq ə saitinə çevrildiyinə və bu şəkilçinin (şumercədə yönlük halı bildirən -e şəkilçisinin) müasir dilimizdə yönlük halı bildirən variantlaşmış -a,-ə şəkilçisi olduğuna şübhə yoxdur. Bu şəkilçi erqativ halın şəkilçisi ilə deyil, istiqamət halının -eş şəkilçisi ilə bir kökdən ola bilər. 7.Yerlik (lokativ) hal -a: e-bi-a na-ru-a e-me-sar-sar ‘o (mətni) bu kanalın sütunların-da (e-bi-a) yazdı’. İsmin bu halı işin, hərəkətin icra olunduğu yeri, əşyanın tutduğu sahəni, zaman münasibəti, obyekt, işin, hərəkətin alət və vasitələrini bildirir. Bizim dilimizdəki -a,-ə şəkilçisinin əsas funksiyası yön, istiqamət bildirmək olsa da, hələ bu gün də həmin şəkilçi müvazi olaraq həm də yerlik halın funksiyasını yerinə yetirir. Deməli, tarixən bu şəkilçi hər iki hala xidmət etmiş və tədricən yön, istiqamət bildirən şəkilçi kimi sabitləşmişdir. 8.Çıxışlıq hal (ablativ) -ta: Elam Elam-ta mu-na-gin ‘Elamlılar Elam-dan (Elam-ta) onun yanına gəldilər’. Bu hal işin, hərəkətin çıxış nöqtəsini, məkan hüdudu, zaman münasibəti, partitiv, distrubtiv münasibətlər, alət və vasitə, səbəb və s. bildirmişdir. İsmin məkani-qrammatik hal şəkilçiləri bizə yaxın dövrə qədər bir-birinin əvəzində işlənmişdir. Bu cəhət hazırkı şivələrimizdə də müşahidə olunur. Yönlük hal ilə yerlik hal, yerlik hal ilə çıxışlıq hal çox yaxın olmuş, sinonim şəkildə bir-birini əvəz etmişdir. Həm yer, həm də istiqamət bildirən -e şəkilçisi tədricən istiqamət, yön bildirən şəkilçi kimi sabitləşmişdir (e > ə dəyişməsi ilə) Çıxışlıq bildirən -ta və birgəlik-vasitə halı -da yerlik və çıxışlıq halların funksiyasını yerinə yetirmiş, tədricən bu hallar fərqli forma (-da,-dan) və sabit məzmun qazanmışlar. 9.Vasitə-birgəlik halı (komitativ) -da (de, ta): u-sila-da ‘qoyun quzu ilə’. Bu hal birgəlik bildirir, d>l keçidi ilə bu gün də dilimizdə işlənməkdədir: bıçaq-la, qələm-lə və s. 10.Müqayisə halı (ekvativ) - gi (gim, gimi): nim gim ‘ildırım kimi’, Enlil gim ‘Enlil kimi’. Hal şəkilçisi hesab olunmuş kimi qoşması oğuz qrupu türk dillərində ən çox işlənən qoşmadır. Müqayisə mə’nası oğuz qrupunda daha çox bu qoşmanın köməyi ilə ifadə olunur. Şumer dilindəki gi formantı həmin dildə çox geniş şəkildə işlənmiş gim (kimi) qoşmasının əsasıdır. a-gi - su kimi. İ.M.Dyakonov da bu cəhəti qeyd etmişdir: «Adəti üzrə, -gin, -gi, -gim, -gimi şəkillərində oxunuşla GİM işarəsi ilə yazılır, ancaq sonralar həm də -gi-in, -gi-im şəkillərindədir (ola bilər ki, qədim şumer çıxış forması (givin) (gimi) i -(-gi) olmuşdur». (9; 57) Müqayisə və birgəlik halları bizim 20-ci illər qrammatikalarımızda da verilmişdir. İndi bunlar hallar sırasında qeyd edilməsə də, ədəbi dilimizdə şumer dilindəki hallarla məzmun və ifadə vasitələrinə görə tam uyğun şəkildə işlənməkdədir. Beləliklə, ismin halları həm məzmun, qrammatik semantika, həm də formal əlamətlər baxımından Azərbaycan dilindəki hallarla, demək olar ki, eynidir. Altı min il müddətində bu cür eyniyyət heyrət doğurur. Bu cəhəti başqa tədqiqatçılar da müşahidə etmişdir. (28; 27-28) Gil lövhələrin necə oxunduğunu demək çətindir. Bir sıra məsələləri aydınlaşdırmaq üçün gil lövhənin özünü də görməyə ehtiyac duyulur. Foto-surət də yoxdur. Ona görə də bə’zən mübahisə etmək də olmur. Aşağıdakı misala baxaq: alam-Gudea-ensi-Lagaşa lu-e-ninnu-indu(-a)-ak-e - ‘dlə statuə Qudea, pravitelə Laqaşa, kotorıy postroil Xram pətdesəti’. Tərcümə belədir. Sözlərə və formantlara fikir verək: alam - heykəl, Gudea -xüsusi ad, ensi - hakim, hökmdar, Lagaşa - şəhər adı, lu - adam, e - ev, mə’bəd, ninnu - əlli, indu - tikdi, a - fe’li nominallaşdıran şəkilçi, -ak - yiyəlik hal şəkilçisi, -e lokativ-terminativ halın şəkilçisi. Sözlərin izahı barədə bir şey demək çətindir. Bu cür şərhlərdə bə’zən aydın sərbəstlik müşahidə olunur. Məsələn, e sözü həm ev, həm də istənilən vaxt mə’bəd kimi izah olunur. Sondakı iki şəkilçidən əvvəlki -a fe’li adlara uyğunlaşdıran şəkilçi kimi izah edilir, çünki bundan sonra adlara aid iki şəkilçi (müəllifin fikrincə, iki hal şəkilçisi) gəlir. İ.M.Dyakonov əsərinin başqa bir yerində (səh.53-də) -a şəkilçisini sifət və fe’li sifət şəkilçisi kimi qeyd etmişdir. Şübhəsiz, tik(mək) sözündən sonra gələn -a şəkilçisi elə fe’li sifət şəkilçisidir və həmin sözün substantiv formada mənsubiyyət və hal şəkilçilərini (iki hal şəkilçisini yox) qəbul etməsi təbiidir. Odur ki həmin sintaqmı: Laqaş hakimi Qudeanın heykəli - əlli mə’bəd tikənə - şəklində tərcümə etmək düzgün olardı. İ.M.Dyakonov qeyd edir ki, sintaqmın sonunda üç şəkilçidən artıq şəkilçi işlənmir. Bunlar isə bugünkü ədəbi dilimizdə olduğu kimi, kəmiyyət, mənsubiyyət və hal şəkilçilərindən ibarət ola bilər. Sıra da bugünkü kimidir: ama-digir-ene-(-ak)-ra - (ana - allah + cəm ş+ məns. ş.+ yönlük hal ş.) ana allah-lar-ı(n)-a. Müasir dildə olduğu kimi hər formant yalnız bir mə’na ifadə edir. -ene şəkilçisi, ha və dili-dili sözləri kəmiyyət anlayışının müəyyən istiqamətdə dəqiqləşməsinə kömək edir: ene - mə’lum şəxslərin çoxluğunu bildirir; məs.: lu-ene - ‘mə’lum (xatırlanan, nəzərdə tutulan) adamlar’. -Ene şəkilçisinin işarə əvəzliyindən əmələ gəldiyi, ilk dövrlərdə təkrar olunan isimləri əvəz etdiyi və bu yolla formalaşdığı güman edilir. Ha sözünün etimoloji cəhətdən on (10) mə’nasında hu/ha sözündən törədiyi, əvvəllər ‘on’, sonralar ‘çoxlu’ mə’nasında işləndiyi, lakin başqa canlılara aid olduğu qeyd edilir: udu-ha - qoyunlar (müxtəlif cinsdən). Dili-dili sözü isə «bir» mə’nasında dili sözündəndir, bu sözün təkrarından ibarətdir.(9; 58) İ.M.Dyakonov, İ.T.Kaneva və b. şumer dilində önlüklərin olduğunu qeyd etmişlər. Bu cəhət türk dilləri baxımından qəribə görünə bilər. Lakin əslində, burada heç bir qəribəlik yoxdur. Vahid ulu dilin parçalanmasından sonrakı dövrlərdə ilkin dialekt xüsusiyyətləri aqqlütinativ, flektiv, köksözlü dillər istiqamətində inkişafa imkan versə də, flektiv dillər aqqlütinasiyadan, aqqlütinativ dillər fleksiya imkanlarından tam məhrum olmur və bir qismini özündə nisbi şəkildə mühafizə etməli olur. Məsələn, indi də flektiv dillərdə suffikslərdən istifadə edilir. Türk dilləri üçün predloq-önlük yox, posleloq-qoşma xarakterikdir. Lakin bu o demək deyildir ki, türk dillərinə önlüklər yaddır. Bir sıra bağlayıcılar (nə - nə, ya - ya da, gah - gah da, bir - bir də, istər - istərsə də...) dilimizdə predloq-önlük şəklində işlənməkdədir. Ona görə də şumer dilində önlüklərin olması bu dilin türk budağı kimi inkişafını əngəlləyə bilmir. Digər tərəfdən, müəlliflərin verdikləri «predloqlar» predloqa oxşamır, müstəqil sözlər kimi çıxış edir. Lakin tərcümə prosesində Şumer dilinin ilkin, ibtidai, hərfi ifadə tərzi müasir dillər baxımından ümumiləşmiş qrammatik əlamətlərlə tərcümə edilir. Fikir düzgün alınsa da, orijinaldakı sadəlik, hərfilik öz ifadəsini düzgün tapa bilmir. İ.T.Kaneva aga (arxa iqamətgah, tikili), bar (üst tərəf), da (əl, tərəf), eger (arxa, çiyin), igi (göz), mu (ad), şag (ürək), ugu (kəllə, qafa tası), zag ( çiyin, döş qəfəsi) və s. sözlərin hal şəkilçiləri ilə birlikdə önlük vəzifəsində işləndiyini qeyd etmişdir. (8; 46-52) Misallara diqqət yetirək: igi-zu-şe he-gal he-em a-ga-zu-şe kiri-zal he-em ‘pered toboy izobilie pustğ budet, pozadi tebə velikolepie pustğ budet’ igi - göz, zu - sənin, şe - istiqamət halının şəkilçisi; müəllif bunları ‘pered toboy’ kimi tərcümə etmişdir. Əslində isə igi sözü göz, qabaq, baxmaq mə’nalarındadır. Ona görə də birləşməni ‘sənin gözünün önünə, qabağına’ şəklində başa düşmək lazımdır. a-ga-zu-ta gud-niga a-ab-şum ‘posle tebə otkormlennıy bık bıl ubit’ - cümləsində a-ga-zu-ta ‘posle tebə’ kimi tərcümə edilmişdir; aga - arxa iqamətgah, zu - sənin, ta - çıxışlıq hal şəkilçisi. Aga sözü həmin mə’na ilə yanaşı ‘geri’ mə’nasını da ifadə edir və geri (ga-ge) sözü həmin kökdəndir. Ona görə də birləşməni ‘posle tebə’ yox, ‘səndən geri’ şəklində tərcümə etmək düz olardı (əslində, müəllifin tərcüməsi məntiqsizdir: səndən sonra, yə’ni sən öləndən sonra (?) kökəldilmiş öküz öldürüldü). bar-mu-a li-bi-(in)-tar ‘na menə tı ne posmotrel’, bar-mu- a ‘na menə’ şəklində tərcümə edilib; bar -’üst tərəf’ mə’nası ilə yanaşı, ümumiyyətlə ‘tərəf’ mə’nasında da işlənib; mu - ‘mənim’ deməkdir, -a yerlik halın şəkilçisi kimi verilsə də, bu cür ifadələrdən göründüyü kimi, istiqamət halına da xidmət etmişdir. Odur ki birləşməni na önlüyü ilə deyil, türk dili quruluşunda ‘mənim tərəfə’ (‘mən tərəfə’) şəklində tərcümə etmək olar. Rusca tərcüməsi önlüklə verilsə də, şumer dilində önlük deyildir. eger-mu-ta nig-na-me bi-in-gub «pozadi menə çto-libo naxoditsə». Burada eger-mu-ta ‘pozadi menə’ şəklində tərcümə edilib. Eger ‘arxa, bel, dal, kürək - geri’ mə’nalarındadır. Birləşmə ‘mənim arxamda’ kimi tərcümə olunmalıdır. ki-Ereş-ki-gal-şe gin-na kur-şe ed-de ‘k Greşkiqalğ poydi, v podzemnıy mir spustisğ’. ki-Ereş-ki-gal-şe ‘k Greşkiqalğ’ şəklində - k önlüyü ilə tərcümə edilib. Ümumi mə’na doğrudur. Ki - yer, torpaq mə’nasındadır, şe istiqamət halını bildirir. Birləşmə ‘Ereşkiqal (olan) yerə’ mə’nasındadır. Amar-subara şitim mu-kin-şe na-ba-du ‘Amarsubara, plotnik, iz-za rabot pustğ ne zaderjivaetsə’; mu-kin-şe ‘iz-za rabot’ kimi izah edilib. Mu - ‘ad’, kin - ‘iş’ deməkdir; -şe - istiqamət halının şəkilçisidir. Birləşmə ‘iş adına’ şəklində çevrilməli idi ‘Qoy Amarsubara, dülgər, iş adına (iş bəhanəsi ilə) gecikməsin’. İ.T.Kanevanın verdiyi bütün misalları bu cür izah etmək mümkündür. O misallarda heç bir «predloq» müşahidə olunmur, lakin birləşmələr rus dilinə predloqların köməyi ilə tərcümə olunur. Bir də fərq rus dilindəki söz sırasındadır. Bu cür birləşmələr müasir türk dillərində söz sırasına görə bir qədər fərqlənir:: biz a-ga-zu-ta - ‘geri səndən’ yox, zu-a-ga-ta - ‘səndən geri’ şəklində, yaxud mu-kin-şe - ‘adına iş’ yox, kin-mu-şe ‘iş adına’ şəklində işlədirik. Şivələrimizdə, canlı danışıq dilində şumer dilində olan sıradan indi də istifadə edilir: «Obratnıy porədok vozmojen takje v soçetaniəx izafetnoqo tipa: əmcəhləri keçilərin (Sisianskiy rayon Arm.SSR) (lit.keçilərin əmcəkləri) - «vımə koz», təkərrəri arabanın (Sisianskiy rayon Arm. SSR) (lit. arabanın təkərləri) - «osi arbı», Sən kar idin, nə eşitdin gəlməgin oğrunun (M.) (lit. Sən kar idin, oğrunun gəlməyin necə eşitdin?) - «tı je bıl qluxoy, kak je tı uslışal prixod vora?» (29; 158) Türk dillərində olduğu kimi, şumer dilində də sifətlər isimlərdən formaca fərqlənmir. Yə’ni, məsələn, rus dilində olduğu şəkildə sifəti isimlərdən fərqləndirən əlamət yoxdur: nun - böyük, du - yaxşı, kalag - güclü və s. Bə’zi hallarda sifətlərin -a şəkilçisi ilə fərqləndiyi qeyd edilir; -a, əslində, fe’li sifət şəkilçisidir: kalag-a - güclü olan, tur-a - xəstə olan. İ.T.Kaneva həm kalag, həm də kalag-a sözünü ‘güclü’ mə’nasında izah etmişdir; -a şəkilçili forma ‘güclü olan’ mə’nasındadır və bu hal göstərir ki, kalag sözü həm sifət, həm də fe’l kimi işlənmişdir. Şumer dilində saylar müəyyən bir sistem əsasında qurulmamışdır. Beşlik, onluq, iyirmilik, altmışlıq say sistemlərindən istifadə olunmuşdur. Bunlardan beşlik və iyirmilik daha qədim hesab olunur. Nə qədər say sözləri işlətdiklərini də dəqiqləşdirmək mümkün olmamışdır. Sayların necə səsləndiyi də bə’zən mübahisə doğurur. 3 sayı üş (İ.T.Kanevada eş,weş ), 10 sayı u (u-un - on) şəklində işlənmişdir. Şumer dilində də sıra sayları miqdar saylarından əmələ gəlirmiş. Şumer dilində də miqdar saylarından sonra isimlər cəmlənməzmiş. Miqdar sayları ilə sayıla bilən isimlər arasında formal-qrammatik əlaqə olmadığı qeyd edilir - bu, əslində, yanaşma deməkdir. Altı min illik müddəti nəzərə aldıqda şumer dilindəki əvəzliklərlə müasir dilimizdə işlədilən əvəzliklər arasındakı yaxınlıq daha çox təəccüb doğurur. Hələ altı min il əvvəl bu dildə şəxs əvəzliklərinin müstəqil subyekt kimi işlənməsinə o qədər ehtiyac olmamış, şəxs əvəzlikləri yalnız məntiqi vurğu altında işlənməli olmuş, qalan hallarda şəxs anlayışı xəbərdə ifadə olunmuşdur. Deməli, şumer dili bizim təsəvvür etdiyimizdən çox-çox qədim bir dövrdə formalaşmış dildir. Əvəzliyin şəxs əvəzliyi, yiyəlik əvəzliyi, işarə əvəzliyi və sual əvəzliyi kimi dörd növü müəyyən edilmişdir. Bunlardan şəxs və sual əvəzlikləri müstəqil işlənmiş, işarə və yiyəlik əvəzlikləri müstəqil işlənməklə yanaşı, enklitik (vurğusuz) xarakteri ilə də fərqlənmişdir. Müstəqil əvəzliklər isim kimi hallanmışdır. Şəxs anlayışı leksik yolla ifadə olunmuşdur. Kəmiyyət anlayışı şəxs əvəzliklərində bugünkü dilimizdə olduğu kimi, suppletiv yolla, yalnız 3-cü şəxsdə (isimlərdə olduğu kimi) e-ne cəm şəkilçisi ilə düzəlmişdir. Şəxs əvəzlikləri aşağıdakılardan ibarət olmuşdur: tək cəm 1-ci ş. ma-e, ma mede 2-ci ş. za-e, za, ze meze 3-cü ş. e-ne, a-ne e-ne-ne, a-ne-ne 1 və 2-ci şəxsin təkini bildirən ma-e və za-e sözlərinin son səsləri - -e artıq yeni şumer dilində yoxdur (8; 54), ma, za (ze) əvəzlikləri Azərbaycan dilində həmin şəxsləri bildirən əvəzliklərin kökündə durur: ma - mə-n; ze>se - sə-n. 3-cü şəxsin təkini bildirən ane əvəzliyi isə hələ son səsini şumer dilində itirməyə başlamış və bizim klassik ədəbiyyatın dilində an şəklində geniş işlənmişdir: Dedilər kim, dəhanı yoxdur anın.(Nəs.) 1-ci şəxsin cəmi əslən me(n)de(n) şəklində, 2-cə şəxsin cəmi me(n)ze(n) şəklində qeyd olunmuşdur. Mö’tərizədə verilən səslərin (n) faktik olaraq işlənmədiyi, əksərən buraxıldığı göstərilir. Bu əvəzliklər fe’ldəki enklitik şəxs göstəriciləri əsasında müəyyən edilmişdir. Əvəzliklərin kökü 1-ci şəxsdə me(n), 2-ci şəxsdə ze(n)-dir. Çox qəribədir ki, 2-ci şəxsin cəmi mən və sən sözlərinin birgə işlənməsi ilə (me(n)ze(n) ifadə olunmuşdur, yə’ni «nə mən, nə də sən - hamımız, hər ikimiz». Bu da təfəkkürün tədricən mücərrədləşməkdə olduğunu göstərir. Sonralar me, ze sözlərindən çoxluq bildirən (ən azı binar məzmuna malik olan) -z şəkilçisi ilə miz>biz, siz sözləri düzəlmişdir. İ.T.Kaneva əvvəlki fikirləri təkrar edərək qeyd edir ki, 3-cü şəxsin cəmi (e-ne-ne, a-ne-ne ) təkinə e-ne cəm şəkilçisinin artırılması ilə yaranmışdır: e-ne-(e)-ne. Lakin, eyni zamanda, bu formanı ağlabatmaz hesab edir. (8;54) Əslində, düzgün şübhələnir, çünki şumer dilinin qoşa sözlərlə çoxluq anlayışını ifadə etmək imkanları və 2-ci şəxsin cəmi göstərir ki, 3-cü şəxsin cəmi cəm şəkilçisi ilə deyil, 3-cü şəxs təkin təkrarı ilə yaranmışdır: çox təbiidir: o + o = onlar, lu + lu (lulu) = adamlar, ene+ene - onlar. Müasir dilimizdə olduğu kimi, bu əvəzliklərin isimlər kimi hallandığı müəyyən edilmişdir. Türk yiyəlik əvəzliklərinin əsasında şəxs və işarə əvəzlikləri durur. Bu xüsusiyyət eynilə şumer dilindəki yiyəlik əvəzliklərində də özünü göstərməkdədir: tək cəm 1 ş -mu- mənim -me - bizim 2 ş. -zu - sənin -zu-e-ne-ne - sizin 3 ş. -ani, bi - onun -a-ne-ne, bi - onların İşarə əvəzlikləri: be, e, (e)ne, hur, ur sözlərindən ibarət olmuşdur. Bunlardan ene və e bir kökdən olub, o işarə əvəzliyinin arxetipidir: ene /ane > an > ol > o. İşarə əvəzlikləri yaxına və ya uzağa, indiyə və ya keçmişə işarə məqsədilə işlənmişdir. Nisbətən az işləndikləri göstərilir. Ən fəalı bi (‘bu’, bə’zən də ‘o’ mə’nasında) işarə əvəzliyidir; Az da olsa, e, ur, hur işarə əvəzliklərindən istifadə edilmişdir: uru-bi-a ‘bu şəhərdə’; balag-ki-ag-e ‘o sevimli baraban’; ud-ur-a ‘o günlər’. Son dərəcə az hallarda hur, ur sözlərinin işləndiyi qeyd edilmişdir; bu sözlər hər sözünün arxetipidir (ur sözündə h samiti düşmüşdür); be sözü isə tədricən danışanın mikromühitinə işarə edən bu əvəzliyi kimi sabitləşmişdir. Nə sual əvəzliyi mə’nasında a’na sözündən istifadə edilmişdir. Bu sözdə vurğu ikinci hecada olduğundan tədricən birinci sait düşmüş, türk dillərində geniş şəkildə işlənən nə (na) sual əvəzliyi formalaşmışdır. Kim sual əvəzliyi məqamında aba sözü işlədilmişdir. Bu söz tam arxaikləşmişdir. Müasir dilimizdə nə sual əvəzliyi necə mə’nasında işləndiyi kimi, a-na sual əvəzliyi də digər canlı və cansız varlıqlara verilən nə sualı ilə yanaşı, necə mə’nasında da müşahidə olunur. İ.T.Kaneva göstərir ki, a-na sual əvəzliyi müqayisə halını bildirən gim şəkilçisi ilə (bilirik ki, gim şəkilçi deyil, qoşmadır) birlikdə necə mə’nasını ifadə etmişdir. Bu, müasir dilimizlə şumer dili arasında nə qədər böyük yaxınlıq olduğunu bir daha göstərir: na gim - nə kimi, yə’ni necə. Əvvələn, na sözünün na və ya nə şəklində tələffüz edildiyini bilmirik; ikincisi də gim sözü elə o vaxtlar da gimi şəklində işlənmişdir (a-na sözündə a-nın vurğusuz olduğunu isə bilirik): nə gimi - nə kimi. İ.T.Kanevanın fikrincə, a-na sözü istiqamət halının eşe şəkilçisi ilə birlikdə nə üçün? niyə? mə’nasını vermişdir. Biz bu mə’naya e’tiraz etmirik, lakin eşe hissəciyinin bu məqamda üçün qoşmasının praforması olduğunu güman edirik. Bunlardan əlavə, şumer dilində na-me əvəzliyi də olmuş, nə isə, kim isə əvəzliklərinin mə’nasında, bə’zən də bizim indiki inkarlıq bildirən nə bağlayıcısı məqamında işlənmişdir. Bütün bunlar dilimizdəki nə sual əvəzliyinin və nə - nə bağlayıcısının eyni mənşədən - a-na sözündən olduğunu göstərir. Fe’l əsasları da şumer dilində öz strukturuna görə adlardan fərqlənmir. Məs.: sikil - təmiz və təmiz olmaq, gig - qara və qara olmaq və s.(9; 63) İlkin inkişaf mərhələlərində türk dillərində özünü göstərən bu xüsusiyyət indi də bir sıra sözlərdə qalmışdır. Kombinator dəyişmələr nəzərə alınmazsa, türk dillərində olduğu kimi, şumer dilində də söz kökləri, söz əsasları sabitdir. Lakin şumer dili hələ elə inkişaf mərhələsindədir ki, tə’sirlilik və tə’sirsizlik fe’ldə qrammatik yolla öz ifadəsini tapa bilmir, ona görə də eyni fe’l tə’sirli də ola bilir, tə’sirsiz də. Fe’l əsasının mə’nası yalnız cümlə daxilində müəyyənləşir. Fe’lin təsrif formasını düzəltmək üçün qədim şumer dilində əsas forma birinci və ikinci şəxs əlamətlərinin ad əsaslarına artırılması olmuşdur. Bu cür təsrif «olmaq» mə’nasında tə’sirsiz me fe’linin nümunəsində özünü daha aydın göstərir. Qeyd edilən me köməkçi fe’li müstəqil fe’l kimi təsriflənməklə yanaşı, adlardan - isim, sifət, say və əvəzliklərdən sonra işlənməklə də təsriflənmişdir. Bu cür hallarda İ.M.Dyakonov onu svəzka - bağlama (9; 64) adlandırmışdır. Me fe’li növ və zaman əlamətləri qəbul edərək dəyişmir, lakin müxtəlif (indiki, keçmiş və s.) zamanları bildirə bilir. Bağlama adlandırılan bu sözün təsrif forması aşağıdakı kimidir: tək cəm 1-ci ş. ma me-en mede me-enden 2-ci ş. za me-en meze me-enzen 3-cü ş. ane me -an ane me-eş Buradakı şəxs şəkilçiləri şəxs əvəzliklərinə uyğundur. Me fe’li dünya dillərinə məxsus kök dildən gələn və bir çox dil ailələrində özünü göstərən bir sözdür. B-m keçidi ilə rus dilindəki bıtğ, ingilis dilindəki be, türk dillərindəki bolmaq-olmaq fe’li şumer dilindəki həmin me ilə eyni mənşəlidir. Deməli, me sözünün təsrifi qədim türklərə də məxsusdur. Bir az əvvəl qeyd etdiyimiz kimi, İ.M.Dyakonov, İ.T.Kaneva və b. şumer dilində prefiks, infiks və suffikslərin olduğunu göstərmişlər. Türk şəkilçiləri suffikslərdən ibarətdir. Kök sabit olduğu üçün bu dillərdə infiksdən də danışmaq olmaz. Bəs şumer dilində infikslər necə düşünülür? Axı şumer dili də iltisaqi dildir. Budur, İ.T.Kaneva yazır: «Bir neçə affiks dalbadal işlənə bilir. Fe’ldə əsasdan əvvəl affikslər zənciri, daha dəqiq desək, prefiks və infikslər ola bilir. Sadə olmaq üçün onların hamısını biz «fe’l prefiksləri« adlandırırıq». (8; 27) İnfiks flektiv dillərə məxsus xüsusiyyətdir və sözün daxilində olur. Odur ki söz kökü ilə prefiks arasında işlənən şəkilçini infiks deyil, elə, düz olsa, yə’ni prefiks deyilən şey prefiks olsa, prefiks adlandırmaq doğru olar. İ.M.Dyakonov şumer dilində prefikslərin suffikslərdən daha çox və məhsuldar olduğunu qeyd etmişdir. (9; 65) Bu hal tədqiqatçıları daha çox çaşdırır, çünki şumer dilinin türk dilləri ilə müqayisəsi prosesində böyük «çətinliklər» törədir, ondan ötrü ki, türk dilləri son şəkilçili dillərdir, bu dillərdə başdan-binadan prefikslər inkişaf etməmişdir və bu dillərdə olan prefikslər Hind-Avropa dillərindən alınmadır. Diqqətlə nəzər saldıqda aydın olur ki, müəllifin «prefiks» kimi qeyd etdiklərinin heç biri prefiks deyil. Qeyd edilənlər zərfləşməkdə, ədatlaşmaqda, bağlayıcılaşmaqda olan sözlər və hal şəkilçili əvəzliklər, isimlərdir. Bir-bir həmin «prefikslər»ə nəzər salaq. İ.M.Dyakonov və onun ardınca İ.T.Kaneva «prefiks»lərin təsriflənən fe’ldən əvvəl ardıcıl olaraq 6 pozisiyada yerləşdiklərini və aşağıdakılardan ibarət olduğunu qeyd etmişlər: 1 - şəkil (forma) prefiksləri; 2 - orientasiya prefiksləri; 3 - 3-cü şəxs təkin yönlük halda məkani prefiksi; 4 - 2-ci şəxs təkin birgəlik-məkani prefiksi; 5 - yerlik-istiqamət halının məkani prefiksi; 6 - sosial-passiv sinfin 3-cü şəxs təkdə hal-vəziyyət subyektinin prefiksi. (8; 66) Həm İ.M.Dyakonov, həm də İ.T.Kaneva qeyd etmişlər ki, eyni vaxtda bu pozisiyaların hamısı tutula bilməz, olsa-olsa, ən çoxu üç pozisiya tutula bilir. Məsələn, birinci pozisiyadakı şəkil («naklonenie») prefiksi olmadıqda, orientasiya prefiksi, o da olmadıqda yönlük halın məkani prefiksi işlənə bilər və s. Birinci qrup prefiksləri müəlliflər naklonenie adı altında nəzərdən keçirmiş və «naklonenie» terminini hərəkətin xarakteristikasının reallığı və qeyri-reallığı kimi geniş mə’nada nəzərdə tutmuşlar. Bu qrupa, başlıca olaraq, na, nu, şa, he, ga, u, bara «prefiksləri» daxil edilmişdir. Onların prefiks, bizim hissəcik adlandırdığımız na, şa hissəciklərini İ.T.Kaneva təsdiq, yaxud «qeydedici, nəzərəçarpdırıcı şəkil» («podtverditelğnoe ili podçerkivaöhee naklonenie») əlamətləri adlandırmışdır. Müasir ədəbi dillərdən danışılarkən bu cür fe’l şəkli nəzərdə tutulmur. (M.Kaşğari türk dillərində əmr formasında gücləndirici şü hissəciyinin işləndiyini qeyd etmişdir: kel-şü gəl daha!) (30; 211) İ.T.Kaneva şa, şi, şe hissəciyinin mə’nasının dəqiq müəyyənləşdirilmədiyini qeyd etmişdir. Onun verdiyi misal göstərir ki, bunlar -sa,-sə şərt şəkilçisinin qədim variantıdır: dumu-engar-ra-ra nig nam-mu-ra-ra-an e-ra-zu şe-im-ra ‘v sına zemledelğüa niçeqo pustğ tı ne brosaeşğ (pustğ tı ne bğeşğ eqo), (inaçe) tvoy arık nepremenno (budet) razruşen.’ - «pustğ tı ne bğeş eqo» ifadəsində pustğ (bu söz -şe ilə ifadə olunmuşdur) sözünün yerinə esli sözünü qoysaq və ya müasir dildə olduğu kimi, fe’lə -sa,-sə şəkilçisini artırsaq, mə’na daha aydın başa düşülər və bunu son frazanın əvvəlinə müəllifin əlavə etdiyi «inaçe» sözü də göstərir: (Əgər) sən onu döyməsən, sənin arxın həmişə pozulacaq. Aydın hiss olunur ki, şa şərt çaları ilə ədatlaşmış bir söz olmuşdur və sonralar şəkilçiləşmişdir. Na «prefiksi» haqqında müəllif yazır: «na - təsdiq, yaxud nəzərə çarpdırıcı şəkildir. Hərəkət bildirən finit fe’l formasında qayda üzrə bitmiş növlə, az hallarda bitməmiş növlə işlənir». (8; 93) Deməli, na təsdiq mə’na ifadə edir, həm bitmiş, həm də bitməmiş növ fe’llərlə işlənir. Bu gün ədəbi dilimizdə işin icra olunduğunu və ya olunacağını bildirən morfem yoxdur, olunmadığını bildirən nə bağlayıcısı vardır. Görünür, dilin müəyyən inkişaf mərhələsində işin icrasının təsdiq olunduğunu bildirən morfem də olmuşdur. Dilimizdəki nə sözü həmişə inkar mə’na ifadə etmir. Onun təsdiq cümlələrdə əvəzlik kimi işləndiyi hallar da çoxdur: Nə istəyirsən, apar. Aydın olur ki, inkarlıq bildirən nə bağlayıcısı məqamında işlənən birinci pozisiyadakı na prefiks yox, təsdiq ədatı və ya bağlayıcıdır. Bunu onun başqa bir variantı olan nu «prefiksi» haqqında müəllifin öz fikri və mətn də təsdiq edir: «nu -(fe’lin) inkar şəklidir. Hərəkət bildirən finit fe’l formalarında hər iki növlə (bitmiş və bitməmiş növlərlə) işlənir». (8; 95) Misala baxaq: Lu na-mu-da-du. (8; 147) Lu - adam, na - inkar «prefiksi»dir (əsli nu sayılır, ondan sonra gələn mu sözünün tə’siri ilə assimilyasiyaya uğrayıb na şəklinə düşdüyü qeyd olunur); mu - 1-ci ş.t.-in yiyəlik əvəzliyi; da - birgəlik halın şəkilçisidir (d>l keçidi ilə -la,-lə qoşmasıdır); du - ‘düşmək, getmək’ deməkdir. Ruscası: ‘pustğ nikto ne idet so mnoy’. Hərfi tərcüməsi: ‘Adam nə mənimlə getsin’. Məzmunu: ‘Heç kim mənimlə getməsin’. Göründüyü kimi, təsdiq bildirən na arxaikləşib, inkarlıq bildirən nu>na>nə dilimizdə sabit halda işlənməkdədir. Bəlkə də bunların hər ikisi (təsdiq bildirən na, inkarlıq bildirən nu) bir kökdən olub bir söz kimi tədricən inkar mə’na istiqamətində sabitləşmişdir. Bunlar prefiks deyil, analitik yolla təsdiq və inkar mə’nanın ifadəçiləridir - fe’ldən əvvəl işlənən təsdiq və inkar bağlayıcılarıdır. Sadəcə olaraq, dildə yaxşı qayda varmış: inkarlıq və ya təsdiqlik determinativ xarakter daşıdığından subyekt bildirən sözə daha yaxın (o biri üzvlərdən əvvəl) işlənirmiş. Müasir dildə də belədir. Na (nə) bağlayıcı və ya ədat kimi vahid kökdən - ulu dildən gələn bir sözdür, ona görə də əksər dünya dillərində öz izlərini saxlamışdır: rus dilində ne, net, ingillis dilində no, not, fars dilində nə, türk dillərində nə və s. Şumer dilində olduğu kimi, müasir dillərdə də həm fe’llər, həm də adlarla işlənir. Ga və he hissəciklərini müəllif «arzu, niyyət (istək) şəklinin əlaməti» - «prefiksi» kimi izah etmişdir. (Qədim türk abidələrinin dilində kü, gü gücləndirici ədatları işlənmişdir: azu bu sabimda iqid bar-ğa - ‘razve estğ lojğ v gtix moix slovax?’ (10; 195-196) Şumerin ES dialektində ga hissəciyinin da, du şəkillərində işləndiyi göstərilir. Bu xüsusiyyət he hissəciyinə də aiddir: «he, ha, hu (ES dialektində da-, de-, du-). Arzu, təsdiq şəkli. Arzu, xahiş mə’nasında şe- prefiksi finit fe’l formalarında 2-ci və 3-cü şəxslərin tək və cəmində hər iki növdə (bitmiş və bitməmiş növ) işlədilir». (8; 93) Deməli, ga və he, əslində, bir qrammatik anlayışın ifadə vasitələridir. Və bir qədər də irəli gedərək demək olar ki, bunlar bir ədatdır: ga ədatı he ədatının şivə variantıdır (və ya əksinə). Bu ədatların şumer dilinin son mərhələsində qeydə alınmış formaları - da, də, du şəklindədir. Bunlar aydın şəkildə göstərir ki, şumer dilində he və ga ədatları tədricən da, də, du ədatları ilə əvəz olunmuş və müasir dilimizdə işlətdiyimiz da, də ədatının (mətndən asılı olaraq bağlayıcının) funksiyasını yerinə yetirmişdir. Bunu müəlliflərin verdiyi misallar da təsdiq edir: En-lil-le he-ha-lam-me ‘Enlil pustğ poqubit (eqo).(8; ,94) -cümləsində he sözü pustğ yox, takje mə’nasına uyğundur: Qoy Enlil onu qorxutsun yox, Enlil də onu qorxutsun. Fikrimizcə, he hissəciyi izsiz yox olmamışdır. Azərbaycan dilindəki hə, rus dilindəki da, takje, ingilis dilindəki yes, too sözlərində də qalmışdır. he hissəciyinin təsdiq cümlələrdə bütün şəxslərlə və həm bitmiş, həm də bitməmiş fe’llərlə işlənməsi də onun arzu, istək, tə’kid bildirən ədat olduğunu göstərir. Bunlar həm də göstərir ki, müəlliflərin 1-ci pozisiyada prefiks kimi verdikləri ga, he, də prefiks deyil, ədatdır, bağlayıcıdır və bugünkü türk dili qaydalarına müvafiq işlənmiş analitik formalardır. Bütün bunlardan belə bir məntiqi nəticə də çıxarmaq olur ki, şumerlər yekcins deyilmiş, onların tərkibində türklərlə yanaşı, hindavropalılar da, xüsusən slavyanların babaları da olmuşdur. Bunu türk dillərində işlənən hə, slavyan dillərindəki da sözləri də təsdiq edir. Bunlarla yanaşı, şivə xüsusiyyətləri də müşahidə olunur. U «prefiks»ini İ.M.Dyakonov «güman, xahiş», İ.T. Kaneva «arzu, təsdiq şəkli»nin əlaməti kimi izah etmişdir. Güman və xahiş başqa-başqa şeylərdir. He, ha, hu ədatı ilə u ədatının eyni funksiyanı yerinə yetirməsi, hər ikisinin yalnız bitmiş növ fe’llərlə işlənməsi onların eyni mənşədən olduğunu, bə’zən h samitinin düşdüyünü göstərir. (Qədim türk yazılı abidələrinin dilində -ı, zu, zun, zün əmr-arzu şəkillərinin formal əlaməti kimi müşahidə olunmuşdur. (31; 126-127). U şəkilçisi bunların dodaqlanan qalın saitli variantı ola bilər). Başqa bir «fe’l şəkli»nin əlamətinə diqqət yetirək: bara sözünün funksiyası «təsdiq və arzunun qəti inkar şəkli» («naklonenie kateqoriçeskoqo otriüatelğnoqo utverjdeniə ili pojelaniə») kimi izah edilmişdir. Bütün xüsusiyyətlər bizim indi işlətdiyimiz barı ədatının xüsusiyyətləridir: Barı getməyəydin. Barı tez gedəydin. Şumer dilində: na-ri-a-bi bara-i-radr-e ‘on (ni v koem sluçae) ne razruşit gtu stelu’ cümləsində ‘ni v koem sluçae’ yox, xotğ, po krayney mere sözlərini işlətmək düz olardı. Beləliklə, 1-ci pozisiyada olanlar nə «prefiks»dir, nə də «naklonenie»dir, təsdiq, inkar, arzu, sual, şərt mə’nalı ədatlardan və bağlayıcılardan ibarətdir. Müasir dilimizdə fe’lin əmr formasının ikinci şəxs təkinin əlaməti yoxdur, cəmi isə -ın,-in,-un,-ün (bə’zən də -ınız,-iniz,-unuz,-ünüz) şəkilçisi ilə düzəlir. İstərdik ki, oxucu özü Şumer dili tədqiqatçısının sözlərini oxusun: «Əmr şəkli xahiş və ya tə’kid bildirir və fe’l əsaslarının şəkil prefiksi pozisiyasına keçirilməsi ilə yaranır. Bu tipli konstruksiya faktik olaraq özünü 2-ci şəxsdə göstərir (təkdə subyekt bildirən şəkilçi olmur, cəmdə söz-formanın sonunda subyekt göstəricisi olur); 2-ci şəxsin cəmi -(en)zen şəklindədir. Cəm şəklinin imperativ forması sonrakı dövr şumer mətnlərində qeydə alınmışdır». (8; 96) Bu sözlərdə əmr formasının arzu və ya tə’kid bildirməsi maraqlı deyil - bu, təbiidir. Maraqlı odur ki, guya əmr formasında fe’ldən əvvəlki 6 pozisiya təmizlənmiş olur və fe’l onlardan birincisinin - fe’lin şəkil «prefiksinin» yerinə keçir, yə’ni fe’l şəkilləri üçün sadalanan 6 pozisiyanın əmr şəklinə dəxli yoxdur. Deməli, 6 pozisiyanın hamısı boş olur və sonra fe’lin əmr formasında olan söz və onun mümkün şəkilçisi işlənir. Sən bu tədqiqatçıların işi dolaşdırmaq, azdırmaq üçün gördüyü işə bax! Deməli, əmr şəklindən də əvvəl o 6 pozisiyanın heç olmasa, üçü tutulmalı imiş, amma deyəsən, bir istisna kimi tutulmur və fe’l birinci pozisiyada işlənir! Allah sizin evinizi tiksin! Misallar: gin-ni - ‘poydi’, gi-a ‘vernisğ’ və s. Bir də maraqlı odur ki, hazırkı dilimizdə olduğu kimi, 2-ci şəxs təkin şəkilçisi yoxdur, cəmi isə müasir dildə işlətdiyimiz -ın,-ınız şəkilçilərinə son dərəcə yaxındır - (en)zen. Bu forma şumer dilinin lap son mərhələsinə, onun Orxon-Yenisey abidələri ilə bir neçə yüzillik məsafəsinə aiddir. Həmin abidələrdə də əmr formasının 2-ci şəxs təki əksərən fe’l əsası ilə, cəmi isə -n,-ın, in şəkilçiləri ilə ifadə olunmuşdur. (31; 125) Bu məqamda İ.T.Kaneva ed suffiksindən danışır və onun iki funksiyasını qeyd edir: 1) işin icrasını gələcək zamanla məhdudlaşdırır və 2) modallıq bildirir. Onu da qeyd edir ki, bu şəkilçinin ed və ya de şəklində işləndiyi mübahisə mənbəyi olaraq qalır. (8; 98-102) Biz deyərdik ki, əslində, şəkilçinin qrammatik funksiyası da (ya bilərəkdən, yaxud da hansı çətinliklərdənsə) düzgün izah olunmur. Bu şəkilçi həm şəxsli (təsrif formalı), həm də şəxssiz fe’llərlə işlənir. Əgər bu düzdürsə, onda o, zaman şəkilçisi ola bilməz və şumer dilində fe’llərin zamana görə dəyişmədiyi, zaman anlayışının müxtəlif vasitələrlə ifadə olunduğu göstərilir. Bu cəhətləri nəzərə aldıqda, ed//de morfeminin fe’ldən sonra işlənən də ədatı olduğu aydınlaşır. Bunu o cəhət də təsdiq edir ki, de (ed) morfeminin na, ga, u «prefiksləri» ilə əlaqəli (bir cümlədə) işləndiyi müşahidə olunmamışdır. (8; 100) İ.M.Dyakonov yazır: »..deyə bilərik ki, fe’l təkcə hərəkət subyektinin və hal-vəziyyət subyektinin (müstəqim obyektin) şəxslərinə görə təsriflənmir, həm də cümlə daxilində adlarla və məkani hallarla ifadə olunmuş bütün vasitəsiz (qeyri-müstəqim) obyekt və zərfliklərin şəxsinə görə təsriflənir.» (9; 86) Bu, çox «maraqlı» bir uydurmadır. Belə çıxır ki, hal şəkilçiləri həm adlarla işlənir, həm də guya fe’llərdə hal göstəricilərinə rast gəlirik. Həm də bu göstəricilər fe’llərdən əvvəl «prefiks» şəklində işlənir. (Müasir dilimizdə olduğu kimi, fe’llər yiyəlik hal ilə əlaqələnə bilmir). Buna görə də İ.M.Dyakonov «prefiks»ləri hallar üzrə qruplaşdırmış və cədvəl vermişdir. Cədvəldə «prefikslər» lokativ, yönlük, komitativ, ablativ, elativ, allativ, lokativ-terminativ hallar üzrə qruplaşdırılmışdır: Lokativ (yerlik) hal ilə yönlük hal yaxındır, sinonim məqamda bir-birini əvəz edə bilir - dilimizin tarixində olduğu kimi; ona görə də müəllif bunları izahat prosesində birlikdə (lokativnıy ili datelğnıy prefiks) vermişdir (cədvəldə ayırmışdır). Nəzərə almaq lazımdır ki, bu şəkilçilərdə şəxs göstəriciləri də vardır. Qeyd etdiyimiz kimi, müəllif bunları «prefiks» hesab edir. Müəllifin ayrı-ayrı şəxslər üzrə verdiyi hal şəkilçilərini ümumiləşdirmək olar. Məsələn, lokativ halın -a; -n-a; -b-a (-m-a); -me-a; -(e)ne-a şəkilçilərinin sabit əsası -a - dır. Şəkilçilərin əvvəlində işlənən bir sıra samitlər, xüsusilə n və m samitləri, İ.M.Dyakonova görə, özlərindən əvvəlki sait səsin burunlaşması (burunda tələffüzü) ilə tədricən işləkliyini itirmiş, bir çox hallarda heç yazılmamışdır. (9; 71) Bu şəkildə o biri halları da qruplaşdırdıqda aşağıdakı mənzərə alınır: Lokativ: -a Yönlük: ra(-re) Komitativ: -da Ablativ: -ta Elativ: -ra Allativ: -şi Lokativ-terminativ: -e. Bugünkü hal adları üzrə ümimiləşdirək: Yönlük hal (yönlük və lokativ-terminativ): -ra,-re, -e Tə’sirlik hal (allativ): -ş-i ? Yerlik hal (lokativ): -a Çıxışlıq hal (ablativ və elativ): -ta; -ra Birgəlik halı (komitativ): -da Yönlük halın -ra,-re şəkilçisi tarixən məhsuldar olmuş və tədricən arxaikləşsə də, dilimizdəki bir çox sözlərdə qalmışdır. Qədim türk yazılı abidələrinin dilində -rı,-ri,-ra,-ar,-ər şəkillərində işlədilən bu şəkilçilər hələ 7 - 8-ci əsrlərdən türk dillərində arxaikləşməyə başlamışdır.(31;85) Sonuncu - e şəkilçisi, şübhəsiz, -re şəkilçisinin samitsiz variantıdır. Türk dillərində, o cümlədən bizim dilimizdə tə’sirlik hal -ı,-i,-u,-ü şəkilçisi ilə düzəlir. Qədim abidələrin dilində -ı,-ıg,-u,-ug, -g,-ig; -ın,-in,-nı,-ni,-n variantlarından istifadə edilmişdir. (31; 87) Göründüyü kimi, birinci qrup şəkilçilərdə -g samiti əsasdır. Buradan aydın görünür ki, Şumer dilindəki yiyəlik hal şəkilçisi (-ak) tə’sirlik hala da xidmət etmişdir. Güman ki, tə’sirlik hal üçün allativin -şi şəkilçisindən də istifadə edilmiş, tədricən allativin ş samiti itirilmişdir. «Çıxışlıq hal, olsun ki, başqa hal görümlərinə nisbətən sonralar meydana çıxmışdır. Təsadüfi deyil ki, qədim türk yazılı abidələrində çıxışlıq halın qrammatik vəzifəsini əsasən yerlik hal yerinə yetirir. Ona görə də türkoloqlar belə bir ümumi fikrə gəlmişlər ki, qədim türk yazılı abidələrində və indiki türk dillərində işlədilən -dan, -dən,-dın,-din şəkilçisi -da,-də yerlik hal şəkilçisi əsasında yaranmışdır». (31; 89) -dan,-dən şəkilçisinin -da,-də əsasında yarandığı doğrudur, lakin şumer dili materialları göstərir ki, -da,-də ilk növbədə çıxışlıq hala xidmət etmiş, sonralar yerlik halın funksiyasını öz üzərinə götürmüşdür. Deməli, «Dədə Qorqud» daha qədimdir. Bir halda ki, «Dədə Qorqud»da -da,-də çıxışlıq hal funksiyasın da yerinə yetirir, deməli, şumerə daha yaxındır. Çıxışlıq hal üçün həm -ta, -da, həm də -ra şəkilçisindən istifadə edilmişdir. Yerlik halda isə -a şəkilçisi işlək olmuşdur. Məkani hallarda güclü sinonim müvaziliyi olduğundan sonralar -a və -ra yönlük, -ta çıxışlıq hal üçün sabitləşmişdir. Sonralar yerlik hal -da şəkilçisi ilə sabitləşmiş, çıxışlıq hal isə örtülü-qapalı heca şəklini almaqla (-dan) fərqlənmişdir. Birgəlik anlayışı ədəbi dilimizdə -la,-lə, şivələrdə -nan,-nən ilə ifadə olunur. d>l keçidi ilə -da şəkilçisi -la şəklini almışdır (İsimdən danışılan hissəyə baxmalı). İndi biz adlarla işlənən suffikslərlə fe’llərlə işlənən «prefiks»ləri müqayisə edə bilərik: Hallar adları Ş ə k i l ç i l ə r adlarda fe’llərdə Adlıq hal: - - Yiyəlik hal: -a(k) - Yönlük hal: -ra,-re,-e -ra,-re,-e Tə’sirlik hal: -eş -eş Yerlik hal: -a -a Çıxışlıq hal: -ta -ta Birgəlik halı: -da -da Müəlliflərin izahatından belə çıxır ki, eyni şəkilçilər həm adlarla işlənmiş, həm də guya fe’llərdən əvvəl prefiks şəklində çıxış etmişdir. Bunu təqribən şəxs əvəzlikləri ilə onlardan yaranan şəxs şəkilçilərinin keçdiyi yola bənzətmək olardı. Lakin məsələyə dərindən diqqət yetirdikdə başqa mənzərə alınır. «Prefiks» kimi verilən hal şəkilçilərindən əvvələ baxaq. Həmin şəkilçilərdən («prefiks» adlandırılan hal şəkilçilərindən) əvvəl şəxsləri təmsil edən aşağıdakı elementlər vardır: 1-ci ş.təkdə ma cəmdə me-de 2-ci ş. təkdə (z)e cəmdə me(ze) 3-cü ş.təkdə n,b, cəmdə e-ne-ne, a-ne-ne Çox güc göstərmədən, adi nəzərlə baxdıqda aydın olur ki, bunlar şəxs əvəzlikləridir, lakin bə’zən bütöv yazılmamış, əsas elementləri verilmişdir. Mixi yazı ustaları nəzərə almışlar ki, kiçik bir element hansı əvəzliyin nəzərdə tutulduğunu bildirəcəkdir. Beləliklə, qeyd edilən hal şəkilçiləri subyekt ilə fe’l arasındakı əvəzliklərə artırılmış, işin, hərəkətin hansı şəxsə, əşyaya, hansı obyektə yönəldiyini, işin harada icra olunduğunu, əşyanın harada məkan tutduğunu, işin, hərəkətin çıxış, başlanğıc nöqtəsini və s. bildirmişdir. Bizim müasir dilimizdə də belədir. Subyekt bildirən sözdən sonra müxtəlif hal şəkilçili sözlər işlənir və həmin sözlər cümlədə tamamlıq və ya zərflik vəzifəsində çıxış edir. Deməli, bu qeyd olunanlar fe’l prefiksləri deyil, obyekt və məkan mə’nalı sözlərdir. İ.T.Kaneva özü şumerşünasların tədqiqatlarına əsaslanaraq yazır: «Daha geniş yayılmış nöqteyi-nəzərə görə (Poebel GSG,486; Falkenstein 1959a, 47), PP (prostranstvennıe prefiksı) aşağıdakı tərkibdə olur: ifadə olunan qeyri-müstəqim obyektin şəxsini/sinfini göstərən əvəzlik elementi + müvafiq məkani hal göstəricisi». (8; 145) Əvəzliklərin tam forması cümlənin məzmununa, əvəzliyin əsas samitinin mixi yazıda əks olunmasına görə müəyyənləşir. Digər tərəfdən, bu əvəzliklərə yalnız bir halın şəkilçisi qoşula bilər. Əgər yönlük halın şəkilçisi artırılmışsa, daha o biri halların işlənməsi qeyri-mümkündür. Bunu müəlliflər özləri çox yaxşı bildikləri üçün dəfələrlə qeyd etmişlər ki, eyni vaxtda bu «6 pozisiyadan» uzağı üçü fəaliyyət göstərə bilər. Məsələn, əgər 1-ci pozisiyadakı «naklonenie» dedikləri ədatlar işlənmişsə, sonra hal şəkilçili bir əvəzlik varsa, olsa-olsa, son «pozisiya»dakı al morfemi də işlənə bilər. Bütün bunlar fe’ldən əvvəlki 2, 3, 4 və 5-ci «pozisiya»ların «prefiks»lərinin də prefiks deyil, türk dillərinin ümumi qaydalarına əsasən mübtəda ilə xəbər arasında işlənən və cümləni genişləndirən ikinci dərəcəli üzvlər olduğunu göstərir. Bu dörd «pozisiya» yalnız bir pozisiyadan ibarətdir: əvəzlik + hal şəkilçisi. Onu da qeyd edək ki, təbii qanunauyğunluq əsasında bu mövqedə əvəzlik əvəzinə hallana bilən başqa sözlər - isimlər, sifətlər, saylar da işlənə bilər. Bunu İ.T.Kaneva özü də qeyd etmişdir: «Pomimo prefiksov orientaüii i prostranstvennıx prefiksov şumerskiy raspoloqaet i druqimi sredstvami peredaçi znaçeniy orientaüii, ukazatelğnıe mestoimenieə, prostranstvennıe padeji suhestvitelğnıx, nareçiy, predstavləöhie soboy zastıvşie padejnıe formı suhestvitelğnıx». (8; 109) Beləliklə, prefikslər kimi sadalanan 2, 3, 4, 5-ci pozisiyalar yoxdur, türk dillərinin qaydalarına son dərəcə müvafiq şəkildə işlənən, ismin bu və ya digər halında olan sözlər vardır. Ortadakı 4 «pozisiya»da hal şəkilçiləri ilə işlənən əvəzliklər mu-, ba-, bi-, i/e əvəzlikləridir. Bu əvəzliklərin bir sıra xüsusiyyətləri öyrənilmişdir. Bunlar hal şəkilçiləri ilə birlkdə iki mühüm funksiyanı yerinə yetirir: a) vasitəli obyekti bildirmək və b) hərəkətin danışana münasibətdə istiqamətini (onun özünə tərəf və ya əksinə olduğunu) göstərmək. Bunlar bizim bugünkü işarə əvəzliklərinin vəzifələridir. Bir şeyi də müəyyənləşdirmişlər ki, mu əvəzliyi daha çox canlı varlıqlara, bi, ba əvəzlikləri cansız varlıqlara işarə məqsədi daşımışdır. Həm də müəyyən edilmişdir ki, mu danışanın ətraf mühitinə, onun törəmələri im-ma-, im-mi- bir qədər uzağa, ba-,bi- əvəzlikləri isə daha uzağa işarə məqsədi daşımışdır. Ma, mu, ba, bi əvəzliklərində m, b kök (əvəzlik), a, i, u daşlaşmış hal şəkilçiləri hesab olunur. Uydurma «prefiks» məqamında hal şəkilçili əvəzliklərin işlənməsinə dair bir-iki misala nəzər salaq. İ.T.Kaneva yazır: «mu prefiksi MU işarəsi ilə yazılır. 1-ci şəxs təkdə məkan bildirən yerlik halın -a prefiksindən əvvəl ma- formasını alır: ma-a-ra ha-ma-an-dug (he-mu-?a-n-dug) (ELA 388) ‘mne voistinu on skazal’».(8; 110) (ma-dan sonrakı defis onun «prefiks» olduğunu bildirmək üçündür) Göründüyü kimi, müəllif özü təsdiq edir ki, ma sözü (müəllifin dili ilə desək, «prefiksi») mu + a - dan ibarətdir, yönlük hal şəkilçili əvəzlikdir. İndi mətnə baxaq: ma - 1-ci şəxsin təki, -ra - hal şəkilçisi, ha (formasını müəllif özü mö’tərizədə dəqiqləşdirib: he ədatı) ‘də’ ədatı, mu-a = ma, yə’ni ‘mənə’, -n = ene -3-cü şəxsin təki, yə’ni ‘o’, dug - indi işlətdiyimiz ‘de’ fe’li. Cümlənin dəqiq məzmunu: ‘o mənə həqiqətən dedi’ yox, ‘mənə də, mənə o dedi’ şəklində olmalıdır (1-ci mənə sözü üst-üstə hal şəkilçisi (-a,-ra) qəbul etmişdir: mu-a-ra - müasir dilimizdə o-ra-ya sözü kimi). bi - əvəzliyi («prefiksi») mixi yazılarda NE, Bİ işarələri ilə verilir, bi şəklində oxunur. Prefiks kimi verilən bu sözü düzgün olaraq ‘ora, o yerə, ona’ mə’nasında oxumuşlar: igi bi-in-du (bi-n-du) ‘on posmotrel (tuda, bi)’(8; 132) Burada igi - ‘göz’, igi...du birlikdə ‘baxdı’ deməkdir; bi - ‘ora (ona)’, in (n-ane) - ‘o’ deməkdir: O, ora (ona) baxdı. bi-gi (bi-n-gi) ‘on vernul’ (8; 132) : bi - ‘ona’, n -‘o’, gi ‘qaytardı’ - O ona qaytardı. Müəlliflərin «6-cı pozisiya»da qeyd etdikləri al morfeminin (AL şəklində işarə olunur) mə’nası aydın deyil. Fe’lin yanında, əvvəlində işlənir. Həm hal-vəziyyət fe’lləri, həm də iş fe’lləri ilə işlənir. Məsafə dəqiqləşdirmək imkanı yoxdur və məsafə (obyekt ilə danışan arasında) məsələsində neytraldır. Əvvəlki 4 pozisiyanın vasitələri ilə birgə işlənmir. Yalnız 1-ci «pozisiya»nın u və nu morfemləri ilə birgə işlənir. Əsas funksiyası bilinmir. şe al-ag-e ‘on otmerit zerno’. şe - ‘taxıl’, e - ‘o’, ag - ‘ölçür’, al - ?: O, taxıl ölçür. Ola bilsin ki, bu hissəcik al deyil, la’dır, mə’na düzgün tapılsa, qoşma da ola bilər. Beləliklə, qeyd edilən «6 pozisiya»da prefiks zənciri uydurmadır. Bu yerlər ədatların, hal şəkilçili əvəzlik və isimlərin, bir də mə’nası mə’lum olmayan al/la hissəciyinin yeridir və dilimizin müasir morfoloji quruluşuna tam müvafiqdir. Çox qədim dövrlərdən şumer dilində fe’lin təsrif forması şəxs göstəricilərinin 1 və 2-ci şəxslərdə hal-vəziyyət bildirən adlara artırılması ilə yaranmış, 3-cü şəxsdə isə şəxs göstəricisi olmadığından ad əsası ilə fe’l eynilik təşkil etmişdir. Bu gün də fe’llərin III şəxs təkdə əksərən şəxs şəkilçisi olmadan işləndiyini bilirik. Fe’lin təsrif forması, qeyd etdiyimiz tədqiqatçıların fikrincə, dəyişilməyən söz əsasından, «prefiks»lərdən və suffikslərdən ibarət olmuşdur. Və yenə həmin fikrə əsasən, «prefikslər» söz əsasından əvvəl 6 pozisiyada, suffikslər isə əsasdan sonra iki pozisiyada yerləşmişdir. Tə’sirlik, növ və zaman göstəriciləri yoxdur. Lakin fe’llər bitmiş və bitməmiş növlərə ayrılır. Bitmiş növ fe’llər işin hansı zamanda olursa-olsun (keçmiş, indiki və gələcək) bitmiş olduğunu, bitməmiş fe’llər isə işin bitmədiyini və ya hələ başlanmadığını bildirir. Ən yeni şumer dilində istifadə edilən şəxs göstəriciləri - suffikslər (kökdən sonra 2-ci pozisiyada) aşağıdakılardır: 1-ci ş.t. - en 2-ci ş.t -en 3-cü ş.t. -e 1-ci ş.c. -enden 2-ci ş.c. -enzen 3-cü ş.c. -eş; -ene; -enzen Məsələn, nad - yat(maq) fe’linin təsrifi: 1. nad-en nad-enden 2. nad-en nad-enzen 3. nad-(e) nad-eş Güman etmək olar ki, məsələn, 2-ci şəxsin təkində işlənən -en şəkilçisi -san,-sən, 1-ci şəxsin təkini bildirən -en şəkilçisi assimilyasiya ilə -am,-əm şəxs şəkilçilərinin törəmə mənbəyidir. Və ya 2-ci şəxsin cəmini bildirən enzen şəkilçisində -ınız ünsürünü müəyyənləşdirmək olar. Lakin bizim fikrimizcə, minilliklər boyu şəxs göstəricilərində, hal şəkilçilərindən fərqli olaraq, ciddi sistemli dəyişiklik yaranmışdır. Bu onunla əlaqədardır ki,tədqiq edilən dövrdə hələ zaman şəkilçiləri müasir şəkildə formalaşmamışdır. Prof. A.Axundov S.N.İvanovun «Türk qrammatikası kursu» (2-ci hissə, Leninqrad, 1977) kitabından aldığı təəssürat əsasında yazır: «İş bundadır ki, müasir türk dillərinin fe’l zamanları sistemi nəinki pratürk və ya deyək ki, ümumtürk vəziyyətini əks etdirmir, hətta o hər şeydən əvvəl, daha çox qədim dövrlərin yox, orta əsrlərin məhsuludur; onun yaranma və sabitləşməsi müəyyən dərəcədə bə’zən XVII-XVIII əsrlərə bağlıdır; bə’zi türk dillərində isə həmin proses bizim günlərdə də davam edir. Zaman kateqoriyasının, qrammatik bir kateqoriya kimi, tarixi özünəməxsusluğu həmçinin onda ifadə edilir ki, demək olar ki, hər bir türk dili özünün səciyyəvi zaman sisteminə malikdir, bu sonuncu isə həmin məsələni ümumtürk qrammatik problemi səviyyəsində həll etmək üçün böyük çətinliklər törədir». (48; 260-261) Beləliklə, tədricən zaman kateqoriyası formalaşmış, şəxs əvəzlikləri müasir formasını almış, zaman şəkilçilərinin təşəkkülü ilə şəxs əvəzliklərinin son mövqedə ən’ənəvi təkrarı əsasında yeni şəxs şəkilçiləri sistemi təşəkkül tapmışdır. Lakin bu prosesdə yenə də qədim dövrlərdən şəxs anlayışının ifadəsinə xidmət edən -m,-n,-z ünsürlərindən istifadə edilmişdir. Çünki bu elementlər əvəzliklərdə də özək kimi qalmışdır. Fe’l əsaslarından sonra gələn 1-ci pozisiyanın ed formantının (mixi yazıların xarakterinə görə bu şəkilçinin -de və ya -dı şəklində tələffüz olunduğunu da düşünmək olar) olduğu göstərilir. Bu şəkilçi, ola bilsin ki, sonrakı dövrlərdə şühudi keçmiş zamanın əsasında durmuşdur. Konkretlik, işin icra olunub bitməsi ilə bağlı qətilik çalarına malik olması ilə də şühudi keçmişin -dı şəkilçisinin əcdadı kimi görünməkdədir. Türk dillərinə, o cümlədən Azərbaycan dilinə aid mühüm bir qrammatik xüsusiyyətin ilkin tarixi ifadəsinə də şumer dilində rast gəlirik. Azərbaycan dili daxili obyektli fe’llərlə çox zəngindir: baş aparmaq, can vermək, bel bağlamaq, üz göstərmək, dil çıxarmaq və s. Bu cür quruluş şumer dilində də geniş müşahidə olunur. Fe’l əsası müəyyən mə’naya malik olduğu halda, daxili obyekt bildirən sözlə birlikdə başqa mə’na ifadə edir. İsimlə, substantiv sözlərlə ifadə olunan daxili obyekt vasitəsiz də ola bilir, vasitəli də; məs.: igi - ‘göz’, du - ‘açmaq, düzəltmək’, lakin igi du - ‘göz açmaq’ yox, ‘baxmaq’ mə’nasındadır; mi - ‘qadın’, du(g) - ‘danışmaq’- mi du(g) - ‘yumşaq, dostcasına danışmaq’. Daxili obyekt iki sözdən də ibarət ola bilər: sag - ‘baş’, giş - ‘ağac’, ra - ‘vurmaq’ - sag giş ra - ‘başına ağacla vurmaq’ yox, ‘öldürmək’ mə’nasındadır və s. Şumer dilində zərf zəif formalaşmışdır. İ.T.Kaneva qeyd edir ki, bi yiyəlik əvəzliyi ilə istiqamət halının şəkilçisi (-eşe) birlikdə zərf kimi çıxış edir. «Zərflər sırasına keçən söz, ola bilər, an-ta ‘sverxu’, ‘naverxu’ (bukv.: ‘s nebes’) i ki-ta ‘snizu’, ‘vnizu’ (bukv.: ‘s zemli’)» söz formaları olsun: şu-mah gir-mah-ni an-ta he-ga-ga ‘svoö moquçuö ruku (i) svoö moquçuö noqu sverxu (na vraqov) pustğ on pomestit’ - şu - əl, mah - möhkəm, güclü, gir - ayaq (ge - getmək sözü), anta - orada, yuxarıda, ga-ga - qoysun - Güclü əlini, güclü ayağını yuxarıdan (düşmənin başından) qoysun». (8; 161). İlahi, görən bu anta sözünü niyə görməyiblər? Bu ki türkün özüdür! Elə bil, şumer Orxona qovuşmuşdur. Amma hələ tam qovuşmayıb - arada azı minillik məsafə var. Anta sözü elə beləcə qədim türk abidələrində nə qədər işlənib: anta ‘orada, oradan’; anta kişrə ‘ondan sonra’; yagru kontukda kisrə anıg bilig anta öyür ermis ‘Yaxında məskən saldıqdan sonra orada pis biliyə yiyələndilər’. (31; 218-219) Bu söz hələ bu cür işlənməkdə davam edəcək, klassiklərin dilində də işlənəcək. Kita sözü isə (ki - kir, yer, ta/da - hal şəkilçisi) hələ söz kökündə k>y dəyişikliyini gözləyir, gözləyir ki, kir sözü yir/yer şəklinə düşsün, yirdə/yerdə demək mümkün olsun. II fəsil - Sintaksis Dediyimiz kimi, şumer dilində erqativ quruluşun olduğu qeyd edilir. Sintaktik səviyyədə xarakter xüsusiyyətlər aşağıdakı kimi müəyyənləşdirilir: 1) iki subyekt qrammatik kateqoriyasının mövcudluğu: bir tərəfdən, hərəkət bildirən fe’lin təsrif formasına aid olan subyekt, digər tərəfdən, hal-vəziyyət ifadə edən finit fe’l formasının hal-vəziyyət subyekti mövcud olur; 2) vasitəsiz obyekt qrammatik kateqoriyasının olmaması; 3) hal-vəziyyət subyektinin nominativ dillərdə vasitəsiz obyekt funksiyasını yerinə yetirən hal-vəziyyətin meydana çıxma subyekti kimi işlənməsi. Bu əsasda şumer dilində cümlənin iki tipi müəyyən edilir: 1) tərkibində hal-vəziyyət subyekti və predikat olan hal-vəziyyət bildirən cümlələr; 2) hərəkət subyekti, hal-vəziyyət subyekti və predikatdan ibarət olub hərəkət bildirən cümlələr. İ.M.Dyakonov və ardıcıllarının fikrincə, erqativ xüsusiyyət morfologiyada da özünü göstərir: Hərəkətin subyekti (erqativ hal) -e şəkilçisi ilə ifadə olunur; hal-vəziyyət subyekti (absolyut hal) sıfır şəkilçilidir. Fe’ldə də göstəricilər fərqlənir: hərəkətin subyektinin göstəricisi fe’ldən əvvəl işlənir və bitmiş tərz bildirir; hal-vəziyyət subyektinin göstəricisi fe’ldən sonra işlənir, hal-vəziyyət bildirir. Bütün bunlar şumer dilini türk dillərindən uzaqlaşdırmaq üçündür. Əslində isə, bunları sistemli fərq kimi şişirtməyin əsası yoxdur. Ona görə ki tədqiqatçıların özləri qeyd edirlər ki, «Şumer dilində erqativ konstruksiyadan ardıcıl istifadə olunmamışdır». (8; 28) Əvvələn, şəxs əvəzliklərində erqativ və absolyut hallar fərqlənmir: ma-e, za-e sözləri həm hərəkətin subyekti, həm də hal-vəziyyətin meydana çıxma subyekti kimi çıxış edir. Əvəzliklərdən danışarkən İ.T.Kaneva yazır: «Şəxs əvəzlikləri sistemində cümlənin erqativ quruluşunun pozulması müşahidə olunur; aydın olur ki, burada erqativ və absolyut hallar diferensiasiyaya uğramamışdır. Əvəzliyin bu və ya digər formasından həm hərəkətin subyekti, həm də hal-vəziyyət subyekti kimi istifadə edilir: ma-e ga-gin (LE,272) ‘pozvolğ ə poydu’; za-e ma-an-na Ered-şe dab-ma-ab (İE,11 i 53) ‘tı zaberi v Gredu nebesnuö lodku’». (8; 54) Bu misallardan birincisi tə’sirsiz fe’li xəbərli cümlədir. İkinci cümlədə za-e ‘sən’ - subyekt, dab-ma-ab ‘göylər qayığı’ - obyekt bildirən birləşmədir: ‘Sən Ereduda göylər qayığı əldə et.’ Bizim bugünkü qrammatika dili ilə danışsaq, müəllif demək istəyir ki, birinci cümlənin yalnız hal-vəziyyət subyekti (mən sözü), ikinci cümlənin isə həm hal-vəziyyət subyekti (sən sözü), həm də hərəkət subyekti (göylər qayığı birləşməsi) vardır. Bu quruluş müasir türk dillərinin əsas quruluş xüsusiyyətlərindəndir; biz Ovçu gəldi də deyirik, Ovçu tülkü gördu də deyirik, amma bu cümlələrdən ikincisini heç kəs erqativ quruluşlu cümlə hesab etməyib. Fe’ldə də 1-ci və 2-ci şəxslərin absolyut hal və hal-vəziyyət subyektlərinin göstəriciləri fərqlənmir. Fərq yalnız 3-cü şəxsdə zəif şəkildə görünür. Budur, İ.T.Kanevanın cədvəli: Hərəkətin subyektinin göstəriciləri: 1 ş.t. -en c. -enden 11ş.t -en c.-enzen 111 ş. t.-e c.-ene Hal-vəziyyət subyektinin göstəriciləri: 1 ş.t.-en c.-enden 11 h.t.-en c.-enzen 111 ş.t. - c.-eş Fərq yalnız III şəxsin -e,-ene, -eş şəkilçilərindədir. Elə buna görə də İ.T.Kaneva qeyd edir ki, xarici dilçilikdə erqativ quruluş əvəzinə başqa terminlərdən istifadə edilir: cümlə tə’sirli və tə’sirsiz hərəkəti ifadə edən cümlələr kimi qarşılaşdırılır. (8; 28) Bu, türk dillərinin əsas xüsusiyyətidir və bu cür təhlildən aydın olur ki, həmin alimlər dilin quruluşunu mənfur konsepsiyaya qurban vermədən obyektiv şəkildə izah etmişlər. İ.T.Kanevanın verdiyi cümlələrə diqqət yetirək: ama-ir-ke ir nu-bi-dug ‘plakalğşitüa plaç ne skazala’. ama - ‘ana’, ‘qadın’ (qədim türk), ir - ‘ağlama’, ‘ağı’, -ke (-ak) - yiyəlik halın şəkilçisi, nu - inkar ədatı (nə sözü), bi - ‘buna’, ‘bura’, dug - ‘demək’: ağıçı (qadın) ağı demədi. Bü cümlədə ikinci ir sözü (ağı) absolyut halda hesab olunur, çünki hal şəkilçisi yoxdur. Bu gün bizim ədəbi dilimizdə Ağıçı ağı deyir - tipli cümlə quruluşu çox işləkdir və biz hal şəkilçisi olmasa da, ikinci sözü tə’sirlik halda obyekt bildirən söz kimi izah edirik. Yuxarıdakı cümlə də eyni quruluşdadır. Formal əlamət olmasa da, ir sözü tə’sirlik haldadır, obyekt bildirir, ona görə də şumer dilini tə’sirlik haldan məhrum bir dil hesab etmək, zorla erqativ quruluşlu dillərə daxil edib türk dillərindən uzaqlaşdırmağa çalışmaq cəhdi elmi obyektivliyi bir tərəfə qoyub, yaramaz ideologiyaya xidmət etməyin tipik nümunəsi sayıla bilər. Deməli, cümlə quruluşu iki subyekt kateqoriyasına malik deyil və bunlardan biri - müəlliflərin ‘hərəkət subyekti’ hesab etdikləri, əslində, obyekt bildirən sözdür. Əgər şumer dilinin hal şəkilçiləri daha diqqətlə araşdırılarsa, çoxmə’nalı hal şəkilçilərindən birinin bəlkə də tə’sirlik hal məqamında işləndiyini müəyyənləşdirmək olar. Bu cəhətdən yiyəlik halın -ak şəkilçisi daha düşündürücüdür. Şumer dilində tabesizlik bağlayıcılarının zəif inkişaf etdiyi qeyd edilir. Bizim dil tarixi üçün maraqlı olan bir köməkçi nitq hissəsi - bi da haqqında İ.T.Kaneva «tabesizlik bağlayıcısı» adı altında yazmışdır: «Tabesizlik bağlayıcısı funksiyasında (amma, yalnız isimlər üçün) enklitik işarə əvəzliyi bi və birgəlik halının formantı da hissəciyindən ibarət olan bi da konstruksiyası işlənir». Lugal-e İdigna Buranun-bi da im-ma-da-an-tab ‘üar İdiqna (Tiqra) i Buranun (Evfrata) soedinil’. (8; 162) İdiqna və Buranun Dəclə və Fərat çaylarının Şumer dövrü adlarıdır; lugal - hakim, çar, ağa, im-ma-da-an-tab - bir-birilə birləşdi; bi da - ilə: ‘İdiqna ilə Buranun çarları birləşdi’. Bu tərcümə tam doğru deyil. Çünki cümlədən görünür ki, bi da bağlayıcı deyil, qoşmadır. Dəqiq tərcümə: «İdiqna çarı Buranun ilə görüşdü» şəklində olmalıdır. Bi da sözləri Azərbaycan dilində tədricən d-l keçidi ilə bilə şəklinə düşmüşdür. Bilə sözü bizim dilimizin tarixində həm bağlayıcı, həm də qoşma kimi işlənmiş, lakin daha çox qoşma kimi öyrənilmişdir. Qoşma sonralar həm də bağlayıcılaşmışdır. Daha sonralar bilə sözünün birlə variantı da yaranmış, dilimizin tarixində hər ikisi geniş işləkliyə malik olmuşdur: «Birlə, bilə qoşmaları tarixən dilimizdə geniş miqyasda işlənmişdir. İlə qoşmasına nisbətən geniş yayılmışdır... Birlə, bilə qoşması iki tərkib hissədən əmələ gəlmişdir, yə’ni say bildirən bir sözünün fe’l düzəldən lə şəkilçisi və qədim fe’li bağlama şəkilçisi n ünsürü ilə birləşməsindən düzəlmişdir.» (32; 208) Etimoloji təhlil düz olmasa da, qoşmanın dilimizin tarixində mövqeyi düzgün göstərilmişdir. Qoşmanın (və eyni zamanda bilə bağlayıcısının) mənşəyi şumerdən gəlir: bi - əvəzlikdir, 3-cü şəxsin təkini bildirib, əksərən uzağa işarə məqsədilə işlədilmişdir. Mə’lumdur ki, birgəlik halın şəkilçisi sonralar d>l keçidi ilə -lə şəklinə düşmüş və bizim dilimizin tarixində bilə qoşma və bağlayıcısının təşəkkülünə səbəb olmuşdur. Biz elə bilirik ki, ərəb mənşəli ü bağlayıcısı eramızın VII əsrindən sonrakı hadisədir, ərəb istilası ilə bağlıdır. Şumer dili materialları göstərir ki, bu tabesizlik bağlayıcısını biz çox qədimdən - akkadların Şumeri istila etdiyi dövrdən işlədirik: «Şumer mətnlərində «u« akkad tabesizlik bağlayıcısına rast gəlmək olur (U işarəsi ilə yazılır). O artıq eradan 2500 il əvvələ aid Əbu-Sələbih mətnlərindən əldə edilmişdir». (8; 162) Klassik ədəbiyyatımızda olduğu kimi, həmcinslər arasında təkrar oluna da bilmişdir: alan-e u kug nu za-gin nu-ga-am u urudu nu u an-na nu zabar nu ‘gta statuə i ne iz serebra, a takje ne iz lazurita, i ne iz medi, i ne iz svinüa, i ne iz bronzı’. (8; 163) Şumer dilində akkad mənşəli ma bağlayıcısı da işlənmişdir. Bu bağlayıcının əvvəlki cümlənin xəbərindən sonra işləndiyi göstərilir. Müəllifin verdiyi misallarda qarşılaşdırma mə’nası vardır (8;163-164) Şübhəsiz, bu bağlayıcı amma bağlayıcısıdır. Şumer yazısında eyni saitin samitdən əvvəl və ya sonra işlənməsi o qədər də fərq eləmir: am-ma = amma; im-mi tipli sözlər də belə yaranmışdır. Tabelilik bağlayıcıları da hazırda işlətdiyimiz bağlayıcılara yaxındır. Əslində, şumer dilində bağlayıcılar yox, bağlayıcı sözlər müəyyən edilmişdir: ud-da ‘esli’, ‘koqda’, en-na ‘prejde çem, poka (ne)’. Birinci bağlayıcı söz ‘gün’ sözündən və yerlik hal şəkilçisindən ibarətdir: ud-da II fəsil - Leksika Əslən avstriyalı olan A.Leo Oppenheym Çikaqo universitetində 1947-1974-cü illər arasında 21 cilddə nəzərdə tutulan akkad dili lüğətinin 12 cildini başa çatdırıb vəfat etmişdir. Bu işin davamından xəbərimiz olmadığı kimi, əlimizdə şumer dilinə aid belə bir lüğət də yoxdur. Biz, əslində, müxtəlif əsərlərdə nümunə kimi verilmiş şumer sözləri ilə məşğul ola bilirik. M.A.Dandamayev A.Leo Oppenheymə yüksək qiymət verərək yazır: «Çətin ki kim isə Oppenheymin oxuduğu qədər mixi yazılar oxumuş ola». (34; 392) Özünü mədəni antropologiya sahəsində mütəxəssis sayan Oppenheym birinci dərəcəli filoloq idi. O, şumer mətnlərini araşdıraraq bu qənaətə gəlmişdi ki: «Şumer lüğətinin Mesopotamiyanın maddi mədəniyyətinə aid olan mühüm bir hissəsi terminlərdən və adlardan ibarət olub, fikrimizcə, nə şumer dilinə, nə də erkən sami (protoakkad) dillərindən birinə aiddir. Bu sözlər, ola bilər ki, bir və ya bir neçə daha qədim dil substratının izləridir və bizim Fərat çayı vadisinin mədəniyyəti adlandırmağı təklif etdiyimizdən daha qədim dövrə aiddir». (11; 35) Müəllif həmin sözlərin hansı sahələrə aid olduğunu da qismən qeyd etmiş, onların daha çox : İkiçayarasına məxsus coğrafi adlardan, Şumer panteonuna aid saysız allah adları və s.-dən ibarət olduğunu göstərmişdir. Müəllif bunu da qeyd edir ki, qədim Mesopotamiyanın şimal, şərq və qərb ilə əlaqəsini öyrənmək üçün bunlar mühüm vasitələrdir. (11; 35) Bu əsasda tədqiqatçılar şumer dilində bir sıra alınma sözlərin olduğunu qeyd etmişlər. Dediyimiz kimi, bu sözlər onların müasiri olan sami dillərindən deyil, daha əvvəlki bir və ya bir neçə dildən alınma hesab olunur. Oppenheym fikrini bir qədər də dəqiqləşdirərək yazmışdır: »Şumer dili e.ə.III minilliyin son yüzilliyindən o tərəfə gedə bilməyən akkad dilindən fərqli olaraq, daha qədim dövr haqqında mə’lumat verir. Lakin həm akkad dilində, həm də şumer dilində əvvəlki mədəni laya məxsus olan bir və ya bir neçə dildən alınma sözlər vardır». (11; 36) Bu cəhəti Y.B.Yusifov da təsdiq edir: «Şumerlərə qədər Cənubi İkiçayarasında «yerli» dillərə məxsus məskən-şəhər adları mövcud idi. Cənubi İkiçayarası ən qədim şəhərlərinin adları qeyri-şumer mənşəlidir. Şumerlər qədim əhalinin dilindən bir çox sözləri mənimsəmişdilər. Məsələn, apin (toxa), ansin (şum), egar (əkinçi), urulu (mis), nagar (xarrat), paxar (dulusçu), aşgab (gönçü), ugul (çoban), sipal (çoban), aşnan (pərinc - buğda növü) və s. «yerli» əhalinin dilində şumerlərə qədər işlədilmişdi». (7; 47) Bu sözlərin bir qismi bu gün də müəyyən dəyişikliklə dilimizdə işlənməkdədir; sipal sözünün ‘çoban’ sözü olduğu çoxdan sübut edilmişdir; egar - ‘əkər’ (əkinçi), aşgab - ‘aşılanmış’ (‘gönçü’) sözləri göz önündədir; ugul sözü ‘oğul’ sözü ola bilər, çünki ilk maldarlar öz övladlarını çoban edə bilərdilər. Şumerlərin işlətdiyi bir sıra şəhər və allah adlarının da qədim «yerli» dillərə aid olduğu göstərilir: »Bir çox sözlər, allah adları - İnanna (məhsuldarlıq ilahəsi), Nergal, Erişkigal (ölüm allahları), Uraş (torpaq allahı), Aşnan (taxıl allahı) və yer allahları - Buranun (Fərat), İligna (Dəclə), Kiş, Ur, Nippur, Kullab, Eridu, Larsa, Lagaş və s.yerli adlar şumer dilində işlənmişdir».(7; 49) Bunlar şumerlərdən əvvəlki, hələ yaxşı öyrənilməmiş sivilizasiyanın əlamətləridir. Qeyd edilən coğrafi adları, allah adları və maddi-mədəniyyətlə bağlı bir sıra terminoloji sözləri bir tərəfə qoysaq, şumer dilindən dövrümüzə zəngin lüğət materialı çatmışdır. Bu material əlimizdə olmadığından biz oxucunu qane etmək üçün müxtəlif alimlərin şumer - türk leksik müqayisə və müvaziliklərinə dair araşdırmaları əsasında mə’lumat verməklə kifayətlənəcəyik. Bu mə’lumatın özü də həqiqətin dərk olunması üçün kafi sayıla bilər. Oljas Süleymenov İ.M.Dyakonovun bir məqaləsindəki yüzdən bir qədər artıq şumer sözünü türk dillərinin leksikası ilə müqayisə etmiş, 60 sözün ortaqlı olduğunu müəyyən etmişdir. Aydın Məmmədov K.Labatın «Manuebd’epiqeaphiq akkadienna.-Paris,1952 - əsərində, eyni zamanda İ.M.Dyakonov və başqalarının əsərlərində işlənmiş bir sıra şumer sözlərini türk sözləri ilə müqayisə etmiş, 110-dan artıq sözün şumer və türk dillərində ortaqlı olduğunu müəyyənləşdirmişdir. T.İ.Hacıyev bə’zi fonetik və morfoloji xüsusiyyətlərlə yanaşı, türk dillərindən, Azərbaycan dilinin dialekt və şivələrindən gətirdiyi faktlar əsasında şumer dilindəki bir sıra sözlərin türk dillərində mövcud olduğunu aşkar etmişdir: Biz özümüz də İ.M.Dyakonov, İ.T. Kaneva və başqalarının əsərlərində işlənmiş bir sıra sözlərin şumer-türk eyniköklü leksik layına aid olduğunu müşahidə etmişik. Həmin sözlər, başlıca olaraq, aşağıdakılardan ibarətdir (bütün şərhləri köçürməmək üçün daha münasib qarşılığı qeyd edirik; əvvəlcə şumer sözü mə’nası ilə, sonra türk qarşılığı verilmişdir; söz ümumtürk xarakteri daşıdıqda qeyd etməyi lazım bilmədik): ada (ata) - ata; ama (ana) - ama/aba/apa/ana; amar (bala, buzov) - türk. mara/mala/bala/pala (əmər); ab (qapı) - av/ev/eb; an (göy, ulduz) - ən (ədat); (23; 195-204) a (əl) - el/əl/il ‘əl’, ‘güc’, ‘qüvvət’; ar (parıldamaq, işıq saçmaq) - arı ‘təmiz’, ‘pak’, ara (parçalamaq, bölmək) - ara ‘orta’; aştar (qıfıl) - açar; ağa (tac, ləyaqət, şöhrət) - ağa ‘başçı’, ‘şöhrətli’, ‘hörmətli’; (35; 5-24) ab (pəncərə) - əv/ev sözü; tikilinin ev olması üçün pəncərənin mühüm olması; (28;25-34) abba (ata) - türk dilində abi ‘böyük qardaş’ (36; 20); a-şag-ga (na pole) - aşağıya; ane/ene (o) - anş əvəzlənməsi ilə eşşək sözünün kökü; igi - i saitinin düşümü və i>ö əvəzlənməsi ilə gö-z sözü; (əlavə bax: 35; 22); kar (oğurlamaq) - qar-malamaq: kar - qədim türklərdə əlin bir hissəsi, qarış sözü; kunkal (quyruqlu qoç) - konkal ‘maral balası’ (tofalar) (kon - quyruq, kali - qalın) - ‘qalın quyruq’; kur (dağ) - kur/qur ‘qurmaq’; kir (torpaq) - kir; (23; 195-204) kad (bağlamaq, bərkitmək) - qat-ı-l-maq; kal (böyük) - kal ‘qoca’ (qədim türk); kaş (qaçmaq) - kaç/qaç; kur (parlamaq, alov saçmaq) - gur-uldamaq; kun (quyruq) - kuyruk/kudruk/quyruq; kuş (bədənin dərisi) - kas ‘dəri’ (qədim türk); (35; 5-24) kı (torpaq) - türkcə: kır ‘torpaq’; Azərb. toz-torpaq, çirk mə’nasında kir sözü (28; 25-34) kiri (bağ - sad) - xır ‘əkin yeri’, ‘bağ’, ‘bostan’; (ümumtürk - 37; 731-732); ki-na/gi-na (doğru, düzgün) - kenə (məsləhətləşmək, düzgün qərara gəlmək) (10; 298); kap-tipa/gab-diba (hasar, sürahi) - ka/ga hissəsində qapı sözü; kuru/gu-ru (böyük qab) - u>a keçidi ilə qa-b; kuza/kusa - kürsü sözü; ka-ra/ga-ra-an (tənək, meynə, söyüd kolu, çubuq) - qa-nad sözü; kalag-a (güclü) - k>g dəyişməsi ilə güc sözü; kalam (ölkə, şəhər) - qala sözü; ka-e (qapı yanında, qapıya tərəf), ga-ba-ra (qab), ig (qapı), kid/gid (açmaq), kisal (mə’bəd qapısı) sözlərinin kökü ka/ga/ig/ki keçidləri ilə qapı (örtən, ayıran, qapayan) mə’nasındadır; qab, qapı sözləri bir kökdəndir; ki(r) - yer, şəhər; ka - kim; sözün k əsasında kto və kim sözləri vardır; gin (getmək) - gel/gil/qel ‘gəl’; gu (səs) - kü (səs-küy); gulşe (sevinclə, şən) - kuliş/gülüş; guştuka (dinləyən) - eştuqan/estuqan/estiqen ‘dinləyən’, ‘eşidən’; geştuk (qulaq) - eştuk ‘dinləyən’; gud (öküz) - ud ‘öküz’ (qədim türk); gaş (quş) - quş/kus/kuş ‘quş’; giş (ağac) - eqiş ‘ağac’; gug (qara, tünd, ölüm) - uygug/küyük ‘his’, ‘tünd’, ‘qüssə’, ‘kədər’; (23; 195-204) gan (doğmaq, dünyaya gətirmək) - kan ‘ata’, kandaş ‘ataları bir’; gal (yerləşmək, mövcud olmaq) - qalmaq; gar (qarışdırmaq) - qarışmaq; gum (qum, çınqıl) - qum; gur (fırlamaq, çevirmək) - qurşaq; gaz (öldürmək, məhv etmək, korlamaq) - ol kızık kızadı ‘o, qızı korladı’; (35; 5-24) lu (adam) - u-lu ‘əcdad’, ‘qədim adam’ (ümumtürk); lib/rib (üstün, artıq) - lap ədatı; lu-gal (hərfən: adam böyük - böyük adam) - qal ‘qəl-bi’ sözü; lu(m)/hu(m) (bol) - kök «l» samitidir - obilğnıy, bol sözləri. mah (hündür, dikdir) - baku ‘təpəciklər topası’ (qədim türk); mi (qadın bədən üzvü) - məmə; (35; 5-24) ma-da (ölkə, məhsuldar düz, səhra) - Azərbaycanda e.ə. I minillikdə Mada dövləti, ölkəsi; me (mən) - mə-n sözü; me-de - bi-z; me-ze - si-z; anene, enene -onlar; sözlərinin əsasında əvəzliklərin b>m, z>s keçidi ilə (me, ze, ane-ene) təki durur. me (olmaq - bıtğ) - m >b keçid ilə bol(maq) - ol(maq); ni(g) (şey) -nə sözü;(28; 25-34) nig-şu (mülk, əmlak (imuşestvo), hərfən - əl şeyləri - əmlak; pu (bulaq) - bu-laq; pag (bağ, bağlamaq) - ba ‘bağlamaq’ (qədim türk); pag (demək, oxumaq, danışmaq) - bağırmaq (qədim türk); (35; 5-24) ru/ra/rah (vurmaq, çalmaq) - ur(maq)/vur(maq) sözü; ru (qurmaq) - uru ‘qurmaq’, ‘tikmək’; (23; 195-204) sa (sap, damar) - sap, sap-laq; su (saqqal) - sukal/sakkal; sa (bildirmək, ağzından qaçırmaq) - sa ‘söz’, ‘xəbər’ (qədim türk); saq (baş, yuxarı, təpə) - saka ‘dağətəyi’ (qədim türk); sal-la (geniş, enli) - sallaq; sal (nəhəng, enli) - sal daş; (35; 5-24) sub/şub (uzanmaq) - suba - cağatay dilində: ‘uzadılmış’ (38; 787); sata (çılpaq dağ) - səth sözü; sar/şar (dairə) - şar sözü; sikil (təmiz) - silik ‘təmiz’ (qədim türk); şi/zi (həyat, can, ruh) - şi/yi/ci/zi (insan bildirən şəkilçi); şuba/sipa (çoban) - şupan/çaban/çoban; şu (əl) - uş/us/uuş/uus/ovuc ‘ovuc’; şab (orta) - şab/ar/saba/çabar ‘orta’ (uyğur); şaq (orta, əvvəlki) - şak/sak ‘çap’, ‘iki böl’, ‘şaqqala’; (23; 195-204) şal (ciddi cəzalandırmaq) - şallaq; şaq (ürək, iç) - şaqqa; (35; 5-24) şu - əl; əl göstərmək üçün həmişə əldən istifadə edildiyinə görə sonralar söz bu/şu əvəzliyinə çevrilmişdir;(28; 25-34) şah/sah (sevinc) - şaq-qıldamaq; (38; 934) şembe (ətir, ətirli maddə) - şəbui ‘ətirli bitki’,’qərənfil’, ‘mixək’ (osm.dili) (38; 1018); şa(g) (ürək, orta) - ş > y keçidi ilə yürək sözü; şum (sarımsaq) - şu >sa keçidi ilə sa-rıssaq; taq (taxmaq) - taq/tax/tak ‘tax’, ‘birləşdir’; tu (doğmaq) - tuu/tuğu/tubu/turu ‘ doğmaq’; tum (tumlamaq) - tuma ‘doğulmaq’, ‘nəsil vermək’; tir/til/ti (həyat) - tirik, tiri, diri; tir/til/ti (ox) - tirik ‘silah’ (saqayca); tibira (misgər) - tebir/teber/dəbir/tobor/dəmir ‘dəmir’; (əsl mə’nası «döyülə bilən əşya» olduğu üçün şumer dilindəki zabar (tunc) sözü də eyni kökdəndir); tuş/şuş (düşmək) - tuş/düş/tüs ‘düşmək’; (23; 195-204) te/tek (dəymək, toxunmaq) - dəy-mək; ten (sakitləşmək, rahatlaşmaq) - dinc; tir (ağac) - tir; teş-ti (cinsi orqan) - dişi, dəlik, deşik; tar (sındırmaq) - dar-madağın; tuş (olmaq, yerləşmək) - tüşün (dayanacaq yeri); tur (balaca, oğul) - torun ‘nəvə’; dim (şalban, tağ) - tin ‘düz’; tuğ (tutmaq, malik olmaq) - tuğ ‘yolun kəsilməsi’, ‘uçqun’; tur (xəstə) - turuğ ‘zəif’; til-la (yaşamaq) - tir ‘yaşamaq’ (qədim türk). (35; 5-24) tigir (çay adı; çuvaşcada tenqir) - dəniz; tuş (oturmaq) - düş sözü; ti (həyat) - dirilik sözünün kökü;(28; 25-34) tag (dəymək, toxunmaq) - dəy(mək) fe’li); u (on) - un/on; ugu/ug (nəsil) - üğüş/üğ ‘nəsil’, ‘ailə’, ‘ana’; ug-ken (yığıncaq) - gen-es/gen-eş- ‘şura’, ‘gənəşmək’, ‘yığıncaq’; urug (qala, şəhər) - uruq ‘şəhər’, ‘şəhər əhalisi’, ‘tayfa’; udu (qoç, günəş tanrısı, müqəddəs) - uduk/ıduk ‘müqəddəs’ (qədim türk); uzug/uzu/uz (suda üzən quş) - yüzük ‘suda üzən’ (qədim türk); uzuk (uzun, uca) - uzun, uzaq; ud (günəş, gün) - üt/ud ‘günorta’, ‘vaxt’; ud (od) - ut/ud/od ‘od’; udun (ocaq) - utun/udun/odun ‘odun’; (23; 195-204) uzu, azu (gələcəyi söyləyən, gələcəkdən xəbər verən) - KDQ-da ozan ‘nəğməkar’, ‘müdrik’, ‘gələcəyi görən şəxs’; ud -(vaxt, gün) - ud ‘zaman’, ‘vaxt’ (qədim türk); ub (sahə, məntəqə, yaşayış yeri) - oba ‘yaşayış yeri’, ‘kənd’; uş (ağıl, idrak) - uk/ok ‘anlamaq’, ‘başa düşmək’, ‘eşitmək’, ‘mahiyyətə varmaq’; uş (rüşeym, uşaq, əcdad) - uşaq; urgu (qəzəb, acıq) - uri ‘mübahisə’, ‘hay-küy’; uzu (ət, bədən) - öz ‘can’, ‘bədən’ mə’nasında; unu (yanaq) - ön ‘irəli’, ‘üz tərəf’ (qədim türk); ur (ağ ciyər) - ür ‘üfürmək’, ‘nəfəs vermək’; ur (artmaq, kürüləmək, qohumluq) - uruq/uruğ ‘nəsil’, ‘tayfa’, ‘qəbilə’, ‘övlad’; ur (bədənin dizə qədər olan hissəsi) - orta/urta ‘orta’; uş (izləmək, arxasınca gedib çatmaq, qovmaq) - oz/uz ‘qabaqlamaq’, ‘ötüb-keçmək’ (qədim türk); ul (vurmaq, döymək, yaralamaq) - öl, ölüş ‘sui-qəsd’, ‘ölmək’; ugu/ugun (övlad, uşaq, doğmaq) - oq ‘oğul’, ‘nəsil’, ‘övlad’; uru (böyümək) - ürümək ‘artmaq’; ug (ölmək, məhv olmaq, arası kəsilmək) - uğ ‘saralmaq’, ‘solmaq’, ‘ölmək’, ‘yoxa çıxmaq’; ug/ung/uku (xalq, camaat, tayfa) - uk ‘tayfa’, ‘cins’, ‘nəsil’; utu (günəş allahı) - ut/od ‘od’; uma (arzu, istək) - um ‘ümid’; uru (şəhər) - ordu (kaganın yaşadığı şəhər); uru (dairə, çevrə) - ora/oro/oru ‘sarımaq’; ur (dam, taxtapuş, çardaq) - or/ur ‘üst’, ‘yuxarı hissə’; (36; 5-24) uru (icma) - türk dillərində ‘nəsil’ mə’nasında işlənən uruq sözü; uru (şəhər) - qur sözü; uğ/ük (tayfa) - ‘doğma’ mə’nasında eg/üg sözünün kökü ögey; uqken (camaat, tayfa yığını) - ug ‘tayfa’ + ken ‘kənd’, ‘dairə’; ud (gün; görünür, azərbaycanca «gün» sözünün «günəş» sözü ilə əlaqəsi kimidir; yə’ni günəşə utu, günə də ud/ut deyiblər); ud (od, odlu göy cismi, Günəş) - qədim türk. öd ‘vaxt’, qədim uyğur üt ‘zaman’ və s.;(əlavə bax: 35; 6) ugu (təpə, zirvə) -hündür yer mə’nasında qə-lbi sözü; udu (qoyun) - ud qədim türk. ‘inək’ (10; 605); M.Kaşğaridə: ud yılı ‘inək ili’ (39; 346). Ola bilər bu söz şumercədə ‘ev heyvanı’ mə’nasında da işlənib, lakin «qoyun» kimi tərcümə edilib. Çünki şumer dilində kungal - ‘iri quyruqlu qoyun’ sözü də var. uzu/uzu(g) (qaz) - uzuq - qus - qaz (metateza ilə); u(hu) - on (10); uşu (uş-u) - üç on (30); üş (üç) - üş/üç/üs - üç; (23; 195-204) zag (tərəf, böyür) - jak/zak ‘tərəf’, ‘yan’, ‘böyür’; zag-gin (yaxınlaşmaq) - jakın/yakın/za kin/yaxın ‘yaxın’; (23; 195-204) zik (hücum etmək, mühasirə etmək) - sıx-maq; (35; 5-24) zi (sağ tərəf); z>s keçidi ilə: sa-ğ; ze/zu - sən (z >s keçidi ilə sə-n sözü); Türk alimi Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer sözünün türk leksikası ilə müqayisəsini vermiş və linqvistik prinsiplər əsasında şumer-türk leksik uyğunluqlarını üzə çıxarmışdır. O.Tuna səs əvəzlənməsi prinsipi əsasında belə bir qənaətə gəlmişdir ki, qərbi və şərqi türk dillərinin ünsürləri şumer dilində əks olunmuşdur. Məsələn, şumer dilində «g» fonemi türk dillərində «y» foneminə uyğun gəlir və ya düşmüş olur: şum. garim (çay, çay vadisi) - türk. arik ‘çay’, ‘arx’; şum. qaz (əzmək) - türk. əz ‘əzmək’; şum. gid (uzaqlaşdırmaq, sıxışdırmaq) - türk. id ‘göndərmək’, it ‘itmək’; şum. gig (xəstə olmaq) -türk. iq ‘xəstəlik’; şum. qiş (ağac, meşə) - türk. yiş ‘ağac’, ‘meşə’, ‘dağ’; şum. gişig (qapı) - türk.eşik ‘qapı’; şum. gud (öküz) - türk. ud ‘öküz’, ‘buğa’; şum. gur (kəsmək, ayırmaq) - türk. üz ‘üzmək’, ‘qoparmaq’ və s. Tuna müqayisə prosesində d-y, m-k, n-y, s-y, l-ş, r-z kimi uyğunluqlar müəyyənləşdirmişdir. Müəllif bu nəticəyə gəlmişdir ki, e.ə.IV minillikdə türklər artıq şərq və qərb qollarına ayrılmışdı və həmin dövrdə onlar Ön Asiyada idilər. (2; 84-85) Biz Tunanın bu nəticələrini əsasən doğru hesab edirik. Lakin qeyd etdiyi səs fərqlənmələri qərbi və şərqi türk dillərinin fərqi deyil, keçən minilliklər ərzində qədim şumer dili ilə müasir türk dilləri arasında yaranmış fərqlərdir. Müəllifin qeyd etdiyi səsdüşümü və ya səs əvəzlənməsi (g - y əvəzlənməsi və ya «g» səsinin düşümü) müasir Azərbaycan dilində də özünü göstərir, lakin Azərbaycan dili şumerlə münasibətdə nə qərbi, nə də şərqi türk dillərindəndir, əksinə, bilavasitə şumerin varisi və yurddaşıdır. Digər səs keçidlərini də, yəqin ki, bu cür izah etmək olar. Heç şübhəsiz, şumer mətnləri düzgün oxunmuş olsa idi, türkcə anlaşılmayan çox nadir sözə rast gəlmək olardı. Onlar da ya substrat əlaməti, ya da alınma olardı. Şumer mətnlərinin necə izah olunduğunu göstərmək üçün təkcə bir sözün - ki-sikil sözünün izahına diqqət yetirək. Sikil sözü şumercə ‘təmiz’ deməkdir; qədim türkcədəki silik - ‘təmiz’ sözü ilə müqayisə olunmuşdur. Lakin, məsələn, ama-sikil ‘qoca qadın’ (ama - ana, sikil - təmiz) (23; 195) - birləşməsində izah dəyişdi. Əgər söz düzgün izah olunmuşsa, ama-sikil - ‘təmiz qadın’ olmalı idi. Şumer dilində Kİ-SİKİL sözü çoxişlənən mürəkkəb sözlərdəndir. İ.M.Dyakonov bu sözü vurğusu birinci hecaya düşən mürəkkəb sözlər sırasında vermiş və mə’nasını «çistoe mesto», «devuşka» şəklində izah etmişdir. (9; 53) Təkcə bu sözü diqqətlə araşdırdıqda aydın olur ki, mixi yazıları oxuyanlar - görkəmli şumerşünaslar çox zaman sözün mə’nasını cümlənin ümumi məzmunu əsasında müəyyənləşdirmişlər. Çox maraqlıdır: «təmiz yer» birləşməsinin ifadə etdiyi mə’na ilə «qız» sözünün nə əlaqəsi ola bilər? Əlbəttə, insanın ibtidai, ilkin dünyagörüşünü, bəsit təfəkkürünü düşündükdə əlaqə mümkündür: «təmiz yer» - toxunulmamış, bakirə mə’nasında düşünülə bilər. Bu mə’nanı «ki-sikil» sözündə necə müəyyən etmişlər? Adi məntiqlə: ki - ‘yer’ deməkdir; indi dilimizdə işlətdiyimiz kir (çirk, pas, torpaq) sözü də buradandır və k - y keçidi ilə yer sözü də buradandır; sikil sözü isə şumercə ‘təmiz’ deməkdir. Mətn imkan verib ki, ‘təmiz yer’ sözləri ‘bakirə’mə’nasını ifadə etsin. ‘Qız’ sözü də bu əsasda düşünülüb, ‘bakirə’ - qız olar. Bizim fikrimizcə, sözün bu cür izahı uydurmadır. Söz düzgün mə’nalandırılmışdır, həqiqətən mə’nası ‘bakirə’ deməkdir, lakin ki və sikil sözləri əsasında izah düz deyil. Samitlər düzgün müəyyənləşdirilib, hətta oğuz tələffüzünə görə vurğunun birinci hecaya düşməsi də düz müəyyən edilib, lakin söz mürəkkəb söz kimi doğru bölünməyib və başlıcası, sait səslər düzgün təsəvvür edilməyib. Sözün tələffüz şəklini dəqiqləşdirmək üçün XIII əsrin abidəsi olan «Dastani-Əhməd Hərami» poeması bizə fakt verir. Dastanda iki dəfə QIZOĞLANLAR sözü işlənmişdir (Bu sözə kızoğul şəklində türk dillərinin qədim yazılı abidələrində də rast gəlmək olur). (42; 65): Dəxi aldı qızoğlanlar xəlayiq, Huri sanar görən bunları bayıq. (40; 28) Yedi dəxi qızoğlanlar ay üzlü, Dişi inci kibi, gül şəhd sözlü. (40; 31) Mə’lumdur ki, bu sözlərdəki -an cəm şəkilçisidir. Sözün əsası ‘qızoğul’dur. Şumerdə ki-sikil sözü ‘bakirə’, ‘qız’ mə’nasında işləndiyi kimi, məsnəvidə də qızoğul ‘bakirə’, ‘qız’ mə’nasındadır. Əsərin ilk naşiri T.Onay sözü ‘kızoğlan’ şəklində vermiş və ‘bakirə’, ‘düşize’ (Hersoq qızı, varlı qızı) mə’nasında izah etmişdir. (40; 108) Abidələrin dilində də ‘kızoğul’ eyni mə’nadadır. Sözlərin samitlər sisteminə diqqət yetirək: K i - S i K i L K ı Z o Ğ u L Ümumən, dünya dillərində «S» və «Z» samitləri dilönü samitlər kimi daim bir-birini əvəz etməkdədir. «K(a)», «Q», «Ğ» samitləri də yaxın məxrəcli olmaqla partlayan samitdən sürtünən-novlu samitə doğru inkişaf yolu keçmişdir və bunlardan sonrakıların əvvəlkiləri əvəz etməsində qeyri-real heç bir şey yoxdur. Belə olduqda, ‘qızoğul’ (daha qədim abidədəki ‘kızoğul’) sözünün saitlərini ki-sikil sözünə köçürək: K ı S o K u L Bu elə bizim həmin ‘qızoğul’ sözüdür. Aydın olur ki, sözün tələffüz forması təhrif edilmişdir, eyni zamanda, mə’nası düzgün izah edilsə də, söz, yanlış olaraq, tamamilə başqa söz köklərində axtarılmış, mürəkkəb söz onu əmələ gətirən komponentlərə düzgün ayrılmamışdır. (42; XII-XIV) Söz ki-sikil şəklində deyil, kız-ogul şəklində formalaşmışdır. Şumer sözlərinin fonetik xüsusiyyətlərini nəzərdən keçirdikdə aydın olur ki, mətnlərin oxunma vəziyyətinə əsasən sözlər anlautda daha çox a, b, d, e, g, i, k, q, ş, u səsləri ilə başlanır. Bunların içərisində t və u səsləri daha fəaldır. Bu ötəri araşdırmalarda r samiti ilə başlayan cəmi bir sözə rast gəldik ki, o da əslində səsdüşümü ilə anlautda qalmışdır: ru (qurmaq) - uru ‘qurmaq’, ‘tikmək’; j, ğ, ı, ö, f səsləri ilə başlayan söz yoxdur, x, h səsləri isə çox az işlənmişdir. Qapalı saitlərin sonralar açıq saitlərə keçməsi hadisəsi daha çox müşahidə olunur; u>a keçidi: du (takje) - da, də (ədat, bağlayıcı); kuru/gu-ru (böyük qab) - qa-b sözü; i > a keçidi: lib/rib (üstün, artıq) - lap ədatı; e>ə əvəzlənməsi: en (yüksək, hakim, kahin) - ən ədatı, u>o əvəzlənməsi: ud (gün, vaxt) - ud ‘od’, ‘odlu göy cismi’, ‘gün’ (Günəş) İkihecalı sözlərdə ilk saitin düşümü və qapalı saitin açıq saitə çevrilməsi: igi - i saitinin düşümü və i>ə əvəzlənməsi ilə gö-z sözü; ugu - təpə, zirvə; hündür yer mə’nasında qəlbi sözü. Hətta yarımqapalı saitlərin də açıq saitlərə keçmə halları geniş müşahidə olunur: me - mə-n; ze/zu - sə-n. Qapalı kök (ilkin) saitdən qapalı dodaqlanan saitə keçid - i>ü əvəzlənməsi: in-im - ün (səs); u>ü əvəzlənməsi: du - dü-zəltmək. Şumerdən başlayaraq artıq «türk dili» adlanan dillərə gəldikcə aşağıdakı samit keçidləri də müşahidə olunur: z>s əvəzlənməsi: zi - sağ (tərəf); g > k keçidi: gi/gim/gimi - kimi (podobnıy) qoşması; ga-ba - kö-ks (qrudğ); r>l keçidi: dur (bala törədici eşşək) - döl; ş>s əvəzlənməsi: şu (əl) - uş, us, uus, ovuc (ümumtürk); (23; 196) k>q əvəzlənməsi: kalam (ölkə, şəhər) - qala sözü; ka - qa-pı; ş>y keçidi: şa(g) (ürək) - orta, yürək (müqayisə üçün: türk dillərində sən, ingilis dilində you, rus dilində tı - s-y-t keçdi). Səsdüşüm ü: ni(g) - şey (veşğ); şey mə’nasında işlənən ‘nə’ sözü; du(g) - ‘de-mək’; hələ şumer dilində düşdüyü, sabit şəkildə işlənmədiyi üçün g səsi mütəxəssislər tərəfindən mö’tərizədə verilmişdir. Metateza: uzu/uzu(g) - qaz; ‘uzuq’ - ‘qus’ - ‘qaz’; Dil faktları belə bir təəssürat yaradır ki, ulu dildən protodillərə keçid dövründə sözlər daha geniş mə’naya malik olmuşdur, indi insana aid olan bir sıra sözlər qədimdə başqa canlı və cansız varlıqlara da aid olmuş, sonralar tədricən protodillərin yaratdığı dil ailələrində müxtəlif istiqamətlərdə konkretləşmə yolu ilə inkişaf etmişdir. Məsələn, aba sözü şumercə ‘atalar’ deməkdir. Kalmıkcada aba - ‘ata’, Azərbaycan şivələrində aba - ‘ana’ deməkdir. Həmin sözün şumercədə cəmdə olması, türk dillərində isə həm «ata», həm də «ana» mə’nası verməsi göstərir ki, bu söz, ümumiyyətlə, ‘valideyn’ mə’nasında işlənmişdir. Şumer dilində ‘inək’ mə’nasında ab sözü də vardır. Heç şübhəsiz, bu söz insanın ana insanla ana heyvanı eyni cür adlandırdığı daha ibtidai dövrlərin yadigarıdır. Yaxud, məsələn, kap-tipa/gab-diba - hasar, sürahi deməkdir; lakin indi artıq hasara ‘gab’ deyilmir. Sözün mə’nası daralmışdır. İ.M.Dyakonovun və başqa alimlərin işlətdiyi sözlərin yalnız kiçik bir qrupunu türk dilləri ilə müqayisə etmək hələlik çətindir. Lakin bu sözlərdə də türk dil quruluşu aydın görünməkdədir: dugud - ağır; sig - kərpic; eşer/eser - asfalt; idim/idin - ağır; alam/alan - heykəl; lilim/limlim - quldur; numun - ailə; iti(d) - ay (mesəü); libiş - qəszəb, ürək; mar - bel (lopata, motıqa); tum - gətirmək (prinositğ); da - paz (klin); lil - hava (vozdux); gazı/kası - qorçişnik bitkisi; sag - baş; na-kad - baş çoban; dam - ər (supruqa); ma - qayıq; izid - un; nam-mah - böyüklük; nam - tale; babbar - ağ; siki - qoyun yunu; na(d) - uzanmaq; zid - xoş, doğru; nun - böyük; ri - üstünlük və s. Bu sözlərin də bir qismini etimoloji cəhətdən araşdırmaq mümkündür. ‘Un’ mə’nasında izid sözü ü - i və z - y əvəzlənməsi ilə üy-üd - ‘üyüdülmüş şey’ mə’nasındadır; nam-mah (böyüklük) sözü m - b keçidi ilə ma-‘bö-yük’ sözünün köküdür; ma-r sözü b - m və r - l keçidi ilə ‘bel’ sözüdür; sa-g sözündə sa-ç - ‘baş tükü’ sözünün kökü vardır; da (paz) sözündə ‘de-şən’ və ya d-y keçidi ilə ‘ya-ran’ sözü vardır. Türk dillərindəki hava sözü ərəbcədən alınmadır; görünür, lil sözünü ərəb dili sıxışdırmışdır. Türkcəsi çətin müəyyənləşən sözlərin bir qismi, ola bilər ki, yerli dillərin qalıqlarıdır. Dil faktları türkdilli şumerlər içərisində başqa tayfaların da olduğunu hiss etdirir. dam - ‘ər’ (supruqa), na(d) - ‘uzanmaq’ sözlərini slavyan dil elementləri kimi ayırmaq olar. Tarixçilər yazırlar ki, qədim mənbələrdə e.ə.III minilliyə aid bir neçə yüz allah adı qeyd olunmuşdur. Allahların yaranması barədə şumerlərin təsəvvürü aşağıdakı kimi idi. İlk əvvəl bütün dünya suya qərq olmuşdu. Okean sularının dərinliyində bütün varlığın «böyük anası» sayılan ilahə Nammu yaşayırdı. Nammunun bətnindən yarımkürə şəklində dağ qalxmışdı. Dağın başında «böyük ata» allah An, dənizdə - yastıvarı lövhə üzərində ilahə Ki yaşayırmış. Onlar bir-birinə bitişik imiş. Onların nikahından allah Enlil (Ellil) doğulur. Onların yenə çoxlu uşaqları olur. Uşaqlardan yeddisi allahların şurasını təşkil etməklə bütün dünyanı idarə edirmişlər. Enlil başçı və ağsaqqal imiş. Onun yaxın köməkçilərindən Nusku odu və istini, Enki su və müdrikliyi təmsil edirmiş. Səma allahı An, Enlil və Enki allahların ali üçlüyünü təşkil edirmiş. Qalan allahlar Annunak və İgigi adlanırmışlar (birincilər yer üzünün, ikincilər göylərin ruhları imişlər). Enlil daha qüdrətli allah sayılırdı. O, allahların atası, göyün və yerin, bütün dünyanın hökmdarı adlanırdı. Uşaqlar çoxalırdı və məkan darlıq edirdi. Bir gün Enlil mis bıçaqla göy qübbəsinin qırağını kəsir, An zarıya-zarıya göyə qalxır və Kidən aralanır, dünyanın əzəmətli qalaydan yarımkürə örtüyü havadan asılı qalır. Digər başlıca Şumer allah adları bunlardır: Nanna (Nannar) - ay allahı; İnanna - məhsuldarlıq və məhəbbəti ilahəsi; Ninhursaq (Ninmah, Nintu) - yer səthi, məhəbbət və məhsuldarlıq ilahəsi;(meşəli dağ xanımı - mə’nasında, Nanna, İnanna adlarında olduğu kimi, Ninmah (Ninhursaq, Nintu) adında da nənə sözü vardır: nin - nənə, mah - böyük - ‘böyük xanım’. Dumuzi (Tövratda Tammuz) - Nannanın əri - çoban allah; Nergal - yeraltı dünyanın allahı; Ereşkigal - yeraltı dünyanın ilahə hökmdarı (Nerqalın arvadı); Ninurta - cənub küləyi və müharibə allahı; Martu - köçərilər allahı və s . Akkadlar və digər sami tayfaları Şumer dini ilə bağlı bir çox şeyləri mənimsəməli olmuşlar. Enlil Yeri və Göyü yaratdıqdan sonra Nippur şəhərini inşa etmiş və allahları ora toplamışdır. Yoxsul yaşayan allahlar gildən ilahi Laharı və Aşnanı yaradırlar. Lahar qoyun-quzu ilə, Aşnan əkin-biçinlə məşğul imiş. Enki gildən kişi və qadın da yaradır. Lakin onlara əbədi həyat vermir. Onlar qurbanlar kəsməli və allahların qulluğunda durmalı idilər. Akkad-Babil rəvayətlərində həm adlarda, həm də rəvayətlərin özlərində fərqli cəhətlər var. Babil rəvayətinə görə, Enlil gördüyü işləri Marduk görür. O, Tiamatı ikiyə bölməklə Yeri və Göyü yaradır. Beləliklə, Şumerlərdə An, Ea, Enlil, Ki, Nusku, Enki, Utu, Ninni, İnanna, Nerqal, Dumuzi, Ereşkiqal, Huma, Zuən, Şar və b. allah adları mə’lumdur. Sonralar bunların çoxu şəxs adları kimi işlənmişdir. Lullubi, kuti, kassit şəxs adları bir çox hallarda şumer şəxs adları ilə bağlanır. Şumer dilində ‘allah’ mə’nasında şar, akkad dilində eyni mə’nada şarru sözü və akkad dilində ‘çar’ mə’nasında sar sözü bir kökdəndir. Bu sözlərin akkad dilinə şumerdən və ya əksinə daxil olduğunu iddia etmək çətindir. Zuən və sin sözləri də eyni sözlərdir və yalnız tələffüzünə görə fərqlənir. Bunlar o dövr üçün o qədər də uzaq olmayan təcrid olunmanın əlamətləridir. Tədricən I minilliyə doğru allah adları da fərdiləşir, dillərin də fərqi çoxalır. Q.Qeybullayev yazır: «Manna və Midiya teofor şəxs adlarının müəyyən hissəsinin Şumer dili əsasında izah olunması göstərir ki, Cənubi Azərbaycan ərazisində yaşayan qədim tayfalara şumerlərin böyük mədəni tə’siri olmuşdur». (41;49) Qədim Azərbaycan tayfalarına şumerlərin mədəni tə’siri ola bilər. Lakin teofor adların bir çoxunun şumer dili əsasında izahı mədəni tə’sirlə yox, varisliklə - onların (sular, lullular, turukkilər, kutilər və şumerlərin) bir kökdən yaranması, qohum tayfalar olması ilə izah oluna bilər. Q.Qeybullayevin qeyd etdiyi: «Cənubi Azərbaycan ərazisində kutilərin, lullubilərin, kassitlərin (kasların), daha sonra mannaların və madayların şəxs adlarının mə’nalarını üzə çıxarmaq çox çətindir. Bunun bir neçə səbəbi vardır. Əvvələn, bu etnoslarda şəxs adlarının bir qrupunun kökləri qədim şumerlərlə bağlıdır. Şumerlərin şəxs adları isə semit mənşəli akkad adları ilə qarışmışdır. İkincisi, şumer və akkad mənşəli şəxs adları əsasən teofor adlar idi; yə’ni qəbilə allahlarının adları şəxs adlarının bir komponentini təşkil edirdi» (41; 50) sözlərində həqiqətlə yanaşı, mübahisəli cəhətlər də vardır. Kuti, lullubi, kassit şəxs adlarının şumerə gedib çıxması obyektiv və doğrudur, lakin şumerlə əlaqələndiyi üçün izahının çətinliyi düz deyil. Bu, mixi yazıların necə tələffüz olunduğunu düzgün müəyyənləşdirməyin çətinliyi ilə bağlı izah oluna bilər. Şumer dili e.ə. II minilliyin ortalarından müasir türk dil quruluşunu almaq istiqamətində daha sür’ətlə dəyişməyə başlayır. İ.T.Kaneva göstərir ki, şumer mətnləri iki dialektdə yazılmışlır: eme-gir adlanan birinci əsas dialektdə (müəllif bunu qısa şəkildə EG adlandırır) daha çox rəsmi sənədlər və ədəbi mətnlər qalmışdır: ikinci dialekt eme-sal adlanır və sonrakı mətnlərdə qalmışdır (müəllif bunu qısa şəkildə ES adlandırmış, «təhrif edilmiş dil», «zərif, yaxud quşsəsli insan dili» kimi izah etmişdir). ES bütöv ərazi dialektinin normal xüsusiyyətlərini əhatə etsə də, müəyyən fonetik, leksik və qrammatik xüsusiyyətləri ilə EG-dən fərqlənir. «Qeyd edim ki, ES dialektində yazılmış mətnlər II minillikdən və başlıca olaraq e.ə. I minillikdən mə’lumdur; görünür, əvvəlllər ES-in fonetik xüsusiyyətləri şumer yazılarında verilməmişdir... Lakin spesifik «emesal» tələffüzünü yazıya almağa başlayanda (rebus və ya hecayi işarələrlə) bu işi ardıcıl etməmişlər, bir neçə sətrin hecayi şəkildə ES-də yazılması oxucu üçün bütün mətni «emesalda» davam etdirmək üçün siqnal olmuşdur. (8; 15) Təəssüf ki, bütün bunlar hələ də öz tədqiqatçılarını gözləyir. Hiss olunur ki, ikinci dialekt şumer dilində yaranan yenilikləri əhatə etmişdir. Gümanımıza görə, bu dialekt şumer-türk kök birliyini daha əsaslı şəkildə üzə çıxara bilər. Yeni dialekt keyfiyyətlərinin əmələ gəlməsi ətraflı öyrənilərsə, daha əsaslı şəkildə sübut oluna bilər ki, bir sıra tədqiqatçılar şumerlərin dili barədə yanlış düşünmüşlər. Bunlar onu da göstərir ki, şumerlərin böyük bir qismi öz dillərini saxlamaqla axıra qədər akkadlarla birlikdə yaşamışlar.Və indiki Kərkük, Ərbil vilayətlərində yaşayan türklər onların varisləridir. Canlı dil, dilin canlı daşıyıcıları olmadan şivə xüsusiyyətləri yarana bilməzdi. Biz protodillərin Ön Asiyada parçalandığını, ilkin miqrasiyaların buradan başladığını, şumerlərin qədim Azərbaycan ərazilərindən İkiçayarasına endiyini və akkadlarla toqquşmadan sonra bir qisminin geri qayıtdıqlarını, Şumer - Aratta əlaqələrini, şumer dilinin fonetik, leksik, morfoloji və sintaktik quruluşunu qısa şəkildə nəzərdən keçirdik və bütün bunlarda şumer-protoazərbaycan-türk birliyini gördük. Qalan mühakimə və mülahizələri oxucuların öz öhdəsinə buraxırıq. II fəsil - Ədəbiyyat 1. İstoriə drevneqo vostoka.t.1, M.,1983; 2. Azərbaycan tarixi. I cild (Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə). -Ali məktəblər üçün dərslik. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994. 3. D.M.Nasilov. Ob Altayskoy əzıkovoy obhnosti.-»Törkoloqiçeskiy sbornik»,1974»,Moskva,1978 4. N.N.Poppe Nikolas. Verglilichende Grammatik die Altaischen sprahen.-Wiecbaden,1960. 5. Azərbaycan tarixi (İ.Əliyevin redaktəsi ilə), I cild, Bakı, «Elm»,1998. 6. Reki blizneüı. -Moskva, 1972. 7. Y.B.Yusifov. Qədim Şərq tarixi. Bakı Universiteti Nəşriyyatı,1993. 8. İ.T.Kaneva. Şumerskiy əzık. -Sankt-Peterburq, 1996. 9. İ.M.Dğəkonov. Əzıki drevney Peredney Azii. M,1967. 10. Drevnetörkskiy slovarğ. -Leninqrad, Nauka, 1967. 11. A.Leo Oppenxeym. Drevnəə Mesopotamiə. -Moskva, Nauka, 1980. 12. Xrestomatiə po istorii Drevneqo Vostoka. -M., 1963. 13. Fridrix Deliç. Vavilon i Bibliə. -SPb, 1911. 14. S.N.Kramer. İstoriə naçinaetsə v Şumere.- izd. Nauka, Moskva, 1965. 15. E.Əlibəyzadə. Azərbaycan xalqının mə’nəvi mədəniyyət tarixi. -Bakı, «Gənclik», 1998. 16.Azərbaycan folklor antalogiyası,I,Naxçıvan folkloru,1994. 17.S.N.Kramer. Dve şumerskie gleqii.-İzd. Vostoçnaə literatura, Moskva, 1960. 18.Quqo Vinqler.Zapadnaə Aziə i drevnə vremeni.-İstoriə çeloveçestva,t.III, SPb.,1903. 19.Glize Reklö.Çelovek i zemlə.-t.I, izd.Brokqauz-Efron,SPb.,1906. 20.D.Q.Reder.Mifı i leqendı drevneqo dvureçğə.-İzd.Nauka,Moskva,1965. 21.Alfabenin mənşəyi ən əski türk yazısıdır.- İstanbul,1933. 22.Tariyel Vəli Nüvədili. Əcdad.-Sietl, BA,ABŞ,1997. 23.Oljas Süleymenov.Az-Ya,Bakı,1999. 24.İ.M.Dğəkonov.Gpos o Qilğqameş,-izd.AN SSSR,M.-L., 1961. 25.Bazin L., Y a - t - il en turk des alternankes vokalukues (UAJB, 1961, XXX111,1-2. 26.Q.Ş.Kazımov.»Kitabi-Dədə Qorqud» və Azərbaycan dilinin inkişaf mərhələləri.»Kitabi-Dədə Qorqud-1300», Elmi-praktik konfransın materialları.-»Naxçıvan» Universiteti, Ünsiyyət, 2000 27.B.Serebrennikov, N.Qadjieva.Sravnitelğno-istoriçeskaə qrammatika törkiskix əzıkov. - «Maarif», Baku, 1979. 28.T.İ.Hacıyev. Azərbaycan dilinin yazıyaqədərki izləri haqqında. -Azərbaycan filologiyası məsələləri. - «Elm» nəşriyyatı, 1983. 29.M.Ş.Şiraliev.Dialektı i qovorı Azerbaydjanskoqo əzıka.-izd. «Glm», Baku, 1983. 30. Mahmud Kaşğari.Divanü-lüğat-it-türk, tercümesi.Çeviren Besim Atalay, 3, Ankara, 1941. 31.Ə.Şükürlü. Qədim türk yazılı abidələrinin dili.-Bakı, «Maarif», 1993. 32.H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. -Bakı, 1990. 33.Q.Kazımov. Müasir Azərbaycan dili.Sintaksis. -Bakı, Ünsiyyət, 2000. 34.M.A.Dandamaev. A.Leo Oppenheymin «Qədim Mesopotamiya» kitabına son söz, s.391-397. 35.A.M.Məmmədov. Azərbaycan dilinin erkən tarixinə dair materiallar.Azərbaycan filologiyası məsələləri,I,-Bakı,1983. 36.Tureüko-russkiy slovarğ.-Moskva,1977. 37.V.V.Radlov.Opıt slovarə törkskix nareəiy.-II-1. 38.V.V.Radlov.Opıt slovarə törkskix nareçiy.-IV-1. 39.Mahmud Kaşğari.Divanü-lüğat-it-türk, tercümesi.Çeviren Besim Atalay, I, Ankara,1939. 40.Dastan-i Ahmet Harami.-İstanbul,1946. 41.Q.A.Qeybullayev.Azərbaycan türklərinin təşəkkülü tarixindən.-Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1994. 42.Q.Kazımov.Kİ-SİKİL, yoxsa QIZOĞUL və ya qədim abidənin dilinin tədqiqi.-V.Məmmədovun «Dastani-Əhməd Hərami» poemasının dili və üslubu» (Bakı,2001) əsərinə ön söz. 43.M.İsmayıl. Azərbaycan tarixi. -Bakı, 1997. 44.Z.İ.Əmpolğskiy. Drevnəə Albaniə III-I vv.do n.g. İzd.AN Azerb. SSR, Baku, 1962. 45.Q.Kazımov.Qurbani və poetikası. -Bakı, APİ nəşri,1966. 46.Ə.Dəmirçizadə. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. -Bakı, APİ nəşri, 1959. 47.W.Kotvicz. Les pronome dans les langues altaique. Memoires de la comission orientaliste, 24, Krakow,1936. 48. Ağamusa Axundov. Dil və ədəbiyyat. -I cild, Bakı, 2003. III fəsil PROTOAZƏRBAYCAN DİLİ DÖVRÜ (E.ə. III minillik - e.ə.I minilliyin birinci yarısı) III fəsil - Dövlət, etnogenez və dilimizin mənşəyi məsələlərinin qoyuluşu Azərbaycan xalqının və onun dilinin mənşəyi hələ də mürəkkəb bir problem olaraq qalmaqdadır. Xalqımızın etnik tarixi ilə alimlər sistemli şəkildə XX əsrdə məşğul olmağa başlamışlar. Bu sahədə əsas mənbə ayrı-ayrı dövrlərin tədqiqinə həsr olunmuş monoqrafiyaların materialları əsasında ümumiləşdirilmiş «Azərbaycan tarixi» kitablarıdır - 1958-ci ildə MEA Tarix institutunun çap etdiyi «Azərbaycan tarixi» (1 cild), 1994-cü ildə Təhsil Nazirliyinin qrifi ilə ali məktəblər üçün dərslik kimi çap olunmuş «Azərbaycan tarixi» və Azərbaycan MEA-nın çoxcildli «Azərbaycan tarixi»nin I cildi (1998). Şübhəsiz, bunlardan əlavə, çoxsaylı məqalələr, dərslik, dərs vəsaiti və monoqrafiyalar da vardır. Yuxarıda qeyd edilən kitablardan birincisində mö’tədil şəkildə qoyulmuş problem (dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri) ikinci və üçüncü kitablarda kəskin ziddiyyət təşkil edən konsepsiyalar kimi inkişaf etdirilmişdir. Xüsusilə son kitabda əsas ideyalar tarixi həqiqətin təhrifindən ibarət olub, xalqın tarixinə zidd ideoloji baxışlardan alınmışdır. «Akademik nəşr» və son kitab olduğu üçün biz də bu kitabdan başlayırıq. Kitabın əvvəlindəki «İnstitutdan» başlıqlı bir səhifəlik yazıda deyilir ki, 7 cildliyin 5 cildi 1990-cı ildə artıq hazır idi, lakin «dövrün siyasi konyunkturasından azad deyildi», ona görə də oxuculara təqdim edilən bu kitab 90-cı illərdə «əhəmiyyətli dərəcədə yenidən işlənib düzəldilmişdir».(1; 5) Lakin kitabla tanışlıq göstərir ki, «dövrün konyunkturası» ən mühüm məsələlərdə nəinki aradan qaldırılmamış, əksinə, bir qədər də kəskinləşdirilmişdir. Birinci cild bizə, hər şeydən əvvəl, etnogenez və dil məsələlərini aydınlaşdırmalı idi. Lakin mə’lum olur ki, bu sahədə əsas fikir nəinki 60-cı illərdən irəli getməmiş, əksinə, Sovet dövrünün ən qatı çağlarının ideyaları üzərində daha möhkəm köklənib. Başqa sözlə, tarixi təhrifdən ibarət olan keçmiş qeyri-elmi, sün’i və saxta konsepsiya sanki qəsdən daha da qatılaşdırılmışdır. Budur, kitab boyu dövlət, etnogenez və dil məsələlərinin müəllifi İqrar Əliyev 40 səhifəlik «Giriş»də Azərbaycan xalqının mənşəyinin və dilinin hansı etnoslar və hansı etnosların dili əsasında təşəkkül tapdığını belə ümumiləşdirmişdir: «...bir sıra qeyri-müəyyənliklərə, çətinliklərə baxmayaraq, Azərbaycan xalqının etnogenezi konsepsiyası müəyyən dərəcədə, ümumi şəkildə tarix elmimizdə işlənmiş və özünün in’ikasını sanballı «Azərbaycan tarixi»nin 1-ci cildində (Bakı, 1958), «Sovet tarix ensiklopediyası»nda (I,M.,1961), «Böyük sovet ensiklopediyası»nda (3-cü nəşr,I, M.,1969), «Qafqaz xalqları» (II,M.,1981), «Dünya xalqları» (M.,1968), on iki cildlik «Ümumdünya tarixi» (M.,1955-1979) kitablarında və bir sıra digər əsərlərdə tapmışdır. Bu konsepsiyaya görə, Azərbaycan xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz Albaniyasında məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan (fərqləndirmə bizimdir - Q.K.) qədim dövr və orta əsrlərin tayfa və xalqları - mannalılar, kaspilər, Atropatena madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol oynamışlar». (1; 33) Göründüyü kimi, burada etnogenez və dil məsələlərini «dəqiqləşdirmək» naminə müəllifin qeyd etdiyi, 80-ci illərin əvvəllərindən bu yana keçən, müstəqillik imkanlarına əsaslanan bir ədəbiyyat da yoxdur (Amma gör xalqın tarixinə zidd və zərərli konsepsiya nəzarətsizlik üzündən nə qədər ədəbiyyata yol tapıb!). Manna, Maday, Atropatena, Albaniya dövlətləri tərkibində birləşən tayfalar içərisində bir nəfər də türk yoxdur; hətta farsların iddia etdikləri şəkildə azəri tayfası da irandilli hesab edilir. Deməli, qədim dövrdə və orta əsrlərdə Azərbaycan ərazisində aparıcı tayfalar iran- və qafqazdillilər olmuşlar. Bir qədər sonra görəcəyik ki, Azərbaycan ərazilərində İran və qafqazdilli tayfalar bizim eranın birinci minilliyinin sonlarına kimi aparıcı qüvvə olmuş, II minilliyin əvvəlində birdən-birə etnik simalarını dəyişərək türkləşmişlər. «Əsrlər boyu Azərbaycana gəlmiş müxtəlif dilli tayfa və xalqlar (skiflər, saklar, alanlar, hunlar, sabirlər, xəzərlər, oğuzlar və b.) da Azərbaycan xalqının etnogenezində böyük rol oynamışlar. Azərbaycan xalqının, dilinin formalaşması etnogenezin son mərhələlərində - orta əsrlərdə davam etmişdir».(1;33-34) Əgər Manna, Maday, Atropatena və Qafqaz Albaniyasında yaşayan əsas əhali Qafqaz və irandillilər olmuşlarsa, onda «əsrlər boyu» gələn skif, sak, alan, hun, sabir, xəzər, oğuz tayfalarının «böyük rolu» nədən ibarət olmuşdur? Sonrakı izahlardan görəcəyik ki, bunların da əksəriyyəti (skiflər, saklar, alanlar və bəlkə lap elə hunlar da) müəllif düşüncəsinə görə, irandillilər olmuşlar. Etnogenez haqqında hökm verilən həmin sitatda xüsusi qeyd olunur ki, Azərbaycan xalqının və onun dilinin formalaşması «orta əsrlərdə davam etmişdir». Hətta «ilkin orta əsrlərdə» də deyilmir. Hətta «orta əsrlərdə başa çatmışdır» da deyilmir, «davam etmişdir» deyilir. Xüsusiləşmiş «müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları» ifadəsinə diqqət yetirək. Adətən, əsası deyib, sonra ikinci dərəcəlini qeyd edərlər. Bu cümlədə isə əsas «müxtəlif» sözü ilə pərdələnmiş, ikinci dərəcəlilər birinci dərəcəli kimi xüsusiləşdirilmişdir. Əsas kütlənin kimlərdən ibarət olduğu «müxtəlif» sözü ilə örtülür, İran və Qafqaz dillilər qabarıq şəkildə nəzərə çarpdırılır. Mənafe və niyyət belə tələb edir. Əgər, doğrudan da, qafqazdillilər bu ölkədə aparıcı qüvvə olmuşlarsa, nə üçün onların Azərbaycan ərazisində bir dəfə əməlli bir qurumuna rast gəlmək olmur? İrandillilərin İran yaylasına e.ə. 8-7-ci əsrlərdə gəldikləri hamıya mə’lumdur. Bəs o vaxta qədər Azərbaycan əhalisi kimlərdən ibarət idi? Bəlkə ərazi boş imiş? Kitabın özündə deyilir ki, «İlk tunc dövründə (e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək - Q.K.) az qala bütün Azərbaycan və Zaqafqaziya ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulmuş, mənimsənilmişdir». (1; 104) Hətta me’marlıq, inşaat sahəsində də aborigen əhalinin varislik işləri arxeoloji materiallarla təsdiq olunur. Bəs bu tayfalar kimlərdən ibarət olmuşdur? Bunu izah etmək əvəzinə, irandillilərin bu ərazilərə gəlişini cidd-cəhdlə qabağa çəkməyə çalışırlar. Başa düşmək olmur ki, İ.H.Əliyev Azərbaycan ərazilərində irandilliləri zorla daha qədimdən yerləşdirməyə çalışanlara nə üçün bu qədər fərəhlə yanaşır. Bəlkə bu, sadəcə tarixçi obyektivliyidir? Sənin vətəninə (əgər belə demək düzgün isə) yadlar daxil olur (hələ bunun doğru olub-olmadığı bir yana), sən də həqiqi tarixi qoyub bunu fərəhlə təbliğ edirsən - bunun nəyi obyektivlikdir? Budur, yenə «Giriş»də oxuyuruq: «Müəllifin (E.A.Qrantovskinin - Q.K.) Şimal-qərbi İran vilayətlərində (Qərbi Azərbaycan - Urmiyayanı sahələr nəzərdə tutulur, amma «Şimal-qərbi İran» deyilir - Q.K.) irandilli tayfaların əvvəllərdə düşünüldüyündən daha qabaq meydana çıxdığını iddia etməyə imkan verən əsaslandırılmış fikri çox böyük əhəmiyyətə malikdir». (1; 28) 1977-ci ildə Moskvada buraxılmış «İran tarixi» kitabı da eyni şəkildə alqışlanır: «...bölgədə (Manna ərazisində - Q.K.) irandilli tayfaların məskunlaşmasının və i.a. nəzərdən keçirildiyi II fəsildə köhnə problemlərə yeni şəkildə baxılmasına imkan verən xeyli maraqlı və mühüm fikirlər irəli sürülmüşdür. Bu, (yə’ni «maraqlı və mühüm fikirlər» - Q.K.) xüsusən irandilli tayfaların mənşəyi, onların İran yaylası ərazisində, o cümlədən Urmiyayanı rayonda məskunlaşması... məsələlərinə aiddir». (1; 28) Oxucu özü görür ki, müəllifi ruhlandıran mühüm məsələ irandilli əhalinin Urmiyayanı ərazilərdə tarixçilər tərəfindən zorla erkən məskunlaşdırılmasıdır. «Son zamanlar bir sıra alimlər irandilli miqrantların Zaqros zonasında, o cümlədən Cənubi Azərbaycan ərazisində məskunlaşmasının arxeoloji cəhətdən əsaslandırılmasına böyük diqqət yetirir».(1; 29) Və s. Bütün bunlar İran tarixçisi üçün maraqlıdır. İ.H.Əliyev isə Urmiyayanı ərazilərə, Zaqros zonasına ona görə belə artıq «diqqət yetirir» ki, hələ e.ə.III minillikdə bu ərazilərdə türk tayfa birliklərinin yaratdığı qədim dövlət barədə tarixçilərin araşdırmaları və tutarlı yazıları var və bütün bu fikirlər sualtı axınla həmin tədqiqat əsərlərinin əleyhinədir. Bəlkə adi oxucu bilmir, amma «Giriş»in müəllifi çox yaxşı bilir ki, köhnə ideologiyanın aldığı ən böyük zərbə bu nöqtədən - Zaqros və Urmiyayanı ərazilərdə ən qədim türk tayfalarının mövcudluğundan başlayır. Beləliklə, İ.H.Əliyev bu qənaətdədir ki, qədim Azərbaycan əhalisi İran və Qafqaz dillərində danışan tayfalardan ibarət olmuşdur və xalqın, onun dilinin formalaşması orta əsrlərdə davam etmişdir (ilkin orta əsrlər eramızın 3-cü əsrindən başlayır və «orta əsrlər» dedikdə kapitalizmə qədərki dövr nəzərdə tutulur; bir çoxları isə kapitalizmin Azərbaycanda XIX əsrin son rübündə inkişafa başladığını iddia edir). İ.Əliyev xalqımızın tarixini aşkar şəkildə təhrif edən bu cür fikirləri ilə millətçi fars tədqiqatçılarından heç nə ilə fərqlənmir. Hələ üstəlik xalqı aldatma üsullarına da əl ataraq yazır: «İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəlliflərindən çoxu üçün «Azərbaycan tarixi» məfhumu yoxdur, bütün müddəalar bir dominant - «İran tarixi» nöqteyi-nəzərindən verilir. Adları çəkilən müəlliflərin çoxu üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş farslardır (məhz farslardır!). Aşkar görünənin əksinə olaraq iddia edilir ki, Azərbaycanın qədim əhalisinin dili fars dili və ya «fars dilinin xüsusi ləhcəsi» olmuşdur və i.a.»(1; 31) «Aşkar görünən» nədir? Böyük bir institut zəhmətlə «Azərbaycan tarixi» yazıb. Özləri əsaslandırmağa çalışırlar ki (əslində, bu «əsaslandırmada» İqrar Əliyevdən başqa, heç kimin «xidməti» yoxdur), Azərbaycanın qədim əhalisi irandillilərdən ibarət olmuşdur. İran alimləri niyə bundan daha bədtərini deməməlidir? Türklərin Azərbaycan ərazisinin ilkin və əzəli əhalisi - aborigenləri olduğunu dişi ilə, dırnağı ilə sübuta yetirənlərin yazılarının hamısı bir tərəfə atılıb, xalqın tarixinə, dilinə həqarətlə baxanlar ön plana çəkiləndə nə cür olmalıdır? Və həm də bilmək olmur ki, müəllif bu sözləri Ezop maneri ilə deməklə dolayı yolla öz ideyasını əsaslandırır, yoxsa müasir farslara demək istəyir ki, mən də sizin kimi Azərbaycanda İran tarixi yazmışam, sonra sizin də bu fikirdə olduğunuzu bildirmişəm. Kitabla tanış olan hər bir şəxs görə bilər ki, bu kitab dövlət, etnogenez və dil məsələlərinə münasibətdə tamamilə İran mövqeyindən yazılıb. Müəllif İran alimlərinin azərbaycanlıların farslardan dönmə və törəmə olduqlarını göstərən fikrinə ona görə «e’tiraz edir» ki, o bu qənaətdədir ki, azərbaycanlılar bilavasitə farslardan yox, dilini və etnik mənsubiyyətini itirməklə irandilli başqa bir tayfadan törəmişlər. Əslində, elə farslar da belə deyirlər - «fars dili» demirlər, «fars dilinin xüsusi ləhcəsi» deyirlər. Şimallı-cənublu Azərbaycan Yer kürəsinin elə bir əlverişli və münbit nöqtəsində yerləşmişdir ki, ilkin bəşər sivilizasiyası ilə birbaşa bağlıdır. «Məşhur Norveç səyyahı Tur Heyerdalın söylədiyi kimi, «Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir». Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür. (56; 92) Belə hesab olunur ki, mezolit dövründə (e.ə. XII-VIII minilliklər) Yer üzündə asan əldə olunan təbii sərvətlərin tədricən tükənməsi təsərrüfat formasının dəyişməsinə - maldarlıq və əkinçiliyin inkişafına səbəb olmuşdur. Tarixçilərin qeydlərindən aydın olur ki, Cənubi Azərbaycanın geniş əraziləri hələ 10 min il əvvəldən maldarların və əkinçilərin məskəni idi. Əkinçilik isə oturaq həyat deməkdir. Buna görə də belə hesab olunur ki, məsələn, Qobustanda mezolit-neolit mədəniyyətinin yaradıcıları yerli Azərbaycan qəbilələri və qəbilə birlikləri olmuşdur. Belə bir vaxtda - e.ə.VIII-VII minilliklərdə Zaqros zonasında yerli əhalinin böyük bir hissəsi oturaq həyata keçərək əkinçilik və maldarlıq təsərrüfatını genişləndirir. Mezoliti əvəz edən neolit dövrü (e.ə.VIII minilliyin sonu, VI minilliyin birinci yarısı) «insan həyatında inqilabi səciyyə daşıyan və cəmiyyətdə dərin ictimai nəticələrə gətirib çıxaran köklü dəyişikliklər»in baş verdiyi dövrdür. «Neolit inqilabının» mahiyyəti yalnız təsərrüfatın inkişafından ibarət olmayıb, cəmiyyətdə yaranan sıçrayışla bağlı qiymətləndirilir: »Mezolit-neolit cəmiyyətinin dərinliklərində baş verən əkinçilik və maldarlığa keçid prosesi müntəzəm izafi məhsul yaratdı ki, bu da bəşəriyyət qarşısında ibtidai icma quruluşunun məhvinə yol açdı».(1; 88) Artıq eneolit dövründə (e.ə.VI minillikdən IV minilliyin ortalarına qədər) maldarlığın və əkinçiliyin daha da genişlənməsi, təsərrüfatın inkişafı, izafi sərvət toplanması ilə əlaqədar «...qədim Şərqin bə’zi rayonlarında siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır».(1; 92) Bütün bunlar tarixin təbii gedişidir ki, akademik tarixdə də öz ifadəsini düzgün tapmışdır. Bura qədərki arxeoloji materialların izahı da zəngin və qiymətlidir. Lakin sosial-ictimai münasibətlərə gəldikdə, elə bil, hər şey daş altından çıxır. Azərbaycan ərazisində siniflərin və dövlətin əmələ gəlməsinə, etnoslara və onların dillərinə münasibətdə vəziyyət müdhiş şəkil alır. Şumerdə yeni tarixi mərhələ III minilliyin əvvəlində (e.ə. XXVIII əsrdə) başlamışdı və tarixşünaslıqda Şumer şəhər dövlətləri haqqında zəngin mə’lumat toplanmışdır.Tədricən bütün Şumeri əhatə edən vahid dövlətin yarandığı və sonra da ölkənin akkadlar tərəfindən işğal olunduğu bu neçə yüz illik müddətdə şimal-şərqdən ona bitişik olan qədim Azərbaycan ərazilərində, akademik tarix müəllifinin fikrincə, hələ dövlət anlayışı yoxdur, yalnız ora-bura «soxulan» tayfalar, tayfa ittifaqları var; Azərbaycanda dövlət Manna ilə başlayacaq, - e.ə.1-ci minilliyin əvvəllərində; bu vaxta qədər yalnız nəsli-qəbilə quruluşundan, bir sıra tayfalardan danışmaq olar və s. Elə buna görə də akademik tarixin 120-122-ci səhifələrində Azərbaycanın aborigen tayfaları kutilər, lullubilər, kassilər və hurrilər haqqında icmal şəklində qısa mə’lumat verilmişdir. Bu mə’lumatın səviyyəsi və keyfiyyəti də «maraqlıdır», ona görə də bir qədər onun üzərində dayanmaq istərdik. Əvvələn, oxucu bilməlidir ki, e.ə. XXIII əsrdir və akademik tarixə görə, dediyimiz kimi, bu dövrdə Azərbaycanda dövlət anlayışından danışmaq olmaz. Cənubi Azərbaycanın qərb hissəsinin mühüm etnoslarından olan kutilər, müəllifin yazdığına görə, siyasi cəhətdən kor və vəhşi tayfalardan ibarətdir. Təqribən 0,75 səhifəlik, yə’ni bir səhifədən də az mə’lumatda müəllifin kutilər haqqında dediklərinin özəyini bura köçürürük: «Akkad hökmdarı Naramsin (Naram-Suen) artıq e.ə. XXIII əsrin son rübündə Mesopotamiyaya soxulmuş kutilərlə toqquşmalı olmuşdu. Kutilərin başçısı Enridavazir Akkad qoşunlarını məğlub etmiş, Cənubi Mesopotamiyaya gəlib çatmış, orada özünü «dünyanın dörd ölkəsinin hökmdarı» e’lan etmiş, buna dair iri kitabə yazdırmışdı. Kutilər Mesopotamiyada soyğunçuluq və zorakılıq idarə üsulu tətbiq etmişdilər. Onlar şəhərləri dağıdır, çoxlu insan qırırdılar. Qədim yazı kutiləri «Şumer çarlığını dağlara aparan, Şumerə düşmənçilik gətirən, arvadı ərindən, uşaqları valideynlərindən məhrum edən dağ əjdahaları» adlandırır». Siyasi baxımdan kamil olmayan gəlmə tayfalar zəbt olunmuş ölkədə dövlət aparatının mühüm sahələrinin idarə edilməsini yerli zadəganlara həvalə edir və beləliklə, öz mövqelərini zəiflədirdilər.» «Kutilərin Mesopotamiyada təxminən bir əsrlik ağalığı onlar arasında nəsil-tayfa münasibətlərinin dağılması prosesini sür’ətləndirməli idi». (1; 119-120) Başa düşmək olmur ki, bu nə cür tarixçilikdir. Kutilər kimdir və müəllif kimin tərəfindədir? Kutilərdən ona görə danışılır ki, bunlar bizim vətənimizin ən qədim sakinləri, bizim əcdadlarımızdır. İnsanın öz əcdadlarına məhəbbəti olmalıdır. Hələ onların «siyasi baxımdan kamil olmamaları» bir yana, «soxulmaq» nə deməkdir? Adam da öz əcdadı haqqında bu cür söz işlədərmi? Moskvanın buraxdığı bir kitabda olduğu kimi, insanın öz babaları haqqında yaramaz bir sözü (lap mənbə belə desə də) təkrar etməsi nə qədər caizdir? İkinci bir tərəfdən, kutilər siyasi cəhətdən kamil olmasa idilər, Şumer kimi mədəni ölkəni necə işğal edə bilərdilər? Bu böyüklükdə Sovet imperiyası özünü yüz il qoruyub saxlaya bilmədi, mədəni bir ərazini bir əsr idarə etmək zarafatdırmı? Hələ bir nöqsan da tutulur ki, idarəçiliyi yerli zadəganlara tapşırırdılar. Hansı işğalçı bu cür etməyib? İskəndər Atropatenanı (İranla birlikdə) işğal etdikdən sonra idarəçiliyi Atropat əvəzinə, başqa bir fars ə’yanına - Oksidata və sonra da Arsaka tapşırmadımı və onların bacarıqsızlığını görüb iki il sonra yenidən Atropatı öz vəzifəsinə qaytarmadımı? İskəndər də siyasi cəhətdən kamil deyildi? Hələ bir deyilir ki, son kuti hökmdarı Tirikan cəmi 40 gün hakimiyyətdə qala bildi və «XXII əsrin sonunda kutilər Mesopotamiyadan qovuldular». «Qovuldular» sözünü Mesopotamiyanın öz tarixçisi deyə bilər, biz deməməliyik. Hansı işğalçı işğal etdiyi ərazidə axıra qədər duruş gətirə bilib? Deyilir ki, kutilər Şumer şəhərlərini dağıdır, arvadı ərindən ayırırdı. Başqa bir ölkəni işğal edərkən hansı ordu bu cür dağıntısız keçib gedib? «Şumer çarlığını dağlara aparan» sözlərinə nə üçün fikir verilmir? Bu göstərmirmi ki, hakimiyyətin mərkəzi dağlarda - Zaqros zonasında, Azərbaycan ərazisindədir və Şumeri kutilər yerli canişinin rəhbərliyi ilə idarə edirlər? Təəccüblüdür, bundan böyük dövlət ola bilər? Kuti hökmdarı En-Ridavazir sözündə en kahin-hökmdar demək deyilmi? Kuti hökmdarı özünü dörd ölkənin hökmdarı adlandırır, biri öz ölkəsi, biri Şumer, niyə axtarılmır ki, ikisi haradır? Və çox dəhşətli bir şey deyilir - deyilir ki, Şumer üzərindəki yüzillik hakimiyyət kutilərin arasında «nəsli-tayfa münasibətlərinin dağılmasını sür’ətləndirməli idi». Mənbə yüksək dövlət nümunəsi təqdim edir, akademik tarixdə mezolit dövrünün nəsli-tayfa quruluşundan danışılır. Hökmdar o böyüklükdə ərazini qatıb öz ölkəsinə, özünü dörd ölkənin hökmdarı sayır, tarixçi bu böyük gücü quldur kimi qiymətləndirir... Kitabda belə «adi» tayfalardan biri kimi, lullubi tayfaları haqqında da mə’lumat verilir: «Lullubi hakimlərinin özlərinin ilkin yazılı abidələri e.ə.XXIII əsrə aiddir. Onların içərisində ilk növbədə Sarıpulda (Zöhab şəhəri yaxınlığında) qayada həkk olunmuş «çar» Anubaniniyə məxsus olan relyefli kitabəni qeyd etmək lazımdır. Anubanininin kitabəsinə istinadən göstərmək olar ki, ona tabe olan ərazi çox geniş idi. Ehtimal etmək olar ki, bu ərazi Urmiya gölündən İran körfəzinə qədər uzanırdı. Vaxtilə kutilərə məxsus olmuş ərazinin xeyli hissəsi sonralar lullubilərin əlinə keçmişdi. Artıq e.ə. III minilliyin II yarısında lullubilər nəinki Azərbaycan və İranın, habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar». (1; 120-121) Ərazisi Urmiya gölündən Fars körfəzinə qədər uzanan, qələbələrini daş kitabələrə yazdıran lullubilər də tarix müəllifinin fikrinə görə, hələ dövlət sahibi deyil, adi işğalçı tayfalardan ibarətdir. Kutilərin, lullubilərin yaratdığı dövlət dövlət kimi qəbul olunmur və onlar hələ nəsli-qəbilə quruluşunu davam etdirən, hərbi demokratiya dövrünü yaşayan tayfalar hesab olunur. Bu məsələyə bir daha qayıdacağıq, müəllifin etnik tərkib və dil məsələlərinə dair görüşlərinə diqqət yetirək. E.ə.III minillik və II minilliyin 1-ci yarısında etnik tərkib və dil məsələləri barədə gil yazılarda bir şey deyilmir, ona görə də bu barədə danışmağı lazım bilməmişlər. Söylənilən mülahizələr e.ə. II minilliyin 2-ci yarısı və I minilliyin əvvəlinə aiddir. Son tunc və erkən dəmir dövrünün (e.ə.II minilliyin 2-ci yarısı, e.ə. 1-ci minilliyin başlanğıcı) etnik tərkib və dil məsələlərindən bəhs edilərkən deyilir: «Bizi maraqlandıran zamanın etnodil mənzərəsindən danışarkən göstərmək lazımdır ki, həmin mənzərə, əlbəttə, əvvəlki dövrün şəraitindən bir qədər fərqlənirdi. ...bu dövrdə burada etnik, mədəni və dil baxımından keçmiş dövrlərin nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji tiplərinə aid olan, Şimal-şərqi Qafqaz ailəsinin dialektlərində (şimalda), hurri, lullubi və digər dillərdə, dialektlərdə (cənubda) danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali yaşayırdı».(1; 145-146) «Şimali Azərbaycan vilayətlərində əsas əhalinin Şimal-şərqi Qafqaz ailəsi dillərində danışan tayfalardan və tayfa birliklərindən ibarət olduğu şübhəsizdir... Deyilənlər, şübhəsiz, Şimal-şərqi dil ailəsi daşıyıcılarının bir qisminin əsasında tədricən protoalban tayfa ittifaqının təşəkkül tapmasından xəbər verir».(98,147) «Güman etmək olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbələrdə danışılan uruatrilərin də hurrilərə yaxın olması güman edilir».(1; 147) Müəllifin etnik tərkib və dil məsələlərinə münasibəti belədir. Lakin fikrini daha da möhkəmləndirmək üçün bu məsələyə xüsusi fəsil (VII) həsr etmişdir. Oxucu guya Azərbaycanı bürümüş «Qafqaz və İran dillərində danışan» tayfalara inanır-inanmır, özü bilər, amma bu məqamda - dəmir dövrünün başlanğıcında Azərbaycan əhalisinin əsas kütləsinin dəyişmədiyi, aborigenlərdən ibarət olduğu barədə müəllifin fikri həqiqət kimi qəbul olunmalıdır: «...bu ərazidə (Cənubi Azərbaycan əraziləri nəzərdə tutulur - Q.K.) yerli tayfalar başlıca, üstün etnik massiv olaraq qalmaqda idilər». (1; 166) Öyrənilə bilər ki, bu tayfalar kitab müəllifinin bə’zən mülahizə, bə’zən qəti şəkildə söylədiyi kimi ancaq İran və qafqazdillilərdən ibarət deyilmiş, onda Azərbaycan əhalisinin etnik mənzərəsi tamamilə dəyişə bilər. Amma hələlik 1-ci cilddə bu barədə heç bir işarə yoxdur və hətta aşkar ümid bəslənilə bilən turukkilər də hurrilərə qohum hesab olunur. Hurri-ari yaxınlığı isə müəllifin inamla qeyd etdiyi «faktdır». Bə’zən əvvəlki bölmədə gümanla söylənilənlər bu fəsildə daha inamla «təsbit edilir» və bir yenilik də budur ki, Azərbaycan ərazisində «Sipirmena ölkəsi» deyilən ölkə varmış və əhalisi «qadınlar kimi mırtıldayırmış».(1; 168) 8 səhifəyə yaxın olan bu fəsildə ən böyük «yenilik» tamamilə başqadır: müəllif - İ.H.Əliyev bütün gücünü və arxeoloji materialları toplayaraq irandilli tayfaların e.ə.II minilliyin sonu - I minilliyin əvvəlində Azərbaycana axınını sübuta çalışmışdır: «Mixi yazılarda aydın İran etimologiyasına malik olan onlarla antroponim və toponimə təsadüf edilir. Bizi maraqlandıran ərazidə açıq şəkildə ifadə olunmuş bir çox irandilli ictimai, dini, mədəni-tarixi anlayışlar və s. mə’lumdur». (1; 169) Həm də irandillilər o qədər sür’ətlə ictimai-siyasi üstünlük qazanırlar ki, onların rolu «...qədim Azərbaycan (Mada - Atropatena) xalqının etnogenezində də öz əksini tapır». (1; 169) Müəllifin fikrincə, irandilli tayfalar Cənubi Rusiya çöllərindən Qafqazı aşaraq gəlmişlər; onların bir qismi öz vətənlərində qalmaqda idi və bir qədər sonra onlar da gəldilər. Onlar «kimmerlər, skif, sak tayfaları və başqaları idilər».(1; 169) Deməli, bir sözlə, kimmer, skif, sak tayfaları da irandilli tayfalar imişlər. Müəllif lap aydın yazır: «İran dil ailəsi bir çox ölü və canlı dilləri birləşdirir. Mada, qədim fars, bir çox skif, sarmat, sak tayfa dilləri, avesta dili, orta fars, Parfiya, Soqd, Xarəzm, alan dilləri və başqaları ölü İran dilləri sırasına... aiddir».(98,169) (Bütövlükdə «skif» deyil, «bir çox skif» sözlərini qiymətləndirməmək olmaz). Gəlmə tayfaların irandilli olduğu Azərbaycan ərazisində həmin dövrə aid daha çox at kurqanlarının olması, atəşpərəstlik, mazdaizm və s. ilə əlaqələndirilmişdir. Görünür, türklər ümumən at minmirmiş və atəşpərəstliyin Azərbaycanın aborigen əhalisinə dəxli yox imiş. Bütün bunlarla yanaşı, bir cəhət lap fantastikdir: e.ə.1-ci minilliyin əvvəlində sür’ətlə İran yaylasına və Azərbaycana daxil olan irandillilər sür’ətlə də aborigen əhalini assimilyasiyaya uğratmağa başlayırlar: «Yerli və gəlmə etnik elementlərin uzunmüddətli (?) birgəyaşayışı ümumiyyətlə və bütövlükdə avtoxton qrupların irandilli əhali tərəfindən assimilyasiyaya uğradılması ilə müşayiət edilirdi». (1; 172) «...İrandilli xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi». (1; 173) (E.ə.II minilliyin sonu - I minilliyin əvvəlindən danışılır). Sonrakı dövrə (eramızın XI-XII əsrlərinə) aid mülahizələri də nəzərə aldıqda belə nəticəyə gəlmək olur ki, Azərbaycan ərazisində yaşayan yerli əhali bir neçə dəfə öz etnik simasını və dilini dəyişmişdir - iranlılaşmışdır, türkləşmişdir və s. Akademik nəşrdə əsas ideyalar bunlardan ibarətdir. Oxucu görür ki, kutilərin fəaliyyəti bir tayfa işi deyil, böyük bir dövlət işidir. Amma kitabın bu fəsillərində orta tunc dövründə (e.ə. III minilliyin son rübündən başlayır) dövlətin mövcudluğu qəbul olunmur. Hətta tarixin aşkar şəkildə mühafizə edib saxladığı çar sözü də kinayə ilə dırnaq arasına alınmışdır. Cəmi iki-üç səhifəlik mə’lumatda xülasə şəklində «Azərbaycanın qədim əhalisi. Ölkə ərazisində ilk tayfa ittifaqları...» başlığı altında maldar və əkinçi tayfalardan danışılmışdır. Tunc dövrünün başlanğıcında Ön Asiyanın yaxın ərazilərində şəhər dövlətlərinin yaranması geniş vüs’ət aldığı halda, hələ orta tunc dövründə də Azərbaycanda əhalinin maldar tayfalardan irəli getmədiyi göstərilir və tarixin qoyub getdiyi aşkar mə’lumatın əhəmiyyəti heçə endirilir. İndi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 1994-cü ildə Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə ali məktəblər üçün dərslik kimi çap olunmuş «Azərbaycan tarixi»nin 1-ci cildinə baxaq. Burada «İlk dövlət qurumu Aratta» başlığı altında Azərbaycan ərazisində Aratta ölkəsi, Aratta dövləti haqqında akademik nəşrdə kutilər, lullubilər və kassitlər haqqında birgə mə’lumatdan daha geniş mə’lumat verilmişdir - həm də e.ə. I minilliyin əvvəlinə deyil, III minilliyin birinci yarısına aid: «Aratta Cənubi Azərbaycanda e.ə.III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi». «E.ə. III minilliyin birinci yarısında (e.ə.XXVII əsrdə) Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxslər meydana gəlmişdi».(2; 61-62) Müəllif - professor Yusif Yusifov Aratta haqqında mə’lumatı Şumer dastan və poemalarından götürmüşdür. İddia oluna bilər ki, dastan tarix deyil. Dastan tarix olmasa da, tarixi qoruyub saxlayan mühüm sənəddir. Müəllif Arattanın dövlət quruluşu, dini görüşləri, siyasi və iqtisadi əlaqələri, əhalisinin məşğuliyyəti, ərazisi barədə maraqlı və geniş mə’lumat vermişdir. Ən xoş təəssürat da bundan ibarətdir ki, Aratta dövləti Şumer şəhər dövlətlərinə bərabər səviyyəli bir dövlətdir, Uruk şəhər hakimi En-Merkarla dostluq münasibətləri saxlayır, iqtisadi əlaqələr yaradıb, mixi yazılardan istifadə edir, bə’zən aralarında rəqabət yaransa da, biri digərini özündən asılı etməyə çalışsalar da, dostdurlar və akkadlara qarşı mübarizədə dərhal birləşirlər, Aratta hökmdarı özünü En-Merkarla bir atanın övladı sayır və s. (Aratta və Şumer əlaqələrinə dair ABŞ-da dissertasiya da müdafiə edilmişdir). «E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfalarının dövləti yaranmışdır. Lullubum (lullubi) dövləti Cənubi Azərbaycanın ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi». (94,67) Y.Yusifov Lullubi dövləti haqqında ətraflı mə’lumatla yanaşı, Lullubi hökmdarlarının dəqiqləşdirilmiş hakimiyyət xronologiyasını da vermişdir: Satuni - e.ə.2230-2200, İmmaşqun - e.ə.2200-2170, Anubanini - e.ə.2170-2150. Hələ İmmaşqunun vaxtında xırda hakimlər mərkəzi Lullubi dövlətinə tabe edilir və o, «Lullu(bum) ölkəsinin padşahlar padşahı» adlanır. Anubanininin dövründə ölkə daha da güclənir. O, daş plitə üzərində abidə-yazı qoyub getmişdir: «Beləliklə, e.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda İkiçayarası Akkad dövləti ilə rəqabət aparan güclü Lullubum dövləti yaranıb» və bu dövlətin iqtisadi-siyasi əlaqələri, təsərrüfatı, dini görüşləri barədə xeyli mə’lumatımız vardır. E.ə.III minilliyin ikinci yarısında Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında (Qərbi Azərbaycan) Kutium dövləti meydana gəlmişdir. «Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar».(2; 70) Y.Yusifov aydın və sərrast şəkildə söylədiyi bu sözlərlə yanaşı, kuti hökmdarlarının siyahısını da vermişdir: Enridavazir - e.ə. 2225-2205, İmta - e.ə. 2204-2197, İnqeşauş - e.ə.2197-2192, Sarlaq - e.ə.2191-2185, Yarlaqaş - e.ə.2185-2178, Elulumeş - e.ə.2177-2171. Kutilər İkiçayarasında Elulumeşin vaxtında - e.ə. 2175-ci ildə hakimiyyəti ələ almış və Şumeri 100 ilə qədər idarə etmişlər. Qeyd edilən çar sülaləsi onların Şumeri idarə etmələrindən əvvələ aiddir. Deməli, hələ Şumeri özlərinə tabe etmələrindən əvvəl tarix kutilərin 50 illik dövlət qurumu haqqında mə’lumat mühafizə etmişdir. «İkiçayarasının Şumer şəhərləri kuti hökmdarlarının şərəfinə yazılar tərtib edirdilər. Kuti hökmdarı Laharabın (e.ə.2135-2133-cü illər) Sippar şəhərində akkad dilində yazısı aşkar edilmişdir. Kuti hökmdarları Yarlaqanda (e.ə.2120-2113-cü illər) və Siumun (e.ə.2112-2105-ci illər) şərəfinə Umma şəhərində yazı tərtib olunmuşdur. Kuti hökmdarı Puzur-Suenin (e.ə.2127-2120-ci illər) möhürü üzərində Ur şəhərinin adı göstərilmişdir. Kutilərin hakimiyyəti bütün Ur şəhərini bürümüş, Nippur, Sippar, Umma kimi şəhərlər isə onların dayaq məntəqələrinə çevrilmişdi». (2; 70-71) Kutilər haqqında yuxarıdakı suallar mənim öz suallarım idi. Bu mə’lumatları isə professor Yusif Yusifov vermişdir. Niyə akademik nəşrdə bunlar yoxdur? Kutilər bizim xalqın əcdadları sırasına daxil deyilsə, verilmiş qısa mə’lumat nə üçündür, daxildirsə, nə üçün bu kitabdakı hələ onda birini qeyd etmədiyimiz mə’lumat o kitabda yoxdur? Əslində, əksinə olmalı idi: bu, dərslikdir, o, akademik nəşr. Heç kəs inanmaz və mən də inanmıram ki, akademik tarixin müəllifinin bunlardan xəbəri yoxdur. Amma ən ağrılısı da odur ki, bilə-bilə, şüurlu şəkildə xalqın tarixini təhrif edirlər. Son kuti hökmdarı Tirikana qarşı qiyam etmiş Utuhenqalın kitabəsində kutilər əleyhinə deyilən yaramaz sözlər, görünür, akademik tarix müəllifinin xoşuna gəlib və buna görə də onun şərhinə geniş yer verib. Amma onları Y.Yusifov da görüb və yazıb: «Utuhenqalın adına çıxılan kitabədə kutilərin ünvanına mənfi ifadələr işlədilmişdir. Lakin kutilərin ünvanına deyilmiş ittihamları təsdiq edən heç bir əlavə tarixi sənəd qalmamışdır. Əksinə, kutilərin hakimiyyəti illərində Şumerdə mə’bəd tikintisi və bərpası davam edir... Kutilərin hakimiyyəti illərində Yuxarı dənizdən (Urmiya gölü) Aşağı dənizə (Fars körfəzi) kimi uzanan ticarət yollarında əmin-amanlıq bərpa olunmuş, İkiçayarasına xarici müdaxilələrin arası kəsilmiş və Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaradılmışdı... Utuhenqalın adından yazılmış kitabə kuti sülaləsi hakimiyyətinin ləğv olunmasına bəraət qazandırmaq (fərqləndirmə bizimdir - Q.K.) məqsədini güdürdü». (2; 71-72) Vətən sevgisi, xalq sevgisi, əcdad sevgisi belə olar. Həm də bunlar yalnız sevgi əlamətləri deyil, hədsiz dərəcədə məntiqi və obyektivdir. Bir sübut da budur ki, kutilər Şumerdə güclü ordu saxlamırmış, buna görə də 40 günlük hakimiyyətdən sonra qəfil üsyan zamanı Tirikan əsir düşmüş, lakin mə’nəvi cəhətdən alçaldılsa da, öldürülməmiş, öz ölkəsinə göndərilmişdir. Bütün bunlar e.ə.III minilliyə aiddir. Akademik nəşrdə isə «Azərbaycan ərazisində ilkin siyasi qurumlar» e.ə. birinci minillikdə Manna dövləti ilə başlanır. Aydın olur ki, buradakı «tədqiqat»a əsasən hətta e.ə. II minilliyimiz də dövlət sarıdan boş imiş. Akademik nəşrdə e.ə.II minilliyin sonu, I minilliyin başlanğıcı «ibtidai icma quruluşunun intensiv surətdə dağılması, erkən sinifli qurumlara keçid dövrü» sayılır.(1; 142) «Tezliklə cəmiyyətin siyasi cəhətdən təşkilinin yeni forması olan dövlət də meydana gəldi... Bu artıq dəmir dövrü idi».(1; 144) «O dövrdə (e.ə. II minilliyin sonu, I minilliyin əvvəlində - Q.K.) Azərbaycanda qulların olmasını Dovşanlıda, Axmaxıda, Borsunlu və Xanlarda aparılan tədqiqatların nəticəsi təsdiq edir».(1; 156) Deməli, yalnız bu dövrdə (I minilliyin əvvəlində) ibtidai-icma quruluşunun dağılmağa başlaması ilə quldarlıq nümunələri görünməyə başlayır və yalnız bu dövrdə Urmiyaboyu - Zaqrosboyu zonada «ilk kiçik dövlət qurumları, ilk şəhər-dövlətlər» gözə çarpır. Və doğrudur, Assur mənbələri bu siyasi qurumları «ölkələr» adlandırmışdır, həmin ölkələrdə baş şəhər-qalalara «qüvvətli şəhər», «çar şəhəri» demişlər, hətta bu ölkələrin başında «çarlar» durub, amma bütün bunlar, akademik nəşr müəllifinin fikrinə görə, ilk şəhər-dövlət qurumundan başqa bir şey olmayıb. E.ə.III minilliyin birinci yarısı hara, I minilliyin əvvəli hara? Amma birdən müəllif özü məcbur olub yazmalı olur ki: «Güman olunur ki, e.ə.II minilliyin əvvəllərində Aşşur (Assuri) taxtına lullubilər sülaləsi sahib olmuşdu».(1; 125) Kassitlərin Babildə 500 illik hakimiyyəti (e.ə.1595-1155) isə bütün elm aləminə mə’lumdur və s. Çikaqo universitetinin professoru A.Leo Oppenheym Qərbi Asiya sivilizasiya sərhədlərini aşağıdakı kimi müəyyənləşdirmişdir: «Cənub-qərbi Asiya böyük rəngarəngliyə malik coğrafi və ekoloji şəraitlə xarakterizə olunur... Bu sahənin bir neçə təbii və e’tibarlı sərhədi var: Pamirin qərb qolları, Qafqaz dağları və Hind okeanı genişliyi. Qara, Egey və Aralıq dənizlərinin daha əlverişli sulu massivləri - baxmayaraq ki onlar da şimal və qərblə kifayət qədər effektiv izolyasiyanı tə’min edir.» (3; 34) «...biz oxucunun diqqətini ona cəlb etmək istəyirik ki, Mesopotamiyada meydana çıxan mədəniyyət təcrid olunmuş hadisə deyildi (fərqləndirmə bizimdir - Q.K.) və onu əhatə edən aləmdən ayrılmaz idi».(3; 36) A.Leo Oppenheym 20 il üzərində işlədiyi «Qədim Mesopotamiya» (Moskva,1980) əsərində ən azı qədim Babil-Amori sülaləsi dövrünü (e.ə.1894-1595) nəzərə alaraq yazır: «Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bə’zən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar. Babillilər Şumer ən’ənələrini davam etdirərək (o öz ifadəsini En-Merkarın tarixində tapmışdı) mədəni tə’sir göstərməyə çalışırdılar (çalışırdılar ki, kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın)...». (3; 38) Düzənlik əhalisi dedikdə İkiçayarası, dağlılar dedikdə Qərbi Azərbaycan - Zaqros dağlarının əhalisi - lullubilər, kutilər nəzərdə tutulur. Mədəni inkişaf az-çox yaxın olmasa, dağ əhalisi İkiçayarası və Assur dövlətlərini bu qədər təzyiq altında saxlaya bilməzdi. Oppenheym burada aşkar şəkildə «bufer dövlət»dən, eyni səviyyəli mədəni inkişafdan danışır, həm də babillilərin Şumer- Uruk hakimi En-Merkarla arattalılar arasındakı neçə yüz il əvvəlki tarixi əlaqəni, dostluq münasibətlərini nəzərə aldıqlarını qeyd edir. Akademik tarixin müəllifi isə Engelsdən uzun-uzadı sitat gətirərək (1; 144) (bu sitat doğrudur öz dövrü üçün) e.ə.II minilliyin son rübünədək Azərbaycanda nəsli-qəbilə quruluşunun, hərbi demokratiyanın davam etdiyini və bu vaxtdan tədricən dağılmağa başladığını arxeoloji materialların gücü ilə sübuta çalışır. Bunun əksinə olaraq, Oppenheymin qeyd etdiyi inkişafı Y.Yusifovun aşağıdakı sözləri də təsdiq edir: «Qeyri-bərabər inkişaf nəticəsində Cənubi Azərbaycanda, xüsusilə onun qərb torpaqlarında sinifli cəmiyyətin yaranması prosesi e.ə.IV minilliyin sonu - III minilliyin əvvəlində başlamışdı. Cənubi Azərbaycanın qərb torpaqları İkiçayarasının quldar cəmiyyətinə yaxın olmuş və orada baş verən iqtisadi-ictimai dəyişikliklər buraya da tə’sir göstərmişdi. Artıq e.ə.III minillikdə Cənubi Azərbaycanda erkən dövlət qurumları təşkil olunmuşdu». (2; 60) Bütün bunlar göstərir ki, akademik nəşrdə Azərbaycan ərazisində dövlətin yaranma tarixi ən azı 2 min ilə yaxın bir müddətdə geri atılmışdır. Amma məqsəd nədir, bu cür tarix kimin xeyrinədir və kimə xidmət edir, bilinmir. Bir o bilinir ki, Azərbaycanın qədim tarixi köklü şəkildə təhrif edilir, babalarımızın inkişaf səviyyəsi üzərinə qara pərdə çəkilir və hətta bə’zən ünvanlarına nalayiq sözlər söylənilir... İndi keçək etnik tərkib və dil məsələlərinə. Qeyd etdiyimiz kimi, akademik nəşrdə Azərbaycan tayfaları haqqında ilkin mə’lumatın orta tunc dövrünə, e.ə.XXIII əsrə aid olduğu, ilk dəfə Şumer-Akkad mənbələrində kutilər, lullubilər, hurrilər, kassilər və b. haqqında mə’lumat verildiyi göstərilir. Bir də təqribən min il sonra - son tunc və erkən dəmir dövrü (e.ə.II minilliyin sonu - I minilliyin əvvəli) tayfalarından danışılarkən Cənubi Azərbaycan ərazisində kuti, kassi, lullubi, hurri, mehran, nikimxi, turukki, uruatri (1; 144-147) tayfalarının adı çəkilir, onların etnik mənsubiyyəti və dili barədə mülahizələr söylənilir. Müəlliflərin (istisna olaraq bu fəsildə İ.H.Nərimanovun da adı vardır) mülahizələri belədir: «Güman etmək olar ki, lullubi dili elam dilinə qohumdur. Lakin bu gümana qəti inam yoxdur. Kuti dilinin Qafqaz dilləri ailəsinə aid olduğunu istisna etmək olmaz». (1,122) Çıxış yolu qoyulsa da (‘inam yoxdur’, ‘istisna deyil’ və s.), bunlar müəlliflərin əsas fikridir: lullubi dili elam, kuti dili Qafqaz mənşəli hesab edilir. Bir daha təkrar edirlər: «Kuti dilini bu dillər ailəsinə (Şimal-şərqi Qafqaz dilləri ailəsinə - Q.K.) aid etməyə müəyyən əsaslar vardır.» Bu fikrin bir qədər də əsaslandırılması üçün deyilir: «Belə bir mülahizə söylənilmişdir ki, «udi» - (Qafqaz Albaniyasının əsas əhalisi olmuş utilərin etnonimi. Müasir udilər onların qalıqlarıdır) ‘kuti’ adının refleksidir. Maraqlıdır ki, Qafqaz dağlıları arasında Qutiyev/Kutiyev familiyalarına təsadüf olunur».(1; 124) Hurrilərin dili haqqında müəlliflərin fikri daha qətidir: «Qətiyyətlə demək olar ki, hurri dili Hind-Avropa dillərinə aid deyil. Artıq müəyyən edilmişdir ki, bu dil Urartu dilinə qohumdur.»(1; 123) Urartu dili isə Qafqaz dillərinə aid edilir: «Son dövrdə hurri (eləcə də Urartu) dilini Şimal-şərqi Qafqaz dilləri ailəsi ilə bağlayırlar».(98,123) «Bağlayırlar» deyilir və müəlliflərin bununla razı olduqları bilinir. Bütövlükdə Şimali Azərbaycan ərazisinə gəldikdə, etnoslar barədə mə’lumat olmasa da, müəlliflər bu ərazidə yaşayan əhalinin qafqazdilli olmasına heç bir şübhə etmirlər: «...bu regionda (Şimali Azərbaycan ərazisində - Q.K.) Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur». (1; 123) Nəhayət, əhalinin qədim və əsas kütləsini təşkil edən kassilərin Zaqros-Elam, Qafqaz, Hind-Avropa dil ailələrinə aid ola bilməsi haqqında fikirləri xatırladaraq müəlliflər onları «ari tə’sirinə mə’ruz qalmış» tayfalar saymalı olmuşlar.(1; 127) Beləliklə, qısa desək, lullular elam dil qrupuna, kutilər, hurrilər və Şimali Azərbaycan tayfaları Qafqaz, kassilər (kassitlər) isə ari (Hind-Avropa) dil ailəsinə daxil edilmişdir. Müəlliflər hətta bir qədər də uzaqlara gedərək İtaliya ərazisində yaşamış qədim etruskların (tursakaların) dilini də Qafqaz mənşəli hesab etmişlər: «Güman etmək olar ki, buraya (Şimal-şərqi Qafqaz dilləri ailəsinə - Q.K.) etrusk dilini də daxil etmək mümkündür». (1; 124) Göründüyü kimi, bütün bunlar qədim Azərbaycanın aborigen əhalisi içərisində türk tayfalarına yer qoymur. Lakin yaxşı ki, Azərbaycan tarixini tarixi həqiqətə müvafiq şəkildə tədqiq edən alimlər də var. Budur, 1994-cü ildə, akademik nəşrdən 4 il əvvəl çap olunmuş «Azərbaycan tarixi»ndə oxuyuruq: «Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər».(2; 72) Y.Yusifov bura köçürə bilməyəcəyimiz saysız toponim və antroponimlərin etimoloji təhlili əsasında aborigen etnosların mənşəyini tamamilə fərqli şəkildə müəyyənləşdirmişdir. İlk Azərbaycan dövlətinin birləşdirdiyi tayfaların türk tayfalarından ibarət olduğunu göstərmək üçün müəllif dövlətin adından başlamış, Aratta sözünün türk mənşəli olduğunu inandırıcı dil faktları ilə sübut etmişdir: Şumer-Akkad məktəb lüğətində arattu, aratu sözləri «dağ» mə’nasındadır (Aratta dağ ölkəsi idi). Bu sözün r>l keçidi ilə türk dillərində geniş işlənən Alatay, Altay, Alatey, Alatu sözləri ilə bir kökdən olduğu qeyd edilmişdir. (2; 78) Aratta torpaqlarının qərbində yerləşən lullubilər bir tayfadan deyil, tayfa ittifaqından ibarət olmuş, su və turukki tayfalarını da özündə birləşdirmişdir. (2; 67) E.ə.II minilliyin əvvəlində Urmiya gölü hövzəsində yerləşən turukki (turuki) və su tayfaları əvvəlki dövrdə Aratta dövləti tərkibində olmuşdur. Aratta öz mövqeyini itirdikdən sonra turukkilər gah lullubilər, kutilərlə birlikdə, gah da müstəqil siyasət yeritmişlər. Onlar Assur dövləti sərhədlərində təhlükələr yaradırdılar. Assur hökmdarı I Şamşi-Adad (e.ə.1813-1781) turukkilərə qarşı yürüş təşkil etsə də, onların qarşısını ala bilməmişdir. Assur hökmdarı I İşme-Daqan (e.ə.1781-1757) isə turukkilərlə bağlı hadisələri belə təsvir edir: «O ki qaldı Şuşarra ölkəsinə (turukkilər bu ölkəyə maraqlı və iddialı idilər - Q.K.), siz mənə yazırsınız ki, bu ölkə həyəcan içindədir və biz onu saxlaya bilmərik. Qoy İşar-Lim (qasid) sizə (vəziyyəti) izah etsin. Turukkili Lidaya və bu ölkədə onunla birlikdə olan turukkilər... iki yaşayış məntəqəsini dağıtmışlar. Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çəkildilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına bilməz».(2; 73-74) İşme-Daqan turukkilərlə müqavilə bağlamalı olur və turukkiləri sakitləşdirmək üçün onların başçılarından birinin qızını öz oğluna alır. E.ə.1755-ci ildə Babil padşahı Hammurapi də turukki və su tayfaları ilə üzləşməli, onları dəf etməli olmuşdur. Turukkilər haqqında mə’lumat genişdir. Biz bu qısa mə’lumatı ona görə təkrar edirik ki, oxucu bilsin ki, qədim qaynaqlarda turukkilərin yalnız təsadüfi adı çəkilmir, güclü bir tayfa kimi geniş fəaliyyəti qeyd olunur. Lakin akademik nəşrin müəllifi III minillikdə Azərbaycan ərazisində turukki və su tayfalarını görməzliyə salsa da və ya bir qədər sonra turukkiləri zorla hurri tayfalarına daxil etmək istəsə də, bu etnonim neçə min ildir, «türk» sözünü yaşatmaqdadır: «... bu etnonim «türk» tayfa adının erkən forması olmuşdur. Adətən türk etnoniminin qədim formasını «turuk, turuku» kimi bərpa edirlər». (2; 78) Ümumiləşdirici türk etnoniminin e.ə. III minillikdə tayfa adı kimi meydana çıxmasından çox-çox əvvəl türklərin müxtəlif adlar altında ömür sürməkdə olduğunu başqa alimlərimiz də qeyd etmişlər: «Qədim qaynaqlarda prototürklər, yə’ni qədim türklərin ulu əcdadları müxtəlif adlarla göstərilmişdir. Kuti, lullubi, su, turukki, kimmer, skit, massaget, sak, skif, sarmat, hun və başqa adlar altında yaşayan qədim türklər dünya tarixinin şərəfli səhifələrinin yazılmasında böyük rol oynamışlar». (4; 53) Əksər tarixçilər bu fikirdədir ki, lullubi (lullume) adı bu tayfaya qonşular tərəfindən verilmişdir, əhalinin öz adı deyil. Y.B.Yusifov bu sözün yamsılama yolu ilə düzəlmiş olduğunu güman edir. Biz də bu fikrin doğru olduğu qənaətindəyik, çünki lullubilərin şumerlərlə yaxın əlaqəsi, dostluq və qardaşlıq münasibətləri, şumerlərin məhz Zaqros zonasından - lullubilər yaşayan ərazidən düzənliyə - İkiçayarasına enmələri onların bir kökdən olduğunu və ya ən azı yaxın qohum olduğunu və hər iki dildə çox işlənən lu - ‘adam’, lulu - ‘adamlar’ sözünün qonşulara yamsılama vasitəsi kimi yerli əhalini bu adla adlandırmağa imkan verdiyini düşünmək üçün əsas ola bilər. Hər halda, Y.Yusifov da bu qənaətdə olmuşdur ki, «...lullubi Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad olmuşdur» - aydın deyilir: «prototürk əhalisinə.» Lulluların etnik mənsubiyyəti və dili barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Lullu dilinin kassi və elam, o cümlədən Qafqaz dilləri ilə qohum olması mülahizəsi ortaya atılmış, lakin bunu sübut edən dəlillər gətirilməmişdir. Bu mülahizələri irəli sürən bə’zi keçmiş qərb alimləri qədim dövrdə türk amilinin varlığına bigənə yanaşmışlar.(2,79) Lullu tayfa ittifaqı biri digəri ilə dil və etnik cəhətdən qohum olan prototürk etnoslarını birləşdirmişdir. Dərslikdə akademik nəşrin üstündən keçdiyi su tayfası haqqında da geniş mə’lumat verilmişdir. Sular Zaqroş dağlarında və Urmiya gölünün cənubunda yaşamışlar. Etnonimin ilkin formasının sub/suv olduğu göstərilir ki, bu da xalis türk sözüdür. Tarixçilər su tayfasını İkiçayarasının şimalında yaşayan Subir/Cubar tayfa adı ilə eyniləşdirirlər. Çox qəribədir ki, lullular kimi, sular da həm adlarına, həm də xoş münasibətlərinə görə şumerlərə çox yaxın olmuşlar (şumer > suber > sumer > subir...- və ya əksinə - keçidləri suberlərin şumerlərdən qopma olduğunu göstərir). Sular da turukki və lullu tayfa ittifaqına daxil idi. Azərbaycanın qədim və güclü etnoslarından birinin kutilər (yaxud qutilər) olduğunu bildik. E.ə.III-II minilliklərdə kutilər Urmiya gölünün cənub və qərb regionlarında yaşamışlar. Kutilər turukkilər, lullubilər və sularla yaxın münasibətdə olmuşlar. Y.Yusifov göstərir ki, kuti dilinin elam dilinə və ya Qafqaz dillərinə aid olması barədə mülahizə heç bir faktla sübut olunmamışdır. Kuti sözünün sonralar «k» samitinin düşməsi ilə (Z.Yampolski) Azərbaycan ərazisində meydana çıxan uti adı ilə əlaqəsi də özünü doğrultmur. V.Landsberqer kutilərin türk olduğunu yazmış, Kamal Balkan kuti hökmdar adlarının türk mənşəli olduğunu izah etmişdir. Tarixşünaslıqda kassit kimi qeyd edilən, akkadların kaşşu adlandırdıqları kaslar e.ə. XVII əsrdə İkiçayarasının cənubunu (keçmiş Şumer, o dövrkü Babil torpaqlarını) işğal edərək 1115-ci ilədək, təxminən 500 il orada hökmranlıq etmişlər. E.ə. III-II minilliklərdə yaşamış bu etnos tarixdə böyük izlər qoymuşdur. Kassi toponim və antroponimləri, kassilərə məxsus bir sıra sözlər türk dilləri bazasında daha asan izah olunur. Bunlarsız da kassilərin türk arealında geniş yayılması onların türkdilli olduğunu sübut edir. Y.B.Yusifov araşdırmalarını ümumiləşdirərək yazır: «Beləliklə, Azərbaycanın ən qədim sakinlərindən biri prototürklər olmuş və onlar hələ biri digərindən fonetik cəhətdən fərdiləşməmiş ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dillərini səciyyələndirən bir sıra fonetik əvəzlənmələr artıq yaranmışdı. Fərz etmək olar ki, prototürklər bu zaman nəinki qədim Azərbaycanın, eləcə də Anadolu yarımadasının və Orta Asiyanın sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər». (2; 78) Türk tayfaları eradan 3 min il əvvəl indiki yunan torpaqlarında - yunanlar hələ o yerlərə gəlmədiyi dövrdə - minillik bir dövlət yaratmış (e.ə.III-II minilliklər arası), e.ə.2000-ci il dairəsində yunanlar gəldikdən sonra bir qədər onlarla yaşayıb, İtaliyaya, Egey adalarına və Qərbi Anadoluya keçmişlər. (5; 3) »Etrüsklar (tursakalar) türk idilər» (Ankara,1992) kitabının müəllifi Adile Ayda göstərir ki, İtaliya ərazisində (e.ə.XX əsr dairəsində) iki türk tayfası - turlar (Turan sözü də buradandır) və sakalar birləşərək tursakaları-etruskları (TRSK - samit kökü həm tursaka, həm də etrusk kimi oxunur) meydana gətirmişdir: «Turlar ile Sakalar birleşir, «Tursakalar» adlı tek millet haline geldikten sonra, Türk geleneklerine uyğun olarak 12 kabileden oluşan bir Devlet kurmuşlardır. Etrafı denizle çevrili bir bölgede hüküm sürmege başlayan bu Devlet, çok keçmeden güclü bir donanma meydana getirerek Yunanlılarla Fenikelileri titretmege başlamıştır».(5;7) Müəllif etrusk dilinin bə’zi fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini, əlifbalarını və eyni zamanda etruskların dini görüşlərini türklərin dili, qədim əlifbası və dini görüşləri ilə müqayisəli öyrənərək, etruskların türk olduğu qənaətinə gəlmişdir. Ümumiyyətlə, Turan və türk sözləri bir kökdən olduğu üçün turukkilərlə etruskların qohumluq əlaqəsi də düşünülməlidir. İ.Əliyev bu cəhəti bildiyi üçün mövzusuna bilavasitə dəxli olmadığı halda, baltasını uzadaraq uzaqdakı o türk budağını da kəsmək istəmişdir. Dr.R.Oğuz Turkkan Adile Aydanın «Türklerin ilk ataları» (Ankara,1987) əsərinə resenziyasında yazır: «Adile Ayda sadece Pelasq’ların «Etrüskler»le (ve Saka’larla) akraba olduğunu, esas Yunanlılardan (yani Helenlerden) daha önce Yunanıstana girdiklerini ispat ediyor ve açıkca, Pelasqların Yunanlı olmadıklarını, olsa-olsa Yunan medeniyyetinin onlardan ders aldığını vurğulayaraq yazıyor (Romalıların da Etrüsklerin talebeleri oldukları kibi)». (63; 48) Adile Ayda pelaskların dilində TEPAE sözünün ‘təpə’ olduğunu və bu sözü hələ Kolumbdan çox-çox əvvəl Meksikaya və Orta Amerikaya etruskların aparmış olduğunu müəyyən etmişdir. (63; 48) Xarici mənbələrdə qədim türkizmləri araşdıran türk dil tarixinin tədqiqatçılarından Ç.Qaraşarlı yazır: «...antik qərbin müəmmalı xalqları sayılan troyalıların, trak və etruskların türk mənşəliliyi haqda danışmağa kifayət qədər əsas vardır. Etruskların kimmer mənşəli olduğunu Herodot yazırdı. Qərb mənbələrindən biri trakları da kimmer mənşəli hesab etmişdir. Etrusk və trakların türk mənşəli kimmerlərə aid olunması təsadüfidirmi? XIII-XIV əsr qədim Skandinaviya coğrafiya əsərlərinin qeyri-adi mə’lumatı bunun təsadüfi olmadığını göstərir. (E.A.Melnikova. Qədim Skandinaviya coğrafiya əsərləri. - Moskva,1986). Burada Kiçik Asiyadan şimala - Skandinaviya ölkələrinə gəlib məskunlaşmış türklərdən, onların rəhbəri Tor oğlu Odindən bəhs olunur. Kiçik Asiya mənşəli olduqları üçün onlar həmçinin as adlandırılır. XIII əsrə aid bir sıra Skandinaviya mənbələrində isə Tor oğlu Odinin başçılığı altında şimal ölkələrinə gəlmiş bu xalq troyalılar, Priamın adamları adlandırılır. Mə’lum olduğu kimi, Priam Troyanın sonuncu çarı olmuşdur». «Türk, trak, etrusk və troyalıların adlarının əsasında tur, tor ünsürü durur və onların əfsanəyə çevrilmiş ulu əcdadları Tiras, Tirs (Turis), Tirsen, Tros eyni kökə, mənşəyə gedib çıxır. Etrusklara məxsus alp, alpan, paxa, paxatur, tanra, kamsi və s. dini və əfsanəvi adlar qədim türklərə məxsus olan alp, alpan sözlərinə, bağa, bağatur, tanrı (tanra), qam kimi dini ad və titullara uyğun gəlir.»(57; 182-183) İ.Əliyev İran mənşəli əhalinin Azərbaycan və İran ərazisinə yayılmasından böyük həvəslə danışaraq, e.ə.VIII əsrdə İran yaylasına gələn bu tayfanı bə’zən e.ə.II minilliyin sonuna, bə’zən də II minilliyin lap əvvəlinə çəkir: «Təxminən e.ə.II minilliyin sonu, yaxud I minilliyin başlanğıcında Cənubi Rusiya çöllərindən çıxmış irandilli tayfalar İran yaylası vilayətlərində yerləşməyə başlamışdılar».(1; 129) Başqa bir səhifədə isə irandillilərin miqrasiyasını daha əvvələ çəkməyə çalışaraq yazır: «Ön Asiya vilayətlərinə hələ e.ə. II minilliyin birinci rübünün sonlarında müəyyən hind-İran mənşəli əhali kütləsinin gəlməsi məsələsi heç bir şübhə doğurmur». (1; 125) Görün, bu məsələni heç bir cəhətə qısqanclıq göstərmədən Y.B.Yusifov necə obyektiv izah etmişdir: «Son tədqiqatlara əsasən belə bir müddəa irəli sürülmüşdür ki, Şərqi Anadolu, Ön Qafqaz və Şimali İkiçayarası Hind-Avropa tayfalarının ilk vətəni olmuşdur. E.ə.V-IV minilliklərdə burada ümumhind-Avropa (prahind-Avropa) dili mövcud olmuş, e.ə.IV-III minilliklər hüdudunda bu dil dialektlərə (ləhcələrə) parçalanmış və dialektlərdə danışan hindavropalılar tədricən qərbə, şimala və şərqə doğru hərəkət etmişlər. E.ə.III minillikdə ümumhindavropa dilindən ari (hind-İran) dil birliyi ayrılmış və e.ə. II minilliyin sonunda bu dil birliyi də hind və İran dillərinə təcrid olunmuşdur...». (2; 83) Beləliklə, bu mə’lumata və bir sıra başqa əsərlərdən aldığımız təəssürata əsasən qeyd edə bilərik ki, Hind-Avropa, türk, sami, Qafqaz və başqa dil ailələri əslində ilk növbədə Ön Asiyanın sakinləri olmuş və Ön Asiya ərazilərində bir-birindən təcrid olunmuşlar. Hindavropalılar Ön Asiyanı IV minillikdən tərk etməyə başlamış və bir də e.ə. VIII əsrdə geri qayıtmışlar. III fəsil - E.ə.III-II minilliklərdə etnik tərkib və dil məsələləri İlk tunc dövründə (e.ə.IV minilliyin ortalarından III minilliyin sonunadək) Ön Asiyada və o cümlədən Azərbaycan ərazilərində əhali daha sür’ətlə artır, yaşayış məskənləri genişlənir, ibtidai icma quruluşunun dağılması, patriarxal münasibətlərin möhkəmlənməsi sosial münasibətlərin dəyişməsinə səbəb olur. Tarixçilər mə’lumat verirlər ki, bu dövrdə yaşayış yerləri əksərən 1-2 ha sahəni tutur, məskənlər daha çox dağətəyi yerlərdə, çay vadilərində salınır. İkimərtəbəli evlər tikilir. Yaşayış yerləri ətrafında müdafiə hasarları düzəldilir. Tayfaların idarə olunmasında kişilər üstünlük qazanır, tədricən ictimai və sosial bərabərsizlik güclənir. İbtidai incəsənət inkişaf edir və bu dövr Azərbaycanda qədim incəsənətin çiçəklənmə dövrü sayılır. (2; 33-37) E.ə.III minilliyin son rübündən Kür-Araz mədəniyyətinin süqutu ilə orta tunc dövrü başlayır. Azərbaycanda yaşayan tayfalar - kutilər, lullular, sular, turukkilər, kassilər, hurrilər və b. barədə ilkin yazılı daş sənədlər bu dövrə aiddir. Şumer-Akkad mənbələri Azərbaycan ərazisindəki əsas tayfalar haqqında xeyli mə’lumat saxlamışdır. Lakin bu tayfaların dili haqqında mə’lumat yox dərəcəsindədir, ona görə də Cənubi Azərbaycanın və ona qonşu vilayətlərin o dövrkü əhalisinin etnik tərkibi və dil mənsubiyyəti barədə ziddiyyətli fikirlər vardır. Müxtəlif mənbələrdə kuti, lullubi və kassi (kaşşu, kassit) dillərindən dövrümüzə bir qrup ad və söz gəlib çatmışdır. (2; 61-86) Azərbaycan ərazisində adları qeyd olunan etnoslar o dövrün siyasi həyatında fəal rol oynamışlar. Ölkəmizin cənub ərazilərindəki qədim aborigenlərin və gəlmə əhalinin etnik mənsubiyyəti barədə, başlıca olaraq, yazı vasitəsilə mə’lumat ala bilirik. Yazının isə tarixi azdır. Tarixin yaddaşından əldə edilmiş mə’lumata əsasən bilirik ki, yazıdan ilk dəfə e.ə. IV-III minilliklərdə şumerlər istifadə etmiş, sonralar yazını şumerlərdən akkadlar, elamlar, hurrilər, urartlar, qədim farslar mənimsəmişlər. E.ə. III-II minilliklərə aid şumer və akkad yazılarına əsasən Cənubi Azərbaycan ərazisində əsas tayfaların kuti, lullubi, subi, turukku, kassi, hurri və s.-dən ibarət olduğu müəyyən edilmişdir. Avropa alimləri və onların dediklərini təkrarlayan bir çox rus, Azərbaycan, gürcü və erməni tarixçiləri Azərbaycan ərazisindəki qədim tayfaların etnik mənsubiyyətini düzgün izah etməmiş, bə’zən bilərəkdən məsələni dolaşdırmağa çalışmışlar. Ona görə də Cənubi Azərbaycan ərazisində e.ə.III-II minilliklərdə müxtəlif mənbələrin qeydə aldığı tayfaların etnik mənsubiyyəti haqqında yanlış fikirlər söylənmiş, faktik olaraq, yerli tayfaların etnik mənsubiyyəti aydınlaşdırılmamış qalmışdır. Lullubilər haqqında ilk dəfə e.ə. XXIII əsr akkad mənbələrində mə’lumat verilmişdir. Bu etnonimi hurrilər lullu, urartlar lulu şəklində işlətmişlər. Urartu dilində Lulu-in-a ‘düşmən ölkə’ kimi mə’nalandırılmışdır; ‘Lulubi’ forması akkad dilində işlənmişdir. Sondakı bi elementini elammənşəli hesab etmiş və ona görə də güman etmişlər ki, bu sözü akkadlar elamlardan almışlar. İ.M.Dyakonovun fikrincə, ‘lulu-bi’ sözü mə’nası mə’lum olmayan ‘lul’ kökündən və elam dilində cəm bildirən pi (bi) şəkilçisindən ibarətdir. Buna görə də lullubilərin dilini bə’zən elammənşəli saymış, dravid dillərinə aid etmişlər. Akademik «Azərbaycan tarixi»nin etnik tərkib və dil mövzularının müəllifi İ.Əliyev isə, yuxarıda dediyimiz kimi, Azərbaycan ərazisindəki qədim tayfaların mənşəyini Qafqaz və İran dillərində və ya mənşəyi mə’lum olmayan «qədim yerli dillər»də görməyə çalışmışdır. (1; 122-123) Qeyd etməliyik ki, lulluların dilində işlənmiş olan, elam dilində də müşahidə edilən bi/be şəkilçisindən və onun pi variantından hurrilər və urartlar da istifadə etmişlər. Q.Qeybullayev türk dillərinə məxsus oxşar etnonimlər əsasında sübut etmişdir ki, lullubi sözündəki bi, pi elammənşəli deyildir. Bu hissəcik aqrippi, traspi, nuşibi, tatabi kimi türk tayfa adlarında da (e.ə.VII-V əsrlər) özünü göstərir. (6; 23) Lullubi, sunbi (subi), kaspi, skif və digər qədim türk etnonimlərindəki «bi», «pi», «f» komponentləri türkmənşəli şəkilçidir. Bu şəkilçi elamlara və akkadlara şumerlərdən və ya kutilərdən keçə bilərdi. (6; 56) Çünki bu şəkilçi ilk növbədə şumer dilində müşahidə olunur və sözlərə artırılaraq onları etnos adı kimi ümumiləşdirən cəm şəkilçisi kimi çıxış edir. Lullular kim idi və Lullubi dövləti nə vaxt yaranmışdır - suallarına tarix kitablarında çoxdan cavab verilsə də, bir çox həqiqətlər hələ gizli qalmaqdadır. Aratta dövləti nə üçün birdən yox oldu və onun yox olduğu dövrdə həmin ərazidə Lullubi dövləti yarandı? Bu barədə tarixin xəsisliklə mühafizə etdiyi mə’lumat daha dərindən araşdırılmalıdır. Y.B.Yusifov yazır: «E.ə. III minilliyin ikinci yarısında İkiçayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə. XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına, yəqin ki, nisbətən sonrakı dövrdə siyasi səhnəyə çıxmış su və turukki tayfaları daxil idi. E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı.» (2; 67) Çox maraqlıdır: şumerlərin İkiçayarasında məğlubiyyəti, Akkad dövlətinin yaranması ilə Azərbaycan ərazisinin də siyasi mənzərəsi dəyişir - yeni dövlət və yeni tayfa ittifaqı görünməyə başlayır. Bir qəribə cəhət də budur ki, şumerlərdə olduğu kimi, Lullubi ölkəsi də kiçik şəhər dövlətlərindən ibarət idi. Və digər bir cəhət də budur ki, lullubilər öz yaxın qonşuları akkadlara düşmən idilər, şumerlərlə qardaşlıq və dostluq əlaqələri saxlayırdılar. Onların tarixdə adı çəkilən ilk hökmdarı Satuni (e.ə. 2230-2200) 2200-cü ildə Akkad dövlətinə müharibə e’lan etmişdi. Lullubum hökmdarı, ‘padşahlar padşahı’ İmmaşqun (e.ə. 2200-2170) Lullubi dövlətini gücləndirir və Akkad dövlətinə qarşı daha ciddi rəqabət aparır. Dövlətin qüdrəti hökmdar Anubanininin vaxtında (e.ə. 2170-2150) daha da artır. Anubanini ölkənin ərazisini genişləndirir, cənubda Fars körfəzinə qədərki ərazilərə qədər enə bilir. (2; 67-68) Lullular şumer mədəniyyətinə uyğun mədəniyyət yaratmışdılar, mixi yazıları mənimsəmişdilər və mixi yazılardan istifadə edirdilər. Çoxallahlı idilər və baş allahları Anu şumerlərin səma allahı An idi. Bütün bünlar göstərir ki, şumerlərlə lullular qohum olmuş, bir tayfadan ayrılmışlar. Çox güman ki, akkadlar Şumerə hücum edərkən onların zərbəsi şumerlərin müttəfiqi və qohumu olan arattalılara da dəymiş, Aratta dövləti sıradan çıxsa da, yerli əhali tədricən dirçələrək Lullubi dövlətini yaratmışdır. Dünya tarixçiləri şumerlərin Azərbaycan ərazisindən - Zaqroş dağlarından İkiçayarasına endiklərini təsdiq edirlər və bu barədə əsaslı müxalif fikir yoxdur. Lullular «...e.ə.III-II minilliklərdə və sonra qədim Azərbaycan sakinləri kimi yad edilirlər. Lullular Arattanın ərazisində yaşayırdılar. Qaynaqlarda lullu adı -bi, -mi şəkilçiləri ilə də işlədilir. Lullu ittifaqına daxil olan hər bir tayfanın öz adı varmış. Bunlardan turukki və su tayfaları mə’lumdur. Belə təəssürat yaranır ki, lullubi Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad (fərqləndirmə bizimdir - Q.K.) olmuşdur».(2; -94,79) Hurrilər lulluları l >n keçidi ilə nullu adlandırmış, sözə «özgə», «yadelli» mə’nası vermişlər. Bir sıra alimlərin araşdırmalarına görə, biaynlar (urartlar) lullu sözünü guya «düşmən» mə’nasında işlətmişlər. Y.Yusifov isə ‘lullu’ sözünü yerli xalqın dilində tez-tez müşahidə olunan «Lo-lo» mahnı adı, hunların türk mənşəli Luli tayfa adı, çoban sözləri və s.-lə əlaqələndirmək istəsə də, daim bu fikirdə olmuşdur ki, Lulubi sözü bu ölkəyə kənardan verilmiş addır. Müəllifin mühüm bir fərziyyəsi də budur ki, «Lullu/lulu adı bəlkə də bənzətmə, yaxud əhalinin dilində tez-tez işlənən bir sözü yamsılama nəticəsində yaranmışdı».(2; 94,?9) Bu fikir daha ağlabatandır, lakin bizim fikrimizcə, tamamilə başqa istiqamətdə izah olunmalıdır. Lullular Urmiya gölünün cənubunda Zamua vilayəti ərazisində məskunlaşmışdılar. Qeyd olunanlarda mühüm bir rabitə hiss olunmaqdadır. Dediyimiz kimi, akkadlar Şumeri işğal etdikdən sonra Aratta həyat səhnəsindən çıxır, Lullubi dövləti yaranır. Lullular bütün mədəni xüsusiyyətlərinə görə şumerləri xatırladır. İkiçayarası Zamua ərazisinə son dərəcə yaxındır və akkadlarla düşmən münasibətdə olan lullular İkiçayarasını işğal edə bilməsələr də, Fars körfəzinə qədər enə bilmişdilər. Akkad işğalı zamanı şumerlərin məhv olmadığı, böyük bir qisminin İkiçayarasını tərk etməli olduqları da mə’lumdur. Şumer dastanlarından aydın olur ki, arattalılarla şumerlər arasında yaxınlıq, dostluq, sıx əlaqə olmuşdur. Onların varisləri də bu əlaqələri davam etdirmişlər. Bunu tarixçilər də təsdiq edirlər: «Artıq e.ə. III minilliyin II yarısında lullubilər nəinki Azərbaycan və İranın, habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar. Güman etmək olar ki, lullubilər ən qədim dövrlərdən e’tibarən Mesopotamiya ilə sıx əlaqədə olmuşlar». (1; 1,121) Aydın olur ki, hələ Şumerin yaxşı günlərində, Aratta hakiminin onunla qohumluq əlaqələri, dostluq, qardaşlıq münasibətləri olmuş, çox inkişaf etmiş, irəliləmiş şumerlər Arattanı öz tabeliklərində saxlamışlar (2-ci fəslə bax). Belə xoş münasibətin olduğu zamanda İkiçayarasını tərk etməli olan şumerlər hara getməli idilər? Madam ki, qonşu Aratta torpaqlarını öz torpaqları sayırdılar və vaxtilə İkiçayarasına bu ərazidən - Zaqroş dağlarından enmişdilər, akkadlarla mübarizə üçün bundan əlverişli bir yer, bir mövqe ola bilməzdi və bütün məntiq göstərir ki, mənbələrin mə’lumatları düzgün üzə çıxarılmasa da, şumerlərin bir qismi Aratta - Zamua ərazisində məskunlaşmış, yerli su, turukki və adını bilmədiyimiz digər tayfalarla ittifaqda Lullubi dövlətini yaratmış, dəfələrlə Akkad dövləti ilə vuruşmalı olmuşlar. Bu halda ölkənin adı da müəyyənləşir: lullular lu, lulu sözlərini (‘adam’, ‘adamlar’) çox işlədirdilər və bu söz onlara məxsusdur. «Lullu» ölkə adı isə, aramsız olaraq tarixçilərin verdiyi mə’lumatdan aydın olur ki, kənardan verilən, bə’zən kinayə ilə işlədilən bir söz olmuşdur. Biaynların (urartların) lullulara düşmən kimi baxmasının səbəbi vardı. Lullubi hökmdarları əksərən assurlarla ittifaqda olmuş, urartların ölkəni işğalına imkan verməmişlər. Urartu hökmdarı I Rusa (e.ə.730-714) birləşmiş Assur-Manna qoşunları qarşısında dayana bilməmiş (Mannanın əsas əhalisi lullular idi), e.ə.714-cü ildə özünü öldürmüşdü. Ona görə də Urartu mənbələrində lullulara düşmən münasibət vardır. Bu barədə İ.İ.Meşşaninovun qeydləri də nəzəri cəlb edir. Biayn yazılarında MATU determinativi ilə ölkə adı kimi verilən Lullu sözünün işlənə bilən müxtəlif formalarını qeyd edərək İ.İ.Meşşaninov yazır: «MATU luluina (lu-lu-e, lu-lu-i-na-u-e, lu-lu-i-na-u-i, lu-lu-i-ni-li, lu-lu-i-na-şi, lu-lu-i-na-şe) Naimenovanie stranı Lulu, ispolğzuemoe v bolee şirokom znaçenii «vrajeskaə strana». Otsöda - proizvodnaə forma MATU Lu-luinişe «jitelğ stranı Lulu». İmeetsə v vidu «çujezemeü, vraq».(8; 190) MATU - ÖLKƏ determinativi ilə işlənən Lulu(ina) sözü, təbii olaraq, ölkə adı kimi izah edilir. Lakin bə’zən bu söz determinativ olmadan işlənmiş, bə’zən də NAKARU (düşməncəsinə, düşmən) ideoqramı ilə işlədilmişdir. Bu son iki halı nəzərə alaraq, Biayn mətnlərinin tədqiqatçıları Lulu sözünün Biayn-Urartu dilində ‘düşmən’ mə’nasında işləndiyini qeyd etmişlər. Lakin faktlar göstərir ki, Lu-lu - ‘adamlar’, Lulu-ina - ‘lullu ölkəsi’ mə’nasında olmuş, Urartu işğalına qarşı assurlarla birlikdə uzun müddət mübarizə apardıqları və I Rusanın özünü öldürməsi ilə nəticələnən ağır döyüşlərə görə biaynlar lullulara düşmən münasibətdə olmuş, lulluları özlərinə düşmən saymışlar. Lullulara düşmən münasibətlə lulu sözünün semantikası qarışdırılmışdır. Mətndə aydın şəkildə MATU Lu-lu-i-na - ‘Lulu ölkəsi’ yazıldığı halda, ifadə «düşmən ölkəsi» kimi tərcümə edilmişdir: pa-ru-bi SAL iutu-ni MATU Lu-lu-ina-ni MATU-ni-i-ni «ə uqnal jenşin iz vrajeskoy stranı»(?) (8; 375) Başa düşmək olmur ki, nə üçün eyni quruluşlu iki sözdən birini ölkə adı, digərini ‘düşmən’ kimi tərcümə və izah edirlər: «...kto imə eqo (üarə. - Q.K.) uniçtojit, svoe imə postavit, budğ to MATU Biainişe, budğ to MATU Luluinişe» - çarın şərəfinə qoyulmuş abidədən çarın adını silib, öz adına yazan lə’nətlənir, lakin ‘istər biaynlıdır, istər lulu ölkəsindəndir’ əvəzinə, ifadə «budğ to biayneü, budğ to vraq» şəklində tərcümə edilir.(8; 377) İlkin olaraq şumerlərdə rast gəldiyimiz lu sözü dünya dillərinə məxsus saysız sözlərdə öz əsasını saxlamışdır (2-ci fəslə bax), türk dillərində isə el, ulu, ulus sözlərində özünü mühafizə etmişdir. Bu söz Azərbaycan tarixinin qaranlıq səhifələrindən birini işıqlandırmaq üçün bir açar rolunu oynayır. Beləliklə, lullu adının özü lulluların şumer-türk tayfası olduğunu bildirir. Lullubilərdən qalan tək-tək sözlər (şəxs adları və apelyativ leksika) türkcə izah olunur. Lullubi hökmdar adı Anubanini (e.ə. XXIII əsr) üç komponentə ayrılır: Anu - şumer göy allahının adı, ba - qədim türkcə ‘bağlamaq’ və ‘allah’, ni - mənsubluq bildirən şəkilçidir - ‘allah Anu’. İ.M.Dyakonov da Anubanini sözünü ‘allah Anu’ kimi izah etmişdir. Qayaüstü rəsmlərdə lullu kişiləri uzunsaçlı təsvir edilmişdir, bu cəhətin türklərə və monqollara aid olduğu qəbul edilmişdir. Lullubi dilindəki king, kin ‘qala’ sözü Altay-türk dillərindəki gang, kang (g=q) ‘sıldırım qaya, dik qalxmış dağ’ sözü ilə eyniköklüdür. Sözün sonundakı burunlaşma da (ng) türk dil xüsusiyyətidir. «Yazıda adları çəkilən tanrıların adlarından görünür ki, lullubilər şumer-akkad allahlar panteonuna sitayiş etmişlər».(9; 32) Fikrimizcə, şumerlərin yaşıdı və dostu, qohumu olan lullular başdan-binadan həmin allahlara sitayiş etmişlər və bir kökdən olduqları kimi, allahları da bir olmuşdur. Lulluların allah adlarından Kiur erkən orta əsrlərdə Şimali Qafqazda türklərə məxsus ildırım allahı Kuar ilə eyni sayılır. Elamların dilində də bir sıra türk mənşəli sözlər vardır ki, bunları, tədqiqatçıların fikrincə, onlar öz qonşuluğundakı lullulardan mənimsəmişlər: ikə - ‘qardaş’ (türkcə əkə, ike - ‘böyük qardaş’), kuti - ‘güdmək, gözləmək’ (türkcə və azərbaycanca «güd» fe’li), kik - ‘göy’, ‘səma’ (türkcə və azərbaycanca «göy» sözü), şak - ‘uşaq’ (azərbaycanca «uşaq» sözü) və s. Bir sıra tədqiqatçılar türk sözlərinin elam dilinə türklərdən alınmış olduğunu söyləmişlər. Lakin bizim fikrimizcə, elamlar da türklərin uzaq qollarındandır. Farslar elamlara ‘yuvca’ demişlər. Bu, türkcə ‘uca’ sözüdür. İltisaqi quruluşuna və bir çox leksik paralellərə malik olduğuna görə elam dilinin türk mənşəli olduğunu qeyd edənlər vardır. Lakin bu sahədə az tədqiqat aparılmışdır. Bu qohumluq sübut olunarsa, lullularla elamların da mənşə birliyinə şübhə qalmaz, sübut edilmədikcə elamların türklərlə qonşuluqda yaşadığına sübutdur. Q.A.Melikişvili «Zaqroş-elam qrupu» dillərini müasir Qafqaz dillərinə yaxın hesab edərək, lullubi və elam dillərinin qohumluğu mülahizəsinin xeyrinə əlavə dəlillər söyləmişdir. (9; 32) Lullubi və elam dillərinin qohumluğu xeyrinə misallar elam dilinin türkmənşəli olması xeyrinədir. Lullubi dilinin Qafqaz dillərinə yaxınlığı isə heç bir faktla sübut olunmur. Az-çox mümkün olan bütün faktlar lulluların türkmənşəli olduğunu göstərir. E.ə. III minilliyə aid şumer və akkad mənbələrində haqqında mə’lumat verilən güclü Azərbaycan tayfalarından biri də kutilərdir. Kutilər Urmiya gölü ətrafında (cənub və qərb ərazilərində) dağlıq rayonlarda yaşamışlar. Onlar şumer və akkadlardan mixi yazını mənimsəmiş və yüksək mədəniyyətə malik olmuşlar. İ.M.Dyakonov göstərir ki, kutilərin şəxs adları qədim İran və Qafqaz dilləri (o cümlədən hurri və Urartu dilləri) ilə izah olunmur. (10; 109) Lullular kimi, kutilər də elammənşəli (bə’zən də hurri mənşəli) hesab olunmuşdur. Y.B.Yusifov, Q.Ə.Qeybullayev və başqalarının son tədqiq və araşdırmaları sübut etdi ki, kutilər də türk mənşəli olmuşlar. Kuti hökmdar və şəxs adlarının çoxu türk dilləri ilə izah olunur. Kutilərin e.ə.III-I minilliklər arası sonralar Manna adı ilə tanınan Azərbaycan ərazilərində, bir qisminin isə Şərqi Anadoluda - urartların (biaynların) qonşuluğunda yaşamaları da onların türkdilli olduğunu sübut edir. Manna və əksər Mada toponim və şəxs adları türk dili bazasında izah olunur. Kutilərin qonşuluğunda olan urartların - biaynların dilində çoxlu türk mənşəli sözlər işlənmişdir. Tədqiqatçılar göstərirlər ki, urartlar bunları kutilərdən mənimsəyə bilərdilər: ate - ‘ata’ (azərbaycanca ata), tiau - ‘demək’ (azərbaycanca demək), töran - ‘qayda, qanun’ (qədim türklərdə töri), sue - ‘göl’ (azərbaycanca, türkcə su), surə - ‘silah’ (türkcə sur - ‘cida’), ərşə - ‘cavan’ (azərbaycanca - ərsə - ‘cavan’), e - ‘ev’ (azərbaycanca, türkcə ev), tar(a) - ‘dərə’ (azərbaycanca dərə) və s. Urartların dili az qala şimal-şərqi Qafqaz dillərindən biri kimi təsdiq olunmaqdadır. Amma, fikrimizcə, iltisaqi urartu dili yaxşı öyrənilməyib, yaxşı öyrənilərsə, başqa nəticəyə də gəlmək olar. «Urartu» adının özünü də urartlara türk qonşuları vermişlər. Onlar özlərinə ‘Biaini’ deyirdilər. Urartu sözü asur dili ilə izah olunmur. Sami tayfaları isə bu ölkəyə «Nahariya» demişlər ki, bu da İran dillərində «nəhr» (çay) sözündəndir (ermənilər bu sözü «Nairi» şəklində saxlamışlar). «Urartu» sözü ilk dəfə e.ə. 1304-1243-cü illərdə yaşamış Assur çarı I Salmanasarın yazılarında «Uruatri» şəklində işlənmiş və «yuxarı (yüksək) ölkə» kimi mə’nalandırılmışdır. Ur - türk dillərində hündür, yuxarı, art - dağlıq ərazi mə’nasındadır. Q.Qeybullayev «Biaini» sözünün kökündəki «bia» sözünün də türk mənşəli olduğunu sübut etmişdir, b>m keçidi ilə mua, mia türk dillərində ‘su’ sözündən ibarətdir, Van gölünün və Van şəhərinin adının da bu sözdən törədiyi müəyyən edilmişdir. (11; 21) Bunlar ağlabatandır, lakin b>v keçidi ilə hind-Avropa dillərindəki voda (rus), water (ing.) sözləri də bu sözlə bağlıdır, ona görə də bu sözlərin ulu dildən gəldiyini, lakin b>m keçidi ilə daha çox türk şivəsi istiqamətində inkişaf yolu keçdiyini də unutmaq olmaz. E.ə. III-I minilliklər arasında Urmiya gölünün cənubunda və Zaqroş dağlarında yaşayan türkdilli əhali içərisində Su tayfası xüsusi fərqlənmişdir. Tayfanın adının ilkin forması sub/suv şəklində olmuşdur. Söz aydın şəkildə türk dillərindəki «su» sözüdür. Qədim türk xaqanlığının əsasını qoymuş Aşina tayfasının iki mühüm əcdad əfsanəsindən biri So adlanır. Əfsanədə deyilir ki, So nəslinin bütün nümayəndələri «öz səfehlikləri ucbatından» məhv olmuş, yalnız dişi canavarın dörd nəvəsi öz canını qurtara bilmişdir. Oğlanlardan üçüncü və dördüncüsü Cənubi Altayda məskən salmış, artıb-çoxalmışlar. N.A.Aristov So nəslini Cənubi Altaydakı So tayfası ilə, kumanlarla, qırğızlarla əlaqələndirmişdir.(64; 33) Əfsanədən aydın olur ki, öz keçmişini unudaraq uzaq Ön Asiyadan gəlib bu yerlərə çıxmış So tayfası hətta öz nəslinin nədən məhv olduğunu da xatırlaya bilmir. Y.Yusifov yazır: «Qədim qaynaqlarda sular ilə əlaqədar (su tayfası ilə - Q.K.) bir sıra ifadələr işlədilmişdir. Məsələn, »Su ölkəsinə mənsub lullu», «Şubar (Subar) ölkəsinə mənsub lulu». Deməli, lullular və sular qarışıq yaşayırmışlar. Bə’zi hallarda Aratta ölkəsinin adı «Su ölkəsi» mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta, Lullubum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif adları olmuşlar. Sular da turukki və lullu tayfa birləşmələrinə daxil idilər». (2; 80-81) Bunlar Aratta, Su, Lullubum ölkələrinin müxtəlif adlarla tanınan eyni ölkə olduğunu və türk tayfalarının ölkəsi olduğunu yəqin etmək üçün heç bir şübhə yeri qoymur. Fərat çayının sol orta axarına yaxın ərazilərdə yerləşən Mari çarlığının arxivindən e.ə.XVIII əsrin birinci yarısına aid zəngin gil lövhə-məktublar tapılmışdır. Babil hökmdarı Hammurapinin zamanına (1792-1750) aid olan bu məktublarda turukkilər haqqında maraqlı mə’lumat mühafizə olunmuşdur. Yasim-el adlı bir hökmdarın Mari hökmdarı Zimrilimə məktubundan ibarət olan gil lövhədə deyilir: «Ağama de ki, Yasim-el danışır, sənin qulun. Mən öz vilayətimdə bax belə sözlər eşitmişəm: «İşme-Daqan turukkilərlə sülh bağlayıb. Zazinin qızını o öz oğlu Mutaskura alır. İşme-Daqan (artıq) (gəlinin) alınması üçün Zaziyə gümüş və qızıl göndərib. Bundan əlavə, eşnunnalılar İşme-Daqana hərbçilər də göndərib. Əlbəttə, (artıq) mənim ağam bu xəbəri eşidib. (Ancaq) bu mə’lumatı bilən kimi mən öz ağama yazdım».(17; 196) Assur hökmdarı İşme-Daqan (e.ə.1781-1757), göründüyü kimi, turukkiləri sakitləşdirmək üçün qohumluq əlaqəsinə girməyə məcbur olub. Qonşu ölkələr turukkilərlə əlaqədar xüsusi agentlər saxlayırmışlar. Eşnunna dövləti Diyala çayının üst tərəfində, İkiçayarasının şimal-şərqində, turukkilərin alt yanında yerləşmişdi. Turukkilər bu ərazini daim qorxu altında saxlayırdılar. Bu misal göstərir ki, turukkilər zamanının çox güclü tayfalarından olmuşlar. Əksər alimlər «turukki» sözünü türk sözünün ilkin forması hesab etmişdir və türk sözündən qorxan bir sıra mühafizəkar alimlərdən başqa, buna heç kim şübhə etmir. Qədim Azərbaycan aborigen əhalisi arasında kassi (kaşşu) tayfası tarixdə daha dərin iz buraxıb. Vaxtilə əsasən onomastik materiallar zəminində kassi dilini Zaqros-Elam, Qafqaz, Hind-Avropa dilləri qrupuna aid etmiş, Elam-Kassit qohumluğu haqqında fikirlər söyləmişlər. Y.Yusifov göstərir ki, bu baxış ən yeni tədqiqatlarda inkar olunur. Vaxtilə kassiləri «ari tə’sirinə mə’ruz qalmış» tayfalar, yaxud «protohindavropa nitqinin ən qədim daşıyıcıları« saymış və onların dilini Hind-Avropa dilləri ailəsinə daxil etmişlər. Lakin bu fikirlər əsaslandırılmamışdır. Kassi dilini hett, kaşk, habelə Qafqaz dilləri ilə bağlamaq cəhdləri də olmuşdur. Kaşşu/kassi/kas/kassit şəklində qeyd olunan bu sözün kökündə *k səsi durur - ilkin mərhələdə söz ku/ko (kissi və kosey formalarını yada sal) və tədricən ka şəklinə düşmüşdür; 1-ci -ş cəm şəkilçisidir; 2-ci ş səsi akkad dilində birincinin qoşalaşması nəticəsidir. Kassit variantında -it ikinci cəm şəkilçisidir. Müasir tarix kitablarındakı kassitlər sözündə üç müxtəlif cəm şəkilçisi üst-üstə işlənmişdir. Kasların türk mənşəli olduğu bir sıra dəlillərlə sübut edilmişdir. Hər şeydən əvvəl, kas hökmdar adları şumer və türk dilləri ilə izah olunur. Kassit-Akkad qlossarilərində 50-yə yaxın kas sözü mühafizə olunmuşdur. Ən mühüm dəlillərdən biri akkad yazısı ilə yazılmış kas sözlərinin türkcə olmasıdır: yanzi - ‘hakim, hökmdar’ (türkcə anq, azərbaycanca ön - ‘qabaqda dayanan’, ‘öndə duran’ və -si,-çi şəkilçisi), aşrak - ‘müdrik’, ‘ağıllı’ (türkcə as - ‘ağıl’); İ.M.Dyakonov göstərir ki, kaslarda bir tayfa Karzi-yabku adlanır. Buradakı yabku sözü türk yabğuları (‘elin, tayfanın başçısı, hökmdar’) ilə əsaslı şəkildə səsləşməkdədir: Dib-Yabku, Tokuz-Yabku və s.(Rəşid əd-Dinin «Oğuznamə»sində oğuz şəcərəsində adlar). Kas dilindəki dakaş (ulduz) sözü danq (dan) və yaşu - ‘parıltı’, ‘şəfəq’ sözləri ilə müqayisə edilir, ‘dan parıltısı’ mə’nasını ifadə edir; kas dilindəki haşmar (şahin, qartal) sözü də təmiz türkcə sayılır; ş - s keçidi və h səsinin düşümü ilə as - ‘dişləyib, didib qoparmaq’, umar - ‘ummaq’, ‘arzu etmək’ mə’nasında olub, ‘dimdikləyib (dişləyib) qoparmaq istəyən’ deməkdir və M.Kaşğarinin ‘kərkəs’ (leş yeyən quş) mə’nasında verdiyi us sözünün fonetik variantı hesab olunur. (6; 63,64) (Haşmar/asmar sözünün ikinci komponenti mar ‘ilan’ sözü də ola bilər - ‘ilan yeyən’ mə’nasında). Kasların allah adları da (Şukamuna, Şimaliya, Kaşşu, Harbe, Şixu, Sax, yaxud Şuriaş, Qidar, Dur, Kamulda, İmmiriya, Mirizir) əksərən şumer və türk dilləri ilə izah olunur. Kaşşu sözü kasların öz qəbilə allahının adıdır və qəbilənin adının əsasında bu ad durur. Allah adı Harbe türk dillərində ‘cadu’, ‘sehr’, ‘tilsim’ mə’nalarında arba sözü ilə eyniköklü sayılır, ona görə də kas allahı Harbenin cadu, sehr, tilsim allahı olduğu güman edilir. Kas dilindəki Suriyaş (Günəş allahı) sözü düzgün olaraq eyni mə’nada başqırd dilindəki Koyaş (Günəş) sözü ilə müqayisə edilir. Allah adı Şimaliya türkcə işım - ‘ildırım’ (və işıq, işıldamaq), al - qırmızı və akkadca iya şəkilçisi ilə ‘qırmızı parıltı’, ‘şəfəq’ mə’nasında izah edilmişdir. (6; 62-63) Kasların Mərkəzi Asiyadan gəlmə olması barədə yanlış fikri təkrar etməsinə baxmayaraq, Q.Qeybullayev onların Mərkəzi Asiyaya vaxtı bilinməyən erkən miqrasiyasının qədim izlərini ortaya çıxarmışdır: erkən orta əsrlərdə uyğurlara məxsus 6 kas qəbiləsi olmuşdur; «qırğız» (qədim forması «kırkas») və «xakas» sözlərində «kas» etnonimi mühafizə olunmuşdur; qədim türk runi yazılarında Kaşqar şəhərinin adının Kaş yazılması bu sözün kas sözü ilə bir kökdən olduğunu göstərir; XVII əsrdə Sibirdə Udin mahalında Kara-kas, Sarı(q)-kas və Kaş adlı tayfaların yaşadığı mə’lumdur; kasların bir qismi Qazaxıstan çöllərinə yayılaraq qazax - kasax adlı yeni etnos yaratmışlar (ak hissəciyi başqa türk tayfa adlarında da var: kaymak, qıpçak və s.); xəzər etnonimi (kasar/kəsər), Xəzər dənizinin adı, Qazan şəhərinin (Kasan) adı bu etnosun adı ilə bağlıdır və nəhayət, kasların bir hissəsi e.ə. birinci minilliyin ortalarında kaspi adı ilə tanınmışdır. (6; 27-28) Kasların Mərkəzi Asiya əlaqələri Xəzərin cənub-qərb hissəsində yerləşmiş məşhur kaspilərin də türk mənşəli olduğunu üzə çıxarır. Bu araşdırmalar kasların tarixdə nə qədər böyük iz qoyduğunu aydın göstərir. Kaspilər Azərbaycanın həm şimal, həm də cənub hissəsində - Dərbənd ətrafında, Mildə, Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədərki ərazilərdə yaşamışlar. Kassilərlə kaspiləri düzgün olaraq qohum hesab edən İ.M.Dyakonov yanlış olaraq onları elamdilli hesab etmişdir. Kaspi sözündəki pi şəkilçisi elam dilindəki -pi cəm şəkilçisi ilə eynimənşəli olduğu üçün kaspiləri elammənşəli saymışlar (p>b keçidi ilə sonu bi ilə qurtaran türk tayfa adlarını yuxarıda qeyd etmişik). E.ə. V əsrdə artıq siyasi arenada olan kaspilər, onların təsərrüfatı, mədəniyyəti barədə geniş mə’lumat verən İ.Əliyev də onları kassitlərlə qohum hesab etmiş, lakin hələ antik dövrlərdən onların iranlılaşdırıldığını güman etmişdir: «Ola bilər ki, antik dövrdə kaspilər artıq iranlılaşdırılmışdı». (12; 89,11) Türklərin getdikcə Ön Asiyada artıb çoxaldığı və gücləndiyi bir dövrdə türk mənşəli böyük tayfanın iranlılaşdırılması ağlabatan deyildir. «Maraqlıdır ki, Kaspi hökmdarının titulu (yanzi) həm Urmiyayanı bölgədə, həm də Van gölü ətrafında yayılmışdı».(1; 126) Bu hal kas tayfasının müxtəlif adlar altında Azərbaycan ərazisində çox geniş yayıldığını göstərir. İ.Əliyev kasları avtoxton saymaqda tam haqlıdır: «Şübhə yoxdur ki, Kaspi dil ailəsi İran yaylası ərazisində avtoxton idi» (1; 126) Kaslar Mərkəzi Asiyadan gəlməmiş, onların böyük bölümləri tarixini dəqiq bilmədiyimiz qədim dövrdə bir tərəfdən qərbə - İtaliya ərazilərinə, bir tərəfdən də Mərkəzi Asiyaya yayılmaqla həmin ərazilərdə zəngin izlər qoymuşlar. Lullubilərin dilindəki Kiur ‘allah’ sözü kaslarda Kuri şəklində olmuşdur. Bu sözlər qədim türklərin ‘ildırım allahı’ mə’nasında Kuar sözü ilə bir kökdəndir. Bu da özlüyündə lullularla kasların və şumerlərin qohumluğuna işarədir. Kaslar Ön Asiyanın ən qədim etnoslarındandır. Kas adlarının bir qismi akkad mənşəli sayılır, bir qismi isə teofor adlar olub, Şumer-Akkad allah adlarından ibarətdir. Çox güman ki, akkad mənşəli sayılanlar akkad tələffüzü ilə qeydə alınmış kas sözləridir. Türklərin Azərbaycan ərazisinin ən qədim sakinləri olması barədə tarixdə maraqlı faktlar mühafizə olunmuşdur. Tarixçi və etnoqraflar e.ə. X minilliyə və daha əvvəlki dövrlərə aid olan Qobustan rəsm-yazılarını türk mədəniyyəti ilə əlaqələndirirlər: «Ən aydın əlamətlərdən biri budur ki, Qobustan rəsmlərinin içərisində Orxon runik yazısının işarələrinə təsadüf olunur. Məsələn, Qobustan qayalarındakı ZZ işarələri Orxon yazısında ‘Z’ hərfidir». (13; 16) T.Hacıyevin fikrincə, Qobustan şəkillərində d, k, l, n, ç, t hərfləri də mövcuddur və bunların Qazaxıstan, Tuva, Cənubi Sibir və Monqolustan ərazilərində aşkarlanmış analoqları vardır. (13; 16-17) Azərbaycanın ən qədim əhalisi olan kaspilərin e.ə. IX-IV minilliklər arasında Xəzərin cənubunda və cənub-şərqində müəyyən edilmiş Anau mədəniyyətinin yaradıcıları olduqları sübut edilmişdir. Kasların irandilli olmadıqları mə’lumdur. Türklərə məxsus olan ikihürgüclü dəvə skeletinin Anauda tapılması da bu mədəniyyətin türklərə məxsus olduğunu göstərir. (13; 17) Y.B.Yusifov e.ə. III-II minilliklərə aid bir sıra etnonim və toponimləri, xüsusilə Aratta, turukki, kuti, lullu, su sözlərini türk dili bazasında izah edərək belə bir qənaətə gəlmişdir ki, «...e.ə. III-II minilliklərdə Azərbaycan ərazisində türk etnosları yaşayırdılar və o dövrün siyasi hadisələrində yaxından iştirak edirdilər». (2; 78) Böyük zəhmət əsasında saysız toponim, etnonim və antroponimlərin türk mənşəli olduğunu üzə çıxarmaqla Q.Qeybullayev də eyni fikirdə olduğunu göstərmişdir: «Cəfəngiyyata qarşı qoyduğumuz konsepsiya qısaca belədir: Miladdan qabaqkı minilliklərdə Cənubi Azərbaycan ərazisində yaşamış kutilər, lullubilər və kaslar türk mənşəli etnoslar idilər. Onların birbaşa varisləri miladdan qabaq birinci minilliyin əvvəllərində Manna və Maday adları ilə tarix səhnəsinə çıxmışlar. Manna və Midiya ərazilərindən mə’lum olan toponimlərin və şəxs adlarının əksəriyyətinin türkcə olması mannaların və madayların türkmənşəli olmalarına şübhə yeri qoymur. Midiya ərazisində iranlaşma prosesi yox, türkmənşəli Atropatena xalqının təşəkkülü prosesi getmişdir». (6; 40) Türk alimi prof. Osman Nədim Tuna da təqribən eyni qənaətdə olmuş, Şumer və türk dillərinin müqayisəli tədqiqinə həsr etdiyi əsərində xeyli miqdarda şumer-türk leksik uyğunluqları müəyyənləşdirərək belə bir nəticəyə gəlmişdir ki, «...qədim türk etnosları e.ə. IV minilliyin ortalarında Ön Asiyada (Şərqi Anadoluda) yaşayırdılar və o zaman türk dilləri şərq və qərb qollarına ayrılmışdı. Çox güman ki, bu hal prototürklərin şərqə doğru hərəkəti ilə bağlı olmuşdur.»(14; 78) Türk etnoslarının eramızdan bir neçə min il əvvəl bütün qərbə yayıldığını, onların yunan-latın mədəniyyətinin inkişafında böyük rol oynadığını başqa tədqiqatçılar da göstərmişlər. Türk alimi Adile Aydanın fikrincə, eradan əvvəl III minillikdən II minilliyin sonlarına qədər İtaliyanın şimalında, indiki Yunanıstan və Qərbi Anadolu ərazilərində məskən salmış, böyük incəsənət abidələri qoyub getmiş, yunanların və latınların sonrakı mədəni yüksəlişinə güclü tə’sir etmiş etrusklar - tursakalar türk sakaları olub, iki türk tayfasının (turlar və sakaların) qovuşması əsasında təşəkkül tapmış, tarixdə böyük iz qoymuş türk etnosları idilər. (5; 1-11) Etrusk dilinin Hind-Avropa dilləri ilə qohumluğunun elm aləmində qəbul edilməməsi və etruskların şərqdən gəlmə olduqları barədə fikirlər (15; 113) də uzun araşdırmalardan sonra yuxarıdakı qənaətə gəlmiş Aydanın fikirlərini təsdiq edir. Tədqiqatçıların ortaya çıxardıqları faktlar Altay nəzəriyyəsi ilə bağlı bə’zi müddəaların, xüsusilə Altay dil ailəsinin parçalanması dövrü haqqında fikirlərin düzgün olmadığını üzə çıxarır. Əhalinin etnik tərkibi aydın göstərir ki, e.ə. IV minilliyin azı ortalarından Azərbaycan ərazisində lullu, kuti, su, turukki, kas və s. kimi güclü tayfalar yaşayırdı və bunlar türkdilli idilər. Bu cür faktlar sübut edir ki, «Altay dil ailəsi» deyilən ailə Altay və türk dillərinə, bə’zi alimlərin dediyi kimi, e.ə. I minillikdə deyil, 7-8 min il əvvəl parçalanmışdır. Kök e’tibarilə Ön Asiyada, Azərbaycan və Şərqi Anadolu ərazilərində təşəkkül tapmış, mezolitdən başlayaraq şərqə, qərbə, şimala yayılmış türk tayfalarının Ön Asiyada qalan hissələri bir-biri ilə yaxın əlaqədə olmuşlar. Tədqiqatlardan aldığımız təəssürat əsasında bu qənaətə gəlirik ki, Aşağı Azərbaycan ərazilərindəki qədim tayfalar bir-biri ilə qohum olan bir və ya bir neçə tayfanın parçalanması əsasında yaranmışlar. Tayfa adlarındakı yaxınlıq da bu gümanı gücləndirir. Kutilər qədim dünyanın və qədim Azərbaycanın ən qədim tayfalarından olmaqla bir sıra başqa tayfaların da etnik başlanğıcını təşkil edir. Y.Yusifov mixi yazılarda kuti sözünün ku şəklində yazıldığını, ku sözünün türk dillərində ‘ağbəniz’, ‘ağımtıl’ mə’nasında işləndiyini, -ti şəkilçisinin qədim türk dillərində cəm şəkilçisi olduğunu qeyd etmişdir.(2; 82) Ku və ka kökləri güman etməyə əsas verir ki, kutilərlə kaslar kök e’tibarilə bir olmuş, bir tayfanın parçalanması əsasında yaranmışlar. Onların parçalanma dövrünü mezolitin əvvəllərinə aid etmək olar. Ku-t(i) və ka-s(i) sözlərinin sonundakı t və s səsləri yaxın məxrəcli səslər olduğundan nitq prosesində t və s səslərinə diferensiasiya asan olmuşdur (müqayisə et: slavyan dillərində «tı», türk dillərində «sən» sözü). T səsi cingiltiləşərək d səsinə keçdiyi kimi, s səsi də asanlıqla yaxın məxrəcli ş səsinə keçə bilmişdir: kassi - kaşşu. Qədim ilkin söz köklərinin əsasən CV quruluşunda olduğunu da bilirik (1-ci fəslə bax). B.A.Serebrennikov tərtib etdiyi şəkilçilər cədvəlində təkhecalı sözlərin sonundakı -ş haqqında yazır: «Bu şəkilçilər toplusu mənşəcə cəm şəkilçisi ilə bağlıdır ki, bir vaxtlar türk dillərində geniş yayılmışdı». (65; 3) Deməli, sözün əsli ka-lar mə’nasında ka-si sözüdür və eyni zamanda ku-lar mə’nasında ku-t(i) sözüdür (-it/-ti və -is/-si şəkilçilərinin sinonim cəm şəkilçiləri olması göstərir ki, bunlar vaxtilə bir şəkilçi olmuş və şivə fərqi ilə ayrılmışlar); -ş/-s-nin cəm şəkilçisi olduğunu onun diz, üz, göz... sözlərində daşlaşmış z binarlıq variantı da sübut edir. Qapalı saitlərin ilkin olduğunu nəzərə aldıqda kutilərin daha qədim olduğunu və əslində, ilk dövrlərdə kutilərlə kasların bir tayfa daxilində şivə fərqi ilə (t və s şivələri) fərqləndiklərini güman etmək olur. Aydın olur ki, kas sözünün İ.Əliyevin qeyd etdiyi yunan mənşəli kassiteros - ‘qalay’ sözü ilə (1; 126) heç bir əlaqəsi yoxdur. Kaslar olanda yunanlar hələ tarix səhnəsinə gəlməmişdi. Kasların törəmələri böyük tayfalardır. Kaspilər aydın şəkildə kasların bir qoludur (e.ə. IX-IV minilliklərə aid Anau mədəniyyətinin yaradıcıları hesab olunurlar, 13;17). K>x səs keçidi və cəm şəkilçilərinin müxtəlifliyi ilə (kas-pi sözündə -pi, xəz-ər sözündə -ər) xəzərlər də kaslardan ayrılmışlar. Bunlar kasların necə nəhəng bir tayfa olduğunu təsəvvür etməyə imkan verir və heç kəsdə şübhə doğurmur. E.ə.III minillikdə Şimali İtaliya ərazilərində dövlət yaratmış etrusklar - tursakalar da kaslar nəslindəndir və adlarındakı fərq metateza ilə yaranmışdır. Biz ilk dəfə olaraq belə bir qəti və mühüm inamımızı da qeyd edirik ki, kas sözü eyni zamanda sak sözünün ilkin formasıdır və sak sözü bu sözdən metateza ilə əmələ gəlmişdir. Hələ tursakaların tərkibindəki saklar eradan üç min il əvvəl İtaliya ərazisinə keçməmiş, bu iki addan biri şivə fərqi ilə o birindən fərqlənirmiş. Skif, skolot, işquz, aşquz sözləri isə sak sözünün tələffüz variantları və yəqin ki, sakların tayfa bölümləridir. Kuti tayfa adından isə sonralar metateza ilə Tuk-(r)i tayfa adı yaranmışdır - Tukriş vilayət və şəhər adları da buradandır. Tuk-ri sözündə kr səslərinin rk yerdəyişməsi ilə türk sözü (Turuk, Turukki) təşəkkül tapmışdır. V.Henninqin mülahizəsinə görə, kutilər Mərkəzi Asiyaya hərəkət edərkən bu etnonimdə t>ç əvəzlənməsi baş vermiş, kuti sözü kuçi şəklinə düşmüşdür. Kuçilər eyni zamanda toxar adlanırdılar. Toxar sözü tükər/tukər şəklində də oxunmuşdur. Kuçi/toxar/tükər eyni etnonim sayılır. Tox-ar, tük-ər sözlərinin kökü metateza ilə kut-i sözüdür. Y.Yusifov qeyd edir ki, «Eyni zamanda tükər/toxar adı qədim oğuz etnik bölümlərini də bildirirdi» və «...quz/oğuz türk tayfa adı kuti adının dəyişilmiş fonetik forması kimi» izah edilmişdir. (2;82) Və yenə yazır: «Adı çəkilən tədqiqatçılar (T.Qamkrelidze, V.İvanov - Q.K.) toxarlara şamil edilmiş türk mənşəli tukri adını Diyala çayının yuxarı axarında yerləşdirilən Tukriş ölkə adı ilə eyniləşdirirlər. Buna oxşar Tikriş şəhər adı Mannanın ərazisində də yad edilmişdir. E.ə.III minilliyin sonunda Tukrişdə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Türk dilləri baxımından Arisen «cəsur adam», yaxud «nəcib adam» mə’nasını verir».(2; 82) Ulu dilə doğru aparılan araşdırmalar göstərir ki, arxa sıra samitləri daha qədimdir. Bu cəhəti əsas götürdükdə də kutilərin qədimliyi və ilkinliyi güman edilə bilər. Ona görə də tuk’rilərin kutilərdən ayrılmış olduğunu daha məntiqi hesab edirik. Qədim tayfalardan olan sular, subirlər, sabirlər eyniköklü tayfalardır. Şumer - Suber sözlərindəki ş - s keçidindən aydın görünür ki, bunlar (şumerlər və suberlər) eyni tayfanın bölümləri olmuşlar. Suberlər tarixən kutilərdən ayrılmışlar - kutilərin sulu ərazilərdə yaşayan hissəsi belə adlanmışdır. Lullular isə suların ‘lu-lu’ sözünü çox işlədən bir bölümüdür. Elamların, hurrilərin şərqdə, qərbdə, şimalda analoqları müşahidə olunmamışdır. Xüsusi qeyd etməyi lazım bilirik ki, sonralar tarix səhnəsində görünən, 1-ci minilliyin ortalarında Azərbaycana gələn suvarlar/sabirlər/savarlar subirlərin nəslindəndir. Aydın olur ki, savarlar hunların tərkibində qərbə hərəkət edərək Azərbaycana gəlməzdən 3 min il əvvəl Azərbaycanda onların əcdadları yaşamışdır. Bu, miqrasiyanın ilkin istiqamətini müəyyənləşdirmək baxımından da faydalıdır. Qeyd etdiklərimizdən bir daha belə bir nəticəyə gəlirik ki, türklərin «Altaydan çıxma» olması barədə fikirlər tam yanlışdır. Türklərin ilkin miqrasiya mərkəzi Ön Asiya olmuşdur, yə’ni miqrasiyalar buradan başlamış, türklər gündoğana, günbatana buradan yayılmışlar; tarixini bildiyimiz Şərqdən Qərbə miqrasiyalar sonrakı əks miqrasiyalardır. Bizim bütün mövcud fikirlərimiz bu möhkəm və inamlı ideya üzərində köklənmişdir. ------------------------- *Türk xaqanlığının təqdirəlayiq tədqiqi ilə məşğul olmuş Lev Qumilyovun bu məqamda bir sıra başqa müddəaları ilə razılaşmaq qeyri-mümkündür. “Çinlilər Aşina xanlarının təbəələrini Tu-kyu adlandırırdılar. Bu söz Pelyo tərəfindən “türküt”- yə’ni “türklər” kimi uğurlu şəkildə açılmışdır. Lakin sözün sonundakı çoxluq bildirən şəkilçi türk deyil, monqol mənşəlidir. Qədim türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı. Bu isə güman etməyə əsas verir ki, həmin sözlər türk dil mühitinə kənardan gətirilirdi”.(64; 31) “Həmin tayfa birləşməsi ilkin dilinin necəliyindən asılı olmayaraq V əsrdə o, tarix səhnəsinə qədəm qoyanda dövrün tayfalararası ünsiyyət vasitəsi olan syanbi - yə’ni qədim monqol dili tayfaların hamısı üçün anlaşıqlı idi. Bu dildə Aşina nəsli 439-cu ildə Qobinin şimal həndəvərinə köçmüşdü”.(64;31) Türküt sözünün sonundakı şəkilçinin (-üt) monqol dilinə məxsus olması barədə müəllifin fikri doğru deyil. Bu şəkilçi ulu dildən gələn, türk, monqol, sami dillərində eyni hüquqla işlənən şəkilçi olmuşdur (“Qrammatik xüsusiyyətlər”ə bax). Monqol dilinin türklər üçün ümumanlaşma vasitəsi olması barədə fikir heç ağlabatan deyil. Türklər monqollardan deyil, monqollar türklərdən təcrid olunmuşlar. Həm də Ön Asiyadan ayrılıb gedən türklərdən təcrid olunmuşlar. Ona görə də Ön Asiyada monqol tayfa izinə təsadüf edilmir. Monqolların azsaylı olması da bunu təsdiq edir. O başqa məsələdir ki, o dövrlərdə türklər və monqollar bir-birini daha asan başa düşə bilirdilər. Müəllif Aşina tayfasının ilkin türk dilinə də şübhə ilə baxır. Lakin onların abidələri göstərir ki, bu dil qonşulardan mənimsənilmiş dil deyil, minilliklər ərzində təşəkkül tapmış, cilalanmış köklü bir dildir. Bu cəhətdən aşağıdakı fikir daha əsassızdır: “Aşinanın adı ilə birləşən həmin “beş yüz ailə” mənşəyindən asılı olmayaraq hərbi müvəffəqiyyətin dəyişkənliyi onları Çindən Altaya atana qədər öz aralarında monqol dilində danışırdılar. Lakin türkdilli mühitdə yüz il qalmaları, təbiidir ki, danışıq dilinin tezliklə dəyişməsinə gətirib çıxarmalı idi... Güman ki, VI əsrin ortalarına doğru Aşina nəslinin üzvləri tamamilə türkləşmiş, monqoldilliliyinin əlamətlərini yalnız özləri ilə gətirdikləri titullar sistemində saxlamışdılar”.(64; 34) Altay türkün ilkin beşiyi sayılmaqla alimləri elə tilsimləmişdir ki, az qala Altaya düşən yəhudinin də dərhal türkləşdiyini güman edirlər. Müəllif bu sözləri deyərkən düşünmür ki, Aşina nəslinin tabe olduğu, Muğan titulunu daşıyan knyazın camaatı kim idi və bu titulu haradan qazanmışlar. Müəllifin türk dil mühitinin Altaydan qərbə yayılmaqda olduğunu iddia etməsi uzaq keçmişi nəzərə almamağın nəticəsidir. Qeyd etməliyik ki, Qumilyov V-VIII əsr türklərini tədqiq etməklə türk tarixinə böyük xidmət göstərmiş olsa da, onun bir çox mülahizələrini qətiyyən olduğu kimi qəbul etmək olmaz. ------------------------ Başlanğıcdan türklərin qərbdən şərqə hərəkətini əsaslı hesab etməklə yanaşı, mühüm bir mülahizənin də üzərində dururuq. Türklər şərqə hərəkət edərkən əksərən öz sevimli toponim və etnonimlərini də aparmışlar. Çox maraqlıdır ki, Amur çayının bir qolu Kür, digər qolu Urmu adlanır. Keçmiş Meğri rayonu ərazisindəki Nüvədi kəndi yaxınlığında Sələnc çayı, Orta Asiyada Selenqa çayı vardır. Deməli, bir vaxtlar Urmiya gölündən Kürün sağ və sol sahillərinə qədər yayılmış türklər neçə min il əvvəl parçalanıb uzaq gündoğana yollanarkən öz əziz çaylarının, göllərinin, dağlarının, yaşayış yerlərinin adlarını da aparmışlar. Kaşğar sözünün əsasında kas (kaşşu) tayfa adı durur. Mannanın Allabria vilayətində dağ adı kimi işlənmiş Kaşyar sözü y>ğ keçidi ilə Kaşğar dağ adının etimon formasıdır.(7; 343) Bu dağ da kasların adı ilə bağlıdır. Kaslar Ön Asiyada azı on min il əvvəldən mövcud olmuşlar. Deməli, Kaşğar türklərinin kökündə kas tayfası durur. Kaşğarın böyük adamı, nəhəng türkoloq Mahmud Kaşğari Kaşğarın Azıx kəndində doğulmuşdur. (61; 35) 10 böyük arxeoloji təbəqədən ibarət olan Azıx mağarası - qədim insan məskəni burada, Azıx kəndi oradadır. Heç şübhəsiz, mağaranın adı ilkindir. Deməli, Kaşğarın əsas əhalisi geniş mə’nada bizim Azıxdan çıxmışdır. Belə deməyə tam əsas vardır ki, Altay sözünün özünü də türklər buradan aparmışlar. Şumer zamanında işlədilən Aratta sözü bir qədər sonra Ön Asiya mənbələrində Alateye şəklində xatırlanır. (2; 67) Bu əsasla demək olar ki, Ön Asiyadan türklərin Altay adlandırdıqları əraziyə köçü e.ə. IV-III minilliklərdən gec olmamışdır. Aşina tayfası haqqında başqa bir maraqlı əfsanə də vardır: «Beləliklə, bu əfsanəyə görə, Altay türkləri-tukyular (türkütlər) mənşəcə Qərb hunlarından törəmişlər, lakin mənşə birliyi birbaşa deyil, mistik xarakterdədir, ana qurdun iştirakı ilə baş verib». (64; 32) «Qərb hunları» dedikdə kimlər nəzərdə tutulur? L.Qumilyov bu «qərb hunları»nın 468-ci ildə məhv edildiyini göstərir.(64; 32) Lakin bizim fikrimizcə, «qərb» Qumilyovun düşündüyü qədər yaxın qərb deyil, bütövlükdə Asiyanın qərbidir - Ön Asiya əraziləridir və bu əfsanə Aşina tayfasının mənsub olduğu əhalinin çox uzaq keçmişdə qərbdən ayrılmış olduğuna işarədir. L.Qumilyov göstərir ki, azlıq təşkil edən «beş yüz Aşina ailəsi» Şimali Çində Xuanxe və Nanşan çayları arasında yerləşən Xesi hakiminə, Hun knyazı Muğana tabe idilər.(64; 31) Muğan titul bildirən söz idi və qeyd edilən hun knyazları daim bu titulu daşıyırdılar. Xesi hakimi Qara İssık xan öldükdə, onun kiçik qardaşı Kuşu yenə Muğan xan titulu ilə hakimiyyətə çıxır*.(64; 38) Bunlar VI əsrin ortalarına aid hadisələrdir. Oxucu bilir ki, mağlar və bizim Muğan bundan azı 2000 il əvvəldən tarix səhnəsindədir. Deməli, hun adı ilə tanınan bu tayfa da öz adını Mərkəzi Asiyada deyil, Ön Asiyada qazanmış, öz titullarını da oradan gətirmişlər. Biz Ön Asiyada türkün qədimliyindən danışarkən türk sözünün qədimliyini deyil, sonralar ümumi şəkildə «türk» adlandırılan tayfaların qədimliyini nəzərdə tuturuq. Qədim qaynaqlar türk tayfalarını turukki, su, lullu, kuti, mannalı və s. kimi müxtəlif adlarla tarixə həkk etmişdir. Əslində, ‘türk’ etnoniminin özü də az tarixə malik deyil. Lev Qumilyov bu sözü Aşina tayfası ilə bağlayaraq yazmışdır: «Türk» sözünün taleyi tədqiqatımız üçün o qədər əhəmiyyətli və vacibdir ki, onunla bağlı süjetə xüsusi diqqət yetirmək lazımdır. 1500 il ərzində «türk» sözü bir neçə dəfə mə’nasını dəyişib. Göründüyü kimi, türk adı altında V əsrdə knyaz Aşinanın ətrafında birləşən, VI-VIII əsrlərdə isə xalq kimi formalaşan və türk dilində danışan orda nəzərdə tutulurdu. Lakin eyni dildə danışan qonşu xalqlar qətiyyən türk hesab olunmurdu. Ərəblər dillərini nəzərə almadan Orta və Mərkəzi Asiyanın bütün köçəri tayfalarını türk adlandırırdılar.»(64; 33) Bu cür fikirlərə baxmayaraq, türk sözü birdən-birə 1500 il əvvəl meydana çıxmamışdır. Y.B.Yusifovun fikrincə, e.ə.III minilliyə dair hadisələrdə qeydə alınmış turukki sözü «türk» etnoniminin qədim forması idi, «...lullubi, kuti, mannalı və s. isə onlara verilmiş kənar adlar olmuşlar. Kənar adların özü də eyni dilli tayfalar arasında yarana bilərdi.»(2;238) Turukkilərin e.ə.III minillikdən ictimai arenada olduğu mə’lumdur. Mərkəzi Asiyada bu sözün V əsrdə meydana çıxmasının türklərin tarix e’tibarilə qədimliyinə dəxli yoxdur. «Türk sözünün V əsrdə kütləviləşməsi heç də bu adı daşıyan xalqın qədimliyini, yə’ni qədim bir tarixə, mədəniyyətə malik olduğunu inkar etmir. Əksinə, hələ tarixdə «türk» sözü və onu özündə ehtiva edən digər etnonimlər olmadığı vaxtda belə türk mənşəli xalqlar yaşamış və bəşər sivilizasiyasına öz töhfələrini vermişlər». (4; 49) Türk sözünün bir də üç min il sonra Orta Asiyada meydana çıxması bir daha göstərir ki, Xəzərin şərq sahillərinə türklər Ön Asiyadan yayılmışlar. Lakin uzun müddət yazı əlaqələri kəsilmiş olduğundan türk etnonimi sanki qəflətən meydana çıxmışdır və sanki bunun turukki sözü ilə heç bir əlaqəsi yox imiş. Əslində isə bizim birinci minilliyin ortalarında daha böyük siyasi arenaya çıxan türk sözü həmin qədim ‘turukki’nin səlisləşmiş sonrakı formasıdır. Əgər e.ə.V əsrə aid Alma-Ata yaxınlığındakı Esik qəsəbəsində aşkar edilmiş (16; 47) kurqanda altun geyimli türkün iki sətir yox, bir qədər geniş yazısı tapılsa idi, bu əlaqə heç bir şübhə doğurmazdı. Alimlər türk sözünün etimoloji izahı ilə əlaqədar da fərqli fikirlər söyləmişlər. R.Özdək yazır: «Türk kəlməsi ən qədim zamanlarda «Tərük» şəklində söylənirdi. Bir zamanlar «Türük», ən sonda isə «Türk» şəklini almışdır... güc-qüvvət anlamına deyilirdi».(16; 25) Türk sözünü qəbilə başçısının adı ilə bağlayan F.Zeynalov isə bu sözü etimoloji cəhətdən ‘güclü’, ‘qüvvətli’, ‘yürümək’ mə’nalarında izah etmişdir. B.Atalayın fikrincə də bu söz ‘igid’, ‘gənc’, ‘dəliqanlı’ mə’nasındadır. V.Tomsen və V.Bartold da eyni fikirdə olmuşlar (türk, yaxud turuk şəkillərində, ‘güc’, ‘qüvvət’, ‘qala’ mə’nasında); Lev Qumilyov da ‘möhkəm’, ‘güclü’, ‘qüvvətli’ mə’nasında izah etmişdir; bə’zən Nuhun oğlanlarından birinin adı ilə bağlı olduğu göstərilmişdir (M.Kaşğari). B.Atalay bu fikri rədd edərək yazmışdır: «Bu deyilənlər (Nuhun oğlunun adı ilə bağlı olması - Q.K.) əsassızdır, heç bir elmi əhəmiyyəti yoxdur, büsbütün uydurmadır. Əfsanə də deyil, yalandır. Çünki şərqlilərin hər bir millətinin kökünü Nuha və Nuhun oğlanlarına aparıb çıxarmaları əsassızdır». Çin mənbələrinə görə, teu-kiue - ‘dəbilqə’ deməkdir. Ə.Fərzəli türk sözünü dəmirçilik peşəsi ilə əlaqələndirmişdir. Vamberi və Munikaçsuya bu kəlməni ‘törəmək’ fe’li ilə bağlamışdır. Altay Məmmədovun fikrincə, turuk - ‘duranlar’ deməkdir. (bax:4; 42-49) Belə bir fikir də söyləmək olar ki, türk sözü to, do sözü ilə bağlı olub, ‘törəmək’, ‘doğmaq’, ‘yayılmaq’ mə’nasındadır; ulu dilin daşıyıcıları do, to sözlərini konkret ‘doğmaq’, ‘törəmək’ mə’nasında deyil (bu mə’na ilə yanaşı), ‘ayrılmaq’, ‘yayılmaq’, ‘əvvəlki yerini tərk etmək’ mə’nasında da işlətmişlər və bu cəhətdən türk sözü ilə tərk (tərik - tərk etmək, tərik düşmək) sözləri bir kökdəndir. Türklərin sür’ətlə doğub-törəməsi, sür’ətlə çoxalması və öz yurdlarını tərk edərək ekvator boyunca yayılması bu adın onların xarakterinə uyğun olduğunu və qonşu tayfalar tərəfindən verildiyini güman etməyə əsas verir. Ç.Qaraşarlı etrusk dilindəki «bağatur» sözündən danışarkən yazır: «Etrusk dil faktı qədim türk dilindəki «bağatur» titulunun qaranlıq və mübahisəli mənşəyini açmağa imkan verir. Belə ki «bağatur» titulu da qədim türk dilindəki «bağa» və türk dillərində də «nəsil», «doğmaq» mə’nalarını ifadə edən «tur» sözündən ibarət olub, eynilə «bağa övladı», «bağa nəsli» kimi mə’na ifadə edir («tur» sözü «turun» - nəsl, törəmə şəklində Azərbaycan dialektlərində işlənməkdədir)». (56; 91) Faktlar göstərir ki, türklər hələ ibtidai-icma quruluşunun dağılmadığı zamanlardan Yer üzünə yayılmağa başlamışlar. Lakin onlar heç vaxt bütövlükdə öz ilkin vətənlərini (Ön Asiyanı, Azərbaycan ərazilərini) tərk etməmişlər. Müasir dövrdə hansı ərazilərdə yerləşmişlərsə, 4 min, 5 min il əvvəl də əsasən həmin ərazilərdə yaşamış, öz dövlətlərini yaratmış, öz ərazilərini qorumuşlar. İkiçayarasına da Azərbaycan dağlarından enmişlər. Çaylar arasında sıxışdırıldıqda bir qismi yenidən öz vətənlərinə (Azərbaycan ərazilərinə) dönmüşdür. Kərkük azəriləri, ərbillilər onların nəsli davamıdır. Ana yurdlarında onlar gah başqalarını öz imperiyalarına qatmış, gah da başqa imperiyalar tərkibində yaşamalı olmuşlar. Bir sıra tarixçilərin iddia etdiklərinin əksinə olaraq, heç vaxt etnik simalarını, öz dillərini itirməmiş, öz yurdlarında əbədi qərar tutmuş, daim artıb-çoxalmışlar. Əgər qeyd edilən tayfalar müəyyən sabit ərazilərdə yaşamış, müəyyən dövlət sərhədləri daxilində mövcud olmuşlarsa (buna şübhə yoxdur), deməli, e.ə.III-II minilliklərdə tədricən bir xalq kimi birləşməyə, xüsusiləşməyə başlamışlar. Ona görə də bu tayfaların dillərini e.ə.III minillikdən prototürk yox, protoazərbaycan dili hesab etmək daha doğru olar. Beləliklə, e.ə. IV minilliyin ortalarından protoazərbaycan dili dövrü başlanır. Azərbaycan ərazisində yaşayan türk tayfalarının dili yerli keyfiyyətlər qazanır, yerli toponim, etnonim və antroponimlər yaranır, dil (tayfa dilləri) tədricən şərqə hərəkət edən türk tayfa dillərindən ayrılma, gələcək vahid Azərbaycan dilinin əcdadı kimi təşəkkül tapma istiqamətində inkişaf edir. Bu dövr e.ə. I minilliyin ortalarına qədər davam etmişdir. III fəsil - Leksika. Xüsusi adlar Aratta, kuti, lullubi turukki, kassi, subi tayfalarının türk mənşəli olduğunu üzə çıxaran mühüm dəlillər sırasında, şübhəsiz, dil faktları - bu tayfalarla bağlı etnonim, toponim və antroponimlər mühüm yer tutur. Qədim Azərbaycan tayfalarına aid xüsusi adlar barədə müxtəlif mülahizələr söylənmişdir. Lakin son dövrlərdə bir sıra tədqiqatçılar mixi yazılarda mühafizə olunmuş kuti, lullubi, kas, turukki xüsusi adlarının İran və Qafqaz dilləri ilə izah olunmadığını (bunu çox hallarda türk mənşəyi əleyhinə olanlar da e’tiraf etmişlər), uydurma Zaqr-elam dil qrupuna daxil olmadığını əsaslandırmaqla etnonim, toponim və antroponimlərin əksəriyyət e’tibarilə türk-Azərbaycan dili bazasında izah olunduğunu sübut etmişlər. Bu sahədə Y.B. Yusifov, Q.Ə.Qeybullayev daha çox iş görmüşdür. Onların araşdırmalarını ön plana çəkməklə gil lövhələrdə - yad dil mühitində toplanmış xüsusi adları oxucuların mühakiməsinə təqdim etmək olar. Etnonimlər. Dövrün Azərbaycan ərazilərinə məxsus əsas əhalisi kuti, lullubi, su, turukki, kassi, kuman və hurri tayfalarından ibarət olmuşdur. Bunlardan sonuncusu az öyrənilmişdir və etnik mənsubiyyətinə görə daha çox urartlarla əlaqələndirilir. Cənubi Azərbaycan ərazilərində e.ə.III-II minilliklərə və sonrakı dövrlərə aid qaynaqlarda yad edilən güclü tayfalardan biri kutilər (qutilər) olmuşdur. Urmiya gölünün cənub və qərb regionlarında məskunlaşmış bu tayfa turukkilər, lullubilər və sularla yaxın ünsiyyətdə olmuşdur. İ.M.Dyakonovun fikrincə, kuti dili «hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın» ola bilərdi. O, kuti dilinin hurri dili ilə yaxınlığı imkanını da istisna etməmiş (10; 110), son tədqiqatlarında bu dili Şərqi Qafqaz dilləri ailəsinə aid etməyi daha düzgün saymışdır. (22; 166.) İ.H.Əliyev kuti dilini «Qafqaz-hurri» (23; 67), Q.A. Melikişvili isə «zaqroş-elam» dil qrupuna (24; 120) aid etmişdir. Bə’zi fikirlərə görə, kutilər sonrakı utilərdir (k səsinin düşməsi ilə - Z.İ.Yampolski). Yuxarıdakıların əksinə olaraq, B.Landsberqer tərəfindən kutilərin türk etnosu olması fikri irəli sürülmüşdür.(9; 31) Kuti dilindən şumer hökmdar siyahılarında və bə’zi başqa mənbələrdə bir sıra şəxs adları qalmışdır. Bunlar Kamal Balkan tərəfindən türk dilləri bazasında izah olunmuşdur. (2; 82) Kuti etnoniminin əsasını ku sözü təşkil edir, -ti cəm şəkilçisidir. Ku - türk dillərində ‘ağımtıl’, ‘ağımtıl sarı’, ‘ağbəniz’ mə’nalarını verir. Kutilər ağbəniz türk etnoslarından olmuşlar.(2; 81-82) Əvvəl qeyd etdiyimiz faktlarla yanaşı, kuti sözünün türkmənşəli olması da, tayfanın türkdilli olduğunu göstərir. Zab çayının orta axarında e.ə.XIII-XII əsrlərdə kuman/kumen tayfaları yad edilir. «Bu etnonim də ku və türk dillərində etnik ad düzəldən man/men şəkilçi birləşməsindən əmələ gəlmişdir. Kuman sonrakı türk tayfa adlarından olmaqla «sarımtıl’, ‘ağımtıl» mə’nasını daşıyırdı.»(2; 82) Rəng əlaməti də kutilərlə kumanları bir kökə bağlayır. III-II minilliklərin uzaq tarix səhnəsindən ən çox görünən tayfalar sırasında lullular xüsusi yer tutur. Bu ad mənbələrdə lullubi, lullumi, lulli, luli, nulli, lullahhi şəkillərində qalmışdır. «Əslində, etnonimin ilkin forması «lullu-lulu» olmuşdur və ona müxtəlif şəkilçilər (-b,-be, -me,-hhi) əlavə edilmişdir. Hurrilər -hhi şəkilçisi, başqa tayfalar -b,-be,-me cəm şəkilçilərini əlavə edərək «lullular» kimi başa düşmüşlər». (7; 303) Lullu sözünün lullulara bənzətmə, oxşatma əsasında qonşu tayfalardan biri tərəfindən verildiyini əvvəldə qeyd etmişik. Söz müxtəlif mə’nalarda izah edilmişdir.(2;79). Bizim fikrimizcə, lulu şumer sözü olub ‘adam’ mə’nasında lu sözünün təkrarı ilə (lu-lu - ‘adamlar’) yaranmışdır. Görünür, lullular bu sözü çox işlədirmişlər ki, qonşu tayfaların dilinə bu cür düşmüşlər (fəslin əvvəlinə bax). E.ə.III minilliyin əvvəlindən Urmiya gölü hövzəsində və Zaqroş ərazilərində yayılmış türk tayfaları sular adlanırdı. Sular tarixdə su, subi, suvbi, subir, subar, suber adları ilə iz buraxmışlar. Subir, subar, suber sözlərindəki ir, ar, er hissələri ‘ər’, ‘kişi’ mə’nasında müstəqil söz hesab olunur və sözlər bütövlükdə ‘su adamı’ mə’nasında başa düşülür. Bu sözdən Urmiya gölünün cənubunda və cənub-qərbində Subi, Sumbi vilayət adı da yaranmışdır.(2;80) Su, suv sözlərinin etimologiyası göz önündədir. Sözün kökü suv sözüdür - qədim türk dillərində ‘su’, ‘çay’ mə’nasında işlənmişdir, hazırda da çoxişlənən sözdür; -bi cəm şəkilçisidir. Hiss olunur ki, su tayfası elə Ön Asiyanın özündə bir neçə bölük olmuşdur. Bir qismi Zaqroş dağlarında və Urmiya gölünün cənubunda, bir qismi isə (subir, subar, şubar adları ilə) Şimali İkiçayarasında Zaqroş dağlarından Fərat çayına kimi uzanan ərazidə yaşamışdır.(2;.80,85) Türk tayfalarının əfsanəvi əcdadı So adını daşımışdır.(7; 30;) Sonralar (eramızın I minilliyi) Albaniya ərazisinə hunların tərkibində gələn və adları savar, suvar, sovde, savde, sote, sodi şəkillərində işlənən tayfalar qeyd etdiyimiz su tayfasının mezolitdə və ya sonrakı dövrlərdə Mərkəzi Asiyaya hərəkət etmiş bir qanadıdır. Bizim fikrimizcə, şumerlər də bunlardan ayrılmışlar. Şumerlərlə bunların adları arasında böyük yaxınlıq vardır. «Şumer və akkadlardan şimalda Subir (akkadca Subar, Şubar) etnosları yaşayırdılar» (2; 85) - cümləsindəki Subar, Şubar sözləri ilə Sumer, Şumer sözlərinin mixi yazılışında, güman ki, fərq yoxdur. Şumer sözünün sumer, suber formaları, mixi yazılarda ş və s səslərini fərqləndirməyin çətinliyi bunların eyni etnos olduğunu, bir qisminin İkiçayarasına endiyini (Zaqroş ərazisindən endiyini artıq heç kəs inkar etmir), bir qisminin Şərqi Asiya ərazilərinə yayıldığını, şərqə hərəkət edənlərin müəyyən zaman keçdikdən sonra güclü Hun imperiyası tərkibində yenidən Ön Asiyaya döndüklərini söyləməyə tam əsas verir. Urmiya gölü hövzəsində e.ə.II minilliyin əvvəlindən qeydə alınmış, lakin III minilliyin ortalarından lulluların tərkibində fəaliyyətdə olan tayfalardan biri turukki, turuki tayfası idi. Turukki sözünü «türk» adının erkən forması hesab edirlər. Bu söz erkən orta əsr hind qaynaqlarında turukka, Xotan mətnlərində ttrruki, Tibet qaynaqlarında druq, druqu. e.ə.II minillikdə akkad mixi yazılarında turukki, turuki şəkillərində qeydə alınmışdır.(2; 78) Sözün etimoloji izahını yuxarıda vermişik. Urmiya gölü hövzəsi sakinləri arasında kaslar böyük şöhrət sahibi olmuşlar. Tarixdə fonetik fərqlərlə - kassi, kaşşu, kissi, kosey, kassit adları ilə iz buraxmışlar. Zaqroş dağlarının şərqə uzanan qolu Kissi dağları adlanırmış. Kassilər lullubilərin və turukkilərin cənub-şərq qonşuları olmuş, Urmiya gölü hövzəsinə qədər yayılmışlar.(2; 85) Kassi sözü kuti sözü ilə bir kökdəndir. Və həm də bu tayfa adları çox qədim adlardandır. Hər iki sözün (kassi və kuti sözlərinin) əsasında K səsinin durması göstərir ki, bunlar bir kökdən ayrılmışlar. Arxa sıra kar k səsi insan nitqinin ən qədim səslərindəndir. İndiki halda kassi sözünün kökü (ka) açıq saitli, kuti sözünün köku (ku) qapalı saitlidir. Saitlər içərisində u daha qədim hesab olunur. Kassi sözünün kissi və u səsinə daha yaxın məxrəcli kosey variantı da vardır. Deməli, bu sözün əsası ku olmuşdur. -si şəkilçisi -ti şəkilçisi ilə eyni mənşəlidir - t > s keçidi ilə kipləşən səsdən sürtünən səsə keçilmişdir və bunun əsasında kutilərlə kassilərin t və s şivələrinə ayrıldığını da söyləmişik. Ti - si - çi cəm şəkilçisi kimi çıxış etsə də, ilkin semantikasına görə ‘adam’ deməkdir. Beləliklə, kutilər və kaslar ‘ağbəniz adamlar’ deməkdir. Görünür, qonşu tayfaların verdiyi ad olmuşdur. Digər tərəfdən, biz tərəddüd etmədən belə bir mülahizəmizin üzərində də dayanırıq ki, kaslar ilə saklar bir kökdəndir. Bu tayfa adlarında metateza baş vermişdir. Arxa sıra «k» (ka) səsinin və Ön Asiyada kas tayfasının daha qədim olduğunu (kutilərdən sonra) nəzərə alaraq metatezanın kas>sak istiqamətində getdiyini düşünürük. Kas>sak metatezasından aydın olur ki, Ön Asiyada kutilər, kaslar, saklar xeyli müddət qonşu ərazilərdə paralel yaşamışlar. Tayfanın bölünməsindən sonra sakların bir hissəsi Balkan yarımadasına tərəf hərəkət edərək böyük Tursaka - Etrusk dövlətini yaratmış, bir hissəsi Mərkəzi Asiyaya yollanmış, orada saklardan yeni tayfa bölümlərinin əmələ gəlməsinə, sakların artmasına, çoxalmasına səbəb olmuşdur. E.ə. VIII-VII əsrlərdə isə onların bir hissəsi saklar, skiflər adları ilə Qara dənizin şimal sahillərindən yenidən öz qədim yurdlarına qayıtmışdır. Beləliklə, qədim Azərbaycan tayfalarından kutilər, kaslar, kumanlar, kaspilər, saklar və etrusklar bir kökdəndir. Sular, subi, suvbi, subar, suber, savar, sumer (şumer) adlanan tayfalar ikinci kök-qoldur. Şumerlər bu ikinci qoldan ayrılmışdır. Bu ikinci qolun adları, yəqin ki, tayfanın kutilərdən ayrılıb məskunlaşdığı sulu ərazilərlə bağlı yaranmışdır. Turukkilər lullubilər əhatəsində, lullubilər isə sularla birlikdə olmuşlar. Lullubi adının kənardan verildiyini nəzərə alsaq, onların da sulardan olduğuna şübhə qalmaz. Bunu mixi yazılardakı «Su ölkəsinə mənsub lulu», «Şubar (Subar) ölkəsinə məxsus lulu» kimi tarixi izləri əks etdirən sözlər də sübut edir. Aratta, Lullubum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif adları olmuşdur. (2; 81) Lullubi dövləti tərkibində sularla yanaşı, turukkilər də vardı. Turukkilər də bir vaxtlar kutilərdən ayrılmışlar. Bütün bunların ümumi fonunda e.ə. III-II minilliklərdə Urmiya gölü hövzəsini və ətraf əraziləri bürümüş kuti, lullu, turukki, su, kuman və kassi tayfalarının bir mənşədən olduğuna şübhə qalmır. Beləliklə, düşünmək olur ki, kutilər Ön Asiyada türk protodilinin daşıyıcıları olmuşlar. Başqa sözlə, Avropa və Asiya ərazilərində yayılmış bütün türklər kutilərin törəmələridir - kas-ax (Qazax), Kır-kas (qırğız), xa-kas və s. kimi böyük ərazilərə məxsus etnonimləri yada salmaq kifayətdir - bunlar kutilərdən ayrılmış kasların nəsilləridir. Ümumiləşmiş şəkildə deyə bilərik ki, *KUTİLƏR - prototürklərdir, *KUTİ DİLİ - türk protodilidir. Və ya prototürk olmasa da, Şərqə hərəkət edən çoxsaylı tayfalara nisbətdə yarım prototürklərdir. Toponimlər. E.ə.III-II minilliklərdə Azərbaycan ərazisində yer adları daha çox tayfa adları zəminində mə’lum olur. Yə’ni lullubi, kuti, su, turukki, kassi, kuman tayfalarının yaşadığı ərazilər çox zaman həmin tayfaların adları ilə adlandırılmışdır: «Su ölkəsi», «Lullubi ölkəsi», «Kutilərin ərazisi» və s. Az da olsa, başqa quruluşlu yer və şəhər adları da vardır. Bunlardan nəzəri daha çox cəlb edəni Aratta, Uti, Tukriş ölkə adlarıdır. E.ə.III minilliyin birinci yarısına (XXVIII-XXVII əsrlər) aid şumer dastanlarında («En-Merkar və Aratta hökmdarı», «Luqalbanda və En-Merkar», «Luqalbanda və Hurrum dağı», «En-Merkar və En-Sukuşsiranna») Aratta ölkə adı işlənmişdir. Alimlər müəyyənləşdirmişlər ki, sözün əsasında ta - ‘dağ’ sözü durur. Y.Yusifov yazır: «Aratta qədim Azərbaycanın dağlıq ərazisinə verilən ad idi. Mə’nası sadəcə olaraq «dağ» deməkdir. Şumer-akkad məktəb lüğətində (e.ə.VIII əsr) həmin sözün «arattu» və «aratu» nümunələri «dağ» mə’nasında əks olunmuşdur. Qədim dillərin heç birində buna oxşar «dağ» mə’nalı söz olmamışdır». (2; 78) Aratta, Arattu, Aratu erkən türk forması olmuş, sonralar r>l əvəzlənməsinə mə’ruz qalmışdır. Buna görə də Urartu mənbələrində (e.ə.VIII əsr) Alatey şəklindədir. Alatey sözünə oxşar oronimlər hazırkı dövrdə də türk dillərində işlənməkdədir: Alataa, Aladağ, Alatuu, Altay, Alatau və s. (7; 303; 2; 78) Aratta sözünün Alatey şəklinə düşməsi ilə əlaqədar çox mühüm bir fakt ortaya çıxır: Altay türklərin ilkin beşiyi deyildir. Türklərin ən sıx yerləşdikləri və bir çoxları tərəfindən ilkin yurdu hesab olunan Altayın «Altay» adını da türklər Ön Asiyadan aparmışlar. Alatey toponiminin praforması Aratta e.ə. III minilliyin başlanğıcından mə’lum olduğu halda, Mərkəzi Asiyada Altay eramızın əvvəlindən özünü göstərir. Gil yazılarda turukki və lullularla əlaqədar Uta//Utem (-m şəkilçi sayılır) ölkə adı çəkilir və güman olunur ki, onların ərazisinin bir hissəsi belə adlanmışdır. Sözün Utu/İtu etnonimindən yarandığı aydın görünməkdədir. Y.Yusifov utu/itu tayfasının turukkilərə aid olduğunu və sonralar - e.ə. V əsrdə Azərbaycan ərazisində geniş yayılmış uti tayfa adının ilkin forması olduğunu göstərir.(2; 80) Tədqiqatçılar sonralar qonşu ölkələr tərəfindən udi adı verilmiş qafqazdilli udilərlə türk tayfası utilərin heç bir əlaqəsi olmadığını sübut etmişlər. Uti sözünün səsdüşümünə mə’ruz qalmış kuti sözü olduğunu güman edənlər də vardır. Lakin bu mülahizə faktlarla təsdiq olunmur. Bu söz ‘qalib gəlmək’, ‘udmaq’ (39; 170), ‘izləmək’ (25;617) mə’nalarında qədim türkcə ut sözündəndir. Ut sözü Orxon-Yenisey əlifbalı Şimal-Şərqi Çin yazılarında xüsusi ad, titul bildirən söz kimi də işlənmişdir.(39; 617) Ola da bilər ki, tayfanın adı qalib bir sərkərdənin adı ilə bağlı olmuşdur. Diyala çayının yuxarı axarında Tukriş ölkə adı xatırlanır. «Belə düşünmək olar ki, Tukriş ölkə adı tukri etnonimi və türk dillərində ad yaradan -ş/-iş şəkilçi birləşməsindən əmələ gəlmişdir. Həmin ad əsasında, yəqin ki, turq-iş (r/q yerdəyişməsi nəticəsində) tayfa adı da yaranmışdır».(2; 82) Urmiya gölünün qərbində ölkə adı kimi iz qoymuş Hubuşkiya sözündə kiya (kaya, qaya), Gilzən vilayət adında gil sözü aydın seçilməkdədir. Türk mənşəli toponimlərə qonşu ölkə adlarında da təsadüf edilir. Elam ölkə adı Tövratdan götürülmüşdür. Elamlılar öz ölkələrini Hatamti (və ya Haltamti) adlandırmışlar; Şumerlər Nim («yüksək ölkə»), akkadlar Elamtu demişlər; fars mənbələrində Uvca (Uca) şəklində qalmışdır. (2; 309) Bu söz (Elam sözü) türk ‘el’ sözündəndir; -am «mənim elim» mə’nasında mənsubiyyət bildirir. Makedoniyalı İskəndərin dövründə ölkənin Elimay adlandırılması (7; 327) da bunu təsdiq edir. Uvca (uca) sözü də xalis türk sözüdür - qədim türkcədəki (y)u - «yuxarı qalxmaq» fe’lindən-ca şəkilçisi ilə düzəlmişdir (yuvca - ‘yuxarı yer’) və ölkə adı kimi substantivləşmişdir. Elam dilinin iltisaqi quruluşu onun türk dilləri ilə qohumluğuna dəlalət edir, lakin bu məsələ hələ az öyrənilmişdir. Antroponimlər. III-II minilliklərin gil yazılarındakı bir sıra şəxs adlarının etimoloji axtarışına o qədər də ehtiyac yoxdur. Çünki həmin sözlərin mə’nası müasir dilimizdə etimoloji cəhəti üzdə olan sözlər kimi aydındır. Kuti hökmdar adı Tirikan (e.ə. XXIII əsr) bu cür sözlərdəndir. Söz ilk növbədə şumer dili materialları ilə izah edilmişdir: şumercə dirik ‘böyük’, ‘ulu’ və An allah adından ibarət olub, ‘Allah böyükdür’ mə’nasını verir. (6; 55) Qədim türk abidələrində tiriq - ‘canlı’, ‘diri’ deməkdir, müasir dilimizdəki ‘diri’ sözüdür - to - ‘doğ’ sözündən mənşəyini alır. Ona görə də ‘(Allah) An canlıdır, diridir’ mə’nasına daha müvafiqdir. Ad deyil, ləqəbdir. Şumer və türk dillərində yaxın mə’nalı izahı dillərin genezis birliyindən irəli gəlir. Dövrün bir sıra şəxs adlarının sonunda -taş şəkilçisi işlənmişdir. Bu şəkilçi həmin sözlərin türk mənşəli olduğuna şübhə yeri qoymur. Bu qrupa Kariantaş, Kara Xartaş, Kandaş, Abirattaş və s. xüsusi adları misal göstərmək olar. Bu sözlərdən birincisi kaslarda hökmdar adı olmuşdur. E.ə.II minilliyin 40-cı illərində kasların Kariantaş adında iki çarı olmuşdur. Q.Qeybullayev bu sözün türkcə karu, monqol dilində xaru ‘əziz’, ‘sevimli’, ini ‘kiçik qardaş’ sözlərindən və -taş şəkilçisindən ibarət olduğunu qeyd etmişdir. (6; 61) Lakin -taş şəkilçisindən əvvəl ini yox, An sözü müşahidə olunur; eyni zamanda karu sözünün ‘böyük’ mə’nası da vardır. Ona görə də sözü ‘böyük An yoldaşımız’ mə’nasında düşünmək olar. Kara-Xartaş sözü aşkar şəkildə qara və qardaş sözlərinə ayrılır. Kandaş sözü də türkcə aydın izah olunur: kan - ‘qan’ sözü, daş isə ‘yoldaş, həm’rəy’ , ‘bir atadan olanlar’ mə’nalarını ifadə edən morfemdir. Kaslarda çar adı (e.ə.II minilliyin ortaları) olan Abirattaş sözündə də eyni şəkilçi vardır; akkadca yazılışda söz kökündə «t» qoşalaşmışdır. Söz qədim türk dilində amır/abır ‘sakitlik’, ‘əmin-amanlıq’ sözündən və -taş şəkilçisindən ibarətdir. Kikkiurtaş sözü şumer və qədim türk dillərində qiq - ‘göy’, ‘səma’, Kiur - ‘ildırım allahı’ sözlərinə və -taş şəkilçisinə ayrılır. Maruttaş sözü isə ‘Marut’ şəxs adı və ‘taş’ şəkilçisindən ibarətdir. Marut adını Ön Asiyaya hindlilərlə qonşuluqda olan bir türk tayfasının gətirdiyi güman edilir, çünki bu mülahizəyə görə, qədim hindlilərdə ‘Marut’ külək allahı olmuşdur.(6; 60) Bu söz Nazi-marut-taş kassit çar adında da vardır. Buradakı Nazi (Nasi) də şumer allah adlarındandır. Qeyd etməliyik ki, Harut, Marut Ön Asiyada çoxişlənən ən qədim əfsanəvi adlardır, ona görə də fikrimizcə, Marut sözü Hindistandan gətirilməyib, Ön Asiyada formalaşıb və buradan Hindistana aparılıb. Kadaşman-Turgu da kas çar adlarındandır. Sözün birinci komponenti düzəltmədir: qa -«qohum, qəbilə üzvü» deməkdir (25; 399),-daş şəkilçidir; man/mən ‘adam’ sözüdür. Turgu sözü də iki hissədən ibarətdir: ‘duran’, ‘əbədi’ mə’nasında tur - ‘dur’ sözü və fe’ldən isim düzəldən -gu şəkilçisi ilə yaranmışdır. Kassi çarlarından dördünün adında Kadaş sözü vardır - iki Kadaşman-Harbe, iki Kadaşman-Enlil. Bu adlardakı Enlil və Harbe şumer allah adlarıdır. Bu göstərir ki, çar adlarındakı Turqu sözü də allah adı ola bilər, çünki mə’nası da - ‘duran’, ‘daimi’, ‘əbədi’ - allahlar üçün nəzərdə tutulan keyfiyyəti əks etdirir. 1956-cı ildə Amerika arxeoloji cəmiyyəti R.H.Daysonun rəhbərliyi ilə İran arxeoloji idarəsi ilə birlikdə qədim Manna ərazisindəki Həsənlu bölgəsində bir sıra əşyalar ortaya çıxarmışdır. Üzərində «Kadaşman Enlil» yazılmış daş fraqment, «Aşşurbalitin sarayı» sözləri yazılmış zədəli toppuz başı və «Uşişi günəş allahına (həsr edilmiş) İdi ölkəsi (hökmdarının) Bauri sarayı» yazılmış daş qab əldə edilmişdir. (Son tərcümənin axırı bir qədər şübhəli sayılır). S.Qaşqay bu kitabələrin, xüsusən sonuncunun e.ə.VIII əsrdən gec yazılmasının qeyri-mümkün olduğunu göstərir. Verdiyi faktlar onun bu fikrini təsdiq edir. Müəllif Kadaşman Enlil sözünü nəzərə alaraq yazır: «Əgər bu kassi hökmdarının adıdırsa, onda bu ad altında ilk dəfə hakimiyyət sürənin hökmranlıq dövrü e.ə.XIV əsrin əvvəlinə, ikinci hökmdarının isə e.ə.XIII əsrin ikinci yarısı - e.ə.XIII əsrin ortalarına aiddir. Bu əşyanın əvvəlki dövrdən qalma olduğu hesab olunur».(9; 15) Bu sözlərə şübhəni müəllifin sonrakı qeydləri aradan qaldırır: Aşşur hökmdarları arasında iki Aşşurbalit olub: I Aşşurbalit e.ə.1365-1330, II Aşşurbalit e.ə.611-609-cu illər arasında yaşamışdır və daş fraqment üzərindəki «Kadaşman Enlil» sözləri hadisələri e.ə.XIV-XIII əsrlərə - I Aşşurbalitin dövrünə aparır. Kassilərin şəxs adlarında və ümumən xüsusi adlarda daş, taş şəkilçisi çox işlənmişdir. Bu şəkilçinin iştirakı ilə düzəlmiş Nazimaruttaş, Kidin-Hudrutaş, Nambanidaş, Nattaş və s. çar adları da mə’lumdur. Qədim şəxs adlarının bir qismi türk dillərinə məxsus -eş şəkilçisinin iştirakı ilə düzəlmişdir. Elulumeş, İnimbakeş belə şəxs adlarındandır. Kuti hökmdar adı Elulumeş (e.ə.XXIII əsr) sözünün sonunda kasların və madalıların şəxs adlarında çox işlənən eş şəkilçisi vardır. Bunu İ.M.Dyakonov da qeyd etmişdir. Sözün kökünü isə Q.Qeybullayev şumerlərin Luma allahının adı ilə bağlamışdır. (6; 54) Bizim fikrimizcə, bu sözün kökündə el-ulu sözləri və ya lulu sözü, mənsubiyyət bildirən -im şəkilçisi vardır. Söz ‘elimə-uluma yoldaş’ və ya ‘lulu yoldaşım’ mə’nasını verən ləqəbdir. İnimbakeş kuti hökmdar adı (e.ə.XXII əsr) isə Q.Qeybullayev tərəfindən inim-aba-eş şəklində ayrılmış, ‘qərarına görə’, ‘sözünə görə’, ‘rə’yinə görə’ mə’nasında şumer dilindəki inim sözündən; şumer və türkcə ‘əcdad’, ‘qoca’, ‘ata’ mə’nasında aba sözündən ibarət mürəkkəb söz kimi izah edilmişdir. Müəllifin fikrinə görə, söz bütövlükdə -‘əcdadın qərarına görə’ mə’nasındadır. (6; 54) Lakin söz mənsubiyyət şəkilçili ini-m («əzizim», «yaxınım», ‘kiçik qardaşım’) və bak - ‘bəy’ sözlərinə, -eş şəkilçisinə daha aydın ayrılır. Ümumi mə’nası ‘kiçik bəy yoldaşım’ deməkdir. Kuti hökmdar adı İngeşuş (e.ə.XXIII əsr) şumer baş allahı Engu (Enki) və şumercə şuş ‘ağuşunu açdı, yayıldı’ sözlərinə ayrılmışdır. (6; 55) Yəqin ki, bu söz ‘Engeşuş’ yox, ‘Enguşeş’ şəklindədir və sondakı -eş isim düzəldən şəkilçidir - İnimabakeş, Elulumeş sözlərində olduğu kimi; mə’nası ‘Enki allahına yoldaş’dır. Ad yox, ləqəbdir. Lullubi, kuti, kassi çar adlarının bir qismi allah adlarının iştirakı ilə düzəlmişdir və ya bütövlükdə allah adlarından ibarətdir. Buraya Ulamburiaş, Harbaşipak, Şaqaraktu-Şuriaş, Kudur-Enlil, Kiurum, Kuriqalzu, Anum, İştar, En-Ridavazir kimi çar adlarını daxil etmək olar. Ulamburiaş - hökmdar adı ulam və Buriaş sözlərinin birləşməsindən ibarətdir. Buriaş çox işlənən allah və hökmdar adlarındandır. Kasların e.ə.1775-1747-ci illər arasında I Burna-Buriaş və II Burna-Buriaş kimi iki çar adı da mə’lumdur. Q. Qeybullayev bu sözü Midiyada Buriaş (e.ə.843), «Dədə Qorqud»da Baybura, Orta Asiyada (XIII əsr) Buritay, orta əsrlərdə Xorasanda türk hakimi Buribaş adları ilə eyni köklü hesab etmiş və bunların hamısını qədim türklərə məxsus qurd totemi - ‘böri’ sözü ilə əlaqələndirmişdir. Bizim fikrimizcə, Buriaş - ‘böri’ sözü ilə deyil, ‘boran’ sözü ilə bağlıdır və İldırım allahının adını mühafizə edir. Qədim türklərdə Ulam şəxs adı, e.ə.XI əsr kassit çar adı Ulam qeyd edilən sözün (Ulamburiaş sözünün) birinci komponentinin müstəqil söz olduğunu göstərir. Bu söz türk dillərində ‘çapar’, ‘xəbər gətirən’ mə’nalarındadır. (6; 58-59) Kaslarda hökmdar adı olan Harbaşipak sözü isə kasların Harbe allahının adı ilə bağlıdır; aş sözünü Q.Qeybullayev şumer dilində ‘bir’, bak/pak sözünü ‘parıldamağa başlamaq’, ‘açılmaq’ mə’nasında izah etmiş, sözə bütövlükdə ‘Harbe allahının köməyi ilə bir açılan’ mə’nasını vermişdir.(6; 60) Sözün son hissəsinin izahı şübhəli görünür. Həmin söz bəy sözü olsa, ‘Harbe (allahı) vahid hakimdir’ mə’nası ifadə edilmiş olar. Harbaşipak ad yox, ləqəbdir. Kaslarda çar adı Kudur-Enlil (e.ə.1264-1256) şumer allah adının - Enlil sözünün iştirakı ilə yaranmışdır; Kudur - sözünün kökü ku - ‘izləmək’, ‘güdmək’, ‘qorumaq’ deməkdir. (25;322) Söz ‘Enlil qoruyur’ mə’nasında ləqəbdir. Şagaraktu-Şuriaş (kas çarı, e.ə. 1255-1243) adının birinci komponenti - Şagaraktu sözü üç elementin birliyi kimi izah edilmişdir: şag - şumercə ‘xeyir gətirən’, ar(a) - ‘ər’, ‘oğul’, ‘qul’ və Utu (Günəş allahı); Şuriaş isə kaslarda allah adıdır. (6; 61) Şaq sözü şumer dilində ‘ürək’ mə’nasında da işlənir. Ona görə də mürəkkəb ad ‘Şuriaş Günəş allahının (Utunun) ürəyidir’ mə’nasını verir. Kaslarda müxtəlif vaxtlarda (e.ə.II minillik) yaşamış iki çarın adı Kuriqalzu olmuşdur. Bu ad kuru və qalzu sözlərinə ayrılır. Kuru sözü ildırım allahı Kuar ilə müqayisə olunur, yaxud şumercə kuru ‘xeyir verən’ kimi izah edilir; qalzu - şumercə ‘müdrik olmaq’, ‘böyük’, ‘ulu’ mə’nalarındadır. Söz bütövlükdə ‘Kiur allahı böyükdür’ və ya ‘xeyir verən müdrik’ kimi izah edilmişdir. (6; 61-62) Q.Qeybullayev izə düz düşərək göstərir ki, qal sözü ‘ulu, böyük’ mə’nalarında ilk dəfə şumer allah və hökmdar adlarında (Ningal - allah adı, Akurgal, Utuxegal - çar adları) və sonra da akkad çar adlarında (Nergal, Nerqalın arvadının adı Ereşikigal) işlənmişdir. Müəllif qal sözünü qədim türkcə kal - ‘qoca’, ‘hörmətli’ sözündə müşahidə etdiyini bildirir. Bunlar doğrudur və həmin söz bizim bu gün işlətdiyimiz ‘yüksək’ mə’nasında qəlbi sözünün kökündə yaşamaqdadır. Kasların xüsusi adlarında türk rəngi çox güclüdür və bütün başqa tayfa antroponimlərinə nisbətən türk mənşəyi daha aydın seçilir. Abidələrdə Kiurum yeganə lullu allah adı hesab olunur. Sözün -um hissəsinin akkad şəkilçisi ola biləcəyi güman edilir. (7; 303) Bu söz eyni zamanda Kurum şəklində kutilərdə çar adı (e.ə.XXIII əsr) olmuşdur. İ.M.Dyakonov bu adı sual işarəsi ilə ‘qəm’, ‘qüssə’ mə’nasında izah etmişdir. Q.Qeybullayev bu fikirlə razılaşmayaraq həmin sözün şumer-türk mənşəli olduğunu, şumercə kuru sözünün ‘xeyir verən’ mə’nasını ifadə etdiyini göstərmişdir. (6; 52) Bizim fikrimizcə, Kiurum və Kurum eyni sözlərdir və hər ikisində ildırım allahı Kuar və -m,-um mənsubiyyət şəkilçisi vardır. Bu sözün də ləqəb olduğu hiss olunur. Bu sözə müvafiq olaraq Anum allah adı da An-um şəklində hissələrə ayrılır və lullubilərin tapındıqları şumer allah adıdır. Lulluların An və Ki şumer allahlarına tapınması onların şumerlərlə bir kökdən olduğuna sübutdur. Kuti hökmdar adı En-Ridavazir (e.ə.XXIII əsr) sözünün əvvəlindəki En də şumerlərdə göy allahının adıdır. İştar sözü lullularda akkad allah adlarından sayılır; Arattada bunun əvəzinə, şumerlərdə olduğu kimi, İnanna (bərəkət və məhəbbət ilahəsi) əsas idi. Lullubi padşah adlarından biri İmmaşgun’dur (e.ə.2200-2170). Bu sözün ilk hecası İm, fikrimizcə, geri assimilyasiya ilə En allah adıdır, maş şumer dilində «xeyir verən» deməkdir, -gun isə müasir dilimizdə də işlənməkdə olan ad düzəldən şəkilçidir. Ümumi mə’nası ‘En xeyir verəndir». Təbii ki, ad deyil, ləqəbdir. Tukriş ölkəsində hökmdar adı Arisen də türk mənşəli olub ‘cəsur adam’, ‘nəcib adam’ mə’nasında izah edilmişdir: ar/ər - ‘cəsur’, ‘igid’, -sen - -şın, -çın, -çı ‘adam’.(2; 82) Ari sözü ‘saf’, ‘təmiz’ demək olduğu üçün bu sözü ‘saf, təmiz adam’ (qaraşın, sarışın sözlərində olduğu kimi) mə’nasında ləqəb bildirən söz kimi də düşünmək olar. Elam padşah adları içərisində də aydın türk mənşəli antroponimlər vardır. Elam hökmdarı Kutik-İnşuşinak (e.ə.2240-2190) adında ləqəb bildirən «Kutik» sözü «gödək» sözüdür. Və ya Elamın Babilistana qoyduğu hökmdarın - Kutir Nahhuntininin (e.ə.1155-1150) adında «Kutir» sözü «qotur» sözüdür və əvvəlki kimi, bu da ləqəbdir. Urmiyadan şimal-qərb ərazilərində e.ə. VIII əsrdə Kotur adlı şəhər olduğu da mə’lumdur - Qoturçay ətrafında.(26; 193) İrəvan quberniyasında Qotur, Borçalı qəzasında, Gəncə quberniyasında Qoturbulaq kəndləri mə’lumdur. (32; 237-238) Qotur kənd adı məcazilik əsasında («bitkisiz, otsuz yer») yaranmışdır, bulaq adında isə həqiqi mə’nadadır, yə’ni ‘qoturluğu müalicə edən bulaq’. Aydın izah olunan sözlərdən biri də kuti hökmdar adı Sarlagab’dır (e.ə.XXIII əsr). Sözün sar hissəsi ilkin mə’nasına görə şumerlərdə allah adlarından birini bildirir; şar forması da var; çar sözü də buradandır. Sözün laq hissəsinə Q.Qeybullayev çoxlu türk adlarında rast gəlmişdir: Sak çarlarından Eslak, Orta Asiya Eftalit çarlarından Yavunlax (IV əsr), Atillanın oğlu Ellak, 529-cu ildə Türk xaqanlığından Bizansa göndərilmiş səfir Mailax, Hun çarlarından Sangilag, türk mənşəli Uturqur tayfa birləşməsinin başçısı Sandilax, suvar xaqanlarından Bolax, Uyğur xaqanlarından Yaqlak, Xarəzmşahlardan Ozlaq, Sibirdə Taybuqiq türk tayfasının başçısı Xabolak (XIV əsr) və s. O, bu elementi ‘birləşdirən’, ‘əlaqə yaradan’ mə’nasında bir söz kimi izah etmişdir.(6; 53) Bizcə, bu, sənət, peşə bildirən -lıq şəkilçisidir; Etimoloji lüğətdə ap/ab ‘möhkəm’, ‘bacarıqlı’, ‘qorumaq’, ‘sevmək’ mə’nalarındadır. (62;59) Ona görə də Sarlagab sözünü ‘çarlıqda möhkəm’, ‘çarlığı sevən’, ‘çarlığı qoruyan’ mə’nalarında ləqəb bildirən söz kimi izah etmək olar. Y.Yusifovun qeydlərindən görünür ki, Sarlaqab sözünün Sarlanqab şəklində türk dillərinə məxsus ng qovuşuq səsi ilə işlənən variantı da olmuşdur. Kutilərin Yarlagab, Yarlaganda, Yarlagaş şəxs adları da vardır. Bu sözlərin kökü yar ‘yarğan’, ‘dərə’, ‘yarmaq’, ‘keçmək’ və ya ‘yaxın’, ‘dost’ mə’nalarında qədim türk (son mə’nalarda fars) sözüdür.(25; 239) Hər üçündə eyni şəkildə -laq şəkilçisi vardır. Sar-laq-ab sözünün ilk iki hissəsinin bu sözlərin ilk iki hissəsi ilə uyğunluğu, bu sözlərdə yalnız son hissənin (-ab,-anda,-aş hissələrinin) dəyişməsi sözlərin düzgün bölündüyünü göstərir. Birinci sözü (Yarlaqab) ‘yarıb-keçməkdə bacarıqlı olan’, ikinci sözü (Yarlaqanda) ‘dostluqda möhkəm’, son sözü aşmaq fe’li ilə (Yarlaqaş) ‘dərə(lik)lər aşan’ mə’nasında izah etmək olar. Sarlangab sözünə müvafiq olaraq bu sözlərin də ng burun səsi ilə tələffüzünü (Yarlangab, Yarlanganda, Yarlangaş) güman etmək olar. Bütün bunlar göstərir ki, İ.M.Dyakonovun heç bir şərq dili ilə izah oluna bilmədiyini qeyd etdiyi kuti, kas və lullubi xüsusi adları türk dilləri bazasında izah olunur. Kuti toponimlərinin mə’lum olmadığı göstərilir. Lakin bir fakt kimi təsdiq olunur ki, kutilərin və lullubilərin sonrakı nəsilləri mannalılar və madalılardır (bunu heç kim inkar etmir), odur ki, qədim Manna və Mada toponimləri elə kutilərin və lulluların da mirasına daxildir. Manna və Mada toponimləri isə, bir qədər sonra görəcəyimiz kimi, türk dilləri ilə izah olunur. E.ə.III-II minilliklərə dair araşdırmalar 60-cılar hərəkatının fəaliyyəti ilə bağlı olub, keçən əsrin 80-90-cı illərində daha geniş vüs’ət almışdır. Ona görə də ədəbi dilimizin təşəkkül və inkişafı sahəsində uzunmüddətli səmərəli tədqiqatlar müəllifi Ə.Dəmirçizadə 50-60-cı illərin materialları əsasında Azərbaycan ərazisində türk tayfalarının tarixini o qədər də uzaqlara apara bilməmiş, təqribən e.ə. birinci minilliklə kifayətlənmişdir: «Azərbaycan dilinin əsas mənbələri eramızdan əvvəl və eramızın birinci min ili dövründə Xəzər dənizinin şərqində, şimalında, qərbində, cənubunda, ümumən Qafqazda məskən salmış sak - skif, qas - qaspi - qassit - Xəzər, sabir - suvar, hun - qun, türk - törək, quz - oğuz, qıpçaq - qıfçax adları ilə tanınan qəbilə və tayfaların dilləri olmuşdur». (27; 48) Son dövrün araşdırmaları nəticəsində əldə edilən fonetik, morfoloji, sintaktik və xüsusilə leksik materiallar göstərir ki, Azərbaycan ərazisində türk tayfaları türklərin Ön Asiyada başqa dillərə məxsus protodillərdən ayrıldığı gündən mövcud olmuş və Uzaq Sibirə, Mərkəzi Asiyaya, Altaya da buradan getmişlər. Azərbaycan ərazisinə bütün bizə mə’lum olan miqrasiyalar sonrakı əks miqrasiyalardır. III fəsil - Bə’zi fonetik xüsusiyyətlər E.ə.III-II minilliklərdə əsas Azərbaycan tayfalarının türkdilli olduğu başqa amillərlə də təsdiq olunur. Protoazərbaycan dili izlərini biz III-II minilliklərə aid bir sıra toponim, etnonim və antroponimlər, Şumer-türk qohumluq əlaqələri, qonşu ölkələrin dilləri, tarixin mühafizə edib saxladığı başqa sənədlərlə yanaşı, xüsusi adlarda Azərbaycan dili və digər türk dilləri ilə izah oluna bilən bir sıra fonetik və qrammatik xüsusiyyətlərdə də görə bilirik. Qeyd edilən tayfaların yer adları, etnonim və antroponimləri əsasında türk dillərinə məxsus bir sıra əlamətlər müəyyənləşdirmək mümkündür. Daha çox akkad tələffüzü əsasında transliterasiya olunsa da, şumer sözləri türk dilləri üçün əzəli və sabit bir qanun olan ahəng qanunu əsasında formalaşmışdır. Bu xüsusiyyəti Aratta, lullu, kuti, turukki, kassi və su tayfalarının xüsusi adlarında da müşahidə edirik. Onomastik leksikada qalın saitlərin ahəngi üstünlük təşkil edir. Qalın saitlərə müvafiq olaraq əksərən arxa sıra kar samitlərin işləndiyi müşahidə olunur: Kara-Kartaş, Kandaş, Kadaşman-Turgu, Kurum, Sarlagab və s. (şəxs adları). Bir sıra sözlərdə ahəng qanunu zahirən pozulmuşdur; məs.: Satuni, Anubanini, İmmaşgun (Lullu hökmdar adları), İngeşuş, Tirikan, İnimabakeş, Elulumeş, İmta (kuti çar adları), Arisen, İştar (hökmdar və allah adları), kassi, turukki, lullubi (tayfa adları) və s. Nəzərə alınmalıdır ki, bunların hamısı ya mürəkkəb, ya da düzəltmə sözlərdir. Bunları Satu-ni, Anu-ba-ni-ni, İm-maş-gun, Tirik-an, İnim-a-bak-eş, İm-ta kimi hissələrə ayırmaq olar. Arisen sözü, yəqin ki, Ərisen, İştar sözü İştər (istəmək fe’lindən) şəklində tələffüz edilmişdir. Kassi, turukki tipli sözlərdə samit qoşalığı akkad dilinin xüsusiyyətidir, sondakı -i də akkad şəkilçisidir. Lullubi/Lullume sözündə isə bi/me şəkilçisi bir çox başqa xüsusi adların tərkibində də işlənmişdir, areal şəkilçi hesab olunur. Şəkilçilərin ahəngə uyğun işləndiyi hallar da vardır: Kur-um, An-um, Karian-taş, Marut-taş və s. Kudur-Enlil, Kikki-urtaş çar adları göstərir ki, hətta mürəkkəb sözün tərkibində də sözlər öz ahəngini saxlamışdır. Ahəng qanunu tayfa adlarının kökündə daha sabitdir: lullu, turuk(i), kaşşu (kissi). Kuti sözünün kütü şəklində tələffüz edilib-edilmədiyini bilmirik. Ahəng qanunu əksərən kök və şəkilçi arasında da mövcuddur. Kar samitlə bitən sözdən sonra kar samitlə başlayan şəkilçinin işlənməsi: İmmaş-qun (İmmaş-kun), Abirat-taş və s. Faktlardan aydın olur ki, dövrün türk tayfalarının dilində qovuşuq ng burun samiti işlənmişdir. İ.M.Dyakonov göstərir ki, lullubi və kas dillərində ‘qala’ mə’nasında kin, king sözü vardır. Q.Qeybullayev düzgün nəticə çıxarır ki, eyni fonetik vahidin bu iki dildə işlənməsi onların qohum olduğunu və həm də türkdilli olduqlarını göstərir. Q.Qeybullayev king sözünün türk dillərinə məxsus olduğunu sübut etmək üçün saysız misallar göstərmişdir: buryat-monqol dillərində ‘çayın sıldırımlı hündür sahili’, ‘sıldırım qaya’, ‘yarğan’ mə’nalarında qanq, Dağlıq Altayın toponimiyasında ‘dik qalxmış dağ’ mə’nasında kanq(ay), xalxa-monqolca ‘sahildə sıldırım’ mə’nasında qanq, Sır-Dərya sahilində Kanq qalası, qədim türk tayfalarından kəngərlər və s. (6; 57) King sözü ilə yanaşı, Sarlagab hökmdar adının Sarlangab şəklində tələffüzü də müəyyən edilmişdir. Qeyd edilən tayfa dillərində tarixi inkişaf prosesində bir sıra səs əvəzlənmələri baş vermişdir: r>l əvəzlənməsi: Aratta-Alatey; k>q əvəzlənməsi: kuti - quti; t>d əvəzlənməsi: Tirik(an) - sonrakı dövründə diriq (diri, canlı); v>m əvəzlənməsi: suvbi, sumbi; ş və s səslərinin əvəzlənməsi: İştar - İstər, şar - sar (çar), kaşşi-kissi, Zaqroş-Zaqros, Şumer - Sumer və s Səs düşümü: Uvca - Uca (Elamın türkcə adı), Suv - Su (tayfa adı) Metateza: kas - sak, kuti - tuk(r)i, tukri - turqi - türk, k>r yerdəyişməsi ilə Tukri(ş) ölkə adından turqiş etnonimi. Sonrakı dövrdə cingiltiləşmə: Aratta sözündə son heca - ta ‘dağ’ sözü hesab olunur. Müasir dildə «d» ilə tələffüz olunan bu cür sözlər «Dədə Qorqud»da da əksərən «t» ilə işlənmiş və sonralar cingiltiləşmişdir. III fəsil - Qrammatik xüsusiyyətlər Lullubi, kuti, su, turukki, kas tayfa dillərində işlənən çar adları, etnonim və toponimlər göstərir ki, Ön Asiyanın bu qədim tayfalarının dilləri iltisaqi quruluşlu olmuşdur. İltisaqilik türk dillərinin əsas xüsusiyyətlərindəndir. Ona görə də həmin tayfa dillərinə aid olan toponim, etnonim və antroponimlərdə türk dillərinin bir sıra qrammatik xüsusiyyətləri qorunmuşdur. Söz yaradıcılığı prosesi türk-Azərbaycan dili söz yaradıcılığı prosesi ilə daha çox səsləşir. Tayfa dillərinin qalıqları əsasında aşağıdakı morfoloji və sintaktik xüsusiyyətləri müəyyən etmək olur: -bi//-pi//-me şəkilçisi. Bu şəkilçidən əşyanın kəmiyyətcə çox olduğunu bildirmək və substantiv ad yaratmaq üçün istifadə edilmişdir; məs.: kas-pi - kaslar, lullu-bi - lullular, lullu-me - lullular, su-bi - sular və s. Bu sözlərdən lullubi və subi daha çox maraq doğurur. Lullu sözü toplu isim olduğu halda, ona cəm şəkilçisi -bi artırılmışdır. Ona görə də güman etmək olar ki, şəkilçi ya qonşular tərəfindən artırılmışdır, ya da həmin şəkilçi ilə işlənərkən söz artıq topluluq məzmununu itirmişdir. Subi sözündə -bi şəkilçisini ayırmaq bir qədər şübhəli görünür, çünki sözün əsli sub şəklində olmuşdur. Görünür, -bi şəkilçisi sub sözündən son səs düşdükdən sonra əlavə edilmişdir. Yaxud söz suvbi şəklində işlənmiş (mixi yazılarda sözün Suvbi, Sumbi formaları da var), v samiti sonralar düşmüşdür. Müasir dilimizdə belə bir şəkilçi işlənmir. Tarixçilər bu şəkilçini elammənşəli saymış, ona görə də lullubilərin dilini elam dilinə aid etmişlər. Elam dilinin isə dravid dillərindən olduğu güman edilir. Bir az əvvəl dediyimiz kimi, Q.Qeybullayev Herodotdakı aqrippi, traspi, Altayda yaşamış nuşibi, tatabi və s. türk tayfa adlarını misal gətirərək göstərir ki, bu şəkilçi qədim türk tayfalarının adları üçün də səciyyəvi olmuşdur. V əsrdən görünməyə başlayan türkmənşəli kaspilərin adı da (kas-pi) həmin formantın iştirakı ilə yaranmışdır.(11;23) F.Cəlilov bu şəkilçinin hazırda türk onluq say sistemində böyük rolunu qeyd edərək yazır: «Türk dillərində onluq say sistemindəki -ba//-bi//-mi morfemlərində (iyir-mi, alt-mı-ş, yet-mi-ş) və tək-mə-cüt sözündə qalan -b elementi, şübhəsiz, topluluq bildirmişdir... Praazərbaycanlılar yaşayan ərazidə bə’zi etnonimlər -ba//-bi morfemi ilə işlənmişdir: kasbi//kaspi, lulubi//lulume. Həmin morfemin -ma allomorfu qədim qaşqay toponimlərində (Tarku-ma, Xursa-ma//Hursa-ma, Kalas-ma, Kurusta-ma) və müasir Azərbaycan toponimlərində (Yala-ma, Yaş-ma, Quruz-ma) özünü göstərir.» (19; 201) Burada bir maraqlı mə’lumat da budur ki, indi udmurtların əhatəsində yaşayan türkdilli beserman tayfasının dilində -ba//-pi şəkilçisi nəsil, soy anlamlı sözlərdə topluluq bildirir. Müəllif bunu da yazır ki, «Topluluq bildirən həmin formantın Ön Asiyada areal izoqlosu olması şübhəsizdir».(19; 201) M.Qıpçaq iyirmi, altmış, yetmiş sözlərində bu şəkilçini istisna edir, bu sözlərdə etimoloji cəhətdən ‘beş’ sözünün olduğunu əsaslandırmağa çalışaraq yazır: «Bə’zi etnonimlər və toponimlərdə (kasbi//kaspi, lulubi//lulume) işlənən -bi//-pi//-me elementlərinin topluluq çaları olsa da, bu çaları yaradan morfemin yunan dilindəki cəmlik şəkilçisi olduğunu Ə.Dəmirçizadə sübut etmişdir. (Dəmirçizadə, 1970). İkinci bir tərəfdən, etnonim və toponimlərdə -ba//-bi formantını ayırmaq fərziyyə əsasında mümkündür və bu baxımdan bərpa edilən morfemin topluluq-cəmlik çaları ifadə etməsi şübhəlidir. Bundan əlavə, -ba//-bi//-me morfeminin pallomorfu olan -me şəkilçisinin Elam dilində cəmlik bildirməsi faktının türk dillərinin materialları ilə bir sıraya qoyulması da özünü doğrultmur.» (20; 296) Əvvələn, Ə.Dəmirçizadə -bi//-pi//-me şəkilçisinin yunan mənşəli olduğunu deyə bilməzdi, çünki lullubilər, subilər yunanlardan çox-çox əvvəlki tarixə daxildir və əslində, M.Qıpçağın göstərdiyi mənbədə professorun belə bir qeydi də yoxdur. Digər tərəfdən, bu şəkilçilər çox asanlıqla kökdən ayrılır və Ə.Dəmirçizadənin M.Qıpçaq tərəfindən göstərilən kitabında kaspi, xazar sözlərindəki -pi və -ar şəkilçiləri sinonim topluluq-cəmlik şəkilçiləri hesab olunur. (21; 31) Əlavə olaraq, onu da deyək ki, elam dilinin də iltisaqi dil olduğu müəyyən edilmişdir və elam dilinin lullubi, subi, kaspi, kuti, turukki dilləri ilə bir zəncirin həlqələri oluğunu göstərənlər vardır. Bunların hamısını nəzərə aldıqda F.Cəlilovun bu şəkilçiləri areal şəkilçilər saymasını daha ağlabatan hesab etmək lazım gəlir. Başqa bir yerdə M.Qıpçaq özü qeyd edir ki, bu şəkilçinin allomorfu olan -m şəkilçisi türk dillərində geniş işlənir: Azərb. dilində birəm, üçəm, dördəm, birə-birəm; türk dilində birem-birem; türkmən dilində üçəm; noğay dilində birem-birem və s. Və sonra fikrini ümumiləşdirərək yazır: «Beləliklə, pratürk səviyyəsində -*b (-*m) formantını bərpa edə bilərik». (20; 26,97) Müəllifin qeydlərindən aydın olur ki, şəkilçinin izləri monqol dilində də qalmışdır. Qafqaz və dravid dillərində isə arxetipi va şəklində müəyyən edilmişdir. (20; 296-308) Bunlar göstərir ki, bu şəkilçi ulu dilin müxtəlif dil ailələrində yadigarıdır və türk dillərində indi də yaşamaqdadır. -t//-it//-ti şəkilçisi. Bu şəkilçi ku-ti - ‘kular’, haltam-ti - ‘elamlılar’ və s. sözlərdə işlənmiş, topluluq, cəmlik məzmunu ilə substantiv tayfa adı yaratmışdır. Y.Yusifov -t şəkilçisinin qədim türk dillərində cəm şəkilçisi kimi işləndiyini qeyd etmişdir.(2; 82) Orta əsr türk yazılı abidələrində müşahidə edilən bu şəkilçi müasir türk dillərində də işlənməkdədir. Məs.: tarkan - tarkat ‘tarxan - tarxanlar’, tikin - tigit ‘şahzadə - şahzadələr’, ər - ərət ‘igid - igidlər’, xotun - xotut ‘qadın - qadınlar’, türk - türküt ‘türk - türklər’ və s. (20; 181) M.Qıpçaq göstərir ki, şəkilçinin -d variantı monqol dilinin qrammatik quruluşunda daha mühüm yer tutur. Monqol dilində işlənmə dairəsi geniş olmuşdur və bu gün də işlənməkdədir. Müəllif ərət ‘kişilər’, xotut ‘qadınlar’, kırğıt ‘qızlar’ kimi sözlərin müasir dildə cəmlik keyfiyyətini itirdiyini, təkdə olduğunu, ona görə də ərətlər, xotutlar, kırğıtlar şəklində yenidən cəm şəkilçisini qəbul etdiyini qeyd edir. (20; 183-184) Bütün bunlar şəkilçinin öz funksiya dairəsini məhdudlaşdırması, işləkliyini itirməsi ilə bağlıdır və eyni funksiya daşıyan şəkilçilərdən birinin arxaikləşməsi ilə digərinin fəallaşması (üst-üstə işlənmə) halları dildə bir sıra kateqoriyalarda (hal, növ və s.) indi də mövcuddur. Yakut dilində bu şəkilçi hətta alınma sözlərdə də işlənir: oroyuottar - «rayonlar», ıstakaattar «stəkanlar» və s. M.Qıpçaq düz müşahidə edib ki, əgər bu şəkilçi yakut dilində monqol elementi olsa idi, onda monqol dilindən alınmalarda da olmalı idi, halbuki yakut dilində hətta mənsubiyyət şəkilçilərinin tərkibində də qalmışdır: ağabıt «bizim ağamız», ağağıt «sizin ağanız», kııskıt «sizin qızınız» və s. (20; 186) -ta,-te,-ti şəkilçisi Altay dillərinə daxil olan mancur dilində daha fəal işlənir: ama «ata» - amata - «atalar», oxun «böyük qardaş» - oxuta «böyük qardaşlar», non «kiçik bacı» - nota «kiçik bacılar», sarqan «arvad» - saorqata «arvadlar», da «başçı» - data «başçılar», eme «ana» - emete «analar», deo «kiçik qardaş» - deote «kiçik qardaşlar». Mancur dilində bölgülü saylar da -ta,-te,-to şəkilçisi ilə düzəlir: emta - «bir-bir», çjuvete - «iki-iki», ilata - «üç-üç» və s. M.Qıpçaq B.K.Paşkovdan gətirdiyi bu misallar əsasında bu sözlərdəki -t elementini bizim birər sözündəki -r elementi ilə müqayisə etməyi təklif etmişdir (20; 199) Bu, ağlabatan fikirdir - -t və -r samitlərinin hər ikisi ön sıra samitləridir və dilin kipləşən samitlərdən sürtünən samitlərə doğru inkişafı t > r keçidinə imkan verir. -t şəkilçisi ilə bitən bir sıra sözlər (əhvalat, xitabət, müraciət və s.) bizim dilimizdə ərəb dilindən alınma hesab olunur. Lakin bunlar sonrakı alınmalardır - VII əsrdən sonrakı hadisədir. F.Cəlilov bu cəhəti nəzərə alaraq yazmışdır: «Əgər yakut dilində -t şəkilçisini monqol mənşəli, praazərbaycan dilində -at şəkilçisinin ərəb dilindən alındığını qəbul etsək, onda bu alınmanın ilk layını qədim dövrə, son layını isə orta əsrlərə aid etməliyik. Hər iki halda Azərbaycan dilində -at, -ıt morfeminin kəmiyyət bildirdiyini, sonralar isə asemantikləşdiyini nəzərə almalıyıq».(19; 200) Sonrakı lay haqqında müəllifin fikri doğrudur. Lakin daha qədim lay haqqında bu sözləri demək olmaz. -ıt,-at şəkilçisinin monqol, mancur dillərində, türk dilləri ailəsinə məxsus yakut dilində bu qədər fəal işlənməsi onun kök dildən müxtəlif dil ailələrinə səpələndiyini və eyni zamanda bərabər hüquqla türk dillərinə məxsus olduğunu göstərir. Beləliklə, qədim Azərbaycan etnonimlərindən kuti, Haltamti tipli sözlərdə -ti şəkilçisi kök dildən gələn, türk qəlibində formalaşmış morfemdir və alınma deyildir. Bə’zi mülahizələrə görə, -ti,-si,-çi, -şi - isimdüzəldən şəkilçidir və bu şəkilçilər eyni şəkilçi olub, səs keçidi ilə fərqlənmişlər: ku-ti, ku-çi, ki-si, ki-ssi, ka-şşi. Bu halda da həmin şəkilçilər eyni funksiyanı yerinə yetirir və bu variantların hamısının qrammatik semantikasında topluluq durur. -(i)k, -(u)k şəkilçisi. Bu şəkilçi müasir dilimizdə fe’llərdən sifət düzəldən məhsuldar şəkilçidir. Kutik İnşuşinak - Gödək İnşuişnak adındakı kuti-k - ‘gödək’ sözü müasir dilimizdə kök və şəkilçiyə ayrılmasa da, sözün kökü cənub-şərq qrupu şivələrimizdə ‘güdə’ şəklində işlənməkdədir. Soyumaq - soyuq, güdəmək - güdək (gödək) eyni tipli sözlərdir.. tur-(u)k-k-i sözündə k samiti yad mühitdə qoşalaşmışdır, -i assur adlıq hal şəkilçisi sayılır. -(u)k şəkilçisi topluluq bildirməklə substantivlik əsasında tayfa adı yaratmışdır. F.Cəlilov şəkilçinin -aq, -ək variantı haqqında yazır: «Bu morfemin topluluq bildirən çaları dırnaq, caynaq, barmaq, türk, yığnaq tipli sözlərdə, cütlük çaları isə ayaq, qulaq, dodaq, dirsək, yanaq, öpkə (?), topuq, qoltuq, bilək, kürək, əmcək və sair bədən üzvlərinə aid sözlərdə qalmışdır».(19; 197) Topluluq-cəmlik bildirən bu şəkilçi -lıq,-lik,-luq,-lük; -laq,-lək şəkilçisinin tərkibində də daşlaşmışdır. Qeyd etdiyimiz şəkilçi -q, -iq, -qıq şəkillərində fin-uqor dillərində, -q,-k (-kk) şəkillərində Ural-Altay dillərində, -liq, -laq, -loq,-leq,-lök şəkillərində monqol və buryat dillərində də müşahidə olunur.(20; 314-321) F.Cəlilovun fikrincə, macarların bir qismi tarixən Azərbaycandan getdiyi üçün fin-uqor dillərində də bu şəkilçi kontaktla bağlı ola bilər.(19; 198) Lakin müxtəlif dil ailələri diqqətlə nəzərdən keçirilərsə, şəkilçinin kök dildən yayılmış olduğu aydınlaşar. -m,-im,-am şəkilçisi. Bu şəkilçi bir sıra sözlərdə mənsubiyyət şəkilçisi kimi işlənmişdir. İnimabakeş, Elulumeş şəxs adlarında ini-m ‘kiçik qardaşım’, el-um ‘mənim elim’ mə’nasındadır. El-am sözü də ‘mənim elim’ kimi izah olunur. -taş (-daş) şəkilçisi. Bu şəkilçi müasir dilimizdə isimlərdən isim düzəldən fəal şəkilçi kimi (vətən-daş, yol-daş, sir-daş və s.) işlənməkdədir. Kara Kar-taş, Kikki-ur-taş, Marut-taş, Abirat-taş, Karian-taş, Kan-daş və s. hökmdar adlarında eyni vəzifəni yerinə yetirmişdir. Həm də hiss olunur ki, kas çar adlarında daha çox işlənmiş, məhsuldar olmuşdur. - laq (-lıq) şəkilçisi. Müasir dilimizdə olduğu kimi (ot-laq, daş-lıq), qədim onomastik leksikada da eyni vəzifəni yerinə yetirmiş, isim düzəldən şəkilçi kimi işlənmişdir: sar-laq-ab - «çarlığı qoruyan, sevən», «çarlıqda möhkəm» mə’nasında olan bu sözün sar (çar) hissəsinə indi həmin şəkilçi qapalı saitlə birləşir. - qun şəkilçisi. Müasir dilimizdə olduğu kimi (coş-qun, qız-ğın), bu şəkilçi nəzərdən keçirilən dövrdə də fe’ldən sifət düzəltmiş və həmin sifətlərin bir qismi isimləşərək xüsusi ad kimi işlənmişdir. Abidələrdə bu mə’nada lullu hökmdar adı İm-maş-qun qalmışdır. - eş şəkilçisi. Bu şəkilçi müasir dilimizdə az işlənir və -daş şəkilçisinin tərkibində birikib qalmışdır. Kök e’tibarilə «yoldaş» mə’nasında olan bu formantı ümumən müstəqil söz kimi də nəzərdə tutmaq olar - müasir türk dilində işləndiyi kimi: Eşim - yoldaşım. -eş qədim hökmdar adlarının tərkibində işlək şəkilçilərdəndir: Elulum-eş - «lulu-m-eş» kimi ayrılır: ‘lulu yoldaşım, luluya yoldaş’ mə’nalarında. İnimabak-eş - sözündə də eyni vəzifəni yerinə yetirir. İni-m - türkcə «yaxınım», «yaxınım olan», bak - «bəy» mə’nasındadır: ‘yaxınım olan bəy yoldaşım’. -ş,-eş şəkilçisi özünü Tukri-ş tayfa adında da göstərir. (2; 82) Görünür, -ş,-iş,-şi,-çi şəkilçisi öz əsasını ‘adam’ mə’nasında olan çi/si sözündən almışdır. Dilimizdə həm dörd variantlı -çı forması, həm də -eş variantı işlənmiş, sonralar ikincisi arxaikləşərək -daş şəkilçisi tərkibində qalmışdır. -ca şəkilçisi. Bu şəkilçi Elamın başqa bir adı olan Yu(v)ca sözündə qalmışdır. Yu(v) sözü qədim türkcədə həm «yuxarı qalxmaq», həm də «yuxarı yer, yük» mə’nasında olmuş və bu sözün fe’l formasından yuca sifəti düzəlmişdir. Qo sözündən qoca, ba (baxmaq) sözündən baca kimi. -qu şəkilçisi. Bu şəkilçi fe’llərdən ad düzəldən -qı,-ki,-qu,-kü şəkilçisidir. Kassi hökmdarı Kadaşman Turqu adının ikinci komponentində işlənmiş, dur(maq) fe’lindən ‘duran’, ‘əbədi’ mə’nasında ad düzəltmişdir. -ni şəkilçisi. Bu şəkilçi özünü Lullubi hökmdar adı Anubanini və Satuni sözlərində göstərir. İ.İ.Meşşaninov bu şəkilçinin çox müxtəlif vəzifələrdə - həm sözdüzəldici, həm də sözdəyişdirici şəkilçi kimi işləndiyini müəyyən etmişdir.(8; 227-231) Urartu dilində ölkə və şəxs adı bildirən xüsusi isimlərə artırılmışdır. Mənsubiyyət bildirən şəkilçi, sifət düzəldən şəkilçi kimi də işlənmişdir. Məs.: alsuişe - böyüklük, alsui-ni - böyük; Haldi-ni-ni ba-u-şi-ni BELU -si-ni-ni «Xaldovım veleniem vlastnım». İ.İ.Meşşaninov göstərir ki, bu şəkilçi çar adlarında daha çox görünür. Məsələn, çar İşpuininin adı ‘İşpui-ni-ni’ şəklində, onun oğlunun adı isə çar olmadığı dövrdə ‘Menua’, çar olduğu zaman Meinua-ni kimi yazılmışdır. Bu şəkilçi Anibanini adında da vardır. Anibanini Lullubi çarıdır və Lullubi dilində yeganə çar adı hesab olunur. M.Qıpçaq bu şəkilçi ilə bağlı mühüm bir mülahizə söyləmişdir: «Q.A.Melikişvili bu dildə (urartu dilində - Q.K.) şəkilçisiz (neoformlennıy) və adlıq (imenitelğnıy) adı altında iki hal ayıraraq onları qarşılaşdırır. Onun fikrincə, birinci hal heç bir şəkilçi qəbul etmirsə, adlıq hal -ni şəkilçisini qəbul edir... Q.A.Melikişvili şəkilçisiz və adlıq halları bir-birindən ayırsa da, qeyd edir ki, bu hallar funksional baxımdan bir-birinə çox yaxındır. Belə ki xəbər tə’sirsiz fe’llə ifadə olunarsa, onların hər ikisindən obyekti ifadə edən söz-forma kimi istifadə edilir». (20; 95) M.Qıpçaq bu sözləri deyərkən uştabi Arqiştini «Arqişti hücum etdi» və nunabi KUR Manani «Manna ölkəsinə gəldi» cümlələrindəki Arqiştini, Manani sözlərinə işarə edərək Q.A.Melikişvilinin bu sözləri adlıq halda düşündüyünü, başqalarının isə (Q.Kapantsyan, İ.Fridrix, B.Qroznı və b.) bu cür sözləri tə’sirlik halda hesab etdiyini göstərir və e’tiraz edir ki, erqativ dillərdə tə’sirlik hal və tə’sirli fe’l olmaz: «...xəbər faktitiv fe’llə ifadə olunarsa, bu tip cümlələrdə vasitəsiz tamamlıq işlədilmir və tamamlıq adlıq halda olur».(20; 95) M.Qıpçağın verdiyi nümunələr bu fikri doğrultmur. Uştabi Arqiştini cümləsində («Arqişti hücum etdi») Arqişti aşkar şəkildə subyektdir və adlıq haldadır, amma -ni şəkilçisi ilə. Şəkilçisiz adlıq hala misal yoxdur. Misal verdiyi birləşmədə - sonrakı cümlədə Manani sözü yiyəlik hala uyğun gəlir. Müəllif fikrini ümumiləşdirərək -ni şəkilçisindən yiyəlik hal (əvəzliklərdə və ismi birləşmələrdə) və sifət düzəldən şəkilçi kimi bəhs etməyi, bu istiqamətlərdə araşdırmalar aparmağı doğru hesab etmişdir. Bir çox faktlar bu şəkilçinin sonralar türk dillərində yiyəlik hal şəkilçisi kimi formalaşdığını, sabitləşdiyini göstərir. Urartu dilinin özündə də bu cəhət aydındır: Haldinini BABU-li «Xaldların qapıları», Haldinini usmaşini «Xaldın gücü ilə» və s. Lakin bu şəkilçidə mənsubiyyət mə’nası da vardır. Ona görə də ola bilər ki, sonralar hər iki şəkilçinin (yiyəlik hal və mənsubiyyət) diferensiasiyası üçün əsas olmuşdur. Hətta bə’zən birgəlik halın mə’nasını da daşımışdır. Ön Asiyanın bu ölü dillərinin heç biri yaxşı öyrənilməyib. Bizim fikrimizcə, -ni şəkilçili adlıq hal subyekt halı, şəkilçisiz «adlıq hal» deyilən hal isə tə’sirlik haldır. Ona görə də yuxarıda adları qeyd edilən alimlərin sözlərini əsassız saymaq düz deyil. Nominativ dillər sırasından çıxarmaq və türk dillərindən uzaqlaşdırmaq məqsədilə erqativlik damğası vurulan şumer dilində də bu məsələ tam şübhəlidir, ona görə də M.Qıpçağın birbaşa bu cür dillərdə «nə tə’sirli fe’l, nə də bu fe’lin tə’siri ilə formalaşan tə’sirlik hal ola bilər» fikri ancaq məntiqidir, fakta əsaslanmır. Belə çıxır ki, müasir dilimizdə Ayı adam öldürüb - cümləsində ayı da, adam da adlıq haldadır. Lulluların dilinə məxsus Anuba-ni-ni sözündəki birinci -ni adlıq halın şəkilçisidir, ikincisi mənsubiyyət bildirir - Anu - şumer allah adı, ba - ‘allah’, ‘hakim’, ‘hökmdar’ deməkdir və söz bütövlükdə ‘Anu allahı’ mə’nasındadır. Satuni - lullubi hökmdar adında da (e.ə.XXIII əsr) bu şəkilçi özünü göstərir. Söz Utunun ürəyi deməkdir. Qədim tayfa dillərində sözlərin birləşməsi yolu ilə mürəkkəb söz yaradıcılığı da türk sintaksisinə müvafiq olaraq daha qədim əlaqə növü olan yanaşma ilədir. Məs.: ari (təmiz), sin - adam - Arisin. Tirik (diri, canlı) An (Şumer allah adı) - Tirikan. Ulam - xəbər aparan, Buriaş - allah adı - Ulamburiaş və s. Sözlərin yanaşması ilə ismi birləşmələrin əmələ gəlməsi üsulu da türk sintaksisinin tələblərinə müvafiq şəkildədir: Kutik İnşuşinak (Gödək İnşuişnak), Kutir Nahhuntini (Qotur Nahhuntini), Kara Kartaş, Kadaşman Turgu və s. Lu-lu sözündən aydın olur ki, qədim türk tayfa dillərində sözün təkrarı da mühüm söz yaradıcılığı üsullarından olmuşdur. Onomastik leksikanın verdiyi faktlar əsasında müəyyənləşdirilməsi mümkün olan dil faktları - morfoloji və sintaktik əlamətlər əksəriyyət e’tibarilə ulu dil, yə’ni kök dil ilə bağlı olsa da, artıq türk dil xüsusiyyətlərini qazanma istiqamətində inkişaf yolundadır və bu hal eradan əvvəlki minilliklərdə Azərbaycan ərazisində türklərin artıq çoxdan geniş məskən salmış olduğuna əsaslı sübutdur. Onların varisləri e.ə. birinci minilliyin birinci yarısında Manna və Mada kimi güclü dövlətləri ilə tarix səhnəsində şərəfli quruculuq işləri aparmışlar. III fəsil - MANNA: etnik tərkib və dil məsələləri E.ə. I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazilərində Manna dövləti yarandı. Manna haqqında ilk dəfə e.ə.843-cü ilə aid Assur qaynaqlarında mə’lumat verilir. Manna ilk dövrlərdə hələ Cənubi Azərbaycan ərazisindəki bütün vilayətləri birləşdirə bilməsə də, Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meişta-Mesi, Alateye, Surikaş, Missi, Gizilbunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirti və Andia vilayətlərini əhatə edirdi. (2; 87) İki düşmən dövlət arasında idi, daim assurların və Urartu dövlətinin işğalçı hücumlarından qorunmalı olurdu. Assur padşahı III Tiqlatpalasarın (e.ə.744-727) Urartu ilə düşmən münasibətindən istifadə edən Manna hökmdarı İranzu (e.ə.740-719) Mannanın qalan vilayətlərini də mərkəzi hakimiyyətə tabe edərək indiki Cənubi Azərbaycan hüdudlarında tam bərqərar olmuş və Manna qüdrətli bir dövlətə çevrilmişdir. Assuriya ilə ittifaq Mannaya öz müstəqilliyini qorumağa kömək edirdi. Lakin Manna bə’zən formal olaraq Assuriya asılılığında qalmalı olmuşdur. E.ə.VII əsrin birinci rübündə Mannanın qərb və cənub-qərb vilayətlərində kimmer-skif-sak tayfa birləşmələri məskunlaşmağa başlayır. Bunlar Assuriyaya qarşı böyük təhlükə yaradırdılar. Bundan istifadə edən Manna hökmdarı Ahşeri (e.ə.675-650) ittifaqı pozaraq Assur asılılığından ölkəni xilas edir, müstəqil siyasət yürütməyə başlayır. Buna görə də Assur hökmdarı Aşşurbanipal (e.ə.669-627) Manna ərazisinə hərəkət edir (e.ə.650). Assur meylli daxili qüvvələr Ahşerini öldürürlər. Ahşerinin oğlu Ualli hakimiyyətə keçərək (e.ə.650-630) Assuriya ilə ittifaqı bərpa edir. Lakin Assur dövləti də, Manna da tədricən zəifləyirdi. Manna e.ə.615-613-cü illərdə güclü Mada (Midiya) dövlətinə qatılır. Bundan sonra Mannanın adı bir daha e.ə.593-cü ildə çəkilir. Tarixçilərin fikrincə, Madaya qatılsa da, bu vaxtacan o öz müstəqilliyini az-çox saxlayırmış. Qeyd edilən etnonim e.ə.VII əsrin sonlarına kimi Assur mənbələrində Manna, Urartu mənbələrində Mana şəklində işlənmişdir. Yerli tələffüz şəkli mə’lum deyil. Mannalılar lullubilərin və kutilərin varisləri idilər. İ.M.Dyakonov qeyd edir ki, Manna lullubi-kuti dövlət qurumu idi. Q.A.Melikişvili göstərir ki, Manna etnik addır, tayfa adıdır, sonralar tayfa birləşməsinə və ölkə adına çevrilmişdir. Qədim Şərq tarixinin bütün tədqiqatçıları (İ.M.Dyakonov, Q.A.Melikişvili, İ.Q.Əliyev, Y.B.Yusifov, Q.A.Qeybullayev, S.M.Qaşqay və b.) çoxsaylı Manna əhalisinin yüksək mədəni və iqtisadi inkişafa malik olduğunu, tədricən ölkə daxilində tayfaların konsolidasiyasını qeyd etmişlər. İ.H.Əliyev mannalıların dilini belə adlandırdıqları «Zaqro-Elam», qismən də «kuti-Qafqaz» və ya «subar-hurri» dil qruplarına aid etmişdir.(9; 27) R.M.Böhmer də Manna əhalisini hurri hesab edir. O, Assur və Urartu mənbələrindəki Manna toponim və antroponimlərinin siyahısını çıxararaq, bunların əksəriyyət e’tibarilə hurri dilinə, az bir qisminin kassilərə aid olduğunu güman etdiyini bildirmişdir. (28; 18-19; 9; 44) İ.M.Dyakonov Manna dövlətinin hurridilli olmasını və Zaqroş dağlarından şərqdə hurrilərin mövcudluğunu qəbul etməmişdir. (29; 116-117) Q.A.Melikişvili aydın şəkildə yazır ki, «Manna yer adlarının böyük əksəriyyəti nə İran, nə sami mənşəlidir, «Asiya sifəti» daşıyır». (24: 60) Q.A.Melikişvili bunu da qeyd etmişdir ki, Mannanın yüksək mənsəb sahiblərindən bir-ikisinin adının İran mənşəli izahı qətiyyən lullubi-kutilərin iranlılaşdırıldığını deməyə əsas vermir. Lakin Mannanın «aziatik» əhalisi ətrafında irandillilər vardı. Əksəriyyət e’tibarilə lullu, kuti, su və turikkilərdən ibarət olan bu regionun əhalisi üç min ilin müddətində əsasən sabit qalmış, nəzərə çarpacaq yerdəyişmələr olmamışdır. T.A.Ratbun Həsənluda aşkar edilmiş materialları analiz edərək bu nəticəyə gəlmişdir ki, Manna ərazisində əhalinin fiziki tipi sabit və yekcins olmuşdur.(31; 41-42) İ.M.Dyakonov e.ə. Manna dövlətinin mövcud olduğu IX-VII əsrləri nəzərə alaraq yazır: «İndiki İran Azərbaycanı və İran Kürdüstanı rayonları e.ə.IX-VII əsrlər ərzində irandilli deyil, lullubey-kuti və bu tipli dilli olaraq qalırdılar, yalnız Midiyanın şərqi, indiki Tehran və İsfahan rayonları artıq tam şəkildə Orta Asiyanın köçəri tayfalarından ayrılmış irandilli elementlərlə əhatə olunmuşdu».(10; 151) «A.Heydelin «A New Nexagonal Drism of Esarhad do» («Sumer», XII, 1956) nəşrində «Manna əhalisinin, bu qiyamçı qutilərin pərən-pərən salınması» haqqında mə’lumat verilir, kimmerlər və başda İşpakay olmaqla Manna ilə ittifaqa girən skiflər xatırlanır».(9; 6) Bu sözlər kutilərin Manna əhalisi arasında yenə də mühüm yer tutduğunu göstərir. «E.A.Qrantovski güman edir ki, e.ə IX əsrə aid Aşur kitabələrində də təsadüf edilən İdi adı Həsənlunun ən qədim adıdır və belə hesab edir ki, ona aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənlu əhalisinin irandilli olmadığını sübut edir.»(9; 14) Manna dövlətinin iqtisadi-siyasi və mədəni inkişafına xüsusi əsər həsr etmiş S.Qaşqay araşdırmalarını ümumiləşdirərək yazır: «Beləliklə, tədqiq edilən ərazinin əhalisinin etnik mənsubiyyətinin müəyyənləşdirilməsində linqvistik təhlillə yanaşı, maddi-mədəniyyət dəlillərini də nəzərə almaq lazımdır. Urmiyayanı əyalətlərin bizə mə’lum ən qədim əhalisi olan kuti-lullubi etnik qrupları hurrilərin buraya gəlməsi ilə tamamilə aradan çıxa bilməzdi. Görünür, kuti-lullubi və hurri tayfaları uzun müddət yanaşı yaşamış, sonralar mannalıların güclənməsi ilə əlaqədar onlar vahid dövlətdə birləşmişlər. Kuti və hurri dillərinin qohum olması da mümkündür». (9; 46) Hurrilərin bu ətrafa gəlişi ilə kutilər və lullubilər niyə aradan çıxmalı idi ki? Bir halda ki mannalılar (və bunların özəyini təşkil edən kutilər, lullular) hələ bir qədər sonra hurriləri də Manna dövləti daxilində birləşdirmişlər, onlar kutilərə, lullulara nə edə bilərdilər? T.A.Ratbun belə hesab edir ki, bu ərazidə əhali fiziki cəhətdən yekcins olmuş, müxtəlif mədəniyyətlər dövrünün nümayəndələri arasında fərqlənmə olmamışdır, odur ki bunun bu və ya digər etnosun inkişafına əks tə’siri də ola bilməzdi. Bir sıra əsassız ehtimallar kuti və lullubiləri hurrilərlə, hurriləri isə qafqazdillilərlə bağlamaq məqsədi güdür. Bunlar mahiyyət e’tibarilə əsası olmayan fərziyyələrdir. Bunların nəticəsidir ki, S.Qaşqay İ.M.Dyakonova əsaslanaraq yazır: «...hurri-urartu dili çox güman ki, kuti tayfalarının da mənsub olduqları Nax-Dağıstan dilləri qrupu ilə bir sıra oxşar struktur cizgilərinə malikdir.» Bu sözləri S.Qaşqay yox, sanki onun əsərinin redaktoru deyir. Öz sözlərini deyəndə, insaf naminə, S.Qaşqay şübhələrindən yan keçmir: «Mannalılar hətta hurri olsaydılar da, bu heç də mannalıların birləşdirdikləri bütün ərazilərdə hurri tayfalarının yaşadığı demək deyildir. Hər şeydən əvvəl, bunu etimologiyası açılmamış və hurri dili ilə izah edilə bilməyəcək toponimik adlar qalmış şimal əraziləri barədə dəqiq söyləmək olar». (9; 47) Beləliklə, üç min il ərzində ərazinin yerli əhalisi əksəriyyət e’tibarilə lullu və kutilərdən ibarət olmuşdur. İ.M.Dyakonov özü bu qənaətə gəlir ki, I-VII rayonlarda, yə’ni hazırkı İran Azərbaycanı ərazisində e.ə. VIII əsrə qədər «İran dilləri yayıla bilməmişdir». (10; 89) Tarixçilərin fikrinə görə, mannalıların yazısı olmuşdur. Bunu mannalıların assur hökmdarı Asarhadona (681-668) məktubu da təsdiq edir. «Manna yazarı (piseü) Midiya və Manna ölkələrindən düşmənə satılmışları qeyd edir».(10; 231) Manna hökmdarının öz ölkəsində Assur hökmdarı II Sarqonun şərəfinə yazılı abidə qoyacağı barədə mə’lumat qalmış olsa da, belə bir abidə hələlik əldə edilməmiş və mannalıların dilində yazılı abidə tapılmamışdır.(9; 5) E.ə.III-I minilliklərdə Cənubi Azərbaycan əhalisinin etnik tərkibində ciddi bir dəyişiklik olmamışdır. Lulluların, kutilərin, suların, turukkilərin, mannalıların türk olduğunu əsaslı sübut edənlərdən biri kimi Y.B.Yusifov yazır: «Beləliklə, Mannada əhalinin başlıca dili türk dili olmuşdur. Yer adlarında təmsil olunmuş sözlər ümumtürk leksikasına mənsub idi. E.ə. III-I minilliklərdə Cənubi Azərbaycan ərazisində türk dillərində danışan etnoslar (yerli əhali) yaşayırdılar və onlar hakim türk sülalələrinin əsasını qoymuşdular».(2; 117) S.İ.Rudenko «Altayın və Ön Asiyanın incəsənəti» (Moskva, 1961) əsərində Altay və Şimali Qaradəniz sahili kurqanlarında tapılmış əşyalarla Ön Asiya (müəyyən qədər Ziviyə) əşyaları arasında bir sıra oxşarlıqlar müəyyən etmişdir. O, Ön Asiya incəsənətinin skif tayfaları incəsənətinə tə’siri barədə söhbəti düzgün saymır. (9; 13) Bu onunla əlaqədardır ki, bir sıra tarixçilər skiflərin bir vaxtlar Ön Asiyadan ayrılıb getdiklərini nəzərə almırlar. III fəsil - Leksika: Manna xüsusi adları Qeyd etdiyimiz kimi, mannalılar kuti, lullu, turukki, kassi və su tayfalarının varisləri idilər. Həmin tayfaların etnik mənsubiyyəti barədə fikirlərimizi əvvəlki fəsildə qeyd etdik. Bunlarla yanaşı, Manna ərazisində yaşayan bir sıra başqa tayfaların da mövcud olduğu və həmin tayfaların da türk mənşəli olduğu öyrənilmişdir. Həmin tayfaların adları Assur mənbələrində taurlay, messiy, dalay, sumbiy və kumurday kimi verilmişdir.(10; 173) Assur dilinə uyğunlaşdırıldığından izahı çətin olsa da, tədqiqatçılar həmin tayfa adlarının türk mənşəli olduğuna şübhə etmirlər.(bax: 6; 85) Manna tayfa ittifaqına daxil olan taurlay tayfa adı e.ə. 820-ci ildə qeydə alınmışdır. Y.Yusifov sözün kökünü taur, tavar sözü və mənsubluq bildirən -la şəkilçisi ilə əlaqələndirmişdir. Q.Qeybullayevin fikrinə görə, Taurlay sözü taurlu sözünün fonetik variantıdır və tavur, tabur - ‘arabalardan düzəldilmiş düşərgə, möhkəmləndirilmiş yer’ mə’nasındadır. Bu fikirlər arasındakı yaxınlıq etimoloji araşdırmanın düzgün aparıldığını göstərir. XIV əsr türk tayfa adı tavr, xəzər şəhər adı Tavris, Astara rayonundakı Toradi kənd adı, Cənubi Azərbaycanda kənd adı Divarqan həmin sözlə bir kökdən sayılır.(6; 85) . Dalay xüsusi adı isə Təbriz bölgəsində və ya Urmiya gölünün cənub-qərbində lokalizə edilən Manna tayfasının adı olmuşdur. Q.Qeybullayev Dalay tayfa adını Yuli Solinin Xəzər dənizi yaxınlığında qeyd etdiyi tal tayfasının, peçeneqlərin tərkibindəki (X əsr) talmat tayfasının, Altaydakı müasir Teleutların adı ilə müqayisə etmişdir. (6; 85) Manna tayfa ittifaqına daxil olan bir tayfanın adının Altayda görünməsi bu tayfanın da güclü tayfalardan olduğunu və bir vaxtlar parçalanıb şərqə üz tutduğunu göstərir. Y.B.Yusifov xəritədə Sumbi tayfa adını Subi sözünün əlavəsi kimi vermişdir. Bu göstərir ki, Sumbi sözü Subi tayfa adının bir tələffüz variantıdır və adının əsasında su sözü duran bu tayfa türk mənşəlidir. Mesi (me-is-si, me-su, mes-si, mi-su) - tayfası Urmiya gölünün cənubunda, Mannanın mərkəzində, Uşkayanın şimalında, türk tayfaları əhatəsində lokallaşdırılmışdır və türk mənşəli olduğuna heç bir şübhə yoxdur. E.A. Qrantovski gümanlı şəkildə İran mənşəli olduğunu qeyd etmişdir. (26; 182) Türk dillərində mes - ‘dağın zirvəsi, meşəsiz hissəsi, günəş tutan tərəfi’ deməkdir. Həmin tayfanın adı ilə əlaqədar Mannada Mesu vilayəti də olmuşdur. Urartlar Meişta deyirdilər. Bu söz Mesi adının başqa tələffüz forması sayılır; ta hissəsi ‘dağ’ sözüdür.(7; 344) Zamuada Mesu qalası da olub. Fonetik tərkibindən hiss olunur ki, Kumurda etnonimi də türk mənşəlidir. Manna toponimləri də Assur və Urartu dillərinə uyğunlaşdırılaraq qeydə alınmışdır. Ona görə də etimoloji araşdırmalar çətinliklər törədir. Lakin sözlərin samitlər sistemi əksərən düzgün qənaət üçün əsaslı imkan yaradır. E.A.Qrantovski böyük cidd-cəhdlə Manna toponimlərini iranmənşəli xüsusi adlar kimi izah etməyə çalışmışdır. Lakin Y.Yusifov, Q.Qeybullayev və b. tədqiqatçılar Manna toponimlərinin etimoloji izahını daha obyektiv aparmışlar. Manna sözünün özü daha maraqlı nəticələrə gəlmək imkanı verir. Lakin burada bə’zi xüsusiyyətləri qeyd etməklə sözün açılışını bir qədər sonra - Mada sözü ilə birlikdə aparacağıq. Ölkə adı Manna ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın yürüşü zamanı yazıya alınmışdır; tarixçilər müəyyənləşdirmişlər ki, mixi yazılarda Mannaş, Munna və daha çox Manna şəklində yazılmışdır; Urartu yazılarında Mana, Tövratda Mini, İosif Flavidə Miniada şəklindədir; Assur qaynaqlarında Manna daha çox tayfa adı kimi başa düşülür. Əvvəlcə bir tayfanın adı olsa da, sonralar tayfalar ittifaqına çevrilmişdir. Tayfa adı kimi tədricən ölkəyə şamil edilmişdir. Manna sözü ma və na hissələrinə ayrılır. Ma - b>m keçidi ilə ‘bağ’, ‘bağlamaq’, ‘allah’, ‘hakim’, ‘bəy’, ‘başçı’, ‘rəis’ mə’nalarında BA sözündən yaranmışdır; na - ‘yer’, ‘məkan’, ‘ölkə’ bildirən söz olmuşdur. Söz bütövlükdə ‘bağlar ölkəsi’, ‘allahlar yurdu’ ilkin mə’nasına malik olmuşdur (Sonrakı bölməyə baxmalı). Manna toponimlərinin bir qismi üç-dörd minillik zamanın o başından görünsə də, elə bir ciddi araşdırmaya ehtiyac olmadan öz türk mənşəyini göstərməkdədir. Bura Kizilbunda, Uişdiş, Subi, Lallarip kimi vilayət, Uşkaya kimi ölkə, Bara - yer, Sibar, Kalah, Durdukka, Bardu, Kitpat şəhər, Kullar, Uauş, Kaşyar, Su dağ, Suva çay adlarını misal göstərmək olar. Gizilbunda (Gizilbuda, Qizilbunda, Qizilbuda) - Manna vilayəti haqqında assur çarı V Şamşi Adadın vaxtında mə’lumat verilmişdir. E.A.Qrantovski «ərazinin qədim adı» olduğunu, İran mənşəli olmadığını e’tiraf etmişdir- (26; 194) Türk dillərində qızıl (kizil) - ‘qızılı’, ‘qırmızı’, bud - ‘təpə’, ‘yüksəklik’ kimi izah olunur. (7; 345) Q.Qeybullayev Mada ərazisində bu cür çay adı da olduğunu və həmin çayın Xəzərə tökülən Qızıl-Özən çayı ilə lokalizə edildiyini göstərir. O, Y.B.Yusifovun etimologiyası ilə əsasən razılaşaraq bud, bunda sözünü y>d keçidi ilə buya ‘su’ kimi mə’nalandırmağın mümkünlüyünü də qeyd etmişdir. Quruluşca Sibirdəki Qızıl-Xem, Türkiyədəki Kızıl-İrmak, Kızıl-Su çay adları ilə eyni hesab olunur. (6; 96) Uşkaya (urart.Aşkaya, e.ə.714) - ölkə (və qala) adı türk. uş - ‘üç’, kaya - ‘qaya’ deməkdir. II Aşşurnasirpalın «göydən sallanan üç sıldırım qaya» ifadəsinə uyğun hesab olunur. Aşkaya forması ‘aşırım qaya’, (türk. aşmaq - ‘keçid’, ‘aşırım’) kimi mə’nalandırılır. (2; 115) E.A.Qrantovski zorla İran dillərinə çəkərək xüşk ‘quru’ sözü ilə əlaqələndirməyə çalışmışdır. Q.Qeybullayev göstərir ki, Səhəndin şimal ətəyində sıldırım qayalıq arasında Üskiyyə kəndi qalmaqdadır və çox güman ki, bu ad Uşkaya sözünün müasir şəklidir. (6; .96) Manna ərazisində - Urmiya gölünün cənubunda vilayət adı olan Uişdiş (urart. Uqiştini) aşkar şəkildə «beş diş» (prototürkcədə viş, biş - ‘beş’, diş - ‘diş’) mə’nasındadır. Orta əsrlərdə burada - Urmiya gölünün cənubunda Beşbarmaq dağının olması da bu fikri təsdiq edir. (7; 353) «Uişdiş dağlıq vilayəti vişdiş, bişdiş sözünü təmsil edir və «beş diş» mə’nasını daşıyırmış. Urartu yazarı bunu Uqiştini kimi qeyd etmişdir. Onun Uyiştini, Byiştini formaları da bərpa edilir və türk dilləri (qəd. türk. tinq ‘uca, dik, zirvə’) əsasında «Beş dik», «Beş zirvə» kimi mə’nalandırılır. Mixi yazılarda Uişdiş adının Uişda (‘Beş dağ’) variantı da işlədilmişdir. Da, ta türk dillərində ‘dağ’ deməkdir.» (2; 115) Subi (Sunbi, Sumbi) (Mannada vilayət adı) su və ‘-lar’ mə’nasını ifadə edən -bi şəkilçisinin birləşməsindən ibarətdir. Mannada Subi (Sumbi) vilayətinin olması bir daha göstərir ki, Aratta dövründəki Su ölkəsini sular qədimdən yaşadıqları ərazi kimi qoruyub saxlamışlar. Bu sözlə bağlı Sibar şəhər adı və onun hakimi Enqur haqqında da mə’lumat qalmışdır. (e.ə.820) Bu adların iranmənşəli olmadığı, kassilərin dil elementlərinə daha uyğun olduğu göstərilir. (26; 203) Sibar sözü Subar (sonralar Savar) türk tayfa adı ilə bir kökdəndir. En-qur sözündə En şumer allah adı və qur -türkcə ‘vəziyyət’, ‘ləyaqət’ mə’nasındadır, həm də rütbə bildirmişdir. (25; 467) Söz ‘En ləyaqətində’, ‘En rütbəsində’ mə’nasını ifadə edir. Mannada su, sub tayfasının adından Su dağ adı, Suva (Sua) çay adı da olmuşdur. Qədim türk dillərində suva - çay, su mə’nasında işlənmişdir. Manna vilayətlərindən Sanqibutidə Bara yer adı qeydə alınmışdır. Söz Azərbaycan dilindəki bərə ‘qoyun saxlanılan yer’ sözü ilə əlaqələndirilir.(7; 353) F.Yustinin Avestadakı baourva, Gaubaruva sözlərini ‘otlaq’, ‘inəklərə yem verən’ mə’nasında izah etməsi də (26; 179) bu fikrin xeyrinədir. Bu sözün fars dili forması ‘əhalinin və mal-qaranın gizlədilməsi üçün çəpərlənmiş sahə’ mə’nasında olan vara sözüdür. (26; 203) Sanqibutinin bu ərazisində çoxlu qoyun saxlandığı mə’lumdur. Bu söz Midiya ərazisində Barrua (e.ə.728), Uba-Bara (e.ə.714), Barunakka toponimlərində də qalmışdır. Savalan dağının ətəyində hazırda Bari kəndi olduğu göstərilir. (6; 73) E.A.Qrantovski «Bara sözü tam mə’nasilə İran mənşəli (amma əlbəttə, başqa mənşədən də) ola bilər» desə də, çox qəribədir ki, bara tayfa adından ibarət hesab etdiyi bu sözü barmaq ‘nesti’ fe’li ilə bağlamışdır; əslində, bu cür də ağlabatandır. Lakin türk dili düşüncəsi olmadığı üçün xalis türk mənşəli barmaq (‘varmaq, getmək, aparmaq’) sözünü İran mənşəli hesab etmişdir. (26; 126) E.A.Qrantovski eyni şəkildə Midiya ərazisindəki 28 hökmdar adlarından biri olan Bara şəxs adını da fars dilində bar ‘ezditğ verxom’- ‘vsadnik’ sözü ilə əlaqələndirmişdir. (26; 217) Bar, var ‘get’ fe’li ən çox işlənən xalis türk fe’llərindəndir: Türk budun, ol yirqərü barsan, öltəçisən.(Qəd.ab.) Mannada şəhər adı kimi qeydə alınmış Durdukka sözü türk. dur(maq) sözü və -duq şəkilçisi ilə ‘dayanacaq’, ‘şəhər’ mə’nasındadır; assur dilində k səsi qoşalaşmışdır. Sözün Sirdakka, Zirdakka variantları da var və hansı formanın düzgün olduğunu müəyyənləşdirmək çətindir. E.ə.821-820-ci illərdə Assur çarı V Şamşi-Adadın şərqə hərəkətini təsvir edən abidədə Kullar toponimi tez-tez xatırlanmışdır. (26; 121, 190.,191) Sözün kökü qul da ola bilər, kol da. Lakin -lar şəkilçisinin türk mənşəli -lar,-lər olduğuna şübhə yoxdur. Y.Yusifov sözün sonrakı dövrlərdə Kollar-dağ şəklində işləndiyini qeyd etmişdir ki, bu da dağın adında kol sözü olduğunu göstərir. Allabria vilayətində dağ adı kimi işlənmiş Kaşyar sözü y>q keçidi ilə türk dillərində Kaşqar dağ adını yada salır.(7; 343) Bu kiçik detal bir çox başqa nümunələrlə birlikdə bir daha nəzəri ora çəkir ki, Kaşğar vilayətinin adı da Mərkəzi Asiyaya Azərbaycan ərazisindən gedən türklər tərəfindən aparılmışdır. Manna yer adları içərisində Qilzən, Lallarip, İzibia, Karsibutu, Bala tipli sözlər yad dillərdə əksərən təhriflərlə yazılmış türk sözləridir. Qilzən -Urmiya gölünün qərb sahilinin adı olmuşdur; türkcə ‘göl vadisi’ mə’nasında qöl ‘göl’ və ezən ‘vadi’ sözlərindən ibarətdir.(6; 78) Bəlkə də sözün birinci komponenti ‘göl’ yox, ‘gil’ sözüdür. Bu halda söz bütövlükdə ‘gil sahə’ mə’nasını ifadə edir. Lallarip - Mannanın cənubunda vilayət və vilayətin əhalisinin daşıdığı ad olmuşdur. Elamlar etnosun adını lallar eşitmiş, ona yenidən -ip cəm şəkilçisini əlavə etmişlər (ikiqat cəm). Lallu hidronimi də həmin ərazidədir. Lallu sözündəki mənsubluq bildirən -lu, lallar sözündə cəm bildirən -lar türk dillərinə məxsusdur və heç bir şübhə doğurmayan şəkilçilərdir .-lu şəkilçisi elamların Hilalu, Malaktu (l>d>t keçidi ilə) şəhər adlarında da müşahidə olunur. (7;324) İzibia (e.ə. VIII əsr) - şumer və türk dillərində izi, issi, isti (altayca üzü, tuvaca iziq, uyğurca izik, bizim dildə isti) və Altay dillərində bia - ‘su’ sözlərindən ibarət olub ‘isti su’ mə’nasını verir. Cənubi Azərbaycanın Ziviyə yaşayış məntəqə adında qaldığı qeyd edilir. (6; 77) Karsibutu toponimini E.Hersfeld və E.A.Qrantovski Avestadakı karşi sözü ilə əlaqələndirmiş, ‘çöl’, ‘vilayət’, ‘ölkənin bir hissəsi’ mə’nasında izah etmişlər; butu/i hissəsi iranmənşəli vati şəkilçisinin akkad forması (butu) hesab edilmişdir (26; 195); karşi sözü türk dillərindəki ‘qarşı’ sözüdür; but (bud) sözü isə qədim türkcədə ‘ayaq’, bud’, ‘qol’, ‘ölkə’, ‘yer’, ‘xalq’, ‘tayfa’ mə’nalarını ifadə edir. Karsibutu - ‘qarşı ayaq’, ‘qarşı ərazi’, ‘qarşı yer’ mə’nasındadır. Bala sözü ‘balaca’, Kalah (e.ə. IX əsr, Mannanın qərbində şəhər) sözü qalmaq fe’lindən ‘qalaq’, ‘qala’ mə’nasında Manna şəhər adlarıdır. Manna toponimlərinin bir qismi xüsusi tədqiqat tələb edir. Tədqiqatçıların qeydlərindən alınan nəticələri ümumiləşdirdikdə əksər Manna toponimlərinin türk mənşəli olduğu aydınlaşır. Belə toponimlərdən Parsua, Parsindu tipli sözləri xüsusi qeyd etmək olar. Bir çoxları necə yarandıqlarını nəzərə almadan belə sözləri dərhal farslarla bağlayır. Parsua (urart.Barşua, Parsuaş) ölkə adını E.A.Qrantovski heç bir şübhə doğurmayan İran mənşəli sözlərdən saymışdır. (26; 133) Bir sıra alimlər Parsuanı farsların məskun olduğu əyalət hesab edir, ehtimal edirlər ki, Parsua ölkə adı farsların etnik (pars, fars) adı olmuşdur. Hələ 1900-cü ildə Hyuzinq parsualı, persidalı və parfiyalıların qohumluğu fikrini irəli sürmüşdür. İ.M.Dyakonov Parsuanın farslarla heç bir əlaqəsi olmadığını və bu ərazidə (İranın cənub-qərbində) irandilli əhalinin yaşamadığını sübut etmişdir. O, Parsua ərazisini müasir Süleymaniyə-Zohab-Senəndej şəhərlər üçbucağında təsəvvür edərək göstərmişdir ki, Assur mənbələrində qeyd edilən Parsua ərazisində İran antroponim və toponimləri yoxdur. Bu yerlərin yer və şəxs adları irandilliliyə qədərki yer və şəxs adlarından ibarətdir. Hətta Parsua sözünün özü də İran mənşəli deyil, Midiya sözüdür. Zamua ərazisinin bir hissəsində yerləşdikləri üçün midiyalılar onları parsualılar adlandırmışdır və Parsua ‘kənar, böyür’ mə’nasındadır. (10; 69, 161) Parsuaş söz kökündəki -ş şəkilçidir - akkad və İran dillərində eynidir; elam dilində Par-tu-maş, Par-d-ava şəkillərində işlənmişdir. (26; 145) İ.M.Dyakonov bu sözü Midiya sözü saysa da, midiyalıları iranmənşəli hesab etdiyi üçün Parsua, Parfiya sözlərini də iranmənşəli hesab etmişdir. E.A.Qrantovskinin fərziyyəsinə görə: «*parsava = dr.-pers.*pardava>pahlav(an)», yə’ni parsua sözü pahlu, pahlavan sözü ilə bir kökdən olub ‘güc’, ‘igidlik’, ‘pəhləvan’ mə’nasında olmuş, ona görə də toponim kimi işlənməzdən əvvəl etnonim kimi işlənmişdir, deməli, farslar igid, cəsur, pəhləvan olmuş, tayfa bu cəhətə görə adlandırılmış, sonra onların yaşadığı əraziyə də eyni ad verilmişdir. Müəllif bunun sübutu üçün başqa misallar da gətirir. Məsələn, Bardinin (Qaumatın başqa adı) adını göstərərək Bardiua sözünün «imeöhiy bolğşoe (velikoe) telo» mə’nasını verdiyini göstərir. Bu, ağlabatan deyil ki, bir tayfadan ibarət olan əhalinin hamısı pəhləvan gövdəli olsun və buradan da tədricən tayfa adı formalaşsın. Digər tərəfdən, Bardi sözü fars mənşəli deyil, ulu dildən gələn bö/ba - ‘böyümək, böyük’ sözüdür. Üçüncü bir tərəfdən də Bardi fars deyil, midiyalıdır. Sözün etimoloji izahını İ.M.Dyakonov daha düzgün vermişdir (sözlərini olduğu kimi veririk): «No, samoe interesnoe, çto samo nazvanie «Persii» (fars, drevnie «Para») əvləetsə midiyskim... terminı gti vosxodət k iransk. par-, paraya - «rebro», otsöda «bok», «kray»; i Persida, i Parsua, i Parfiə naxodilasğ na okrainax Midii, na öjnoy naxodilasğ Persida, na zapadnoy - Parsua, na vostoçnoy - Parfiə. Vse gti nazvaniə oznaçaöt «kray», «okraina», «ukrayna». (10; 69) İ.M.Dyakonov etimoloji izahı düzgün versə də, bayır, böyür sözlərini İran mənşəli hesab etməkdə səhv edir. Bunlar türk mənşəli olub türk dillərində geniş şəkildə işlənməkdədir. Lazar Budaqov türk, Azərbaycan, qırğız, tatar dillərində bağır, baur, pur sözlərini «peçenğ», pa:r sözünü saqay ləhcəsində «açıq çöl» mə’nasında izah etmişdir. Maraqlısı bir də budur ki, Parsa sözü əksərən Pa:rsa şəklində - uzun a ilə verilir. (26; 146) Bu, «y» səsinin düşməsi ilə tələffüz edilən həmin sözün dilimizdəki ba(y)ır, bö(y)ür sözləri olduğunu sübut edir. Rus dilində ‘böyür’ mə’nasında bok sözü var. Lakin baar/pa:r sözü türk formasına - bayır, böyür sözlərinə daha uyğundur. Digər tərəfdən, midiyalıların dilinə məxsusdursa, midiyalıların isə iranmənşəli olmadığı sübut olunursa, deməli, söz türk mənşəlidir. Bir mühüm dəlil də iranmənşəlilərin Midiya ətrafına sonralar gəlməsidir. Onların e.ə.VIII əsrdə gəldiyi qəbul olunur. Lakin E.A.Qrantovski bir çox hallarda ağlabatmaz etimoloji izah əsasında onları Ön Asiyada - xüsusilə İran yaylasında daha erkən yerləşdirməyə çalışmış və bizim tarixçilər də buna sevinmişlər. Beləliklə, aydın olur ki, Parsua, Persida, Parfiya sözlərinin kökündə türk mənşəli bayır, böyür sözü durur və farslar İran yaylasına gələnə qədər fars adını daşımamışlarsa, onların etnik adı da bu sözdən yaranmışdır. Qeyd edilən üç ölkə adı vaxtilə Mada (Midiya) ilə müqayisədə - ‘Madanın böyür, yan ölkələri’ mə’nasında təşəkkül tapmışdır.(18: 316) Parsindu (e.ə.881-880) sözü isə Mannada qala adıdır. E.A.Qrantovski bu sözü də şəksiz-şübhəsiz fars (pars) sözü saymışdır. Q.Qeybullayev buna e’tiraz edərək göstərir ki, bu söz türkcə bair, bayir ‘təpə, yüksəklik, yarğan, sıldırım’, sin ‘dağ beli’ və du/tu ‘dağ’ sözlərindən ibarətdir və sözün birinci hissəsi Çal-Bair (Kəlbəcər rayonu), Qızıl Bair (Meğri rayonu), Çil-Bair (Şamaxı rayonu) dağ adlarında da vardır.(6; 73) Q.Qeybullayevin bu müqayisələri Parsua sözünə də aiddir. Ba(y)ır, Bö(y)ür sözləri düzgün müəyyənləşdirilmişdir. Lakin bizim fikrimizcə, sin sözü ‘dağ beli’ yox, buna yaxın mə’nada M.Kaşğarinin qeydə aldığı ‘cisim’, ‘bədən’, ‘gövdə’ (25; 503) mə’nasındadır və əgər sondakı du/tu sözünü ‘dağ’ sözü hesab etsək, söz bütövlükdə ‘dağın yanı’ mə’nasını verir ki, bu da məntiqidir, çünki adətən qala dağ yanında, dağ yamacında tikilər. Axtarışlar göstərir ki, bu söz həqiqətən pa:r(s) (bayır, böyür) sözü ilə bağlıdır, lakin pa:r(s) sözünün özü türk mənşəlidir. Assurların e.ə. 834-cü ildə şərqə yürüşü zamanı Misi, Parsua, Midiya, Harhar və Araziaş toponimləri qeydə alınmışdır. E.A.Qrantovski göstərir ki, bunlardan yalnız Harhar İranmənşəli deyildir və Harhar ərazisində İran mənşəli əhali yoxdur. Bu ərazidə yalnız Kibaba (‘ulu Kİ’, ‘Kİ baba’ mə’nalarında) adlı hakimin adı mə’lumdur (e.ə.716). Müəllifin Parsua haqqında fikri aydındır: bu sözün iranmənşəli, Parsua əhalisinin iranlılardan ibarət olduğunu söyləyir. Qalan üç ad haqqında yazır ki, onları «az-çox əsasla» iranmənşəli saymaq olar və əsas məsələ odur ki, «bu sözlər İran etnik elementləri ilə bağlı olmuşdur».(26; 180) Bu cür mülahizə aydın şəkildə sübut edir ki, E.A.Qrantovski Manna ərazisində və Manna ətrafında İran mənşəli əhali tapmaq üçün hər cür təxəyyülə əl atmışdır. Araziaş və ona qonşuluqda yerləşən Eranziaş (Aranziaş) (26; 182-183) sözlərində Araz və Aran sözləri aydın seçilir, lakin ərazilər dəqiq mə’lum olmadığı üçün dəqiq söz demək də çətindir. Harhar toponiminin Qarqar olduğuna şübhə yoxdur. Qarqarlar isə məşhur qədim türk tayfalarındandır. Bu sözün Xarxar forması da olmuşdur. E.ə. 714-cü ildə «Aşşura məktub» yazısında Kişesu əyalətində Halhubarra yer adı çəkilir. Bu sözlə yanaşı, Kilambate, Saqbat ərazi adları da qeyd edilir. Halhubarra və Harharbarra eyni ərazilərin adlarıdır -. e.ə.834-cü ilə aid mənbədəki harhar və ona əlavə edilmiş barra sözlərindən ibarətdir. Harhar - ‘qarqar’, barra - ‘bərə’ deməkdir - ‘Qarqar bərəsi’. İrəvan quberniyasında qarqarlarla bağlı Qerqer (32; 245), Herher (32; 594), Borçalı qəzasında Gərgər (32; 417) qədim kənd adları qeydə alınmışdır. Harharbarranın Araziaş və Eranziaşa yaxın olması (26; 183) da aran, qarqar, araz sözlərinin mümkünlüyünə inamı artırır. Deməli, Araz, Aran, Qarqar adları hələ e.ə. VIII əsrdən mə’lumdur. Eyni toponim Harhubarra və Halhubarra şəklində - l və r ilə tələffüz olunmuşdur. E.A.Qrantovskinin fərziyyəsinə görə, assurlar l ilə tələffüz olunan formanı yerli dillərdən, r ilə tələffüz olunanı fars dilindən almışlar.(26; 183) və ya tədricən farslar - irandillilər l səsini də mənimsəmişlər. Erenziaş-Elenziaş sözləri də bu cür izah olunur. Yad dildə fonetik dəyişmələri nəzərə almaqla Şurdira (26; 185) toponimini Şor dərə kimi anlamaq olar. II Sarqonun (e.ə.714 ) məktubunda Hundur və Hundurna adları çəkilir. Bunlar şəhər və məskən adları olub, o dövrkü Urartu ərazisinə aid olmuşdur. E.A.Qrantovski -na şəkilçisini Urartu dilinə aid edir. İ.İ.Meşşaninovun lüğətində də belədir. (8; 213) Lakin mannalıların dilində də işlənmişdir - Ma-na sözü həmin morfemin iştirakı ilə düzəlmişdir. Hundur və Hundurna sözlərinin kökü eynidir. Hündürna sözünü ‘qəlbi’, ‘uca’ mə’nasında hündür və ‘yer’, ‘ölkə’ mə’nasında na sözünə ayırmaq olar - ‘hündür yer’. Başqa şəkildə bu sözlərdə hun və dur(maq) sözləri mühafizə olunduğunu düşünmək mümkündür: Hun-dur - ‘hun duran’, Hun-dur-na - ‘Hun duran yer’. Belə olduqda, hunların hələ e.ə.8-ci əsrdə Azərbaycan ərazisində olduğunu və şərqə buradan getdiklərini düşünmək olur. Cənubi Azərbaycanın Ziviyə kəndi sakinləri tərəfindən Saqqız yaxınlığında e.ə.IX-VII əsrlərə aid dəfinə tapılmışdır. R.Kirşman hesab edir ki, Saqqız sözü Saka sözündəndir və bu ad vaxtilə bu yeri tutan sakaların-skiflərin yadigarıdır. (9; 11) Manna toponimlərinin bir qismi ‘ölkə’, ‘yer’ mə’nasında pat, put, but, bud sözlərinin iştirakı ilə yaranmışdır: Sanqibuti, Karsibutu, Andirpatianu və s. Y.Yusifov Sanqibuti (e.ə.744) toponimini ‘üç ayaqlı dağ qolu’ (alt.-türk sanqi ‘üç ayaqlı’, but - ‘dağ qolu’) mə’nasında izah etmişdir. Sanqibuti qoyun-quzu saxlamaq üçün təbii sığınacaq yeri imiş. İ.H.Əliyev bu toponimdəki bat, vat hissələrini Şumer və Elam dillərindəki mate, pate, bate, bitu ‘ölkə’ sözü ilə əlaqələndirmişdir. (23; 94) Bunlar onun İran mənşəli olmadığını göstərir. Qədim türkcədə but (bud) sözü ‘ayaq’, bud’, ‘qol’, ‘ölkə’, ‘yer’, ‘xalq’, ‘tayfa’ mə’nalarında olmuşdur. Q.Qeybullayev bat və onun variantlarının Manna, Maday və Albaniya ərailərində işlənmiş bir çox sözlərdə də olduğunu üzə çıxarmışdır: Akbatan, Kilimbat, Kitbatay, Aratbat, Pişuauvat, Sakauaivat, Albaniyada Aqbat, Dizapat, Naxçıvanda Ordubad, Tambat və s. (6; .97) Gizilbunda ərazisində Kitpat şəhər adı II Sarqonun vaxtında yazılmış kitabədə (e.ə.714) xatırlanır. E.A.Qrantovski söz kökünün birinci komponentinin ki/qi/gi şəkillərində üç cür düşünülə bildiyini qeyd etmişdir. Qalan hissəni it-pa-ti-a şəklində ayırmışdır.(26; 194) Birinci komponent (gi hissəsi) get sözüdür; sözü bütövlükdə ‘git (get) yeri’, ‘gedilən yer’, ‘şəhər’ kimi və ya sadəcə olaraq ‘get bat’ (gedib batmaq’) mə’nasında başa düşmək olar. Çünki sözün pat/bat hissəsi Sanqibuti, Karsibuti sözlərinin ikinci komponenti ilə eynidir. Bu sözlə komponentlərindən biri eyni olan Andirpatianu sözü də türk. adir ‘dağ silsiləsi, təpəli dağ sırası, eroziyalı dağ silsiləsi’ və pat ‘ölkə’ sözlərinə ayrılmışdır. Qizilbundaya yaxın olduğu üçün güman edilir ki, həmin ərazinin başqa adı olmuşdur. (2; 116) Lakin bu söz haqqında bizim fikrimiz başqadır. (IV fəslə - Azərbaycan sözünə baxmalı). Kulambate sözündə də ‘ölkə’, ‘yer’ mə’nası (ikinci komponent) aydın seçilir. Kulam sözü ‘qul’, ‘oğul’ mə’nasında ola bilər. Saqbat - ‘saq yeri’ və ya ‘saq batan yer’ mə’nasındadır. Bu sözü ətraflı öyrənməklə bəlkə də müəyyən etmək olar ki, saqlar Manna ərazisinə e.ə.VIII əsrdə güclü axınla gəlməzdən əvvəl də bu ərazidə yaşamışlar. Manna toponimlərindən Simirria və Allabria eyni quruluşlu sözlərdir. Simirria sözünün assurca yazılışı simir və ri hissələrindən ibarətdir. Assur dilində v səsi olmadığına görə sivir sözünün simir kimi yazıldığı güman edilir. Türkcə şiver, şiber, monqolca şiver ‘qalın, sıx meşə, subasar kolluq’ və li (-ri) şəkilçisindən ibarətdir. (6; 78) Allabria (Alabria da yazılır) - Mannada vilayət adı olmuşdur (e.ə.VIII əsr). Q.Qeybullayev namə’lum al və türkcə ‘düzən’ mə’nasında opri sölərinə ayırmışdır.(6; 95) Fikrimizcə, Simirria sözündə olduğu kimi, burada da assur dilində v əvəzinə b yazıldığını güman etmək olar. Sözü ‘alovlu’ mə’nasında alav (alov) və -ri (-li) hissələrinə ayırmaq olar. Yanğın olan və ya alov kimi qırmızıya çalan ərazi imiş. Mannada vilayət adı (e.ə.714) kimi qeydə alınmış Surikaş toponimini Y.Yusifov altayca süüri -‘itiuc’, ‘üçbucaqşəkilli’, türkcə kaş - ‘silsilə’, ‘dağətəyi’ sözlərinə ayırmış və «itiuclu dağ silsiləsi» kimi izah etmişdir. (7; 353) Q.Qeybullayevin fikrinə görə, türkcə sori ‘alçaq, hamar dağ beli’; ‘dağ keçidi’, kaş ‘qaya’, ‘dağ çıxıntısı’ mə’nasındadır. Qeyd edilən mə’nalar yaxındır. Kaş sözünün ‘qaş’ olduğuna şübhə yoxdur. Suri sözü ‘sivri’ də ola bilər - ‘sivri qaş’. Q.Qeybullayev analoji olaraq Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında Suridaş adlı kənd, Balakən rayonunda Soorqaş adlı dağ olduğunu da bildirmişdir.(6; 74) Ereşteyena, Arzizu, Şatiraraqani, Sinixinu kimi toponimləri də azacıq fonetik dəyişikliklərlə bərpa etmək olur. Ereşteyena (e.ə.714) sözü Araz sözü ilə döyən sözündən ibarət olub, ‘Arazdöyən’ mə’nasındadır. Mananın Zamua ərazisində vilayət adı Arzizu qədim türkcə ar ‘qırmızıya çalan’ və siz(u) - ‘üfüqdə görünən’ (25; 506) sözlərindən ibarət olub ‘üfüqdə qırmızıtəhər görünən’ deməkdir. Şatiraraqani Mannada - Uişdiş ölkəsində vilayət adı olmuşdur; ş>s keçidi ilə satir - qədim ölçü və pul vahididir: qalan hissə ara(maq) ‘axtarmaq’ sözündən və -qan şəkilçisindən ibarətdir. Söz bütövlükdə ‘mal mübadiləsi aparılan yer’, hərfən ‘mal, pul əldə edilən, axtarılan yer’ mə’nasını verir. Görünür, Uişdişin bu ərazisi ticarət mərkəzi imiş. Sinixinu - Mannada yaşayış məntəqəsinin adı olmuşdur. Assurca yazılışının sinix və in hissələrindən ibarət olduğu (u assur adlıq halının şəkilçisi hesab olunur), türkcə sinq, çinq, qazax dilində şınq, tuva dilində şınq ‘sıldırım dağ yarğanı’, ‘alınmaz dağ’ və in ‘yarğan’, ‘çuxur’, ‘mağara’ sözlərindən düzəldiyi, Gədəbəydəki Şınıx kənd adının sözün birinci komponentinə uyğun gəldiyi göstərilir. (6;77) Qədim türk abidələrində in sözü ‘yuva’, ‘ayı yuvası’ mə’nasındadır. Görünür, yaşayış məntəqəsinə bu adı verənlər onu ‘sıldırım dağ belində alınmaz qala’ kimi təsəvvür etmişlər. İştatti toponimi şt>ss əvəzlənməsi ilə İssatti kimi bərpa olunur və ‘isti yer’, ‘odlu yer’ mə’nasında izah edilir (İran dillərində qarşılığı Atranu sözüdür və ‘Od yeri’ mə’nasındadır). (2; 116) Manna toponimləri içərisində Urmayate, Sirdakka, Arakdi şəhər və qala adları da vardır. Urmayate (Mannada şəhər və mahal adı) toponimini Q.Qeybullayev Urmiya gölünün adı ilə bağlamağı düzgün hesab etmir və göstərir ki, ərəb mənbələrində Cənubi Azərbaycan ərazisində Urmiya və Urm adlı iki yaşayış məntəqəsi olmuş, Urmeyate sözü başqa kökdən olub tədricən Urmiya şəklinə düşmüşdür; sözün əsasını ‘fal, nişan, əlamət, qabaqcadan xəbər vermə’ mə’nasında arım, irim sözü təşkil edir. Bu fikrin əsasında o dəlil də durur ki, bura mağ şəhəri olmuş və mağlar onu Zərdüştün doğulduğu şəhər saymışlar. (6;76) Fikrimizcə, bu sözdə -t, -at substantivlik və cəmlik yaradan şəkilçidir. Sözdə Ur-mia aydın görünür, ona görə də bu sözü -at şəkilçisi ilə urmilər (urmiyalılar) kimi başa düşmək olar. Sirdakka (Mannanın Missi vilayətində qala adı) toponimi türkcə sırt - ‘yastı yüksəklik’, ‘dağ silsiləsi’, ‘yastı dağ yalı’ - protoazərbaycan coğrafi adından (7; 352) və -(a)k şəkilçisindən ibarətdir; k səsi Assur dilində qoşalaşmışdır. Ona görə də əsli Sirdak şəklində olan bu sözü sirt-ak şəklində ayırmaq olar; M.Kaşğari sirt sözünü ‘cod tük’, ‘donuz tükü’ mə’nasında izah etmişdir. (33; 342) Bu söz eyni zamanda ‘biz-biz olmaq, tükləri biz-biz durmaq’ mə’nasını da ifadə etmişdir. Bu mə’nada sirt fe’lindən sirt-ak substantiv sifətinin düzəlməsi də təbiidir və bu sözün mə’nası ‘yastı dağ yalı’ndan çox, ‘kol-koslu dağ yalı’ kimi düşünülə bilər. Görünür, qala kollu dağ yalında, dağ çiynində yerləşirmiş. Arakdi (Mannada şəhər adı, e.ə.881) Q.Qeybullayev tərəfindən türkcə erik, xalxa-monqolca ereq, buryatca erye, kalmıkca erqe ‘sıldırım’, ‘yarğan’, ‘uçurum’, ‘qayanın, dağın kənarı, sahili’ sözündən və di (-li) şəkilçisindən ibarət bir söz kimi izah edilmişdir.(6; 74) Akşura, Uraş, Şuandahul, Sukki, Tarmakis, Tarun, Tardi, Tikriş, Buştu, Kinaki, Uihiki, Şimerihadiri, Lubliuni, Darbani, Armed, Pardu və s. Manna şəhər və qala adlarının quruluşu onların türk mənşəli olduğunu göstərir. Akşura toponimi ak - ‘ağ’ və şur ‘çay’ sözlərindən; Zirtu (sonralar İzirtu) - ‘yüksəklik’, ‘dağ döşü’, ‘dağ silsiləsi’ mə’nasında sırt, sirt sözündən; Uraş toponimi ur - ‘hündür yer’, ‘yüksəklik’ və aş(maq) fe’lindən düzəlmişdir. Sukki toponimi türkcə çoku, özbəkcə çikki, qazaxca şoki ‘konusvarı yüksəklik’, ‘dağın şiş zirvəsi, təpəsi’ mə’nasında izah olunur (6; 75) Y.B.Yusifov Tarmakis sözünü türkcə ‘çay keçidi’, Tarun sözünü ‘çay ayrıcı’.(2; 101), Tikriş sözünü tukriş - turqiş - ‘türk’ şəklində izah etmişdir. Bu adların bir qismində tar sözü iştirak edir. Tar sözü qədim türkcədə ‘qamış tikili’, ‘qamış bina’ (34; 148) və eyni zamanda ‘dar’ və ‘daralmaq’ mə’nasında işlənmişdir. Görünür, Tarmakis, Tarun kimi şəhərlərin əsası qamış tikililərdən başlayıb. Tardi sözü mənsubluq bildirən, sifət düzəldən -di(-li) şəkilçisi ilə sözün substantiv formasından əmələ gəlib - tar-li ‘qamışlı’, ‘qamış binalı’ şəklində. -di (-li) şəkilçisi bir sıra başqa sözlərdə də işlənmişdir: Buş-tu, Par-du, Pulua-di. Manna ərazisində qeydə alınmış: Bunaqiş, Arkaniya, Aziru, Uaşdirikku, Simaki, Uşni, Kinipa, Etini, Sanqiu, Sabua, Nispi, Simaki, Bişbizida, Arsita, Arsiyaniş kimi dağ adları da əksəriyyət e’tibarilə türkcə izah olunur. Dağ keçidinin adını bildirən Bunaqiş toponimi türkcə bun ‘dağlarda keçid başlayan yer’, ‘dağ çökəyi’, qiş ‘qaş’, ‘dağın qaşı’ mə’nasındadır. Arkaniya toponiminin birinci hissəsi arka (arxa) sözü hesab olunur: xakasca arğa ‘uzanmış dağ beli’, erqə ‘sıldırım yer’, ‘yüksəklik’ deməkdir; ikinci hissəsi ni - türk dillərində ‘çökəklik’, ‘çuxur’, ‘uçurum’, ‘yuva’ mə’nalarındadır. Aziru toponimi türkcə izer, izir ‘aşırım’, ‘dağ keçidi’, ‘dağ çökəyi’ sözündəndir (u assur dilində adlıq halın şəkilçisi sayılır). (6;78) Simaki sözünün kökü sim, çim (‘torpağın kökləri bir-birinə qarışmış sıx otlu üst qatı’) sözüdür (assur dilində ç olmadığı üçün söz simaki şəklində yazılmışdır; ak - ‘dağ yamacı’ kimi izah olunur. Qazaxıstandakı Çimbulak, Çim Kurqan dağ adlarında da çim sözü işlənməkdədir.(6; 78) Hiss olunur ki, ak söz yox, isim düzəldən qədim şəkilçidir: od sözündən ot( od)-aq sözünü düzəltdiyi kimi, sim (çim) sözündən çim-ak (‘çim-lik’ mə’nasında) əmələ gəlmişdir. Sanqiu toponimi müasir Səhənd dağı ilə lokalizə edilir. E.A.Qrantovski Avestanın dilindəki ‘əmr’ mə’nasında sanqha sözü ilə izah etməyə çalışmışdır. Təbii ki, əmr sözü ilə dağ adı olmaz. Başqa mülahizəyə görə, ç>s əvəzlənməsi ilə çanq, çınq türk sözündən (‘sıldırım dağ yarğanı’, ‘əlçatmaz dağ’, ‘çətin alınan zirvə’) ibarətdir və Altaydakı Sanqin-Dalay toponimi ilə müqayisə olunur.(6;74) Uaşdirikku toponimini Y.Yusifov türk. vaş ‘baş’, ‘uca’, dirik, tarak ‘daraq’ sözləri ilə, ‘uca, çoxdişli, daraqşəkilli dağ silsiləsi’ mə’nasında izah etmişdir.(7; 353; 2; 100) Q.Qeybullayevin fikrincə, yoğuş (yoxuş) və terek ‘dişli dağ zirvəsi’ mə’nasındadır. Həmdullah Qəzvininin qeyd etdiyi Təbriz yaxınlığındakı Culandarak toponimi ilə eyni sayılır və sözün ikinci hissəsinin Altaydakı Tas-Terek, Krımdakı Tarak-Daş, Tuvadakı Savday-Terek sözlərində də müşahidə olunduğu göstərilir.(6; 75) Sözün birinci komponenti Assuriya ilə Manna arasında Uauş dağının və vilayətinin adında da qalmışdır. Uauş (Uşini) dağ adı (e.ə.VIII əsr) yaş, yaşıl, yaxud baş (‘uca’ mə’nasında) sözünə uyğundur. İ.M.Dyakonova görə, Səhənd dağının bir hissəsidir. Q.Qeybullayevin fikrincə, Səhəndin yox, Savalanın Yaş adlanan hissəsidir. Arsiyaniş toponimində Arsi sözünün dağ adı olduğu qeyd olunmaqla, söz bütövlükdə ‘Arsi yanı’, ‘Arsi yenişi’ (türk. yaniş - ‘eniş’) kimi izah edilə bilir. Q.Qeybullayev arsi sözünün türkcə arça ‘ardıc kolu’, ‘şam ağaclığı’ mə’nasında olduğunu qeyd etmişdir. (6; 75) Manna ərazisindəki Arsita dağ adını da bu əsasla arsi ‘ardıc və şam ağaclığı’ və ta ‘dağ’ sözlərilə izah etmək olar. Kinipa - Manna (Zamua) ərazisində dağ adı olub, Gilqameş dastanında qeyd olunan Nisir dağına uyğun gəlir. Kin/ken qədim türkcədə ‘şəhər’ mə’nasındadır və sözlərin sonunda ‘şəhər’ mə’nası ifadə edir. (33; 339; 25; 297,307) ipa - ‘oba’ sözünə uyğundur. Görünür, dağa yaxın bir oba varmış. Cənubi Azərbaycan ərazisində sivilizasiya daha çox Urmiya gölünün ətrafı ilə bağlıdır. Hadisələrdə Urmiya gölü tez-tez xatırlanır. Bu göl ilə yanaşı, Araks, Ulay, Edir, İştaraura, Lallu, Elaniu, Buya və s. çay adları da maraq doğurur. Urmiya gölünün tarixən bir neçə adı olmuşdur və bunların hamısı türkcə izah olunur. Urmiya sözü ur, ure ‘yüksəklik’ və mua ‘su’ sözlərindən yaranmışdır. Strabonda gölün adı Mantiana şəklindədir, Söz Matiyen tayfasının adı ilə eyniləşdirilərək mannalıların hurri mənşəli olması (İ.H.Əliyev) fikrini doğurmuşdur. Q.Qeybullayev bu sözün türkcə man ‘daimi’, ‘həmişəlik’ və tu -’su’ sözlərindən ibarət olduğunu, ‘daimi, axmayan su’ mə’nasında işləndiyini müəyyən etmişdir. Bir sıra türk dillərində s>t keçidi ilə su sözü tu kimi işlənir: Altaymənşəli kamasinlər, koyballar, karakaslar göl məfhumunu thu sözü ilə ifadə edirlər, selkup dilində tu ‘göl’ deməkdir və s. Assur mənbələrində Urmiya gölü Zamua adlandırılır. Bu sözdəki mua b>m keçidi ilə ‘su’ deməkdir. Şumer dilində pu ‘bulaq’, tunqus-mancur dillərində mu, mue ‘su’ deməkdir. Karakasların, koybalların, kamasinlərin dilində bu ‘çay’ deməkdir. Pəhləvi mənbələrində və «Avesta»da Urmiya gölünün adı Çayeçasta kimi işlənmişdir. Bu sözü İran dilləri ilə izah etmək mümkün olmamışdır. E.A.Qrantovski Xarxar ərazisindəki Siqrakki (başqa variantda Tiqrakki) ərazi adı haqqında geniş mə’lumat vermiş, İran mənşəli saydığı bu sözün kökünün ‘sarımsaq’ mə’nasında siq sözündən ibarət olduğunu göstərmişdir. (26; 241-244) Assur dilində k qoşalaşmışdır. -i şəkilçisi də assur dilinə məxsusdur. E.A.Qrantovski -rak hissəsini izah etməmişdir, yalnız siq kökünün İran dillərində paralellərini axtarmışdır. -raq türk dillərində çox işlənən və daha çox sifətlərə qoşulan, bir çox hallarda tədricən substantiv söz yaradan şəkilçidir; siq sözü isə qədim türk dillərində ‘yerin ölçü vahidi’, ‘yerin ölçüsü’ və ‘sıx’ (dar, kiçik) mə’nasındadır. (25; 504) Siqrak - ‘dar yer’, ‘kiçik ərazi’ deməkdir. S-t fərqi isə mümkün haldır: Assur yazılarında eyni coğrafi adın müxtəlif şəkildə yazıldığı hallar çoxdur: Xarxubarra - Xalxubarra, Erenziaş - Elenziaş, Uişda - Uişdiş və s. Bunlar şivə fərqi və ya qonşu tayfa dilinə aid xüsusiyyət ola bilər. Bir sıra sözlərin sonunda işlənməklə yanaşı, Urmiya gölü ətrafında Buya ayrıca çay adı kimi də işlənmişdir. Türkcə biya ‘çay’, ‘su’ deməkdir. Bu söz Ob çayının qolu Biya, Tatarıstanda Biya, Muya, Başqırdıstanda Kamanın qolu Bıua, Orta Uralda Vıya, Tümen əyalətində Vıya çay adları ilə eynidir.(6; 78) Bütün bunlar öz mənşəyini Ön Asiyadan götürür. Biya çay adı ilə Zamua göl adının ikinci komponenti b>m keçidi ilə eynidir. Araks sözü qədim yunanlar tərəfindən qeydə alınmışdır. Y.Yusifovun fikrincə, ar hind-Avropa mənşəli olub ‘su’, aks (oks) türk mənşəli olub ‘çay’, ‘su’ deməkdir.(7; 299) Elamda çay adı kimi işlənmiş Ulay sözü - ‘olay’ sözüdür; Sonrakı adı Karun (kar - ‘iş, hərəkət’) da bunu sübut edir. Mannada çay adı olan Edir - r-l keçidi ilə türk dillərində Volqanın qədim adı ilə (Edil) eynidir. (7;342) Aydın olur ki, Volqanın qədim adını türklər Ön Asiyadan - Azərbaycandan aparmışlar. Manna çay adlarından biri də İştaraturadır; işta -türk. ‘isti’, raura - hind-Avr. ‘çay’ deməkdir və söz bütövlükdə - ‘isti çay’ mə’nasını verir. Orta əsrlərdə buradan axan çayın «Gərm rud» (‘İsti çay’) adlandırılması da (7; 353) bu fikri təsdiq edir. Manna antroponimlərinin mənşəyi rus və Avropa tədqiqatçıları, iranşünaslar tərəfindən İran və Qafqaz dillərində axtarılmış, etimoloji izah verə bilmədikdə həmin sözlərin namə’lum «qədim yerli dillər»ə aid olduğu və ya «Zaqro-elam dilləri», «Kaspi dilləri» kimi uydurma dil qrup və ya ailələrinə aid olduğu qeyd edilmişdir. Son dövrün tədqiqatçıları Manna antroponimlərinin türk dillərinə aid olduğunu müəyyənləşdirmişlər. Assur və Urartu mənbələrindən götürülərək araşdırılan adlar mannalıların dilinin fonetik xüsusiyyətlərini olduğu kimi əks etdirə bilmir. Yazı həmin dillərin fonetik xüsusiyyətlərinə əsaslandığı üçün etimoloji izah çətin olduğu kimi, bə’zən təqribilik hallarından da məhrum deyildir. Lakin əksəriyyət e’tibarilə xüsusi adların türkmənşəli olduğu özünü qabarıq şəkildə göstərməkdədir. Xüsusilə Q.Qeybullayevin araşdırmalarının mühüm faktlara söykənən əhəmiyyəti orasındadır ki, nümunələr VII-XII əsrlərin və müasir türk dillərinin materialları ilə müqayisə əsasında izah edilmiş, Manna xüsusi adlarının Xəzərin şərqində yaşayan türk xalqlarının dillərində zəngin analoqları müəyyən edilmişdir. Q.Qeybullayev qədim Manna və Mada ərazilərindəki bir çox toponim, etnonim və antroponimlərin, o cümlədən sar (çar) adlarının əksəriyyət e’tibarilə türk mənşəli olduğunu müəyyən etmiş, e.ə. I minilliyin birinci yarısına aid türk mənşəli zəngin onomastik material ortaya çıxarmışdır. (bax: 37; 46-275) Müəllif yazır: «Mannaların etnik mənsubiyyəti indiyədək namə’lum qalmışdı. Azərbaycan tarixçiləri də onları hurri mənşəli sayır, lakin Manna toponimlərinin və şəxs adlarının mə’lum şərq dillərində, o sıradan hurri dilində olmadıqlarını yazırlar. Deyilir ki, Midiya dövlətinə birləşdirildikdən sonra mannalılar iranlılaşmışlar, çünki Maday (Midiya) dövlətini iranmənşəli xalqın qurumu sayırlar. Bütün bu fikirlərin yanlış olması araşdırmalarımız nəticəsində üzə çıxdı və mannaların türkmənşəli olması aydınlaşdı. Sözsüz ki, türkmənşəli kutilər, lullubilər və kasların əsasında yalnız türkmənşəli etnos yarana bilərdi». (11; 30-31) Bu cəhətlərə, eyni zamanda tədqiq və araşdırmalarımızın ümumi nəticələrinə əsasən biz də bir sıra Manna şəxs adlarını nəzərdən keçirməyi lazım bilirik. Buriaş və Yanziburiaş şəxs adlarında buriaş komponenti eynidir. Allabriya hakimi Yanziburiaş (e.ə.843) adında yanzi sözü şumerlərdəki ensi ‘hakim’, ‘hökmdar’ sözünün lokal formasıdır. E.A.Qrantovski Buriaş sözünün kassitlərin allah adı olduğunu qeyd etmişdir.(26; 129) Buriaş sözü nostratik boran (burə) sözü ilə eyniköklüdür. Lakin kassit dilinə məxsusluğu və kassitlərin türkmənşəli olması sözün ilkin türk forması olduğunu göstərir. Zamuanın girişində əyalət hakiminin (e.ə.881-880) adı - Araştua antroponimi II Aşşurnasirapalın Kalxudan tapılmış «Böyük Monolit»ində üç dəfə işlənmişdir. Söz Ar-aş-tu-a, A-ra-aş-tu-a və A-ra-aş-tu şəkillərində oxunur. E.A.Qrantovski İran mənşəli Arşatava(h) və ya Rşatava(h) sözü ilə əlaqələndirmişdir. (26; 121) K.Tallkvist də İran mənşəli saymışdır. (39; 270) Q.A.Melikişvili yerli qədim dillərə aid etmişdir. E.A.Qrantovski sözün tua hissəsinin ‘güc’, ‘qüvvət’ mə’nasında tava sözündən olduğunu, arşa sözünün isə ‘güc ilə tə’min edən və ümumən ‘ər’, ‘kişi’ mə’nasında işləndiyini qeyd etmişdir. (26; 122) Q.Qeybullayevin fikrinə görə, şumer dilində eriş ‘bağışladı’, ‘bəxşiş verdi’ sözü ilə Utu (Günəş allahı) sözlərindən düzəlmişdir,-‘Utu (allahının) bəxşişi’ mə’nasında. (6; 80) Bizim fikrimizcə, sözün kökündə ‘igid’, ‘ər’, ‘əsgər’ mə’nasında ər sözü durur: ərşə - ərsə - ‘ərləşmək’, ‘igidləşmək’; tau - ‘dağ’ sözüdür - ‘dağ kimi güclü’, ‘dağ gövdəli ər’. Araştu şəklində oxunmuş bu söz, yəqin ki, Arşatu şəklində olmuşdur. Sibara əyalət hakiminin adı Birtatu (Pirtatu, e.ə.714) sözü K.Tallkvist və İ.M.Dyakonov tərəfindən iranmənşəli sayılmamışdır. E.A.Qrantovski sözün əsasını iranmənşəli bar - «nesti» sözü ilə əlaqələndirmiş, daha geniş şəkildə ‘bağışlamaq’, ‘təltif etmək’ mə’nalarında izah etmişdir. (26; 203) Bar - türk dillərində ‘getmək’, ‘aparmaq’ mə’nasında işlənən ən qədim sözlərdəndir. Lakin birtatu sözünün kökü ber fe’linə daha yaxındır. Ber sözü isə qədim türkcədə ‘vermək’, ‘təltif etmək’, ‘bağışlamaq’ (25; 95) mə’nasındadır. Birtatu sözü skif çar adı Partatua (Herodotda Prototi) ilə oxşarlıq təşkil edir. Bu oxşarlıq skif-türk tayfalarının vaxtilə Ön Asiyadan ayrıldığına dəlalət edir. Bit-Kapsi ilə Sibara arasındakı ərazinin hakiminin adı E.A.Qrantovski tərəfindən Bur-dada (e.ə.672) kimi qeyd olunmuşdur. Lakin müəllif bu sözü Bur-dada kimi yox, Burda-da kimi ayırmışdır. (26; 239) Görünür, Bur-dada kimi ayırdıqda mənşə aydın görünür, dədə sözü oxunur. Bur hissəsi isə bəlkə də pir sözüdür. Bu cür olduqda yuxarıdakı izah da öz əhəmiyyətini itirmiş olur, yə’ni Birtatu, Pirtatu, Prototi sözlərini də dədə sözü ilə izah etmək lazım gəlir. Qeyd edilən bu oxşar sözləri (Birtatu, Prototi, Burdada, Pirtatu) təhlil edərək bu qənaətə gəlmək olar ki, bunların hamısı eyniköklüdür və ber ‘ver’, dədə ‘dədə’ sözlərindən düzəlmişdir, ümumi mə’nası ‘Dədə verdi’ kimi anlaşılır. E.ə.714-cü ilə aid abidədəki Birtati forması Andarpati-Andarpatianu adlanan yerin qonşuluğundakı ərazi hakiminin adı olmuşdur. Buradakı Andarpatianu sözü (26; 239-240) gələcək Atropatenanın əcdadı kimi görünür. Manna şəxs adları içərisində qohumluq terminləri ilə düzələn şəxs adlarının olması da yuxarıdakı fikri söyləməyə əsas verir. Bu cəhətdən Ata, Kakia kimi şəxs adlarını xüsusi qeyd etmək olar. Zamuanın (Manna) Arzizu vilayətində hökmdar adı Ata (e.ə. 881-880) antroponimini V.İ.Abayev e.ə. IV əsrdə skiflərdə təsadüf edilən Atey adı ilə düzgün əlaqələndirmiş, lakin hər iki sözü həm osetin dilinə aid etmiş, həm də ədə sözü ilə bağlamışdır, bu sözlərin türk dillərinə məxsus olduğunu düşünməmişdir. E.A.Qrantovski də ata sözünün osetin dilindəki ədə ‘oteü, deduşka’ sözü olduğunu göstərmişdir. (26; 124) Halbuki bu söz türk dillərində mixi yazılardakı şəklinə daha uyğun formada - «Ata» şəklində işlənməkdədir.Türklərdə ata - müasir mə’nasından əlavə, ‘ulu əcdad’, ‘müqəddəs sələf’, ‘ulu’ mə’nalarını da ifadə etmişdir və erkən orta əsrlərdə uyğurlarda Atey Sili xaqan, Orta Asiyada ərəblərə qarşı Xürrəmi üsyanının başçısı Ata (776), Buxara hakimi Qisrif ibn Ata (VIII əsr) və s. adlarda da özünü qoruyub saxlamışdır.(6; 80) Ulu dildən gəlsə də, mixi yazılarda türk formasıdır. Mannada şəxs adı kimi işlənmiş Kakia (e.ə.859) antroponimini E.A. Qrantovski e.ə.520-ci ilə aid mənbədə Midiyada adı çəkilən Kaki adı ilə müqayisə etmiş, əfqan dilindəki kaka, qaqa sözləri ilə izah edərək İran mənşəli saymışdır. Əslində isə bu söz türk dillərinə məxsusdur və türk dillərində qağa ‘böyük qardaş’ mə’nasında geniş işlənməkdədir. Hunlarda Aq-Kaqa, oğuzlarda Əmir Kakaş adlarında da özünü göstərir. Sözün kökünü şumercə kiak ‘sevimli’ sözü ilə də bağlamışlar. (6; 81) Fikrimizcə, qohumluq terminlərindən düzələn şəxs adlarına Nur-Adad adını da qeyd etmək olar. Nur-Adad (Mannada Daqar hakiminin adı, e.ə.881-880) adını E.A.Qrantovski şəksiz-şübhəsiz akkad mənşəli saymışdır. (26; 124) Nur sözü aydındır. Lakin Adad sözü izah edilmir. Bizim fikrimizcə, bu sözdə saitlər samitdən sonra - Nur Dədə şəklində oxunmalı idi. Söz türk adlarına müvafiq qurulmuşdur və çoxişlənən Dədə sözündən ibarətdir. Dədə sözünün bir xüsusi ad kimi Manna dövründə dəb şəklində işləndiyini göstərən bir cəhət də başqa bir abidədə eyni mə’nada, lakin bir qədər fərqli oxunuşla təqdim edilən Dada adıdır. Dada (e.ə.820) Lullume-Zamua əyalətində Arzizu hakiminin adıdır. Adın Data (Data-a, Data-na) forması da mixi yazılarda işləkdir və bunların eyni ad olduğu şübhəsizdir. Dada - bə’zi alimlər tərəfindən Ön Asiyanın qədim dillərinə aid edilir. Hurrilərin və ya subarların dilinə aid edildiyi hallar da vardır. E.A.Qrantovski bu sözün İran mənşəli olmadığını qeyd etmiş, dat, dad, dada, data ‘dannıy’, ‘daöşiy’ sözlərindən ola biləcəyini təxmin etmişdir. (26; 124-125) Halbuki bu sözün türk mənşəli olduğunun sübuta ehtiyacı yoxdur. Türk dillərində Dədə sözünün iştirak etdiyi xüsusi adlar çoxdur: Dədə Qorqud, uyğurlarda (erkən orta əsrlər) Daday, türk runi yazılarında Dad, Şah İsmayıl Xətainin köməkçisi, qızılbaş bəylərindən Dədə bəy, Şirvan hakiminin oğlu Dədə xan (XVI əsr), e.ə.VI əsrdə Midiyada Dadaş və s. Dədə türkcə ‘ata’, ‘baba’, ‘ustad’, ‘ağsaqqal’ mə’nalarındadır. E.ə. IX əsrin son rübündə Mada ərazisində qeydə alınmış 28 hökmdar adından biri Tata’dır. Aramey və akkad sənədlərində Ta:ta şəklində işlənən bu ad da ‘ata’ mə’nasındadır. Bə’zən oğula müraciətlə işlənmişdir. E.A.Qrantovskinin iranmənşəli saydığı bu söz də Dədə sözüdür. Bu adın mağlara aid olması (26; 217) ‘ata’ mə’nasını daşımaqla yanaşı, bə’zən uşaqlara da müraciətlə işlədilməsi həmin sözün Dədə sözündən ibarət olduğuna şübhə yeri qoymur (Yalnız bizim xalqın dilində əzizləmə məqamında uşağa «dədə» deyə müraciət edilir). Manna hökmdar adlarından Musasin (e.ə.881-880) antroponimini Q.Qeybullayev şumercə mu ‘mənim’, sa/za ‘ürək’ və Sin (Ay allahının adı) sözləri ilə izah edərək ‘Ay allahı mənim ürəyimdir’ kimi mə’nalandırmış və Sin sözünün şumer-akkadlarda Şusin (e.ə.2037-2029), İbisin (e.ə. 2028-2004), Ramsin (e.ə.1822-1763), Elamda Varadsin (e.ə.1834-1823) çar adlarında da işlənmiş olduğunu qeyd etmişdir. (6; 79) Şumerlərdə Ay allahının adı ilk dövrlərdə Suen şəklində olmuş, hətta akkadlar da həmin sözü bir müddət öz çar adlarına bu cür əlavə etmişlər: Bur-Suen, İbbi-Suen, Naram-Suen və s. (e.ə.III minillik). Lakin sonralar bu söz sin şəklinə düşmüşdür.(6; 79) Mannada Musasin, Erisin, Şarsin çar adları bu cür izah olunur. Sin müxtəlif variantlarda: -sın, -sin, -sun, -sen şəkillərində işlənmiş və qədimdə ‘adam’ mə’nasını ifadə etmişdir; -çı,-çi, -çu,-çü şəkilçisinin əcdadı hesab olunur. Sarışın, qaraşın sözlərində ‘sarı adam’, ‘qara adam’ mə’nasında qaldığı göstərilir. Q.Qeybullayev yazır: «Manna və Midiyada şəxs adlarının şumer dilindən olması diqqətəlayiq məsələdir. Bunun səbəbini aydınlaşdırmaq çətindir: ya qədim mannalar və madaylar (yaxud onların müəyyən hissəsi) mənşəcə sonrakı şumerlərdir, ya da Altay-türk mənşəli şumercə hesab etdiyimiz sözlər mannaların və madayların da dillərində vardı». (6; 79-80) Şumerlərlə mannalar lullubilər, sular, kutilər, turukkilər vasitəsilə qohumdur. Əvvələn, şumerlər kuti və lullubilərdən ayrılıb İkiçayarasına enmişlər, eyni kökdən olan tayfalardır, ikincisi də akkadlar Şumeri işğal edərkən şumerlərin bir qismi İkiçayarasını tərk edərək yenidən öz vətənlərinə - Manna ərazisinə qayıtmışlar. Sin sözü Ullusunu, Telusini, Şulusunu, Erisini, Şarsin kimi bir sıra başqa Manna şəxs adlarında da qalmışdır. E.A.Qrantovski Ullusunu (Manna hökmdar adı, e.ə.716-680) sözünü iranmənşəli saymamışdır.(26; .248) Bu söz qədim dillərdə də izah olunmur. Sözün türk dillərində ‘ulu adam’, ‘hökmdar’ mə’nasında ulu sözü ilə sin sözünün birləşməsindən düzəldiyi göstərilir. (7; 350) Telusini (Manna canişini) sözünü Y.Yusifov «Tele tayfasına mənsub adam» mə’nasında izah etmişdir.(2,117) Q.Qeybullayev isə telu ‘qoçaq’, ‘cəsur’, arxaik mə’nada ‘dəli’, yaxud tuluy ‘çalağan quşu’(«Dədə Qorqud»da «tulu quşun yavrusu» ifadəsi) və Sin (allah) sözü ilə bağlamışdır. Kök e’tibarilə Sin allah adı olsa da, artıq ‘adam’ mə’nasını ifadə edir. Sözün kökü (Telu) «Dədə Qorqud»da Dəli Qarcar, Altayda türk xaqanı (VI əsr) İbn Tulu, VII əsrdə türk bolqarların xanı Dulu (Tulu), yenə həmin əsrdə Altayda Şibi xaqanın oğlu Tuli, Çingiz xanın oğlu Tuluy adları ilə müqayisə edilmişdir.(6; 83) Andiya vilayət hakimlərindən birinin adı da Telusina olmuşdur. E.A.Qrantovski Şulusunu (Manna ərazisində Xarruna hakiminin adı, e.ə.828) antroponiminin də İran dillərindən olmadığını, yerli əhalinin dilinə məxsus olduğunu qeyd etmişdir. (26; 188) Ullusunu, Telusini, Erisini və s. kimi adlar göstərir ki, bu sözlər eyni quruluşludur və ikinci komponent sin sözündən (sonrakı dövrlərdə -çı şəkilçisindən) ibarətdir. Şulu, güman ki, tayfa adıdır. Söz ‘Şulu (tayfa) adamı’ mə’nasını verir. Erisinni (e.ə.719) antroponimini də E.A.Qrantovski iranmənşəli saymamışdır. (26; 248) Söz qədim türk dillərində eri - ‘ər’, ‘cəsur’, -sin ‘adam’ hissələrinə ayrılır. Başqa bir mülahizəyə görə, şumer dilində ere ‘qul’ və Sin (Ay allahının adı) sözlərindən düzəlib, ‘Sin (allahının) qulu - Allahqulu’ deməkdir. (6; 82) İ.M. Dyakonov e.ə.3000-2800-ci illərdə akkad dilinə məxsus ere sözünün şumerlərə keçdiyini qeyd etmiş, türk dillərindəki ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’ sözünü bu sözdən fərqləndirməyə çalışmışdır. Əslində isə ‘qul’, ‘oğul’, ‘adam’, ‘döyüşçü’ və s mə’nalarda olan ər, ere sözü ulu dilə məxsusdur və müxtəlif dil ailələrinə ulu dildən keçmişdir. Lakin qeyd edilən forma şumer-türk formasıdır. Sözün ‘cəsur adam’, ‘igid adam’mə’nası daha ağlabatandır. Sin sözünün iştirakı ilə düzələn Şarsin (e.ə.821) sözünün birinci komponenti şar - ‘sar’, ‘çar’ sözüdür. Söz ‘çar adam’, ‘hökmdar’ mə’nasında ləqəb kimi çıxış edir. E.A.Qrantovski sözün iranmənşəli olmadığını qeyd etmişdir. (2; 6194) Sin sözünün daha qədim ‘Ay allahı’ mə’nası nəzərə alınaraq, Şarsin sözü ‘Sin (allahı) çardır’ kimi də izah edilmişdir.(6; 83) Y.Yusifova görə, ‘sarışın’, ‘sarımtıl adam’ mə’nasındadır. E.A.Qrantovski Ualki (Udaki) (Manna hökmdar adı, e.ə.828) antroponimini Hudaka şəklində bərpa etməyə çalışmış və İran mənşəli sayaraq Hu-da-ka hissələrinə ayırmışdır. Müəllifin fikrincə, əsas hissə da fe’lidir - hind dilində «yaxşı (və ya çox) bəxş edən» mə’nasındadır; -ka - şəkilçidir.(26; 186) Biz əlavə edirik ki, qədim sanskritdə Udaka şəxs adı da vardır (25; 605), lakin, fikrimizcə, sözün əsasında türk ud fe’li durur. Qədim türklərdə ud fe’li ‘izləmək’, ‘qovuşmaq’ mə’nalarındadır (25; .605); Ki - şumer allah adıdır və söz bütövlükdə «Yer allahının ardınca gedən» mə’nasını verir. Görünür, söz, əslində, Udenki (Ud-En-Ki - ‘EnKi-yə qovuşmaq’, ‘EnKi-ni izləmək’) şəklində olmuşdur. Manna xüsusi adlarından biri də Kundaşp (e.ə.854) sözüdür. İ.M.Dyakonov və E.A.Qrantovski sözün sonunda əsb ‘at’ (fars) sözünü görmüşlər. Q.Qeybullayev türkcə kun ‘gün’, daş ‘həmrə’y, ‘yoldaş’ və bi, pi ‘başçı’, ‘knyaz’, ‘şahzadə’ sözlərinə ayırmışdır’. «Oğuznamə»də Gün xan, oğuzlarda (XI əsr) Gün Toqdı, qazaxlarda Kunsulu və s. adlarda da işlənmişdir. Kuştaşpi (e.ə. 742) sözü də eyni cür izah olunur: türkcə kuş (quş), daş və pi sözlərinə ayrılır. Xarəzm hakimi (XIII əsr) Kuş təq’in adı. (6; 81) Onu da qeyd edək ki, bu sözlərdə -daş göstərilən qrammatik mə’nanı ifadə edən şəkilçidir. Manna hökmdar adı İranzu (e.ə.740-719) türk dillərində ir - ‘cəsur’, ‘ər’ (yaxud ir tayfa adı), -an mənsubluq bildirən şəkilçi və zu(n) - sun ‘kişi, adam’ sözlərinə ayrılmış, - ‘ən cəsur adam’, yaxud ‘İr tayfasına mənsub adam’ mə’nasında izah edilmişdir. (2; 118) Başqa bir mülahizəyə görə, türkcə ər ‘kişi’, ‘igid’ və kas dilindəki yanzi ‘hakim’, ‘hökmdar’ sözlərindən, yaxud türkcə ərən ‘cəsur’, ‘mərd’ və şumercə zu ‘müdrik’ sözlərindən ibarətdir. (6; 94) Bu izahlar göstərir ki, İranzu ad deyil, ləqəb olmuşdur. İranzu - akkad formasıdır, sözün ikinci komponenti kassi dilində yanzi, şumer dilində ensi sözlərinə uyğundur. E.A.Qrantovski sözün iranmənşəli olmadığını e’tiraf etmişdir. (26; 248) Mannanın və Manna əyalətlərinin Metatti, Nikdiar, Asa, Baqdatti, Kirtiara, Ameka kimi bir sıra hökmdar adları da türkcə izah olunur. Zikirtu canişininin adını bildirən Metatti antroponiminin hind-Avropa me (med) ‘bal’ sözü ilə türk -tti (-li) şəkilçisindən ibarət olduğu və «Ballı» mə’nasında işləndiyi qeyd edilmişdir (7; 350); m-b keçidi ilə med və bal nostratik sözdür, əksər dil ailələrində işlənməkdədir. Nikdiar (e.ə.821) şəxs adı Q.Qeybullayev tərəfindən şumer dili materialları əsasında iki cür izah edilmişdir: Enki - Şumer allahı, du ‘yaxşı’ və ara ‘qul’ sözlərindən ‘Enki allahının yaxşı qulu’ mə’nasında; ni(k) ‘şey’, di ‘tikmək’ və ara ‘qul’ sözlərindən ‘(Allaha) mülk tikən qul’ mə’nasında.(6; 82) Fikrimizcə, Enki və ər sözləri doğru müəyyən edilmişdir; di sözünü şumer dilindəki ‘tikmək’, ‘qurmaq’, ‘eləmək’ mə’nasında nəzərə almaqla sözü ‘Enki ər edən’ (Enki tərəfindən ər edilən) mə’nasında ləqəb saymaq daha düzgün olardı: Enki-di-ər - ‘Enki etdi ər’. Nikdiar sözü ilə ona görə bir qədər fərqlənir ki, mixi yazı oxunarkən eN və Ki sözlərində saitlər buraxılmış, arada bir sait işlətməklə NiK hecası düzəldilmişdir. Mannada Upudan əvvəlki Gilzan hakiminin (e.ə.718-716) adı Asa (Asau) başqa bir mənbədəki Aza adı ilə uyğundur; türk aca («böyük qardaş») sözünün mixi yazılış forması sayılır. E.A.Qrantovski də Asa və Upu adlarını İran mənşəli saymamışdır.(26; 130) V əsr Alban çarı Asay, orta əsr xakas xaqanı Ajo, uyğur xanlarından Aço, oğuzlarda Azak adları ilə müqayisə edilir.(6; T94) Baqdatti - Mannada vilayət canişininin adı olmuşdur; Altay-türk baqda (boqda) ‘müqəddəs’ və -ti (-li) şəkilçisindən ibarətdir. Kirtiara (e.ə.881-880) - Zamua ağzında əyalət hakiminin adı olub, əksər alimlər (Q.A.Melikişvili, İ.M. Dyakonov, İ.H.Əliyev və b.) tərəfindən «yerli adlar» sırasında qeyd edilmişlər. E.A.Qrantovski hind dilindəki krti ‘yararlı’, ‘iş görən’, ‘fəal’ sözü ilə əlaqələndirmişdir. Q.Qeybullayev Kiur (allah), ti ‘tikən’ və ara ‘qul’ sözləri ilə izah etmişdir: ‘Kiur (allahının) tikən qulu’.(6; 80) Sözün kökündə həqiqətən Kiur sözü aydın müşahidə olunur. Sonunda ər sözü də şübhə doğurmur; ti hissəsi daha çox ‘di/de(mək)’ fe’linə uyğun gəlir - ‘Kiur deyən ər’ mə’nasında. Ləqəb kimi dərk olunur. Sözün əsli, zənnimizcə, Kiur-ti-ər olmalıdır. Mannanın Zamua vilayətlərindən birində hökmdar adı Asa (Asau) (e.ə.881-880) E.A.Qrantovski tərəfindən İran mənşəli sayılmışdır. (26;123-124) V.Miller, F.Yusta, M.Fasmer, A.Zqusta və b. skif-sarmat dillərində amayakos, osetin dilində amayəq (‘inşa etmək’, ‘tikən’, ‘inşaatçı’ mə’nalarında) sözləri ilə müqayisə etmişlər. Bizcə, bu cür müqayisə, qeyd edilən söz hətta ləqəb də olsa, ağlabatan deyildir. Q.Qeybullayevin fikrincə, türkcə amaq, omaq ‘qıvraq’, ‘xoş təbiətli’, ‘cəld’, ‘yaxşı əhvali-ruhiyyəli’ sözündəndir. Skiflərdə Amak (e.ə.VII əsr), sarmatlarda Amaqa, sonralar Elxanilər sülaləsində Abaqa xan, XIV əsrdə Sibirdə Tümen xanı İbak və s. adlarla daha əsaslı müqayisə olunur. (6; 79) Akkad dilində e-nin ‘ai’, ‘aya’ kimi oxunduğu mə’lumdur. Ona görə də Ameka sözünün Amayaka kimi tələffüzü də düşünülə bilər. Burada isə amay və aqa sözləri müşahidə olunur. Y.B.Yusifov Ahşeri, Ualli, Urtaki, Teuman Manna və Elam hökmdar adlarını türkcə izah etmişdir. Ahşeri (e.ə.675-650) adı eri ‘ər’, ‘kişi’ ‘qoçaq’, ‘cəsur’ və axs/axş ‘axsaq’, ‘ləng’, yaxud aşex ‘alçaq’, ‘mənfur’ türk sözləri ilə izah edilmiş, ‘mənfur ər’ və ya ‘axsaq, ləng ər’ kimi mə’nalandırılmışdır. Hökmdara verilmiş ləqəb olduğu güman edilir. (7; 354; 2,117) Ualli (yaxud Valli) (e.ə.650-630) şəxs adı türk dillərində ualli, balli - ‘ballı’, ‘şirin’, ‘bal kimi’ sözləri əsasında Bal-lı adının ilkin forması sayılır. (7; 354) Urtaki (Elam hökmdar adı, e.ə VII əsr) - orta+-q (‘əlbir’, ‘dost’) sözüdür, Teuman (Elam hökmdar adı, e.ə VII əsr) isə hunlarda Teoman (Tuman) hökmdar adına uyğun hesab olunur (7; 323) və s. Bunlardan əlavə, mixi yazılarda Zizi (Qizilbundada çar adı), Zala (Kitpatda çar adı) kimi iranmənşəli olmadığı qeyd edilən (26; 204) bir sıra adlar da vardır. Şübhəsiz, bunların yazılışında təhrif vardır. Qədim yazılarda tək-tək ümumi isimlərə də rast gəlmək olur. həvən - türk mənşəli söz olub ‘həvəng’ deməkdir. Avestada işlənməklə yanaşı, Persapolda tapılmış qablar üzərində də yazılmış olduğu göstərilir. Elam dilində alala sözü ‘halla-halla’ nidası kimi başa düşülür (7; 326) Qonşu xalqların, xüsusən elamların dilində də türk mənşəli sözlər qabarıq görünməkdədir. Sukkalmah - Elamda yaranmış üçhakimiyyətli sistemdə ali hökmdar tituludur - ‘böyük elçi’ mə’nasındadır; sukkal - saqqal, mah - b>m keçidi ilə ‘böyük’ sözüdür. Ondan aşağı vəzifəyə sukkal («elçi») deyilirdi. Görünür, söz sineqdoxa (kiçiltmə) yolu ilə yaranmışdır. III fəsil - Fonetik xüsusiyyətlər Manna toponim, etnonim və antroponimlərində türk dillərinə məxsus bir sıra fonetik xüsusiyyətlər mühafizə olunmuşdur. Sözlərdə daha çox səs əvəzlənmələri müşahidə olunur. Bu hal neçə minillik yolda tayfa dillərinin inkişafı ilə bağlı olduğu kimi, müəyyən dərəcə mixi yazıların oxunuşundan da irəli gəlir. Mixi yazılarda bir çox hallarda kar və cingiltili samitləri düzgün müəyyənləşdirmək mümkün olmamışdır. Lakin əksəriyyət e’tibarilə ağlabatan olan səs keçidlərini öyrənmədən sözlərin mənşəyini müəyyənləşdirmək çətindir. Ona görə də xüsusi adların etimoloji tədqiqində səs keçidlərini dəqiqləşdirməyin müstəsna rolu vardır. Əvəzlənmələrin bir qismi dilimizin müasir səviyyəsində sözün fonetik tərkibi ilə müqayisə əsasında müəyyən edilmişdir. Bə’zən digər türk dillərində sözün fonetik quruluşu nəzərə alınmışdır. Bir sıra hallarda isə sözün qeydə alındığı qədim mənbələrdə səs keçidləri əsas götürülmüşdür. Manna xüsusi adlarında aşağıdakı səs keçidləri müşahidə olunur: d>n keçidi: Ma- da // Ma-na. Mada və Man(n)a haqqında ilk mə’lumat e.ə.IX əsrin 40-30-cu illərinə aiddir və təqribən eyni vaxtda verilmişdir. Hər iki sözün kökü MA>BA ‘allah’, ‘başçı’, ‘kahin’, ‘rəis’ sözüdür; na və da hissələri fərqlidir. Bu hissələrin hər ikisi yer, məkan, ölkə bildirən söz olmuş, tədricən -da yerlik hal şəkilçisi kimi sabitləşmiş, -na onun assimilyasiyaya uğramış forması kimi qalmışdır. t>d keçidi: taur - sonrakı mənbələrdə davar, ti (dik) - dik (hündür yer); d>t keçidi: dalay (tayfa adı)- talay, tele(ut) (Mərkəzi Asiyada tayfa adı); b>v>m keçidi: : subi-sumbi-suvbi (*Sub tayfa adı); b>m keçidi: *bağ-mağ (tayfa adı); k>y keçidi. Ki(r) - Yer; ş>ç keçidi: uş - üç (üç); k>q keçidi: kaya - qaya; Kalah - Qalax; ş>s keçidi: Uşkaya - Üskiyyə (yerin müasir adı); d>l; t>d>l keçidi: -duq - -luq şəkilçisi; Malak-tu - Malak-du-Malak-lu; y>q keçidi: Kaşyar - Kaşqar (vilayət və dağ adı); z>s keçidi: İzibia sözündə izi türk dillərində ‘isti’ sözü hesab olunur; p>b keçidi: Parfiya, Persida, Parsua sözlərinin kökü ba(y)ır, bö(y)ür sözləridir və bu sözlərdə anlautda p cingiltiləşmişdir; b>m keçidi: bia- başqa türk dillərində mua (‘su’); s>ş keçidi ilə sin sözü şın şəklinə düşmüş, qaraşın, sarışın sözlərində qalmışdır. r>l keçidi: Simar-ri (sibar-li)- yer adı; Nümunələr əsasında güman etmək olardı ki, Kullar - Kollar (dağ adı) sözlərində k’>k, Bara >Bərə sözlərində a>ə keçidi vardır. Lakin fikrimizcə, bu sözlər tarixən də ikinci komponentlərdə göstərilən şəkildə tələffüz olunmuşdur. Səs artımı: izi - isti; Səs düşümü: v səsinin düşümü ilə diftonq yaranması: taur (əsli davar); Sua (Suba çay adı); Metateza: Tukriş -Turq(k)iş (şəhər adı); Açıq hecalı sözün qapalı hecalı sözə çevrilməsi: ta - dağ; ti - dik; Samit səsin qoşalaşması: Mana - Manna; Səsdüşümü nəticəsində sait uzanması: Pa:rfiya, Pa:rsua, Pe:rsida sözlərinin kökündə ilk hecadakı a, ö, e saitləri (yəqin ki, səsdüşümü nəticəsində) uzun tələffüz edilmişdir. III fəsil - Qrammatik xüsusiyyətlər Tədqiq olunan tayfa dillərinin materialları akkad və assur mənbələrində mühafizə olunduğundan sözdəyişdirici, formadüzəldici şəkilçiləri üzə çıxarmaq o qədər də asan deyil. Xüsusi sözlərin əksərən adlıq hal formasında qeydə alınması da çətinliklər törədir. Bu nisbətdə sözdüzəldici şəkilçilər bir qədər fəal görünür. Toponim, etnonim və antroponimlərdə aşağıdakı şəkilçilər müşahidə olunur: -li,-lu şəkilçisi; mənsubluq bildirən, yer adı, şəxs adı yaradan sözdüzəldici şəkilçidir. Lal-lu, Hila-lu, Malak-tu (l>d>t keçidi ilə) (şəhər adları); r>l keçidi ilə ‘subasar kolluq’, ‘subasar meşə’ mə’nasında Simar-ri (sibar-li) sözü; Allabria/Alabria sözü: alab/alav (alov) və -ri (-li) şəkilçisi; Tar-di (Tar ‘qamış bina’-li) - ‘qamış binalı’; Metatti xüsusi adı: meta ‘bal’ və -tti (-li) şəkilçisi - ‘Bal-lı’ sözü. Manna hökmdar adı Ualli - Bal-lı; -duq şəkilçisi: dur (‘durmaq’, ‘dayanmaq’) fe’lindən dur-duq ‘dayanacaq yer’, ‘şəhər’; -qan şəkilçisi: Şatiraraqan-i sözü satir (pul vahidi), ara(maq) sözləri və -qan şəkilçisi; -ak (-aq) şəkilçisi; bu şəkilçi vasitəsilə adlardan ad düzəldilmişdir. Sirt (‘kol-koslu dağ beli’) sözünə -ak şəkilçisi artırılmaqla qala adı - Sirdak(k)a; çim (‘sulu yerdə kökləri qarışmış otlar’ - çim-ak ‘çimlik’; -q şəkilçisi; -aq şəkilçisinin bir variantı olan bu şəkilçi də adlardan ad düzəltmişdir: Urtak(i) adının (Manna hökmdar adı) Urta-q (orta-q) şəklində düzəlməsi; -un şəkilçisi; bu şəkilçinin vasitəsilə fe’llərdən isim düzəldilmişdir; məs.: tar - ‘daramaq’, ‘ tikmək’, Tar-un - ‘qamış tikili’ (kənd, qala, şəhər); -iş şəkilçisi; fe’ldən isim düzəldən bu şəkilçiyə yan/yen-iş (yeniş) sözündə təsadüf edilmişdir: Arsiyaniş (dağ adı) - ‘Arsi yenişi’; Gil yazılarda işlənmiş sin sözü müasir -çı,-çi,-çu,-çü şəkilçisinin əcdadı sayılır. Şumer ay adını bildirən bu söz ilk dövrlərdə Suen şəklində işlənmiş, tədricən sin formasını almaqla həm də ‘adam’ mə’nasını ifadə etmişdir. Şar-sin, Eri-sin, Musa-sin sözlərində ‘adam’ mə’nasındadır: Çar-adam, Ər-adam və s. Sonralar son samitin düşməsi və s>ç keçidi ilə -çı şəklini almış və variantlaşmışdır. Görünür, -çı şəklinə düşərkən də hələ ‘adam’ mə’nasını saxlayırmış - rus dilindəki çelovek sözünün kökündə həmin mə’na qalmışdır. Nostratik söz olsa da, qaraşın (‘qaramtıl adam’), sarışın (‘sarıtəhər adam’) sözlərindən göründüyü kimi, sin türk tələffüz formasıdır; -an şəkilçisi; bu şəkilçi formadüzəldici fe’li sifət şəkilçisi hesab oluna bilər: Ereşteyena sözü Eres (‘Araz’) və tey-en (‘döy-ən’) hissələrinə ayrılır; -lar cəm şəkilçisi; Bu şəkilçinin türkmənşəli olduğu və mixi yazılarda türk kəmiyyət şəkilçisi kimi işləndiyi təkzibedilməzdir. Kul-lar (‘Kol-lar’ dağ adı); Lal-lar-ip - kökü ‘lal’ (dilsiz) sözündən ibarət olan bu etnonimdə -lar və -ip şəkilçiləri ilə ikiqat cəmlik yaranmışdır (-ip şəkilçisini artıranlar lallar sözünü kök hesab etmişlər). -lar şəkilçisinin -ip cəm şəkilçisindən əvvəl işlənməsi onun çox qədim olduğunu göstərir; -at cəm şəkilçisi: Urmiyate sözündə -at kəmiyyət şəkilçisi kimi çıxış edir. Bu cür sözlər göstərir ki, kəmiyyət bildirən -at şəkilçisi dilimizdə qədimdən mövcud olmuş, lakin eramızın VII əsrindən bir sıra başqa ərəb alınmaları ilə Azərbaycan dilində daha intensiv işlənməyə başlamışdır; -ak şəkilçisi yiyəlik (mənsubluq) bildirən şəkilçi kimi də işlənmişdir: Nin Şuşin-ak - ‘Şuşinin (Suzun) sahibi’ birləşməsində -ak şəkilçisi müasir dilimizdəki yiyəlik hal şəkilçisinə (-ın) müvafiq gəlir. Müasir dilimizdə yiyəlik halın -ın şəkilçisi «tə’yin + tə’yinlənən» modelinin birinci komponentində özünü göstərir. Lakin dilimizin tarixinə «tə’yinlənən + tə’yin» modeli də yad deyil və mixi yazılardakı -ak şəkilçisi bu modeldə özünü göstərir. Bu şəkilçi şumer dilində də eyni funksiyanı yerinə yetirmişdir (2-ci fəslə bax). Bunun özü də şumer-türk varisliyini göstərən mühüm əlamətdir; Xüsusiləşməyən əlavələrin iştirakı ilə mürəkkəb adların yaranması: İranzu ləqəbi ər (‘igid’, ‘cəsur’) və yanzi (‘hakim’, ‘hökmdar’) sözlərindən yaranmışdır - yanzi sözü ər sözünə xüsusiləşməyən əlavə kimi qoşulmuşdur - Ər yanzi - ‘ər hökmdar’; Müasir dilimizdə cümlənin xüsusi ad kimi sabitləşməsi halları (Allah verdi - Allahverdi) qədim xüsusi adlarda da müşahidə olunur; məsələn, Nikdiar xüsusi adı Enki-di-ər (‘Enki etdi ər’ - Enki ərlik, cəsurluq verdi) şəklində formalaşmışdır; Yanaşma yolu ilə mürəkkəb adların yaranması üsulu daha çox müşahidə olunur: Uş+kaya = ‘Üçqaya’, Uiş+diş = ‘Beşdiş’; izi (‘isti’) - bia (‘su’) = ‘İstisu’; Suri (‘itiuc’, ‘üçbucaqşəkilli’) + kaş (‘qaş’) = ‘Surikaş’; Ak (‘ağ’) + şura (‘şur - çay’) = ‘Akşura’ və s.; Xarxarbarra sözündən aydın olur ki, sonralar yanaşma-uzlaşma əlaqəli birləşmə kimi formalaşan birləşmələr hələ ilkin dövrlərdə yalnız yanaşma əlaqəsi əsasında qurulmuşdur: Xarxar-barra - ‘Qarqar bərə(si)’. III fəsil - MADA: etnik tərkib və dil məsələləri Son tarix kitablarında çox zərərli bir məsələnin bünövrəsi qoyulmuşdur - Mada qədim İran dövləti kimi izah olunur: «Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı». (1; 217) Mə’lumdur ki, o zamanlar «Cənubi Azərbaycan» anlayışı yox idi. Bu anlayış sonralar təşəkkül tapmışdır və biz «Cənubi Azərbaycan» dedikdə, təbii ki, bütün mə’lum ərazini nəzərdə tuturuq. Ona görə də müəllifin dediyi «Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə» sözlərini həqiqi mə’nada anlasaq, onda madalıların yaşadığı ərazi Azərbaycan ərazisi deyil və madalılar da bizim əcdadlarımız deyillər. Bəlkə texniki səhvdir? Akademik tarixin sonrakı fəslinə - «Cənubi Azərbaycanın midiyalılar (madalılar) tərəfindən işğalı. Manna çarlığının süqutu» fəslinə (X fəsil) baxaq. Fəslin elə adı da göstərir ki, Mada Cənubi Azərbaycandan ayrı təsəvvür edilir. «E.ə. VII əsrin sonunda - VI əsrin başlanğıcında madalılar Mannanı, Urartunu və Skif çarlığını özlərinə tabe etdilər... Mada Cənubi Azərbaycanın, Urartunun və Skif çarlığının torpaqlarının tam hakimiyyətə malik olan sahibinə çevrildi».(1; 228) Əgər madalıların ərazisinə Cənubi Azərbaycan ərazilərinin şərq və cənub-şərq torpaqları da daxil idisə (başlanğıcı bu cür olub), onda Mannanın, başqa vilayətlərin işğalından söhbət gedə bilər, daha Mada özü özünü necə işğal edə bilər? Bütövlükdə Cənubi Azərbaycan ərazisinin işğalından söhbət gedirsə, onda madalılar bu ərazidə deyillər. «Mada dövləti... İran aləminin mədəni və dini mərkəzinə çevrilmişdi».(1; 231) Bu fikir təsadüfi deyil və eyni şəkildə «Azərbaycan tarixi»-98-in 233-cü səhifəsində də təkrar edilmişdir. Mada İran dövləti idisə, kitabda ona bu qədər yer verməyin nə mə’nası vardı? Manna nə üçün sonralar «Kiçik Mada», yaxud «Atropat Madası» adlanırdı? İ.Əliyev özü qeyd edir ki: «...həm «Midiya» və «Atropatena» (və onlardan düzələnlər), həm də «midiyalı» və atropatenalı» (və onlardan düzələnlər) terminləri əsrlər boyu əksərən bir-birini əvəz edən terminlər kimi işlənmişlər». (12; 25-26) Mada imperiyasına münasibətdə tarixçilər öz əvvəlki doğru mövqelərindən imtina etməkdədirlər. 1958-ci ildə çap olunmuş «Azərbaycan tarixi»ndə (1-ci cild) Midiyanın doğru olaraq Azərbaycan dövləti olduğu göstərildiyi halda (bax:səh.40; .41-51 və s.), 90-cı illərin tarix kitablarında Mada İran dövləti kimi təqdim edilir. Manna ilə yanaşı, Mada dövlətinin adı qaynaqlarda e.ə. IX əsrdən qeydə alınmışdır. Farslar isə İran ərazisinə tezi VIII əsrdə gəlmişlər. İran tayfaları uzun müddət Madanın ətraf ərazilərində dolaşmış, Madanın daxilinə nüfuz edə bilməmiş, xeyli müddət bir satraplıq kimi Madanın tabeliyində olmuş, e.ə.550-ci ildə farsların üsyanı nəticəsində Kuruş (Kir) hakimiyyətə gəlmiş, madalılar farslardan asılı vəziyyətə düşmüşlər. Həmin vaxta qədər həm Cənubi Azərbaycanın, həm də indiki İranın müəyyən əraziləri Madanın tərkibində olmuşdur. Bu tərkibdə olan Azərbaycan əraziləri sonralar Atropatın idarə etdiyi keçmiş Manna əraziləri ilə birlikdə Kiçik Mada, Atropat Madası adlanmışdır. Qalan hissəsi İran ərazisinin bir hissəsi kimi qalmışdır. Ona görə də Mada imperiyasından məxsusi İran dövləti kimi danışmaq düzgün deyildir. Manna ilə Mada tayfaları yaxın və qohum olmuşlar. Bu ölkələrin adları da bir kökdəndir: Mada etnosu Azərbaycan tayfası idi və madalılar türkdilli olmuşlar. Şərqdə Orta Asiyadan qərbdə Halis çayına qədər uzanan Mada imperiyasının ilkin vətəni Azərbaycan idi. Ona görə də Mada Azərbaycan dövlətidir. E.ə.550-ci ilə qədər Mada Azərbaycan mağlarının başda durduğu bir dövlət, böyük bir imperiya olmuşdur. Bu dövlət ilk növbədə Azərbaycan dövləti kimi izah olunmalıdır. Ola bilər ki, İran siyasiləri Cənubi Azərbaycanı hazırda öz dədə-baba yurdu saydığı kimi, Madanı da İran dövləti kimi izah etsin; biz öz tariximizi qorumalıyıq. Lakin akademik tarixdə obyektivlik naminə Azərbaycan təəssübkeşliyi bir qətrə də duyulmur. Müəllif bir çox məsələləri üstüörtülü şəkildə farsların xeyrinə izah etmiş, ruh e’tibarilə Mada imperiyasını fars imperiyası kimi təqdim etmişdir. Bütün faktlar göstərir ki, madalılarla farslar arasında münasibət pis olmuş, madalılar farslarla çox vaxt barışmamışlar. Bu barədə tarixin hifz etdiyi xeyli faktlar vardır. II Kir e.ə.550-ci ildə Madanı asılı vəziyyətə saldıqdan sonra madalılar dəfələrlə öz hakimiyyətlərini bərpa etməyə çalışmışlar. E.ə.522-ci ildə madalı kahin Qaumat (Qaumata) İran hökmdarı Kambisin (Kambizin) Misirdə olmasından istifadə edərək hakimiyyəti ələ almış və 7 aya qədər ölkəni idarə etmişdir. Sui-qəsd nəticəsində hakimiyyətə gələn I Dara (e.ə.522-486) Qaumatı və onun yaxın adamlarını Madanın Nisayya vilayətində öldürtmüş, payaya keçirtmişdir. Qaumat əhalini üç il vergidən və orduda xidmətdən azad etmişdi, bir sıra islahatlar keçirmişdi. Ona görə də Qaumat öldürülərkən «Asiyada hamı təəssüf edir, bir farslardan başqa».(17; 355) Amma akademik tarixi oxuyanda bə’zən daha çox təəccüb etməli olursan: «Qədim yazıçıların əksəriyyəti, habelə hökmdar Dara Qaumatanın çıxışını farsların hakimiyyətinə - Haxamanişilərə qarşı çevrilmiş Mada irticası (kursiv bizimdir - Q.K.) olduğunu yaxşı bilirdilər».(1; 241) Sən öz xalqının, öz vətəninin müstəqilliyi uğrunda, köləlik əleyhinə mübarizə aparasan, sənin 2500 il sonrakı nəslin (əgər bu nəsildəndirsə) bunu «irtica» adlandıra. Özü də bilə-bilə ki, »Qaumata madalıların hökmranlığını bərpa etmək niyyətində idi» və həm də bilə-bilə ki, bu hərəkat «...hökmran fars sülaləsinin və onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş xalq hərəkatı, e’tirazı ilə birləşmişdi».(1; 242) Mən Qaumata heykəl düşünürəm, tarixçi də bu cür düşünür. E.ə.521-ci ildə Fravartiş adlı bir başqa madalı Mada hakimiyyətinin bərpası üçün üsyan etmiş, lakin Dara tərəfindən ağır işgəncə ilə öldürülmüşdür: burnu, qulaqları, dili kəsilmiş, gözləri çıxarılmış və Ekbatan şəhərində payaya keçirilmişdir. Özünü Kiaksarın nəslindən hesab edən Çissataxma da eyni şəkildə üsyan etmiş və eyni cəzalarla öldürülmüşdür. Sonralar da Mada üsyanları davam etmişdir. Mən şəxsən düşünürəm ki, Mada tayfalarından biri olan mağlar şimallı-cənublu Azərbaycanın, şimallı-cənublu Muğanın ən qədim əhalisidir (müklər onların bir qoludur) və bunlar - mağ kahinləri çox qədim tarixə malik olmaqla, ilk səmavi allahların yaradıcılarıdır. Zaqros dağlarından İkiçayarasına enən şumerlər də onların şagirdləridir. Manna da, Mada da onların adı ilə bağlıdır. Onlar daim müstəqilliyə can atmış, öz yüksək ağlı, kahin qüdrəti ilə buna əksərən nail olmuşlar. Mağ sənəti sonralar müxtəlif ərazilərə yayılmışdır. İndi bütün dünya dillərində işlənən magiya sözü də onlardan yadigardır. Mağları müklərdən ayırıb Muğandan təcrid etmək bizim ən böyük ulularımızı öz əlimizlə özgələrə bağışlamaqdır. Təsadüfi deyil ki, əksər tarixçilər Mada mağlarını İran mənşəli hesab etməmişlər. İndi Azərbaycanın ağır günləridir. Xarici və daxili düşmənlərin əli ilə müxtəlif etnoslar qızışdırılır. İki yüz ildən artıqdır ki, ölkə parçalanıb. Bir tərəfdən də böyük bir ərazisi düşmən tapdağı altındadır. Rüşvətxorluq, yerliçilik, tayfabazlıq ölkəni daxildən didib-dağıdır. Mə’nəvi cəhətdən sarsılmışıq və bu işdə aşkar düşmənlərlə yanaşı, gizli daxili düşmənlərin də böyük rolu vardır. Bütün bunlara baxmayaraq, hazırkı «...murdar və böhtançı, insan şərəf və ləyaqətini tapdamağı özünə sənət seçmiş, türk və insanlıq düşməni rejimlə mübarizə aparmaq» (bax: 45), çarpışmaq lazımdır. Vaxt gələcək, vahid Azərbaycan qüdrətli və böyük bir dövlətə çevriləcək. Onda Astiaq da lazım olacaq, Astiaq əfsanəsi də, Avesta da, ulu maqlar da. Bunlara sahib durmağa çalışan başqa bir dövlət hələlik güclüdür deyə, acizlik göstərməməli, onun dəyirmanına su tökməməli, tariximizi heç kimə güzəşt etməməliyik. Bu saxta, satqın və riyakar, xalqın tarixinə xəyanətlə dolu «tarixlər» meydana çıxana qədər bizim tarixçilər və başqa elm sahələrini təmsil edən görkəmli ziyalılarımız, alim və yazıçılarımız ulu babalarımız midiyalılarla fəxr etmiş, onların bizim əcdadlarımız olduğuna şübhə etməmişlər. Xalq yazıçısı M.İbrahimov 1945-ci ildə Təbrizdə yazırdı: «Mə’lum olduğu üzrə, hələ miladdan 500 il əvvəl, indiki Cənubi və Şimali Azərbaycan torpaqlarında qədim dünyanın qüdrətli dövləti olan Midiya dövləti yerləşmişdi. O zaman bu torpaqlar Midiya və onun üzərində yaşayan xalq Midiya xalqı adlanırdı. Tarix sübut edir ki, midiyalılar azərbaycanlıların qədim babaları olmuşdur. Onların böyük mədəniyyət və sənətə malik olduqlarını bütün tarixçilər yazmaqdadırlar. Midiyalıların mədəniyyət və dili o qədər tərəqqi etmişdir ki, qədim farslar onlara görə çox dala qalmış və ibtidai halda idilər. Dilşünaslar indiki Azərbaycan dilində o zamankı Midiya dilinin qalıqlarını və ünsürlərini tapırlar... Bəs Midiyanın mədəniyyət və sənət asarı və yazıları nə olmuşdur? Onları işğalçılar ya məhv etmiş və ya da qəsb etmişlər. Midiyanın elm və sənət asarını dünyanın bütün muzeylərində tapmaq mümkündür. Çünki Azərbaycan xalqının düşmənləri, onun torpağına göz tikənlər nəinki bizim milli dövlət və siyasi istiqlaliyyətimizi məhv etmiş, həm də elm, sənət asarımızı və ana dilimizi də aradan götürmək istəmişlər. Bu məqsədlə qəsbkarlar daha da irəli gedərək Azərbaycan xalqının mənşəyi və doğma dili haqqında başdan dibə yalan və iftiradan ibarət olan bir «tarix», bir «nəzəriyyə» də uydurmuşlar. Söz yox ki, Azərbaycan xalqını əsarət altında saxlamaq və onun milli şüurunu öldürmək istəyənlərin uydurduğu «nəzəriyyə»lərlə həqiqi tarix və məntiq arasında heç bir əlaqə yoxdur».(41; 57) Bu sözlər bütünlüklə bu günə də aiddir və indiki bir sıra «tarix»lərin müəllifləri də Azərbaycan xalqının tarixini eyni şəkildə qəsb etməklə məşğuldurlar. Akademik tarixdə Mada əhalisinin etnik tərkibi və dili haqqında fikirlərə diqqət yetirək: «Bu zamandan (e.ə.590-cı ildən - Q.K.) başlayaraq intensiv etnik proseslərin nəticəsində yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa, «madalılar» adlanmağa başladılar. Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə «Mada» və yaxud «Kiçik Mada» adlanmağa başladı». (1; 228) Burada əsas məsələ yerli tayfaların «Mada dilinin ləhcələrini qəbul edərək madalaşması»dır. Oxucu unutmamalıdır ki, mada dili müəllif tərəfindən ölü İran dillərindən hesab olunur. «Yerli tayfalar» dedikdə isə Manna ərazisində və başqa ərazilərdə yaşayan aborigen Azərbaycan əhalisi nəzərdə tutulur. İrandilli gəlmələr, müəllifin fikrincə, bir az əvvəl qeyd etdiyimiz iranlılaşdırma işini madalıların simasında daha da sür’ətləndirirlər, nəticədə, yenə müəllifin fikrinə görə, yerli əhalinin antropoloji quruluşu da, dini də, dili də dəyişir: «Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq öz dillərini itirmiş, gəlmələrlə qaynayıb-qarışmış yerli əhalinin nəsillərindən ibarət idi. Etno-mədəni simbioz baş verirdi».(1; 232) İfadəyə fikir vermək lazımdır: «öz dillərini itirmiş əhalinin sonrakı nəsilləri». Yə’ni artıq Əhəməni sülaləsinə qədərki dövrdə «yeni etnik törəmə təşəkkül tapmağa başlamışdı». Müəllif «iranlılaşmış» belə bir xalqı «Mada-Atropatena xalqı» adlandırır və nəticədə bu başdan Atropatena xalqının dili və etnogenezi haqqında da öz hökmünü vermiş olur. Manna e.ə.590-cı ilə qədər müstəqilliyini saxlaya bilmişdi. Bundan sonra Madanın qüdrəti yüksəlir, lakin o qədər də uzunömürlü olmur. E.ə.550-ci ildə Mada da süqut edir. Madanın qüdrətli yüksəlişi təqribən 40-50 il çəkmişdir. Bu az müddət ərzində «fars ləhcələrində danışan» madalılar Mannanın türk əhalisinin dilini necə dəyişə bilərdilər? Hələ bunu demirik ki, Madanın qədim əhalisinin İran ləhcələrində danışdığını iddia etmək üçün də heç bir əsas yoxdur. İran tayfaları gəlməmiş, Mada və onun əhalisi var idi və Manna ilə Mada adaş idilər, yanaşı yaşayırdılar. Herodot Madanın son padşahı Astiaqa maqların maraqlı bir müraciətini vermişdir. Bu müraciət İ.Əliyevə də mə’lumdur: «Bizim üçün, çar, hər şeydən vacib sənin hakimiyyətini möhkəmləndirməkdir, yoxsa hakimiyyət... farslara keçdiyi təqdirdə m i d i y a- l ı l a r yad adamlar kimi qul edilər, farsların nifrət mənbəyinə çevrilər; əksinə, nə qədər ki sən, b i z i m h ə m q ə b i l ə m i z, çarlıq edirsən, biz o müddətdə hakimiyyətdə iştirak borcumuzdan istifadə edirik və sənin hesabına bizə daha çox hörmət edilir...»(seyrəltmə-fərqləndirmə İ.Əliyevindir).(12; 17) Buradan bir daha aydın olur ki, Astiaq da iranlı deyil, madalılar da. Madalılar öz tayfalarından olan Astiaqa bu qədər açıq şəkildə müraciət edirlər. Bir tayfa öz həmcinsi və qohumu əleyhinə bu qədər nifrətlə danışmaz. Görünür, hələ Harpaqın xəyanətindən əvvəl madalılar fars təhlükəsini duyurmuşlar. Bu gün olduğu kimi, o zaman da əhalinin etnik tərkib e’tibarilə yerləşməsi az fərqli ola bilərdi - türklər öz ərazilərində, farslar öz ərazilərində və müəllifin iddia etdiyi iranlaşmadan, fars ləhcəli madalaşmadan heç bir söhbət gedə bilməzdi. Herodotun verdiyi bu qədər açıq söhbətə baxmayaraq, İ.Əliyev bu müraciəti verərək bir neçə sətir sonra yenə də yazır: «Heç bir şübhə yoxdur ki, mağlar mənşəcə iranlılardan ibarət idi və əlbəttə, İran nitqinin daşıyıcıları idilər». (12; 17-18) «Tarixçi» adlananın həqiqətə bu qədər düşmən münasibət bəslədiyini təsəvvür etmək dünyanın sonsuzluğunu təsəvvür etmək qədər çətindir. Mağlar daim azadlıq uğrunda assur köləliyinə qarşı vuruşmalı olmuş, Ön Asiyada Assur dövlətinin 520 illik ağalığına qarşı mübarizə aparmaqla öz azadlıqlarını tə’min edə bilmişlər. Deyokun (e.ə.712-675), Fraortun (e.ə.675-653), Kiaksarın (e.ə. 625-585) və Astiaqın (e.ə.585-550) vaxtında Mada yüksək inkişaf yolu keçmişdir. Ortada yaranan kimmer-skit-sak padşahlığı dövründə də (e.ə. 653-625) madalılar öz üstünlüklərini mühafizə etmişlər. Madalılarla farslar adət-ən’ənələrinə görə də kəskin fərqlənmişlər. Farslar öz bacıları ilə evlənirdilər (çar Kambiz bacıları Roksana və Atossa ilə evlənmişdi), madalılar bu mənfur adətin əleyhinə idilər. Farslar ölülərini quşlara yedirdirdilər, madalılar dəfn edirdilər. Madalıların xüsusi geyimləri var idi, farslar da o geyimdən istifadəyə başlamışdılar. Herodot yazır ki, fars çarı Kserkis Afinaya hücum edərkən ordunun silahları «Midiya silahlarıdır, fars yox». Deməli, farslarla madalıların silahları da fərqli imiş. Mədəni üstünlük də madalılardadır. Farslar Əhəmənilər dövründə vergilərdən azad idi, madalılar ağır vergi altında idilər - ildə saklarla birlikdə 450 talant vergi verməli idilər. (Herodot, I,140; III,62-92) Madalılar bir etnos kimi çox qədim və məşhur idilər. Kalankatuklu Moisey Yafəsin nəslinin şəcərəsi içərisində Qomer (kimmerlər, qəmərlər), Maday (madalılar), Maqoq (aşkuzlar), Yavan, Tubal, Meşek, Tiras və Hetləri vermişdir. Bunların arasında, göründüyü kimi, parslar yoxdur.(42; 14-15) Strabon yazır ki, «Deyilənlərə görə, midiyalılar ermənilərin və elə ondan əvvəl fars hökmdarlarının və adətlərinin baniləridir». Və yenə yazırdı ki, «Ən cəsur adamın çar seçilməsi daha çox Midiya adətidir» (Strabon, XI,13,11) Bu cür fərqli keyfiyyətləri nəzərə alaraq obyektiv tarixçilər qeyd edirlər ki, madalılarla farsların qohumluğu fikri tamamilə əsassız və uydurmadır. Herodotun əsərində və Bisütun yazılarında madalılarla parslar düşmən xalqlar kimi təsvir edilir. Herodot göstərir ki, Midiya çarı Deyokun oğlu Fraorta parsların üstünə getmiş və düşmənini özünə tabe etmişdir. Deməli, madalılar etnik mənsubiyyətinə görə farslardan tamamilə fərqlənmişlər. İ.Əliyev Manna və Mada ərazilərində türk mənşəli tayfa təsəvvür etmədiyi üçün qoyduğu yanlış konsepsiyanı davam etdirə-etdirə mannalıların da, madalıların da, atropatenlərin də irandilli olduğunu əsaslandırmağa çalışmışdır. Mada dövlətinin güclənib Mannanı işğal etməsindən sonra heç bir əsas olmadan madalıların tə’siri ilə Manna əhalisinin sür’ətlə iranlılaşdırıldığını iddia edir. Tarixçilər madalıların irandilli olmadığını öyrənmişlər. Bu, aydındır. İ.Əliyev Mannada türk təsəvvür etmir. Bu da aydındır. Bəs onda «irandilli» mannalıların dilini irandilli olmayan madalılar fars ləhcələrindən birinə necə çevirdilər? Məntiqsizlik bir-birini əvəz edə-edə məntiqi nəticələr çıxarmağa imkan verir: madalıların İran mənşəli olmadıqlarını madalılar özləri və əksər tədqiqatçılar qeyd etmişlər, əgər müəllif iddia edirsə ki, mannalıların dilini madalılar iranlılaşdırmışlar, demək, mannalıların dili İran dillərindən deyilmiş. Mannalılar qafqazdilli də deyildi və qafqazdilli ola bilməzdilər. İ.Əliyev özü mühüm bir tarixi həqiqəti qeyd etməklə yuxarıdakı məntiqsizliyin aradan qalxmasına kömək etmişdir: «...Arazdan və Urmiyadan başlamış və müasir Türkmənistana qədər, Strabonun o mə’lumatını xatırlayaq ki, Midiyanın, Baktriya və Soqdiananın əhalisi «ən kiçiyinə qədər birdilli idi», başqa sözlə, mahiyyətcə birdilli idi, yaxud antik müəlliflərin Midiya və Parfiya dillərinin qohumluğu barədə mə’lumatını nəzərə alaq ki, ciddi nüfuz sahibləri tərəfindən təsdiq olunur və s.» (12;24) Mannalıların türkdilli olduğu sübut olunmaqla yanaşı, bu sözlərdən digər çox mühüm bir problem - parfiyalıların da - türkmənlərin babalarının da türkdilli olduğuna şübhə qalmır. Akademik tarixin Mada-Atropatena dövlətinə həsr olunmuş IV bölməsində ilk növbədə kadusi, alban, sakasen, kaspi, pavsik, pantimat, dareyt, uti, skif, kuti, lullubi, hurri, mannalı və başqa tayfa və xalqların adları çəkilir, Atropatenanın Kiçik Madaya - indiki Cənubi Azərbaycan ərazisinə (şimalın da bir sıra torpaqları daxil olmaqla) uyğun gəldiyi göstərilir, -bu, tarixdir. Dil və etnik mənsubiyyət məsələlərinə gəldikdə vəziyyət dəyişir: «Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos - Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı».(1; 259) «Mannanın madalılar tərəfindən işğalı diyarın etno-dil taleyində həlledici rol oynamışdır» - deyən müəllif bu məqamda müxtəlif «əsaslar» gətirərək Mada dilinin İran dillərinə aid olduğunu bir daha əsaslandırmağa çalışmışdır. Məsələn, müəllif «dəlil» gətirir ki, Daranın Bisütun yazılarındakı: «Parsa (Farsistan), Mada, habelə başqa dilli ölkələr»- frazasında Parsa ilə Madanın bir yerdə sadalanması onların qohum dillər olduğunu göstərir. Əslində isə tarixi abidənin müəllifi bunları fərqli dillər kimi qeyd etmək üçün yazmışdır. Müəllif inamla yazır: «...madalıların irandilli olmaları müasir elmdə şübhə doğurmur».(1; 260) «...bu dili (Mada dilini - Q.K.) İran dilləri ailəsinin şimal-qərb qrupuna aid edə bilərik. Bu dil əlamətlərinin məcmusuna görə qədim fars dilindən daha çox Avesta dilinə yaxındır».(1; 260) Mada dilinin daşıyıcıları, təbii ki, Cənubi Azərbaycan ərazisində yerləşdirilir və göstərilir ki, hazırda Mada dialektlərinin yayılma mənzərəsi pozulmuşdur, çünki «...onların böyük qismi fars və türk dilləri tərəfindən sıxışdırılıb çıxarılmışdır». (1; 260) Bu bölmədə Cənubi Azərbaycanda və onunla həmhüdud ərazilərdə Mada dili (dialektləri) ilə yanaşı, bir sıra başqa tayfaların və tayfa dillərinin olduğu da qeyd edilmişdir. Belə tayfalardan biri indiki Muğan ərazisində yaşamış müklərdir. Müəllif onları mağlarla eyniləşdirməyin əleyhinədir və «Muğan» sözünün məhz müklərlə bağlı olduğunu israr edir. Burada həmçinin müəllif indiki udinlərin babaları saydığı utilər, eləcə də kaspilər, mağlar, «hurri» mənşəli saydığı mantianalılar, «irandilli» saqartalılar, amardlar, sakesinlər, kadusilər, saklar və başqaları haqqında da mə’lumat vermişdir. Yenə müəllifin fikrincə, «...Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada-Atropatena xalqı adlandırmaq olar».(1; 265) Bir az əvvəl söylədiyi (və bizim qeyd etdiyimiz) bir fikri müəllif olduğu kimi burada da təkrar edir: «Cənubi Azərbaycan ərazisində təşəkkül tapmaqda olan xalq mahiyyətcə öz dillərini itirmiş, gəlmələrlə qaynayıb-qarışmış avtoxton əhali qruplarının nəsillərindən ibarət idi. Etno-mədəni simbioz baş verirdi».(1; 265) Əldə heç bir əsas olmadığı halda, müəllif məsələni yaddaşda möhkəmlətmək üçün bir daha yazır: «...biz tam əsasla iddia edə bilərik ki, Atropatenanın orta Mada dili, şübhəsiz, geniş yayılmış, zəngin yazı ən’ənəsinə malik olmuş İran dillərindən biri idi».(1; 265-266) Öz «İran dilləri» ideyasını bir daha əsaslandırmaq üçün müəllif bir qədər də irəliyə gedir, ərəb tarixçilərindən misallar gətirir: «...ərəb müəlliflərinin mə’lumatlarına görə, burada yayılmış dillər İran dilləri olmuşdur. Ərəb müəllifləri bu dövrdə Cənubi Azərbaycanda yayılmış dillərin və ləhcələrin sırasında azəri (adari), pəhləvi (fahlavik keçidi ilə KAHin sözünün də formalaşmasına səbəb olmuş, q>ş keçidi ilə şaman sözünü yaratmışdır. Deməli, «Kitabi-Dədə Qorqud»da Qam Ğan oğlu xan Bayındır öz kökünü ulu əcdadları Mada mağlarından almışdır. Mağ sözü Manna və Mada sözlərini doğurmuşdur. Ona görə də Manna və Mada sözləri eyni köklü sözlərdir. Mannalılar tarixçilərin dediyi kimi, heç də izsiz yox olmamış, Mada imperiyası tərkibində qohum və qonşu tayfalarla birlikdə həyat sürmüş, iranlılara qarşı mübarizə aparmış, Əhəməni işğalından sonra da öz etnik və dil mənsubiyyətlərini qorumuşlar. Onların parfiyalılarla bir dildə danışmaları isə qeyd etdiklərimizi təsdiq edir - son tədqiqatlar parfiyalıların da türk mənşəli olduğunu üzə çıxarmışdır. Deməli, Mannanın da, Madanın da, Atropatenanın da əsas əhalisi türkdilli olmuşdur. İ.Əliyev Azərbaycan ərazisindəki ən qədim tayfalar - müqlər, utilər, kaspilər, ma(n)tienlər, saqartilər, kadusilər, parikanlar, (a)mardlar, mağlar haqqında antik mənbələrin mühafizə edə bildiyi işartılar əsasında mümkün qədər sistemli mə’lumat vermişdir. Müəllif müqləri və mağları fərqləndirməyə çalışmış, Muğan ərazisinin müqlərin adını yaşatdığını və hər iki tayfanın irandilli olduğuqnu qeyd etmişdir. Tarixi faktlardan aydın olur ki, mağlar və müklər bir kökdəndir və türkdilli olmuşlar. İ.Əliyev utiləri qafqazdilli udinlərlə eyniləşdirmişdir. Lakin başqa tarixçilər 14-cü satraplıqda müqlərlə yanaşı yaşayan utilərin şimalda yaşayan qafqazdilli udinlərdən tamamilə fərqli və türkdilli bir tayfa olduğunu sübut etmişlər. (2; 129) Manna və Mada sözləri haqqında tarix və dilçilik ədəbiyyatında müxtəlif fikirlər söylənmiş olsa da, bu sözlərin inandırıcı etimoloji izahı verilməmişdir. Onların etimoloji kökünü öyrənmək üçün mağ sözünün mənşəyinə diqqət yetirmək lazımdır. E.A.Qrantovski mada sözünü qədim hind dilindəki madhu - ‘kefləndirici içki’ sözü ilə əlaqələndirmişdir. (26; 181). Q.Qeybullayev Maday etnoniminin türkmənşəli olduğunu göstərmək üçün onun Qazaxıstanda Matay, Atalıq-Matay, Kapçaqay Matay, Gəncə Matay, Tuvada XIII əsrdə Madı, Madı-Qoşun və Mat, Sibirdə və Altayda Maadı, Madar, Maxtar kimi tayfa adları ilə bir kökdən olduğunu üzə çıxarmışdır. (6; 87-88) Bunlar bir həqiqəti də ortaya çıxarır ki, mada tayfası haqqında e.ə.I minilliyin əvvəlindən mə’lumat alsaq da, bu tayfa çox-çox əvvəlki dövrlərdə formalaşmış və bizə mə’lum olmayan bir dövrdə parçalanaraq Mərkəzi Asiyaya hərəkət etmiş, o yerlərdə də öz adlarını qorumuşlar. E.A.Qrantovskinin Mada sözünü hind dilindəki Madhu, Madhava sözləri ilə əlaqələndirməsi təsadüfi sayılmamalıdır. Qeyd etdiyimiz bu sözlər ‘kefləndirici, məstedici içki’, ‘ekstaz halına düşmə’ mə’nalarını ifadə edir. Bunlar, xüsusilə «ekstaz vəziyyəti» mağlara məxsus olmuşdur. Sözün ‘kefləndirici içki’ mə’nası sonralar mağlardan uzaqlaşan tayfaların saxladığı izlərdir. Bu, Mada sözü ilə mağ sözünün bir kökdən olduğunu sübut edən mühüm dəlillərdəndir. E.A.Qrantovski sakların Haumavarqa adlı tayfasını da misal gətirir, bu sözün ‘çtuhie xaumu’ mə’nası saklarla madalıların mənşə əlaqəsi olduğunu göstərir. Skiflərdə eyni köklü ad olması, onların da qohumluğuna dəlalət edir və s. Deməli, E.A.Qrantovskinin gətirdiyi misallar onun nəzərdə tutduğunun əksinə olan fikri təsdiq edir. Qeyd etdiyimiz kimi, Manna və Mada sözlərinin izahı üçün mağ sözünə diqqət yetirmək lazımdır. Lakin bu vaxta qədər bu sahədə bizim təsəvvür etdiyimiz istiqamətdə heç bir araşdırma aparılmayıbdır. Mağ/muğ/mük sözləri bir kökdəndir. Bu sözlər b>m keçidi ilə bağ sözündən əmələ gəlmişdir. BAĞ - Ön Asiyada geniş yayılmış allah adıdır. E.A.Qrantovski bu sözü də iranmənşəli saymışdır. Madanın qərbindəki Musasir ərazisində Baqmaştu və ya Baqbartu allah adı xatırlanır (sözlərin sonundakı bar, maş fərqləri oxu fərqi sayılır). E.A.Qrantovski və bu tipli «İransevər» tədqiqatçılar bu sözlər əsasında nəticə çıxarmışlar ki, «...Musasirdə İran mənşəli baqa (‘allah’) adlı allaha və ya ümumən İran allahı Baqmazdaya sitayiş edilmişdir».(26;.300) P.Rost, M.Ştrekk, İ.Şeftelovits, Y.Praşek və başqaları da Baqmaştunu İran allahı hesab etmişlər. E.Meyer Baqbartum formasını əsas tutaraq göstərir ki, Baqbartu/Baqmaştu ilahədir və Baqbartum sözünün sonundakı tum şəkilçisi qadın cinsini bildirən sami şəkilçisidir. (26; 301) Bu fikri o da təsdiq edir ki, «Aşşura məktub»da Baqmaştu Urartu allahı Xaldinin arvadı sayılır. Assurlar kimi, Musasir əhalisi də Baqmaştunu Xaldinin oxşarı, ikincisi (‘dvoynik’ mə’nasında) olan qadın saymışlar. E.A.Qrantovskinin əksinə olaraq, F.Keniq yazır ki, Baqmaştu Urartu ilahəsidir, Xaldinin arvadıdır, onun adı İran allahı Mazdanın adına uyğun gəlsə də, o, İran allahı deyildir. O, Mazdanın İran allahı olmasına da e’tiraz edir və göstərir ki, mazda sonradan iranlılaşmış formadır. F.Keniq bağ sözü haqqında deyir: «...bağ qadın İştarın iranlılardan əvvəlki adıdır» («baq - doiranskoe oboznaçenie «jenskoy İştar»). (26; 79-95) Bizi burada Xaldinin arvadının Baqmaştu və ya Arubani (26; 301) olması maraqlandırmır. Bizi maraqlandıran bağ’ın zorla iranmənşəli sayılmasıdır. Aydın olur ki, əvvələn, Baqbartu, Baqmaştu formalarının İranla, İran tayfaları ilə heç bir əlaqəsi yoxdur. «Bağa», «Bağatur» sözlərinin türk dilinin qədim qollarından olan etrusk dilində geniş işlənməsi də onun iranmənşəli olmadığını göstərir. (56,91) İranlıların özlərinə çıxmağa çalışdıqları mazda iranlılar bu əraziyə gəlməzdən əvvəl yerli əhalinin tapındığı allah adıdır. Yerli əhali isə lullular, kutilər, sular, turukkilər, kaslar, hurrilər və s. olmuşdur. Ərəbin ‘allah’ sözü yayıldıqdan sonra türkün tanrı sözü qalsa da, bağ sözü allah adı kimi işləkliyini itirmişdir. Lakin bağ sözü ümumən dilimizdə çox geniş şəkildə işlənən sözlərdəndir və digər tərəfdən də, totem xarakterli bir sıra sözlərdə (tısbağa, qurbağa, çanaqlı bağa və sadəcə bağa və s. sözlərdə) qalmaqdadır. İ.M.Dyakonov Q.A.Melikişvilinin əsərinə resenziyasında Baqmaştu və ya Baqbartu adının İran Baqamazda adı ilə eyniləşdirilməsinə e’tiraz edir və bağ sözünün iranmənşəli olduğuna şübhəsini bildirir. (26; 302) Beləliklə, Bağ sözünün ilahə, allah adı olmasına və iranmənşəli əhali bu yerlərə ayaq basana qədər artıq onun bu ərazilərdə çoxdan mövcud olduğuna şübhə qalmır. Bag sözü II Sarqon dövrünə aid mətnlərdə bir sıra şəxs adlarında da (Bağdatti, Bağparna, Bağatuna, Bağaya) qalmışdır və bunlardan axırıncısının Qərbi Midiya (Mada) ərazisinə aid olduğu yəqinliklə qeyd edilmişdir.(26; 302) E.A.Qrantovski bunu da qeyd edir ki, bağ sözü adətən Mitraya aid olmuşdur və Qərbi İran ərazilərində bu söz ümumən ‘allah’ mə’nasında, həm də xüsusilə Ahuramazdanın ifadəsi üçün işlənmişdir.(26; 203) Nəhayət, E.A.Qrantovski bağ sözünü nəzərə alaraq yazır ki, Anadolu, Suriya ərazilərində, hətta erməni dağlıq ərazisində də tərkibində «İran komponenti» olan (yə’ni bağ sözü olan) allah adları geniş yayılmışdı və həmin xalqlarda çox zaman Zevs, Bel, Ahuramazda eyniləşdirilir. Müəllif «dağlıq Ermənistan» deyir (o vaxtlar belə bir məfhum heç yox idi), amma «Azərbaycan» demir, ona görə ki, Azərbaycanı «İran» məfhumu altında düşünür. Sübuta çalışır ki, İran elementləri qeyd edilən ərazilərdə artıq e.ə. IX əsrin sonlarından vardı, lakin onların elə bir ictimai-siyasi mövqeyi yox idi. Və həm də e’tiraf edir ki, bu ərazilərdə etnik və mədəni proseslərdə iranmənşəlilər digər dil mənsubiyyətinə malik olan tayfalarla birlikdə müəyyən rol oynamışlar. Beləliklə, bütün bu qeyd edilən ərazilərdə bağ sözü geniş yayılmışdı və Şimal-Qərbi İran ərazilərində (Azərbaycan - Urmiyaətrafı rayonlarda) bu söz ümumən ‘allah’ mə’nasında işlənirdi. Bunlar doğrudur, əsas yanlış ideya isə bağ sözünün və Bağın bir allah kimi iranmənşəli hesab edilməsidir. Dediyimiz kimi, əksər tədqiqatçılar bağ sözünü və onun ifadə etdiyi ‘allah’ məfhumunu e.ə. VIII əsrdən qabağa, çox-çox qabağa və yerli əhalinin dilinə aid etmişlər. Faktik olaraq aşkar görünür ki, bağ sözü iranmənşəli deyildir və əksinə, iranmənşəlilər «İran yaylası» adlandırılan əraziyə gəldikdən sonra bu sözü və onun ifadə etdiyi məfhumu mənimsəmişlər. Bağ sözünün qədim Mada ərazisində çox işlənən türkmənşəli allah adı olduğunu başqa tədqiqatçılar da qeyd etmişlər. Məsələn, F.Cəlilov yazır: «Türk dillərində bay/ba; boy/pay/pəy; Azərbaycan dialektlərində bəy/bəg/bay; xəzər dilində bag/beg (Əl-İstəxri), qədim türk yazılarında isə beq şəklində olan bu sözün arxetipini morfoloji yozuma görə bağ şəklində bərpa etmək lazım gəlir... Həmin söz tanrı, qəbilə, qəbilə başçısı, şəxs, kahin, qəbilənin ərazi adı kimi sözlərdə işlədilmişdir... Qədim Ön Asiyada tanrı adı kimi yayılan bağ sözünün həm bayat (MK,III,186), həm də bağa (Malov,1939, 9-10) derivatları qədim türk yazılarında da tanrı anlamını saxlamışdır». (19; 88) Tədqiqatçıların heç biri bağ sözünün kökünə enə bilməmişdir. E.A.Qrantovski bağ sözünü ba-aq şəklində ayırmaqla onun bəlkə də düzəltmə olduğunu güman etmişdir, lakin kökün mə’nasını təsəvvür edə bilməmişdir. -ag şəkilçisindəki a, təbii ki, artıqdır, türk-Azərbaycan dilində -ıg və -ag şəkilçiləri söz kökü saitlə bitdikdə öz saitini itirməklə kökə qoşulur. Bağ sözü də belə yaranmışdır - ba-ğ şəklində. BAĞ sözünün kökü ba sözüdür. Ba sözü uzun müddət həm ‘bağlamaq’, həm də ‘bağlı’, ‘allah’, ‘kahin’, ‘rəis’, ‘bəy’ mə’nalarını ifadə etmiş, qədim türk dillərində öz formasını və əsas mə’na izlərini saxlamışdır.(Qədim lüğətdə BA kökü - ‘privəzıvatğ, svəzıvatğ, obəzıvatğ, povəzıvatğ’ mə’nalarındadır - 25; .76) Təbii ki, ərəb allah adı bağ sözünün ‘allah’ mə’nasını tədricən unutdurmuşdur. Bi/Ba sözü nostratik vahiddir, ‘böyümək’, ‘böyük’, ‘boy atmaq’, ‘bitmək’ və s. mə’nalarda ulu dilin sözlərindəndir (1-ci fəslə bax). Qəbilə daxilində ictimai münasibətlər dəyişdikcə, böyük-kiçik, başçı, rəis, sahib, ağa, varlı anlayışlarının doğulması ilə bu söz də mə’nalarını genişləndirmişdir. Azsavadlı adam da görə bilir ki, bağ forması ən qədim türk formasıdır, ulu dildən birbaşa türk dili istiqamətində inkişaf yolu keçən sözdür və bunun İran dilləri ilə kontakt söhbəti əhəmiyyətsizdir. Azərbaycan həyatında bu sözün misilsiz rolu bu xalqın tarixində nəhəng izlər qoyub - Manna qalıb, Maday qalıb, Bağıstan qalıb, Muğan qalıb, cəsur və azadlıq mübarizləri mağlar qalıb. Bağın bir allah kimi bə’zən ilahə İştarı əvəz etməsi Aratta dövrünün yadigarıdır - İştar Aratta ilahəsi İnannadır. Əlaqə Şumerə gedib çıxır - İnanna Uruk şəhərinin və Arattanın şərik ilahəsidir. Bu ölkələrin hər biri uzun müddət onu öz panteonunda mühafizə etmişdir. E.ə. XXII yüzillikdə Zoxab (yəqin ki, Zöhab) yaxınlığındakı Saripul qaya yazılarında Lullubi hakimi Anubanininin adı çəkilir və bu söz «allah Anu» - «bizi yaradan» (aniyaha baqaha) mə’nasında izah edilir. Bu hal bir daha göstərir ki, bağ sözü ümumən allah mə’nasındadır və çox qədim sözdür. Ona görə də sonralar Bisütun, Behistun şəkillərinə salınmış məşhur qaya adı daha qədimlərdə, təbii ki, «allahlar yurdu» mə’nasında Baqıstan adlanırmış. Bu söz o dövrlərdə geniş yayılmış və qonşu xalqların dillərinə də keçmişdir. İ.M.Dyakonov Madanın paytaxtı Ekbatan yaxınlığındakı Bisütun yer adı haqqında Ktesinin «Qora Baqistan - svətinə Zevsa» sözlərini qeyd edərək göstərir ki, «...Bu məşhur Behistun qayası, qədim Bağıstan, «allahlar yurdu», həqiqətən yunanların Zevs adlandırdıqları ali allah Ahuramazdaya həsr olunmuşdur». Tarixi izlərdən aydın olur ki, Bağıstan yalnız qaya adı kimi deyil, eyni zamanda Azərbaycan ərazisində çox mühüm və mərkəzi vilayətin adı kimi də məşhur imiş. Bunu İ.Əliyev də Makedoniyalı İskəndərdən danışarkən xüsusi qeyd etmişdir: «Aleksandr Madada məşhur vilayət olan Bağıstana (Behustinə) gəldi».(46; 70) Deməli, Bağıstan lap qədimdən mərkəzi vilayət olmuş, buna görə də əksər hadisələrin mərkəzində dayanmışdır. «Bağ» sözü üzərində ona görə bir qədər çox dayanmalı oluruq ki, qeyd etdiyimiz kimi, Azərbaycan ərazisindəki bir çox vacib etnonim və toponimlər - mağ, müq, Manna, Maday, Muğan sözləri, Bağıstan qaya və vilayət adı, Yer üzərində geniş yayılmış magiya sözü bu sözlə bağlıdır. Qərbi Azərbaycan toponimləri arasında mağ, muğ sözləri ilə bağlı Mağauz, Maqda, Mağancıq, Muğanlı, Muğancıq kənd adları qeydə alınmışdır.(32; 449,450,468) Maraqlıdır ki, mük sözü mağ sözündən, mağ sözü isə b>m keçidi ilə bağ sözündən yarandığı üçün müq tayfa adına e.ə. VI-V əsrlərdə, Manna, Maday adlarına I minilliyin əvvəllərində rast gəlirik. Müqlər haqqında e.ə. VI-V əsrlərdə Miletli Hekatey mə’lumat vermişdir. Deməli, a>ü keçidi sonrakı hadisədir. Bütün bunlar təbii olmaqla yanaşı, həm də bir şeyi sübut edir ki, həmin bu mağ, müq tayfası Azərbaycan ərazisində ən qədim və köklü tayfalardandır və çox güclü tayfalardan olduğu üçün vilayət adı, qaya adı, Azərbaycanın Manna, Mada kimi imperiya adları şəklində tarixdə silinməz iz buraxmışdır. Bu gün də biz bağ, mağ, muğ, Muğan sözlərini intensiv şəkildə işlətməkdəyik. Bir sıra görkəmli Avropa tədqiqatçıları (Qobino, O.Dorm, P.Sayks, Y.Pjilski, A.T.Olmsted, L.Elvel-Saton, F.Yusti və b.) mağların türk etnosu olduğunu qeyd etmişlər.(37; 256) Mənbələrdə maraqlı bir cəhət üzə çıxarılıb: Tarixçilər müşahidə etmişlər ki, mannalılar haqqında mə’lumat verilən Assur və Urartu mənbələrində mağ etnonimi gözə dəymir, lakin qədim fars və yunan mənbələrində mağ etnonimi işlədilir, manna etnoniminə təsadüf edilmir. Herodot mağları Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri saymışdır. Ona görə də belə nəticə çıxarmaq olur ki, Assur və Urartu mənbələrindəki Manna, Mana qədim fars və yunan mənbələrindəki mağ etnoniminin ekvivalentidir. Buradan manna və mağ etnonimlərinin kök e’tibarilə eyniliyi aydın olur. Q.Qeybullayev T.İ.Hacıyevdən misal gətirərək sözün tarixən nq qovuşuq səsi ilə manqa şəklində işləndiyini, tədricən saf n səsi ilə Manna sözünün, q samiti ilə mağ sözünün formalaşdığını qeyd edir. (6; ,67) Bu fikir bizim düşündüyümüzə yaxındır, lakin eyni deyil. İlkin söz köklərinin bir samit və bir saitdən ibarət olduğu mə’lumdur. Bu nisbətlə BAĞ sözünün kökü geniş mə’nada ‘bağlamaq’, ‘bağlı’ anlayışlarını ifadə edən və tədricən ‘tanrı’, ‘qəbilə’, ‘qəbilə başçısı’, ‘kahin’ və qəbilənin ərazi adı mə’nalarını qazanmış *BA sözüdür. Dediyimiz kimi, türk dillərinin qədim abidələrində də bu söz öz izlərini saxlamışdır. Bu sözdən bağ sözü yaranmışdır (boq sözü də buradandır). Bağ sözündəki -ğ fe’ldən ad düzəldən şəkilçidir. Türk dillərində çox qədim dövrlərdən özünü göstərən B>M keçidi ilə (bi əvəzliyi mi əvəzliyinə çevrildiyi kimi) BAĞ sözündən MAĞ sözü yaranmışdır. Manna, Mada sözlərinin əsasında da BA kökü durur. Ba sözü b>m keçidi ilə ma şəklində işləndiyi dövrdə bir tərəfdən, -g şəkilçisi ilə mağ sözü formalaşmış, o biri tərəfdən da,-na morfemləri ilə Mana, Mada etnotoponimləri yaranmışdır. Bu sözlərin e.ə. IX əsrdə təqribən eyni vaxtda həyat səhnəsində görünməsi də (Manna - e.ə.843, Mada - e.ə.834) onların eyni mənşədən olduğunu, sondakı şəkilçilərlə (-na, -da) fərqləndiklərini və bunların (-na, -da şəkilçilərinin) şivə fərqi olduğunu söyləməyə əsas verir. E.A.Qrantovski Eparna və Epardu sözlərinin yaxınlığından danışarkən göstərir ki, «na və du üçün işarələr (mixi işarələr - Q.K.) müəyyən yaxınlığa malikdir və ola da bilər ki, oxuda və ya nəşrdə səhv buraxılmış (Epardu əvəzinə Eparna yazılmış) olsun». (26; 326) Həm də müəllif qeyd edir ki, Asarxaddonun daha əvvəlki yazılarında du, sonra tapılanlarda aşkar və şübhəsiz na işlənmişdir. Bu fikri o mə’nada Mada, Mana sözlərinə aid etmək olar ki, yer bildirən -da və -na şəkilçiləri də bir kökdəndir, fikrimizcə, -na sonralar -da şəkilçisindən assimilyasiya ilə yaranmışdır. Bunu bir cəhət də təsdiq edir ki, şumer dilində -da məkani-qrammatik hal şəkilçisi kimi çox fəaldır, -na isə bir sıra toponimlərin - ölkə, şəhər, vilayət adlarının sonunda məkan, yer bildirən morfem kimi sonralar Urartu dilində qeydə alınmışdır. Beləliklə, Manna, Mada sözlərinin kökü eynidir və mə’naları aydındır: BA>MA - ‘bağlamaq’, ‘tanrı’, ‘qəbilə’, ‘qəbilə başçısı’, ‘kahin’, ‘rəis’ mə’nalarında işlənmişdir. ‘Bəy’ sözünün də buradan yarandığı (‘rəis’, ‘başçı’ mə’nalarında) şübhəsizdir. Bu sözlərdəki -na və -da/ta ünsürlərini izah etmək üçün də mənbələr imkan verir: -na qədim urartu (biayn) lüğətində ‘ölkə’, ‘şəhər’, ‘yer’ mə’nası verən morfem kimi mühafizə olunmuşdur: «-na. Suffiks, svəzannıy s naimenovaniəmi mest. Vstreçaetsə neodnakratno, oformləə nazvaniə stran i naselennıx punktov. Çahe vıstupaet v naimenovaniəx qorodov i kulğtovıx soorujeniy, svəzannıx s imenami boqov i üarey». (8; 218) Allah və hökmdar adlarına qoşularaq məkan mə’nalı toponimlər əmələ gətirən bu şəkilçi barədə İ.İ. Meşşaninovun izahatı yerinə düşür, Manna sözünün ‘allah’ mə’nasında BA sözü ilə ‘ölkə’ mə’nasında -NA hissəciyinin birləşməsindən ibarət olduğunu sübut edir. Bu söz daha qədim dövrlərdə «allahlar yurdu» mə’nasında işlənmiş, sonralar «mağlar ölkəsi» kimi şöhrət qazanmışdır. da/ta şəkilçisi isə eyni mə’nanı daha qədim dövrlərdən ifadə etmişdir. Q.Qeybullayev Mada sözünün Matay formasını nəzərə alaraq göstərir ki, -tay türk dillərində ‘ölkə’ mə’nasındadır.» Daha əvvəllər bu fikri V.V.Bartold söyləmişdir». (6; 117) O.T.Molçanova Altayda 246 toponimdə bu sözü tay, day, tey, dey formalarında aşkar etmişdir.(47; 82) Bunlar da təsdiq edir ki, Manna, Mana, Mada, Maday, Matay sözlərinin kökü eynidir, sonluqlar: -na, -da, -day, -tay fonetik cəhətdən az-çox fərqlənsələr də, bir kökdəndir. Fikrimizcə, ulu dilin parçalanması dövründə bir kökdən assimilyasiya yolu ilə ayrılmış bu morfemlərin daha qədim forması *ta olmuş və bu forma şumerdən başlamış bu tərəfə bir çox dillərdə məkani hal şəkilçisi kimi sabitləşmişdir. Tərəf sözünün tə kökündə qalmışdır. Ümumiləşmiş şəkildə deyə bilərik ki, ölkəmizin ərazisindəki qədim tayfalardan kassitlər və kaspilər adaş olduğu kimi, Manna və Mada da adaşdır. Manna və Mada sözləri e.ə. I minilliyin əvvəllərində tarixin yazı səhnəsində görünsə də, etnonim kimi daha qədimdir. Bağ sözünün, bu sözlə əlaqədar bağa, qurbağa, tısbağa sözlərinin müasir dilimizdə bol-bol işlənməsi aparıcı Mana və Mada etnotoponimlərinin türk mənşəli olduğunu bir daha təsdiq edir. Mağ, Mada, Mana sözləri eyni köklü olmaqla, mağlar elə mannalılar və madaylardır. Ona görə də mənbələrin bir qismində mağ, bir qismində Manna, Mada sözlərinin işlənməsinə təsadüf edilmişdir. Və ola da bilər ki, tədricən mağ etnik ad kimi, Mana, Mada ölkə adı kimi xüsusiləşmişdir. Lakin ölkə adı da etnonim əsasında təşəkkül tapmışdır. Manna və Mada sözləri eyni tayfanın parçalanması nəticəsində yaranan etnotoponimlərdir. Tarixi mənbələrə diqqətlə yanaşdıqda aydın olur ki, Azərbaycan ərazisində indi hansı etnos haradadırsa, 3 min, 5 min il əvvəl də əsasən orada olub. Şübhəsiz, dəyişikliklər - gedənlər və gələnlər də olub, lakin, məsələn, türk etnosları indi hansı dairədə çoxluq təşkil edirsə, keçmişdə də elə olub, qədim yaşayış məskənləri öz adlarını qoruyub saxlayıb. Mağ qəbiləsi, muğlar, Muğan heç bir gəliş-gedişin tə’sirindən sarsılmayıb, adını itirməyib, günümüzə qədər mühafizə edib saxlayıb. Mada tayfa ittifaqına daxil olan digər beş tayfa dillərini E.A.Qrantovski və İ.M.Dyakonov iranmənşəli saymışlar. Q.Qeybullayev türk tayfaları içərisində analoqlarını tapmaqla onların türkmənşəli olduğunu söyləmişdir. İ.M.Dyakonov arizant tayfa adını iranmənşəli hesab edərək farsların əcdadlarını bildirən ari və Avesta dilindəki ‘tayfa’ mə’nasında zantu sözləri ilə əlaqələndirmişdir. Q.Qeybullayev göstərir ki, Arizant sözü həmin sözün yunanca yazılış tərzidir və mə’lumat verən farsın və ya yunanın fonetikasının tə’siri ilə sözdə təhrif var; söz türk tayfa adını bildirən aris, oris sözündən, türk-monqol dillərində cəm bildirən -t şəkilçisindən ibarətdir və təhrif nəticəsində sözə n səsi artırılmışdır. Müəllif bunun sübutu üçün əlavə faktlar da göstərmiş, sözün əslini Arazat kimi təsəvvür etdiyini və arizantların türkmənşəli olduğunu qeyd etmişdir. (6; 119) İ.M.Dyakonov struxat sözünü də iranmənşəli saymışdır. Q.Qeybullayev müəyyən etmişdir ki, sözün sonundakı xat komponenti daha çox türklərə məxsusdur: skiflərdə Avxat, müasir türk xalqlarında sarkat və s. Müəllifin fikrinə görə, qədim yunan dilində «ş» və «ç» səsləri olmadığına görə, bu söz də təhrif edilib və ehtimal ki, bu etnonim Şatarkat şəklində olmuşdur. Madada Şetar (e.ə.714), Albaniyada erkən orta əsrlərdə Şatar toponimləri, müasir Şatarlı bu toponimlə eyniköklüdür.(6;.120) Q.Qeybullayevin fikrincə, parataken etnonimi əslində bortoğan şəklində olmalıdır - boro - ‘boz’, toğan (tuğan) isə tərlan quşunun adıdır və görünür, bortoğan bu tayfanın onqonu olmuşdur. Madada (e.ə.674) Partakanu adlı ölkə, kəngər-peçeneqlər arasında Borotolmat adlı tayfa adı mə’lumdur. Monqollarda (XIII əsr) Bor-Tokan və Aktokan adlı tayfalar olmuşdur. Orta əsrlərdə Ön Asiyada bir türk tayfası Boztoqan adlanırmış. Bütün bunlar Paratekan sözünün təhrif edilmiş olduğunu göstərir. (6; 120) E.A.Qrantovski bus tayfa adını buza ‘bihuşedici içki (pivə)’ sözü ilə bağlamış və həmin sözü iranmənşəli bildiyindən tayfanı irandilli hesab etmişdir.(26;181) Q.Qeybullayev yazır ki, əvvələn, içki adı ilə tayfa adı olmaz, ikincisi də, buza iranmənşəli yox, türkmənşəli sözdür. Müəllif qeyd edir ki, bu sözdə də təhrif olmalıdır: yunan dilində ş, ç səsləri olmadığına görə bu söz buş və ya buç şəklində olmalıdır. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırd və özbəklərdə buçman, Sibir türklərində (XIX əsr) buzman türk tayfa adları mə’lumdur və bunlar göstərir ki, buslar türk tayfa ittifaqına daxil olan tayfalardan biri olmuşdur. (6; 129) Budi tayfa adı da türkcə izah olunur. Qədim qıpçaqların bir tayfası rus mənbələrində Boudi, XIII əsr monqol tayfalarından biri Budat, skiflərin bir tayfasının adı Herodotda Budin adlanırdı və bunlar budi tayfasının türkmənşəli olduğunu deməyə əsas verir. (6; 121) Bodun, budun ‘xalq’ sözü qədim türklərin ən çox işlətdiyi sözlərdən idi. Ola bilər ki, qonşu türk tayfalarından birinin bu tayfa haqqında işlətdiyi sözdür. Beləliklə, aydın olur ki, mada tayfa ittifaqına daxil olan tayfalar da əksəriyyət e’tibarilə türkmənşəli olmuşdur. Qeyd edilən bu altı tayfanın türkmənşəli olduğunu təkzib etmək onların iranmənşəli olduğunu sübut etmək qədər çətindir. Mada ərazisində bir sıra başqa tayfalar da olmuşdur. Həmin tayfalar haqqında antik müəlliflərin mə’lumatı qalmışdır. Q.A.Qeybullayev Mada ərazisində yaşayan tayfalarla bilavasitə madaylar arasındakı fərqi nəzərə alaraq yazır: «Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada irandillilər - müasir farsların, kürdlərin, talışların, kiləklərin, tatların və b. ulu əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin, farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt irandilli əhali əksəriyyət təşkil etməmişdir. Əgər irandillilər mə’nasında «midiyalı» dedikdə «maday» etnik adını daşıyanları nəzərdə tuturlarsa, bu ancaq nağıldır, qondarmadır». (6; 224) Herodot Xəzərin cənub-qərbində, indiki Şimali Azərbaycanın cənub-şərqində - XIV satraplıqda miki, saqarti, saranq, tamane, uti tayfa adlarını çəkir. Mikilər, heç şübhəsiz, müklər - mağlardır. Q.Qeybullayev mikləri talışların əcdadları saymaqla səhv edir. Qeyd etdik ki, mağlar və müqlər mənşə e’tibarilə türkdilli eyni tayfalardır və bu sözlər arasındakı fərq tayfanın müxtəlif ərazilərə yayılması ilə yaranmış şivə fərqləridir. Saqartilər Mannanın şimal ərazilərində məskunlaşmışdılar. Saqartiləri irandilli hesab etsələr də, onlar tamamilə irandilli əhalidən ibarət ola bilməzdi. Saqarti sözünda art türkcə ‘dağlıq ərazi’ deməkdir; belə olduqda, bu tayfanın adı ‘dağlıq ərazi sakları’ kimi anlaşılır. Sakların isə türkdilli olduğu dəfələrlə qeyd edilmişdir. Əyalətin mərkəzinin adı da (Parta) türkmənşəli addır. Onların yaşadığı ərazidə türk utilər də yaşayırdılar. Tamane tayfa adı Sibir türk Tuman tayfa adı, qırğız, qazax və başqırdlarda taban tayfa adı ilə müqayisə edilir. Sarang tayfa adında ng qovuşuq səsi sözün türkmənşəli olduğunu göstərməklə yanaşı, Saran sözünü Şaruan, Şirvan sözünün təhrifi kimi qiymətləndirməyə də imkan verir. Sarangların Herodot tərəfindən göstərilən yaşayış sahəsinin (Orta Asiyada və Midiya ərazisində) şirvanların yaşadığı əraziyə uyğun gəlməsi də bu fikri təsdiq edir. Söhbət Şirvan dövlətindən deyil, əsas şəhəri Gürganın Şirvan şəhəri olan türkdilli şirvan tayfasından gedir. Lakin bu şirvanlar (daha dəqiqi şarvanlar) da nə vaxtsa səpələnmiş, şimala çəkilmiş həmin tayfadandır ki, sonralar ərazi adına çevrilmişdir, ona görə də qeyd edilir ki, Şimali Azərbaycanda, Cənubi Azərbaycanda və Orta Asiyada olmaqla Şirvan toponiminin üç arealı vardır: Q.Qeybullayevin fikrinə görə, şirvanlar saq-massaget mənşəli tayfa olmuşdur. Tədqiqatçılar güman edirlər ki, II əsr müəllifi Ptolemeyin qeyd etdiyi Suran və Sakan toponimləri Şirvan və Şəki toponimlərinin təhrif formasıdır. Şirvan sözü türkmənşəlidir və türk tayfa adlarında (sarmat, saray, sart, sarık və s.) öz əksini tapmış sar etnonimindəndir. Sonralar s>ş keçidi ilə dəyişmiş, Şaruan - Şarvan - Şirvan şəkillərinə düşmüşdür.(6; 128-129). Utilər (Uti, İtu)isə turukki etnosuna mənsub bir tayfa olmuş və e.ə.V əsrdən Azərbaycan ərazisində geniş yayılmışlar. Etnonim hun tayfalarından olan türk mənşəli utiqur («uti xalqı») adını təmsil edir. Bunlar udinlərdən mənşə e’tibarilə tam fərqli, türkdilli bir tayfadır. Udin adı indiki udinlərə sonralar (XVIII əsrdə) kənar ad kimi verilmişdir. Herodotun qeyd etdiyi tayfa adlarından biri də Pantimat’dır. Pantimat tayfa adının sonundakı mat morfemi türk tayfa adlarında (sarmat, yaksamat, savromat), şəxs adlarında (teleutlarda Aktumat, Kara-Tumat, telengitlərdə Almat, altaylarda Sari-Almat) geniş yayılmışdır. Sözün pant hissəsinin qədim türk Abant tayfa adını əks etdirdiyi güman olunur. (6; 126) Anlautdakı a saiti mə’lumat verənin və ya katibin qüsurundan qədim yunan əlifbasında öz əksini tapmaya bilərdi. Abant tayfası e.ə. qarqarların arasında olmuşdur. Albaniya ərazisində iki mahal Abant adlanmışdır. Abant çayı sahilində Alban ordusu ilə Qney-Pompeyin ordusu arasında döyüş olmuşdur. Herodotun pantimat kimi qeyd etdiyi tayfanın adı abantimat kimi bərpa olunur. Xoş niyyətlə, obyektiv şəkildə aparılmış araşdırmalar göstərir ki, Mada ərazisindəki əsas tayfalar türkdilli olmuşlar və onların dillərinin «iranlılaşdırılması» və ya «İran mənşəli» olması barədə israr etməyə heç bir əsas yoxdur. Bu cür fikirlər yalnız türk etnoslarına qarşı daxili barışmazlıq duyğularının gücü ilə söylənmiş uydurma mülahizələrdən ibarət olub, tarixi həqiqətin şüurlu təhrifindən ibarətdir. III fəsil - Leksika: Mada xüsusi adları Mada xüsusi adlarının da izahında çətinliklər çoxdur. Mada adları assur mənbələrində daha çox mühafizə olunmuşdur, sami mənşəli assurların dili türk fonetik xüsusiyyətlərini tam əks etdirə bilməmişdir: «Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonuna adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsi olmadığı üçün onun m səsi ilə, ç və c səsləri olmadığı üçün onların s və z ilə verilməsi, adların sonundakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını bərpa etmək çətindir».(6; .88) Q.Qeybullayev Herodotun «Tarix» əsərindəki Mada adlarını nəzərdən keçirərkən başqa mühüm bir cəhəti də düzgün qiymətləndirmişdir: madalıların adları farsların mə’lumatı əsasında qeydə alınmışdır və deməli, bu adlar iki dəfə - əvvəlcə fars tələffüzünə, sonra da yunancaya uyğunlaşdırılarkən təhrif edilmişdir, ona görə də etimoloji izah bir çox hallarda çətin və ehtimali xarakterdədir.(6; .108) Bu cür çətinliklərə baxmayaraq, tədqiqatçılar Mada xüsusi adlarının, demək olar ki, əksəriyyətinin türk mənşəli olduğunu üzə çıxara bilmişlər. Əgər mannalıların və madalıların özlərinin yazısı qalmış olsa idi, bu çətinliklər olmazdı. Toponimlər.Tamamilə başqa tipoloji quruluşa malik bir dildə verilməsinə baxmayaraq, Mada toponimlərinin bir çoxu öz türk mənşəyi ilə, necə deyərlər, gendən çağırır. Bunlara Uştaşay, İştaippa, Taştami, Uşkakkan, Künduran və s. yer adlarını misal göstərmək olar. E.ə.820-ci ildə qeydə alınmış Uştaşay sözü türkcə üş ‘üç’ və taş ‘daş’ sözlərindən ibarətdir. Altay dilləri üçün sözün sonunda səciyyəvi -ay şəkilçisi də işlənmişdir. İştaippa (e.ə.-714) - ‘Üçtəpə’ toponiminin təhrif şəkli hesab olunur.Taştami (e.ə.714) - türkcə taş ‘daş’, tam/ dam -‘qala’, ‘dam’ deməkdir. Uşkakkan (e.ə.728; İ.M.Dyakonova görə, Cənubi Azərbaycandakı Qarasu çayının qədim adıdır) - uşk (qədim türkcə inçku) ‘sakit, dayaz’ və akan ‘axan’ sözlərindən düzəlmişdir,‘sakit axan’ mə’nasında izah olunur. (6; .96) Çay hövzəsi olduğu üçün üç yerə ayrılıb axması ehtimalı ilə ‘üç axan’ kimi də düşünülə bilər. Künduran - Madada şəhər adı - gün və duran sözlərindəndir və s. Başqa tədqiqatçılar da qeyd edilən sözlərin etimoloji izahını bu cür düşünmüşlər. Mada toponimlərinin bir qismində İ.M.Dyakonovun lullubi və kassi dillərinə aid etdiyi ‘qala’, ‘möhkəmləndirilmiş yer’ mənasında kin, king sözü iştirak edir (türk dillərinə məxsus ng qovuşuq səsinin olduğu bu söz haqqında əvvəldə mə’lumat verilib). Bu cəhətdən Kuakinda, Qinzin, Kingiştilenzax, Kindutauş, Kintau, Qinxuxt, Kingariku, Qingibir, Qingird və s. sözlər maraq doğurur. Mürəkkəb quruluşlu Kuakinda (e.ə.830) sözünün kökü kua - ‘qaya’ deməkdir; qırğız, özbək və qazax dillərində kiya, altay dilində kayu sözləri ‘dik, sıldırım, yalçın yamac’, ‘çətinliklə gedilə bilən qayalı yamac, eniş’ mə’nalarındadır; sözün qalan hissəsi kin ‘qala’ sözündən və -da (-la) sözdüzəldici şəkilçisindən ibarətdir. Söz bütövlükdə ‘qalalı qaya’ (hərfən: ‘qaya-qalalı’) mə’nasını ifadə edir. Kindutauş (e.ə.820) sözünü E.A.Qrantovski iranmənşəli saymışdır. Lakin söz türkcə kin ‘qala’, du ( -lu şəkilçisi) və tauş, taus (’səsli-küylü’ çay) hissələrinə ayrılır. Tauş, Taus türk tayfa adı kimi də mə’lumdur (söz Azərbaycan ərazisindəki Tavusçay, Tauşçay hidronimləri ilə müqayisə edilir), ona görə də sözü ‘səsli-küylü çay qalası’ və ya ‘taus qalası’ kimi başa düşmək olardı. Lakin bu fikir də şübhəlidir, çünki sözün kin morfemindən sonrakı hissəsi ayrıca ad kimi də işlənmiş və başqa cür izah edilmişdir: Tutaşti (e.ə.744) sözünün qədim türkcə tut ‘düşərgə’ və ast ‘aşağı’ mə’nasında olduğunu göstərən fikir də vardır. Tutaşti sözünün -ti şəkilçisinə qədərki hissəsi Kin-dutauş sözünün ikinci komponenti ilə eynidir. Bu əsasda Kindutauş sözü bütövlükdə ‘Taus qalalı düşərgə’ mə’nasını ifadə edir. Qinzin (e.ə.728) sözünün qin, kinq ‘qala’ və zin, çinq ‘sıldırım, əlçatmaz dağ’ sözlərindən düzəldiyi güman edilir. Kingariku (e.ə.714) sözü king ‘qala’ və ərgu ‘dayanacaq’, ‘düşərgə’ sözlərinə ayrılır - ‘qala-düşərgə’ mə’nasındadır. (6; 89-90) Kintau (e.ə.714) - aydın şəkildə kin ‘qala’ və tau ‘dağ’ sözlərinə ayrılır. King ‘qala’ sözü e.ə.820-ci ilə aid mənbədə qeyd olunan Kingiştilenzax toponimində də vardır. E.ə.744-cü ilə aid mənbədə Urşanika. şəhər adı çəkilir. E.A.Qrantovskiyə görə, İran dillərində hində varşan ‘qüdrətli’, ‘böyük’ sözündəndir.(26; 233) Lakin sözün kökündə ur, uru - şumercə ‘şəhər’, ‘icma’, qədim türkcə ‘şəhər’, ‘xan düşərgəsi - ordu’ mə’nası aydın seçilir; şanik hissəsi ‘Şınıx’ kənd adı ilə müqayisə olunur. Nirutakta - Madada dağ adı (e.ə.-744) olub, türkcə naru ‘hamar yer’, ‘dağın taxta kimi hamar yeri’ mə’nasını ifadə edir. Savalanın yaxınlığında Nir kəndi və Nir çayı, Ərdəbil yaxınlığında Nir yaşayış məntəqəsi olduğu müəyyən edilmişdir. (6; 94) Kəlbəcər rayonunda İstisu qəsəbəsinin qarşısındakı dağın düzən səthi ‘Taxta’ adlanır. Aydın olur ki, Nirutakta sözü eyni mə’nalı (naru və taxta) iki sözün birləşməsindən yaranıb. Tukliaş (e.ə.744, 728) sözünün türkcə tuk ‘yarımada’, ‘burun’, ‘körfəz’ və -li şəkilçisindən ibarət olduğu qeyd edilmişdir; Q.Qeybullayev -aş hissəsinin nədən ibarət olduğunu göstərməmişdir. Ola bilər ki, burada yış, yaş ‘meşə’ sözü nəzərdə tutulur, tuk-li sözü isə ‘tüklü’ - kol-koslu mə’nasındadır və söz bütövlükdə ‘kol-kos meşə’ mə’nasını ifadə edir. Tiflis quberniyasında «kol-kos təpə» mə’nasında Tüklü təpə oronimi qeydə alınmışdır.(32;154) Tilaşuri (e.ə.737) toponimi Urmiya gölünə aiddir. Urmiya gölü şor göldür və qədimdə bir adı da Şor olmuşdur. Tilaşuri sözünün ikinci hissəsi şuri ‘duzlu’, ‘şor’ deməkdir. Urmiya gölünün içərisindəki ada Tilə adlanır. Tilə toponimi qədim türkcə tilkə ‘hissə’, ‘torpaq sahəsi’, ‘zolaq’ deməkdir. Beləliklə, Tilaşuri bütövlükdə ‘şorlu torpaq hissəsi’ deməkdir.(6; 94) Xarşa (e.ə.744) toponiminin türkcə ‘qala’, ‘möhkəmləndirilmiş yer’ mə’nasında olduğunu V.V. Bartold söyləmişdir. V.V.Bartold karşi sözünün ‘saray’, ‘paytaxt’ demək olduğunu qeyd etmişdir. (48;161) Danaku (e.ə.713) sözünün türk dillərində dan sözündən olduğu və ‘düzən’ mə’nasında işləndiyi vaxtilə V.V.Radlov tərəfindən qeyd edilmişdir. VI əsrdə Cənubi Azərbaycan ərazisində Danak çölü qeydə alınmışdır. (6; 96) Lakin Dan sözü sonda sağır n ilə qədim türkcədə ‘gurultunun, ildırım səsinin əks-sədası’ mə’nasındadır; (25; 158) -ak şəkilçisi ilə söz ‘əks-səda verən yer’ mə’nasını ifadə idir. Assurların şərqə e.ə.714-cü il yürüşü zamanı vilayət və əhalinin adı kimi Zikirtu sözü çox təkrarlanır. E.A.Qrantovski göstərir ki, Zikirtu ilə Saqarti, zikirtulularla saqartililər eyni ölkə və eyni tayfadır.(26; 272) Saqarti (Saqartia, antik mənbələrdə Saqartios) haqqında e.ə.VI əsrdə qədim fars dilində Əhəməni yazılarında da mə’lumat verilmişdir. Saqartililərin Assuriyanın şimal-şərqindən Xəzərətrafı ərazilərin cənub-qərbinə qədər yayıldığı göstərilir. Saqartililər təqribən gələcək Atropatena ərazisini əhatə etmiş və o dövrkü rəhbəri Mitatti olmuşdur. Mərkəzi Parda şəhəri idi. (26; 272) E.A.Qrantovski Parda sözünü Frada sözü ilə izah etmişdir. O, saqartililəri İran tayfalarından saymış və buradan da nə vaxtsa əvvəllər İranın şimal-qərbində İran tayfalarının yaşadığı qənaətinə gəlmişdir. Saqarti sözünə iki cür etimoloji mə’na vermişlər: asan - ‘daş’, qarta - ‘dərə’; asa - ‘at’, qarta - ‘təkər’.(26; 274) Lakin bunların heç biri ağlabatan deyildir. Sözün kökündə aşkar şəkildə saq sözü vardır; art hissəsi qədim türk dillərində ‘arxa’, ‘arxa tərəf’, ‘dağ’, ‘dağlıq ərazi’, ‘dağ aşırımı’ (33; 42, 247) mə’nalarındadır. Saqartililərin yaşadığı ərazi təqribən qədim kasların ərazisinə uyğundur. Zikirtu sözündəki zik hissəsi də saq sözünün mixi yazılardan oxunmuş formasıdır - kar və cingiltili z-s səs fərqi nəzərə alınmazsa, sözlərin samitlər sistemi, ərazi, əhali eynidir; Zik-irt-u sözündə irt hissəsi saq-art-i sözündə art ilə eynidir. Saq sözü kas sözünün metatezaya uğramış formasıdır. Deməli, Zikirtu və Saqarta eyni sözlərdir və saq etnonimindən ‘saqlar yaşayan ərazi’, ‘saq dağlıq ərazisi’, ‘saq dağ keçidi’ mə’nalarında işlənən etnotoponim formalaşmış, sonralar qonşuların dilində yenidən həm də etnonim kimi işlənmişdir. Mada toponimlərinin tədqiqi bir sıra qədim və məşhur yer adlarının izahını tələb edir. Bunlar o dövrdə olduğu kimi, bu gün də əcdadlarımızın doğma yurdunda - Azərbaycan ərazilərindədir. Bu cür sözlərdən Tarmakisu, Hangmatana tipli şəhər adlarını xüsusi qeyd etmək olar. Tarmakisu (e.ə.714) - indiki Təbriz yaxınlığında şəhər adı olmuşdur. E.A.Qrantovski bu sözdən danışarkən Təbriz sözünün etimologiyasına toxunmalı olmuşdur. Təbriz sözü xalq etimologiyası əsasında riz və təb hissələrinə ayrılır və ‘qızdırmanı qovan’ mə’nasında izah edilir. E.A.Qrantovski sözün elmi etimologiyasını da eyni istiqamətdə aparmış, şəhərin adını tav>tap>tab və reç>rez sözləri ilə ‘istiliyi qovan’ mə’nasında izah etmişdir. (26; 280) Təbriz sözündəki br səslərinin tarixən metateza ilə rb şəklinə düşdüyü qeyd edilir: TƏBRİZ>TƏRBİZ. E.Hertsfeld bu cəhətə əsasən Tarvi, Tarmakisa və Tərbiz sözlərinin bir kökdən olduğunu söyləmiş, sözün kökünü tar, tarv kimi ayıraraq qədim fars dilində ‘üstün gəlmək’, ‘qalib gəlmək’ mə’nasında izah etmişdir. (26; 281) Şəhərin adının Tarvi allahının adı ilə bağlı ola biləcəyi gümanı da vardır. İ.M.Dyakonov İran dilləri əsasında Tarvi sözünün ‘ikiqat qala’ mə’nasında (10; 102) olduğunu göstərir. Y.Yusifov isə bu sözü türkcə tarau ‘dağ qolu’ sözü ilə bağlamışdır. Q.Qeybullayev Tarmakis sözünün türk dillərindəki tavur, tabur ‘arabalardan möhkəmləndirilmiş düşərgə’ sözü əsasında yarandığını və Təbriz sözünün də bu sözlə bağlı olduğu fikrini söyləmiş, Xanlar rayonundakı Tavratəpə, Qəbələ və Sədərək rayonlarında Tavradağ, Qax və Gədəbəydə Davradağ, Qazaxda Tövrətəpə, Təvrə, Daşkəsəndə Davralı və b. toponimlərdə də bu sözün qaldığını söyləmişdir. Q.Qeybullayev göstərir ki, assur dilində v səsi olmadığına görə Tarvakis əvəzinə Tarmakis işlənmişdir; Tarvakis sözündə metateza baş vermiş, «r» və «v» səsləri yerini dəyişmiş, söz Tavrakis şəklinə düşmüşdür. Tavrakis tavur (tabur) ‘möhkəmləndirilmiş düşərgə’ və kis (qir, kir) ‘yayla’ sözlərindən düzəlmiş, tədricən Təbriz sözü formalaşmışdır: Tavragiz - Tavraiz - Təbriz.(6; 99) Bunlar ağlabatandır. Lakin bizim fikrimizcə, söz əslində Tarmakis/Tarmakes’dir. Tar - ‘qamışdan tikilmiş’(34;148),-ma isim düzəldən şəkilçi, kis/kes - ‘parça’, ‘tikə’, ‘sahə’, ‘yer’ (34; 329) deməkdir - ‘qamış tikili olan sahə’. Görünür, şəhərin ibtidai ərazisi qamışlıq, ilk evləri qamış evlər olmuşdur. İ.M.Dyakonov Hangmatana sözünün madalıların dilində bu şəkildə, yunanların dilində Akbatana və ya Ekbatana şəklində işləndiyini göstərir.(1; 219) O, müxtəlif vaxtlarda bu sözü üç cür izah etmişdir. Hanqmatana sözünün «irandilli» Midiya dilində -’yığıncaq yeri’ mə’nasında işləndiyini qeyd etmişdir. »Midiya tarixi» əsərinin başqa bir yerində bu sözün ham - ‘bir yerdə, birlikdə’ və kam ‘getmək’ sözlərindən ibarət olduğunu, əsərin başqa səhifəsində isə ‘hanqmata’nın ‘Midiya ölkəsi’ olduğunu yazmışdır.(10; 102, 91, 179) İ.H.Əliyev ‘yığıncaq yeri’ mə’nasını əsas götürmüşdür. (1; 219) Q.Qeybullayev yunan formasını - Akbatan sözünü izah etmiş, sözü ak ‘ağ’ və bat sözlərinə ayırmış, Həmədan adının ‘Akbatan’ın təhrifindən ibarət olduğunu qeyd edərək qala divarlarının ağ rəngdə olduğu barədə Herodotun fikrinə əsaslanmışdır. (6; 99-100) Bizcə, İ.M.Dyakonov həqiqətə daha yaxın fikir söyləmişdir: Həmqamatana üç sözə ayrılır: həm - ‘hamı, birlikdə’, qa (qi) ‘getmək’ və mata ‘ölkə, yer, şəhər’ - ‘hamının getdiyi yer, şəhər, paytaxt’. Lakin bu sözlər nə İran, nə də Qafqaz dillərinə aiddir, bunlar ulu dildən şumerə və digər dillərə yayılan, yerli ərazidə tədricən türk forması almaqda olan sözlərdir. Hamı sözü dilimizdə fəal işlək əvəzliklərdəndir; q>g keçidi ilə ga sözü ‘getmək’ sözünün əsasında durur; mata sözü isə məkan, yer, sahə, ölkə bildirən söz kimi məhdudlaşıb arxaikləşsə də, «matım quruyub» ifadəsində, uşaq oyunlarında oyunun mərkəzi nöqtəsini bildirən mətə sözündə ilkin mə’nasını saxlamışdır. Bunlardan əlavə, türkcə tut ‘düşərgə’ və ast ‘aşağı’ (‘aşağı düşərgə’) mə’nalarında Tutaşti (e.ə.744), ‘möhkəmləndirilmiş yer’, ‘qala’ mə’nasında Uraş, türkcə taur, tabır - ‘möhkəmləndirilmiş yer’, ‘qala’ mə’nasında Taurlay (e.ə. 820) və s. kimi toponim-adlar da vardır. Bunlar ərazinin yerli əhalisinin türklərdən ibarət olduğunu bir daha təsdiq edir. Urimzan (e.ə.728) sözü türkcə urem ‘kollu, qamışlı çaybasar, subasar sahə’ və özən ‘vadi’, ‘düzən’ sözlərinə ayrılır. Elmi ədəbiyyatda (ö)zan/(ö)zən sonluqlu toponimlərin bir sıra nümunələri də verilmişdir: Gilzan, Aqanzan, Ançan (Anşan). Dağlıq Altayda çay qolu Kebozen, Sibirdə Oka çayının hövzəsi - Berezan, Uralda Yaruozan, Volqaboyunda Çeremsan, Cənubi Qafqazda Alazan, İranda Qızılözən və s. (6; 94) E.ə.713-cü ilə aid bir abidədə Midiya ərazisində. Kanzabakanu yer adı qeyd olunmuşdur.(26; .325) Sözün ikinci hissəsi aşkar şəkildə baxan fe’li sifətidir. Mada toponimlərinin etimoloji təhlilindən belə bir nəticəyə gəlmək olur ki, bə’zi izahların dəqiqləşdirilməsinə ehtiyac olsa da, umumilikdə qeyd edilən ərazi ilə bağlı toponimlər türkmənşəli olmuşdur. Madalılar, başlıca olaraq, lullu, kuti, su, turukki, kas və Manna-mağ tayfalarının varisləri olduğundan Aşağı Azərbaycan ərazisində türk mənşəli tayfa dillərinin ümumxalq dili şəklində formalaşma istiqamətində inkişafında, ümumiləşməsində madalıların çox böyük rolu olmuş, mübariz mağlar öz dillərində heç bir iranlaşmaya yol verməmişlər. Mada şəxs adları. E.ə.821-820-ci illərdə V Şamşi Adadın Nairi ölkəsinə hücumu onun Kalxudan tapılmış monolitində geniş təsvir olunmuşdur. V Şamşi Adad Kullar dağını keçərək Nairi ölkəsinə daxil olur, oradan Midiyaya keçir, sonra Araziaş yolu ilə geri qayıdır və bu zaman 28 ölkənin hökmdarı Şamşi Adada xərac gətirir. Monolitdə qeyd edilən 28 hökmdar adının «dağlıq Midiya hakimləri»nin adı olduğunu İ.M. Dyakonov, Q.A.Melikişvili və b. təsdiq etmişdir. Nairi o zaman ərazisini genişləndirmişdi, görünür, dağlıq Midiya da Nairi asılılığında idi və E.A.Qrantovskinin fikrinə görə, hətta Urmiyaətrafı rayonlar da, Şurdira (Şordərə, Dərə sözü ayrıca da işlənmişdir, 26; 220) adlanan yer də Nairiyə tabe idi. Assurlar o vaxtlar «Nairi»yə daxil olan Xubuşki, Sunbi, Mana və Parsuadan da xərac toplayırlar. Mətnin axırından aydın olur ki, artıq Midiya (Mada) Nairiyə daxil deyil, müstəqildir. Q.Hyuzinq bu 28 addan Mamaniş, Artasiraru, İrtizati, Satiriay adlarını, İ.M.Dyakonov tərəddüdlə Paruşta, Aşpaştatauk, Adadanu, Bara, İrtisati, Barzuta, Artasiraru adlarını iranmənşəli saymışdır. (26; 206) E.A.Qrantovski isə həmin 28 ad barədə qeydlərini ümumiləşdirərək yazmışdır: «Beləliklə, e.ə. 820-ci ilin siyahısındakı 28 addan 10-u (N 17-26) tam inamla iranmənşəli sayıla bilər; aydın göründüyü üzrə, N 27 də belədir. Sonrakı 6 ad (N 28-33) asanlıqla İran mənşəyi ilə izah olunur və bu halda qeydə alınmış qədim İran onomastikası ilə paralellərə malikdir. Bunu N 34 haqqında da demək olar. N 35 də İran mənşəli söz kimi istisna deyil. Tam mümkündür ki, qalan 9 ad içərisində də İran adları vardır. Ancaq nəzərdən keçirilən adlar da nəticə çıxarmağa imkan verir ki, e.ə. IX əsrin ikinci yarısında göstərilən ərazinin əhalisi arasında (Urmiyaətrafı rayonların qərb və cənub hissəsi və bir qədər də cənuba doğru ərazilərdə) irandilli etnik elementlər çox böyük çəkiyə malik idilər...» (26; 218-219) A.Qrantovski zorla Arzabia (dağ silsiləsinin və vilayətin adı) sözünü iranmənşəli söz kimi yozduqdan sonra (26; 292-296) yazır: «Qeyd etmək lazımdır ki, İran Azərbaycanının və bir sıra qonşu rayonların (Mukrin Kürdüstanı və s.) dağ və çay adlarını bildirən müasir toponimlər əksəriyyət e’tibarilə türk-monqol mənşəlidir. Onlar müvafiq faktlar əsasında (məsələn, erkən müsəlman, bə’zən hətta antik və bizans mənbələri və s.) İran mənşəli olduğunu (müq. et, məsələn, Minorski, 1957- Urmiya gölünün cənub hövzəsi üçün) göstərən toponimlərin üstünü örtür. Bununla bərabər, İran Azərbaycanının şimal hissəsinə aid olan bir sıra müasir toponimlər artıq e.ə.VIII əsr mətnləri ilə təsbit olunmuş toponimlərlə əlaqələr tapmağa imkan verir». (26; 296) Bu fikir, xüsusən monqolların da işə qatılması türklərin bu əraziyə çox sonralar gəlmə olduğunun bir daha «təsdiqi» üçündür. Millətini sevən bizim alimlər bu cür yazı yazsa, Q.B.Zakir demiş, »yüz yerdən tökülər üstünə çomaq». Amma E.A.Qrantovski kimilər bu cür «nəticə»lərinə görə alqışlanır, «Azərbaycan tarixçisi» adlanıb, əslində, İran tarixi yazanlar «Urmiya ətrafı ərazilərdə İran etnik elementlərinin tarixi qabağa çəkilir!» - deyə sevinclərini bildirir və mükafatlandırılırlar. E.A. Qrantovski İran tayfalarının bu əraziyə gəlişini heç olmasa e.ə. IX əsrə çəkməyə çalışır, «bizimkilər» isə yazırlar: «Artıq e.ə. I minilliyin başlanğıc əsrlərində İranın şimal-qərb vilayətlərində xeyli irandilli əhali qruplarının məskunlaşdığını onomastik materiallar tam aşkarlıqla təsdiqləyir». Sonrakı abzasda daha irəli gedilərək deyilir: «Bu tayfaların (irandillilərin - Q.K.) bir qismi artıq e.ə. II minilliyin lap sonunda - I minilliyin başlanğıcında İran yaylasını və onunla həmhüdud olan bölgələri məskunlaşdırmağa və orada öz tarixi mədəniyyətlərini yaratmağa başladı». (1; 160) Bir səhifə sonra fikir bir az da «inkişaf» etdirilir: «Əlbəttə, ola bilər ki, irandilli tayfa qrupları Cənubi Rusiya çöllərindən İrana Kaspi dənizinin həm şərq, həm də qərb sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq, təxminən eyni zamanda - e.ə. II minilliyin II yarısının hüdudlarında irəliləmişlər». (1; 171) Heç kəs heç kəsin tarixinə xor baxmamalıdır. Qrantovskilərin düşüncəsinə görə, türklər eramızın əvvəllərində birdən-birə göydən tökülüblər. Amma söhbət bir tayfadan, bir xalqdan yox, bəşərin inkişaf yolundan gedir. Ayrı-ayrı irqlərin yox, insanlığın tarixi öyrənilir. Həqiqəti üzə çıxarmaq elmin əsas məqsədi olmalıdır. Oxucu görür ki, E.A.Qrantovski yerli əhalini zorla iranlılaşdırmağa çalışır. Bu, elm deyil ki, bir neçə sözü zorla iranmənşəli söz kimi izah etdikdən sonra «filan nömrəli ad da belə olmalıdır», «o 9 ad da belə ola bilər» və s. deyəsən. Bunlar elm yox, tərəfgirlikdir. İ.M.Dyakonov E.A.Qrantovskinin yanında şükürlü adamdır. 820-ci il siyahısında Sibara hakimi Birtatu və ya Pirtatu (e.ə.714) adı çəkilir. Bu ad Mannadakı Bartatua adı ilə eynidir; tatu - ‘dədə’ deməkdir. Sözlərin oxunuşunda t-d əvəzlənmələri adi haldır. E.A.Qrantovski bu adın birinci hissəsini iranmənşəli bar - ‘nesti’ sözü hesab etmişdir; bar/ber fe’li - ‘aparmaq’, ‘vermək’, ‘getmək’ mə’nasında çoxişlənən türk fe’ldir - ona görə də sözü Allahverdi tipində ‘Dədə verdi’ şəklində mürəkkəb bir ad kimi başa düşmək olar. 28 addan biri Zarişu’dur. Zarişu - iki müxtəlif ərazi hakiminin adı olmuşdur. E.A.Qrantovski göstərir ki, Zarişu İran dillərində dəqiq şəkildə Zariça (ş səsinin ç ilə əvəzlənməsi əsasında) ‘sarı’, ‘qızılı rəng’ mə’nasını verir.(26; 214) Nəzərə almaq lazımdır ki, mixi yazılarda kar və cingiltili samitlər daim qarışdırılır. Bu cəhətə əsasən Zarişu sözündə ş- s keçidi ilə bu söz aydın şəkildə ‘Sarı su’ mə’nasını verir. Ardara adını İ.Şeftelovits və K.Tallkvist skif-sarmat Ardaros və -ak şəkilçisi ilə Ardarakos sözü ilə müqayisə etmişlər. (26; 214) Bu ad çoxişlənən ad olmuşdur. V.Miller, F.Yusti, M.Fasmer, V.İ. Abayev və başqaları bu sözü ərdar -’başçı’, ‘ağa’, ‘knyaz’, ‘rəis’ mə’nasında izah etmişlər. Göründüyü kimi, sözün kökündə ər sözü vardır, -dar iranmənşəli ola bilər. E.A.Qrantovski V.İ. Abayevə əsaslanaraq, bu sözün aldar şəklində ‘(hərbi) şöhrət’ mə’nasında monqol dillərində, ‘ağa’, ‘cənab’ mə’nalarında kalmık dilində də işləndiyini göstərir. Həm də qeyd edir ki, sözün ilkin mə’nası ‘tanınmış əsgər’, ‘hərbi rəhbər’ olmalı, sonrakı mə’nalar bunun əsasında yaranmalı idi. Bu, elə ər sözünün əsas inkişaf xüsusiyyətidir. 28 ad içərisində Arua, Bara, Tata adları da var, bunların türkmənşəli olduğunu əvvəldə qeyd etmişik. E.A.Qrantovski Kırnak adının kökünü Kr şəklində düzgün müəyyən etsə də (26; 215-216) (-ak addüzəldən şəkilçidir), yanlış olaraq, onu fars dilindəki kar sözünə uyğunlaşdırmağa çalışmışdır. Halbuki sözün mə’nası (‘uşaq’, ‘oğul’ - qırnaq - qırnıq - ‘balaca’ sözü) onun qır fe’lindən ibarət olduğunu göstərir. E.A.Qrantovski e.ə.820-ci ilin siyahısında qeyd olunan toponimlər haqqında bir şey deyə bilmir və yazır: «E.ə. 820-ci ilin toponimik adlarına gəldikdə, adəti üzrə, onları iranmənşəli saymırlar (bax, məsələn, Dyakonov, 1956,167), ancaq onların da bir qisminin bu cür müəyyənləşdirilməsi (yə’ni iranmənşəli sayılmaması - Q.K.) düzgün deyil».(26; 219) Hər halda, faktsız-filansız e’tirazını bildirir. E.ə.744-cü ildə assurların hücumu zamanı Parsua hökmdarı Tunaka adı çəkilir. 737-ci ildə assurların Madaya daxil olması barədə 734-cü ilin annalında Madanın qərbində yerləşən əhalinin hakimi Amakanu(i), Bagatuna adları xatırlanır. Təbii ki, E.A.Qrantovski bunları iranmənşəli saymışdır. Bunun üçün ikinci adda ‘allah’ mə’nasında baga sözünə də əsaslanmışdır.(26; 227-228) Lakin qeyd etdiyimiz kimi, Tunaka sözünün kökü ‘Tuna’ türk-oğuz dövlət başçısı və sərkərdəsi Mao Tunun adını yaşadır (Tunaka - tun əkə sözlərindən olub, qədim türkcədə tun - ‘birinci’ (25; 586; 34; 137), aka/əkə - ‘ata, böyük qardaş’ mə’nasındadır), indi də qırğızlarda Tanake adı (Ç.Aytmatovun «Əlvida, Gülsarı» əsəri) geniş işlənməkdədir. Amakanu(i) sözündə ama türk dillərində ‘ana’ deməkdir, sözün ikinci hissəsində isə kan - xan sözü oxunur. Bagatuna şəxs adında baga da, tuna da türkmənşəlidir - ‘allah tuna’ deməkdir. Bu sözü E.A.Qrantovskinin ‘güclü’, ‘yenilməz’ mə’nasında izah etməsi də, görünür, onun qeyd etdiyimiz mə’nanı gizli də olsa, nəzərə almasından irəli gəlir. Güman ki, Boqatır adı da buradan yaranmışdır. Mada şəxs adlarının bir qismi yad dillərin fonetik və orfoqrafik tə’sirlərinə mə’ruz qalsa da, türk mənşəyini gizlədə bilməmişdir. Bu qrupa Dalta/Talta, Uzuman(da), Uşra, Şarrut, Engur, Darğa, Atarli, Kaki, Datis və s. kimi şəxs adları daxildir: K.Tallkvist, F. Yusti və b. II Sarqon dövründə Edipi ərazisində işlənmiş Dalta/Talta şəxs adının ‘çarlığı qoruyan’ mə’nasında dartar - ‘derjatelğ’ sözündən ibarət olduğunu, sözün l III fəsil - Qrammatik xüsusiyyətlər Rabitəli mətnlər olmasa da, xüsusi adların təhlili əsasında madalıların dilinə məxsus bir sıra morfoloji və sintaktik əlamətlər müəyyənləşdirmək mümkündür. -ğ,-k, -ıq,-uq,-aq şəkilçisi. Müasir dilimizdə olduğu kimi, bu şəkilçi Mada tayfalarının dilində də fe’llərdən ad düzəldən şəkilçi kimi işlənmişdir; məs.: ba (bağlamaq) - bağ (‘allah’), Kara-k, Sar-uk, Daya-k; Danaku sözü ‘gurultunun əks-sədası’ (25; 158) və -ak şəkilçisi ilə ‘əks-səda verən yer’ mə’nasındadır. Kırnak sözü ‘balaca’, ‘uşaq’ mə’nasında qır-ıq (qırnıq) sözüdür. Uriakku (uri - qədim türkcə ‘artmaq’, ‘çoxalmaq’, ‘oğul’ (25; 614) və -ak şəkilçisindən - ‘törəyən, artan, çoxalan’ deməkdir. -li - sifət düzəldən şəkilçi; Tukliaş sözü tük-li (‘kol-koslu’) yış (‘meşə’) və ya ‘kol-kos aşırım’, ‘körfəzli meşə’ kimi izah olunur; Atar-li sözü otar ‘otarmaq mümkün olan yer’, ‘otlaq’ və -li şəkilçisindən ibarətdir. -li şəkilçisinin assimilyasiyaya uğramış -da/du (-lı) forması daha işləkdir; məs.: Kuakin-da sözündə kua - ‘qaya’, kin(g)-’qala’ deməkdir, -da isə -lı şəkilçisi hesab olunur; söz hərfən: qaya qala-lı kimi başa düşülür. Kindutauş sözündə kin - ‘qala’, -du hissəciyi -li şəkilçisidir - qala-lı mə’nasında; -ma - isim düzəldən şəkilçi; Tarmakis/Tarmakes sözündə tar - ‘daramaq’, ‘düzəltmək’, -ma isim düzəldən şəkilçi (‘qamış tikili’ mə’nasında); -ar - fe’llərdən isim düzəldən şəkilçi: dart(maq) fe’lindən Dartar şəxs adı (‘saxlayan’ mə’nasında); -an fe’li sifət şəkilçisi; Kanzabakanu sözündəki bak-an (baxan) sözündən aydın olur ki, sonu -an fe’li sifət şəkilçili mürəkkəb adlar artıq o dövrdə mövcud idi. Uşkakkan - uşk - ‘sakit’, ‘dinc’, ak-an - ‘axan’; Künduran - ‘gün duran’; -da - yerlik hal şəkilçisi; məs.; Ma-da sözü ‘allah’, ‘rəis’, ‘başçı’ mə’nalarında ba/ma kökünə məkan bildirən -da şəkilçisinin artırılması ilə ölkə adı kimi təşəkkül tapmışdır. Şəkilçinin assimilyasiyaya uğramış forması: -d>n keçidi ilə Hundurna sözündə qalmışdır -‘hündür yer’ mə’nasında;. -ay - Altay dillərində adlıq hal şəkilçisi: Üştaş-ay (üç daş - ay); Sintaktik üsulla söz yaradıcılığı xüsusi nəzərə çarpır: Sözlərin yanaşması yolu ilə mürəkkəb sözlərin yaranması; məs.: Uştaşay - üç daş-ay, İştaippa - üç təpə, Taştami - daş dam, Künduran- gün duran və s. Akkuşu şəxs adı ‘ağ quş’ mə’nasındadır; Zarişu sözü ş III fəsil - Gəlmə türk tayfaları: kimmerlər, skiflər, saklar, onların etnik tərkibi və dili haqqında GƏLMƏ TÜRK TAYFALARI: kimmerlər, skiflər, saklar, onların etnik tərkibi və dili haqqında Türkün beşiyi. Azərbaycan xalqının mənşəyinin müəyyənləşdirilməsi, dil tarixinin öyrənilməsi müxtəlif konsepsiyaların toqquşması yolu ilə yaranmış gərgin mübarizə prosesinin nəticəsi kimi meydana çıxır və əslində, yuxarıdan nəzarət olmadığı, olan nəzarət də əks qüvvələrin xeyrinə olduğu üçün bu mübarizə hazırkı dövrdə daha kəskin şəkildə davam etməkdədir. Dilin və xalqın mənşəyini müəyyənləşdirmək sahəsində bilavasitə imkanlı və ixtiyarlı qüvvələr daim mühafizəkar mövqe tutmuş, Azərbaycan ərazilərində çox qədim dövrlərdən köklü türk tayfalarının mövcudluğu faktlarını inkar etməklə, türk tayfalarının Azərbaycana ilkin gəlişini eramızın III-V əsrləri ilə bağlamış, lakin bu gəlişin də elə bir əhəmiyyətə malik olmadığını, Azərbaycan türk dilinin XI-XIII əsrlərdə səlcuq-oğuzların gəlişi ilə təşəkkül tapdığını israrla sübuta çalışmışlar. Bu qrupun nümayəndələri türklərin Orta Asiyada, Sayan-Altay dağlarının şimal-qərb bölgəsində, Yenisey çayı boyunda yaşayıb artdığını, Avropaya, Asiyanın digər yerlərinə, Xəzərin cənubuna və qərb sahillərinə buradan yayılmağa başladığını, ilkin yayılmanın daha çox miladdan sonra V əsrə təsadüf etdiyini güman və iddia etmişlər. Dünya elminin arxalandığı arxeoloji materiallar göstərdi ki, türklərin ilkin vətəni Sayan-Altay əraziləri deyil, Ön Asiya olmuş, ilkin miqrasiyalar məhz buradan başlamış, türklər buradan Mərkəzi Asiyaya köç etmiş, min illərlə o yerlərdə artıb-çoxalaraq yeni əlverişli yaşayış sahələri axtarışı ilə yenidən geriyə - öz ilkin yurdlarına dönmüşlər. Ulu dil Ön Asiya və Aralıq dənizi həndəvərində yaranmış və burada protodillərə parçalanmışdır. Pratürk Ön Asiyada təşəkkül tapmış, dialekt parçalanmaları ilə mezolitdən başlayaraq bizim dəqiq bilmədiyimiz dövrlərdə şərqə, qərbə və şimala buradan hərəkət etmişdir. Lakin yerli tayfaların böyük bir qismi və ya tayfa bölümləri öz ilkin vətənini, doğma yurdlarını - Azərbaycan ərazilərini, indiki Azərbaycan, İran və İraq bölgələrini heç vaxt tərk etməmişlər. Bu ərazilər türk tayfalarının daimi məskəni olmuş, onlar bu ərazilərə sonralar gələn irandillilər, qafqazdillilər və samilərlə qonşuluqda yaşamışlar. Mühafizəkar tarixçilərin fikrincə, hansı dildə danışdığı bilinməyən qədim aborigen Azərbaycan etnosları iki dəfə - əvvəlcə Mada imperiyası dövründə və sonra da XI-XII əsrlərdə öz etnik simasını dəyişmiş, birinci dövrdə iranlılaşmış, ikinci dövrdə türkləşmişlər. Lakin tarixə yeni gözlə baxan alimlərin tədqiq və araşdırmaları, eyni zamanda külli miqdarda dil faktları göstərir ki, qədim Azərbaycanın aborigen etnosları türklərdən ibarət olmuş və heç vaxt öz etnik simalarını dəyişməmiş, heç vaxt iranlılaşmaya mə’ruz qalmamışlar. Əksinə, yeni gələn türk tayfaları daim onlara qol-qanad vermiş, onları gücləndirmişdir. hərəkatının nümayəndələri (Y.Yusifov, T.Hacıyev, Q.Qeybullayev, M.İsmayıl, E.Əlibəyzadə, V.Həbiboğlu, Ç.Qaraşarlı və b.) tarixi faktlardan aldıqları təəssürat əsasında daim Azərbaycanı türkün vətəni görmüşlər. Bu yaxın günlərdə Z.H.Həsənov özünün «Çar skifləri» adlı monumental əsəri ilə bu siyahını daha da genişləndirmiş oldu. Tarixin bizə yaxın dövrlərində türk tayfalarının Azərbaycana üç mərhələdə gəlişi mə’lumdur: 1. E.ə. VIII-VII əsrlərdə kimmer, skif, sak tayfalarının gəlişi; 2. Eramızın birinci minilliyinin əvvəlindən (daha çox I-V əsrlərdə və sonrakı dövrlərdə) hunların gəlişi; 3. XI - XII əsrlərdə səlcuq-oğuzların gəlişi. Heç şübhəsiz, bunlar zaman-zaman Azərbaycanda türk etnoslarının və türk dilinin mövqeyini gücləndirmiş, yerli türk tayfa dillərinin ümumiləşməsinə, ümumxalq Azərbaycan dilinin təşəkkülünə xüsusi tə’sir göstərmişdir. Hələlik Azərbaycan ərazisinə türk tayfalarının ilk gəlişi kimmer, skif və sak tayfalarının gəlişi hesab olunur. Bunlar ilk dövrlərdə Azərbaycanda neçə min il əvvəldən məskunlaşmış aborigen türk tayfaları kutilər, lullubilər, sular, turukkilər, kaslar və b. ilə və onların varisləri mannalılar, madalılarla bir müddət qonşuluq münasibətlərində olsalar da, tədricən yerli türk etnosları ilə qaynayıb-qarışmış, e.ə.I minilliyin ortalarından başlayaraq, daha əsaslı şəkildə konsolidasiya prosesi keçirərək Azərbaycan xalqının və dilinin təşəkkülündə bilavasitə iştirak etmişlər. Qədim türk tayfaları içərisində ilk gələnlər kimmerlər hesab olunur. Herodotun (e.ə.484-425) mə’lumatına görə, Qara dənizin şimal sahillərində məskunlaşmış olan kimmerlər e.ə. VIII əsrdə şərqdən o yerlərə gələn skiflərlə toqquşmadan çəkinərək Cənubi Qafqaza enmiş, buradan isə Kiçik Asiyaya keçmişlər. Onların bir qismi Kür-Araz vadisinin qərb hissəsində - Azərbaycan-Gürcüstan sərhədi boyu yerləşmişdir. Lakin bu yerlərdə çox dayanmayaraq o vaxtlar Urartu nəzarətində olan indiki Ermənistan ərazisinə keçmişlər. Urartulularla toqquşmalı olmuş, onları məğlub etmişlər (e.ə.715). Mənbələrin mə’lumatına görə, skiflər (saklar) onları izləməkdə olduqları üçün kimmerlər Kiçik Asiyaya hərəkət edərək oradakı Friqiya dövlətini ləğv etmişlər. O zaman bu dövlətin tabeliyində olan, Hayasa adlı vilayətdə yaşadıqları üçün hay adlanan ermənilərin bir hissəsi öz yurdlarını tərk edərək indiki Ermənistan ərazisinə köçməli olmuşlar. Sonralar kimmerlərin bir hissəsi Manna ərazisinə keçərək burada kök salmış, mannalılar, madalılarla qaynayıb-qarışmış, Azərbaycan xalqının etnik tərkibinə daxil olmuşlar. (2; 103-104, 6; 130-131, 1; 213-216.) Herodotun və Diodorun qeydlərinə əsasən, Mərkəzi Asiyadan Şimali Qara dəniz sahillərinə qədər geniş əraziləri tutan skiflərin Ön Qafqaza gəlişi VIII əsrin ikinci yarısına aid edilir. Onlar «tarixin atası»nın fikrinə görə, kimmerlərin ardınca irəliləyərək Dərbənd keçidi vasitəsilə Ön Asiyaya çatmış, Araz çayından şimalda məskunlaşmışlar. Skiflərin bir qismi kimmerlərin izi ilə Midiya (Azərbaycan) ərazilərinə daxil olmuş, Azərbaycanda Skif çarlığı yaratmışlar. (58; 24-25) Skiflər iki bölük olmuşlar. Bir bölüyü Manna ərazisində, digəri Urartunun cənubunda yerləşmişdir. Tarixçilər qeyd edirlər ki, VII əsrin ortalarında bu iki mərkəz birləşərək, kimmerləri də özlərinə qatıb Kimmer-skif-sak padşahlığı yaratmışlar. E.ə. 693-cü il hadisələri ilə əlaqədar Tövrat Urartu və Manna ilə yanaşı, Skif çarlığını da xatırladır. (2; 104) Çarlığın ilk hakimi kimmer başçısı Tuqdamme olmuşdur. O, «Saklar ölkəsinin və Qutiumun çarı» rütbəsini daşımışdır. VII əsrin son rübünün başlanğıcında (e.ə.625-ci il) Kimmer-skif-sak padşahlığı Mada ilə rəqabətə dözməyərək süqut etmişdir. Bu zaman skiflərin bir hissəsi yenidən Qara dənizin şimal sahillərinə üz tutmuş, bir hissəsi Azərbaycanda - sakların adı ilə Sakasena adlanan ərazidə qalmışlar. «Şübhə yoxdur ki, e.ə.VII əsrin sakları e.ə VI-V əsrlərin ortokoribantlarının və e. ə. IV-I əsrlərin sakasenlərinin özüdür və qaynaqlara görə onlar daha məhdud bir ərazidə - Sakasenada (Şakaşen) yaşamışlar». (1; 214) Beləliklə, Azov dənizinin qərb sahillərində çarlıq yaratmış olan skiflərin bir müddət Cənubi Qafqaz - indiki Azərbaycan ərazilərində də çarlığı olmuşdur. Elmi ədəbiyyatda bunlar «çar skifləri» adlandırılır. (58; 25) Skiflər müxtəlif tayfaların birliyindən ibarət olmuş, geniş ərazilərdə məskunlaşmışlar. Strabon tarixçi Eforun fikrini yada salaraq göstərir ki, «əgər göyü və yeri dörd hissəyə bölsək, onda şərqi hindlilər, cənub tərəfi həbəşlər, qərb tərəfi keltlər, şimal tərəfi skiflər tutur». O bunu da əlavə edir ki, «Həbəş və skif əraziləri daha böyükdür». (58;32, 59;) Qədim türk tayfalarından skiflərin, sakların, kimmerlərin Azərbaycan ərazilərinə yürüşləri və müklər, kaspilər, utilər haqqında mə’lumata Herodotdan əvvəl Assur mənbələrində rast gəlirik. Assur çarı Asarxaddonun (e.ə.681-668) vaxtında akkad dilində tərtib olunmuş gil lövhələrdə kimmerlərin, skiflərin Azərbaycan ərazisində olduğu və madalılarla birlikdə Assuriya üzərinə hücuma hazırlaşdığı barədə rəmmal (orakul) mülahizələri vardır. Hiss olunur ki, assurlar böyük təlaş və həyəcan içərisindədirlər. Kimmerlərin yaratdığı təlaş bu yazılarda aydın hiss olunur: «Səndən soruşuram, Şamaş, böyük hakim, bu gün nə baş verir, bu ilin bu ayar ayının 3-də, aba ayının 11-nə qədər - deyəsən, Kaştariti öz ordusu ilə, deyəsən, kimmerlərin ordusu, deyəsən, mannalıların ordusu, deyəsən, midiyalıların ordusu, deyəsən, düşmən kim olursa-olsun, bu Kişessu şəhərini onlar tutacaqlar, bu Kişessu şəhəri gedəcək, bu Kişessu şəhəri onların əli ilə işğal olunacaq, öz hakimliyin altından çıxacaq».(17; 229) Həmin dövrdə skiflərin də assurlar üzərinə yeriməkdə olduğunu mənbə qeyd etmişdir: «Şamaş, böyük hakim, o şey haqqında ki, mən səndən soruşuram, düz cavab ver mənə. Bartatua, bu saat Asarxaddona, Assur çarına çapar göndərən Skif çarı, ondan ötrü ki... əgər Asarxaddon, Assur çarı çar qızını öz qaremasından arvadlığa göndərsə... Bartatua, Skif çarı onunla müqavilə bağlar, inamlı və mehriban söhbət olar...» (17; 230) Skiflər müxtəlif tayfa birliklərindən ibarət olmuşlar. Herodotun mə’lumatından belə nəticə çıxarmaq olur ki, müstəqil skif dili varmış. Eyni zamanda ellin dilində danışan skiflər də varmış. Savromatlar, amazonkalar «pis skif dilində» danışırmışlar. Bir sıra tayfaların isə öz ayrı dilləri varmış və skiflər mərkəzə yığışanda danışığı «yeddi dilmancın köməyi ilə yeddi dildə» aparırmışlar. (Herodot,IV,24; 58; 21) Böyük ordu ilə bağlı məsləhətləşmələr, fikir mübadiləsi zamanı iavr, aqafirs, nevr, androfaq, melanxlen, qelon, budin və savromat çarları yığılarmış. (58; 23) Beləliklə, qaynaqlardan aydın olur ki, Azərbaycan ərazisinə e.ə. VIII əsrin sonlarında ilk ayaq basan türk tayfaları kimmerlər, skiflər və saklar olmuşlar. Skif dilinin varisi barədə. Skiflərin daha çox İran, türk və slavyan dillərində danışan tayfalar olduğu daha inandırıcı hesab olunur.(58;32) Onları yalnız iranmənşəli hesab edənlər də vardır. Bu konsepsiya daha çox V.İ.Abayevin araşdırmalarına əsaslanır. Z.H.Həsənov V.İ.Abayevin tədqiq və araşdırmalarını diqqətlə izləyərək, skifləri yalnız irandilli tayfalar kimi qiymətləndirmək üçün onun müddəalarının heç bir əsas vermədiyini üzə çıxarmışdır. V.İ.Abayev cəmi 650 min nəfərlik əhalinin istifadə etdiyi osetin dilini Qafqaz dilləri substratı əsasında yaranmış İran dillərindən biri kimi əsaslandırmağa çalışmış, bu dili skif dilinin varisi hesab etmişdir. V.F.Miller, A.A.Sobolevski, N.Y.Marr, K.Müllenqof, F.Yusti, V.Tomaşek, C.Markvart, M.Fasmer, Y.Xarmat və başqaları da eyni fikirdə olmuşlar.(58; 67) Lakin osetinlərin irandilli olması probleminin özü şübhəlidir, bu barədə yekdil fikir yoxdur. Digər tərəfdən, V.İ.Abayevin skif, sarmat, alan dillərindən götürüb osetin dili ilə müqayisə etdiyi 196 sözün seçilməsi prinsipi də düz hesab olunmur. V.İ.Abayev e.ə. Herodot dövrünün skif, eramızın IV-V əsrlərinə aid sarmat sözlərini osetin leksikası ilə müqayisə etmişdir. Bu cür müqayisə elmi obyektivliyə ziddir. V.İ.Abayev özü də həqiqətdən yan keçə bilməmiş, öz şübhələrini gizlətməkdən çəkinmişdir: «...ilk müəlliflərdə, Herodotda biz daha çox terminə, sözə rast gəlirik ki, İran dilləri ilə kafi şəkildə izah olunmur. İranlılaşma sonralar bir sıra mərhələlərdə getmişdir. Onun başlanğıc mərhələlərində iranaqədərki elementlərin xüsusi çəkisi hələ mühüm yer tuturdu».(58; 68) İ.M.Miziyev müəyyənləşdirmişdir ki, V.İ.Abayevin əsaslandığı 196 sözün 48 müxtəlif qədim abidələrdə («Avesta» və s.) işlənsə də, osetin dilində işlənməmişdir; yerdə qalan 148 sözün 101 isə xalis türkmənşəli sözlərdir - V.İ.Abayev onları müxtəlif fonetik dəyişmələrlə İran dillərinə uyğunlaşdırmağa çalışdığı halda, onlar heç bir fonetik əvəzlənməyə ehtiyac olmadan türk dillərində mövcuddur. (58; 68) Z.Həsənov skiflərin totemləri sayılan qurd və maralın osetinlərlə heç bir əlaqəsi olmadığını da təbii faktlarla sübut etmişdir. Osetinlərdə qurd sözü türkmənşəlidir,-V.İ.Abayev özü də bunu qeyd etmişdir,-xalq öz totemini başqa dilin sözü ilə adlandırmaz və öz totem adını unutmaz. İkinci totemə - maral sözünə gəlincə, bu söz osetin dilində saq şəklində işlənir və Abayevin fikrincə, skiflər özlərini bu sözlə saka adlandırmış, saka etnonimi belə yaranmışdır. Z.Həsənov qeyd edir ki, saq - ‘maral’ sözü osetin dilindən başqa heç bir irandilli əhalinin dilində işlənmir. V.İ.Abayev fikrini əsaslandırmaq üçün XIX-XX əsr osetin folklorundan misal gətirmişdir, lakin türklərdə maral mə’nasında soq-un sözü XII əsr uyğur yazılarında qeydə alınmışdır. M.Kaşğaridə isə ‘erkək maral’ mə’nasında sığun sözü vardır. Yakut dilində saka sözü etnonim sayılır və ‘maral’ mə’nasındadır. Müasir türkmən dilində ‘maral’ sözü sığır, buryat dilində sağaa şəklində işlənməkdədir və s. (58; 70) Müxtəlif dillərdə danışan skiflərin varisini kiçik bir xalqla məhdudlaşdırmaq olmaz. Skiflərin varisi türklər, irandillilər və slavyanlardır. Skif çarlığının əzəli tayfaları türklərin əcdadlarındandır. III fəsil - Kimmerlər Herodotun və Strabonun yazılarından aydın olur ki, kimmerlər, skiflər və saklar ayrı-ayrı tayfalar olmuşlar. Lakin araşdırmalar göstərir ki, sak və qamir bə’zən eyni bir tayfanın adı kimi də çıxış edir. Məsələn, Bisütun yazılarının akkad versiyasındakı kimmer sözü elam və qədim fars versiyalarında saka sözünə uyğun gəlir. Eləcə də I Daranın qədim fars variantındakı saka sözü Babil variantındakı qamir sözünə uyğun gəlir. (37; 317) Bunlardan belə nəticə çıxarılır ki, saklarla kimmerlər bir kökdən olmuşlar. Skiflərin, sakların gəlmə və ya aborigen əhali olması barədə müxtəlif mülahizələr vardır. Bir sıra alimlərin fikrinə görə, onlar Azov dənizinin qərb sahillərinə Asiyadan gəlmiş və bu ərazilərdən kimmerləri çıxarmışlar. Lakin antik müəlliflərin əsərlərində verilmiş mə’lumatdan belə bir qənaət də hasil olur ki, gəlmə skiflərlə aborigen kimmerlər arasında fərq olmamışdır: «T.Sulimirski belə hesab edir ki, Hesiod skifləri - «madyan sağanları» xatırlayan ilk yunan müəllifi olmuşdur. Lakin əsərləri təqribən e.ə.VII əsrə aid olan Hesiod kimmerlər haqqında heç nə bilmir. Hesioddan əvvəl yaşamış Homer isə «Odissey» əsərində bizə Pont çölündə məskunlaşmış kimmerlər haqqında mə’lumat verir, skiflər haqqında heç nə danışmır».(58; 20) Kimmer - qədim yunan forması sayılır. Akkad dilində bu söz qamerra (Qa-me-ra-a-a) şəklindədir. VII əsr assur yazıları qimirra (Qimiraa) (51; 65), qədim erməni mənbələri qamir şəklində saxlamışdır. Bibliyanın «Varlıq» kitabının X fəslində «Xalqlar lövhəsi» adlanan qaynaqda Qmr (qamer) şəklindədir. (1; 213) Kimmer etnoniminin bu tayfaya kənardan verildiyi güman edilir. İlk dəfə yunan şairi Homerin işlətdiyi, sonralar başqaları tərəfindən təkrar edildiyi göstərilir. Etimologiyası barədə müxtəlif fikirlər söylənmişdir. Bə’ziləri kimmer sözünü Qafqaz dilləri əsasında izah etməyə çalışmışlar. Qafqaz dillərində kım, kam - ‘baş’ mə’nasında işlənir; bu əsasda kım ərlər - ‘baş ərlər’ kimi izah olunur. Lakin kam/qam sözü türk dillərində daha geniş yayılmış bir söz olub ‘kahin’, ‘şaman’ mə’nasındadır və bu mə’nada qam ərlər - ‘şaman ərlər’ deməkdir. Son tədqiqatlarda bu cür etimoloji təqdimat daha əsaslı hesab olunur. Y.Yusifov, F.Cəlilov, Q.Qeybullayev kimmer sözünün bu cür izahını düzgün hesab etmişlər. Ar, ər şəklində olan ikinci komponent avar, bolqar, qacar, sabar, xəzər və b. türk tayfa adlarında da işləkdir. Kam hissəsi isə kamak, kaman (kuman), kamat və s. tayfa adlarında da mühafizə olunmuşdur. (6; 130) Q.Qeybullayev sözün əslini qəmər/kəmər şəklində bərpa etmiş və tayfanın adının ərazi toponimlərindəki çoxsaylı izləri əsasında bu sözün kimmerlərin özlərinə verdikləri ad olduğunu sübut etmişdir. Bə’zi alimlər kimmerləri iranmənşəli saymışlar. (10; 239-241) Frakiyalı, kelt, qafqazdilli hesab edənlər də olmuşdur. Lakin əksər tədqiqatçılar kimmerləri türk-monqol tayfalarına aid etmişlər. (50; 171) Bunu tarixin kimmerlərlə bağlı mühafizə edib saxladığı bütün əlamətlər təsdiq edir. Homer kimmerlərin «madyan sağanlar» olduğunu göstərmişdir. Türklərə aid olan bu epiteti sonralar Herodot skiflərə də aid etmişdir ki, bu da kimmerlərin skitflərlə qohum olduğunu sübut edən bir dəlildir. (37; 318) Kəmər sözünün qarqar, dondar, bolqar, suvar, kanqar, xəzər türk tayfa adları ilə uyğunluğu da onların türk tayfalarından olduğunu sübut edir. Kimmer sözü öz izlərini bir çox ərazi toponimlərində saxlamışdır. Madada Kimirra şəhəri var imiş. Assur qaynaqları buranı Qamarra ölkəsi adlandırıb. Qara dəniz sahili toponimlərdə Kimmeriya, Kimmerik yer adları vardır. Kerç boğazı Kimmer Bosforu adlanır. Cənubi Anadoluda Qamir etnotoponimi, Zaqatala ərazisində Qımır və Qımırlı yer adları vardır. Qazax-Borçalı bölgəsində Böyük və Kiçik Kəmərli, Kəmərqaya, Kəmərli kəndləri bu tayfanın adı ilə bağlıdır. Q.Qeybullayev göstərir ki, orta əsrlərdə İrəvan yaxınlığında Qumri, Qəmri (ermənicə yazılış) adlı Azərbaycan kəndləri olub. Türkiyədə də Kəmərli adlı kənd var və s. Krım toponiminin də bu etnonim əsasında, türkcə ‘qala’ mə’nasında qrim sözündən yarandığı və rus dilindəki kreml sözünün də buradan olduğu güman edilir.(50; 172) Prokopiyə görə, hunlar qədimdə kimmer və massaget adlanırmışlar. Hunlar isə əsasən türkdilli olmuşlar. Q.Qeybullayev kimmer tayfalarından olan trellərin xalis türk tayfası olduğunu qeyd edərək göstərir ki, bu sözün ter hissəsi başqa türk tayfa adlarında da (tərtər və s.) vardır, ikinci komponent isə (el sözü) ‘el’, ‘tayfa’ deməkdir.(37; 317) Kimmer çar adlarının türkmənşəli olduğu aydınlaşdırılmışdır. Teuşpa sözü türkcə tuş ‘qızıl bəzək’ və bay ‘varlı’, Tuqdame (Kimmer-skit-sak padşahı, e.ə.VII əsrin 60-50-ci illəri) - türkcə tuq ‘döyüş bayrağı’ və tumay - ‘sipər’, Sandakurru (assur dilində «r» səsi qoşalaşmış, «u» isə adlıq halın şəkilçisidir) - türkcə san ‘ad-san’, -da(-la) şəkilçisi və kür ‘möhkəm’, ‘səbatlı’ sözlərindən düzəlmişdir. Birinci sözdəki tuq komponenti ilə bağlı türkeşlərin (VIII əsr) Tuk-Varsen, monqolların (XIII əsr) Tukluk, Tuk-Teymur adları da mə’lumdur. (6; 132-133) Kimmerlərin türkmənşəli olduğuna şübhə yoxdur. Həm də onlar çox qədim tayfalardandır. Kimmerlərlə əlaqədar Herodotun yazdığı bir məsələ şübhə doğurur. Kimmerləri skiflərin (bə’zi qeydlərə görə sakların) qova-qova Ön Asiyaya gətirməsi fikri ağlabatan görünmür. Yə’ni skiflərlə kimmerlərin nə qədər düşmənçiliyi varmış ki, bütün Cənubi Avropa, Qərbi Asiya boyu əl çəkmir, kimmerləri qova-qova bu yurddan o yurda aparır, özləri də məcbur olub yurdlarını dəyişirlər. Ola bilər ki, hər iki tayfa daha əlverişli ərazilər axtarışı ilə qeyd edilən ərazilərdən keçməli və öz yerlərini dəyişməli olmuşlar və bu da ola bilər ki, müəyyən dövrdə kimmerlər skiflərin qonşuluğunda yaşamaq istəməmiş, ona görə də onların yaxınlaşdıqlarını gördükdə yerlərini dəyişmişlər. Herodotun fikri bir də ona görə məntiqi deyildir ki, kimmerlər son məqamda skif və saklarla birləşərək Mada ərazisində 28 illik (e.ə.653-625) yadda qalan padşahlıq yaratmışlar və ilk padşahları da kimmerlərdən olmuşdur. Bizim fikrimizcə, kimmerlər də, saklar da Ön Asiyanın ən qədim sakinlərindən olmuş, vaxtaşırı Ön Asiya - Şimali Qaradəniz sahili ərazilərini, Mərkəzi Asiya və qərbdə Karpat bölgələrini gəzib dolaşmışlar. İlk dəfə irəli sürdüyümüz və qəti inamımız olan mühüm bir mülahizə də bu fikrə köməkdir. Maqlar və qamlar sosial-dini baxımdan eyni vəzifəni yerinə yetirən adamlar olmuşlar. Lakin tarixçi və dilçilərimiz bu vaxta qədər bu cəhətə diqqət yetirməmişlər. Nostratik nəzəriyyənin görkəmli tədqiqatçıları eyniköklü sözlərin dünya dillərində fərqlənməsinin çox mühüm bir üsulunu metatezada görmüşlər. Əvvəldə qeyd etdiyimiz kimi («Mada» bölməsinə baxmalı), fikrimizcə, maq və qam sözləri eyni sözlərdir və metateza ilə fərqlənmişlər. Bunlardan hansının praforma olduğunu müəyyənləşdirmək də mümkündür. Ulu dilin parçalanması Ön Asiyada baş vermişdir. Bu, hipoteza deyil, artıq tam təsdiq olunmuş aksiomadır. Ön Asiyanın ən qədim tayfalarından daha qədimi bizim mağlardır. Həm maq, həm də qam sözündə «m» samiti vardır; m - burun samitidir. Bu da mə’lumdur ki, ağız samitləri burun samitlərindən əvvəldir. M-in ilkin forması «b»dir: ba - bağ sözləri - ‘allah’, ‘başçı’, ‘rəis’, ‘bəy’ və eyni zamanda fe’l kimi ‘bağlamaq’, ilahi ‘bağlılıq’ mə’nalarında. Bu sözlər b>m keçidi ilə minilliklər ərzində mağ şəklini almış, mağ sözü metateza ilə gam şəklinə düşmüşdür. Mağ sözü daha çox Ön Asiya, gam sözü və onun g-ş keçidi ilə fərqlənən şam(an) forması Mərkəzi Asiya üçün xarakterikdir. Buradan aydın olur ki, mağlardan ayrılıb gedən türklər tədricən mağ adını gam şəklində işlətmişlər. «Dədə Qorqud»da Gam Ğan oğlu sözü göstərir ki, bu tayfa artıq çoxdan gam sözünü işlədir. «Dədə Qorqud»un daha çox Hun oğuzları ilə bağlı olması da bu cəhətdən əhəmiyyətlidir. Qaumatanın da (e.ə.521) adında «gam» sözü vardır. Ola bilsin ki, Qaumata e.ə.VIII əsrdə geriyə miqrasiya edən türklərdəndir. Kimmer sözünün gam-ər şəklində izahı da göstərir ki, kimmerlər Ön Asiya mağlarından ayrılıb yaxın və uzaq ərazilərdə dolaşaraq gam adı ilə geri qayıdan mağlardır. Bunlar özlüyündə həm də sübut edir ki, türklər şərqə və qərbə Ön Asiyadan yayılmışlar, o yerlərdən bura miqrasiya türklərin vətənə sonrakı qayıdışlarındandır. III fəsil - Skiflər Əksər tarixçilərin fikrinə görə, skiflər, saklar, kimmerlər Mada ərazisində e.ə. VIII əsrdən görünməyə başlamışlar. Lakin T.Sulimirski Volqaboyu, Şimali Qafqaz və Azərbaycan arxeoloji materiallarını nəzərdən keçirərək, kərtmə qəbirlər mədəniyyətini skiflərə aid etmiş və onların Ön Asiyada azı e.ə.IX əsrdən mövcud olduğu qənaətinə gəlmişdir.(«Seythian Antiquities in Western Asia», «Artibus Asia», XVII,3/4,1954) Bizcə, bunlar Azərbaycan ərazisində sonralar «skiflər» adı ilə tanınan qədim yerli tayfaların mədəniyyət qalıqlarıdır. Skif etnonimi e.ə.VII əsr assur qaynaqlarında işquzay, aşquzay şəkillərində qeydə alınmışdır. İ.M.Dyakonov göstərir ki, Ön Asiyaya yenicə gəlmiş skiflərə assurlar belə ad verə bilməzdilər, odur ki bu cür adlandırma özünüadlandırma hesab olunmalıdır. (10; 242) Eyni zamanda Herodot qeyd edir ki, Şimali Qaradəniz sahili skifləri özlərini skolot adlandırırdılar və yunanların işlətdiyi skif (skit) sözü də buradandır. (60; 6) Bunlar güman etməyə əsas verir ki, skolot, iskit, skif sözləri yunanların bu tayfa birləşməsinə verdiyi adlardır və bir kökdəndir. Skolot və skit sözlərinin yaxınlığı aydındır; iskit (skit) və skif sözlərindəki t-f fərqi yunan yazılarının oxunması ilə bağlı yaranmışdır. Aydınlaşdırılmalı olan bir cəhət də iskit və işquzay (aşquzay) sözlərinin əlaqəsidir. İ.M.Dyakonov yunan iskit (skif) sözünün assurların aşquzay (işquzay) sözündən törəmə olduğunu, sözlərin əvvəlindəki a və i saitlərinin assurlar tərəfindən artırıldığını, aşquzay, işquzay sözlərindəki z səsinin yunanlarda d (t) səsinə keçdiyini göstərmişdir. Q.Qeybullayev İ.M.Dyakonovun fikrinin əvvəlki hissəsi ilə razılaşsa da, səsartımı və səs keçidi məsələlərində müəllifin səhv etdiyini qeyd etmişdir. Gördük ki, assur və babil mənbələri Herodotdan 200 il əvvəl bu tayfaları aşquzay, işquzay adlandırmışdır; Bibliyada isə tayfaların adı aşquz şəklindədir. Herodotun işlətdiyi forma sonralar oxu və tərcümə zamanı təhrif edilmişdir. Z.Həsənov skif sözünün qədim yunan yazılış formasını ətraflı tədqiq edərək göstərir ki, bu söz Herodotda skuzes (tək), skuzay (cəm) şəkillərində yazılmış, rus dilinə tərcümə zamanı iki təhrifə yol verilmişdir: th səs birləşməsi ilə verilməli olan son səs «f » ilə verilmiş, «u» səsi əvəzinə «i» işlədilmişdir; nəticədə skuth sözü ‘skif’ kimi formalaşdırılmışdır. İngilis dilində skiz (scuth), türk dilində iskit şəklində sabitləşdirilmişdir. Azərbaycan dilinə rus dilində işlənən forma daxil olmuşdur. Z.Həsənovun fikrincə, söz quz/kuz kökündən və aş/as komponentindən düzəlmişdir. aş, iş, eş sözləri qədim türkcədə ‘(dağı) aşmaq’, ‘çapmaq’, ‘qaçmaq’, ‘döyüş’ mə’nalarını verir. E.Q. Minns aşquzay, işquzay sözlərinin əvvəlindəki «a», «i» saitlərinin sami və İran dillərində sözün tələffüzünü asanlaşdırmaq üçün artırıldığını güman etmişdir. Z.Həsənovun fikrincə, sözün əvvəlindəki aş, as, iz, is xüsusi ad da ola bilər - işkuz çarı İşpakay adında olduğu kimi.(58; 128) Z.Həsənov bu qənaətə gəlmişdir ki, skif, iskit, şkuda, aşquz, işkuzay, aşkuzay sözləri və yunanların skuz, türklərin iskit, rusların skif, ingilislərin skiz sözləri eyni mə’nanı ifadə edir və kökü quz etnonimidir.(58; 130) Z.Həsənov həm də bu qənaətdədir ki, əgər skif sözünün əsli ‘skuz’dursa, deməli, o, oğuz sözü ilə bağlıdır. Fikrini davam etdirərək qeyd edir ki, Oğuz sözü türk dillərində müxtəlif mə’nalarda yozulur. Sözü ilk növbədə og - ‘oğul’ və uz - ‘yol’ sözlərinə ayırmaq və oğuzların xarakterinə uyğun olaraq, ‘yol gedən’, ‘köçəri’ mə’nalarında izah etmək olar; Herodot oğuzları ‘madyan sağan’ adlandırmış və at südünün totem xarakterli olduğunu göstərmişdir. Bu cəhətdən oğuz sözünü ağuz - ‘ilk süd’ kimi də izah etmək olar. Bu sözü quz, küz sözü ilə də bağlamaq mümkün sayılır - oğuzlar şimal əhalisi hesab olunur və quz, küz sözləri ‘dağın gün düşməyən tərəfi’, ‘payız’ mə’nalarını ifadə edir.(58; 54) Beləliklə, müəllif sözü türkmənşəli söz kimi bir neçə istiqamətdə izah etmişdir. Q.Qeybullayev aşquzay, işquzay sözlərində -ay elementinə tədqiqatçıların diqqət yetirməməsini ciddi irad hesab edərək göstərir ki, aşkar türk-monqol elementi olduğu üçün qəsdən üstündən keçirlər. Müəllifin fikrinə görə, assur dilində d - z və s - ş keçidləri ilə bu sözlər iskutay/iskuday formasında olmuşdur və türk tayfa adlarındandır. Müəllif onu da göstərir ki, skolot - bütün Şimali Qaradənizsahili tayfaların deyil, cəmi bir neçə tayfanın ümumi adı olmuşdur, eskel (ərəb müəlliflərinin xatırladığı qədim bolqar tayfalarından birinin adı) sözündəndir (eşkel, işkil, eskil şəkillərində Orta Asiyanın türk xalqları arasında qalmaqdadır) və sondakı (o)t qədim türk cəm şəkilçisidir. Q.Qeybullayev bu sözlə iskutay sözünü fərqləndirməyə çalışmışdır. Müəllifin fikrincə, iskutay, iskuday Midiyaya gələn skif tayfasının konkret adı, antik müəlliflərin əsərlərindəki skit, skif, skut sözləri isə tayfaların toplu adıdır.(37; 276) Tədqiqatçıların bir qismi skifləri ucdantutma İran dillərində danışan tayfalar hesab etmişlər. Saysız tədqiq və araşdırmalar, tədqiqatçıların müxtəlif və ziddiyyətli fikirləri göstərir ki, iranşünasların Karpatdan Çinə qədər ərazilərdə yerləşdirdikləri qədim skiflər mənşə e’tibarilə müxtəlif etnosların birliyindən ibarət olmuşlar. Bu fikrin tərəfdarları çoxdur. «Sibir skifləri», «Altay skifləri», «Yakutiya skifləri», «Qafqaz skifləri» haqqında mənşə birliyindən, onların iranmənşəli olmasından necə danışmaq olar?.. Belə çıxır ki, Qərbi Sibirin türk xalqlarının əcdadları (Omsk, Tümen, Tomsk, Novosibirsk, Kemerovo və s.) qeyri-elmi şəkildə ümumiləşdirilmiş irandillilər imişlər. (37; 280) Q.Qeybullayev bu «məntiqi» son dərəcə qeyri-məntiqi hesab etməkdə tam haqlıdır. İranşünasların fikrinə görə, antik müəlliflər harada skiflərin yerləşdiyini göstərmişlərsə, orada irandillilər yaşamışlar. Lakin onlar skiflərin 7 tərcüməçidən istifadə etdikləri barədə Herodotun mə’lumatını hesaba almaq istəməmişlər. Cidd-cəhdlə əsaslandırmağa çalışmışlar ki, Orta Asiyada və ondan qərbdə türk dili yeni minilliyin ilk əsrlərindən yayılmağa başlamışdır. Məsələn, R.Frayın fikrinə görə, «türk dövrünə», yə’ni yeni eradan əvvəlki minilliyin sonlarına qədər Mərkəzi Asiyanın əhalisi irandillilər olmuşdur. (52; 225) Hətta C.Klauson, S.Q.Klyaştornı, A.N.Kononov, F.İohannes, V.A.Livşits və başqaları türk-runik əlifbasının iranmənşəli olduğunu, iranmənşəli soqdi əlifbası əsasında düzəldildiyi iddia etmişlər. Bə’ziləri isə ər və aş kimi tipik türk sözlərinin də türk dillərinə İran dillərindən keçdiyini sübuta çalışmışlar. (37; 281-282) Mövcud konsepsiyaya əsaslandığı üçün mühüm bir məsələdə Q.Qeybullayev də səhv etmişdir. O, Qara dənizin şimal sahillərində və Şimali Qafqazda yaşayan və müasir ədəbiyyatda skit, isgit, skif adlandırılan əhalini üç qrupa ayırmışdır: 1) yerli, avtoxton irandilli əhali (osetinlərin əcdadları); 2) mənşəyi bilinməyən başqa qrup yerli əhali və qafqazdillilər; 3) Şərqdən - Asiyadan gələn qədim türkdilli əhali.(37; 278) Bu bölgü məntiqsizdir. 1-ci və 2-ci bölgülər yerli əhalini, 3-cü bölgü Asiyadan gələnləri əhatə edir. Yerli əhalinin bir qismini osetinlərin əcdadı, bir qismini qafqazdillilər hesab etməklə, türkdilliləri yalnız Asiyadan gələnlərlə məhdudlaşdırmaq türklərin ilkin vətəninin Ön Asiya olduğunu təsəvvür edə bilməməyin nəticəsidir. Şimali Qara dəniz sahillərində məskunlaşmış skiflərin bir hissəsinin aborigen, bir hissəsinin gəlmə olduğunu Herodot da təsdiq edir: Q.Qeybullayev bu fikri söyləməkdə onu əsas götürür ki, Şimali Qara dəniz sahillərinə şərqdən heç bir irandilli tayfa gəlməmişdir. Biz bu fikri düzgün hesab edirik. Lakin o fikri düzgün hesab etmirik ki, yerli skiflər yalnız iran- və qafqazdillilərdən ibarət olmuşdur. Ön və Kiçik Asiyada, Şimali Qaradəniz sahillərində aborigen skiflər varsa, onların müəyyən qrupları Şərqdən gələnlərlə qohum aborigen türklər olmalı idi. Və digər tərəfdən, Şərqdən yeni gələn skiflərin Mərkəzi Asiyaya vaxtilə buradan getmiş olduğu da unudulmamalıdır. Tədqiqatçılar, təbii ki, türk etnoslarının tarixi rolunu üzə çıxarmaq üçün Orta və Mərkəzi Asiyanın, Altayın, Sibirin, Cənub-Şərqi Avropanın arxeoloji mədəniyyətinə də əsaslanmışlar. Bütün bu ərazilərə dırnaqlı heyvanların vəhşi heyvanlar tərəfindən parçalanmasını əks etdirən skif «vəhşi üslub»u hakimdir. Bə’ziləri vəhşi üslubun mənşəyini totemlə, bə’ziləri magiya ilə, bə’ziləri miflərlə, bə’ziləri sosial vəziyyətlə bağlamışlar. Bir sıra görkəmli alimlər bu üslubun qeyd olunan ərazilərə gəlmə olduğunu göstərmişlər. Y.Y.Kuzmina bu fikirdədir ki, bu üslubu skiflər Ön Asiyadan mənimsəmişlər, çünki bu üslub Ön Asiyada Əhəməni, yunan, Baktriya, varvar üslubları şəklində şeylər üzərində həkk olunmuşdur və deməli, buradan da Avroasiya çöllərinə yayılmışdır. Y.Y.Kuzmina birbaşa qeyd edir ki, Altay əhalisi parçalama səhnəsini bilavasitə Ön Asiyadan mənimsəmişdir. A.M. Xazanovun da fikri eynidir: «Skif mədəniyyətinin formalaşması Ön Asiyanın mədəni ölkələrinin tə’siri ilə baş vermişdir». B.V.Texov da bu fikri təsdiq edir: skif mədəniyyəti Ön və Kiçik Asiyadan yayılmışdır. Q.Qeybullayev bu fikirləri «qəti şəkildə inandırıcı olmayan» (37; 283) fikirlər kimi qəbul etmişdir. Q.Qeybullayevin e’tirazı əsassızdır və yenə eyni mənbədən - Ön Asiyanın bəşər mədəniyyətinin inkişafında ilkin rolunu nəzərə almamaqdan irəli gəlir. Türk xalqlarının Mərkəzi Asiyanın qədim sakinləri olması barədə Q.Qeybullayevin fikrinə heç bir şübhə yoxdur. Lakin bu qədimlik Ön Asiyadakı ilkinliyə, qədimliyə bərabər deyil. Türk etnoslarının və bəşər mədəniyyətinin beşiyinin Altay deyil, Ön Asiya olduğunu nəzərə almamaq səhv nəticələrə səbəb olur. Müəllif Ön Asiyanı unudaraq, skif mədəniyyətinin beşiyi kimi Sibiri və Altayı görür. Əslində, Altayın Altay kimi şöhrəti kök e’tibarilə Ön Asiyaya bağlıdır. Biz skif vəhşi üslubunun Ön Asiya mağlarından yayıldığına şübhə etmirik. Lakin müəllifin çox böyük məntiq və dəlillərlə əsaslandırdığı bir fikirlə tam razıyıq: köçəri skiflər arasında böyük bir ərazidə yayılmış vəhşi üslub həmin üslubun yaradıcılarının qətiyyən mənşə birliyi demək deyildir. Skif üslubu «ilkin köçərilərlə» əlaqələndirilir. «İlkin köçərilər» dedikdə e.ə.VIII-III əsrlərdə Cənubi Sibir və Qazaxıstan ərazilərində yaranmış abidələrin yaradıcıları nəzərdə tutulur. Lakin bunlara həqiqi mə’nada «ilkin köçərilər» demək olmaz, bunlar bizə mə’lum olan ilkin köçərilərdir. Bütün tədqiqatçılar göstərir ki, vəhşi üslub Monqolustan və Tuvadan Dunay və Qaradənizin şimal sahillərinə qədər yayılmış bir mədəniyyətdir. »Həqiqətdə, heç bir irandilli əhali heç vaxt spesifik skif mədəniyyətinin yaranmasında heç cür iştirak etməmişdir. Bu mədəniyyət erkən köçərilərə, fikrimizcə, Altay dilləri ailəsinə aid olan dillərdə danışanlara aiddir». (əlavə bax: 37; 284) M.İ.Artamanov da qeyd etmişdir ki, bir-iki əlamətin oxşarlığı hələ etnik eynilik və ya qohumluq üçün əsas deyil. (53; 13) Skiflərin iranmənşəli olduğunu iddia edənlərin bir dəlili də skif şəxs adlarının və bir sıra skif toponimlərinin iranmənşəli izahıdır. Etnosun mənşəyini müəyyənləşdirmək üçün, fikrimizcə, antroponimlər gərəkli olsa da, tam e’tibarlı deyildir. Başqa bir dilin tə’sirinin gücləndiyi, dini tə’sirin artdığı dövrdə antroponimlər dözümsüzlük göstərir, tez dəyişir. Məsələn, ərəb işğalından, islam dininin yayılmasından az sonra türk dünyasında ərəb adları baş alıb getmişdir. Yaxud iranmənşəli kaspi şəxs adları da İran dillərinin e.ə.V əsrdə türk mənşəli kaspi dilinə bu cür tə’sirinin nəticəsi sayılır. V.F.Millerin topladığı 425 skif-sarmat şəxs adından yalnız 167-sinin, L.Zqustanın topladığı 613 skif şəxs adından 286-sının iranmənşəli olduğu müəyyən edilmişdir. (37; 286) Lakin iranşünaslar qalan (iranmənşəli izahı mümkün olmayan) adların da iranmənşəli olduğunu israr edirlər. Bu onunla əlaqədardır ki, «skif» dedikdə iranşünasların beynində yalnız irandilli əhali dolaşır, əhalinin çox hissəsinin türklərdən ibarət olduğu qəsdən nəzərə alınmır. Böyük bir ərazidə məskunlaşmış tayfa və qəbilələrin hamısını ucdantutma irandilli hesab etmək o yerə gətirmişdir ki, saklar, sarmatlar, massagetlər, siraklar, dondarlar və b. türk tayfaları küll halında irandilli qələmə verilmişdir. Məhz belə bir mənfur konsepsiya Altay, Cənubi Sibir, Orta Asiya, Qazaxıstan, Povolojye və nəhayət, Azərbaycan əhalisinin mənşəyini düzgün müəyyənləşdirməyə imkan verməmişdir. M.İ.Rostovsev, A.İ.Sobolevski, V.F.Miller, V.İ.Abayev, E.A.Qrantovski, O.N.Trubaçev, İ.Q.Əliyev və başqaları bu konsepsiyanın daşıyıcıları kimi skif, sak, massaget, sarmat və s. tayfa dillərinin iranmənşəli olduğunu canfəşanlıqla müdafiə etmişlər. Bu sahədə sovet dövründə xalqların «qədim» və «gənc» xalqlara bölünməsindən ibarət olan qeyri-elmi nəzəriyyənin də rolu çox olmuşdur. Bu nəzəriyyəyə əsasən türk xalqları gənc xalqlardan sayılmışdır. Əslində, bu, son dərəcə gülünc bir bölgüdür. Düşünmək istəmirlər ki, türk xalqları uzaq Altaydan Karpata qədər geniş əraziləri birdən-birə necə bürüyə bilərdilər. Bütün bunlar bəşər elminin arxeoloji materiallar əsasında dəqiqləşdirdiklərini milli yaramaz şovinist mənafe baxımından saxtalaşdırmağın və ya açıq-aşkar inkar etməyin nəticəsidir. Şərqə yayılmış bütün türklərin ilk vətəni Ön Asiya olmuşdur. Hələ mezolitdə əhalinin parçalanıb şərqə və qərbə hərəkət etməsi barədə, güclü miqrasiyalar barədə elmə çox şey mə’lumdur. Türklər Ön Asiyada öz böyük rolunu mühafizə etməklə, 5-6 min il əvvəl bütün Şərqi də fəth etmişlər. Onların sak, skif, massaget adı altında bir sıra başqa tayfalarla qarışıq şəkildə yenidən Ön Asiyaya qayıdışı 2800 il əvvələ aid olub bizə mə’lum olan geri miqrasiyalardan biridir. E.ə IV minilliyin ortalarına qədərki miqrasiyalar barədə mə’lumat verməyə şumer yazılarının gücü çatmamışdır. Bunu yalnız arxeoloji mədəniyyətin yayılma arealı ilə təsəvvür etmək olur. Lakin çox zaman arxeoloji mədəniyyət daşıyıcılarının hərəkət xəttini əksinə düşünürlər. Bütün bunları mülahizə etdikdə, bizim eranın əvvəllərinə qədərki dövrdə skif vəhşi üslubunun yayıldığı ərazilərdə yalnız iranmənşəli əhali görmək elmi və tarixi həqiqətlərə göz yummaqdır. Düşünmək istəmirlər ki, bəs birdən-birə bu qədər böyük ərazinin «irandilli» əhalisi hara buxarlandı, necə yox oldu? Beləliklə, skiflər türk və irandilli tayfalardan ibarət olmuş, skif adı altında bə’zən sak, massaget, sarmat tayfaları da birləşdirilmişdir. (2;118) Assur mixi yazıları skiflərin Manna hüdudlarında yerləşməsindən, Herodot isə Midiyaya «soxulması»ndan danışır. Urmiya gölünün şimalı və qərbi onların yayıldığı ərazilər olmuşdur. Skif şəxs adlarının, skif toponimlərinin çoxu İran dilləri ilə izah oluna bilmir. Özlərini işquzay/iskutay və saka adlandıran skiflər türk dil ailəsinə mənsub olub, yerli mannalılar və madalılarla dostluq əlaqələri saxlamışlar: «Hər halda, mannalılar Aşşurla mübarizədə skiflərdən öz məqsədləri üçün istifadə etmişlər. Onlar sonralar da bir-birilə dostluq münasibətində qalmışlar; belə ki skiflərin Manna əleyhinə hansısa düşmənçilik hərəkətləri barədə mə’lumat yoxdur». (9; 41-42) S.Qaşqay bu sözləri skiflərlə mannalıların qohum olduğunu göstərmək və həm də bunu hakim uydurma konsepsiyanın tərəfdarlarının senzurasından keçirmək üçün çox ustalıqla və çox obyektiv söyləmişdir. Qohum olmasa idilər, mannalılar skiflərə öz ərazilərində xoşluqla yer verməz və 80 illik skif hökmranlığı dövründə dostluq əlaqələri ilə düşmənə qarşı birləşməzdilər. Başqa mənbələr də onların türkdilli olduğunu israr edir: »Antik dövrdə skitlər və onlara mənsub tayfalar Qara dəniz sahillərindən Orta Asiyaya və Qafqaza uzanan ərazidə təmsil olunmuşdular. Etnik və dil cəhətdən skitlər türk etnoslarına da mənsub idilər». (2; 103) Bu o deməkdir ki, onların tərkibində türkdilli olmayan tayfalar da vardı. S.Qaşqay E.Herzfeldin tədqiqlərinə (54; 25) əsaslanaraq yazır: «Yazılı mənbələrdə adları çəkilən irandilli tayfaların lokalizəsi və e.ə.IX-VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən bizi maraqlandıran ərazidəki (Manna ərazisində - Q.K.) onomastik materialın təhlili göstərir ki, Urmiyayanı hövzədəki əyalətlər hələ irandilli əhali ilə məskunlaşmamışdı. İrandilli tayfalar Manna dövlətinin əhatə etdiyi ərazi ətrafında yerləşmişdilər və Urmiyayanı hövzənin dərinliklərinə soxula bilməmişdilər.»(9; .42) Müəllif yenə yazır: «E.ə. IX əsrin ortalarından ta Midiya dövlətinin təşəkkül tapmasınadək Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bə’zən də onlarla ittifaqda öz rəqiblərinə zərbələr vuran Manna dövləti idi. Əlbəttə, bu ərazi sonralar Midiya dövləti tərəfindən zəbt edildikdən sonra heç də əhalinin hamısı iranlılaşmadı, o hələ bir müddət öz dilini və mədəni xüsusiyyətlərini saxlamalı idi. Mə’lumdur ki, bir etnik qrupun digəri ilə qaynayıb-qarışması və əvəz olunması prosesi adətən xeyli uzun bir müddət tələb edir». (9;.42) Buradakı fikirlər artıq mə’lum konsepsiyanın əsarətindən xilas ola bilməməkdən irəli gəlir. Müəllif yenə ehtiyatla son cümləsini - müxtəlif etnik qrupların qarışmasının uzunmüddətli proses olduğunu söyləmişdir. Tarixçilər Manna ərazisində İran mənşəli əhalinin olmadığını tam sübut etmişlər. Ona görə də Manna Midiya tərkibinə daxil edilənə qədərki dövr üçün bu barədə söhbət qeyri-mümkündür. Manna Midiyanın tərkibinə təqribən e.ə.610-cu ildə qatılıb, Midiya isə e.ə.550-ci ildə süqut edib. 50-60 ilin içərisində Manna əhalisinin dilini necə iranlılaşdırmaq olardı? Həm də mannalıların madalılar tərəfindən iranlılaşdırıldığı nəzərdə tutulur. Bütün faktlar isə bar-bar bağırır ki, madalılar irandilli olmamışlar. Beləliklə, həm «istilaçı» tayfanın irandilli olmaması, həm də minilliklər əvəzinə nəzərdə tutulan 50-60 il heç bir assimilyasiyaya səbəb ola bilməzdi. Tarixçilər skiflər haqqında çox yazmışlar. Mə’lum olur ki, skiflər miladdan öncə I minilliyin əvvəlində Qara dənizin şimal sahillərində və Orta Asiyada yaşamış və müxtəlif etnoslardan ibarət olmuşlar. İranşünaslar isə bu dairəni böyütmüş, Çin sərhədlərindən Karpata qədər ərazilərdə yerləşən əhalini «skif» adı ilə qələmə verərək konkret etnos düşünmüş və məsələni mürəkkəbləşdirmişlər. Eyni zamanda skif adı altında İran tayfalarını, qismən də slavyan və qafqazdilli əhalini görmək istəmişlər. Skifləri irandilli hesab edən tarixçilər onların antropoloji quruluşunu da nəzərə almamışlar. Nəzərə alsa idilər, görərdilər ki, monqoloid əlamətləri onların irandilli hesab olunmasına imkan vermir. Herodot onların yastıburun və enlibuxaqlı olduqlarını təsvir edir. Bu, monqoloid tipidir. Skiflərlə bağlı müxtəlif əsatirlər mövcuddur. Bu əsatirlərin hər biri «çar skifləri»ni bu və ya digər cəhətdən işıqlandırır, onların mənşə, miqrasiya, sosial və dövlət quruluşu, sülalə ən’ənələri və s. məsələlər barədə mə’lumat verir. Herodot beş əsatir haqqında mə’lumat vermişdir. İki əsatir haqqında da Diodor və Valeri Flak tərəfindən mə’lumat verilmişdir. Əsatirlərdən birincisində skiflərin mənşəyinin Tarqıtayla, ikincisində Heraklla bağlı olduğu, üçüncü əsatirdə skiflərin mənşəcə Asiyalı olduqları, sonralar Qara dənizin şimal sahillərinə gəldikləri, dördüncü əsatirdə skiflərin Kolaksay tərəfindən üç çarlığa parçalanması, beşinci əsatirdə kimmerlərlə vətəndaş müharibəsi, altıncı əsatirdə skiflərin pallar və naplar kimi iki bölüyə ayrılması və nəhayət, son əsatirdə skiflərin mənşəcə Yupiterlə bağlı olduğu göstərilir.(58; 48-49) Birinci əsatir daha tam olub, skiflərin əcdadını Tarqıtayla və onun üç oğlu Lipoksay, Arpoksay və Kolaksayla bağlayır. Qeyd edilən bu ilk «çar skifləri» çarlığın aparıcı tayfalarının başçıları, yaradıcıları olmuş və başqa tayfaları da öz hakimiyyətləri altında birləşdirmişlər. Tarqıtayın varisi kimi çarlığa kiçik oğul - Kolaksay sahib olmuş və o, sonralar skifləri üç çarlığa ayırmışdır. Diodorun söylədiyinə görə, əcdadları Zevslə bağlı olan skiflər pallar və naplar kimi iki bölük olmuş, əhali isə ovçular-maldarlar, əkinçilər-toxucular, kahinlər, hərbçilər-hakimlər kimi dörd təbəqəyə bölünmüşdür. (58; 49-50) Z.Həsənov D.S.Rayevskiyə əsaslanaraq ilk skiflərin avxat, katiar, trasp və paralat tayfalarından ibarət olduğunu göstərir. Bunlar «çar skifləri» idilər. Lakin Herodotda bu tayfaların adları fərqlidir. İranşünaslar Tarqıtayın üç oğlu olduğunu, skiflərin pallar və naplar kimi iki bölüyə ayrıldığını Hind-Avropa əsatirləri əsasında mə’nalandıra bilməmişlər.(58; 78) Lakin bunlar türk-oğuz əsatirləri əsasında çox asan izah olunur: Oğuz xanın əvvəl üç oğlunun, sonra da digər qadından üç oğlunun olması və bunların əsasında oğuzların Boz ox və Üç ox kimi iki bölüyə ayrılması skiflərin bölgüsünə tam uyğun sayılır.(58; 78) Skiflər müxtəlif dillərdə danışan tayfalardan ibarət olmuşlar. Azərbaycan ərazisindəki yerli türkdilli tayfalarla əlaqə və münasibətləri, antropoloji quruluşu, miqrasiya istiqamətləri, milli və etnik xüsusiyyətləri, etnonim, toponim və antroponimlərinin, bir sıra skif sözlərinin türk dillərində açılışı, əksinə, İran dilləri ilə izah oluna bilməməsi Azərbaycan ərazisindəki skiflərin türkdilli tayfalardan ibarət olduğunu sübut edir. Lakin bu sözlər başqa ərazilərdəki skiflər arasında türkdilli tayfaların olduğunu inkar etmir. Skiflər arasında aparıcı tayfaların türkdilli olduğunu göstərmək üçün mövcud materiallar, alimlərimizin tədqiq və araşdırmaları əsasında bir sıra skif etnonim, toponim və antroponimlərinin etimoloji təhlili üzərində də dayanmaq olar. Qeyd etməliyik ki, bu qədər geniş ərazilərdə yayılmış skiflərin də yazılı abidələri qalmamışdır. Xeyli allah, çar və sərkərdə adı, bir sıra etnonimlər mühafizə olunmuşdur. Lakin bunlar yad dildə istər-istəməz müəyyən təhriflərlə qeydə alınmışdır. Təbii ki, bu cəhət tədqiqat işini çətinləşdirir. Çətinliklərə baxmayaraq, skif toponim, etnonim və antroponimlərinin türk dilləri bazasında izahı uğurlu nəticələr vermişdir. Əksər skif tayfa adlarının türkmənşəli olduğu sübut edilmişdir. Z.Həsənov skiflərin ilk dörd tayfa adının etimoloji təhlili üzərində xüsusi dayanmış və fikrimizcə, onların türk mənşəli olduğunu düzgün əsaslandırmışdır. Müəllif etimoloji təhlil prosesində tayfaların sosial vəziyyətini, müxtəlif qrup və təbəqələrin sənət-peşə aidiyyətini əsas götürmüşdür. Z.Həsənov allahların skiflərə bəxş etdiyi dörd skif atributu - boyunduruq, kotan, kasa (cam), balta/qılınc ilə dörd ilk skif tayfa adları (avxat, katiar, trasp və paralat), ilk skiflərin - Tarqıtay və onun oğlanlarının adları arasında uyğunluq görmüş, tayfa adlarının etimoloji təhlili üçün bu yaxınlığa xüsusi diqqət yetirmişdir. Dörd göy atributu üç qardaşa paylanmış, onlar dörd atributu dörd tayfa arasında bölüşmüşlər. Avxat, katiar, trasp, paralat tayfalarından ibarət olan ilk skiflər birlikdə skolot adlanmışlar. Herodot da belə deyir: «Bax belə, Lipoksaisdən, necə deyərlər, avxatlar adlanan skif tayfası, ortancıl oğuldan - katiar və trasp tayfaları, qardaşların kiçiyindən - çardan isə paralat tayfası törəmişdir. Bütün tayfalar birlikdə skolot, başqa sözlə, «çar skifləri» adlanır, ellinlər isə onları skiflər adlandırırlar». (60; 6) Z.Həsənov skolot sözünün Kolaksay adından törədiyini, kiçik qardaşın - çarın adından başqa bir şey olmadığını göstərir. Müəllifin fikrincə, anlautdakı «s» komponenti skif və ya yunan tələffüzündə sözün başlanğıc elementidir; sondakı ot - ‘od’ sözüdür; kol isə Kolaksay sözünün köküdür. Bu cür izaha əsasən söz bir neçə mə’nada yozulmuşdur: ‘Kolovçular’, ‘çara mənsub olanlar’, ‘çar tərəfdarları’, ‘Kol tərəfindən təşkil olunmuşlar’, ‘Odlu Kol tərəfdarları’ və s. (58;189) Bu barədə fikrimizi bir qədər sonra qeyd edəcəyik. Skif tayfalarından biri sosial mənşəyinə görə ovçu-maldarlardır. Bu tayfa avxat adlanır. Müəllif avxat tayfa adını av-xat şəklində ayırmaqla av, ov, oy sözlərinin ‘ov’ sözündən ibarət olduğunu, o dövrdə bu sözün maldarlıq və ovçuluqla bağlı bütün anlayışları özündə cəmləşdirdiyini, eyni zamanda söz kökünün etnonim kimi itmədiyini, av-a, av-şar tayfa adlarında qaldığını göstərir. (58;172) Av sözünün ilkin dövrlərdə fe’l kimi işləndiyini də nəzərə alsaq, av-xa-maq və buradan icbar növ kimi av-xa-t (almaq, əhliləşdirmək) sözünün mümkünlüyünü də təsəvvür etmək olar. Arpoksayla bağlı olan və atributu kotan olan katiar tayfa adında müəllif ağlabatan şəkildə kotan, kətmən sözlərinin kökünü - kat, ket, kət sözlərini görmüşdür. Ketmən sözünün eyni şəkil və mə’nada M.Kaşğari lüğətində olması da (25; 304) sözün qədimliyini təsdiq edir. Kat sözünün ‘qat’ (lay) mə’nası da vardır və buradan torpağı qat-qat qaldırmaq, kotanla çevirmək mə’nası hasil olur. Beləliklə, müəllif qat sözünü lay, təbəqə, iar (yar) sözünü isə ‘yarmaq’, ‘ayırmaq’ mə’nasında izah etməklə katiar sözünü ‘torpağı qat-qat ayırmaq’ mə’nasında izah etmişdir. (58; 172-173) İzah tam ağlabatandır. Arpoksaya aid olan trasp tayfa adında (atributu cam, kasa) anlautdakı qoşa samit türk dilləri üçün xarakterik olmadığı kimi, İran dilləri üçün də xarakterik deyildir. Lakin hər iki dildə anlautda qoşa samitli sözlər az da olsa, vardır. Müəllifin fikrincə, sözün əsli tur-sup kimi təsəvvür oluna bilər: tr-sp. Tur - çuvaş dilində ‘allahlıq’ mə’nasındadır; sup sözündə isə b-p keçidi ilə sub, su sözü vardır və söz bütövlükdə ‘su allahı’ kimi dərk olunur. Bu cür izah tayfanın atributuna da (kasa, cam) uyğun sayılır. (58; 183) Tayfa adı paralat müxtəlif yöndən diqqəti cəlb etmişdir. Q.Qeybullayev bu sözü türkcə bor ‘boz’ və olet, ələt sözlərinə ayırmış və Madada paratekan, peçeneqlərdə (erkən orta əsrlər) borotolmat tayfa adlarında para, boro hissələrinin uyğunluq təşkil etdiyini qeyd etmişdir.(37; 293-296) Z.Həsənov isə sözü tayfanın atributu ilə əlaqəli izah etmişdir. Kolaksaya məxsus paralat tayfasının atributu balta, qılınc hesab olunur. Bu cəhətə əsasən Z.Həsənov həmin etnonimdə para - ‘tikə’, ‘parça’ sözünü, bununla əlaqədar, para-la-maq, para-la-t-maq sözünü görmüşdür. Bu mə’na p-b keçidi ilə balta sözündə də vardır. Müəllif sözün parlatmaq mə’nasını da istisna etmir. V.Tomsen qədim türklərdə müvafiq olaraq apar, aparum tayfa adına da rast gəlmişdir. (58;184-190) Herodot göstərir ki, şərqdə, tissagetlərin arxasında, savromatlardan və budinlərdən yuxarıda yirk adlı tayfa yaşayır. Alimlər onları Volqanın sağ sahillərində, Uralətrafı ərazilərdə lokallaşdırır. Yirk tayfa adının türk sözü olduğunu ilk dəfə P.İ.Şafarik göstərmiş, E.Eyxvald, İ.Pototski, A.Herman bu fikri təsdiq etmişdir. Z.M.Yampolski güman edirdi ki, Herodotun işlətdiyi yirk sözü türk sözünün yazılış formasıdır. Beləliklə, alimlərin bir çoxu bu qənaətdə olmuşlar ki, türk etnonimi ilk dəfə e.ə.V əsrdən mə’lumdur və skiflər arasında belə bir tayfa olmuşdur. (37; 293) Q.Qeybullayev əlavə edir ki, qədim türk tayfalarından birinin adı irk olmuşdur. Eyni zamanda Altay türk tayfalarından biri irkinq, digəri irkit idi. Və ola bilər ki, Herodotun dediyi yirk bu irklərdir İrkutsk toponimi də bu tayfanın adındandır. (37; 293) Biz də yirk tayfa adının türk sözünün başqa bir yazılış tərzi olduğunu güman edirik. Bir qədər əvvəl qeyd etdik ki, Şimali Qara dəniz sahillərində və Ön Asiyada gəlmələrdən əvvəl yerli skiflər var idi. Skiflərin əsas məskəninin Ön və Kiçik Asiya olduğu, sonralar onların bir qisminin Şimali Qara dəniz sahillərinə, bir qisminin Sibirə tərəf hərəkət etdiyi barədə fikirlər vardır. Məsələn, A.İ.Terenojkin yazır: «Skiflər, görünür, Şimali Qaradəniz sahillərində və Şimali Qafqazda görünməzdən əvvəl, daha qədim dövrlərdə Ön və Kiçik Asiyada yaşamışlar.» (55; 17-18) Biz bu fikri dərin tarixi duyğunun nəticəsi hesab edirik. Və buradan aydın olur ki, skiflərin Ön Asiyaya VIII-VII əsrlərdəki bizim bildiyimiz gəlişi onların geri miqrasiyasıdır. Gəlmələrin içərisində yirk-türk adlı tayfa var idi. Və bu da mə’lumdur ki, e.ə. III-II minilliklərdə lullu tayfa ittifaqına daxil olan güclü tayfalardan biri turukkilər idi. (2; 81) Turukki sözündəki qoşa k səslərindən biri və sondakı i səsi akkad mixi yazılarında sami dil elementləridir. Assurların dilində bu cür samit qoşalaşması daha çox müşahidə olunur. Bunları atdıqda təbii türk sözü alınır. Əgər III-II minilliklərdə belə bir tayfa və belə bir söz varsa və e.ə. son minilliyin ortalarında yenidən xatırlanırsa, nə üçün bunlar bir silsilənin davamı hesab olunmamalıdır? Bizim fikrimizcə, e.ə.V əsrdəki türk-yirk e.ə.III-II minilliklərdəki turukkilərin miqrasiya edib qayıdan qohumlarıdır. Və bunlar, təbii ki, yeni minilliyin ortalarında böyük türk xaqanlığını yaradacaq tayfalardandır. Herodotun arimaspi kimi qeyd etdiyi skif tayfa adı türkcə arim ‘yarım’ və sepi ‘qıyılmış göz’ sözlərindən düzəlmişdir. Söz aydın şəkildə monqoloid irqə aid xüsusiyyəti ifadə edir. İssedon tayfa adı isti və don (‘paltar’) mə’nasında olub, geyim adı bildirən sözün iştirakı ilə yaranmışdır - Qaradonlu, Ağköynəkli, Şişpapaxlar tayfa adları kimi. Herodot göstərir ki, skiflər amazonkaları yunanca «əröldürən» mə’nasında eorpata adlandırırlar. Buradakı eor - ‘ər’, pata/vata türkcə ‘öldürmək’ sözüdür. Herodot tissaget skif tayfa adını çəkir. Massaget sözünə uyğun olan bu sözün türk mənşəli olduğunu E.Eyxvald və A.Hansen göstərmişdir. (50; 227) Mənbələrdə bir neçə skif sözü də qalmışdır: vutir, ippaka, pontik, asxi və s. bu sözlər qədim yunan həkimi Hippokratın (e.ə. 460-377) «Xəstəliklər kitabı»ndan götürülmüşdür. Hippokratın sözlərindən aydın olur ki, skiflər piyə vutir deyirmişlər. Q.Qeybullayev bu sözü türkcə ‘süd xörəyi’, ‘südlü yemək’ mə’nalarında ava, uva ‘yemək’ və turi ‘süd’ sözlərinə ayırmışdır. Hippokrat göstərir ki, vutir at südündən alınır: südü ağac qaba töküb çalxayırlar, yağ üzə çıxır (bu, vutir adlanır), südün ağır hissəsi aşağı çökür, bu hissəni ayırıb qurudurlar və buna ippaka deyirlər - oxucu görür ki, dilimizdəki əppək sözü buradandır (ipi türkcə ‘çörək’, ‘yemək’ deməkdir). Herodot qeyd edir ki, skiflər pontik ağacının meyvəsini (albalı və ya meşə gilası sayılır) sıxırlar, qara rəngli şirə - asxi alınır, onu at südünə qatıb içirlər. Q.Qeybullayev bu qənaətdədir ki, skif sözü pontik - ‘bundık’ sözünün (bun ‘şorpa’, ‘horra’ və -dık (-lıq) şəkilçisi) təhrifindən ibarətdir. Asxi sözünü bə’zi dilçilər türkcə ‘acı’, bə’ziləri ‘aş’ mə’nasında izah etmişlər. Q.Qeybullayev isə sözün ‘kəsmik’, ‘süzmə’ mə’nasında acıqay, ajiqey sözü olduğunu yazmışdır.(6; 138) Q.Qeybullayev skiflərin Api, Papay, Qoytosir, Artimpas allah adlarının da türk mənşəli olduğunu isbat etmişdir. Yer ilahəsi Api türkcə ebi, əbi - ‘ulu nənə’, ‘babanın anası’ mə’nasındadır. Şimali Qafqazda qaraçay-balkarlar indi də Apisat (sat - ‘müqəddəs’) allahına sitayiş edirlər. Baş allah Papay ‘baba’, ‘ulu baba’ mə’nasındadır. Qoytosir - qoy, qok ‘göy’, ‘mavi səma’ və tesir ‘deşir’, ‘yarıb keçir’ sözlərindəndir, ‘göyü yarıb keçən (Günəş şüası)’ deməkdir. Herodot qeyd edir ki, skiflərdə Qoytosir yunanların Apollonudur (Günəş ziyası, Günəş işığı). Artimpas - irkin ‘bir neçə gün aramsız yağan yağış’ və bas, baş sözlərindən olub, məhsuldarlığa işarədir. Herodot göstərir ki, Artimpas yunanların məhsuldarlıq ilahəsi Afrodita-Uraniya ilahəsinin eynidir. (6; 139-140) Skiflərin xeyli şəxs adları qalmışdır: Taksak, Atey, Aspak, Sparqapit, Xonaxis, Anaxarsis, Savli, İdantirs, Ariyapit, Skil, Opiya, Orik, Skolopit, Qnur, Skilur, Pollak, Oktamasad, Karastos, Ariant, Skopas, Tarqitay, Kolaksay, Lipoksay, Arpaksay, Skifarb, Olkaba, Talestra, Liq, Aqeros, Marsaqet, Sobodak, Papasaqor, Xarasin, Davket. Bunlar Herodot, Pompey Troq, Poliyen, Ktesi, Appian, Yustin və başqalarının əsərlərindən alınmışdır. Q.Qeybullayev bunların hamısının türk mənşəli xüsusi adlar olduğunu üzə çıxarmışdır. Bunların bir qisminin türk mənşəyi daha aydın görünür. Atey (e.ə.IV əsr) - skif çarının adı türkcə ‘ata’ sözü olub, «Oğuznamə»lərdə Ata-xaqan şəxs adı ilə müqayisə olunur. Aspak (e.ə.VII əsr) adı türkcə as - ‘ağıllı’, ‘zəkalı’, pak ‘bəy’, ‘tayfa başçısı’ mə’nasındadır. Midiyada İşpakay, şimali Qafqazda karaçay-balkarlarda İsbak, Volqaboyu tatarlarda geniş yayılmış İşpak, İşbay adları ilə eyniköklüdür. E.A. Qrantovskiyə görə, Xonaxis sözü (-is yunan hal şəkilçisidir) hind dilindəki khanaka ‘yer qazıyan’ sözündəndir.(26; 205) Q.Qeybullayev əvvəlinə h səsinin artırılmış olduğunu, türkcə unak, inak ‘dost’, ‘e’tibarlı adam’ mə’nasında olduğunu göstərir. Lakin bu sözdə ‘qonaq’, ‘dost’ anlayışı daha aydındır. Qafqazda məskunlaşmış türk tayfa başçılarından Konak, Xəzər xaqanlarından (VII əsr) Qonak, Albaniyada türk süvari ordusunun rəisi Qonaq, bulqar xanlarından Konak Xonaxislə eyni köklüdür. Orik adı türkcə ariq, arik ‘təmizkar’, ‘saf’, ‘ləkəsiz’ mə’nasındadır. Avar çariçasının adı Buy-Arik, Çingiz xanın oğlunun adı Arik-Buğa olmuşdur. Pollak - ‘bələk’, ‘hədiyyə’, ‘bəxşiş (allahın hədiyyəsi)’ mə’nasındadır və Şimali Qafqazda - suvarlarda Bolax xan adı ilə uyğundur. Skif adları içərisində ilk skiflərin - Tarqıtay, Kolaksay, Arpoksay və Lipoksayın adlarının mənşəyi məsələsi daha maraqlıdır. Tarqitay sözünü E.A.Qrantovski farsca tiqra ‘ucu şiş ox’sözü ilə əlaqələndirmişdir. Q.Qeybullayev türkcə tarqa, tariqə ‘ağıllı’, ‘idraklı’, ‘cəld’, ‘diribaş...’ və tay ‘kimi’, ‘sanki’ sözlərinə ayırmışdır. Tarqıtay adı monqol epik obrazının adı Tarqutay, Baykal ətrafı Tirqituy toponimi (58;198), Türk- avarların Bizansa göndərdiyi (VII əsr) səfirin adı Tarğitiy, XIII əsr monqol əmiri Tarağay, Çingiz xanın düşməninin adı Tarqutay-Kiriltuk, Teymurləngin atasının adı Tarğay və s. ilə (6; 144) müqayisə olunmuşdur. Bunlar sözün həqiqətən Altay mənşəli olduğunu göstərir. Z.Həsənov bu sözün izahının iki versiyasını irəli sürmüşdür. Müəllifin fikrinə görə, sözün trq samitlər sistemində türk sözü vardır, tay hissəsi isə çin və qədim türk dillərində paralel olaraq ‘böyük’ mə’nasında işlənmişdir. İkinci versiyaya görə, sözün Tarqı hissəsi ‘göy allahı-tanrı’ mə’nasındadır, tay isə ‘ayğır at’ deməkdir və söz birlikdə ‘göy atı’ mə’nasını verir.(58;202-203) Qədim türk dillərində ‘taxıl’, ‘çörək’, ‘əkinçi’ mə’nasında tariq sözü vardır. (33; 194, 25; 537). Tay sözü isə xüsusi ad kimi işlənmişdir: Tay beg. (25; 527) Bizim fikrimizcə, Tarqıtay öz əsasını bu sözlərdən almışdır - ləqəbli addır: ‘Əkinçi Tay’. Bu onun ictimai peşəsinə də uyğundur. Tarqıtayın oğlanlarının - Lipoksay, Arpoksay və Kolaksayın adlarını da bir çox hallarda böyük fonetik dəyişikliklərlə İran dilləri ilə izah etməyə çalışmışlar. Lipoksayın tayfası maldarlardan, ovçulardan ibarət olmuş, atributları boyunduruq olmuşdur. (58; 204) Z.Həsənov Lipoksay sözünü bu aspektdə, yə’ni tayfanın sənətinə, peşəsinə, atributuna müvafiq şəkildə izah etməyə çalışmış, sözü Alpoksay şəklində bərpa edərək, alp, alıp hissəsinin türk dillərində ‘igid’, ‘qəhrəman’, ‘bahadır’, ‘cəsur’, ‘yüksək’ mə’nalarında olduğunu qeyd etmiş, Alpoksay sözünü Alpamış, Alp Ər Tonqa adlarının proobrazı kimi qiymətləndirmişdir.(58; 206) Arpoksay sözünü Q.Qeybullayev ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’, bəg ‘bəy’, ‘tayfa başçısı’ və say ‘gənc’, ‘cavan’ sözlərinə ayırmış və bu sözün Midiyadakı Arbak adı ilə eyni olduğunu göstərmişdir.(6; 145) Z.Həsənov isə bu adda ar ‘su’ və ‘toplamaq’, ‘qorumaq’ və s. mə’nalarda bak, bok sözü ayırmış, sözü Arbak şəklində - ‘kahinlərin hamisi’ mə’nasında izah etmişdir.(58;214-215) Q.Qeybullayev Kolaksay sözünün birinci komponentini külük şəklində ayıraraq sözü türkcə ‘qəhrəman’, ‘igid’, ‘şanlı’ mə’nalarında izah etmiş, Kuluq-Çur, Gültigin, Hülakü adları ilə müqayisə etmişdir, - say sözünün ‘gənc’, ‘cavan’sözü olduğunu göstərmişdir. (6; 144-145) Z. Həsənov sözün türk dillərində silsilə mə’nalarını izah edərək bu qənaətə gəlmişdir ki, tayfanın sənət, peşə istiqamətinə müvafiq olaraq sözün ən düzgün yozumu onun qazax, qırğız dillərində qalmış kola -’bronza’ mə’nasında izahıdır, çünki tayfanın peşəsinə müvafiq olaraq bronza-dəmir kotan üçün, qılınc üçün əsas, maddi material olmuşdur. (58; 223) Göstərilən izahlarda müvafiq uyğunluq görməklə onu da qeyd etmək istərdik ki, bu adlardakı tay, say, kol sözləri qədim türkcədə çoxişlənən sözlər olmuş, birincisi və ikincisi (tay və say sözləri) xususi ad (Tay beg,25;527; Say buğa, 25; 481), üçüncüsü (kol sözü) karluklarda xan titulu kimi (33;108) işlənmişdir. Və həm də sözlərin sənət, peşə və tayfa atributlarına müvafiq izahı göstərir ki, onların hər üçü xüsusi ad yox, ləqəb olmuşdur. Skiflərdə Olkaba, Liq, Marsaget, Xarasin və s. çar adları olmuşdur. Olkaba - uluq ‘ulu’, aba ‘ata’, ‘əcdad’ hissələrinə ayrılır; Liq - eliq - ‘hökmran’, ‘hakim’ deməkdir; Atillanın oğlu İlək, qədim türk xaqanı İlitər, türkeş xaqanı Üç-Elik və s. bu adla uyğun hissələrə malikdir Marsaqet - bars ‘bəbir’ və ked ‘qüvvətli’, ‘seçmə’ deməkdir; Xarasin - türkcə karu ‘əziz’ və bənzətmə bildirən sin hissələrindən ibarətdir; Çingiz xanın əsl adı Temurçin, Metedən sonrakı xan Günçin və s.-də çin hissəsi vardır və Xarasin sözündəki sin bu adlardakı son komponenti ilə eyni sayılır. Herodot Kiaksarın vaxtında Midiyaya gələn skiflərin başçısını Maduis adlandırmışdır. Madu sözün kökü, -is yunan şəkilçisidir. Q.Qeybullayev Madu sözünü e.ə.III əsrdə yaşamış hun xaqanı Metenin adı ilə, m-b keçidi əsasında Çingiz nəvəsi Batı xanın adı ilə müqayisə etmişdir, türkcə bat, batu sözlərinin ‘qüvvətli’, ‘bahadır’ mə’nasında olduğunu, V.İ.Abayev tərəfindən hind dilindəki madhu ‘bal’ sözü ilə düzgün müqayisə edilmədiyini göstərmişdir. (6; 148) Skilak Karanidski, Ksenefont, Ptolemey və b. müəlliflərin əsərlərində Metitor, Arpazoz, Aksiak, Silis kimi bir sıra hidronimlər qalmışdır ki, bunlar da türkcə izah olunur. Arpazos - skiflərin yaşadığı ərazidə - indiki Anadoluda çay adı olmuşdur. Arpaçayın adına uyğundur. Yunan dilində ç səsi olmadığı üçün Arpaz şəklində yazılmış, çay sözünün ilk elementi qalmışdır; -os yunan dili elementidir. Bu çayın mənbəyi 2006 m yüksəklikdə olan Arpa gölündən başlayır. Aksiak - skif çay adı ak ‘ağ’ və suak ‘aydın’ sözlərinə ayrılmışdır. Bizim fikrimizcə, ikinci komponentdə ‘bürünmüş, cilalanmış, hamar’ (yer) mə’nasında subaq sözü və ya ‘sulu yer’ mə’nasında suaq sözü var. (25; 512) Silis çay adında -is yunan hal şəkilçisi, sil türkcə ‘təmiz’ deməkdir. Sır-Dərya çay adında qalmışdır. Metitor skif çay adı mətə ‘gil’ və sor ‘kiçik göl’, ‘bataqlıq gölməçə’ sözlərindəndir. Toponim, etnonim və antroponimlərlə yanaşı, maddi-mədəniyyət abidələri də skiflərin əksəriyyət e’tibarilə türk tayfaları olduğunu sübut edir. Skif ox ucluqlarının, «skif heyvan stili»nin Altayda, Cənub-Qərbi Sibirdə - Karasuk və Taqar mədəniyyətində (e.ə. I minilliyin əvvəlindən VII əsrədək) aşkar edilməsi onların türk mənşəli olduğuna aydın sübutdur. Elm aləminə mə’lumdur ki, o yerlərdə o dövrdə irandillilər yaşamamışlar. Q.Qeybullayev işkuz, aşkuz tayfasının oğuz olub-olmadığı üzərində xüsusi dayansa da, qəti fikir söyləməmişdir. Lakin gətirdiyi faktlar işkuzların oğuzlar olduğunu təsdiq edir. Kiaksar işkuz başçılarını qonaq çağırmış və hamısını öldürtmüşdür. Bundan sonra işkuzların bir hissəsi əvvəlki yurdlarına - Qara dənizin şimal sahillərinə çəkilmiş, bir hissəsi Arazdan şimalda məskunlaşmışdır. Bu məqamı nəzərə alaraq müəllif güman edir ki, işkuzların heç də hamısı Qara dənizin şimal sahillərinə köçməmiş, müəyyən hissəsi Arazdan şimalda - indiki Şimali Azərbaycan ərazisində məskunlaşmış və sonralar «Kitabi-Dədə Qorqud»da rast gəldiyimiz «İç oğuz» adında təmsil olunmuşlar.(6; 149) Bunlar göstərir ki, həmin skiflər oğuzlar olmalıdır. Skiflərdə olduğu kimi, »Kitabi-Dədə Qorqud» qəhrəmanlarının da üçpərli ox ucluqlarından istifadə etməsi bu fikrə inamı daha da artırır. İşkuz, aşquz, skolot, iskit, skif sözlərinin hamısı bir kökdəndir. Bunlar Azərbaycan ərazisindən Şərqə hərəkət edən sakların müxtəlif bölümləridir. Bunu həmin sözlərin kökündəki SK, ŞK, ŞQ səsləri də təsdiq edir. Z.Həsənov göstərir ki, Herodotda bütün hallarda skif sözü skuz formasındadır və bu sözü tərcümə zamanı ruslar skif şəklinə salmışlar. Sami mənbələrində isə, dediyimiz kimi, aş-qu-za-ay, iş-ku-za-ay şəkillərində oxunmuşdur. (58; 54) Skif, isgit, aşquzay, skolot sözlərini iki söz kökünə ayırmaq, aş-quz-ay , s-kol-ot, s-kif şəkillərində (iki kök və bir şəkilçi ilə) təsəvvür etmək doğru deyildir. Bir çox hallarda tədqiqatçılar çətinlik qarşısında qalaraq, aşquz şəklində oxunan sözdə «a» saitinin tələffüz üçün nəzərdə tutulduğunu və ya sözün kökünü quz/kuz şəklində təsəvvür edərək başdakı «s» səsini mə’lumat verən dilin elementi hesab etdiklərini qeyd etmişlər. Biz bu mülahizələri doğru saymırıq. Sözün əsası skuz və skolot sözləridir. Skolot düzgün oxunub və sabit qalıb. Skuz sözü aşquz, aşkuz, şkude və s. şəkillərə salınıb. Fikrimizcə, skuz, skolot sözlərinin kökü SK samitləri ilə ifadə olunan sak sözüdür; -uz və -at sinonim cəm şəkilçiləridir. Sözlərin ümumi mə’nası saklar deməkdir. Saklar isə qədim kasların nəsilləridir. III fəsil - Saklar Sak adı ilk dəfə e.ə.VII əsrin ortalarına aid Assur mixi yazılarında, sonra isə VI əsrin sonunda Bisütun kitabəsində çəkilmişdir. (2; 103) «Saklar əsasən Azərbaycanın Urmiya gölünün şimalına qədər uzanan ərazisində və Urmiya gölü hövzəsində məskunlaşmışdılar. Burada «şişpapaq» saklar yaşayırdılar. Mingəçevirdə tapılmış üzük-möhürlərdən birinin üzərində başında şiş papaq və əynində səciyyəvi sak geyimi olan sak-tiqrahauda təsvir edilmişdir». (1; 214) Saklar Arazla Kürün qovuşduğu çayarasında da yaşayırdılar. Erkən orta əsr qaynaqları buranı Balasakan adlandırmışdır. Buradan qərbə tərəf Kürün Azərbaycan hissəsində sakasinlər yaşayırdılar. Y.Yusifov sakasinlərin müasir Bərdədən Qafqaz dağlarına qədərki ərazidə (İ.Əliyev isə indiki Gəncə-Qazax rayonları ərazisində - 1; 214) yerləşdiklərini, onlardan qərbdə - İberiya ərazisində isə skitlərin quqar tayfasının (türk. ‘kök ər’) məskunlaşdığını (Tövratda skitlərə verilən ad) qeyd etmişdir.(2; 104) Herodot sakların dörd ərazidə yerləşdiklərini yazır: Xəzərin şərqindən yuxarı - Qara Boğaz Gölə qədər; indiki İran və Əfqanıstan sərhədində; Həmədanla Urmiya arasında; Azərbaycan ərazisində. Azərbaycanda Sakasen adlanan ərazi sakların yurdları sayılır.(58; 55) Tarixçilərin yazdıqlarına görə, onların məskun olduğu ərazi Mannanı və Van gölünün ətrafını əhatə edirdi. Lakin çarlığın mərkəzi indiki Gəncəbasar ərazisində olmuşdur. Herodot göstərir ki, farslar bütün skifləri sak adlandırırlar. Herodota görə də, skif və sak sözləri eyni mə’nalıdır. Skif sözünü ellinlər, sak sözünü farslar işlədirmişlər. (58; 54) Lakin Herodotu tam nəzərdən keçirdikdə, skiflərin tərkibində çox müxtəlif tayfaların olduğunu nəzərə aldıqda skiflərlə sakları eyniləşdirmək olmur. Skif termini ellin dilində saklarla yanaşı, bütün başqa tayfaların da ümumi adı olmuşdur. Ola bilər ki, Herodot Cənubi Qafqazdakı saklarla skifləri bərabərləşdirir. Bisütun yazılarında saklar «bizimkilər» və «dənizin o tərəfindən olanlar» kimi iki qrupa ayrılır. (58; 53) Qaynaqlar sakları müxtəlif cür adlandırmışlar: haumavarqa, tiqrahuda, dəniz arxası sakları və s. Haumavarqa - ‘hauma’ (içki növü) və ‘varqa’ - (b-v keçidi ilə ‘bişirən’) sözlərindən ibarətdir; bu sözə əsasən, demək olar ki, saklar slavyan tayfaları ilə qarışıq olub. Tiqrahauda sözünü qədim fars dilində tiqra ‘iti’ və hauda ‘dəbilqə’, ‘dəmir papaq’ sözləri ilə izah etmişlər. Əslində isə tiqrah sözü türkcə - tiq/dik sözündən və dərəcə bildirən -rah (-raq) şəkilçisindən ibarətdir - dikrək (gödərək, tösmərək kimi); uda (huda), yəqin ki, ‘papaq’ deməkdir. Buna görə də tiqrahauda sözünü əsas tutaraq Midiyada yaşayan sakların adlarının fars dilində olduğunu düşünməyə əsas yoxdur. Yunanlar bunları ortokoribanti adlandırmışlar ki, bu da «şiş(dik) papaq» deməkdir. (7; 373) Rus və Avropa iranşünasları sak sözünü də İran dilləri əsasında izah etməyə çalışmışlar. V.İ.Abayev bu qənaətdə olmuşdur ki, sak etnonimi osetin dilindəki sak ‘maral’ sözündəndir. O.Jemerenye belə hesab edir ki, sak sözü qədim İran dillərində ‘getmək’, ‘qaçmaq’ mə’nasındadır. Q.B.Beyli qədim tayfa adında ‘kişi’ anlayışını qeyd etmişdir. (bax: 37; 445,300) Q.Qeybullayev belə hesab edir ki, bunlar iranşünasların fantaziyasından başqa bir şey deyildir. Y.Yusifov da öz mülahizəsini bildirmişdir. Onun fikrinə görə, sak sözü ‘sağmaq’ fe’lindəndir və (madyan) ‘sağan’ mə’nasındadır. (2; 118) Bizim fikrimizcə, bu söz metateza ilə kas sözündən yaranmışdır və onu bu qeyd edilənlərin heç biri əsasında izah etmək olmaz. E.ə.I minillikdə sakların əsas yaşayış yerlərinin Orta Asiya və Qazaxıstan çölləri olduğu göstərilir. Həm də göstərilir ki, saklar bu ərazilərin köklü sakinləri olmuş, tunc dövründən başlayaraq arasıkəsilməz mədəniyyət yaratmışlar. Maraqlıdır ki, Orta Asiyada yaşayan sakların adı e.ə.VI əsrdə yaradıldığı güman edilən «Avesta»da çəkilir və bu mənbədə saklar həm də Tur adlandırılır, yaşadıqları əraziyə isə Turan deyilir. (6; 151) Çox maraqlı bir cəhət də budur ki, e.ə III minillikdə İtaliyanın şimalında minillik böyük dövlət yaratmış tursakalar da (turlar və sakalar) eyni etnonimləri daşıyır. Eyni adlı tayfalar - turlar və sakalar İtaliyanın şimalında və Orta Asiyada məskun olmuşlar. Azərbaycan aradadır və Azərbaycan ərazisinə onların e.ə.VIII-VII əsrlərdə gəldiyi söylənilir. Burada sual doğuran düşündürücü məsələlər çoxdur: əgər İtaliyanın şimalında 5 min il əvvəldən tursakalar böyük mədəniyyət yaratmışlarsa və Orta Asiya tursakaları bu ərazinin (Orta Asiyanın) köklü sakinləridirsə, bunlar nə vaxt və harada ayrılmışlar? Qeyd olunur ki, Orta Asiya saklarının yalnız 20 faizi monqoloid irqə aiddir, 80 faizi avropoid irqə mənsubdur. Bəs necə olub ki, Orta Asiyanın köklü sakinləri monqoloid deyil, avropoiddir? Bunları düşündükdə başqa bir hikmət, başqa bir həqiqət ortaya çıxır. Kimmer, skif və sak tayfaları içərisində ən qədim və köklü tayfa saklardır. Sakların ilkin vətəni Ön Asiya olmuşdur. Sonralar onların bir hissəsi şərqə - Orta Asiyaya, bir hissəsi qərbə - İtaliya ərazilərinə hərəkət etmişlər.Turlar və sakalar eyni mənşəli iki tayfa da ola bilər, eyni tayfanın iki adı da. Q.Qeybullayev qeyd edir ki, «saklar həm də turanlar adlanmışdır. Maraqlıdır ki, Cənubi Azərbaycanda həm sak (Sakan, Sakani, Sakane, Şaqali, Şakabad və b.), həm də turan etnonimini (Turan, Turanqala, Turani, Turanpoşt və s.) əks etdirən, əhalisi azərbaycanlılardan ibarət olan kəndlər vardır». (6; 159-160) Turan sözü elmi və bədii ədəbiyyatda əzəmətlə səslənmiş və geniş türk ərazilərini bildirmişdir. Lakin bu anlayış daha çox İran anlayışı ilə müqayisə və qarşılaşdırma əsasında böyümüşdür. Tur sözü bəlkə də güclülük timsalı kimi sak sözünün tə’yini olmuşdur - öyrənilməlidir. Amma bir məsələ daha maraqlıdır: əgər tursakalar Ön Asiyada parçalanıb şərqə və qərbə hərəkət etmiş və şərq qanadı artıb çoxalmaqla e.ə. son minillikdə yenidən öz vətəninə - Ön Asiyaya dönmüşsə, nə üçün onların Azərbaycan ərazisində tayfa bölümlərinin adı çəkilmir? Ola bilməzdi ki, turlar və sakalar Azərbaycan ərazisinin ilkin sakinləri olsunlar, lakin ilkin miqrasiya illərində ölkəni bir nəfər kimi tam tərk etmiş olsunlar. Bizim fikrimizcə, sakların çox az bir qismi şərqə və qərbə köç etmiş, onların əsas kütləsi Azərbaycanda qalmış, həm də şimallı-cənublu Azərbaycan ərazilərində çox geniş yayılmışlar. Bunlar kas tayfasıdır. Kaslar və saklar eyni tayfadır, adları da eynidir - yalnız adda metateza baş vermişdir. Kaslar həm də kaşşu (elamca) adlanır, saklar həm də şaka adlanır: kas, kaş - sak, şak eyni sözün müxtəlif tələffüz formalarıdır. Bunlardan ilkini kaslar olmuşdur. Arxa sıra kar «k» səsi daha qədim sayılır. Həm də Azərbaycan ərazisində bu adla tanınmış ən qədim tayfa kaslar hesab olunur. Deməli, kasların ilkin parçalanması ən azı tunc dövrünə aiddir. Bir dəlil də Orta Asiyada saqay dilinin xakas dilinin dialekti hesab olunmasıdır. Bu sözlərdə saq sözü də, kas sözü də vardır - kök tayfa dili xa-kasdır, ona görə də saq-ay onun dialekti sayılır. Kasların parçalanması o qədər uzaq keçmişə aiddir ki, bir kökdən olan bu tayfalar qonşuluqda artıq yad və fərqli ən’ənələri olan tayfalar kimi yaşayırlar. Azərbaycanın indiki Muğan və Salyan düzlərində kaspilər məskun idi və bu ərazi Kaspiana adlanırdı. Herodotun göstərdiyi XI əyalət Kürlə Arazın qovuşduğu yerdən Xəzərədək olan ərazinin cənubunu əhatə edirdi və burada bir sıra başqa tayfalarla birlikdə saklar da yaşayırdılar. Q.Qeybullayev göstərir ki, sakların əsas kütləsi Orta Asiyada olduğundan onlar bura şimaldan deyil, Xəzərin cənubu ilə gələ bilərdilər. Beləliklə, əslində, iki qohum tayfa - saklar və kas(pi)lər qonşuluqda yaşayırdılar. Orta Asiya mühiti saklara at əti yeməyi öyrətmişdi. Antik mənbələrdə kaspilərin ətrafında «at əti yeyən»lərin olduğu göstərilir. Bunlar saklar idi və tarixçilərin zəndinə görə, onlar sonralar kaspiləri sıxışdırmışlar, ona görə də əvvəlki Kaspiana sonralar Balasakan (‘Sak düzü’) adlanmışdır və bu sakların izləri kimi Astara ərazisində Sakaşon, Sakşon toponimləri qalmışdır. Bir sıra alimlər sakların türk mənşəli tayfa olduğunu xüsusi qeyd etmişlər. H.Hote onları türk, İ.Minns monqol hesab etmişdir. İran tarixçisi Məhəmməd Həsənxan Kür və Araz arasında yaşamış sakları turanlar (türklər) adlandırmışdır. A.N.Bernştam daha inamla yazmışdır: «Saklar etnik tərkibcə müxtəlifdir. Bizim gümanımıza görə, ən güclü türk yadrosu saklar arasında olmuşdur». B.A.Litvinski göstərir ki, «Avesta»da saklar bir neçə ad altında təsvir olunmuşdur və ən çox işlənəni tur sözüdür. Ümumiyyətlə, Orta Asiyanın oturaq iranlılara düşmən olan köçəri tayfaları tarixən tur adlanmışdır. Bu barədə V.Qenqer, P.Markvart, X.Nüberq, V.İ.Abayev, B.A.Litvinski və başqalarının əsərlərində də geniş danışılmışdır. (37; 92) Turlar ilə arilər arasında ziddiyyət olmuşdur. Bir çoxları bunu həyat tərzi və dini görüşlərlə bağlamışlar. Ən ağlabatan mülahizə odur ki, bunlar etnik cəhətdən fərqli idilər - turlar türk idilər. Bəlkə «Avesta»da haqqında danışılan turlar gəlmə deyil, kaslardan qalma saklardır? Tədqiqatçıların bir qismi bu fikirdədir ki, tur sözü «Avesta»da ‘türk’, turan sözü ‘Türküstan’ mə’nasındadır. Q.Qeybullayev yazır: «Mə’lum olduğu kimi, türk etnonimi ikikomponentlidir: tur + topluluq-cəm şəkilçisi-k və buna görə də tur və məkan və kəmiyyət bildirən iranmənşəli -an şəkilçisindən ibarət Turan sözünə bərabərqiymətlidir».(37; 93) Firdovsinin «Şahnamə» əsərində Turan dedikdə Amu Dəryadan Orta Asiyaya qədərki türk əraziləri nəzərdə tutulur və bu əsərdə aydın şəkildə deyilir ki, turanlılar türkcə danışırdılar. Başqa cür düşünənlər də var. Bir mühafizəkar fikrə görə, VI əsrin II yarısında türklər Orta Asiyada artıb-çoxalmış, irandilli sakları türkləşdirmişlər.(37; 416,46) 300-400 ilin ərzində bu qədər geniş yayılmış (guya irandilli olan) tayfanın birdən-birə türkləşməsi heç kimi inandıra bilməz. Sakların türkmənşəli olduğunu göstərən mühüm dəlillərdən biri də sak şəxs adlarıdır. Moisey Xorenasi, Poliyen, Pompey Troq, Herodot, Kursi Ruf və başqalarının əsərlərində Paruyr, Amorq, Eslak, Sparqapit, Tomiris, Skunha, Sirak, Tanay, İşpakay və s. sak şəxs adları qalmışdır. Moisey Xorenasi Paruyru «sak oğlu» adlandırır, göstərir ki, o, e.ə.612-ci ildə Nineva şəhərinin alınmasında sak başçısı kimi Kiaksara kömək etmişdir. Skunha - e.ə.521-ci ildə farslara qarşı üsyan qaldırmış Orta Asiya saklarının başçısının adı. Q.Qeybullayev fars dilinə müvafiq olaraq başda e saitinin düşməsi və sonda h samitinin əlavəsi ilə bu sözün əslində Eskunay şəklində olduğunu, türkcə es ‘ağıl’, ‘zəka’ və qun, kun ‘knyaz’ sözlərinə ayrıldığını (-ay - Altay dillərinə məxsus şəkilçidir) qeyd etmişdir. Fikrimizcə. -es ‘əsmək’ sözündən, -qun (ğun) və -ay şəkilçilərindən ibarətdir - Coşqunay, Qırğızlarda Tolğanay adları kimi. Q.Qeybullayev Orta Asiya sak kəşfiyyatçısının adını (e.ə.513) - Sirak sözünü çirak ‘ağıl’ mə’nasında izah etmişdir. Qeyd etməliyik ki, sirak sözü qədim türk tayfa adlarındandır. Cəbrayıl rayonundakı Sirik kəndi onların adı ilə bağlıdır. Tanay - türkcə tonq, tanq ‘sübh çağı’ sözü və ay şəkilçisinə ayrılır. Söz tanımaq fe’lindən də ola bilər. İşpakay sözünün türkcə eş, iş ‘dost’, ‘yoldaş’, boka ‘pəhləvan’, ‘qüvvətli’, ‘qoluzorlu’ sözlərindən düzəldiyi göstərilir. (6; 154) İkinci komponent bəy sözü də ola bilər. Qadın xaqan adı olan Tomiris (e.ə.530) antroponimini bir qədər əvvəl izah etmişik. Tomirisin türk olduğunu göstərən mühüm bir əlamət də onun türklərə məxsus tuluqdan istifadə etməsidir. Sparqapit (Tomirisin oğlu, e.ə.530) şəxs adını Q.Qeybullayev es ‘ağıl’, birok ‘bir’, ‘yeganə’ və bit ‘böyü’, ‘boy at’ sözlərinə ayırmışdır. Bizim fikrimizcə, bu söz ‘qohumları əlaqələndirən ər’ mə’nasında ləqəbdir. Kartazes (e.ə.IV əsr) - İskəndərə Orta Asiyada müqavimət göstərən sak çarının adı; türkcə kartaş ‘qardaş’ sözündən və yunan adlıq hal şəkilçisi -es-dən (yunan dilində ş olmadığı üçün z işlənmişdir) ibarətdir. Ermənilərə başçılıq etmiş sak çarının adı Eslak da türkcə es ‘ağıl’ və ya monqolca işi ‘müdrik’ sözündən və -lak şəkilçisindən ibarətdir. Rəşidəddinin «Oğuznamə»sində Esli xan adına uyğun sayılır (indi qadın adı Əsli kimi). Q.Qeybullayev tuvalarda, qazaxlarda, özbəklərdə, türkmənlərdə, xakaslarda və b. türk xalqlarında sak adı ilə bağlı çoxlu etnonim müəyyən etmişdir. Tatarıstanda, Ermənistanda, Azərbaycanda, Türkiyədə, İranda saklarla bağlı Şəki adlı yaşayış məntəqələri vardır. Bunların hamısı sakların türk mənşəli olduğunu göstərən əlamətlərdir. Bir spesifik əlamət də onların türklərə məxsus şiş papaq qoymalarıdır. Babək də belə şiş papaq qoyurmuş. Ümumən keçə düzəltmək və keçə papaqlar hazırlamaq türk məişəti ilə bağlı sayılır. İ.M.Dyakonov hələ e.ə. III minillikdə Midiya ərazisində əhalinin keçə papaq qoyduğunu qeyd etmişdir. Sakların Azərbaycanda məskunlaşması ilə bir sıra toponimlər - Qarabağda Artsaq ‘saq dağlıq ərazisi’, Zəngəzurda Sisakan ‘Si sakları’, Muğan düzündə Balasakan ‘Sak düzü’ toponimləri yaranmışdır.(2; 104, 38; 50-51) S > z keçidi ilə Zakatala - Saka tala ‘Sak düzü’, Zakandərə - Sakan dərə ‘Sak dərəsi’ mə’nasındadır. Sakasinlər isə -sin,-şin ‘adam’ elementi ilə ‘saka bənzər’, ‘sak adamı’ deməkdir.(2; 104) Bunların hamısı türkcə izah olunur. Saklara məxsus geniş yayılmış toponimlərdən biri Gəncə sözüdür. Adətən bu sözü fars dilindəki gənc ‘xəzinə’ sözü ilə bağlayırlar. Təbii ki, bu cür izah doğru ola bilməz. Ona görə ki bu söz sakların bir qolu olan Gəncək tayfasının adı ilə bağlıdır və bu sözün cək/zək hissəsi ‘sək’, ‘sak’ sözüdür. Qədim mənbələrdə Gəncənin Qan-zak adlanması da bununla bağlıdır. Sakların adı ilə bağlı olan Gəncə yaşayış məntəqə adının türk aləmində geniş yayılması da bunu təsdiq edir. Orta Asiyada orta əsrlərdə Gəncək adlı bir neçə şəhər olmuşdur. Cənubi Azərbaycanda Gəncabad, Gəncə, Gəncərud kəndlərinin adları bu tayfanın adı ilə bağlıdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda gəncə, qəncə adlı tayfalar və Gəncə adlı çoxlu yaşayış məntəqələri vardır. Keçən əsrdə Şimali Qafqazda Gəncə-Aul, Gəncəçay, Gəncə kəndləri olmuşdur. Pəhləvi dilindəki bir mənbədə Aturpatakandakı Gəncənin əsasını Əfrasiyabın qoyduğu göstərilir. Q.Qeybullayev qeyd edir ki, bu, «Avesta»da adı çəkilən və farsların qatı düşməni sayılan Franqrasian adlı şəxsdir. Bu şəxs «Şahnamə»də Əfrasiyab adlandırılmışdır (Ehtimal edilir ki, Franqrasian ‘Əfrasiab’ adının yazılış formasıdır). Müəllif Əfrasiab sözünü abra ‘xilas edən’, ‘qoruyan’, ‘saxlayan’, ‘ehtiyacdan qurtaran’, -si (-çi) şəkilçisi və əp, əb ‘bacarıqlı’, ‘mahir’, ‘fərasətli’, ‘işcil’ sözlərinə ayırmış (6; 159), türkcə əslini «Abrasiəb» şəklində (‘bacarıqlı qoruyucu’ mə’nasında) bərpa etmişdir. Sözü başqa cür də izah etmək olur. Qədim türkcədə apraş/opraş sözü ‘dağıtmaq’, ‘yırtmaq’ mə’nasındadır; (33; 231) apa sözü isə türklərdə titul bildirən sözdür, daha çox qədim türk başçılarına, sərkərdələrinə aid olmuşdur (25; 46) Bu cəhətdən söz Apraş apam (Ap-ra-ş apa-m) şəklində ‘mənim (düşməni) dağıdan, məhv edən əcdadım, ata-babam’ mə’nasını verir: Ap/op - ‘udmaq’, apra/opra - ‘yırtmaq’, ‘dağıtmaq’, ‘məhv etmək’ deməkdir (25; 368); -ş fe’ldən ad düzəldən şəkilçidir. P>f, ş>s, m>b keçidləri ilə Apraşiapam sözü Əfrasiyab şəklinə düşmüşdür. Görünür, ad deyil, ləqəb olmuşdur. Əfrasiyab tarixi şəxsiyyət və sakların başçısı hesab edilir. Nizaminin «Xosrov və Şirin» əsərində Məhinbanunun Xosrovu nəzərdə tutaraq Şirinə dediyi: Əgər o, aydırsa, biz bir afitab, O, Keyxosrovdursa, biz Əfrasiyab (38;106)- sözlərində də İran və Turan qarşılaşdırılması vardır. Cənubi Qafqazda yaranmış Skif çarlığı əslində Sak çarlığı idi. Mərkəzi isə indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi. Bu çarlıq «Bibliya»da «Aşkenaz çarlığı» adlanır. Aşkenaz sözü də sak sözünü mühafizə edir: aŞKenaz - şk - şak/sak. Q.Qeybullayev bu məqamda, nədənsə, Aşkenaz sözü ilə Aşkuzay, İşkuzay sözlərinin yaxınlığına diqqət yetirmir. Qeyd etməliyik ki, bunların hamısının (Aşkenaz, İşkuzay, Aşkuzay sözlərinin) kökündə ŞK səsləri durur ki, bu da həmin sözlərin şak/sak sözü olduğunu göstərir. Saklar indiki Ermənistan ərazisinin bir hissəsində və Azərbaycanın Şəki, Şakaşen, Sisakan, Arsak bölgələrində yaşamış və iz qoymuşlar. Şəki sözü tarixən müxtəlif şəkildə yazılmış və müxtəlif şəkildə tələffüz edilmişdir: Ptolomey (II əsr) Osika kimi işlətmiş, Parfiya dilində (III əsr) Suki, Erməni coğrafiyasında (VII əsr) Sekan, VI əsrə aid bir mənbədə Şəki, ərəb coğrafiyaçılarının əsərlərində (IX-X əsrlər) Şəkkan kimi qalmışdır. Hamısında kök SK samitləridir. Sakasena - indiki Gəncə bölgəsini əhatə etmişdir. Bu əyalətin sakları e.ə. IV əsrdən mə’lumdur Atropatena və Türkiyə ərazilərində də Sakasena olmuşdur. Sakasena adının sonundakı sen hissəsini farsca şauana ‘yer’ sözündən əmələ gəlmiş «şen» hesab edirlər. Ermənilər bundan erməni sözü kimi yapışaraq qədim Gəncə bölgəsində yaşadıqlarını iddia edirlər. Bu sözün və Sakasena əyalətinin Türkiyə və Atropatena ərazilərində də olması onların bu iddialarının yanlış olduğunu sübut edir. Sözün sonundakı sin türkcə şin sözünün fonetik variantıdır və Alşın, Bulqasın, Kabukşın, başqırdlarda Kuqarsin, Üskiyə mahalında Macarşin, Xuvarlı mahalında Avarsin kənd adlarında da qalmışdır. Toponimin əsli Saksin və ya Şakşin sayılır. (6; 162) Sin/şin - ulu dildən gələn, lakin artıq türk forması almış morfemdir. Zəngəzur əraziləri də vaxtilə sakların məskunlaşdığı ərazi olmuş və Sisakan adlanmışdır. Sözdə sak etnoniminin olduğunu vaxtilə N.Y.Marr söyləmişdir. Tarixçilər Sisakanı erməni hakimlərinin idarə etdiyini güman etmişlər. Q.Qeybullayev bu məsələni ətraflı araşdırmış və Sisakan hakimlərinin erməni olmadığını, türk mənşəli saklardan ibarət olduğunu üzə çıxarmışdır. Sisakan etnonimi aydın şəkildə göstərir ki, bu ərazi sak yurdu olmuşdur, hakimləri isə Aranşahlar adlanmışlar. »Albaniya tarixi»ndə göstərilir ki, 607-ci ildə Alban kilsəsi ilə erməni kilsəsi arasında ixtilaf güclənəndə Sisakan əhalisi albanlar tərəfə keçmişlər. Sisakan etnonimi Si-sak-an şəklində ayrılır: si sözü sakların bir tayfası olmuşdur (6; 163), söz bütövlükdə ‘Si sakları’ mə’nasındadır. Ermənilər bu sözü Syuni şəklində yazmış, qədim Urartu dilindəki siuni sözü ilə eyniləşdirmişlər. Siuni Urartu dilində ‘su mənbəyi, göl’ mə’nasında əyalət adı olmuşdur. (8; 264,265) Syuni (əslində, Siuni) sözü isə tayfa adını bildirir (erməni dilində su sözü sov kimi qalmışdır və Sevan sözü də buradandır, 6; 164) Beləliklə, Sisakan sözünün fars şəkilçisi ilə Sisa-kan şəklində ayrılması düz deyil, sözü Si-sak-an şəklində (‘Si sakları’) ayırmaq lazım gəlir. Q.Qeybullayev yazır: «IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristianlığı qəbul etmişdi. Bu sülalənin nümayəndələri «Saklı» (ərəb mənbələrində «Səhl») ləqəbini daşıyırdılar. «Səhl» (yə’ni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi. O, Babəki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəki idi. Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri «məlik» adlanırdılar. Səhl ibn Sunbat da məlik idi və «Kitabi-Dədə Qorqud»da Şöklü Məlik («Şəkili Məlik» adının təhrifi), ehtimal ki, məhz Şəki hakimi Səhl Sunbatdır». (6; 165) Xürrəmilər hərəkatı dövründə (IX əsrin əvvəli) artıq «Dədə Qorqud» formalaşmış olardı. Odur ki burada, yəqin ki, başqa bir məlikdən söhbət gedir. Sisakanda Si sülaləsindən olan əksər hakimlərin adları da türkmənşəlidir. Məsələn, Ərən (ermənicə yazılışı Aran, Erən) - xalis türk sözüdür; 1-ci əsrin 60-cı illərində Alban hökmdarının da adı Aran olmuşdur. Pisak adında pi türkcə ‘başçı’, ‘knyaz’, ‘şahzadə’ və sak, çak ‘ayıq’, ‘sayıq’, ‘ehtiyatlı’; Vasak -(Basak) ‘basmaq’ fe’li əsasında ‘qalib’, ‘fateh’ mə’nasında izah olunmuşdur. (6;166) Bizcə, bunlar (Pisak, Vasak) eyni adlardır və hər ikisində pi, ba - ‘başçı’ deməkdir, sak isə tayfanın adıdır - söz ‘sak başçısı’, ‘sak hakimi’ (hərfən: ‘baş saq’) deməkdir. Sakların yerləşdiyi ərazilərdən biri qədim Qarabağ əraziləri olmuşdur. Onların adı ilə bu ərazi Artsaq adlanmışdır. Artsaq - art ‘dağlıq ərazi’, ‘yüksəklik’ və sak sözü ilə ‘dağlıq ərazi sakları’ mə’nasındadır. Aşağıdakı tayfa adları da bilavasitə sak etnoniminin iştirakı ilə yaranmışdır: Saqarti(lər) - İranın şimal-qərbində Midiya tayfasının və həmin tayfanın yaşadığı vilayətin adı; Sakasinlər - müasir Bərdədən Qafqaz dağlarına qədərki ərazidə məskunlaşmış tayfanın adı - ‘saka bənzər’ deməkdir. Massaget - ‘baş saqlar’ mə’nasındadır: b>m keçidi ilə: bas sözü baş sözü; sondakı -et cəm bildirən -at şəkilçisidir: Skiflər amazonkaları eorpata adlandırmışlar. Bu söz eor -’ər’ və pata - ‘batmaq’ fe’lindən ibarət olub ‘ər öldürən’ deməkdir. (58; 21) Herodot özü də amazonkalar haqqında deyir: «Kəbin qaydalarına gəldikdə onlar belədir: qız düşmən öldürməyincə ərə getmir. Bir qismi ərə getmədən qocalıb ölür, belə ki, ümumi qaydanı yerinə yetirə bilmir». (Q.IV,117) Z.Həsənov bu barədə qeydlərini ümumiləşdirərək göstərir ki, savromatlar, yə’ni amazonkalar ata tərəfdən skiflərlə bağlı olub, skif dilində danışmışlar, ana tərəfdən isə oyorpat/eorpatlar - ‘əröldürənlər’ adlanmışlar. (58;60) Beləliklə, bütün bu araşdırmalar - kimmerlərin, skiflərin, sakların geyim və həyat tərzi, antropoloji və etnik xususiyyətləri, toponim, etnonim və antroponimlərinin linqvistik təhlili göstərir ki, bu tayfalar türkmənşəli olmuş, Şimali və Cənubi Azərbaycan ərazilərində geniş məskunlaşmaqla Azərbaycan xalqının, Azərbaycan dilinin təşəkkülündə bilavasitə iştirak etmişlər. III fəsil - Qrammatik xüsusiyyətlər - ay şəkilçisi - Altay-monqol dillərinə məxsus müraciət bildirən söz və ya adlıq hal forması: aşquzay, işquzay sözlərində, Tarqitay, İşpakay adlarında olduğu kimi; - it,-at,-ot - qədim türk cəm şəkilçisi: skol-ot; Massag-et sözlərində -ot, -et; - lıq(-dıq) - isimdüzəldən şəkilçi; pontik skif sözü (bun ‘şorpa’, ‘horra’ və -dık (-lıq) şəkilçisi); - ir -indiki zaman şəkilçisi: Goytosir allah adı goy/gok ‘göy’, ‘mavi səma’ və tes-ir ‘deşir’ sözündən; - aq - fe’ldən ad düzəldən şəkilçi; Xonaxis sözünün kökü qonmaq fe’lindən -ax (-aq) şəkilçisi ilə Qonaq sözü (-is yunan şəkilçisidir); Pollak - ‘bələ-k’, ‘hədiyyə’, ‘bəxşiş (allahın hədiyyəsi)’ mə’nasında - bələmək sözündən; -li - sifətdüzəldən şəkilçi; çav ‘ad-san’, ‘şöhrət’ və -li şəkilçisi ilə Çavli sözü; -q,-k -sifətdən isimdüzəldən şəkilçi; Orik şəxs adı türkcə ari-q, ari-k ‘təmizkar’, ‘saf’, ‘ləkəsiz olan’ mə’nasında; -an - cəm şəkilçisi: tur-an - türklər; tür-k və turan sözlərinin sinonimliyi; -qun - fe’ldən ad düzəldən şəkilçi: Eskunay sözü es ‘əsmək’, - qun (-ğun) və -ay şəkilçilərindən - Coşqunay, Tolqanay adları kimi. -laq - addan ad düzəldən şəkilçi: Eslak sözündə es türkcə ‘ağıl’ və ya monqolca işi ‘müdrik’ sözü və -lak şəkilçisi ilə ‘ağıllı’, ‘müdrik olan’; -ra - Ap/op kökündən ap-ra/op-ra - ‘yırtmaq’, ‘dağıtmaq’, ‘məhv etmək’ (25; 368); -ş - fe’ldən ad düzəldən şəkilçi: abra-ş/obra-ş sözündə -ş şəkilçisinin -si III fəsil - Ədəbiyyat 1.Azərbaycan tarixi.- (İ.Əliyevin redaktəsi ilə), I cild, EA-nın nəşri, «Elm», 1998. 2.Azərbaycan tarixi. I cild (Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994. 3.A.Leo Oppenxeym. Drevnəə Mesopotamiə.-Moskva, »Nauka», 1980. 4.V.Həbiboğlu.Qədim türklərin dünyagörüşü.-Bakı,1996. 5.Adile Ayda. Etrüskler (Tursakalar) türk idiler. Ankara,1992. 6.Q.A.Qeybullayev.Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994. 7.Y.B.Yusifov. Qədim Şərq tarixi.-Bakı Universiteti Nəşriyyatı,1993. 8.İ.İ.Mehaninov. Annotirovannıy slovarğ urartskoqo (biaynskoqo) əzıka. -Leninqrad,1978. 9.Solmaz Qaşqay.Manna dövləti.-Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1993.. 10.İ.M.Dğəkonov. İstoriə Midii,-M.-L., 1956. 11.Q.Qeybullayev. Azərbaycanlıların etnik tarixinə dair.- Bakı, Elm, 1994. 12.İ.Aliev. Oçerk istorii Atropatenı.- Baku, 1989. 13.Z.Budaqova, T.Hacıyev. Azərbaycan dili, Bakı, 1992. 14.O.N.Tuna. Sumer və türk dillerinin tarihi ilgisi ile türk dilinin yaşı meselesi.-Ankara,1990. 15.Azərbaycan Sovet Ensiklopediyası, IV c., Bakı, 1980. 16. Rəfik Özdək. Türkün qızıl kitabı. -I kitab, Yazıçı, 1992. 17.Xrestomatiə po istorii Drevneqo Vostoka.-M.,1963. 18.Q.Kazımov.Sənət düşüncələri. -Bakı, 1997. 19.F.A.Cəlilov.Azərbaycan dilinin morfonologiyası.-Bakı, «Maarif»,1988. 20.M.D.Qıpçaq. Türk say sistemi. -Bakı, 1996 21.Ə.Dəmirçizadə. 50 söz. Bakı, «Gənclik», 1968. 22.İ.M.Dğəkonov,S.A.Starostin.Xurrito-urartskie i vostoçno-kavkazskie əzıki.-Drevniy Vostok.Gtnokulğturnıe svəzi, XXX, Moskva,1988. 23.İ.Aliev.İstoriə Midii,Baku,1960. 24.Q.A.Melikişvili.Nairi-Urartu.-Tbilisi, 1954. 25.Drevnetörkskiy slovarğ. -Leninqrad, «Nauka», 1969. 26.E.A.Qrantovskiy.Rannəə istoriə iranskix plemen Peredney Azii, M.,1970. 27.Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi.-Bakı,1979. 28..R.M.Boehmer. Volkstumund Stadie der Man naer.s.18-19; 29.İ.M.Dğəkonov.Əzıki drevney Peredney Azii.-Moskva, «Nauka», 1967. 30.Q.A.Melikişvili. Urartskiy əzık. -Moskva, 1964. 31.T.H.Ratbhun. An Analisis of the Skeletal Material excavated at Hasanlu,İran, «Universitü of Kansas», 1964 32.İ.Bayramov.Qərbi Azərbaycanın türk mənşəli toponimləri.-Bakı, Elm, 2002. 33.Mahmud Kaşğari.Divanü-lügat-it-türk, tercümesi.Çeviren Besim Atalay, I, Ankara, 1939. 34.Mahmud Kaşğari.Divanü-lügat-it-türk, tercümesi.Çeviren Besim Atalay, II, Ankara, 1941. 35.Sravnitelğnıy slovarğ tunquso-manğçjurskix əzıkov.-II, Leninqrad, 1977. 36.Ə.Rəcəbov, Y.Məmmədov.Orxon-Yenisey abidələri.-Bakı,Yazıçı,1993. 37.Q.A.Qeybullaev. K gtnoqenezu azerbaydjanüev, t. I, Baku, Glm,1991. 38.N.Gəncəvi. Xosrov və Şirin. -Bakı, 1947. 39.K.Tallqvist. Assurian Personal Names, Helsingfors, 1918. («Akta Sosietatis Skientiarum Fennikae.vol.XLVIII, №, 28, 2 40.Azərbaycan tarixi.I,Bakı,1958. 41.Mirzə İbrahimov. Azərbaycan dili.-EA-nın nəşriyyatı, 1957. 42.Kalankatuklu Moisey. Albaniya Tarixi. -Bakı, Elm, 1993. 43.Qerodot.İstoriə,Moskva, 1971. 44.Strabon.Qeoqrafiə.-Moskva, 1964. 45.Rauf Arifoğlu.Korlanmış və itirilmiş.- «Yeni Müsavat», 23 aprel 2003, № 206. 46.Azərbaycan tarixi.-Bakı,1993. 47.O.T.Molçanova. Glement «tay» v toponimii Sredney Azii i smejnıx territoriy.-»Onomastika Sredney Azii»,Moskva,1978. 48.Bartolğd.Soçinenie.-V, Moskva,1968. 49.Q.Kazımov.Qurbani və poetikası.-Bakı,1996. 50.A.İ.Dovatur, A.P. Kallistov, İ.A.Şişova - Narodı naşey stranı v istorii Qerodota.M., 1982. 51.İ.M.Dğəkonov.Assuro-vavilonskie istoçniki po istorii Urartu,-VDİ,1951, № 2, s.65. 52.R.Fray.Naselenie İrana, -M., 1972. 53.M.İ. Artamanov.K voprosu ob gtnoqeneze v sovetskoy arxeoloqii.-KSİİMK, vıp. XXIX, M., 1949. 54.E.Herzfeld.The Persian Empire. Wiesbaden, 1968, s.25 55.A.İ.Terenojkin. Skifskaə kulğtura. -Sb. Problemı skifskoy arxeoloqii, -M., 1971. 56.Çingiz Qaraşarlı.Əfsanənin izi ilə. «Ulduz», 1989, № 2. 57.Çingiz Qaraşarlı.Troyalılar kim idi? Məqalələr toplusu, IV, Azərbaycan Dövlət Dillər İnstitutu, Bakı, 2000. 58.Zaur Qasanov. Üarskie skifı.-Liberti publishing house, Nyu York, 2002. 59.Strabon.Qeoqrafiə,I,2;27,28-Vestnik drevney istorii, 1947, № 4. 60.Qerodot. İstoriə. IV.V sb.: İstoriki Qreüii, M.,1976. 61.Afina Əlizadə. Prof.Ə.Dəmirçizadə və «Divanü-lüğat-it türk» əsəri. -Pedaqoji Universitetin əsərləri, № 1, Bakı,2001. 62.G.V.Sevortən. Gtimoloqiçeskiy slovarğ törkskix əzıkov. -İzd. «Nauka», Moskva, 1974. 63.Dr.R.Oğuz Turkkan. Bizden olan ve olmayan kavımlar.-Türk Dünyası Tarihi Dergisi.-Ekim 87, sayı 10. 64.Lev Qumilyov. Qədim türklər.-Bakı, «Gənclik»,1993. 65.B.A.Serebrennikov.Priçinı rezkoqo umenğşeniə çisla affiksov mnoqokratnoqo deystviə i sokraheniə sferı ix upotrebleniə v törkskix əzıkax.- «Sovetskaə törkoloqiə», 1975, № 6. IV fəsil AZƏRBAYCAN DİLİNİN ƏMƏLƏ GƏLMƏSİ (e.ə. IV əsr - e. V əsri) IV fəsil - Albaniya. Alban (Aran) dili Alban dövlətinin yaranması. Etnik tərkib və dil məsələləri ALBANİYA. ALBAN (ARAN) DİLİ Alban dövlətinin yaranması. Etnik tərkib və dil məsələləri Albanlar haqqında ilk mə’lumat e.ə.IV əsrə aiddir. Arrian (II əsr) Qavqamel döyüşündən (e.ə.331-ci il) bəhs edərkən İran ordusunda albanların da iştirak etdiyini göstərir. Tarixçilər bu cür yazılardan belə bir qənaətə gəlmişlər ki, artıq e.ə. IV əsrdə Alban dövləti var idi. Paytaxtı əvvəllər Qəbələ (yunan mənbələrində Kabalaka), sonralar Bərdə (erməni mənbələrində Partav) şəhəri olmuşdur. Dağıstana qatılmış Samur-Dərbəndarası bölgə, Ermənistana qatılmış Zəngəzur və Göyçə mahalları da daxil olmaqla indiki şimali Azərbaycan əraziləri Albaniya dövlətinə mənsub idi, lakin Kürlə Arazın qovuşduğu yerdən Xəzərə qədərki hissənin cənubu və Naxçıvan ərazisi əvvəllər Madaya, sonralar Atropatena dövlətinə aid olmuşdur. Albaniya - albanların yaşadığı ölkə mə’nasındadır. Sözün əsasında ‘alban’ etnonimi durur. Lakin bir çoxları ‘Albaniya’nı etnotoponim deyil, sadəcə toponim hesab etmişlər. Bu fikir ona görə yanlışdır ki, Albaniyada özünü «alban» adlandıran tayfa var idi və bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı ilə Albaniya adlanmazdı. Təbii ki, çarlıq edən sülalə də bu tayfadan olmuşdur. F.C.Məmmədova ayrıca alban etnosu olduğunu göstərən faktlar müəyyən etmişdir.(49; 362) Bir fərziyyəyə görə, albanlar bu əraziyə gəlmədir. Lakin onların nə vaxt gəldikləri barədə mə’umat yoxdur. Bə’zi mülahizələrə görə, onlar sakların bir qoludur və saklarla gəlmişlər. Türk alimləri F.Kırzıoğlu və Şükri Kaya onların e.ə. VII əsrdə saklarla gəldiyini söyləmişlər. Bu fikrin təsdiqi üçün qeyd olunur ki, Orta Asiya və Qazaxıstanda ‘alban’ adlı tayfalar vardır və digər cəhətdən, sakların ən qədim ərazilərində alban adı ilə bağlı toponimlərə rast gəlmək olur. Strabon və Kalankatuklu Moisey isə albanları Qafqazın yerli əhalisi saymışlar, onu şimal əhalisi ilə əlaqələndirmişlər «Şimal əhalisi» dedikdə türklər nəzərdə tutulur. Alban tarixçisi albanları Yafəs nəslindən saymaqla köklü yerli hesab etmişdir. (7; 15) Biz bu fikrin əsaslı olduğunu bildiririk. Çünki Mərkəzi Asiyadan qərbə hərəkət etmiş tayfaların, demək olar ki, hamısı vaxtilə qərbdən gedənlərdir. Qərbdə və şərqdə yaşayan eyni adlı tayfaların ayrıldığı ilk ərazi Ön Asiyadır və bu fikir prinsip e’tibarilə bütün hallarda özünü doğruldur. Albanlar Yuxarı Azərbaycanın əzəli sakinləri olmuşlar. Onların «Bibliya» kitabına düşməsi də təsadüfi deyildir. Etnik əlaqələrin dəqiqləşdirilməsində geneoloji əfsanələrin roluna xüsusi diqqət yetirən Ç.Qaraşarlı yazır: «Bulqarların ulu əcdadı... X əsr türk şəcərəsində Alp adlanır. Alp Nuhun oğlu Yafətin üç oğlundan biri hesab edilir. Digər iki qardaş həmin şəcərədə Türk və Kimer adlanır.Türk və Kimer konkret qohum xalqları - türkləri və qədim kimerləri təmsil etdiyi kimi, Alp da, sözsüz, müəyyən bir qohum xalqı təmsil edirdi. Həmin mənbədə Alp bulqarların əcdadı hesab edilir. Albanlarla bulqarlar arasındakı mə’lum əlaqələri (Ketari - Kedar və s.) nəzərə alsaq, Alpın bilavasitə albanları təmsil etməsi aşağıdakı müqayisələrin işığında daha aydın görünür: «Alban tarixi» əsərində albanların Ketaridən törəməsi və ketari nəsillərinin həm də şimalda yaşaması haqda mə’lumat ilə bulqarların Şimali Qafqazda sakin olması və onların tərkibində kedar adlı tayfanın olması, Albaniyanın digər əsas tayfası olmuş qarqarların da bulqar mənşəli olub Albaniya ərazisinə şimaldan gəlməsi; «Alban» yer adının Şimali Qafqazda da müşahidə olunması və s.» (41; 179) Bu təəssürat əfsanədən alınsa da, elmi axtarışların nəticələri ilə uyğundur. Bütün tarixi izlər albanların, kimmerlərin və qarqarların türkdilli qohum tayfalar olduğunu təsdiq edir. Kimmer, skit və sakların e.ə. VII əsrdə bu ərazidə məskunlaşması, erkən tayfa birlikləri və s. haqqında tarixin çox xəsisliklə verdiyi mə’lumat ümumiləşdirilərək göstərilir ki, artıq «e.ə. IV əsrdə Albaniyada vahid dövlət qurumunun bərqərar olmasını söyləmək olar».(2; 152) Plutarx albanları ən cəsur xalq kimi təsvir edir. Strabon albanlar haqqında «gözəlliyi və boyunun ucalığı ilə fərqlənir», Dionisi Perieget «döyüşkən albanlar», Yevstrafiya «albanlar döyüşkən xalqdır», Rufi Fest «coşqun alban» ifadələrini işlətmişdir. Strabonun mə’lumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların mə’bədi olmuşdur. Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində mə’lum olmuşdur ki, burada alban xristian mə’bədinin qalıqları vardır. Adətən xristian mə’bədləri əvvəlki (bütpərəstlik) mə’bədlərinin yerində yaradılırdı. Aveydağ sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay mə’bədi burada imiş. Q.Qeybullayev Avey sözündə metateza olduğunu, sözün əslində ‘Avey’ yox, ‘Ayev’ (‘Ay ev’ Ayevdağ) olduğunu əsaslandırmışdır. Və müəyyən edilmişdir ki, ümumən türklərdə Aya sitayiş qədim dövrlərdə geniş yayılmışdır. Qədim türklərdə ‘Ay tənqri’ ifadəsi (‘Ay-allah’) vardır; V.V.Radlov altaylarda «Ay moko» (‘möhkəm Ay’) əfsanəsini qeydə almışdır və s. Lakin Albaniyada çox müxtəlif tayfalar var idi, Strabon Albaniyada 26 müxtəlif dildə danışıldığını qeyd etmişdir. (8; 21) Ümumi mənzərəni müəyyənləşdirmək üçün, mənbələr aydın mə’lumat verməsə də, həmin tayfaları, onların dil mənsubiyyətini öyrənmək lazım gəlir. Heç şübhəsiz, ölkədə aparıcı tayfa albanlar idi, lakin başqa türkdilli və eyni zamanda Qafqaz və irandilli əhali də yaşayırdı. 60-cılar hərəkatının nümayəndələrinə qədər, demək olar ki, bütün tarixçilər - A.Q.Şanidze, Q.A.Melikişvili, İ.M.Dyakonov, K.V.Trever, S.T.Yeremyan, A.P.Novoseltsev, Q.A.Klimov, İ.H.Əliyev, F.Məmmədova və b. yerli əhalini qafqazdilli, yaxud dağıstandilli (ləzgidilli) saymış, məsələni dolaşdırmış və qəlizləşdirmişlər. Y.Yusifov, M.İsmayıl, Q.Qeybullayev, T.Hacıyev və başqa tarixçi və dilçilərimizin zəhmətli axtarışları nəticəsində müəyyən edilmişdir ki, Albaniyanın yalnız şimal bölgələrində bir sıra qafqazdilli, cənub-şərqində bə’zi irandilli tayfalar yaşamışdır, Albaniyanın əsas əhalisi türkdilli tayfalardan ibarət olmuşdur. Müəyyən edilmişdir ki, o vaxtkı dağıstandilli tayfalar indiki udinlərin, ləzgilərin, avarların, saxurların, xınalıqlıların, qırızlıların və buduqların əcdadları olmuşlar. Ləzgilərin, avarların, saxurların əsas hissəsi Dağıstanın Albaniyaya aid olmayan hissəsində yaşamışdır. Milli Elmlər Akademiyasının nəşr etdiyi «Azərbaycan tarixi»nin 1-ci cildində (1998) Albaniya ərazisində dövlətin yaranması, etnik tərkib və dil məsələləri həqiqətə zidd mövqedən işlənmişdir. Albaniyada dövlətin yaranması haqqında müəllifin (İ.Əliyev) fikirləri ziddiyyətlidir: «...mənbələrdət olan cüz’i mə’lumat belə hesab etməyə imkan verir ki, eramızdan əvvəl I əsrdə Albaniyada dövlət artıq mövcud idi». (1; 387) Amma mənbələrin mə’lumatından başqa nəticə də çıxartmaq olur: «...Strabonun «albanlarda indi bütün tayfaları bir çar idarə edir» sözləri ən geci eramızdan əvvəl III əsrə aid edilməlidir».(1; 389) Bütün tayfaları bir çar idarə edirsə və bu fakt e.ə. III əsrə aiddirsə, deməli, dövlətin də tarixi e.ə.III əsrə aiddir. Bu da kifayət deyil, deyəsən, faktlar daha əvvələ çəkir: «Görünür, Albaniya tayfaları bir sosial institut kimi dövlətlə ilk dəfə hələ Haxamanişilərin hökmranlığı zamanı rastlaşmışdılar».(1; 389) Göründüyü kimi, Şimali Azərbaycan ərazisində dövlətin yaranması e.ə. I əsrə aid edilir, lakin tarixi faktlar müəllifi, istər-istəməz, e.ə.VI əsrə çəkib aparır. İ.Əliyev elə kitabın XIV fəslinin ilk səhifəsində Albaniya ərazisində dil və etnogenez məsələləri barədə öz qəti hökmünü vermiş və yazmışdır: «Albanlar orta əsrlərdə onların torpaqlarına gətirilmiş türk dilini qəbul etmiş və yeni türkdilli xalqa çevrilmiş müasir azərbaycanlıların bilavasitə əcdadlarından biridir».(1; 328) Orta əsrlər təqribən eramızın III əsrindən başlayır və kapitalizmə qədərki dövrü əhatə edir. Lakin müəllif orta əsrlərin hansı yüzilliklərini nəzərdə tutduğunu demir. Yəqin ki, bu dövr XI-XII əsrlərdə səlcuq oğuzları gələndən sonra olacaqdır. Yuxarıdakı cümlə «iste’dadla» yazılmış çoxmə’nalı cümlədir. Bu cümlədən xeyli «nəticə» çıxarmaq olur: Deməli, albanlar türk olmayıb, lakin türkləşiblər - 1; Albaniya ərazisində orta əsrlərə qədər türk yaşamayıb - 2; hətta ilkin orta əsrlər də deyilmir və beləliklə, hadisələr ikinci minilliyin əvvəlinə uzanır - 3; deməli, Şimali Azərbaycan əhalisi başqa bir xalqdan dönmədir - 4; deməli, Şimali Azərbaycan ərazisi türklərin tarixi-təbii vətəni deyil -5; deməli, olsa-olsa bu ərazidə türk dilinin minillik tarixi vardır - 6; deməli, türk dili yerli dil deyil, «gətirilmə» dildir - 7 və s. Müəllif bu torpaqlara «türk dili gətirilənə» qədərki dövrdə bu ərazinin etno-dil mənzərəsini «çox asanlıqla» həll etmişdir. Başa düşmək olmur nə demək istəyir, amma çox aydın deyir: «...tarixi ən’ənə (və çox vacibdir ki, erməni ən’ənəsinin özü) hazırda yalnız Qəbələ (keçmiş Qutqaşen) bölgəsində yaşayan, qədim zamanlarda və orta əsrlərdə isə Azərbaycan ərazisində fövqəladə dərəcədə geniş yayılmış müasir udiləri qədim albanlarla eyniləşdirir» (1; 331). Bir az aydın deyilsə, yə’ni qədim albanlar udilərdən (udinlərdən) ibarət olmuşdur («erməni ən’ənəsi»nin nə demək olduğunu heç başa düşmək olmur). Bu «əsası» əldə etdikdən sonra iş asanlaşır: «Udi dilinin Şimal-şərq Qafqaz dilləri ailəsinə mənsub olması hazırda heç bir şübhə doğurmur. Bu belədirsə, onda alban dili (və ya dialektlərin kontiniumu) də adı çəkilmiş dil ailəsinə aid olunmalıdır... Beləliklə, alban dili Şimal-şərq Qafqaz dilləri ailəsinə aiddir».(1; 331) Müəllifin «çox əsaslı» dəlilləri də var: bir vaxtlar udilər Pyotra yazmışlar ki, «biz ağvanıq». Və Mingəçevir yazılarının da udi dilinə mənsubluğuna «inam daha çoxdur» və s. Müəllif Azərbaycan ərazisində qədim dövrlərdən çox geniş yayılmış utiləri udilərlə (indiki udinlərlə) eyniləşdirir və inamla bildirir ki, «Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin udi dili olduğunu demək üçün əsaslar vardır».(1; 333) (Bu ölkənin düşmənləri öz içərisində daha güclüdür!) Albaniya ərazisində savdey (sodey), qardman, her, kel. leq, didur (didoy), çilb (silv), lipi (lupen) tayfalarının rolunu xüsusi qeyd edərək bir daha yazır: «Qafqaz Albaniyası tayflarının dilləri, yuxarıda dediyimiz kimi, Şimal-şərq Qafqaz dilləri ailəsinə aiddir».(1; 334) Albaniya ərazisində qəbir mədəniyyəti udilərlə yanaşı, başqa tayfaların da yaşamış olduğunu göstərir və müəllifin fikrincə, belələri skiflər, saklar, sakesinlər, sarmatlar, massagetlər və s-dən ibarətdir ki, «Müxtəlif zamanlarda Albaniyaya daxil olmuş bu dəfn adətlərinin daşıyıcıları əsasən irandilli tayfalar idilər». (1; 336) Beləliklə, nəticə aydındır: Albaniyanın əsas əhalisi qafqazdillilərdən ibarət olmuş, sonralar bir neçə irandilli tayfa da gəlmişdir. Daha başqa söhbətə yer yoxdur. Erkən feodalizm dövrünə qədərki uzun mərhələni əhatə edən bu əsərdə ermənilərə xeyli yer verilmişdir. Uzun-uzadı Şimali Azərbaycanın qərbdən şərqə - Xəzərə qədər böyük bir ərazisinin erməni torpağı olmadığının sübutuna cəhd edilmişdir. E.ə. II-I əsrlərdə Azərbaycanın bir hissəsi erməni işğalı altında olub deyə, bunun erməni torpağı olmadığının sübutuna çalışmaq özü artıqdır. Ona qalsa, Mada və Səfəvilər dövründə Azərbaycanın birləşdirdiyi torpaqlar neçə ölkəni Azərbaycana qatmalı idi. Bunlar boş söhbətlərdir. Biz başqa şey demək istəyirik. Yə’ni demək istəyirik ki, ermənilər kimi müzürr, tarix boyu xəyanətkarlıqda damğalanmış etnosdan könül açıqlığı ilə danışılan 476 səhifəlik «Azərbaycan tarixi»ndə cəmi bir yerdə türk sözü işlənib, bir də cəmi bu cümlə: «III-IV əsrlərdə erkən türkdilli tayfalar Albaniyaya daxil olmağa başladılar. Sonralar bu tayfalar başqa türkdilli tayfalarla birlikdə ölkə sakinlərinin dil görkəminin dəyişilməsində həlledici rol oynadılar».(1; 337) Bir də yuxarıda verdiyimiz eyni ruhlu bir cümlə. Vəssəlam. İran olsun, Qafqaz olsun, hurri olsun, elam olsun, - kim olur-olsun, yalnız türk olmasın!- müəllifin əsas istəyi və ideyası belədir. Yuxarıdakı cümlənin özü də mə’nalıdır: türk tayfaları yox, türkdilli tayfalar deyilir (ola bilər, bunlar da əslən heç türk olmayıblar); III-IV əsrlərdə yox, sonralar yerli əhalinin dil görkəmini dəyişmişlər, - deyilir; həm də başqa türkdilli tayfalarla birlikdə dəyişmişlər (bu «başqa tayfalar», yəqin ki, Azərbaycan ərazisində ola bilməzdi, sonralar - XI əsrdə gələcəklər); ölkə əhalisinin dil görkəmini dəyişdilər, yə’ni yerli əhalini assimilyasiyaya uğratdılar və s. Sanki bütün bunları nəzərə alaraq Q.Qeybullayev yazmışdır: »...türkmənşəli azərbaycanlıların mənşəyi probleminin həllində Azərbaycan tarixşünaslığında çox böyük ədalətsizlik - tarixi həqiqətə biganəlik mövcuddur. Bə’zi rus, erməni və gürcü tarixçilərinin saxta fikirlərini olduğu kimi qəbul edərək tarixşünaslığımıza daxil etmiş yüksək adlı-sanlı tarixçilərimiz Azərbacanda türkmənşəli etnosların qədim tarixini bilərəkdənmi, bilməyərəkdənmi amansızlıqla heçə endirmiş və türklərin buraya orta əsrlərdə gəlmə olmasını sübut etməyə doğru yönəldilmiş konsepsiya yaratmışlar... Sanki bu cür tarixçilərimizdə türk sözünə, türk varlığına, türk mədəniyyətinə qarşı nifrət hissi var, səbəbini bilən yoxdur». (6; 10) Alban etnosları qədim Azərbaycanın yerli etnosları olmuşlar. Daim zikr olunan əsas məsələ bundan ibarətdir ki, Strabon albanların 26 müxtəlif dildə danışdıqlarını qeyd etmişdir. Bu fikrə əsasən Albaniyanın əhalisi yekcins deyildi. Albaniyada yaşayan tayfaların adları da mə’lumdur: sakasen, mük, uti, qarqar, udin, ud, sovde, kaspi, qel, leq, lupeni, sila və s. «Antik müəlliflər «alban» anlayışını ölkənin bütün əhalisinə şamil edirdilər».(2; 146) Daha böyük nöqsan ondan irəli gəlmişdir ki, tayfaların Albaniyada yerləşdiyi, yayıldığı ərazilər düzgün müəyyən edilməmişdir: «...»26 dil» anlayışını Albaniyanın aran və onu bürüyən dağ və dağətəyi hissələrinə şamil etmək mümkün deyildir. Ya Strabonun istifadə etdiyi mənbədə mə’lumat düzgün qeydə alınmamış, ya da «26 dil» anlayışı Albaniyanın şimalında (Cənubi Dağıstanda) yaşayan əhalinin dil şəraitini nəzərdə tutmuşdu... Albaniyanın mərkəz hissəsində, Kür çayının sağ və sol sahili ərazilərində yaşayan əhali arasında bu cür dil müxtəlifliyi nəzərə çarpmırdı».(2;146) «Albaniyanın mərkəz və aran rayonlarının əhalisi əsasən türk etnoslarının, Dağıstana yaxın ərazisi isə həm də Qafqaz-iberdilli etnosların yaşadığı bölgələr olmuşdur... Albaniyada əsasən üstün gələn türk dili ləhcələri (kanqar, bulqar, peçeneq, heptal/əbdəl və s.) qədim yerli türk dili ilə bir müddət yanaşı öz varlığını saxlayırdı, tədricən alban (arran) türk dilinin yaranmasına gətirib çıxarırdı. Təsadüfi deyil ki, erkən orta əsr qaynaqlarında, toponimiya və antroponimiyasında türk sözləri əks olunmuşdur». (2; 150) Y.Yusifov uti və indiki udin sözləri arasında və eyni zamanda türk mənşəli utilərlə Qafqaz mənşəli udinlər arasında heç bir əlaqənin olmadığını göstərir. Utilər türk tayfası olmuş və Azərbaycanda qərbdən şərqə böyük bir ərazidə yayılmışlar: «...türk etnosu olan utilər qədim və erkən orta əsrlərdə geniş bir ərazidə - Şimali İkiçayarasından və Azərbaycandan tutmuş ta Şimali Qafqaza kimi geniş bir ərazidə yaşamış və həmin ərazidə baş vermiş siyasi hadisələrdə iştirak etmişlər». (2; 149) Utilər və onların bir hissəsi olan utiqurlar hun-türk tayfa ittifaqına daxil idilər. Azərbaycan türk etnoslarına orta əsrlərdə udulu tayfası da daxil idi. Y.B.Yusifov bir sıra digər tayfaların, o cümlədən Azərbaycanda geniş ərazilərdə məskən salmış kaspilərin də türk tayfalarından olduğunu aydın faktlarla izah etmişdir. Etnonimin kökü kas sözündən ibarətdir: «Kas adını Zaqroş dağlarının qədim (e.ə. II-I minilliklər) sakinləri kaşşu-kissi etnosunun adı ilə eyniləşdirirdilər. Çox güman ki, kas-kaş etnonimi Albaniyada (eləcə də bütün Azərbaycanda və cənub istiqamətində) yaşayan türk etnoslarının digər adı olmuşdur. Son araşdırmalara görə, kas etnonimini bir sıra Orta Asiya və Altay türk tayfaları daşıyırdı. Qərbi Sibirdəki Kara-kas («Qara kaslar») adını daşıyan türk etnosunun tərkibinə Sarıq kaş («Sarıkaş») və kaş etnik qrupları daxil idi. ...qədim zamanlar türkmənşəli kaslar Azərbaycanda və daha geniş ərazidə təmsil olunmuşdular». (2; 150) Y.Yusifov fikirlərini ümumiləşdirərək yazmışdır: «Qədim Azərbaycan dövlətləri (istər Albaniya, istər Adərbayqan) sərhədləri müəyyən etnik və dil çərçivəsində formalaşmışdı. Bu dövlət çərçivəsində azsaylı qeyri-türk etnik birləşmələri də təmsil olunmuşdu. Eyni zamanda türk etnosları qonşu ərazilərdə (şimalda Dərbəndə kimi, şərqi Gürcüstanda, Göyçə mahalı və Ağrıdağ vadisi) məskunlaşmışdılar».(2; 152) «Azərbaycan tarixi»nin 1-ci cildində (1998) Albaniya ərazisində hellinizm dövründə və ilkin feodalizmə qədərki mərhələdə alban, kaspi, uti, aynian, anariak, parrasi, savdey (sodey, sodi), qardman, gel, leq, didur (didoy), cilb (silv), lpin (lupen), skif, sak (ortokkoribantlar, sakesinlər), sarmat, massaget, alan, maskut tayfalarının olduğu göstərilir. Alban dilini uti, udi dilləri ilə eyniləşdirən müəllif (İ.Əliyev), qeyd etdiyimiz kimi, çox asanlıqla bu qənaətə gəlir ki, «...alban dili Şimal-şərq Qafqaz dilləri ailəsinə aiddir». (1; 331) Alban, uti, kaspi, anariak, sovdey, qardman, gel, leq, didur, cilb, lpin tayfaları Şimal-şərqi Qafqaz dilli, skif, sak, sarmat, massaget, alan, maskut tayfaları irandilli hesab olunur.(1; 554-336) Bu tayfalardan az bir qisminin - Qafqaz dillərinə aid edilən tayfaların yalnız bir neçəsinin (gel, leq, düdur, cilb, lpin tayfalarının) qafqazdilli olduğu doğrudur. Lakin burada müəllifin çox müvafiq bir müşahidəsini qeyd etmək istərdik: «Yaloylutəpə mədəniyyətinin materialları nəinki bizi maraqlandıran vilayətin Ön Asiya və Şərqi Aralıq dənizi sakinləri ilə əlaqələri haqqında danışmağa, habelə güman etməyə imkan verir ki, bu mədəniyyətin daşıyıcı tipləri, ola bilsin, genetik baxımdan geniş Ön Asiya kökləri ilə bağlıdır. Burada yada salmaq lazımdır ki, alban dili Şimali Qafqazdan başlamış, Aralıq dənizindəki adalaradək olan vilayətlərin sakinlərinin danışdıqları dillər ailəsinə aiddir. Əlbəttə, bununla biz maddi mədəniyyətlə dil arasında bərabərlik işarəsi qoymuruq. Lakin göstərilən maraqlı faktı qeyd etməyə bilməzdik». (1; 335) Məhdud ərazidə yaşayan bir sıra qafqazdilli tayfaları nəzərə almasaq, bu müşahidə ehtimal şəklində deyil, qəti şəkildə söylənməyə layiq müşahidədir. Çünki çox qədimdən bəri kuti, lullubi, kassi, kaspi, uti, manna, mada, elam, şumer tayfaları Qafqazın Cənubundan Aralıq dənizi adalarına və hətta şimali İtaliya ərazilərinə qədər yayılmış eyniköklü - türkdilli tayfalar olmuşlar ki, müəllifin bunları qafqazdilli hesab etməsini bir kənara qoymaqla, müşahidəsinin tam doğru olduğunu söyləyə bilərik. Mə’lumdur ki, İ.H.Əliyevdə eramızın III-IVəsrlərinə qədər şimallı-cənublu Azərbaycan ərazilərində türk təsəvvürü yoxdur, türk tayfalarının yalnız bu dövrdən Azərbaycana gəldiyini, gəlməyə başladığını qeyd etməsi təsadüfi deyil. İ.H.Əliyev Şimali Azərbaycanın etnik və dil mənsubiyyəti haqqında yazır: «Həmin ərazi əhalisinin etnik, dil şəraiti haqqında konkret bir fikir söyləmək çox çətindir. Bu problemə dair müəyyən fərziyyələr yürütmək olar. Bununla belə, bu regionda Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur».(1; 123) Və yenə: «Şimal-şərqi Qafqaz dil ailəsinə aid Nax-Dağıstan dilləri qrupunun hurri və Urartu dilləri ilə qohumluğu haqqındakı baxış daha əsaslı hesab edilir.» (1; 123-124) Albanların Şimali Qafqaz mənşəli olması fikrini A.Q.Şanidzeyə əsasən 1954-cü ildə Q.A. Melikişvili söyləmişdir. Bə’ziləri albanları xüsusi etnos hesab etməmişlər. Başqa alimlər isə (İ.P.Petruşevski) albanların bir qisminin VII-VIII əsrlərdə ərəbləşdiyini, XII-XIII əsrlərdə isə hamısının türkləşdiyini və etnosun sıradan çıxdığını qeyd etmişlər. A.P.Novoselsevə görə, alban dili erməni, fars və türk dilləri tərəfindən sıxışdırılıb sıradan çıxarılmışdır və s. 98-ci il «Tarix»indən açıq şəkildə (dırnaqsız) verdiyimiz bu fikirləri kinayə ilə ümumiləşdirərək Q.Qeybullayev yazmışdır: «Xülasə, Azərbaycan tarixşünaslığında belə bir baxış formalaşdı: albanlar qafqazdilli idilər, VII əsrdən sonra müsəlman oldular, səlcuq oğuzları XI-XII əsrlərdə Ön Asiyanı və Cənubi Qafqazı tutduqdan sonra dillərini itirərək türkləşdilər».(6; 25) «Diqqətlə fikir verilsə, bu konsepsiyada bir mənfur niyyət gizlənir: Azərbaycan dili yerli dil deyil, orta əsrlərdə kənardan gətirilmə və yerli əhaliyə zorla qəbul etdirilmə yad dildir! (Oxucu nəzərdə saxlamalıdır ki, bir xalqın tarixi özünəməxsusluğunun inkarı üçün həmin xalqın dilində vərəsəliyin inkarı kifayət edir) (kursiv müəllifin özünündür)». (6; 25-26) Son dövrədək sübut olunmamış Qafqaz dil birliyini Kür-Araz ilk tunc mədəniyyəti ilə əlaqələndirmişlər. Lakin mütəxəssislər bu fikrin qeyri-mümkünlüyünü dəfələrlə qeyd etmişlər. Son illərdə Kür-Araz mədəniyyətinin Hind-Avropa mənşəli olmasına dair fərziyyə irəli sürülmüşdür. Lakin bu fərziyyə də tarixi gerçəkliyə uyğun hesab olunmur.(1; 124) Tarixçilər qeyd edirlər ki, «İndi olduğu kimi, qədimdə də Kürdən cənubda heç bir qafqazdilli, yaxud irandilli xalq yaşamamışdır. Oranın köklü əhalisi türklər olmuşlar». (6; 12) Ona görə də Azərbaycan türk dilinin gətirilmə olması barədə fikir tam yanlışdır. Tədqiq və araşdırmalar göstərir ki, Albaniyanın Dağıstan sərhədləri boyunca həqiqətən bir sıra qafqazdilli tayfalar yaşamışlar. Bu tayfalar indiki ləzgidilli tayfaların əcdadlarıdır və indiki kimi tarixən də azlıq təşkil etmişlər. Dağıstan və Gürcüstanla sərhəd bölgədə gürcü mənbələrində (V əsrdən) Hereti mahalı və her tayfasının adı çəkilir. Bunlar indi özlərinə ‘hər’ deyirlər, qrızlıların və haputluların əcdadları sayılırlar. V-VII əsr mənbələrində şimal bölgələrində lpin (lbin), silv, ciqb tayfalarının adı çəkilir. Müəyyən edilmişdir ki, lbinlər avarların Albaniyada, silvlər Dağıstanda yaşayan hissəsinin adıdır; ciqblər isə saxurların etnik adıdır (indi özlərinə ‘yixbı’ deyirlər). Albaniyanın şimal-şərqində həmin dövr mənbələrində xaçmataq, qluar, xursan, tavaspar, gel, lək tayfalarının da adı çəkilir. ‘Lək’ ləzgilərin etnik adıdır və ilk dəfə Strabon tərəfindən qeyd edilmişdir. Gellər indiki ingiloyların əcdadları sayılır. Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərində bir əyalət ‘Xeni’ adlanır. Bu, indiki ‘Xınalıq’dır. Xınalıqlılara qədim mənbələrdə ‘qat’ deyilib, indi onlar özlərinə ‘kət’ deyirlər. Q.Qeybullayev göstərir ki, Şimal-şərq bölgələrində Şimali Qafqaz çöllərindən gəlmiş türk tayfaları da: hunlar, sabirlər, maskutlar, goruslar, çollar və Sasani şahlarının şimal sərhədini qorumaq üçün göndərdiyi tatlar və yəhudilər də yaşıyırdı.(6; 173) Quba, Dəvəçi, Xızı ərazilərinə IV-VI əsrlərdə İrandan tatlar köçürülmüşdü. Talışların ərazisi isə Atropatenaya daxil idi. Yerli türk tayfaları isə uzaq keçmişdən Albaniya ərazisində məskunlaşanlar idi. Bunlar xüsusilə Kür-Araz ikiçayarasında məskunlaşmışdılar: «İlkin orta əsrlərdə Kür-Araz çayları arasında albanlar, qarqarlar, saklar, kaspilər və utilər müstəsna olmaqla, başqa tayfa qeyd olunmamışdır və qədim erməni mənbələrində onun əhalisi ümumiləşmiş adla ‘ağvan (alban)’ adlanır; bunların arasında əsas yeri, şübhəsiz, konkret türkdilli tayfanı təmsil edən albanlar tuturdular, əks təqdirdə bu etnonim ümumiləşmiş ad kimi çıxış edə bilməzdi». (9; 74) IV fəsil - Alban (aran) dili E.ə.II əsrdən başlayaraq, antik müəlliflərin əsərlərində, erməni, gürcü, suriya, ərəb mənbələrində Qafqaz Albaniyası, onun təsərrüfat həyatı, etnik tərkibi, dili və dövlət quruluşu barədə mə’lumat verilmişdir. «Albanlar nisbətən böyük ərazidə yaşayırdılar: qərbdə İberiya, şərqdə Kaspi dənizi, şimalda Qafqaz dağları, cənubda isə Ermənistan ilə həmsərhəd idilər». (50;16) Onların Ermənistan, Gürcüstan və Dağıstan ərazilərində də yayıldığı mə’lumdur. Strabonun mə’lumatına görə, e.ə. IV-III əsrlərdə albanların bir hissəsi Midiya-Atropatena ərazisində də yaşayırdı. Albanların türkdilli tayfa olduğunu qeyd edən tarixçilər bu faktı ona görə daha çox qiymətləndirirlər ki, o dövrdə Midiya ərazisində qafqazdilli əhali yaşamırdı və yaşaya bilməzdi.(6; 184) Və digər tərəfdən, eyni tayfanın şimalda və cənubda yayılması ümumxalq dilinin təşəkkülü baxımından faydalı idi. Ərəb mənbələri Albaniya ərazisində işlədilən dili Arran dili, qədim erməni müəllifi Koryun (V əsr) Albaniya əhalisinin dilini alban dili adlandırmışdır. Suriya müəllifi Zaxari Ritor 555-ci ildə yazmışdır: »...Arran (Albaniya) diyarının öz dili, dindar və xaç suyuna salınmış xalqı, fars şahının tabeliyində olan hökmdarı vardır».(2; 217-220) X yüzilliyin ərəbdilli müəlliflərindən əl-İstəxri «Məmləkətlərin yolları kitabı»nda yazır: «...Dəbil və onun ətrafındakı əhali erməni dilində, Bərdə nahiyyələrinin əhalisi isə arran dilində danışır».(4; 114) Göründüyü kimi, burada ‘Arran dilləri’ndən, ‘Alban dilləri’ndən deyil, vahid dildən, vahid xalqdan söhbət gedir.Strabon, İppolit Kimski, Kalankatuklu Moisey, Koryun, Sebeos, Xorenasi, Zaxari Ritor, Etum və ərəb müəllifləri ayrıca alban dilinin olması haqqında mə’lumat vermişlər.(49; 110) Alban dili və alban xalqı yerli və gəlmə türk etnoslarının qarışması əsasında təşəkkül tapmışdı. Lakin bu dili Qafqaz dilləri qrupuna aid etmiş, Albaniyanın əsas əhalisi sayılan albanların və utilərin qafqazdilli olduğunu sübut etməyə çalışmışlar. Çox qədim dövrlərdən Azərbaycan ərazisində yaşayan və sonralar hun ittifaqında təmsil olunan utiqur, utidors tayfalarını qafqazdilli udilərlə eyniləşdirmişlər. Başqa bir mülahizəyə görə, »Hələ I yüzillik müəlliflərinin əsərlərində adı çəkilən türkdilli udon soyunun adı təhrif olunmuş və udin kimi səslənməyə başlamışdır».(5; 83) Hazırda Qəbələ rayonunun Nic kəndində yaşayan udinləri albanların qalıqları hesab etmişlər. Bu fikri ilk dəfə 1944-cü ildə heç bir əsas olmadan İ.P.Petruşevski söyləmiş, S.T.Yeremyan, Z.İ.Yampolski, Z.M. Bünyadov, Q.A.Klimov, A.Q.Şanidze, İ.H.Əliyev, V.L.Qukasyan, F.Məmmədova qəbul və təkrar etmişlər. Dağıstandilli udinlər Alban tayfa ittifaqının bir üzvü olmuşdur. Strabon Atropatenada Xəzərin cənub-qərbində alban və uti tayfalarının yanaşı yaşadığını göstərir. Bu ərazidə udinlər ola bilməzdi. Deməli, bir tərəfdən, utilərlə udinlər, o biri tərəfdən də udinlərlə albanlar eyniləşdirilmişdir. E.ə. IV əsrdən eramızın VII əsrinədək dövləti olan, ən geci V əsrdən yazısı olan albanlarla kiçik bir tayfa olan udinlərin eyniləşdirilməsi heç bir məntiqə sığmır. Bu cür köklü bir səhvin nəticəsidir ki, S.T.Yeremyan və A.Q.Şanidze alban dilini udin dili hesab etmiş, albanları udinlərin əcdadı saymışlar. Türkdilli utilərlə e.ə. III minilliklə I minillik arasında yaşamış kutiləri də eyniləşdirmək olmaz və əksər tarixçilər bu fikirdə olmuşlar ki, bunlar ayrı-ayrı tayfalardır. Doğrudur, Herodot utiləri Arazdan cənubda - vaxtilə kutilərin yaşadığı ərazidə təsvir edir (10; 45), lakin assur-babil mənbələrinin göstərdiyi kimi, «göydə ulduzlar qədər miqdarı bilinməyən» kutilər daha geniş ərazilərdə yayılmışdılar. Albanların türk mənşəli geniş yayılmış tayfalardan biri olduğunu sübut edən mühüm bir dəlil də ondan ibarətdir ki, türkmənlər, qazaxlar, qırğızlar, qaraqalpaklar və özbəklər arasında bu gün də ‘alban’ adlı türkmənşəli tayfalar vardır. Qazaxlar arasında ‘matay’ və ‘alban’ tayfaları daha qədim hesab olunur. (9; 74) Bir sıra türk epos qəhrəmanları Alban (‘ağıllı’, ‘güclü’, ‘müdrik’ mə’nalarında) adı daşıyır. (3; 8) Tarixi izlər əsasında müəyyən edilmişdir ki, alban adlı tayfa eramızın əvvəllərində hunların da tərkibində olmuşdur.(6; 194) Albaniyanın əsas tayfalarından biri də utilər idi. Herodot utilərin Midiyanın iki əyalətində yaşadıqlarını qeyd edir. Urartu mənbələrində Göyçə gölü hövzəsində Etuini adlı ölkənin olduğu göstərilir (e.ə.VIII-VII əsrlər). Erməni mənbələrində bu ölkə «Uti ölkəsi» adlanır. Deməli, bunlar da utilərdir. Plini (I əsr) göstərir ki, albanlardan yuxarıda skiflərdən olan udin tayfası, udinlərdən yuxarıda isə utidors adlı tayfa yaşayır. Q.Qeybullayevin fikrincə, utidors sözü utidur-s şəklində olmalıdır və buradakı «s» - yad dilin elementidir, adlıq hal şəkilçisidir, -dur hissəsi isə bayandur, çavundur, hundur və s. türk tayfa adları üçün səciyyəvi formantdır. Bunlar da göstərir ki, utilər və utidurlar türk tayfalarıdır. Onların skiflərdən olması da bu fikri təsdiq edir. Eramızın IV-V əsrlərində Şimali Qafqaz çöllərində hunların utiqur tayfasının olduğu göstərilir. Utiqur bə’zi türk tayfa adlarına (uyqur, sarıqur, kuturqur, yazqur, salqur və s.) uyğun qurulmuşdur. V.V.Bartold qur sözünün monqol dilində ‘xalq’ mə’nasında işləndiyini qeyd etmişdir. Rəşidəddin monqollar arasında ‘udiut’ (-it cəm şəkilçisidir) tayfasının adını çəkmişdir.Udmurtların adında da ‘ud(i)’ var. XVII əsrdə Sibirdə yaşamış bir tayfa ‘udin’ adlanmışdır. Həmin tayfanın adı ilə bağlı şəhər də var: Nijni-Udinsk. XVIII əsrdə Azərbacanda yaşayan Şahsevən türk tayfa birləşməsinin bir qolu ‘udulu’ idi. (6; 45) Bütün bunlar qafqazdilli udinlərlə türkdilli utiləri fərqləndirmək üçün kifayət etməlidir. Y.B.Yusifovun fikrincə, e.ə. III minilllikdə Ümumdağıstan kök dili mövcud olmuş və həmin dil tədricən nax və ləzgi dil qruplarına parçalanmışdır. Ləzgi dil qrupunun parçalanması isə I minillikdə baş vermişdir. Orta əsr qaynaqlarında Dərbənd bölgəsində və Koysu-Samur hövzəsində ləzgi etnosları (ud/udi/udin, qel, leq, lpin, cilb, cikb və s.) yad edilir.»Bir ehtimala görə, ümumləzgi kök dilindən əvvəlcə xınalıq dili, sonra arçin və udin dilləri, daha sonra isə buduğ, qrız, rutul və saxur dilləri təcrid olunmuşdur».(2; 222) Beləliklə, ləzgi dil qruplarında udinlərin meydana çıxması sonrakı (eramızın I minilliyi) hadisə olduğu halda, türkdilli utilər çox qədim tayfalardandır və e.ə.VIII-VII əsrlərə aid mixi yazılarda onların haqqında mə’lumat verilmişdir. Albanların isə çox geniş yayılmış türk tayfalarından olduğunu və hazırda əksər Orta Asiya respublikalarında öz tayfa adlarını (alban adını) yaşatmaqda olduqlarını irəlidə qeyd etdik. Qaynaqlar Arran/Aran/Alban dilindən danışır və onun vahid dil kimi işləndiyini, Azərbaycanın şimal hissəsində ümumi ünsiyyət vasitəsi olduğunu təsdiq edir. Lakin bu dilin mənşəyi haqqında müxtəlif fikirlər vardır. F.C.Məmmədova Albaniya ərazisində ayrı-ayrı vilayət və əyalətlər üzrə məskunlaşmış tayfalar haqqında imkan daxilində dəqiq mə’lumat versə də, onların etnik mənsubiyyətinə az toxunmuşdur. Lakin alban etnosuna həsr etdiyi ayrıca bir məqaləsində İ.M.Dyakonov və V.Qukasyanın fikirlərinə əsaslanaraq heç bir araşdırma aparmadan yazmışdır: »Bütün Albaniya üçün geniş yayılmış tayfalararası ünsiyyət dili şimal-şərqi Qafqaz dilləri qrupuna (nax-Dağıstan) aid olan alban dili idi».(49; 110) Alban dili ərəbdilli mənbələrdə əksərən ərəb və fars dilləri ilə qarşılaşdırılır, mənşəcə nədən ibarət olduğu açıq söylənməsə də, aydın olur ki, bu dillərdən fərqli bir dildir. Alban dili Qafqaz mənşəli ola bilməzdi. Tarixçilərin qeyd etdiyi kimi, Qafqaz dillərindən, daha dəqiq desək, nax-Dağıstan dillərindən heç biri Azərbaycan ərazisində heç vaxt ümumünsiyyət vasitəsi olmamışdır. F.Məmmədovanın öz araşdırmaları da onun yuxarıdakı fikrini təkzib edir. F.Məmmədova Kalankatuklu Moiseyin və erməni mənbələrinin verdiyi materiallar əsasında Albaniyanın vilayət və əyalətlərə necə bölündüyü və hər bir vilayətdə hansı tayfaların məskunlaşdığı barədə ətraflı mə’lumat vermişdir. (48-105) Tədqiqatdan aydın olur ki, albanlar (ayrıca bir etnos olan alban tayfası) kompakt halda bir yerdə deyil, ölkənin, demək olar ki, əksər ərazilərində -Lpina, Kambisena, Şəki vilayətlərində yaşamışlar; Paytakaran - Balasakan kimi böyük ərazinin də əsas əhalisi albanlar olmuşdur. (48; 89) Bundan əlavə, «Albaniya tarixi»nə əsasən, Girdman əhalisinin də «Aran nəslindən» olduğu göstərilir. Alban hökmdarı Aran isə Sisakan (Sünik) nəslindən sayılır və deməli, Girdman və Sünik əhalisi də Aranın öz tayfasından - aranlılardan (albanlardan) ibarət olmuşdur. Beləliklə, albanlar ölkə ərazisində ən geniş yayılmış bir tayfa olmuşdur. Bu cəhət eyni zamanda iki məsələnin həllinə kömək edir. Belə geniş yayılmış bir əhali izsiz yox ola bilməzdi - necə olsa, öz izlərini saxlamalı idi. Lakin xüsusi qafqazdilli alban tayfa izinin olmaması göstərir ki, albanlar türk olmaqla başqa türk tayfaları ilə qarışmış, başqaları kimi, onlar da etnik adını tədricən unudaraq Azərbaycan xalqının etnik tərkibində mühüm yer tutmuşlar. İkinci bir tərəfdən, bu tayfanın heç bir iz qoymadan məhv olduğunu iddia edənlər daha çox qədim Arsax ərazilərini nəzərdə tuturlar. Guya Dağlıq Qarabağ ərazisində xristian albanlar erməniləşmiş və məhv olmuşlar. F.Məmmədovanın fikirlərində ziddiyyətlər vardır. Bir tərəfdən yazır: «Lakin Arsaxda - Dağlıq Qarabağda alban əhalisi hələ uzun müddət, ta 1836-cı ilədək adda-budda yaşamaqda davam edir, özünün milli mövqeyini, ərazi, dini və siyasi birliyini, eləcə də alban etnik özünüdərkini saxlayırdı».(48; 234) Bizə görə, burada söylənilən fikir, xüsusilə 1836-cı ilə qədər Qarabağda albanların adda-budda yaşaması və sonra birdən-birə yox olması əsassız fikirdir. Bunlar kim idi, hansı dildə danışırdılar? Nə üçün yazıları qalmayıb? Əgər həmin dövrdə deyildiyi şəkildə tayfa elementləri olmuşsa, şəksiz, onlar hələ də öz etnik adını unutmamış türk-albanlar olmuşlar. Digər tərəfdən, müəllif albanların bir etnos kimi Kürün sağ və sol sahil vilayətlərindəki geniş ərazilərdə yaşadıqlarını müəyyənləşdirdiyi halda, onların məhvini kiçik bir ərazidə - Dağlıq Qarabağda axtarır. Və eyni zamanda Arsaxın əhalisinin tamamilə başqa tayfalardan ibarət olduğunu göstərir: «Ermənistan coğrafiyasın»na görə Arsax 12 xırda inzibati vahidə bölünmüşdü. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və basillər təşkil edirdi». (48; 94) Oxucu güman etməsin ki, müəllif bu fikri verməklə «Ermənistan coğrafiyası»nı tənqid etmək istəmişdir. Buradakı fikir müəllifin bir mənbə kimi qənaətbəxş hesab etdiyi fikirdir. Bəs Qarabağda sonralar peyda olan o albanlar haradan meydana çıxdılar? Hələ üstəlik müəllif yazır: «..özünün siyasi təşkilatından, habelə, bir tərəfdən, islama, digər tərəfdən, monofizit qriqorian erməni kilsəsinə və diofizit gürcü kilsəsinə sinə gərə biləcək müstəqil dinindən məhrum olmuş albanların böyük hissəsi müsəlmanlaşmış və artıq o vaxt (XIII əsrdə - Q.K.) ölkənin ən güclü etnosu olan türkdilli tayfalara qarışmış, yerdə qalan kiçik bir hissəsi isə ermənilərin və gürcülərin mədəni-ideoloji assimilyasiyasına mə’ruz qalaraq həmin millətlərə qarışmışdır.»(48;234) Buradakı fikirlər ona görə özünü doğrultmur ki, bu hadisə - erməniləşmə Qarabağ ərazisində ola bilərdi, Qarabağda isə Albaniya dövlətinin mövcudluğu dövründə alban tayfası görünmür. Bəlkə də varmış və hətta Gürcüstan sərhədlərində də yaşayırmışlar. Çünki belə də fikir vardır ki, ərəb istilasından sonra «Arran» sözü tədricən şimali Azərbaycana aid olmuş, «Alban» sözü isə məhdudlaşaraq Yuxarı Qarabağa aid edilmişdir. (2;216) Buna görə bəlkə də həqiqətən tayfa nümayəndələrinin az bir qismi erməniləşib, gürcüləşib, amma böyük hissəsinin türklər tərəfindən assimilyasiya olunması fikri etnosun mənşəyinə mə’lum konsepsiya nöqteyi-nəzərindən yanlış baxışla bağlıdır. Bunlar faktlardan doğan nəticə deyil, mövcud qeyri-elmi konsepsiyanın tə’siri ilə söylənmişdir. Müəllif kitabı bitirərkən əsl həqiqəti daha düzgün söyləməli olmuşdur: «Albanların digər etnosların içərisində əriyərək heç bir iz qoymadan məhv olması haqqında mülahizələr doğru deyil. Azərbaycanın antik və erkən orta əsrlər mədəniyyətini yaradan etnoslardan - azərbaycanlı türklərin əcdadlarından biri albanlardır. Azərbaycan tarixində və bəşəriyyətin mədəniyyət tarixində albanların yeri də məhz bununla müəyyənləşdirilir». (48; 234) Alban dili yeni minilliyin başlanğıcında başqa türk etnoslarının dili ilə qaynayıb-qarışaraq formalaşmış Azərbaycan türk dili idi: Tədqiqatçılar alban dilinin mənşəyini izah etmək üçün saysız toponim və antroponimlər üzərində etimoloji araşdırmalar aparmış, etnonimlərin etimoloji izahını vermişlər. M.İsmayıl yazır: «Hun sərkərdələrindən birinin adı Zoberqan olmuşdur. Alban çarlarından biri isə Zober adlanırdı və K. Əliyevin fikrincə, bu adların eyniliyi sadəcə oxşarlıq olmayıb, hunlarla albanlar arasında nəinki dil, hətta etnik eynilik olmasını göstərir». (5; 80-81) Əhalinin əksəriyyətini təşkil edənlər uzaq keçmişdən bu yerlərdə məskunlaşmış albanlar, qarqarlar, utilər və eramızın I minilliyində ardı-arası kəsilmədən ölkəmizin ərazisinə axışan qıpçaqlar, oğuzlar, hunlar, xəzərlər idi. Bu tayfalar az-çox şivə fərqi ilə bir dildə danışırdılar. Bu dilə Alban dili də deyilmişdir, Arran dili də. Qaynaqlarda «Arran dili» ifadəsi daha çox işlənmişdir. Alpan, Alban, Alvan, Ağvan etnotoponimlərinin ölkəmizin ərazisində geniş yayılması daha çox bu dövrlə bağlıdır. Alban etnotoponimlərinin çoxu azacıq fonetik dəyişikliklərlə indi də qalmaqdadır. Alpan forması: Gürcüstanda iki ‘Alpani’ kəndi; Şərur-Dərələyəz ərazisində iki ‘Elpanos’ kəndi və ‘Alpan’ dərəsi; Quba rayonunda ‘Alpan’ kəndi; Azərbaycan-Dağıstan sərhədində ‘Alpanar’ kəndinin xarabalığı... Alban forması: Lənkəran qəzasında (XIX əsr) ‘Albani’ kəndi; Naxçıvanda ‘Alban’ təpələri; Qax rayonunun Ləkit kəndi yaxınlığında ‘Albantala’; Gürcüstanda ‘Albani’ kəndi... Alvan forması: Qəbələ və Göyçay arasında ‘Alvan’ dərəsi; Cənubi Azərbaycanın Əhər mahalında ‘Alvan’ kəndi; Təbriz yaxınlığında ‘Alvanaq’ kəndi; «Məhəmməd və Güləndam» nağılında ‘Alvan (Əlvan)’ dağı... Ağvan forması: Kolatağ çayının Xaçınçaya töküldüyü yerdə ‘Ağvan’ istehkamı; Zəngəzurda (XIX əsr) ‘Ağvanlı’ kəndi. Şuşa yaxınlığında ‘Ağvan’ xarabalığı. (6; 29-30) Naxçıvan, Əhər, Zəngəzur, Şuşa, Göyçay ərazilərinə səpələnmiş Alban etnotoponimləri xalqımızın etnik tərkibində albanların necə böyük rol oynadığını aydın göstərir. Albanlar qafqazdilli olsa idilər, Dərələyəzdən Lənkərana qədər yayıla bilməzdilər. Erkən orta əsrlərdə Şimali Azərbaycanın ərazisi Albaniya adlanırdı. Ərəb mənbələrində Arran (və Alran), Suriya mənbələrində Aran, qədim erməni yazılarında Ağvan (Alovan), gürcü mənbələrində Rani, qərb hissəsi Hereti şəkillərində qeydə alınmışdır. (2;145) Sözün kökündə ‘alban’ etnonimi durur. Antik müəlliflərdən Plini (I əsr) ‘alban’ sözünü latınca albus ‘ağ’ mə’nasında izah etmişdir. Bu fikri Strabon, Hay Yuli Solin və başqaları da təkrar etmişlər. Albaniya xoronimini kelt dilində alb/alp ‘dağ’, ‘yüksəklik’ mə’nasında da izah etmişlər (B.A.Ulubabyan). A.Yanovski, N.Y.Marr, K.V.Trever, R.M.Maqomedov, Z.İ.Yampolski və başqalarının fikrinə görə, «alban» etnonimi latın mənşəli söz olub «dağlar ölkəsi» deməkdir. Aydın Məmmədov alban, ağvan, Aran sözlərini «parlaq səma» mə’nasında izah etmişdir. Bə’zən avarlara tətbiq edilən halbi (-bi cəm şəkilçisidir) sözü ilə əlaqələndirmişlər. K.Əliyev ‘alban’ sözünü qədim Xevsur əyalət kahinlərinin (şərqi Gürcüstanda) dilində olan «müqəddəs meşə» mə’nasında alvani sözü ilə müqayisə etmiş, lakin ‘alban’ sözünün bu sözdən olacağını güman etmədiyini bildirmişdir. Q.Qeybullayev əks əlaqənin, yə’ni kahinlərin dilindəki alvani sözünün alban etnonimi ilə əlaqəsinin mümkünlüyünü qeyd etmişdir.(9; 60-61) Göründüyü kimi, ‘alban’ sözünün mənşəyi müxtəlif şəkildə izah olunmuşdur. Bu sözü hələ XIX əsrdə A.Bakıxanov latın dilindəki ‘alp’ sözü ilə («belıe» v smısle «svobodnıe») əlaqələndirmişdir. K.V.Trever isə bu sözün ‘dağ’, ‘yüksək’ mə’nasında kelt mənşəli ‘alp’ sözü ilə bağlı olduğunu qeyd etməklə yanaşı, Şotlandiyanın adının qədim keltcə «Albaniya» olduğunu və Şotlandiyanın ən dağlıq adalarından birinin ‘Arran’ adlandığını da göstərmişdir. (10; 64) Ə.Dəmirçizadə bu sözün mixi yazılarda ‘al-ban’ şəklində yazıldığını, ‘yuxarı ölkə’, ‘şimal əyalət’, ‘dağlıq’, ‘dağıstan’ mə’nalarında olduğunu və ermənilərin işlətdiyi ‘Ağvan’ sözünün də tamamilə eyni mə’nanı ifadə etdiyini qeyd etmişdir. (12; 19-25) Son tədqiqatlar albanların türkdilli tayfa olduğunu üzə çıxardığı kimi, alban sözünün türk mənşəli olduğunu, türkcə ‘cəsur’, ‘igid’ mə’nasını daşıyan alp/alb sözündən və -an cəm şəkilçisindən düzəldiyini göstərir. (9; 76) Bu fikri təsdiq edən bir də odur ki, alban sözü həqiqətən ‘al-ban’ şəklində düzəlmiş olsa və ikinci komponent ‘yer’, ‘ölkə’ mə’nasında ban, van sözündən ibarət olsa idi, ‘alban’ sözünə təzədən -iya şəkilçisi artırılmazdı. Y.Yusifov da bu fikrə tərəfdar olaraq yazmışdır: «Son zamanlar «alban» adı barədə irəli sürülmüş yozum daha inandırıcıdır. Bu yozuma görə «alban» adı türk mənşəli etnonim kimi türkmən və qazaxlar tərəfindən işlədilir. Türkmənlərdə «alpan», qazaxlarda isə «alban» etnonimi qalmışdır. Alpan/alban Orta Asiyada müəyyən türkmənşəli tayfaları bildirir. Belə halda «alban» etnonimi qədim türk dillərində ‘cəsur’, ‘igid’ mə’nası daşıyan alp/alb sözü əsasında yaranmışdır. Addakı -an isə mənsubiyyət, yaxud cəm şəkilçisidir. Həmin izaha tam uyğun olaraq ‘alban’ adı ‘cəsurlar’, ‘igidlər’ kimi mə’nalandırılır. Bu fikri antik müəlliflərin albanlara şamil etdikləri «igid’, ‘cəsur’ xarakteristikası da təsdiqləyir». (2;147) «Kitabi-Dədə Qorqud»un dilində işlənmiş Alplar başı Qazana zərb urdı (99) - cümləsindəki alplar başı ifadəsi də yalnız bu mə’nada (‘igidlər başı’, ‘pəhləvanlar başı’) başa düşülür. Antik mənbələr Alban dövlətinin e.ə. IV əsrdən mövcud olduğunu söyləsə də, Moisey Alban tarixinin albanlara hakim tə’yin edilən Aranla başladığını göstərir: Aran Parfiya çarı Valarşın (Vologezin, 50-76-cı illər) vaxtında Albaniya çarı tə’yin edilmişdir. «Yafəs nəslindən və Sisakan (Sünik) soyundan olan Aran onlara (albanlara - Q.K.) hakim tə’yin olunur... Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarında yaşayan xalqlar da həmin Aranın oğullarının nəslindəndir».«Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişlər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə, «ağu» («Mehriban») deyə çağırırdılar». (7;208) Bu son sözlərdə ziddiyyətlə yanaşı, ölkənin adlandırılmasına münasibətdə sadəlövhlük də vardır. Kalankatuklunun sözlərindən belə başa düşmək olur ki, Alban, Aran və Ağvan sözləri eyni mə’nalıdır (sonuncusu - ağuan erməni tələffüz şəklidir). Lakin tədqiqatçılar çox zaman alban sözünü başqa cür, aran sözünü başqa cür - birincini əksərən ‘yuxarı yer’, ‘dağlıq ərazi’, ikincini ‘aşağı yer’, ‘isti ərazi’, ‘düzən’ mə’nasında izah etmişlər. Bu antonimlik sinonimlikdən necə yarana bilərdi? Alban sözü tayfa adıdır, etnonim sonralar etnotoponimə çevrilmişdir. Aran sözü şəxs adı olub həm də sonralar toponim kimi işlənmişdir. Çox güman ki, bu mə’na Vologezin qarqarlara, sovdlara, utilərə, girdimanlılara tə’yin etdiyi hökmdar Aranın adından əmələ gəlmişdir. Onun idarə etdiyi ərazi daha çox Kürün sağ və sol sahillərindən ibarət olub indiki aran yerlərini əhatə edirdi. Ola da bilər ki, Aran sözü bu yerlərdə hökmdar Arandan daha əvvəl yaranmış bir toponimdir. Aran sözünün indi başa düşdüyümüz ‘isti yer’, ‘aşağı düzən’ mə’nasına baxmayaraq, Kalankatuklu düz deyir: alban və aran sözləri eynimə’nalıdır. Alban sözünün əsasında ‘igid’, ‘qəhrəman’ mə’nasında alp sözü durduğu kimi, aran sözünün kökü ər sözü də ‘kişi’, ‘igid’, ‘cəsur’ mə’nasındadır. Sondakı -an cəm şəkilçisidir. Bu ad türk xalqları arasında geniş yayılmışdır. III əsrin hun xaqanlarından birinin adı Eran olmuşdur, XVIII əsr Xivə xanlığına aid sənəddə Aran-Qazi adı vardır və s. (6; 177) Sözün kökü (ər sözü) ulu dildən gələn və əksər dünya dillərində işlənən bir leksemdir, şumer dilində də vardır. Lakin söz türk milli formasındadır. «Alban dili» ifadəsi daha çox xristianlığın Albaniyada yayılmağa başladığı illərin - Xilafətin işğalına qədərki dövrlərin qaynaqlarında əks olunmuşdur. V əsr erməni müəllifi Koryun Albaniya əhalisini «vəhşi təfəkkürlü, qayğısız və sərt», »şeytan və bütlərə satılmış xalq» adlandırır. (2; 217) Strabon isə Koryundan 500 il əvvəl yazırdı: «Albanlar heyvandarlığa daha çox meyllidir və köçərilərə yaxındırlar... Orada adamlar öz gözəlliyi və boyunun ucalığı ilə fərqlənir, bununla belə, onlar sadəürəklidir, xırdaçı deyillər... Onların çarları da çox gözəldir». (8; 19-21) Amma biz antik dövrün qaynaqlarında ermənilərin və erməni çarlarının neçə xəyanətinin təsvir olunduğunu göstərə bilərik. Roma tarixçisi Tatsit yazırdı ki, ermənilər «əzəldən riyakar xalqdır», «xaindirlər». Bunlar göstərir ki, bu tayfa elə qədim dövrlərdən qonşulara qarşı xəyanət və iftira ilə yaşayıb, məkrli olub. Lakin Koryunun o məkrli münasibətinin içərisində də bizim üçün lazım olan e’tirf vardır: aydın olur ki, albanlar hələ bütpərəstlik dövründə, hələ xristianlığı qəbul etmədikləri, islamın fəaliyyətə başlamadığı dövrdə vahid dili olan xalq idi. Albanların bir qisminin xristianlığı qəbul etmələri, bu zaman «İncil»in və bə’zi başqa xristian dini kitablarının alban dilinə tərcümə edilməsi barədə qaynaqların mə’lumatı da III-V əsrlərdə vahid alban dilinin mövcud olduğunu göstərir. Yerli və gəlmə tayfalar Azərbaycan dilində dialekt fərqi yaratmalı, şivə izləri qoymalı idilər. Görünür, ölkədə əsas və aparıcı dil Alban (Arran) dili olmuş, sonra gələn tayfalar isə onun zənginləşməsində, inkişafında normativ qaydalar əsasında iştirak etmişdir. Eyni zamanda keçən yüzilliklər ərzində dialekt fərqləri tədricən azalmış, Cənubla əlaqələr möhkəmləndikcə ümumxalq dilinin təşəkkülü sür’ətlənmişdir.. Hələ Makedoniyalı İskəndərin zamanında və sonra da erkən orta əsrlərdə (əvvəl Parfiya, sonra Sasanilər imperiyası tərkibində) Albaniya ərazisi Cənubi Azərbaycanla bir canişinlikdə birləşdirilmişdi. Bu, ümumxalq dilinin təşəkkülü üçün geniş üfüqlər açırdı. IV fəsil - Albaniyanın digər türk tayfaları Alban dövlətinin ərazisi aborigen etnoslar və onların dilləri çərçivəsində müəyyənləşmişdi. Əhalinin etnik və dil mənsubiyyəti müxtəlif idi. Hakim sülaləni təşkil edən ən böyük və aparıcı tayfa albanlar idi. Albanlar Şimali Azərbaycanın qədim əhalisi idilər. Ölkədə albanlarla yanaşı, abant, aran, qat, quqar, qarqar, kaspi, kəmər, lpin, maskut, sliv, ciqb, çul, gel, lek, sak, uti, şarvan, şamak, şirak, dondar, kanqar, tərtər, sovde, hun, savar, macar, bolqar, her tayfalarının da yaşadığı müəyyən edilmişdir: Səmərəli axtarışlar nəticəsində bunlardan abant, aran, qarqar, quqar, kaspi, kəmər, sak, uti, maskut, satak, çul, şarvan, şamak, kanqar, dondar, tərtər, sovde, hun, savar, macar, bolqar və şirak tayfalarının türk mənşəli olduğu dəqiqləşdirilmişdir. Ölkədə türk etnosları ilə yanaşı, udin, lpin, leq, qat, sliv, ciqb, gel, mehran və s. tayfalar da yaşayırdılar. Bunların əksəriyyəti (udin, lpin, ciqb, silv, leq) qafqazdilli, bir qismi (mehran, gel, maskut) irandilli tayfalar hesab olunur. (9; 142-189) Strabonun mə’lumatına görə, «Onlarda 26 dil vardır, belə ki onlar bir-biri ilə ünsiyyətə çətin girirlər». (8; ,21) Tədqiqatçılar müəyyənləşdirmişlər ki, qeyd edilən tayfaların və «dil»lərin hamısının səviyyəsi, mövqeyi eyni olmamışdır. Əvvələn, «26 dil» dedikdə 26 müxtəlif tayfa nəzərdə tutulmuşdur. Bu tayfaların bir çoxu türkdillilər idilər və onları yalnız şivə fərqləri bir-birindən ayırırdı. Alban, qarqar, sak, kaspi, uti tayfaları kimi ərazidə daha əvvəllər məskunlaşmış, geniş yayılmış tayfalar ölkənin əsas əhalisini təşkil edirdilər. Qafqazdilli və irandilli etnosların üstün mövqeyi haqqında heç bir tarixi iz yoxdur. Halbuki ölkə türk mənşəli alban tayfasının adı ilə adlanır, bir qədər sonra güclü qarqarlar üçün hətta əlifba yaradıldığı mə’lumdur. Həm də çoxdillilik Albaniyanın mərkəzində deyil, qıraq zonalarında idi. Çoxdillilik özünü Araz - Kür ovalığında deyil, daha çox Dağıstan sərhədlərində, qafqazdilli etnoslar arasında göstərirdi. Kürün sağ və sol sahilləri bir-birinə yaxın şivələrdə danışan türk tayfalarının məskunlaşdıqları ərazilər idi. Ona görə də türk etnoslarının dili vahid dövlət tərkibində ümumiləşməkdə idi. Beləliklə, Azərbaycanın şimal hissəsində - hazırkı Şimali Azərbaycan ərazilərində ən qədim dövrlərdən türklər yaşayırdılar. İndiki Ermənistan ərazisinin müəyyən hissəsində də türkmənşəli etnoslar məskunlaşmışdı. Kürün sol sahilində, Qafqaz dağlarının ətəklərində hunlar, saklar və quqarların məskunlaşdığı mə’lumdur. Kürün sağ sahilində Xəzər dənizinə qədərki aran yerlərinin əhalisi türklər idi. Bunlar albanlar, qarqarlar, utilər və başqaları olub, Azərbaycanın əsas əhalisini təşkil edirdilər. Qarqarlar.Albanlardan sonra Azərbaycanda geniş ərazilərdə məskunlaşmış əsas tayfalardan biri qarqarlar idi. Qarqarlar çox qədim etnosdur. Mənbə olmadığından onların Şimali Qafqazdan Albaniya ərazisinə nə vaxt endiklərini söyləmək çətindir. Kalankatuklu Moisey qarqarların Makedoniyalı İskəndər dövründən Albaniyada yaşadığı barədə mə’lumat vermişdir. Lakin qədim türk tayfalarından olan qarqarlar haqqında e.ə. I minilliyin başlanğıcında yaranmış «İliada» əsərində mə’lumat vardır: «Homer «İliada»da İdı dağında Qarqar zirvəsinin və Dardanel boğazından azca aralıdakı Qarqar şəhərinin adlarını çəkir». (13; 30-31) Qarqarlar kompakt halda yaşamışlar. Onlar Albaniyanın əsas tayfalarından idilər; Kürün aşağı tərəfində, Artsakda, Albaniyanın şimal-şərqində, eyni zamanda Cənubi Azərbaycanda, Şimali Qafqazda və indiki Ermənistan ərazilərində yaşayırdılar. Xorenli Moisey qarqar dilində boğaz səslərinin çox olduğunu göstərmiş, qarqar dilini «barbar dili» adlandırmışdır. Ona görə də A.Q.Şanidze, N.Q.Volkova, P.K.Uslar, E.U.Krupnov, İ.H. Əliyev və başqaları qarqarları qafqazdilli etnos hesab etmişlər. K.H.Əliyev və Q.Qeybullayev (9; 81) qarqarların türk mənşəli olduğunu sübut etmişlər. Q.Qeybullayev göstərir ki, qədim erməni müəllifi Koryun (IV əsr) midiya və alban dillərini də «barbar dili» adlandırmışdır və bu əsassız qeydlərə görə bu dilləri ləzgi dil qrupuna aid etmək olmaz. (9; 81) Qarqarların türk mənşəli tayfa olduğunu sübut edən ən mühüm dəlillərdən biri yalnız Azərbaycanda, İranda, Şimali Qafqazda deyil, bütün Mərkəzi Asiyada bu tayfanın son dərəcə geniş iz qoymasıdır. Hələ vaxtilə Dionisi Perieget (II əsr) qarqarların Orta Asiyada da yaşadıqlarını qeyd etmişdir. Orta Asiyada Qarqarxan vilayəti, Qarqar çayı, Karkar toponimi (Semireçye və Tyan-Şanda), Qazaxıstanda Qarqarlı dağ massivi, Türkmənistanda iki Qarqar çayı, Buxara əmirliyində Qarqar çayı, Qazaxıstanda Qarqar rayonu və Qarqar sovetliyi, qıpçaqlarda qədimdən Karkar antroponimi, Azərbaycanda və İranda Qarqar çayı, Qarqar, Karkar, Qerqer yaşayış məntəqələri və s. qarqarların çox geniş ərazilərdə yayılmış türk tayfalarından olduğuna heç bir şübhə qoymur. Başqa türk tayfaları kimi, qarqarlar da vaxtilə Ön Asiyadan şimala və şərqə yayılmışlar. V.V.Bartold qeyd edir ki: «Qarqarlar eyni adlı qırğız dastanının əfsanəvi qəhrəmanı Manasın babaları idilər» və qırğız eposu «Manas»ın qəhrəmanı Manasın xalqı da qarqar və ya qıpçaqlar idi. (14; 541) Azərbaycan ərazisində qarqar toponimləri çoxdur. ‘Qarqar’ və ya ‘Karkar’ toponimi geniş işlənmə arealına malik olmuşdur. V əsrdə Qarqar dili üçün əlifba yaradılması haqqında mə’lumat da vardır. Bolqarlar. Qədim türk tayfalarından olan bolqarların Qara dənizin şimal sahillərinə hun dövründən əvvəl gəldiyi qeyd olunur. (23; 588) Xorenli Moisey onların Qafqaza e.ə.II əsrdə gəldiklərini və Koladan cənubda yerləşdiklərini, Q.Qeybullayev bu ərazinin indiki Ordubad rayonu ərazisinə uyğun gəldiyini göstərir.(9; 133) S.S.Əliyarov da (24; 4-9) bir neçə dalğa ilə gələn protobulqarların IV-V əsrlərdə kəngərlərlə kompakt şəkildə Albaniya ərazisində məskunlaşdıqlarını qeyd etmişdir. «Kitabi-Dədə Qorqud»da Bolqar sözünün xüsusi şəxs adı kimi işlənməsi həm bolqarların, həm də «Dədə Qorqud»un Azərbaycanla bilavasitə bağlılığı baxımından əhəmiyyətlidir. Biləsuvar rayonu ərazisindən keçən Bolqarçay, yenə bu ərazilərdə keçmişdə qeydə alınmış Bolqar, Bolqarkənd, Bolqar Göytəpə yaşayış məntəqə adları bolqarların qədim izləridir. Xorenli Moiseyin əsərindən aydın olur ki, bolqarların bir qismini təşkil edən basillər də 216-cı ildə Albaniyada yerləşmişlər. Bolqarların küər, çakar, kuriqir, oxsun, qul, qazan, iskil və s. bölükləri olmuşdur. Q.Qeybullayev bunların hamısının Albaniya toponimlərində iz qoyduğunu müəyyən etmişdir: Cəbrayıl və İmişli ərazilərində Xubyarlı (‘küər’ sözü), Cəbrayılda Çaxırlı, Azərbaycanda 10 müxtəlif ərazidə Qazançı, müxtəlif ərazilərdə Qullar, Əzgilli kənd adları və s. də bu tayfanın bölümlərinin adlarını yaşadır. Dondarlar. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları mə’lumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, ‘dondar’ sözünün osetin dilində «çayı saxlayanlar» mə’nasında işləndiyi barədə mülahizələr də söylənmişdir.(25; 286) Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar-Quşçu, Dəvəçi rayonu ərazisində Qala-Dondar qala xarabalıqları, Qazax rayonunda Dondardağ və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Albaniyanın şimal-qərb ərazilərində yaşamışlar. «Kitabi-Dədə Qorqud»da Dondar bəy şəxs adı da bu etnonimlə bağlıdır. Güman olunur ki, türkdilli dondarlar Albaniya ərazisinə III-IV əsrlərdə tərtər, aran, kəngər, xurs, savar tayfaları ilə, VI-VIII əsrlərdə isə xəzərlər, avarlar, qismən suvarlar və başqaları ilə eyni vaxtda daxil olmuşlar. (9; 137) XIII əsrin Kiçik Asiya türk tayfalarından biri ‘dondarlı’ adlanırdı. - Dondar şəxs adları türkcə izah olunur. Plutarx dondar hakiminin adının Oltak olduğunu göstərir. Bu sözü ‘oğul’ (Oul) və ‘tək’ sözlərinə ayırmaq olur. (9; 136) Peçeneqlər. Oğuz mənşəli qədim tayfalardan olan peçeneqlər Azərbaycan xalqının və dilinin təşəkkülündə mühüm rol oynamışlar. Q.Qeybullayev Azərbaycan toponimlərinin tədqiqi əsasında müəyyən etmişdir ki, peçeneqlər eramızın ilk əsrlərində Albaniyaya hunlarla birlikdə gəlmişdir. Bolqarlar və suvarlar kimi, peçeneqlər də hun tayfalarından olmuşlar.(9; 549) Ümumiyyətlə, eramızın ilk əsrlərində Albaniya ərazisində kəngər, peçeneq, savar, hun, çolu, şamak, aran, tərtər və s. kimi dəqiq şəkildə nə vaxt gəldikləri bilinməyən türk tayfaları görünməyə başlayır. Kalankatuklu Moiseyin yazdıqlarından aydın olur ki, bunların bir qismi Parfiya çarı Valarşakın (Tiridatın) vaxtında gəlmişlər. Hətta I əsr hadisələri ilə əlaqədar şimal ərazilərinə də belə tayfaların gəldiyi göstərilir.(9; 101) Bu tayfalardan biri də peçeneqlər idi. Peçeneqlərin eramızın ilk əsrlərində Orta Asiyada və Şimali Qafqazda məskunlaşdığı təsdiq edilir. Peçeneq toponimlərinin VII əsrdə Albaniya ərazisində qeydə alınması onların bu ərazidə daha əvvəllər məskunlaşdığını düşünməyə imkan verir. Peçeneqlərin səkkiz əyalətdə yerləşdikləri, səkkiz qola ayrıldıqları göstərilir. Bu qollar aşağıdakı şəkildə dəqiqləşdirilmişdir: erdim, çur, kil, kuloba, kuyər, karabay (başqa sözlə, qarabağ - ümumtürk dilində «q» səsi peçeneqlərdə «y» kimi tələffüz olunur), kapan, çopan. Q.Qeybullayev göstərir ki, kil etnonimi müstəsna olmaqla, bunlar V-VII əsrlərin toponimlərində əks olunmuşdur. «Albaniya tarixi» əsərində V əsr hadisələri ilə bağlı Üur toponimi (Çur) qeyd olunmuşdur. Çur etnonimi Qutqaşen ərazisindəki Corlu (Çorludan), Yardımlıdakı Çoryurt, Kəlbəcər və Laçındakı Çorman toponimlərində, Tovuzdakı Çuratan kənd adında qalmışdır. (9; 106) Kuyərçi etnonimi quqar türk tayfa adı və -çı şəkilçisindən ibarət olub ‘Göyərçin Veysəlli’(Cəbrayıl), ‘Göyərçindağı’ toponimlərində qalmışdır. Yardımlı rayon adı «y» samitinin əlavəsi ilə erdim etnonimini əks etdirir. Mirbəşir rayonu ərazisində dörd müxtəlif ‘Kapan’ oykonimi, Ermənistanda ‘Kafan’ şəhəri, Zaqafqaziya ərazilərində ‘Kapan’, ‘Kəpənəkçi’ toponimləri kapan etnonimi ilə bağlıdır. Peçeneq qollarından birinin adını əks etdirən Karabay (Qarabağ) toponimini ilk dəfə 1284-cü ildə Rəşid əd-Din qeydə almışdır. XVII əsrdən Türkiyədə ‘qarabağlı’ tayfası mə’lumdur. Özbəkistanda və Əfqanıstanda ‘Qarabağlı’ kəndləri vardır. Azərbaycanda Qullar kənd adı, tatarlarda kul, türkmənlərdə kul, özbəklərdə kol, tuvinlərdə kol, xakaslarda kul etnonimləri ‘kul’ etnonimi ilə bağlıdır.(9; 103-111) ‘Peçeneq’ sözünün türk dillərində baca ‘ərin bacısı’ və ad düzəldən -aq şəkilçisindən (qazax, qıpçaq, gəncək, sirak, şamaq, kaymak və s. etnonimlərdə olduğu kimi) ibarət olduğu müəyyən edilmişdir. Oğuzların «Üç ox» adlanan 12 qolundan biri peçeneqlərdən ibarət idi. Onlar Göytürk dövləti dağıldıqdan sonra qərbə irəliləmiş, müxtəlif vaxtlarda Azərbaycana gələrək Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Başqa bir mə’lumata görə, qıpçaq soyundan olan peçeneqlər (patsaanaklar/paçanaqlar) Azərbaycanda daha əvvəllərdən olmuşlar: «Kartli çarlarının həyatı» əsərinin müəllifi L.Moroveli yazır ki, I yüzilliyin sonu, II yüzilliyin əvvəllərində gürcülər peçeneqlərin köməyi ilə Ermənistanı tutmuşdular.» (5; 89) Müəllif göstərir ki, peçeneqlərlə bağlı hadisələr Xorenli Movsesin (V əsr) əsərində Kürün sol sahilində - Alazan çayı ətrafında, Kambisiena adlanan ərazidə təsvir edilmişdir və Kambisiena Albaniyanın bir vilayəti idi. Qıpçaqlar. E.ə.III əsrin sonlarında Hun imperatoru Şanyuy Mode (Mete) imperiyanın şimalında məskunlaşmış beş tayfanı - xunyuy, kuyeş, dinlin, qequn və dayli tayfalarını da özünə tabe etmişdir. Tarixçilər elmi ədəbiyyatda kuyeş adını «qıpçaq» sözü ilə eyniləşdirirlər. Qıpçaqlar o vaxtdan eramızın I əsrinin sonlarına qədər hunların, sonralar bir müddət (II-IV əsrlər) syanbiy və monqoldilli jujjan (IV-VI əsrlər) tayfalarının tabeliyində olmuşlar. VI-VII əsrlərdə öz yurdlarını tərk edərək bir qismi Orxon, bir qismi İrtış çayı sahillərində məskunlaşmışdır. Altayı da tam tərk etməmişlər. VII-VIII əsrlərdə güclənərək xəzərlərlə ittifaqda qərbə irəliləmiş, 722-723-cü illərdə Azərbaycan (Aran) və Ermənistan ərazilərinə daxil olmuşlar. (60;42-49) Tanrı dağının şimal-qərbində məskunlaşmış sarışın saçlı, uca boylu, mavi gözlü qıpçaqlar da qərbə irəliləyərək Balxaş gölündən Dunay çayına qədər böyük bir əraziyə nəzarət etmişlər. Qıpçaqlar (kıpçak, kıpşak) müxtəlif şəkildə - kumanlar, poloveslər, kardeşlər və s. adlarla tanınmış çoxsaylı tayfalar birliyindən ibarət olmuşlar. (27;359) N.A.Baskakov qıpçaqların ən qədim inkişaf dövrünü hun dövrünə aid edir, onları qıpçaq-bulqar, qıpçaq-noğay və qıpçaq-poloves qruplarına ayıraraq qıpçaq tayfalarının Qərbi Asiya və Şərqi Avropa ərazilərində ilk dəfə peçeneqlərlə birlikdə IX-XI əsrlərdə, sonra poloveslər və kumanlarla XI-XIII əsrlərdə və nəhayət, Qızıl Orda tərkibində XIII-XV əsrlərdə göründüklərini, Astraxan, Qazan, Krım xanlıqları ərazilərinə səpələndiklərini göstərir. Bu dövrdə qıpçaq dilinə başqa türk tayfa dilləri ilə yanaşı, slavyan, İran, uqor-fin tayfa dillərindən də bir sıra elementlər daxil olmuşdur. (27; 267-268) Qıpçaqların dəfələrlə Zaqafqaziyaya axını olmuşdur. Onlar Azərbaycan xalqının etnogenezində mühüm yer tutur. Təkcə Azərbaycanda deyil, Qafqazın başqa bölgələrində də onlar geniş yayılmışdılar.Vaxtilə gürcü çarı IV David Gürcüstanda 45 min qıpçaq döyüşçüsü yerləşdirmişdi. Onlar çox olduqları üçün sonralar Azərbaycana gələn monqolların türkləşməsində böyük rol oynamışlar. Qıpçaqların mühüm qollarından birini komanlar təşkil edirdi. «Albaniya tarixi»nin birinci kitabının 6-cı fəslində ‘Qomenk’ adlı bir yaşayış məntəqəsinin adı çəkilir: «Qatillər müqəddəs cənazəni Qomenk adlanan yerdə bir xəndəyə atdılar». (7; 18) Əsərə şərhlərində Z.Bünyadov həmin məntəqəni Şəki rayonundakı Kiş kəndindən yuxarıda yerləşən Qelmets kəndi ilə lokallaşdırmağın mümkün olduğunu yazmışdır. (7; 209) Q.Qeybullayev isə onun Arsaxda və ya Sünikdə (Zəngəzurda) ola biləcəyini güman edir. Lakin hadisələr Qelmetsə daha uyğundur. Məsələ burasındadır ki, bu sözdə Q.Qeybullayev koman tayfasının izlərini görür və bizcə, düz görür (k qədim erməni dilində etnonimlərə artırılan şəkilçidir). Q.Qeybullayevin maraqlı bir müşahidəsi də vardır. Müəllif göstərir ki, Cənubi rus çöllərində VIII-XII əsrlərə aid edilən peçeneq və qıpçaq tayfalarının V-VII əsrlərdə Albaniya ərazisində toponimlərinin olması həmin tayfaların eramızın ilk əsrlərində Albaniya ərazisində olduğunu göstərir. Və bu da maraqlıdır ki, həmin tayfalar daha çox Arsax və Sünik (Zəngəzur) ərazilərini seçmişlər. Müəllif bunu həmin ərazilərdə otlaqların, köçəri maldarlığın inkişafı üçün əlverişli şəraitin daha çox olması ilə əlaqələndirmişdir. (9; 117) Buradan başqa bir maraqlı mülahizə də ortaya çıxır: komanların Orta Asiyada yaşaması barədə ilk mə’lumatı Plini vermişdir. Düşünmək olar ki, Ön Asiyadan Orta Asiyaya və ümumən Şərqə yayılan türklər Cənubi rus çöllərinə Xəzərin şimalı ilə deyil, əvvəlcə Cənubi Qafqaz ərazilərində məskən salmaqla, həm də Qara dənizin şərq sahilləri ilə yayılmışlar. Kəngərlər. Erkən orta əsrlərdə Albaniyanın türk tayfalarından biri də kəngərlər olmuşdur. Kəngərlər Albaniyanın qərbində, Ermənistan bölgəsində və Naxçıvan ərazilərində yaşayırdılar. Kəngərlər haqqında ilk mə’lumat V əsrdən verilir. Onlar peçeneqlərin bir qolu hesab olunur.(26; 145) Peçeneqlərin əsas yurdu isə Aral gölündən şimalda, Sır-Dəryanın yuxarı və aşağı axarı daxil olmaqla, Kəngər vilayəti idi. IX əsrin ərəb coğrafiyaçısı ibn Xordadbeh Sır-Dərya çayını ‘Kanqar’ adlandırmışdır. (9; 102) Güman olunur ki, kəngərlər bizim eranın ilk illərində hunlarla birlikdə Azərbaycana gəlmişlər. Kanqlı tayfası kimi, kanqar (kəngər) tayfası da e.ə.II əsrdə mövcud olan Kanq vilayətinə, Sır-Dərya üzərindəki Kanqyuy dövlətinə mənsub olmuşlar. Buna görə də kanqar (kəngər) sözünün ‘kanq’ tayfa adı və ər ‘igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəldiyi müəyyən edilir - bolqar, suvar, xəzər, avar, quqar tayfa adlarında olduğu kimi. (9; 103) Siraklar. Albaniya ərazisindəki tayfalardan biri də siraklar idi. Sirak tayfa adı şirak və çirak şəkillərində də işlənmişdir. Sirakların cənub-şərqi Avropa çöllərində yaşayan türkdilli sarmat-alan tayfalarından ayrılıb gəldiyini, həm də eradan əvvəl gəldiklərini qeyd etmişlər. Siraklar Ermənistan və Albaniya ərazilərində məskunlaşmışdılar. Tarixçilər sirakların şəxs adları və toponimləri əsasında türkdilli olduqlarını isbat etmişlər. Antik müəlliflərdən Tatsit sirakların Zorsin, Strabon isə Abeak adlı çarı olduğunu qeyd etmişdir. Hər iki ad türkcə izah olunur. Latın dilində «ç» səsi olmadığı üçün Çursin adı Zorsin kimi yazılmışdır. Çur türkcə ‘pəhləvan’, ‘qəhrəman’, ‘güclü’ mə’nasındadır; sin (şin, çin) ‘kişi’, ‘adam’ deməkdir. Türk xaqanı Çur-Tarduş adı kimi. Abeak adı türk dillərində abaqa ‘əmi’ sözündəndir. Sözün türkmənşəli olduğunu göstərmək üçün Telengitlərin başçısı (VIII əsr) Abak, teleutların xanı (XVII əsr) Abak, Çingiz xanın nəslində Abaqa, çuvaşlarda işlənən Abak, Abayak adlarına diqqət yetirmək olar. Şimali Qafqazda şəhər adı Uspu ‘Üç upu (Üç oba)’ kimi bərpa olunur. Qaraqalpaqlarda Kara-Sirak, özbəklərdə Cuvan-Sirak, Katta-Sirak, türkmənlərdə Çiraxçi tayfa adları da vardır. Moisey Xorenasi şimaldan türk bolqarların e.ə.II əsrdə gəlib Ermənistanın Şirak mahalında məskunlaşdığını yazmışdır. Xorenasi şiraklara məxsus Quşar xüsusi adını qeyd edir ki, bu da xalis türkcədir: quş - ‘alıcı quş’ və ər sözlərindəndir. Şiraklar Ermənistanda Arpaçay sahillərində məskunlaşmış və bu ərazilər Şirak-el adlanmışdır (tarixi ədəbiyyatda Şuraqel, Şorəyəl şəkillərində). Ermənistanda XIX əsrə qədər Şirakqala adlı şəhərin xarabalıqları qalırmış. İndi Ermənistandakı Şirak rayonu həmin tayfanın adını daşıyır və Q.Qeybullayevin qeydinə görə, ermənilər şirakları iranmənşəli saydıqlarından bu adı dəyişmirlər. İrəvan quberniyasında Şirak kəndi də olmuşdur. (32; 653) «Kitabi-Dədə Qorqud»da isə katib səhvi kimi, bu söz Şirəku kimi işlənmişdir.(9; 199-200) Bir sıra rayonlarda olan ‘Sirik’ toponimi də bu tayfanın adını daşıyır. Cəbrayılda Sirik kəndi kimi. Şamaklar. Albaniyanın türkdilli tayfalarından biri də şamaklar olmuşdur. Bu tayfanın Azərbaycana miladdan əvvəl gəldiyi güman olunur, çünki bu tayfanın adı ilə bağlı Kemaxiya (Şamaxı) şəhəri haqqında II əsrdə Ptolemey mə’lumat vermişdir. Əgər şəhər II əsrdə varsa, deməli, tayfa daha əvvəllər gəlmişdir. Şamaxı şəhərinin adının şamake tayfa adından olduğu müəyyən edilmişdir (yanlış olaraq əksərən ərəb mənşəli söz kimi izah olunur).(9; 200-201) Hələ I əsrdə ilk dəfə Plini ‘kamak’ tayfasının adını çəkmişdir (yunan və latın dillərində «ş» səsi olmadığından həmin səs «k» və ya «s» ilə verilir) Şamake/kemake kimi qeyd olunan bu tayfanın adı V-VII əsr erməni mənbələrində ‘ijmax’, ‘ijemax’ kimi qeyd olunmuşdur. Şamaklar sakların bir qolu sayılır. Bunlar Orta Asiyada da geniş yayılmışdılar. Qazaxlarda şomakey, qaraqalpaklarda şamak, türkmənlərdə şamak, qırğızlarda şamake, şamaka adlı tayfaların indi də mövcud olduğu müəyyən edilmişdir. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində ‘Şimaki’ adlı yaşayış məntəqəsi də olmuşdur.(9; 200-201) Kerqillər. Erkən orta əsrlərdə Azərbaycan xalqının etnogenezində iştirak etmiş türk tayfalarından biri də kerqillər olmuşdur. Bu tayfanın izləri Arsax ərazisindəki toponimlərdə qalmışdır. Ərəb coğrafiyaçısı əl-Bəlazuri VII əsr hadisələri ilə bağlı Arranda Xerxilan, M.Kalankatuklu isə Xerqlan yaşayış məntəqəsini qeyd etmişdir. Q.Qeybullayev bunları V.V.Radlovun altaylarda və tubalarda müşahidə etdiyi türk ‘kerqil’ tayfası ilə əlaqələndirmişdir. ‘Kerqil’ etnonimi kerq (kerki)- tayfa adı və il, el ‘el’, ‘xalq’ sözlərinə ayrılır - basil, çigil, etkil tayfa adlarında olduğu kimi. Etnonim Naxçıvanda Kərki, Qazax rayonunda Kərki-Başlı (Başlı sözünü müəllif başil, basil tayfa adına ayırmışdır) kənd adlarında qalmışdır. Türkmən və özbəklərdə də kərki tayfaları olmuşdur. Türkmənlərdə ‘qırqıl’ şəklində işlənmişdir. Albaniyada indiki Mardakert rayonu ərazisində Xark qalası olmuşdur ki, bunu da həmin tayfa adı ilə bağlayırlar. (9; 116) Hunlar. Tarixçilərin mə’lumatından aydın olur ki, eramızın ilk əsrlərində hunlar Albaniyadan şimalda yerləşmiş və tədricən aşağılara enmişlər. IV əsr hadisələrindən bəhs edərkən erməni tarixçisi Favst Buzand onları artıq Albaniyanın şimal-şərqində təsvir edir və o əraziləri «hun torpağı» adlandırır, onların maskutlar arasında yaşadığını göstərir. Bunu Moisey Kalankatuklunun qeydləri də təsdiq edir. O, maskutların xristian missioneri Qriqorisin öldürüldüyü ərazisini «hunlar ölkəsi» adlandırır.(2-ci kitab, 10,18,26-cı fəsillər). Feofan 624-cü ildə Bizans çarı İrakli ilə xəzərlərin Albaniyanın «hunlar ölkəsində» görüşü haqqında mə’lumat vermişdir. Albaniya ərazisində V-VII əsrlərdə hunlardan Yeqişe, Xorenli Moisey, Qevond, Sebeos və b. da mə’lumat vermişlər. Hunlar Albaniyanın qərbində də yaşamışlar. Tovuz ərazisində Torpaqqala qalasının xarabalıqları qalmışdır. Kürün sağ sahilində qalanın yaxınlığındakı düz Hunan düzü adlanır (erməni mənbələrində Hunakert). Qarabağ düzünün bir hissəsi də keçmişdə Xonaşen adlanmışdır. ‘Hun’ adı altında bir sıra türk tayfaları birləşirdi: suvarlar, bulqarlar, basillər, onoqur və s. Onların türk olduğuna heç kim şübhə etmir. V əsrdə Hunların öz müasirləri də onları «türk» adlandırmışlar. «O (I Qubad) tariximizin dəfələrlə türk adlandırdığı hunlara üz tutdu».(38; 180, 48; 240) Hunların Albaniyada geniş yayılması bir sıra tarixçiləri bu qənaətə gətirmişdir ki, Azərbaycan xalqının etnogenezində birinci və başlıca rolu hunlar oynamışlar. Bu fikirlə ona görə razılaşmaq olmaz ki, qədim yerli əhalini - lullubi, kuti, kassi, turukki, kaspi, manna, mada tayfalarını nəzərə almadan Azərbaycan xalqının etnogenezini düzgün müəyyənləşdirmək olmaz. Atropatena və Albaniya ərazilərində hunlardan əvvəl türkmənşəli skiflər, saklar, kimmerlər, albanlar, qarqarlar, çullar, şamaklar, kəngərlər, peçeneqlər yaşayırdı. Ərazinin daim aparıcı aborigen türk əhalisi olub, gələnlər onu gücləndirib, ətə-qana doldurub. Çox vaxt hunların tarixi bəsitləşdirilir, məhdud şəkildə təqdim edilir. Qədim dövrlərdə Sayan-Altay dağlarının şimal-qərbində toplaşmış türklər e.ə. II minilliyin ortalarında ərazilərini Tanrı dağına (Tyanşan) tərəf genişləndirərək qərbə doğru yayılmağa başlamışlar. E.ə.III əsrin sonlarında Metenin (Mao Tunun) başçılığı ilə Hun imperiyasının təşəkkülündən xeyli əvvəl - VIII-VII əsrlərdə türk tayfalarının qərbə, o cümlədən Şimali Qafqaza və Azərbaycan ərazisinə axını olmuşdur. Bunlar yunanların ümumi adla ‘skif’, farsların ‘sak’, assurların ‘işquz/aşquz’ adlandırdığı türk tayfaları idi. Hələ Metenin atası Tumanın vaxtından başlayaraq (e.ə.III-I yüzilliklər arası), hun tayfalarının təzyiqi altında Orta Asiyadan sakaların, sarmatların, massagetlərin, toxarların qərbə yeni axınları baş vermişdir. (15; 100-110) Nəhəng və güclü türk dövlətinin - Böyük Hun imperatorluğunun yaranması ilə Yer üzündə «xalqların böyük köçü» başlanmışdır. Bu köç eramızın I minilliyinin daha çox I yarısına aiddir. «Xalqların böyük köçü» alman tayfalarının və sarmatların Romaya hücumu ilə - Markoman müharibəsi ilə (166-180) başlayır, IV əsrin sonlarında barbar tayfaların yerdəyişməsi daha da genişlənir. IV-VII əsrlərdə böyük vüs’ət alan bu proses Azərbaycanda türk etnoslarının çoxalmasına və güclənməsinə səbəb olur. Eramızın II əsrindən hunların qərbə hərəkəti daha da güclənir. Hunlar əvvəlcə Volqa ilə Don çayları arasında yerləşirlər. IV əsrin sonlarında Dunay ətrafında - Bizans sərhədlərində özlərini möhkəmləndirirlər. 378-ci ildə Dəryal keçidindən keçərək Qafqazdan cənuba doğru irəliləyib Kiçik Asiyaya və Suriyaya daxil olurlar. Kayseri və Ankara ətraflarında da bə’zi yerləri tutduqdan sonra Azərbaycana hərəkət edirlər. (15; 71) Lakin xəzərlərin bundan hələ çox-çox əvvəl Azərbaycana gəlməsi haqqında mə’lumatlar vardır. Xorenli Moiseyin mə’lumatına görə, xəzərlər və basillər 193-cü il ilə 213-cü il arasında Surxan Vnasepin başçılığı ilə Kürü keçərək Albaniya ərazisinə səpələnmişlər. M.İ.Artamanov və A.S.Sumbatzadə bu cür mə’lumatları anaxronizm hesab edirlər. (10; 77) Lakin burada anaxronik heç bir şey yoxdur. Ola bilər, Moisey Xorenli hunların tərkibində xəzərləri başqa bir türk tayfası ilə qarışdırmışdır. A.S.Sumbatzadə özü də bir qədər sonra bunun mümkünlüyünü göstərə bilən fikir söyləmişdir:»Şimali Kaspiətrafı ərazilərə hunların ilk gəlişi eramızın II əsrinin ortalarına aiddir». (10; 79) II əsrin ortalarında Xəzərin şimal sahillərində yerləşən hunlar əsrin sonlarında Azərbaycan ərazisinə asanlıqla enə bilərdilər. II əsrin əvvəllərində Dionisi Periyeget türk etnoslarının sıra ilə necə yerləşdiyini gözəl təsvir etmişdir: «Kaspi dənizinin şimal-qərb tərəfində yaşayanlar aşağıdakılardır: skiflər, sonra hunlar, onlardan sonra kaspilər, daha sonra hərbcil albanlar ...» Bunlar göstərir ki, eramızın I-II əsrlərindən artıq hunlar Azərbaycanda idi. Tarixçilərimizin yazdıqlarına görə, IV əsrin əvvəllərində Albaniyanın şimalında (Kürdən yuxarı) müstəqil Hun çarlığı (Onoğur və ya məskut çarlığı da adlandırılır) var imiş. (5; 63). Savarlar. Hunların bir qolu olan savarları tarixçilər müxtəlif adlarla - savar, suvar, sabir, savir və s. yad etmişlər. Savarlar şimal-qərbi Kaspi sahillərində hunlarla birlikdə yaşayan, çox vaxt bir sıra tayfaları özündə birləşdirən və qədim müəlliflərə daha çox «hun» adı ilə mə’lum olan tayfalardandır. Savarlar haqqında ilk mə’lumatın Ptolemey tərəfindən verildiyi də mə’lumdur. Savarların mənşəyinin mə’lum olmadığını, onların bolqarların bir hissəsi olduğunu (V.V.Bartold) qeyd etmişlər. Ümumiyyətlə, hiss olunur ki, tarixçilər insanın mənşəyinin Ön Asiya ilə bağlı olduğunu, etnik cəhətdən fərqlənən tayfaların şərqə, qərbə, şimala və cənuba Ön Asiyadan yayıldığını, qafqazdillilərin sabit bir ərazidə yaşadıqlarını, semitlərin daha çox qərbə hərəkət edib, yenidən Ön Asiyaya qayıtdıqlarını, hindavropalıların burada təcrid olunub müxtəlif istiqamətdə hərəkət etdikdən sonra yenidən Ön Asiyaya gəldiklərini, türklərin daha çox şərqə və müəyyən dərəcə qərbə (etrusklar-tursakalar) hərəkət edib yenidən geri qayıtdıqlarını fəhm etmirlər. Bu cəhət nəzərə alınarsa, bir çox tayfaların mənşəyi müəyyənləşə bilər. Bu cəhətdən hunlarla Albaniyaya qayıdan savarların e.ə.III minillikdə Zaqroş ərazilərində, şumerlərdən şimalda yaşayan subir tayfasının bölümlərindən olduğu şübhə doğurmamalıdır. Biz sakların kaslar olduğuna, İtaliya ərazisindəki tursakaların Albaniyadakı turlar və saklarla bir kökdən olduğuna şübhə etmədiyimiz kimi, hunlarla birlikdə eramızın ilk əsrlərindən Albaniyada görünən savarların da 3 min il əvvəl şumerlərin qonşuluğundakı subarlarla eyni kökdən olduğuna şübhə etmirik. ‘Sarmat’ tayfa adının ‘savar’ sözü ilə bağlı olduğu da güman olunur. Bu cəhət savromatların da türkdilli olduğuna dəlalət edir. Savarlar eramızın əvvəllərində savromat-sarmat tayfaları tərkibində olmuşdur. Savarların Albaniyaya bir neçə dalğası mə’lumdur. Ən qədim toponimləri Albaniyanın şimal-şərqində olmuş Şabaran yaşayış məntəqəsinin adı hesab olunur. -an cəm şəkilçisi, s>ş keçidi ilə şabar sözü ‘savar’dır. Q.Qeybullayev S.B.Aşurbəylinin Şabaran toponimini Şapur adı ilə bağlamasını məntiqsiz saymaqda haqlıdır. (9; 128) 515, 540-cı illərdə savarlar kütləvi şəkildə Albaniya ərazilərinə daxil olmuşlar. XIII əsrdən haqqında mə’lumat verilən Biləsuvar (Pilesuvar), XIX əsrdə Quba ərazisində xarabalıqları qalmış Qaleysuvar və Suvarlı kənd adları savar tayfa adı ilə bağlıdır. (9; 128-129) Tanrı dağının şərqində məskunlaşmış savarlar (sabarlar) erkən orta əsrlərdə qərbə hərəkət edirlər. Eramızın I əsrində artıq savarların və kəngərlərin adlarına Strabonun və Böyük Plininin əsərlərində də rast gəlirik. Erkən orta əsrlərdə onlar Qafqaza hücum etmiş, bir hissəsi Dağıstanda, bir hissəsi indiki Ağstafa və Şamxor ərazilərində məskunlaşmışdır. Azərbaycanın şimalında yerləşmiş güclü Xəzər dövləti əhalisinin əksəriyyətini savarlar təşkil edirdi. Xəzərlər. Bu tayfa heç bir şübhə doğurmayan xalis türk tayfalarındandır. Daha çox Şimali Xəzərətrafı sahillərdə yerləşmişlər. L.N.Qumilyov xəzərlərin haradan meydana çıxdığının və əcdadlarının mə’lum olmadığını bildirsə də (52;10), əsərinin başqa bir səhifəsində sarmatları onların əcdadları sayır. (52; 145) Sarmatlar bir tərəfdən də irandilli hesab olunur. İrandilli tayfa türkdilli tayfanın necə əcdadı ola bilərdi? Xəzərlərin kaslarla bağlı olduğunu hələ vaxtilə Ə.Dəmirçizadə söyləmiş, ‘xaz’, ‘kas’ sözlərinin bir kökdən olduğunu yazmışdır. (12, 29-32) Ümumən bu fikir şübhə doğurmur və kassitlərin, kaspilərin, xəzərlərin bir kökdən olduğunu, onların ən azı tunc dövründə parçalanıb ayrıldığını göstərir. Beləliklə, xəzərlər bir tərəfdən də saklarla eyniköklüdür. Bunların hamısı qədimdə ilk məskənləri Ön Asiyadan ayrılmış, minilliklər keçdikdən sonra yurdlarına qayıtmış tayfalardır. Xəzərlərin Albaniyaya sonrakı ilk gəlişi 193-213-cü illərə aid edilir. Xorenli Moisey göstərir ki, onlar Çola keçidindən enərək Kürü keçib bu əraziyə yayıldılar. VII əsrdə xəzərlər Kürün hər iki sahilindəki əhalini özlərinə tabe etmiş, Qəbələ vilayəti ərəblər gələnə qədər Xəzər dövlətinin tərkibində olmuşdur. Bu dövrdə «Qəbələ» deyildikdə xəzər yada düşmüşdür. Bəlazuri elə belə də yazır: «Qəbələ, yə’ni Xəzər».(48; 86) Sonralar X əsrə qədər onlar dəfələrlə Albaniya ərazisinə daxil olmuşlar və tarixdən mə’lumdur ki, sasanilər və ərəblər onları bölük-bölük Azərbaycan-Albaniya ərazisində yerləşdirmişlər. Lerikdə Xəzəryaylaq, Ordubadda Xəzəryurd, Qarabağ və Füzuli ərazilərində Xəzərdağ toponimləri xəzər etnonimi ilə bağlıdır.(9; 139) Xəzərlər abaz, bizal, kabar, kulas, itil, qaraçor, tarna və s. kimi bir neçə bölükdən ibarət olmuşlar. Q.Qeybullayev bunların hamısının Azərbaycanda iz qoyduğunu müəyyən etmişdir: Kəbirli, Abaslı, Qaraçorlu, Bozalqanlı, Xulaşlı, Tarnahut və s. yer adları onların adı ilə bağlıdır. (9; 139) V-VIII əsrlərdə Çindən İrana qədər böyük bir ərazidə nəhəng və güclü türk xaqanlığı mövcud olmuşdur. Xaqanlığın tərkibində türkeş, tele, dulu, tubo, şato, çelkan, kuzen və s. türk tayfaları birləşmişdi. Bu etnonimlərin hamısının Azərbaycan toponimlərində öz izlərini saxladığı müəyyən edilmişdir: Ağsu, Şamxor, Saatlı rayonlarında Dəllər kəndi, Balakən rayonunda Tulu, Xanlarda Tullar, Şahbuzda Tirkeş, Vartaşendə Terkeş, Şamxorda Tubakənd, Qasım İsmayılovda Şadılı, Dəvəçidə Çalqan, Ağdamda Quzanlı və s. (9; 128) Q.Qeybullayev Albaniya ərazisində şarvan, aran, xurs, macar qədim türk tayfaları haqqında da mə’lumat vermiş, onların izlərini toponimlərdə müəyyənləşdirmişdir. (9; 118-122, 199-200) Çol (çul) tayfası haqqında müxtəlif fikirlər söylənmiş, onların gah qafqazdilli, gah da irandilli olduğu qeyd edilmişdir. Çolların bir qismi Albaniyanın şimal-şərqində yerləşmiş, qalanı Orta Asiyada - Xəzərin şərqində məskunlaşmışdı. Azərbaycan toponimləri çolların türk tayfalarından olduğunu göstərir. (9; 111-114) İlk dəfə II əsr müəllifi Dionisi Periyeget tərəfindən xatırlanan çollar Albaniyaya və ümumən Şimali Qafqaza hunların tərkibində gəlmişlər. Çollar xristianlığı ilk qəbul edənlərdən idi. Kalankatuklu Moisey göstərir ki, Dərbənd yaxınlığındakı Çol şəhərində I-II əsrlərdə missioner Yelisey xristianlığın tə’limi ilə məşğul idi. Çol şəhəri bu dövrdə vardısa, deməli, çollar bu yerlərə daha əvvəllər gəlmişlər. Erkən orta əsrlərdə xəzərlərdə Çol xüsusi ad kimi işlənmişdir. Çul sözünə -lu şəkilçisinin artırılması ilə Azərbaycanda bu tayfanın adını yaşadan bir neçə kənd adı qalmışdır. Bunlardan biri də Cəbrayıl ərazisində Çullu kəndi idi. Şərur-Dərələyəz qəzasında Çul, Zəngəzur qəzasında Çullu kəndləri (32; 622, 624) olmuşdur. Çul etnonimi başqa türk xalqlarında da iz qoymuşdur. Katiklər. Erkən orta əsrlərdə Albaniya ərazisində yaşayan türk tayfalarından biri də katak tayfası olmuşdur. Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərində Arsax vilayətlərindən biri Kotayk adlanır. «VII əsrin erməni coğrafiyası» əsərində Uti vilayətinin dairələrindən biri Tuç-Katak adlandırılmışdır. Kalan-katuklu sözündən göründüyü kimi, bizim fikrimizcə, «Albaniya tarixi»nin müəllifi də bu tayfadandır. Etnonim katak, katay, ktay şəkillərində digər türk xalqlarında - qazax, qırğız, qaraqalpaq, özbək, noğay, başqırd və qaqauzlarda da müəyyən edilmişdir. (53; 222) X əsr Cənubi rus çöllərində peçeneqlər arasında ‘tun-katay’ tayfa adının olduğu qeyd olunmuşdur. Bir sıra türk dillərində söz sonunda «q» peçeneqlərdə «y» samitinə keçir. (27; 257) Bu cəhət katak və katay tayfa adlarının eyni olduğunu göstərir. Katak, katay sözlərinin kökü kat tayfa adından (və etnonimlərdə iştirak edən -ak,-k şəkilçisindən) ibarətdir - kazax, kamak, kıpçak, uqrak tayfa adlarında olduğu kimi. Etnonim Hekatey tərəfindən ‘katanna’, ‘katar’, Plini tərəfindən ‘katiar’ şəklində qeydə alınmışdır. (9; 115) Kalankatuklu Moiseyin qeyd etdiyi ‘Katak’ toponimi XVII əsrdə Qarabağda ‘Qoduqlu’ kimi yazıya alınmışdır. Biz güman edirik ki, çar skiflərin ilk dörd tayfasından biri olan katiar həmin bu katik tayfasının e.ə.VIII əsr əcdadıdır. Q.Qeybullayevin əsərlərində Albaniya ərazilərində bunlardan əlavə, tərtər, savdey, aran, macar və b. türk tayfalarının yaşadığı barədə də geniş mə’lumat verilmişdir. (7; 73-142) Beləliklə, eradan əvvəlki və sonrakı yüzilliklərdə Albaniya ərazisində türk tayfaları göylərə səpələnmiş ulduzlar kimi sayrışır. Bunların bir qismi avtoxton tayfalardan ibarətdir. Təbii ki, albanlar, qarqarlar, saklar və kaspilər bu cür tayfalardandır. Kimmerlər, saklar, skiflər, katuklar e.ə. I minilliyin əvvəllərinin gəlmələri hesab olunur. Keçmiş eranın son əsrlərində, yeni eranın ilk illərində gələn tayfalar hunlar, savarlar, bolqarlar, dondarlar, kəngərlər, kerqillər, kollar, çullar, şamaklar, peçeneqlər, aranlar, xurslar, xəzərlər, macarlar, barsillər və başqalarından ibarət olmuşdur. Türk xaqanlığının, xəzərlərin və qismən savarların VI-VIII əsrlərdəki gəlişi sonrakı böyük dalğa hesab olunur. Bütün gəlmə tayfaların şimaldan Cənubi Qafqaza endiyi, yalnız 24 boydan (kayı, bayandur, iva, salor, avşar, bəydili, bayat, eymur, tuker, çuvaldar, çapni, xalac və s.) ibarət olan səlcuq-oğuzların XI-XII əsrlərdə Xəzərin cənubu ilə hərəkət edib Atropatena və Albaniya ərazilərinə daxil olduğu güman edilir. XI-XII əsrlərdə səlcuq oğuzların dalğası mühafizəkar tarixçilərin iddia etdikləri kimi, birdən-birə «irandilli» əhalini türkləşdirmədi: «...oğuzlar Azərbaycan ərazisinə qatı müsəlman kimi gəlmişdilər. Bu faktın böyük tarixi əhəmiyyəti ondadır ki, əvvələn, oğuzların yerli türkdilli əhali ilə konsolidasiyası sür’ətləndi; ikincisi, döyüşkən oğuzlar tərəfindən Azərbaycan ərazisinin yadellilərdən müdafiəsi tə’min olundu. ...onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həlledici rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur».(6; 205) Q.Qeybullayev Albaniyada mövcud olan etnosların, həmin etnoslara məxsus toponim və antroponimlərin tədqiqi sahəsində misilsiz iş görmüşdür. Lakin müəllifin bə’zi nəticələri ilə razılaşmaq qeyri-mümkündür. «VIII-IX əsrlərdən sonra Azərbaycan ərazisində ümumi mə’nada «türk» etnik adı alban adını əvəz etməyə başladı. VIII-XIII əsrlər Azərbaycanda etnogenezin yeni mərhələsidir. Etnogenez məhz bir sıra etnoslardan keyfiyyətcə fərqli yeni etnosun yaranması prosesidir. Bu mərhələ azərbaycanlıların formalaşması mərhələsidir. Etnogenezin qabaqkı mərhələsində alban, sak, kimmer, kaspi və s. etnoslar əsasında alban xalqı təşəkkül tapmışdı və bununla əlaqədar olaraq vahid danışıq dili, milli mədəniyyət yaranmışdı. Nizami, Xaqani, Fələki və b. nəhənglər məhz həmin etnik özül, mədəni özünəməxsusluq üzərində yüksəlmişdilər». (6; 208) X əsrə qədər oğuzların, xəzərlərin, qıpçaqların Azərbaycan ərazisinə axınının ardı-arası kəsilməyib. Cənubda isə e.ə. III-I minilliklər arasında lulluların, suların, kutilərin, turukkilərin, kasların, mannalıların, madalıların türkmənşəli olduğunu qeyd etmişik. Bütün bunlar ərəblərin dediyi kimi, Azərbaycanın həqiqətən çox qədimdən türklər ölkəsi olduğunu göstərir. Parfiya dövründə də, Sasanilər və Xilafət zamanında da rəsmi dairələrdə dövlət işləri pəhləvi dilində, ərəb, fars dillərində aparılmışdır. Lakin geniş kütlə şəhər və kəndlərdə türk dilində danışmışdır. Manna, Mada dövründən cənubda türk tayfalarının və türk tayfa dillərinin konsolidasiyası Atropatena dövründə güclənmiş və hunların qərbə yayılması ilə IV-V əsrlərdə ümumiləşmə başa çatmış, cənubi Azərbaycan ərazisində atropatenalıların Azərbaycan dili təşəkkül tapmışdır. E.ə. IV əsrdən şimalda Alban dövlətinin yaranması ilə ümumiləşməyə başlamış Alban və ya Aran dili də eyni vaxtda təşəkkülünü başa çatdırmışdır. Atropatena/azəri və alban/arran dillərinin təşəkkül prosesi, eyni zamanda, onların əvvəlcə Parfiya, sonralar Sasanilər dövləti tərkibində bir canişinlikdə birləşdirilməsi ilə vahid dil kimi formalaşma istiqamətində davam etmişdir. Bu proses V əsrdə başa çatmış, VI əsrdən Azərbaycan şifahi ədəbi dilinin təşəkkülü sür’ətlənmiş, VI-VIII əsrlərdə şifahi ədəbi dilin misilsiz abidəsi olan «Dədə Qorqud» kitabının tam formalaşması ilə şifahi ədəbi dilin təşəkkülü başa çatmışdır. Bundan sonrakı dövr (XII əsrə qədər) ədəbi dilin yazılı qolunun təşəkkülü dövrüdür. XI-XII əsrlərdə Səlcuq-oğuzların gəlişi ilə yazılı ədəbi dilin geniş fəaliyyətə başlaması üçün hərtərəfli zəmin IV fəsil - Alban yazısı haqqında Alban dilinin şimalda vahid ünsiyyət vasitəsi olduğunu göstərən mühüm bir dəlil həmin dilə məxsus əlifbanın, alban yazısının olmasıdır. Kalankatuklu Moisey yazısı olan xalqlar içərisində midiyalıları və albanları xüsusi qeyd etmişdir: «Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslar da istifadə edirlər), ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar». (7;16) Tədqiqatçılar müəyyənləşdirmişlər ki, uzun müddət elmi, bədii, publisistik əsərlər, kargüzarlıq sənədləri alban dilində yazılmışdır: «X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunmuşdur. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şəklində yazışmalar, kanon ədəbiyyatı, qərarlar, salnamələr daxildir. Musa Kalankatlının «Alban tarixi» kitabı əvvəl alban dilində yazılmışdır». (48;236) Lakin alban əlifbasının nə zaman və kim tərəfindən yaradıldığı mübahisəlidir. Alban əlifbası haqqında fikrin təşəkkül tarixini T.M.Məmmədov daha ətraflı araşdırmışdır.(16; 100-115) Uzun müddət alban dilinə tərcümələr və alban yazısı haqqında Matenadarandakı beş müxtəlif əlyazmasında olan mə’lumata əsaslanmışlar. 1937-ci ildə filologiya elmləri doktoru, professor İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 1717 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Sonra Matenadarandakı bu əlyazmanın iki başqa surəti üzərində T.İ.Ter-Qriqoryan da tədqiqat aparmışdır. Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Foma Metsopski tərəfindən tərtib edilmişdir. Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. 1938 və 1957-ci illərdə ciddi araşdırmalardan sonra akademik A.Q.Şanidzenin alban əlifbası haqqında yazıları çap olunmuşdur. T.M.Məmmədov göstərir ki, bu tapıntı akademik R.Acaryanı da maraqlandırmış, o bu əlifbanın həqiqətən alban əlifbası olması barədə məqalə ilə çıxış etmişdir. (16; 101) Alban yazısının, alban dilində tərcümə əsərlərinin olduğunu tarixi mənbələr də təsdiq edir. Erməni, gürcü və alban əlifbalarının yaradıcısı ən’ənəvi olaraq Mesrop Maştots sayılır. Lakin burada da şübhəli məsələlər çoxdur. V əsr erməni tarixçisi Koryun göstərir ki, Maştots hələ Albaniyada olmadığı zaman Benyamin adlı alban onun yanına gəlmiş, Maştots ondan alban dilinin yadelli (əcnəbi) bir şivəsi haqqında mə’lumat alıb əlifba düzəltmişdir. T.M.Məmmədovun dediyi kimi, buradan aydın olur ki, Mesrop alban dilini bilmirmiş, alban dili haqqında alban Beniaminin köməyi ilə mə’lumat almışdır: (Maştots) «...Albaniyaya yollandı və bu ölkəyə gəldi. Çar iqamətgahına gəlib, Yeremiya adlı müqəddəs yepiskopla və onların Arsvaq adlı çarı və bütün ə’yanları ilə görüşdü... (Maştots) onların sorğusuna əsasən nə üçün gəldiyini bildirdi və onlar hər ikisi, yepiskop və çar yazının hazırlanmasına itaətlə razılaşdılar». (16; 103) Həmin dövrün erməni tarixçisi Moisey Xorenasi qeyd edilən əlifbanın boğaz səsləri ilə zəngin olan qarqar dili üçün yaradılmış olduğunu söyləyir: «Mesrop öz yolunu Albaniyaya Arsvagenin, (bu ölkənin) çarının və yepiskopların başçısı Yeremiyanın yanına salır. Onlar onun tə’limini məmnuniyyətlə qəbul edirlər və ona seçilmiş oğlan uşaqları verirlər. Və öz yepiskopu Ananiyanın vasitəsilə Sünik hakimi gənc Vasakı tə’cili göndərib iste’dadlı tərcüməçi Beniamini öz yanına çağıraraq, Mesrop onların köməyi ilə qarqar şivəsi, boğaz səsləri ilə zəngin olan, kobud, barbar, yüksək dərəcədə yöndəmsiz qarqar şivəsi üçün yazı düzəltdi». (16; 104) T.M.Məmmədov Koryunun və Xorenasinin qeydlərində bir sıra fərqlər müəyyənləşdirmişdir: Koryundan fərqli olaraq, Xorenasinin yazısından aydın olur ki, Mesrop əlifbanı alban Beniamin və Yeremiyanın köməyi ilə düzəltmişdir. Koryun Beniamini «ruhani», Xorenasi «tərcüməçi» adlandırır. Koryun göstərir ki, Mesrop hələ Albaniyaya gəlməmiş alban dili haqqında mə’lumat almışdır, Xorenasinin qeydlərindən aydın olur ki, Albaniyaya gəldikdən sonra bu dili öyrənmişdir. T.M.Məmmədov başqa bir mühüm fərq də müəyyən etmişdir: Koryuna görə, Mesrop alban dili üçün, Xorenasiya görə, alban dilinin qarqar dialekti üçün əlifba düzəltmişdir. Əgər Koryunun dediyi olduğu kimi verilmişsə, onun sözlərində də qarqar dilinə işarə vardır. Koryun belə ifadə işlədir: «İ on (Maştots), razuznav i obsledovav çujezemnıy qovor albanskoqo əzıka, sostavil zatem pisğmena...»(16; 103) Burada aydın şəkildə «alban dilinin yadelli (əcnəbi) şivəsi» sözləri işlənmişdir. Deməli, əslində, Koryun da əlifbanın alban dili üçün deyil, alban dilinin bir dialekti, görünür, mühüm mövqeyi olan bir tayfa dili üçün əlifba yaradıldığını qeyd etmişdir. Belə olduqda məntiqi olaraq düşünülür ki, alban dili üçün əlifba daha əvvəllərdən mövcud olmuş, Mesrop alban dili üçün əlifba düzəltməmişdir. Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsərindəki aşağıdakı sözləri də bu fikri təsdiq edir: «O zaman ki yunanların imperatoru Kiçik Feodosi idi, ermənilərin çarı Vramşapux idi, İran şahı Yezdəgird idi, Arsvakan isə Albaniyanın çarı, Albaniyaya, bizim patriarxımız Yeremiya və çarımız Yesvagenin yanına həmin Mesrob gəldi. Onların hər ikisi (Arsvagen və Yeremiya) ona maarifçilik fəaliyyətində kömək etməyə razılıq verib, (o, Müqəddəs Ruhun köməyi ilə erməni və gürcülərə əlifba yaradıb) və məmnuniyyətlə ona şagirdliyə fərasətli gəncləri təhkim etdilər. Onlar Sünikdən (Zəngəzurdan) Bəncamin adlı tərcüməçini də’vət etdilər və onu Sünikin gənc knyazı Vasaq yepiskop Ananiyanın xahişi ilə Albaniyaya göndərdi. Onlar Mesrobun yanına gəlib, onunla birlikdə qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar.» (7; 33) Bunu Kalankatuklunun əsərinin 1 hissəsinin 16-cı fəslinin adından da görmək olar: «Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi. Burada əlifbanı təkmil etməsi, məktəbləri yenidən açması, ölkədə dağılmış bütpərəst məzhəblərin kökünün kəsilməsi və Albaniyada xaçpərəstliyin möhkəmlənməsi». (7; 32) Göründüyü kimi, burada yeni məktəblərin açılmasından, yeni əlifbanın yaradılmasından deyil, məktəblərin yenidən açılmasından, mövcud əlifbanın təkmilləşdirilməsindən söhbət gedir. V əsr erməni tarixçisi Lazar Parbetsiyə görə, Mesrop yalnız erməni əlifbasının müəllifidir. Erməni tədqiqatçısı Q.N.Akinyan isə yazmışdır ki, Maştots heç vaxt albanlar üçün əlifba düzəltməyib. Elə buna görə də Q.Voroşil qeyd edirdi ki, alban əlifbasının mənşəyi məsələsi aydın deyil. Aydın olan budur ki, V əsrdə ya həmin əlifba təzələnmiş, yaxud da həmin əlifba əsasında qarqarlar üçün əlifba tərtib edilmişdir. Bütün bunlar bir şeyi təsdiq edir ki, bu dövr Albaniyada yazının, maarifin, məktəbin inkişaf etdiyi dövrdür: «Albaniya tarixi» əsərinə əsasən Urnayrdan sonra Yesvagen hökmdar olmuşdur. Onun hakimiyyəti dövründə köhnə yazının islahı yolu ilə yeni alban yazısı yaradılır. Üç Qafqaz xalqının - albanların, gürcülərin və ermənilərin əlifbasının yaradıcısı Mesrop Maştots hesab edilsə də, mənbələrin müqayisəli təhlili əsas işin iste’dadlı tərcüməçi sünikli Beniamin tərəfindən yerinə yetirildiyini sübut edir. Əlifba təzələndikdən sonra Yesvagen uşaqlar üçün xüsusi məktəblər açdırır, onlara yazı sənətinin sirlərini öyrətmək əmrini verir, hətta dövlət hesabına onları yer və yeməklə də təchiz edir. Dini və dünyəvi əsərlərin siryani və yunan dillərindən alban dilinə tərcüməsi də bu dövrdə yerinə yetirilməyə başlayır».(17; 113-114) K.V.Trever də bu fikirdə olmuşdur ki, V əsrin başlanğıcında Albaniyada artıq hansısa köhnə bir əlifba vardı ki, onu Maştots «təzələdi». Qonşu erməni və gürcü xalqlarının V əsrdən əlifbalarının olması da göstərir ki, mütləq albanların əlifbası olmuşdur, çünki Alban dili Qafqazda və Ön Asiyada daha böyük rola malik idi. Erməni və gürcü dilləri eramızın V əsrinin ilk rübündən e’tibarən yazısı olan dillərdir. Bununla belə, onların tə’sir dairəsi heç də alban dilinin tə’sir dairəsi səviyyəsində olmayıb. (13; 76) Türk-alban dili qonşu dilləri də öz tə’siri altına almışdı. Doktor Mordman XIX əsrin 70-ci illərində erməni dilinə həsr etdiyi bir məqalədə yazırdı: «Mə’lumdur ki, ermənilər Hind-Avropa mənşəli xalqdır, amma onların dili Turan dilinin güclü tə’sirinə mə’ruz qalmışdır. Mən həmin ifadə ilə heç də çoxəsrlik kontakt nəticəsində osmanlı türkcəsindən alınmış sözləri nəzərdə tutmuram. Söhbət IV, V, VI və VII əsrlərdə erməni ədəbi dilinə keçmiş Turan elementlərindən gedir. Bu elə bir dövr idi ki, dünyada hələ nə səlcuqlar, nə osmanlılar... var idi. (13; 80) Müəllif Turan dedikdə qonşu Aran xalqını və başqa türk tayfalarını nəzərdə tutmuşdur. Əlifbada boğaz səslərinin çox olması tədqiqatçıların bir qismini bu əlifbanın Qafqaz dilləri üçün tərtib edildiyi qənaətinə gətirmişdir. Lakin Y.B.Yusifovun qeyd etdiyi kimi, bə’zi türk dillərində və o cümlədən qarqar dilində də boğaz samitləri olmuşdur. Moisey Kalankatuklunun «Albaniya tarixi» əsəri tərcümə və nəşr edilərkən qəsdən üzərində əməliyyat aparılmış, bir sıra məsələlər dəyişdirilmiş və dolaşdırılmışdır. «Albaniya tarixi» əsərinin Yerevanda Ş.V.Smbatyan tərəfindən 1984-cü ildə qrabardan rus dilinə edilmiş tərcüməsi barədə «Qaynaqlar»da oxuyuruq: «Ancaq nəzərə alınmalıdır ki, bu çapı hazırlayan müəllif kitabın bir çox yerlərini özü istədiyi kimi dəyişdirmiş, bə’zən isə bilərəkdən kəsib atmışdır. Buna görə yeni çap bir sıra hallarda əski 1861-ci il çapı qədər və bəlkə daha çox naqis, qərəzli və nöqsanlıdır.» (4; 40) «Albaniya tarixi»nin yeni tərcüməçisi qeyd və şərhlərində albanları barbar, geridə qalmış bir xalq kimi təsvir etməklə sübut etməyə çalışmışdır ki, albanlar belə bir əsər yarada bilməzdi, qrabar bu əsərin ana dilidir. Lakin əsərin müəllifi Kalankatuklu Moisey xalis bir alban olaraq Albaniya haqqında, böyük sərkərdə və dövlət xadimi, diplomat Cavanşir haqqında elə məhəbbətlə danışır ki, bunu yalnız həqiqi bir alban vətəndaşı edə bilərdi. Ona görə də bu əsərin vaxtilə alban dilindən qrabara tərcümə edilmiş olduğunu göstərən tədqiqatçılar (Z.Bünyadov, S.Əliyarov, Y.Yusifov, F.Məmmədova, T.Hacıyev və b.) haqlıdırlar. Alban dilinin yazısı V əsrə deyil, daha əvvəllərə aiddir: »Mə’lumdur ki, Alban hökmdarı Oroyz (e.ə. I əsr) Pompeyə məktub göndərmişdi. III əsrdə albanlar Romaya yazılı mə’lumat çatdırmış, V əsrdə isə alban dilində fərman tərtib edilmişdir... Onlar yəqin ki, qarqar dili əsasında düzəldilmiş əlifbadan da istifadə edirmişlər». (2; 219) Aran yazısının olmasını erməni katalikosu Babkenin fars provoslav xristian kilsəsinə 506-cı ildə yazdığı məktub da təsdiq edir: «Biz öz dini tə’limimiz haqqında sizə gürcülər və ağvanlarla birlikdə, hər kəs öz dilində, əvvəllər yazmışıq». (18; 5) Ə.S.Sumbatzadə göstərir ki, «...V əsrin sonu, VI əsrin əvvəlində albanlar öz yazılarından artıq beynəlxalq yazışmalarda da istifadə edirdilər». (10; 68) İngilis alimi doktor Dauset «Ağvan tarixi»nin ingilis dilinə tərcüməsini nəzərdən keçirərək bu nəticəyə gəlmişdir ki, əsər iki hissədən ibarətdir, birinci hissəsi VII, ikinci hissəsi XI əsrdə yazılmışdır. Birinci hissəni Kalankatuklu Moisey, ikinci hissəni Movses Dasxuransi qələmə almışdır. Alban əlifbasının tədqiqatçısı A.Şanidze on bir əsrdən çox davam edən Alban mədəniyyətinin Qafqaz regionunda böyük rolunu nəzərdə tutaraq yazmışdır: «Mən belə hesab etmişəm və hazırda da belə hesab edirəm ki, orta əsrlərdə Qafqazın mədəni və siyasi həyatında görkəmli rol oynamış bütöv bir xalqın yazısı izsiz yox ola bilməz. Qazıntılar bizə alban yazısının mövcud olması barədə mənbələrin mə’lumatını inandırıcı şəkildə təsdiq edən epiqrafik material verməlidir. Bundan əlavə, mən hələ ümidimi itirmirəm ki, nə vaxtsa və harada isə palimpsestlərdə (perqament yazılarında) alban əl yazılarından parçalar üzə çıxacaqdır». (19; 5) Bu sözlərdən az sonra - 1948-ci ildə Mingəçevir qazıntıları zamanı üzərində alban yazısı olan daş tapılmış və bu barədə S.M.Qaziyev mə’lumat vermişdir. (20; 396-403) Lakin həm tapılmış əlifbada (Matenadaran 7117), həm Mingəçevir yazılarında qüsurlar olduğu üçün yazıları düzgün oxumaq mümkün olmamışdır. 1956-cı ildə A.Q.Abramyan həmin yazıları oxumaqla məşğul olmuş, bu yazıları cəmi iki kənddə - Qutqaşen rayonunun Nic, Vartaşen rayonunun Vartaşen kəndində yaşayan udinlərin dili əsasında oxumağa çalışmışdır. Udinlər heç vaxt ölkədə bütün Şimali Azərbaycanı əhatə edən vahid dilə və dövlətə malik olmamış, daim türkdilli utilərlə qarışdırılmışdır. Müəllifin oxuduqları inandırıcı deyildir və istədiyi yerə alban əlifbası adlandırılan 52 hərfli əlifbanın istədiyi hərfini qoymuşdur. Q.Voroşil Suriya mənbələrinə əsaslanaraq göstərir ki,VI əsrin əvvəllərində Aran yepiskopu Kardost hun-savirlər üçün də əlifba düzəltdirmiş və İncili savirlərin dilinə çevirtdirmişdir: «VI yüzilliyin başlanğıcında Suriya tarixçisi xəbər verir ki, 520-ci ildə alban yepiskopu Kardost üç ruhani ilə hun savirlərin yanına getdi. Onlar savirlər üçün yazı yaratdılar. ...orada hun dilində yazı buraxdılar».»İndiyədək lazımi diqqət yetirilməmiş çox vacib bir tarixi-dilçilik amilini göstərmək gərəkdir. Bu, türklər arasında xaçpərəstliyin yayılması, albanların İncili onların dilinə çevirməsidlir». (13; 24) Qafqaz Albaniyasının tədqiqi sahəsində maraqlı araşdırmalar aparmış Q.Voroşil ona görə albanların türklərə əlifba öyrətməsindən danışır ki, o, albanları qafqazdilli hesab edir, udinlərin əcdadları sayır, gah albanları udinlərə, gah da udinləri albanlara aid edir (hətta bə’zən qarqar dilini udin dilinin dialekti hesab edir -13; 27) və buna görə də o, S.T.Yeremyanın sözlərinə haqq qazandırmağa çalışaraq yazır: «Musa Xorenlinin mə’lumatında bu əlamətdardır ki, alban ədəbi dilinin norması üçün Albaniyanın o dövrkü şahlıq iqamətgahının - Paytakaran şəhərinin və onun şəhər ərazisinin, Qarqar düzünün (indiki Mil düzü) danışdığı qarqar dialekti götürülmüşdür». Q.Voroşil S.T.Yeremyanın bu sözlərini qeyd etdikdən sonra deyir: «Ancaq, onun dediyinə görə, 25-30 ildən sonra, yə’ni V yüzilliyin ikinci yarısında Albaniyanın yeni paytaxtı - Utik vilayətindəki Partav şəhəri meydana çıxdı. Partav şəhərinin və onun şəhər ərazisinin Utik vilayətinin danışıq dili uti dili, bizim günlərədək saxlanmış udi dili idi», Alban-Arran dilinə qarqar ləhcəsinin nə qədər uyğun olduğu S.T.Yeremyana bəlli deyil, ancaq o, başqa bir məsələyə - «uti, yaxud udi dilinin Aran, yə’ni alban dili ilə eyniliyi»nə şübhə etmir. (13; 28) Musa Xorenlinin mə’lumatı doğrudur, lakin hər iki müəllifin - Yeremyan və Voroşilin uti ilə udini, türkdilli albanlar ilə qafqazdilli udiləri, çox qədim türk tayfası olan qarqarlarla udiləri eyniləşdirməsi tamamilə yanlışdır və bəlkə də tarixi faktların şüurlu təhrifidir. Q.Voroşil alban dilinin udi dili olduğunu əsaslandırmaq üçün ağvan əlifbasındakı bir sıra hərf adlarının udi dilində hazırda real mə’naya malik olduğunu göstərmişdir: zoq - zoğ, kat - qətrə, un - sən, sa - çay qumu, cav - şan, şöhrət, ar - armud və s. Bu sözlərin hamısının kökü bizim dildə də eyni mə’nadadır («zoğ» sözü, qətrə mə’nasında «qat» sözü, «ar» - armud, «çav» -şöhrət (qədim türk), «sa» - çay daşına vurmaqla od çıxaran satıl sözü və s.). IV fəsil - Alban dilinin leksikası (xüsusi adlar) Alban etnonim, toponim və antroponimlərinin tədqiqi onların sistemli şəkildə mənşə e’tibarilə türk dillərinə aid olduğunu göstərir. Z.Bünyadovun qeyd etdiyi kimi, Azərbaycanın X əsrə qədərki vəziyyəti barədə fikir söyləməyə imkan verən yeganə yerli mənbə Kalankatuklu Moiseyin «Albaniya tarixi» əsəridir. (7; 7) Alban antroponim, toponim və etnonimlərinə də daha çox bu əsərdə rast gəlirik. Kalankatuklu Moisey Albaniya ərazisində dörd knyazlığın - Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarının adını çəkir: Həm də göstərir ki, bu knyazlıqların hakimləri Aranın oğullarının nəslindən idi və onları da Vologez tə’yin edirdi. Albaniyanın Araz çayından Hunan qalasına qədərki ərazilərini Aran miras olaraq almışdı. (7;17) Amma hakimlərin tə’yini formal olaraq Parfiya çarından asılı idi. Deməli, Albaniyanın şimal ərazilərində Hunan qalası varmış. - Z.Bünyadov Xram çayının Kürlə qovuşduğu yerdə ilk orta əsrlərdə belə bir qala və şəhər olduğunu təsdiq edir. (7; 208) Hunan - ‘hunlar‘ deməkdir (-an - cəm şəkilçisidir). Hunların isə türkdilli olduğuna heç kim şübhə etmir. «Albaniya tarixi»ndə Aranın Sisakan (Sünik) soyundan olduğu göstərilir. Sisakan sözünü biz əvvəldə izah etmişik. Silər sakların bir qoludur. Sisakan - ‘si sakları’ deməkdir. Bu həm də Sünik əhalisinin türkdilli olduğunu göstərir. Alban şəxs adlarının bir qismi oxşar formalı olub, türk mənşəyini aydın göstərir. Bu qrupa Ərbak, Əmbak, Ərnək, Parnak, Kornak, Əncak, Bazxuk, Qonaq, Xoçkorik, Pyorok və s. kimi antraponimlər daxildir. Oxşar formalı olsa da, bu sözlərdə qrammatik elementlər fərqlidir. Ərbak, Əmbak sözlərində bak - ‘bəy’ deməkdir. Birinci sözün əsası ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’, ikinci sözün əsası əm ‘bacarıqlı’, ‘məharətli’ sözüdür. Birinci söz Madada Arbak adı ilə eynidir. Ərnək, Parnak, Koynak şəxs adlarında -nak hissəsi türkcə ınaq - ‘dost’, ‘e’tibarlı adam’ mə’nasını ifadə edir. Parnak sözündə par/var ‘var olan’, ‘var’, Kornak sözündə türkcə kür ‘səbatlı’, ‘möhkəm’ sözü güman olunur. (6; 176) Əncaq - qədim türkcə əng - ‘irəlidə gedən’, ‘öndə dayanan’ və cak, sak ‘oyaq’, ‘huşyar’, ‘diribaş’ sözlərindən; Qonaq - Albaniyada süvari ordunun komandanının adı olub, skiflərdə Xonaxis adına uyğun hesab olunur. Qonmaq ‘düşmək’, ‘sakin olmaq’, ‘oturmaq’ sözü və sözdüzəldici -aq şəkilçisindən ibarətdir. Bazuk - qədim türkcə ‘iri gövdəli’, ‘dolu bədənli’ deməkdir; Hunlarda Əm-Bazuk şəxs adı. (6; 176) Xoçkorik sözünü (Tri şəhərinin yepiskopunun adı, V əsr) Q.Qeybullayev türkcə koç ‘qoç’, ‘igid’, kür ‘səbatlı’, ‘möhkəm’ və erməni şəkilçisi saydığı -ik hissələrinə ayırmışdır. Erməni dilində «ü» olmadığı üçün «u» etmişlər, yunan mənbələrində isə «u» hərfi «o» şəklinə salınmışdır - Uruz - Oroys, Kür - Kor şəklində yazıldığı kimi. (6; 180) Bizcə, -ik erməni şəkilçisi deyil, sifətdən isim düzəldən şəkilçidir. Pyorok şəxs adı (V əsr Alban ruhanisinin adı) börü ‘canavar’, ‘qurd’ və uk ‘oğul’, ‘varis’ sözlərinə ayrılır. Sözdə b>p keçidi erməni dilinə aiddir, Bərdə adını Partav yazdıqları kimi. Xncik antroponimi (Alban çarı Vaçaqanın arvadının adı - III əsrin sonu, IV əsrin əvvəli) qədim türk abidələrində qonçuy (V.V.Bartoldda kunçuy) sözündən olub, türkcə ‘xanım’, ‘knyaz’, ‘qadın’ mə’nasını verir; -ik erməni şəkilçisi kimi izah edilmişdir.(6; 183) Bizcə, bu sözün sonunda -ik yox, kiçiltmə bildirən -cik şəkilçisi işlənmişdir. Oroys, Kozis, Urnayr, Asay kimi alban şəxs adları da türkcə izah olunur. Oroys (e.ə. I əsrdə alban çarı) şəxs adı Plutarxda Oroys, Appianda Oroz, Oriz, Dion Kassidə Oris şəklində işlənmişdir. Q.Qeybullayev Oroz formasını düzgün bilmiş, adın bu formasını «Dədə Qorqud»dakı Uruz adına fonetik cəhətdən daha müvafiq saymışdır. Türkcə orəz, oraz, orıs, oruz sözlərindən olub ‘xoşbəxt əlamət’, ‘qismət’, ‘xoş güzəran’, ‘sağlamlıq’, ‘sərvət’ mə’nalarına yozulur, «Şahnamə»də Alp-Arus (Alp Ər Tunqanın oğlu), »Dədə Qorqud»da Uruz qoca, XII əsrdə Orta Asiyada Uruzbək, qırğız sultanlığının banisi Urusxan şəxs adları ilə eyni sayılır. (6; 177) Bir fikrə görə, Xurs şəxs adı da (Girdiman əyalət hakiminin adı, V əsr) Oroz adı ilə eyniköklüdür. Ermənilər sözün əvvəlinə «h» səsini artırmış, ruslar həmin səsi «x» etmişlər. Əsli Urus, Uruzdur. (6; 180) Türk dillərində «Kozik ulduzu» deyilən ulduz adı, Oğuznamənin uyğur variantında Kazuk şəxs adı vardır; qırğız dilində qütb ulduzu «Altın kozik», Oğlaq bürcü «Təmir kozik» adlanır. (6; 177) Kozik şəxs adı bu sözlərlə müqayisə edilir. Urnayr antroponimi (IV əsr Alban çarının adı) türkcə orun ‘taxt-tacda oturan’, ‘hakim’ və ər ‘kişi’, ‘igid’, ‘döyüşçü’ sözlərinə ayrılır. Ayr hissəsi ər sözünün erməni tələffüz forması sayılır. Xivə xanlığına aid sənəddə (XVIII əsr) Orunbəy adı ilə müqayisə edilmişdir.(6; 178) Asay sözünün türkcə as - ‘sincab’ və türk dillərinə məxsus xüsusi ad düzəldən -ay şəkilçisindən düzəldiyi göstərilir. Başqa fikrə görə, as sözü ‘iltifat’, ‘nəvaziş’, ‘mərhəmət‘ mə’nasındadır. Q.Qeybullayev göstərir ki, Asay və Esay şəxs adları Orta Asiya və Volqaboyu türk xalqlarında geniş yayılmışdır. Azərbaycanlılarda Azay, ruslarda Aseev, ermənilərdə Esayan, gürcülərdə Esaddze şəxs adları bu sözlə bir kökdəndir. (6; 179) Qeyd etdiyimiz kimi, alban şəxs adları daha çox Moisey Kalankatuklunun «Albaniya tarixi» əsərində qalmışdır. Burada eramızın I - IX əsrlərinə aid bir sıra alban çarlarının, ruhani və feodalların adlarına rast gəlirik. Eradan əvvəl də bir neçə çar adı mə’lumdur. Bu adların türk mənşəli olduğu aydınlaşdırılmışdır. Bu sahədə yenə əsas xidmət Q.Qeybullayevindir. Mənbələrdə elə məşhur alban adları vardır ki, onların türk mənşəli olduğunu izah etməyə o qədər də ehtiyac yoxdur. Manas, Mate, Kazan kimi şəxs adları belələrindəndir. Bu cür adlar türk tarixi və mədəniyyəti ilə bağlı ən qədim izləri yaşadır. Manas (Qəbələ şəhərinin yepiskopu, V əsr) türkcə manq - ‘bahadır’, ‘döyüşçü’ sözü ilə ədaqələndirilir, qırğızların «Manas» dastanının qəhrəmanının adı ilə eynidir. Mate (Bərdə xristian ruhanisinin adı, V əsr) - türkcə matı/batı ‘igid’, ‘qüvvətli’, ‘möhkəm’, ‘mətin’ mə’nalarında olub, Hun imperiyasının əsasını qoymuş Metenin (e.ə.209-174) adı ilə eynidir. Kazan (Albaniyaya öz tayfası ilə gəlmiş bir elbəyinin adı, V əsr) türklərdə geniş yayılmış bir addır. «Dədə Qorqud»da Qazan xan adı ilə eynidir. Alban çarlarından ikisinin adı Vaçe, üçünün adı Vaçaqan olmuşdur. Bə’zi alimlər bu antraponimləri iranmənşəli hesab etmişlər. İran dillərində bac - ‘haqqı ödəyən’, ‘oruc tutan’ mə’nasındadır. Vaçe adını qədim türklərdə baçaq (21; 76) sözü ilə müqayisə etmək olar. Baçaq sözünü Mahmud Kaşğari ‘xristian keşikçi məntəqəsi’ mə’nasında izah etmişdir. Belə olduqda sözün kökü İran dillərindəki bac yox, türkcə ‘keşik çəkmək’ mə’nasında bac(a) sözü olur, -q isim düzəldən şəkilçidir. Baca sözündən -q şəkilçisi ilə isim düzəldiyi kimi, -qan şəkilçisi ilə sifət də düzəlmiş və substantivləşərək xüsusi ad kimi işlənmişdir. Bu nisbətlə Vaçaqan sözünü iranmənşəli saymaq olmaz, -(a)qan aşkar türkmənşəli sifət düzəldən şəkilçidir. Asprakos, Haruxcan, Aratan, Bakur adları da türkcə izah olunur. Asprakos (Albaniyada feodal adı, V əsr) adının sonundakı -os erməni dilinə yunanlardan keçmiş adlıq hal şəkilçisidir. Asprak isə Asparux türk adının ermənicə yazılışıdır. Asparux (müq et: Bolqar hökmdarı Asparux, VII əsr) aspar və uk hissələrindən ibarətdir; aspar titul bildirən sözdür - qədim türklərdə İşbarı xan; uk - ‘oğul’, ‘varis’ deməkdir. V.İ.Abayev sözü İran dillərində ‘işıqlı at’ kimi izah etmişdir.(6; 181) Haruxcan (Cavanşirin arvadının adı, Sünik hakiminin qızı) adına ermənicə yazılışda «h» əlavə olunmuşdur; aruq - ‘təmiz’, ‘gözəl’ sözündəndir və suvarların çariçası Buy-Arik adında (Boyariks) qalmışdır. (6; 182) Aratan (Albaniyada feodal adı, V əsr) ərə - ‘kişiyə, igidə’ tən - ‘bərabər’ sözləri ilə izah edilmişdir. Q.Qeybullayevin fikrincə, qədim türk sözü tənq - «n» samitini saxlamaqla tən, «q» samitini saxlamaqla tək sözünün formalaşmasına və qeyd edilən sözün ‘ər kimi’, ‘ərə bərabər’ mə’nalarında formalaşmasına səbəb olmuşdur. (6; 179-180) Bakur (Albaniyada xristian ruhanisinin adı, V əsr) şəxs adı türkcə bak ‘bəy’, ‘tayfa başçısı’ və ur ‘varis’, ‘oğlan uşağı’ sözlərinə ayrılır. (6; 182) Alban kilsəsinin son katalikosunun adı da Bakur olmuşdur. Güman etmək olar ki, Bağır və Bəkir adları da bu adla bağlıdır. Əsən Cəlal (Arsaxda Xaçın knyazının adı) sözünün birinci komponenti ərəbcə Həsən sözü ilə bağlı deyildir; türkcə əsən - ‘sağlam’, ‘gümrah’ deməkdir və erkən orta əsrlərdə uyğurlarda Asan, Asan-Tigin, monqollarda (XIII əsr) Əsən, Esen-Buğa, Esen-Teymur adlarına uyğun qurulmuş türkmənşəli sözdür.(6; 186) Ovxan (Alban katalikosunun və Hun yepiskopunun adı) şəxs adında xan sözü aydın seçilir, xəzərlərin Boxan adına uyğun gəlir. Maxmat, Urbat (V əsr) şəxs adlarında mat, bat sözləri ‘mətin’, ‘igid’ mə’nasındadır; birinci sözdə mağ etnonimi müşahidə olunur. Söz ‘maq-igit’ kimi dərk olunur. Xamqit sözü Maxmat adının sinonimidir - ‘qam-igit’ mə’nasındadır. Bat elementi Sunbat şəxs adında da vardır. Sunbat sözü türkcə sun ‘gözətçi’, ‘keşikçi’ və bat ‘mətin’ sözlərinə ayrılır - Babəki ərəblərə təslim edən Sünik hakiminin adı ilə eynidir. Q.Qeybullayev Xosken (Albaniyada xristian ruhaninin adı, V əsr) adının türkcə koçken - ‘qartal’ sözündən olduğunu qeyd etmiş və sözü qaraqalpaqlarda Koçqen, Koşken adları ilə müqayisə etmişdir. (6;180) Albaniya ərazisində qeydə alınmış toponimlər də əksəriyyət e’tibarilə türk mənşəlidir. Toponimlər daha çox Klavdi Ptolemeyin (II əsr), Kalankatuklu Moiseyin, XII əsr alban tarixçisi Mxitar Qoşun («Alban salnaməsi») və ərəb alimlərinin əsərlərində toplanmışdır. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika, Tilbida toponimləri alban, gel, şamake, şaka, silb tayfa adlarından yaranmışdır. Kalankatuklunun əsərində qeydə alınmış toponimlərin əksəriyyəti: Habant, Arajank, Arandjinak, Aranrot, Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Meda-Arank, Meda-Kolmank, Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Xarqlank, Xunanakert və s. də tayfa adlarından yaranmışdır. Bunların abant, araz, aran, qarqar, gorus, kəngər, kol (kul), çol (çul), peçeneq, tərtər, katak, xun (hun) türk tayfa adlarından yarandığı müəyyən edilmişdir. Əsərdə ərazinin relyefi ilə bağlı yaranmış toponimlər də vardır. Təbii ki, Albaniya ərazisində Lpink, Lubnas, Hereti, Xeni və s. kimi dağıstanmənşəli tayfaların adlarını əks etdirən toponimlər də mövcud idi.(6; 188-189) Alban hidronimləri də türkcə izah olunur. Kür, Alazan, Arkuqet çay adları ilkin və ya əslinə yaxın formasını bu günə qədər saxlamışdır. Guya Kür çayının coşqun təbiətini öz təbiətinə müvafiq gördüyü üçün Əhəməni padşahı Kir öz adını bu çaya vermiş və ‘Kür’ sözü Kirin adından əmələ gəlmişdir (Ammian Marselli). Şübhəsiz, bu cür izah uydurmadır. Kür sözü türkcə ‘gur’, ‘coşqun’, ‘iti’ mə’nasındadır. (2; 150) Kür sözünü qafqazmənşəli hesab edənlər də olmuşdur. Q.Qeybullayev Şimali Qafqazda və uzaq Sibirdə də Kür adlı çayların olduğunu əsas gətirmiş, sözü türkcə ‘bol sulu’, ‘qüvvətli’, ‘sür’ətli’, ‘məğrur’ mə’nalarında izah etmişdir. (6; 189) Bu cür izahla söz daha çox «gur» sözünə uyğun gəlir. Alazan (Albaniya ilə İberiya sərhədində çay adı) hidronimi isə türkcə al və özən (üzən) ‘çay’, ‘vadi’ sözlərindəndir. Dağlıq Altayda da belə bir çay adının olması (6;189) onun türkmənşəli qədim söz olduğunu göstərməklə yanaşı, uzaq Altaya vaxtilə Ön Asiyadan aparıldığını göstərir. Arkuqet (Sisakanda çay adı) - «Arquçay» hidroniminin ermənicə forması sayılır. Türkcə arqu - ‘yarğanlarla parçalanmış’ mə’nasındadır. Həkəri çayının yarğanlardan keçib gələn yuxarı hissəsinin adıdır. (6; 190) Toponimlərin bir qismi saq sözünün iştirakı ilə yaranmışdır. Belə sözlərə Balasakan, Artsak toponimlərini misal göstərmək olar. Balasakan - (III əsr) türkcə pala - ‘düzən’, ‘çöl’ və sak sözlərindən ibarət olub ‘sak düzü’ deməkdir. Artsak (Yuxarı Qarabağın qədim adı) sözü türkcə art ‘dağlıq ərazi’, ‘yüksəklik’ və sak sözlərinə ayrılır, ‘sak dağlıq ərazisi’ mə’nasını verir. Artsak sözünün erməni dili ilə heç bir əlaqəsi yoxdur. Bu söz Arsakena şəklində etrusk dilində də işlənmişdir: «Etrusk mənşəli digər toponim - Arsakena Qafqaz Albaniyasındakı Arsak toponimi və qədim türk dilində adı çəkilən «arsakay» etnonimini xatırladır. ..Antik müəlliflərdən Pompey Troq albanların nə vaxtsa İtaliyadan, Alban dağlarından gəldiyini bildirir. Etrusk mənşəli Arsak adını etruskşünaslar «arz» sözü ilə bağlayırlar. Bu söz etrusk dilində «arslan» deməkdir və mə’lumdur ki, türk dillərindəki «arslan» sözünün də əsasında «ars» durur. Lakin qərb dilçiləri «arslan»ı türk dillərinə alınma hesab edir və belə güman edirlər ki, türklərin ilkin vətəni olan Asiyada aslanlar yaşamadığına görə bu söz alınma olmalıdır».(54; 92) Türklərə, türk xalqlarına, türk dillərinə münasibətdə bütün qüsurlar Hind-Avropa şovinizmi müstəsna olmaqla, türklərin Şərqdən gəlmə olduğu barədə bəşər tarixini təhrif edən yanlış müddəadan irəli gəlir. Alban toponimlərinin bir qismi - Talqe, Tosaren, Balk, Taşton, Tapat, Tvarasatap, Barmak, Çapar, Koturçat tipli sözlər türkcə daha asan izah olunur. Bunlar bizə yaxın dövrlərə qədər işlənmiş və bir çoxları işlənməkdə davam edən xüsusi adlardır. Talqe (indiki Pirallahı adasının qədim adı sayılır) sözü Pomponi Melada (I əsr) Talqe, Ptolemeydə (II əsr) Talka kimi yazılmışdır.Türkcə tilqə ‘hissə’, ‘zolaq’, ‘kiçik torpaq sahəsi’, ‘tala’ mə’nasındadır. Plini bu adanı Zazata adlandırmışdır. Zazata - saz ‘qamış’ və ata ‘ada’ sözlərindən düzəlmişdir. (6; 190) Tosaren (Ptolemeyə görə, Kür sahili bölgələrindən birinin adı) sözü türkcə tüz və aran sözlərindən ibarət olub, ‘Aran düzü’ deməkdir. Balk (Sisakanda yaşayış məntəqəsinin adı) - türkcə balk (balık) ‘şəhər’ sözüdür. Taşton (Sisakanda kənd adı) - Q.Qeybullayev tərəfindən taş ‘daş’ və ton ‘uzunvarı təpə’ sözlərinə ayrılmışdır.(6;191) Ton sözü, ‘don’, ‘paltar’ mə’nasında olub, müəllifin dediyi mə’nanı bənzətmə yolu ilə ifadə edir. Çox maraqlıdır ki, elə həmin Zəngəzur mahalında, Meğri rayonu ərazisində 1926-cı ilə qədər azərbaycanlıların yaşadığı Taştun kəndi hazırda da qalmaqdadır. İ.Bayramov sözün tun hissəsini V.V.Radlova əsaslanaraq «keçidi, yolu, çıxacağı olmayan, bağlı, hasarlanmış yer» mə’nasında izah etmişdir (32; 541) ki, bu da don sözünün ulu dildən gələn, hələ insan paltarı mə’nasında xüsusiləşməmiş geniş mə’nası ilə bağlıdır. Tapat (Arsakda məntəqə adı) toponimində türkcə ‘təpə’ sözü aydın seçilir. Tap, Tap-Qaraqoyunlu, Qala-Tap toponimlərində də qalmışdır.(6; 191) Tvarasatap (IX əsr) sözündə də təpə sözü vardır. Borçalı qəzasındakı (XIX əsr) Tovrətəpə, Qazaxdakı Töyrətəpə toponimləri ilə lokalizə edilir. (6; 192) Barmak (məşhur Xıdırzində pirinin yerləşdiyi Beş-Barmaq qayasının adı) - Q.Qeybullayev tərəfindən ‘daş təpə’ mə’nasında izah edilmişdir, lakin sözün ilkin mə’nası elə ‘barmaq’dır - barmağa oxşarlıq əsasında adlandırmadır. Çapar sözündə türkcə çap sözü və -ar şəkilçisi (çapar düşərgəsi); Koturçat sözündə kotur ‘qotur’, ‘keçəl’, ‘tüksüz’, ‘meşəsiz’ və çat - ‘yarğan’ sözləri aydın seçilir. Xram - türk-monqol dillərində ‘qala’ deməkdir. Xramçay - ‘qala çay’ mə’nasındadır. Krapaşti - türkcə qara və baş sözlərindən -ti (-li) şəkilçisindən ibarətdir. İlk nəzərdə etimoloji cəhəti aydın görünən bu sözləri başqa müəlliflər də bu cür izah etmişlər. Qoş, Dasxoran, Dut, Kava, Urdu, Tandzik, Adaxeray, Çula, Sanar, Kaykoy-Çor, Qaq çölü toponimlərinin əksəriyyəti Arsakda kənd adları, yaşayış məntəqəsi adlarıdır: Qoş - türkcə koş - ‘köçoba’, ‘müvəqqəti yaşayış yeri’; Dut - türkcə tut sözündən olub ‘düşərgə’ deməkdir; Urdu - türkcə ‘xan yurdu’, ‘xan düşərgəsi’ mə’nasındadır; Tandzik - tan və zik (-cik) hissələrinə ayrılır, ‘Kiçik Tan’ mə’nasında olub, indiki Bulutan (əsli: Ulu Tan) sözünün antonimi sayılır; Adaxeray sözü ata və qərəqə ‘keçə alaçıq qurulan yer’, ‘köçərilərin qış evi’ sözlərindən düzəlmişdir; Kaykoy-Çor sözündə kak-’maldarların qış düşərgəsi’ (birinci «y» ermənicə yazılışda artırmadır), oy - ‘ev’, çor ‘dərə’ deməkdir.(6; 192) Yaşayış məntəqəsi adlarından Dasxoran - türkcə das ‘daş’ və örən ‘yer’, ‘düz’ sözlərinə ayrılır. Kava (Qərbi Albaniyada mahal adı, IX əsr gürcü mənbələrində Kavazin) - türkcə kava - ‘qaya’ və san, sın ‘dağ beli’ sözlərinə ayrılır və Göyəzən dağının adında qaldığı göstərilir. Qaq çölü (indiki Qarayazının bir hissəsi) sözündə qaq - türkcə ‘köçərilərin qış düşərgəsi’ mə’nasındadır. Kürdəmir rayonunda Kaq-Hacılı, Lerikdə Kaqoy, Yuxarı Qarabağda Kaqartsi kənd adları da bu sözlə bağlı hesab olunur. Çula (indiki Culfanın qədim adı) - cul, yul - ‘yol’, ‘keçid’ sözündəndir. Sanar (Kürlə Arazın birləşdiyi yer) - türkcə sənqər ‘burun’ (qurunun suya girmiş burun şəkilli hissəsi) deməkdir .(6; 190-193) Ər-Rub (Qarabağda mahal adı) Harov toponiminin (Cəbrayılda Horovlu kəndi) ərəbcə yazılış forması sayılır və s. (6; 192) Q.Qeybullayev Bəylaqan (Bilaqan) (Mil düzündə qədim şəhər) toponimini türkcə pila ‘düzən’, ‘açıq yer’ sözünə və -qan şəkilçisinə ayırmışdır. (6; 193) Lakin -qan şəkilçisi adlara artırılmır. Sözün kökü fe’l olmalıdır. Bəlkə də ‘mələmək’ mə’nasında bilə (21; 93) fe’lindəndir: biləqan - (ilan)’mələyən’ (düz). Toponim, hidronim və antroponimlərin təhlili göstərir ki, Albaniya ərazisində türk-albanlarla yanaşı, bir sıra başqa türk tayfaları da yaşamış, ölkənin əsas əhalisi türk mənşəli tayfalardan ibarət olmuşdur. Albaniyanın şimal-şərq ərazilərində yaşamış qafqazdilli tayfalar isə daha çox öz yaşadıqları ərazilərdə iz buraxmışlar. Yeni eranın başlanğıcında Albaniya ərazisində yaşayan türk mənşəli aborigen tayfaların dilləri tədricən iki istiqamətdə inkişaf yolu keçir: bir tərəfdən, yeni gələn türk tayfalarının köməyi və iştirakı ilə Albaniya ərazisində türk-alban dili ümumiləşir, digər tərəfdən, İskəndərin yaratdığı imperiya, Parfiya və sonralar Sasanilər imperiyası tərkibində alban-aran dili Cənubi Azərbaycanla birgə canişinliyin yaratdığı zəruri imkanlar əsasında Cənubda eyni prosesi keçirən Azərbaycan dili ilə inteqrasiya prosesi keçirir və nəticədə, yeni minilliyin ortalarında şimallı-cənublu Azərbaycan ərazilərində vahid ümumxalq türk-Azərbaycan dilinin təşəkkülü başa çatır. IV fəsil - Qrammatik xüsusiyyətlər -li-ti şəkilçisi - sifət düzəldən şəkilçi: Krapaşti - türkcə qara və baş sözlərindən,-ti (-li) şəkilçisindən ibarətdir; Şahsevən türk tayfa birləşməsinin bir qolu udu-lu (uti-li); Kalankatuk-lu; -an şəkilçisi alb/alp tipli sözlərə artırılaraq kəmiyyət və mənsubiyyət bildirmişdir; Şabaran yaşayış məntəqəsinin adında -an şəkilçisi; Hunan sözü - ‘hunlar‘ mə’nasında; Sisak-an - ‘si sakları’, kap-an, çop-an tayfa adlar və s.; -çı - adlardan isim düzəldən şəkilçi: Kuyərçi etnoniminin quqar türk tayfa adı və -çi şəkilçisindən ibarət olması; -aq - isim düzəldən şəkilçi; tayfa adlarının düzəlməsində məhsuldar olmuşdur: peçen-eq (bacan-aq), sir-ak, şam-ak, kay(ı)m-ak, kat-ak və s. Kon-aq Albaniyada süvari ordunun komandanının adı; -uq - isimdüzəldən şəkilçi; Kalan-katuklu sözündə katu - ‘qatı’ sözü və -q şəkilçisi; -ay şəkilçisi - türk dillərində ad düzəldən şəkilçi: As-ay və Es-ay şəxs adları; -cik - kiçiltmə bildirən şəkilçi: Xncik (Xın-cik); -aqan - fe’llərdən ad düzəldən şəkilçi: Vaç-aqan; -ar - fe’llərdən ad düzəldən şəkilçi: Çap-ar (poçt yeri və məktub aparan); Sintaktik yolla söz yaradıcılığı: kul-oba, kuy-ər, kara-bay (başqa sözlə, qara-bağ), kanq-ar (kəngər) sözünün ‘kanq’ tayfa adı və ər’igid’, ‘əsgər’, ‘kişi’ sözündən əmələ gəlməsi - bolqar, suvar, xəzər sözlərində olduğu kimi; kas - tayfa adı və ar ‘igid’, ‘döyüşçü’ sözü; Əlavəli mürəkkəb adlar: Ərbak, Əmbak sözlərində bak - ‘bəy’ sözü; Pyorok şəxs adının (V əsr Alban ruhanisinin adı) börü ‘canavar’, ‘ qurd’ və uk ‘oğul’, ‘varis’ sözlərindən ibarət olması; Dur (durmaq), qur (qurmaq) sözləri ikinci komponent olmaqla yaranan mürəkkəb sözlər: utidors sözünün uti-dur forması və dur hissəsi ilə bayandur, çavundur, hundur və s. etnonimlərin yaranması; Uti-qur sözü ilə türk tayfa adlarının (uyqur, sarıqur, kuturqur, yazqur, salqur və s.) yaranması. IV fəsil - Atropatena. Atropatenalıların dili haqqında Etnik tərkib və dil məsələləri ATROPATENA. ATROPATENALILARIN DİLİ HAQQINDA Etnik tərkib və dil məsələləri İskəndərin ölümündən sonra (e.ə. 323) Atropatena dövləti Cənubi Azərbaycan ərazisində öz müstəqilliyini tam tə’min edə bilmişdi. Bu dövlətin tərkibində manna, maday, kaspi, müq, kadusi, matien və s. qədim türk tayfaları üstünlük təşkil edirdi. İrandillilər də mövcud idi. Midiyanın Cənubi Azərbaycan ərazisini əhatə edən və mənbələrdə «Kiçik Midiya» adlanan hissəsi əhalinin etnik tərkibinə görə Böyük Midiyanın qalan hissəsinin əhalisindən fərqlənirdi. Bu, keçən minilliklər ərzində Azərbaycan ərazisində gedən etnik proseslərin təbii nəticəsi idi. E.ə. IV əsrdən başlayaraq ölkə daha çox Atropatena adlanırdı. Polibi də (8; 16), Strabon da (8; 26) qədim madayların varisləri olan əhalini bütövlükdə «atropatenlər»(daha dəqiqi «atropatçılar») adlandırırdı. Atropatena dövlətinin nə vaxt yaranması ilə əlaqədar ziddiyyətli fikirlər vardır. Polibi (e.ə.205-123) Atropatena çarlığını Əhəmənilər dövrünə aid edir: «Bu çarlıq (Artabazanın padşahlıq etdiyi Atropatena çarlığı - Q.K.) hələ farsların dövründən qalmışdı, çünki onu İskəndərin dövründə də görmüşdülər». (8;16) Tarixçilər isə bu dövləti İskəndər dövründə yaşamış Atropatın adı ilə əlaqələndirirlər. (32; 399) Strabon da ölkəni və onun adını Atropatın adı ilə bağlamışdır. E.ə. VIII-VII əsrlərə aid mixi yazılarda Andarpatkanu/Andarpatkan məskən adına təsadüf olunur. Həmin yaşayış məskəni Manna ilə Mada arasında, Qızıl-Üzən çayının cənub-qərb başlanğıc axarında yerləşirmiş. (2; 133) Bə’zi tədqiqatçılar Cənubi Azərbaycan ərazisində yaranmış Atropatena dövlətinin adını bu sözlə əlaqələndirirlər. Bu fikir müəyyən mülahizələrlə əsaslı və ağlabatan görünür. Aydın hiss olunur ki, bu dövlət Atropatın vaxtından çox-çox əvvəl təşəkkül tapıb. İskəndərin şərqə hərəkəti ilə əlaqədar xatırlanması elə həmin əsrdə yaranması demək deyildir. Azə rbaycan xalqının, Azərbaycan dilinin tarixi şöhrəti üç min il əvvəldən bu xalqın dilinin əzbəri olan və müxtəlif fonetik dəyişmələrlə inkişaf edib Azərbaycan şəklinə düşən Azərbaycan sözü ilə bağlıdır. Azərbaycan sözü antik mənbələrdə Atropatena, Aturpatakan, Suriya-Bizans mənbələrində Adorbiqan/Adarbiqan, ərəb mənbələrində və şifahi nitqdə Adirbican /Azirbican, Adərbaycan/Azərbaycan şəkillərində işlənmişdir; Y.Yusifov erkən tələffüz formasını aşağıdakı kimi bərpa etməyin mümkün olduğunu yazmışdır: Adirpatyan/Adarpatyan, Adirpatqan/ Adərpatqan, Adirbayqan /Adərbayqan,Adirbican/Azirbican/ Adərbaycan/ Azərbaycan. (2; 131) Son formalaşmada (Adərbaycan/Azərbaycan) birinci heca ilə ikinci arasında «d» səsindən son məqamda «z» səsinə keçilməsi ümumən mümkündür, lakin fikrimizcə, sözü Ə.Dəmirçizadə düzgün təsəvvür etmişdir. Professorun qeydləri göstərir ki, ikinci səs saf «d» səsi deyil, qovuşuq «dz» səsi olmuşdur: «Qədim fars mənbələrində: Adzarabadakan; qədim ərəb və yeni fars mənbələrində Adzərbaykan, Adzərbaycan». (12; 10) Tədricən «z» səsinin üstünlük qazanması ilə Azərbaycan sözünün təşəkkülü baş vermişdir. M.Kaşğari də «Divan»a əlavə etdiyi xəritədə Adzerabadkan yazmışdır. (12, 11) Azərbaycan sözünün mənşəyi barədə müxtəlif fikirlər mövcuddur. Q.Qeybullayev Azərbaycan sözünün Atropatın adı ilə bağlı olduğunu iddia edənlərin fikrinə şərik olduğunu bildirmişdir. (6; 210) M.İsmayıl da bir sıra mülahizələri nəzərdən keçirərək Atropat adının üzərində dayanmışdır.(5; 3) Başqalarının da bu cür fikirləri vardır. Bizim fikrimizcə, Azərbaycan sözü öz əsasını Andarpatkanu/Andarpatkan məskən adından almışdır. Lakin, təbii ki, Andarpatkanu/Andarpatkan sözü Azərbaycan şəklinə düşənə qədər uzun yol keçmişdir. Bizdən əvvəl də bu sözü Azərbaycan adının praforması sayanlar olmuşdur. (2; 133) Bu fikrin qəti əleyhdarları da vardır. İ.Əliyev Azərbaycan sözünü Andarpatkanu/Andarpatkan adı ilə əlaqələndirməyin qəti əleyhinə olduğunu qeyd etmişdir: «A z ə r b a y c a n adı «Antarpatianu» adından heç cür yarana bilməz». O da bu adı sərkərdə Atropatın adı ilə bağlamış və iranmənşəli olduğunu xüsusi qeyd etmişdir. (43; 40) Lakin başqaları Antarpatianu sözünü əsas götürmüş və bu sözlə onun Azərbaycan sözünə nisbətən yaxın forması olan Atarpatakan sözü arasındakı fərqi də qeyd etmişlər: Belə ki, sözün Andir/Andar hissələri Atro/Atur hissələrindən fərqlənir. Y.Yusifov Andir/Andar sözünü əsas götürməklə, bu sözdəki ilk «n» samitini təsadüfi saymış, adır sözünün müasir türk coğrafi terminologiyasında ‘təpəli yer’, ‘dağlı məskən’, ‘dağ qolu’, ‘qollara ayrılan dağ silsiləsi’, ‘erroziyalı təpələr’ və s. mə’nalarında işləndiyini göstərmiş, sözün pati hissəsinin türkcə pat/bat ‘batmaq’ fe’lindən, -anu/an hissəsinin məkan bildirən və ya cəm şəkilçisi kimi işlənən şəkilçidən ibarət olduğunu qeyd etmişdir; müəllifin fikrincə, pati hissəsindəki -i saiti yiyəlik şəkilçisi kimi söz birləşməsi yaratmışdır, -söz bütövlükdə ‘dağ silsiləsi düzəni’, ‘dağ altı yer’ mə’nalarını ifadə edir. (2; 133-134) Azərbaycan sözünün mənşəyi alimlərimizi həmişə maraqlandırmışdır. A.Bakıxanov bu sözü Babəkin adı ilə bağlamış, Azərbaycan sözünün ‘Babəkin odu’ mə’nasında Azər-Babəkan sözündən yarandığını, ərəblərin bu sözü Azərbaycan şəklinə saldıqlarını güman etmişdir.(33; 46) Şair Xəlil Rza Ulutürk də bir növ bu mə’nanı qəbul etmişdir: Babəklər yetirən Azərbaycanın Başqa bir adı da -Azər-Babəkan! A.R.Zifeldt də Azərbaycan sözünün mənşəyi ilə maraqlanmış və yazmışdır: »Azərbaycan» sözünə, daha doğrusu, onun birinci yarısı olan Ad+er/At+(e)r hissəsinə nəzər salaraq, biz onu vaxtilə iki müxtəlif qəbiləvi söz kökündən düzəldilmiş «kişilər xalqı», yaxud «adamlar adamı», yaxud da sadəcə «adamlar-adamlar» şəklində qovuşmuş bir söz kimi təfsir edə bilərik». (34;125) Ə.Dəmirçizadə Midiya tarixini yaxşı bildiyindən Azərbaycan sözünün tərkib elementlərini dövrün dini münasibətlərinə müvafiq mə’nalandırmışdır: «...yeni din (atəşpərəstlik - Q.K.) meydana çıxdığı zaman mağlar yenə öz hakim mövqelərini mühafizə etmək üçün yeni dini qəbul edərək, bu dinin əsil varisləri kimi özlərini tanıtmağa müvəffəq olmuşlar. Bu zaman mağlar hakim qəbiləlikdən çıxaraq hakim təbəqə halına düşmüşlər. Buna görə də nəinki Haxamaniş, Parfiyan sülalələri dövründə, hətta Sasanilər dövründə də əhalinin birinci təbəqəsini təşkil edən ruhanilər məhz mağlardan olurdu. Ruhani təbəqəsi isə «Avesta»da ‘atarvan’, yaxud ‘atharvan’ adlanırdı. Maraqlı budur ki, ruhanilər eyni zamanda «mu:bad» da adlanırdılar ki, bu da İran tarixçilərindən Həsən Pirniyanın qeyd etdiyi kimi, ‘Muğubat - muğpat’ ifadəsindən «muğlar başçısı» mə’nasını vermək üçün düzəldilmiş bir mürəkkəb sözdür. ‘Atarvan’ və ‘mu:bad’ sözlərində isə ‘Azərbaycan’ sözünün əsas ünsürləri olan ‘a-tar-bad’ sözlərinin izi görünməkdədir. Bu tərkibdəki ‘atar’ ünsürü akad. N.Y.Marrın göstərdiyi kimi, iki hissədən ibarətdir: a-tar». (12; 15) Bu məqamda Ə.Dəmirçizadə böyük dilçi həssaslığı ilə sözün ilk hissəsinə aid bizim də gəldiyimiz bir qənaəti təsdiq edən fikir söyləyir: «Birinci hissəni təşkil edən ‘a’ ünsürünü akad. N.Y.Marr ön şəkilçi (prefiks) sayır; lakin bir sıra dəlillərə əsaslanaraq demək olar ki, ‘a’ ünsürü ‘allah’ və ya daha qədim dünyada «totem» mə’nasına işlənən sözün qalıq əlamətidir. Bu qədim söz isə ‘an’ olmuşdur.(12; 16) Professor təqribən Adirpatyan/ Adarpatyan formalarını əsas götürür, ona görə də ‘a’dan sonra ‘n’ samitinin düşmüş olduğunu güman edir. Həqiqətdə isə bu səs Andirpatianu məskən adında vardır. Atropat adı hökmdara məxsus dini rütbə olmuşdur. Lüğəvi mə’nası İran dillərində ‘od saxlayan’, yaxud ‘odla saxlanılan’ deməkdir. Bizim fikrimizcə, Azərbaycan sözü Andirpatianu vilayət və məskən adından yaranmış, lakin Azərbaycan ən’ənəvi olaraq atropat yurdu olduğu üçün Atropat adı oxşar leksik vahid kimi, Andarpatianu sözündən Azərbaycan sözünün yaranması prosesinin fəallaşmasına, daha geniş yayılmasına, intensiv işlənərək bütövlükdə ölkənin adına çevrilməsinə səbəb olmuşdur. Y.Yusifov da buna yaxın fikir söyləmişdir: «Türk mənşəli ölkə adı hələ I minilliyin əvvəlində farsdilli ən’ənəyə uyğun yozum əsasında Midiya canişini Atropatın adı ilə bağlanmış və bu da Strabonun mə’lumatına düşmüşdür. Bu yozum erkən orta əsr qaynaqlarına da yol açmışdı.» (2; 134) E.ə.III-II əsrlərdə yaşamış Polibinin Atropatena çarlığının hələ farsların vaxtından, yə’ni Əhəmənilər dövründən qaldığını göstərən qeydi də Azərbaycan sözünün satrap Atropatın adı ilə bağlı olmadığını təsdiq edir. Tarixçilər Atropatena adının eramızın I əsrindən Azərbaycan şəklində formalaşma istiqamətində fəal inkişaf yolu keçdiyini göstərirlər; söz dz qovuşuq səsi ilə Adzirbican və tədricən «z» səsinin üstünlüyü ilə Azərbaycan şəklinə düşmüşdür. Biz bütün qeyd edilənləri nəzərdən keçirərək bu qənaətə gəlirik ki, Andirpatianu ölkə adı tərkib e’tibarilə bir neçə sözün birləşməsindən yaranmışdır. Sözün sonundakı «u» yad elementdir; pat - ‘ölkə’ deməkdir və o dövrdə şərqdə geniş yayılmış, o cümlədən türkcədə də işlənən matu sözüdür; -an isə cəm şəkilçisidir. Antar hissəsi iki sözdən ibarətdir: An - göy allahının adıdır, tar - ‘tanrı’ sözüdür. Söz bütövlükdə ‘An allahının ölkəsi’ mə’nasındadır. Sözün kökündə An sözünün durması (göründüyü kimi, Ə.Dəmirçizadə də bunu hiss və təsdiq etmişdir) bizi çox gümana salır - şumerlərlə Azərbaycan türklərinin bir kökdən olduğunu göstərir; bu isə ölkəmizin ərazisində yaşayan əsas əhalinin dilinin şumer dili ilə kök birliyi deməkdir. Sonralar - IX əsrdə qeydə alınmış Azərbad yaşayış məntəqəsi adı da eyni yolla yaranmışdır. Bu sözdə də bad hissəsi ‘ölkə’, ‘yer’ mə’nasındadır; Azər sözü isə antar sözünün fonetik dəyişikliyə uğramış formasıdır və ümumən qeyd edə bilərik ki, bu fonetik variantın formalaşmasında ərəb tələffüzünün rolu çox olmuşdur. Bura qədərki qeyd və mülahizələrdə bir sıra tədqiqatçıların atropatenalıları iranmənşəli hesab etdiklərini dəfələrlə xatırlatmışıq. Guya «kaspi», «zaqr-elam», «hurri» və s. dillərində danışan mannalılar iranmənşəli midiyalılar tərəfindən assimilyasiya edilmiş, XI-XII əsrlərdən isə türkləşmişlər. Bu fikirlərin məntiqsiz olduğunu dəfələrlə qeyd etmişik. Xüsusi adların təhlili və bir sıra tədqiqatçıların araşdırmaları göstərdi ki, atropatenalılar mannalıların, madayların varisləridir, iranlılaşmaya mə’ruz qalmamış, iranmənşəli olmamışlar, qeyd edilən dövr ərzində (e.ə.IV - e.Vəsrləri) gələn yeni türk tayfaları ilə güclənmiş, türk mənşəli xalq kimi formalaşma prosesi keçirmişlər: Atropatena dövlətinin adının satrap Atropatın adı ilə uyğunluq əsasında daha sür’ətlə inkişaf yolu keçdiyinə inanmaq olar. Tarixi izlər göstərir ki, Atropat özü iranmənşəli olmamışdır. Strabon göstərir ki, Atropat midiyalı idi. Digər tərəfdən, Atropatın ata-babaları haqqında qalan mə’lumat da bu ailənin iranmənşəli olmadığını təsdiq edir. Ərəb alimi İbn əl Fəqihə görə, Adarbadın (Atropatın) atasının adı İran, babasının adı Asvad imiş. Bir fikrə görə, burada İran sözü təhrifdir, sözün əsli Eran, yaxud Arandır. Orta fars dilinə aid bir mənbədə (28; 17) deyilir ki, Atropatenanın paytaxtını Eran Quşnasp tikmişdir. Bu fakt Atropatın atasının adının İran deyil, Eran, Ərən, Erən olduğunu təsdiq edir. Erən/Ərən sözü isə türkmənşəlidir. Atropatenanın paytaxtının Gəncək şəhəri olduğu da mə’lumdur. İ.Əliyev bu sözü də iranmənşəli saymışdır: «Güman ki, artıq Atropatın dövründə ölkənin paytaxtı Qanzaka idi (Qanzaka, qədim İran, daha dəqiqi midiya dilində qanza «ləl-cəvahirat», »xəzinə»)...»(43;60) Fars dilindəki mənbədə deyilir: «Adurbadaqan tərəfdə Qənzək şəhərini turanlı Əfrasiab tikmişdir».(28; 119) X əsr ərəb coğrafiyaşünası Əl Müqəddəsi Atropatın atasının adını Bəyvarasif, babasının adını Əsvad yazmışdır. Bəyvarasif adı Əfrasiyab sözünün təhrif şəkli hesab edilir. Beləliklə, ölkənin paytaxtı Qənzək (Gəncə), Atropatın ata-babasının adlarının turanlı-türkmənşəli olması Atropat xalqının türkdilli olduğunu bir daha təsdiq edir. Gəncə toponiminin saklarla bağlı izahı da (gəncək tayfa adı) həqiqəti üzə çıxarmağa kömək edir. Yuxarıda gördük ki, İ.Əliyevin əsas qənaəti bundan ibarətdir ki, Cənubi Azərbaycan ərazisində (Atropatenada) müxtəlif etnoslar birləşərək Mada-Atropatena xalqının təşəkkülünə səbəb olmuşdur və bu xalqın dili şimal-qərbi İran dillərindən olub, talış və Avesta dillərinə yaxın imiş. Burada həqiqət təsvir edilən dövrdə Atropatena ərazisində xalqın və ümumxalq dilinin təşəkkül tapmaqda olmasıdır və başqa tarixçilərin də təsdiq etdiyi kimi, bu dövrdə Azərbaycan (Atropatena - Adzərbaycan) xalqı və onun vahid dili təşəkkül tapmaqda idi. Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilkin feodalizm dövründə - eramızın III-V əsrlərində başa çatmışdır. Lakin bu prosesdə İ.Əliyevin qeyd etdiyi «yerli etnosların öz milli simalarını itirməsi və iranlaşması» prosesi heç bir elmi-tarixi faktla sübut olunmur. İ.Əliyev heç bir fakta əsaslanmadan, heç bir etimoloji təhlil aparmadan bütün Atropatena tayfaları haqqında «güman ki» və ya «şübhəsiz» «irandillidir» deyir.(43; 5-42) Uzaq keçmişdən aborigen əhali kimi yaşamaqda davam edən türk etnoslarının heç birində iranlaşma baş verməmiş, əksinə, e.ə.VIII-VII əsrlərdə skif, sak, massaget, kimmer-türk tayfalarının gəlişi ilə türklər Azərbaycan ərazilərində daim üstünlük qazanmışlar. Y.Yusifov Atropatena ərazisində qeyd edilən tayfaların türk və ya İran mənşəli olması barədə fikirləri və həmin dillərə məxsus izləri nəzərdən keçirərək yazmışdır: «...Azərbaycanda türk etnoslarının iranlaşması baş verməmiş, bir sıra hallarda ünsiyyət nəticəsində qarşılıqlı leksik mənimsəmələr şəraitində türk etnosları öz dilini saxlamış və Azərbaycan türk dilinin yetkinləşməsi prosesi baş vermişdir». (2; 133) Akademik tarixin müəllifi ona görə yerli etnosları zorla iranlılaşdırmağa çalışır ki, eramızın birinci minilliyinin sonunda gələn səlcuq-oğuzların tə’siri ilə «iranlaşmış» əhalini birdən-birə yenidən türkləşdirə bilsin. Lakin tarix göstərir ki, türklərin qədim etnosları güclü olmuş və yeni gələnlər onları daha da gücləndirmişdir. Səlcuqlar gələnə qədər artıq ümumxalq Azərbaycan türk dili və bu əsasda ədəbi dil təşəkkül tapmışdı, xalq minillik inkişaf yolunda idi, yazılı ədəbi dilin təşəkkülü başa çatmaqda idi və bəlkə də xeyli əvvəllərdən başa çatmışdı. Ona görə «bəlkə də» deyirik ki, qaynaqlar alban dilində orijinal və tərcümə kitablarının olduğunu qeyd etsə də, belə mənbələr hələlik əldə edilməmişdir. Hələ miladdan əvvəl I minilliyin başlanğıcında ölkəmizin ərazisində qədimdən mövcud olan türk tayfaları VIII-VII əsrlərdə gələn kimmerlər, skiflər, saklar və başqa yeni türk tayfaları ilə güclənir, minilliyin sonlarına yaxın Şimali Qafqaz tərəfdən və Xəzərin cənubu ilə gələn hun, kanqar, peçeneq, qıpçaq, bolqar, savar, oran, çolı tayfaları ölkəmizin ərazisində türkləri, türk dilini üstün mövqeyə qaldırır. Eramızın əvvəllərində suvarlar, bolqarlar, qıpçaqlar və oğuzların yeni axını başlayır. Bunlar türklərin siyasi meydanda rolunu daha da artırır, Qafqazda və Yaxın Şərqdə türk dilinin yayılma arealını genişləndirir. Atropatenanın ərazisi cənubda «Böyük Midiya» əraziləri, şərqdə Xəzər dənizi və onun sahilində yaşayan tayfalarla, qərbdə Zaqroş dağları, şimal-qərbdə Armeniya, şimalda Araz çayı ilə sərhədlənirdi. Araz çayından şimalda yerləşən bə’zi torpaqlar da Atropatena ərazisinə aid idi.(2; 131) Atropatena ərazisində birləşərək bir xalq kimi təşəkkül tapmaqda olan tayfalar müxtəlif idi. E.ə.V əsrin müəllifi Miletli Hekatey ilk növbədə Araz çayı sahilində mük tayfasının adını çəkir. Bə’zi tarixçilər mükləri mağlarla qarışdırmamağı məsləhət görürlər. Biz onların mənşə e’tibarilə bir kökdən olduğuna şübhə etmirik. Müklərin və mağların türkdilli olduğunu əvvəldə qeyd etmişik. Herodot Atropatena ərazisində kaspi, matien, mük, mard, mar, Ktesi (e.ə.V əsr) kadusi, Polibi (e.ə II əsr) elimey, anariak, kadusi, matian, Strabon kaspi, kadusi, matian, mard, amard, anariak tayfalarının adını çəkmişdir. Bu tayfalardan daha geniş ərazidə yerləşəni kaspilər idi. İlk dəfə Herodot tərəfindən adı çəkilən kaspilərin müxtəlif ərazilərdə - Dərbənd zonasında, Mil düzündə, Kürlə Arazın qovuşduğu sahədən Xəzərədək olan cənub ərazilərdə və nəhayət, Midiyanın şərqində yaşadıqları müəyyən edilmişdir. İ.M. Dyakonov kaspilərlə kassitləri qohum hesab etməkdə tam haqlı idi, lakin onları elam və ya qafqazdilli etnos saymaq türk varlığını unutdurmaq məqsədi daşıyır. Kaspilər manna, mada və albanlardan sonra dördüncü böyük Azərbaycan türk tayfası sayılır. Q.Qeybullayev «Kuti və lullubilər nəzərə alınmazsa, kaspilər Azərbaycan ərazisində kaslardan, mannalardan, madaylardan və şimalda albanlardan sonra dördüncü böyük türk mənşəli etnosdur» sözlərini qeyd edərək əhalisi türk-azərbaycanlılardan ibarət olan Qəzvin şəhərinin adının da kaspi etnonimi ilə bağlı olduğunu və ədəbiyyatda buna işarələr edildiyini söyləmişdir. (29; 43) Həqiqətən, Qəzvin sözündə k-q, s-z, p-b-v keçidi aydın görünməkdədir. Bu cür səs keçidləri dilimiz üçün tam səciyyəvidir. Məsələn, Van gölünün qədim adı Bia (su, göl mə’nasında) ilə Van sözü b-v keçidi ilə eyni sözlər sayılır. Zahirən elə görünə bilər ki, məsələn, Fərat çayının adı ərəb mənşəlidir. Şumerlər bu çayın adını Buratu, akkadlar Purattu şəklində tələffüz etmişlər. B-P-F keçidi ilə bu sözlər eyni sözlərdir. Sözü türk mənşəli abra (xeyir verən) sözü ilə (Abratay/Apratay-Arpaçay) əlaqələndirmişlər. (29; 34) Bunlar hamısı türk etimologiyası ilə müəyyənləşir və türklərin qədim dövrlərdən bu yerlərin sakinləri olduğunu göstərir. Qeyd edilən matien/matian tayfasını bir sıra tarixçilər hurri mənşəli saymışlar. Lakin bu etnonimin türk xalqları arasında tayfa adı kimi işlənməsi onun türkdilli olduğunu söyləməyə əsas verir. Özbəklərdə mitan, qaraqalpaqlarda müyten tayfa adı matien ilə eyni köklüdür. Matienlərin sonralar gəldiyi müşahidə olunmur. Bu, əslində, təbii faktordur, çünki ilk miqrasiya qərbdən - Ön Asiyadan şərqə olmuşdur və bütün gedənlərin geri miqrasiyası vacib deyildi, olmaya bilərdi. Ona görə də güman etmək olar ki, matienlərin bir hissəsi vaxtilə Ön Asiyadan şərqə getmiş, lakin onlar Ön Asiyadakı əcdadlarının yanına qayıtmamış və ya başqa adlarla qayıtmışlar. Atropatena ərazisində yaşayan kadusi (orta əsrlərdə kateş) tayfası haqqında da müxtəlif fikirlər vardır - həm türkdilli, həm də irandilli olduğunu qeyd etmişlər. Bizim gümanımıza görə, kadusilər uzaq keçmişdə kaslardan ayrılmış türkdilli tayfadır. Bunu sözlərin kökü də (KA-s - KA-dusi - KA-teş) təsdiq edir. Mard və amard tayfaları, adətən, əlaqəli izah olunur. Bu tayfaların adları İran dillərində asan başa düşülür: mard/mərd - ‘kişi’, ‘cəsur’, ‘igid’, amard isə ‘namərd’ mə’nasını verir. Y.Yusifov bu adların həmin tayfaların etnik mənsubiyyətindən deyil, xarakterindən irəli gəldiyini, mərd və namərd sözlərinin iranmənşəli olsa da, çox qədimdən aborigen Atropatena əhalisinin dilində işləndiyini qeyd edərək onların irandilli olduğunu söyləyənlərin fikirlərinə şübhə etdiyini bildirmişdir.(2; 132-133) Anariak tayfa adı isə ariak tayfa adı ilə müqayisəli öyrənilir. Anariak sözü ‘namərd’, ‘qorxaq’ mə’nasında izah edilir. Ariak isə qədim türkcə arı ‘təmiz’ və -ak şəkilçisindən ibarətdir. Bu əsasda götürdükdə anariak adına sadəcə olaraq fars an önlüyü əlavə edilmişdir (bu halda anariak - ‘təmiz olmayan’, ‘nəcib olmayan’ mə’nasını verir). Deməli, hər iki tayfa türkdilli olmuşdur. Bunu Orta Asiyadakı bir sıra türk tayfalarının ariak adı ilə tanınması və ya müasir kumıkların ariak adlandırılması da təsdiq edir.(2; 133) Araşdırmalar əsasında Xəzərin cənub-qərb sahillərində alban tayfa bölüklərinin də yaşadığını müəyyən etmişlər. Bu ərazi Atropatenaya daxil idi. Cənubi Azərbaycanda əhalisi türklərdən ibarət olan Alvan və Alvanaq yaşayış məntəqələri də bu fikri təsdiq edir. (6; 220) Qarqarların geniş yayılmış türk tayfalarından olduğu mə’lumdur. Cənubi Azərbaycan ərazisində Qarqar, Qərqər-Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər, Alamdar-Qarqar kəndlərinin olması göstərir ki, qarqar tayfasının yayılma arealı Atropatena ərazisini də müəyyən dərəcə əhatə etmişdir.(6; 220) Atropatena ərazisində türkdilli şiraklar da yaşamışlar. V əsr müəllifi Feofilakt Simokattanın Atropatena ərazisində Siraqan yaşayış məntəqəsini qeyd etməsi də bunu təsdiq edir. Hazırda Cənubi Azərbaycanda q>c keçidi ilə Şirac-Xeyl, Şiracməhəllə kəndləri vardır. S>ç keçidi ilə Çirak, Çiraq-Abdal, Çeraktəpə, Çeraqlu, Çeraqil (‘çeraq el’ mə’nasında), Sirak, Şirakdeh kəndləri də sirakların yadigarıdır.(6; 220-221) Atropatena ərazisində aran tayfasının da izləri qalmışdır. Cənubi Azərbaycanda Arançı, Orançaq, Oranar (oran/aran etnonimi və ər sözü), Aran, Aranlı kəndləri vardır. (6; 221) Cənubi Azərbaycan ərazisində vaxtilə (XIII əsr) Yaqut Həməvinin qeyd etdiyi Unar (hun və ər sözləri), Xuniabad, Xunan kənd adları bu ərazidə hunların olduğuna sübutdur. Tundar, Şişə, Şişəvan kənd adları dondarlarla, Qerus, Xeris, Xurzan, Xerusan, Xersabad kənd adları gorus (xurs, xorus) tayfa adları ilə bağlıdır. Albaniyanın şimal-şərqində yaşayan çol tayfasının bir qismi cənubda da yaşamışdır. Təbəri sasani şahlarının çol tayfasını Cənubi Azərbaycana köçürdüyünü yazmışdır. Cənubdakı Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili, Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar-Qara Sufi, Qullar Məhəmməd Hüseynkənd kənd adları qapan, qarabağ, göyərçi və qul tayfalarının cənubda da yaşamış olduğunu göstərir. Xəzər tayfası öz izlərini cənubdakı Xazarian, Xəzərkəndi, Xəzərkəran, Xəzərabad, Xəzər-Böyük, Xəzər-Çoban, Xəzərşax kənd adlarında saxlamışdır. Q.Qeybullayev bu faktları ümumiləşdirərək yazır: «Beləliklə, erkən orta əsrlərdə Şimalda - Albaniya ərazisində yaşamış alban, aran, qarqar, sirak, sadak, hun, savar, çul, peçeneq, xəzər və b. türk tayfalarının müəyyən hissəsi cənubda da yaşayırdı. VII əsr ərəb müəllifinin «Azərbaycan qədimdən türklər ölkəsidir» sözü də bununla əlaqədardır». (6;222) Eyni türkdilli tayfaların şimalda və cənubda yaşaması cənublu-şimallı Azərbaycanda ümumxalq dilinin təşəkkülü, tayfa dillərinin ümumxalq dili şəklində inteqrasiyası baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Atropatena ərazisində tatlar, yəhudilər, gürganlar, parslar, kürdlər və b. irandilli tayfalar da yaşayırdılar. Onlar Azərbaycan milli mədəniyyətinin təşəkkül və inkişafında müəyyən rol oynamışlar. Onların bir qismi sasanilərin vaxtında şimala köçürülmüşdür. Azərbaycan ərazisində çox mürəkkəb etnik proses getmiş, yerli türk tayfaları ilə gəlmə türk tayfalarının konsolidasiyası xeyli müddət davam etmişdir. Eramızın V əsrində artıq Azərbaycan dilində ümumiləşmə başa çatmışdı. Bütün bunlar «irandilli atropatenlərin, qafqazdilli albanların XI-XII əsrlərdə səlcuqların tə’siri ilə türkləşməsi ideyası»nın tam yanlış olduğunu üzə çıxarır: «Yuxarıda deyilənlərdən görünür ki, artıq e.ə.I minilliyin əvvəllərindən Azərbaycan ərazisində yerli türkmənşəli etnoslar - mannalar, madaylar, kaslar, kaspilər, albanlar məskun idilər. Bununla da xalqımızın təşəkkülündə iştirak etmiş etnik komponentlərin etnik mənsubiyyətləri müəyyən edilmiş oldu və azərbaycanlıların orta əsrlərdə iranlılardan və dağıstanlılardan dönmə olması haqqındakı konsepsiyanın puçluğu üzə çıxdı».(6; 222) IV fəsil - Leksika: Atropatena xüsusi adları Antik müəlliflərin əsərlərində, ərəb mənbələrində xeyli Atropatena toponim, etnonim və antroponimləri mühafizə olunmuşdur. Yad dildə yazıya alınarkən təhrif olunmaqla yanaşı, uzunmüddətli inkişaf prosesində adların özləri də təbii dəyişikliyə uğramış, sözlərdə bir sıra səs əvəzlənmələri baş vermişdir. Məsələn, Strabonun yazdığına görə, Atropatena şahlarının Qazaka (yay iqamətgahı) və Vera (qış iqamətgahı) adlı iki paytaxt şəhəri olmuşdur. (8; 27) Vera şəhərinin adı Plutarxda Fraata, Dion Kassidə Praspa və yaxud Fraaspa, Ptolemeydə isə Fraspa şəklindədir. A.Fazili bu ad müxtəlifliyini nəzərdən keçirərək yazır: »Toponimik baxımdan Fraaspa, Praaspa eyni mənşəli adlardır. Veraya gəldikdə, o, yerləşdiyi ərazi nöqteyi-nəzərdən Fraata, yaxud Fraaspa ilə eyni sahədə yerləşirdi. Lakin formal olsa da, yuxarıdakı şəhər adları ilə eyni deyildir.» (30; 81) Sonra müəllif Veranın bugünkü adına keçərək göstərir ki, əl-Bəlazuri, ibn Fəqih və Yaqut Həməvi bu şəhərin adını Əfrahrud kimi qeyd etmişlər. Əfrahrud Marağa şəhəridir. (30; 81). Məşhur şərqşünas Minorski də Plutarxın Fraatasının, ərəb müəlliflərinin mə’lumat verdikləri Əfrahrudun eyni şəhər - müasir Marağa olduğunu qeyd etmişdir. Sözlərdəki fonetik dəyişiklik alimlərin qəti fikir yox, mülahizələr söyləməsinə səbəb olmuşdur. Vera/Fraata/Praspa/Fraaspa/Əfrahrud/Marağa sözlərinin samit kökünə diqqət yetirək: vr/fr/pr/fr/fr/mr. İkinci element - «r» səsi üç min il müddətində dəyişməmiş qalmışdır. İlk samitlər isə eyni yuvadan törəyən yaxın məxrəcli dodaq samitləridir - «p», «m» - qoşadodaq-kipləşən, «v», «f» sürtünən səslərdir və bunlar karlaşma, cingiltiləşmə istiqamətində asanlıqla bir-birinə keçə bilir. p >b, b>m, p >f, v >f keçidləri türk dillərinin və o cümlədən Azərbaycan dilinin tarixində fəal müşahidə edilən səs keçidlərindəndir. Ön sıra samitlərin bu cür keçidi dünya dillərində də geniş yayılmışdır. Dodaq samitləri içərisində ən güclüsü p samitidir. (31; 39) Şəhərin qədim adının Vera olması onun bizim təsəvvür etdiyimizdən çox-çox qədim olduğunu göstərir. »Çox qədim» olduğunu ona görə deyirik ki, sözdə ilkin kar samitin cingiltiləşməsi mümkün olmuşdur. Bu gün işlətdiyimiz Marağa sözü, ərəblərin işlətdiyi Əfrad sözü, Plutarxın dediyi Fraata, Dion Kassidəki Praaspa və Strabonun qeyd etdiyi Vera eyni sözlərdir. Q.Qeybullayev şəhərin adından danışarkən çayın adına keçərək yazmışdır: «Antik müəlliflər Atropatenada Fraata şəhərini qeyd edirlər (Plutarxda Fraata, Dion Kassidə Praaspa kimidir). Düzü Fraatadır, çünki çox sonra IX əsr ərəb müəllifi Bəlazuri bu adı Afrahrud kimi yazmışdır. Əslində, bu ad Fratay, dəqiqi Fraçaydır. Afrahrud - Fratay adının sonundakı tay (çay) sözü farsca rud - «çay» sözü ilə əvəz edilmişdir. Həmin çay indi Urmiya gölünə tökülən Sofiçaydır, qədim Fraata da bu çayın kənarında yerləşirdi. Deməli, Fraata (əsli Fraatay) «Fraaçay»dır; türk dillərində t - ç əvəzlənməsi vardır. Məsələn, tanq, həm də çanq - ‘dan yeri’ deməkdir». (100,139) Q.Qeybullayevin qənaətinə görə, Fraatay, əslində, Abratay (Abraçay) sözünün təhrifidir... Türkcə abra ‘xeyir verən’, ‘xidmət edən’ mə’nasındadır». (6; 216) Şəhərin adının çayın adından törədiyini qeyd edən müəllif Fraata sözünün sonundakı ta hissəsinin çay, su sözü olduğunu sübut etmək üçün bir sıra başqa faktlar da gətirərək yazmışdır: «Urmiya gölünə tökülən Tatayu (Həmdullah Qəzvininin əsərində Tatatu) və Çaqatu çaylarının adlarındakı «tu» komponenti türkcə «su» sözünün fonetik şəklidir. Məsələn, Çaqatu çayının adı qədim türkcə saq (türk dillərində s - ç əvəzlənməsinə görə çaq) - ‘təmiz’, ‘içmək üçün yararlı’ və ‘su’ sözlərindən ibarətdir. Qırğızıstanda tu - «çay», «su» sözü ilə düzəlmiş Marçatuu, Turuşkantuu və İrbis-tuu çay adları vardır».(6; 216) Y.Yusifov Fraasp sözünü nəzərdən keçirərək qeyd edir ki, qədim İran dillərində fra - ön şəkilçi olub, ‘qabaq’, ‘ön’, ‘irəli’ mə’nasında işlənmişdir; asp - ‘at’ deməkdir; söz bütövlükdə ‘öncül at’ mə’nasını verir. Fraat da həmin mə’nadadır.(2; 142) Bu fikrə əsasən düşünmək olur ki, qədim türk at sözü fars asp sözü ilə tarixən paralel işlənmiş, eyni söz iki dildə təşəkkül tapmışdır: Fraatay - Abraptay/Abraçay (‘xeyir verən su’); Fraaspa - (fars sözü asp ilə) ‘öncül at’; Fraat - (türk sözü at ilə) ‘öncül at’. Bu sözlərdə FRT səsləri var və bu səslər əsasdır, ilkindir Bu səslər Fərat çayının adını yada salır. Fərat böyük çaydır. İkiçayarasına yaxın ərazilərdə dünyaya göz açan insan ilk dəfə bu çayın böyüklüyünü, əzəmətini görmüş, Urmiya gölünə tökülən çayı da onun adı ilə adlandırmışdır (biz hər bir böyük su arxına Araz dediyimiz kimi). Fərat çayının şumer dilində qədim forması Burattu olmuşdur. Burattu sözündəki kök səslər - brt Fratay, Fraata sözlərində də qalmışdır. Bu sözdə at sözünü axtarmağın və çayı «öncül at» kimi təsəvvür etməyin düzgün olmadığını oxucu özü də fəhm edə bilər. Burattu sözünün tu hissəsi həqiqətən «su» sözüdür. Burattu sözündən tu hissəsini götürdükdə qalan hissə - Burat/Purat - «Fərat» yenə mürəkkəb söz olub pu-r-ut, pu-r-at hissələrinə ayrılır. Pur - ‘dolu’, ‘bol’, ‘böyük’, ‘geniş’, ut/tu - ‘su’ sözüdür. Sözün ilk hecasını təşkil edən pu (bu) sözü şumer dilində ‘bulaq’, ‘su’, ‘çay’ deməkdir. Çayın adı çox qədimdir və 6-cı minillikdə bu yerlərə gələn şumerlərə yerlilərdən miras hesab olunur. O qədər qədimdir ki, yenidən tu («su») sözü əlavə edilmişdir: Pu-r-ut-tu/Pu-r-at-tu. Beləliklə, söz bütövlükdə ‘dolu su’, ‘böyük su’ mə’nasını verir. Atropatena ərazisindəki Fraata şəhər adı, Fratay çay adı da buradan, bu sözdəndir. Fraata şəhərinin Fratay çayının üzərində olması göstərir ki, şəhərin adı çayın adındandır. Təkcə bir misal göstərir ki, türk formasını saxlamış xüsusi adlarla yanaşı, bu gün müasir tələffüz şəkli ilə zahirən ərəb və ya İran dil elementlərini xatırladan sözlərin də bir çoxu etimoloji kökünə görə türkmənşəli sözlərdir. Qədim türk toponim, etnonim və antroponimlərinin tədricən İran dillərinə məxsus sözlərin fonetik rənginə bürünməsi hakim dövlət dilinin yazı vərdişlərinin nəticəsidir. Həm də bu cür sözlər daha qədim sözlərdir; çox qədim olmaları hakim dilin fonetik sığallanmasına imkan yaratmış olsa da, düzgün etimoloji təhlil türklərin bu ərazilərdəki qədimliyini də üzə çıxarmış olur. Albaniya ilə müqayisədə Atropatena şəxs adlarından az nümunələr qalmışdır. Bu az nümunələr də aparıcı qüvvəni təmsil edən şəxslərin adlarının türkmənşəli olduğunu göstərir. Yarım əfsanəvi Turan hökmdarı Əfrasiab adı (e.ə.VII-VI əsrlər) bizə daha çox Firdovsinin «Şahnamə»sindən mə’lumdur. Sözün kökünü Q.Qeybullayev türkcə abra ‘xilaskar’, ‘xeyir verən’ sözü ilə əlaqələndirmişdir; qalan hissəni ‘bacarıqlı’, ‘mahir’, ‘fərasətli’ mə’nalarında əp/əb sözünə və -si şəkilçisinə ayırmışdır.(6; 213) FRSB samit tərkibi göstərir ki, bu söz də qədim şumer sözü Fraaspa ilə bir kökdəndir. Fraaspa sözünün ilk iki hecası Əfra(h)-rud) şəklinə düşdüyü kimi, sonrakı hecaları da tələffüz şəklinə görə iranlılaşmış və Əfrasiab şəklini almışdır. Atropatdan sonra nəzəri daha çox cəlb edən Atropatena çarı e.ə.III əsrin 20-ci illərində hökmranlıq etmiş Artabazan’dır. Q.Qeybullayev bu adın birinci komponentinin ‘şux’, ‘oynaq’, ‘gümrah’ mə’nasında türkcə arda, ikinci komponentinin isə mə’nası bilinməyən bazan sözündən ibarət olduğunu qeyd etmişdir. Müəllifin fikrincə, birinci komponent Artasirar, Artasar, Munsuarta, Artember kimi Midiya şəxs adlarında da işlənmişdir. Yunan dilində «c» səsi olmadığı üçün müəllif ikinci komponentdə bazan şəklində yazıya alınmış sözün əslinin ‘bacan’ olduğunu göstərərək sözü «Dədə Qorqud»da Bay-Bican, «Qurbani» dastanında Dəli Becan, Şimali Qafqazda türk bolqarların xanı Buzan adları ilə müqayisə etmişdir. (6; 213) M.Kaşğari barsğan adlı türk tayfasının olduğunu, eyni zamanda Barsğan sözünün insan və şəhər adı kimi işləndiyini qeyd etmişdir. (21;85) Güman etmək olar ki, r səsinin düşümü və s-z keçidi ilə bazan sözü bu sözdən yaranmışdır. Ariobarzan (əslən midiyalı olan Atropatena çarı, e.ə. I əsr) adının barzan şəklində olan ikinci hissəsinin Artabazan adının ikinci tərəfi ilə eyni hesab edilməsi də (6; 214) bu fikrə inamı artırır. Lakin başqa fikir də vardır. Bazan/barzan sözünün müqayisə edildiyi bican/becan sözü («Dədə Qorqud»da Baybican bəg) ‘biçən’ (‘kəsən’) mə’nasında biçənək-peçeneq tayfa adı ilə də əlaqələndirilir.(55;76-78) Ariobarzan antroponiminin ario şəklində olan birinci komponenti türkcə ‘igid’, ‘cəsur’, ‘döyüşçü’ mə’nalarında ər sözüdür. Qeydlər göstərir ki, Artabazan və Ariobarzan yaxın mə’nalı adlardır və hər ikisi türk mənşəlidir. Artavaz (Ariobarzanın oğlu, midiyalı, I əsrin əvvəlində Atropatena və Ermənistan çarı) antroponimi də bunlarla yaxın quruluşlu söz olub, türkcə arda (Artabazan adına bax) və bas/baş sözlərindən düzəlmişdir. (6; 214) E.ə.324-cü ildə İskəndərin ağalığına üsyan etmiş midiyalı şəxsin adı Arrian tərəfindən Bariaks şəklində xatırlanır. Sözün türkcə buy və arik, ariq sözlərindən düzəldiyi (sondakı s yunan elementidir) güman edilir, sabirlərdə Boyarik şəxs adı ilə müqayisə edilir. (6; 213) Q.Qeybullayev sözü buy və arik sözlərinə ayırsa da, mə’nasını izah etməmişdir. Bu şəkildə söz ‘arx suyu’, ‘çay’ mə’nasını verir. Ar-aks (Araz) sözünün sinonimi sayıla bilər. Orontobat (e.ə.IV əsrin sonlarında Atropatena hakimi) şəxs adının yunanca yazılışda təhrif olunduğu qeyd edilir. Alban çarı Oruzun adı Orod, Oront yazıldığı kimi, bu sözün də kökü oront şəklinə düşmüşdür. Türkcə orıs, orus və bat ‘mətin, möhkəm’ sözlərindən düzəldiyi göstərilir. (6; 213) Sonrakı dövrlərdə də Atropatena ərazisində hakim qüvvəni təmsil edən şəxslərin adları türkmənşəli adlardır. Bunların içərisində Cavidan, İmran, Babək, Tarxan kimi məşhur tarixi şəxslərin adları vardır və bu adların türkmənşəli olduğuna şübhə edilmir. Cavidan (Xürrəmilər hərəkatının başçısı) antroponimində ‘şan-şöhrət’ mə’nasında çav sözü aydın seçilir; (21; 142) -id qədim türkcə ‘göndərmək’, ‘buraxmaq’ mə’nasındadır (21; 217), -an mənsubluq və kəmiyyət bildirən şəkilçidir. Söz bütövlükdə ‘əbədi şöhrətə layiq görülmüş’ mə’nasında düşünülə bilər. İmran (Cavidanın əleyhdarının adı) antroponimi ilk nəzərdə ərəb sözü tə’siri bağışlayır, ona görə də «Dədə Qorqud»dakı Əmran adı bir çox hallarda Qur’andakı «İmran» surəsi ilə əlaqələndirilir. (55;89) V.V.Bartold «Dədə Qorqud»dakı bu sözü Amran, M.Ergin Emren, F.Zeynalov və S.Əlizadə Əmran şəklində oxumuşlar.(55;85) Deməli, sözdə tədricən ahəng qanunu pozulmuş və söz türk tələffüz formasını itirmişdir. Q.Qeybullayev türkcə əm ‘bacarıqlı’, ‘məharətli’ və ərən ‘igid’, ‘cəsur’ sözlərinə ayırmışdır. (6; 214) Mani şərəfinə qədim himnlərdə ‘sevmək’ mə’nasında amir sözü vardır. «Dədə Qorqud» boyları ərəblərin işğalçılıq hərəkatından çox-çox qədim olduğu üçün bu sözü türk amir sözü ilə -an şəkilçisinin birləşməsindən düzəlmiş ‘sevən’, ‘məhəbbət bəsləyən’ mə’nasında bir antroponim kimi də düşünmək olar. Babək (Xilafətə qarşı amansız mübarizə aparmış Azərbaycan sərkərdəsi) adı çox vaxt Sasanilər sülaləsindən Ərdəşir Papakan adına oxşadılır və farsca papak - ‘gözətçi’, ‘qoruyucu’ kimi izah edilir. Əslində, türk sözü olub baba sözünün nəvazişli forması sayılır. XVIII əsr mənbələrində başqırdlarda Babək adı çəkilir. Əzin (Ədin, Babəkin sərkərdələrindən birinin adı) antroponimi isə türkcə əsən/əzən - ‘sağlam’, ‘gümrah’ sözü ilə əlaqələndirilmiş və XII əsrdə Xaçın knyazı Əsən Calalın adı ilə eyni köklü olduğu qeyd edilmişdir. (6; 215) Tarxan (Babəkin sərkərdələrindən biri) adının türkcə olduğu isə hamıya mə’lumdur. Atropatena toponimlərinin bir qismində türk leksik elementləri uzun axtarış tələb etmir. Bir sıra sözlərin tərkibində qaş sözü aydın seçilməkdədir. Zəhrqaş (Afşinin səngər düzəltdiyi yerin adı) toponimi saqr - ‘dağ ətəyi’, ‘dağ burnu’ və qaş, Babaqış toponimi Baba və qaş sözlərindən düzəlmişdir: Ptolemeyin qeyd etdiyi Astabeke yaşayış məntəqəsi Cənubi Azərbaycandakı Üştibin kəndi ilə lokalizə edilir. Sözdə as ‘aşağı’ və - ‘tabe/təpə’ sözləri aydın seçilir - ‘aşağı təpə’ mə’nasında; sondakı -k səsi -lik şəkilçisinin qalığı ola bilər. (6; 216-217) Məşhur tarixi toponimlərimizdən biri Bəzz sözüdür. Sözdə son samit qoşalaşmışdır. Söz monqolca bays, buryatca bayts, türkcə bayz - ‘sıldırım qaya’, ‘dik qaya’, ‘dibindəki dar dərədə çay axan dağ’ mə’nalarında izah olunur.(6; 218) Bu sözün Naxçıvandakı Teyvaz, Zəngəzurda Leyvaz (Lehvaz) kənd adlarında, Osmanbazıdağ, Dostubazı təpə adlarında qaldığı da güman edilir.(6; 218) Qədim türk yazılı abidələrində baz/bəz sözünün ‘sülh’, ‘əmin-amanlıq’ ‘sakitlik’ mə’naları da vardır - baz qıl(maq) ‘sakitləşdirmək’, ‘yatırtmaq’, ‘səsini kəsmək’.(21;89) Qala bu simvolik adla da adlandırıla bilərdi. Babəkin axırıncı döyüşdən sonra gizləndiyi meşənin adı Top adlanır. Top - ‘sıx meşəlik’ deməkdir. Quran və Xoş toponimləri də Babək üsyanı ilə əlaqədar mühafizə olunmuş yer adlarıdır. Birinci söz Yaqut Həməvidə Kurran şəklindədir. Türkcə quryan, qoran - ‘düşərgə’ deməkdir; Xoş (koş) - sözü isə ‘çobanların yaylaq düşərgəsi’ mə’nasındadır. Xoş toponimi Ərdəbil yaxınlığında Koşa kəndi ilə lokallaşdırılır.(6; 217) Tarm - mahal adı türkcə tarim ‘çayın qollara ayrılan yeri’, ‘çay sahili’ mə’nasını verir. Orta Asiyadakı Tarim-Dərya, Təklə-Məkandakı Tarim, Tyan-Şandakı Tarim türk toponimləri sözün türk mənşəli olduğunu göstərir. (6; 219) Q.Qeybullayev bir sıra fakt və nümunələr əsasında araşdırmalarını ümumiləşdirərək yazır: «Yuxarıda deyilənlərdən görünür ki, Azərbaycan dilinin kökləri er.əv. I minilliyə - manna, maday, kas və alban dillərinə gedib çıxır. Bu etnosların dilləri Azərbaycan dilinin təməl layını, er.əv.VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmer, işkuz və sakların dilləri isə ikinci layını təşkil edir. Dilimizin birinci layının kökləri isə daha qədimlərlə - er.əvvəlki minilliklərdə Ön Asiya və Azərbaycan ərazisində yaşamış şumer, lulube, kuti, kas və b. etnoslarla bağlıdır». (6; 229) O, doğrudur ki, manna, mada, kas və alban tayfa dilləri yerli dillər olmaqla həqiqətən bilavasitə erkən feodalizm dövründə təşəkkül tapmış Azərbaycan xalq dilinin əsasında durur. Amma orası unudulur ki, VIII-VII əsrlərdə Azərbaycana miqrasiya edən kimmerlər, işkuzlar və saklar da bir vaxtlar Ön Asiyadan ayrılıb getmişlər və şumerlərlə, mannalılarla eyni kökdəndirlər. Müəllif türklərin Ön Asiya deyil, Altaymənşəli olduğunu bir qənaət kimi özündə sabitləşdirdiyi üçün yazır: «Hommelin şumerlərin Altaymənşəli olması fikrini (o, ilk dəfə şumer dilində dinqir, Ay «Ay allahı», dağ, qaya, üç və b. sözləri türkcə tenqri, Ay, dağ, qaya, üç sözləri ilə müqayisə etmişdi), bütün sə’ylərə baxmayaraq, təkzib etmək mümkün olmamışdır. Şumerlərin Altaymənşəli olması fərziyyəsini inkar edənlər, nədənsə, bir suala cavab vermirlər: çoxsaylı şumer-türk leksik uyğunluqları nə ilə əlaqədardır və nəyə görə başqa dil ailələri (məsələn, sami, Qafqaz, Hind-Avropa və b.) ilə yox, məhz türk dilləri ailəsi ilə uyğunluqlar bu qədər çoxdur? Ehtimal ki, hurri, het, elam, urartu və b. qədim şərq dillərindəki türkmənşəli sözlər (bax: 12) məhz bu qədim etnosların dillərindən alınmalardır».(6; 229) Bu suala cavab vermək üçün hər şeylə razılaşmaq olar, amma şumerlərin Altaymənşəli olması fərziyyəsi ilə yox. İnsanın Ön Asiyada təşəkkül tapdığı, ulu dilin protodillərə burada parçalandığı nəzərə alınmadığı üçün Altay nəzəriyyəsi meydana çıxmışdır. Şumer-türk əlaqələrinin zənginliyi isə şumerlərin Ön Asiyanın ilkin türk qollarından biri olması ilə bağlıdır və bu dildə danışanlar arattalılar, turikkilər, kutilər, lullular, kaslar və subirlərlə birlikdə türk xalqlarının əcdadları olmuşlar. Azərbaycan türk dilinin Azərbaycana gətirilmə olduğu barədə söhbətlər tarixi qəsdən və ya bilməyərəkdən təhrif etməkdir. Azərbaycan xalqının bugünkü dili Azərbaycan ərazisində yaşamış ən qədim aborigen əhalinin dilinin varisidir. Son beşminillikdə tarixin hər bir dövrünə aid tədqiqatsız türk mənşəyi ilə özünü nümayiş etdirən kifayət qədər dil faktları vardır. Bunlar xalqımızın türk əcdadlarının gəlmə olmadığını, antropoloji və milli-etik xüsusiyyətəri ilə Şumerdən bu tərəfə Azərbaycan əhalisinin Azərbaycan torpağı ilə bağlı olduğunu göstərən faktlardır. Amma biz bütün bunlarla yanaşı, Q.Qeybullayev yaradıcılığında mühüm bir məsələni xüsusi qeyd etməliyik: Q.Qeybullayev Azərbaycan ərazisində yaşamış ən qədim etnosların eyni adlı bölümlərini Xəzərdən Altaya qədər uzanan Orta və Mərkəzi Asiya ərazilərində meydana çıxarmaqla misilsiz yaradıcılıq işi görmüşdür. Bunlar bir dəlil, tutarlı bir sübut kimi Azərbaycan etnoslarının türk mənşəyinə şübhə yeri qoymur. Q.Qeybullayevin araşdırmaları vətənpərvərlik, insanpərvərlik nümunəsidir və düzgün istiqamətdə olmuşdur. Yeganə səhvi insanın mənşəyini Ön Asiyada görə bilməməsi, miqrasiyaların buradan başladığını fəhm etməməsi, kökü görməməsidir. Ocaq Ön Asiyadır, kök dilin parçalanması və mezolit miqrasiyaları buradan başlamışdır. Şərqdə Altaya, qərbdə Atlantik okeanına qədər səpələnmiş türklər Ön Asiya türklərinin qohumlarıdır, Azərbaycan ərazisində və Mərkəzi Asiyada tayfaların və tayfa adlarının uyğunluğu səbəblərini yerli tayfaların burada bölünüb-parçalanması, ekvatorboyu sağa-sola hərəkəti ilə əlaqəli düşünmək lazımdır, Mərkəzi Asiyada bölünüb Azərbaycan ərazisinə gələnlər çox sonrakı əks miqrasiyalardır. Məsələyə bu yöndən baxışı Q.Qeybullayev özü də dolayı yolla təsdiq etmişdir: «Azərbaycan dilinin oğuz dillər qrupuna məxsus xüsusiyyətlərinin üstünlük təşkil etməsi oğuzların ulu əcdadlarının Ön Asiya və Azərbaycan ərazisindəki qədim etnoslarla mənşə birliyini göstərən fakt kimi nəzərə alınmalıdır. Məsələn, müasir xakasların və uyğurların qədim etnik adları kasdır. Xakaslar və uyğurlar isə mənşəcə oğuzlar ilə bağlı xalqlar sayılır. Belə olduqda Azərbaycan dilində oğuz dilləri üçün səciyyəvi xüsusiyyətlər Azərbaycanda er. əv. II minillikdən mə’lum olan kasların dilində də ola bilərdi».(6; 232) Ulu dilin Ön Asiyada parçalanması və ilkin miqrasiyaların buradan başlaması arxeoloji materiallarla da təsdiq olunur. Bu konsepsiyanın arxeoloji materiallarla təsdiqi kutilərin, lulluların, turukkilərin, subirlərin, kasların, mannaların, madayların, Albaniya və Atropatena əhalisinin türkdilli olduqlarına şübhə yeri qoymur. Qədim Azərbaycan əhalisi arasında çoxallahlılıq yayılmışdı. Əhali oda, suya, müxtəlif bütlərə, səma cisimlərinə sitayiş edirdi. Oda sitayiş daha geniş yayılmışdı. Atəşpərəstlər odu müqəddəs hesab edirdilər. Oda xidmət edən kahinlər antik qaynaqlarda mağ adlanırdı. Mağ/muğ tayfaları Azərbaycanın yerli sakinləri idilər. Sonralar mağ kahinləri Zərdüşt ayinini təbliğ etməyə başlamış və təqribən e.ə. VI əsrdən atəşpərəstlik ayinlərini də zərdüştiliyə daxil etmişlər. Qeyd etdiyimiz kimi, zərdüşti mağlar İran qəbilələrindən deyildi, onlar Azərbaycan ərazisində çox qədimdən məskunlaşmış türk tayfalarından idi. Zərdüştilik tə’limi təkallahlılığa əsaslanır, xeyir allahı Ahuramazdaya (Hörmüzdə) sitayiş edirdilər. Ahuramazdanı müqəddəs od təmsil edirdi. Zərdüştiliyin dini kitabı «Avesta»nın dövrünü təqribən e.ə. 660-cı ilə aid edirlər.» Belə bir nəticəyə gəlmək olur ki, bu kitab hindlilərin «Rikveda» və yəhudilərin «Tovrat»ından sonra dünyanın ən qədim kitabıdır... Lakin Avestanın bir hissəsi olan «Qat»ların dövrünü ondan bir neçə yüz il əvvələ aid edirlər». (30; 180) Avesta İskəndər tərəfindən yandırılmış, sonralar Atropatena ərazisində Sasanilər dövründə yenidən yazıya alınmışdır. Əsər İran dil qruplarından birində yazılmışdır, 1000 fəsil və yaxud 21 cilddən ibarət imiş. Sasanilər dövründə yazıya alınarkən 348 fəsildən ibarət olub, əvvəlki 345700 kəlmədən 83 mini qalmış imiş. Albaniya ərazisində də atəşpərəstlik məbədlərinə kahinlər rəhbərlik edirdilər. Strabonun yazdığı kimi, orada hökmdardan sonra ən hörmətli adam kahin idi. Eramızın I əsrindən xristinalığın Azərbaycanda təbliği başlansa da, Azərbaycan əhalisi öz köhnə dinlərini saxlayırdı. Yalnız V əsrin sonu, VI əsrin əvvəllərində xristianlıq Albaniya ərazisində özünü bir qədər göstərirdi və ərəblərin gəlişinə qədər yalnız Arsax ərazisində yayıla bilmişdi. Ərəblərin VII əsrin 30-cu illərindən başlayan işğalı xristian təbliğatını dayandırdı. Albaniya və Azərbaycan əhalisi islam dinini qəbul etməli oldu. Beləliklə, e.ə. birinci minilliyin ortalarından şimallı-cənublu ölkəmizin ərazisindəki etnoslar bir xalq kimi təşəkkül yoluna düşmüş və Parfiya dövləti (e.ə.250 - e. 224) tərkibində bu proses güclənmişdir: »...erkən orta əsrlərdə Şimali Azərbaycanın da ərazisi Adərbayqan (Aturpatakan) anlayışı altında birləşdirilirdi». (2; 215) Türk tarixi və dilinin görkəmli tədqiqatçılarının (L.N.Qumilyov, T.İ.Hacıyev və b.) fikrincə, türkmənlərin babası olan parfiyalılar da türk idilər. (42; 11) Pompey Troqun (e.ə. I əsrin sonu, eramızın I əsri) əsərlərinin 41-ci kitabında deyilir ki, «Parflar... skif sürgünləri idilər... Onların dili - skiflərlə midiyalıların dili arasında orta bir mövqe tuturdu, bunun və ya digərinin qarışığından ibarət idi». (46; 53) Şübhəsiz, bu cəhət Azərbaycan əhalisinin, Azərbaycan dilinin konsolidasiyasını sür’ətləndirirdi. Azərbaycanın hakim sülalələrindən olan Mehranilər parfiyalıların nəslindən idilər. IV fəsil - Erkən orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü Bir sıra alimlərin fikrinə görə, türkün beşiyi Altay olmuş, eramızın əvvəllərindən başlayaraq, onlar şərqə, qərbə, şimala və cənuba oradan yayılmışlar. Bu cür alimlərin tipik nümayəndəsi kimi, Murad Aci yazır: »...Gün gəldi ki, Altayda sıxlıq yarandı: Hədsiz əhali yaşayırdı orada, torpaq hamını yedirdə bilmirdi. Uzaqlara nəzər salmağı tələb edən çətin anlar başladı. Altaydan yol dünyanın dörd tərəfinə aparırdı. Hansı ilə getmək? Hansını seçmək? Altay I əsrdə əcdadlar üçün bütöv bir dünya idi. Bu həm Vətən idi, həm Cənubi Sibir dağları idi, həm də Baykal (Bay-kul)... Altayı həm də «Tenqri-tau» (türkcə «Tanrı dağı»), yaxud «Edem» («Uluların torpağı») adlandırırdılar. Türklər buradan dünyaya ilk addımlarını atdılar, buradan bizim coğrafiyanın axın nöqtəsi başlandı».(35; 19) Bu fikir müəyyən bir cəhətə görə doğru olsa da, bütövlükdə son dərəcə bəsit və ibtidai olub, bəşərin inkişaf yolunu nəzərə almır. Murad Acinin dediklərindən belə çıxır ki, türklər eramızın I əsrinə qədər bir tayfa kimi Altayda yuva salmış, onların ilkin beşiyi Altay olmuşdur. Tədricən burada artıb-çoxalmış və öz beşiklərinin dar olduğunu, beşiklərinə sığmadıqlarını hiss edərək eramızın I əsrindən buradan Yer üzünə yayılmışlar. «Adətən, türk dillərinin Ural-Altay dil ailəsinə, yə’ni uqor-fin və monqol-mancur kök dillərinə yaxın olduğunu söyləyirdilər. Sonra türk dillərini Altay dil ailəsinə aid edib türkləri Altaydan çıxma hesab etdilər. Lakin tədqiqatçılar türk-Altay dil qohumluğunu sübuta yetirməmiş, oxşar leksikanın ünsiyyət vasitəsilə mənimsənildiyini söyləmişlər».(2; 232) Türk və Altay dillərində oxşar leksikanın kontakt yolu ilə mənimsənilməsi fikri elmi baxımdan yanlış olsa da, mövcud mülahizənin - «Altaydan çıxma» konsepsiyasının düzgün olmadığını göstərdi. Bu sonrakı mənbədə yenə oxuyuruq: «Prototürklərin bir qismi e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlində şumerlərlə yaxın ünsiyyətə girmiş və şumer dilinə tə’sir göstərmişdir. İlk şumerlər Azərbaycan əhalisi (Aratta «dağ» sözünü işlədən etnoslar) ilə siyasi, iqtisadi və mədəni əlaqələr yaratmışlar. E.ə. III-II minilliklər ən qədim türk tayfalarının geniş ərazidə yayılması dövrü hesab oluna bilər. E.ə. III-I minilliklərdə Azərbaycanda artıq türk etnosları yaşayırdı. Bu dövrdə Azərbaycan ərazisində türk etnoslarının dilinə məxsus toponimlər (yer adları) və şəxs adları meydana gəlmişdi. Bu onu göstərir ki, qədim Azərbaycanda prototürk etnosları yaşamış və ümumtürk leksikası əsasında antroponim və toponimlər meydana gəlmişdir». (2; 232) Türk etnoslarının Azərbaycan ərazisində - şumerlərin qonşuluğunda yaşaması zəngin toponim və antroponimlər əsasında bir fakt kimi təsdiq olunur. Lakin onların dili ilə şumerlərin dili arasındakı yaxınlığın kontaktla əlaqələndirilməsi fikri dilçilik tədqiqatının indiki mərhələsində artıq öz əhəmiyyətini itirmişdir: fonetik, leksik və qrammatik faktorlar göstərir ki, bunlar (şumer və türk əlaqələri) kontakt nəticəsi deyil, qohumluq əlaqələridir. Türk etnoslarının hindavropalılarla kontakt-ünsiyyətdə olmaları əsasında türk leksikasının həmin dillərdə iz buraxmasına gəldikdə, bu məsələ daha əsaslı şəkildə başqa cür izah olunur. Təbii ki, bu dillər arasında kontakt nəticəsində meydana çıxan sözlər də vardı, lakin bunlar sistem şəklində kök dildən, ulu dildən gələn və dünya dillərinin mənşə birliyindən doğan vasitələr olmuşdur. Türklərin Azərbaycan ərazisində - Şumerlərin qonşuluğunda yaşaması, e.ə.III-II minilliklərdə Azərbaycan ərazisində toponim, etnonim və antroponimlərdə geniş iz qoyması «Altaydan çıxma» nəzəriyyəsini əsaslı şəkildə təkzib edir. Hələ hunlardan çox əvvəl türk tayfalarının Azərbaycan ərazilərinə axını olmuşdur (e.ə.VIII-VII əsrlər). Şərqdən qərbə qeydə alınmış ilk böyük türk axını kimmer-skit-sak tayfalarının axınıdır. Türkləri Azərbaycan ərazisində şumerlərin yaşıdı sayanlar çoxdur. Bizim fikrimiz isə başqadır: insandan türk qolu Ön Asiyada ayrılmışdır. Bunlar «Altaydan çıxma» nəzəriyyəsinin heç bir əsası olmadığını göstərir. Manna və Madanın türk mənşəli aborigen əhalisi haqqında söhbət daha əsaslı və daha maraqlıdır. Altayda hələ şərqə, qərbə miqrasiya başlamamış, şumerlərin qonşuluğunda bu türklər haradandır? E.ə.III minillikdə İtaliyanın şimalında minillik çarlıq yaratmış etrusklar - tursakalar o yerlərə haradan gəlmişlər? Üzdən baxanda bunlar çox müəmmalıdır. Lakin tarixi öyrənib, tarixin hifz etdiyi materialları düzgün və qərəzsiz nəzərdən keçirdikdə həqiqəti anlamaq heç bir çətinlik törətmir. Strabon bir sıra qədim türk tayfaları, o cümlədən qarqarlar haqqında yazır: «...amazonkalar Qafqaz dağlarının Keravi adlanan şimal ətəklərində qarqarlarla qonşuluqda yaşayırlar». (36; 19) Strabonun bu mə’lumatı göstərir ki, qarqarlar Aranın qədim tayfalarındandır. Ctrabon kimi, Böyük Plini də (23; 79) qədim Azərbaycan ərazisində yaşayan türklər haqqında mə’lumat vermişdir. Herodotda yirk və türreket (Strabonda ürk) adlanan etnoslar Plinidə və Pomponi Melada (e.ə. I əsr) türklər (Turcae) kimi (c = k) yad edilir.(8; 86,121) Bu mə’lumat Dionisi Periegetin aşağıdakı sözləri ilə aydın şəkildə səsləşir: «Kaspi dənizi mənsəbinə yaxın skiflər, sonra hunlar, onlardan sonra kaspilər, daha sonra isə döyüşkən albanlar və kadusilər... yerləşmişdir». (56; 185-186) Burada qeyd edilən tayfaların hamısı türkdilli olmuşdur. Bunlar hamısı Altayda qeyd edilən «sıxlıq»dan çox-çox əvvələ aiddir. Yer üzündəki ilk kök dilin müxtəlif ləhcələrə, dialektlərə parçalanmasını, indiki dil ailələri üçün protodillərin yaranmasını alimlər 14 min il əvvələ (e.ə.XII minilliyə) aid edirlər. Heç şübhəsiz, insanın harada meydana çıxdığını, ulu dilin harada təşəkkül tapdığını və harada dialekt parçalanmalarının baş verdiyini - protodillərin yarandığını nəzərə almadan bir sıra problemləri, o cümlədən türklərin ilkin beşiyi və ilkin miqrasiyalarının istiqaməti problemlərini düzgün həll etmək qeyri-mümkündür. Tədqiqatçılar ona görə yanlış mülahizələr söyləmişlər ki, daim əvvəldən yox, ortadan başlamışlar. Buna görə də Altayda türklər artıb-çoxalıb böyük Mərkəzi Asiyanı bürüdüyü dövrdən neçə min il əvvəl Ön Asiyanın artıq türk məskəni olduğunu nəzərə almamışlar. Son məqamda müasir insan tipinin təşəkkül məkanı bütöv Yer kürəsi və ya Yer kürəsinin əksər əraziləri deyil, konkret bir ərazisidir: Avropanın cənubu, Asiyanın cənub-qərbi, Afrikanın şimalı (1-ci fəslə bax). Ümumiləşmiş şəkildə desək, Ön Asiya. Ulu dilin təşəkkülü və ilkin dialekt parçalanması da bu əraziyə məxsusdur. Bütün ilkin miqrasiyalar buradan başlamışdır. Miqrasiyaların mezolitdə (e.ə.VIII-VII minilliklər) daha geniş vüs’ət aldığı da mə’lumdur. Bunlar - elmi şəkildə sübut olunmuş bu müddəalar göstərir ki, türklərin Altayda artıb-çoxalıb qərbə hərəkət etməsi çox sonrakı hadisələrdəndir və Altay türklərin ilkin beşiyi deyil, sonrakı əlverişli beşiklərindən biridir. Bütün dil ailələrinin ilkin strukturu Ön Asiyada təşəkkül tapmışdır. Bu müddəa bir sıra prinsipial məsələlərə aydınlıq gətirir. Deməli, Azərbaycan ərazisi əksər tarixçi və dilçilərimizin cəsarət edib dediyi e.ə.III minillikdən deyil, daha qədim dövrlərdən türklərin beşiyidir. İlk və böyük sivilizasiyanın müəllifləri olan şumerlər VI minilliyin ortalarında Azərbaycan ərazisindən İkiçayarasına enmiş və daim Azərbaycanla əlaqə saxlamışlar. Deməli, hindavropalıların qısqanclığına baxmayaraq, e’tiraf edilməlidir ki, şumerlər ilkin türklərdəndir və şumer-türk əlaqələri kontakt yox, protodil birliyinə əsaslanan qohumluqdur. Akkadların sıxışdırmasından sonra şumerlərin mühüm bir qisminin yenidən öz dağ ərazilərinə - Azərbaycan torpaqlarına qayıtması ilə şərtlənən varislikdir. İnsanın ilkin beşiyini, ulu dilin təşəkkül məkanını və dialekt parçalanmasını nəzərə almayan bir çox alimlər də tarixdən aldıqları sövqi-təbii təəssürat əsasında düzgün fikir söyləmişlər. Məsələn, MEA-nın müxbir üzvü M.İsmayıl göstərir ki, «...türkdilli soyların ulu nəsillərinin ilk məskəni Ön Asiya olmuş, orada, onun qərb torpaqlarında məskun olan şumerlərlə qonşu olmuşlar. ...Sonrakı yüzilliklərdə Ön Asiyada yaşamış bir çox soylar, xüsusən türkdillilər şərqə, Orta Asiya torpaqlarına hərəkət etmiş, bir neçə yüzillikdən sonra isə onların əks miqrasiya prosesi başlamış, onlar yenidən Yaxın və Ön Asiyaya, həmçinin Azərbaycan torpaqlarına gəlmişlər». (5; 72-73) Bu fikrin doğruluğu üçün «yüzilliklər»i «minilliklər»lə əvəz etmək kifayətdir. Beləliklə, çox qədim dövrlərdən Azərbaycanın yerli əhalisi türklərdən ibarət olmuşdur. Qərbdən (Ön Asiyadan) şərqə ən qədim miqrasiyalar unudulmuş, yaxın minilliklərdə türklərin şərqdən qərbə bir neçə axını qeydə alınmış və daha qədim dövrlərə nəzər salınmadığı üçün yanlış nəticələr çıxarılmışdır. «Xalqların böyük köçü»nə səbəb olmuş Hunların şərqdən qərbə axını tarixdə çox sonrakı hadisədir və elə güclü iz buraxmışdır ki, bir çox alimlər xalqların Yer üzünün müəyyən ərazilərində əbədi məskunlaşmasını hunların həmin axını ilə əlaqələndirmişlər. Şübhəsiz, hunların qərbə hərəkəti güclü türk dalğalarından biri olmuşdur. Lakin onun da tarixini eramızın əvvəlindən başlamaqla məhdudlaşdırmış olurlar. Qaynaqlarda hələ eradan dörd əsr əvvəl İskəndərin ağ hunları qarqarlarla birlikdə Albaniya ərazisinə köçürməsi barədə rəvayətlər qalmışdır. Y.B.Yusifovun fikrincə, türklərin Yer üzərində geniş yayılma dövrü çox qədimdir və e.ə. III-II minilliklərə aiddir: «E.ə.III-II minilliklər ən qədim türk tayfalarının geniş ərazidə yayılması dövrü hesab oluna bilər». (2; 232) Ola bilər ki, arxeoloji materiallar burada göstərilən dövrə aid miqrasiyaları təsdiq edir, lakin bu, mezolit miqrasiyalarını inkar edə bilməz. Yer üzündə müasir insan tipinin yayılması 14 min il əvvəldən başladığı üçün güclü qol olan türklərin hərəkatını 4-5 min il əvvələ aid etməklə məhdudlaşdırmaq olmaz. Lakin Y.B.Yusifovun həmin qeydləri də Azərbaycan ərazisində türklərin tarixini hunlardan üç min il əvvələ aparır və bir sıra nəticələrə gəlməyə səbəb olur: 1) türklərin ən qədim (ilkin) məskənləri Altay deyil, Ön Asiyadır; 2) ilk miqrasiyalar şərqdən qərbə deyil, qərbdən şərqə olmuşdur; 3) türklər Azərbaycanın ən qədim və əzəli sakinləri olmuşlar. Beləliklə, Azərbaycan ərazisində yaşayan aborigen əhalinin dili ən qədim dövrlərdən iltisaqi türk dil quruluşu istiqamətində inkişaf prosesi keçirmişdir. E.ə.VIII-VII əsrlərdə kimmer-skit-sak tayfalarının gəlişi qohum əhalini daha da gücləndirmişdir. Böyük və güclü bir dalğa isə hunlarla bağlıdır. Lakin hun tayfalarının gəlişi konkret bir zamanla bağlı olmayıb, eradan əvvəl başlamış, V əsrin sonlarınadək güclü olmuş, sonralar da davam etmişdir. Bu cür düşüncələrlə Azərbaycan ərazisində qədim türk varlığını gəlmələri də nəzərə almaqla aşağıdakı kimi ümumiləşdirmək olar: 1.Kuti, lullubi, turukki, su, kas, uti, mağ, alban, qarqar və b. türk etnoslarının cəmləşdiyi Manna, Maday, Atropatena və Albaniyanın qədim yerli tayfaları; 2.E.ə.VIII-VII əsrlərdə geri qayıdan kimmer, skif, sak tayfaları; 3.E.ə. I minilliyin sonu, e.I minilliyində (daha çox I yarısı) Qafqazın şimalından və qismən İranın şərqindən keçib gələn hunlar, kanqarlar, peçeneqlər, qıpçaqlar, bolqarlar, savarlar, oranlar, çollar, qərbi türk xaqanlığı tayfaları, xəzərlər və başqaları; 4.XI-XIII əsrlərdə şərqdən gələn səlcuq oğuzları, şimaldan gələn qıpçaqlar. Bu qeydlərdən sonra bizi daha çox maraqlandıran Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinə keçək. Etnogenez və di limizin mənşəyi məsələsi hazırkı dövrdə mürtəce konsepsiyanın üstün mövqeyi, həqiqi elmi konsepsiyanın küncə qısılmış vəziyyəti ilə son dərəcə mürəkkəbləşdirilmişdir. Xalqın etnik tarixi yanlış və zərərli bir konsepsiya əsasında izah edilir. Bu konsepsiya artıq özünün qeyri-elmiliyi, mürtəceliyi ilə əksər tədqiqatçıların diqqətini çəkməkdədir. (bax: 59) N.Cəfərov konkret bir nümunə gətirərək bu konsepsiyanı ustalıqla ifşa etmişdir. Müəllif akademik «Azərbaycan tarixi»nin 1-ci cildində (1998) Azərbaycan xalqının etnik tərkibi, dilinin mənşəyi və inkişaf yolu barədə əvvəlki fəsildə tənqidi şəkildə nəzərdən keçirdiyimiz bir fikrin mürtəce mahiyyətini düzgün duymuşdur: «Azərbaycan xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz Albaniyasında məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları - mannalılar, kaspilər, Atropatena madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol oynamışlar. Azərbaycan xalqının, dilinin formalaşması etnogenezin son mərhələsində - orta əsrlərdə davam etmişdir». (1; 34) N.Cəfərov bu sitatı verərək yazır: «Göründüyü kimi, bu «konsepsiya» Azərbaycan xalqının mənşəyi barədə hər cür volyuntarist nəzəriyyənin ortaya çıxması üçün münbit metodoloji şərait yaradır. Və bu «konsepsiya» yalnız səhv deyil, həm də mürtəcedir, xalqa öz keçmişini, etnik mənşəyini unutdurmaq «ehtiyac»ından irəli gəlmişdir». (44; 16) Akademik nəşrin tənqidinə həsr etdiyimiz silsilə məqalələrdə birinci cilddə Azərbaycan etnogenezinə yanlış və qeyri-elmi, zərərli mövqeyə kəskin münasibətimizi bildirmişik. (bax: 59) N.Cəfərovun münasibətində bizə xoş gələn odur ki, reallıq getdikcə dərk olunmaqdadır. Çünki bu, son dərəcə ciddi məsələdir - «Xalqa öz tarixini unutdurmaq ehtiyacı» başqa şəkildə deyilmiş olsa, əslində, düşmənçilikdir. Söhbət etnogenezdən gedir. «Tarixçi» adlananın əksinə olaraq, xalqın dilini, mədəniyyət və sosial tarixini heç bir mənafe güdmədən düzgün düşünən dilçi yazır: «III-V əsrlərdə Azərbaycan dili formalaşır, - bu proses türk tayfa dillərinin (birinci növbədə folklor dilinin) mərkəzləşməsi hesabına gedir; VII, XI əsrlərdə Azərbaycana gələn türk tayfaları artıq müxtəlif tayfalarla (yaxud tayfa birlikləri ilə) deyil, müəyyənləşmiş xalq mövcudluğu (və onun dili) ilə qarşılaşır - gəlmə mədəniyyətin qohum yerli mədəniyyətlə ehtivası tədricən gedir». (44; 16-17) Burada da fikir aydın söylənmişdir: III-V əsrlərdə Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili formalaşmışdır. Və yenə çox aydın deyilmişdir: bu dövrdən, yə’ni V əsrdən sonra gələn türklər Azərbaycan ərazisində tayfalarla və ya tayfa dilləri ilə deyil, hazır xalqla və onun artıq təşəkkül tapmış dili ilə qarşılaşmışlar. Və buradan o da hasil olur ki, XI-XIII əsrlərdə gələn səlcuq oğuzları Azərbaycanda Azərbaycan dili formalaşdırmayıb. Onlar gələndə artıq bu xalq və onun dili vardı. Onlar yalnız bu hazıra havadar ola bilərdilər. Və bəlkə buna heç ehtiyac da yox idi. Beləliklə, bu fikir XI-XIII əsrlərdə gələn səlcuqlar tərəfindən Azərbaycan dilinin formalaşdırılması barədə kökündən yanlış olan zərərli konsepsiyanın put ağacını dartıb qoparmış olur. Bu fikir təzə deyil. 60-cılar hərəkatının nümayəndələri bu cür düşünmüş və bu cür yazmışlar. Biz də daim bu fikirdə olmuşuq. (57,155; 58, 298; 59 və s.) N.Cəfərov da son vaxtlar belə bir qənaətə gəlmişdir. Şübhəsiz, tədricən həqiqət öz yerini tapmaqdadır. Lakin bu nöqtədə başqa çox mühüm bir məsələ də vardır. Məsələ burasındadır ki, bir qədər uzağa gedən dilçilərimiz Azərbaycanda türklərin görünməsini hunlarla (və ya hunlardan qabaq nəzəri cəlb etməyən türk tayfaları ilə) - I-V əsrlərdə hunların gəlişi ilə əlaqələndirir və III-V əsrlər arasında türk mənşəli ümumxalq dilinin təşəkkülünü qeyd edirlər. Təşəkkül dövrü doğrudur, lakin təbii ki, iki-üç əsrin müddətində gəlmə türklər aborigenləri türkləşdirib yeni dil yarada bilməzdilər. Əgər hun-qıpçaqların gəlişini I əsrdən deyil, lap e.ə.III-II əsrlərdən götürsək belə, bu, mümkün deyildi. Bu, bir də onunla ağla batmır ki, dilimizdə substrat əlamətləri də yoxdur. Bütün bunlar məntiqi şəkildə göstərir ki, türk mənşəli ümumxalq Azərbaycan dili gəlmə hun-qıpçaqların məhsulu deyil, çox qədimdən bu ərazidə sakin olan yerli türk tayfalarının hesabınadır və hun-qıpçaqlar onlara yalnız qüvvə vermişlər. Bunun izahı üçün mətləbdən kənara çıxmaq lazım gəlmir. Çünki biz əsər boyu bu prosesin izahı ilə məşğul olmuşuq. İndi təsəvvür üçün bir qədər də aborigen türklərə gələn yeni qüvvələri nəzərdən keçirməliyik. Bu prosesdə yenə əks konsepsiyanın bəsit düşüncələri ilə qarşılaşmalı olacağıq. Amerika alimi P.Qolden 1980-ci ildə Vaşinqtonda çap etdirdiyi «Türk xalqları və Qafqaz» məqaləsində hun tayfalarının 363, 370, 395-ci illərdə Azərbaycana gəldiyini qeyd etmişdir. Ə.S.Sumbatzadə bunu Azərbaycana türklərin ümumən ilk gəlişi kimi qiymətləndirərək qeyd edir ki, bu, «...tarix elmində türkdilli qəbilələrin Azərbaycana ilk gəlişi barədə qəbul edilmiş fikrə bütövlükdə uyğundur».(10; 81) Bu konsepsiyanın tərəfdarları Azərbaycanda aborigen türk təsəvvür etmir, türklərin Azərbaycanda ilk görünmə tarixini isə bu vaxtdan qəbul edirlər. Yuxarıdakı sözləri bəlkə də təsadüfi saymaq olardı, lakin müəllif bir qədər sonra fikrini bir az da qətiləşdirərək yazmışdır: «Belə hesab etmək tam təbiidir ki, Azərbaycana şimaldan daxil olmuş ilk türkdilli tayfalar olan hunlar eyni zamanda burada türk dilinin əsasını qoymuş ilk etnoslar idilər». (10; 82) Bu cür fikirlərlə tanış olduqca tarixçinin öz xalqının tarixinə nə qədər bəsit yanaşdığına, faktları təhrif edərək düşmən dəyirmanını nə qədər sür’ətlə işlətdiyinə təəccüb etməmək olmur. Biz köklü qədim tayfaları, e.ə.VIII-VII əsrlərdə gələn kimmer, skif, sak tayfalarını nəzərə almadan hunların özlərinin də bu qeyd edilən tarixdən çox-çox əvvəl Azərbaycanda olduğunu əvvəlki bölmələrdə qeyd etmişik. Hunların Albaniya ərazisində olması haqqında ilk mə’lumatı Perieget (II əsr) və Ptolemey (II əsr) vermişdir. Bə’zi tarixçilər onların daha əvvəllər gəlmiş olduqlarını söyləmişlər. İndi onları bir daha təkrar etmədən irəli getmək istərdik. 452-ci ildə Roma şəhəri Hun imperatoru Attiladan asılı vəziyyətə düşür. Hunların tərkibində oğuzların Azərbaycana kütləvi axını da bu dövrə aiddir. V əsr erməni qaynaqlarının mə’lumatına görə, bu vaxt kəngərlər Naxçıvan və Ermənistan zonasında böyük bir ərazini tutaraq «Kəngərlər vilayəti» (qavarn Kanqaras) yaratmışdılar. (13; 19) Suriya tarixçisi Zaxariya Mitilenskinin mə’lumatına görə, 490-515-ci illərdə Dərbənd yaxınlığında savarlar, avarlar, xəzərlər, bulqarlar və başqalarından ibarət 13 türk tayfası yerləşmişdi və bunların bir çoxu hunların ardınca Azərbaycana daxil olur, orada məskən salırdılar. (37; 16) Bizans tarixçiləri və gürcü salnamələri xəbər verir ki, 576-cı ildə Gəncə vilayətində böyük hun-sabir kütləsi yerləşdirilmiş və beləliklə, Arazla Kür arası hun ölkəsinə çevrilmişdi. Ərəb müəllifləri bunları ‘tarxanlar’ adlandırırdılar. V əsrdə türk adı ilə böyük bir hun tayfası Muğanda yerləşmişdi.. VII əsrə qədər hun adı ilə Azərbaycana gələnlər savar, onoqur, bulqar, abar/avar, xəzər, siruqur, baqrasik, kulas, abdel, eftalit və b.-dan ibarət idi.(10; 87) İbn Asam əl-Kufinin mə’lumatına görə, Araz vadisində, Beyləqan və Varsana zonalarında türk dili geniş yayılmışdı. (38; 179-181) Əvvəllər türkləşmə prosesinə mane olmağa çalışan ərəblər sonralar özləri türklərin arasında assimilyasiyaya uğrayır. Bütün bunları ümumiləşdirərək Z.Bünyadov yazmışdır: «Beləliklə, Azərbaycanın və Aranın türkləşməsi ərəblərin siyasi arenaya çıxmasından çox-çox əvvəl Sasani imperiyası tərkibində başlamışdı. Ərəblərin Azərbaycanda görünməsi və müstəmləkəçiliyi əvvəllər bu prosesi ləngidirdi, lakin tezliklə ərəblərin türklər tərəfindən assimilyasiyaya uğradılması onu sür’ətləndirdi və hər hansı yüz ildən sonra o, geniş vüs’ət aldı». (38; 182) Z.Bünyadov yenə yazır: «Bir sıra tədqiqatçıların etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Azərbaycan ərazisinə türkləri gəlmə, yad xalq hesab etmək də inandırıcı deyil, çünki bu halda böyük kompakt yerli türk tayfa təşkilatları inkar edilmiş olur». (38; 179) Z.Bünyadov VII-IX əsrlərlə məşğul olmuş və həqiqət naminə türk tayfalarının Azərbaycanda bu dövrdən çox-çox əvvəl geniş vüs’ət aldığını e’tiraf etmişdir. Aborigen qədim türk tayfalarının varlığını qəbul etsə də, şumerlərin yaşıdı olan daha qədim aborigen türkləri görə bilməmişdir. Erkən orta əsrlərdə türk tayfaları ümumi «hun» adı ilə tanınmışlar. VI əsrin ortalarından «türk» adı ümumiləşdirici ad-etnonim kimi işlənməyə başlamışdır: Göytürk xaqanlığı «türk» sözünü ilk dəfə rəsmi dövlət adı olaraq qəbul etmiş, boy və başçılarının adı ilə anılan bütün türklərə, bütün bir millətə ad vermə şərəfini qazanmışdır. Göytürk dövləti tezliklə öz sərhədlərini genişləndirmişdir. «Sasanilər «böyük ipək yolu»nun türklərin əlində olmasını istəmirdilər. İstəmi xaqan Bizansla Sasanilərə qarşı müqavilə bağlayır, türklər şərqdən, Bizans qərbdən Sasanilərin üzərinə hücuma keçir. İstəmi xaqan Xarəzmi və digər on bölgəni tutaraq Azərbaycan torpaqlarına girir. (39; 93) 701-ci ildə II Göytürk imperatorluğunun orduları yenidən Dəmir qapıya qədər gəlmişdilər. Bu dövrdə Azərbaycan türk dili son dərəcə genişlənərək qonşu xalqların dillərini də öz tə’siri altına almışdır. Azərbaycan türk dili qonşu xalqların dillərinə yalnız alınmalar verməklə məhdudlaşmamış, həmin dillərin strukturuna da tə’sir göstərmişdir. Türk dili erməni dilini şəkilçili dilə çevirmişdir. Bunu ilk dəfə XIX əsrin 70-ci illərində doktor Mordman anlamış və erməni dilinə həsr etdiyi məqalədə yazmışdır: «Mə’lumdur ki, ermənilər Hind-Avropa mənşəli xalqdır, amma onların dili Turan (türk - red.) dilinin güclü tə’sirinə mə’ruz qalmışdır. Mən həmin ifadə ilə heç də çoxəsrlik kontakt nəticəsində osmanlı türkcəsindən alınmış sözləri nəzərdə tutmuram. Söhbət IV,V,VI və VII əsrlərdə erməni ədəbi dilinə keçmiş Turan elementlərindən gedir. Bu elə bir dövr idi ki, dünyada hələ nə səlcuqlar, nə osmanlılar... var idi».(13; 80) Hunların Azərbaycana bu axınlarını qeyd etməmək də olardı. Çünki əvvəlki fəsillərdən tam aydındır ki, Azərbaycanın əsas yerli əhalisi türklərdən ibarət olmuşdur. Qohum tayfaların Azərbaycana axını ümumxalq Azərbaycan (türk) dilinin təşəkkülü işinə maneələri aradan qaldırmış, boşluqları doldurmuşdur. Artıq ilkin feodalizm dövründə ümumxalq dilinin təşəkkülü üçün hər cür zəmin var idi. Bunu böyük tarixi duyumla hələ vaxtilə Ə.Dəmirçizadə anlamışdı. Şumer-türk münasibətləri insanları təzəcə düşündürməyə başladığı, aborigen türklərin çox qədim tarixi nəzərə alınmadığı dövrdə ümumxalq Azərbaycan dilinin VI-VIII əsrlərdə təşəkkül tapdığını qeyd etməyin özü də böyük cəsarətin nəticəsi sayıla bilərdi. Ədəbi dilimizin tarixinin misilsiz tədqiqatçısı prof.Ə.Dəmirçizadə məhz belə düşünmüş və beləcə də yazmışdır: «Mə’lum olduğu üzrə, VI-VIII əsrlərdə vahid Azərbaycan xalqı formalaşdığı kimi, bu xalqın hamısının ünsiyyət vasitəsi vahid ümumxalq Azərbaycan dili də artıq mövcud idi və geniş dairədə işlənirdi».(40; 71) Azərbaycan tarixçi, dilçi və etnoqraflarının əldə etdiyi yeni materiallar əsasında ümumxalq Azərbaycan dilinin VI-VIII əsrlərdə deyil, III-V əsrlərdə tam təşəkkül tapmış olduğu söylənmişdir. Artıq bu zaman, yə’ni «...V yüzilliyin sonları, VI yüzilliyin əvvəllərində Azərbaycanın, demək olar ki, hər yerində dilləri bizim Azərbaycan dilinin kökündə dayanan soylar yaşayırdılar... Gətirdiyimiz külli miqdar materiallar və mülahizələr göstərir ki, ilk orta yüzilliklərdə islam dininin bu ərazidə yayılmasından qabaq, ola bilsin ki, daha çox qabaq Azərbaycan ərazisi əhalisinin böyük əksəriyyəti artıq türkdilli idi». (5; 95-96) Bu fikri yalnız ekstralinqvistik amillərin tədqiqi əsasında deyil, toponim, etnonim, antroponim, hidronim, oronim və sairin, elmi əsərlərə yol tapıb həmin əsərlərdə mühafizə olunmuş leksikanın araşdırılması əsasında digər alimlərin gəldiyi nəticələr də təsdiq edir. Bu dövr Azərbaycan ərazisində savirlərin, kəngərlərin, xəzərlərin, bulqarların, oğuzların, qıpçaqların və başqa hun tayfalarının kütləvi şəkildə məskunlaşdığı dövr idi. Bu dövr Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin formalaşmasının başa çatdığı dövr idi. Doktor Mordmanın dediyi kimi, Bu elə bir dövr idi ki, hələ nə səlcuqlar var idi, nə də osmanlılar. Azərbaycan xalqının və onun dilinin təşəkkülünün V əsrdə başa çatdığını şərtləndirən bir sıra amillər olmuşdur. Ümumxalq Azərbaycan dilinin təşəkkülünü göstərən mühüm dəlillərdən biri V əsrdə vahid Alban yazısının olması və həmin yazının yenidən təkmilləşdirilməsidir. Azərbaycan ərazisində yaşayan aparıcı tayfalar 5 min il əvvəl də öz zamanında mövcud olan yazı formasından (qayalar, daşlar, gil lövhələr, baş daşları, annallar üzərində mixi yazılar) istifadə etmişlər. Hansı ərazidə daha çox yazılıbsa, hansı dövlət daha əzəmətli abidələr qoyubsa, təsadüflər nəyi qoruyubsa, onlar da qalıb. Bu o demək deyildir ki, məsələn, şumer və akkadları məğlub etmiş, onların üzərində 125 il hökmranlıq etmiş kutilərin - qədim türkdilli babalarımızın abidələri, yazıları olmamışdır. Bu o demək deyildir ki, mannalıların, madayların, atropatenlərin yazı mədəniyyəti olmamışdır. Yüz illərlə hökm sürmüş, tarixdə böyük izlər buraxmış dövlətlər, şübhəsiz, xüsusi yazı mədəniyyətinə də malik olmuşlar. Biz Aratta dövründən eramızın X əsrinə qədərki 4000 illik yolun mədəni, elmi inkişafını ardıcıl izləyə bilməsək də, mənbələrin azlığı buna imkan verməsə də, daim torpaqlarımızın aborigen əhalisinin böyük mədəniyyət sahibi olduğunu tarixi izlərdən öyrənə bilmişik. Xalqın, ümumxalq dilinin təşəkkül tapdığı dövrdə (V əsr) onun yazısının təkmilləşdirilməsi barədə tarixin qoruyub saxladığı mə’lumat mərhələli inkişafın yüksək pillələrindən birinin təbii yadigarıdır.(bax: 16; 100-116) Şimallı-cənublu Azərbaycanın bir xalq kimi təşəkkül tapması hər iki ərazidə aborigen qədim türk tayfalarının zamanın gedişində tədricən zəruri şəkildə bir xalq kimi təmərküzləşməsi yolu ilə baş vermişdir. Qədim türk tayfaları Azərbaycan ərazisində məskunlaş maqla eradan əvvəlki bir neçə minillik ərzində etnodil ümumiliyi çərçivəsində yerli keyfiyyətlərin, ərazi toponimlərinin təşəkkülü ən’ənəsini davam etdirmişlər. Ölkəmizin ərazisinə qohum türk tayfalarının mərhələli axını və onların dillərinin yerli etnosların dilləri ilə konsolidasiyası da böyük gücə malik olmuşdur. Bir sıra türk tayfalarının (kutilərin, utilərin, albanların, kaspilərin və s.) yayılma arealının geniş olması, ölkənin həm şimal, həm də cənub bölgələrində məskunlaşmaları türk tayfa dillərinin ümumiləşməsi işini asanlaşdırmışdır. Qeyd etməliyik ki, eramızın əvvəllərində şərqi və qərbi türk dilləri az-çox fərqlənsə də, indiki qədər əsaslı dil fərqləri yaranmamışdı. Fərqlər şivə fərqləri səviyyəsində idi, ona görə də ümumünsiyyət vahidinin təşəkkülü qarşısında heç bir maneə yarada bilmirdi. Yerli tayfalar bir-birinə qohum olduğu kimi, gəlmə hesab olunanlar da vaxtilə bu yerlərdən ayrılanlar idi. Şimalla cənub arasında möhkəm sərhədlərin olmaması, eyni tayfa daşıyıcılarının müxtəlif ərazilərdə məskunlaşa bilmə imkanları da tayfa dillərinin xalq dili kimi ümumiləşməsi xeyrinə idi. Tayfa dillərinin ümumxalq dili şəklində formalaşmasında ekstralinqvistik amillərin rolu böyük idi. Tarix elə gətirmişdi ki, Azərbaycanın şimal və cənub əraziləri eradan əvvəlki son yüzilliklərdə və eramızın əvvəllərində - ilkin orta əsrlərdə daim birlikdə olmuşdur. E.ə. IV əsrin II yarısından Makedoniyalı İskəndərin yaratdığı imperiya daxilində şimalın və cənubun əlaqələri artmışdı. Tarixi faktlar göstərir ki, hələ İskəndərin işğalından əvvəl də şimalla cənub birlikdə olmuşdur. Atropatın rəhbərliyi ilə albanların İran qoşunları tərkibində İskəndərə qarşı müharibəsi də bunu təsdiq edir. İskəndərə qarşı vuruşan orduda midiyalılarla yanaşı, albanlar, sakasinlər, kadusilər də iştirak edirdilər. (2; 136) Atropatın sülaləsi, təbii ki, bu birliyi xeyli müddət davam etdirmişdir. Sonrakı dövrdə Parfiya dövləti (e.ə.250 - e.226) tərkibində Azərbaycan və Albaniyanın bir canişinlikdə birləşdirilməsi vahid Azərbaycan xalqının təşəkkülünü sür’ətləndirmişdir. Sasanilər imperiyası dövründə də (III-VII əsrlər) şimal ilə cənub vahid canişinlikdə birləşdirilmiş, sonralar ərəblər də bu strukturu saxlamış, pozmamışlar. Sasani imperiyasının süqutu dövründə - Xilafətin meydana çıxdığı ərəfədə vahid Azərbaycan xalqının və vahid Azərbaycan dilinin təşəkkülü artıq başa çatmışdı. Bunu e.ə.II - eramızın VI əsrlərində təşəkkül tapmış, VI-VIII əsrlərdə cilalanmış «Kitabi-Dədə Qorqud» dastanları və bu dastanların misilsiz dil materialı da təsdiq edir. Azərbaycanda hər tərəfi bürüyən türk coşğunluğunu görmək əvəzinə, Atropatena ərazisində yaşayan əhalinin dilinin Əhəmənilər dövründən iranlılaşdırılmış olduğunu iddia edənlər də vardır. (1;259-271) Bu məqamda Ə.S.Sumbatzadə həqiqətə sadiq qalaraq, Atropatena dövrü Azərbaycan əhalisinin etnik tərkibi və dili haqqında araşdırmaların çətinliyini qeyd etsə də, Parfiya asılılığı dövründə yerli əhalinin dilinin iranlılaşdırılmadığını xüsusi nəzərə çarpdırır: «Atropatena əhalisinin dilinin xarakteri və mənsubiyyəti barədə suala cavab vermək olduqca çətindir. Heç bir şübhə yoxdur ki, İran Parfiya dövlətindən asılı vəziyyətə salınmış Atropatenada da ölkə əhalisinin tərkibinin və dilinin iranlılaşma prosesinə qarşı yenidən güc toplaması qaçılmaz olmuşdur. Lakin tayfa qruplarının və kiçik xalqların etnik müxtəlifliyinin təsviri Parfiya hakimiyyəti dövründə Atropatena əhalisinin tərkibinin və dilinin iranlılaşdırıldığını düşünməyə əsas vermir.» (10; 47) Müəllif bunu da əlavə etmişdir ki, parfiyalılar yalnız hakimlərin tə’yini ilə məşğul olmuş və Atropatena ərazisinə irandilli əhali köçürməmişlər. Ə.S.Sumbatzadə çox mühüm bir məsələyə də toxunaraq yazır: »Beləliklə, təbii coğrafi faktor - Araz çayı o uzaq dövrdə də bu çaydan cənubda olduğu kimi, şimalda da yaşayan Azərbaycan əhalisinin etnik yekcinsliyini poza bilməmişdir...» (10; 47) Bu cəhət zəruri bir faktor olmaqla e.ə. IV əsrdən başlayaraq Atropatena və Albaniya əhalisinin dilinin xalq dili şəklində ümumiləşməsi prosesinin sür’ətlənməsi üçün zəruri şərtlərdən olmuşdur. Bir sıra tarixçilər yerli əhalinin iranlılaşdırılmasını o qədər asan bir proses kimi təsəvvür etmiş və yazmışlar ki, müəllif bunu da əlavə etməli olmuşdur ki, hətta güclü Sasanilər imperiyası dövründə də yerli dilləri iranlılaşdırmaq mümkün olmamışdır.(10; 58) Köhnə eranın başa çatdığı, yeni eranın başlandığı dövrdə «xalqların böyük köçü»nə səbəb olan hunların qərbə hərəkəti şimallı-cənublu Azərbaycanın birdəfəlik Yer kürəsində türk yurdu, türk vətəni kimi bərqərar olmasına zəmin yaratmışdır. Başqa sözlə, o ərazilərdə ki türk tayfaları yerləşmişdilər, qohum tayfalar gələndə onlar yerlərini dəyişməli olmamış, yalnız yeni gələnlərlə sıxlaşmış, zənginləşmişlər. İran və qafqazdillilər bu ərazilərdə geniş yayıla blməmişlər. Türk tayfalarının hun ittifaqı Azərbaycanın şimalı ilə cənubu arasında əlaqələri daha da sıxlaşdırdı: Əvvəllər Adərbayqan (Atropatena) ölkə adı cənubi, Albaniya isə Şimali Azərbaycana şamil edilirdi. Artıq «... erkən orta əsrlərdə Şimali Azərbaycanın da ərazisi Adərbayqan (Aturpatakan) anlayışı altında birləşdirilirdi.» (2; 136,215) Ərazi birliyi, etnik birlik, dil birliyi, ictimai-siyasi və iqtisadi həyat birliyi xalqın və xalq dilinin təşəkkülü üçün əsas olmuşdur. Təbii ki, oxucunu bir məsələ daha çox düşündürür: Azərbaycan ərazisində qədimdən bəri lullular, kutilər, turukkilər, kaslar, kaspilər, mağlar (mannalılar, madaylar), albanlar, qarqarlar, e.ə.VIII-VII əsrlərdə geri qayıdan kimmerlər, skiflər, saklar, hun dövründə savarlar, peçeneqlər, qıpçaqlar, bir qədər sonra xəzərlər və s. saysız türk tayfaları əsasında oğuz qrupu türk dillərinə daxil olan ümumxalq Azərbaycan dili necə formalaşdı, necə təşəkkül tapdı? Bu qədər tayfa içərisində koyne nədən ibarət olmuşdur? Əvvələn, hazırkı dövrdə Azərbaycan dilinin cənub, qərb və şimal-şərq ləhcələrinə ayrılması tayfa dillərinə deyil, məhəlli prinsiplərə əsaslansa da (45; 282-295), bu bölgü tayfa dil əlamətlərini də mühafizə edir. Azərbaycan dilinin keçid şivələri ilə yanaşı, rəngarəng və bir-birindən kifayət qədər fərqlənən şivələri də vardır. Kərkükdən Dərbəndə qədər geniş ərazilərdə məskunlaşmış 50 milyonluq Azərbaycan türklərini tam təsəvvür etmək lazımdır. Bunlar göstərir ki, müxtəlif tayfa dilləri izsiz yox olmamışdır. İndi tarixi dialektologiyanın əsas vəzifəsi məhz qədim Azərbaycan ərazilərindəki tayfa dillərinin mümkün abidələr, dil materialları əsasında dialekt faktlarını həmin faktların bir vaxtkı daşıyıcıları olan tayfa dillərinə doğru tədqiq edib öyrənməkdir. Nəzərə alınmalı başqa çox mühüm bir məsələ də Azərbaycan dilinin gəlmə türk tayfa dilləri əsasında deyil, qədim aborigen türklərin dili əsasında təşəkkülüdür. Bu məqamda həm də nəzərə alınmalıdır ki, əvvələn, Azərbaycana gələn türk tayfaları mühafizə olunmuş faktlardan göründüyü üzrə, vaxtilə bu ərazilərdən getmiş qohum tayfalardan ibarət olmuşdur, digər tərəfdən, hətta az-çox fərqli xüsusiyyətləri ilə seçilən tayfalar gəlmişsə belə, onlar da yerli tayfalarla asanlıqla çarpazlaşa bilmişlər. Hər iki halda yerli tayfa dilləri üstünlüyü saxlamışdır. Belə bir cəhəti də qeyd etməliyik ki, bu gün türk dillərini dil deyil, ləhcə adlandıranlar bu dillərin bir-birinə çox yaxın olduğunu əsas götürürlər. Miladdan əvvəlki minilliyin sonlarında isə türk dilləri artıq çoxdan şərq və qərb qollarına ayrılmış olsa da, onların arasındakı leksik, fonetik və qrammatik fərq bugünkündən müqayisə edilməz dərəcədə az olmuşdur. Bütün bunlarla yanaşı, hansısa daha köklü bir tayfa dilinin üstünlüyü olmamış deyildir və tədqiqatçıların araşdırmaları ona yönəlmişdir ki, daim ümumxalq Azərbaycan dili oğuz qrupu dillərindən hesab olunur. Fakt belədir ki, dilçilər oğuz və qıpçaq tayfa dilləri üzərində daha möhkəm dayanmışlar. Ə.Dəmirçizadə Azərbaycan dilində «oğuz və qıpçaq lisani ünsürləri»nin tədqiqi ilə məşğul olmuşdur.(36;3-14) Əgər Azərbaycan dili oğuz və qıpçaq tayfa dilləri əsasında təşəkkül tapmışsa, onda «lisani ünsürlər» nə deməkdir? «Lisani ünsür» dilin mahiyyətini əhatə etmir, onun üzdə olan çox nazik qatlarına işarə edir: deməli, bu dil kök e’tibarilə başqadır, lakin onun tərkibində oğuz və qıpçaq tayfa dillərinə məxsus ünsürlər qabarıqdır. Bizcə, professor düz düşünüb - bu dil mahiyyət e’tibarilə türk dilidir, lakin onun ümumi fonunda oğuz və qıpçaq tayfa dillərinə məxsus çalarlar daha aydın seçilir. Belə olduqda burada iki variant görünür: ya oğuzlar çox qədim (hun dövrü yox, daha qədim) dövrün tayfalarıdır, yaxud da qədim (e.ə.III-II minilliklərin) türk dilinə oğuz və sonralar müəyyən dərəcə qıpçaq elementləri çöküb. Bizim fikrimizcə, oğuzların özləri Ön Asiyanın ən qədim tayfalarındandır və onların bir sıra bölümləri Ön Asiyadan ayrılaraq haraları dolansa da, sonralar yenə Ön Asiya yurdlarına qayıtmışlar. Oğuzların Ön Asiyanın çox qədim tayfaları olduğuna tarix kitablarında aydın işarələr də vardır. E.ə.III minillikdə Ön Asiyadan ayrılıb Mərkəzi Asiyaya hərəkət edən toxarların bir bölümü türkdilli oğuzlar hesab olunur (T.Qamkrelidze,V.İvanov): «Eyni zamanda tükər/toxar adı qədim oğuz etnik bölümlərini də bildirirdi. Adı çəkilən tədqiqatçılar toxarlara şamil edilmiş türk mənşəli tukri adını Diyala çayının yuxarı axarında yerləşdirilən Tukriş ölkə adı ilə eyniləşdirirdilər. Buna oxşar Tikriş şəhər adı Mannanın ərazisində də yad edilmişdir. E.ə.III minilliyin sonunda Tukrişdə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur.Türk dilləri baxımından Arisen «cəsur adam», yaxud «nəcib adam» mə’nasını verir».(2; 81-82) Diqqətlə araşdırmalar apardıqda hadisələr məntiqi şəkildə əlaqələnir. Ə.Dəmirçizadə Azərbaycan dilinin mahiyyətində nə ayrıca oğuz, nə də qıpçaq görür, ümumiləşmiş şəkildə «türk» görür. Türk sözü e.ə. III minillikdən özünü göstərməkdədir, «Tükər» sözü şübhəlidirsə, «Turukki» sözü var. Bütün türk xalqları arasında yeganə Azərbaycan dili bizim zəmanəmizə qədər «türk dili» adını qoruyub saxlayıb. Oğuzlar Mərkəzi Asiyaya buradan yayılıb. Gələnlər yenə bura gəlib. Adları aşquzay, işquzay şəklində, skuz, skif, skolot şəkillərində tələffüz edilən türk tayfalarının oğuzlar olduğu artıq tədqiqatçılar tərəfindən üzə çıxarılmışdır: Z.Həsənov Azərbaycanda çarlıq yaratmış skifləri ətraflı tədqiq edərək yazmışdır: «Skif etnonimi «oğuz» şəklində etimologiyalaşdırıla bilər».(46; 54) Ətraflı və səmərəli tədqiqatdan belə bir qənaətə gələn müəllif yenə yazır: «Qeyd edək ki, quz-oğuz etnik anlayışını indi türk dillərinin oğuz qrupuna daxil olan türklərin əcdadı təsəvvürü ilə qəti şəkildə eyniləşdirmək olmaz. Qədim dövrün quzları-oğuzları (Herodot və Rəşid-əd Dinin təsvir etdikləri) bərabər şəkildə bütün müasir türklərin əcdadı olmuşlar. Tarixi mə’lumata əsasən, Oğuz xanın tayfa ittifaqının tərkibində qıpçaqlar, karluklar, uyğurlar və başqa türk etnosları birləşmişdi». (46,117) V.V.Bartold qeyd edir ki, geniş Qıpçaq çölü X əsrdə Quz çölü adlanırdı. (47; 87) N.A.Baskakov göstərir ki, M.Kaşğari daim öz lüğətində qıpçaqlarla oğuzları yaxınlaşdırmış, onları uyğurlara qarşı qoymuşdur. Məsələn, M.Kaşğarinin qeydlərindən aydın olur ki, oğuz və qıpçaqlarda söz başında «y» səsi uyğurlarda düşür: yılığ suv (oğuz, qıpçaq) - ilığ suğ (uyğur). Oğuz və qıpçaqlarda «m» səsi uyğurlarda «b» səsinə keçir: men berdim (oğuz, qıpçaq) - ben berdim (uyğur) və s. Müəllif fikrini ümumiləşdirərək yazır: «Mahmud Kaşğarinin oğuz və qıpçaq dillərini uyğur dili ilə qarşılaşdırması göstərir ki, keçmiş dövrlərdə, məhz Hun dövründə bu dillər (oğuz və qıpçaq dilləri - Q.K.) hələ diferensiasiyaya uğramamışdı və vahid oğuz-karluk-qıpçaq ünsiyyətini təşkil etmişdir ki, o da sonralar bir tərəfdən, karluk (uyğur), digər tərəfdən, oğuz-qıpçaq dillərinə parçalanmış, sonrakılar isə oğuz və qıpçaq dilləri kimi ikiləşmişdir.» (27; 156-157) Beləliklə, türk tayfaları zaman keçdikcə qaynayıb-qarışmış, Azərbaycan xalqının, müasir Azərbaycan dilinin təşəkkülünə gətirib çıxarmışdır: Bir sıra şivə fərqlərinə baxmayaraq, erkən orta əsrlərdə Azərbaycanda yerli və gəlmə türk etnoslarının vahid xalq kimi birləşməsi prosesi başa çatmışdır. Ümumxalq Azərbaycan dilinin təşəkkülü ilə Qədim Azərbaycan dili mərhələsi sona yetir və y e n i A z ə r b a y c a n d i l i mərhələsi başlayır. Biz bu sonrakı mərhələni iki dövrə ayırırıq: 1.Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında təşəkkülü və inkişafı dövrü (V-XV əsrlər); 2.Azərbaycan milli ədəbi dilinin təşəkkülü və inkişafı dövru (XVI-XXI əsrlər). Birinci dövrün özü də iki mərhələyə ayrılır: a) ədəbi dilin təşəkkül dövrü (VI-XII əsrlər); b) ədəbi dilin inkişaf dövrü (XIII-XV əsrlər). Birinci dövrün birinci mərhələsi də: şifahi ədəbi dilin təşəkkülü (VI-VIII əsrlər) və yazılı ədəbi dilin təşəkkülü (IX-XII əsrlər) mərhələlərinə ayrılır. IV fəsil - Ədəbiyyat 1.Azərbaycan tarixi.-EA-nın nəşri, I cild, «Elm»,1998. 2.Azərbaycan tarixi.-Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1994. 3.N.F.Katanov. Alfavitnıy ukazatelğ sobstvennıx imen, vstreçaöhixsə vo vtorom tome, obrazüı narodnoy literaturı törkskix plemen, sobrannıx V.V.Radlovım.-SPb., 1888). 4.Azərbaycan tarixi üzrə qaynaqlar.-Azərbaycan Universiteti Nəşriyyatı, Bakı, 1989. 5.Mahmud İsmayıl.Azərbaycan tarixi. -«Azərbaycan ensiklopediyası» nəşriyyat-poliqrafiya birliyi, Bakı, 1997. 6.Qiyasəddin Qeybullayev.Azərbaycan türklərinin təşəkkülü tarixindən.-Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994. 7.Moisey Kalankatuklu.Albaniya tarixi.-(Müqəddimə, qeyd, tərcümə və şərhlər akad.Z.Bünyadovundur) Bakı, «Elm», 1993. 8.Kemal Aliev. Antiçnıe istoçniki po istorii Azerbay djana. -Baku, «Glm», 1987. 9.Q.A.Qeybullaev.K gtnoqenezu azerbaydjanüev.-Baku, «Glm», 1991. 10.A.S.Sumbatzade.Azerbaydjanüı - gtnoqenez i formirova nie naroda.-Baku, Glm,1990. 11.Ahmed Zeki Velidi Togan. Ümumi türk tarihine giriş.c I, İstan bul, 1946. 12.Ə.Dəmirçizadə. 50 söz.- «Gənclik», Bakı, 1968. 13. Q.Voroşil. Qafqaz Albaniyası.-Bakı, «Öyrətmən», 1993. 14.V.V.Bartolğd.Soçinenie,t.II. 15.Bahaəddin Ögəl.Böyük hun imperiyası. I -Bakı, «Azərnəşr», 1992. 16.T.M.Mamedov. Kavkazskaə Albaniə.- «Maarif», Baku,1993. 17.Azərbaycan tarixi. -Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər, EA nəşri, 1993. 18.A.Q.Abramən Deşifrovka nadpisey KavkazskixAqvan.-Erevan, 1964. 19.A.Şanidze.Novootkrıtıy alfavit kavkazskix albanüev - v kn.İ.Abuladze. K otkrıtiö alfavita kavkazskix albanüev, Tbilisi, 1938, 20.Dokladı AN Azerb. SSR, 9, 1948, 21.Drevnetörkskiy slovarğ.Leninqrad, «Nauka»,1969. 22.K.Q.Aliev. O nazvanii reka Kura.-DAN Azerb.SSR,1959, 23.N.Ə.Merpert.Drevneyşie bolqarskie plemena v Priçernomorğe. V kn.: Oçerki istorii SSSR, III-IX vv., Moskva,1958 24.S.S.Aliərov.Ob gtnoqeneze azerbaydjanskoqo naroda. V sb.: K probleme gtnoqeneze azerbaydjanskoqo naroda, Baku,1984 25.V.İ.Abaev.Skifo-sarmatskie nareçiə. V kn.: Osnovı iranskoqo əzıkoznaniə. Drevneiranskie əzıki,Moskva,1979. 26.G.Moravçiq. Bizantiko-turkika, III, d. 11,1943. 27.N.A.Baskakov. Vvedenie v izuçenii törkskix əzıkov.-Moskva, 1969. 28.S.Ö.Kasumova. Azerbaydjan v III-VII vv., Baku, 1992. 29. Q.A.Qeybullayev. Azərbaycanlıların etnik tarixinə dair.- Bakı, Elm, 1994. 30.Abdulla Fazili.Atropatena.Er.əv.IV-er.VII əsri.-Bakı, «Elm», 1992. 31.M.Yusifov.Türk dillərində kök sözlərin fonomorfologiyası (səs keçidləri), I hissə, Gəncə, 1994. 32.Y.B.Yusifov.Qədim Şərq tarixi.-Bakı Universiteti Nəşriyyatı, 1993. 33.A.Bakixanov.Qölistan-İram, Baku,1926. 34.A.R.Zifeldt.Uralo-Altaika.-Baku,1928. 35. Murad Adji.Evropa, törki, Velikaə Stepğ.- Moskva, Mıslğ, 1998. 36. Ə.Dəmirçizadə. Azərbaycan dilindəki oğuz-qıpçaq lisani ünsürləri.-Azərb.SSR EA Dilçilik institutunun əsərləri, 1-ci cild,1947,s.3-14. 37.M.İ.Artamanov. İstoriə xazar.-Leninqrad,1962. 38.Z.M.Buniatov.Azerbaydjan v VII-IX vv.-Baku,1065. 39.Rəfik Özdək. Türkün qızıl kitabı.-Bakı,1992. 40.Ə.Dəmirçizadə.Azərbaycan ədəbi dili tarixi.-1, Bakı, «Maarif»,1979. 41.Ç.Qaraşarlı.Qafqaz albanları türk idilər. «Məqalələr toplusu», IV, Azərbaycan Dövlət Dillər İnstitutu, Bakı, 2000. 42.Z.Budaqova,T.Hacıyev.Azərbaycan dili.-Bakı,1992. 43.İ. Aliev. Oçerk istorii Atropatenı.-Azerbaydjanskoe Qosudarstvennoe İzdatelğstvo, Baku, 1989. 44.N.Cəfərov.Azərbaycanşünaslığa giriş. -Bakı, AzAtaM, 2002. 45.E. Əzizov.Azərbaycan dilinin tarixi dialektologiyası. -Bakı Universiteti Nəşriyyatı, 1999. 46.Zaur Qasanov.Üarskie skifı.-Liberty New York,2002. 47.V.V.Bartolğd. Törki. -Alma-Atı,1998. 48.F.Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. -Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1993. 49.F.Mamedova. K voprosu ob albanskom (Kavkazskom) gtnose. - Azərb. SSR EA-nın Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası, 1989, № 3. 50.K.Əliyev, F.Əliyeva.Azərbaycan antik dövrdə.-Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1997. 51.K.Q.Aliev. K voprosı o qarqarax i territorii ix rasseleniə, -DAN Azerb. SSR, 1981, № 1. 52.L.N.Qumilev. Otkrıtıe xazarii. - Moskva, 1966. 53.R.Q.Kuzeev. Proisxojdenie başkirskoqo naroda. -M., 1974. 54.Çingiz Qaraşarlı. Əfsanənin izi ilə. «Ulduz», -1989, № 2. 55.Ə.Tanrıverdi. «Kitabi-Dədə Qorqud»da şəxs adları. -Bakı, «Elm», 1999. 56.İzvestiə drevnix pisateley... t. I. Per. V.V.Latışeva. SPb., 1893, s.185-186. 57.Q.Kazımov. Qurbani və poetikası.-APİ nəşri, Bakı,1996. 58.Q.Kazımov. Sənət düşüncələri.-Azərbaycan Dövlət Kitab Palatası, Bakı,1997. 59.Q.Kazımov.Azərbaycan tarixi - 1.- «Təzadlar» qəzeti, iyul-avqust 2001, № 23, 24, 25, 26, 27, 28, 29, 30. Qədim Azərbaycan dili dövrü. - «İki sahil», 2 fevral 2002, 5 fevral 2002, 6 fevral 2002; Ədəbi dilimizin təşəkkül yolu. «Paritet» qəzeti, 14-16 iyun 2003, № 65 (516) və s. 60.K.Ş.Şaniəzov. K gtniçeskoy istorii uzbekskoqo naroda.-Taşkent, 1974. V fəsil ŞİFAHİ ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (VI-VIII əsrlər) V fəsil - VI-VIII əsrlərdə Azərbaycanın siyasi, iqtisadi və mədəni vəziyyəti VI-VIII əsrlərdə Azərbaycanın siyasi, iqtisadi və mədəni vəziyyəti V-XII əsrlər arasında Azərbaycan daha böyük bəlalarla üzləşməli olub: Sasanilər öz hökmranlığını saxlamaq üçün bu torpaqlarda dəfələrlə qan töküb, Xilafət islam bayrağı altında Azərbaycanda dəhşətli müharibələr aparıb. Qərbdən Bizans imperiyası, şimaldan Xəzər xaqanlığı dəfələrlə Azərbaycanı talayıb, yüz minlərlə insan qılıncdan keçirilib. Bu müharibələr Azərbaycana bir xalq kimi daha möhkəm birləşmək zərurəti aşılayıb, onun Cavanşir, Cavidan, Babək, Atabəy Məhəmməd, Qızıl Arslan kimi qəhrəmanları yetişib. Əks qüvvələrə qarşı mübarizədə yenicə öz birliyini tapmaqda olan xalq milli-mə’nəvi dəyərlərini, doğma dilini daha əzmlə qorumağa çalışıb, şifahi ədəbiyyatın gücündən daha səmərəli istifadə edib. Bunlar onun hələ V əsrdə ümumiləşmiş, formalaşmış türk mənşəli dilinin təkmilləşməsinə, ədəbiləşməsinə, yeni mərhələyə qədəm qoymasına səbəb olub. VI əsrin ortalarında (550-ci il) Qafqazın şimalında yaranan güclü Xəzər xaqanlığı hunları, savirləri, göytürkləri, oğuzları, bulqarları, macarları da öz tərkibində birləşdirmişdi. Xəzər xaqanlığı Şərqi Avropada yaranmış ən güclü dövlət idi. Xəzərlər hələ güclü dövlət yaratmazdan xeyli əvvəl işğalçılıq müharibələrinə başlamış, Sasani şahı I Qavadın vaxtında (488-531) Ermənistanı, Gürcüstanı, Albaniyanı bir müddət işğal altında saxlamışdılar. Qavadın oğlu Xosrov Ənuşirəvanın vaxtında isə xəzərlərin Albaniyaya hücumunun ardı-arası kəsilməmişdir. 552-ci ildə xəzərlər Albaniyanın bütün şimalını işğal edərək orada oturaq həyata keçirlər.(1; 19) Xosrov Ənuşirəvan xəzərlərin bir hissəsini Qəbələdə yerləşdirir. Ərəb və Bizans mənbələri Azərbaycanda məskunlaşan xəzərləri savirlər adlandırır. Bu hadisədən sonra savirlər tarix səhnəsində o qədər də görünmürlər. (2; 18) 626-cı ildə xəzərlərin Qafqaza yeni axını başlayır. Üç il sonra Tiflisi tuturlar. VII əsrin 20-ci illərində artıq Şimali Albaniya xəzərlərin hakimiyyəti altında idi və bu dövrdə Ermənistan, Gürcüstan, Albaniya ərazilərində türk-xəzər dili ümumi anlaşma dilinə çevrilmişdi: «Yunan, süryani, yəhudi və erməni dillərini ilkin orta əsrlərdə Kartlidə ruhanilər, şairlər, alimlər işlədirdisə, xəzər dili çox güman ki, kartlilərin qonşu xalqlarla ünsiyyət vasitəsi olmuşdur». (1; 21) Xəzər xaqanının qardaşı oğlu Şad Aran üzərinə yerimiş (632) və Sasanilərin Aran (Albaniya) canişinindən «ölkəni onun itaətinə verməyi» tələb etmişdir. Ölkənin dağıdılmasını və talan edilməsini istəməyən Albaniya katalikosu Viro elçilərin fikrini fars canişini Semavştnasa çatdırmışdır. Kalankatuklu Moisey «Albaniya tarixi» əsərində bu hadisəni təsvir edərək yazır: «Fars razılaşmayaraq demişdi: «Sən kimsən və Ağvan nədir ki, mən onun ucbatından özümü sənin hökmdarına tabe edim!» «O özü ilə bütün əmlakını götürərək və ölkədən də bir çox şeyləri oğurlayaraq qaçıb İran torpaqlarında gizləndi». (3; 112-113) Alban tarixçisinin «fars» sözünü xüsusi məntiqi vurğu ilə nəzərə çarpdırması da göstərir ki, yerli türk xalqı özünü hakim farslardan ciddi surətdə fərqləndirirmiş. Ərəblər Azərbaycana çox erkən - peyğəmbərin vəfatından az sonra yerimişlər. Artıq 639-cu ildə ərəb orduları Azərbaycanda idi. Xilafət qoşunlarının hücumu ərəfəsində Azərbaycan şimallı-cənublu bütövlükdə Sasanilərin tabeliyində idi və imperiyanın «Şimal canişinliyi» deyilən canişinliyinin tərkibində idi. Lakin albanlar onların başı üstündə yerləşmiş Xəzər xaqanlığına da hər il xərac verməli olurdular. İmperiya tərkibində şimalın və cənubun vahid canişinlikdə birləşdirilməsi Azərbaycanın mədəni, iqtisadi, siyasi inkişafına müsbət tə’sir edir, ünsiyyətin ölkə daxilində ümumiləşməsini, şifahi ədəbi dilin mərkəzləşməsini sür’ətləndirirdi. Ərəblər tarix səhnəsində türklərin böyük rolunu görür, Soqdianadan şimalda yerləşən bütün döyüşkən köçəriləri «türk» adlandırırdılar. (43; 13) 644-cü ildə İsfəndiyar ibn Fərruxzad azərbaycanlılar adından ərəblərlə müqavilə bağlamalı olur. Bu müqaviləyə əsasən azərbaycanlılar ərəblərə vergi verməli, ərəblər isə yerli əhalinin dini e’tiqadlarına toxunmamalı idilər. Bu cür müqavilələrə baxmayaraq, Azərbaycan xalqı dəfələrlə ayağa qalxmış, ərəb işğalından xilas olmağa çalışmışdır. Böyük sərkərdə və dövlət xadimi Cavanşir Albaniyanın istiqlaliyyətini qorumaq üçün yaranan şəraitdən asılı olaraq, gah ərəblərlə, gah bizanslarla, gah da xəzərlərlə müqavilələr bağlamış, qohumluq əlaqələri yaratmış və yüksək diplomatiya əsasında, Kalankatuklu Moiseyin yazdığı kimi, «o öz ölkəsini və İberi sərhədlərindən Dərbəndə və Araz çayına qədər olan torpaqları hakimi-mütləq kimi idarə edirdi». (3; 127) Sasanilərin dövründə (III-VII əsrlər) olduğu kimi, Xilafətə tabe olduğu illərdə də Azərbaycan öz ərazi bütövlüyünü saxlamış, qədim mədəniyyəti, vahid ərazisi, özünəməxsus adət-ən’ənələri, dini, dili olan bir ölkə kimi, yaxın və uzaq xalqlarla mədəni-iqtisadi, sosial-siyasi əlaqələrini davam və inkişaf etdirmiş, dəfələrlə döyüş meydanlarına çevrilmiş, öz müstəqilliyi uğrunda qanlı müharibələrə girməli olmuşdur. Beş-altı əsrin müddətində aborigen əhali müxtəlif türk axınlarını qəbul edərək daha da güclənmiş, saysız müharibələr onun şimallı-cənublu bir xalq kimi birliyinə mane ola, Azərbaycan türk ədəbi dilinin təşəkkülü prosesini ləngidə bilməmişdir. Xəzərlər Azərbaycan ərazisində tez-tez görünürdülər. Xəlifə Yezid ibn Əbd əl-Malik 722-723-cü illərdə böyük ordu ilə Ərdəbilə qədər irəliləmişdi. Xəlifənin ordusu xəzərlər tərəfindən məhv edilmiş, xəzərlər böyük qənimət əldə etmişdilər.(5; 64) Tarixçi və şəcərəçi Əhməd əl-Bəlazuri (820-892) «Ölkələrin fəthi kitabı»nda xəzərlərin Azərbaycanda məskunlaşmasına dair xeyli mə’lumat vermişdir. Əl-Bəlazurinin qeydlərindən aydın olur ki, 854-cü ildə xəlifə Mö’təsim-Billahın zamanında Şəmkürə xeyli xəzər əhalisi köçürülmüşdür; Xəlifə əbd əl-Malikin (680-705) oğlu Məsləmə ibn Əbd əl-Malik Bab (Dərbənd) qalasına yaxınlaşarkən qalada min xəzər ailəsi vardı. Bə’zən yeni gələnlər Albaniya ərazisində öz qohum qəbilələrini tapırdılar. Xəzərlərin yeni dəstəsi 625-ci ildə Albaniyaya daxil olarkən, A.Y.Krımskinin sözlərinə görə, Qəbələdə «keçmişdən məskunlaşmış yerlilərini - sabirləri» tapmışdılar. (6; 87) (A.S.Sumbatzadə bir sıra mənbələrə əsaslanaraq, qeyd etdiyimiz tayfanın çox müxtəlif adlarla - sabir, sapir, savir, savar, savard, əs-savardi, sevard, sabart, sabarit adları ilə tarixdə iz buraxdığını qeyd etmişdir -6; 87) Elə bir vəziyyət yaranmışdı ki, yerli türklər gəlmə türkləri - xəzərləri rəsmi dairələrin göstərişi ilə öz vətəndaşları kimi tanımalı olurdular: «682-ci ildə Alban knyazı Varaz Trdat bütün albanlara deməyə məcbur olmuşdu ki, artıq Albaniyaya türk (xəzər-savir - Q.K.) axınının qarşısını almaq mümkün deyil, buna görə də onları buranın tam hüquqlu sakinləri saymaq gərəkdir. Varaz Trdat e’lan etdi: «Elə indidən də onlarla doğmalaşmağı özümüzə ar bilməyək», (1; 21-22) Yalnız qohum xalqlar az vaxt ərzində bu cür doğmalaşa bilərdilər. Xəlifə Hişamın Azərbaycan, Arran və Ermənistana hakim tə’yin etdiyi Mərvan ibn Məhəmməd əl-Həkəmin 732-733-cü illərdə xəzərlər üzərinə məşhur yürüşü olmuşdur. Bu yürüş zamanı xəzər xaqanı islam ordusunun sayından dəhşətə gələrək islam dinini qəbul etməli olur və Mərvanla dostlaşır: «Sonra Mərvan xaqan və çoxlu xəzərlə birlikdə geriyə yollandı və onları (xəzərləri) Samurla Şəbiran arasındakı düzənlikdə, lakaların (lakların) vilayətində yerləşdirdi». (5;70-71) Bu cür döyüşlərdə ərəblər Azərbaycanın yerli türk əhalisindən də istifadə edirdilər. Buğa əl-Kəbir - Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (868-ci ildə ərəblər tərəfindən e’dam edilmişdir). Babəki əsir alan Afşin Heydər ibn Kavus da Babəklə gizli əlaqələrinə görə ərəblər tərəfindən e’dam olunmuşdur. Avropadan Tanrı dağına qədər böyük ərazilərdə güclü dövlətlər yaratmış türklər X əsrdə elliklə islam dinini qəbul etdilər. Türklərin islam dinini qəbul etməsinin bir sıra səbəbləri vardı: «Mə’lum olduğu kimi, türklər tək Tanrıya, ərəblər isə Allaha inanırdılar. Hər iki inam eyni olduğuna görə türklər bu dini qəbul etdilər. Bundan əlavə, türklər islamdan əvvəl tanış olduqları xristianlıq, zərdüştilik, buddizm, mani, yəhudi dinləri əsasında təkallahlılıq, axirət, cənnət, cəhənnəm, mələk, şeytan, ruh və s. anlayışlarla tanış idilər. İslamda olduğu kimi, türklərdə də yalançılıq, haqsızlıq, zülm, kobudluq və s. ağır cəzalara layiq görülürdü. Türklərin fütuhat fəlsəfəsi islamın cihad anlayışı ilə uyğun gəlirdi. Türklərin təmizliyə tələbi islamın təmizliyə olan tələbi ilə üst-üstə düşürdü. Saydığımız bu xüsusiyyətlər türklərin islamı qəbul etmələrini sür’ətləndirdi». (7; 25-26) Ərəblərin işğalı ərəfəsində Azərbaycanın vəziyyəti olduqca ağır idi. Sasanilərlə Bizans imperiyası arasında Ön Qafqaz uğrunda III əsrdən başlayan müharibələr VII əsrin 30-cu illərinə qədər davam etməkdə idi. Nəhayət, bu müharibələr xəzərlərlə ittifaq bağlayan Bizans dövlətinin xeyrinə qurtardı, Sasanilərin paytaxtı Mədain şəhəri xarabazara çevrildi, Xosrov Pərviz (591-628) e’dam edildi və 629-cü ildə bağlanan sülh müqaviləsinə əsasən Ərməniyyə Bizans imperiyasının, Azərbaycan Sasanilərin hakimiyyəti altında qaldı, Gürcüstan müstəqil dövlətə çevrildi. Cənubi Azərbaycan Sasanilərdən tam asılı idi, Albaniyanın nisbi müstəqilliyi vardı. Lakin Albaniya bə’zən xəzərlərə də xərac verməli olurdu. Bu illərdə böyük sərkərdə Cavanşir (616-680) hər vəchlə ölkənin müstəqilliyini qorumağa çalışırdı. Ərəblərə qarşı mübarizə üçün o, Bizans hökmdarı II Konstant (641-668) ilə iki dəfə görüşmüşdü. Belə bir vaxtda bir tərəfdən də şimaldan güclü xəzər ordularının hücumlarını dəf etmək lazım gəlirdi. 662-ci ildə xəzərlər ərəbləri məğlub edərək Albaniyaya hərəkət etdilər. Cavanşir böyük qələbə qazanaraq onları geri oturtdu. Sasani imperiyası artıq məhv olmuşdu, lakin Azərbaycan yenə üç güclü dövlətin arasında idi: Bizans imperiyası, Xilafət orduları, Xəzər xaqanlığı. Cavanşir, görünür, ölkə əhalisinin etnik tərkibini və dilini nəzərə alaraq, xəzərlərlə dostluq əlaqələrinə girir, hunların düşərgəsinə gedərək Hun hökmdarının qızı ilə evlənir, əsirləri, mal-qaranı xilas edir. Xilafətdə Əməvilər sülaləsinin (661-750) hakimiyyəti dövründə ərəblərin işğalçılıq siyasəti daha kəskin şəkil alır. Cavanşir ərəblərlə vassal asılılığı şəklində müqavilə bağlamalı olur. Cavanşirin qətlindən sonra ölkədə vəziyyət pisləşir və 705-ci ildə Mehranilər sülaləsinə son qoyulur. Bu zaman artıq ölkə Aran adlanır, «Albaniya» sözü dağlıq Qarabağa aid edilirdi. Yalnız 90 illik kəskin mübarizədən sonra ərəblər Azərbaycanın istilasını tam başa çatdıra bilirlər. Bütün VII, VIII əsrlər boyu Azərbaycanda ərəb işğalına qarşı e’tiraz, qiyam və üsyanlar olmuşdur. IX əsrin əvvəllərində başda Babək Xürrəmid olmaqla Azərbaycan xalqı ərəblərə qarşı 20 ildən artıq amansız mübarizə aparmışdır. Bu müharibələrdə son məqamda ərəblər qalib gəlsələr də, mahiyyət e’tibarilə Xilafət sarsılmış və öz əvvəlki mövqeyini itirməyə başlamışdır. Nəticədə Azərbaycanda azadlıq mübarizəsi daha da genişlənmiş, IX əsrdən ölkəmizin ərazisində Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər və s. müstəqil dövlətlər yaranmışdır. Bu dövlətlər Xilafətin asılılığından imtina edir, ölkənin tam müstəqilliyinə çalışırdılar. Ərəblər hələ ilk dövrlərdə Sasanilərin idarəçilik sistemindən istifadə edir, onların mərzbanlıqlarına bənzər əmirliklər (canişinliklər) yaradırdılar. İlk dəfə beş əmirlik yaradılmışdı. Azərbaycan və Aran birlikdə dördüncü əmirliyə daxil idi. Azərbaycanın və Aranın birlikdə olması türk etnoslarının şimalda və cənubda qaynayıb-qarışmasını sür’ətləndirirdi. Əməvilər dövründə bölgü bir qədər dəyişdirilmiş, Azərbaycan (şimallı-cənublu) üçüncü əmirliyə daxil edilmişdir. Azərbaycanın paytaxtı Marağaya köçürülmüş, sərhədləri dəqiqləşdirilmişdi (şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan idi), əhali siyahıya alınırdı. Bunlar daha çox vergilərin nizamla toplanması üçün edilsə də, vahid xalqın və vahid ədəbi dilin təşəkkülündən xəbər verirdi. Ölkə daxilində «bərid» adlanan rabitə-poçt sistemi təşkil edilmişdi. (4; 251-252) Ölkə vahid imperiya qanunları əsasında idarə olunurdu. Erkən orta əsrlərdən başlayaraq, Azərbaycanda feodal münasibətləri inkişaf etməkdə idi. Dağlardan qızıl, gümüş, mis, civə, qurğuşun, oxra çıxarılır, ölkədə bol pambıq, üzüm, taxıl, zeytun yetişdirilir, neft və duz istehsal edilirdi. Bol çayları, münbit torpağı olan Azərbaycan əkinçilik təsərrüfatı üçün geniş imkanlara malik idi. Ölkənin bütün əyalətlərində heyvandarlıq inkişaf etmişdi. Ticarət yollarının üstündə yerləşən Azərbaycan bir çox ölkələrin tacirlərini cəlb edir, Azərbaycandan xarici bazarlara pambıq, ipək, boyaq maddələri, yaş və quru meyvə, balıq məhsulları aparılırdı. Ölkədə sənətkarlıq inkişaf edir, yeni şəhərlər meydana çıxırdı. Orta və Ön Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələr genişlənirdi. Azərbaycan şəhərləri xarici ticarət əlaqələrinin inkişafında böyük rol oynayırdı. Dərbənd, Şabran, Paytakaran, Təbriz, Naxçıvan və b. şəhərlər ticarət yollarının üstündə olduqları üçün daha geniş imkanlara malik idilər. Şamaxı, Şəki, Şəmkir, Gəncə, Qazaka şəhərləri də ticarət əlaqələrini genişləndirirdi. Şəhər əhalisinin əksəriyyəti tacirlərdən, sənətkarlardan, ruhanilərdən ibarət idi. Ərəblərin yaratdığı imperiya ticarət yollarının dəyişilməsinə səbəb olmuşdu. Bu yolların çoxu Azərbaycandan keçirdi. Azərbaycan şəhərləri içərisində Bərdə yüksək inkişaf səviyyəsi ilə seçilirdi. Xilafətin cənubundan və şərqindən şimala mal aparan karvanlar Bərdədən gəlib keçirdi. «Bərdə o zaman Xilafət tabeliyində olan ikinci Bağdad hesab olunurdu«. (8; 68) İbn Hövqəl yazırdı: »Bərdə Arranın anası (paytaxtı) və bu yerlərin ən yaxşısıdır. Şəhər çox böyükdür. Onun bir fərsəx uzunu, bir qədər az eni vardır... Rey və İsfahandan sonra, İraqla Təbəristan arasında Bərdə tək böyük və məhsuldar, tutduğu mövqe və xəzinəyə verdiyi gəlirə görə yaxşı yer yoxdur». (4; 272) Müqəddəsi isə Təbrizi «saf qızıl», «əzəmətli kimya», «alınmaz şəhər» adlandırır, «Bağdaddan daha üstün» hesab edirdi. (4;272) Təsərrüfatın, ticarətin, sənətkarlığın əlaqəli inkişafı, vahid inzibati idarəçilik sistemi, Arazın bir sərhəd kimi öz əhəmiyyətini itirməsi, şimalla cənubun (Azərbaycanla Aranın) e.ə. III əsrdən (Parfiya dövrünün başlanğıcından) olan birliyini daha da möhkəmləndirir. Azərbaycan xalqının və Azərbaycan dilinin erkən orta əsrlərdə təşəkkülünün başa çatdığını göstərən bir sıra başqa dəlillər də mövcuddur. Cəmiyyətin vahid dini-ideoloji münasibətlər əsasında yenidən qurulması hər sahədə ümumiləşmə, təmərküzləşmə işinin xeyrinə idi. İslam dini meydana çıxana qədər Cənubi Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəst idi. Atəşpərəstlik şimalda da geniş yayılmışdı. Lakin Azərbaycanda bütpərəstlər də çox idi. Albaniya əhalisinin bir qismi vaxtilə xristianlığı qəbul etmişdi. Roma imperiyasının təzyiqi altında Azərbaycana pənah gətirənlər arasında yəhudi dininə qulluq edənlər də vardı. Tat dilində danışan dağ yəhudiləri onların nəsillərindən qalma hesab olunur. (9; 66) Ərəb işğalının ilk illərində yerli dinlərə toxunulmur, əhalinin zorla müsəlmanlaşdırılmasına cəhd edilmirdi. Lakin az keçmədən - xəlifə Əlinin dövründə Azərbaycanda məskunlaşmış ərəblərə yerli əhalini müsəlman dininə cəlb etmək tapşırığı verilmişdi. Şimala nisbətən cənubda islam dini daha asan mənimsənilirdi. Müsəlmanların bir sıra üstünlükləri vardı və buna görə də ilk növbədə ə’yanlar və şəhər əhalisi müsəlmanlığı qəbul edirdi. Əhalini islama daha çox meylləndirən can vergisi - cizyə idi.(9;70) Kasıblar öz canlarını qurtarmaq, varlılar öz mülklərini qorumaq üçün islamı qəbul etməli olurdular. X əsrə qədər artıq Azərbaycanın əksər əhalisi müsəlman idi. Dağ kəndlərində atəşpərəstlik davam etməkdə idi. Lakin islam dinini qəbul edən əhali də atəşpərəstliyi unutmurdu. Xəlifə Əlinin dövründə Ərdəbilə Azərbaycan hakimi göndərilmiş əl-Əşas ibn Qeys şəhərdə ilk məscid tikdirmişdi. Bundan sonra «Artıq X əsrdə Azərbaycanın bütün şəhərlərində came məscidləri vardı». (9;72) İslam dininin Azərbaycanda kök salması elmin, mədəniyyətin, rabitənin, maarifin və məktəbin, kargüzarlıq sənətinin inkişafına da tə’sir edirdi. İşğalçılıq müharibələri, istilaçılıq və imperiya siyasəti olmasa idi, bəlkə bütün bunlar Azərbaycanda daha sür’ətlə inkişaf edə bilərdi. Xilafətin vahid imperiya siyasəti, dinin və ideologiyanın vahid prinsipləri əsasında irəliləməsi elmin, mədəniyyətin, məktəbin yeni istiqamətdə inkişafını da şərtləndirirdi. Dini e’tiqad və ərəb əlifbası, təsərrüfat və mədəniyyət ümumiliyi Azərbaycan əhalisini birləşdirir, onun dilini ümumiləşdirir, müxtəlif türkdilli etnosların - qohum tayfa dillərinin vahid ədəbi dil şəklində formalaşmasını, tayfa dillərinə məxsus şivə xüsusiyyətlərinin aradan qalxmasını sür’ətləndirir, ayrı-ayrı tayfalara məxsus çox qədim dövrlərdən yaranmış folklor nümunələrinin xalqın ümumi malına çevrilməsinə səbəb olur, şimalla cənubun əlaqələrini sıxlaşdırırdı. Rəsmi dövlət dili ərəb dili olsa da, türk dili ölkə ərazisində tam hüquqla ümumi anlaşma vasitəsi, iran və qafqazdilli xalqların ümumi ünsiyyət vasitəsi idi. Ərəb dili ilə yanaşı, ərəb əlifbası da - «kufi» adlanan rəsmi, «nəsx» adlanan adi yazı üslubu da Azərbaycana gətirilmişdi. (6; 106) Onu da qeyd etməliyik ki, Xilafətin tərkibində olduğu dövrdə də Azərbaycana türk tayfalarının, xüsusən VIII əsrdən qıpçaqların axını olmuşdur. Lakin tarixçilərin mə’lumatından aydın olur ki, əvvəlki dövrlərə nisbətən bu axın xeyli seyrəlmişdi. Ərəblər ilk növbədə Dərbənd keçidini mühafizə etməklə hunların hərəkətini dayandırmağa çalışmış və hunlarla qanlı müharibələr aparmışlar, çox geniş ərazilərdə islamın yayılması üçün yol açmışlar. Ərəbdilli mənbələr əsasında Azərbaycan əhalisinin etnik tərkibi barədə də mə’lumat almaq olur. VIII-IX yüzilliklərdə yaşamış Əbu Məhəmməd Əbdülməlik ibn Hişam (828-829-cu ildə ölmüşdür) «Himyər hökmdarları barədə taclar kitabı» əsərində beşinci ərəb xəlifəsi I Müaviyə (661-680) ilə onun müasiri Übeyd ibn Şə’riyyə əl-Cürhumi arasında maraqlı bir söhbəti qələmə almışdır. Bu söhbət Azərbaycana aiddir. Akademik Z.Bünyadov Azərbaycanla bağlı həmin parçanı çap etmiş və onu Azərbaycanın türkdilli əhalisi haqqında tutarlı bir qaynaq kimi qiymətləndirmişdir. Həmin parça belədir: «Yəmən padşahı Raiş zamanında onun sərkərdələrindən biri Şimr ibn əl-Qəttaf ibn əl-Müntab... yüz min nəfərlik ordu ilə türklərlə döyüşə-döyüşə Azərbaycana daxil oldu. Döyüş nəticəsində türklər məğlub oldular. Şimr ibn əl-Qəttaf həmin döyüşün və keçdiyi yolların keyfiyyətini iki daş üzərində yazdırdı... Müaviyənin Übeyd ibn əl-Şə’riyyə ilə söhbətləri buraya çatdıqda Müaviyə Übeydə müraciət edərək, Azərbaycan haqqında onun fikrini öyrənmək istəyərək demişdir: «Sən allah, Azərbaycan [haqqında] əlaqəniz, təlaşınız və xatirəniz nədir?» Übeyd ibn Şə’riyyə belə cavab verir: «Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər». (5; 56-57) Z.Bünyadov yuxarıdakı söhbəti xatırlatdıqdan sonra yazmışdır: «Əgər 1126-cı ildə tərtib olunmuş fars anonimində qeyd olunmuş: «Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir» sözləri olmasa idi, bu mə’lumatı şübhə altına almaq olardı». (12; 183) S.Əliyarov göstərir ki, sonralar əl-Təbəri də həmin əhvalatı təsdiq etmişdir. S.Əliyarov yazır: «Görünür, bu ən’ənəni yaşadan qədim kitablar sonrakı yüzilliklərdə də oxunulmaqda idi. Misal üçün, XV yüzillikdə yaşamış şair Ənvərinin «Dəsturnamə» adlı poemasında ikinci ərəb xəlifəsi Ömər ibn əl-Xəttabın (634-644) sərkərdəsi Səd Vəqqasın yürüş zamanı «bir ulu şəhərdə» və onun ətrafında yüz mindən çox oğuz evləri görməsi yazılmışdır: Anda qonmuşdu oğuzlar biədəd, Obalar başdan- başa, yox ana hədd.» (5; 57) Bu cür faktlar müəyyən dərəcə Azərbaycan tarixinə dair tədqiq və araşdırmalarda da öz ifadəsini tapmışdır. Lakin yanlış və zərərli konsepsiyanın tə’siri ilə həmin faktlar çox vaxt təhrif edilmişdir. Z.M.Bünyadov və N.M.Vəlixanlı orta əsr Azərbaycan tarixindən bəhs edərkən yazmışlar: «Mənbələr ərəb dövrü Azərbaycanında müxtəlif dillərdə danışan onlarla tayfanın yaşadığından xəbər versə də, «Azərbaycanın ta qədimdən türklər ölkəsi» olduğunu bildirir. Lakin, əsasən, həm şimalın, həm də cənubun aran yerlərində məskunlaşmış xəzərlər, qıpçaqlar, sabirlər və b. türkdilli əhali ilə yanaşı, burada qafqazdilli albanlar, udinlər, qarqarlar, xınalıqlılar, ləzgilər, irandilli azərilər, tatlar, talışlar, kürdlər və b. xalqlar yaşayırdılar... Müxtəlif dil və ləhcələrdə danışan bu xalqların bir-biri ilə ünsiyyət vasitəsi əvvəllər işğalçıların fars və ərəb dilləri olsa da, yeni türk axınlarının güclənməsi nəticəsində hələ ərəblərdən əvvəl başlamış türk komponentinin üstün gəlməsi prosesini daha da sür’ətləndirdi. Ərəblərin Azərbaycana köçürülmə siyasətilə ləngidilmiş bu proses ərəblərlə türklərin assimilyasiyasının başlanması ilə yenidən sür’ətlə davam etdi». (10; 113) Göründüyü kimi, burada yeni tədqiqatlar nəzərə alınmadan əvvəlki ən’ənəyə uyğun olaraq albanlar, qarqarlar qafqazdilli, azərilər irandilli tayfalar hesab olunmuşdur. Bunlar aparıcı türk tayfalarıdır. «Ərəblərlə türklərin assimilyasiyası» ifadəsini isə türklərin ərəbləri assimilyasiyası kimi başa düşmək lazım gəlir. Müxtəlif etnoslar arasında əvvəllər ünsiyyət vasitəsinin ərəb və ya fars dili olması əsassız fikirdir. Ərəb və fars dillərindən yalnız idarəçiliklə məşğul olanlar istifadə edə bilərdilər. Azərbaycan ərazisindəki müxtəlif etnoslar ərəb və ya fars dilini deyil, göz açıb eşitdiyi dili, çoxluğun dilini - türk dilini öyrənə və ümumanlaşma vasitəsi kimi türk dilindən istifadə edə bilərdilər. Praktik şəkildə yalnız bu cür mümkün idi və fars, ərəb dillərini kütləvi şəkildə öyrədə bilən məktəblər də yox idi. Bir qrup saray əhli isə kütləni bu yad dillərə alışdıra bilməzdi. Yuxarıdakı sitatda ən böyük qüsur bir də ondan ibarətdir ki, müəlliflər hunlara qədərki qədim aborigen türk tayfalarını görə bilməmiş və ya görmək istəməmişlər. 1993-cü ildə tap olunmuş sitat verdiyimiz bu «Azərbaycan tarixi»ndə yenə oxuyuruq: «Vətən tariximizin ən mühüm mərhələlərindən biri on beş əsrlik orta əsrlər dövrüdür. Bu dövrdə feodal münasibətləri yaranır, möhkəmlənir və məhv olur». Bir neçə sətir aşağıda isə deyilir ki, bu dövrdə «Azərbaycan dilinin, türkdilli Azərbaycan xalqının formalaşması başa çatır».(10; 105) Erkən orta əsrlərin eramızın III əsrindən başladığı nəzərdə tutulur və on beş əsr davam etdiyi göstərilir. Deməli, orta əsrlər XIX əsrədək davam etmiş və kapitalizmin inkişafı XIX əsrdən başlamışdır. Bu cür bölgü Azərbaycanda kapitalizmin inkişafını, millətin təşəkkülünü rusların Azərbaycanı işğalı ilə bağlamış olur. Belə çıxır ki, Səfəvilərin mövcud olduğu və şimallı-cənublu Azərbaycanı birləşdirdiyi, mə’nəvi həyat birliyinin yarandığı, elmin, təsərrüfatın inkişaf etdiyi iki əsr yarımlıq bir dövrdə, görünür, ticarətin, sənaye və kənd təsərrüfatının yeni istiqamətdə heç bir dirçəlişi olmayıb. Lakin bu kitabdakı dil məsələsindən heç baş açmaq olmur: «Azərbaycan dilinin, türkdilli Azərbaycan xalqının formalaşması» XVIII əsrdə başa çatır? Başa düşmək olmur ki, müəlliflər bu cür mühakimə ilə nə demək istəyirlər. Fransızlar, almanlar, italyanlar milli dillərinin inkişafını XVI yüzillikdən başlayırlar, bizdə milli dil bir yana, ümumxalq dili formalaşma işini XVIII əsrdə başa çatdırır. Fransızların, almanların babaları frankları, keltləri, qotları Qara dənizin şimal sahillərindən indiki yerlərinə - mərkəzi Avropaya V əsrdə Attila sıxışdırıb. Amma Attilanın xələflərinin dili XVIII əsrdə formalaşma işini başa çatdırır. Bu cür mühakimələr tarixin saxtalaşdırılmasından başqa bir şey deyildir. Bə’zən müəlliflər özləri də əvvəlki mühakimələrini unudaraq doğrusuna yaxın yazırlar: «Səlcuq yürüşü zamanı oğuz elinin, XII əsrin ikinci yarısında isə qıpçaqların Azərbaycana axını gücləndi. Əksəriyyəti türk-oğuz dilinin daşıyıcısı olan bu tayfalar Azərbaycan ərazisində yaşayan və artıq bir-birinə qovuşmuş onlarla türk tayfa və qəbilələri ilə qaynayıb-qarışdılar. Hələ oğuzların gəlişindən əvvəl Azərbaycan, Mesopotamiya və Kiçik Asiya ərazisində oğuz dil qrupuna mənsub olan türk tayfalarının məskunlaşması Səlcuq yürüşündən sonra Azərbaycanın həm şimal, həm də cənub hissələrində oğuzdilli türklərin üstünlüyünə, tədricən məhz bu dil qrupunun qalib gəlməsinə, türkdilli Azərbaycan xalqının formalaşma prosesinin tam başa çatmasına səbəb oldu.» (10; 147) Yuxarıdakı sözlər xalqın və onun dilinin formalaşma tarixini min il geri çəkir. Bizim tarixçilər adətən mühafizəkarlıqla çox mühüm milli hadisələrin tarixini təhrif etməkdə min ili, iki min ili bir şey saymırlar. Azərbaycan dilinin e’cazkar abidələrindən olan «Kitabi-Dədə Qorqud»un dili o qədər yüksək, o qədər zəngin və əhatəlidir ki, bu kitab bizdən Azərbaycan dili və onun formalaşma tarixi barədə elmdən uzaq mülahizələrlə mübarizə üçün babalarımızın ruhuna, dünyagörüşünə, dilinə və dininə layiq davranmağı tələb edir. 1300 illiyini qeyd etdiyimiz bu əsərin dili 1300 il əvvələ aid mübahisələrə ləyaqətlə son qoyan dil faktlarına malikdir. V fəsil - “Kitabi-Dədə Qorqud” ümumxalq Azərbaycan dilinin təşəkkülü dövrünün abidəsidir Yaranma tarixi Yaranma tarixi Yeni eranın əvvəllərindən bütün Qafqazda və Yaxın Şərqdə ümumünsiyyət vasitəsinə çevrilmiş Azərbaycan dilinin yeganə, lakin son dərəcə kamil abidəsi olan «Kitabi-Dədə Qorqud»un adı bütövlükdə: «Kitabi-Dədəm Qorqud ala-lisani-taifeyi-oğuzan» şəklindədir. Buradan aydın olur ki, dastanlar daha çox oğuz türklərinə məxsusdur. Lakin bu oğuzlar bir sıra alimlərin iddia etdikləri kimi, səlcuq oğuzları deyildir. Oğuzlar Azərbaycanda çox qədim dövrlərdən məskunlaşmış türklərdir. «Dədə Qorqud» XI əsrdən əvvəlki oğuzlara aiddir, dastanlarda XI əsrdən əvvəlki oğuzlar təsvir edilmişdir. Bunu dastanların ilk tədqiqatçılarından prof. Ə.Dəmirçizadə də xüsusi qeyd etmişdir: «Kitabi-Dədə Qorqud»dakı dastanlar bu şəkildə X əsrdən qabaq və VIII-IX əsrlərdən sonra Qafqazda, daha doğrusu, Azərbaycanda yaşayıb yaratmış olan dədələr, ozanlar tərəfindən məharətlə qurulub-qoşulub el-oba arasında yayılmışdır.» (24; 9) Zaman imkan verməsə də, professor dastanların səlcuqların gəlişindən əvvələ - əvvəlki oğuzlara aid olduğunu qeyd edə bilmişdir. Orhan Şaik Gögyay «Dədə Qorqud» ensiklopediyası sayıla bilən qiymətli kitabında oğuzların Azərbaycanda və Şərqi Anadoluda çox-çox qədimlərdən mövcud olduğunu söyləmişdir: «Daha belli tarihi devirlerde, Salcuklularla beraber gelen Oğuzlar atalarının daha bir çok yüzyıllar önce Azerbaycana gelmiş, hatta Kiçik Asiya şehirlerini fath etmiş olduklarına dair rivayetler nakletmişlerdir... bu rivayetlere göre efsanevi Oğuz zamanında Azerbaycana gelip yerleşen Oğuzların yaylakları Tebrizin güneyindeki Ulan yaylaklarını, Ala Taq dağları və Şaraban dağlarında isimleri de Arran ve Muqan ovaları olmak üzere yerleşmiş imişler. Bu rivayetler Attila zamanında gelmiş olan Ağ hunlara ait hatıralar olabilir».(25; XL) O.Şaikin söylədiyi bu oğuzlar da Azərbaycan ərazisində məskunlaşmış ən qədim oğuzlar deyil. «Oğuznamə»də oğuzların şərqdə Çin, qərbdə Rusiya, Rum, Kiçik Asiya, Cənubda İran və Hindistan olmaqla böyük əraziləri birləşdirərək nəhəng bir imperiya yaratdıqları barədə rəvayətlər toplanmışdır. Bu rəvayətlərə görə, Oğuz xaqanın 6 oğlu varmış: Gün, Ay, Yıldız, Göy, Dağ, Dəniz. Oğuzun bu altı oğlunun hər birinin də dörd oğlu varmış. 24 oğuz boyu Oğuz xaqanın bu 24 nəvəsinin adı ilə bağlıdır. Hər boyun öz onqonu, öz damğası varmış. Oğuz boyları «Sağ qanad» və «Sol qanad» deyilən iki qanada ayrılırmış. Bunlar Üç Oq və Boz Oq adlarını daşıyırmış. Sağ qanaddakı ilk boyun adı Qayı olmuş və bu boy öz əsasını Oğuzun böyük oğlu Gün xandan almışdır; Sol qanadda əsas boy Bayat boyudur. Bu boy öz əsasını Göy xandan götürmüşdür. Dastanlarda aparıcı şəxs Bayat boyundan Bayındır xandır. (25; XXXVIII) Bə’zən dastanların 12 yox, 24 boy olmalı olduğunu qeyd edirlər. Zənnimizcə, bu fikir doğrudur. Boylar indiki halda Bayındır tayfasının - Sol qanadın hakimiyyətini təsvir edir və belə bir nəticə çıxarmaq olur ki, bunlar Sol qanadın dastanlarıdır. Deməli, Sağ qanadın dastanları ya unudulub, yaxud da yazıya alınmayıb. Dastanların girişində Qorqud atanın dilindən verilən «Axır zamanda xanlıq gerü - Qayıya dəgə, kimsənə əllərindən almaya» (26; 31) sözlərini belə başa düşmək olur ki, xanlıq (bütöv padşahlıq) ilk vaxtlar Sağ qanadın - Qayı qəbiləsinin əlində olmuş, sonralar Sol qanada keçmişdir və güman edilir ki, hakimiyyət yenə Qayı qəbiləsinin ixtiyarına (yə’ni Sağ qanada) keçə bilər və onlar bir daha hakimiyyəti əldən verməyə bilərlər. Bu cəhət göstərir ki, Bayındır xan hər iki qanadın birgə padşahıdır. Görünür, Sol qanadın 12 dastanı toplanmış, Sağ qanadın dastanları itib-batmış, yazıya alınmamışdır. Oğuzların əfsanəvi hökmdarı Oğuz xanın tarixi prototipi miladdan qabaq Hun imperiyasının əsasını qoymuş (e.ə.209-cu il) Şanyun Mode (Mao Tun) hesab olunur. (26; 263) Bir sıra tarix kitablarında Bayındırların Məhəmməd peyğəmbərin zamanından çox-çox əvvəllər Azərbaycan ərazisində məskən saldıqları göstərilir. «Tork-Türk» nəslini erməni geneologiyasına daxil edən indiki ermənilərin tipik babası Moisey Xorenasinin mə’lumatına görə, Basean (Ağrı vilayəti) ərazisində vqndur (Bayandur), bulqar, vanad türk tayfaları məskunlaşmışdılar (e.ə.II əsr) və hakimləri Şaray (Saray) idi.(4; 216) Bayındırların qədimliyi barədə fikri başqa tarix kitabları, o cümlədən Ağqoyunlu Uzun Həsənin adına yazılmış «Kitabi-Diyarbəkriyyə» də təsdiq edir. Bu kitabda Uzun Həsənin Bayındır tayfasından oduğu, Bayındır xanın onun (Uzun Həsənin) 52-ci babası olduğu göstərilir. «Kitabi-Diyarbəkriyyə»yə görə, Bayındır xanın dövründə bütün İran, Turan, Rum, Şam, Efrenc, Qıpçaq və s. onun tabeliyində olub. Bayındır xanın qışlağı Qarabağ, yaylağı Göyçədəniz (Göyçəgöl) sahilləri olub. Bayındır xan burada «ban ev» deyilən altun otaq tikdirib (çadır qurdurub), 120 min erkək, 9 min qısır qoyun, 18 min mal kəsdirib, üç böyük göl-hovuz düzəltdirib, birini şərbət, birini süd, birini süzmə bal ilə doldurub, böyük bir qurultay, ulu bir yığıncaq cağırıb, hesabsız qızıl və gümüş kəmərlər bağışlayıb, öz məmləkətini qabiliyyətlərini nəzərə alaraq oğlanları arasında bölüşdürüb. «Kitabi-Diyarbəkriyyə» bu cür yığıncağı, bu cür qurultayı Uzun Həsənin 54-cü babası Oğuz xaqan haqqında da söyləmişdir. Kitabda o da göstərilir ki, Uzun Həsənin 23-cü babası Sunqur bəy peyğəmbər zamanında yaşamış, ömrünün sonlarını Arpa çayının gündoğanında Alaqız və Göyçəgölü yaylaqlarında keçirmiş, 100 yaşlarında kafir qonşularla döyüşdə oxla öldürülmüşdür. (25, XII; 41,39-49) Bunlar hamısı Azərbaycanda «Dədə Qorqud» izləridir. «Dədə Qorqud» dastanları haqqında ilk, həm də epizodik mə’lumat VI əsrə aiddir. X.Koroğlunun verdiyi mə’lumata görə, türk xaqanı İstəmi xaqanla qohumluq əlaqəsi olan İran hökmdarı Ənuşirəvanın (531-579) saray kitabxanasında «Təpəgöz boyu»nun fars dilində tərcüməsi olmuşdur. Dastanların hələ birinci minilliyin ortalarında yazıya alınması, başqa dillərə tərcümə edilməsi barədə tarixçilərin də fikirləri vardır:»Bir çox yüzillər boyu ozan sənətinin kürəsindən keçərək, bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (pəhləvi) və ərəb dillərinə də «Oğuznamə» (Oğuz kitabı) adı ilə çevrilmişdir». (5; 28) Yəqin ki, dastanların yazılı nümunəsi olmasa idi, tərcüməsi də olmazdı. Bütün dəlillər dastanların ümumxalq dilinə xidmətinin başlanğıcını ən azı hun dövrünə aparıb çıxarır. E.ə. III əsrdə təşəkkül tapan Hunlar yeni minilliyin əvvəllərində şərqdən qərbə çox böyük ərazilərə sahib idilər. Əvvəllərdə qeyd etdiyimiz kimi, onların Azərbaycana ardıcıl axınları olmuşdur. Ölkəmizin ərazisində hələ e.ə I minilliyin ortalarında məskən salmış qədim saklar, massagetlər hunlardan daha əvvəl Mərkəzi Asiyanı dolanıb gələn türk tayfaları idilər və onlar indi - «hun dövrü» adlanan dövrdə öz qohum qəbilələrini, yəqin ki, məhəbbətlə qəbul edirdilər. Bu dövr Alp Tonqa dövrü, türk tarixinin Sakalar dörüdür. «Oğuznamə»lər də, «Kitabi-Dədə Qorqud» da bu dövrün məhsulu, bu oğuzların yaradıcılıq nümunələridir. Dastanların qədimliyi, hun dövrü ilə bağlanması onların xalq dilinə xidmətinin qədimliyi deməkdir. Şifahi xalq ədəbiyyatı janrları içərisində nağıl qədər, dastan qədər körpəlikdən insanın nitq təkamülünə xidmət edən başqa janrlar göstərmək çətindir. «Dədə Qorqud»u 1500-2000 il əvvələ bağlayan cəhətlər çoxdur. Dastanlar bir sıra təbii suallar doğurur: hadisələr harada cərəyan edir? Hansı dövlətin əraziləridir? Hansı dövrdür? Birinci sualın cavabı dastanlarda tam aydındır və əksər tədqiqatçılar - O.Ş.Gögyay, M.Ergin, H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları dastanların Azərbaycanda qələmə alındığını (26; 19), hadisələrin Şimali Azərbaycan ərazisində cərəyan etdiyini söyləmişlər. Bizim dilçilikdə ilk dəfə Ə.Dəmirçizadə araşdırmalar apararaq göstərdi ki, «Bunların (Dədə Qorqud oğuzlarının -Q.K.) vətənləri Gəncə, Bərdə, Şərur, Dərəşam, Alınca çay, Alınca qala, Gögcə gölü, Qazlıq dağı (Qafqaz dağı), Dərbənd yaxınlığı, Gürcüstan yaxınlığıdır. Bunlara yaxın və qonşu yerlər - Gürcüstan, Axsqa, Dumanin (Tumanisi?), Dəmir Qapı Dərvənd-Qıpçaq və sairədir. Bunların nisbətən uzaq səfər etdikləri yerlər əsasən Rum eli, İstanbul, Trabzun, Bayburd, Qara dəniz kənarlarıdır». (24; 10) Alimlərimiz üçüncü sualın cavabını da aramışlar. Dastanların 1988-ci il nəşrinə ön sözdə F.Zeynalov və S.Əlizadə «Kitabi-Dədə Qorqud»da cərəyan edən hadisələr hansı real dövrü əks etdirir?» sualına «VI-VIII əsrlər» cavabını vermişlər. Dastanların VI-VIII əsrlərdə tam formalaşdığını qeyd etmək olar, lakin dastanlardakı bütün hadisələrin həmin dövrdə cərəyan etdiyi barədə fikirlərlə tam razılaşmaq olmaz. Əksər tədqiqatçıların fikrincə, «Dədə Qorqud» boyları II-V əsrlərdə formalaşma prosesi keçirirdi. Tam formalaşma isə VI-VIII əsrlərdə olmuşdur. Bir çox hadisələr daha qədimlərə gedir: «...dastanda təsvir olunan hadisələrin 1300 il və ondan daha əvvəllərə aid olması barəsində mövcud olan mülahizələr də ümumi vahid rə’y kimi, demək olar ki, bütün görkəmli alimlər tərəfindən qəbul edilir». (47; 334) Hadisələrin əsasında duran Mete - Oğuz xan e.ə. III əsrə aiddir. Kayı qəbiləsi də, Bayındırın qəbiləsi də öz əsasını azı həmin dövrdən götürür. Lakin dastanlar birdəfəyə və bir əsrdə yaranmadığından, tam formalaşma dövrünə çatana qədər müxtəlif hadisə və qəhrəmanlarla zənginləşmə prosesi keçirdiyindən tarixçilərimiz I-V əsrlər arsında yaşamış bir çox Alban sərkərdə və dövlət xadimlərinin dastanlarda prototiplərini görmüşlər. Məsələn, Mahmud İsmayıl yazır:»Mə’lum olduğu kimi, bu yazılı abidədə («Kitabi-Dədə Qorqud»da - Q.K.) Alpan, Uruz sözlərinə rast gəlirik. Burada adı çəkilən alplar başı Qazan xanla biz «Albaniya tarixi»ndə rastlaşırıq. Digər tədqiqatçı da (Q.A.Qeybullayev - Q.K.) görkəmli alim R.Blaxştaynerin albanları sak soylarından biri hesab etməsinə əsaslanaraq, onların dilini bizim qədim dilimizlə eyniləşdirir. Ancaq o bu mülahizəsini sübuta yetirmək üçün təkcə R.Blaxştaynerin fikri ilə kifayətlənməyib, albanlarda olan Alban çarı Oris (e.ə. I yüzillik), Zober (III yüzillik), Manas (V yüzillik, Qəbələ yepiskopluğu), Qazan (V yüzillik), Mate (V yüzillik) və s. kimi adların bizim dilimizin ləhcələrində danışan soylar üçün xarakterik olmasını da qeyd edir». (15; 80-81) Əslində, bu sözlərdən müəyyən dərəcə ikinci sualın da cavabını almaq mümkündür. Şimali Azərbaycan ərazisində e.ə. IV və daha əvvəlki əsrlərdən güclü Alban dövləti mövcud idi və türk-saq tayfalarından ibarət olan albanlar min ildən artıq bir dövr ərzində hakimiyyəti əllərində saxlamış, Alban dövlətini daim xarici tə’sirlərdən qorumağa çalışmışlar: «Heç şübhə yoxdur ki, eramızdan əvvəl VII yüzillikdən bizim eranın VIII yüzilliyinə qədər min dörd yüz ildən artıq Azərbaycan ərazisində məskun olmuş albanlar Azərbaycan ərazisində heç bir nişan qoymayıb tarix səhnəsindən çıxa bilməzdilər. Bu, sübut edir ki, albanların dili eramızdan əvvəl də, eramızın ilk yüzilliklərində də bu əraziyə gəlmiş qədim azərbaycandilli soyların dillərindən, yaxud ləhcələrindən biri olmuşdur».(15; 82) Dastanlar da bunu sübut edir. S.Əliyarov dastanlarda təsvir edilən hakimiyyət tipini «ikili hakimiyyət institutu» adlandırır. Dastanlarda «qədim Göytürk, Xəzər, Oğuz və Qaraxanlı dövlətlərində vitsekral (xaqanın müavini) institutu təsvir olunmuşdur. İkili hakimiyyət qaydası ilə bağlı olan həmin institutu Xəzər dövləti timsalında ərəb tarixçisi belə təsvir etmişdir: «Xəzərlərin xaqan titulu daşıyan hökmdarına gəldikdə isə, inanın, o yalnız hər dörd ayda bir dəfə adamların gözünə görünür... Ona «ulu xaqan» deyirlər, onun müavinini «xaqan bəy» adlandırırlar. Bu sonuncu, orduya... başçılıq edir, dövlət işlərinə rəhbərlik edir və onları yerinə yetirir, (xalqın qarşısına) çıxır, yürüşlər keçirir, yaxın ölkələrin hökmdarları da ona itaət göstərirlər».(27; 146) Beləliklə, «ulu hökmdar» Bayındır xana nisbətən «Dədə Qorqud» boylarında Qazan xanın ön planda verilməsi həmin qəhrəmanların «epik tarixçəsi» (V.M.Jirmunski) ilə deyil, Oğuz cəmiyyətində ali dövlət vəzifələrinin ən’ənəvi bölgüsü ilə bağlıdır». (26; 261) İbn Fadlanın dediyi kimi, elin qarşısına çıxan, əslində, dövlətin idarəsi ilə bağlı bütün məs’uliyyəti daşıyan ikinci şəxs - Qazan xan dastanlarda «alpanlar başı» adlandırılır: «Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub, yaturlar». (26; 69) Qazılıq qoca oğlu Yegnək də yuxuda atasını xilas etməyə gedənlər sırasında Oğuz elinin igidlərini - igid alpanları görür:»Ağ-boz atlar çapdırır alpanlar gördüm». (26; 95) Deməli, dövlət də Alban dövlətidir. Qazan xan «alpanlar başı»dırsa, deməli, albanlar da oğuz tayfalarındandır. Bunların hamısı real tarixi izlərdir və bunlar dastanların həqiqətən ən geci birinci minilliyin birinci yarısına aid hadisələri əhatə etdiyini söyləməyə əsas verir. E.ə.VII-IV əsrlərdən səsi-sorağı gələn Alban dövləti Azərbaycanın şimalında VIII əsrin sonlarına qədər öz gücünü saxlamışdı. Ona görə «Alban dövləti» adlanmışdır ki, aparıcı tayfa albanlar olmuşdur. «Dədə Qorqud»dan aydın olur ki, dastanda təsvir edilən oğuzlar, əslində, həmin albanlardır. VIII əsrdə Albaniya artıq öz əvvəlki qüdrətini zəiflətmişdi, Qarabağ hüdudları ilə məhdudlaşırdı və şimali Azərbaycan əraziləri Aran şahlığı sayılırdı. Ə.Dəmirçizadə dastan qəhrəmanlarının yaşadığı və mübarizə apardığı, dostları və düşmənləri barədə dəqiq araşdırmalar apararaq çox sərrast söyləmişdir: «Deməli, Bayburdda, Trabzunda, İstanbulda, ümumən Rum elində və Qara dənizin cənub sahillərində hələ nə oğuzlar, nə də səlcuqlar vardı. Belə isə, bu dastanlarda XI əsrdən əvvəlki dövrdəki, yə’ni hələ Kiçik Asiyada oğuzlar olmadığı bir dövrdəki oğuzlar təsvir olunur və bu oğuzlar Orta Asiyada deyil, Kiçik Asiyada deyil, məhz Qazlıq dağ ətəklərində - Qafqazda, həm də Dərbənddən şimalda yox, məhz Azərbaycanda ağban evlər, ala seyvanlı saraylar qurub yaşayan oğuzlardır. Bu oğuzlar artıq bu dövrlərdə azərbaycanlıların etnik tərkib hissəsinə daxil olmuş və Azərbaycan xalqının müəyyən hissəsinə çevrilmiş oğuzlardır, daha doğrusu, oğuz və qıpçaq qəbilə dilləri əsasında təşəkkül tapmış olan ümumxalq Azərbaycan dilində ünsiyyət edən azərbaycanlılardır». (24;10-11) Professor «Azərbaycan xalqının müəyyən hissəsinə çevrilmiş» sözlərini də düz deyir, lakin o dövrdə Azərbaycan xalqının təşəkkülündə qədim türk etnoslarının rolu az tədqiq olunduğundan həmin etnosların üstün rolunu, başqa türkdilli tayfalarla birlikdə Alban dövlətinin əsasında durduğunu qeyd edə bilməmişdir. Oğuzlar arasında qam-şaman münasibətləri geniş yayılmışdı. Onlar yalnız X əsrdə kütləvi şəkildə islam dinini qəbul etmişlər. Buna görə də əksər tədqiqatçılar düzgün qeyd etmişlər ki, «Dədə Qorqud» islamiyyətdən əvvəl yaranmış və dastanlarda əvvəlki oğuzlar təsvir edilmişdir. Aydın hiss olunur ki, oğuzlar islam dinini qəbul etmiş olsalar da, islam dini hələ onların iliyinə, qanına yeriməyib. Namaz qılmır, oruc tutmurlar, əksinə, al şərabın istisindən nəş’ə alırlar. Qadınlar kişilərlə bərabər at belində gəzir, çadra nə olduğunu bilmirlər: «...bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda dururlar... Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilmirlər, onların özlərinin molla, seyid və müəzzinləri yoxdur: haradansa gəlmiş «saqqalı uzun» bir tat əri əzan «banlamaqdadır» (5; 28) Oğuz igidlərindən Dəli Domrulun Əzrayili tanımaması, «Mərə, Əzrayil dedügüniz nə kişidir?» deməsi də islam dini ilə bağlı bir çox anlayışların hələ oğuzlar arasında yayılmadığını göstərir: «Dəli Domrulun canını «xırladıb» almaq barədə verilən amansız buyruq islam allahından daha çox, türkdilli xalqların qədim tarixindən bəlli olan tanrı anlayışına uyğun gəlir».(5; 31) Onu da qeyd edək ki, Azərbaycan tarixinə aid qaynaqlarda «Dədə Qorqud»dakı «tanrı» anlamından danışılarkən «tanrı» sözünün mənbələrdə tarixi e.ə.III əsrə aid edilmişdir: «Adı ilk dəfə miladdan qabaq III yüzillikdə yazılı qaynaqlarda çəkilən Tanrı (Tenqri) şumerlərdəki Anu (An) kimi, baş allah sayılırdı. III yüzilliyin Alban tarixçisi onu Tanqrixan, XII yüzilliyin Suriya tarixçisi Qantanqrı (Xantanqrı) adlandırmışdır. Hər iki halda qan-xan «ata», «kağan» (xaqan) deməkdir və nəticədə «ata allah» mə’nası alınır».(5; 31) Əslində isə yazılı mənbələrdə «tanrı» sözünün tarixi çox qədimdir. E.ə. 1700-cü ildə qədim Nippur şəhərində tərtib olunmuş iki şumer elegiyasında «tanrı» sözü «dinqir» şəklində dəfələrlə işlənmişdir və «Allah» mə’nasındadır. S.N.Kramerin oxuyub tərcümə etdiyi bu şumer abidəsində maraqlı türk sözləri vardır. «Dinqir» sözünün işləndiyi cümlələrdən bir nümunə: 98. dingir-kur-ke, sud (= KA X SU)-de mu-ra-[ah(?)-be(?)] - Boqi zaqrobnoqo mira budut [proiznositğ(?)] molitvı za tebə.(28; 18-24) Dastanlarda qam-şaman ünsürləri çoxdur və qam-şaman ünsürlərinin çoxluğu, fövqəltəbii qüvvələr, xüsusən Dədə Qorqudla bağlı epizodlar dastanları mifik dövrlə əlaqələndirir. Qorqudda qam-şaman gücü var, sözün gücü ilə Dəli Qarcarın qolunu qurudur. Dastanlarda ağaca, suya, qurda böyük inam var, ayrı-ayrı boylarda sehrli üzükdən, pəridən, Təpəgözün adam yeməsindən, oğulun ana ilə yaşamasından danışılır. Bütün bunlar dastanları əşirət dövrü ilə bağlayır, «Odisseya» zamanından əvvələ aparır. Dədə Qorqudu tarixi şəxsiyyət, Məhəmməd peyğəmbərin zamanına qədər yaşamış bir Göytürk hakimi hesab edənlər də vardır: «Hocam prof. Zeki Velidi Toğana göre, Dede Korkud islamlıktan önce eki zamanın veziri olmaqla birlikte ha Peyğambar zamanına da yetişmiş gösterilmekte olduğundan Gög Türk zamanındakı Oğuz Yabğuları katında bulunan bir türk hakimi sayıla biler». (25; SXVIII) O.Şaik türklərin «şaman» əvəzinə daha çox «qam» işlətdiklərinə işarə edərək yazır: «Türkçedeki adı kam olan şaman, şamanlıq dininin ayinini ve törelerini yapan, ruhlarla ölümlü insanlar arasında araçılıq eden kimsedir».(25; SSXS) Biz də Azərbaycan ərazisində şamanizmin qamlar, kahinlər tərəfindən həyata keçirildiyini düzgün hesab etmişik. (29; 10-11) M.Kaşğari də «qam» sözünün qarşılığı kimi «kahin» sözünü işlətmişdir. (30; 157) Qam sənəti, kahinlik təhsil və öyrənmək yolu ilə deyil, irsən atadan oğula keçirmiş. Qam sirlərini yalnız qamlar bilirmiş. «Kendisinin tanrılar tarafından kam olaraq tayın edildigine, ruhların kendisinin hizmetinde olduklarına inanan kam, hayalı geniş, mistik, yaratılıştan zeki bir adamdır. Kam olacaq adam, küçüklükden beri çok düşünceli olur; vakıt-vakıt canı sıkılır; tabiatı bakımından şairdir, irtical yolu ile şiirler, ilahiler söyler.»(25; SSXS) Hər dəfə təkrar edilən «Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmuşdı» cümləsindən göründüyü kimi, irsiyyət e’tibarilə Bayındır xan özü qam nəslindəndir - qam Ğanın oğludur, lakin dastanlarda, qeyd etdiyimiz kimi, qam xüsusiyyətləri özünü Dədə Qorqudda göstərir. Belə bir nəticə çıxarmaq olur ki, elə bir dövrdür ki, dini və dünyəvi hakimlər fərqlənməkdədir, kahinlər dövləti idarə işlərindən uzaqlaşdırılmışlar. Ona görə də xaqan yalnız öz padşahlığı ilə məşğuldur. Müşkülləri həll etmək, qorxunc ruhları qovmaq, dar gündə insanların dadına yetmək Dədə Qorqudun öhdəsinə düşmüşdür. Beləliklə, əslində, ozanların da irsən kahinlər silsiləsinə bağlı olduğunu düşünmək olur. Alimlərin tarixi şəxsiyyət hesab etdikləri Dədə Qorqudun Bayat elindən olduğu da mə’lumdur. Bu, dastanların tarixi müqəddəməsinin ilk cümləsində öz ifadəsini tapmışdır: «Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyundan Qorqud ata diyərlər, bir ər qopdı». Oğuzların aparıcı qəbilələrindən olan Bayat VII-IX əsrlərdə Oğuz tayfa ittifaqının başçılarından olmuşdur. Hadisələrin təsvir edildiyi dövr ozan dövrüdür - ozan sənətinin çiçəklənmə dövrüdür. Ozansız heç bir məclis keçmir. Ozan xeyir-duası olmadan heç bir tədbirə əl atılmır. Ən çətin, ən müşkül məsələləri ozan həll edir. Ozan böyük ağıl və idrak sahibidir. Onda kahin qüdrəti var. Bir sözlə, dastanların girişində deyildiyi kimi, «Oğuzın ol kişi tamam bilicisiydi, nə diyərsə, olurdu. Qaibdən dürlü xəbər söylərdi. Həqtəala anın könlinə ilham edərdi». Bunlar göstərir ki, ozan sənətinin parlaq dövrü olsa da, ozanlar hələ qamlardan ayrılmayıb, qam-kahin keyfiyyətlərindən məhrum deyil. Amma rəsmi ayrılma da var: kahinlər-qamlar həm dinə, həm də dövlətə rəhbərlik edirdilərsə, bu dövrdə, yə’ni İç Oğuzla Taş Oğuzun arasına nifaq düşdüyü və bu nifaqın Qazan xan tərəfindən ustalıqla aradan qaldırıldığı dövrdə artıq Bayındır xan dövlətin başçısıdır, Dədə Qorqud isə az-çox kahinlik əlamətlərini daşıyan ozandır. Elə vaxtdır ki, kahinlik etməsə də, dövlətin başçısı kahin oğludur. Deməli, dediyimiz ayrılma prosesi təzə başlayıb. Bu, şübhəsiz, yeni bir imperiyanın gətirdiyi nəfəsdir, güclü hun imperiyasının qoyduğu qanunlarla bağlıdır. Deməli, dastanlar qamla ozanın tədricən ayrılmağa - birincinin zəifləməyə, ikincinin güclənməyə başladığı dövrün məhsuludur. VI-VIII əsrlər ozan sənətinin ən yüksək dövrü olsa da, VIII əsrdə sufiliyin meydana çıxması ilə «aşiq»in «aşığ»a çevrilmə prosesi başlamış və XVI əsrə qədər davam etmiş, nəhayət, Qurbaninin şəxsində aşıq sənəti ozana qalib gəlmiş, daha doğrusu, ozan öz yerini aşığa vermişdir. Əgər «Dədə Qorqud» ozanla qamın (kahinin) kəsişməsi dövrünün izlərini saxlayırsa, deməli, bu dastanların kökləri min il əvvələ - e.ə. I minilliyin sonlarına uzanır. Belədirsə, deməli, bu dastanlar xeyli müddət ümumxalq dilinin təşəkkülünə kömək edib və sonrakı əsrlərdə onun ədəbi dil kimi təşəkkülündə fəal iştirak edib. Dastanların 1988-ci il Bakı nəşrinin tərtibçiləri F.Zeynalov və S.Əlizadə o vaxta qədərki elmi-nəzəri ədəbiyyatdan və kitabın özündən aldıqları təəssürat əsasıda bu qənaətə gəlmişlər ki, »Kitabi-Dədə Qorqud»dakı dini-mifoloji təsəvvürlər və bir çox adət-ən’ənələr III-IV əsrlərə aiddir, lakin əsas hadisələrVI-VIII əsrlərdə cərəyan edir. Bu da aydındır ki, «Kitabın yaşının açarı onun özündədir, boyların öz yarpaqlarındadır».(5; 28) Dastanlar müxtəlif vaxtlarda, müxtəlif ozanlar tərəfindən yaradılmış, toplu halda 1074-cü ildə yazıya alınmışdır; XV-XVI əsrlərdə üzü köçürülsə də, yuxarıda qeyd etdiyimiz kimi, yazılı nüsxələrinin daha əvvəllərə aid olduğu güman edilir. «Dədə Qorqud»u yaradan və ilk dövrdə yazıya alanlar ümumxalq Azərbaycan dilinin təşəkkül və inkişafında misilsiz xidmət göstərmişlər. Dastanların dili köçürmələr prosesində müəyyən dərəcə müasirləşdirilmişdir. Baş verən hadisələrin Azərbaycan ərazisində və qismən də şərqi Anadoluda cərəyan etdiyi hələ 40-cı illərdə Ə.Dəmirçizadə tərəfindən sübut edilmişdir. Daha əvvəllər V.V.Bartold dastanların Qafqaz mühitində - Dərbənd keçidi ilə Ermənistan yaylası arasındakı torpaqlarda bəstələnib yaradılmış olduğunu göstərmişdir. (5; 28) Dastanlar sırf oğuz məkanında yarandığından xarici tə’sirlərdən kənar olmuş, ərəb və fars sözləri, islam dini tə’limi dastanlara oğuzlar islamiyyəti qəbul etdikdən sonra əlavə edilmişdir. Tədqiqatçılar hesablamışlar ki, dastanların dilində işlənmiş 2721 sözdən cəmi 559-u ərəb və fars mənşəlidir. Bunlar dastanlara XI-XVI əsrlərdə əlavə edilmişdir. Dastanlarda işlənmiş xüsusi adların yad tə’sirlərdən uzaq və əksəriyyət e’tibarilə xalis oğuz səciyyəli olması da bunu sübut edir. Oğuzlar islam dinini X əsrdə qəbul ediblərsə, deməli, dastanlar üzərində ən ciddi »əməliyyat» elə o dövrdə başlayıb və XV-XVI əsrlərdə davam etdirilib. Və əgər sonrakı nüsxələrdə XI əsrin tarixi saxlanmışsa, deməli, bütövlükdə dastanların strukturu, dil-üslub xüsusiyyətləri də qorunmuşdur. Belə olduqda XI əsr variantının VI-VIII əsrlərdə formalaşmış variant əsasında yazıya alındığını söyləmək olar. Umimiyyətlə, boylardakı əlavələri ayırmaq mümkündür. Şe’r parçalarında bu daha asandır. Bir neçə nümunəyə diqqət yetirək. Məsələn, Bamsı Beyrək boyu aşağıdakı sözlərlə bitir: Qara taqların yıqılmasun! Gölgəlicə qaba ağacın kəsilməsün! Ağ saqallu baban yeri uçmaq olsun! Ağ birçəklü anan yeri behişt olsun! Oğulla qarındaşdan ayırmasun, Axır vəqtində arı imandan ayırmasun! «Amin!» «Amin!» deyənlər didar görsün! Yığışdırsun, durışdırsun günahınızı, Adı görklü Məhəmməd Mustafa yüzi suyuna bağışlasun, xanım, hey! (26; 67) Bu parçanın dördüncü misrasındakı «behişt» sözü, altıncı misradakı «axır vəqtində» ifadəsi və axırıncı iki misra, bizcə, sonrakı dövrlərin məhsuludur. «Behişt» sözü mətndə aydın şəkildə yad görünür; yəqin ki, bu sözü əvvəlki misradakı «uçmaq» sözünü təkrar etməmək üçün işlətmişlər; «axır vəqtində» sözləri misranı ağırlaşdırır, görünür, «sonuc» sözünün əvəzində işlənmişdir: «Sonucda arı imandan ayırmasun.» Son iki misra isə artıq zamanın hökmü ilə əlavə olunmuşdur. Həmin iki misra olmadan da, «didar görsün» sözlərindən sonra mətn «xanım, hey» sözləri ilə bitə bilərdi. «Amin», «uçmaq» sözləri, «didar görsün» ifadəsi islamiyyətdən əvvələ aiddir. Uruzun dustaq olduğu boyda həmin iki misra ilə yanaşı, «Allah verən umudun üzülməsin!» misrasında «tənri» sözü «allah» sözü ilə əvəz edilmişdir. Bu cəhət Qanturalı boyunda da eyni misrada müşahidə olunur. Ərəb və fars ədəbi elmi mühitinin tə’siri nəticəsində boyların dilinə xeyli alınma söz hopdurulub, dini tə’limdən irəli gələn fikirlər əlavə edilib. Bunları əlavə bir lay kimi aradan qaldırmaq mümkün olsa, dastanların dili qədimlik xüsusiyyətləri ilə Orxon-Yenisey yazılarına daha çox yaxınlaşmış olardı. Müasirləşdirmə əməliyyatı aparılmamış olsa idi, daha arxaik formalarla rastlaşa bilərdik. Nəzərdən keçirdiyimiz boylarda «tənri» sözünün əvəz edildiyi daha çox hiss olunur. «Tənri», «allah», «allahtəala», «tənritəala» sölərinin işlənmə nisbəti göstərir ki, ilk variantda yalnız «tənri» sözü olmuşdur. Məsələn, Buğac boyunda «allah» sözü bir dəfə, «tənri» sözü üç dəfə işlənmişdir; dörd yerdə «tənri» sözünə «təala» sözü əlavə edilmiş, iki yerdə «tənri» sözü «allahtəala» sözü ilə əvəz edilmişdir. Bu cəhəti dastanları nəzərdən keçirən tarixçilərimiz də qeyd etmişlər: «Bu oğuzlar hələ də «allah» yerinə daha çox və daha tez-tez «tanrı» (tenqri) işlədirlər. Kitabda «tanrı» sözü 73, «allah» sözü isə («Allahu - Səməd» variantı ilə) 54 yerdə işlənmişdir. Hətta bir neçə yerdə Qurandakı «allah-taala» yerinə «tanrı-taala» yazılmışdır, yə’ni «taala» sözü saxlanmaqla klişedən «allah» sözü götürülüb yerinə «tanrı» sözü qoyulmuşdur. Halbuki klassik islam mühitində yaranan abidələrin heç birində «allah» anlayışı islamdanqabaqkı yerli ilahi adları ilə əvəz olunmamışdır və oluna da bilməzdi». (5; 28) Ümumən hiss olunur ki, sözün arxaikləşməkdə olduğunu və ya dini baxımdan aktuallığını itirdiyini duyan katib onun mə’nasını yeni söz və ifadələrlə çatdırmağa çalışmış, yenilik çalarlı sinonim vasitələrdən istifadə etmişdir. Əksərən yeni sözü arxaikləşməkdə olana əlavə kimi işlətmiş, bə’zən həmin sözdən əvvələ keçirmişlər: «Oğlanın qırq gündə yarası önəldi, sapasağ oldu», «Oğlın sağdır-əsəndir, avdadır.» Hətta bu məqamda bə’zən sözün termin çalarının zəifliyi də sinonimliyə səbəb olmuşdur: «Dədəm Qorqud boy boyladı, soy soyladı, bu Oğuznaməyi düzdi-qoşdı.» «Saqalı uzın tat* əri banladıqda» sözlərindən aydın olur ki, hələ oğuzların özlərindən əzan verən yoxdur. Əzan verənlər gəlmələrdir. *Tatlar deyildikdə Azərbaycan ərazisinə köçürülmüş və ya özləri gəlmiş irandilli əhali nəzərdə tutulur: «....erkən orta əsrlərdə Sasani şahları Azərbaycanın şimal hissəsinə pəhləvi-fars ləhcələrində danışan etnoslardan köçürmüşdülər. Bir qisim farsdilli əhali özünün arzusu ilə buraya köçərək məskunlaşmışdı. Bu əhali sonrakı dövr qaynaqlarda tat adlandırılmışdı». (4; 212)] V fəsil - Poetik - dastançılıq örnəyimiz «Dədə Qorqud» son dərəcə kamil bir ədəbi abidədir, xalis poeziya nümunəsidir. «Bu kitabı cəsarətlə Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası adlandırmaq olar».(26; 5) M.F.Köprülüzadə daha tutarlı demişdir: «Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, «Dədə Qorqud» o biri gözünə qoyulsa, yenə də «Dədə Qorqud» tərəfi ağır gələr.» (26; 15) Tədqiqatçıların bir çoxunun fikrincə, dastanlar bütövlükdə mənzum şəkildə yazılmış, köçürmələr, əlavələr prosesində pozulmuşdur. Bu fikirlə razılaşmaq çətindir, çünki «Dədə Qorqud» bizim bütün sonrakı dastanlarımız üçün örnək olmuş, bütün qəhrəmanlıq və məhəbbət dastanlarımız «Dədə Qorqud» ən’ənələri əsasında yaranmışdır. Sonrakı dastanlarımızda nəsrlə şe’rin növbələşməsi «Dədə Qorqud» ən’ənələrindəndir. Dastanların müqəddiməsində Dədə Qorqudun dilindən dörd şe’r verilmişdir. Bunlardan əvvəlki üçü aşıq dastanlarındakı ustadnamələrin əcdadıdır, sonuncusu isə islamiyyətin tə’siri ilə əlavə edilmişdir, Məhəmmədin, Əlinin, Osmanın, Həsənin, Hüseynin, Qur’anın, Məkkənin vəsfinə həsr olunmuşdur. Misraların ümumiləşdirmə gücünün zəifliyi də onların eyni hikmətlə yaranmadığını göstərir. «Ustadnamələr» silsiləsi ümumilikdə dastanların - boyların hamısına aiddir. Hər bir boyun sonunda Dədə Qorqudun gəlib «yum verməsi,» xeyir-duası dastançılıq ən’ənələrindəki duvaqqapmaların inkişafına səbəb olmuşdur. Bunlar göstərir ki, dastanların müqəddəməsi sonralar əlavə edilməyib, qədimdir, lakin daha çox dəyişikliyə uğrayıb. «Dədə Qorqud» şe’ri sonrakı şe’r şəkillərinin formalaşmasına xüsusi tə’sir göstərmişdir. «Buğac boyu»nda Dirsə xan tanımadan oğlu Buğaca müraciətlə deyir: Boynı uzun bədəvi atlar gedərsə, mənim gedər, Sənin də içində binədin varsa, yigit, dekil mana, Savaşmadın, uruşmadın alı verəyim, döngil gerü! Ağayıldan tümən qoyun gedərsə, mənim gedər, Sənin də içində şişligin varsa, degil mana, Savaşmadın, uruşmadın alı verəyim, döngil gerü!.. Buğacın atasına cavabı: Boynı uzun bədəvi atlar gedərsə, sənin gedər, Bənim də içində binədim var, Qomağım yoq qırq namərdə! Qaytabanda qızıl dəvə sənin gedər, Mənim də içində yüklətim var, Qomağım yoq qırq namərdə!.. Bir-iki bəndini verdiyimiz bu şe’r parçaları aşıq şe’rindəki deyişmələrin ilk nümunələri - ulu əcdadlarıdır. Bəndlərin sonunda təkrar olunan misralar ilk bəndinin son misrası sonrakı bəndlərdə təkrar edilən qoşma və gəraylılar üçün yol açmışdır. Onu da qeyd etmək lazımdır ki, dastanların çapı zamanı bə’zən şe’rlə nəsrin sərhədləri düzgün müəyyən edilməmişdir. Məsələn, «Salur Qazanın evi yağmalandığı boyı»nda (1988-ci il çapı) Kafərin sözləri aşağıdakı üç misradan ibarətdir: Qaranqu axşam olanda qayğılu çoban! Qarla yağmur yağanda çaqmaqlu çoban! Südi, peniri bol qaymaqlu çoban! Bundan sonra Kafərin nitqi nəsr şəklində verilmişdir. Halbuki «Dədə Qorqud» mətnlərində şe’r texnikasını nəzərə aldıqda Kafərin sonrakı sözləri də misralara düzülməli idi: Qazan bəgün dünligi altun ban evlərini biz yığmışuz, Tavlv-tavla şahbaz atlarını biz binmişüz, Qatar-qatar qızıl dəvəsini biz yetmişüz, Qarıcıq anasını biz götürmişiz, Ağır xəzinə, bol aqçasını biz yağmalamışuz... Şe’r texnikasında müasir aşıq şe’r strukturundan fərqli cəhətlər - alliterasiyanın üstünlüyü, qafiyə sisteminin zəifliyi, vahid hecalanma prinsipinə əməl edilməməsi dastanların qədimliyi, ilkinliyi ilə əlaqədardır. Boyların üzünün köçürülməsində diqqətsizlik halları da olmuşdur. Bu cəhət dastanlara əlavələr zamanı da ola bilərdi. Məsələn, Buğac boyunda birinci söyləmə - «Salqum-salqum tan yelləri əsdigində» sözləri bir qədər sonra təkrar edilmişdir. Təkrar zamanı arada yalnız təzə bir misra işlədilmişdir: «Qalın Oğuzın gəlini-qızı bəzənən çağda» və hər iki halda, şe’r bitmədən, fikrin nədən ibarət olduğu yaxşı açıqlanmadan nəsrə keçilmişdir. Həmin boyda başqa qüsurlar və məntiqsizlik halları da vardır. Boyun əvvəlində 40 namərdin yalnız Dirsə xanı tutub Kafərə aparmaqla məşğul olduğu göstərildiyi halda, sonda Dirsə xanın oğluna müraciətindən belə çıxır ki, namərdlər onun mal-qarasını, atlarını, dəvələrini, xəzinəsini, qız-gəlinini, hətta qarıcıq olmuş anasını da yağıya aparırmışlar və bundan heç kəsin xəbəri yox imiş, bunu yalnız Dirsə xanın qadını «duymuş» imiş. O. Şaik bu boyun dastanlara sonradan əlavə edildiyini güman etdiyini bildirmişdir: «Hekayeleri bir-birine dügünleyen Bayundur hanın varlığına rağmen bu konunun (Buğac boyunun - Q.K.) dastanlara sonradan sokulmuş olması mümkündür». «Dədə Qorqud» nəsri çox tutumludur. Sonrakı dastanlarda müşahidə etdiyimiz bol-bol təsvirlər, sözdən qənaət hissi olmadan istifadə, artıq epizodlar, uzun-uzadı təhkiyələr «Dədə Qorqud»da yoxdur. Burada sözlərin yeri son dərəcə sıx, mə’nası çox-çox zəngindir. Ona görə hətta olduğu kimi müasirləşdirmə prosesində də fikrin dəqiq ifadəsi üçün müxtəlif sözlərdən, sinonim vasitələrdən istifadə edilməsi lazım gəlmişdir. «Dədə Qorqud» şe’rləri vəzni, quruluşu, qafiyəsi kamil aşıq şe’rindən bir də onunla fərqlənir ki, burada qafiyə xatirinə, hecanı tamamlamaq xatirinə artıq sözdən istifadə edilməmişdir. Əsl sərbəst şe’r «Dədə Qorqud» şe’ridir. Dastanlarda birinci minilliyin sonlarından ədəbiyyatımızda dərin kök salmış «əruz vəzni», «heca vəzni» anlayışları yoxdur. Şəxsən bizim düşüncəmizə görə, bu dastanları sırf şifahi ədəbi dil nümunəsi saymaqla onun ədəbi dilimizin inkişafında rolunu azaltmış oluruq. Dastanlarda mənzum parçalar çoxdur və mə’lumdur ki, yazıyaalma və sonrakı köçürmələr prosesində şe’rdə çox cüz’i dəyişiklik edilə bilərdi. Nəsr hissəsi isə elə ümumiləşdirilmiş, monolit və hikmətli cümlələrdən ibarətdir ki, üzünü köçürərkən islam dini ilə bağlı əlavələr, arxaik elementlərin əvəzlənməsi və ya sinonim vasitələrlə şərhi kifayət etməli idi. Biz «Kitabi-Dədə Qorqud»u orta üslubun nümunəsi hesab edirik. Orta üslub isə müəllifsiz deyildir. Orta üslub dedikdə Şah İsmayıl Xətainin, Qurbaninin, M.P.Vaqifin, Aşıq Ələsgərin, S.Vurğun, H.Arif və b. sənətkarlarımızın yaradıcılıq xəttini nəzərdə tuturuq. Bu xətt həqiqi şifahi ədəbiyyatla yazılı ədəbiyyatı birləşdirən və xalq ifadə tərzini daha böyük ustalıqla mühafizə edən sənət yoludur. «Dədə Qorqud» bu üslubun başlanğıcıdır, ilk misilsiz nümunəsidir. Boyları söyləyən ozanın adı qalmasa da, aydın hiss olunur ki, o, böyük sənətkar olmuşdur. Dastanlara əlavələr edən ozanlar dil və üslub ən’ənələrinə sadiq qalmış, ilkin səviyyəni qorumağa çalışmışlar. V fəsil - Bə’zi fonetik, leksik və morfoloji xüsusiyyətlər Arxaik elementlərin çoxluğu dastanların dilini birinci minilliyin ortaları ilə bağlayır. Aydın təsəvvür üçün yalnız bir boyda - Buğac boyunda nəzəri cəlb edən bə’zi fonetik, leksik, morfoloji xüsusiyyətlərə diqqət yetirək. Fonetik hadisələr sırasında müasir dilə doğru gəldikcə bə’zi samitlərin, xüsusən «t» samitinin cingiltiləşməsi, yə’ni müasir dildə «d» ilə deyilən bir çox sözlərin «Dədə Qorqud»da «t» variantı daha çox müşahidə olunur: turmışdı, tan (dan yeri), tağ (dağ), tar (dar), tatlu (dadlı), taş (daş, dış), toyırmaq (doyurmaq), tonatmaq (donatmaq, paltar geydirmək), toğurdı (doğdu), tayadı (dayadı), talusı (dalı, kürəyi), tam (dam), tayaq (dayaq), turı (duru), tamar (damar), tutsaq (dustaq), tuymış (duymuş), keçit (keçid). Az da olsa, əksinə hal da müşahidə olunur - müasir dildə «t» ilə başlayan bir sıra sözlər «Dədə Qorqud»da anlautda «d» ilədir: dökmək (tökmək), dəpə (təpə), dəpələsün (təpələsin, toplasın). Müasir dildən fərqli fonetik xüsusiyyətlər: Müasir dildə: «o» - DQ-da: «a» - av; Müasir dildə: «b» - DQ-da: «p» - qapırğa; Müasir dildə: «y» - DQ-da: «g» - bəg, günligi, yigirmisi; Müasir dildə: «x» - DQ-da: «q» - yoq (yox), saqlatdı (saxlatdı), aqan (axan); Müasir dildə: «m» - DQ-da: «b» - bin, binəd (minik), bən. Söz əvvəlində «y» samitinin işlənməsi: yüzinə (üzünə), yildə (ildə), yigit, yılan, yuca; Sağır «n» səsinin bol-bol işlənməsi: Bir Buğa öldürmüş səni(n) oğlı(n). Bayındır xanı(n) qatı(n)da sa(n)a qəzəb ola; Söz əvvəlində «v» samitinin işlənməməsi: urmaq (vurmaq), uruşmaq; Sözün «ı» saiti ilə başlanması: ısmarlayıb; Sözün bir «q» ilə tələffüzü: saqallu (saqqallı); Bə’zi sözlərdə «n», «r» sonorlarının olmaması: qılıcım, quşanar (qurşanar); Boylarda adi hal kimi müşahidə edilən: turmışdı, günligi, yer yüzinə qurdırmışdı, kimün, oğlı, qondurın, gətürün, getsün, bilsün, bəgün, salqum-salqum, turıb kimi sözlərdə dodaq saitlərinin işlədilməsinin imla qaydaları və ya tələffüzlə bağlı olduğunu dəqiq söyləmək çətindir. Orxon-Yenisey abidələrində də bu cür hallar vardır (müqayisə et: kılıntukda, oğlınta, olurıpan, törüsin, konturmıs, kılınmaduk və s.) («Gül tigin abidəsi»). Təkcə bir boyda - Buğac boyunda onlarca maraqlı arxaik sözə rast gəlirik. Bunların arasında fe’llər, isim və əvəzliklər nəzəri daha çox cəlb edir. Fe’llər: qonmaq - məskən salmaq, sakin olmaq, oturmaq; sayramaq - ötmək, oxumaq; banlamaq - ucadan səslənmək, əzan vermək; ayıtmaq - demək, danışmaq, söyləmək; ulalmaq - ululaşmaq, böyümək; yenmək - məğlub olmaq; quvımaq - gözdən salmaq; yarçumaq - yarımaq; uğramaq - rast gəlmək, görüşmək; onəlmək - yaxınlaşmaq, sağalmaq; sımaq - sındırmaq, sözünü yerə salmaq; idmək - olmaq; döşürmək - dərmək; şeşmək -açmaq; qomaq - qorxmaq, irmək - çatmaq, yetişmək; yürimək - yüyürmək; varmaq - getmək; bulmaq - tapmaq; soqmaq - sancmaq; oyurulmaq - oyulmaq; İsimlər: is - yiyə, sahib, başçı, ağa; cılasın -igid, pəhləvan; suç - günah; küz - payız; yəxni - kabab; qımız -at südü; iyə - yiyə, sahib; ordı - düşərgə, çadır, şəhər; kişi - adam; baba - ata; ayıl - yaylaq; qaytaban - dəvə salınan yer; təbər - söz, sov; tutsaq - dustaq; oda - ev, çadır; yen - ətək; uyxu - yuxu; gödə - gövdə; yum - xeyir-dua; ög - ön; turğay - torağay; yazı - çöl, səhra; yaban -çöl, səhra; xatun - qadın; köyki - kürəkən; yavru - bala, uşaq; Sifətlər: iyəküli - yiyəli, sahibli; qatı - bərk, möhkəm; qalın - bərk, guclü; ağ - böyük, uca; ala - hündür; qara - böyük; ərcəl-fərsiz; arqurı - çılpaq; yeg - yaxşı; yalın, yalıncıq - çılpaq; Saylar: biri(n) - bir-bir; tümən - on min, bir qaç - bir neçə; Əvəzliklər: bənüm - mənim; ba(n)a - mənə; sa(n)a - sənə; anu(n) - onun; a(n)lar - onlar; ol - o; şoylə - elə; böylə - belə; kəndü - öz; qanda - harada; nerədən - haradan; qanı - hanı; Zərflər: uru - erkən, tez; külük - iti; yayan - piyada; əsən - salamat; yarın - sabah; anda - orada; yılabıdaq -azacıq; şimdi - indi; qamın - iti. Heç şübhəsiz, mütəxəssis olmayan geniş kütlə üçün ozan, keyik, qıvanmaq (güvənmək), sinirlə(n)mək (hirslənmək), toylamaq (yığıncaq etmək, iri məclis qurmaq), verək (dayaq) kimi sözlər, boy boylamaq, soy soylamaq, dişi əhli, azğun dinli, Qazlıq tağı, qolça qopuz, yum verəyin kimi birləşmə-ifadələr də işləkliyini itirmişdir. Qeyd etdiyimiz sözlər uzun müddət klassiklərimizin bədii dilində işlənmiş, XVI əsrdən sür’ətlə arxaikləşməyə başlamışdır. Bir qismi yazı ən’ənələrinə görə hətta XX əsrin əvvəllərinə qədər işləkliyini saxlamışdır. Balaca bir boyda bu qədər arxaik sözün işlənməsi və bunlardan əlavə, Dədə Qorqud, Dirsə xan, Buğac, Bayındır xan, Qam Ğan kimi antroponimlər, İç Oğuz, Taş Oğuz, Ala Tağ, Qazlıq Tağı, Qazlıq at kimi yalnız dastanların dilində və dastanlardan bəhs edən elmi ədəbiyyatda məhdudlaşmış toponim, etnonim və zoonimlər çox qədim izləri mühafizə edib saxlamaqla bizi ümumxalq dilinin təşəkkül dövrünün leksika və frazeologiyası ilə tanış edir. Azərbaycan ərazisində qımızdan istifadənin təbii qadağan tarixi, yəqin ki, çox uzaq keçmişlə bağlıdır. «Bən bunun alnına niyə tayaq olurbən, tururbən?» kimi cümlələrdə bən şəxs əvəzliyi və şəxs şəkilçisi hələ şəxs əvəzliyindən şəxs şəkilçisinin tam diferensiasiyaya uğramadığını göstərir. Dastanların dilində, o cümlədən Buğac boyunda bir sıra fe’li bağlama formaları da köhnəlmişdir: -digində: əsdigində - əsdiyi yerdə; -ubanı,-übəni: qalqubanı - qalxıb, gəlübəni - gəlib; -ı,-i,-u: alı versin, öldüri görgilə - öldürüb gör; istəyü - istəyərək; -a: çıqa gəlib - çıxıb gəldi; -madın: savaşmadın - savaşmadan, uruşmadın - vuruşmadan; -gəc: digəc - decək. Arxaik şəxs şəkilçiləri: Əmr şəkli I ş.t.: -ayım, -əyim: varayım, görəyim, öldürəyim; Əmr şəkli I ş.c.: -alım, -əlim; -ayın, -əyin - tütalım, götürəlim, yonalalım; olayın, turayın; Əmr şəkli II ş.t.: -ğıl,-gil, -gilə - turğıl, gəlgil, qoymağıl, yığnaq etgil, öldüri görgilə; Əmr şəkli II ş.c: -n - döşən (döşəyin). Bu forma canlı danışıq dilində bu günə qədər özünü saxlamışdır. Soltanlı kənd şivəsində: qorxman - qorxmayın, getmən - getməyin, nigaran olman - nigaran olmayın; (31; 170-184) Xəbər şəkli I ş.c.: -ız: qarğarız - qarğayarıq. Dastanların dilində hər iki tərəfi təsrif formalı: baxdı-turdı, sürdi-gəldi kimi tərz birləşmələri ilə yanaşı, gəlür oldu - gəldi, geyər olsun - geysin, binər olsun - minsin kimi analitik formalar da işləkdir. Bacarıq tərzində «bilmək» fe’linin ixtisar şəkli bu fe’lin çox qədim bir söz olduğunu göstərməklə yanaşı, «Dədə Qorqud» dövrü dilimizin də qənaət imkanlarını üzə çıxarır: turamadı (dura bilmədi), cavab verəməz (cavab verə bilməz). Qənaət və intensivlik şəkilçilərdə də müşahidə olunur. Saitlə bitən sözlərdə indiki zaman şəkilçisindən əvvəl bitişdirici samit əlavə etmək əvəzinə, şəkilçinin saitinin düşməsi: yersə (yeyirsə), böyür (böyüyür). Tə’sirlik və növ mə’nalarının, məsdərin müasir dildən fərqli ifadəsi halları: -məsdər əvəzinə fe’li sifət şəkilçisinin işlənməsi: gəzdigindən öldügin yeg - gəzməyindən ölməyin yaxşıdır; -məsdərin -ış,-iş,-uş,-üş şəkilçisi ilə ifadəsi: at səgirdişin, qılıc çalışın, oq atışın; -bə’zi fe’llərin tə’sirlik şəkilçisi ilə işlənməsi: toğırdı - doğdu; Dəpə kibi ət yığdım, göl kibi qımız sağırdım (sağdım); -qayıdış növün şəkilçisi olmadan qayıdış növ mə’nasının ifadəsi: ağlı-qaralı seçən (seçilən) cağda. -hal mə’nalarının sabitləşməməsi, sinonimliyi: -vasitə halının işlənməsi: bir yazın, bir küzin, götin-götin; -yerlik əvəzinə yönlük halın işlənməsi: talısının üstinə (üstündə) turdı; -çıxışlıq əvəzinə yönlük halın işlənməsi: qomaqım yoq qırq namərdə (qırx namərddən qorxmuram); -çıxışlıq əvəzinə yerlik halın işlənməsi: iki talusının arasında (iki kürəyinin arasından) urub; -yönlük halın fe’llə qoşmasız əlaqəsi: Xızır mana gəldi (Xızır mənim yanıma gəldi), Oğlana hazır oldu (oğlanın yanında hazır oldu), Babasına vardı (babasının yanına vardı); -tə’sirlik hal mə’nasının -n şəkilçisi ilə ifadəsi: ağzın (ağzını) sögdi, babasının qırq yigidin (igidini) anmaz oldı; -yönlük əvəzinə yerlik halın işlənilməsi: Topuğunda (topuğuna) sarmaşanda qara saçlum; -tə’sirlik əvəzinə yiyəlik halın işlənməsi: Anasının yanına alıb gəldi (anasını yanına alıb gəldi) (?). Samitlə bitən sözə mənsubiyyət şəkilçisindən əvvəl «s» bitişdiricisinin artırılması: cilovsın (cilovun); Tə»sirlik hal şəkilçisindən əvvəl saitlə bitən isimlərdə daha çox «y» bitişdiricisinin işlənməsi: qarğayı, oğuznaməyi, qızluyı; III şəxs mənsubiyyət şəkilçisinin üst-üstə işlənməsi: yolısı (onun yolu). Sağır «n» ilə yiyəlik halın mənsubluq bildirməsi: Boynı uzın bədəvi atlar gedərsə, səni(n) gedər - «Boynu uzun bədəvi atlar gedərsə, sən-in-ki (sənin atların) gedər». Qeyd etdiyimiz morfoloji xüsusiyyətlər, xüsusən ismin halları ilə bağlı sinonim müvaziliklər əvvəlki fəsillərdən oxucuya tanış olmalıdır. Çünki bunların, demək olar ki, çoxuna (sonralar yaranmış katib şivəsi ilə bağlı olanlar istisna olmaqla) şumer dilinin morfoloji quruluşunda rast gəlmişik. Təkrara yol verməmək üçün bir-bir müqayisə aparmağı lazım bilmədik (ikinci fəslə bax). «Dədə Qorqud»da tez-tez müşahidə edilən «kim» bağlayıcısı Orxon-Yenisey yazılarında qeydə alınmamış, yalnız «Kutadku bilik»də və sonrakı abidələrdə işlənmişdir. «Dədə Qorqud»da hətta «ki» forması da müşahidə olunur: Bənim suçum nə oldu kim, qara otağa qondurdu? Dilədi ki, oğlanı həlak qılaydı. Hiss olunur ki, bu bağlayıcıları dastanları köçürərkən əlavə etmişlər. Bu cür cümlələri bağlayıcısız işlətdikdə cümlə daha təbii səslənir. İmla və yazı ən’ənənləri nəzərə alınmazsa, qeyd etdiyimiz bütün arxaik formalar «Dədə Qorqud»un dilindən keçərək sonralar yazılı ədəbiyyatımızda davam etmiş, milli mərhələnin başlanması ilə passiv fonda keçmişdir. Biz dastanların dilini hazırkı ədəbi dilimizlə müqayisəyə cəlb etməyi lazım bilmədik. Çünki elə bir fonetik, leksik, morfoloji və sintaktik hadisə yoxdur ki, Azərbaycan dilinin tarixində özünü göstərməmiş olsun. Dastanların dili bugünkü Azərbaycan dili ilə elə dərin köklərlə bağlıdır ki, əksər xarici tədqiqatçılar da onun Azərbaycanda yarandığını, Azərbaycan (oğuz-türk abidəsi) olduğunu e’tiraf etməkdədir. Məqsəd daha çox dastanların qədimliyini və Azərbaycan dilinin ilkin təşəkkülündə rolunu araşdırmaq olduğundan bir sıra arxaik formaları qeyd etməklə kifayətləndik. Buğac boyunun dastanlara hələ sonralar əlavə edilməsi ehtimalını və müasirləşdirmələri də nəzərə alsaq, dastanların dilinin I minilliyin ortalarının dil sistemini əks etdirdiyinə şübhə qalmır. Oğuzların ölkəmizin ərazisində eradan çox-çox əvvəl məskun olduğu və hun dövründə yeni güclü axınları, hadisələrin cərəyan etdiyi ərazilərin dəqiqliyi və Azərbaycanın coğrafiyası ilə üst-üstə düşməsi, dastanların dilinin Orxon-Yenisey kitabələrinin dili ilə səsləşməsi, qam-şaman ən’ənələri və ozan sənətinin zirvə mərhələsi, arxaik formaların və sinonim müvaziliklərin bolluğu, poeziya nümunələrinin daha çox alliterasiyaya əsaslanması, ərəb və fars sözlərinin azlığı və ərəb-islam tə’limi ilə birgə dastanlara sonralar yol tapması və nəhayət, tarixin dərinliklərindən gələn aydın şüalar göstərir ki, «Kitabi-Dədə Qorqud» I minilliyin əvvəllərində - III-V əsrlərdə təşəkkül tapmaqla, əldən-ələ, eldən-elə gəzə-gəzə, tayfa dillərini ümumiləşdirmək, təmərküzləşdirmək, özünü zənginləşdirmək yolu ilə, orta üslubun nümunəsi kimi, ümumxalq Azərbaycan dilinin formalaşmasında misilsiz rol oynamış, VI-VIII əsrlərdə vahid Azərbaycan ədəbi dilinin kamil abidəsi kimi cilalanmış, saysız mədəni abidələrimizin məhvinə səbəb olmuş ərəb-islam caynağından qoparaq bu günümüzə qədər gəlib çata bilmişdir. Hər bir ədəbi dilin milli orijinallığı daha çox onun sintaksisi ilə bağlıdır. İlkin feodalizm dövrü dilimizin sintaktik quruluşu ilə tanış olmaq üçün dastanların dilinin sintaktik quruluşunu bir qədər ətraflı nəzərdən keçirək. V fəsil - “Kitabi-Dədə Qorqud” dilinin sintaksisi «Dədə Qorqud» dilinin milli xarakteri dastanların dilinin sintaktik quruluşu ilə daha çox bağlı olsa da, bu vaxta qədər bu sahəyə kifayət qədər diqqət yetirilməmişdir. Ə.Dəmirçizadə boyların dilində cümlə üzvlərinin, sadə və mürəkkəb cümlələrin ən ümumi cəhətləri üzərində dayanmış (24; 116-143), T.İ.Hacıyev dastanların sintaksisinin milli səciyyəsində intonasiyanın, vəzn və quruluşun rolunu araşdırmışdır.(32; 161-175) Lakin praktik olaraq dilimizin tarixindən bəhs edən hər bir əsərdə sintaktik quruluşun izahı prosesində «Dədə Qorqud»dan kifayət qədər nümunələr verilmişdir. (bax; 33; 34; 36 və b) Müxtəlif dövrlərə, ayrı-ayrı sənət ustalarının dilinə həsr olunmuş əsərlərdə də bir qayda olaraq «Dədə Qorqud»un dil materialına müraciət edilmişdir. Dastanların poetik sintaksisi üzərində də araşdırmalar aparılmışdır.(37; 35 və s.) «Dədə Qorqud» elə bir zəngin xəzinə, elə bir abidədir ki, bu və ya digər konkret bir dil məsələsinin tarixindən danışarkən kökləri onun dilində axtarılmış, dastanların dilini nəzərə almadan keçib-getmək mümkün olmamışdır. Dastanların poetikliyi onun son dərəcə ahəngdar sintaksisi - söz birləşməsi və cümlə quruluşu ilə bağlıdır. Dastan dili şifahi ədəbi dil nümunəsi sayılır. Lakin «Kitabi-Dədə Qorqud»dan danışarkən bir qədər başqa cür düşünmək lazım gəlir. Madam ki boylar sonuncu dəfə XV-XVI əsrlərdə köçürülüb, üzü köçürülərkən XI əsr nüsxəsi əsas götürülüb, həm də güman olunur ki, XI əsr nüsxəsi də hökmən başqa - daha qədim bir nüsxəyə əsaslanıb və müxtəlif dövrlərdə yazıya alınarkən dastanın sintaksisi ciddi zədə almayıb, onda «Kitabi-Dədə Qorqud»u bir sıra başqa folklor nümunələri kimi hərfi mə’nada şifahi ədəbiyyat və şifahi ədəbi dil nümunəsi saymaq doğru olmaz. «Koroğlu» dastanının dəqiq şəkildə nə vaxt yarandığını müəyyənləşdirmək çətindir. Bu əsər kifayət qədər toplu halda XX əsrdə ortaya çıxarılmış, yazıya alınmışdır. M.H.Təhmasibin toplayıb-tərtib etdiyi bu dastanda bir sıra tarixizmləri, orta əsr aşıq qoşma və gəraylılarını nəzərə almasaq, dastanın dili müasir dil nümunəsidir. Milli dilin müasir səciyyəsi isə XVI əsrdən başlayır. Əgər gələcəkdə - uzaq gələcəkdə bu əsərin dili (M.H.Təhmasib variantı) tədqiq edilərsə, ona, demək olar ki, XX əsrin və bir neçə əsr əvvəlin dil nümunəsi kimi baxıla bilər. Cümlə sintaksisi, söz birləşmələri də bu əsərdə çox müasirdir. Əslində, bu, dastan deyil, müasir bir romandır. «Dədə Qorqud»a da bu cür baxmaq lazımdır. «Dədə Qorqud» XI əsrdə yazıya alınmışsa, deməli, neçə əsr əvvəlin sintaksisini daşıyır. «Dədə Qorqud»un «...yaranma prosesi yazılı ədəbiyyatda olduğu kimi, müəyyən bir zaman müddətində, deyək ki, VII və ya VIII əsrdə başa çatmışdır (nə zaman yazıya alınmasından asılı olmayaraq)». (47;347) Beləliklə, «Dədə Qorqud» o biri dastanlardan fərqli olaraq, həm formalaşma işini çoxdan (azı 1300 il əvvəl) başa çatdırmışdır, həm də onlardan çox-çox - azı 1000 il əvvəl yazıya alınmışdır. Şifahi ədəbiyyat nümunəsi ona deyirik ki, o bizim əsrə qədər ağızlarda dolaşa-dolaşa gəlib, bizim dövrdə və ya bir qədər əvvəl yazıya alınıb. «Dədə Qorqud»un isə, dediyimiz kimi, azı min illik yazı tarixi vardır. Və ikinci bir tərəfdən, «Dədə Qorqud» elə ustalıqla yaradılıb ki, əlimizə onun yaşıdı başqa bir əsər keçsə idi belə, yazılı ədəbi dil nümunəsi kimi, yenə o səviyyədə ola bilməzdi. Başqa sözlə, «Dədə Qorqud»un dili onunla bir dövrdə yarana biləcək ən kamil yazılı ədəbiyyat nümunəsinin dilindən daha kamil yazılı ədəbiyyat dilidir. Bir də əgər bizi xalq və onun dili maraqlandırırsa, elə bu əsəri öyrənməliyik və bu əsər VI-VIII əsrlərin Azərbaycan ədəbi dili haqqında bizdə aydın təsəvvür yarada bilər. «Kitabi-Dədə Qorqud»un və eyni zamanda onunla səsləşən, lakin çox təəssüf ki, az bir qismi gəlib çatan «Dastani-Əhməd Hərami» kimi əsərlərin dili göstərir ki, VI-VIII əsrlərdə - ədəbi dilin təşəkkülü dövründə alban-azəri dili XIII əsr nümunələri ilə müqayisədə çox təmiz olmuş, ərəb və fars dillərinin təzyiqi altında izafət tərkibləri və əcnəbi dil sintaksisi nümunələri ilə yüklənməmiş, orijinal türk sintaksisini mühafizə edib saxlamışdır. XIII-XVI əsrlərin klassik ədəbiyyat dilinin sintaksisi ilə müqayisəedilməz dərəcədə saf və təmiz olan «Dədə Qorqud» sintaksisi həmin ara mərhələdən sonrakı dövrün - bugünkü ədəbi dilin sintaksisi ilə daha çox səsləşir. Bu gün dilimizin sintaktik quruluşunun əsas mexanizmi nədən ibarətdirsə, o, «Dədə Qorqud»da vardır. Yə’ni «Dədə Qorqud» dilinin sintaksisi elə kamil formadadır ki, keçən 1500 ilin ərzində söz birləşməsi və cümlə strukturunda əsaslı bir dəyişiklik baş verməmişdir. Bütün yeniliklər təkmilləşmə, zənginləşmə və səlisləşmə istiqamətində olmuşdur. Sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn şəklində əlaqələndirilməsi texnikası yalnız təkmilləşmə, zənginləşmə istiqamətində irəliləmişdir. Sintaktik əlaqələr, ismi və fe’li birləşmələr, sadə cümlələr, genişlənmiş sadə cümlələr, sadə quruluşlu mürəkkəb cümlələr müasir dildə olduğu kimidir. Sonralar, təbii olaraq, söz birləşməsi və cümlə modelləri zənginləşmiş, yönlük, yerlik, çıxışlıq hallarının qrammatik mə’naları xeyli sabitləşmiş, fe’li tərkiblər inkişaf etmiş, qarışıq tipli mürəkkəb cümlə modelləri və mətnin sintaktik-semantik bağlılığını tə’min edən vasitə və üsullar çoxalmışdır. «Məgər Dirsə xan deyirlərdi, bir bəgün oğlanı-qızı yoxdı» tipli cümlələrdə birinci komponent müasir dildə daha çox fe’li sifət tərkibi şəklində («...Dirsə xan deyilən...») ifadə olunur. Bu hal monopredikativ quruluşun təkmilləşməsi, səlisləşməsi nəticəsidir. V fəsil - Sintaktik əlaqələr Dastanların dilində cümləni təşkil edən sözlər arasında qrammatik əlaqələr müasir dildə olduğu kimidir - tabesizlik və tabelilik əlaqələrindən ibarətdir. Tabesizlik özünü sadə cümlənin həmcins üzvləri, tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında göstərir. Məs.: Qalqubanı xan Bayındır yerindən turmış, bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq dikdirmiş. Hünəri oğul atadanmı görər, ögrənər, Yoxsa atalar oğuldanmı ögrənür? - cümlələrindən birincisində həmcins üzvlər, ikincisində həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin komponentləri tabesizlik yolu ilə əlaqələnmişdir. Həmcins üzvlərin və tabesiz mürəkkəb cümlə komponentlərinin əlaqələndirilməsində əsas vasitə prosodik vasitələrdir, fakt və hadisələrin sadalanması, qarşılaşdırılması, fərqləndirilməsi, bölüşdürülməsi üsullarıdır və bu prosesdə nitqin ritmik-melodik axını əsasdır; məs.: Mənim savaşdığım, mənim dögüşdügim, Mənim çəkişdügim, mənim qılıclaşdığım görgil, ögrəngil! (71)* ___________ *Dastanların 1988-ci il çapının səhifələridir. Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. Sügüylə sancdılar, ilmədi (99) və s. Hazırkı canlı danışıq dilində olduğu kimi, bir komponentə aid sözün öz yerində deyil, digər komponentlə işlənməsi halları da intonasiyanın təbii imkanlarından irəli gəlmişdir. Bəkil beş gün oldı, divana çıqmadı (106) - cümləsində ‘Bəkil’ sözündən sonra edilən aydın fasilə həmin sözü birinci komponentdən ayırır və ikinci komponentlə birləşdirir. Bu cür cümlələrdə sonralar canlı danışıq dilinə yol tapmış ‘amma’ bağlayıcısının işlənməsinə də ehtiyac olmamışdır. Tabelilik əlaqələrindən ən qədimi olan yanaşma dastanların dilində ən mühüm əlaqə vasitəsi kimi çıxış edir. Müasir dildə olduğu kimi, yanaşmanın heç bir morfoloji əlaməti yoxdur və türk dillərinə məxsus «tə’yin + tə’yinlənən» modelinin yaranmasında həlledici əlaqə üsuludur: Məgər sultanım, Dəlü Qarcar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdırmış idi. (55) Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. (85) - cümlələrində Dəlü Qarcar, ağ ban ev, ağ otağ, qara yer, ol üç canvər, qağan aslan, qara buğa, qara buğra birləşmələri yanaşma əsasında qurulmuşdur. Bazırganlar dəxi gecə-gündüz yola girdilər. (52) Av avlarkən babasının tavlası üzərinə gəldi.(53) Bu gəz oğlan şərab içərkən içməz oldı (53) - cümlələrindən göründüyü kimi, zərfliklə fe’l arasında əlaqə natamam yanaşma şəklindədir. Uzlaşma əlaqəsi də müasir normalara uyğundur. Şəxsə görə uzlaşma möhkəmdir. Fikir predmetini təşkil edən sözlər cəm olduqda xəbər də əksərən onunla kəmiyyətcə uzlaşmışdır. Məs.: Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. Həb yetdilər. Ari sudan abdəst aldılar. Ağ alınların yerə qodılar. İki rük’ət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat götürdilər (50) - cümlələrində nəzərdə tutulan ‘Oğuz bəgləri’ mübtədası ilə xəbərlər arasında şəxsə və kəmiyyətə görə uzlaşma vardır. Bu gün də arabir (daha çox rus təhsillilərin nitqində) müşahidə olunan bir cəhət - tə’yinin müəyyən miqdar sayları ilə ifadəsi hallarında xəbərin cəmlənməsinə «Dədə Qorqud»un dilində də təsadüf olunur: Yedi qız qardaşı ağ çıqardılar, qara tonlar geydilər. (57) Burada qırq yigit Qanturalıyı ögmişlər. (88) Qalqubanı eki qardaş quca-quca görüşdilər.(115) Ol qırq namərdlər aydırlar.(37) Kök (ulu) dildən gələn bu üsul bir sıra dil ailələrində qalsa da, türk dillərində işləkliyini itirmişdir. Xəbər şəxs əvəzliyi ilə ifadə olunduqda əlamətin daşıyıcısı ilə əlamət və hərəkəti bildirən sözlər öz yerini dəyişmiş olur, nəticədə cümlədə uzlaşma əlaqəsi əhəmiyyətini itirir, mübtəda - xəbər əlaqəsi söz sırası və intonasiya ilə tənzimlənir. Müasir dilimizdə olan bu cür ifadə tərzi «Dədə Qorqud»un dilində də vardır. Məs.: Qız aydır: «Yigit, Baybicanın qızı Banuçiçək mənəm».(55) ...altun yüzük mənimdir, ver mana, qız! - dedi.(65) Sevişdigim Bamsı Beyrək sən degilsən. (65) Sevişdigin Bamsı Beyrək mən degilmiyəm? (65) Mərə, al qanatlu Əzrayil sənmisən? - Əvət, mənəm,-dedi.(80) Bu misallarda mübtədalar 3-cü şəxsin təkində, xəbərlər 1-ci və 2-ci şəxslərin təkindədir və aralarında uzlaşma yoxdur. Uzlaşma-idarə əlaqəli birləşmələrin birinci tərəfi cəm olduqda ikinci tərəf kəmiyyətcə tək olur. Məs.: Həm ölülərinizin yorğasın binərəm.(116) Bə’zən də birinci tərəf tək olduğu halda, ikinci tərəf cəmlənmişdir: Hər birinin başların sığadı. (107) Bunlardan birincisi dilin qanunauyğunluğu, ikincisi üslubun qüsurudur. İdarə əlaqəsi fe’llərin adları və adların adları idarə etməsi şəklində təzahür edir. Müasir dilimizlə müqayisədə bu və ya digər halın tələb olunmasında fərqlər də vardır. Bu cəhət isim hallarının qədim dövrə məxsus sinonim müvazilikləri ilə bağlıdır, ona görə də fərqlər şumerə doğru çoxalır. Misallara diqqət yetirək: 1) sözün yerlik əvəzinə, yönlük halda tələb olunması: Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qurdırmışdı. «Kimin ki oğlı-qızı yoq, qara otağa qondırın...» demişdi. (34) İki talusının üstinə buğanın köpük turdı. (36) 2) yuxarıdakının əksinə olaraq, sözün yönlük əvəzinə, yerlik halda tələb olunması: Topuğında sarmaşanda qara saçlum! (35) Siz bu yolda bu taşı neçün yığırsız? (60) 3) zaman mə’nalı sözlərə artırılaraq ümumi vaxt bildirən -da,-də hal şəkilçisi əvəzinə, vasitə-birgəlik şəkilçisinin (-ın,-in,-un,-ün) işlənməsi: Bir yazın, bir küzin buğayla buğrayı savaşdırarlardı. Məgər sultanım, genə yazın buğayı saraydan çıxardılar.(36) 4) müasir dilimizdə qoşma ilə idarə olunan yönlük hal şəkilçili sözün fe’llə birbaşa (qoşmasız) idarə olunması: Buğa dəxi oğlana sürdi-gəldi. Buğa oğlana sürdi... (36) Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır oldu. (39) Bunun əksinə olaraq, bə’zən lazım olmadığı halda, qoşma işlənməsi: Qazana qarşu gəldi. Qabaq qaldırdı. Qazanın yüzinə toğrı baqdı. (72) 5) müasir dildə müəyyən yiyəlik halda idarə olunan sözlərin bə’zən yanaşma yolu ilə əlaqələnməsi halları: Oğuz bəgləri gəlüb oğlan üstinə yığnaq oldular. (36) Bu cəhət hətta birinci tərəf xüsusi isimlərlə ifadə olunduqda da müşahidə olunur: Beyrək atı qızın atını keçdi.(55) 6) çıxışlıq hal məqamında sözün -da, -də şəkilçisi ilə işlənməsi: Dirsə xan Qorqut sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı; oğlanı iki talusının arasında urub çıqdı, yıqdı. (37) ...otuz yeddi qəl’ə bəyinin məhbub qızlarını çalub bir-bir boynın qucan, yüzində-todağında öpən İlək qoca oğlı Alb Ərən çapar yetdi. (50) 7) məsdərin öz mühitindəki sözü idarə etmək əvəzinə, özünün idarə olunması; məs.: Daz yerdə turğay atmağa yəxşi! - dedi (63) - cümləsi müasir dildə «Daz yerdə torağaya atmaq yaxşıdır» şəklində işlənir. V fəsil - Söz birləşmələrinin quruluş modelləri Müasir ədəbi dilimizdə mövcud olan söz birləşməsi modelləri «Dədə Qorqud»un dilində də vardır. Əsas modellər müasir dildə olduğu kimidir, sonralar yalnız həmin modellər əsasında mürəkkəbləşmə prosesi getmişdir. Bu cəhət həm ismi, həm də fe’li birləşmələrə aiddir. İsmi birləşmələrin başlıca quruluş modelləri aşağıdakılardır: 1.Yanaşma əlaqəli ismi birləşmələr. Müasir dilimizdə olduğu kimi, bu cür ismi birləşmələrdə asılı tərəf isim, sifət, say, əvəzlik və fe’li sifətlərdən, əsas tərəf isimlərdən (və ya isimləşmiş sözlərdən) ibarətdir; məs.: Dəlü Qarcar qız qardaşını diləyəni öldürər. (55) Ağız-dildən, qız kişi, xəbər mana. (61) Gördülər ki, bir xatun kişi gəlir. (99) Altundağı Al ayğırı mana vergil. (107) Ağam Beyrək gedəli yayladım yoq. (61) Ala çadırın yer yüzünə dikdirgil. Dəpə kibi ət yığ, göl kibi qımız sağdır!. (35) Böylə digəc qırq yigidi qaba sarıqlarını götürdilər... (59) Dəli Domrulun görər gözi görməz oldı, tutar əlləri tutmaz oldı. (79) Su həq didarın görmişdir. Bən bu suyla xəbərləşim,- dedi. (44) Mərə, Əzrayil dedügüniz nə kişidir kim, adamın canun alır? (79) - misallarında Dəlü Qarcar, qız qardaşını, qız kişi, xatun kişi, altundağı Al ayğırı, ağam Beyrək, ala çadır, dəpə kibi ət, göl kibi qımız, qırq yigid, qaba sarıq, görər gözi, tutar əlləri, bu su, nə kişidür, Dəli Domrul birləşmələri yanaşma üsulu ilə - «tə’yin + tə’yinlənən» modeli əsasında qurulmuşdur. Yanaşma əlaqəli ismi birləşmələrin bir qismində əsas tərəf -lı,-li,-lu,-lü şəkilçili sifətlərdən ibarətdir: Altun başlu ban ev vergil bu oğlana.(36) Xəbəri yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək.(54) Toğlı başlu Turı ayqır yoruldı.(56) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59) Şahbaz atlu, qara gözli, örmə saçlı, qara tonlı, ağca yüzlü, al qanatlu, ağ alınlu, ağ ələmlü, dəmür tonlu birləşmələri də eyni quruluşludur. Bunlar əksərən başqa bir sözə və ya birləşməyə yanaşaraq mürəkkəb quruluşlü birləşmələr əmələ gətirmişdir: altun başlu ban ev, ala gözli qızın otağı, Toğlı başlu Turı ayğır və s. Belə birləşmələrin bir qismində birinci tərəf mənsubiyyət şəkilçilidir: ağam Qazan (124), qulunum oğul (124), arslanım oğul (129), ortacım oğul (136) və s. Bu cür birləşmələr müasir dildə daha çox aslan oğlum, Qazan ağam şəklində işlənir.(47;344) 2.Uzlaşma əlaqəli ismi birləşmələr. Bu qrupa daxil olan birləşmələrin birinci komponenti adlıq halda (bə’zən mənsubiyyət şəkilçili) isimlərlə, ikinci tərəfi daha çox sifətlə ifadə olunmuşdur. Baban qarı, anan qarı... Səndən yegrək qadir bizə oğul verməz (76) - cümlələrindən birincisi göstərir ki, predikativlik əlamətlərinin (-dır şəkilçisi) ixtisarı və intonasiya ilə ifadəsi tədricən uzlaşma əlaqəli birləşmələrin inkişafı üçün əsas olmuşdur. Uzlaşma əlaqəli ismi birləşmələrin cümlədən əmələ gəldiyi mə’lumdur. (bax:36; 43) «Dədə Qorqud»un dilindəki bu cür birləşmələr müasir ədəbi dilimizdəki eyni quruluşlu birləşmələrə nisbətən, öz əslinə - cümlə formasına daha yaxın olsa da, artıq dastanların dilində söz birləşməsi modelindədir və bu hal göstərir ki, onların yaranma tarixi daha qədimdir; məs.: Boynı uzın bədəvi at vergil. Çigin quşlı cübbə ton vergil bu oğlana. (36) Buynızı burma qoçlarımız alduğı yoq. (62) Toquz qara gözli, örmə saçlı, əlləri biləgindən qınalı, parmaqları nigarlı, boğazları birər qarış kafir qızları al şərabı altun ayaqla Qalın Oğuz bəglərinə gəzdirirlərdi. (68) və s. 3.İdarə əlaqəli ismi birləşmələr. Bu cür ismi birləşmələrə dastanların dilində nisbətən az təsadüf olunur. Təsadüf olunanlarda isə asılı tərəf çıxışlıq haldadır: Məndən dəlü, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa, - deyirdi. (79) Məndən əziz, məndən sögülü anandır, oğul, anana var,-dedi. (82) Məndən yegrək qadir sizə oğul verər. (75) Bu cümlələrdə məndən dəlü, məndən gücli, məndən əziz, məndən sögili, məndən yegrək sintaktik vahidləri aydın şəkildə birləşmə modeli kimi tam formalaşmışdır. Nümunələr qeyd edilən modelin qədimliyi qənaətinə gəlməyə imkan verir. 4.Qarşılıqlı tabelilik birləşmələri. Bu cür birləşmə modelinin hər iki tipi - yanaşma-uzlaşma və uzlaşma-idarə əlaqəli tipləri dastanların dilində bol-bol işlənmişdir və özünü daha əvvəllər formalaşmış birləşmə modeli kimi göstərməkdədir. Yanaşma-uzlaşma əlaqəli ismi birləşmələr: Bin yerdə ipək xaliçəsi döşənmişdi. (34) Bərü gəlgil, başum bəxti, evüm təxti! (35) Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi... (35) Din-danışux kafər malın Oğuz bəglərinə gətürür idik. (53) Oğıl, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola? (55) Qarı düşmən tatar oğlı əlümizə düşmişkən cəza ilə öldürəlim! (74) Qarşu yatan qara tağum yüksəgi oğul! Güclü belim qüvvəti, canım oğul! (75) Sürdi halalı yanına gəldi. (82) Alplar başı Qazana zərb urdı.(99) Ağ saqallı qarışı tutdı ola, gözüm, səni? (103) Bu misallarda ipək xəliçəsi, başum bəxti, evüm təxti, dişi əhli, kafər malı, Oğuz bəgləri, sən istədigin, Baybican bəg qızı, tatar oğlı, tağum yüksəgi, belim qüvvəti, halalı yanı, alplar başı, ağ saqallı qarışı birləşmələri yanaşma-uzlaşma qarşılıqlı tabelilik əlaqələri ilə qurulmuşdur. Müasir dildə ipək xalça şəklində yanaşma əlaqəsi ilə qurulan birləşmənin «Dədə Qorqud»da həm də uzlaşma əlaqəsi əsasında formalaşması əlaqələrin qədimliyini göstərməklə yanaşı, dildə sadələşmə prosesini də əks etdirir. Belim qüvvəti, tağum yüksəgi, halalı yanı, başum bəxti, evüm təxti kimi birləşmələrin birinci tərəfi konkretlik bildirdiyi üçün müasir dildə yiyəlik hal şəkilçisinin iştirakı ilə formalaşır. Birinci tərəfi xüsusi isimlə ifadə olunan Baybican bəg qızı tipli birləşmələr canlı danışıq dilində bu cür də işlənməkdədir. Uzlaşma-idarə əlaqəli ismi birləşmələr: Çobanın taşı dükəndi... Kafərin gözi qorqdı. Dünya-aləm kafərin başına qaranu oldı. Aydır: «Yarımasun-yarçımasun, bu çoban bizim həpimiz qırar, olamı?» Məgər, xanım, o gecə Qalın Oğuzın dövləti, Bayındır xanın köyküsi, Ulaş oğlı Salur Qazan qara-qayğılu vaqeə gördi... Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm. Xanım qardaş, mənim bu düşimi yorğıl mana! Qaragünə aydır: «Qara bulıt dedigin sənin dövlətindir. Qazan aydır: «Mənim avımı bozma...»(44) Simüz qoyun, arıq toğlı sənin qapundan kafərlərə vermədim.(46) Bu misallarda bənim quşım, mənim düşim, mənim avım birləşmələrinin birinci tərəfi birinci şəxsin təkində, yiyəlik haldadır. Ona görə də ikinci tərəf həmin şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşmışdır. Müasir dildə olduğu kimi, birinci tərəfdə yiyəlik halın şəkilçisi assimilyasiyaya uğramış formada - im şəklindədir. Bu xüsusiyyət eyni şəkildə birinci şəxsin cəminə də (bizim həpimiz) aiddir. Sənin dövlətin, sənin qapun birləşmələrinin birinci tərəfi ikinci şəxsin təkində, yiyəlik haldadır, ona görə də ikinci tərəf həmin şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək onunla uzlaşmışdır. Qalın Oğuzın dövləti, Bayındır xanın köyküsi, çobanın taşı, kafərin gözi, kafərin başı birləşmələrində isə uzlaşma üçüncü şəxsə görədir. Beləliklə, uzlaşma-idarə əlaqəli birləşmələrin əmələ gəlmə modelində müasir dildən fərqli bir şey yoxdur. Fərq yalnız oradadır ki, ikinci və üçüncü şəxsin təkində və cəmində yiyəlik halın şəkilçisi sağır «n» ilədir. Müasir ədəbi dilimizdə bunların hər ikisində saf «n» samiti işlənir: sənin evin, onun evi. Qərb qrupu dialekt və şivələrində bu xüsusiyyət, yə’ni sağır «n» ikinci şəxsdə qalmaqdadır: səni(n) evi(n), sizi(n) evi(n)iz. Uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri bə’zən inversiyaya uğramışdır: Sağın-solun Uruzın çevirdilər.(71) Anası oğlanın böylə digəc Qazanın əqli başından getdi.(74) Fe’li birləşmələrin əsas tərəfi fe’li sifət, fe’li bağlama və məsdərdən ibarətdir. Quruluş modelləri aşağıdakılardır. 1. Koordinativ fe’li birləşmələr. Müasir dilimizdə olduğu kimi, bu cür fe’li birləşmələrin adlıq halda subyekti olur, tərəflər arasında əlaqə prosodik vasitələrlə - söz sırası və intonasiya ilə yaranır; məs.: Qoşa badam sığmayan tar ağızlum! (35) Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadın ol turgəc gərək! Mən qaraquc atıma binmədin ol binmax gərək! Mən qırıma varmadın ol mana baş gətürmək gərək! (55) Tənri verən tatlu canın seyranda imiş, endi dəxi. (39) Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız? (65) Oğul içün ata ölmək eyib olur. (74) - misallarında qoşa badam sığmayan, mən yerimdən turmadın, mən qaraquc atıma binmədin, mən qırıma varmadın, tənri verən, Beyrək gedəli, oğul içün ata ölmək birləşmələri müstəqil subyekti olan koordinativ fe’li birləşmələrdir. 2.Yanaşma əlaqəli fe’li birləşmələr. Bu qrupa daxil olan birləşmələrin asılı tərəfi qeyri-müəyyənlik bildirir və qeyri-müəyyən tə’sirlik halda olur; məs.: Bin dəxi qoyun görməmiş qoç gətürün. (56) Qəfillicə başlar kəsən... yigit, nə yigitsən? (91) ...ağ-boz atın yalısı üzərində qar turduran Qəflət qoca oğlı Şir Şəmsəddin çapar yetdi. (49) Yanaşma əlaqəli fe’li birləşmələr sifətlərin, zərflərin, sayların, əvəzliklərin, qoşmalı söz və birləşmələrin, fe’li bağlamaların məsdər, fe’li sifət və fe’li bağlamalara yanaşması ilə də yaranır; məs.: Yigit barmağın ısırdı, aydır: «Bunda minnətlə almaqdan isə anda babam yanında minnətsiz almaq yegdir!»-dedi. (53) Hər gün Beyrəgi görməgə gəlürdi.(59) Qız dəxi orğan götürüb Beyrəgi hasardan aşağı salındırdı. (59) 3.İdarə əlaqəli fe’li birləşmələr. Bu qrupa daxil olan fe’li birləşmələrin asılı tərəfi ismin yönlük, tə’sirlik, yerlik və çıxışlıq hallarındadır; məs.: Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm.(56) Qarşu yatan qara tağını aşmağa gəlmişəm! Aqındılı suyını keçməgə gəlmişəm! Qızını almağa gəlmişəm! (87) Qaraca çobanın üzərinə gəldi. Çobanı gördügində xəbərləşdi. (45) Beyrək qızdan ayrılub evlərinə gəldi.(55) Evdən çıqub yüriyəndə səlvi boylum! (35) Mənsubiyyət şəkilçisinə qovuşmuş «n» samiti tə’sirlik hal formasının qalığı kimi idarə əlaqəsinə xidmət edir; məs.: ...bir yigit var imiş, qızın diləyü gəlü yürür.(87) İmdi incimə, xanım, əvvəl onun əlin öpdigimüzə. (54) Fe’li və ismi birləşmələrin üç və daha artıq müstəqil sözdən düzəlmiş mürəkkəb formaları müasir dilimizdə olduğu qədər zəngin deyildir. Lakin əsas əlaqələnmə üsullarına görə müasir quruluşla eyni olan bir sıra modellər mövcuddur. Onlardan bir neçəsini nəzərdən keçirək. 1) yanaşma əlaqəli birləşmənin ikinci komponenti uzlaşma-idarə əlaqəli birləşmədən ibarətdir: Tülü quşun yavrısı, Qonur atın iyəsi, xan Uruzın ağası, Qalın Oğuzın dövləti; 2)yanaşma əlaqəli birləşmənin ikinci komponenti yanaşma-uzlaşma əlaqəli birləşmədən ibarətdir: qalmış yigit arxası, qaba dizi üzərinə; 3) yanaşma-uzlaşma əlaqəli birləşmə ikinci komponentdəki sözlə uzlaşma-idarə əlaqəsindədir: Amit soyının aslanı; 4) uzlaşma əlaqəli birləşmənin ikinci komponenti yanaşma əlaqəli birləşmədən ibarətdir: köksi qızıl dügməli; 5)uzlaşma əlaqəli birləşmənin ikinci komponenti idarə əlaqəli birləşmədən ibarətdir: əlləri biləgindən qınalı, saçı ardına urılı; 6) uzlaşma-idarə əlaqəli birləşmə ikinci komponentlə yanaşma-uzlaşma əlaqəsindədir: mənim evim üstinə; 7) uzlaşma əlaqəli birləşmənin birinci komponenti uzlaşma-idarə əlaqəlidir: qaftanının ardı yırtıxlu; 8) asılı tərəflər əsas tərəflə yanaşma əlaqəsindədir: altındağı alaca at; 9) fe’li birləşmənin birinci komponenti yanaşma-uzlaşma və ya uzlaşma-idarə əlaqəli birləşmədən ibarətdir: Bam-bam dəpə başına çıqdığım (65), Bayındır xanın yağısın basan (42); 10) fe’li birləşmənin asılı tərəflərindən biri və ya bir qismi birləşmə daxilindəki başqa bir sözə tabedir: qarğu kibi qara saçum yolduğum, mən bu yerdən gedəli. Misallardan birinin sxemi: saçum yolduğum qarğu kibi qara Fe’li birləşmələrin həmcinsliyi obrazların düşüncə və görüş dairəsini emosional bir dildə ifadə edən ən mühüm vasitələrdəndir. Məsələn, Aruzun xəyanət xəncərinin qurbanı olan Beyrək öz istəklərini Qazana aşağıdakı kimi çatdırmağı vəsiyyət edir: Yigitlərim, Aruz oğlu Basat gəlmədin, Elim-günim çapılmadın, Qaytabanda dəvələrim bozlatmadın, Qaraqucda Qazlıq atım kişnətmədin, Ağca qoyunlarım mənrişmədin, Ağca yüzlü qızım-gəlünim əkşəşmədin, Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadın, Elüm-günim çapmadın Qazan mana yetişsün, Mənim qanım Aruza qomasun.(125) Birləşmələrin quruluşu xüsusi tədqiqat üçün zəngin material verir. Dastanların dilinin emosionallığında sabit birldəşmələr də xüsusi yük daşıyır. Əməli azmış, fe’li dönmüş, baş endirmək, bağır basmaq, salam vermək, məsləhət görmək, ayağına düşmək, başına qurban olsun, yaqasın yırtdı və s. kimi sabit birləşmələr göstərir ki, dastanların yarandığı dil dastanlar yarandığı dövrdən çox-çox əvvəl təşəkkül tapmışdır. Bə’zi sabit birləşmələrin mənşəyinə daha yaxın forması müşahidə olunur: Nola, xanım, baş üzərinə! - dedi. (55) Buğa ayaq üstinə turamadı, düşdi; dəpəsinin üstinə yıqıldı. (36) Oğuz bəgləri bunı göricək əl-ələ çaldılar (63) - kimi cümlələrdə baş üzərinə, ayaq üstinə, dəpəsinin üstinə, əl-ələ çaldılar ifadələrində həmin ifadələrin yaranma yolunu da görmək mümkündür. V fəsil - CÜMLƏ Cümlənin məqsədə görə növləri «Dədə Qorqud»dakı hadisələr dastanlarda adı çəkilməyən, hadisələrdə bilavasitə iştirak etməyən bir ozanın dilindən söylənilir. Dədə Qorqud boyların düzüb-qoşanı kimi təqdim edilsə də, onun özü də bir obrazdır və hadisələr onun dilindən yox, qeyd etdiyimiz namə’lum ozanın dilindən verilir. Həmin məchul ozan hadisələrin əsas təhkiyəçisidir. Təhkiyə prosesində daha çox adi təsviri nəqli cümlələrdən istifadə edilmişdir. Lakin müxtəlif obrazlara söz verildikdə hər cür emosionallıq - rəngarəng sual, nida, əmr cümlələri meydana çıxır. Buna görə də dastanların dili məqsəd və intonasiyaya görə fərqlənən hər cür cümlə tipini özündə cəmləşdirmişdir. V fəsil - Nəqli cümlə Cümlənin çoxişlənən bu növünün intonasiyası müasir dilimizdə olduğu kimidir - hər bir cümlədə ton tədricən yüksəlir və xəbərdən əvvəlki sözün nisbətən daha yüksək tələffüzündən sonra tədricən alçalır və kəsilir; məs.: Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi, hacət dilədi. Atdan-ayğırdan*, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Taş Oğuz bəglərin üstinə yığnaq etdi. Ac görsə, toyurdı. Yalın görsə, tonatdı. Borcluyı borcından qurtardı. Dəpə kibi ət yığdı. Göl kibi qımız sağdırdı. Əl götürdilər, hacət dilədilər. Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. Xatunı hamilə oldı. Bir neçə müddətdən sonra bir oğlan toğurdı. Oğlancuğını dayələrə verdi, saqlatdı.(35) ___________ *Bu ifadə ‘atdan ayğır’ şəklində olmalıdır. Tərkibində, təbii olaraq, yeri gəldikcə sual və nida cümlələri işlənən, lakin əksəriyyət e’tibarilə nəqli cümlə intonasiyası ilə qurulmuş təhkiyə dastanların dilində intensivliyi, təsvirin emosional səciyyəsini gücləndirir: Çağırdılar, Beyrək gəldi. Banıçiçək yaşmağlandı, xəbər sordı. Aydır: «Yigit, gəlişin qandan?» Beyrək aydır: «İç Oğuzdan!» «İç Oğuzda kimün nəsisən?» - dedi. «Baybörə bəg oğlı Bamsı Beyrək dedikləri mənəm» - dedi. Qız aydır: «Ya nə məsləhətə gəldin, yigit?» - dedi. Beyrək aydır: «Baybican bəgün bir qızı varmış, anı görməgə gəldim!» - dedi. Qız aydır: Ol öylə adam degildir kim, sana görinə! - dedi. Əmma mən Banıçiçəgin dadısıyam. Gəl imdi sənünlə ava çıqalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını dəxi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm səninlə gürəşəlim. Məni basarsan, anı dəxi basarsan», - dedi. (54-55) Qeyd edilən sintaktik bütöv dialoq əsasında qurulmuş bir təhkiyədir. Ozan hadisəni nağıl edir. Təhkiyənin daxilindəki hər bir dialoq «aydır» sözü ilə başlanır, «dedi» sözü ilə bitir. Dastanın dilində bu forma emosionallığa xidmət edir, nəsrin poetikliyini gücləndirir. Hiss olunur ki, bu forma çox qədim kökləri olan bir dastançılıq ən’ənəsinin «Dədə Qorqud»da davamıdır. Və həm də hiss olunur ki, «aydır» sözü «dedi» sözü gücündə deyil, bu söz «danışığa başladı, dilləndi» mə’nasına yaxın bir mə’na ifadə edir. V fəsil - Sual cümləsi Müasir dilimizdə olduğu kimi, «Dədə Qorqud»un dilində də sual cümlələri soruşub-öyrənmə, qeyri-müəyyəni müəyyənləşdirmə məqsədinə xidmət edir. Sual mə’nasını yaradan, cümləni sual cümləsi kimi formalaşdıran vasitələr də (intonasiya, sual əvəzlikləri və -mı sual şəkilçisi) eynidir: Bayındır xan bənim nə əksüglügüm gördi? Qılucumdanmı gördi, süfrəmdənmi gördi? Bəndən alçaq kişiləri ağ otağa, qızıl otağa qondurdı. Bənim suçum nə oldı kim, qara otağa qondurdı? (34) Boylardakı şe’r parçalarında -mı şəkilçili ümumi sual cümlələri daha çox nəzərə çarpır: Xan qızı, yerimdən turayınmı? Yaqanla boğazından tutayınmı? Qaba öncəm altına salayınmı? Qara polat uz qılıcım əlümə alayınmı? Öz gödəndən başunı kəsəyinmi?.. (35) Başqa vasitələr olmadan, yalnız intonasiya ilə qurulan ümumi sual cümlələri dastanların dili üçün o qədər də səciyyəvi deyildir. Lakin bə’zi nümunələr göstərir ki, ümumxalq dili üçün bu cür cümlələrin qəlibi artıq vardır və müasir dildə olduğu kimi, o dövrdə də xəbərin son hecasının uzun tələffüz edilməsi ilə belə sual cümlələri qurulub işlədilmişdir. Məs.: Bəli, canım baba, eylə istərəm! Pəs varasan bir cici-bici türkman qızını alasan, nagahandan tayanım üzərinə düşəm, qarnı yırtıla? - dedi. (85) Burada qarnı yırtıla? sintaqmı sual mə’nasını intonasiya ilə - yırtıla sözünün son hecasının uzun tələffüzü ilə qazanmışdır. Misallardan göründüyü kimi, -mı,-mi,-mu,-mü şəkilçisi və yalnız intonasiya ilə qurulan ümumi sual cümlələri geniş cavab tələb etmir. Belə cümlələrin cavabı adətən bəli, yox, xeyr və s. sözlərdən ibarət olur. Lakin dastanlarda heç buna da o qədər ehtiyac olmamışdır. Sual cümlələrinin tərtibində sual əvəzlikləri də fəal olub, danışanın öyrənmə obyektini müxtəlif cəhətdən aydınlaşdırmaq məqsədi güdür: İki vardın, bir gəlürsən, yavrum qanı? 38) Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan? (42) Nə qarğarsan bana, ağam Qazan? (48) Oğul, çoban, qanda gedərsən? (47) İç Oğuzda kimün nəsisən? (52) Ya pəs nedəlim? (55) və s. Xüsusi sual cümlələri hesab olunan bu cür cümlələr geniş cavab tələb edir. Mə’lumdur ki, belə cümlələrə təsdiq və inkar ədatları ilə cavab vermək olmur. «Dədə Qorqud» üslubunda bə’zən ilk cümlədə işlənmiş bir sual əvəzliyi təkrar edilmədən sonrakılara da aid olur: Nerədə bildin bənim tutsaq olduğum? Ağ əllərim ardumda bağlanduğın? Qıl sicim ağ boynıma taqıldığın? Qara gözlü yigitlərim qırılduğın?(74) «Ola» sözü ‘yoxsa’ və ya ‘bəlkə’ mə’nalarında sual mə’nasını gücləndirən ədat kimi çıxış edir: Ağ saqallı qarışı tutdı ola, gözüm, səni? Ağ birçəklü qarıcıqları çoq ağlatmışam. Gözi yaşı tutdı ola, gözüm, səni? (103) Bu cür cümlələr məgər ədatının iştirakı ilə də qurulmuşdur: Oğul, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola? (55) Dastanların dilində ayırıcı (dizyunktiv) sual cümlələrinin maraqlı nümunələrinə rast gəlmək olur. Bu cür cümlələrin nəqli cümlə şəklində olan (iqrari və ya inkari) birinci hissəsində əsas fikir söylənilir, sonrakı cümlə (və ya ifadə) ilə həmin fikirlə bağlı müəyyən cəhət dəqiqləşdirilir; məs.: Altundağı al ayğırı Bəkilindir, Bəkil qanı? Qara polad uz qılıcun Bəkilindir, Bəkil qanı? Əgnündəği dəmir tonun Bəkilindir, Bəkil qanı? Yanundağı yigitlər Bəkilindir, Bəkil qanı? (108) (47;354) Dastanların dilində sual cümlələrinin fikri ritorik yolla təsdiq edən məntiqi-emosional növü daha çox işlənmişdir: Nə biləyin, oğul, arslandanmı oldı, yoxsa qaplandanmı oldı? Nə biləyin, oğul, bu qəzalar sana nerədən gəldi? (39) Görərmisən, ay oğul, nələr oldı? (40) İndi qanı dedügim bəg ərənlər? Fani dünya kimə qaldı? (78) Gördünmi mən mana netdim? (86) və s. V fəsil - Əmr cümləsi Cümlənin bu növü əksəriyyət e’tibarilə xəbəri fe’lin əmr formasında olan cümlələrdən ibarətdir. Xəbər əmr formasının III şəxs təkində daha çox arzu, istək, alqış mə’naları ifadə edir. Demək olar ki, əksər boyların sonunda - Dədə Qorqudun xeyir-duasında bu cür cümlələr təkrar olunur: Qarlı qara tağlarun yıqılmasun! Kölgəlicə qaba ağacın kəsilməsün! Qamın aqan görklü suyın qurımasun! Qadir tənri səni namərdə möhtac etməsün!..(51) Oğuz bəgləri yüz göyə tutdılar.Əl qaldırıb, dua eylədilər: «Allah-təala sana bir oğul versün!» - dedilər.(52) Ümumən bu forma alqış və qarğışların, daxili istəyin ən münasib ifadə formasıdır. Nə, Qazlıq tağı, aqar sənin suların, Aqar ikən aqmaz olsun! Bitər sənin otların, qazlıq tağı, Bitər ikən bitməz olsun! (39) Bə’zən eyni mə’na fe’lin arzu forması ilə ifadə edilmişdir: Allah-təala sana da bir qız verə,-dedilər. (52) Xəbər əmr formasının II şəxs təkində olduqda cümlə, müasir dildə olduğu kimi, daha çox tə’kid, tələb bildirir: Böylə oğıl olmaqdan olmamaq yegdir. Öldürsənə!- dedilər. (37) Oğlın səni öldürmədin sən oğlını öldüri görgilə! (37) Oğuz igidləri düşmənlə savaşdan qələbə ilə qayıtdıqdan sonra Dədə Qorqud öymələrində məsləhət və nəsihətə xüsusi yer verilir: Hey, Dirsə xan! Oğlana bəglik vergil, Təxt vergil! - Ərdəmlidir! Boynı uzın bədəvi at vergil, Binər olsun, hünərlidir!.. (36) Xəbər II şəxsin cəmində olduqda göstəriş, tə’kid, tələb çaları daha qabarıq müşahidə olunur: Qazan oğlı Uruzı həbsdən çıqarun, boğazından orğanla asun. İki talusından çəngələ sancun, qıyma-qıyma ağ ətindən çəkün. (47) Xəbər əmr formasının I şəxs təkində olduqda əmr cümləsi razılıq, istək çalarına malik olur: Dirsə xan: «Varın gətürün, öldürəyim!» - dedi.(37) Xan babamın qatına bən varayım, Ağır xəzinə, bol ləşgər alayın. Azğın dinli kafərə bən varayın. (38) I şəxsin cəmində də arzu, istək mə’naları üstündür: Nə eyləyəlim? Gəlün, Dərsə xanı tutalım, ağ əllərin ardına bağlayalım, qıl sicim ağ boynına taqalım, alubanı kafər ellərinə yonalalım. (40) V fəsil - Nida cümləsi Cümlənin intonasiyaya görə fərqlənən bu növü nidaların, xitabların iştirakı ilə yarandığı kimi, nəqli, sual, əmr cümlələrinin hiss həyəcanla dolğunlaşdırılması, sözlərin, ifadələrin təkrarı ilə də yaranmışdır. Məs.: Oğul, oğul, ay oğul! Toquz ay tar qarnımda götürdigim oğul! (47) «Ağac!» «Ağac!» dersəm sana, ərinmə, ağac! Məkkə ilə Mədinənin qapusı ağac! Bizim eldə gərək idin, ağac! Bəgligə toymadın özümə yazıx! Yigitliginə usanmadın canıma yazıx! (47) Çal qılıcın, ağam Qazan, yetdim! (49) Ağ saqallu baban yeri uçmaq olsun! Ağ birçəklü anan yeri behişt olsun! (60) Qarğu kibi qara saçın yoldınmı, qız!?(65) Mərə Əzrayil, aman! Tənrinin birliginə yoqdur güman! (80) V fəsil - SADƏ CÜMLƏ Cümlə üzvləri Mübtəda. Prof.Ə.Dəmirçizadə hələ vaxtilə müşahidə etmişdir ki, «Dədə Qorqud» mətnlərində başqa üzvlərlə müqayisədə mübtəda çox az işlənmişdir: «Kitabi-Dədə Qorqud» dastanlarında ən az işlənən cümlə üzvü, demək olar ki, mübtədadır. Çünki mübtəda ilə ifadə olunan şəxs məfhumu xəbərlərin hamısında ümumi surətdə bu və ya digər morfoloji vasitə ilə ifadə edilmişdir. Birinci və ikinci şəxslər üçün xəbərdə gələn şəxs sonluqları mübtədanın ən aydın təmsilçisi ola bilir». (24; 117-118) Dastanlarda təhkiyənin ümumi xarakteri belədir ki, obrazın adı bir dəfə çəkildikdən sonra çox zaman onun təkrarına ehtiyac duyulmamışdır. Bu hal hadisələrin intensiv inkişafını tə’min edir, mətnin əlaqəliliyi prinsipi ilə oxucunu düşünməyə, əhvalatları ardıcıl izləməyə vadar edir. Ona görə də professor düz müşahidə etmişdir - bə’zən müstəqil işlənən 15-20 xəbərə aid mətndə cəmi bir-iki mübtəda olur. Məs.: Məgər xanım, oğuzda Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçməyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edirdi? Anunçın ki, «Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa,-deyirdi... » (79) - cümlələrində səkkiz xəbər, cəmi iki mübtəda (təkrar olunan «ər» sözü ilə) işlənmişdir. Birinci və ya ikinci şəxslərdə olan xəbər şəxs şəkilçisinin köməyi ilə mübtədanı da müəyyənləşdirməyə kömək edir, ona görə də belə cümlələrdə mübtədanın işlənməsinə ehtiyac daha az olmuşdur: Xan qızı, yerimdən turayınmı? Yaqanla boğazından tutayınmı?.. Xan qızı, səbəbi nədir, degil mana! Qatı qəzəb edərəm şimdi sana! - dedi. (35) Mətnin daxilində yalnız üçüncü misrada (xəbəri III şəxsdə olan səbəbi nədir cümləsində) danışanı maraqlandıran və məntiqi vurğu altına düşən «səbəbi» sözü mübtəda vəzifəsindədir, qalan cümlələrin mübtədası şəxs şəkilçiləri ilə müəyyənləşir. Məntiqi vurğu mübtədanın üzərinə düşdükdə işlənməli olmuşdur. Məs.: Deməz olarsan, qalqubanı yerimdən mən turaram, Qara gözli yigitlərimi boynıma aluram, Qan Abqaz elinə mən gedərəm, Altun xaça mən əlümi basaram, Qara gözli kafər qızın mən aluram, Dəxi sənin yüzünə mən gəlmənəm. (68) Bu misralarda bugünkü tələffüzlə daha çox xəbərlər aktuallaşardı. Lakin mətndə məqsəd mübtədanı aktuallaşdırmaq olmuşdur. Yaxud: Qazan bəgün dünlügi altun ban evlərini biz yıqmışuz. Tölə-tölə şahbaz atlarını biz binmişüz. Qatar-qatar qızıl dəvəsini biz yetmişüz. Qarucuq anasını biz gətürmişiz.(43) Mə’lumdur ki, xitabların forması ilə məzmunu arasında fərq vardır: formaca üçüncü, məzmunca ikinci şəxsə aid olurlar. Odur ki konkret olaraq kimə müraciət olunduğunu bildirmək üçün «Dədə Qorqud» üslubunda səciyyəvi cəhət şəxsi ümumi və qeyri-müəyyən şəkildə şəxs əvəzliyi ilə ifadə etmək yox, başlanğıcda xitab şəklində bir dəfə xatırlatmaqdır. Məs.: Hey, Dirsə xan, bana qəzəb etmə! İncinib acı sözlər söyləmə! Yerindən urı turğıl! Ala çadırın yer yüzinə dikdirgil! Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç öldürgil!... (35) Sintaktik bütöv axıra qədər bu şəkildə davam edir. Xəbər xəbərlik şəkilçisiz ifadə olunduqda, yuxarıdakı vəziyyətin əksinə olaraq, mübtədanın daha təfsilatlı ifadəsinə ehtiyac olur. Bu cür hallar əslində xəbəri «yoq» sözü ilə ifadə olunan cümlələrə aiddir.»Yoq» sözü konkret bir mə’na ifadə etmir, yalnız mübtəda ilə ifadə olunanı inkar edir. Belə cümlələrdə mübtəda geniş məzmuna malik olsa da, yenə «yeni»ni xəbər ifadə edir; məs.: Mərə yigit, mənim atımı kimsə keçdigi yoq. Oxumı kimsə yardığı yoq. (55) Birinci və ikinci şəxsi bildirən əvəzliklər mübtəda vəzifəsində işlənən ismi birləşmənin birinci tərəfi kimi də əksərən ixtisar edilmişdir. Bu zaman əvəzlik ikinci komponentdəki mənsubiyyət şəkilçisi ilə təsəvvür edilir: Yata-yata yanımız ağrıdı. Tura-tura belümiz qurıdı. (42) Yerli qara taqlarun yıqılmasun! Kölgəlicə qara ağacın kəsilməsün! Qamən aqan görkli suyın qurumasın! Çaparkən ağ-boz atın büdrəməsün! (41) Müasir ədəbi dilimizdə yiyəlik halda olan söz cümlədə təklikdə yalnız xəbər vəzifəsində işlənə bilir. Qalan hallarda ikinci tərəflə - mənsubiyyət şəkilçili sözlə birlikdə cümlə üzvü olur. Bu, dastanların dilində də belədir: Mənim də içində şişligim var. Mənim dəxi içində nişanlım var. Lakin dastanlarda canlı danışıq dilinə demokratik münasibət mübtədanın yiyəlik halda ifadəsinə də imkan yaratmışdır; məs.: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər (41) - cümləsində «sənin» sözü mübtədadır və «sənin atların» şəklində təsəvvür olunur. Bu cür ifadə tərzi canlı danışıq dilində indi də qalmaqdadır. Belə cümlələrdə birləşmənin birinci komponenti ümumi və qeyri-müəyyən şəkildə ikinci komponenti də ifadə edir. Mübtəda «yeni»ni bildirdikdə, rema kimi çıxış etdikdə, təbii olaraq, aktuallaşaraq xəbərdən sonra işlənmişdir: Qanı dedigim bəg ərənlər? Dünya mənim deyənlər? (50) Açuq-açuq meydana bənzər sənin alıncuğın, Eki şəbçırağa bənzər sənin gözcigəzin, Əbrişimə bənzər sənin yəlicigin, Əri muradına yetürər sənin arxacığın. (60) Mübtəda quruluşca sadə və mürəkkəb olmaqla, həm nitq hissələri, həm də ismi və fe’li birləşmələrlə, həm isim, əvəzlik və məsdərlərlə, həm də substantivləşmiş söz və birləşmələrlə ifadə olunmuşdur; məs.: Su qaçan xəbər versə gərək? (45) Qazan bir tumar ilə köpəgi urdı.(45) Kafərlər tərs tanışmışlar.(47) Bunun ardınca, görəlim, kimlər yetdi.(49) Hey, məni sevən yigitlər binsünlər! (53) Ərənlər əvrəni Qaracuq çoban sapanın ayasına taş qodı, atdı.(43) Qazan bəgün qarıcıq olmuş anası qara dəvə boynında asılu getdi.(43) Oğulda ortacım yoq, qartaşda qədərim yoq.(52) Alp ərə qorxu vermək eyb olur.(86) Ayaqlılar buraya gəldigi yoq. Ağızlılar bu suyımdan içdigi yoq.(56) Mərə yigit, mənim atımı kimsə keçdügi yoq. Oxımı kimsə yardığı yoq.(55) Nə görəyim, oğlı olan evərmiş, qızı olan köçürmiş.(55) Gün kibi şılayıb gələn Kafərin başının ışığıdır.(70) Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxı atanlar kar qılamadı.(100) V fəsil - Xəbər Fikir predmetinin hərəkət və ya əlamətini bildirən xəbər cümlənin mübtədadan sonra ən zəruri, təşkiledici üzvüdür. «Dədə Qorqud»un dili xəbərin ifadə vasitələrinə görə müasir dildən ciddi bir fərqə malik deyil. Quruluş xüsusiyyətləri ilə də fərqlənmir. Fərq daha çox xəbərin analitik və ya sintetik şəkildə formalaşmasında özünü göstərir. Birinci və ikinci şəxslərin tək və cəmində xəbər adətən müasir dildə olduğu kimi, şəxs sonluqları qəbul etmiş olur; məs.: Azğun dinlü kafərə bən varayım. (38) Dirsə xan, görürmisin oğlanı? (37) Biz sənin oğlunu necə gətürəlim? (37) Bəglər, mənim dəxi həqqimə bir dua eylən. (52) Üçüncü şəxsdə isə xəbər müəyyən hallarda -dır şəkilçisini qəbul etmişdir: Oğlan aydır: Mərə, bəginiz oğlı kimdir? (53) Qazan aydır: - Məqsudun bumıdır, Baybörə bəg? (52) Allah-təala məni qarğayıbdır.(52) Əmr formasının II şəxs təkində -ğıl,-gil,-sana şəkilçiləri, III şəxs təkində -sın,-sin,-sun,-sün şəkilçisi işlənmişdir: Qoy məni, qadın ana, çəngələ ursunlar! Qo ətimdən çəksünlər, qara qaurma etsünlər, qırq bəg qızının öginə ilətsünlər. Anlar bir yedikdə sən iki yegil!(47) Böylə oğıl nənə gərək? Öldürsənə! - dedilər. (37) Saqın, qadın ana! Mənim üzərimə gəlmiyəsən! Mənim içün ağlamıyasan! Son misallarda gəlmiyəsən, ağlamıyasan xəbərləri arzu formasında olub əmr, tə’kid bildirir. Xəbərin analitik yolla, xəbərlik şəkilçisi olmadan formalaşdığı hallar dastanların dili üçün daha səciyyəvidir: Gördi gög çayırın üzərinə bir qırmızı otaq dikilmiş. (54) Oğlı olan evərmiş, qızı olan köçürmiş.(55) Bir buğa öldürmiş sənin oğlın... (36) Vallah, yəxşi yigit, mürüvvətli yigit! - dedilər. (53) Daz yerdə turğay atmağa yəxşi! (63) Beyrək aydır: «Dügün kimün?» «Yalançı oğlı Yalınçağın». (60) Qarşu yatan qara tağı sorar olsam, yaylaq kimün? Souq sularını sorar olsam, içət kimün? (61) Xəbər «yoq» sözü ilə ifadə olunduqda ümumən xəbərlik şəkilçisi işlənməmişdir: Qazanın bu işlərdən xəbəri yoq. (47) Səninlə mənim işim yoq. (64) Qomağım yoq qırq namərdə. (41) Xəbər II şəxsin cəmində saitlə bitən sözlərdə -yın,-yin şəkilçisini qəbul etmişdir. Lakin bə’zən şəxsli forma yalnız -n şəkilçisi ilə yaranmışdır: Qarusından ağ əllərini bağlan (74) - cümləsində bağla-yın məqamında bağla-n formasına rast gəlirik Bu forma Cəbrayıl şivələrində indi də işlənməkdədir. (31; 170-184) Xəbər müasir dildə olduğu kimi, adətən, cümlənin sonunda işlənmişdir: Ol namərdlər dəxi bir yerdə qonmışlardı. Al şərabın istisindən içərlərdi. Buğac xan çapub yetdi. Ol qırq namərd dəxi bunı gördilər, ayıtdılar: «Gəlün varalım, şol yigidi tutub gətürəlim. İkisini bir yerdə kafirə yetürəlim»-dedilər. (40) Lakin mübtəda zonası və ya ikinci dərəcəli üzvlərdən biri aktuallaşdıqda, «yeni»ni bildirdikdə xəbər yerini dəyişmişdir: Yandı bağrım, göynədi içim. (61) Ə.Dəmirçizadənin dediyi kimi, «Fe’l, demək olar ki, o zaman artıq tam mə’nasilə təşəkkül etmiş və daha sərbəst işlənə bilən bir nitq hissəsi olduğu üçün» (24; 119) xəbər vəzifəsində daha fəaldır. Professor bu cəhəti yaxşı duymuşdur - qədim dövrlərə aid şumer mətnlərində fe’l xəbər vəzifəsində bu cür səciyyəvi əlamətlərə malik deyildir və bu cür aydın formalaşmamışdır (II fəslə bax). Xəbər fe’llərlə yanaşı, adlar və ismi birləşmələrlə də ifadə olunmuşdur; məs.: Qarşu yatan qara tağı sorar olsam, yaylaq kimün? (61) Mərə, dəli ozan, ərə varan qız mənəm. (64) Dəniz kibi qararub gələn nədir? (69) Qara dəniz kibi yayqanıb gələn kafərin ləşgəridür. (70) Bə’zən xəbərin bir hissəsi saxlanmış, bir hissəsi buraxılmışdır: Ağız-dildən beş kəlmə xəbər mana! (69) Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq. (65) Bu misallarda xəbər sözü «xəbər ver», çoq sözü «çox olubdur» deməkdir və xəbərin bir hissəsi ixtisar olunub. Bunlar elliptik cümlələrdir Ə.Dəmirçizadə yazır: «Müasir Azərbaycan dilində mürəkkəb xəbərlərin çoxu bir əcnəbi (ərəb, fars və ya başqa dilə məxsus) söz ilə bir azərbaycanca fe’lin (ən çox «ol», «et», «eylə» fe’llərinin) birləşməsindən düzəlir. İki azərbaycanca sözün birləşməsindən əmələ gətirilən mürəkkəb fe’li xəbərlər bugünkü azərbaycancada çox azdır. «Kitabi-Dədə Qorqud» dastanlarında isə əks vəziyyət vardır; mürəkkəb fe’llərin çoxu azərbaycanca sözlərin birləşməsindən əmələ gətirilmiş, ərəb, fars sözlərilə əmələ gətirilən (məs.: «zəbun oldu», «zarlıq qıldı», «müstəcəb olurdu» və b. kimi) mürəkkəb xəbərlər nisbətən azdır». (24; 121) Bu dəqiq müşahidəni aşağıdakı misallar da təsdiq edir: Bir at bularsam, tutayım binəyim. (60) Adaxlusın ana verər oldılar. (60) Qarşu yatan (qara) tağı sorar olsan, Ağam Beyrəgin yaylasıydı. (61) Baqdı gördi qız qardaşları qaralı-gögli oturarlar. (62) Qaftanı sıyırdı götürdi, qızların üstinə atı verdi. (62) Dədəm Qorqud gəlür oldı. (36) Bu çoban bizim həpimiz qırar olamı? (44) Yumruğımda talbınan şahin bənim quşımı alur gördüm.(44) Müasir dildə «fe’li bağlama + təsriflənən fe’l» şəklində ifadə olunan xəbərin dastanların dilində şərt şəkilçili qoşa fe’llə ifadəsi halları da vardır və bunlar arxaik formalardandır: Baqsa-görsə bir dərənin içinə qarğa-quzğun enər-çıqar (Baxıb gördü bir dərənin içinə qarğa-quzğun enib-qalxır). Sadə cümlələrin sonunda xəbərin təkriri dastanın dilində lirizmə xidmət edir: Dan-danuşıx ilə yəxşi ərməğanlar aldılar. Baybörənin oğlıyçun bir dəniz qulunı - boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar. Bir dəxi altı pərli gürz aldılar. (53) Bu üsuldan müasir nəsrimizdə geniş istifadə olunur. Müxtəlif prosesləri ifadə edən xəbərlərin sadalanması dastanların dilini canlı danışıq dilinin ifadə tərzi ilə daha çox bağlamışdır: İç Oğuzı gördi, qız bulımadı, qayıtdı gerü döndi, evlərinə gəldi. (85) Qayıtdı, döndi Dəli Domrul, evinə gəldi. (79) Bu cür ifadə tərzi Mirzə Cəlilin nəsr üslubunda öz izlərini saxlamışdır. «Qanturalı boyu»nda elə cümlələr işlənmişdir ki, mübtəda - xəbər əlaqəsinə görə müxtəlif şəkildə başa düşülə bilər: Atlu batub çıqamaz anun balcığı olur. Ala yılan sökəməz anun ormanı olur. Göglə pəhlu uran anun qəl’əsi olur. Göz qaquban könül alan anun görklisi olur.(86) Bu cümlələrdə mübtədanın və xəbərin sərhədi mətnə nəzər salmadan çətin dərk olunur. Zahirən belə hesab oluna bilər ki, ön sırada işlənən fe’li sifət tərkibləri (atlu batub çıqamaz) mübtəda, qalan hissə xəbərdir. Amma həmin mətndəki: Oğul, sən varacaq yerün Tolamac-tolamac yolları olur - cümləsindən aydın olur ki, ‘sən varacaq yerün (tolamac-tolamac) yolları’ mübtəda, olur sözü xəbərdir - olur sözü vardır mə’nasındadır. Eləcə də ‘anun balcığı’ mübtədadır, ‘olur’ xəbər, ‘atlu batub çıqamaz’ sözləri mübtədanın ikinci tərəfinin tə’yinidir - ‘anun atlu batub çıqamaz balcığı’. Sonrakı misralarda da fe’li sifət tərkibləri mübtədanın ikinci tərəfinin tə’yinidir. Bu cür quruluşun alınmasının səbəbi uzlaşma-idarə əlaqəli birləşmənin daxilində işlənib ikinci komponentə aid olan fe’li sifət tərkiblərinin ismi birləşmənin əvvəlində işlənməsidir. Bu cür ifadə tərzi ona görə şirindir ki, anun sözü (birləşmənin birinci komponenti) intonasiya ilə aktuallaşdırılmış və məntiqi vurğu altına salınmışdır. Cümlələrin quruluşu şifahi nitqdə yalnız intonasiyanın köməyi ilə tənzimlənir. V fəsil - Tamamlıq Dilçilikdə cümlənin ikinci dərəcəli üzvü kimi nəzərdə tutulan tamamlığın müasir strukturunda olan bütün xüsusiyyətlər «Dədə Qorqud»un dilində də vardır. Lakin fərqli cəhətlər də mövcuddur. Fərqlər min ildən artıq bir dövr ərzində indiki quruluşun sabitləşməsi, təkmilləşməsi prosesində tədricən yaranmışdır. Tamamlığı n ifadə vasitələri eynidir: isim, əvəzlik, məsdər, ismi birləşmələr, isimləşmiş nitq hissələri və söz birləşmələri; məs.: Qaravaşa ton geyirsən, qadın olmaz. (31) Qara eşək başına üyən ursan, qatır olmaz. (31) Ac görsən, toyurğıl! Yalıncıq görsən, tonatğıl! Baba malından nə faidə, başda dövlət olmasa. (31) Getdikdə yerin otlaqların keyik bilür. (32) Varıb Bayburd hasarı bəginə xəbər verdi. (57) Təkəbbürlük eyləyəni tənri sevməz. (31) ...oğlı-qızı olmuyanı tənri-təala qarğayıbdır. (34) Beyrəkdən sonra başına bu hal gəlcəgin bilürdin. (65) Bu misallarda qaravaşa, ton, üyən, başda sözləri isimlə, ac, yalıncıq sözləri isimləşmiş sifətlə, eşək başına, baba malından, yerin otlaqların - ismi birləşmələrlə, təkəbbürlük eyləyəni, oğlı-qızı olmuyanı, Beyrəkdən sonra başına bu hal gəlcəgin isimləşmiş fe’li sifət və fe’li sifət tərkibləri ilə ifadə olunmuş tamamlıqlardır. Vasitəsiz tamamlığın müasir ədəbi norma hesab olunan tə’sirlik hal şəkilçili müəyyənlik bildirən və hal şəkilçisiz qeyri-müəyyənlik bildirən növləri dastanların dilində də normal şəkildə işlənmişdir; məs.: Dəpə kibi ət yığ, göl kibi qımız sağdır! (35) Altun başlu ban ev vergil bu oğlana! (36) Yarımasun-yarçımasun, kafərin casusu bunları casusladı.(57) Başındağı tulğulğanı nə ögərsən, mərə kafər? (43) Qırq yigidlən oğlum Uruzı gətürüb durursan, qulun olsun! (48) Misallarda ət, qımız, ev sözləri qeyri-müəyyənlik, bunları, tulğulğanı, Uruzı sözləri müəyyənlik bildirən vasitəsiz tamamlıqlardır. Ə.Dəmirçizadə bunları - bu sonrakı tamamlıqları «tam şəkilçili tamamlıqlar» adlandırmışdır. Bu ifadə onunla əlaqədardır ki, tə’sirlik hal şəkilçisinin ixtisar olunduğu və ya müəyyən elementinin saxlandığı vasitəsiz tamamlıqlar da vardır və belələri dastanların dilində daha çox işlənmişdir. Bu cür tamamlıqlar yalnız yiyəlik birləşmələri ilə (yanaşma-uzlaşma və ya uzlaşma-idarə əlaqəli birləşmələrlə) ifadə olunmuşdur; məs.: Ayru-ayru yollar izin dəvə bilür. Yedi dərə qoxuların dilkü bilür. Ğafil başın ağrısın beyin bilür. Ağır yüklər zəhmin qatır bilür.(32) Yollar izin, dərə qoxuların, başın ağrısın, yüklər zəhmin birləşmələri vasitəsiz tamamlıqlardır. Bunlar da müəyyənlik bildirən vasitəsiz tamamlıqlar sayılır. Bu birləşmələrin başlanğıc forması ‘yollar izi’, ‘dərə qoxusu’, ‘başın ağrısı’, ‘yüklər zəhmi’dir. Birləşmələrin sonunda işlənən «n» tə’sirlik hal şəkilçisinin qalığıdır. Bu cəhəti nəzərə alaraq Ə.Dəmirçizadə vasitəsiz tamamlığın bu növünü «şəkilçili müxtəsər tamamlıq» adlandırmışdır. (24; 123) Lakin bu, əslində, tamamlığın deyil, tə’sirlik halın müxtəsər forması sayıla bilər. Onu da qeyd etmək lazımdır ki, müxtəsər tə’sirlik halda olan vasitəsiz tamamlıqların yiyəlik hal şəkilçili birinci tərəfinin işlənməsi həmişə vacib olmamışdır; birinci tərəfin buraxıldığı hallar da çoxdur: Vardılar. Bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqud birin bindi, birin yetdi (55) - cümləsində «atın bir-i-(n)i» əvəzinə, «bir-i(n)» işlənmişdir. Mənsubiyyət şəkilçisindən sonra «n» elementi özünü yiyəlik birləşməsinin tərəfləri III şəxsdə olduqda göstərir. I və II şəxslərdə mənsubiyyət şəkilçisi samitlə bitdiyindən (-im,-in) tə’sirlik hal şəkilçisinin qalığına ehtiyac olmur, lakin vasitəsiz tamamlıqda mə’na müəyyənliyi yenə qalır; məs.: Baq, baq, mərə dəli qavat. Mənim birligim bilməz.(79) Qafillicə sənin başın mən kəsəyinmi? (92) Qeyd edilən birləşmələrin başlanğıc forması «mən-im birlig-im», «sən-in baş-ın» şəklindədir və burada tə’sirlik hal şəkilçisinin heç bir qalığı yoxdur. Bu cür tamamlıqların da yiyəlik halda olan birinci tərəfi «yeni»ni bildirmədikdə ixtisar edilmişdir: Qadın ana! Bağrımla yürəgim nə dağlarsan? Ağır xəzinəm, bol aqçam götürüb durarsan, sana xərclıq olsun! (48) Qara polat uz qılıcın vergil mana! Sadağında səksən oqın vergil mana! Ağ tozluca qatı yayın vergil mana! (46) Mərə, qolça qopuzım çalun, ögin məni! (89) Tavla-tavla şahbaz atların, qatar-qatar dəvələrin gətürmişiz, bizimdir. (49)- cümlələrində yürəgim, xəzinəm, aqçam, qılıcın, oqın, yayın, qopuzım, atların, dəvələrin - birləşmə keyfiyyətini itirərək mənsubiyyət şəkilçili sözlərlə ifadə olunmuş vasitəsiz tamamlıqlardır. Yiyəlik birləşməsinin həm bütöv işləndiyi, həm də birinci tərəfinin ixtisar olunduğu hallarda müasir normalara uyğun olaraq tə’sirlik hal şəkilçisindən də istifadə edilmişdir: Keçmiş mənim günim-i nə andırarsan? (47) Ərəbi atlar olan yerdə bir qulun-ı olmazmı olur? (47) Dünligi altun ban evlərim-i gətürüb durarsan, sana kölgə olsun! (48) Bu cür misallar göstərir ki, ədəbi dilimizdə indi işlək olan bütün formalar ilkin orta əsrlərdə də mövcud olmuşdur, lakin o dövrdə daha fəal olan «şəkilçili müxtəsər tamamlıqlar» sonralar fəallığını itirmiş, özünü canlı danışıq dilində saxlamışdır. Tarixi inkişaf prosesində dil bə’zən öz ilkin daha düzgün ifadə tərzini dəyişmişdir. Üzərində iş icra olunan obyekti bildirən sözlər sonrakı inkişaf prosesində qeyri-müstəqim obyekt kimi çıxış etməyə başlamışdır. Sazı oda urdular (66) - cümləsində fikir düzgün ifadə olunmuşdur: Sazı (qamışı, qamışlığı) oda urdular, oda tutdular. İş obyekt üzərində icra olunur və nəticədə obyekt tam dəyişikliyə uğrayır, məhv olur. Lakin indi biz bu cür cümlələri «Qamışa od vurdular» şəklində işlədirik. Əslində, od vasitədir, alətdir, üzərində iş icra olunan obyekt saz’dır. İndiki şəkildə ifadə tərzinin səbəbi, yəqin ki, od vurmaq sözlərinin yandırmaq mə’nasında sabit birləşməyə çevrilməsidir. Müasir dildə olduğu kimi, dastanların dilində də qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar ümumi isimlərlə, apelyativ sözlərlə ifadə olunmuşdur. Lakin bir cümlədə, əgər texniki qüsur deyilsə, xüsusi isim də həmin vəzifədə müşahidə olunur: Dəpəgöz sıçradı baqdı, Basat gördi, əlin əlinə çaldı, qas-qas güldi.(101) Buradakı Basat gördü - ‘Basatı gördü’ deməkdir və dastanların 1988-ci il çapında beləcə də işlənmişdir (1962-ci il çapında Basatı şəklindədir, s.117). Dastanların dilində vasitəli tamamlıqlar da normalaşmış şəkildədir. Vasitəli tamamlıqların aktuallaşma prosesində xəbərdən sonra işləndiyi hallar da vardır: İmarətlər yapayım sənin içün. (83) V fəsil - Tə’yin İkinci dərəcəli üzvlərdən tə’yin müasir normalara müvafiq olaraq tə’yinlənən sözlərdən əvvəl işlənmişdir; məs.: Acı tırnaq ağ yüzinə aldı- çaldı. Küz alması kibi al yanağını yırtdı. (58) Qamın aqan yügrək sudan Bir oğul uçurdunsa, degil mana. (73) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59) Apul-apul yürişindən, Aslan kibi turışından, Qanrıluban baqışından Ağam Beyrəgə bənzədürəm, ozan, səni! (62) Son misalda müasir ədəbi dilimizdə müşahidə edilməyən arxaik forma vardır: fe’li bağlama fe’l əsaslı düzəltmə ismə aid olmuşdur - Qanrıluban baqışından. Bu hal göstərir ki, baqış (baxış) sözü müasir dilimizdəki bu cür düzəltmə isimlərdən fərqli olaraq, ‘qanrılıban baxmağından’ ifadəsinə uyğun şəkildə məsdər məqamında çıxış edən söz olmuşdur. Ə.Dəmirçizadə hamıdan əvvəl müşahidə etmişdir ki, «Hətta bugünkü Azərbaycan dilində müstəsna hal olaraq tə’yinolunandan sonra gələn ictimai rütbə (titul) bildirən «ağa», «xan», «dədə» sözləri də «Kitabi-Dədə Qorqud» dastanlarında əsasən ümumi qanuna uyğun olaraq, tə’yinolunandan əvvəl yerləşmişdir». (24; 127) Məs.: Bəli, xan Qazan, məsləhətdir. Ağam Qazan, məsləhətdir. Dədə Qorqud gəlür oldu və s, Müasir dildə uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri arasında işlənərək ikinci tərəfə aid olan tə’yinlər «Dədə Qorqud»un dilində birləşmənin əvvəlində işlənmişdir; məs.: Ağca mənim köksüm basub qondı. (81) Tatlu mənim canımı alur oldu. (82) Bu cür hallarda fikrin düzgün ifadəsi intonasiya ilə nizamlanır. Şahbaz-şahbaz atlar Qarıyubdur, qulun verməz. Qızıl-qızıl dəvələr Qarıyubdur, köşək verməz (49) - tipli cümlələrdə sözlərin təkrarından ibarət olan mürəkkəb sözlə ifadə olunmuş tə’yinlər poetikliyə də xidmət edir. Bu üsulun ən qədim mənbəyi şumer dilidir. Dilimizdə olan mühüm bir qayda - cümlədə müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunan mürəkkəb tə’yinlərdə əvvəl fe’li birləşmənin, sonra müxtəlif söz birləşmələri və nitq hissələrinin yerləşməsi qaydası ilkin formada «Dədə Qorqud»un dil sistemində özünü göstərir; məs.: Qarşu yatan qarlı qara tağlar Qarıyıbdur, otı bitməz. (49) Qamın aqan görklü suyın qurumasun! (51) Qeyri-müəyyənlik bildirən bir sözü tə’yinlə tə’yinlənən arasında deyil, tə’yindən əvvəl işlənmişdir: ...tənri-təala bizə bir yetiman oğıl verməz, nədəndir? (35) Mənim dəxi içində bir əqli şaşmış, Biligi yetmiş qoca babam var.(41) V fəsil - Zərflik İndi «zərflik» adı altında birləşdirilən bütün üzvlərin ifadə vasitələri və quruluş sxemi «Dədə Qorqud»da da vardır. Müasir dilimizdə olduğu kimi, dastanların dilində də zərfliklər əksərən fe’li, bə’zən ismi xəbərlə əlaqələnmişdir. Dastanların dilində yer və zaman zərflikləri daha çox işlənmişdir. Zaman zərflikləri çox vaxt determinant kimi cümlənin əvvəlində özünü göstərir; məs.: Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından Qorqud ata diyərlər, bir ər qopdı. (31) Bir yazın, bir küzin buğayla buğranı savaşdırarlardı. (36) Məgər xanım, ol gecə Ulaş oğlı Salur Qazan qara qayğılu vaqeə gördi. (44) Dastanların dilində bə’zi fe’li bağlama tərkibləri zaman bildirmə xüsusiyyətinə görə müasir dildəkindən fərqli çalara malikdir. Böylə digəc Qazan aydır. (44) Çoban böylə dikəc Qazan ah etdi. (44) Qazan bəg böylə dikəc çoban aydır. (45) Böylə digəc bazırganlar səxt oldı. (53) Bunlar böylə edicək Baybura bəgin acığı tutdı. (54) cümlələrində ‘dikəc’ sözü indiki qədər intensiv və sür’ətli zaman ifadə etmir, bu söz sadəcə olaraq «deyəndə», «dedikdə» fe’li bağlamalarının mə’nasına uyğun mə’na ifadə edir. Zaman zərflikləri müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunmuşdur; məs.: Qurd qaçan xəbər versə gərək? (45) Bazırganlar dəxi gecə-gündüz yola girdilər. (52) Bu gəz oğlan şərab içərkən içməz oldı. (53) Mən qaraquç atıma binmədin ol binmax gərək. (55) Ağam Beyrək gedəli bizə ozan gəldigi yoq. (61) Bu misallarda zaman zərflikləri sual əvəzlikləri, zərflər, fe’li bağlama və fe’li bağlama tərkibləri ilə ifadə olunmuşdur. İkinci misaldan göründüyü kimi, zaman zərfliyinin xəbərə daha yaxın yerləşdiyi hallar da vardır. Yer zərflikləri də bə’zən determinant kimi cümlənin əvvəlində işlənmişdir: Gögdən ildırım ağ ban evim üzərinə şaqır gördüm. (44) Lakin yer zərflikləri əksərən xəbərin əvvəlində yerləşmişdir: Qalın Oğuz bəgləri yüz göyə tutdılar. (52) Bərü gəlgil, başım bəxti, evim təxti! (35) Beyrək qızdan ayrılıb evlərinə gəldi. (55) Dəlü Qarcar dəxi ağ ban evini, ağ otağını qara yerin üzərinə qurdırmış idi. (55) Misallardan hiss olunur ki, bu hal əksərən yer zərfliyinin aktuallaşdırılması ilə bağlıdır. Müasir dildən fərqli olaraq, nadir bir hadisə kimi, yer zərfliyi fe’li bağlama tərkibi ilə də ifadə olunmuşdur. Aşağıdakı parçaya diqqət yetirək: Ağ ban evim dikilində yurdı qalmış, Qarıcıq anam olurunda yeri qalmış. Oğlım uruz ox atanda puta qalmış. (44) Bu misralardakı dikilində, olurunda, atanda sözlərini dik-il-in-də, ol-ur-un-da, at-an-da şəklində kök və şəkilçilərə ayırmaq olar. Əvvəlki iki sözdə kökdən sonra işlənən -il və -ur fe’lin növ şəkilçiləridir; -in,-un, -an fe’li sifət,-da,-də yerlik halın əlamətləridir. Fe’li sifət şəkilçisinin həm açıq, həm də qapalı saitli variantının olması (-in,-un, -an) bu şəkilçiləri çox qədim dövrlərlə bağlayır. Dikilində, olurunda - ‘tikilən yerdə’, ‘oturan yerdə’, atanda - ‘atdığı yerdə’ mə’nasındadır. Fe’li sifət şəkilçisi ilə hal şəkilçisi (-in-də) birləşərək fe’li bağlama kimi çıxış edir və yaratdığı tərkib yer zərfliyi vəzifəsindədir. Misallardan göründüyü kimi, -ində, -unda şəkilçisi məchul növün şəkilçisindən sonra işlənə bildiyi kimi, söz kökünə də artırılmışdır və bu baxımdan, əslində, üçüncü misradakı atanda sözünü ilkin variantına görə «at-ında» şəklində düşünmək olar. Adətən, hal şəkilçisinin qoşulduğu fe’li sifət şəkilçisi fe’li bağlama kimi formalaşır. Gəldigində, keçdigində, dikilində, olurunda, atında sözlərinin fe’li bağlama olduğuna şübhə yoxdur. Lakin bu cür ifadə tərzi arxaikləşmiş olduğundan mübahisə törədə bilir. Məkan bildirən fe’li bağlamaya müasir dilimizdə təsadüf edilmir. Ona görə həmin fe’li bağlamaları da ilk baxışda zaman mə’nalı hesab etmişlər. S.Əlizadə bu misraları belə müasirləşdirmişdir: Uca evimin tikilisi, yurdu qalmış. Qoca anamın oturduğu yer də qalmış. Oğlum Uruzun ox atdığı nişan qalmış. (26; 142) Başqa bir kitabda aşağıdakı kimi sadələşdirmişlər: Uca imarətlərimin binəsi, yurdu qalmış. Qoca anamın olduğu yeri qalmış. Oğlum Uruzun ox atdığı nişan qalmış. (39; 46) Birinci misrada «yurd» sözü həqiqi mə’nada başa düşülməməlidir. Əgər doğrudan da, yurdu qalıbsa, onda nə aparıblar? «Yurd» sözü ‘yurdun yeri’ mə’nasındadır. Dilimizdə ‘yurdu xaraba qalmaq’ mə’nasında yurdu qalıb ifadəsi işlənir. İkinci tərcümədə «Uca imarətlərimin binası, yurdu qalmış» şəklində fikir daha çox təhrif edilmişdir - dastanda daş binalardan yox, çadır evlərdən söhbət gedir və ona görə də Oğuz bəyləri istədikləri anda, istədikləri yerdə ağ ban otaqlar tikə bilirlər, Qazan xan ozana (Beyrəyə) ağ ban ev təklif edir, bə’zi səhifələrdə (68 və s.) aşkar şəkildə «çadır otaq»dan söhbət gedir və s. Bizim fikrimizcə, bu misralar belə sadələşdirilməli idi: Ağ ban evim tikilən yerdə yeri qalmış. Qarıcıq anam oturan yerdə yeri qalmış. Oğlum Uruz ox atdığı yerdə nişan qalmış. Aşağıdakı cümlələrdə də fe’li tərkiblər zaman zərfliyi kimi düşünülür. Lakin bu tərkiblərdə gizli yer mə’nası daha üstündür: Mərə ozan! Qarşu yatan qara tağdan Aşub gəldigində-keçdigində Beyrək adlu bir yigidə bulışmadınmı? Taşqun-taşqun suları Aşub gəldigündə-keçdigində Beyrək adlu bir yigidə bulışdınmı? (61) Misaldakı fe’li tərkiblərdən hiss olunur ki, «Bamsı Beyrək boyı» daha qədim boylardandır (son misradakı bulışdınmı sözü də inkarda olmalıdır). Tərkibi yaradan «gəldigində» (və eyni zamanda «keçdigində») sözünü gəl-dig-in-də şəklində morfemlərə ayırmaq olar: gəl - sözün kökü, dig - fe’li sifət şəkilçisi, -in II şəxsin mənsubiyyət şəkilçisi, -də - yerlik hal şəkilçisidir. Üç şəkilçi birlikdə -digində şəklində fe’li bağlama şəkilçisi kimi çıxış edir. Şəkilçinin tərkibindəki -in sözün məzmununa yer mə’nası əlavə edir - bu sözlər «gəldiyin, keçdiyin yerlərdə» mə’nasını ifadə edir. «Gəldigində-keçdigində» sözlərinin işləndiyi bu misralar S.Əlizadə tərəfindən belə sadələşdirilmişdir: Ay ozan! Qarşıda uca dağları aşıb gəldikdə, keçdikdə sən Beyrək adlı bir igidlə rastlaşmadınmı? Daşqın-daşqın suları aşıb gəldikdə, keçdikdə sən Beyrək adlı bir igidə rast gəldinmi? (26; 159) Əslində isə bu misralarda fe’li bağlamalar aşağıdakı şəkildə məkan mə’nası ilə izah olunmalıdır: Mərə ozan! Qarşı yatan qara dağdan aşıb gəldiyin-keçdiyin yerlərdə Beyrək adlı bir igidlə rastlaşmadınmı? Daşqın-daşqın suları aşıb gəldiyin-keçdiyin yerlərdə Beyrək adlı bir igidə rast gəl(mə)dinmi? Bunlar göstərir ki, fe’li bağlama müasir dilimizdə yer zərfliyi vəzifəsində işlənməsə də, qədim dövrlərdə işlənmiş və zaman bildirdiyi kimi, məkan mə’nasına da malik olmuşdur. Tərz zərflikləri bə’zi zərflər, qoşmalı sözlər, yamsılamalar, fe’li bağlama və fe’li bağlama tərkibləri və s.-lə ifadə olunmuş, əksərən fe’li xəbərin yanında işlənmişdir. Məs.: Salur Qazanla Qaraca çoban çapar yetdi. (48) Ol buğa qatı taşa buynız ursa, un kibi ügidərdi. (36) Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. (45) Qarıcıq anan qara dəvə boynında asılu keçdi. (45) Dəstmalın əlinə aldı, böggürü-bögür ağladı. (52) Savaşmadın, uruşmadın alı verəyin, döngil gerü. (40) və s. Qarğu kibi qara saçım uzanır gördüm. (44) - tipli cümlələrdə intonasiyanın verdiyi imkanlar əsasında araya başqa sözlər daxil olmuşdur. Əslində, cümlə belə dərk olunur: Qara saçım qarğu kibi uzanır gördüm. Səbəb zərflikləri aid olduğu cümlədəki işin icrasının və ya əlamətin meydana çıxmasının səbəbini bildirir. Belə cümlələrdə nəticə xəbər vasitəsilə ifadə olunur; məs.: Bir ağzı dualının alqışilə allah-təala bir əyal verdi. (35) Bən bunın alnına niyə tayaq olurbən tururbən? (36) Beyrəgin qorqusından qaçdı, özini Tana sazına saldı.(66) Gedərkən ərəbə qıcırdısından Qazan oyandı. (116) ‘Bir ağzı dualının alqışilə’, ‘niyə’, ‘Beyrəgin qorqusından’, ‘ərəbə qıcırdısından’ sözlərinin və birləşmələrinin ifadə etdiyi iş onların işləndiyi cümlələrin xəbərlərinin ifadə etdiyi işin səbəbi kimi çıxış edir və prosesin baş verməsi e’tibarilə xəbərdəki iş və hadisələrdən əvvələ aid olur. Məqsəd zərflikləri: Qarşu yatan qara tağını aşmağa gəlmişəm. Aqıntılı görklü suyını keçməgə gəlmişəm. (56) Bəglər, qardaş uğrına Dəpəgöz ilə buluşuram. (100) Arıq olsa, qulağın dələrdi avda bəllü olsun deyü. (104) Dinin eşqinə ol əri quyudan çıqar. (117) Bədəvi atım saqlardım bu gün içün. Qara polad uz qılıcım saqlardım bu gün içün. (70) Əziz tənri adına qudbə oqıtdılar.(67) Siz bu yolda bu taşı neçün yığırsız? (60) - cümlələrindəki ‘qarşu yatan qara tağını aşmağa’, ‘aqıntılı görklü suyını keçməgə’, ‘qardaş uğrına’, ‘bəllü olsun deyü’, ‘bu gün içün’, ‘əziz tənri adına’ ‘neçün’ söz və birləşmələri məqsəd bildirir və aid olduqları cümlələrin xəbəri ilə ifadə olunan işdən sonra icra oluna bilən və ya icrası arzu olunan işi nəzərdə tutur. İfadə vasitələri bugünkü ifadə vasitələrinə müvafiqdir. Bə’zi cümlələrdə kəmiyyət və dərəcə zərfliklərinə də rast gəlmək mümkündür: Qazan sağına baqdı, qas-qas güldi. Soluna baqdı, çox sevindi. (68) On altı yaş yaşladın. (69) Oğuzın ol kişi təmam bilicisiydi. (31) Olasan, mərə, mən Qazanca olmıyasan, Basat! (100) Müasir normalara uyğun şəkildə «Dədə Qorqud»un dilində də qarşılaşdırma zərflikləri xüsusiləşmiş tərkiblərlə ifadə olunmuşdur: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir! (53) Böylə oğıl olmaqdan olmamaq yegdir. (37) Qədəmi qutsız gəlin deyincə, udsız gəlin desünlər. (112) Bu misallarda ‘çoq’, ‘on altı yaş’ sözləri kəmiyyət, ‘təmam’, ‘ad qoyasınca’ - dərəcə, ‘bunda minnətlə almaqdan isə’, ‘böylə oğıl olmaqdan’,’qədəmi qutsız gəlin deyincə’ tərkibləri qarşılaşdırma zərflikləridir. Sayılmaqla Oğuz bəgləri tükənsə olmaz. (50) Ata tururkən oğıl əlini öpərlər? (54) Tənrinin buyruğilə, peyğəmbərin qövlilə Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəgi Bamsı Beyrəgə diləməgə gəlmişəm! (56) - cümlələrindəki ‘sayılmaqla’, ‘ata tururkən’, ‘tənrinin buyruğilə, peyğəmbərin qövlilə’ sözləri və birləşmələri hansı şərtlə? sualına cavab verir, xüsusiləşmə imkanları ilə fərqlənir və şərt zərfliyi kimi çıxış edir. Qarağuca qıymayınca yol alınmaz. Ər, malına qıymayınca adı çıqmaz. Qız anadan görməyincə ögit almaz (31) cümlələrində fe’li bağlama tərkibləri də şərt zərfliyi vəzifəsindədir. Cümlə üzvləri ilə bağlı bu qısa qeydlər və nümunələr göstərir ki, dastanların təşəkkül tapdığı dil quruluşuna görə müasir ədəbi dilimizin bütün modellərinə malik tam yetkin dil olmuşdur. Bu dildə müasir ifadə tərzindən fərqlənə bilən əsaslı quruluş bəsitliyi müşahidə olunmur. V fəsil - Əlavələr Dastanların 1988-ci il çapında tərtibçilər tərəfindən bir sıra sözlər və birləşmələr cümlə üzvlərinin əlavəsi kimi ayrılmışdır. Bunlar, başlıca olaraq, aşağıdakılardır: Qarşusına baqdı, oğlancığını - Uruzı gördi. (68) Sağlan solına göz gəzdirdi. Oğlancuğını - Uruzı görmədi. (72) Çörildi, növbət gerü - mana gəldi. (100), Vaqeəsindən sərmərdi uru turdı. Qabangüci, Dəmirgüci - bu iki qardaşı yanına aldı. (43) Pəs Qazılıq qoca oğlı Yegnək - taza yigitcik yaradan allaha sığındı. (96) «Qarannulu gözüm aydını qardaş!» deyü ağladı. İçərü - söhbətə girdi. (111) Əgrəgi tutdılar, Əlincə qəl’əsinə - zindana bıraqdılar. (110) Qırq incə bellü qız ilə həlalın - Boyı uzun Burla xatun ağlayuban şundan keçdi. (45) Əvvəlki cümlələrdə ‘Uruzı’, ‘mana’, ‘bu iki qardaşı’, ‘taza yigitcik’ əlavə şəklində formalaşmışdır. Amma bizim gümanımıza görə, bunları dastanların üzünü köçürərkən bu şəklə salmışlar. Uruzı sözlərindən əvvəl əlavəli üzv kimi işlənmiş oğlancığını sözləri, çox güman ki, mənsubiyyət şəkilçili söz-tə’yin kimi işlənmişdir: oğlancığı Uruzı. Son iki cümlədə ‘içərü - söhbətə’, ‘Əlincə qəl’əsinə - zindana’ sözləri arasında tireyə ehtiyac yoxdur; hər iki misalda birinci tərəf (içərü, Əlincə qəl’əsinə) yer, əlavə kimi ayrılmış sözlər isə məqsəd zərfliyidir. Son cümlədə ‘həlalın’ sözü əlavəli üzv deyil, tə’yindir. Kafərlər, sağ olanları, qaçaraq təkura gəldilər (113) tipli cümlələrdə ‘sağ olanları’ birləşməsi xüsusiləşmiş əlavə kimi daha təbii tə’sir bağışlayır. Tə’yinin birləşmənin daxilində olmaq əvəzinə, əvvəlində işlənməsi tərtibçinin bə’zi söz və birləşmələri əlavə kimi ayırmasına səbəb olmuşdur. Ol qırq namərd - babanın yoldaşları babanı tutdılar (26; 40)- cümləsindəki tiredən belə çıxır ki, «namərd» sözü mübtəda, «tutdular» - xəbər, ‘babanın yoldaşları’ isə əlavədir. Bu cümlədə sadəcə olaraq, hər şey intonasiya ilə qurulmuşdur. Cümlə elə tələffüz edilir ki, «ol qırq namərd» sözləri «baba» sözünün başı üzərindən adlayaraq «yoldaşları» sözünə aid olur. Cümlə «ol qırq namərd, yə’ni babanın yoldaşları» intensiv intonasiyası ilə tələffüz edilmir. Cümlənin orijinal intonasiyası oğuz intonasiyasıdır və indinin özündə də oğuz intonasiyası güclü olan dairələrdə qalmaqdadır. Məsələn, Ə.Haqverdiyevin «Bədbəxt mən o kəsə deyərəm ki...» cümləsində «bədbəxt» sözünün «mən» sözü ilə heç bir əlaqəsi yoxdur və həmin söz intonasiyanın köməyi ilə bütün sonrakı sözlərin üzərindən adlayaraq «deyərəm» sözü ilə əlaqələnmişdir. (38; 34-35) Odur ki yuxarıdakı cümləni də: Babanın ol qırx namərd yoldaşları babanı tutdular - şəklində başa düşmək lazımdır. Əlavələrin təşəkkülü yazılı ədəbi dilin daha çox inkişaf etdiyi sonrakı dövrlərlə bağlı olmalıdır. V fəsil - Həmcins üzvlər Sadə cümlələrin həmcins üzvlər şəklində birləşməsi, qovuşması baxımından «Dədə Qorqud»un cümlə sintaksisi o dərəcədə səlis, zəngin və ahəngdardır ki, Azərbaycan dili sintaksisinin dastanların təşəkkülündən bəlkə də min il əvvəl təşəkkül tapmış olduğunu güman etməyə əsas verir. Fikrin həmcins üzvlər hesabına bu qədər rəngarəng və emosional ifadəsi sonrakı dastanlarımızda «Dədə Qorqud»la müqayisədə çox zəifdir. Bu cəhəti nəzərə alaraq prof.A.Axundov göstərir ki, «Dədə Qorqud»un şe’r dilində həmcins üzvlər öz sintaktik səviyyəsindən yüksəkdə durur. (47;353) Hər bir dastan Bayındır xanın və ya Qazan xanın, yaxud da başqa bir Oğuz ağsaqqalının təsviri ilə başlayır və qeyd etdiyimiz namə’lum ozan onun ən səciyyəvi əlamətlərini ahəngdar bir dil ilə, həmcins üzvlərlə sadalayır. Oğuz igidləri kafər orduları ilə təkbətək qaldığı anlarda xəbər tutub özünü yetirən Oğuz sərkərdə və pəhləvanları el içində şöhrət tapdıqları titulları, səciyyəvi əlamətləri ilə təqdim edilir. Bir -iki misala diqqət yetirmək kifayətdir: Qaradərə ağzında qara buğa dərisindən beşiginin yapuğı olan, acığı tutanda qara taşı kül eyləyən, bığın ənsəsindən yedi yerdə dügən, ərənlər əvrəni, Qazan bəgin qartaşı Qaragünə çapar yetdi... Hamidlən Mərdin qəl’əsini dəpüb yıqan, dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran, gəlübən Qazanın qızın ərliglə alan, Oğuzın ağ saqallı qocaları görəndə ol yigidi təhsinləyən, al məxmuri şalvarlı, atı bəhri hotazlı Qaragünə oğlı Qarabudaq çapar yetdi...(49) Dəmür qapu Dərvəndəki dəmür qapuyı qapub alan, altmış tutam ala göndərinin ucında ər bögürdən, Qazan kibi pəhləvanı bir savaşda üç kərrə atından yıqan Qıyan Səlcik oqlı Dəlü Tondaz çapar yetdi... (77) Bu cür təsvirlərdə Oğuz igidləri mə’nəvi və fiziki böyüklüyü, düşmən üzərində qələbəsi, geyimi, görünüşündəki əzəməti, ləyaqətli davranışı, namuslu ailə sahibi olması, mərdlik keyfiyyətləri və s. ilə səciyyələndirilir. Bunlar həmcinsliyin məzmun tərəfi, Oğuz igidlərinə məhəbbətin təzahürüdür. Dil məsələsinə gəldikdə, qeyd etməliyik ki, bu cür təsvirlərdə həmcinslər hesabını güclü bir ahəngdarlıq, şe’riyyət yaradılmışdır. Yəqin ki, bu cür ahəngdarlıq dastanların yaranış e’tibarilə mənzumluğunu iddia edənlərə əsas vermişdir. Baban dedi, keyikləri qovsun gətürsün, bənim ögimdə təpələsün, oğlumın at səgirdişin, qılıc çalışın, oq atışın görəyim, sevinəyim, qıvanayım-güvənəyim,-dedi - dedilər. (37) Tamamlıq və xəbərlərin həmcinsləşdirilmiş olduğu bu cümlədəki musiqililiyi hər bir oxucu duya bilər. Bu cür həmcinsləri ahəngdar bölümlərinə görə asanlıqla misralara düzmək olur: Bir gün Ulaş oğlı, Tülü quşun yavrısı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, Qonur atın iyəsi, xan Uruzın ağası, Bayındır xanın köyküsi, Qalın Oğuzın dövləti, qalmış yigit arxası Qazan yerindən turmuşdı. (42) Hətta bu cür bölümdə həmcinslərarası qafiyələr də görünməkdədir və bəlkə də qafiyəsizlər sonrakı təhriflərdir. Çünki dastanın yaradıcıları indiki bir sıra nəsr müəllifləri kimi, ritmdən, nəfəsvermənin tamamlanmalı olduğu intonasiyadan məhrum əsər yaratmamışlar, hər sözün, hər bir ifadənin, ahəngdarlığına diqqət yetirmişlər. Alliterasiya, ritm və qafiyə çox zaman növbələşərək və ya birləşərək musiqililiyi tə’min etmişdir. Həmcins xəbərli aşağıdakı cümləyə diqqət yetirək: Yüriyəlim, a bəglər! Av avlıyalım, quş quşlıyalım, sığın, keyik yıqalum, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim! (42) Hiss olunur ki, bu cümlədə ‘otağımıza düşəlim’ sözləri artıqdır və ahəngi zəiflədir. Düşmək fe’li «Dədə Qorqud»un dilində ‘yıxılmaq’ mə’nasındadır. Həmin cümlədə indiki mə’nasında işlənməsi bu sözlərin lap son köçümə dövründə əlavə edildiyini göstərir. Yəqin ki, T.İ.Hacıyev aşağıdakı sözləri bu cür mülahizələrlə yazmışdır: «Dastanın sintaktik vahidlərinin - söz birləşmələri və cümlələrinin leksik sistemi göstərir ki, bu, yaradılışdan nəsr sintaksisi olmayıb; ilkin poetik formaların sonrakı şəkil dəyişdirmələri nəticəsində gəldikcə zəmanə katiblərinin - yazıya alanların əli ilə onda az-çox nəsrləşdirmə işi aparılmışdır. Bununla belə, dəyişmə əməliyyatları dastanın dilini ilkin poetik mahiyyətdən «təmizləyə» bilməmişdir». (32; 167) Təbii ki, dastanların dilində bütün cümlə üzvlərinin həmcinsliyi özünü göstərir. Lakin həmcins üzvlər arasında da ən az müşahidə olunanı mübtədadır. Bununla belə, dastanların dili o qədər zəngindir ki, bütün qrammatik fiqurlar əhatə olunmuşdur. Taq çiçəgi, anan südi sana məlhəmdir. (39) Qırq baş qul, qırq qırnaq oğlı Uruz başına azad edildi.(50)- cümlələrindən birincisində taq çiçəgi, anan südi, ikincisində qul, qırnaq oğlı həmcins mübtədalardır. Ahəngi saxlamaq üçün «qul» sözündən əvvəl «baş» sözü işlənmişdir: qırq baş qul, qırq qırnaq oğlı... Bə’zən həmcins mübtədalar öz tə’yinləri ilə həmahəng qurulmuşdur: Simüz qoyun, arıq toğlı bayırda qalsa, qurt gəlib yeməzdi... (48) Həmcins mübtədaların təkrar olunan tərəfinin ixtisarı üsulu da qaydaya düşmüş şəkildə mövcuddur: İç Oğuz, Taş oğuz bəgləri Bayındır xanın söhbətinə dərilmitşdi (52) - cümləsində ‘bəgləri’ sözü həmcinslərdən birincisində ixtisar olunmuşdur. Birləşmənin həmcins tərəfləri arasında nadir hallarda «ü» bağlayıcısına təsadüf edilir: Beyrəgin yarü yoldaşları ağı çıqardıb, qara geydi. (58) Xəbərin həmcinsliyi hərəkətin müxtəlif yöndən, çox zaman daha tə’sirli və ahəngdar təsviri ilə bağlıdır: Dədəm Qorqud gəlübən boy boyladı, soy soyladı. Buğa ayaq üstinə turamadı, düşdi, dəpəsinin üstinə yıqıldı (36) - cümləsində ‘turamadı’ sözü ilə ‘düşdi, yıqıldı’ xəbərləri arasında səbəb-nəticə ardıcıllığı vardır. Bə’zən bu cür aydın səbəb-nəticə əlaqəsi olmadan həmcins xəbərlər subyektin icra etdiyi ardıcıl işləri ifadə edir: Əmiraxurbaşı qarşuladı, endirdi, qonaqladı. (53) Dirsə xan Qorqud sinirli qatı yayın əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı, oğlanı iki talusının arasında urub çıqdı, yıqdı. (37) Çox güman ki, buradakı ‘çıqdı’ sözü M.Ergində olduğu kimi ‘çaxdı’ sözüdür. Xəbərlərin həmcinsliyində canlı dilin ifadə tərzi özünü daha qabarıq göstərir: Qayıtdı-döndi Dəli Domrul evinə gəldi - cümləsində olduğu kimi. Bir sıra cümlələrdə xəbərlərin hər birinin ifadə etdiyi işin icrası üçün öz obyekti vardır: Bitəkəllüf kafərlər at dəpdilər, ox səpdilər. (43) Bə’zən də həmcins xəbərlərin hər birinə aid tərz zərfliyi vardır: Toz yarıldı, gün kibi şıladı, dəniz kibi yayqandı, meşə kibi qarardı. (69) Belə bölüm, kafər ordusunun bu cür gəldiyini göstərən epizodlar Oğuz düşmənlərinin də zəif olmadığını göstərir. Dastanların dilində ahəngdarlığın, şe’riyyətin yaranmasında həmcinsliyin bu şəkildə qurulmasının da xüsusi rolu vardır. Qeyd etdiyimiz ahəngdarlıq, bərabər ritmik bölgülü sintaqmlar tamamlıqların həmcinsliyi üçün də səciyyəvidir. Boylarda vasitəsiz tamamlıqların həmcinsliyi nəzəri daha çox cəlb edir. Obyekt bildirən söz və birləşmələrin sadalanması dastanların dili üçün çox tipikdir: Mənim savaşdığım, mənim dögüşdügim, Mənim çəkişdügim, mənim qılıclaşdığım görgil, ögrəngil! (71) Qa zan bəg ordusını, oğlanını-uşağını, zəzinəsini aldı. (50) Cılasun qoç yigitlərə qalaba ölkə verdi, şalvar, cübbə, çuqa verdi.(50) Ağır xəzinəm, bol aqçam götürüb durursan...(48) Az hallarda həmcins tamamlıqlar arasında «və» bağlayıcısının təkrarı müşahidə olunur: Beyrəgə və anasına və qız qardaşlarına muştçı gəldi.(56) Heç şübhəsiz, bunlar katibin əlavələridir. Qarıcıq anam gətürüb durursan, mərə kafər, anamı vergil mana, Savaşmadın, uruşmadın qayıdayım-gerü dönəyim.(48) Dərələrdə, dəpələrdə kafərə qırğun girdi.(50) ...bir imirzə xub yigit qırq yigid ilən sağında və solında oturırlar (53) - cümlələrində tərz və yer zərflikləri həmcinsdir. Zərfliyin bir sıra başqa növlərinin (zaman, səbəb, məqsəd və s.) həmcinsliyi də mövcuddur. Cümlə üzvlərinin həmcinsliyi daha çox sadalama intonasiyasına əsaslanır, dilimizin müasir quruluş sxemindən yalnız sadəliyi ilə fərqlənir. V fəsil - Qoşulma konstruksiyalar Canlı danışıq dili üçün xarakterik olduğundan nitq prosesində əvvəldən planlaşdırılmış cümləyə daxil ola bilməyən, sanki qəflətən yada düşən və əsas cümləyə əlavə edilən sözlərə, söz birləşmələri və cümlələrə - qoşulma konstruksiyalara «Dədə Qorqud»un dilində də rast gəlirik. Bu cür konstruksiyalar özül cümlədəki fikri dolğunlaşdırmaq, genişləndirmək, əlavə mə’lumat vermək və ya fikri dəqiqləşdirmək məqsədi güdür: ...başlar kəsildi - top kibi. (50) Varın Rum elinə mənim oğlım içün yəxşi ərməğanlar gətürün, mənim oğlım böyüyüuncə - dedi. (52) Xanım, sazdən bir aslan çıqar, at urar, apul-apul yürüyişi adam kibi (98) Bari Bayındır xanın tövləsindən eki şahbaz yügrək at gətürün. Bir Keçi başlu Keçər ayğırı, bir Toğlı başlu Turı ayğırı. (55) Birinci misalda özək cümləyə tərz zərfliyi (‘top kibi’), ikincisində zaman zərfliyi (‘mənim oğlım böyüyüncə’), üçüncüsündə tə’yin (‘apul-apul yürüyişi adam kibi’) qoşulmuşdur. Son cümlədə ‘Bir Keçi başlu Keçər ayğırı, bir Toğlı başlu Turı ayğırı’ sözləri cümlədə tamamlığın (‘at’ sözünün) əlavəsi kimi çıxış edir. Bu cür parsellər canlı danışıq dilindən gələn mühüm bir xüsusiyyəti mühafizə etməklə yanaşı, dilimizin sintaktik normalarının nə qədər uzaq keçmişdə formalaşmış olduğuna heyrət doğurur. V fəsil - Cümlə üzvlərinin sırası Bu barədə hər bir cümlə üzvündən danışılarkən az-çox mə’lumat verilmişdir. Lakin bə’zi səciyyəvi cəhətləri də qeyd etmək lazım gəlir. Dastanların dilində cümlə üzvlərinin yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktuallaşdırılması tələbləri ilə bağlıdır. «Dədə Qorqud»un dilində söz sırası əsasən bugünkü normaların ilkin quruluş modellərinə əsaslanır. Müşahidə olunan maraqlı cəhətlərdən biri qeyri-müəyyən tə’sirlik halda olan sözlər və birləşmələrlə tə’sirli fe’l arasına müxtəlif sözlərin daxil ola bilməsidir: ...qıl sicim ağ boynına taqalım (ağ boyuna qıl sicim taxaq), Qara keçə altına döşədilər (Altına qara keçə döşədilər). Qara tırnaq ağ yüzümə çalayınmı? (73) Böylə digəc Qalın Oğuz bəgləri yüz göyə tutdılar.(52) Bu hal «ağ boynına», «altına», «ağ yüzinə», «göyə» sözlərinin məntiqi vurğu altına düşərək xəbərin yanına keçirilməsi ilə bağlıdır. Söz sırasının aktuallaşma ilə əlaqədar bu cür dəyişməsi sayla sifətin yerdəyişməsində də özünü göstərir: On altı bin qara tonlu kəfər ata bindi - cümləsində məqsəd qara donun sayını deyil, kafərin sayını bildirməkdir: Qara donlu on altı min kafər ata mindi. Kafərin geyiminin rəngini, onun qara kabusa bənzədiyini nəzərə çarpdırmaq üçün sıra bu cür qurulmuşdur. Bunlardan aydın olur ki, «Dədə Qorqud»un dilinin təşəkkülü dövründə cümlə intonasiyası söz sırasının sərbəst qurulmasına daha çox imkan vermişdir. Dastanların dilində canlı danışıq dili sintaksisinin aparıcı rolu aşkardır. Bir sıra cümlələrdə sözlərin sırası müasir dil baxımından fərqli görünsə də, bunlar sırf oğuz tələffüzü ilə bağlı olub, nitqin ritmik-melodik axını, fasilə, vurğu və s.-lə tənzimlənir, fikrin düzgün anlaşılmasına mane olmur. Müasir dildə məntiqi vurğulu sözlər xəbərin yanında (əvvəlində) işlədilir. Məntiqi vurğu ilə hər bir üzvün öz yerində aktuallaşdırılması da mümkündür. Bu baxımdan dastanlarda cümlə üzvünün xəbərin əvvəlində məntiqi vurğu ilə tələffüzü halları daha aydın müşahidə olunur. Məs.: Məndən yegrək qadir sizə oğul verər (75) - cümləsində məntiqi vurğu ‘məndən yegrək oğul’ birləşməsinin üzərindədir, lakin mübtəda və tamamlıq (qadir, sizə) cümlənin əvvəlində işlənmək əvəzinə, məntiqi vurğulu üzvün arasına daxil olmuşdur. Bütün bunlara baxmayaraq, «yeni» xəbərlə (verər sözü) ifadə olunmuşdur. Vasitəli tamamlıqlar, qayda üzrə, əksərən mübtəda ilə xəbər arasında yerləşmişdir; məs.: Mənim canım sənin canına qurban olsun! (83) Adəmilər əvrəni yoldaşına qıymadı.(83) Tamamlığın hər iki növü işlənməli olduqda əvvəlcə vasitəsiz, sonra vasitəli tamamlıq işlənmişdir: İkisini bir yerdə kafərə yetürəlim.(40) Mənim əlümi şeşin, qolça qopuzım əlümə verin. (40) Bu cür sıra normal sıradır, lakin ...qıl sicim ağ boynına taqalım. (40) - tipli cümlələrdə qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlığın tə’sirli fe’li xəbər-dən aralanması artıq arxaik forma sayıla bilər. Bə’zi cümlələrdə vasitəsiz tamamlıq öz tə’yini ilə birlikdə cümlənin əvvəlində işlənmişdir. Bu cür hallarda vasitəsiz tamamlıq tema kimi çıxış edir, cümlənin qalan hissəsi «yeni»ni bildirir: Qarşu yatan qara tağları Səndən sonra mən neylərəm? (83) Dastanların dilində saylarla ifadə olunan tə’yinlər (kəmiyyət tə’yini) bə’zən sifətlə, atributiv birləşmələrlə ifadə olunan tə’yinlərdən sonra - tə’yinlənənin yanında işlənmişdir. Məs.: Yaraqlu altmış adam seçin. Qara tonlu, gög dəmirlü altı yüz kafər seçdi. Bu cür sıra, əslində, xalis ədəbi normadır. Lakin Ə.Dəmirçizadənin qeyd etdiyi kimi, bu cür sıradan nadir hallarda istifadə edilmişdir. Dastanların dili üçün kəmiyyət tə’yininin keyfiyyət tə’yinindən əvvəl işlənməsi daha səciyyəvidir: Yedi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düşməni alaca atlu kafər bindi... (42) Üç yüz mürəssə tonlu yigit soyladı, boyuna aldı. Qırq ala gözlü yigidin Uruz boyına aldı. (69) On altı bin qara tonlu kafər ata bindi. (69) Bu cür cümlələrdə intonasiya və fasilə kəmiyyət bildirən sözləri keyfiyyət və ya maddi-material bildirən tə’yinlər üzərindən keçirərək tə’yinlənənə aid edir. (bax: 38; 34-42) İsmi birləşmələrlə ifadə olunan əlamət, keyfiyyət tə’yinləri kəmiyyət tə’yinindən sonra işlənmişdir. Oğuz intonasiyası düzgün nəzərə alınmazsa, duyulmazsa, müasir dil baxımından kəmiyyət tə’yininin az qala keyfiyyət tə’yininə də aid olduğunu güman etmək olar. Lakin canlı danışıq dili intonasiyası bu yanlış düşüncəni asanlıqla aradan qaldırır. Dastanların dili üçün bu cür cümlələr səciyyəvidir:Üç yüz mürəssə tonlu yigit soyladı, boyına aldı. (69) Nagahandan altmış dəmir tonlu kafər oğlanın üzərinə gəldilər. (113) Aktual üzvlənmənin rolu «Dədə Qorqud» sintaksisində çox qabarıqdır. Yeni fikir ifadə edən sözlər və birləşmələr daha çox cümlənin sonunda işlənmişdir: Üç ayda varmazsam, öldügimi ol vəqt bilsün! (75) Dədə Qorqudun ardından Dəli Qarcar irdi (56) - cümlələrində ‘ol vəqt’, ‘Dəli Qarcar’ sözləri məntiqi vurğu altında tələffüz olunduğu üçün bilavasitə xəbərin önündə yerləşdirilmişdir. Məqsəd onların ifadə etdiyi anlayışları nəzərə çarpdırmaqdır. Əks təqdirdə həmin cümlələr, məsələn, belə olardı: Dəli Qarcar Dədə Qorqudun ardından irdi. Üç ayda varmazsam, ol vəqt öldügimi bilsin. Cümlələri bu cür qurduqda məntiqi vurğu ‘Dədə Qorqudun ardından’, ‘öldügimi’ söz və birləşmələri üzərinə düşür. Şökli Məliki bögirdibəni Qazan bəg atdan yerə saldı (66) - cümləsində düşmənin başçısını məhz «alpanlar başı»nın vurub yerə saldığını göstərmək üçün mübtəda (‘Qazan bəg’) tamamlıq və tərz zərfliyindən sonra - xəbərə daha yaxında yerləşdirilmişdir. Boyı uzun Burla xatun qara tuğın kafərin qılıcladı, yerə saldı. (77) - cümləsində uzlaşma-idarə əlaqəli birləşmənin tərəfləri inversiyaya uğramışdır - ‘kafərin tuğın’ əvəzinə, ‘tuğın kafərin’ işlənmişdir. Bu, «Dədə Qorqud» üslubuna xas olan bir cəhətdir. «Dədə Qorqud» üslubunda «kafərin qara tuğın» modeli də var. Lakin yuxarıdakı misalda düşmənə nifrət birləşməni adi tonla - «kafərin qara tuğın» şəklində işlətməyə imkan verməmişdir. Dastan formasında (tuğın kafərin) «kafər» sözü xəbərə daha yaxın yerləşdirilməklə nifrət obyekti daha qabarıq nəzərə çarpdırılmışdır. Bu xüsusiyyəti aşağıdakı cümlələrdə də görmək olar: Sağın-solun Uruzın çevirdilər. Qarusından ağ əllərin bağladılar. Əgər «Uruzın» sözünü, «ağ əllərin» birləşməsini məntiqi vurğu altına salmaq, aktuallaşdırmaq lazım gəlməsə idi, bu cümlələr belə tələffüz olunmalı idi: Uruzın sağın-solın çevirdilər. Ağ əllərin qarısından bağladılar. «Yeni»nin, əsas fikrin bu cür aktuallaşdırılması təkcə sözlərə, birləşmələrə - cümlə üzvlərinə deyil, bütöv cümlələrə də aiddir: Gögdən ildırım ağ ban evim üzərinə şaqır gördüm. (44) Qarğu kibi qara saçım uzanır gördüm - misallarında «gördüm» sözünə qədərki hissələr aktuallaşdırılmış budaq cümlələrdir və onları: Gördüm ki, qarğu kibi qara saçım uzanır - şəklində də işlətmək olardı və yenə də budaq cümlələr aktuallaşmış olacaqdı. Nitqin əlavə cümlə ilə ortada kəsilməsi, üzvün aktuallaşdırma məqsədi ilə cümlənin sonuna keçirilməsi, canlı danışıq üslubuna müvafiq şəkildə eyni cümlədə bir neçə xəbərin işlənməsi «Dədə Qorqud»un canlı xalq dilinə bağlılığı əlamətlərindəndir: Sana bu yaradan, qorxma, oğlan, ölüm yoqdur. (39) İmdi, incimə, xanım, əvvəl onun əlin öpdigümizə. (54) ...gördülər ki, bir xatun kişi gəlür. Gəldi içəri Basata; girdi, səlam verdi. ağladı. (99) V fəsil - CÜTTƏRKİBLİ VƏ TƏKTƏRKİBLİ CÜMLƏLƏR Cüttərkibli cümlələr Cüttərkibli cümlələr fikir predmetini və onun hərəkətini, əlamətini ifadə edən sözlər, birləşmələr əsasında qurulmuşdur, təhkiyə və dialoqların aparıcı ifadə vasitəsidir. Ozan təhkiyəsində hər birinin mübtəda və xəbəri olan sadə cüttərkibli cümlələr dastanların dilində normal sintaktik quruluşu əks etdirir; məs.: Məgər bir gün köprisinin yamacında bir bölük oba qonmuş idi. Ol obada bir yaxşı-xub yigit sayru düşmiş idi. Allah əmrilə ol yigit öldi. Nagahandan Dəli Domrul çapar yetdi...(79) Lakin dastanların dilində hər bir sintaktik bütövdəki ardıcıl cümlələrdə mübtəda - xəbər əlaqəsi bu cür qurulmamışdır. Dastan dili üçün ən tipik sadə cümlə forması mübtədasız yarımçıq cümlələrdir. İlk cümlələrdən birində işlənmiş mübtəda sonrakılarda buraxılmışdır; məs.: Dirsə xan dişi əhlinin sözilə ulu toy elədi, hacət dilədi. Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Taş Oğuz bəglərin üstinə yığnaq etdi. Borcluyı borcından qurtardı. Dəpə kibi ət yığdı. Göl kibi qımız sağdırdı...(35) Bu altı cümlədən yalnız birincisində mübtəda (‘Dirsə xan’) işlənmiş, sonrakı cümlələrdə buraxılmışdır. Və hətta əvəzliklə ifadəsinə də ehtiyac duyulmamışdır. Müxtəsər cüttərkibli cümlələr nisbətən azdır, Daha çox geniş cüttərkibli cümlələrdən istifadə edilmişdir; məs.: İç Oğuz, Taş Oğuz bəgləri yığnaq olmuşdu.(104) Dədəm Qorqud gəldi. (104) Buğa acmışdı.(105) Qorqud ata Oğuz elinin müşkilini həll edərdi. (31) Beyrək şülən yeməginin üzərinə gəldi.(64), Baybörə bəgin oğlancuğı Beyrək Baybican bəgin qızın aldı (67) - cümlələrindən əvvəlki üçü müxtəsər, sonrakılar geniş cüttərkibli cümlələrdir. Qrammatik əsası göz önündə olan bu cür normativ cüttərkibli cümlələrlə yanaşı, mübtədası mən, sən, biz, siz sözlərindən ibarət olub şəxs şəkilçiləri ilə asanlıqla dərk olunan, lakin dilimizin iltisaqiliyi əsasında buraxılmış olan cüttərkibli bütöv cümlələrdən dastanların dilində səciyyəvi cümlə növü kimi daha çox istifadə edilmişdir; məs.: Bəglər, tacım-təxtim içün ağlaram.(52) Xan qızı, yerimdən turayınmı? Yaqanla boğazından tutayınmı? (35) Neçün səxtsən, xanım yigit? Gəldigimcə səni şad görərdim. Gülərdin, oynardın. (59) Hey, Dirsə xan, bana qəzəb etmə! İncinib acı sözlər söyləmə! (35) Ağ saqallı mən babanı ağlatmağıl! Qarıcıq olmuş ananı bozlatmağıl! (111) Gəlün varalım, tutalım! (112) Xoşmısız, əsənmisiz, oğullar? (114) Bəglər, xoş qalun! (111) Bu cür cümlələri «təktərkibli müəyyən şəxsli cümlələr» hesab edənlər də vardır. Təktərkibli cümlələrdə olmayan baş üzvü bərpa etmək də olmur. Lakin bu cür cümlələrdə şəxs şəkilçiləri vasitəsilə mən, sən, biz, siz sözləri çox asanlıqla bərpa olunur. Ona görə də bü cür cümlələr cüttərkibli sayılır. Mübtəda üslubi məqsədlə buraxıldığı, mətnə deyil, cümlənin öz xəbərinə görə müəyyən edildiyi üçün bu cür cümlələr yarımçıq da sayılmır, cüttərkibli bütöv cümlə hesab olunur. Ayrı-ayrı boylarda «Kafərin casusı casusladı» (42) «Dədənin anısı anıtdı» (56) «Kafərin izin izlədi» (74) kimi cüttərkibli cümlələrlə yanaşı, mübtədası buraxılmış daxili obyektli «Av avladılar, quş quşladılar», «Quv quvladı, din dinlədi» (33) «Boy boyladı, soy soyladı» (67), «Kəlisasın yıqub, yerinə məscid yapdım, ban banlatdım» (118) kimi cüttərkibli cümlələr də işlənmiş və bə’zi boylarda təkrar edilmişdir. V fəsil - Təktərkibli cümlələr Dastanların sadə cümlə sintaksisi hələ ilkin feodalizm dövründə təktərkibli cümlə növlərinin artıq normativ modellər üzrə ünsiyyətə xidmət etdiyini göstərir. Şəxssiz, qeyri-müəyyən şəxsli cümlələrlə yanaşı, ümumi şəxsli cümlələr, mübtəda qütbü əsasında formalaşan adlıq cümlələr də özünü real cümlə qəlibi kimi təsdiq etmişdir. V fəsil - Şəxssiz cümlə Dastanların dilində şəxssiz cümlənin mənşə e’tibarilə fərqlənən hər iki tipi (36; 184-189) işlənmişdir. Şəxssiz cümlənin ən mühüm və geniş yayılmış tipi sinkretik tipdir. Sinkretik tipdə cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Fikir predmeti (fikir özülü) həmin predmetin əlaməti, hərəkəti, vəziyyəti kimi təzahür edir. Bu cür şəxssiz cümlələr ismi xəbərli olur. Məs.: Yemə-içmə idi.(94) Çobanın üçyaşar tana dərisindən sapanının ayasıydı, üç keçi tüyindən sapanının qollarıydı. Bir keçi tüyindən çatlağucıydı. (48) Birinci cümlə yalnız xəbərdən ibarətdir, müxtəsərdir. Sonrakılar geniş şəxssiz cümlələrdir. Birinci misalda ‘yemə-içmə’, sonrakı misallarda ‘çobanın sapanının ayası’, ‘sapanının qolları’, ‘çatlağucı’ - fikir predmetidir. Lakin fikir predmetini bildirən həmin sözlər və birləşmələr predikativlik əlamətləri (idi, -dı) qəbul edərək cümlənin xəbəri kimi çıxış etmiş, nəticədə şəxssiz cümlə mübtəda ilə xəbərin sintezi şəklində təşəkkül tapmışdır. Şəxssiz cümlələrin bir qismi xəbəri fe’li frazeoloji vahidlərlə ifadə olunanlardır. Bu cür cümlələrdə tarixən mübtəda olmuş, lakin inkişaf prosesində fe’l məcaziləşməklə mübtədanı daxili subyektinə çevirmiş və sözü müstəqil mübtəda kimi çıxış etmə imkanlarından məhrum etmişdir. (36;187). Məs.: Bunlar böylə edicək Baybörə bəgin acığı tutdu. Böylə digəc Əzrayilin acığı tutdı. (80) Bu misallarda ‘Baybörə bəgin acığı’, ‘Əzrayilin acığı’ birləşmələri etimoloji mübtədadır, ‘tutdu’ sözünün məcaziləşməsi ilə onunla birləşərək birlikdə xəbər vəzifəsində işlənmiş, cümlə şəxssiz cümlə kimi formalaşmışdır. V fəsil - Qeyri-müəyyən şəxsli cümlə Təktərkibli cümlənin bu növü dastanların dilində işlənən ən fəal təktərkibli cümlə növüdür. Demək olar ki, hər bir boyun əvvəlində yeni obraz qeyri-müəyyən şəxsli cümlənin köməyi ilə təqdim edilir. Məgər Dirsə xan deyirlərdi, bir bəgün oğlı-qızı yoxdı. (34) Məgər xanım, oğuzda Duxa qoca oğlı Dəli Domrul deyirlərdi, bir ər var idi.(79) Oğuz zamanında Qanlı qoca derlərdi, bir gürbiz ər vardı (85)Adına Qanturalı deirlərdi. (85) Adına Arşun oğlı Dirək Təkur deərlərdi. (94) Ol oğlanın adına Yegnək deərlərdi.(94) və s. İndi bu cür cümlələrdə mürəkkəb cümlə komponenti kimi çıxış edən qeyri-müəyyən şəxsli cümlənin xəbəri (deyirlərdi, deirlərdi, derlərdi, deərlərdi) fe’li sifət şəklində çıxış edir. «Dədə Qorqud» sintaksisində nəzəri cəlb edən ən mühüm sintaktik arxaikləşmə bundan ibarətdir. Qalan hallarda təhkiyə prosesində qeyri-müəyyən şəxsli cümlə modeli yenə məhsuldardır: Gəlübəni qarşuladılar, qara otağa qondurdılar, qara keçə altuma döşədilər, qara qoyun yəxnisindən ökimə götürdilər. (35) Bir yazın, bir küzin buğayla buğranı savaşdırarlardı. (36) «Dirsə xanın oğlı böylə bid’ət işləmiş» deyələr. (37) Baybörənin oğlı vardır, adına Bamsı deyirlər. (53) Vardılar, Bayındır xanın tövləsindən ol eki atı gətürdilər. (55) Mərə, Qavat oğlu qavatlar! Ata tururkən oğıl əlinmi öpərlər? (54) Divandan çıqdı. Atını çəkdilər. (105) Oğlanı gərdəgə qoydılar (112) və s. Baybörə bəg oğlı Bamsı Beyrək mana deərlər. (120) İlək Qoca oğlı Dönəbilməz Dülək Uran mana deərlər (121) - tipli cümlələrdə vasitəli tamamlıq (‘mana’ sözü) məntiqi vurğulu olduğu üçün xəbərin tərəfləri arasında işlənmişdir - xəbər daxili obyektli ‘Bamsı Beyrək deərlər’, ‘İlək Qoca oğlı Dönəbilməz Dülək Uran deərlər’ sözlərindən ibarətdir. Bu cür cümlələri ikimübtədalı cümlə (biri nəzərdə tutulan qeyri-müəyyən şəxslər, biri də xəbərin bir hissəsini təşkil edən xüsusi adlar) hesab etmək doğru deyildir. (bax:36; 108). Dastanların dilində sintaktik bütövlərin bə’zən qeyri-müəyyən şəxsli cümlələrlə ifadə olunduğu hallar vardır: Əgrəgi zindandan çıqardılar. Saçı-saqalını yüldilər. Bir at, bir qılıc verdilər. Üç yüz kafər ana yoldaşlığa verdilər.(118) Bunlar aydın şəkildə göstərir ki, qeyri-müəyyən şəxsli cümlə modeli xalq dilinin ən qədim cümlə modellərindəndir. Bə’zən qeyri-müəyyən şəxsli cümlələrdə qeyri-müəyyənlik mə’nası az olur. Belə cümlələrdə əslində söhbətin kimdən getdiyi mə’lumdur, lakin xəbərin III şəxs cəmdə olması qeyri-müəyyənlik mə’nasını qorumuş olur: Sağın-solun Uruzın çevirdilər. Qırq yigidin şəhid etdilər. Oğlanın üzərinə düşdilər, tutdılar. Qarusından ağ əllərin bağladılar. Qıl orğan ağ boynına taqdılar. Yüzi üzərinə saluban sürdilər. Ağ ətindən qan çıqınca dögdilər. «Baba» deyü ağlatdılar, «ana» deyü bozlatdılar. Əli bağlu, boynı bağlu yüzi üzərinə salıb aldılar, yürüyü verdilər. (71) Şübhəsiz, söhbətin kafərlərdən getdiyi mə’lumdur, lakin qara donlu 16 min kafərin hamısının və ya hansının bu işlə məşğul olduğunu söyləmək də çətindir. V fəsil - Ümumi şəxsli cümlə Baq, baq, mərə dəli qavat. Mənim birligim bilməz...(79) - cümləsində ədatlaşmağa doğru gedən ‘Baq, baq’ sözləri etimoloji cəhətdən cüttərkibli cümlənin subyektinin ümumiləşməsi yolu ilə yaranan ümumi şəxsli cümlədir. Aydır: «Bəli, canım baba, eylə istərəm! Pəs varasan, bir cici-bici türkman qızını alasan, nagahandan tayanım, üzərinə düşəm, qarnı yırtıla?» (85) Necə səxt olmıyam? Hər il altun-aqça gəlürdi, yigidə-bəgə verirdin, xatirləri xoş olurdı (104) - cümlələrində xəbəri xəbər və arzu şəkillərinin II şəxs təki ilə ifadə olunmuş ‘Pəs varasan, bir cici-bici türkman qızını alasan’, ‘yigidə-bəgə verirdin’ cümlələri ümumi şəxslidir. Hazırda ümumi şəxsli cümlələrin bu modeli daha fəaldır. V fəsil - Adlıq cümlə Çox maraqlıdır ki, dastanların dilində, az da olsa, normal adlıq cümlə nümunələrinə rast gəlirik. Bu cümlələrdə də əşyanın, hadisənin adı çəkilir və onun mövcudluğuna işarə edilərək daha başqa mə’lumat verilmir. Məs.: Qanturalı baqdı gördi bu qonduğı yerdə tuğı quşları, turnalar, turaclar, kəkliklər uçarlar. Souq-souq sular, çayırlar-çəmənlər...(90) Hər bir boyun sonunda təkrar olunan «Gəlimli-gedimli dünya, Son ucı ölümlü dünya!» misraları da adlıq cümlə şəklindədir. Bunlar göstərir ki, adlıq cümlələrin formalaşma tarixi dastanların yarandığı dövrdən daha əvvəllərə aiddir və bu dil hər cür poetik fikri ifadə etmə imkanlarına malik olan, quruluş və ifadə tərzinə görə zəngin bir dil kimi təşəkkül tapmışdır. V fəsil - Bütöv cümlə Dastanlarda bütöv cümlələr əksərən yeni sintaktik bütövə, yeni hadisəyə keçilərkən, müxtəlif əşya və hadisələr haqqında ilk dəfə mə’lumat verilərkən işlənmişdir. Məs.: Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. Qazan bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldügi yola getdi və s.(45) Dədə Qorqudun dilindən söylənilən atalar sözləri, məsəllər də əksəriyyət e’tibarilə cüttərkibli bütöv cümlə şəklindədir. Allah-allah deməyincə işlər onməz. Qadir tənri verməyincə ər bayımaz. Əcəl və’də irməyincə kimsə ölməz və s. Bütöv cümlələr cüttərkibli və təktərkibli, müxtəsər və geniş olmaqla, müasir dil strukturuna tam uyğun şəkildədir: Dədə qapuyı açdı. Dəli Qarcar çıqdı.(57) Yüzi-gözi bəlürməz. (57) Dözən oğlı Alp Rüstəm mana deərlər.(121) - cümlələrindən əvvəlki üçü cüttərkibli, sonuncusu təktərkiblidir. Aradakı cümlələr müxtəsər, əvvəldə və sonda olanlar geniş bütöv cümlələrdir. V fəsil - Yarımçıq cümlə Yarımçıq cümlələrin böyük bir qismi mübtədanın buraxılması əsasında yaranmışdır. Fikir predmeti ilə tanışlıqdan sonra əksərən III şəxsdə mübtəda buraxılmış, cümlələr yarımçıq cümlə kimi formalaşmışdır; məs.: Dərsə xanın xatunı qayıtdı, gerü döndi. Qatlanmadı, qırq incə qızı boyına aldı. Bədəvi ata binüb oğlancuğın istəyü getdi. Qışda-yazda qarı-buzı ərinməyən Qazılıq tağına gəldi çıqdı. Alçaqdan yuca yerlərə çapub çıqdı. Baqsa görsə bir dərənin içinə qarğa-quzğun enər-çıqar, qonar-qalqar. Bədəvi atın öncələdi, ol tərəfə yüridi. (38) Yeddi cümlədən ibarət olan bu sintaktik bütövün ilk cümləsində işlənmiş ‘Dərsə xanın xatunı’ mübtədası sonrakı cümlələrdə işlənmədiyi üçün cümlələrin hamısı mübtədası buraxılmış yarımçıq cümlələr kimi formalaşmışdır. Yalnız sonuncudan əvvəlinci cümlə mürəkkəb quruluşludur və onun budaq cümləsinin mübtədası vardır. Dastanlarda təhkiyə əksərən vasitəsiz nitq şəklində qurulmuşdur. Bunları asanlıqla dialoji nitqə çevirmək mümkündür. «Dədə Qorqud» mətnləri çox sıxdır, informasiya yükü son dərəcə zəngindir. Bir sintaktik bütövdən yeni informasiya vermək üçün o birinə keçid sərrast və səlisdir. Bu cəhətdən «Dədə Qorqud» üslubundan çox şey öyrənmək olar. Mübtədadan sonra nəzərə çarpan buraxılma daha çox tamamlığa aiddir. Tamamlıq mə’lum olanı ifadə etdikdə buraxılmış olur: Mərə, Beyrəgin yayı vardır, gətürin!-dedi. Vardılar, gətürdilər. (63) Oğlan qılıcın çıqardı. Qızla kəndü arasına bıraqdı. (112) Böylə oğıl nənə gərək? Öldürsənə! - dedilər. (37) Bu misallardan birincisində mübtəda (‘Beyrəgin yayı’) əsasında təsəvvür edilən tamamlıq (‘Beyrəgin yayını’) həm tabesiz mürəkkəb cümlənin ikinci komponentində, həm də ikinci cümlədə buraxılmışdır. İkinci misalın ikinci cümləsində ‘qılıcın’, son cümlədə ‘onu’ (‘oğulu’) tamamlığı buraxılmışdır. Bə’zən mübtəda və tamamlıq mə’lum olanı bildirməklə birlikdə buraxılmışdır: Vardılar, kömləgi Banıçiçəgə ilətdilər. Gördi, tanıdı.(58) - cümlələrindən ikincisində ‘Banıçiçək’ mübtədasının və ‘kömləgi’ tamamlığının işlənməsinə ehtiyac olmamışdır. İkinci dərəcəli üzvlərdən tamamlıq və zərfliyin birgə buraxıldığı hallar da vardır: «Dədə, qız qardaşımın yoluna bən nə istərsəm, verərmisin? «Verəlim»-dedi. (56) Bu misalın ikinci cümləsində ‘qız qardaşımın yoluna’ məqsəd zərfliyi, ‘istədigini’ tamamlığı birlikdə buraxılmışdır. Təkur aydır: «Bu yigidi anadan toğma soyun»! Soydular (87) - cümlələrindən ikincisində tərz zərfliyi və tamamlıq öz tə’yini ilə buraxılmışdır. Dastanlarda elliptik cümlə modellərindən də istifadə edilmişdir: Baba malından nə faidə. başda dövlət olmasa (31) - cümləsində ‘Baba malından nə faidə’ komponentində ‘vardır’ sözü buraxılmışdır; Muştluq! Gözün aydın! Oğullarun ikisi bilə sağ-əsən gəldi,-dedilər. (115) Qara başın sədəqəsi, yigit, mədəd mana! (53) Mədəd, Dədə! Kərəm eylə, allah eşqinə! (57) Bu yağının bir ucın mana, bir ucın sana (vergil!) - nümunələrində ‘Muştuluq (ver)’, ‘Gözün aydın (olsun)’, ‘mədəd (eylə) mana’, ‘Mədəd (göstər)’, ...bir ucun mana (vergil) - cümlələri xəbərin elliptik buraxılması əsasında qurulmuşdur. Uzlaşma-idarə əlaqəli birləşmələrin birinci tərəfinin ixtisarı dastanların dili üçün ən səciyyəvi buraxılma hesab oluna bilər: Aslanın alnın gözədüb bir yumruq eylə urdı kim, yumruq çənəsinə toqundı, ovatdı. Sügsünindən tutdı, belini üzdi. (89) - cümləsində ‘aslanın alnın’ birləşməsi işləndikdən sonra ‘aslanın’ sözü ‘çənəsinə’, ‘sügsünindən’, ‘belini’ komponentləri ilə təkrar edilməmişdir. Bu cür buraxılma müasir dilimizdə də geniş yayılmışdır. Lakin dastanların dilində birləşmə komponentlərinin elə buraxılma növləri də var ki, onlar yalnız müasir canlı danışıq dilində qalmışdır. «Buğac xan boyı»ndan aşağıdakı misralara baxaq: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər; Bənim də içində binədim var. Qaytabanda qızıl dəvə sənin gedər, Mənim də içində yüklətim var. (41) Birinci misrada ‘sənin gedər’ baş cümləsində ‘sənin’ sözü yiyəlik haldadır və onun mənsubiyyət şəkilçili ikinci tərəfi ixtisar edilmişdir: ‘sənin atların gedər’. Başqa hallarda qayda üzrə mənsubiyyət şəkilçili ikinci tərəf saxlanılır və ixtisar edilmiş birinci tərəf - sahib şəxs mənsubiyyət şəkilçisi vasitəsilə təsəvvür olunur. Lakin burada vəziyyət əksinədir - ikinci tərəf ixtisar edilmişdir və yiyəlik hal şəkilçili birinci tərəf mətnə əsasən mənsub əşyanı da özündə ehtiva edir. İkinci misrada təbii şəkildə ‘atların içində’ birləşməsinin birinci tərəfi ixtisar edilmişdir. Üçüncü misrada fikrin ifadəsi üçün cümlə daha çox sıxılmış, həm mə’lum ‘gedərsə’ sözü, həm də baş cümlədə birləşmənin ikinci komponenti ixtisar edilmişdir. Cümlə bütöv halda belə olmalı idi: ‘Qaytabanda qızıl dəvə gedərsə, sənin dəvələrin gedər’. Dördüncü misrada ixtisar ikinci misradakı ilə eynidir. Bu cür sıxılma hazırkı dövrdə canlı danışıq dili üçün xarakterikdir. V fəsil - Üzvlənməyən cümlələr Dastanların dilində üzvlənməyən cümlənin söz-cümlə tipi tamamilə müasir strukturda özünü göstərir. Məs.: Dəlü Qarcar... Dədə Qorqudun yüzinə baqdı. Aydar: «Əleykəs-səlam!» (56) Qız aydır: «Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!» - dedi. Beyrək dəxi: «Nola, xanım, baş üzərinə!» - dedi. (55) Bu misallarda ‘Əleykəs-səlam!’, ‘Baş üzərinə’ ifadələri söz-cümlələrdir. ‘Əleykəs-səlam’ ifadəsinin söz-cümlə olduğunu göstərən bir cəhət də onun üzvlənən «Nola?» («Nə olar» mə’nasında) cümləsi ilə birgə işlənsə də, nisbətən fərqli mə’na ifadə etməsidir. Söz-cümlələr bə’zən xitabla birgə işlənmişdir: Oğıl, ya səni evərmaxmı gərək? - Bəli, bəs ağsaqallu əziz baba. Evərmax gərək! - dedi. (55) «Oğıl, məgər sən istədigin qız Baybican bəg qızı Banıçiçək ola?!» - dedi. Beyrək aydır: «Bəli, pəs, əvət, ağ saqallu əziz baba...» (55) - cümlələrində ‘bəli, bəs ağsaqqallu əziz baba’, ‘bəli, pəs, əvət, ağ saqallu əziz baba’ xitabla birgə işlənmiş söz-cümlələrdir. Dastanların dilində üzvlənməyən cümlənin vokativ tipinə də təsadüf edilir: «Oğul, oğul!» - deyübən yügirdi, zarlıq qıldı (57) - cümləsində ‘oğul’ sözləri adi xitab kimi yalnız müraciət bildirmir, bir sıra əlavə mə’nalar da ifadə edərək vokativ cümlə kimi çıxış edir. V fəsil - Xitab «Kitabi-Dədə Qorqud»un dilində bədii xitabların rolu misilsizdir. Əgər müraciət vasitəsi kimi işlənmiş söz və ifadələri, misraları boylardan çıxarsaq, «Kitab» öz bədii-estetik keyfiyyətini xeyli itirmiş olar. Dastan şe’rləri əksəriyyət e’tibarilə xitablardan ibarətdir. Çox zaman danışanın münasibəti cüttərkibli və ya təktərkibli cümlələrlə deyil, xitablarla ifadə olunmuşdur: Qaranqu axşam olanda güni toğan! Qar ilə yağmur yağanda ər kibi turan! Qaraquc atları kişnəşdirən! Qızıl dəvə gördügində bozlaşdıran! Ağca qoyun gördügində quyruq çırpub qamçılayan! Arqasını urub bərk ağılın ardın sökən! Qarma-bügəc simüzin alub tutan! Qanlu quyruq üzüb çap-çap yudan! Avazı qaba köpəklərə qovğa salan! Çaqmaqluca çobanları dünlə yügürdən! Ordumın xəbərin bilürmisin, degil mana, Qara başım qurban olsun, qurdım, sana! - dedi. (45) Göründüyü kimi, son iki misranı çıxmaq şərtilə bu parça bütövlükdə xitablardan ibarətdir və qurdun səciyyəvi sifətləri yalnız xitablar vasitəsilə təsvir edilmişdir. Boylarda bir adət şəklində qadın öz ərinə aşağıdakı sözlərlə müraciət edir, onu bu sözlərlə əzizləyir: Bərü gəlgil, başım bəxti, evim təxti! Xan babamın göygisi! Qadın anamın sevgisi! Atam-anam verdigi, Göz açuban gördigim, Könül verib sevdigim a Dirsə xan! Qalqubanı yerindən urı turdın... (38) Oğulun anasına müraciətində də eyni səmimiyyət, eyni məhəbbət vardır: Bərü gəlgil, ağ südin əmdigim qadunım ana! Ağ birçəklü, izzətlü, canım ana! (39) Düşmənə nifrət ifadə edən xitablar da eyni dərəcədə sərt və təhqiramizdir: Arqırı söyləmə, mərə itüm kafər! İtüm ilə bir yalaqda yundum içən azğun kafər! (43) Tə’yinsiz müxtəsər xitablar adətən cümlənin sonunda, bə’zən daxilində işlənmişdir: Ölmüşmiydin, yitmişmiydin, a Qazan! Qanda gəzərdin, nerədəydin, a Qazan? (45) Diqqəti cəlb etmək üçün müraciəti müraciət bildirən sözün təkrarı ilə başlamaq «Dədə Qorqud» obrazlarının təbii nitq xüsusiyyətlərindəndir: Oğul, oğul, ay oğul! Bilürmisən nələr oldı? (47) Başqa tə’yinedicilərə ehtiyac olmadıqda ‘mərə’ (bə’zən də ‘bərə’,43) sözündən və ya bu sözlə birlikdə müraciət edilənin adından istifadə edilmişdir: Kafər aydır: «Mərə, varın Qazanın oğlı Uruzı tartun çəngələ asun».(46) Mərə Şökli Məlik! Dünlügi altun ban evlərimi gətürüb durursan, sana kölgə olsun! (48) Özlüyündə müraciət bildirən, ədə, a gədə mə’nasını ifadə edən ‘mərə’ sözünün mənşəyini müəyyən etmək çətindir, şivələrdə də izləri müşahidə edilmir. Yalnız şe’rdə deyil, nəsr parçalarında da obrazlar öz həyəcan və iztirablarını bir çox hallarda xitabların gücü ilə ifadə edirlər. Yalançı oğlu bəd xəbər gətirdikdə Banıçiçək belə şivən qoparır: Vay, al duvağım iyəsi! Vay, alnum-başım umurı! Vay, şah yigidim, vay, şahbaz yigidim! Toyınca yüzinə baqmadığım xanım yigit! Qanda getdin bəni yalnuz qoyıb, xanım yigit!? Göz açuban gördigim, könül ilə sevdigim, bir yasdıqda baş qoduğım! Yolında öldügim! Qurban olduğım! Vay, Qazan bəgin inağı! Vay, Qalın Oğuzın imrəncisi Beyrək! (58) Bunlar canlı danışıq dili baxımından çox təbiidir. Hətta bə’zən o qədər təbiidir ki, elə bil, usta sənətkar qələmi ilə yazılmayıb, şivən qoparan bir qadının iztirab dolu hay-harayı lentə alınıb. Bu cür təbiilik aşağıdakı cümlələrdə də aydın duyulur: Dəli Qarcar... Dədə Qorqudun yüzinə baqdı. Aydar: Əlekəs-səlam! A əməl azmış, fe’li dönmiş, qadir allah ağ alnına qada yazmış! Sana noldı? Əməlinmi azdı? (56) Qarıcıq anam qarşu gəlsə, məni sana sorsa, baba, toğrı xəbər vergil! (75) və s Faktlar göstərir ki, «Dədə Qorqud»un dili üçün geniş xitablar daha səciyyəvidir və bu cür xitablar əksərən substantiv fe’li sifət tərkibləri ilə ifadə olunduğu üçün emosionallıq baxımından da güclüdür. Dastanların dilində eyni obyektə müxtəlif sözlərlə müraciət halları da emosionallığa xidmət edir. Fikrimizcə, «Oğul çoban, qanda gedərsən?»(46) cümləsində ‘oğul’ sözündən sonra vergül olmalıdır (səh.57-də olduğu kimi). V fəsil - Ara sözlər və ara cümlələr Təbii ki, «Dədə Qorqud»un dilində hər bir cümlədə namə’lum ozanın və obrazların söylədiyi fikrə münasibət də vardır. Lakin bunlarla yanaşı, bə’zən modal münasibətin qabarıq ifadəsi üçün ara sözlərdən də istifadə edilmişdir. Həm də hiss olunur ki, ara sözlər o sözlərlə ifadə olunur ki, onlar tədricən modallaşmaqda, modal söz keyfiyyəti qazanmaqdadır, lakin hələ öz həqiqi mə’nasını o qədər də itirməyib; məs.: Sanasan kim, tar yolda tolu düşdi (71) - cümləsində ‘sanasan kim’ sözləri ‘elə bil ki’ mə’nasını verməklə yanaşı, ‘sanmaq’ fe’linin ilkin mə’nasını da tam itirməmişdir. Yarumasın-yarçımasun, Evnik qəl’əsinin kafərləri bunları casusladı. (53) Dan-danışux, kafər malın Oğuz bəglərinə gətürür idik.(53) Qara başın sədəqəsi, yigit, mədəd mana! (53) Dedi, görəlim, nə istərsən? (56) Görəyim, dedigimi gətürdilərmi? (57) Böylə digəc, yarumasın, yarçımasun, Yalançı oğlı Yırtacuq aydır...(58) İkisindən biri, bolay ki, canın verə...(81) Bunın kibi yigit, heyf ola ki, canvərlər əlində həlak ola.(87) Oldur, Sarı tonlu Selcan xatun köşkdən baqar.(88) Elə sandı kim, yağı basıldı.(91) Əlbətdə və əlbətdə, Qazan bəg mana yetişsün! (107) Əlhasili, ordı bunın ucından qatı incindilər.(99) Əlaqibət, uzın yaşın ucı ölüm, axırı ayrılıq (126) və s. kimi cümlələrdə yarumasın-yarçımasun, dan-danışux, qara başın sədəqəsi, görəlim, görəyim, bolay ki, heyf ola ki, oldur, elə sandı kim, əlbətdə və əlbətdə ara sözləri nifrət, təəssüf, güman, yəqinlik, nəticə, əzizləmə, işarəetmə və s. kimi mə’nalar ifadə edir və artıq «Dədə Qorqud» mərhələsində ara konstruksiyaların lazımi şəkildə formalaşmış olduğunu göstərir. Bunlardan bir qismi (bolay ki...) «Dədə Qorqud»un dilini daha qədimlərlə bağlayır, bir qismi (əlhasili tiplilər) sonrakı dövr alınmalarına işarə edir. Ola kim, bir ağzı dualının alqışıilə Tənri bizə bir yetman oğul verə. (35) Gəlün oğlanı babasına quvlıyalum. Ola kim, öldürə... (36) Görürmisin, Dirsə xan, nələr oldı? (36) Çağıruban oğlancığına soylar, görəlim, xanım, nə soylar (39) - cümlələrində ‘ola kim’, ‘gəlün’, ‘görürmisin’, ‘görəlim’ sözləri ehtimal bildirən, diqqəti cəlb etmə məqamlarında işlənən ara sözlərdir. Dastanlarda üzvlənən cümlə ilə birlikdə işlənmiş və eyni fikri təsdiq edən ‘bəli’ sözünü də ara söz kimi qeyd etmək olar: Bəli, xan Qazan, məsləhətdir.(42) Bəli, ağam Qazan, gecədən bir quzı bişürüb dururam. (46) Bunlardan əlavə, Oğul, oğul, ay oğul! Bilürsənmi, nələr oldı? (47) Bilürmisin, qarındaşım Qaragünə, düşimdə nə göründi? (44) - cümlələrində ‘bilürsənmi’ sözü də modallaşmaqda olan leksik vahidlərdəndir. Sözün bu cür işlənməsi danışanın diqqətini cəlb etmək məqsədi daşıyır. Böylə digəc, qız - Beyrəki aşıqlamışdı,- aydar...(59) Baybican bəg aydır: «Bəglər, allah-təala mana bir qız verəcək olursa, siz tanıq olın, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavuqlı olsun!» - dedi.(52) Beyrək aydır: «Mərə dadı, mən avçı degiləm, bəg oğlı bəgəm həp sizə,-dedi, əmma sormaq eyib olmasun, bu otaq kimündir?» Nə biləyin, oğul, bu qəzalar sana nerədən gəldi? (39) Bu gələn, bilmiş olun, yağıdır (69) - nümunələri göstərir ki, dastanların dilində ara sözlərlə yanaşı, ‘Beyrəgi aşıqlamışdı’, ‘siz tanıq olun’, ‘sormaq eyib olmasun’, ‘nə biləyin’, ‘bilmiş olun’- kimi tipik ara cümlələr də işlənmişdir. Dastanların nəsr ən’ənəsi sübut edir ki, bu dil artıq hər cəhətdən tam cilalanmış bir dildir və müasir normalara müvafiq ara cümlə modelləri dastanlar qələmə alınmazdan çox-çox əvvəllər formalaşmışdır. V fəsil - Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr Tabesiz mürəkkəb cümlələr «Kitabi-Dədə Qorqud»un dilində mürəkkəb cümlənin struktur modelləri müasir ədəbi dilimizdə mövcud olan mürəkkəb cümlə modellərinin özülündə durur. Bu cəhət həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrə aiddir. Xalq danışıq dilinə əsaslandığından sonrakı dövrlərdə meydana çıxan, ərəb və fars dillərinin tə’siri ilə artıb-çoxalan bağlayıcılar dastanların dilində özünə hələ o qədər də yer edə bilməmişdir. Ona görə də tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bağlanmış, az hallarda nə - nə, dəxi və əmma bağlayıcılarından istifadə edilmişdir; məs.: Anun kibinin, xanım, bəbəkləri bitməsün, ocağına buncılayın övrət gəlməsün. (33) Oğlı-qızı olmıyanı allah-təala qarğayıbdır, biz dəxi qarğarız. (34) Əmma bizim bir bəgimiz oğlı vardır, bu üç nəsnəyi ana ərməğan aparsavuz gərək idi. (53) Nə oğlan yenər, nə buğa yenər. (36) Oğul, baban sağdır, əmma söyləməyə qorxudum, kafərə varasan, kəndözini urasan, halak olasan. (119) Müasir ədəbi dilimizdə tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında müəyyən edilmiş mə’na əlaqələri «Dədə Qorqud»un dilində də eyni qrammatik semantikaya malik olmuşdur. Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrin bu qrupu sadalama üsulu ilə qurulmuşdur. Tərkib hissələrdə müxtəlif iş və hadisələr qeyd olunmuş, həmin iş və hadisələrin ya eyni zamanda, yaxud da müəyyən ardıcıllıqla icra edildiyi (və ya edilmədiyi) ifadə olunmuşdur. Ona görə də birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrin eynizamanlı və ardıcılzamanlı birləşdirmə kimi iki növü dastanların dilində də özünü göstərir. 1.Eynizamanlı birləşdirmə. Birləşdirmə əlaqəsinin bu növünə dastanların dilində daha çox rast gəlmək olur. Tərkib hissələrdə sadalanan hadisələr eyni zaman ölçüsü ilə hüdudlanmış olur, vahid zaman ərzində baş verir. Zaman ölçüsü konkret də ola bilir, son dərəcə ümumi də; məs.: Ölən adam dirilməz, çıxan can gerü gəlməz. (31) Baybörənin oğlı vardır, adına Bamsı deyirlər. (53) ...oğlı olan evərimiş, qızı olan köçürmiş. (55) Yandı bağrım, göynədi içim. (61) Qara bağrı sarsıldı, düm yürəgi oynadı, qara qıyma gözləri qan-yaş toldı. (72) Müasir ədəbi dilimizdə olduğu kimi, bir sıra cümlələrdə tərkib hissələrə aid ortaqlı zaman zərflikləri vardır və həmin zərfliklər tərkib hissələrdə qeyd olunan hadisələrin eyni bir zaman üzrə birləşmiş olduğunu daha aydın göstərir; məs.: Böylə digəc Qaracıq çobanın acığı tutdı, todaqları təbsirdi. (49) Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. (52) Yegnək bu xəbəri eşidcək yürəgi oynadı, qara bağrı sarsıldı. (94) Bə’zi cümlələrdə tərkib hissələrə aid ortaqlı yer zərfliyinin olmasına baxmayaraq, komponentlər yenə də zaman eyniliyi üzrə birləşmişdir: Dərələrdə, təpələrdə kafərə qırğun girdi, leşinə quzğun uşdi. (50) Mənim köprim yanında bu qovğa nədir, niyə şivən edirsiz? (79) Cümlələrin tərkib hissələrini əlaqələndirmək üçün hazırda istifadə etdiyimiz bir üsuldan - birləşmənin təkrar olunan komponentinin ixtisarı üsulundan dastanların dilində də geniş istifadə edilmiş, tabesiz mürəkkəb cümlənin birinci komponentində bütöv şəkildə işlənmiş söz birləşməsinin təkrar olunan birinci komponenti sonrakı tərkib hissələrdə buraxılmışdır: Məgər xanım, Bayındır xanın bir buğası vardı, bir daxi buğrası vardı. (36) Dəli Domrulun görər gözi görməz oldı, tutar əlləri tutmaz oldı. (79) Ol üç canvərin biri qağan aslandı, biri qara buğaydı, biri dəxi qara buğra idi. Bu yağının bir ucın mana, bir ucın sana. (92) Əlaqibət, uzun yaşın ucı ölüm, axırı ayrılıq. (126) Komponentlərin xəbərlərinin struktur baxımdan eyniliyi və hətta eyni sözlərlə ifadəsi də tərkib hissələri əlaqələndirən vasitə kimi çıxış edir: Ağam Qazan, sən evin almağa gedərsən, mən dəxi qarındaşım qanın almağa gedərəm. (46) Oğulda ortacım yoq, qartaşda qədərim yoq. (52) Sağdan gedəni sağ alur, soldan gedəni sol alur. (64) Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı dəgə. (64) Bu cür cümlələrin bir qismində təkrar olunan üzv cümlənin birinci komponentdə ya bütöv şəkildə buraxılmış, yaxud da bir hissəsi ixtisar edilmişdir: Ayağım başmaq, yüzim yaşmaq görmədi. (33) At ayağı külük, ozan dili çevik olur.(36) Bəg nökərindən, nökər bəgindən ayrıldı. (50) Kimi «oğul» deyü, kimi «qartaş» deyü ağladı. (79) Əski tonın biti, öksiz oğlanın dili acı olur. (111) Zaman üzrə birləşən cümlələrin bir qismi tərkib hissələrin paralelizmi əsasında qurulmuşdur: İyəgülü ulalur, qapırğalı böyür. (36) Adını bən verdüm, yaşını allah versün. Bir sıra cümlələrdə xəbərin və ya xəbərlik şəkilçisinin ixtisarı da tərkib hissələri əlaqələndirən vasitə kimi çıxış edir: Əzrayili nə çavuş gördi, nə qapuçı. Qonşu həqqi - tənri həqqi. (33) Ana həqqi - tənri həqqi. (47) Dünya şirin, can əziz. (81) Tərkib hissələrin xəbərləri əksəriyyət e’tibarilə eyni zamanda, eyni fe’l formasındadır: Qapuçılar səni görmədi, Çavuşlar səni tuymadı. (79) Borı çalındı, kos uruldı. (126) Yağı basıldı, düşmən sındı. (92) Gərdək paralanmış, naib şəhid olmuş. (57) Oğul, sana ox batmasun, tənüni qılıc kəsməsün. (99) Sadalama üsulu ilə qurulduğu üçün zaman eyniliyi üzrə birləşən tabesiz mürəkkəb cümlələrin tərkib hissələrinin ikidən artıq olduğu hallar da vardır; məs.: Yer kibi kərtləyin, topraq kibi savrılayın! (55) Anası oğlanın böylə digəc Qazanın əqli başından getdi, qara bağrı sarsıldı, düm yürəgi oynadı, qarannulı gözləri qan-yaş toldı. (74) 2.Ardıcılzamanlı birləşdirmə. Birləşdirmə əlaqəsinin bu növündə sadalama üsulu ilə birləşdirilmiş tərkib hissələrdəki iş və hadisələr zaman ardıcıllığının nəzərə alınması ilə yerləşdirilmişdir.Tərkib hissələrin xəbərləri əksəriyyət e’tibarilə fe’li xəbərdən ibarətdir və eyni zaman şəkilçiləri ilə formalaşmışdır; məs.: Tan ötdi, gün toğdı. (57) Əcəl aldı, yer gizlədi. (78) Ala qalı döşədilər, oturdı. (87) Qaçub gedərkən Aruz qocanın oğlancığı düşmiş, bir aslan bulup götürmiş, bəsləmiş. (98) Bu yığnaq yarıldı, içindən bir oğlan çıqdı. (99) Ol dəxi paralandı, bir parəsi Dəpəgözin öginə düşdi. (101) Tərkib hissələrin xəbərləri xəbər forması ilə yanaşı, əmr formasında da işlənmişdir: Sən mənim əlümi sağaldı gör, tənrinin buyruğilə, peyğəmbərin qövlilə qız qarındaşı Beyrəgə verəyim. (56) Mərə, geyimim gətiürün, oğlum geysün! (107) Aqan turı sulardan xəbər keçə, arqurı yatan Ala tağdan xəbər aşa, xanlar xanı Bayındıra xəbər vara. (37) Son cümlədə mübtədanın (xəbər sözü) təkrarı danışanın həyəcan və düşüncələrini daha qabarıq ifadə edir. Müasir nəsrdə mübtəda yalnız dərin duyğulu yazıçıların dilində bu cür təkrar olunur. Xəbərlərin müxtəlif fe’l formalarında olduğu, birinin adlar, digərinin fe’llərlə ifadə edildiyi hallar da vardır: Bu gün bən geydim, yarın naibim geysün. (57) Çoban, yil təmam olıcaq məndə əmanətin var, gəl, al! (98) Emdi mən varayım, əlin-ayağın bağlıyayım, andan siz gələsiz. (113) Bu cür cümlələrdə bu gün - yarın, emdi - andan qoşaları da əlaqənin ardıcıllığını tə’min edən vasitələr kimi çıxış edir. Sadalama yolu ilə tələffüz edilsə də, ardıcılzamanlı birləşdirmə əksərən iki, az hallarda üç komponentlidir; məs.: Bir bölük atlu gəldi, içində bəgləri yatdı-uyıdı. (116) Məgər xanım, Qazanın bir oğlancığı vardı, böyüdi, yigitcik oldı. (119) Atın çəkdilər, bindi. (124) Beyrəgi istəmiş, ol dəxi varmış. (125) Ərə varan yerindən tura, bən qopuz çalam, qol saluban oynaya. (64) Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr birinci tərkib hissəsi səbəb, ikincisi nəticə bildirməklə iki komponentdən ibarət olur. Nəticə bildirən ikinci komponent əvvəlkinə mə’na və intonasiya ilə bağlanır, birinci komponentdən doğan obyektiv nəticəni bildirir. Bu xüsusiyyət eyni dərəcədə «Dədə Qorqud» dilinin sintaksisinə də aiddir. Komponentlər intonasiya ilə əlaqələnmişdir: Buğanın ögindən savıldı, buğa buynuzı üzərinə dikəldi. (88) Bir dəxi urdı, dəvə ayağı üzərinə turımadı, yıqıldı.(90) Gözinin qapağın oxşamışlar, yüzini qan bürimiş. (91) Bəslədilər, böyüdü, gəzər oldı. (99) Dört oğlı olan birin verdi, üçi qaldı.(99) Sügiligi ocağa bıraqdılar, qızdı. (101) Görklüm, atdan düşdüm, ayağım sındı. (106) Qazanı küçicik ölüm tutdı, uyıdı. (116) Səbəb-nəticə əlaqəli cümlələrin xəbərləri əksərən eyni qrammatik formadadır: Üçüncidə kəndüyə zərb eylədi, qanı toldı. Sıqdı, südlə qan qarışıq gəldi. (39) Boyı uzun Burla bunı eşitdi, yürəgilə canına odlar düşdi. (46) At işlər, ər ögünər. (57) Məgər xanım, Boyı uzun Burla xatun oğlancuğını andı, qərarı qalmadı. (76) Ol üzümi sıqırlar, al şərabı olur. (80) Küfr söz söylədim, Həq təalaya xoş gəlmədi.(81) Bir bəgüm görünməz, bağrvm yanar. (81) Gög üzərində al qanatlu Əzrayilə Əmr elədi, uçub gəldi, Aqca mənim köksüm basub qondı. (81) Qanlı qoca bu başları və bu canvərləri gördi, başında olan bit ayağına dərildi. (85) Bunlardan əlavə, tərkib hissələrin xəbərləri aşağıdakı formalarda da özünü göstərir: Xəbər formasının müxtəlif zamanlarında: Qarşu yatan qarlı qara tağlar Qarıyıbdur, otı bitməz. Şahbaz-şahbaz atlar Qarıyıbdur, qulun verməz.(49) Hər ikisi əmr formasında: Ava bingil, könlün açılsun. (105) Həmişə Qazanın başına bunlu gəlsün, tayısı Aruzı daim ana tursın. (123) Birincisi xəbər, o biri əmr formasında: Bir buğa öldirmüş sənin oğlın, adı Buğac olsun. (36) Sən oğlını «Bamsam» deyü oxşarsan; bunın adı Boz ayğırlıq Bamsı Beyrək olsun! (54) Dastanların dili üçün tərkib hissələrinin xəbərlərindən biri ismi, digəri fe’li olan tabesiz mürəkkəb cümlələr də səciyyəvidir; məs.: Mərə qavat qızı, ağam başına and içmişəm, dönməgim yox! (112) Ölülərinizdə andan yorqa yoqdır, həp ana binərəm. (117) Bunun oğlı var, qardaşı var, bunı öldürmək olmaz. (119) Sən qarındaşısan, sən var. (125) Məndən əziz, məndən sögülü anandır, oğul, anana var! (82) Yauqlısı vardı, tez dügün-diring etdilər. (112) Bu at Bəkilindir, biz qaçırıq. (107) Bu cür cümlələr nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrə çox yaxındır. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlələrin bu növünün dastanların dilində müşahidə olunan tipi yalnız sintez-analiz üsulu ilə qurulmuşdur - ümumilik bildirən komponent əvvəl, aydınlaşdıran komponent sonra işlənmişdir; məs.: Toquz tümən Gürcüstanın xəracı gəldi: bir at, bir qılıc, bir çomaq gətürdilər. (104) Aydınlaşdıran komponent bir sadə cümləyə uyğun gəldiyi kimi, həmcins və ya paralel də olur: Kafər Qazanın gəldügin gördi, ürkdi: kim atın binər, kim cövşən geyər. (74) Oğuzda dört yigit niqabla gəzərdi: biri Qanturalı, biri Qara çəkür və oğlı Qırqqınuq və Boz ayğırlu Beyrək. (87) Çoq çalışdılar: nə buğa yenər, nə Qanturalı yenər. (88) Anda eki qılıc var: biri qınlu, biri qınsuz. (102) Aruz qayət səxt oldı, Taş Oğuz bəglərinə adam saldı: Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü qalan bəglər həb gəlsün! (124) Dastanların dilində ümumilik bildirən tərkib hissənin həmcinsliyinə də təsadüf edilir: Ərş tanığ olsun, kürsi tanığ olsun, Yer tanığ olsun, gög tanığ olsun - Mənim canım sənin canına qurban olsun! (83) - cümləsində son komponent aydınlaşdıran, əvvəlkilər ümumilik bildirən həmcins komponentlərdir. Aydınlaşdırma əlaqəsində tərəflər yalnız intonasiya ilə əlaqələnmişdir; məs.: Sağım ələ baxduğımda Qartaşım Qaragünəyi gördim - Baş kəsibdür, qan dökipdir. (69) Solum ələ baqduğımda Tayım Uruzı gördim - Baş kəsübdir, qan dökipdir. (69) Oğuzın ol kişi təmam bilicisiydi - nə diyərsə, olurdı. (31) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlənin bu növü də semantik strukturuna görə müasir modellərindən fərqlənmir: ya tərkib hissələrdəki iş və hadisələr mahiyyətcə bir-biri ilə ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir; məs.: Oğlanın anası əmcəgin bir sıqdı, südi gəlmədi. İki sıqdı, südi gəlmədi. (39) Sarp qayalar oynanmadı, yer oyruldı. (40) Birinə yapışdıq, qırq yerdən avaz gəldi. (46) Məni sana asarlar, götürməgil, ağac. (48) Qarşu yatan qara tağın yıqılubdır, Ozan, sənin xəbərin yoq. Kölgəlicə qara ağacın kəsilibdür, Ozan, sənin xəbərin yoq. (62) Tabesiz mürəkkəb cümlələrin bu növünün tərkib hissələrini əlaqələndirən əsas vasitələr intonasiya və antonim sözlərdir: Bazırganın ulusı tutuldı, kiçisi qaçaraq Oğuza gəldi. (53) Dəvəcə böyümişsən, köşəkcə əqlin yoq. Dəvəcə böyümişsən, qarıca beynin yoq. (69) Mərə, Əzrayil, mən səni gen yerdə istərdim, tar yerdə eyü əlümə girdin olamı? (80) Sən gəlürsən, bir bəbəgüm görünməz. (91) Mən aşağa qulpa yapışuram, sən yuqarı qulpa yapışursan. (92) Gödəsi adam, dəpəsində bir gözi var. (99) Az hallarda tərkib hissələri əlaqələndirmək üçün’yoxsa’ bağlayıcısından istifadə edilmişdir: Hünəri oğul atadanmı görər, ögrənər, yoxsa atalar oğuldanmı ögrənür? (69) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində komponentlər ziddiyyətə görə əlaqələnmişdir: birinci komponentdə icrasına meyl edilən iş ikinci komponentdə qeyd edilən hadisə ilə əlaqədar reallaşmamış qalır və ziddiyyət yaranır; məs.: Ağ saqallu baban yanına vardın, can vermədi. Ağ birçəklü anan yanına vardın, can vermədi. (82) Ox atdılar, batmadı. Qılıc urdılar, kəsmədi. Sügüylə sancdılar, ilmədi. (99) At, yaraq və işıq Bəkilin, Bəkil içində degil. (107) Tabesiz mürəkkəb cümlənin bu növündə komponentlərin qarşılaşdırılması, müqayisə edilməsi və fərqləndirilməsi yolu ilə əlaqəsi daha çox müşahidə olunur. Bu zaman komponentlərdə müxtəlif üzvlər qarşılaşdırılmış olur: Mübtədalar və xəbərlər qarşılaşdırılır: Mərə sası dinlü kafər! Qara tonuz ətindən yəxni yedirdin, doyamadım. (60) Mübtədalar və tamamlıqlar qarşılaşdırılır: A oğul, qız görmək səndən, mal, rizq vermək bəndən. (85) Oyarmaq bəndən, savaşuban hünər göstərmək səndən. Ya asi məl’un, sən pütlərünə yalvarırsan, mən aləmləri yoqdan var edən allahıma sığındım. (108) Oğul, sən mala becid ol yığ, mən sana qız arayı gedəyim. (85) Mübtədalar və tə’yinlər qarşılaşdırılır: Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz. (57) Tamamlıqlar və xəbərlər qarşılaşdırılır: Mərə, sən səni bilürsən, bizim halımızdan xəbərin yoq. (60) Eyni üzvlərin bu cür qarşılaşdırılması ilə yanaşı, tərkib hissələrdəki müxtəlif üzvlər də qarşılaşdırılmışdır. Məsələn, aşağıdakı cümlələrdə xəbərlərdən əlavə, birinci tərkibin mübtədası ilə ikinci tərkibin tamamlığı da qarşılaşdırılmışdır: Qarğu cida oynadanlar vardı, gəldi, Altun cida oynadana, yarəb, noldı? Qaraquc ata binənlər vardı, gəldi, Bədəvi atlu bir oğula, yarəb, noldı? (72) Qarşılaşdırma əlaqəsində bə’zən ikinci komponentin subyekti birincidən əvvəl işlənmişdir; məs.: Bəkil beş gün oldı, divana çıqmadı (106) - cümləsinin normal formasını belə düşünmək olar: Beş gün oldu, (amma) Bəkil divana çıqmadı. Bu cür cümlələr baş cümləsi zaman mə’nalı (intonasiya ilə qurulan) mübtəda budaq cümlələrinin əcdadları sayıla bilər: Beş gün idi, Bəkil divana çıxmırdı. Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr. Tabesiz mürəkkəb cümlənin bu növü əsas fikir söyləndikdən sonra əlavə bir fikrin yada düşməsi və bir tərkib kimi birinci komponentə qoşulması ilə yaranır. Birinci komponentin sonunda intonasiya alçalır, müasir dildə olduğu kimi, ikinci tərkib hissə azacıq fasilə ilə birinciyə qoşulur; məs.: Qalanısın yora bilmən, allah yorsün! (44) Tavla-tavla şahbaz atlarım gətürüb durursan, sana binət olsun! (48) Dünlügi altun ban evini gətürmişiz, bizimdir. (48) Şahbaz-şahbaz atlar yügirdi, nalı düşdi. Qara polat uz qılıclar çalındı, yılmağı düşdi. Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi. (50) Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul olsun! (51) Allah-təala sana bir oğıl vermiş, tuta versün!. (54) Qarnum acdır, toyursan! (64) Ərə varan qız mənəm, oynayayım. (64) Qara tonlu kafərə at dəpərəm, işümi sən onar! (96) Misallardan göründüyü kimi, komponentləri əlaqələndirmək üçün yalnız intonasiyadan istifadə edilmişdir. Dastanların dilində işlənmiş tabesiz mürəkkəb cümlələrin bir qismini, intonasiyadan asılı olaraq, tabeli mürəkkəb cümlə kimi də anlamaq olar. Məs.: Sən aradan çıqqıl, mən allah-təala bilə xəbərləşim. (81) Qara polad uz qılıcın mana vergil, Ğafillücə başlar kəsim səninçün. (107) Mərə, sabah şahinləri al, xəlvətcə ava binəlim. (116) Gəlün, Qazanı quyudan çıqarun, bizi ögsin. (117) - cümlələrindən birincisi qarşılaşdırma, sonrakılar ardıcıllıq əsasında qurulmuşdur. Lakin bunların tərkib hissələri arasına ki bağlayıcısını artırmaqla həmin cümlələri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə kimi də dərk etmək olar. Bunlar «Dədə Qorqud»un dilində tabesizlik intonasiyası ilə formalaşıb. Tabeli mürəkkəb cümləyə keçid üçün lazım olan intonasiya olmadığı kimi, bu cümlələrdə ki bağlayıcısının tələb etdiyi fasilə də yoxdur. Qoşulma əlaqəsi az öyrənilmişdir. «Dədə Qorqud»un dili tabesiz mürəkkəb cümlənin bu növü üçün maraqlı material verir. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdən dastanların dilində az istifadə edilmişdir. Həm də bu cür cümlələr müasir dilimizdə bağlayıcının müşayiəti ilə qurulduğu halda, dastanlarda, təbii olaraq, bağlayıcısızdır. Beyrək götürər qızı yerə urmaq istər, qız götürər Beyrəgi yerə urmaq istər (55) - cümləsi bölüşdürmə əlaqəlidir. Hazırda bu cür cümlələrdə gah - gah da bağlayıcısı iştirak edir. Qarışıq tipli tabesiz mürəkkəb cümlələr. «Kitabi-Dədə Qorqud»un VI-VIII əsrlərdə cilalanmış dili belə aydın bir inam yaradır ki, biz hər şeyə artıq dərəcədə bəsit yanaşırıq, bə’zən Həsənoğlunun qəzəli kimi kiçik bir şe’ri minilliklərin yaratdıqlarından «fakt» naminə üstün tuturuq. «Dədə Qorqud»un cümlə quruluşu, xüsusən qarışıq tipli cümlə modelləri göstərir ki, 1500 illik müddətin o tayından hadisələri bizə çatdıran bu dil mövcud quruluşunu bəlkə bundan daha artıq bir müddət əvvəldən almışdır. Bunu - bu təəssüratı dastanların dilinin bura qədər nəzərdən keçirdiyimiz sintaktik strukturu ilə yanaşı, qarışıq tipli mürəkkəb cümlə formaları da yaradır. Dastanların dilində qarışıq tipli tabesiz mürəkkəb cümlə modelləri, başlıca olaraq, aşağıdakılardır. I. Komponentlərindən biri sadə, digəri mürəkkəb quruluşlu olanlar. 1. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir; məs.: Uc toqundu, alca qanı şorladı, qoynı toldı (37) 2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi tərz budaq cümləli («budaq cümlə + baş cümlə» quruluşlu) tabeli mürəkkəb cümlə şəklindədir: Oğul, Qalın Oğuz bəglərini odamıza oxıyalım, necə məsləhət görərlərsə, ana görə iş edəlim. (55) 3. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir və qarşılaşdırılan tərəflərin hər ikisi şərt budaq cümləlidir: Varayım, oğluma toğrı xəbər verəyim, hünəri varsa, gəlsün alsun, yoxsa, evdəki qıza razı olsun. (85-86) 4. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin birinci komponenti sadə quruluşlu, ikincisi tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir və tamamlıq budaq cümləsinin özü də qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə kimi qurulmuşdur: Yarın Oğuz elinə xəbər vara, dəvə əlində qalmışdı, qız qurtardı, - deyələr. (89) II. Hər iki komponenti mürəkkəb quruluşlu olanlar. Bu qrupa daxil olan tabesiz mürəkkəb cümlələri üç növə ayırmaq olar: 1) hər iki komponenti tabesiz mürəkkəb cümlə şəklində olanlar; məs.:Yad qızı həlalım var, andan mənim iki oğlancığım var, əmanətim var, ısmarlaram anlara, andan sonra mənim canım alasan. (82) Gürzlə dögişdilər, qara polad uz qılıc ilə tartışdılar, sərpə-sərpə meydanda qılıclaşdılar, çiginləri toğrandı, qılıcları ovandı, bir-birin alımadı. (109) Bu misallardan birincisi aydınlaşdırma, ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Cümlələrin hər ikisinin komponentləri yenə tabesiz mürəkkəb cümlə şəklindədir: birinci cümlənin birinci tərəfi zaman, ikincisi ardıcıllıq əlaqəlidir; ikinci cümlənin birinci tərəfi ardıcıllıq, ikincisi qarşılaşdırma əlaqəlidir. 2) komponentlərindən biri tabesiz, digəri tabeli mürəkkəb cümlə şəklində olanlar; məs.: Boynı uzın bədəvi atlar gedərsə, sənin gedər; Bənim də içində binədim var, Qomaqım yoq qırq namərdə! (41) Qarşılaşdırma əlaqəli bu tabesiz mürəkkəb cümlənin birinci komponenti şərt budaq cümləli tabeli mürəkkəb cümlə, ikincisi zaman əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir: 3) hər iki komponenti tabeli mürəkkəb cümlə şəklində olanlar; məs.: Ac görsəm, toyurdım, yalıncıq görsəm, tonatdım.(38) Alursan, ikimüzün canın bilə alğıl, Qorsan, ikimüzün canın bilə qoğıl! (83) Qılıcının belçağına yabıkdı kim, bunı çırpa, gördi kim, əlində qopuz var. (114) Birinci cümlə zaman əlaqəlidir, hər iki komponenti zaman qarışıq şərt budaq cümləlidir; qarşılaşdırma əlaqəli ikinci cümlənin komponentləri də şərt budaq cümləlidir; qarşılaşdırma əlaqəli son cümlənin birinci komponenti məqsəd, ikincisi tamamlıq budaq cümləlidir. Qarşılaşdırma əlaqəli aşağıdakı cümlə də bunlarla eyni quruluşludur. Fərq orasındadır ki, ikinci komponentin ikinci tərəfi yenə mürəkkəb quruluşludur - zaman əlaqəli tabesiz mürəkkəb cümlə kimi formalaşıb: Bulursam, buldım; bulmaz isəm, tənri verdi, tənri aldı. (74) V fəsil - Tabeli mürəkkəb cümlələr Budaq cümlələri və onları baş cümləyə bağlayan vasitələri ətraflı nəzərdən keçirməklə biz dilimizin sintaktik quruluşunun «Dədə Qorqud»un yarandığı dövr mənzərəsi barədə daha aydın təsəvvür qazana bilərik. Bu cəhətdən «Dədə Qorqud» bütün qədim dövrün yekunu, hazırkı ədəbi dilimizin başlanğıcıdır. Dastanların dil materialı sübut edir ki, bu dil qədim olmaqla yanaşı, sonrakı dövrlərdə özünü göstərən bütün sintaktik normaların ilkin qəlibinə malik olmuşdur. Bunu ayrı-ayrı budaq cümlələri nəzərdən keçirməklə də görmək olar. Mübtəda budaq cümləsi. Dastanların dilində mübtəda budaq cümləsinin hər iki tipi normal şəkildə işlənmişdir. Baş cümlədə qəlib və qarşılıq bildirən sözlərdən az istifadə edilmişdir; məs.: Nə gəlürsə, bənim sağrıma gəlsün.(33) On altı yıldır ki, Oğuz içindən getmiş idik.(53) - cümlələrindən birincisində budaq cümlə, ikincisində baş cümlə əvvəl işlənmişdir. Birinci misalda budaq cümlə baş cümləyə bağlayıcı sözlə («nə» sözü), ikinci misalda «ki» bağlayıcısı ilə bağlanmışdır. «Budaq cümlə + baş cümlə» quruluşlu cümlələrdə budaq cümlə baş cümləyə ‘nə’ sözü ilə yanaşı, ‘hər kim’, ‘nə qədər’ bağlayıcı sözləri ilə də bağlanmışdır. Bağlayıcı sözlərin heç birində ki ədatı yoxdur. Əksinə, budaq cümlələrin sonunda -sa,-sə şəkilçisi fəaldır. Baş cümlələrdə az hallarda qarşılıq bildirən söz işlənmişdir (olmadıqda təsəvvür edilir): Hər kim yemədi, ol Qazan xatunıdır. (88) ..nə diyərsə, olurdı. (31) ...meydanda nə qədər at varsa, qan qaşındı. (88) Ol zamanda Oğuz yigitlərinə nə qəza gəlsə, uyxudan gəlürdi. (90) Analitik quruluşda budaq cümlə baş cümlədən sonra gələrək, onunla bə’zən yalnız intonasiya ilə, bə’zən də kim (ki) bağlayıcısı ilə əlaqələnmişdir. Baş cümlə yarımçıq cümlə şəklindədir - qəlib söz işlənməmişdir: ...on altı yıldır, tutsaqdır. (94) Üç gündür qoşalığım yoq. (106) On altı yıldır kim, babanın tutsağıyam.(59) Bəgümizin bir oğlı vardı, on altı yıldır kim, ölüsi-dirisi xəbərin kimsə bilməz.(60) İntonasiya ilə qurulduğu, hələ bütün hallarda bağlayıcı özünə möhkəm yer edə bilmədiyi üçün budaq cümlənin baş cümlədən asılılığı zəifdir, ona görə də aktuallaşdırmaq, «yeni»ni daha aydın nəzərə çarpdırmaq üçün analitik tipdə baş cümlə kimi təşəkkül tapan hissə dastanların dilində bə’zən budaq cümlədən sonra işlənmişdir: (Ala gözlü oğlun qardaşını andı, gedər). Ağca yüzlü gəlinün döndərəməz, Sizə mə’lum olsun! (112) Bu cür sərbəstlik intonasiya ilə qurulan cümlələrdə hətta budaq cümlənin baş cümlə arasında işlənməsinə də yol açmışdır: Səndənmidir, bəndənmidir, tənri-təala bizə bir yetman oğıl verməz, nədəndir? (35) Burada ‘Səndənmidir, bəndənmidir, nədəndir’ zəif təşəkkül tapmış baş cümlədir. Tədricən ki bağlayıcısı özünə möhkəm yer etdikdən sonra bu cür cümlələrdə komponentlərin sırası sabitləşmişdir: Sizə mə’lum olsun ki, ağca yüzlü gəlinün döndərəməz... Xəbər budaq cümləsi. Budaq cümlənin bu növünün müasir quruluş modelləri - bağlayıcı sözlü və bağlayıcılı formaları dastanların dilində də vardır. Bağlayıcı sözlü tipi az işlənmişdir. Baş cümlədə zəruri üzv kimi, qarşılıq bildirən söz, yə’ni xəbər, təbii ki, həmişə işlənməli olmuşdur. Budaq cümlə baş cümləyə hər kim bağlayıcı sözü ilə bağlanmış, baş cümlənin xəbəri qarşılıq bildirən ol sözü ilə ifadə olunmuşdur: Hər kim yedi, ol degil. Hər kim yemədi, oldur. (47) Xəbər budaq cümləsinin «kim» bağlayıcılı tipi daha fəaldır. Baş cümlənin xəbəri şoylədir, boylə oldı, budur, odur sözləri ilə ifadə olunmuş və budaq cümlə vasitəsilə izah edilmişdir: Xanım, bu gün Bayındır xandan buyruq şoylədir kim, oğlı-qızı olmuyanı tənri-təala qarğayıbdır, biz dəxi qarğarız. (34) Mərə Dəli Domrul, allah-təalanın əmri boylə oldı kim, Dəli Domrul canı yerinə can bulsun, onun canı azad olsun. (81) Yegrəgi budur kim, bunda qırılavuz. (116) Bunın müdarası oldur kim, Qazanı çıqaravuz, anlara bərabər edəvüz.(120) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrdə müşahidə olunan bir cəhət - intonasiyanın yaratdığı imkanla, sərbəstliklə əlaqədar və ki bağlayıcısının hələ özünə möhkəm yer edə bilməməsi nəticəsində analitik xəbər budaq cümlələrinin bir qismi tabesiz mürəkkəb cümlələrə çox yaxındır, hələ tərəflərin yeri tam sabitləşməmişdir; məs.: Evin yağmalatdığın dəm Taş Oğuz bilə bulınmadı, səbəb oldur (123) - cümləsi qoşulma əlaqəli tabesiz mürəkkəb cümləyə oxşasa da, ‘səbəb oldur’ hissəsi zəif əlaqələnən baş cümlə funksiyasını yerinə yetirir. Dilin sonrakı inkişafı prosesində ki bağlayıcısı özünə yer etdikcə bu cür sərbəstliyi aradan qaldırmış, analitik tipin tam sabitləşməsinə səbəb olmuşdur. Tamamlıq budaq cümləsi. Müasir ədəbi dilimizdə olduğu kimi, dastanların dilində də tamamlıq budaq cümləsi çoxişlənən, rəngarəng xüsusiyyətləri ilə seçilən budaq cümlə növüdür. »Dədə Qorqud»un dilində hər iki tipi fəaldır; məs.: Hər nə iş olsa, Qorqud ataya tanışınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi, sözin tutub təmam edərlərdi.(31) Dilədi ki, oğlanı həlak qılaydı. Yəqin bildi kim, oğlan kafərə tutsaqdır (74) - cümlələrindən əvvəlki ikisi bağlayıcı sözlü, sonrakılar bağlayıcılı cümlələrdir. Əvvəlki iki misalda budaq cümlə baş cümlədən əvvəl işlənərək ona hər nə, hər nə ki bağlayıcı sözləri və -sa şəkilçisi ilə, sonrakı misallarda baş cümlədən sonra işlənərək ona ki, kim bağlayıcıları ilə bağlanmışdır. Əvvəlki misalların baş cümlələrində qarşılıq bildirən söz olmadığı kimi, sonrakılarda da qəlib söz işlənməmişdir. Bağlayıcı sözlü cümlələrdə budaq cümlə baş cümləyə yuxarıdakılardan əlavə, kimün ki, nə yerdə, anun kim, hər kim, kimi bağlayıcı sözləri ilə də bağlanmışdır. Budaq cümlələrdə ki ədatına nisbətən -sa,-sə şəkilçisi fəaldır; məs.: Kimün ki oğlı-qızı yoq, qara otağa qondurın... (34) Nə yerdə gözəl qopdısa, çəküb aldı.(37) Kimə baqsa, eşqilə oda yaqar. (88) Eyni quruluşlu cümlələrin bir qisminin baş cümləsində qarşılıq bildirən ana, anı sözləri müşahidə olunur: Anun kim oğlı-qızı olmuya, tənri-təala anı qarğayıbdur, biz dəxi qarğarız. (35) «Hər kim ol üç canvəri basa-yensə, öldürsə, qızımı ana verərəm» deyü və’də eyləmişdi. (85) Hər kim ol üç canvəri basa, ol qızı ana verirlər.. Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl. (112) Nə yerdə sırılur varsa, çəkən bilür. (32) Qarşılıq bildirən söz yiyəlik halda olduqda ikinci tərəflə birlikdə üzv olur: (Hər kim) Basub öldürməsə, anun başını kəsirlər, bürcə asarlar (86) - cümləsində anun başını birləşməsi tamamlıq olduğu üçün cümlə tamamlıq budaq cümləlidir. Tamamlıq budaq cümləsinin analitik tipində budaq cümlə baş cümləyə ki və kim bağlayıcıları ilə bağlanmışdır. Az hallarda baş cümlədə qəlib sözə rast gəlmək olur: Qazan, oğlan avda idügin andan biləyin kim, yorğun atunla, güdəlmiş cidanla ardına düşəsən. (74) Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. (56) Beyrək baqdı gördi kim, kiçi qız qarındaşı binardan su almağa gəlür... (60) Böylə digəc qız tanıdı-bildi ki, Beyrəkdir. (65) Əzrayilə buyuruq elədi kim, ya Əzrayil, var, ol dəxi dəli qavatın gözinə görüngil. (79) Qanturalı bildi kim, bu yağı basub tağıdan Selcan xatundur. (92) Dəpəgöz də bildi kim, Basat dəri içindədir. (101) Gələnlər bildi kim, bunlar Oğuz ərənlərindəndir. (116) Dəpəgöz bildi kim, Basat mağaradadır. (101) Tamamlıq budaq cümləsinin analitik tipi əksərən baş cümlənin fe’li xəbərini izah edir, az hallarda ismi xəbərlə də əlaqələnmişdir: Xəbəri yoq ki, alacağı ala gözli qızın otağı olsa gərək. (54) Baş cümlələrin xəbəri daha çox görmə, eşitmə və nitq fe’lləri ilə ifadə olunmuşdur. Bu cəhətdən görmək fe’li daha fəaldır: Gördi kim, uçarda quzğun, tazı tolaşmış, yurtda qalmış. (44) Baqdı-gördi ki, bir sultan simüz sığın-keyikdir. (54) Məsləhət gördülər ki, Dədə Qorqud varsun. (55) Xan qızı gördi ki, Qazan gəlür. Gördi kim, bir dərənin içində toz gah dərilür, gah tağılur. (91) Qanturalı baqdı gördi kim, bir kimsənə yağıyı öginə qatmış, qovar. (91) Gördi kim, pəri qızları qanat-qanada bağlamışlar, uçarlar. (98) Gördilər kim, bir ibrət nəsnə yatur. (98) Qapaq qaldırdı. Baqdı gördi kim, gözi ətdir. (101) Gördi kim, yüzük genə Dəpəgözün ayağı altında yatur. (101) Gördi kim, ilqıçı kafərlər yund güdərlər. (113) Gördi kim, belində qopuzı var. (113) Baqdı gördi kim, ayun on dördinə bənzər bir məhbub, ala gözlü gənc yigit burcuq-burcuq tərləmiş uyur. (113) Qazan gördi kim, ləşgər ögincə bir ağ-boz atlu, ağ ələmlü bəg dəmür tonlu Oğuzun ögincə gəldi (120) və s. Dastanların dilində baş cümləyə intonasiya ilə bağlanan tamamlıq budaq cümlələri daha fəal, daha işləkdir: «ki», «kim» bağlayıcıları tərkib hissələr arasında möhkəmlənmədiyi və tərkib hissələrin yeri sabitləşmədiyi üçün baş və budaq cümlələrin yeri sərbəstdir, aktuallaşdırma əsasında eyni tipli baş cümlə əvvəl də işlənə bilmiş, sonra da işlənmişdir. (bax:36; 340-348) Məsələn, eyni səhifədə (46) eyni cümləyə həm «Qanğısıdır, bilmədilər», həm də «Bilmədilər, qanğısıdır» şəklində təsadüf edilir. Yaxud: Bəglər, mən sizi niyə qağırdım, bilürmisiz? (124) Bilürmisən, səni niyə qağırdıq? (124) Ona görə də sonralar «baş cümlə + budaq cümlə» şəklində sabitləşən tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələri iki qrupa ayırmaq olar. a)budaq cümləsi baş cümlədən sonra işlənənlər: Görürmisən, nələr oldı? (35) Bəglər, bilürmisiz, Qazana necə heyf eyləmək gərək? (46) Gördi gög çayırın üzərinə bir qırmızı otağ dikilmiş. (54) Gördi, dügündə göygü ox atar. (63) Xanım baba, qorxuram, səgirdərkən Qonur atın sürücdirəsən. (74) Gördinmi mən mana netdim? (86) Gördi bənzi sararmış, dilbəndi boğazına keçmiş. (105) Gördilər, bir süri qaz oturar. (116) b) budaq cümləsi baş cümlədən əvvəl işlənənlər: Xan qızı, səbəbi nədir, degil mana! (35) Mərə qavat, muxannatlıq ilə ər öldürmək necə olur, mən sana göstərəyim.(126) Qalqubanı yerimdən turam, derdim. Qalın Oğuz içinə girəm, derdim. (73) Nərmidir, mayamıdır, anı bilsəm.(97) Qara tonuz tamında yatur, degil. (75) Qarusından ağ əllərin bağlan, demiş.(106) Qəl’ənüzdə tutsaq varmıdır, kafər, degil mana! (114) Qazana düşmən imişsən, bildim. (123) Sonralar bu cür cümlələrdən «a» bəndində olanlar bağlayıcı ilə sabitləşmiş, «b» bəndində olanların bir qismi bağlayıcı sözlərlə formalaşmış və tiplər müəyyənləşmişdir. Canlı danışıq dilində bu formalar hazırda da qalmaqdadır. Tamamlıq budaq cümləsinin baş cümlənin daxilində işləndiyi hallar da var: Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Beyrəgə vermişəm, diərdi.(54) - cümləsində budaq cümlə (bən səni yüzi niqablu Beyrəgə vermişəm) baş cümlənin (babam mana diərdi) daxilində yerləşmişdir. Tə’yin budaq cümləsi. «Dədə Qorqud»un dilində tə’yin budaq cümləsinin yalnız analitik tipinə rast gəlmək olur. Budaq cümlə baş cümləyə kim, ki bağlayıcıları ilə bağlanmışdır. Baş cümlədə budaq cümlənin qəlibi kimi ol, öylə əvəzlikləri işlənmişdir: Ağam Qazan, bu ağac ol ağacdır kim, sən kafəri basarsan, qarnın acıqar, mən sana bu ağacla yemək bişürərin. (46) Ol öylə adam degildir kim, sana görinə. (54) Cümlələrin bir qismində baş cümlədə budaq cümlənin qəlibi yoxdur, lakin intonasiya ilə təsəvvür edilir: Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadın ol turgəc gərək.(55) Bin ayğır diləyübdir kim, qısrağa aşmamış ola. Bin də qoç diləyübdür kim, qoyuna girməmiş ola. (56) Məndən dəli, məndən gücli ər varmıdır ki, çıqa mənümlə savaşa? (79) Zərflik budaq cümlələri. Tərz budaq cümləsi. Budaq cümlənin bu növünün bağlayıcı sözlü tipi yox dərəcəsindədir. Nümunə kimi göstərdiyimiz misal da mübahisəli görünə bilər: ...necə məsləhət görərlərsə, ana görə iş edəlim. (55) Baş cümlədəki qarşılıq bildirən ana görə sözü o cür mə’nasındadır. Budaq cümlənin analitik tipi müasir səviyyədə işləkdir - budaq cümlə baş cümlədən sonra gələrək ona kim bağlayıcısı ilə bağlanmışdır. Baş cümlədə eylə, şöylə qəlib sözləri işlənmiş və budaq cümlə vasitəsilə izah edilmişdir. Budaq cümlələr nəticə çalarına malikdir: Buğanın alnına bir yumruq eylə urdı kim, buğayı göti üzərinə çökürdi.(88) Aslanın alnın gözədüb bir yumruq eylə urdı kim, yumruq çənəsinə toqundu, ovatdı. (89) Sügüligi Dəpəgözün gözinə eylə basdı kim, Dəpəgözün gözi həlak oldı. Şöylə çalayım səni mağara divarına kim, quyruğın mağarayı yağlasun. (101) Şöylə çalayım ki, künbədlə tartağan olasan. (101) Eylə qaxdı kim, künbəd zirü zəbər oldı. (102) Budaq cümlələrin bir qismi müqayisə çalarına malikdir: Qız bir oxla Qanturalıyı atdı şöylə kim, başında olan bit ayağına endi.(93) Hasar qapusına girmişkən qara polad uz qılıcı ənsəsinə eylə çaldı kim, başı tob kibi yerə düşdi. (96) Dərəcə budaq cümləsi dastanların dilində az görünür. Lakin ümumən müasir modeldə mövcuddur: Əzrayilin gözini elə qorxutdum ki, gen qapuyı qodı, tar bacadan çıxdı. (80) - cümləsində elə sözü o dərəcədə mə’nasını ifadə edir. Zaman budaq cümləsi. Budaq cümlənin bu növünün bağlayıcı sözlə baş cümləyə bağlanan tipi dastanların dilində daha işləkdir. Budaq cümlə baş cümlədən əvvəl gələrək ona necə kim, qaçan, qaçan kim, ol vəqt kim bağlayıcı sözləri ilə bağlanmışdır. Müasir ədəbi dilimizdə ki ədatı ilə -sa,-sə şəkilçisi növbələşdiyi halda, dastanların dilində əksərən birlikdə işlənmişdir; məs.: Qaçan kim Budaq atsa, Beyrək «Əlün var olsun!» dedi. Uruz atsa, «Əlün var olsun!» deyirdi. (63) Al ayğır qaçan kim yağı qoxusın alsa, ayağın yerə dögərdi, tozı gögə çıqardı. (107) Kim ədatının və ya sa,-sə şəkilçisinin işlənmədiyi hallar da vardır: Bayındır xanın divanına qaçan istəsə, varır-gəlürdi. (110) Qaçan Qazan evin yağmalatsa, həlalının əlin alur, tışra çıqar, andan yağma edərdi. (123) Necə kim bu düşi gördüm, şundan bərü əqlim-huşum dərə bilmən. Mərə Qılbaş, ol vəqt kim Üç, Boz oq yığnaq olsa, ol vəqt Qazan evin yağma edərdi. (123) Göründüyü kimi, sonrakı cümlələrin baş cümləsində qarşılıq bildirən şundan bərü, ol vəqt sözləri işlənmişdir. Zaman budaq cümləsinin müasir ədəbi dilimizdə özünü göstərən «budaq cümlə + baş cümlə» quruluşlu ki bağlayıcılı tipi də formalaşma tarixinin qədimliyi ilə diqqəti cəlb edir: Hiss olunur ki, budaq cümlənin bu qəlibi daha əvvəllərdən normalaşmışdır; məs.: Qapu eşigi üzərindən arqurı qomışlardı ki, bu məhəldə xan Qazan yetdi. (74) Bu formanın ki bağlayıcısız növü də müşahidə olunur: Üç günə varmasun, allah sevindirsün sizi! (62) Yer budaq cümləsi. Budaq cümlənin bu növünün müasir dilimizdə geniş yayılmış «budaq cümlə + baş cümlə» tipinə dastanlarda da rast gəlmək olur. Budaq cümlə baş cümləyə nə yerdə, nerəyə bağlayıcı sözləri ilə bağlanmışdır. Budaq cümlənin xəbərində -sa,-sə şəkilçisi, baş cümlədə qarşılıq bildirən anda sözü işlənmişdir (olmadıqda artırmaq mümkündür); məs.: Oxı (nə) yerdə düşsə, anda gərdək dikərdi. (57) Nə yerdə enir-qaruşır, toz varsa və nə yerdə qarğa-quzğun oynarsa, anda istəyəlüm. (91) Səbəb budaq cümləsi. Az işlənsə də, səbəb budaq cümləsinin hər iki tipinə dastanlarda rast gəlmək mümkündür. «Budaq cümlə + baş cümlə» quruluş tipində budaq cümlə baş cümləyə ‘çün’ bağlayıcı sözü ilə bağlanmışdır: Çün inayət tənridən oldı, bəgün, paşanın himməti Qanturalıya oldı. (89) Çün sən Qazana düşmən oldın, biz də düşməniz. (124) «Baş cümlə + budaq cümlə» quruluş tipində budaq cümlə baş cümləyə ‘ki’ bağlayıcısı ilə bağlanmışdır. Baş cümlədə anunçun qəlib sözü işlənmişdir: Oğul, anunçun yağı deyirlər ki, biz anlara yetsəvüz, öldürəriz, anlar bizə yetsə, öldürər. (70) Məqsəd budaq cümləsi. Dastanların dilində budaq cümlənin bu növünün yalnız bağlayıcılı tipi işlənmişdir. Budaq cümlə baş cümlədən sonra gələrək ona ‘ki’, ‘kim’ bağlayıcıları ilə bağlanmışdır. Budaq cümlənin xəbəri əmr və ya arzu şəkillərində olmaqla arzu, istək bildirir və baş cümlədəki işdən sonra baş verə bilən hadisəni ifadə edir; məs.: İmdi, mərə dəli, gəldim ki, sənin canın alam. (80) And iç kim, bizim elümizə yağılığa gəlməyəsən. (117) Şimdi bunı kimə verər kim, xatiri xoş ola. (104) Budaq cümlənin eyni quruluşlu bağlayıcısız növü daha fəaldır: Biz kafərə salam vergil, öldürməyəlim. (43) Qaraca çoban, anamı kafərdən diləyəyim, at ayağı altında qalmasun. (48) Oğul, sən qız istəməzmişsən, bir cılasın bahadır istəyirmişsən, anun arqasında yeyəsən-içəsən. (85) Şərt budaq cümləsi. Tamamlıq budaq cümləsi kimi, şərt budaq cümləsi də «Dədə Qorqud»un dilində son dərəcə işlək cümlələrdəndir. Lakin yalnız «budaq cümlə + baş cümlə» quruluş tipi müşahidə olunur. Bağlayıcı vasitələrə görə aşağıdakı kimi qruplaşdırmaq olar: a) sintetik şərt budaq cümlələri; daha işlək olan bu modeldə budaq cümlə baş cümləyə -sa,-sə şəkilçisi ilə bağlanmışdır; məs.: Saya varsam, dükənsə olmaz. (42) Qarşu yatan qara qarlı tağlardan aşar olsa, allah-təala sənin oğlına aşut versün. (54) Nagah qaçma-qovma olarsa, birisini binəm, birisini yedəm. (55) Çalırsan, əlün qurısun.(56) Dədə, mən üçini buluramsa, ikisini sən bulurmısan? (56) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59) Gəlməz olsan, Baybican qızı Banıçiçəgi aldırdın, bəllü bilgil.(59) Mərə çobanlar, bir kişi yolda taş bulsa, yabana atar.(60) Keyik olsa, bir, ya iki bölük olurdı. (69) Baba, içində bəy yigitlər öldürsələr, qan sorularmı, də’vilərlərmi? (70) Ol zamanda oğul ata sözin iki eləməzdi. İki eləsə, ol oğlunı qəbul eləməzlərdi. (71) Deməz olsan, yana-göynə qarğaram, a Qazan, sana. (73) Qarşu yatan qara tağlar istər olsa, el yaylar. (75) Qarşu yatan qara tağlar Qarısa, otı bitməz, el yaylamaz. (76) Souq-souq binarlarım gərəksə, ana içət olsun! (81) Souq-souq suların içər olsam, Mənim qanım olsun! (83) Bəg yigit, baş əsən olsa, börk bulınmazmı olur? (91) Daim gəldügində tursa, dövlət yaxşı. (96) Arıq olsa, qulağın dələrdi... (104) At işləməsə, ər ögünməz. (104) Bəg yigidim, qalabalıq yağı gəlsə, qayıtmaz idin. Bütünə ala ox toxunsa, əgilməz idin. (106) Ana həqqi tənri həqqi olmasaydı, Qafillücə görkli başın kəsəydim. (111) Bir yildə gəlməzsəm, iki yil baqqıl. Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən. (112) Yerə dəxi düşsə, toz kibi savrılardı. (48) Bu cür cümlələrin bir qismində ‘isə’ köməkçi sözündən istifadə edilmişdir: Ağ saqallu baban var isə, ağlatmağıl. (108) Hünərin var isə, qartaşın Əlincə qəl’əsində əsirdir, var, anı qurtar. (111) Bə’zi cümlələrdə sa,-sə bütün xəbərlərə artırılmış olsa da, onların hamısı budaq cümlə əmələ gətirə bilmir, bir qismi sadəcə olaraq arzu, istək bildirir; məs.: Mənim dəxi oğlım olsa, xan Bayındırın qarşusın alsa-tursa, qulluq eyləsə, mən dəxi baqsam sevinsəm, qıvansayum, güvənsəyim (52) - cümləsini müasir dildə: Mənim də oğlum olsaydı, xan Bayındırın qarşısın alıb dursaydı, qulluq eyləsəydi, mən də sevinərdim, qıvanardım, güvənərdim - şəklində nəticə çalarlı şərt budaq cümləsi kimi düşünmək olar. Sintetik şərt budaq cümlələrində komponentlərin inversiyası fikrin aktuallaşdırılması ilə bağlıdır və dilimizin müasir normalarına tam uyğundur; məs.: Baba malından nə faidə, başda dövlət olmasa. (31) Yarın qiyamət günində mənim əlüm Qazan xanın yaqasında olsun, mənim qanım Aruza qoarsa. (125) b) analitik şərt budaq cümlələri; şərt budaq cümləsinin bu növü baş cümləyə ‘çünki’, ‘əgər’ bağlayıcı sözləri ilə bağlanmışdır; məs.: Çünki Qazan bəgdən buyruq olubdur, qon otursın. (64) Çünki ər dilərsən, varub babanı qurtarsana. (94) Əgər böylə öldürməzsin, bir dürlü dəxi öldirəməzsin, bəlli bilgil. (37) Əgər bu dedigim nəsnələri gətürərsiniz, xoş, verdim. Çünki dedin, əlbətdə, varsam gərək. (86) Bu cümlələrdəki çünki sözü hələ bağlayıcı kimi formalaşmamışdır, bir halda ki bağlayıcı sözünün sinonimi kimi işlənən bağlayıcı sözdür. c) analitik-sintetik şərt budaq cümlələri; şərt budaq cümləsinin bu növü baş cümləyə ‘əgər’ bağlayıcı sözü və -sa,-sə şəkilçisi ilə bağlanmışdır; məs.: Dərsə xan əgər oğlancığın görərsə, oturmaz, bizi həb qırar. (40) Əgər çobanla varacaq olursam, Qalın Oğuz bəgləri bənim başıma qaqınc qaxarlar. (46) Əgər sənin atun mənim atumı keçərsə, onun atını dəxi keçərsən. (54) Bə’zi şərt budaq cümlələrində ‘ki’ ədatı ilə -sa,-sə şəkilçisinin birgə işləndiyi müşahidə olunur: Oğuz zamanında bir yigit ki evlənsə, ox atardı. (57) Bu forma müasir dil baxımından arxaik sayılır. Qarşılaşdırma budaq cümləsi. Müasir ədəbi dilimizdə olduğu kimi, dastanların dilində də budaq cümlənin bu növünün «budaq cümlə + baş cümlə» quruluş tipi əsasdır. Budaq cümlə baş cümləyə aşağıdakı vasitələrlə bağlanmışdır: a)-sa,-sə şəkilçisi ilə; bu model daha işləkdir: Qara eşək başına üyən ursan, qatır olmaz. Qaravaşa ton geyirsən, qadın olmaz. (31) Baban sana qıydısa, sən babana qıymağıl. (40) Oğul, bin kafər öldürsən, kimsə səndən qan də’vilməz. (70) Yüz bin ər gördümsə, yüzim dönmədi. (117) Səksən bin ər gördimsə, səksənmədim. (117) Qaraqucımın qulağı görinməz olsa, Qayırı ərən qılağuzsız yol yanılsa, Qılağuzsuz yol başaran Qazan ər idim. (117) Bü cür cümlələrdə -sa,-sə şəkilçisindən sonra güzəşt mə’nası yaradan da, də ədatını artırmaq mümkündür. b)-sa,-sə şəkilçisi və ‘dəxi’ ədatı ilə: Səndən yegrək qadir bizə oğul verməz, Versə dəxi, sənin yerin tuta bilməz. (76) c) ‘nə qədər’ bağlayıcı sözü və -sa,-sə şəkilçisi ilə: Əmma oğlanı nə qədər götürdilərsə, turmadı, gerü aslan yatağına vardı. (98) ç) nə bağlayıcı sözü və budaq cümlənin xəbərinin təkrarı ilə: Nə olur-olsun, hələ mən avımı alayın. (54) d) komponentlərin inversiyası və gərəksə sözünün iştirakı ilə: Qazandan dönməzəm, gərəksə yüz parə eylə! (125) Nəticə budaq cümləsi. Tabeli mürəkkəb cümlənin bu növünün də yalnız bir tipi vardır: budaq cümlə baş cümlədən sonra işlənmiş və baş cümləyə aşağıdakı vasitələrlə bağlanmışdır a) baş cümlədə müxtəlif vəzifələrdə nə sual əvəzliyi işlənmiş, budaq cümlə baş cümləyə ‘kim’, ‘ki’ bağlayıcılarından biri ilə bağlanmışdır: Bir canda nə var ki, sana qıyamamışlar? (83) Bənim suçum nə oldı kim, qara otağa qondurdı? Suçımız nəydi ki, yağmada bilə olmadıq? (123) Mərə, Əzrayil dedügüniz nə kişidir kim, adamın canın alur? (79) Birinci misalın baş cümləsində ‘nə’ sözü mübtəda, ikinci, üçüncü misallarda xəbər, son misalda tə’yin vəzifəsindədir. b) budaq cümlə baş cümləyə ‘anunçun’ (müasir dildə ‘onun üçün’) bağlayıcısı ilə bağlanmışdır: Beş aqçaluq əlüfəcilər yoldaş etdin, anunçun ol qəl’əyi sən alımadun.(95) c) Baş cümlədə şöylə əvəzliyi işlənmiş, budaq cümlə baş cümləyə ‘kim’ bağlayıcısı ilə bağlanmışdır: Şöylə nə’rə urdı, hayqırdı kim, tağ və taş yanguləndi.(101) ç) budaq cümlə baş cümləyə -mi sual şəkilçisi və ‘ki’ bağlayıcısı ilə bağlanmışdır (-mi baş cümlənin sonunda işlənmişdir): Mərə dəlü ozan, mən eyiblümiyəm ki, mana eyib qoşarsan? (65) d) budaq cümlə baş cümləyə kim bağlayıcısı ilə bağlanmışdır: Qara polad uz qılıcım yoq kim, qarvaşduğı dəm eki biçəydim. (89) e) budaq cümlə baş cümləyə nə sual əvəzliyi və intonasiya ilə bağlanmışdır: Noldun, böylə bunaldın? (57) Qoşulma budaq cümləsi. Dil materialının təhlilindən belə bir qənaət hasil olur ki, dastanların yarandığı ədəbi dildə qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr çox inkişaf etmiş olsa da, qoşulma budaq cümləsi inkişaf etməmişdir. Qoşulma budaq cümləli tabeli mürəkkəb cümləyə oxşar aşağıdakı cümlə də tabesiz mürəkkəb cümləyə yaxındır: Beyrəgi Qara Dərvənddə öldürmişlər, uş da nişanı, sultanım. (58) Qarışıq tipli tabeli mürəkkəb cümlələr. Tabeli mürəkkəb cümlənin qarışıq (mürəkkəbləşmiş) tipinin başlıca modelləri tərkib hissələrindən biri sadə, digəri mürəkkəb quruluşlu cümlə növləridir. Müşahidələr göstərir ki, hər iki komponenti mürəkkəb quruluşlu tabesiz mürəkkəb cümlələr yaxşı inkişaf etdiyi halda, tabeli mürəkkəb cümlənin bu modeli inkişaf etməmişdir. Başlıca modellər aşağıdakılardır. Budaq cümləsi mürəkkəb quruluşlu olanlar. 1. Baş cümlə sadə, budaq cümlə tabesiz mürəkkəb cümlə şəklindədir; məs.: Baqdı gördi Oğuzun ucında bir ala sayvan dikilmiş, bir imirzə xub yigit qırq yigid ilən saqında və solında oturırlar. (53) Gördilər kim, bu gələn kişinin qılıcının balçağı qanlu, oğlı görünməz. (91) Bu cümlələrin hər ikisi tamamlıq budaq cümləlidir. Hər ikisinin baş cümləsi sadə quruluşlu, budaq cümləsi tabesiz mürəkkəb cümlə şəklindədir. Birinci misalın budaq cümləsinin komponentləri arasında zaman, ikincisində qarşılaşdırma əlaqəsi vardır. 2. Baş cümlə sadə, budaq cümlə tabeli mürəkkəb cümlə şəklindədir; məs.: Gördilər kim, ol yigit kim baş kəsübdür, qan dökübdür, Baybörə bəgin sağında oturar. (53-54) Qılbaşa ayıtdım ki, qaçan ki Qazan evin yağmaladardı, Taş Oğuz bəgləri bilə yağmalardı. (124) Baqdı-gördi bu otağ Banıçiçəg otağıymış ki, Beyrəgin beşikkərtmə nişanlısı, adaxlusıydı. (54) (Allah) Əzrayilə nida eylədi kim, çün dəli qavat mənim birligim bildi, birligümə şükr qıldı, ya Əzrayil, Dəli Domrula can yerinə can bulsun.(81) Bu misalların hamısında baş cümlə sadə, tamamlıq budaq cümlələri tabeli mürəkkəb cümlə şəklindədir. Birinci misalın budaq cümləsi mübtəda, ikincisi zaman, üçüncüsü tə’yin, dördüncü cümlə səbəb budaq cümləli tabeli mürəkkəb cümlə kimi qurulmuşdur. 3. Baş cümlə sadə, budaq cümlə paralel şərt budaq cümləlidir: Əgər səni hasardan aşağa orğanla salındıracaq olursam, babana-anana sağlıqla varacaq olırsan, bəni bunda gəlüb halallıqla alurmısan? (59) Üç yüz altmış altı alp ava binsə, qanlu keyik üzərinə yüriş olsa, Bəkil nə yay qurardı, nə ox atardı. (104) 4. Baş cümlə sadə, budaq cümlə (xəbər budaq cümləsi) paralel şərt budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir: Ozan, evin tayağı oldur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. (33) 5. Baş cümlə sadə quruluşlu, budaq cümlə (tamamlıq budaq cümləsi) daha mürəkkəb quruluşludur - komponentləri inversiyaya uğramış şərt budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir; şərt budaq cümləsi paraleldir, paralellərdən ikincisi qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə formasındadır və onun da ikinci komponenti şərt budaq cümləlidir: Ayıtdı kim, yer kibi kərtiləyin, topraq kibi savrılayın, qılıcıma toğranayın, oxıma sancılayın, oğlum toğmasun, toğarsa, on günə varmasun, bəg babamın, qadın anamın yüzin görmədin bu gərdəgə girərsəm, - dedi. (90) Bu son cümlədən göründüyü kimi, «Dədə Qorqud»un mühüm üslub xüsusiyyətlərindən biri cümlənin ayıtdı sözü ilə başlanıb, yaxın mə’nalı dedi sözü ilə bitməsidir. Öyrənilmişdir ki, dastanların dilində demək sözü 1183 dəfə, ayıtmaq sözü 816 dəfə işlənmişdir. (47; 336) Sözlərin bu cür əlaqələndirilməsi üsulu dastanların dilində ahəngdarlığı, lirizmi, şe’riyyəti tə’min edən mühüm vasitələrdəndir. Bu, canlı danışıq dilinin, dastan söyləmə üsulunun real göstəricisidir. Təbii ki, bunların hər birini ayrıcı bir baş cümlə hesab etmək olmaz. Bunlar eyni bir budaq cümlə - tamamlıq budaq cümləsi tələb edir və ona görə də təhlil zamanı bunlardan birinin - birincisinin nəzərə alınması kifayətdir. Məsələn, Aydır: Mərə kafər, Dədəm Qorqud qopuzı hörmətinə çalmadum, - dedi, - əgər əlündə qopuz olmasaydı, ağam başiçün, səni iki parə qılurdım,-dedi. (114) - cümləsi aydır sözü ilə başlamış, dedi sözü ilə bitmişdir. Hələ birinci - daha iri bitkin fasilədən sonra da dedi işlənmişdir. Bunlar birlikdə bir baş cümlədir, qalan hissə tamamlıq budaq cümləsindən ibarətdir. Ortadakı «dedi» sözündən sonra «və» bağlayıcısını işlətmək olar. Bu göstərir ki, budaq cümlə zaman əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir, lakin birinci komponenti sadə, ikincisi şərt budaq cümləlidir. II. Baş cümləsi mürəkkəb quruluşlu olanlar: 1.Mürəkkəb quruluşlu baş cümlənin komponentləri tabesizlik əsasında qurulmuşdur; məs.: Qarşu yatan qara tağdan Bir oğul uçurdınsa, degil mana, külünglə yıqdırayım (73) Çün av yarağı oldı, kim atın ögər, kim qılıcın, kim çəküb ox atmağın ögər. (104) Hər iki misalda budaq cümlələr (şərt və səbəb budaq cümlələri) sadə quruluşludur; baş cümlələr tabesiz mürəkkəb cümlə şəklindədir - ardıcıllıq və zaman əlaqələri ilə birləşmişlər. 2.Mürəkkəb quruluşlu baş cümlənin komponentləri tabelilik yolu ilə əlaqələnmişdir; məs.: Ağca yüzlü anan qarşu gəlüb «oğul» desə, Ağ əlləri ardına bağlu, deyəyinmi? (76) Dölin almaqdan səfan varsa, Şökli Məlik, qara gözli qızın varsa, gətür Qazana ver (49) Qarğarsan, babama qarğa, bu suç, bu günah babamdandır (39) - cümlələrindən əvvəlki ikisi şərt budaq cümləlidir, budaq cümlələr sadədir; birinci misalın baş cümləsi tamamlıq, ikinci misalın baş cümləsi şərt budaq cümləlidir. Son misalda da səbəb budaq cümləsinin aid olduğu baş cümlə şərt budaq cümləlidir. 3. «Kitabi-Dədə Qorqud»un durğu işarələrində bir şərtilik vardır. Dastanlarda sual və nida işarələri cümlə sərhədini göstərməyə deyil, daha çox emosionallığa xidmət edir. Oğlunun gəldiyi xəbər verildikdə Beyrəyin atası sevincini aşağıdakı sözlərlə bildirir: Dilün içün öləyin, gəlincigüm! Sağ-əsən çıqub gəlsə, Qarşu yatan qara tağlar sana yaylaq olsun! Souq-souq suları sana içət olsun! Qulım-xəlayığım sana qırnaq olsun! Şahbaz atlarım sana binət olsun! Qatar-qatar dəvələrim sana yüklət olsun! Ağayılda ağca qoyunım sana şülən olsun! Altun-aqçam sana xarclıq olsun! Dünlügi altun ban evim sana kölgə olsun! Qara başım qurban olsun sana, gəlincigüm!-dedi. (66) Bu parça tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir. Tamamlıq budaq cümləsi isə şərt budaq cümləlidir: Sağ-əsən çıqub gəlsə, Qarşu yatan qara tağlar sana yaylaq olsun,-dedi və ya: Dedi (ki) (oğlum) Sağ-əsən çıqub gəlsə, Qarşu yatan qara tağlar sana yaylaq olsun! Budaq cümlə şərt budaq cümləlidir və şərt budaq cümləsinin tabe olduğu baş cümlə doqquz komponentdən ibarətdir. Baş cümlələrdən sonra qoyulmuş nida işarəsi cümlələrin rabitəsini qıra bilmir, mətn bütövlükdə bir mürəkkəb cümlə kimi dərk olunur. Bu cür hallarda mürəkkəb cümlə bir sintaktik bütövə bərabər olur. Beləliklə, biz «Dədə Qorqud»un dil materialı əsasında Azərbaycan dili sintaksisinin bütün əsas struktur modellərini nəzərdən keçirdik. Söz birləşməsi, sadə cümlə və onun tərkib elementləri, mürəkkəb cümlə və onun quruluş xüsusiyyətləri gözümüz önündən gəlib keçdi. Araşdırmalar prosesində aydın oldu ki, sadə cümlənin quruluş modellərində əsaslı fərq müşahidə olunmur. Əksinə, biz «Dədə Qorqud»un dili ilə müasir ədəbi dilimizin sintaktik quruluşu arasında varislik və kök birliyi, kamil əcdad və zəngin xələf varisliyi görürük. Bu cəhət eyni dərəcədə tabesiz, tabeli və qarışıq tipli mürəkkəb cümlələrə də aiddir. Sonrakı dövrlərdə bu dilin daşlaşmış abidələrində həmin özül əsasında yalnız səlisləşmə, zənginləşmə, təkmilləşmə əlamətləri müəyyənləşdirilə bilər. Müasir dilimizlə quruluş birliyini göz önünə çəkməkdə məqsədimiz «Dədə Qorqud» dilinin müasirliyini, bizim zəmanəmizə yaxın bir dövrdə təşəkkül tapmış olduğunu sübut etmək deyil, dastanların qədimliyini və əks etdirdiyi ilkin feodalizm dövrü dilimizin yüksək inkişaf səviyyəsində olduğunu göstərməkdir. Bu dil 1500-2000 il əvvəl də bu xalqa yüksək səviyyədə xidmət edib - o xalqın, o cəmiyyətin dilinin fonetik sistemi də, lüğət tərkibi də, qrammatik quruluşu da əsrlərin sınağından çıxa bilməyən bir sıra elementlərini tərk etsə də, özünü əsaslı və mükəmməl şəkildə mühafizə edib saxlayıb və yad tə’sirlərdən qorxmadan təbii inkişaf yolu ilə irəliləyib. Bu dil Həsənoğlunun qəzəl dilindən dəfələrlə kamil, təbii və orijinaldır. Bu dildə yad elementlər azdır və olanlar da köçürmələr prosesinin, katib əməliyyatının məhsuludur. Əgər bu dastanların 1300 illiyi rəsmi qeyd və təsbit olunursa, deməli, ən azı 2000 illik və daha çox yaşı var. Dastanların sintaksisi elədir ki, köçürmələr prosesində heç bir katib onu ciddi dəyişmələrə mə’ruz qoymamış, zədələyə bilməmişdir. Bütün bu mülahizələrlə bu fikirdəyik ki, dastanlar birinci minilliyin ortalarının yazı dili nümunəsidir. Dastandakı obrazlarda şumerlərin, arattalıların, kutilərin, lulluların, turukkilərin, mannalıların, madayların, albanların, atropatenalıların ruhu və nitqi yaşayır. «Dədə Qorqud» bizim üçün ona görə qiymətlidir ki, beş min il əvvəldən başlayaraq babalarımızın tək-tək kəlmə-incilərini axtardığımız bir zamanda bizi miladın birinci minilliyinin ortalarında, peyğəmbər zamanına yaxın bir vaxtda birdən-birə nəhəng və misilsiz bir xəzinə üzərinə gətirib çıxarır. Miladdan əvvəlki üç min illik yolda səpələnmiş və parlaqlığı ilə yad mühitdə işıq saçan kəlmə-incilər bizi bu xəzinəyə doğru sürükləyib. Deməli, bu xəzinənin əsil mənbəyini tapmaq üçün tarixin böyük yoluna səpələnmiş həmin inciləri yığa-yığa uzaq keçmişə üz tutmaq lazım imiş. Biz də o yolda olduq, bacardıqca o xəzinəyə doğru yol getdik, o xəzinədən uzaqlaşdıqca ona daha çox yaxınlaşmış olduq... VI fəsil YAZILI ƏDƏBİ DİLİN TƏŞƏKKÜLÜ (IX-XII əsrlər) VI fəsil - IX-XII əsrlərdə ədəbi dilin təşəkkülünü şərtləndirən amillər Cəsur sərkərdə və böyük dövlət xadimi Babəkin 20 illik mübarizəsi məğlubiyyətlə nəticələnsə də, mə’nəvi cəhətdən qələbə çalan Xürrəmilər Xilafətə güclü zərbə vurdular və onu sarsıtdılar. IX əsrdə Xilafətin asılılığında olan ölkələrdə azadlıq mübarizəsi gücləndi. Azərbaycanda, İranda, Suriyada, Orta Asiyada yerli feodal dövlətləri yaranmağa başladı. Azərbaycan ərazilərində bir-birinin ardınca meydana çıxan Şirvanşahlar, Şəddadilər, Sacilər, Salarilər, Rəvvadilər dövlətləri belə feodal dövlətlərindən idi. Şirvan Məzyədilər dövlətinin (861-1108) əraziləri şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə hüdudlanırdı. Cənubda əsas sərhəd Kür çayı olsa da, bə’zən ərazilər Araza qədər uzanırdı. Paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövlətinin (889-942) əraziləri Azərbaycanı və Ərməniyyəni əhatə edirdi. X əsrin ortalarında mərkəzi Gəncə şəhəri olmaqla Şəddadilər dövləti (971-1088) yaranmışdı. Bunlardan əlavə, tarix kitablarımızda Salarilər (942-981) və Rəvvadilər (981-1065) haqqında da müstəqil dövlətlər kimi mə’lumat verilir (4; 273-286), lakin bunlar, əslində, Sacilər dövləti ərazisində sülalə dəyişikliyi ilə dövlətin davamı idi və beləliklə, daha xırda feodallıqları nəzərə almasaq, Azərbaycan ərazilərində Şirvanşahlar, Sacilər (Salarilər, Rəvvadilər) və Şəddadilər dövlətləri yaranmışdı. XI əsrin sonu, XII əsrin əvvəlində Səlcuqların gəlişi ilə bu dövlətlərin varlığına son qoyuldu. Onların süqutu dalbadal 43 ilin müddətində olmuşdur. XI əsrin ortalarında Oğuzlardan ibarət olan Səlcuq türkləri Xəzərin cənubu ilə hərəkət edərək, Türküstandan Aralıq dənizinə, Dərbənddən Fars körfəzinə qədər böyük bir ərazidə qüdrətli Səlcuq dövləti (1038-1157) yaratdılar. Səlcuqlar 1055-ci ildə Xilafətin paytaxtı Bağdadı işğal edərək siyasi hakimiyyəti ələ aldılar. Lakin cəmi 119 il duruş gətirən Səlcuq imperiyası da ömrünü başa vuraraq, öz yerini Azərbaycan Atabəylər dövlətinə (1136-1225) verməli oldu. Atabəylər dövründə Şirvan öz müstəqilliyini saxlamağa, qorumağa çalışmış, Arran və bütün cənub torpaqları Atabəylərin idarəsi altında olmuşdur. Qızıl Arslan 1190-cı ildə Səlcuq sultanı Sultan Toğrulun hakimiyyətinə son qoymaqla Azərbaycanın tam müstəqilliyinə nail olmuşdur. Nəzərdən keçirdiyimiz dövrdə Azərbaycanın ictimai-siyasi vəziyyəti belə idi. Səlcuqlar feodal dövlətlərini ləğv etdikdən sonra Azərbaycanın şimalı ilə cənubu eyni mərkəzdən idarə olunurdu. Atabəylər dövründə bu birlik daha da möhkəmləndirilmişdi və beləliklə, monqol işğalı ərəfəsində cənubla şimal birlikdə idi. İbn əl-Əsir (1165-1234) «Əl-kamil fi-t-tarix» («Mükəmməl tarix») əsərində göstərir ki, «Təbrizin əsl hakimi Özbək ibn-Pəhləvan... fəaliyyətsiz bir əmir idi. Azərbaycan və Arran tamamilə onun ixtiyarında idi». (5; 143) Oğuzların XI əsrin əvvəllərində Ön Asiyaya axını sərkərdə Səlcuqun adı ilə bağlıdır. X əsrin ortalarında uyğur asılılığından xilas olan oğuzların Qaracuq dağından Xəzərə qədər böyük bir ərazidə yaratdıqları dövlətə Yabğu (hökmdar) dövləti deyilirdi. X əsrin sonlarında qıpçaqların basqını Yabğu dövlətinə son qoydu. Səlcuq Yabğunun yanında sərkərdə (subaşı) idi. O, Yabğudan ayrılıb Sır-Dərya ətrafında məskən salmış, ətrafına yığılan 30 tayfa onun adı ilə Səlcuqlar adlanmışdır. Səlcuqun nəvəsi Toğrulun zamanında (1038-1063) səlcuqlar daha da güclənmiş, İranı, Zaqafqaziyanı, İraqı, Suriyanı, Anadolunu işğal edərək qüdrətli bir Səlcuq dövləti yaratmışlar. (7; 32) Yanlış konsepsiyanın yanlışlığı səlcuqların bu hərəkatı, bu gəlişi ilə bağlıdır. İddia edirlər ki, yerli «irandilli» əhali oğuzların məhz bu gəlişi ilə öz dillərini itirmiş və türkləşmişdir; Azərbaycanda türk mənşəli dilin tarixi Səlcuqlarla başlanır, monqolların gəlişi türkləşmə prosesini gücləndirmişdir və s. Bu cür mülahizə Azərbaycan xalqının etnik inkişaf tarixini qeyri-elmi şəkildə izah etməklə, həm də səlcuqların rolunu hədsiz dərəcədə şişirtmiş olur. Səlcuqların Azərbaycana əsaslı gəlişi XI əsrin 50-ci illərinə - Səlcuq dövlətinin başçılarından sultan Toğrulun zamanına təsadüf edir. Toğrul Azərbaycana gələn kimi Şəddadi hakimi Şavir və Rəvvadi hakimi Vəhsudan xərac verməklə ölkələrini müharibədən xilas edirlər. Toğrul dərhal Ərməniyyəyə hərəkət edir, oranı işğal etdikdən sonra Bağdada yönəlib 1055-ci ildə Xilafətin paytaxtını tutur və siyasi hakimiyyəti öz əlinə alır. Onun ardınca hakimiyyətə keçən qardaşı oğlu Alp Arslan (1063-1072) Şəddadiləri və Şirvanşahları da vassal asılılığı ilə idarə edir, üsyanları yatırmaqla məşğul olur, Ərməniyyə və Gürcüstan ərazilərinin işğalı ilə məşğul olur, 1071-ci ildə Malazgird şəhəri yaxınlığında Bizans orduları ilə müharibə aparır və qalib gəlir, Kiçik Asiyanın xeyli hissəsini ələ keçirir. Alp Arslanın oğlu Məlikşah (1072-1092) Şəddadilərin hakimiyyətinə son qoyur, Şirvandan güclü xərac alır və başqa ərazilərdə işğalçılıq müharibələri aparır. Məlikşahın oğlanlarının (Börküyarıq, Məhəmməd, Sultan Səncər) vaxtında Səlcuq imperiyası bir neçə yerə parçalanır, tənəzzül edir və məhv olur. Bu qısa icmaldan göründüyü kimi, səlcuqlar, başlıca olaraq, ordu şəklində idilər və bir yerdə məskən salıb oturmurdular, daim işğalçılıq müharibələri aparır, yerli üsyanları yatırmaqla məşğul olurdular. Onlar nə qədər idilər ki, bütün cənubi Qafqazı, Azərbaycan, Aran, Şirvan ərazilərini türkləşdirə idilər. 119 il ömür sürən bu imperiya yerli əhalinin dilini nə cür dəyişə bilərdi? Doğrudur, bu ərazilərdə türk dilinin üstün mövqeyə yüksəlməsində, qol-qanad açmasında səlcuqların mə’nəvi rolu olmuşdur, lakin Azərbaycan türk dilinin formalaşması onların xidməti ilə bağlı deyildir. Azərbaycanda türk dilinin tarixini vərəqləyə-vərəqləyə gördük ki, türklər Azərbaycanın ən qədim və əzəli sakinləridir. Azərbaycan türk dilinin təşəkkülünü Səlcuqların boynuna bağlamaqla bu dilin ondan əvvəlki dörd min illik inkişaf yolunun üzərinə qara pərdə çəkmək olmaz. Mə’nasız söhbətdir və tarixçilər özləri də artıq həqiqəti dərk etmək və söyləmək iqtidarındadırlar: «Oğuzların mənbələrdə qeyd edilmiş 24 tayfasından bə’zilərinin (Əfşar, Bayandur, Bəydili, Qayı, Bayat, Eymur, Çəpni, Xələc və b.) adlarını əks etdirən toponimlər Azərbaycanın hər iki hissəsində vardır. Lakin onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həlledici rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur». (11; 205) Səlcuq dövləti daxilində olduğu kimi, Atabəylərin hakimiyyəti illərində də (1136-1225) Azərbaycan və Aran birlikdə idi. Əslində, Makedoniyalı İskəndərin, Parfiya dövlətinin, Sasanilərin, Ərəb Xilafətinin, Səlcuqların və Atabəylərin idarəsi altında Aran və Azərbaycan əraziləri daim bir olmuş, az müddət ərzində davam edən kiçik və nisbi müstəqil feodal dövlətlərini nəzərə almasaq, bir-birindən ayrı düşməmiş və yazılı ədəbi dil tam təşəkkül tapana qədər böyük bir dövrdə birgə həyat yolu keçmişlər. İqtisadi, siyasi və mədəni sahədə milli birlik yaranmış, bir-birini cəzb edən iki peyk kimi enişli-yoxuşlu yollar keçərək, 2500 il əvvəl bir-birinə qovuşmuş, minillikləri birlikdə yola salmışlar. Türk xalqı öz tərkibindəki tatları, talışları, kürdləri, ləzgiləri və başqa qafqaz və irandilli xalqları öz doğmaları saymış, daim onlarla bu yerin doğma övladları kimi davranmışdır. I minilliyin birinci yarısında bütun tarixi proses Azərbaycan xalqının və onun dilinin təşəkkülünü başa çatdırmışdır. Sonrakı 500 illik dövr şifahi və yazılı ədəbi dilin təşəkkülü və cilalanması dövrüdür. Bunu ictimai-siyasi quruluş, ərazi və iqtisadi həyat birliyi, din və dil birliyi, etnik birliklə yanaşı, başqa amillər də şərtləndirirdi. Türk dili geniş ərazidə yayılmışdı, Ön Asiyanın böyük bir hissəsini, Cənubi Qafqazı, Anadolunun şərq əyalətlərini əhatə edirdi. Ə.Dəmirçizadə sərhədlərini daha dəqiq təsvir etmişdir: «Bu dövrdə (IX-XII əsrlər arası - Q.K.) hətta Dərbənd - Tehran - Bağdad və Şərqi Anadolu dairəsində ümumiləşmiş halda işlədilən dil, demək olar ki, vahid türk - Azərbaycan dili idi». (8; 73) Ə.Dəmirçizadə Azərbaycan şifahi ədəbi dilinin təşəkkülünü bir qədər sonrakı dövrə aid edərək yazır: «Beləliklə, aydın olur ki, Azərbaycan ədəbi dilinin şifahi qolu yazılı qolundan əvvəl, təqribən VIII-X əsrlərdə formalaşmış(dır)». (8;75) Əgər tarixi faktlar Azərbaycan xalqının təşəkkülünü III-V əsrlərə aid edirsə, onun şifahi qolunun təşəkkülü də bu dövrdən başlanmışdır. V əsrdən VIII əsrə qədərki 300 illik dövrü bir boşluq kimi təsəvvür etmək qeyri-mümkündür. Əksinə, VI-VIII əsrlər Azərbaycan şifahi ədəbi dilinin ən intensiv inkişaf dövrü sayıla bilər. Gələcəkdə əldə ediləcək faktlar göstərəcəkdir ki, hətta bu dövrün ortaları («Albaniya tarixi»nin yarandığı dövr) yazılı ədəbiyyatın təbii nümunələrinin yarandığı dövr olmuşdur. Bunu M.Mahmudovun VII-XII əsrlərin ərəbdilli Azərbaycan şair və ədəbiyyatşünaslarının tədqiqindən aldığı təəssürat əsasında Ə.Dəmirçizadənin öz sözləri də təsdiq edir: «Demək olar ki, azərbaycanlılar arasından çıxan və öz dövrünə görə mükəmməl təhsil almış olan xüsusi ziyalılar təbəqəsi VIII-XI əsrlərdə artıq təşəkkül tapmış, ərəbcə, farsca, hətta türki dildə - azərbaycanca yazan şair və alimlər də yetişmişdi». (8;79) Ümumiləşmiş halda demək olar ki, VI-VIII əsrlər arasında tam təşəkkül tapan Azərbaycan şifahi ədəbi dili IX-XII əsrlərdə yazılı ədəbi dil kimi təşəkkülünü başa çatdırmışdır. Biz ən’ənənin tə’siri ilə bir qədər o tərəfə gedərək belə bir fikir söyləsək də, yazılı və şifahi ədəbi dilin bu cür sərhədlənməsini daxilən narahatlıqla qəbul edirik. «Dədə Qorqud»un 1300 illiyini beynəlxalq miqyasda qeyd etdik. Alimlərimiz və bu dastanlara şərik çıxmaq istəyənlər onun tarixinin daha qədim olduğunu qeyd edirlər (türkmənlər 1500 illiyini keçirmişlər). «Dədə Qorqud» sadə bir əsər olmayıb, son dərəcə kamil bir yaradıcılıq nümunəsidir, dilimizin bütün fonetik sistemi, lüğət tərkibi, qrammatik quruluşu barədə tam təsəvvür yaradan bir mənbədir. Və biz şəxsən bu fikirdəyik və bir qədər əvvəl qeyd etmişik ki, bu kitab ən yüksək yazılı ədəbiyyat nümunələrindən daha yüksək yazılı ədəbiyyat nümunəsidir. «Dədə Qorqud» - kamil ədəbi dil nümunəsidir. Tədqiqatçılar «Albaniya tarixi» kimi VII əsrin qiymətli bir abidəsinin Aran dilindən ermənicəyə tərcümə olunduğunu qeyd edirlər. Bu əsərdən aydın olur ki, Albaniyanın məktəbi də varmış, yazısı da, ədəbiyyatı da. 5 min il əvvəl hekayələr, iri poemalar, dastanlar yaradan şumerlərin sonrakı nəsillərinin bizim birinci minilliyin ortalarında ədəbi dili, bədii və elmi ədəbiyyatı olduğuna şübhə ilə yanaşmaq tarixi həqiqətə göz yummaqdır və ciddi qəbul edilə bilməz. O başqa məsələdir ki, qoruya bilməmişik, əlimizdə yoxdur. Olanları da axtarmamışıq, əldə edə bilməmişik. Lakin, eyni zamanda, əlimizdə «Dədə Qorqud» kimi nəhəng və əzəmətli bir əsər var. Bu əsər ədəbi dilimizin orta əsr mənzərəsi barədə tam təsəvvür yaradır. XIII əsrdən gəlib çatan Həsənoğlu qəzəlləri, «Dastani-Əhməd Hərami» poeması, «Qara məcmuə», «Qisseyi-Yusif» kimi əsərlər o qədər təbii, səlis və ədəbi əsərlərdir ki, hər bir oxucu hiss edə bilər ki, bu əsərlər yarandığı əsrin ədəbi dilinin deyil, neçə əsr əvvəldən başlamış böyük yolun sonrakı məhsuludur. Ərəb işğalı ərəfəsində Azərbaycan xalqının formalaşması müxtəlif türk etnoslarının dilinin ümumiləşməsi, ümumi ədəbi folklor dilinin təşəkkülü prosesi ilə səciyyələnir. Ərəb əlifbası qədim türk əlifbasını, Alban yazısını sıradan çıxarır. Məktəb, mədrəsə təhsili savadlıların sayını artırır. Ərəbdilli elmi ədəbiyyat, farsdilli poeziya azərbaycanlılar arasında geniş yayılır, iste’dadlı alim və şairlər yetişir. Folklor nümunələri qeydə alınır. XI əsrin ortalarında «Dədə Qorqud» kimi bir abidənin yenidən yazıya alınması (1074) folklor nümunələrinin üzünün köçürülməsi prosesinə hələ əvvəlki əsrlərdən başlanmış olduğunu göstərir. Eyni dövrün məhsulu olan M.Kaşğari «Divan»ından (1073-1075) aydın olur ki, türklərdə zəngin folklor nümunələrini qeydə almaq ən’ənəsi qədimdir. Xas Hacib Yusifin eyni dövrün məhsulu olan məşhur «Qutadqu bilik» (1069) poeması böyük məsnəvidir və bu əsərdən əvvəl də belə məsnəvilər olduğuna şübhə yeri qoymur. Bu cür əsərlərin meydana çıxması təbii bir proses idi və bütün bunlar hər bir ərazidə konsolidasiyaya uğramış tayfaların şifahi ədəbi dillərinin yazıda sabitləşməsi idi: «Ədəbi dil - ümumiləşdirilmiş və normalaşdırılmış bir dildir. Belə ümumiləşmə və normalaşma isə əvvəlcə şifahi yolla aparılır və nəticədə, şifahi ədəbi dil yaranmış olur; sonra isə məhz belə şifahi ədəbi dil yazıya köçürüldükdə onun üzərində bir az da yazı tələblərinə uyğun əməliyyat aparılır, beləliklə də ədəbi dil yazıda daha da sabitləşir və qanuniləşir. Bununla da yazılı ədəbi dilin əsası qoyulmuş olur». (8; 75-76) Ömrünü ədəbi dilimizin tarixi üzərində düşüncələrlə başa vuran Ə.Dəmirçizadənin bu tarixi təcrübəsindən aydın olur ki, şifahi və yazılı ədəbi dilin sərhədləri böyük deyil. «Yazı tələblərinə uyğun» əməliyyat şifahi ədəbi dil ilə yazılı dil arasında fonetik sistemi, leksik formalaşmanı, sintaktik strukturu dağıda biləcək fərqlər yaratmır. Şifahi ümumiləşmə yazılı ədəbi dil üçün hazır məqamdır. Birincidən o birinə keçid üçün ciddi əməliyyata, yeni dil strukturlarına ehtiyac yoxdur. Ona görə də yazılı ədəbi dil əksərin şifahi ədəbi dil ilə birlikdə, birinci ikincinin içərisində yetişir. Şifahi ədəbiyyat nümunəsi sayılan hər bir əsərin müəllifi «itdikcə», unudulduqca o əsər daha çox şifahiləşir, folklorlaşır. «Dədə Qorqud» isə elə bir yaradıcılıq nümunəsidir ki, onu bu şəkildə yalnız yazı vasitəsi ilə mühafizə etmək və əsrdən əsrə ötürmək olardı. Yazının tarixi isə çox qədimdir və ölkəmizin ərazisində hər biri bir ömür yaşamış kutilərin, lulluların, kasların, mannalıların, madalıların, albanların, atropatenalıların yazısı olmuşdur. Türklərin hələ eradan əvvəl runi yazıları var idi və onlar birinci minillikdə bu əlifba ilə misilsiz abidələr yaratmışlar. Türklər uyğur əlifbasından da geniş istifadə etmişlər. Minilliklər boyu müxtəlif yazı ən’ənələri yaranmış və əksər mədəni xalqlar əsasən eyni inkişaf mərhələlərini keçməklə, bir-birindən yazı mədəniyyətini əxz etmişlər. Lakin xalqın yaranması ilə meydana çıxan yazı tamamilə yeni keyfiyyətli yazı sayılır. Bu yazı ümumxalq dilinə xidmət etdiyi üçün əvvəlki tayfa məhdudiyyətlərindən azad olmaqla ümumxalq dilinə xidməti ilə səciyyələnir. Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin təşəkkülünün başa çatdığı bir dövrdə meydana çıxan ərəb əlifbası bu dilin fonetik xüsusiyyətlərinə uyğun olmasa da, tədricən türk dilinə uyğunlaşmaqla şifahi ədəbi dil nümunələrinin yazıya köçürülməsi üçün əlverişli zəmin yaratmışdır. Sasanilər dövründə fars dilindən, Xilafətin hakimiyyəti illərində ərəb dilindən ölkəmizin ərazisində rəsmi dövlət dili kimi istifadə edilmişdir. Lakin bunlar Azərbaycan yazılı ədəbi dilinə aid olmayan məsələdir. Çox qədim dövrlərdən başlayaraq müxtəlif qəbilə və tayfa dillərinə aid olan yazılar da ümumxalq Azərbaycan yazılı ədəbi dili anlayışına daxil edilmir. Bunlar xalqın, ümumxalq dilinin təşəkkülündən əvvəlki mərhələdir. Ə.Dəmirçizadə bu cəhəti çox aydın şərh etmişdir: «Azərbaycan yazılı ədəbi dili dedikdə, biz ümumxalq Azərbaycan dili əsasında yaradılmış bir yazılı dili başa düşməliyik. Buna görə də biz burada qəbilə, tayfa dillərindən, həmçinin qədim dövrlərdə bu və ya digər bir tayfanın dili əsasında qurulmuş olan yazı dilindən və eləcə də gətirilmə yazılı dillərdən bəhs etməyəcəyik». (8; 77) Yə’ni bütün bunlar o deməkdir ki, düşünmək olmaz ki, Azərbaycanda yazı, yazılı ədəbiyyat ilk dəfə V-XII əsrlərdə təşəkkül tapmışdır. Lap qədim dövrlərdən Azərbaycanda yazı da olmuşdur, məktəb də, təhsil sistemi də, elm və incəsənət də. Lakin ən’ənəvi olaraq ümumxalq dilinin təşəkkülü və ədəbiləşməsi xalqın özünün təşəkkül və inkişafı ilə birlikdə mümkün sayılır. Tarixçilərin gəldiyi qənaət isə Azərbaycan xalqının təşəkkülünü eramızın III-V əsrləri ilə bağlayır. (4; 209-235) «Dədə Qorqud» da bu dövrdən görünməyə başlayır (VI əsrdə Ənuşirəvanın saray kitabxanasında «Dədə Qorqud» boylarının olduğu barədə mə’lumatı unutmamalı). (41; 56) Bu cür nəhəng abidə birdən-birə yarana bilməzdi. Eyni zamanda, «Dədə Qorqud» tək ola bilməzdi. Dediyimiz kimi, o başqa məsələdir ki, qoruyub saxlaya bilməmişik və əlimizə keçən qədim yaradıcılıq nümunələri «Dədə Qorqud»la XIII əsr arasında böyük boşluq yaradır. Tarixi araşdırmalar göstərir ki, XI-XII əsrlər Azərbaycan türk elminin, türk poeziyasının ən yüksək inkişaf mərhələlərindən olmuşdur. Bu yüksəlişə dövlət quruculuğu, təsərrüfatın və sənətkarlığın, şəhərlərin və şəhər mədəniyyətinin inkişafı və bir sıra başqa amillər imkan yaradırdı. Ən’ənəvi «ərəb, fars elm, poeziya dili» tilsimlərindən qurtarmaq çətin olsa da, ozanların qədimdən davam etdirməkdə olduqları türk folkloru, türk varlığı bu dövrdə el şairlərini, klassik poeziya nümayəndələrini oyadır, vətənpərvərlik hissləri, türk-azəri dilinin sadəliyi, şirinliyi, milliliyi tədricən yad dillərin üstün mövqeyini əyməyə, sındırmağa başlayır. Tədricən gəlmə dillərə deyil, həmin dillərdən alınmalara da şüurlu tənqidi münasibət güclənir. Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Bakı, Şamaxı, Beyləqan kimi iri ticarət, sənətkarlıq mərkəzlərində təsərrüfatla yanaşı, şəhər həyatı, sənət və sənətkarlıq inkişaf edir. Dəmirçilik, dülgərlik, toxuculuq, dərzilik, ipəkçilik, misgərlik, zərgərlik, bənnalıq, boyaqçılıq, sərraclıq, papaqçılıq, xalçaçılıq, dabbaqlıq, silahqayırma kimi sənət sahələri yenidən qurulur. Bu sahələrə aid xüsusi sözlər əksəriyyət e’tibarilə ana dilinə məxsus idi. Xarici bazarlara neft, ipək, pambıq, duz, meyvə, balıq, ədviyyat və s. göndərilirdi. Şəhər həyatının sür’ətli yüksəlişi elmin, mədəniyyətin inkişafına səbəb olurdu. Azərbaycanın bir sıra paytaxt şəhərlərində - Gəncədə, Təbrizdə, Şamaxıda məhz bu dövrdə elmi mərkəzlər yaradılır. «Mənbələrin mə’lumatına görə, Şirvanşahların və İldənizlərin saraylarında dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiətşünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və fars ədəbiyyatı və b. sahələrdə böyük müvəffəqiyyət və uğurları olmuş, bir çoxları müsəlman mədəniyyət və elminin ən gözəl xadimləri kimi tanınmışdır.»(10; 147) Elm və bilik sahibləri Şərqin Qahirə, Bağdad, İskəndəriyyə kimi iri şəhərlərində təhsil alır, ərəb dilində qiymətli elmi əsərlər yaradırdılar. Böyük filosof Bəhmənyar (- 1066), ədəbiyyatşünas alim və şair, «Nizamiyyə» mədrəsəsinin müəllimi Xətib Təbrizi (1030-1109), sufi filosof Şihabəddin Sührəvərdi (1145-1234) və b.-nı xüsusi qeyd etmək olar. Qətran Təbrizi, Əbül Üla Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi böyük sənətkarlar XI-XII əsrlərin yetirmələri idi. Bu dövrdə Azərbaycan poeziyası, Azərbaycan elmi ən yüksək zirvələri fəth etmişdir. Lakin elmi əsərlər əksərən dövrün elm dili sayılan ərəb dilində, yüksək poeziya nümunələri isə dəbdə olan fars dilində yazılırdı. Yerli ərəb və fars əsilli bir sıra hakimlər xalqın səviyyəsinə enmək istəmir, türk dilini öz şah nəcillərinə yaraşdırmırdılar. Lakin tarix öz işini görürdü: elmin də, sənətkarlığın da, poeziyanın da, şəhər həyatının, təhsilin, məktəbin inkişafı da Azərbaycan türk dilini tələb edir, türk dilinə ehtiyacı artırırdı. Rəsmi dövlət dili kimi işlədilən yad dillər ümumi inkişafa mane olurdu. Təhsilin, tərbiyənin açarı ana dili olmadıqca irəliləmək də çətin idi. Varlı və tavanalı beş-on nəfərlə iş bitmir, ərəb və fars dilləri bütün təbəqələrin, o cümlədən aşağı və orta təbəqə nümayəndələrinin inkişafını tə’min edə bilmirdi. Müxtəlif sənət sahələrinə aid bütün xüsusi sözlər xalqın öz dilində idi. Geniş kütlə yalnız öz dilində təhsil almaqla inkişafa qoşula bilərdi. Əbu Əli ibn Sina, Biruni, əl-Təbəri, əl-İstəxri, Məs’udi, Bəhmənyar, Rudəki, Firdovsi kimi mütəfəkkir alim və şairlərin yaradıcılığı göstərir ki, X-XII əsrlərdə islam dininin yayıldığı Şərq ölkələrində elm və məktəb yüksək inkişaf səviyyəsində olmuşdur. Şəhər məscidlərinin yanında iri mədrəsələr fəaliyyət göstərirdi. Bundan əlavə, mollaxanalar da vardı. Mollaxana və mədrəsələrdə şəriət dərsləri ilə yanaşı, nücum, fəlsəfə, məntiq, ədəbiyyat, təbabət, ərəb dili, fars dili də öyrədilirdi. Təhsil dili yad dil olsa da, təbii ki, ana dilindən istifadəsiz keçinə bilməzdi. Ərəb və fars dillərindən ana dilinə ilk tərcümə lüğətləri, ilk cib lüğətləri mollaxana və mədrəsələrdə yaranmışdır.(8;80-81) Yerli ziyalılar öz ana dillərində şe’rlər yazır, yavaş-yavaş folklor nümunələrini yazıya alırdılar. Özündən neçə yüz il əvvəl yaradılmış belə folklor nümunələrinə M.Kaşğarinin lüğətində rast gəlirik: Gög bulutlandı, Gün tutundi. Tağ tağa qavuşmas, Kişi kişigə qavuşur.(8; 82-83) Bunlar anadilli poeziyanın cəsarət tapıb irəli çıxdığını göstərir. Artıq VII-VIII əsrlərdən ərəbdilli mənbələrdə Azərbaycan toponim, etnonim və antroponimlərinin yazılış tərzi sabitləşməyə başlayır. Təkcə ibn Xordadbehin (IX əsr) «Yollar və ölkələr kitabı»nda Beyləqan, Bərdə, Qəbələ, Arran, Şarvan, Ərciş, Ərdəbil, Azərbaycan, Marağa, Təbriz, Muğan, Bəzz, Şirvan və s. kimi yüzlərlə yer adının yazılışı bu cür sözlərin ərəb əlifbası ilə orfoqrafiyasında heç bir çətinlik olmadığını, ərəb əlifbasının artıq türk ifadə tərzinə uyğunlaşmış olduğunu göstərir. Tədqiqatçılar çoxdan müəyyənləşdirmişlər ki, XI-XII əsrlərin farsdilli Azərbaycan poeziyasında ana dilinə məxsus xeyli söz işlənmişdir. Qətran Təbrizidə tağ, dağ, çöp, çanağ, bəkməz, çuval, yun, ayağ, Xaqaninin əsərlərində uşaq, əkmək (çörək), aqça, tari, yalavac və s. kimi xalis türk sözlərinə rast gəlmək olur. Nizami öz məsnəvilərində xatun, ozan, muncuq, qlavuz, xan, sacaq, yaylaq, tutmac, alaçuq, gərdək, qırmızı (45;1942), amac, baba, bəyrəq, bilək, bitik, börk, çabok, çavuş, ər, qarı, həncəri, xaqan, güc, oraq, taş, təniz, toğan, tuq, yağı, yağma, alaq və s. kimi 100-ə qədər türk sözü işlətmişdir. (43; 84-222) Farsdilli ədəbiyyatın dilində -laq (yaylaq), -daş (xacətaş), -çi (miyançı), -iş (çaliş), -aq (sancaq), -uq (tutuq), --mac (tutmac) və s. milli morfoloji əlamətlərə rast gəlirik. (23; 32-35) Bu cür araşdırmalar da əhəmiyyətlidir və dövrün fars və ərəbdilli ədəbiyyatını daha ciddi nəzərdən keçirməklə daha zəngin dil faktları müəyyənləşdirmək olar. Lakin «Dədə Qorqud» kimi bir abidə olan yerdə bu cür axtarışlar yalnız bir sıra köməkçi vasitələri üzə çıxara bilir. T.Hacıyevin fikrincə, «Dədə Qorqud»un dili yazıyaqədərki dövrün, bilavasitə isə XI əsrin dil xüsusiyyətlərinin təsəvvürünü verir» (23; 51) və: «Deməli, əslində, Azərbaycan dilinin yazılı dövrünü XI əsrdən başlamalıyıq. Əlimizə ancaq XV əsr nüsxəsi gəldiyi üçün abidəni şərti qəbul etdiyimiz (XIII əsrlə müqayisədə) yazıyaqədərki dövrün faktı kimi nəzərə alırıq». (23; 45) Bunlar göstərir ki, bölgülərimizin hamısında bir şərtilik vardır. Yaxşı bilirik ki, ədəbi dilimizin tarixi azı birinci minilliyin ortalarından başlayır, əlimizdə bir parça sənəd olmadığı üçün çabalaya-çabalaya qalmışıq. «Dədə Qorqud» «Kitab» adlanır. Kitab daha çox yazılı ədəbiyyat nümunəsidir. «Dədə Qorqud kitabı»nın tarixi isə çox qədimdir. Bu əsər ikinci minilliyin ortalarına qədər doğulduğu dilin materialı əsasında qismən təkmilləşdirilib, cilalanıb, «Kitab»a yeni boylar artırılıb, boyların canına islam ayinlərini hopdurmağa çalışıblar. Lakin bu əlavələrin heç biri dastanların dilini hələ XIII-XV əsrlərin poeziya dili qədər ərəb, fars söz və tərkibləri ilə ağırlaşdıra bilməyib. Dastanların dilində saflıq, təmizlik əksərən ilkin yaradılış dövründə olduğu kimi qalıb. Bu dil Sasanilərin tənəzzülə uğradığı, Xilafətin geniş fəaliyyətə başladığı dövrün dil xüsusiyyətlərini mühafizə edir. Hələ nə ərəb, nə də bir qədər sonra güclənən farsdilli poeziya, bədii yaradıcılıq ən’ənəsi bu əsərə öz gücünü tam göstərə bilib. Düşünmək olur ki, ərəb və fars elementləri də, islam ayinləri də dastanlara XI-XV əsr üzköçürmələri prosesində hopdurulub. Dastanların şe’r texnikası daha çox alliterasiyaya əsaslanır. M.Kaşğarinin divanındakı şe’rlərdə heca vəzni üstündür. T.İ.Hacıyevin özünün də müşahidə etdiyi (23; 53) bu hal dastanların Kaşğaridən neçə yüz il əvvələ aid olduğunu sübut edir. Bütün bunları nəzərə almaqla dastanların dilini VI-VIII əsrlərin ədəbi dili faktı kimi təhlil etmək olar. Bu dil qüsursuz bir ədəbi dil nümunəsidir, XIII-XV əsrlər Azərbaycan ədəbi dilindən dəfələrlə saf və təmiz Azərbaycan türk dilidir. Bu cəhətə əsasən də biz dastanların dilinin sintaktik quruluşu üzərində geniş dayanmalı olduq (əvvəlki fəslə baxmalı). Ə.Dəmirçizadə və T.Hacıyev bir sıra faktlar əsasında XI-XII əsrlərdə Azərbaycanda yazılı ədəbi dilin təşəkkül tapdığını sübut etmişlər. Qeyd etdiyimiz kimi, yazılı ədəbi dil ümumxalq dili əsasında formalaşmış şifahi ədəbi dilin yazıda sabitləşməsi deməkdir və bir çox dəlillər göstərir ki, IX-XII əsrlərdə dilimizdə artıq bu cür sabitləşmə mövcud idi. V.V.Bartold XI əsrin böyük türkoloq alimi M.Kaşğarinin belə bir fikrini şərh etmişdir ki, Ön Asiyada türklərin öz dillərində zəngin poeziyası mövcuddur, həm də bu poeziya yalnız xalq yaradıcılığı ilə məhdudlaşmır, onların (Ön Asiyada yaşayan türklərin - azərilərin) sün’i ədəbiyyatı da var. Bu məsələdə T.Hacıyev çox düzgün şəkildə iki cəhətə diqqət yetirmişdir: o zamanlar hələ «Türkiyədə - Anadoluda türk dili fəaliyyət göstərmirdi» və «Ön Asiya türkcəsi deyiləndə Azərbaycan ərazisindəki dil nəzərdə tutulurdu; digər tərəfdən, müəllif çox doğru fikirləşir ki, «sün’i ədəbiyyat anlayışında yazılı ədəbiyyatı qavramalıyıq». (43; 32) Kaşğarinin dövründə və bir qədər sonralar da Anadoluda və hətta Türkmənistan ərazilərində də işlənən dilin «türk dili» adı ilə tanınan Azərbaycan dili olduğunu bir sıra mənbələrə əsaslanaraq daha əvvəllər Ə.Dəmirçizadə qeyd etmişdir. Azərbaycan yazılı ədəbi dili XI-XII əsrlərdə tam formalaşmış olduğu üçün yazı ən’ənələri ilə ətraf türk xalqlarına, o cümlədən Anadolu türklərinə ilkin ədəbi dil kimi xidmət etmişdir: «Azərbaycan ədəbi dili XIII əsrin sonlarında və XIV əsrdə Şərqi Anadoluda yetişən bir çox şairlərin şe’r dili kimi işlədilmiş və bu dildə yazılan şe’rlər osmanlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilkin örnək olmuşdur.» (8; 89) Avropa şərqşünasları da XIII-XIV əsrlərdə Anadoluda yaşayıb-yaratmış şairlərin dilinin osmanlı dilindən fərqli bir dil olduğunu göstərmişlər. Ə.Dəmirçizadə yazır ki, «Diqqətli yoxladıqda aydın olur ki, həmin dil o zaman Anadoluda işlədilən və türki adı ilə tanınan Azərbaycan dilidir». «Bu dil uzun müddət türkmənlər arasında da ədəbi dil kimi işlədilmişdir». (8; 89) Bizim dil tarixinə yaxşı bələd olmayan, keçmişi bilməyən bir sıra alimlərimiz isə iddia edirlər ki, Azərbaycan dili ilə Anadolu türklərinin dili XVI (və bə’zən ifratla XVIII) əsrə qədər fərqlənməmişdir. Azərbaycanda Azərbaycan türklərinin tarixini hunlardan o tərəfə görməmək bir, bu dediyimiz ikinci böyük tarixi təhrifdir. Azərbaycan ərazilərində türklər neçə minillik yol gəldikləri halda, Azərbaycan dili artıq ədəbi dil kimi tam yetkinləşmiş olduğu bir dövrdə türklər Anadolunu işğal ilə məşğul idilər. Ona görə də bu dilləri (Azərbaycan türk ədəbi və yeni yaranan osmanlı dillərini) eyniləşdirmək olmaz. Heç kəs Yunus Əmrə haqqında «Azərbaycan şairi», Həsənoğlu haqqında «osmanlı şairi» ifadəsini işlətmir. Osmanlı türkü «Dastani-Əhməd Hərami»ni oxuyur, üzərində yazır ki, «Azəri dilindədir». Amma bizim «türkoloqlar» azəri dili ilə osmanlı dilinin XVIII əsrə qədər fərqlənmədiyini iddia edirlər. Ümumi leksik-qrammatik türk strukturu ilə fərdi azəri-osmanlı əlamətlərini və fərqli inkişaf tarixlərini qiymətləndirə bilmirlər. Ən ümdəsi isə tarix e’tibarilə biri o birinin kötücəsi olanları yaşıd hesab edirlər. Bu cür «türk vətənpərvərliyi» Ön Asiyada türkün tarixini bilməməkdən və ya qəsdən saxtalaşdırmaqdan irəli gəlir. Ə.Dəmirçizadə əldə olan faktları və xüsusən Həsənoğlunun şe’r dilini nəzərdən keçirərək bu qənətə gəlmişdir ki, bu dil (Həsənoğlunun işlətdiyi ədəbi dil) XIII əsrdən çox-çox əvvəl formalaşmışdır. Həsənoğlunun sənətkarlığına bələd olan şəxs düşünə bilməz ki, İzzəddin Həsənoğlu bizim ilk milli türk şairimizdir. Onun şe’r üslubu və dili yeni yaranan ədəbi dil təcrübəsindən tamamilə fərqli, cilalanmış bir ədəbi dildir. «Buna görə də belə səlis, əlaqəli və ahəngdar bir şe’r dilini ilk ədəbi dil nümunəsi saymaq nəinki doğru deyil, hətta mümkün deyil...» (8; 88) Qətran Təbrizini, Əbül Ülanı, Xaqanini, Məhsətini, Nizamini yetirən mühit türk ədəbiyyatına laqeyd ola bilməzdi. Ola bilməzdi ki, bu qədər böyük sənətkarlar doğma ana dilində söz deməyi özlərinə yasaq bilsinlər. Ola bilməz ki, insan bütün hisslərini yad dildə ifadə etməyə çalışsın, öz ana dilinin atalar sözlərini, məsəllərini, ağılarını, bayatılarını, nağıl və dastanlarını, ana dilinin şəhdini-şəkərini bir tərəfə qoysun, onlardan ilham almasın, ana dilinin ətrini duymasın. Həsənoqlu eyni təzahürlə VII əsrdə də yaşaya bilərdi, VIII, IX, X, XI, XII əsrlərdə də. Artıq XII-XIII əsrlərdə Azərbaycan türk ədəbi dili geniş yayılaraq qonşu xalqlara da tə’sir edirdi. Nümunə olaraq ermənilərin bu dildə şe’r yazdıqlarını qeyd etmək olar. XIII əsrin Bluz Hovannes adlı erməni şairinin: Sensın ari qız Məriəm, Yazıxlarıma derman. Tanqridır sendan doğan, Tanqrim anası Məriəm - sözləri ilə başlayan 5 bəndlik şe’rindən də aydın olur ki, Azərbaycan şe’ri Həsənoğludan çox-çox əvvəl ətraf aləmi öz tə’siri altına alıb. Azərbaycan dilində yazan erməni şair və aşıqlarının yaradıcılığından aldığı təəssürat əsasında Ə. İrəvanlı da belə bir qənaətdə olmuşdur ki, »azəri ədəbi dili XIII əsrdən daha əvvəllər formalaşmış, azəri şe’r formaları təkmilləşərək geniş yayılmışdır. Hərgah XIII-XIV əsrlərdə erməni şairləri azəri dilində nəğmələr yaratmışlarsa, Əli, Həsənoğlu və Nəsimi kimi görkəmli azəri şairləri yetişmişdirsə, deməli, azəri dili şe’r dili olanadək böyük bir inkişaf yolu keçmişdir». (42; 365-366) Azərbaycan yazılı ədəbi dilinin IX-XII əsrlərdə formalaşmış olduğunu göstərən mühüm bir dəlil də alimlərimizin daim haqlı istinad etdikləri «Leyli və Məcnun»un hansı dildə yazılması barədə Şirvanşah Axsitanın Nizamiyə məktubudur. «Leyli və Məcnun» əfsanəsi əsasında yeni bir əsər yazılmasını arzulayan Şirvanşahın məktubunda deyilir: İstəyirəm ki, Məcnunun eşqi xatirinə Sədəfdəki inci kimi bir söz deyəsən. Fars və ərəb dili bəzəyi ilə Bu təzə gəlini bəzəyəsən. Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil, Türkəvara deyilmiş söz bizə layiq deyil. (40; 35) Şirvanşah Axsitan açıq-aşkar əsəri ərəb-fars sözləri ilə bəzəməyi təklif edir, türk dilində yazmamağı məsləhət görür və hətta «türkcəlik bizə vəfalı olmağın sifəti deyil» deyə, görünür, keçmiş ən’ənəyə vəfalı olmağı nəzərdə tutur. Lakin bu təklifdən çox aydın şəkildə başa düşülür ki, deməli, şah bu cür təklif etməsə, Nizami əsəri ana dilində yaza bilərmiş və bu da məntiqi şəkildə dərk olunur ki, deməli, Nizami ana dilində - türk dilində yazırmış. Artıq bu sahədə başqa türk xalqlarında böyük təcrübə də var idi: ortada bundan 100 il əvvəl «Kutadqu bilik» kimi şöhrətli əsər vardı. Həmin məktub türk dilinə şahın həqir münasibətini bildirsə də, tarixi sənəd kimi çox qiymətlidir. Bunun özü tutarlı bir fakt kimi, M.Kaşğarinin dediyi «sün’i ədəbiyyat»ın Azərbaycanda Azərbaycan dilində XI-XII əsrlərdə geniş yayılmış olduğunu sübut edir. Bütün əqli dəlillər göz önündədir. Yalnız çətinlik buradadır ki, hələ də V-XII əsrlərə aid türkcə yazılı mətnlər əldə edilməmişdir. Lakin bütün mümkün faktlara və əqli dəlillərə əsasən Ə.Dəmirçizadə də belə bir nəticəyə gəlmişdir ki, artıq XI-XII əsrlərdə Azərbaycan yazılı ədəbi dili tam təşəkkül tapmışdı: «Doğrudur, XI və ya XII əsrdə azərbaycanca yazılmış heç bir sənəd hələlik əldə yoxdur, lakin bu dövrdə Azərbaycan yazılı ədəbi dilinin artıq formalaşmış olduğunu, bu dildə o zamankı Azərbaycan şairlərinin şe’r yazdıqlarını təsdiqedici faktlar mövcuddur.»(8; 87) T.Hacıyev də M.Kaşğari və Nizamidən aldığı təəssürat əsasında eyni qənaətə gəlmişdir: «...hələ XI-XII əsrlərdə, yə’ni XIII əsrdən iki yüz il əvvəl türk-Azərbaycan yazılı ədəbi dili olmuşdur». (23; 33) Parfiya dövründən başlayaraq min ildən artıq bir müddətdə birgə həyat yolu keçmiş Azərbaycanın XI-XII əsrlərə qədər daim yazısı da olmuşdur, ədəbiyyatı da. Orxon-Yenisey abidələrində işlədilmiş run yazıları, uyğurların istifadə etdiyi soğdi əlifbası azəri türklərinə nümunə olmaya bilməzdi. Albanların, qarqarların öz əlifbaları, öz yazıları olmuşdur. Bütün birinci minillik boyu Azərbaycana axınlar etmiş, Azərbaycanın yerli türk əhalisi ilə qaynayıb-qarışmış hunların, xəzərlərin, savarların öz əlifbaları olmuşdur. (44;87) Eyni zamanda Azərbaycan xalqı başqa türk xalqlarından əvvəl islam dinini mənimsədiyi üçün ərəb əlifbasını da başqa türk xalqlarından tez mənimsəmişdir. Buna görə də şe’rə, sənətə böyük marağı olan türk-Azərbaycan xalqının yazılı ədəbi dili Xilafətin işğala başladığı hicrətin ilk əsrindən artıq mövcud idi. Ərəb işğalı və ərəb-fars ən’ənəsi türk ədəbiyyatının üzə çıxmasına, mühafizəsinə imkan verməsə də, böyük ehtiyac duyulan yazılı mənbələr itbata salınsa da (əminik ki, bir vaxt belə yazılı mənbələr haradansa tapılacaq və Azərbaycan dilinin qədim dövrünə daha aydın işıq saçacaqdır; ola bilməz ki, 1000 illik bir dövrün türk yazılı abidələri yalnız «Dədə Qorqud»la məhdudlaşsın), təkcə öz xalqına yox, ətraf aləmə də xidmət edən yüksək bir ədəbi dilin varlığına şübhə yoxdur. Beləliklə, VI əsrdən təşəkkül və formalaşma prosesi keçirən Azərbaycan ədəbi dili artıq IX-XII əsrlərdə yazılı ədəbi dil kimi öz təşəkkülünü tam başa çatdırmış, təkcə Azərbaycan ərazisində deyil, Şərqi Anadoluda, Ön Asiyanın şərqində, Xəzərin cənub-şərq sahillərində, Cənubi Qafqaz ərazilərində işlək bir dilə çevrilmiş, gürcülər, ermənilər, dağıstanlılar, talışlar, tatlar, kürdlər və b. xalqlar arasında qarşılıqlı anlaşma vasitəsi kimi geniş şöhrət tapmışdır. VI fəsil - AZƏRİ DİLİ Azərbaycanda etnik ad yalnız «alban» adı deyildi. Cənub hissə atropatenlər, şimal hissə albanlar, cənubda Atropatena dili, şimalda Alban (Aran) dili ifadələri işlənirdi. Ərəblərin Azərbaycana müdaxiləsi ilə bütün bunlarda dəyişiklik olur. ‘Türk’ etnik adı V əsrdən - Sasanilər dövründən kütləviləşməyə başlamışdı, Sasanilər Çindən İrana qədər böyük bir ərazidə yaranmış türk xaqanlığı ilə əlaqə saxlayır, bə’zən qohumluq münasibətlərinə girməli olurdular. Bu minvalla Azərbaycan türklərini də ‘türk’ adlandırırdılar. Və digər tərəfdən, xaqanlığın öz dövründə xaqanlıq türklərinin Azərbaycana axını davam etməkdə idi. Ərəblər şimallı-cənublu bu ölkəni də (Azərbaycanı) «türk ölkəsi» bilir və ‘türk ölkəsi’ adlandırırdılar. Lakin ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz şivələrində ‘Azərbaycan’ şəklinə saldıqları, azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün bu istilahı şimal türklərinə də tətbiq etməyə başlamışdılar. Ona grə də ‘türk’ istilahı yalnız ‘Alban’ adını deyil, ‘madalı’ və ‘atropatenalı’ adlarını da əvəz etməyə başlamışdı. Eyni vəzifəni azəri sözü də yerinə yetirməkdə idi. Bu istilahların işlənməsi, bə’zi tarixçilərin qeyd etdiklərindən fərqli olaraq, «VIII-IX əsrlərdən sonra» yox, erkən başlamışdı - türk sözü V, azəri sözü VII əsrdən. Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə getmişdir. İskəndərin işğalı dövründə, Parfiya asılılığı dövründə, Sasanilər dövründə, ərəb istilası dövründə daim şimalla cənub birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir. Ona görə də təkcə atropatena və ya alban dilinin təşəkkülündən deyil, söhbət hər iki ərazinin birgə türk-azəri dilinin təşəkkül və inkişafından gedir. Bu dil artıq V əsrdə bütövlükdə ümumxalq dili şəklində təşəkkül tapmışdı. VI-VIII əsrlər şifahi ədəbi dilin təşəkkül və inkişafı dövrü kimi tarixə daxil olur. Gəlmə türk tayfalarının hamısı yaxın və qohum tayfalar idi, dilləri bir-birindən az fərqlənirdi. Odur ki heç bir tayfanın yeni gəlişi ədəbi dilin təşəkkülü yolunda ağırlıq törətməmişdir. Əksinə, fars ən’ənəsi, ərəb asılılığı sadə xalq dilini yazıda ağırlaşdırmışdır. Sonrakı əsrlərdə xalq bu tə’sirdən, bu ağırlıqdan xilas olmağa çalışmış və buna tədricən müvəffəq olmuşdur. Ona görə də etnogenezi iki mərhələyə ayırmaq məntiqi deyil. Vahid etnogenezin təşəkkülü V əsrə aiddir. Səlcuq oğuzları Azərbaycanda geniş məskən salmamış, müəyyən müddət yaşasalar da, Kiçik Asiyaya irəliləmişlər. Onların dil-nitq tə’siri də daha çox Azərbaycanın qərb qrupu şivələrində müşahidə olunur. Q.Qeybullayev Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin təşəkkül spesifikasını fərqləndirməkdə tam haqlıdır və bu cəhətdən bir çox tarixçi və dilçilərdən yüksəkdə durur: «Türkiyədə və Azərbaycanda etnik proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində həqiqətən tam türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin islamla əvəz olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların etnogenezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı rol oynayırdı».(6;209) Bir tarixçinin dili ilə söylədyimiz bu fikirləri biz dəfələrlə qeyd etmişik. Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın erkən türk əhalisinin dili olmuş, fars dilindən və pəhləvi şivələrindən fərqlənmişdir. «Əsrimizin 20-ci illərinə kimi və daha sonra tarixi ən’ənə azəri məfhumunu azərbaycanlıların adı ilə bağlamışdır». (4; 226) Azəri dilini Azərbaycan türk əhalisinin dili sayanlara (Lestrençin və b.) e’tiraz etsə də, Ə.Kəsrəvi ərəb işğalından başlayaraq, Azərbaycanda işlənən dilin azəri dili olduğunu təsdiq etmişdir: «Kəsrəviyə görə, azərbaycanlılar islamiyyətin birinci əsrindən türk dili yayılana kimi azəri dilində danışmışlar». (11; 115) Bu fikrin hər iki başı, yə’ni azəri dilinin islamiyyətin birinci əsrindən yerli əhali «türkləşənə» qədərki dövrdə işlənməsi məntiqsiz olsa da, «azəri dili» terminini VII-XIII əsrlər arasında Azərbaycan xalqının dilinin adı kimi təsbit etmişdir. Ə.Kəsrəvi və onun həmkarlarının fikrinə görə, birinci minillikdə Azərbaycan ərazisində yaşayan əhali farsların tə’siri ilə fars dilinə çevrilmiş bir dildə danışmış və farslaşdırılmışlar. «Azəri dili» anlayışının mahiyyətinə düzgün varmadan onu fars dilinin bir qolu hesab edən Ə.Kəsrəvi nəzərə almamışdır ki, Azərbaycan ərazisində e.ə. III-I minilliklərdə və eramızın I minilliyində aborigen və gəlmə türklər o qədər güclü idi ki, onların dilini fars dili heç cür assimilyasiyaya uğrada bilməzdi. Əksinə, yerli türk dili Azərbaycan ərazisinə axan yeni türklərlə daha intensiv qaynayıb-qarışmış və bir çox istilaçıları da türkləşdirmişdir. Ə.Kəsrəvi azəri dilinin mahiyyətində başqa dili düşünsə də, bu, xalis türk dili idi və türk dili olmaqla hətta Azərbaycana köçürülən hakim ərəbləri də öz tə’siri altına alır, onları türkləşdirirdi. Belə bir şəraitdə türk dilinin farslaşdırılmasından söhbət gedə bilməzdi. Ə.Kəsrəvi özü fakt qarşısında qalaraq yazırdı:»Azərbaycanda üç yüz ildən artıq hökmranlıq etmiş olan ərəblər nəinki bu ərazinin sakinlərinin dilini dəyişə bilməmiş, əksinə, özləri də dillərini itirib onlarla qarışmışlar» (11; 116) Tarixə azacıq nəzər salan hər kəs bilir ki, ərəbləri Azərbaycanda türklər assimilyasiyaya uğradıb türkləşdiriblər. Ona görə də Ə.Kəsrəvinin yuxarıdakı sözləri tam həqiqətdir. Bu həqiqət, eyni zamanda, məntiqi şəkildə sübut edir ki, o, bilə-bilə azəriləri irandilli hesab etmişdir. Ərəblərin Azərbaycana ilk gəlişi, Əl-Bəlazurinin qeydinə əsasən, Əş’əsin vaxtında olmuş, Azərbaycan əhalisi yenidən ərəblərə qarşı üsyan etdikdə Azərbaycana Kufədən xeyli ərəb göndərilmişdir. Bir qədər sonra yenə Azərbaycana Kufə, Bəsrə və Suriyadan bir sıra ərəb tayfaları köçürülmüşdür. Onlar Azərbaycanda istədikləri qədər torpaq sahəsi tutmuşlar. Lakin az sonra onların özləri arasında düşmənçilik yaranmış, bu düşmənçilik silahlı toqquşma ilə nəticələnmiş, yalnız Harun ər-Rəşidin zamanında sabitlik yaranmışdır. Ərəblər sonralar öz ölkələri ilə əlaqəni itirmiş, dillərini unutmuş, türk dilini mənimsəmiş, türk adətlərini öyrənmiş və türkləşmişlər. (12; 170-177) Ə.Kəsrəvi fars şovinizminin ən qatı təbliğatçısı kimi deyirdi: «Bizim fikrimizcə, bundan sonra dəmir yolunun İranın şəhərlərini bir-birilə birləşdirməsi, habelə kəndlərdə məktəblərin açılması, mətbuatın kütləvi surətdə (kitab, məcmuə, qəzetin) yayılması ilə əlaqədar olaraq türk dilinin aradan çıxması Azərbaycanda xüsusilə nəzərə çarpacaqdır. Ola bilsin ki, bir-iki əsrdən sonra bütün iranlılar üçün bir dil olsun və türk, ərəb, kürd, mazandaran, gilan, sisan, simnan, bəxtiyar, lur, şüştər və digər ləhcələrin adlarından başqa bir şey qalmasın».(11; 120) Heç şübhəsiz, bu, alim uzaqgörənliyi deyildir və bu sözlər müəyyən dairələrə xidmət üçün söylənmişdir. Azərbaycan ərazisində son iki min il ərzində türk dili getdikcə daha çox qol-qanad atdığı halda, bir sıra başqa etnoslar (tatlar, talışlar, ləzgilər, udinlər və b.) öz dillərini qoruyub saxlamışlar. Hind-Avropa mənşəli tayfalar Azərbaycan ərazisinə sonralar gəlmişlər: »Əslində, Hind-Avropa dil ailəsinə mənsub ari mənşəli tayfalar er.əv. II minillikdə Cənubi-şərqi Avropadan Orta Asiyaya gəlmişlər. Er.əv. 1700-1500-ci illərdə onların bir hissəsi - vedalar ayrılaraq Hindistana getmiş, indiki farsların, taciklərin, əfqanların, Pamirdə irandilli kiçik xalqların, kürdlərin, talışların, tatların, kiləklərin və s. ulu əcdadları isə Orta Asiyada və Əfqanıstanda qalmışlar. Er. əv. birinci minilliyin əvvəllərində farsların, kürdlərin, talışların, tatların, giləklərin və s. ari adlanan əcdadları İran ərazisinə gəlmişlər.»(13; 39) Hind-İran dil qolu parçalandıqdan sonra İran qolu hazırkı İran yaylasının mərkəzində və cənubunda məskunlaşmış, e.ə. I minilliyin ortalarında İran ləhcələrində danışan bir sıra etnoslar Azərbaycanın şərq və qərb rayonlarına irəliləmiş, burada irandilli etnosların əsasını qoymuşlar. Azərbaycan ərazisində qədimdən irandilli tayfalar olmamış, bu cür tayfalar e.ə. I minilliyin ortalarından gəlmişlər. Bunu İ.Əliyev özü də təsdiq edir: «İnamla deyə bilərik ki, əlimizdə elə bir fakt yoxdur ki, midiyalıların gəlmə element olduğunu sübut etsin. Lakin bunu deyə bilərik ki, hər hansı bir irandilli tayfa Midiya ərazisinə gəlmişdir». (14; 90) Erkən orta əsrlərdə - Parfiya dövründə bir sıra irandilli tayfalar Azərbaycan ərazilərinə köçürülmüşdür. Lakin bunlar azlıq təşkil edirdilər. Ölkəmizin ərazisindəki tatlar, talışlar, kürdlər, lahıclar yenə də iki min il əvvəlki yerlərində yaşamaqdadırlar və yerlərini çox nadir hallarda dəyişənlər olmuşdur. Talış zonasından aşağılarda Gilan və Mazandaran dilləri yayılmışdır ki, bunlar pəhləvi ləhcələrindən sayılır. İran-fars şovinizmindən fərqli olaraq, Azərbaycanda heç bir etnosun dili sıxışdırılmır. Heç farslar da istədiklərinə nail ola bilməyəcəklər, çünki bir xalqı nə qədər sıxsan, o o qədər güc toplamağa çalışacaqdır. Azlıq təşkil edib yeni gələn etnosların dili o zaman yerli dil ilə tez qovuşa bilər ki, onlar qohum dillər olsunlar. Azərbaycanlıların qədim dili olan azəri dilini pəhləvi dilinin dialektlərindən sayan alimlər qəsdən nəzərə almırlar ki, tarixin üzərinə o qədər qalın pərdə çəkmək olmaz. «...Azərbaycanın bir sıra əllamə alimlərinin təsdiqinə çalışdıqları nəzəriyyənin, yə’ni Azəri türklərinin farsdan dönməsi «ideyası» Ulu Tarixin təkərlərinin altına zorla soxuşdurulan pazdır. Sür’ətlə axıb gedən, şütüyən Zaman qatarının polad təkərləri altına paz qoymağa sə’y göstərmək, özünü, öz hissiz, duzsuz, əndamsız şəxsi varlığını təhlükədə qoymaq deməkdir. Yə’ni pazın əvəzinə özün düşə bilərsən u iti çarxların altına». (16; 214) Cənubi Azərbaycan əhalisinin dilindən bəhs edən ərəbdilli qaynaqlarda azəri termini tez-tez xatırlanır. Yaqut Həməvi (XII-XIII əsrlər) göstərir ki, «onların (Azərbaycan əhalisinin - Q.K.) dilini əl-azəriyə adlandırırlar. Onu başqaları anlamır». Yaqubi (IX əsr), Məs’udi (X əsr) və başqaları da «azəri dili» haqqında mə’lumat vermişlər.(4; 222-223) Onlar bu dilin türk dili olduğunu qeyd etməsələr də, onu fars dilindən fərqləndirmiş və Azərbaycan ərazisində fars dili ilə yanaşı əsas dil olduğunu söyləmişlər. Çox zaman İran asılılığında olan ölkələrin hamısının dilini fars dili adlandırmış və yerli xalqın dili ilə rəsmi dövlət dili kimi istifadə edilən fars dilini eyniləşdirmişlər. Məsələn, Məs’udi farslara tabe olan Azərbaycan, Ərməniyə, Arran, Beyləqan, Dərbənd, Rey, Təbəristan, Əl-Maskat, Şabiran, Curcan, Nisabur, Herat, Mərv kimi ölkə və vilayətlərin adını çəkərək yazır: «Bütün bu ölkələr vahid idarəyə, vahid hökmdara və vahid dilə malikdir. Onların dilləri bir sıra fərqlərə baxmayaraq, birdir, çünki yazdıqları hərflər eynidir, hərflərin birləşməsi də eynidir. Ancaq digər nisbətdə götürəndə bunlar, məsələn, (necə ki), pəhləvi (əl-fəhləviyə), dəri (əl-dəriyə), azəri (əl-azəriyə) və başqaları fars dilindən fərqlənirlər». (4; 224) Göründüyü kimi, müəllif bütün bu ərazilərdə işlədilən əlifba ilə dilləri eyniləşdirmiş, dillər arasındakı kəskin fərqlərə ciddi diqqət yetirə bilməmiş, onları bir-birinə yaxın saymış, lakin son məqamda yenə fərqləndirməyə məcbur olmuşdur. Azəri dilini fars dili hesab edənlərin söykənəcəkləri ondan ibarətdir ki, azəri adlı farsdilli bir tayfa olmuşdur və azəri dili ifadəsi də onların dilinin adı kimi yayılmışdır. Bunun əksinə, belə bir fikir də var ki, azəri sözü «dilləri bizim dilin kökündə dayanan» as tayfa adından və ər sözündən ibarət olub (sondakı -i mənsubiyyət bildirən şəkilçidir), ‘as ərləri’ deməkdir. (15;3) Bu aslar haqqında əfsanələr böyükdür və onlar bütün Asiyanın, hətta uqor-fin dillərinin kökündə dayanan bir tayfa kimi səciyyələndirilir. İranşünaslar isə, dediyimiz kimi, azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali saymışlar. Biz qeyd etmək istərdik ki, bəlkə də Azərbaycan sözünü əfsanəvi qədim aslarla bağlamaq olar, lakin bu xalqı və onun dilini farsdilli güman edilən bir tayfa adı ilə heç cür əlaqələndirmək mümkün deyildir. Çünki tarixin az-çox yazılı mənbələri olan son beş min ili ərzində Azərbaycanda və hətta yaxın ətraf ərazilərdə asər və ya azəri adında türk və ya irandilli aparıcı bir tayfaya təsadüf edilməmişdir. Azəri sözü tayfa adı olmayıb Azərbaycan sözündən yaranmışdır -Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır. Antarpatianu və Atropatena sözləri uzun müddət unudulmamışdır. Monqol basqınlarını gözləri ilə görmüş Gəncəli Kirakos 1241-ci il hadisələrindən bəhs edərək yazır: «Onlar (monqollar - Q.K.) getdikcə farsların bütün ölkəsini, Atrpatakanı, Deyləmi dağıtdılar, qarşılarında bir maneə qalmasın deyə, hamısını bir-bir yağma etdilər».(5; 162) Bu forma - Atrpatakan, təbii ki, erməni tələffüz formasıdır və bu tələffüzdə sözün birinci hecasındakı An allah adının «n» samiti düşdükdən sonra irəli çıxan «dz» qovuşuq səsinin birinci komponentinin karlaşmış variantı (d>t) saxlanmışdır. Ərəblər isə həmin qovuşuq səsin ikinci komponentinə öz dillərinin xarakterinə uyğun olaraq üstünlük vermiş, sözü Adzirbican - Azirbican - Azərbican şəklində tələffüz etmişlər. Azəri sözü bu sözdən, bu tələffüzdən yaranmışdır. Təbii ki, ərəb işğalına qədər və sonralar da müxtəlif dil mühitində (yerlilərin, qonşuların, gəlmələrin dilində) Atropatena dili, azəri dili, Arran dili, türk dili və s. terminlər paralel işlənmişdir. Cənub Azəbaycan idi, lakin elə bir vəziyyət yaranmışdı ki, ara-sıra «Arran» sözü işlədilsə də, ərəblər üçün «şimal» və «cənub» söhbətləri yox idi, ərəblər Arranı da «Azərbaycan» adlandırırdılar. Vahid Azərbaycan var idi və bunu mənbələr də təsdiq edir. N.Vəlixanlı bu cəhəti xüsusi nəzərdən keçirərək yazmışdır: «...ərəb müəllifləri Zaqafqaziyanın işğalı ilə bağlı hadisələri qeyd edərək, Arran - Albaniya ərazilərini həm də Azərbaycan adlandırırdılar. Faktlara diqqət yetirək. Əl-Kufiyə görə, «əl-Ədiyyə (ibn Aliyyə əl- Kindi) (Ömər ibn-Əbd əl-Əzizlə göndərilmişdir, 717-720-ci illər - N.V.) Azərbaycan ölkəsinə yollanmış və Beyləqanda yerləşmişdir... Əl-Haris ibn Əmr (Ədiyyədən sonrakı hakim, yenə Ömər ibn-Əbd əlƏziz tərəfindən tə’yin edilmişdir - N.V.) Azərbaycan ölkəsinə yollandı və Bərdədə dayandı. Əl-Cərrəh ibn-Abdullah əl-Həkəmənin (722-725, 729-730-cu illərdə Azərbaycan hakimi) Şəkiyə gəlişini xatırlayaraq, əl-Kufi yazır: «O (xəlifə Hişam - N.V.) əl- Cərrəh ibn-Abdullaha əmr etmişdi ki, Azərbaycanda qalsın». Əl-Təbəri və İbn əl-Əsirin mə’lumatına görə, 91-ci ildə (709-710) Məsləmə ibn-Əbd əl-Malik türklər (başqa sözlə, xəzər) əleyhinə yeni yürüş təşkil etdi «və Azərbaycan vilayətində əl-Babı əldə etdi, şəhərlər və qalalar işğal etdi».(9; 80) Bunlar çox maraqlı və çox aydın faktlardır. 1300 il əvvəl Azərbaycanın bu cür bütövlüyü onun vahid xalqından, vahid dilindən xəbər verir. Xalqın dili türk dili idi. Türklər Qara dənizin və Xəzərin şimalında, bütün Orta Asiyada, Altaydan Balkana qədər geniş ərazidə yayılmışdı. Ona görə də fərqləndirmək üçün ərəblər «Azərbaycan» dedikləri bu ərazidə işlədilən dili «əl-azəriyə» - azəri dili adlandırırdılar və bu, son dərəcə uğurlu bir tapıntı idi. Əgər Ə.Kəsrəvi kimilərin qərəzli və yanlış iddiaları olmasa idi, tarixçilərimiz bu uydurmalara uymasa idilər, bu addan vaxtilə (XX əsrin 70-ci illərində) azərbaycanlılar imtina etməklə (və ya onları buna məcbur etməklə) böyük səhvə yol verməz, Azərbaycan ziyalıları arasında «türk dili» və ya «Azərbaycan dili» söhbətləri ilə ixtilaf yaradılmazdı. XI əsrin görkəmli Azərbaycan alimi Xətib Təbrizinin (1030-1108) öz müəllimi Əbül Üla Məərri ilə məşhur söhbətində azəri dilinin «Azərbaycan əhalisinin dili» kimi təqdim edilməsi «azəri dili» dedikdə türk dilinin nəzərdə tutulduğuna əyani misaldır. Söhbətin məzmunu belədir: «Xətib Təbrizi danışırdı ki, Nemanda (şəhərdə) Məərrinin məscidində mən onun (Əbül Ülanın) qarşısında oturmuşdum və ona kitabdan nə isə oxuyurdum. O (Xətib Təbrizi) dedi: «Mən iki il idi onun yanında qalırdım. Öz ölkəmdən heç kimi görməmişdim. Bu zaman birdən namaz qılmaq üçün məscidə daxil olan bir qonşumuzu gördüm və onu tanıdım. Şadlıqdan əhvalım tamam dəyişdi. Əbül Üla mənə dedi: «Sənə nə oldu?» Mən ona cavab verdim ki, iki ildir, öz ölkəmdən heç kimlə görüşməmişəm. Bir qonşumu gördüm. O mənə dedi: «Get, onunla söhbət elə». Mən dedim: «Qoy dərsimi qurtarım». O dedi: «Dur, mən səni gözləyərəm». Mən durdum və onunla (qonşumla) xeyli azəricə danışdım və nə istəyirdim, hamısının haqqında soruşdum. Mən qayıtdım və onun (Əbül Ülanın) hüzurunda oturdum. O dedi ki, bu nə dildir? Mən dedim: Bu, Azərbaycan əhalisinin dilidir. O dedi, mən (bu) dili bilmirəm və başa düşmürəm. Ancaq sizin bütün söhbətinizi əzbər yadda saxlamışam. Bundan sonra o bizim bütün danışdıqlarımızı sözbəsöz təkrar etdi. Qonşum hədsiz dərəcədə təəccüb etdi və dedi, o ona mə’lum olmayanı necə əzbər öyrənə bilmişdir». [463,s.145-146] (6; 129) Ə.S.Sumbatzadə bu gözəl mətni öz əsərində vermiş və azəri dilinin İran dillərindən biri olduğunu sübuta çalışmışdır. Hətta XIII əsrin birinci rübünədək yaşamış Yaqut Həməvinin (1179-1229) yuxarıda verdiyimiz fikri də nəticə çıxarmaq üçün «əsas verməmiş», müəllif azəri dilinin birdən-birə türk-monqol tə’siri ilə izsiz yox olduğu qənaətinə gəlmişdir. Azərbaycan ərazisindəki ən xırda irandilli etnoslar bu günə qədər yaşadığı halda, «Azərbaycan əhalisinin dili» olan azəri dili yox olub aradan çıxmış, heç bir iz qoymamışdır. Bütün axtarış və tədqiqatlarında düzgün yol tutan Q.Qeybullayevin «azəri dilini müasir talışların dili saymaq olar» (13; 224) ifadəsi də onun yaradıcılığı üçün ciddi qüsurdur. O, azəri dilini irandilli bir tayfanın dili hesab etdiyi üçün bu dilin Cənubi Azərbaycan - Atropatena ərazisində geniş yayıldığını söyləyən alimlərin - S.Y.Qasımova, A.P.Novoseltsev və başqalarının fikirləri ilə razılaşmamış, onun geniş yayıla bildiyinə şübhə ilə yanaşmışdır.(13; 225) Heç bir alim Xətib Təbrizi ilə Məərrinin söhbətindəki bir məqama düzgün diqqət yetirməyib. Xətibin dediyi sözü yanlış olaraq azəri dili şəklində izah etmişlər. Mətndə azəri yox, azərbi sözü işlənmişdir. Ə.Sumbatzadə həmin əhvalatın ilk mənbəyini göstərməklə rus mətni içərisində sözün həmin mənbədə necə yazıldığını da ərəb qrafikası ilə qeyd etmişdir. Müəllif yazır: «Verilmiş parça ilk növbədə Əbdülkərim ibn-Məhəmməd əs-Səmaninin (1114-1166) «Kitab-əl-ənsab» əsərində mühafizə olunmuş, Xətib Təbrizinin öz yerlisi ilə söhbət dilindən bəhs olunarkən ba-l-azərbicide, b. s. «azəri dilində» ifadəsi qeydə alınmışdır». (6;129) T.İ.Hacıyev M.Mahmudovun «Piyada... Təbrizdən Şama qədər» (1982) əsərinə əsaslanaraq həmin sözü azrəbi şəklində göstərmişdir. Müəllif eyni əhvalatı xatırlayaraq sözün işləndiyi cümləni belə vermişdir: «Ayağa qalxdım və azrəbi dilində onunla xeyli söhbət edib məni maraqlandıran hər şeyi ondan soruşdum». Müəllif yenə M.Mahmudova əsaslanaraq yazır: VII əsrdən mə’lum olan mənbələrdə ərəblər Azərbaycana Azrəbican demiş və sifət məqamında həmin sözü azrəbi şəklində işlətmişlər».(23;5) Burada T.İ.Hacıyevin azrəbi dilini «Azərbaycan əhalisinin türk dili» adlandırması bizi maraqlandırmır - dilimizin tarixinə az-çox bələd olan şəxs başqa cür düşünə bilməzdi. Bizi maraqlandıran sözün həm formaca, həm də məzmunca əsasən düzgün mə’nalandırılmasıdır. Ə.Sumbatzadə sözün yazılışını düxgün vermiş, lakin onun oxunuşunu təhrif etmişdir, dilin mahiyyətini isə mə’lum mənfur konsepsiyanın mövqeyindən izah etmişdir. Ə.Sumbatzadənin həmin sitatla bağlı şərhlərinə qayıtmasaq da, tarixçinin öz xalqının və onun dilinin tarixi barədə bu qədər yanlış və bəsit düşüncələrə malik olduğunu (bax: 6;129-130) düşündükcə heyrətlənməyə bilmədik. M.Mahmudov və T.İ.Hacıyevdə biz bir elementin ərəb əlifbasından düzgün əxz olunmadığını güman edirik. Biz bu fikirdəyik ki, mahiyyətlə çox bağlı olan söz azrəbi yox, azərbi şəklində oxunmalı idi və bu cəhətdən Ə.Sumbatzadə ərəb əlifbası ilə sözü düzgün vermişdir: ba-l-azərbicide. Sözün bu şəkildə oxunuşu ona görə doğrudur ki, bu söz Azərbican sözündəndir, Azərbican sözünün bir hissəsidir və «Azərbaycan sözünün sifət kimi işlənən formasıdır» dedikdə bizim mövqeyimizə müvafiq şəkildə geniş düşünülməmiş olsa da, T.Hacıyev həqiqətin üstünə gəlib çıxmışlar. Bütün bunlar göstərir ki, azəri sözü as və ya az tayfa adı ilə deyil, Azərbaycan sözü ilə bağlıdır və o da aydın olur ki, bu söz birdən-birə tapılmamış, ilk dövrlərdə ərəblər Azərbaycan dili anlayışını azərbi dili şəklində işlətmiş, tədricən «b» samiti də atılmış, azəri dili ifadəsi təşəkkül tapmışdır. Beləliklə, azəri sözü ərəb istilası zamanından intesiv şəkildə işlənmiş və o gündən ki ərəblər bütün ölkəni «Azərbaycan» adlandırmağa başlamışlar, o gündən də dilimizə bu kökdən «-əl-azəriyə» - azəri dili demişlər. Etimoloji cəhətdən Azərbaycan sözünün kökündə nə durursa, «azəri» sözündə də o durur. Bu söz 1300 ildir ki, işlənməkdədir. Bəs necə olmuşdur ki, «türk dili» ifadəsi bunu üstələmişdir? Görünür, azəri dili bir termin kimi daha çox ərəb təhsillilərin dilinə məxsus olmuş, ərəblər Azərbaycanda öz mövqeyini itirdikdən sonra «azəri» sözü də işləkliyini zəiflətmişdir. Lakin bu söz işləkliyini zəiflətsə də, tamamilə unudulmamış və bütün sonrakı minillik boyu daim Azərbaycan türk dilinin yığcam ifadə vasitəsi kimi gərəkli olmuşdur. XIII əsrdə elmi ədəbiyyatda öz izini saxladığı kimi, XIX əsr mənbələrində də özünə yer tapmışdır. Şübhə etmirik ki, arada olan beş əsrlik mənbələrdə də bu söz işlənməmiş deyildir. Lakin bu da bir faktdır ki, X-XII əsrlərdən «türk dili» ifadəsi üstün mövqe qazanmış, «azəri» sözünün işləkliyini məhdudlaşdırmışdır. Y.B.Yusifov Yaqut Həməvinin (XII-XIII əsrlər) azəri dili haqqında mə’lumatını xatırladıb qeyd edir ki, bundan sonra «Azəri dili haqqında qaynaqlarda daha mə’lumat verilmir. Bu dövrdə (XII-XIII əsrlər), yəqin ki, «azəri dili» anlayışı «türk dili» anlayışı ilə əvəz olunur».(4; 225-226) Mühüm bir problem kimi bu da maraqlıdır ki, bütün türk xalqlarının dili türk dili olduğu halda, nə üçün türk dili ifadəsi yalnız bizim dildə, bizim dil üçün mühafizə olunmuşdur? Əvvəlcə onu qeyd edək ki, yuxarıdakılardan belə bir nəticə çıxarmaq olmaz ki, türk dili ifadəsi XIII əsrdə yaranmışdır. VI əsrin ortalarında - 550-ci ildə Bumın xaqan I Göytürk dövlətini yaratmış və rəsmi olaraq «türk» sözünü öz dövlətinin adı kimi qəbul etmişdi: dövlətləri türk dövləti, dilləri türk dili adlanırdı. VI-VII əsrlərdə 80 il ömür sürən bu dövlət sonralar öz müstəqilliyini itirmiş, 630-680-ci illər arasında əhali 50 il Çin tabeliyində olmuşdur. 681-ci ildə müstəqillik qazanaraq II Göytürk dövlətini (681-744) yaratmışlar. Bu zaman Göytürk dövləti öz ərazilərini daha çox genişləndirmişdir. VIII əsrin ilk günlərində (701) türklər artıq şimaldan Sasanilərin keçmiş sərhədlərinə gəlib çıxmışdılar. Bu dövrdə Azərbaycan və Aran ərəblərin işğalı altında idi. Elə bir dövr idi ki, ərəblər Azərbaycanı bütöv görür və onun «qədimdən türk yurdu» olduğunu yaxşı bilirdilər, dəfələrlə yerli əhali ilə toqquşmalı olmuşdular. Bir tərəfdən də yeni türk axınları davam etməkdə idi. Aramsız olaraq türklər türk yurduna axışırdılar. Buna görə də ərəblər təbii, qanuni, məntiqi bir iş görmüş, fərqləndirmək üçün türkdilli Azərbaycan əhalisini azərilər, əhalinin dilini azəri dili adlandırmışlar. Lakin «azəri» sözünün rəsmi işlənmə imkanları türkdilli əhalinin öz dillərini «türk dili» adlandırmasına mane olmamış, yuxarı dairələrdə daha çox «azəri dili», geniş xalq arasında «türk dili» sabitləşmişdir. Ərəblər bir işğalçı kimi zəiflədikcə «türk dili» üstünlük qazanmışdır. Təsadüfi deyildr ki, böyük Nizami də XII əsrdə «türkcə» sözünü işlətmişdir. Şahın məktubunda deyilir: Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil, Türkəvara deyilmiş söz bizə layiq deyil.(40; 35) Poema Şirvanşah Mənuçehr oğlu Məlik Axsitanın şairə müraciəti əsasında yazılmışdır. Şah özü onu ərəb-fars inciləri ilə bəzəməyi məsləhət görmüşdür. Məzyədilər sülaləsindən olan Şirvanşahlar ərəb nəslindən idilər və X əsrdən fars dilinin aşiqi olmaqla sarayda fars dilindən istifadə edirdilər. Şirvan dövlətinin sonuna qədər də (XVI əsr) fars dilinə üstünlük vermiş, türk dilinə həqarətlə baxmışlar. Bütün bunlar aydın və şübhəsizdir. Lakin biz şimallı-cənublu Azərbaycan türk əhalisinin dilinin türk dili adlandırılmasını eramızın I minilliyində ərəblərin müşahidə etdiyi «türk ölkəsi» və ya yeni türk axınları və yaxud da Göytürk dövləti sərhədlərinin şimaldan Azərbaycana çatması ilə məhdudlaşdırılmalı olan bir prosesin nəticəsi kimi təsəvvür etmirik. Bütün ilkin türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha çox güclənmiş və güclü bir tufan kimi öz dalğalarını bütün qərbə və o cümlədən Cənubi Qafqaza, daha aşağılara yayan bir dövlətin adı kimi geri qayıtmışdır. Xalq öz varlığını, müstəqilliyini cana doyduğu işğallardan qorumağa çalışdıqca öz mədəniyyətini, maddi-mə’nəvi özünəməxsusluqlarını da qorumuşdur. Budur, Yaqut Həməvidən 70-80 il sonra Həmdullah Qəzvini fars dilində yazdığı («Nüzhətül-qülub» - «Ürəklərin əyləncəsi») əsərində artıq «türk» sözündən bol-bol istifadə edir: «Xoy türk diyarı kimi tanınmışdır». «Təbrizlilər görkli bir kimsəni cındır geyimdə gördükdə öz türk dilində məsəl çəkirlər: «Hüluki üzümü yırtıq səbətdə durmaz...» «Burada yaşayan xalqın üzünün rəngi ağdır, türk dillidir və çoxu hənəfi təriqətindəndir» və s.(5; 169-170) Bu dövrdə artıq qonşu Anadoluda Osmanlı dövləti (1299-1924) yaranmışdı və dilləri rəsmi olaraq «Osmanlı dili» adlanırdı. Xəzərin cənub-şərqində və şərqində isə hər bir türk dilinin adı vardı və ona görə də azərilərin öz dillərini «türk dili» adlandırmaları üçün heç bir rəqabət və təhlükə yox idi. »Azəri» sözü az işlənsə də, unudulmurdu. Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili e’lan edən Şah İsmayıl, təbii olaraq, «türk dili»nə üstünlük verir. Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstəqil Azərbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə yanaşı, dövlət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə - xalqın işlətdiyi kimi çatdırır və bu hal «azəri dili» termininin daha çox məhdudlaşmasına səbəb olur. Eyni anlayış haqqında iki termindən «türk dili»nin üstünlük qazanmasında həqiqətən Şah İsmayılın xidməti böyükdür. Lakin bundan istifadə edən İranpərəstlər xalqı və bütün elm, bilik sahiblərini aldatmağa çalışmış, azəri dilinin guya İran dilləri qrupuna daxil olan bir dil olduğunu və həmin dilin zorla Şah İsmayıl tərəfindən məhv edildiyini, yerinə türk dilinin qoyulduğunu isbat etməyə cəhd göstərmişlər. Amma Şah İsmayılın «canını qurtaranlar», bu prosesi - türk dilinin fars azəri dilini hələ XIV əsrdə məhv etdiyini, yalnız sıxışdırılıb Ərdəbildə qaldığını iddia edənlər də var.(17; 46) Bunlar son dərəcə məntiqsiz düşüncələrdir. Şah İsmayılın xidmətlərini unutdurmağa çalışanlar da vardır: Guya Şah İsmayılın Osmanlı sultanları ilə bir-iki yazışmasından başqa, qalan bütün dövlət işləri farsca aparılmış; azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə kimi, kökcə İran mənşəli olan azəri dilində danışmış; Şah İsmayıl isə güc işlədərək bu dili azərbaycanlılara yabançı olan «türk dili» ilə əvəz etmişdir. Halbuki alman alimi Adam Olearinin yazısında 1630-cu illərdə, hətta paytaxtın Səfəvilər tərəfindən İran şəhəri İsfahana köçürüldüyü çağlarda əcnəbi elçilərin qəbulunda sarayda Azərbaycan dilinin işləndiyi göstərilir. Fransız səyyahı Jan Batist Tavernye də eyni həqiqəti qeyd etmişdir: «Saray adamlarının dili türk dilidir». (5; 185) Azəri dilinin İran dil qrupuna aid olması barədə iddialar xalis cəfəngiyyatdır. Bir anlığa düşünək ki, bu iddialar (Azərbaycan əhalisinin dilinin azəri adlanan İran köklü tayfa dili olması) doğrudur və ölkə əhalisinin dili fars dilindən fərqli (iddiaçıların fikrinə görə, talış dilinə yaxın) bir dil imiş. Cəmi 37-38 il ömür sürmüş Şah İsmayıl bu dili necə dəyişib türk dilinə çevirə bilərdi? Şah İsmayıldan 200 il əvvəl Həmdullah Qəzvini Təbriz, Xoy kimi iri şəhərlərin, paytaxt şəhərinin əhalisinin türkdilli olduğunu qeyd edirsə, «İran köklü» azəri dilində kim danışırmış? Yaqut Həməvi ərəb idi və çox olsa, fars dilini də bilərmiş. Görünür, türk dilini bilmirmiş. Onun, «Onlar azəri dilində danışırlar, bu dili başqaları anlamır» deməsi bir çoxlarını bu qənaətə gətirir ki, Azərbaycanın əhalisi elə bir spesifik İran dilində danışırmış ki, onların dilini başqaları anlamırmış. Onun bir çox hallarda düzgün olmayan, təqribi mülahizələri İranşünaslara qol-qanad vermişdir. Yaqut Həməvi çox zaman öz mə’lumatlarını gözü ilə gördükləri əsasında deyil, «Əl-İstəxrinin deməsinə görə», «söyləyirlər ki», «Mənim inandığım tacirlərdən biri mənə danışırdı ki», «Mən düşünürəm ki», «Azərbaycanda mən Bərdədə yaşamış adamlar ilə görüşmüş və onları şəhər haqqında sorğuya tutmuşam, onların deməsinə görə» kimi «əsaslar» üzərində qurmuşdur. Onun dillər haqqında mə’lumatında da bu cür qeyri-müəyyənliklər müşahidə olunur: «O (Bab-əl Əbvab - Dərbənd) bir çox düşmən və müxtəlif dillərdə danışan xalqlar əhatəsindədir». «Deyirlər ki, Bab-əl Əbvabdan o yana uzanan dağlarda 70-dən çox xalq yaşayır, bunların hər biri ayrıca öz dilində danışır və bu dili qonşular başa düşmür». (5; 167) Dərbənddən yuxarıda qafqazdilli xalqlar yaşayır və onlar daim bir-birini başa düşüblər. Qafqazdillilərdən başqa, ikinci böyük dil qrupu hunlar, xəzərlər və ümumən türklər idi. Yuxarıda - Şah İsmayıl ilə bağlı sitatda bir fikir doğrudur: «azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə kimi... azəri dilində danışmış»lar. Əslində, bunu belə başa düşmək lazımdır ki, XVII əsrədək azərbaycanlılar «türk dili» ilə yanaşı, öz dillərinə «türk dili» mə’nasında «azəri dili» də demişlər. Bu, tam doğru fikirdir. XV əsrdən başlayaraq Osmanlı imperiyası zəifləməyə, Osmanlı dövləti tutduğu əraziləri itirməyə başlamışdır. Nəhayət, tədricən türklərin (osmanlı türklərinin) hakimiyyət dairəsi Anadoluya sığışmışdır. «Osmanlı imperiyası», «Böyük Osmanlı dövləti» kimi ifadələr də öz əhəmiyyətini itirmişdir. Belə bir vaxtda yalnız öz əzəli yurdları ilə kifayətlənməli olan Osmanlı türklərinə «Anadolu türkləri» də deyilmişdir. Ona görə də XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan və Anadolu türklərini fərqləndirmək üçün yenidən «azəri» sözünə ehtiyac artmışdır. Və bu zamandan «azəri» sözü daha çox işlənməyə başlamışdır. Beləliklə, ərəb işğalından (VII əsr) bu günə qədər «azəri dili» həqiqi mə’nada «türk dili»nin sinonimi kimi işlənmişdir və bir linqvistik termin kimi, «azəri» sözü yüksəliş (VII-X əsrlər), tənəzzül (X-XIX əsrlər), yeni yüksəliş (XIX əsrin sonlarından XX əsrin 70-ci illərinə kimi - aradakı repressiya çıxılmaqla) və yeni tənəzzül (70-90-cı illər) mərhələləri keçirmişdir. Əgər Hind-Avropa monopolizmi, Ə.Kəsrəvi kimilərin fars şovinizmi, bizim bir sıra alimlərin və rus tarixçilərinin tarixi saxtalaşdıran yazıları olmasa idi, XX əsrdə «azəri dili» uğurlu bir termin kimi öz yerini tuta bilərdi. Azərilər sözü Azərbaycan ərazisində yaşayan bütün etnosları əhatə etmişdir, lakin azəri dili türk xalqının dilini. Odur ki dəqiqləşdirmək üçün bə’zən azəri türklərinin dili ifadəsi işlədilmişdir. Görünür, həm də bu çoxmə’nalılığı aradan qaldırmaq üçün Şah İsmayıl azəri dili istilahını sıxışdırmağa çalışmışdır. Bunlar bir daha göstərir ki, azəri dili ifadəsi Azərbaycan adından doğmuşdur, ona görə də türk etnosu və Azərbaycan türk dili ilə bilavasitə bağlıdır. Azərilər və azərbaycanlılar anlayışları ekvivalentdir. Azəri sözünün Azərbaycan sözündən törədiyini nəzərə aldıqda həm azəri dili, həm də Azərbaycan dili ifadələri yayğın ifadələrdir. Lakin Azərbaycanın bütövlükdə türkdilliliyini, yə’ni aparıcı etnosların türk, milli dilin türk dili olduğunu nəzərə aldıqda «türk dili» ifadəsinə ekvivalent kimi azəri dili ifadəsi tam yerindədir. Azəri sözü bizim dilimizi bütövlükdə (şimallı-cənublu) adlandıra bilən ən uğurlu termindir. Azərbaycan türklərinə daim «azəri türkləri» demişlər və bu ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən, həm də şərq türklərindən fərqləndirmişdir. Hələ Nəsrəddin şah dövründə İranda buraxılmış «Name-i Daneşvaran» adlı kollektiv əsərdə Cənubi Azərbaycan əhalisinin dili «azəri dili» adlandırılmış və aydın olmaq üçün izahat verilmişdir: «azəri dili», yə’ni «zəban-i turkan» (türk dili). Qərbin görkəmli şərqşünas alimləri və o cümlədən ingilis şərqşünası Q.A.Stranqe də bu cür nəzərdə tutmuş, «azəri» sözünü «Azərbaycanın qədim türk dili» adlandırmışdır. Əslən azəri türklərindən olan Cahangir Zeynaloğlunun 1924-cü ildə İstambulda çap etdirdiyi «Müxtəsər Azərbaycan tarixi» əsərində oxuyuruq: «Hər yerdə olduğu kimi, burada da (Azərbaycanda - Q.K.) azlıq çoxluğa tabe olaraq, qədim əhalidən tat, talış, ləzgi və sonradan gələn ərəb, kürd kimi millətlər yerli türklər ilə qarışıb birləşmişlərdir və beyləcə yeni bir türk xalqı, yeni azəri türkləri vücudə gəlmişdir... Gözəllik və sadəliyi sayəsində bütün Qafqaz və Rusiyada, hətta İran və bütün Asiyada işlənən beynəlmiləl bir dil halını da almışdır». (18; 12) Keçən əsrin 60-cı illərində «azəri dili» termini geniş işlənməkdə idi və «Azərbaycan dili», «htürk dili» ifadələrinə nisbətən daha çox işlənirdi. Lakin Azərbaycan türklərinə və ümumən türklərə daim qeyri-səmimi münasibət bəsləyən, tarixin gedişində mütərəqqi prosesləri daim hindavropalıların xidməti kimi qələmə verməyə çalışan alimlərin subyektiv mülahizələri «azəri dili»ni şübhə altında qoya bilmişdir: »İranın bir sıra burjua tarixçiləri və ədəbiyyatşünasları Azərbaycan xalqının varlığını danmaqla bərabər, həm də onun dilini təhrif etməyə sə’y göstərirlər (Ə.Kəsrəvi, C.Fəqih, M.Məşkur, Ə.Karəng, Ə.Kavyanpur, Ə.Dehqani, M.Mürtəzəvi, Z.Səfa, R.Şəfəq və b.). Onlar iddia etmişlər ki, guya Azərbaycanın qədim sakinləri ancaq İran (ari) mənşəli və İrandilli etnoslardan ibarət olmuşdur».(11; 110) İranın tarixçi alimi Əhməd Kəsrəvi Rza şahın hakimiyyətə keçdiyi və öz diktaturasını möhkəmləndirməyə çalışdığı XX əsrin 20-ci illərində yazdığı «Azəri ya zəbane bastane Azərbaygan» əsərində «İran ərazisində yalnız bir dilin - fars dilinin olduğunu iddia etməklə hakim Pəhləvi sülaləsinə İranda yaşayan və azlıqda qalan xalqların ana dillərinin qadağan olunması üçün şərait yaratmışdır».(11; 111) Ə.Kəsrəvi azəri dilini fars dilinin bir qolu hesab etməklə daha mürtəce mövqe tuturdu. Özündən əvvəlki iranşünaslar adətən monqolların gəlib zorla türk dilini Azərbaycanda yaydıqlarını iddia etdikləri halda, o, türk dilinin Azərbaycanda monqollardan sonra, Şah İsmayıl Xətai dövründə yayılmasını sübuta çalışmışdır. Doktor Hüseyn Məhəmmədzadə Sədiq Təbrizdə nəşr olunan «Neda-ye Azərbadeqan» qəzetinin 10 avqust 1999-cu il tarixli 21-ci nömrəsində həmin qəzetin müxbiri ilə müsahibəsində deyir: «Kəsrəvi və onun davamçıları nə təkcə bizim türk olmayıb azəri olduğumuzu sübut etmək üçün minlərlə vərəqə ağ kağız qaraladılar ki, minimum çörəyə çatsınlar, onlar Rza şaha, Məhəmmədrza şaha məddahlıq edərək türklərə qarşı düşmənçilik siyasəti yeridərək Azərbaycan dili, tarixini, milli namus və böyük məqsədləri sual altına aldılar. Hətta həmin nökərlərdən biri kitabının giriş hissəsində yazır: «Belə nəticə alırıq ki, türklər savadsız, maldarlıqla məşğul olan və avara, evsiz, farslar isə alim, əkinçi və şəhərli olmuşlar».(19; 39) Qeyd edilən alimlərin bir qismi Azərbaycan ərazisində türkləri yerli və gəlmə türklərin birliyi deyil, İran-fars əhalisi sayır və onların zorla türkləşdirildiyini, türk dilinin onlara zorla qəbul etdirildiyini iddia edirlər. Buna görə də Azərbaycan tarixini, Azərbaycan xalqının mənşəyini, dilini saxtalaşdırmağa çalışan alimlərdən biri - Ə.Rəzmara azəri dilini türk dili hesab etsə də, onun zorla qonşu türklərdən mənimsədildiyini, buna görə də dövlət tədbiri əsasında mütləq dəyişdirilməsini, əhalinin yenidən fars dilinə qaytarılmasını tələb edirdi: «Şərqi Azərbaycanın sakinlərinin dili azəri dili olmuşdur (müəllifə görə azəri dili türk dili qrupuna daxildir - A.F.). Həmin ərazinin sakinləri uzun illər ərzində qonşuluq əlaqələri nəticəsində bu dili onlardan (qonşu türk xalqlarından - Q.K.) mənimsəmişlər. Belə ki, hazırda da azəri dili orada fəaliyyət göstərməkdədir. Bu ərazinin dilinin dəyişilməsi haqqında dövlət tərəfindən ciddi tədbir görülməsinə baxmayaraq, bu barədə onların fəaliyyəti hələ də nəticəsiz qalmışdır». (11; 128) Beləliklə, azəri xalqının - azəri türklərinin mənşəyi bilərəkdən yanlış izah edilmiş, Səlcuq imperiyası dövründə və sonralar Səfəvilərin üstün mövqeyi ilə farsların türkləşdirildiyi, Səlcuqlara qədər Azərbaycanda türk etnoslarının olmadığı kimi yanlış, savadsız və qərəzli hədyanlar söylənmişdir. Daim müxtəlif imperiyalar tərkibində olması nəticəsində Azərbaycan xalqı öz dilindən az hallarda dövlət dili kimi istifadə edə bilmişdir. Şübhəsiz, aborigen əhali Manna, Mada dövründə aparıcı tayfalar olan mannalıların, madalıların dilindən rəsmi dövlət dili kimi istifadə etmişlər. Lakin Əhəməni, Sasani imperiyalarının və Xilafətin tərkibində geniş türkdilli əhalinin işlətdiyi dil başqa, rəsmi dövlət dili başqa dil olub. Əsrlərlə davam edən bu prosesi böyük Şah İsmayıl dayandırıb. Şah İsmayılın göstərişi ilə xalq ilk dəfə öz dilindən ali məclislərdə, yazışmalarda, diplomatik sənədlərdə həvəslə istifadə etmişdir. Yalnız Səfəvilər Azərbaycan türk dilini tamhüquqlu dövlət dilinə çevirmişlər. Bununla yanaşı, onlar heç bir dilin hüququnu əlindən almayıblar, heç bir etnosun dilini türkləşdirməyiblər. 1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempfer yazmışdır: «Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mö’təbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.»(20; 85) «Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir» dedikdə müəllif, şübhəsiz, müəyyən dərəcə ərəb, fars leksikası qarışmış ədəbi dil ilə geniş kütlənin adi, sadə danışığını nəzərdə tutmuşdur. İndi - XX əsrin bu son günlərində 35 milyon əhalisi olan Cənubi Azərbaycanın dövlət dili fars dilidir, bu qədər əhalinin ana dilində bir məktəbi yoxdur. Amma bu o demək deyildir ki, günəşli Azərbaycanın dili fars dilidir. 1500 il əvvəl Sasanilər imperiyası tərkibində də bu dil dövlət dili kimi hüquqsuz olmuşdur, indi də belədir. Xalq öz hüququnu tələb etməlidir. Kəsrəvilərin və onların sözünə qüvvət verənlərin mülahizələri yanlış və qərəzli olub, elmə xidmət etmir. V.V.Bartold, V.F.Minorski, B.V.Miller və başqaları da Kəsrəvilərin fikrini müdafiə etmişlər. Azərbaycan tarixçiləri arasında da azəri dilini İran mənşəli hesab edənlər vardır. «Azəri dilinin İran dilləri ailəsinə aid olmasına dair elmdə, görünür, şübhə yoxdur» deyən Ə.S.Sumbatzadə bir tərəfdən də yazır: «...bütün mənbələr və tədqiqatçılar istisnasız olaraq onun fars dilindən dərindən fərqləndiyini qeyd edirlər». (6;49) Fars dilinə qohum dillərdən heç biri ilkin orta əsrlərdə həmin dildən anlaşılmaz dərəcədə fərqlənməmişdir. Bu cür fərq yalnız türk və fars dilləri arasında ola bilərdi və qədim müəlliflər də bunu qeyd etmişlər. Guya azəri dili ona görə yoxa çıxıb ki, din dili, mədəniyyət, elm dili olmayıb və fars dili vasitəsilə assimilyasiyaya uğrayıb, lakin yüzlərlə elm, din, mədəniyyət və ədəbiyyat dili olmayan məhəlli dillər yaşayıb. Bu, adi məntiqsizlikdir. Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, Azərbaycan dili sahəsində 60-cılar hərəkatı bütün bu fikirlərin yanlış, qərəzli və qurama olduğunu, Azərbaycan xalqının dilinin və tarixinin qəsdən saxtalaşdırıldığını üzə çıxardılar. Bu sahədə Y.B.Yusifov, T.İ.Hacıyev, Q.Ə.Qeybullayev, M.İsmayıl və başqalarının xüsusi xidmətləri vardır. Bunlardan biri - Q.Ə.Qeybullayev yazır: «Bizim Sovet İttifaqında bu vaxta qədər heç bir türk xalqı hakim İran konsepsiyasının ucbatından özünün həqiqi qədim tarixini aydınlaşdıra bilməyib. Bu, tarix elmində monopolizmdir». (21; 283) Bundan neçə il əvvəl yazıçı İsa Hüseynov elmdə irticaya qarşı e’tirazını bildirərək «İdeal» romanında yazmışdır: İngilislər funt-sterlinqi sel kimi axıdırdılar, bütün Avropanın, özlərinin ən görkəmli arxeoloqlarını, şərqşünaslarını Cənuba doldurub Pəhləvi şahının hakimiyyətinin qanuniliyini sübut etməkdən ötrü, Cənubumuzu Şimalımızdan həmişəlik ayırıb milli azadlıq ideyalarını boğmaqdan ötrü tariximizin üstündən qələm çəkib, «Pəhləvi tarixi» yazdırırdılar. ...Hamımız bilirdik ki, Azərbaycanın tarixi «İran tarixi» kimi qələmə verilir, dilimiz, dövlətimiz inkar edilir. Guya nə qədim dilimiz olub, nə ərazimiz, nə də dövlətimiz. Köçəri qəbilələrdən ibarətiymiş Azərbaycan xalqı». (22; 328) VI fəsil - Ədəbiyyat 1. Q.Voroşil.Qafqaz Albani yası. -Bakı, «Öyrətmən», 1993. 2. S.A.Pletneva. Xazarı. -S., 1976. 3. Kalankatuklu Moisey. Albaniya tarixi. -Bakı, «Elm», 1993. 4. Azərbaycan tarixi. -Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994. 5. Azərbaycan tarixi üzrə qaynaqlar.-Bakı, Azərbaycan Universiteti Nəşriyyatı, 1989. 6. A.S.Sumbatzade.Azerbaydjanüı - gtnoqenez i formirovanie naroda. -Baku, «Glm», 1990. 7. S.Allahverdiyev, Ə.Haqverdiyev. Türk dünyası xalqlarının tarixi. -Bakı, 1996. 8. Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi. -1, Bakı, »Maarif», 1979. 9. N.M.Velixanova. İzmenenie istoriçeskoy qeoqrafii Azerbaydjana v rezulğtate arabskoqo zavoevaniə.-Kn.İstoriçeskaə qeoqrafiə Azerbaydjana.-Baku, «Glm», 1987. 10. Azərbaycan tarixi. -Bakı, «Elm», 1993. 11. Abdulla Fazili. Atropatena er.əv. IV - er. VII əsri. Bakı, «Elm», 1992. 12. Z.Buniətov. Azerbaydjan v VII-IX vv. Baku, 1965. 13. Q.A.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. -Azərbaycan Dövlət Nəşriyyatı, 1994. 14. İ.Aliev. İstoriə Midii. -Baku, 1960. 15. M.İsmayıl. Azərbaycan tarixi. Bakı, 1997. 16. Tariyel Vəli Nüvədili. Əcdad. -Sietl, BA, ABŞ, 1997. 17. S.Ö.Kasumova. Azerbaydjan v III-VII vv., Baku, 1992. 18. C.Zeynaloğlu. Müxtəsər Azərbaycan tarixi, İstanbul, 1992. 19. S.M.Onullahi. XIII əsrə aid türk dilində yazılı abidə. Dilçilik məsələləri, «Elm», 2000, s.36-44. 20. S.M.Onullahi, A.Q.Həsənov. Səfəvi hökmdarlarının daha iki namə’lum məktubu haqqında. -ADU, Elmi əsərlər, tarix və fəlsəfə seriyası, 1974, 4, s.85. 21. Q.A.Qeybullaev. Gtnoqenez azerbaydjanüev, 1, -Baku, «Glm», 1991. 22. İsa Hüseynov. İdeal. -Bakı, «Yazıçı», 1986. 23. Z.Budaqova,T.Hacıyev. Azərbaycan dili. -Bakı, «Elm», 1992. 24. Ə.Dəmirçizadə. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. -Bakı, APİ nəşri, 1959. 25. Orhan Şaik Gögyay. Dedem Korkudun kitabı. -İstanbul, 1973. 26. Kitabi-Dədə Qorqud. -Bakı, 1988. 27. Kniqa Axmeda ibn Fadlana o eqo puteşestvii na Volqu v 921-922 qq. Xarğkov, 1956. 28. S.N.Kramer. Dve şumerskie gleqii. -İzd. «Vostoçnaə literatura», Moskva, 1960. 29. Q.Kazımov. Qurbani və poetikası. -Bakı, APİ nəşri, 1996. 30. Mahmud Kaşğari. Divanü-lüğat-it-türk, tercümesi. Çeviren Besim Atalay, 3, Ankara, 1941. 31. Q.Kazımov. Dilimiz-tariximiz. -Bakı, «Elm», 1998. 32. T.İ.Hacıyev Dədə Qorqud: dilimiz, düşüncəmiz. -Bakı, «Elm», 1999. 33. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. -Bakı, 1990. 34. R.Məhərrəmova, M.Cahangirov. Azərbaycan dilinin tarixi sintaksisinə dair materiallar. -Bakı, 1962. 35.Q.Ş.Kazımov. «Kitabi-Dədə Qorqud» və Azərbaycan dilinin inkişaf mərhələləri. «Kitabi-Dədə Qorqud-1300», Elmi-praktik konfransın materialları. - «Naxçıvan» Universiteti, «Ünsiyyət», 2000 36. Q.Ş.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. -Ali məktəblər üçün dərslik. -Bakı, «Ünsiyyət», 2000. 37. K.Vəliyev. Dastan poetikası. -Bakı, 1986. 38. Q.Kazımov. Yazıçı və dil. -Bakı, APİ nəşri, 1975. 39. Kitabi-Dədə Qorqud. - «Çaşıoğlu», 2000. 40. N.Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə M.Əlizadənindir, Bakı, «Elm», 1981. 41. Ə.Şükürlü. «Dədə Qorqud» dastanlarının meydana çıxma tarixi və itmiş boyları haqqında mülahizələrim. - «Kitabi-Dədə Qorqud»- 1300, Elmi-praktik konfransın materialları, Bakı, «Ünsiyyət», 2000. 42. Ə.Yerevanlı. Azəri-erməni ədəbi əlaqələri (qədim dövrdən XVIII əsrin sonuna qədər), -Yerevan, 1968. 43. Lev Qumilyov.Qədim türklər.-Bakı, Gənclik,1992. 44. N.Piqulevskiy. Siriyskie istoçniki po istorii narodov SSSR. -Moskva, 1941. 45. H.Araslı. Nizamidə xalq sözləri, ifadə və zərb-məsəlləri, -SSRİ EA Azərbaycan filialının «Xəbərlər»i, 1942, № 8. 46. Ə.Şükürlü. Gəncəli Nizamidə türkçülük. -Bakı, «Kitab aləmi», 2002. 47. Ağamusa Axundov. Dil və ədəbiyyat. -I c., Bakı, 2003. VI fəsil - Nəticə Cənubi Azərbaycan əraziləri müasir insan tipinin formalaşma arealına düşdüyündən ölkəmizin cənub vilayətlərində əkinçi və maldar tayfaların məskunlaşması mezolitdən başlamışdır. Sonrakı bütün beşminillik yazılı tarix ərzində aborigen Azərbaycan tayfalarının yaşadığı ərazi şimalda Dərbənd, şərqdə Xəzər dənizi, qərbdə İkiçayarası, cənubda Həmədanla sərhədlənmişdir. Aborigen əhali küll halında həmişə öz yerində sabit yaşamış, əkinçilik və maldarlığın inkişafı ilə ölkəmizin ərazisindəki əsas tayfaların bir sıra bölümləri hələ mezolitdən başlayaraq qərbdə Balkana, şərqdə Altaya, şimalda Qara dənizin yuxarı sahillərinə qədər yayılmışdır. Şimaldan Dərbənd keçidi ilə, aşağıdan Xəzərin cənub sahilləri ilə ölkəmizə gələnlər də çox olmuşdur. Bunlar yalnız türkdilli olduqda yerli əhali ilə qaynayıb-qarışmış və xalqımızın etnik tərkibində iştirak etmişlər. Şimalda bir sıra qafqazdilli, şərqdə bir sıra irandilli tayfalar xalqımızın əbədi yol yoldaşı olmuşlar. İnsanın ilkin vətəni Ön Asiya və Aralıq dənizi hüdudları olduğu üçün bəşər dilinin - ilk ulu dilin dialekt parçalanması da bu ərazilərdə baş vermişdir. Yer üzərində yaranmış ulu dilin dialekt parçalanması e.ə.XII minillikdə başa çatmış, tədricən protodillərdə dialekt parçalanması başlamış, XII-VI minilliklərdə müxtəlif dil ailələri yaranmışdır. Dil ailələrinin yaranması sonralar da davam etmişdir. Çox qədim etnik bölümlərdən olan hindavropalılarla, samilərlə birlikdə türk protodili də Ön Asiyada meydana gəlmişdir. Tarixçilər beş min il əvvəl şumerlərin və akkadların qonşuluğunda - Cənubi Azərbaycan ərazilərində yüksək mədəniyyət və siyasi qüvvə kimi meydana çıxan kutilərin, lulluların, turukkilərin, suların, kasların türk olduğunu sübut etmişlər. Həmin tayfa dillərinin yadigarı olan onomastik leksika və bu leksika əsasında müəyyənləşdirilən qrammatik əlamətlər də onların düzgün nəticəyə gəldiklərini, bu tayfaların türkdilli olduğunu sübut edir. İlk bəşər sivilizasiyasının yaradıcısı olan şumerlər Azərbaycan tayfalarından ayrılmışlar, etnik tərkib və dil baxımından Azərbaycanın türk tayfalarından fərqlənməmişlər. Arxeoloji mədəniyyət göstərir ki, üç min ilin müddətində (e,ə.III-I minilliklər) Azərbaycanın əsas tayfaları öz yerində olmuş, ölkəmizin ərazisində yaşayan etnosların tərkibində əsaslı dəyişikliklər olmamışdır. Azərbaycan çox qədim insan məskəni olduğu üçün paleolitdən bu günə qədərki bütün təbii və ictimai proseslərin izlərini mühafizə edib saxlamışdır. Yerli əhali ibtidai icma quruluşundan keçərək hələ beş min il əvvəl özünün ilk dövlət qurumunu yaratmış, beş min ilin müddətində daim öz sərhədləri, əhalisinin etnik tərkibi ilə tanınmış və fərqlənmişdir. E.ə. I minilliyin başlanğıcında ölkəmizin cənubunda Manna dövləti siyasi fəaliyyət meydanına çıxmışdır. Bu dövlət lullu, kuti, su, turukki, kassi kimi köklü və qədim türk tayfalarının dövləti idi. Ölkə ərazisində əsas tayfaların dili türk dili idi. E.ə. III-I minilliklərdə Azərbaycan ərazisində hakim sülalələr də həmin tayfalardan olmuşdur. Müəyyən edilmişdir ki, yer adlarında təmsil olunmuş sözlər türk leksikasına mənsubdur. Manna şəxs adları da türk dilləri ilə izah olunur. E.ə. VI əsrin sonlarında Manna qonşu Mada dövlətinə qatılmış, öz varlığını onun tərkibində «Kiçik Mada» (sonralar «Atropat Madası») adı altında qorumağa çalışmışdır. Mannanın yüksəlişi dövründə - e.ə. VIII-VII yüzilliklərdə Kür-Araz qovşağı arasında gəlmə türk tayfalarının - kimmerlərin, skiflərin və sakların nüfuzu genişlənmiş, onlar Azərbaycan ərazilərində güclü çarlıq yaratmışlar. E.ə. VI əsrin ortalarında (550) süqut edən Mada dövləti İran - Əhəməni imperiyasının hakimiyyətindən asılı vəziyyətə düşsə də, uzun müddət farslara qarşı azadlıq mübarizəsi aparmış, əksərən öz müstəqilliklərini mühafizə etmişlər. Əhali Manna dövründəki etnik tərkibini və dilini saxlamış, mürtəce konsepsiya tərəfdarlarının iddia etdiklərinin əksinə olaraq, heç bir dövrdə iranlaşmaya yol verməmişlər. E.ə. IV əsrdə ölkəmizin şimalında Albaniya, cənubunda Atropatena dövləti siyasi həyat meydanında idi. Hər iki ölkə əhalisinin özəyini türklər təşkil edirdi. Güclü Hun imperiyasının meydana çıxması ilə (e.ə. III əsr) türklərin Orta Asiyadan qərbə yeni axınları başlamış, bütün 1-ci minillik boyu yerli əhali yeni türk tayfalarını qəbul etməli olmuşdur. Dilimizin lüğət tərkibi və qrammatik quruluşu Aratta dövründən miladaqədərki aborigen və gəlmə türk tayfa dillərinin lüğəti və quruluşu əsasında müəyyənləşmişdir. Müasir dilimizin fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu I minilliyin 1-ci yarısının məhsuludur. İlkin feodalizm dövründə (III-V əsrlər) ümumxalq dili kimi təşəkkül tapan bu dilin qol-qanad açmasında qədim aborigen tayfalarla yanaşı, hun, savar, xəzər, qıpçaq, oğuz, kəngər, türk və s. tayfa dillərinin böyük rolu olmuşdur. Bu tayfalar eramızın ilk günlərindən başlayaraq bütün minillik boyu güclü dalğalarla Azərbaycana daxil olmuş, aborigen qohumları ilə birləşmişlər. Manna, Mada dövlətlərinin, Saq-Massaget çarlığının qüvvətləndiyi vaxtlarda cənub şimalın, şimal isə cənubun torpaqlarını qismən özünə birləşdirmişdir. E.ə.IV əsrin ortalarına qədər ölkəmizin şimalı ilə cənubu Əhəmənilərin asılılığında birlikdə olmuşdur. Şimalla cənubu daha əsaslı şəkildə birləşdirən Makedoniyalı İskəndər olmuşdur. İskəndərin ölümündən (e.ə.323) sonra Atropatena və Albaniya müstəqillik qazansa da, az müddət sonra güclü Parfiya dövləti tərəfindən yenidən vahid canişinlikdə birləşdirilmişlər. Hazırkı türkmənlərin babaları olan türkdilli parfiyalılar Azərbaycan etnoslarının vahid xalq kimi təşəkkülünü sür’ətləndirmişlər. Elə bir dövr idi ki, artıq şimal ilə cənub daim birlikdə olurdu, Araz öz təbii sərhəd rolunu itirmişdi, qohum etnosların bir xalq kimi birləşməsi, tayfa dillərinin vahid ümumxalq Azərbaycan dili kimi təmərküzləşməsi prosesi gedir, bunlar türkdilli əhalinin daha geniş arenaya çıxmasına səbəb olurdu. III əsrin əvvəlindən Sasanilər imperiyası da Azərbaycanın şimalını və cənubunu vahid canişinlik şəklində idarə edir. Bu dövrdə rəsmi dövlət dili fars dili olsa da, Azərbaycan artıq çoxdan türklər ölkəsi kimi tanınmaqda idi. Şimalda mədəni inkişaf daha sür’ətlə gedirdi. Albanların istifadə etdiyi əlifba təzələnir, iri tayfalar üçün yeni əlifba yaradılır, məktəblər nizama salınır. Alban dilində elmi kitablar yazılır, xristianlığın dini kitabları bu dilə tərcümə edilir. Azərbaycan xalqının təşəkkülündə ərazi birliyi, iqtisadi, inzibati, siyasi birliklə yanaşı, dini birliyin də əhəmiyyəti böyük olmuşdur. Sasanilər atəşpərəstliyi dövlətin vahid dini e’lan etmişdilər. Azərbaycan əhalisi də atəşpərəst idi. Lakin əhali arasında bütpərəstlər də vardı. Albaniyanın dağlıq hissəsi xristianlığı qəbul etmişdi. Peyğəmbərin vəfatından az sonra ərəblər Azərbaycanda islam dinini yaymağa başlamışdılar. Qədim ərəb, assur, bizans mənbələrində, bizim elmi-türkoloji ədəbiyyatda Şimali Azərbaycan əhalisinin dilini Alban/Arran dili, cənubda işlədilən dili Atropatena/Azərbaycan dili addlandırmışlar. Bunlar təbii-tarixi prosesin nəticələrini əks etdirir. «Atropatena» (sonralar Adzərbayqan - Azərbaycan) və «Albaniya» (Arran) dili e.ə.IV əsrdən eramızın V əsrinə qədər min illik yolda daim bir-biri ilə birləşmə, qovuşma istiqamətində irəliləmiş, III-V əsrlərdə ümumxalq dili şəklində tam vahid yetkin dilə çevrilmişdir. Doğrudur, lap sonralar da - XIII əsrdə də ərəbdilli mənbələrdə «Atropatena», «Arran» sözlərinə rast gəlirik, lakin Azərbaycanın şimallı-cənublu ərəblər tərəfindən işğalı, əhalinin islam dinini qəbul etməsi, ölkənin bütövlükdə Azərbaycan, əhalinin vahid şəkildə azərilər, hər iki tərəfdə işlədilən dilin azəri dili, türk dili adlandırılması artıq türkdilli Azərbaycan əhalisinin ərəb işğalı ərəfəsində bir xalq kimi, türk dilinin vahid bir dil kimi formalaşmış olduğunu sübut edir. Bütün təbii-tarixi faktlar göstərir ki, Azərbaycan xalqının formalaşdığı III-V əsrlərdə onun misilsiz abidəsi «Dədə Qorqud» da formalaşmış, sonrakı əsrlərdə Azərbaycan ərazilərini oymaq-oymaq dolaşaraq ümumxalq dilinin ədəbiləşməsinə xüsusi tə’sir göstərmişdir. Babək hərəkatının vurduğu zərbə ilə zəif düşən, sarsılan Xilafət IX-XII əsrlərdə əvvəlcə müstəqil Azərbaycan feodal dövlətlərinin, sonra Səlcuqların və Atabəylərin Azərbaycan ərazisində siyasi fəaliyyətinə mane ola bilməmiş, xalq dilinə meylin siyasi düşüncələrə tə’siri, milli münasibətlərin dirçəlişi Azərbaycan yazılı ədəbi dilinin təşəkkülünü başa çatdırmışdır. Ərəblər Azərbaycana daxil olarkən artıq vahid Azərbaycan xalqı və onun vahid ədəbi dili inkişaf prosesi keçirirdi - ümumiləşməkdə, müxtəlif türkdilli etnosların şivə xüsusiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi. Türk-azəri dilinin ədəbiləşməsində ən böyük işi folklor nümunələri görürdü. Mə’lumdur ki, mətbuatın, radionun, televiziyanın, qurultay və konfransların, geniş ali və orta məktəb şəbəkələrinin olmadığı belə bir dövrdə aparıcı qüvvə el sənətkarları, xalq nağılçıları və ozanlar olmuşlar. Ayrı-ayrı qohum türk tayfaları min illər boyu yaratmış olduqları əsatir, əfsanə, rəvayət, nağıl, hekayə və dastanları böyük maraqla bir-birinə ötürür və bu prosesdə dilin demokratikləşməsi, ümumiləşməsi ilə yanaşı, folklor nümunələri də ümumiləşir və bir tayfanın, bir etnosun yaradıcılıq məhsulu olmaqdan çıxaraq bütün xalqın ortaqlı mədəniyyət, ədəbiyyat abidəsinə çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı, varsağı, əfşarı, qaytağı və s. də bu dövrün məhsuludur. Hazırkı atalar sözlərinin, məsəllərin, alqışların, qarğışların, vulqar ifadələrin, tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök e’tibarilə həmin dövrün məhsuludur. Folklorun ümumiləşməsi şifahi ədəbi dilin formalaşması demək idi. Ozanlar və el ədəbiyyatının biliciləri folklor nümunələrini məhdud şivələrdə deyil, daha ümumi və aydın bir dildə çatdırmalı olurdular. Dövrün folklor dili bizim indi zənn etdiyimizdən qat-qat emosional, ədəbi, ifadəli və zəngin olmuşdur. Bunu sübut edən ən mühüm vasitə «Kitabi-Dədə Qorqud» dastanlarının dilidir. Bu dastanların dilini zənginliyinə, ahəngdarlıq və emosionallığına görə heç bir əsərlə müqayisə etmək olmaz. Hun imperiyasının meydana çıxması və oğuzların fəaliyyəti ilə bağlı yaranan, bir sıra hallarda öz izlərini əvvəlki minilliklərdən alan bu dastanlar II-V əsrlər arasında formalaşma prosesi keçirsə də, bugünkü varianta müvafiq şəkildə tam formalaşma işini VI-VIII əsrlərdə başa çatdırmış, sonrakı əsrlərdə bə’zi arxaik elementlərin islahı ilə yanaşı, boylara islam şəxs adları, müsəlman ayinləri və müəyyən qədər ərəb, fars sözləri əlavə olunmuşdur. XI-XII əsrlərdə əvvəlcə Səlcuq dövləti, sonralar müstəqil Atabəylər və Şirvanşahlar dövlətləri daxilində Azərbaycanda elmin, ədəbiyyatın, mədəniyyətin, məktəbin inkişafı daha da sür’ətlənir. Şəhər həyatı, müxtəlif sənət sahələri, təsərrüfat, başqa ölkələrlə ticarət genişlənir. Mədrəsələrdə dərs deyən görkəmli yerli alimlər yetişir. Poeziya farsdilli, elm ərəbdilli olsa da, bütün bu inkişaf və yeniləşmə türk - Azərbaycan dilinin qanuni hüquqlarının müəyyən ölçüdə tə’min edilməsinə səbəb olur. Ana dili mədrəsə və mollaxanalara yol tapır, yad dillərin öyrənilməsi üçün açar-vasitə rolunu oynayır. Türk dillərinin müqayisəli lüğəti tərtib olunur, Azərbaycan toponim, etnonim və antroponimləri VII əsrdən ərəb əlifbası ilə yazılış tərzini sabitləşdirir. El şairləri ilə yanaşı, bizə hələlik gəlib çatmasa da, türkdilli yazılı ədəbiyyat yaranır. Azərbaycan dili leksikası farsdilli poeziyaya geniş yol tapır. Farsdilli saray hakimləri türk dilinin saray ədəbiyyatına ayaq açmasına müqavimət göstərsələr də, artıq anadilli yazılı ədəbiyyatın inkişafı qarşısına səd çəkmək qeyri-mümkün olur. Əvvəlki dövrlərdə ana dilində yaranmış əsərlərin üzü köçürülür. Özünüdərk prosesi keçirən xalq öz müstəqilliyini öz dilinin təbii mövqe-müstəqilliyində görür. Beləliklə, Azərbaycan ədəbi dili Səlcuqların gəlişindən bir neçə yüz il əvvəl təşəkkül tapmışdı. Səlcuqlar Azərbaycana ayaq basanda artıq Azərbaycan ədəbi dili mövcud idi. Əlimizə hələlik «Dədə Qorqud»dan başqa bir əsər gəlib çatmasa da, bu dildə zəngin elmi və bədii ədəbiyyat olmuşdur. Şübhə etmirik ki, hətta bu ədəbiyyatın ilk nümunələri azı I minilliyin ortalarına aid olmaldıdır. Bütün bunların nəticəsi idi ki, eramızın ilk illərindən təşəkkül yoluna qədəm qoyan Azərbaycan dili I minilliyin sonlarında artıq türk dilləri ailəsində seçilən və bir sıra başqa ərazilərin türklərinə ədəbi dil kimi xidmət edən bir dil idi. Həsənoğlunun qəzəlləri, «Dastani-Əhməd Hərami», «Qisseyi-Yusif», «Qara məcmuə» kimi çox az bir qismi gəlib bizə çatan əsərlər Azərbaycan ədəbi dilinin ilk nümunələri deyil, bir neçə əsrlik inkişaf yolu keçmiş bir ədəbi dilin nümunələridir.