.jpg)
STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ
Elektron nəşr
(UTF-8 sistemi)
Mətn “ADİLOĞLU” nəşriyyatında (tel: 98-68-25)
yığılıb, 2004
Hazırladı: Rafiq Məmmədli
mammadli@mail.com
ã
www.isagambar.az
Kitabın kağız nəşrinin Redaktoru:
akademik Ziya Bünyadov Çapa hazırlayanı: Nəsib
Nəsibzadə Bakı, Elm nəşriyyatı, 1991, 84 səh., ISBN 5-8066-0472-6
|
İçindəkilər
Ön söz
M. Əmin Rəsulzadə kimdir?
Çarlığa qarşı mücadilə yarım yüz il öncə
Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən
işğalı
Moskva yolunda
Moskvada iki il
Moskvadan fərar
Nəticə
Kitabça Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında
1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Buraya böyük
vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı
hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin
siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan
respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur
görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı
olan bir sıra mətləblər açılır.
Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti,
eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
|
Keçmişini bilməyən bu gününü dərk edə bilməz həqiqəti bayağı
olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə
keçmişindən xəbərsiz manqurd nəsil yetişdi. Lakin elə həmin nəslin özünü-özgəni,
böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən,
sonsuzdur. Bu istəyə cavab olaraq əlinizdə tutduğunuz kitabçanı çapa hazırlamağı
lazım bildik.
Böyük vətəndaş Məmməd Əmin Rəsulzadənin Stalinlə bağlı
xatirələri Türkiyədə “Dünya” qəzetinin 1954-cü il may-iyun nömrələrində 28
məqalədə çap edilmişdir. “M. Əmin Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da bu
məqalələrə əlavə edilmişdir.
M.Ə.Rəsulzadənin xatirələrinin tam adı orijinalda “Bir türk
milliyyətçisinin Stalinlə ixtilal xatirələri” adlanır. Bu əsər bir qayda olaraq
“Stalinlə ixtilal xatirələri” kimi məşhur olduğundan biz də onu məhz bu adla
təqdim etməyi münasib gördük.
Onu da deməliyik ki, bu məqalələrin foto surətini dostu
doktor Əli Yavuz bəy Ağpınar göndərmişdir.
Xatirələrdə Stalinin və stalinizmin anatomiyasının açılması
ilə yanaşı, əsrimizin ilk onillərində Azərbaycanda gedən çox maraqlı proseslər
təsvir edilir. Onu çapa hazırlayarkən hər hansı izahat verməkdən çəkindik. Bizim
işimiz Məmməd Əmin Rəsulzadənin üslubunu mümkün qədər saxlamaqla, geniş oxucu
üçün rahat olsun deyə İstambul ləhcəsinə xas sözlər və ifadələrin (məs.: nasıl,
kəndi, şöylə, böylə), artıq arxaikləşmiş ərəb-fars tərkiblərinin qarşılığını
verməkdən, eləcə də yenə İstambul ləhcəsi üçün xarakterik olan fel sonluqlarını
(məs.: gəliyorum, gediyorum) dəyişdirməkdən ibarət olmuşdur.
Məmməd Əminin üslubuna xələl gəlməsin deyə ara-sıra vacib
qarşılıqlı sözləri mötərizədə verməyi lazım bildik.
XX əsr Azərbaycanının ən dəyərli şəxsiyyətinin çox maraqlı
siyasi xatirələri ilə istəkli oxucuların görüşünü ləngitməmək üçün yalnız onu
deməklə kifayətlənək ki, orijinaldakı cümlələrin quruluşu olduğu kimi
saxlanılmışdır.
|
M. ƏMİN RƏSULZADƏ KİMDİR?
|
Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı
xatirələrini oxuyacağınız Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan
cümhuriyyətinin təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan
Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə
Bakıda toplanan partiya qurultaylarında yekdilliklə seçilmişdir.
28 may 1918-ci ildə cümhuriyyətin istiqlalını elan edən
Azərbaycan Milli Şurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını
illərdən bəri təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.
Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə
1905-1908-ci illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş;
1915-1917-ci illərdə yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr
etmişdir. 1908-1911-ci illər arasında Tehranda İran üçün ilk dəfə olaraq Avropa
üsulunda gündəlik “İrani-nou” qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu
xüsusda bax: E.Brown. Nisfory literary of Persia. London). İstambulda çıxan
çeşidli türk qəzet və jurnallarında (o cümlədən “Türk yurdu”) çalışmış və
1923-cü ildən 1929-cu ilə qədər İstambulda nəşr olunan Azərbaycan jurnallarını
idarə etmişdir.
Qafqazlılar arasında tanınmış siyasət adamıdır:
Mavərayi-Qafqaz seymində (1918) müsəlman fraksiyasına sədrlik etmiş,
Maverayi-Qafqaz hökumətinin 1918-ci ildə Trabzona, sonra da Batuma, o zamankı
Türkiyə nümayəndələri ilə müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.
***
1884-cü ildə Bakıda doğulmuş Məmməd Əmin Rəsulzadə hələ gənc
ikən siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə
gizli fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc
inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində
Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur.
1908-1910-cu illərdə İrandakı məşrutə hərəkatına qoşulmuş, burada İran Demokrat
Partiyasının Mərkəzi Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını
həmin partiyanın lideri Seyid Həsən Tağızadə (İran senatının sədri) ilə birlikdə
işləmişdir.
1910-cu ildə İranda nüfuzu qüvvətlənən çar hökuməti
səfarətinin tələb və təzyiqi ilə oranı tərklə İstambula gəlmişdir. Burada
Türkiyə siyasi cəmiyyətləri, o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni
zamanda buradan, Bakıda təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə
təması davam etdirmiş və 1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq
etmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət
yubileyi münasibətilə elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış,
burada həm nəşriyyata başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına
və yarım gizli bir neçə
təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.
1915-ci ildə I dünya müharibəsi əsnasında Bakı hərbi
qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək
üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.
1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası
birləşmiş qurultayı ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları
qurultayında Qafqaz ilə Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil
olmaları tezisini müdafiə etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya
Müsəlmanları qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir
qərar layihəsini qəbul etdirmişdir.
Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan
ayrılmasını tələb etmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.
1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən
Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin
istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı
hökumətilə bir müqavilə imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik
istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə
yardım etmişdir.
***
Cümhuriyyətin rus bolşevikləri tərəfindən istilasından sonra
(27 aprel 1920) M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir.
Nəticədə Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin
körfəzi üzərindən qaçaraq Avropaya çıxır, oradan İstambula gəlir və burada
nəşriyyat və siyasi fəaliyyətini davam etdirir.
Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən
kommunistlərin Şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik
demarşları nəticəsində İstambulu tərkə məcbur qalınca o, öz çalışmalarını
Avropaya köçürür. Burada “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin
birləşmiş cəbhəsi) və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan
Qafqaz Millətləri Birliyində çalışır. Rusiya məzlum millətlərinin müştərək
orqanı olub Parisdə fransızca intişar edən “Promotey” jurnalında müntəzəm
məqalələr dərc etdirir (1928-1939).
İkinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada
yaxalayır. Polşalı dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet
Rusiyası ilə başlanan müharibəsi əsnasında Almaniya Xarici İşlər nümayəndəsi fon
Şulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən)
dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə
Berlinə gəlir. Qafqazın və o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı
ətrafında müzakirələrə girişir və nasistlərin millətlərin istədiklərini anlamaq
qabiliyyətindən məhrum olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının
haqqlarını tanımaq istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə
hörmətsiz olduqlarına qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi
düşüncələrini 5 avqust 1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini
tərklə Buxarestə qayıdır.
1944-cü ildə bolşeviklər Buxarestə yaxınlaşınca hadisələr onu
Qərbə çəkilməyə məcbur edir. İsveçrəyə getmək üçün viza almaq imkanında
olmadığından İsveçrə sərhəddinə yaxın Freyburq 1/B şəhərinə gəlir. 1944-cü ilin
oktyabr ayında bu şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi
Almaniyaya sığınmağa məcbur olur. 24 aprel 1945-ci ildə Amerika işğal
məntəqəsində olur. Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o
zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə
Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında “Azərbaycan şairi Nizami” adına
kapital bir əsəri çap edilmişdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair
müxtəlif məqalə və risalələri nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası
lehindəki inadlı mübarizəsini davam etdirir.
“Dünya”, 21 may 1954-cü il
STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastik
adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində
doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru
olaraq öldü” - deyə başlayır.
Həqiqətən də bəşəriyyətin yaşadığı bütün dünya tarixində
İosif Vissarionoviç Cuqaşvili - Stalindən daha mütləq bir hökmdar yoxdur. Mühüm
dərəcədə onun şəxsi fəaliyyətilə yaradılmış Sovet rejimindən daha totalitar bir
rejim dünyada mövcud olmamışdır.
Dövrümüzün tarixini yazanlar tarixin bu ən böyük müstəbidi
haqqında cürbəcür hökmlər verəcək, onun allahlaşdırılan şəxsiyyətini müxtəlif
mövqelərdən təhlil edəcəklər. Fəqət biz onu bir küll olaraq ələ almaq niyyətində
deyilik. Ən qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə yaxın bir
müddətdə Sovet imperatorluğundakı iki yüz milyon insanın müqəddəratına hökm
edən, yer kürəsinin üçdə birini kontrolu altına almış, bütün dinləri inkar edən
kommunist dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən
böyük nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir diktator və
necə bir terrorist, bir ixtilalçı (inqilabçı), bir marşal, bir generalissimus,
fironlara, Neronlara, Çingizlərə rəhmət oxutduran bir tiran, bir qızıl çar
olduğunu azad millətlər cəmiyyətində bilməyən bir kimsə yoxdur. Bilinənləri
təkrar etmək istəmirik.
1905 və 1917-ci illərdə Rusiya şərtləri daxilində ortaya
çıxan sosialist cərəyanlarına mənsub ixtilalçılar arasında adi bir şəxsiyyət
olub, çox da əhəmiyyət verilməyən Stalinin mumiyalanmış cəsədi indi Marksdan
sonra kommunizmin ikinci peyğəmbəri Leninin mumiyalanmış cəsədi yanında yatır.
Leninizm marksizmin bir təfsiri olaraq meydana gəlmişdi;
stalinizm hər ikisini təkmil etmiş bir sistemdir. Hitlerin nasional-sosializm
formulunu çevirib sosial-nasionalizm halına qoyan stalinizmi yaxşıca qavraya
bilmək üçün Stalinin fantastik şəxsiyyətini haqqıyla anlamaq lazımdır. Bunu yapa
bilmək üçün tarixçilərin Stalin haqqında yazılan xatirələri, nəql olunan
təəssüratları və anladılan müşahidələri material olaraq gözdən keçirmələri lazım
gələcəkdir.
Stalinizmin meydana gəlməsinin xarakterik cizgilərini əslinə
yaxın bir şəkildə təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və
anladığı “Stalin”lərin qarşılaşdırılmasında, şübhəsiz, böyük bir fayda vardır.
Eyni dövrdə, eyni şərtlər daxilində, eyni nəslə mənsub olaraq
yaşayan, dürlü zamanlarda, dürlü şərtlər altında Stalinlə bu və ya başqa şəkildə
təmasa gəlmiş bulunan bir adam sifətilə xatirələrimin ona aid olan qismini nəşrə
qərar verdim. Çarlıq rejiminə qarşı mücadilə Sovet istilası və əsarəti, Moskva
yolunda, Moskvada iki il və Moskvadan qaçış fəsillərini ehtiva edən bu xatirələr
çağdaş tarixçilərin işinə yarayarsa, sərf edilən əmək boşa getməmiş olar
qənaətindəyəm.
Bu xatirələri Stalin həyatda ikən edilən bəzi təkliflərə
rəğmən nəşr etmək istəməmişdim; çünki obyektiv olaraq nəql olunacaq hadisələrin
bir qismi, bir baxımdan, qərəzli izaha yer qoya bilərdi. İndi isə bu ehtimal
meydandan qalxmış, Stalin artıq tarixə qarışmışdır.
|
ÇARLIĞA QARŞI MÜCADİLƏ YARIM 100 İL
ÖNCƏ
|
Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın
Rusiya imperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu
dövr əsnasında bütün milli müəssisələrimizi dağıtmaq politikasını güdən çarlıq
məqsədinə pək də nail olmamışdı. Milli özəllikləri (xüsusiyyətləri) heç bir
zaman unutmamış xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən
yeni bir münəvvər nəsil yetişmişdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə
bildiyi vasitələrlə xidmət etmək istəyirdi.
1903-cü ildə Uzaq Şərqdə tarixi bir hadisə baş göstərdi.
Avropa mədəniyyətinə uyğunlaşmış Yaponiya Susima açıqlarında qoca rus
imperatorluğunun ta Baltik dənizindən qalxaraq gələn hərb gəmisini bir həmlədə
suyun dibinə batırdı; arxasından Port-Arturun fəthi və bir-birini qovalayan
yapon zəfərləri gəldi.
Bütün dünyanı, xüsusilə Yaxın Şərq ilə şəxsən Rusiyanı
həyəcana verən bu hadisə çarlığın əsrlər görmüş binasını sarsıtdı. Rusiya
daxilindəki hürriyyət və ixtilal ünsürləri hərəkətə gəldilər: bunlar çar
rejimindən məmnun olmayan xalq kütlələrini inqilablaşdırmaq üçün əllərindən
gələni əsirəmədilər. Bu məqsədlə hər tərəfdə hürriyyət və demokratik fikirlərini
yayan təşkilatlar quruldu.
Çarlığa qarşı mücadilə (mübarizə) edən siyasi zümrə və
siniflər çarlığı təşkil edən millətlər, zümrələr və siniflər qədər hər cür rəng
və ahəng daşıyan bir çox partiyalara ayrılmışdılar. Fəqət bütün müxalifət və
ixtilal partiyası və qruplarını müştərək bir bölünmə xətti ilə iki cəbhəyə
ayırmaq qabildi. Bunlardan bir qismi Rusiyada parlamentli bir idarə təsisi ilə
kifayətlənir, mütləq çarlıq (çarizm) rejimi yerinə məşruti (konstitusiyalı) bir
krallıq qurmaq istəyirdi. Bunlar liberal-burjua partiyaları idi.
Radikal-demokratlarla sosialistlər ikinci qismi təşkil edirdilər. Bunlar
çarlığın devrilməsini, yerində demokratik bir cümhuriyyət rejiminin qurulmasını
tələb edirdilər. Eyni zamanda siyasi bir inqilabla kifayətlənməyən bu qrupa
daxil olan sosialist partiyaları Avropa kapitalizmindən fərqli sosial bir reform
proqramının tətbiqini də vacib görürdülər.
Sosialist partiyaları idealist-xalqçı ideologiyasında
sosialist-devrimçilərlə (qısaca eser), tarixi materializm ideologiyası daşıyan
sosial-demokrat (qısaca esde) zümrələrinə ayrılırdılar.
Bolşevik-menşevik mücadiləsi
Sosial-demokratlar məşhur London konqresində (1903) ikiyə
parçalanmış; bir qolu Leninin liderliyində bolşevik, digər qolu da Martovun
liderliyində menşevik fraksiyalarını təşkil edirdilər.
O sıralarda Qafqaz çarlıq idarə sistemi daxilində bir
visruvalıq (vitse-krallıq, canişinlik) şəklində idarə olunurdu. Əksəriyyətlə çar
xanədanına mənsub bir prins tərəfindən idarə olunan Qafqazın idarə və
intellektual mərkəzini təşkil edən Tiflisdə menşeviklər, petrol ocaqları (neft
mədənləri) ilə olduqca çiçəklənmiş bir sənaye mərkəzi olan Bakıda mədən və liman
işçiləri arasında isə bolşeviklər yuva qurmuşdular. Sosial-demokrat partiyası
Tiflis ilə Bakıda adətən bir qərargah qurmuş, bu iki düşmən fraksiyası ixtilal
hərəkatı üzərində müəssir olmaq üçün Qafqazın xalq kütlələrini qazanmağa
çalışırdılar.
Məlum olduğu üzrə bu iki fraksiyanı bir-birinə toqquşduran
ana mövzu məşhur taktika məsələsi idi. Menşeviklər rejimə qarşı siyasi yolla
mübarizə edərək çarlığı devirmək, yerinə cümhuriyyət idarəsi qoymağa tərəfdar
olub, sosializm prinsiplərinin sosial quruluşda müəssir olmasını tələb etdikləri
halda, mövcud kapitalizm şərtləri içində sosial bünövrənin cəbr və inqilab yolu
ilə deyil, tədrici evolyusiya üsulları ilə gəlişdirilməsini (inkişafını) tövsiyə
edirdilər; bu məqsədlə onlar burjua sinfinin çarlıq rejimi əleyhində olan
liberal və radikal zümrələri ilə siyasi koalisiya yapmağı lüzumlu görürdülər.
Bir inqilab partiyası olaraq konspirasiya və gizli fəaliyyətdə olmasına
baxmayaraq, bu fraksiya üzvləri şərtlər əlverişli olunca qanuni imkanlardan da
istifadə etməyi lüzumlu bulurdular: bu məqsədlə onlar işçi (fəhlə) sindikalarına
soxularaq bunları işçi sinfinin həqiqi mənfəətlərini müdafiəyə ilk sırada önəm
verməyə təşviq edirdilər. Bir ixtilal partiyası olaraq bulunduğu konspirasiya
şərtləri daxilində belə menşeviklər demokratik üsullara sədaqəti zəruri görür,
təşkilata daxil komitələrin aşağıdan yuxarıya gələn demokratik bir seçim
ierarxiyasına qəti bir önəm verirdilər.
Halbuki bolşeviklər buna tamamilə zidd olan bir taktika
yeridirdilər; bir kərə bunlar burjua partiyaları ilə hər cür koalisiyanın
əleyhində idilər; siyasi bir sistem olaraq, çarlıq rejimi ilə birlikdə onlar
iqtisadi bir sistem olaraq kapitalizmi də devirmək əzmində idilər. İşçi
sindikalarına, işçilərin ekonomik mənfəətlərini müdafiədən ziyada bunları rejimə
qarşı daima müxalif və mücadilə edən bir ixtilal orqanı kimi baxırdılar.
Partiyanın öz içindəki təşkilat sisteminə gəlincə, aşağıdan yuxarıya gedən bir
demokratik sistemi deyil, yuxarıdan aşağıya gələn bir ixtilal sistemini müdafiə
edirdilər. “İnqilabçı azlıq” hakimiyyəti və mərkəziyyət bolşevik partiyasının
dəyişməz şüarı idi.
O zamankı şərtlər daxilində Bakı
Azərbaycan cümhuriyyətinin paytaxtını təşkil edən Bakı o
zamankı şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar
əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan
müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik
yapan bir şəhər idi.
Milli Azərbaycan hərəkatının hər dürlü siyasi, sosial,
iqtisadi və kültürəl (mədəni) hərəkatları üzərində müəssir olan mərkəzi
müəssisələr əksəriyyətlə burada bulunurdu. Bakı sənayesində, petrol ocaqlarında
çalışan işçilərin böyük bir qismi ilə orta məktəblərdə təhsil edən gəncliyin
mühüm qismini Azərbaycan türkləri təşkil edirdilər. Bu səbəblə burada
fəaliyyətdə bulunan ümumi ixtilal və müxalifət cərəyanlarının yanında müstəqilən
hərəkatda bulunan yerli və milli qruplarla təşkilatlar da vardı. O cümlədən
tərəfimdən təşkil olunmuş, üzvləri müxlif rus liselərində və digər orta
məktəblərdə oxuyan Azərbaycan türk tələbələrindən ibarət gizli bir dərnək vardı.
Bu dərnək mənsublarının milli hisslərini təhrik etmək, rus məktəblərində
oxudulmayan türkcəni öz-özünə ilərlətmək, yerli ədiblərin əsərlərini oxumaq,
çarlıq əleyhinə yazılmış ixtilal şerlərini əzbərləmək və arada-sırada mətbəə
üsulu ilə basılmış bəyannamələr dağıtmaq, işçilər arasına gedərək hürriyyət və
inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər
də olurdu. Dərnəyin mətbəə üsulu ilə intişar edən bir də “Hümmət” adını daşıyan
bir dərgisi (jurnalı) vardı.
Cəmiyyət və xüsusilə gənclik içindəki hər cür qaynaşma və
birləşmələri öz nüfuzları altına almaq üçün rəqabət edən bolşeviklərlə
menşeviklərin fürsət qaçırmayan propaqandistləri, təbii, bizim dərnəyə də
soxulur, hər necə olsa da bizləri öz hesablarına qazanmaq istəyirdilər. Bolşevik
fraksiyası Tiflisə nisbətən Bakıda daha qüvvətli idi.
Gərək bəhs etdiyim bu dərnəyimizə soxulan propaqandistlərdən,
gərəksə başqa şərtlər daxilində qarşılaşdığım çarlıq əleyhdarı bəzi şəxslərdən
Bakıda bolşevik fraksiyasını idarə edən Koba adında enerjili birisinin olduğunu
eşitmişdim.
Stalinlə ilk təmas
Bakı Petrol Sənayesi İşçiləri Sindikası adını daşıyan bir
təşkilat vardı; işçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi
quruluş pərdəsi altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu.
Çarlıq əleyhində gizli olaraq çalışan milli təşkilat üzvlərindən əmim oğlu
Məhəmməd Əli yuxarıda adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün
o, Kobanın bizimlə görüşmək istədiyini xəbər verdi.*
Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllində bir
fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza
zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu
zatın çiçək pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə
gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü aksenti
qüvvətlə hiss olunan bir rusca danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və
sosial məsələlərə keçdi.
Şübhəsiz, müsahibə o günlərin ən aktual bir məsələsi üzərinə
gələcəkdi. O zamankı sosialistlər, ümumiyyətlə marksistlər, bolşeviklərdə
xüsusən işçi sinfini və xüsusilə proletariatı idealizə etmək bir moda idi. Koba
proletariat sinfinin digər siniflərə nisbətlə tarixən üstün bir sinif olması
üzərində durdu, dünyadakı ədalətsizliklərin əsil səbəbi mülkiyyət əsasına
dayanan kapitalist sistemindədir, dedi. Dünyanı həqiqətən məsum görmək istəyən
həqiqi hürriyyət və ədalət tərəfdarları ona görə bu sistemi kökündən
yıxmalıdırlar. Millətləri və çalışan xalqları zülm və istibdadı altında tutan
çarlıq bu sistemə əsaslanmışdır. Çarlığın kökünü tamamilə kəsmək üçün bu
mülkiyyət sistemi yıxılmalıdır. Belə dərin bir inqilaba ancaq mülkiyyətlə bağlı
olmayan proletariat sinfi hazır olar. Çünki o heç bir şeyə malik deyildir, onun
malı ancaq iki əli ilə bir başıdır. İnqilab mövzusunda yalnız proletariatın
səmimiyyətinə inanmaq mümkündür. Marksistlərin məşhur seçilmiş sinif
nəzəriyyəsinə uydurulan bu formulu Stalin bir də praktikada rastladığı bariz bir
misalla təsvir etdi. Mən, dedi, bir qrup işçilərlə konspirasiya şəraitində
arada-sırada tapışır, təşkilat və təbliğat işlərilə məşğul olurdum.
--------------------------
* Məlum olduğu üzrə “Koba” İosif Vissarionoviç Cuqaşvilinin ilk
istifadə etdiyi uydurma addır. Qafqazda ikən bu adı götürmüşdü; Stalin
adını isə sonra, Rusiya daxilində çalışmağa başlarkən qəbul etmişdi.
Yenə məlum olduğu üzrə “Koba” bir güclü romanından alınmış çarlığa qarşı
mücadilə edən bir çete qəhrəmanının adıdır.
Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaşlara
şübhələndiyimi söylədim, bu adam mənim heç xoşuma getmir, dedim. Etibar edə
bilmirəm. Sonra bir neçə dəfə qarşılaşsaq da, o adamı aramızda görmədim. Bir gün
maraqlandım, nə oldu bu yoldaş, dedim, niyə gəlmir, deyə soruşdum. İşçilər:
- Koba yoldaş, siz bu adama etibar yoxdur, dediniz ha!..
Biz də onu dərhal təmizliyə verdik!.. dedilər.
İlk tanış olduğu bizlərə “proletariat sədaqəti” haqqında
anlatdığı bu əhvalatdan çıxarılacaq nəticə aydındır.
Kobanın Vışınskiyə bir təbliği
Kobanı çox seyrək olaraq arada-sırada görürdüm. Dürlü
konspirasiya şərtləri daxilində nadir təsadüflər bizi qarşılaşdırırdı.
1905-ci ildən sonra çarlıq mexanizmasında baş verən sarsıntı
və zəifləmək üzündən bəzi yerlərdə bir sıra ixtilal yüksəlişi zühur edirdi. Bakı
bu yüksəliş yerlərindən biri idi. Burada müxtəlif vasitələrlə baş verən ümumi
tətilllər, siyasi nümayişlər və ümumi əfkarı çalxalandıran bir sıra soyğunçuluq,
siyasi qətl kimi hadisələrin havası içində müxtəlif ixtilal təşkilatlarının yarı
gizli fəaliyyətləri formalaşmaqda idi. Tez-tez toplantılar, konqreslər və
konfranslar olurdu.
Günün birində Bakı civarında petrol təsfiyəxanalarının
(neftayırma zavodlarının) bulunduğu Qaraşəhər deyilən bir məhəldə idik. Gecənin
gec saatlarında bir dülgər atelyesində çarlıq əleyhdarı müxtəlif inqilab
təşkilatlarına mənsub delegelərdən ibarət bir konfransda idik. Günün taktikasına
aid olan müştərək məsələlər müzakirə edilməkdə idi. Müzakirələr yuxarıda qeyd
etdiyim bolşevik-menşevik görüşü üzərinə cərəyan edirdi. Bolşevik görüşünü Koba,
yəni Stalin, menşevik görüşünü isə indi sovetlərin millətlərarası sözçülüyünü
yapan Andrey Vışinski müdafiə edirdi.
O zaman azərbaycanca intişar edən çarlıq əleyhdarı milli
müxalifət orqanı “Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim.
Müzakirələr rusca idi. Rus olmayan bir çoxları kibi mənim ruscam da çox mükəmməl
sayılmazdı. Üslub və qramer xətası da yapmamış deyildim. Müzakirədə iştirak ilə
təmsil etdiyim milli müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı
çarlığın da kökünə vuran bolşevik görüşünə üstünlük verən bir ifadəm vardı. Bunu
həzm etməyən o zamankı menşevik Vışinski yapdığım yanlışlıqlara eyhamla:
- Yoldaş, ədəbi deyil!.. - deyə üslubuma taxıldı
(sataşdı). Koba isə dərhal:
- Haydı, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim
daha ədəbi danışır?.. - deyə ona qarşı çıxdı.
Türkiyədə Gənc Türklər inqilabı
1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baş vermişdi.
Hürriyyətsevən dərnəklərdə, xüsusən Qafqaz türk və müsəlmanlarının fikir və
siyasi hərəkat mərkəzi olan Bakıda bu hadisə günün mövzusu idi. Bir təsadüflə
Kobaya rast gəldim.
- Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə
yazsanız, dedi.
“Bizim dərgi”dən məqsədi yuxarıda bir münasibətlə qeyd
etdiyim Sənaye İşçiləri Sindikasının orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni
yazdım. “Qudok” redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox
müəssisələr kimi iki üzü vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə
almış imtiyaz sahibi və məsul müdiri işçilərdən Saşa Samartsev adında birisi
idi. Bunun arxasında dərginin bir də gizli bir redaksiya heyəti vardı ki, buraya
Koba ilə Timofeyev adında partiyalı bir münəvvər daxildi. Heyət bir çəkməçi
dükanının pərdə ilə ayrılan arxa tərəfində toplanırdı. Türkiyədəki məşrutiyyət
inqilabı haqqında yazdığım məqaləni burada, bu çəkməçi dükanında oxuyacaq,
tədqiq edəcəkdik. Məqaləni oxuduq. Timofeyev onu şiddətlə tənqid etdi:
- Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq.
Rəsulzadənin məqaləsində isə Türkiyə burjua inqilabı öyülür. Özümüzdə xoş
görmədiyimiz bir şeyi nə deyə Türkiyədə xoş görüb, idealizə etməliyik? -
dedi: məqalənin rəddini istədi.
Koba müdaxilə etdi:
- Yoldaş yanılır, məsələni çox bəsitləşdirirsən, - dedi.
- Rusiya şəraiti ilə Türkiyə şəraiti bir-birindən ayrıdır; bizdə bir
reaksiyon deyə hesab olunan hadisə Türkiyədə bir tərəqqi hadisəsidir.
Rəsulzadənin məqaləsi çox yerindədir, orada yürüdülən mühakimə çox haqlıdır,
məqalə basılmalıdır.
Nəhayət, məqalə basıldı.
Bizim 200 rublə
Yuxarıda izah etdiyim hərci-mərc illərində Rusiyada və
Qafqaziyanın hər tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz
cəmiyyətlər fəaliyyət halında idilər. Ümumi xeyir işləri və maarif yapan
cəmiyyətlərlə bərabər gizli fəaliyyətlərdə bulunan siyasi-ideoloji
təşkilatlardan başqa hökumət idarəsindəki zəiflikdən istifadə edən bir çox
soyğunçu dəstələri də fəaliyyətdə idilər. Müxtəlif ideyalar namına möhtəkirlik
yapan bu quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini
çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə böyük firmalara
göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar. Bakının məşhur
milyonerlərindən Musa Nağı bir aralıq tutulmuş, verdiyi böyük miqdarda bir nicat
puluna müqabil hürriyyətinə qovuşmuşdu. Hali-fəaliyyətdə bulunan bu quldur
dəstələri arasında bolşevik partiyası hesabına çalışan bir dəstənin də
mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin başında isə Erivan meydanının
qəhrəmanı (bu hadisə məşhurdur) şəxsən Kobanın bulunduğu sonradan öyrənilmişdi.
Sonraları, İstambulda eşitdiyim bir rəvayəti bu
söylədiklərimlə ilgili olduğundan burada zikr edim:
Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar
təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur
olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu
məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı. Bu zat 1927-28-ci illərdə
emiqrant ikən İstambulda bir çoxlarına Bakıya aid xatirələri arasında
şayani-diqqət bir hekayə danışmışdı:
Bolşevik partiyasının təhdid qolundan adı keçən firmanın neft
alan şöbəsinə bir məktub gəlir. Məktub 50000 rublənin müəyyən gün və saatda
gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın
müdiri H.M.-i çağırır və ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını
tələb edir. H.M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki
yoldaşı ilə Koba (yəni Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxışla
H.M.-i süzən Koba ona ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə:
- H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə
qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz
işçilər bu zülmün altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız.
Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı
mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün
sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də bunun içindədir.
Bundan sonra H.M. bəyin müqaviməti qırılır və həmən
arkadaşlarına dönərək:
- Biz pas, deyir.
Mahiyyətinə qısaca təmas etdiyim bu dövrdə mən Bakıda maarif
yayan “Nicat” cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət
yapan bir cəmiyyət idi. Onun pərdəsi altında siyasi fəaliyyətdə bulunan gizli
bir qrup gizlənirdi. Bu qrup çarlığa qarşı konspirasiya yapan bütün ixtilal
partiyası və qrupları ilə təmas halında idi.
Günün birində bolşevik partiyası maliyyə komisyonuna mənsub
üzvlərdən bir neçəsi mənə müraciət etdi:
- Müştərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı
verir, biz də şəhərdə və cəmiyyət içində nüfuzu olan məşhur xanım və
bəylərdən, tanınmış aktyor və aktrisalardan mürəkkəb bir dəstə ilə bağ
gəzintisinin başarılı olmasını təmin edərik, dedi.
Nəticədə: “Necə olur-olsun, gəliri aramızda bölüşdürərik”
təklifində bulundu.
O dövrdə bu kimi kombinasiyalar adi işlərdəndi. Bunun heyrət
ediləcək bir tərəfi yoxdu. İdarədəki yoldaşlarla görüşdüm. Hamısı çarlıq
əleyhdarı adamlar olduğundan təklifi iyi qarşıladılar. Hərəkətə keçildi. Bağ
gəzintisi başlandı. Bakının məşhur vali bağçasında tərtib olunan bu bağ
gəzintisi üç gün davam edəcəkdi. Gəzintinin ilk günü başarılı oldu. Yaxşı gəlir
əldə edildi. Bu temp ilə davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi
hər dürlü şübhənin xaricində idi. İkinci gün də gəzinti eyni temp ilə davam
etdi.
Bu arada şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov
mənə müraciət edir: “Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl
burnu deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən
də bunun sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin başarılı
olduğu və yaxşı hasilat verəcəyi şübhəsizdir. Bizim hissəmizə düşəcək gəlir
hesabına yoldaş Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə
gəzintinin müdiri sifətilə 200 rubləlik bir avans versəniz minnətdar olarıq”,
deyir; işin təcili olmasını da Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi
ilə göndərmək zərurəti ilə izah edir. “Hər ehtimala qarşı bəklədiyimiz nəticə
aldığımız avansı qapamayacaq olsa, hissəmizə düşən açığı dərhal ödəməyi təəhhüd
edirik”, deyə təminat verməyi də ihmal etmir. Məsələni yoldaşlara deyirəm:
istənilən avansı verməkdə bir maneə görülmür.
Bağ gəzintisinin üçüncü günü kassadakı pulun hamısını,
lotareya üçün zərgərlik mağazalarından borc edilmiş gümüş əşya qalıqlarını və
sairəni toplayaraq gəzintinin baş qadın müdiri madam Baykova, “maliyyə
komisyonu” üzvü və “Nicat” cəmiyyəti idarə heyəti üzvlərindən bir yoldaşla
birlikdə nəticəni bir hesabat halında təsbit etmək üzrə madamın evinə doğru
hərəkət edirik. Qubernator iqamətgahının yanında bulunan şəhər bağçasından
aralanmış, elə yan küçələrindən birinə dönmüşdük ki, əli silahlı banditlər
arabalarımıza hücum edir, kassa pulu ilə gümüş əşyanı alır, üstəlik madamın
bilərzikləri ilə sırğalarını da çəkib qeyb olurlar.
Təxmin edəcəyiniz bir həyəcan və təəssür içində madamın evinə
gəlirik; normal protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir.
Bağ gəzintisi gözlənilmədən bir fiasko ilə nəticələnmişdi.
Bizim şəriklər indi zərərləri qapamaq deyil, aldıqları 200 rubləlik avansı belə
qaytarmaq niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar.
İşin arxası var: Soyğunçuların bizzat bolşeviklər partiyasına
mənsub terroristlər olduğu qüvvətlə söylənilir.
Lenin iş başına gəlincə çarlığın millətlərarası bütün
borclarını ləğv etmiş ikən, 1903-cü ildə Rusiya Sosial-Demokrat Partiyasının
konqresini finansə etmək üçün yapılan borcu dərhal ödəmiş, “İnqilab öz borcunu
ödəyər!” deyə lovğalanmışdı.
Ya bizim 200 rublə...
|
AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN
BOLŞEVİKLƏR TƏRƏFİNDƏN İŞĞALI
|
1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı
Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya
imperatorluğu daxilində 14:40 18.05.2005 bulunan böyük-kiçik bütün millətlərin
öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil
bir dövlət də qura biləcəklərini təmin edirdi.
Təntənəli şəkildə ifadə olunmuş bu aydın deklarasiyaya
rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik
milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları
Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmış, 27 nisan (aprel)
1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmişdi.
Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiş,
hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmışdı. Qızıl Ordunun aktiv
yardımı ilə məmləkət sovetləşdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı
cümhuriyyəti ünvanı mühafizə edilirdisə, işdə demokratik milli bütün müəssisələr
ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi
qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza
makinəsi (maşını) durmadan çalışır (işləyir), gözdə bulunan bütün münəvvərlər
biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı
ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik
bir şəxsiyyət buraxmırdı.
Bakıda "Osobı Otdel" həbsxanasında
Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski
mücadilə arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk
etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı civarında Qafqaziya sıra dağları
ətəyində Lahıc deyilən bir yerdə gizlənmişdik.
Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf edilmiş,
yaxalanaraq Bakıya geri gətirilmiş və o zaman Çeka deyilən siyasi polis
müəssisəsinin fövqəladə işlər şöbəsi olan “Osobı otdel”ə təslim edilmişdik.
“Osobı otdel”də bizi həbsxana halına gətirilən əski, böyük
bir binanın bir otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca
binanın təsəvvür edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt
qatda günəş görməyən qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq
və ümumiyyətlə mebel namına heç bir şey yoxdu. Üstümüzə üzərimizdəki yay
paltosunu çəkə bilsək də altımıza döşəyəcək bir şeyimiz yox idi.
İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə
aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaş Abbasqulu da
çarlıq dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin
üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu.
Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunamazmı,
deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim
ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə
verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq.
Bir-iki gün iki yoldaş mətbəxin yeganə sakinləri idik, iki
gün sonra “mətbəx ailəsi” yeni gətirilən bir-iki “müsafir”lə də bollaşdı.
Bunlardan şəhərdə olub-bitənlərdən bir dərəcə məlumatlandıq. Paytaxta
gətirildiyimizin əhali üzərindəki ilk əks-təsirinə vaqif olduq. Bunlar bir
tərəfdən üzücü, bir tərəfdən də sevindirici idi. Cəlladlığı ilə hər tərəfə qorxu
təlqin edən Pankratov kimi birisinin müdir bulunduğu “Osobı otdel”
həbsxanasındakı müqəddəratımız hər kəsi əndişədə buraxır və mümkün olacaq hər
cür fənalıqları önləmək üçün hər kəs əlindən gələn təsiri-icradan geri
qalmırmış.
Mətbəxdə bulunduğumuz üçüncü və dördüncü günü idi. İlk dəfə
olaraq xarici aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdən Bakıya
qədər ötürən birisi vardı. İsmini Zərgər deyə qeyd edəcəyim bu adam əskidən
Bakının baş caddələrindən birində zərgər mağazası tutardı. İndi bolşeviklərin
özəl (xüsusi) işlərinə xidmət edən bir vəzifədədir. Ümumi əfkar onu “bolşevik
casusu” deyə tanıyır. İndi bu “casus” bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən
bir “rekomendasiya” almaqdır. Şəhərdə hər kəs onu bizə qarşı pis rəftar etməklə
ittiham edirmiş. Halbuki bizimlə nə qədər yaxşı rəftar etdiyinə şəxsən biz
şahidik. Həm də buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı muştuluqlamaq
üçün gəlibmiş. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün
mən ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o
bunu onu tənqid edənlərə göstərsin, onun bizə pislik deyil, yaxşılıq yapmış
olduğunu isbat etsin. Onu təskin etdim: “Söylənənlərə əhəmiyyət vermə - dedim. -
Madamki bir neçə gündən sonra hürriyyətə qovuşacağıq, o zaman bir ziyafət verər,
orada sizin bizə nə qədər yaxşılıq etdiyinizi deyərik, məsələ bitər”. Beləcə
əcaib bir şəkildə istənilən etibarnaməni rədd etdik.
Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmişdi.
Yeməklər bir qəzet kağızına bükülmüşdü. Bu kağız bir neçə gün əvvəl intişar edən
türkcə “Kommunist” qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu
qəzeti nə cür bir ciddi-cəhdlə oxuyacağını, şübhəsiz, təxmin edərsiniz. Qəzetə
dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman
Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə
qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: “Məmməd Əmin
Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti
onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət
altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə
edirik”.
Bu xəbər mətbəxə gələn yeni “müsafir”lərin anlatdıqlarını
təsdiq mahiyyətində idi. Əski Zərgərin əldə etmək istədiyi “hüsni-hal vəsiqəsi”
də bununla bağlı olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə İran məşrutə
hərəkatında mənimlə bərabər çalışdığım Heydər xan Əmioğlunun da böyük bir
əlaqəsi olmuşdur.
Heydər xan İranın ən yaxın tarixində mühüm rol oynamış
qafqazlılardan biridir. O, İran məşrutəçiləri arasında “Heydər xan Bombi”
(Bombaçı Heydər xan) deyə məşhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli
şahın baş naziri məşhur irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı
verən o idi; bunun kimi Təbrizdə yenə məşrutiyyət mücadilələri əsnasında şah
tərəfdarı, məşhur irticaçı Şücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm
makinası” ilə partladan da odur. Bir terrorist və bir inqilabçı olaraq onun
mücahidlər üzərində dərin bir nüfuz və təsiri vardı. O zaman İran inqilab
hərəkatlarında şah tərəfdarı əski rejimlərə qarşı mücadilədə yerli tərəqqipərvər
və məşrutiyyətçilərə yardım üçün gələn qafqazlı ünsürlərlə yaxından əlaqəsi olan
bu Heydər xan indi Bakıda olur və başındakı bir qrup mücahidlərlə İran
hərəkatlarına iştirakla əlaqədar bəzi kombinasiyalar düşünürmüş. Mənim tutularaq
Bakıya gətirildiyimi xəbər alınca, İrandakı məşrutiyyət hərəkatı zamanı yaranmış
dostluq naminə həmən hərəkətə keçmiş, başda dr. Nəriman olmaq üzrə Sovet
Azərbaycanının bütün nüfuzlu şəxslərinə baş vuraraq, “Məmməd Əminin başından bir
tük belə əskik olmamalıdır!” demişdi.
Anormal “mətbəx həyatı” yavaş-yavaş özünəməxsus bir forma
alır. Saatlar saatı, günlər günü qovalayır. Gələn yeni “müsafirlərdən” duyulan
cürbəcür söyləntilərdən gündəlik “həvadislər” alır, müqəddəratımızı gözləyirik.
Bütün bunları və mətbəximizdə öz formasını alan hər şeyi burada təfsir etmək
niyyətində deyiləm. Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaşıq suyu
andıran şorbalar və sairə üzərində də durmaq istəmirəm. Mövzum ümumi xatirat
yazmaq deyildir. Təfərrüata yalnız ələ aldığım əsil mövzu ünsürlərini bir-birinə
bağlamaq surətilə təmas edirəm.
Həbsxanada Stalinlə başbaşa
“Mətbəx”in yeni “müsafir”lərindən şəhərdə olub-bitənlər
haqqında məlumat alırdıq. Bunlar şəhərdə “Padvalyon” adında gizli bir cəmiyyətin
kəşf edildiyindən bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir.
Qızıl Ordu tərəfindən yeni işğal olunan Bakıda, burada qalan türkiyəli əski
mühacir zabitlərindən bir qismi ilə limanda olan matroslar arasında guya ki bir
anlaşma olmuş, bunlar yerlilərdən bir qismi ilə sözləşərək, hökumətə qarşı qiyam
hazırlayırmışlar.
“Təşkilat” üzvlərinin görüş yeri şəhərin əski Nikolay, sonra
Parlament, indi də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləşən
bir dükan imiş. Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn “padvalyon”
deyirmişlər. “Padvalyonçuların” nə üçün həbs edildikləri haqqındakı yarı ciddi,
yarı zarafat hekayələrini böyük əlaqə ilə dinləyirdik ki, qapı açıldı. Gözətçi
içəri girdi. Mənə xitab edərək, yoldaş Rəsulzadə (məhbuslara da yoldaş deyə
xitab olunurdu), arxamca gəlin, dedi.
Saat 17 idi, axşamın bu gec saatlarında kameradan bu şəkildə
götürülənlər, adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən
bir saatdır.
Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaş Abbasqulunun
rəngi qaçdı, məlul və məhzun gözlərilə mənə baxdı. Zorla zəbt olunan bir
həyəcanla qucaqlaşdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırammış kimi
ayrıldım. O, titrək bir səslə xeyir-dua verir, mən də ona əhəmiyyət vermə,
qorxma deyə təsəlli verirdim.
Mən öndə, gözətçi də arxada gedirik. Qaranlıq koridorlardan
keçdik (neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən
gecələr lampa yandırılmaz). Bu yolun çox da yabançısı deyildim. Bir dəfə yenə bu
koridorla Pankratovun hüzuruna aparılmışdım. Burada bir heyət məni istintaq
etmişdi. Hiss etdim ki, yenə Pankratovun yanına aparılıram.
Gəldik. Elə buradır. İki həftə əvvəl istintaq edildiyim otaq.
Gözətçi qapını açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun
yanında uca boylu Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır.
Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəldi, əlini
uzadaraq:
- Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə),
Stalin, - dedi.
- Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, - dedim.
Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı
“Stalin” deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba”
vardı. Stalin həmən Pankratova müraciətlə, bizi buraxın, dedi.
Pankratov çıxdıqdan sonra mənə:
- Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq, -
dedi.
- Dünya belədir, hər şey ola bilər, - dedim.
- Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi.
Mən bir ləhzə gözünün içinə baxdım.
- “Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin
qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq
vəziyyətinin yaxşı olacağını düşünəcək qədər sadə deyiləm. Fəqət bu pisliyin
dosyedən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir
dosyedən xəbərim yoxdur.
Stalin mövzunu əlüstü dəyişdirdi.
- Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə
məhbus olduğunuzu öyrəndim. Sizinlə görüşəcəyimi yalnız dr. Nərimana
söylədim, - dedikdən sonra sözünə davam etdi. - Buradakılar (yerli
kommunistləri nəzərdə tutaraq) Sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi
öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi
edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva görmürəm. Siz əski
mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına
qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və
əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu
təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək
bir insan deyilsiniz. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada
qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək - ki bunu mən Sizə şəxsən
tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək
hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər -
istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə,
azadsınız. Düşünün, danışın, bəlkə də bizimlə əməkdaşlıq yaratdınız!..
Stalinin “Rusiya”dan bəhs açan rəsmi “müqəddimə”dən əski
“mücadilə dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu
ifadəsinə eyni şəkildə cavab vermək lazım idi.
- Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaşlıq”
müzakirə mövzusu ola bilməz, yoldaş Koba, - dedim.
- Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik, -
dedi.
Bu cümlə ilə nəyə işarə edildiyi izah edilməzsə, ən yaxın
Azərbaycan tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxşı
anlamazlar. Bunun üçün bir az təfsilat verim:
Şaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində
Qafqaz fövqəladə komissarlığına təyin olunmuş kommunist bir erməni idi. Hələ
bolşeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama
eyni zamanda Şərqi Anadoluda hənuz rus orduları işğalı altında olan vilayətlərdə
Böyük Ermənistan təşəkkülü məqsədilə bir referendum təşkil etmək vəzifəsi də bir
dekretlə bu Şaumyanın öhdəsinə buraxılmışdı. 1905-ci ildən bəri tanıdığım
Şaumyan 1918-ci ilin başlarında Bakıda mənimlə görüşərək öz missiyasından bəhs
etmiş və “Müsavat” firqəsinə əməkdaşlıq təklifində bulunmuşdu. Bizdən
hüsni-qəbul görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin
şiddətli bir müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni
ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini
təhrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib
etmişdi.
Stalin indi bu hadisəyə işarə edirdi. Bununla o, bir tərəfdən
1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir,
digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolşevik istiqamətini
sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi.
Stalinə dedim:
- Məsələ Şaumyanın şəxsiyyətində deyildir, yalnız 1918-ci
ildə deyil, siz buraya indi də gəlməməli idiniz!
Stalin diqqətlə üzümə baxdı. Lisaniylə deyil, halı ilə “nə
üçün” deyə soruşurdu:
- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası
Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə
soruşurdu.
- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus
hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə davam etdim.
Fikrimi bir misalla izah edərək əlavə etdim:
- Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet
hökuməti qururlar, bu necə olar? - deyə soruşdum:
- Bizdən daha yaxşı tətbiqat yaparlar, - deyə Stalin gülümsədi.
- Fəqət rus xalqı da daha yaxşı idarəni necə qəbul edər?.. Təxmin edə
bilməzsinizmi? - cavabını verdim.
Stalin mənalı bir baxışla üzümə baxdı...Bu baxışda rus
xalqının ruhiyyatını mən daha yaxşı bilirəm, deyən ifadə vardı. Stalin bir ləhzə
düşündükdən sonra mövzunu dəyişdirdi.
- Yaxşı, - dedi, - olan olub, keçən keçib. İndi nə
düşünürsünüz, ondan danışaq.
- Sizin, - dedim, - burada Pankratovun bu masası başında bir heyət məni
istintaq edirdi. İstintağı idarə edən müstəntiq, fəhlədən yetişmə bir gənc
idi. Məndən soruşurdu.
- Dağlarda dolaşırdınız, orada yaxalandığınız zaman nə düşünürdünüz? - deyə
məndən cavab gözləyirdi. Ona:
- Hadisələri müşahidə ilə məşğul idim, - cavabını verdim. Qane olmadı. Məni
daha çox danışdırmaq istəyirdi, dedi ki:
- Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan
hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir
adamın hadisələr qarşısında passiv bir müşahidə durumunda qaldığına inana
bilərəmmi? Biz sizin həbsxananızda ikən düşünür, özümüzə görə bəzi planlar
qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç
bir şey düşünmür, sadəcə müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız?
- deyə müstəntiq üzümə baxdı, ona:
- Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiş
olar, - cavabını verdim.
Onunla bütün səmimiyyətlə, əlbəttə ki, danışa bilməzdim;
çünki məni yaxşı tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir şey deyə
düşünər, səmimi qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda
ilə danışan Kobaya müstəntiqin anlamadığı “ədalət”in əsil səbəbini izah edə
bilərəm.
Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli
istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər
müqavimət göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə
bizim qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz
lazım gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük
qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı
ilə düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə
yardım üçün Azərbaycandan keçid istəmək şüarı altında məmləkətə soxulursunuz, bu
məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı
aldadırsınız. Yaranmış bu şərtlər daxilində biz iki od arasında qalan bir adam
vəziyyətində idik. Bu vəziyyətdə bizə əlverişli vaxt gəlincəyə qədər gözləmək
lazım gəlirdi. Müstəntiqinizin anlamadığı şey bir “ətalət” deyil, bir “intizar”
idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını
saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.
Stalin:
- Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz
qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarşı nə
edərdiniz? - deyə soruşdu.
- Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq, - dedim.
- Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq
özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə necə də olsa,
anlaşmanız lazımdır, - dedi; mən:
- Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət
Nərimanın anlaşdığı tərzdə yox, - dedim.
Stalin güldü:
- Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?! -
dedi.
Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin
söhbəti praktik bir nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim “Hürriyyət”ə
gətirdi. Bakıda qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək
istəyirdi. Ona dedim ki:
- Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar
arasında məhbus olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq
havası içində salim bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.
- Yaxşı, - deyə razılaşdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi.
Söhbət əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruşması
münasibətilə anlatmış olduğumdan, içəri girən Pankratova:
- Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib
bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin, - deyə əmr
etdi.
Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus
dostlarım sevinc içində idilər. Abbasqulu arkadaşımın isə şadlığı intəhasız idi.
Belə ha, demək bu gediş “xərclənmə” gedişi deyilmiş!..
Xüsusi otaq
İki-üç saat sonra gözətçi təkrar gəldi. “Əşyanızı yığın,
yoldaş Pankratov Sizi münasib bir otağa köçürmək haqqında əmr verdi”, - deyir.
Mətbəxdəki dostlarıma təkrar bir hüzn və əndişə gəlir. Bu
hiylə olmasın deyə düşündükləri üzlərinin ifadəsindən, gözlərinin baxışından
bəllidir. Mən dostlarımdan çox da ayrılmaq istəmirəm, amma rədd etmək də yaxşı
düşməz. Baxaq görək sonrası necə olur... Dostlarımla vidalaşır, gedirəm; gözətçi
əşyalarımı arxasına alıb, dalımca gəlir.
Məni Pankratovun özünün yaşadığı mənzilin yanında qapısı
müştərək balkona çıxan xüsusi bir otağa gətirirlər. Çılçırpaq olan bu otağın
mətbəxdən fərqi yerinin taxta olması və bir də çarpayı yerini tutan taxtadan
bəsit bir çarpayının olmasıdır.
Payızın sonları olduğundan otaqda isitmə sistemi olmadığından
insanın iliklərinə işləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə
keçən taxta parçalarını, qəzet və sair kimi kağızları yandırır, bir az da olsa
isinirdik. Əlavə olaraq orada maddi istilikdən başqa mənəvi bir hərarət də var
idi; bir icma halında yaşayır, dərdləşirdik.
Gecəni bu soyuq tənhalıqda keçirərək sabah erkəndən bir
fürsətlə balkonun kənarına gəldim və oradan özümün salamat olduğumu göstərdim.
Sevinclərini uzaqdan bildirdilər. Abbasqulu hava öpüşləri göndərirdi.
Bir gün belə tənhalıqda keçdi. Ertəsi gün məni rəfiqəmlə
görüşdürdülər. Evdəki və şəhərdəki vəziyyəti ondan öyrəndim. Ona da vəziyyəti
söylədim və Stalinlə olan söhbətin xülasəsini bildirərək, dostların nə
düşündüklərini və nə tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim.
Beləliklə, dostlarla aramızda bir əlaqə yaranmış oldu. Bu
vasitə ilə şəhərdə olub-keçənlər haqqında əməlli-başlı məlumat ala bildim. Bizim
tutularaq şəhərə gətirilməmizin ümumi bir həyəcan doğurduğunu, rəsmi hökumət
xəbərinin bu həyəcanı sakitləşdirmək məqsədilə belə bir diplomatik əda ilə
yazılmış olmasının səbəblərini öyrəndim. Dostum Heydər xan Əmioğlunun mənim
xatirimə etdiyi cəsuranə demarşın təfsilatını xəbər aldım. Dostlar Moskvaya
getməyimi daha münasib bilirlər. Çünki burada qalmaq təhlükəli imiş, hər cür
sürprizlərə hər zaman məruz qala bilərəmmiş.
Vəziyyətimizin aydınlaşmasını
istəyirəm
Bir-iki gün də keçdi. Stalinin bizə vəd etdiyi “azadlıqdan”
bir əsər-əlamət yoxdur... Əndişəm artır. Vəziyyəti aydınlaşdırmaq üçün ağlıma
bir tədbir gəlir. Pankratovla görüşürəm; ona:
- İşim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir
partiyanın əlindədir. Yoldaş Stalinə çatdırın: vəd etdiyi azadlıq mənə
həqiqətən rəva görülübsə, bu nə zaman gerçəkləşəcək? Bu bir; sonra mənim
işimlə əlaqədar Məhəmməd Əli ilə Abbasqulu da tutulmuşlar. Bunların da
mənimlə bərabər azad olunmasını rica edirəm. Sonra, Moskvaya getməli olsam,
orada tamamilə sərbəst ola biləcəyəmmi?
“Mənim işim” təbirini xüsusi vurğu ilə dedim. Çünki dostum
Abbasqulu ilə bərabər həbs edildiyimi bilirsiniz; Məhəmməd Əli də son dəfə
bizimlə əlaqə saxladığı üçün həbs edilmişdir. Bundan başqa ta çarlığa qarşı
mübarizə illərindən bəri sıx əlaqələrlə bir-birimizə sıx bağlı idik. Məhəmməd
Əli də Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə
məsuliyyət daşıyan yoldaşlarım olduğu kimi milli hərəkatın son illərində də
mənimlə eyni sırada olmuşdu. 1911-ci ildə Bakıda “Müsavat” firqəsinin
təşəkkülündə bu iki dost mərhum Nağı oğullarından Nağı ilə birlikdə gizli
təşkilatın ilk üçlüyünü təşkil etmişdilər.
Pankratov xahişimi Stalinə çatdıracağını deyir, ayrılmaq üzrə
ikən mümkün edə bilərsə, məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiş
edirəm:
- Mənə ayırdığınız otaq, şübhəsiz, daha təmiz, havalı və
müstəqildir, təşəkkür edirəm; fəqət orada yoldaşlarımla birlikdə bir yerdə
idim, məni təkrar yoldaşlarımın yanına qovuşdurmaq lütfünü əsirgəməyin, -
dedim.
- Yaxşı, - dedi, ayrıldıq.
Təkrar mətbəxdəyəm. Məhbus yoldaşlarımla bir neçə günlük
ayrılıq həsrətini ortadan qaldırır, duyduqlarımız (eşitdiyimiz) yeni hadisələri
bölüşdürür, dərdləşirdik.
Yoldaş Stalin inciyib
Gözətçi Pankratovun məni təkrar çağırdığını xəbər verir,
gedirəm. “Osobı otdel” şefi ciddi əda ilə:
- Yoldaş Stalin Sizdən inciyib, - deyir.
Diqqət kəsilirəm. Üzümdəki sualı sezən Pankratov davam edərək
Stalinin:
- Yoldaş Rəsulzadənin etimadsızlığını haradan qazandıq.
Mənim vədimə niyə şübhə edir?! - sözlərini çatdırdıqdan sonra cavab
gözləmədən Stalinin adından bunları deyir:
- Mən bir neçə gün də buradayam. Siz (yəni mən) mənimlə bərabər Moskvaya
gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar. İstəsəniz
ailənizi də özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst olacaq,
həm mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz burada
qalmalı olsa, o da Azərbaycan Sovet Hökumətinin himayəsində olacaq.
Yoldaşlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər.
Nəticəni evə və onların vasitəsi ilə yoldaşlara çatdırdım.
Yolçuluğa hazırlaşır, hərəkət gününü gözləyirik.
Tam yerinə yetirilməyən vədlər
Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına
çevrildi. Məhəmməd Əlini saxladığı başqa bir həbsxanadan “Osobı otdel”ə
köçürdülər, mənimlə birlikdə azad etdilər. Fəqət Abbasquludan xəbər yoxdur. Ona
icazə verməmişlər.
Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim
olmadığım vaxt doğulmuş iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan
uşaq ağlayır. Onun və digər ailə üzvlərinin və bu anda evə toplaşan yaxın
qohumların üzüntüləri və xeyir-duası içində vidalaşaraq, qapıda gözləyən maşına
minir, vağzal yoluna çıxırıq.
Dükan-bazarı bağlı, dərin bir hüznə dalan Bakının səssiz,
həzin küçələrindən keçirik. Vağzala gəldik. Moskva qatarı gözləyir. Stalinin
gedəcəyi salon-vaqona mindirildik, başda Stalin olmaqla böyük sovet
xadimlərindən Serqo Orconikidze, Budu Midivani (Ankarada milli Gürcüstan
hökumətinin elçisi olan Semyon Midivaninin doğma qardaşı) və başqaları burada
idi. Stalin bizi qarşılayır.
- Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər
göndərmək istəmədilər, nədənsə onun əleyhinə böyük hiddət var, - deyir.
Bir az sonra doktor Nəriman Nərimanov gəlir, bizimlə
salamlaşır və dərhal:
- Abbasqulu hanı? - deyə soruşdu. Abbasquluya icazə
vermədilər deyirik.
O, tam bir heyrət içində:
- Hm..., biz onun da getməsini demişdik... - deyir.
- Siz ola bilsin ki, demişdiniz, amma olan oldu, icazə vermədilər...
Bir az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də
həzin və mütəəssir baxışları arasında qatar hərəkət edir.
Moskva yolundayıq. Normal şərtlər daxilində beşinci gün
Moskvada olmalı qatar indi ən azı on beş gün yol gedəcək.
Dərbənd divarları nə üçün
çəkilmişdir
İlk stansiya olan Dərbənddə bir-iki gün qalmaq lazım gəlir.
Stalin məiyyətilə bərabər Temirxanşuraya (indi Buynaksk) gedəcək, orada Dağıstan
sovet muxtariyyətinin təşkili mərasimində iştirak edəcək. Onu müşayiət edənlər
arasında o zaman Moskvada intişar edən “Vostok” (Şərq) jurnalının məşhur müdir
və mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daşıyan inqilabçı bir
emiqrant) da var. Bu imza ilə “Bakinski raboçi” qəzetində çıxan bir məqalədə
tarixi Dərbənd divarlarına aid bir yazı dərc edilmişdi. Hələ Sasanilər zamanında
çəkilmiş, sonra da ərəblər zamanında təmir olunmuş bu divarlar, Mixayloviçin
məqaləsinə görə, cənubdan gələn təcavüzlərə qarşı yaradılmış bir sədd olaraq
təqdim edilirdi. Uzaqdan görünən Dərbənd divarlarına baxmaqla bu məqalənin
həqiqətə uyğun olmadığını anladım. Stalin dərhal gözlərilə aradı və bir az o
tərəfdə başqaları ilə söhbət etməkdə olan Mixayloviçi çağırdı:
- Qulaq as, - dedi. - Sən özünü tarixçi hesab edirsən,
bax Rəsulzadə nə deyir. Dərbənd divarları cənuba deyil, şimala qarşı
yaradılmış bir sədd imiş...
Salon vaqonda kimlər vardı
Stalinin salon-vaqonuna bağlanmış dəftərxana vaqonunda bizə
bir kupe ayrılmışdı. Bu vaqonda bizdən başqa vaxtilə Polşanın kiçicik
qəsəbələrinin birində silah zavodunda dəzgahdar işləmiş, indi Stalinin
dəftərxana müdiri olan Berzanovski də var idi. Yəhudi əslindən olan bu
Berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə
bərabər dəftərxana katibliyi vəzifəsini daşıyırdı. Yanında əvvəlki ərindən 8
yaşlarında bir qızı da var idi.
Bizim kupenin yanındakı kupeni də əvvəllər Peterburqda (sonra
Leninqrad) pinəçilik edən vaqon bələdçisi, simpatik Davidov işğal etməkdə idi.
Dəftərxana vaqonu bizim üçün eyni zamanda vaqon-restoran idi.
Yeməyimizi Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik.
Uzun sürən yolçuluğumuzun yeksənək olduğunu söyləsək həqiqətə
çox da uyğun olmaz. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək
tualetimizin zəruri işlərindən idi. Bununla belə dəftərxana süfrəsində aylarla
çəkdiyimiz sıxıntının əvəzini çıxır, Azərbaycanın qara kürüsünü qırmızı vaqonda
öz halal malımız kimi yeyirdik.
Stalinin xatirələri
Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi
ara-bir öz salon-vaqonuna çağırırdı. Bəzən də dəftərxana vaqonuna gələrək
oradakılarla ordan-burdan danışırdı.
Bəzən madam Berzanovskinin qızı ilə söhbət edər, zarafatyanı
“sən Dədə Vilsonun 14 maddəsini bilirsənmi? - deyə “lətifə” danışar, bəzən də öz
sərgüzəşt və macəralarına aid xatirələr söylərdi. Şimalda sürgündə olduğu
eskimoslar arasında balıq ovu ilə dolandığı və bu işdə istifadə etdiyi üsul
sayəsində yerlilərdən daha müvəffəqiyyətli olması səbəbindən onların nəzərində
az qala kəramət sahibi bir övliya kimi göründüyündən və odur ki, şəxsiyyətinin
sitayiş edildiyindən açıq bir zövqlə bəhs edirdi. Stalin eskimosların gözündə
hər şey imiş; xəstələnəndə onun yanına gəlirlərmiş; o da verdiyi bəzi sadə həb
və tozlarla yüngül xəstəliklərin qarşısını alırmış. Bir gün eskimos
dilbərlərindən birisi müalicə üçün onun yanına gəlibmiş; müayinə əsnasında cinsi
bəzi vəziyyətlər alıbmış. Stalin əhəmiyyət verməyib. Halbuki bu dilbər, zəkası
ilə eskimoslar arasında məşhur olan bir qəhrəmandan hamilə qalmaq istəyirmiş...
Eskimoslar arasında görünən bu cinsi toleransa müqabil, sözü
Qafqaz millətlərindəki erotik əhlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda
təzəcə verdiyi edam əmrini bizə danışır. Kommunist Partiyasının inqilab
sahəsində xidmətləri olmuş, sınanmış üzvlərindən biri komissar vəzifəsindən
sui-istifadə edərək, dağlı bir qızın namusuna toxunubmuş; Stalin onun ən böyük
cəza ilə cəzalandırılmasını əmr edib. Partiya və sovet xadimləri bu yoldaşın
dəyər və xidmətlərini nəzərə alaraq Stalinin yanında onun üçün zəmanət vermiş,
fəqət o, “qətiyyən olmaz, elə indi xalqın gözü qarşısında edam ediləcək”
demişdir; çünki “müsəlman xalqı bu xüsusda göz yummağı qətiyyən bağışlamaz!”
Dağlardakı “adətlərə”, buradakı “namus” anlayışına hörmət hökumətə etibar
baxımından əsasdır.
İrana tətbiq olunan siyasət
Yol boyu söhbətlərdə, təbii ki, hər cür mövzulara toxunulur
və əsasən Qafqazda cərəyan edən hadisələrlə bağlı olaraq bir qrup tanınmış
şəxslərin oynadıqları rollardan və xarakterlərindən bəhs açılırdı. Qafqazdakı
şərait və o zamankı hadisələrdən xəbəri olanlar üçün maraqlı olması şübhə
doğurmadığına baxmayaraq, dünya əfkari-ümumisini çox o qədər də ilgiləndirməyən
bu təfərrüatdan sərf-nəzər edərək, yol boyu edilən söhbətlərdə toxunulan
mövzuların yalnız ən mühümlərini burada qeyd edəcəyəm.
Stalin bir gün İrana qarşı tətbiq edilən siyasət məsələlərinə
toxundu.
- Mən Bakıya gələndə, - dedi, - baxdım ki, bizimkilər
İrana hücum planları hazırlayırlar. Dərhal mane oldum (o zaman Azərbaycanın
sovetləşdirilməsindən sonra yerli bolşeviklər İranın Gilan vilayətinə hücum
edərək İran hökuməti ilə ixtilafa düşmüşdülər).
Nə üçün mane olduğunu belə izah etdi:
- İranı sovetləşdirməyə başlamaq yanlış bir hərəkətdir.
Orada nəinki cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini
möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir işdir. Sosializm və
kommunizm prinsiplərini oralarda tətbiqə girişmək macəraçılıqdan başqa bir
şey deyildir, - dedi.
- Yaxşı, İran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq
etmirsiniz, demirəm; çünki bilirəm burada Bakı kimi bir sənaye mərkəzi və
proletariat hərəkatı vardır, deyəcəksiniz. Bəs Türküstan? Ona nə deyirsiniz;
oradakı şərait İrandakı şəraitə bənzəmirmi? Niyə “İran taktikasını” oraya
tətbiq etməyəsiniz?
Stalin bir az düşündü:
- Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmış
ziyalılar var, - dedi.
- Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? - deyə etiraz
etdim. Mübahisəni dərinləşdirmədi.
Rus-alman əməkdaşlığı
O zamankı vətəndaş müharibəsi və inqilabi hadisələrin
cürbəcür səhnə və məsələlərinə təmas edən Stalin xarakterik bəzi hekayələr
danışır və cümlələr işlədirdi.
Dünya inqilabı tezisi söhbətlərin ana mövzusu idi. O, dünya
inqilabının baş tutması üçün rus-alman əməkdaşlığına fövqəladə əhəmiyyət
verirdi. Bu baxımdan Ropolloda bağlanmış müqaviləni öyürdü. Bu müqaviləyə görə
rus inqilabi imkanları ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir
ittifaqın yaradılması lazım idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək
sərvətləri ilə Almaniyanın texniki istedad və qabiliyyəti bir araya gəlincə
dünya inqilabının müvəffəqiyyətinin qarşısını ala biləcək bir qüvvə tapılmaz;
Lenin indi tətbiq etmək istədiyi beşillik planla Rusiyanın kənd təsərrüfatını
Almaniyanın möhtac olduğu yeyinti məhsulları ilə təmin edəcək bir hala gətirmək
əzmindədir, - deyirdi.
İngilislərə qarşı nifrət
Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və
yarımmüstəmləkə halında olan bütün millətlərin azadlıq və qurtuluşlarına əngəl
olan dünyada bir qüvvə varsa, o da İngiltərə imperializm qüvvəsidir, - deyirdi.
Söhbət buraya gəlincə Stalinin səsi sərtləşdi və intiqam
qığılcımı saçan parlaq gözləri ilə uzağa baxaraq:
- Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu
bükülü əlini havaya qaldıraraq, bunları şəxsən öz əlimlə öldürmüşəm. İndi
polkovnik Stoks deyilən bir əclaf var, o da bir əlimə keçsə, ürəyim of
deməz, o saat gəbərdərəm, - deyir.
Stalinin hiddət və nifrətlə andığı bu “əclafı” şəxsən
tanıyıram. Onunla 1911-ci ildə Tehranda tanış olmuşdum. O zaman orada
“İrani-nou” qəzetinin baş redaktoru idim. Avropa üsulunda İranda ilk dəfə olaraq
təsis olunan bu gündəlik demokratik qəzet getdikcə artan rus nüfuzunun
intriqaları ilə bağlanırdı. O günlərdə Amerikadan İranın maliyyəsini islah
məqsədi ilə gələn məşhur Morqan Şusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc
edilməsinə görə Rusiya səfarəti məni İrandan xaricə atdırmaq üçün təşəbbüs
etmişdi. Dünya mətbuatı bizim müqəddəratımızla yaxından maraqlanırdı. O cümlədən
Parisdə çıxan “Siyeql” qəzetinin Tehrana gəlmiş xüsusi redaktoru “İrani-nou”
qəzeti ilə mənə həsr edilmiş böyük bir reportaj dərc etmişdi. O zamankı İran
xarici işlər naziri yaxın dostum mərhum Hüseyn xan Nəvvab mənim şərəfimə verdiyi
axşam yeməyinə indi İran senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə
kimi şəxslərlə birlikdə “Telmis” qəzetinin müxbiri ilə ingilis səfirliyinin
hərbi attaşesi Stoksu da dəvət etmişdi. Stoks İrandakı irtica qüvvələrini
müdafiə edən Rusiya siyasətinin əzmkar müxalifətlərindəndi.
Daha sonra Stoksla görüşmüşdük. Birinci dünya müharibəsində
qalib gələn müttəfiqlər adından Azərbaycanda olan ingilis işğal qüvvələri
komandanı general Şatelvortun ştabında siyasi müşavir idi.
Stalinin adını hiddət və təhdidlə çəkdiyi Stoks elə bu Stoks
idi.
İngilis-rus rəqabəti
Söhbət bir aralıq bolşeviklərin təqib etdikləri və edəcəkləri
Şərq siyasəti üstünə gəlmişdi. Bu məsələdə görüşlərini izah edərkən Stalin
çarlar dövründəki məşhur ingilis-rus rəqabətilə indiki ingilis-rus, onun təbiri
ilə ingilis-sovet münasibətlərinin bir-birindən radikal şəkildə ayrıldıqlarını
anladaraq:
- O zaman iki yırtıcı qarşı-qarşıya durmuşdular; indi
isə (bir müstəmləkəçiyə qarşı bir xilaskar durur, deyəcəyini sezərək,
sözünü tamamlamağa fürsət vermədən):
- İndi isə iki xilaskar durur, - dedim.
Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düşmənlərlə biz
özümüz bacararıq, anlamındakı rus zərb-məsəlini təkrar etdim.
İran haqqında xatirələrim
Söz dönüb-dolaşıb yenə İran üstünə gəlmişdi. Bu münasibətlə
mən İrandakı məşrutə hərəkatında iştirakımla bağlı orada gördüyüm hadisələrə
toxunan xatirələrimi danışırdım; o cümlədən təxminən 1911-ci ildə İrandan sürgün
edildikdən sonra İstambulda İran inqilabı haqqında təəssüratlarımın bir qismini
nəşr etdirdiyimi, digər qisminin isə nəşr edilməmiş qaldığını söylədim.
Stalin dərhal maraqlandı, bunları Moskvada nəşr edək, bizim
üçün çox maraqlı olar, - dedi.
- Yazılar yanımda yoxdur, Bakıda qaldı, - dedim.
- Məhəmməd Əli elə indi geri dönsün, materialları gətirsin, - dedi.
- Hələlik qalsın, birdəfəlik Moskvada yerləşdikdən sonra baxarıq, lazım
olarsa, Məhəmməd Əli oradan da Bakıya gələ bilər, elə deyilmi? - dedim.
Sultan Məhəmməd Fateh
Stalin bizə bolşevik partiyasının ona vermiş olduğu bir
mövzunu işləməklə məşğul olduğunu danışırdı. O, dövlət və inqilab işlərindən boş
vaxtlarında “Leninizmin əsasları” mövzusunu araşdırmaqla məşğul idi. Bu
münasibətlə ideoloji və tarixi bəzi məsələlər ətrafında söhbət etməyi sevirdi.
Bir gün mənə:
- Mamed Saltan kimdir? - dedi.
- Mamed Saltanmı? Bu adı harada gördünüz? - deyə soruşdum. Yadına sala
bilmədi.
Plexanovda görmüş olduğunu sonradan başa düşdüm. Demə Mamed
Saltan dediyi şəxs Sultan Məhəmməd Fateh imiş.
Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin
də ideoloqu sayılan Müdhiş İvan (İvan Qroznı) üçün Presvetov tərəfindən Sultan
Məhəmməd Fatehin idarəsini xülasə edərək yazılmış bir əsər vardır. Rus
sosial-demokratlarının məşhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı
əsərində bu kitabdan iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Stalinin heç
cür tanımadığı və öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Məhəmməd
Fateh!
Müdhiş İvan bir idealdır
Müdhiş İvan Stalinin dünya görüşündə çox kök salmış, nümunəvi
bir simadır. O, bir dövlətin ancaq terrorun işləndiyi metodlarla yaradıla
biləcəyinə inanır. Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah
terrordur. Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləşdirmək üçün,
onun fikrincə, İvanın etdiklərindən başqa bir hərəkət qabil deyildir. Tarixin
inkişaf amili xalq deyilən amorf kütlə deyil, inqilabçı əqəliyyət (azlıq)
zümrəsidir. Bu zümrə məqsədə çatmaq üçün müəyyən bir plan qurar, kütləni bu
plana uyğunlaşdırmaq üçün onu zorlayar. Dünyanın bütün inqilabçıları belə
etmişlər. Stalinə görə Müdhiş İvan da bir növ inqilabçı idi.
Mən terrorun bir sistem olaraq faydalı olduğunu düşünmənin
doğru olmayacağını izah etmək istədim. Fransa inqilabından bəzi misallar
gətirməyə başladım.
O, bir az dinlədi və:
- Yox, - dedi, yanılırsınız, terrorun, hələ kütləvi
terrorun tarixdəki rolu mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru
qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi
terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir, -
deyə davam etdi:
- Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən
öldürmək ki, kütləvi bir təsiri olsun, - dedi və əlavə etdi: “Biz tərbiyə
etmək üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla
uymaları üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq”.
Demokratiya məfhumuna nifrət
Kütlənin məntiqlə qandırılacaq bir şey olmadığını isbat etmək
üçün o vaxtilə Tiflisdə menşeviklərdən Xomeriki ilə öz arasında olan bir
macəranı danışdı.
- Mən, - dedi. - Rusiya Sosial-Demokrat Fəhlə Partiyası
Mərkəzi Komitəsi tərəfindən (komitənin başında Lenin dururdu)
göndərilmişdim. Xomeriki də eyni Sosial-Demokrat Partiyasının Tiflis
Təşkilatı Mərkəzinin nümayəndəsi idi. Əksəriyyəti fəhlələrdən ibarət olan
yerli partiyaçılar kütləsi qarşısında mərkəzi komitə ilə yerli təşkilatın
iki nümayəndəsi sifəti ilə mənimlə Xomeriki görüşlərimizi izah etdik. Bir
həftə tamam mübahisə etdik. Bir neçə dəfə mən, bir neçə dəfə də Xomeriki öz
tezislərimizi müdafiə etdik. Nəhayət, münaqişələrdən bir nəticə almaq lazım
gəlirdi. Bir qərar layihəsini mən, bir qərar layihəsini də Xomeriki qələmə
alaraq iclasa təqdim etdik. İki qərar layihəsindən birini səs çoxluğu ilə
qəbul etməli idilər. Halbuki nə oldu. Müvəqqəti olaraq ikimizin də iclasdan
bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən başlandı və bizi
də çağırdılar. Nə qədər versələr bəyənərsiniz:
- Xomeriki yoldaşı çox sevirik, illərdir bizə başçılıq edir, onunla bərabər
işləmişik. Koba yoldaş da mərkəzi komitənin müvəkkilidir, onu da çox
sevirik. Düşündük-daşındıq; ən yaxşısı bu iki yoldaşı bir otağa salaq,
qarşılıqlı anlaşmaya gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar,
biz də onu qəbul edək, - deyə qərar verdilər.
Bu hekayəni danışdıqdan sonra Stalin bizə xitabla:
- Xomerikiyə bu da sənin demokratiyan! dedim, - deyir.
Demokratiyaya nifrətini və inqilabçı əqəliyyət prinsipinə,
diktatorluğa bəslədiyi simpatiyanı ifadə edən daha bir misal gətirək.
Rusiya inqilabının əvvəllərində “proletariat” sinfini
idealizə etmək bir moda idi. Proletariata əl dəyilməz, proletariat nə edərsə ona
təhəmmül olunur, müğayir şərtlər ortaya ataraq tətil edərsə də onu zorla
işlətmək olmaz kimi düşüncələr xüsusilə sosialist partiyalar tərəfindən demaqoji
bir surətdə “proletar əfəndilərə” təlqin olunmuşdu. Fəhlə sinfinə bu təlqini
aşılayanların başında şəxsən bolşeviklərin özləri dururdu. Elə bizimlə ilk
tanışlığında şəxsən Stalin də bu sinfi seçilmiş, qabaqcıl bir sinif deyə
öymüşdü.
“Ağ”lara qarşı mübarizə əsnasında Volqa boyunda bir gəminin
yükünü boşaltmaq lazım gəlmiş, sahildəki fəhlələr işləmək istəməmişlər; Stalin o
saat onların içindən 20 adamlıq ilk partiyanı dərhal güllələtmiş, gəminin
boşaldılmasını təmin etmişdi. Bunu bizə böyük bir iftixarla danışırdı.
Xalq görsə inqilab olar
Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik
bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə
pərdələri endir dedi. Məhəmməd Əli:
- Yoldaş Stalin, bu niyə? - deyə soruşdu.
- Bayırdakılar masamızı görməsinlər, - dedi.
- Görürlər görsünlər, nə olar ki?..
- Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq
bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?
Trotskiyə qarşı dərin bir nifrət
Vətəndaş müharibəsi və inqilab zümrəsi içindəki çəkişmələrə,
bolşevik-menşevik münaqişələrinə aid cürbəcür mövzular ətrafında inqilab
aktyorlarından bəhs edən Stalin, Lenindən böyük bir ehtiramla bəs edir, onun rus
olduğunu yerli-yersiz qeyd edirdi.
O zaman adı Leninin adı ilə bərabər çəkilən Trotskinin hər
şeydən əlavə yəhudi olması səbəbindən başda ola bilməyəcəyini söylərdi. “Xalq
dövlətin başındakı şəxsə çox diqqət edir. Onun bütün sümüklərini bir-bir
öyrənir, əslinə-nəcabətinə əhəmiyyət verir” - deyirdi.
Bu arada bir münasibət gətirərək özünə Leninin nədən daima
Lenin adı yanında bir də Ulyanov adını qeyd etməyi unutmamasının səbəbini
soruşdum (görünür, Lenin bunu özünün yəhudi deyil, əsil rus olduğunu göstərmək
üçün edirdi). Bir az düşündü və: “Bunun səbəbini bilmirəm”, - dedi.
Lenin Stalin üçün “böyük bir müəllim”, “dahi bir rəhbər” idi.
Nə qədər sərt və çətin əmrləri olurdusa, bunları mütləq yerinə yetirmək onun
üçün bir zövq idi. Sarisın (sonra Stalinqrad) cəbhəsi müşkül bir vəziyyətdə ikən
Lenin nə bahasına olursa-olsun Sarisını əldə saxlamalısan deyə göndərdiyi
teleqrama Stalin “əlim titrəməz!” deyə cavab vermiş və özündə zəiflik hiss edən
hər kəsi güllələtmək surətilə istənilən nəticəni təmin etmişdi.
Trotskiyə gəlincə, bu “əski menşevik”dən Stalin istehza ilə
danışırdı. Stalinə görə o, təmtəraq sevən, xudpərəst, qeyri-səmimi, dəyərsiz,
yalançı bir dil pəhlivanı imiş. Uzun zaman bolşevik əleyhdarı bir menşevik ikən
onun Leninə yalnız son dəmdə “zəfər təranəsi çalaraq gəldiyini” istehzalı bir
dillə qeyd edirdi. 1919-cu ildə Varşava altındakı məğlubiyyəti üçün Qızıl Ordu
Stalinin ifadəsinə görə yalnız Trotskinin ədəbazlığına borclu imiş.
Antisemitizm
Trotskini tənqid və istehza edərkən Stalinin ifadəsindən çox
da gizlədilməyən bir antisemitizm qoxusu gəlirdi. Bir gün qatarımızın durduğu
stansiyaların birində bayırdan içəri girən Stalin müəmmalı bir əda ilə mənə
xitab edərək:
- Yoldaş Rəsulzadə, Siz Qaşqar proletariatını
tanıyırsınızmı? - deyə soruşdu.
- Orada proletariat nə gəzir! - deyə cavab verdim. O:
- Hə!.. Cühudun (rusca həqarətlə deyilən “jid” təbirini işlədərək) birisi
gəlib, özünü mənə Qaşqar proletariatının nümayəndəsi deyə təqdim edir, belə
bir proletariatdan xəbərim yoxdur, deyə onu rədd etdim. - dedi.
Avropalılar haqqındakı hissiyyatı
Çiçerinin xarici siyasətdəki rolunu da Stalin ciddi saymırdı.
“Tülkü avropalılar bizim hərif diplomatlarımızı aldadırlar” deyirdi. Gürcü və
rus dillərindən başqa bir dil bilməyən və Avropaya qısa müddətdə yalnız bir dəfə
Leninlə görüşmək üçün gedən və orada ikən son dərəcə sıxılan Stalin Avropa
mədəniyyəti deyilən şey haqqında yüksək bir fikir sahibi deyildi. Onun üçün bu
mədəniyyət slavyanofillərin düşündükləri kimi çürümüş bir mədəniyyət idi. Əsil
yeni və sağlam mədəniyyəti sovetlər yaradacaq, buradan dünyaya yeni bir işıq
yayılacaqdı.
Bu gün Rusiyada artıq çəkinmədən təriflənən mədəni sahədəki
rus liderliyi Stalinin söhbətlərində hələ o zaman sezilirdi. Rus onun üçün
dünyanın mənən olduğu kimi təbiətcə də ən məhsuldar bir milləti idi. Kənddə rast
gəldiyi hamilə rus qadınının “on beş uşağım var, on altıncısı da elə buradadır”,
deyə böyük bir iftixarla qarnını göstərdiyini, bəhs etdiyi qadını təqlid edən
bir jestlə canlandırırdı.
Avropa kapitalistləri öz mədəniyyətlərini ya İngiltərə və
Fransa kimi əllərinə keçirərək müstəmləkələrinə çevirdikləri ölkələr hesabına,
ya da Almaniya kimi məğlubiyyətə uğratdığı Fransanı hərraca qoymaq surəti ilə
təmin etmişlər. Sənayecə bu millətdən çox geri qalan Rusiyanı inkişaf etdirmək
üçün daxili müstəmləkəçilikdən istifadə etməkdən başqa bir çarə qalmamışdır.
Leninin təsəvvür etdiyi beşillik plan isə inqilabi Rusiyanı bir an əvvəl
sənayeləşdirməyə yönəlmiş bir əzmdir. Rusiyada əzəmətli bir sənayeləşdirmə planı
tətbiq olunacaq; bu sahədə əsrlərin nəticəsi olan gerilik aradan qaldırılacaq;
kommunist inqilabını bütün dünyaya yaymaq üçün müstəmləkə və yarımmüstəmləkə
halında olan bütün Şərq millətlərinin Qərb kapitalistlərinə qarşı apardıqları
istiqlal mübarizəsinə özləri həm dayaq, həm də rəhbər olacaq.
Stalinin bu yolda elə “siqayi-müzari” ilə (indiki-gələcək
zaman formasında) bəhs etdiyi planlara qarşı cəbhədən hücum etmək bizim
vəziyyətimizdə olanlar üçün bir “nəzakətsizlik” olardı; /onun/ nəzəri-diqqətini
görülmək üzrə olan işlərin bu xüsusda çox da ümidverici bir halda olmadığına
işarə etməklə təmin edirdik; Sovet sistemində insanın bir fərd və bir şəxsiyyət
olaraq ortadan qaldırıldığını irəli sürürdük.
Millətlər məsələsi
Stalinin qızğınlıqla mübahisə açdığı məsələlərdən biri də
milli məsələ idi. Bolşevik partiyasının milli məsələ sahəsindəki nəzəriyyəsi və
praktikası üzrə mütəxəssisi sayılan Stalinin bir də Millətlər komissarı olması
təsadüfi idi?..
Menşeviklərin milli məsələdəki taktikasını şiddətlə rədd edən
Stalin Avstriya sosialistlərindən Otto Bauerin müəyyən bir əraziyə bağlı olmadan
milli-personal (milli-mədəni) muxtariyyət prinsipinə dayanan sistemini şiddətlə
tənqid edir. Bir millət üçün yalnız mədəni işlərdən ibarət bir muxtariyyətin
qətiyyən kifayət etməyəcəyini, millətləri təmin edən şeyin hər şeydən öncə
özlərini şəxsən idarə etməkdən ibarət olmasını deyir. Rusiya daxilindəki
millətlər üçün milli-personel deyil, milli-territorial (milli-ərazi) bir
muxtariyyətin qəbul edilməsi lüzumunu irəli sürür.
Sovet hökumətinin iş başına gələr-gəlməz nəşr etdiyi məşhur
dekreti dəlil kimi göstərirdi.
Fəqət mən nəzəriyyədə “dekretləşmiş” olan prinsipə,
praktikada çox da riayət edilmədiyinə və bunun ən yeni misalı olaraq
müqəddəratına şəxsən sahib olmaq istəyən Azərbaycanın qüvvə tətbiq edilərək
sovetləşdirildiyinə işarə edərkən o:
- Əsasında şayani-təqdir olan təyini-müqəddərat hüququ
mütləq deyil, fəhlə inqilabının baş mənafeyinə tabeli bir hüquqdur, - dedi.
- Bu kimi şərtə aid qeydlərlə ən mükəmməl prinsipləri praktikada güddükləri
məqsədlərin tam əleyhinə olan nəticələrə çıxarması mümkündür, - cavabını
verdim.
Stalinlə bu söhbət mənə 1917-ci ilin mayında Moskvada Rusiya
Müsəlmanları Qurultayında olan mübahisələri xatırlatdı. Orada mən Rusiyanın
milli-territorial muxtariyyətlərə ayrılması prinsipini müdafiə edir, Əhməd bəy
Salkov isə Rusiyanın mərkəzi demokrat bir hökumət halında qalaraq millətlər üçün
yalnız milli-mədəni işlərlə məhdudlaşdırılan “milli-personal bir muxtariyyət”
tələb edirdi. Nəticədə qurultay əksəriyyətlə bizim istiqlal tezisimizdən çıxan
milli-territorial muxtariyyət tələb edən qərar layihəsini qəbul etmişdi.
Qurultaydakı bu mübahisələri söz gəlişi danışdığım zaman Əhməd Salkov haqqında
Stalin:
- Məqsədsiz, rusofil bir menşevik deyilmi? - dedi. - Və
biz də bu günlərdə inqilab hazırlığı ilə məşğul idik, - deyə əlavə etdi.
Müəmmalı bir hadisə
Səfərimiz Türkiyə-sovet münasibətlərinin çox gərgin bir
dövrünə təsadüf etmişdi. Kamalçı Türkiyədən Moskvaya bir heyət göndərilmişdi.
Heyət Moskvada müzakirələr apardığı vaxt Ankara hökumətinin o zamankı xarici
işlər naziri Bəkir Sam bəyin Fransada imzaladığı birtərəfli müqavilə sovetlərin
narahatlığına səbəb olmuşdu; Türkiyəyə göndərilməkdə olan hərbi sursat
göndərilməsi dayandırılmışdı. Bu münasibətlə Ankara ilə Moskva arasında
yazışmalar davam edir, dalbadal alınan teleqramlarda Stalinin mülahizəsinə
müraciət olunur, onun fikri soruşulurdu. Moskvadan gələn narahatlıqlarla dolu bu
təcili teleqramları Berzanovski ona göstərdikcə Stalin:
- Ziyanı yox, gözləyərlər, - deyə cavab verirdi.
Əhəmiyyətli teleqramların yağmaqda olduğu bu günlərdən
birində salon-vaqon rəisi Davidov bizim yanımıza gəldi:
- Yoldaş Stalin sizi o biri vaqona köçürmək istəyir,
hazırlaşın, - dedi.
Bu zərurət nədən doğdu? Davidovdan bir şey soruşmadıq. Hər
halda bu yaxşı bir əlamət deyildi, narahatlıq içində başımıza nələr gələcəyini
acizanə şəkildə gözləyirdik. Şeylərimizi yığdıq; hər saat yerimizi dəyişməyə
hazır bir vəziyyət aldıq...
Xəbər günorta verilmişdi. Axşama qədər bir hadisə olmadı.
Gecəni narahatlıqla keçirdik. Səhər oldu. Davidov bir neçə dəfə gəldi-getdi, bir
şey demir. Öz-özümüzə “təhlükə sovuşdu” deyirik, amma xəbərin səbəbini heç cür
izah edə bilmir, maraq içində gözləyirdik. Məsələni Berzanovski və ya Stalindən
soruşmağa da münasib görmürük. Nəhayət, zehinlərimizi müəmma ilə yox, hazırkı
vəziyyətlə məşğul etməyə başladıq, özümüzü bizi bezdirən həşəratlardan kupeni
təmizləmək işi ilə məşğul etməyə üstünlük verdik.
Hadisənin nədən ibarət olduğunu sonra bildik. İrəlidə
anladacağım kimi Moskvada onunla bir tavan altında yaşadığımız Davidov bir gün
bizə danışdı. Yolda gələrkən sizi başqa kupeyə köçürəcəkdik, sonra bundan vaz
keçdik, səbəbini bilirsinizmi? - dedi və izah etdi:
- Berzanovski gəlib, Stalinə Türkiyə məsələsi üzrə
teleqramlar gəlir-gedir, Rəsulzadələr də dəftərxana vaqonunda, işin məxfi
tərəfi pozulur, demişdi. Stalin bundan sonra mənə sizi başqa bir kupeyə
köçürmək əmri vermişdi. Sonra məndən Rəsulzadələr özlərini necə aparır deyə
soruşdu. Mən də çox təmkinli və sakit insanlardır, yeməklərini yeyib, sonra
öz kupelərinə çəkilir, başqa heç bir şeyə qarışmırlar, dedim.
- Mən onları yaxşı tanıyıram. Onları rahat burax. Yerlərində qalsınlar, -
dedi.
Bakıdan ayrılalı on beş gün olurdu. Moskva ətrafına
gəlmişdik. Harada yerləşəcəyimizi düşünürdük. Yəni bir məchulatla qarşılaşırdıq.
Stalin münasib bir yer müəyyənləşənəcən vaqonda qalmağı münasib hesab etdi. Bu
məqsədlə aşpazı da vaqonda saxladılar. Bir manevr ilə vaqon əsas yoldan
aralanaraq, yan yollardan birinə verildi. Sonra bizi vaqonla birlikdə
təmirxanalardan birinə apardılar. Gecəni orada keçirdik. Səhər tezdən çəkic
zərbələri bizi yuxudan oyatdı. Demə, vaqonumuz təmir edilirmiş. Üç gün bu
şəraitdə yaşadıq. Dördüncü gün Berzanovski Davidovu göndərib, bizi öz evinə
apardı. Burada, Davidovun da olduğu mənzildə bizə bir otaq ayrılmışdı.
Bu, Stalinsayağı bir iş idi; həm hörmət göstərilmiş, öz
katibinin mənzilində bizə bir otaq ayrılmış, həm də bütün hərəkətlərimiz daimi
bir nəzarət altına alınmış olurdu. Göz dustağı elə bu qədər olur.
Hərbi kommunizm dövrünün Moskvası
İqamətgahımız müəyyən olunduqdan sonra zəruri formal işlər
görülmüş, bizə “Raboçaya knijka” - “İşçi dəftəri” deyilən bir şəhadətnamə
verilmişdi. Bu dəftər sayəsində biz ümumi yemək yerlərindən birinə qeyd olunur,
oradan şorba ala bilirdik. Aldığımız bu şorbanın Bakının “Osobı otdel” deyilən
həbsxanasında aldığımız şorbadan fərqi yox idi. Onun qədər bir bulanıq suya
bənzər və eyni qoxunu verərdi.
Bu bulaşıq suyu almaq üçün sıraya durur, qapıdan içəri
girərkən bir dəmir boşqabla bir qaşıq alır, böyük bir səbir və itaətlə ta böyük
qazanın başında duran şorbaçıya qədər gəlirdik. İtaətlə uzadılan boşqaba bir
çömçə şorba tökülüncə, sıradakı yerimizi eyni itaətlə gözləyən bir başqasına
tərk edərdik. Bu mərasim günorta vaxtı hər gün təkrar olunurdu. Səhər və axşam
yeməklərini isə hamı kimi biz də öz imkanlarımızla hazırlamaq məcburiyyətində
idik. Bu məqsədlə bəzən ərzaq mərkəzlərindən alına bilən təyinatdan, bəzən də
çox sıx bir təqib altında olan qara bazardan istifadə edə bilirdik.
Moskvanı ilk dəfə 1917-ci ilin mayında görmüşdüm. Bu dəfəki
isə Moskvaya ikinci gəlişim idi. O zaman beş-on gün üçün Rusiyada müsəlman-türk
ellərinin ən yaxın tarixində mühüm bir yeri olan Müsəlman qurultayında iştirak
üçün gəlmiş olduğumdan, bu qurultayın müzakirələrinə dalmış, şəhəri görmək
fürsəti çox da tapa bilməmişdim. İndi isə vaxtımız boldur. Moskvada qalmağı
bizim üçün daha münasib görmüşdülər.
Ortodoks kilsəsinin sitayişinə nail olan əski Moskof
çarlarının paytaxtında indi hər cür din və məbədləri inkar edən kommunist
inqilabının liderləri hökmrandır. Şəhərin hər tərəfində ilk gözə çarpan şey bu
liderlərə aid olan fotoqrafiyalardır. Bunlar arasında Lenin və Trotskinin
fotoqrafiyaları birinci sırada gəlir. Qəzetdəki məqalələr, xalqa xitab edən
nitqlər, müxtəlif nəşriyyatlarda çap olunan klişelər də ilk sırada bu iki liderə
aiddir. Bunlardan sonra Zinovyev, Kamenev, Çiçerin, Radek, Tomski, Lunaçarski,
İoffe, Frunze və sairə kimi şəxsiyyətlərin isim və fotoqrafiyalarına rast gəlmək
olur. Adı az çəkilən, hələ fotoqrafiyasına adətən heç yerdə təsadüf olunmayan
birisi varsa, o da Stalindir. Partiyanın baş katibi, Rabkin deyilən fəhlə-kəndli
müfəttişi camaat arasında adətən tanınmır. Hələ tamamilə təşəkkül etməmiş olan
Millətlər Komissarlığından (Narkomnats) heç kimin xəbəri yoxdur.
İlk günlərdə hamının kiçik və adi gördüyü bu üç müəssisənin
irəlidə bütün rəqiblərini ortadan qaldırmaq üçün Müdhiş İvanı örnək bir hökmdar
deyə idealizə edən Stalinə diktatorluğunu təsisdə çox yaramış olduğunu hadisələr
bizə göstərmişdir.
Ölümündən bir neçə il əvvəl qocaman büstünü Himalay
dağlarında bir qüllənin başına qoydurub, oradan idarə etdiyi Yevraziyanın geniş
sahələrinə qürarla baxan və istisnasız həyatın hər sahəsində öz damğasını
görməkdən zövq alan Stalin o günlərdə kölgədə qalmağı, Lenindən sonra bütün
hakimiyyəti ələ keçirmək taktikası baxımından anlaşılan, zəruri iş hesab
etmişdi.
Üzdən də çirkindir
1920-ci ildə Stalinin Moskva mühitində nə kimi bir şöhrətə
malik olduğunu xarakterizə edən bir təsadüfü burada göstərmək istəyirəm. Moskva
küçələrində gəzərkən əvvəllər tanıdığım bir fəhləyə rast gəldim. Bu hələ 1904-cü
ildə Bakıda tanış olduğum Peterburjest adlı ziyalı bir fəhlə idi. Bakıda
bolşevik fraksiyasına mənsub bir sosial-demokrat idi. Bakı fəhlələri arasında
nüfuzu vardı. Xeyirxah və fədakarlığı ilə tanınmış bir adamdı. Peterburjest
görüşdüyümüzə çox məmnun oldu. Bizi dərhal evinə apardı; evli imiş; bir çay
düzəltdirib, bizi qonaq etdi. Mənim Bakıda tutulmağım və Pankratovun sədrliyi
ilə bir komissiya tərəfindən istintaq edilməyimin təfsilatını bilirdi. Bunu elə
həmin komissiya üzvlərindən Moskvaya gəlmiş olan birisindən öyrənmişdi. Həmin
adamın anlatdığına görə mənim günlərim sayılmış imiş. Haqqımda Moskvaya verilən
raportda edamım tələb olunurmuş. Fəqət oraya “Stalin yoldaş gəlincəyə qədər
saxlayın”, - deyə teleqram vurulubmuş...
Peterburjets bizə bu surətlə “keçmiş olsun” dedikdən sonra
“Oktyabr” inqilabından keçən dövr ərzində yaranmış vəziyyəti təhlil etməyə
başladı. Özünün Lenin ilə ara-bir görüşdüyünü dedi: “Lenin yoldaş, - dedi, -
rəsmi hökumət və partiya müəssisələri xaricində, işlərdən şəxsən məlumat almaq
üçün inandığı köhnə dostlarından bəzilərinə müşahidə eləmək - izləmək vəzifəsi
tapşırırmış. Peterburjets də Leninin “göz”lərindən biri imiş. O, bu “göz”lük
vəzifəsini qərəzsiz surətdə ifa edərək Lenin yoldaşı daima məlumatla təmin edir;
hərbi kommunizm rejiminin dəyişdirilməsinin lüzumunu daima ona deyirmiş.
Birisi çıxıb fəhlələrə “inqilabdan əvvəlki vəziyyəti sizə
təmin edərik, bir şərtlə ki, bir daha tətil etməyin, deyirsə, bunlar bunu
özlərinə böyük hörmət hesab edirlər”, - deyə Leninə xalq arasındakı
əhval-ruhiyyəni çatdırırdı. Peterburjets də ümidsizliyə düşərək “nə edək?” -
soruşan gənclərə “Plexanova qayıtmalı” deyə cavab verirmiş (Plexanov? rus
menşeviklərinin tanınmış lideri idi).
Peterburjets əvvəldən yaxşı tanıdığı Bakının inqilabdan
sonrakı əhvalı ilə maraqlanırdı. İnqilabın oranın əhvalı ilə maraqlanırdı.
İnqilabın oranın məişətində nə kimi təbəddülat gətirdiyini soruşur, ona lazım
olan izahatı verirdik. Söhbət dönüb-dolaşıb yoldaş Stalinin üstünə gəldi. Bizim
müsahib:
- O, - dedi, - xoş niyyətli bir inqilabçı deyildir. Onun
üçün başlıcası ideya deyil, sadəcə hakimiyyətdir. O, idealist
sosialistlərdən çox, dəliqanlı terroristlərə istinad etmək istər. Bolşevik
inqilabını cığırından çıxaran bu kimi demaqoqlardır. Görəcəksiniz, o, fəhlə
sinfinin başına bəla olacaqdır. Nə cahpərəst, nə intriqan, nə qorxunc
adamdır o, bilməzsiniz. Stalinə görə bombaçı olmayan birisi həqiqi
revolyusioner ola bilməzmiş, heç təsadüfi deyil ki, ətrafını bu cür
qafqazlılarla doldurmuşdur.
Biz Stalinin hər halda başqaları kimi çox da şöhrət sevən bir
adam görünüşündə olmadığına, xüsusi həyatında təvazökar davrandığına,
fotoqrafiyalarının belə digər komissarlar kimi heç bir yerdə görünmədiyinə işarə
edincə, o, əlilə başı üzərindən bir jest edərək:
- Eh?.. - dedi. - Ona görə ki, kifirdir.
Bir cüt ayaqqabının verdiyi zövq
Moskvaya payızda gəlmişdik. Qış üçün yaxşı da tədarüklü
deyildik. Hələ mənim ayaqlarım demək olar yalın idi. Yayda Azərbaycan dağlarında
daşıdığım “çust” deyilən incə bir ayaqqabı daşıyırdım. Günlər keçir, havalar
soyuyurdu. Moskvanın sərt qış günləri yaxınlaşırdı. “Hərbi kommunizmin” şiddətli
günlərində ayağa bir ayaqqabı tapmaq imkansızdı. Bir ayaqqabı üçün müraciət,
xahiş etmək isə heç ağlıma belə gəlməzdi. Bu kimi əskikliyə dözəcək, düşdüyümüz
şəraitdə görülməsi mümkün olacaq işlərlə məşğul olacaqdıq.
“Rumyansev muzeyi” deyilən Moskvanın əski mədəni müəssisəsi
yaşadığımız evin yerləşdiyi məhəllədə idi. Burada müəzzəm bir kitabxana vardı.
Oraya getməyə qərar verdim. Azərbaycan tarixi və müxtəlif mövzular üzərində
araşdırmalar aparırdım. Yarı ac, yarı çılpaq bir vəziyyətdə hər şeyi unutmuş,
kitablara dalmışdım.
Qış qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay
çustu ilə günü-gündən kitabxanaya getmək çətinləşirdi. Bu çətinliyi əvvəl
yanımda olan qalın yun corabı geyməklə qarşıladım; sonra madam Berzanovskinin
borc kimi verdiyi keçədən “valenka” dedikləri çəkmə işimə yaradı. Fəqət havalar
bir az ilıqlaşıb, qarlar əriməyə başlayınca valenka artıq geyilməz oldu. O zaman
təkrar Azərbaycandan gətirdiyim çust ilə qalın yun coraba qayıtdım. Fəqət hər
gün tədqiqat işindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq başında qurutmaq
lazım gəlirdi.
Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq
zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt
ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada
amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi
ayaqqabı gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların
“suxarovka” deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir
cütünü satın almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik,
üstümüzdəki qızıl istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət
kifayət deyildi. Əsil dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu
dəyərli əşyadan bir neçə iynə, bir az tikiş sapı və bir qədər də duz vermək
lazımmış, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür
olsun ki, bu “valyuta” mallarından bir qədər var idi; verdik, nəhayət,
ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli
arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim:
- Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan
uşaqlarda olur!
Məhəmməd Əlinin xüsusi qatarı
Moskvada Kommunist Partiyasının 8-ci qurultayı açılırdı. Bu
münasibətlə Rusiyanın hər tərəfindən hökumət mərkəzinə nümayəndələr gəlmişdi.
Qafqazdan da ən məşhur kommunist liderləri gəlmişdilər. Bu arada Kronştad qiyamı
başlamış və bu hadisə məmləkətin hər tərəfində diqqətə şayan təsir buraxmışdı.
Üsyan az bir vaxtda dərhal yatırılmışsa da, Lenin bu hadisədən dərs alaraq
“hərbi kommunizm” taktikasını “nep” deyilən yeni iqtisadi siyasət taktikasına
çevirmişdi. Sovet siyasətində yeni bir dövr təşkil edəcək bu hadisənin
Azərbaycanda nə kimi təsirlər yaratdığını öyrənmək lazım idi; bu münasibətlə
alınacaq tədbir və hərəkət xəttinin əsasını doğru olaraq təsbit edə bilmək üçün
bu informasiyalara böyük bir ehtiyac var idi.
Məhəmməd Əliyə dedim ki:
- Yoldaş Stalinlə görüşdüyümüz zaman İran inqilabı
haqqındakı xatirələrimdən bəhs etdiyim yadındadır. O, bunlara aid
materialları dərhal dönüb, Bakıdan gətirməni istəmişdi. Mən işi sonraya
saxladım. İndi əsil vaxtı gəldi. Qurultay nümayəndələri bu günlərdə Bakıya
qayıdırlar; bir yolunu tapıb, onlarla birlikdə Bakıya getsən fəna olmaz,
vəziyyəti öyrənmiş olarsan.
Məhəmməd Əli İran inqilabı haqqında materialları gətirmək
üçün Bakıya gedəcək deyə məsələni Berzanovskiyə açırıq. Məsələ onu da
maraqlandırdığından (bazar günü olmasına baxmayaraq, məsələ təcili olduğundan)
dərhal telefonla məsələni Stalinə ərz edir. Stalin dərhal “Məhəmməd Əli yola
çıxsın” deyə əmr edir. Nümayəndələr bir az sonra, o axşam yola çıxacaqlarından
Berzanovski tələsik büroya qaçır, lazım olan kağızları hazırlayır və xüsusi
olaraq qoşdurduğu komissarlıq xizəyi ilə gələrək bizi də evdən götürür. Birlikdə
stansiyaya gəlirik. Gecikmişik. Nümayəndələri aparan qatar on dəqiqə əvvəl
hərəkət edibmiş...
İndi nə olacaq? - deyə Berzanovski böyük bir qüssə ilə
stansiya şefinə:
- Bu necə ola bilər, yoldaş Stalin əmr edib, yoldaş
Məhəmməd Əli bu qatarla gedəcəkdi?..
Stansiya şefi:
- Yoldaş direktor, üzülməyin, hələ ki, gec deyil, əlacı
var. Qatar iki stansiya irəlidə su almaq üçün yarım saata qədər gözləyəcək;
xüsusi bir lokomotivlə bir vaqonu elə indi yola salarıq, yoldaş onunla
gedər, nümayəndə qatarına yetişər.
Berzanovski:
- Bravo, yoldaş şef!.. - deyə dərin bir nəfəs aldı. On
dəqiqə sonra “Məhəmməd Əlinin xüsusi qatarı” hərəkət etdi, arxasınca bir də
onu gözləsinlər deyə bir teleqram vuruldu.
Kontr-revolyusioner müsavatçı Məhəmməd Əlini aralarında
Orconikidze, dr. Nəriman Nərimanov, Qorxmazov, Ter-Mikaelyan və sairləri kimi
bolşevik başçıları olan 8-ci Kommunist Partiyası nümayəndələrini aparan xüsusi
qatar gözləyib durmalıdır; çünki...
Yoldaş Stalinin əmri icra ediləcək!..
Məhəmməd Əli getmiş, bir müddət Bakıda qalmış, vəziyyət
haqqında dolğun məlumatlarla yüklü olaraq geri dönmüş, fəqət səyahətinin “əsil
mövzusu olan” materialları tapıb gətirə bilməmişdi.
Əslində biz xatırlatmadıqca bunları axtaran da yox idi.
Abbasqulu Butırkadan çıxır
Kommunist Partiyası mərkəzi bürosundan Berzanovskiyə telefon
edib, Rəsulzadəni dostu Abbasqulu Kazımzadə axtarır deyiblər. Dərhal getdik.
Dostumuzu yanımıza gətirdik... İndi üçümüz - mən, Məhəmməd Əli və Abbasqulu -
bir otaqda yaşayırıq.
Abbasqulu, xatırlayarsınız, Stalinin mənə verdiyi ilk sözə
görə Moskvaya bizimlə bərabər gələcəkdi. Son dəmdə ona bu “şərəfi” vermək
istəmədilər. Yerli kommunistlərin ona qarşı xüsusi bir nifrəti vardı. İdeoloji
mübarizə illərində onları ən çox pozan, məğlubiyyətə uğradan o olduğundan onu
mütləq incitmək və hər cür həqarətlə “alçaltmaq” istəyirdilər.
Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda
göndərmişdilər; həbsxanadan-həbsxanaya keçə-keçə o, nəhayət, Moskvanın Lubyanka
deyilən meydanındakı məşhur Butırka zindanına salınmışdı. Bir müddət burada da
“staj” keçdikdən sonra qapıları açmış, onu küçəyə atmışdılar.
Abbasqulunu bir işə qoymaq lazım gəlirdi. Onun üçün
Berzanovskinin bələdçiliyi ilə yenə Stalinin yanına getdik, bu zaman o Millətlər
Komissarlığı, qısaca Narkomnats (rusca Narodnıy komissariat nasionalnostey
sözlərinin baş hərflərindən ibarətdir) Nazirliyi Xalq komissarı (naziri) idi.
Millətlər Komissarlığı nazirinin otağında görüşdük. Əvvəllər
məşğul olduğu dəftərxana məmulatı ticarətinə münasib olaraq Abbasquluya yeni
yaranmaqda olan komissarlığında təchizat məmurluğu verilməsi üçün Stalin
Berzanovskiyə təlimat verdi.
Türkiyəyə gedə bilərəmmi?
Abbasqulunun işi ilə əlaqədar görüşdüyüm əsnada Stalin:
- Necə yaşayır, nə düşünür, nə edirsiniz? - deyə
hal-əhval tutdu.
- Xırda-mırda işlərlə, gündəlik həyat zərurətlərilə məşğulam, - dedim.
- Həyat deyilən şey əslində elə xırda-mırda işlərdən ibarətdir, hər halda
bir perspektiviniz vardır, - dedi.
- Moskvada qaldıqca bir perspektivim yoxdur, - dedim.
- Bəlkə Türkiyəyə gedəsiniz? - dedi.
- Hm... - deyə bir az düşündüm, sonra, - bəli, - dedim. - Artıq Türkiyə ilə
tam anlaşmış vəziyyətdəsiniz... Bəlkə də mənim oraya getməyimə bir maneə
yoxdur. İcazə versəniz bundan məmnuniyyətlə istifadə edərəm, nə
deyirsiniz?.. - deyə cavab verdim.
Stalin dərhal qalxdı. Bığlarını buraraq otağın içində bir o
tərəfə - bir bu tərəfə gedərək,
- Bu qərardan vaz keçin, - dedi.
- Qərar deyilən bir şey yoxdur, bu fikri indicə mənə əslində siz təlqin
etdiniz, - dedim.
- Yox, təlqin etməmiş olum, - dedi.
Məsələ aydınlaşdı. Moskva yolunda ikən müəyyən ideoloji
nümayəndələri olan müxaliflərə qarşı Sovet hökumətinin mərhəmət göstərdiyindən
hətta Ukrayna şeflərindən Verniçenkoya xaricə getmək üçün izhar etdiyi arzunu
təmin edərək rəsmən icazə verilmiş olduğundan danışan Stalinin artıq bunu bir
daha təcrübədən keçirmək niyyətində olmadığı məlum oldu (bolşeviklərin Ukrayna
haqqındakı tədbirlərini təqdir edən Verniçenkonun xaricə çıxdıqdan sonra fikrini
dəyişdirərək sovet dövlət adamlarına qarşı müxalif bir şəkildə danışmasından
bəhs edən Stalin təcrübədən keçmiş bir işi ehtimal ki, bir daha təcrübə etmək
niyyətində deyildi).
Yeni mənzil, yeni məşğələ
“Təchizat məmuru” Abbasqulu dostumuzun təşəbbüsü ilə üçümüzə
Millətlər Komissarlığının idarəsində Pereçistenski bulvarda yerləşən binada iki
otaqdan ibarət yeni bir mənzil ayrıldı. Bu arada Şərq Dilləri İnstitutunda
(sabiq Lazarev İnstitutu) fars və rus dilləri müəllimliyinə təyin olundum. Bu
təyinatı mənə həmin institutun müdirliyinə təyin olunmuş tatar ziyalılarından
tanışım İsməti təmin etmişdi. Az bir vaxtda buradakı şərqşünaslarla yaxşı
münasibətlər, hətta dostluq yaratdım. Bunlardan birinə ədəbi mətnləri oxumaqda
yardım göstərmişdim. O, bir gün mənə:
- Sizdən soruşmadan bir iş eləmişəm; sizə bir akademiya
payı təmin etdik, - dedi.
Bütün instituta iki akademiya payı - “alimlərə məxsus ərzaq
təyinatı” varmış. Payları bölüşdürən heyətdə bizim professor da sözü keçən
üzvlərdən biri imiş. Bizim mənsub olduğumuz institut professorlarından bu iki
paya ona qədər namizəd varmış. Dostum bu paylardan birinin mənim üçün
ayrılmasına müvəffəq olubmuş.
Ona təşəkkür etdim. Akademiya payı deyib üstündən keçməyin.
Kommunist inqilabının o hər tərəfdə qəhətlik doğuran bir zamanında ağ un, şəkər,
çay, qəhvə, ət, yağ, çörək və sairədən ibarət bir ərzaq təyinatı tapmaq
həddindən artıq qayani-təşəkkür ikən, bunu dostluğun həqiqi bir təzahürü olaraq
almaq həqiqətən də təminedici bir şeydi.
Yeni mənzil ilə yeni məşğələ sürgündəki həyatımıza bir az
fərəh gətirmişdi; yeni tətbiq olunan “nep” siyasəti nəticəsində şəhərlər
arasında artan xüsusi gəliş-gedişlər sayəsində məmləkətdə təmaslar da artırdı.
Maddi cəhətdən olduğu kimi, mənəvi cəhətdən də nisbətən rahat bir nəfəs almağa
başlamışdıq.
Şərqşünaslar cəmiyyətinin sədri
Bir gün Millətlər Komissarlığının baş katibi Braydo görüşmək
üçün məni komissarlığa dəvət etdi. Təyin olunan saatda onunla komissarlığın
komissara (yəni Stalinə) məxsus otağında görüşdük. Məsələ demə nə imiş...
Millətlər Komissarlığı Şərqi öyrənmə işlərilə məşğul olacaq
elmi bir cəmiyyət təşkilinə qərar vermişdir. Rusiyanın tanınmış
şərqşünaslarından təşəkkül edəcək bu cəmiyyətdə sovetlərdəki millətlərin elm
sahəsində nüfuz sahibi olan nümayəndələri də iştirak edəcək; mən də bu
cəmiyyətin sədrliyini öhdəmə götürəcəyəmmiş.
Bu göstərilən diqqətə təşəkkür etməklə bərabər, belə bir
cəmiyyətə sədr olmayacağımı dedim.
- Nə üçün? - dedi.
- Hər şeydən əvvəl özümü hər kəsdən daha yaxşı tanıdığım üçün. Mən davamızla
bağlı olaraq müəyyən qədər elmlə məşğul olsam da özümü, ad və san sahibi
məşhur alimlərin iştirak edəcəkləri səlahiyyətli bir elmi müəssisənin sədri
olacaq bir səlahiyyətdə görmürəm.
Braydo israr etdi.
- Lüzumsuz bir təvazökarlıqdır bu! - dedi.
- Xeyr, söylədiyim bir həqiqətdir. Sizinki isə mübaliğəli bir iltifatdır, -
dedim.
Braydo təkrar israr etdi. “Əllamə” olduğumu mənə isbata
çalışdı. Mən də belə olmadığımı söyləyib durdum. O, yoldaş Stalin Sizdən bu
vəzifəni qəbul etmənizi şəxsən rica edir, deyə ən qüvvətli arqumentini işə
saldı.
Mən də:
- Ona mənim tərəfimdən təşəkkür edin, fəqət üzrümü də
yetirin, - dedim.
O, yenə israr etdi, təkrar Stalinin nüfuzuna istinad etdi. Baxdım ki, məsələ
ciddi bir şəkil alır. Taktikamı dəyişdirdim:
- Mən səlahiyyət sahibi dünyaca məşhur şərqşünasların toplaşdıqları bir
cəmiyyətə sədr olmaq ədəbsizliyini boynuma götürə bilmərəm, fəqət çox arzu
edilirsə, bu cəmiyyətdə sıravi bir üzv kimi işləyə bilərəm bəlkə... - dedim.
Braydo bu yumşalmadan məmnun bir əda ilə dərhal:
- Yaxşı, üzv olun, - dedi.
- Fəqət bunun şərti var, - dedim.
- Nədi o şərt?
- Təsəvvür olunan cəmiyyətin nizamnaməsini bir kərə tədqiqə nə ehtiyac?
- Nə olsa da, hər nizamnaməni nə qədər normal olsa da bir kərə tədqiq etmək
işə ciddiyyətlə əhəmiyyət verən hər bir kəsin görəcəyi normal işdir, -
dedim.
- Nizamnamə yalnız bir nüsxədir, onu başqalarına da göstəririk, - dedi.
- Böyük bir komissarlıq üçün onu çoxaltmaq elə bir iş deyil, - dedim.
- Yaxşı, - dedi, ayrıldıq.
Bir neçə gün sonra nizamnamənin istədiyim surəti gəldi.
Tədqiq etdim. Maddələrindən birində üzvlərinin 51 faizinin Kommunist Partiyası
nümayəndələrindən olmasının zəruri olduğunun yazıldığını gördüm.
- Hə! - deyə dərin bir nəfəs çəkdim və dərhal son
qərarımı Braydoya bildirdim; Şərqşünaslıq cəmiyyətinə üzv belə olmayacağam,
- dedim, - çünki bu, elmi deyil, siyasi bir cəmiyyətdir.
Şərq millətləri kommunust
universiteti professorluğu
Braydonun təklifindən bir həftə sonra Pereçistinski
bulvardakı mənzilimizə üç gəncdən ibarət bir heyət gəlir. Bu, Moskvada yeni
təsis olunan “Şərq millətləri kommunist universiteti” tələbələri adından
göndərilmiş xüsusi bir heyətdir. Bu universitet Şərq məmləkətlərində kommunizmi
yaymaq üçün propaqandistlər yetişdirmək məqsədilə yaradılmışdı. Heyətin üç
üzvündən biri bakılı, biri gəncəli, biri təbrizli idi. Demək, “bütün Azərbaycan”
bizimlə görüşməyə gəlmişdi. Gənc yurddaşlarımı əhəmiyyət və diqqətlə dinlədim.
Onlardan biri nə üçün gəldiklərini dedi.
- Universitetimizdə “Şərq ellərində inqilab hərəkatları”
kafedrası boşdur, - dedi. - Buraya təyin edilmək üçün səlahiyyət sahibi bir
professor axtarırlar. Biz düşündük-daşındıq, bu kafedraya Sizdən daha
səlahiyyətli bir professor tapılmaz qənaətinə gəldik. Yoldaşlar bir səslə
qərar verdilər və bizi Sizin yanınıza göndərdilər. Bu müəllimliyi qəbul
etmək lütfünü bizdən əsirgəməmənizi rica edirik.
- Uşaqlar, gəldiyinizə çox məmnun oldum. Azərbaycanın üç mühüm mərkəzini
təmsil edən heyətinizə müsbət cavab verə bilməyəcəyimə həqiqətən təəssüf
etdiyimə sizi inandırıram.
- Cavabınız niyə müsbət olmasın?
- Olmaz, uşaqlar, inciməyin, amma olmaz!
- Niyə olmaz?
- Olmaz, çünki müəllim ilə tələbə arasında hər şeydən əvvəl bir səmimiyyət
olması şərtdir. Mənim söyləyəcəklərimi siz daima qeyd-şərtlə qəbul edəcək,
bu müsavatçı əcəba hadisələri doğrumu izah edir? - deyə düşünəcəksiniz. Mən
də daima mənim söylədiklərimi bu kommunistlər əcəba tam bir etimadla
dinləyirlərmi? - deyə düşünəcəyəm. Nə məndən sizə yaxşı bir müəllim, nə də
sizdən mənə yaxşı bir tələbə olmaz!
Əfqanıstan səfarətini istiqbal
Qapım döyülür, “gəlin” - deyirəm. İçəri tanımadığım birisi
girir.
- Mən, - deyir, - Xarici İşlər Komissarlığının
məmurlarındanam. Stalin yoldaşın tövsiyəsi ilə Çiçerin yoldaş məni Sizin
yanınıza göndərdi.
- Nə olub, xeyir ola?!
- Əfqanıstandan bir səfarət gəlir. Onları qarşılamaq üçün onlara Sovet
hökuməti adından farsca xitab etmək lazımdır. Fars dilini isə Moskvada
Sizdən yaxşı bilən yoxmuş. Yoldaş Stalin bu iş üçün yoldaş Çiçerinə Sizi
tövsiyə etmişdir. Bu işi lütfən öhdənizə götürün.
- Təəssüflər olsun, edə bilmərəm!..
Sovet xariciyyə məmuru gözləmədiyi bu cavab qarşısında özünü
itirdi. Çiçerin və Stalinin ricalarından ibarət olan bir təklifi Şərq Dilləri
İnstitutunun bir müəllimi hansı cəsarətlə rədd edir, - deyə düşündüyünü ifadə
edən bir heyrətlə:
- Niyə?! - deyir.
Bu “niyənin” cavabını səmimi olaraq vermək Bakıda “Osobı
otdel”dəki müstəntiqə cavab verməkdən daha müşküldür. Ona tərcümeyi-halımı və
siyasi vəziyyətimi açıb söyləyəcək deyildim ki...
- Edə bilmərəm, heç edə bilmərəm, - deyib dururdum. Məmur
əl çəkmir, mütləq rəddin səbəbini öyrənmək istəyir.
- Adi bir mütərcim vəziyyətinə düşmək istəmirəm, - deyirəm; başa düşmür.
- Şərqdən gələn müsafirləri Sovet hökuməti adından qarşılamaq bir şərəfdir.
Bu fürsətdən niyə istifadə etmək istəmirsiniz? - deyə israr edir.
- Adi bir mütərcim olmaqda nə şərəf varmış, - deyirəm. - Mən Xarici İşlər
Komissarlığının əfqan heyəti şərəfinə tərtib etdiyi bir ziyafət və ya qəbula
rəsmən dəvət olunan müsafirlər arasında olsam və burada yoldaş Çiçerin mənə
müsafirlərlə müzakirələrdə lütfən tərcümanlıq vəzifəsini qəbul etməyim üçün
müraciət edərsə, o zaman başqa, bu bir şərəf işi sayıla bilərdi. Başqa cür
bu iş olmaz.
Məmur:
- Yaxşı, eşitdiklərimi ərz etmək üçün gedim, sonrasını
fikirləşərik, - dedi getdi.
Bir neçə gün sonra İnstitutdayam. Sizi axtarırlar, dedilər.
Baxdım bizim xarici işlər məmuru.
- Qapıda Sizi avtomobiliniz gözləyir. Çiçerin yoldaş Sizi
əfqan elçilərinin gəlməsi münasibəti ilə təşkil ediləcək təntənəyə dəvət
edir. İndi isə heyət üzvləri ilə öncədən tanış olmaq məqsədi ilə dəvət
olunmuş şəxslərdən bir qismi ilə bərabər stansiyaya getməliyik.
O anda məni bir narahatlıq bürüdü, “dilimin bəlasınamı
düşdüm?” - deyə içim sıxıldı. Fəqət bu anda maşına minməkdən başqa bir yol yox
idi.
Tanıdığım məmurdan başqa maşında iki məmur da var idi. Bunlar
mənə uzun-uzadı əfqanlara aid istiqbal proqramını başa salır, bu proqrama görə
təşkil olunacaq qəbul təntənələrinə digər Sovet xadimləri ilə bir səviyyədə
tutulacaq müsafir sifətilə iştirak edəcəyimi və yoldaş Çiçerinin də məndən
mütərcimlik xahiş edəcəyini deyib dururdular.
Bütün bunları tam bir sükutla qarşılayan məni narahat edən
əsil şey düşdüyüm bu tələdən necə sıyrılıb çıxacağım düşüncəsi idi.
Maşın dayandı. Stansiyaya gəlmişdik. Perronda bir az duracaq,
müsafirləri gözləyəcəkdik. Mərasimə məsul olan adam mənə yanaşdı, səfarət
heyətini istiqbal üçün istifadə olunacaq sözləri eyni ilə tərcümə etməmi xahiş
etdi. Mən əvvəlcə tanış olduğum məmura:
- Şərtimiz bu deyildi, - dedim.
O, yenidən heyrətlə:
- Niyə belə edirsiniz? - deyə vəziyyəti heç cür başa
düşmür.
Nəhayət, səbrim tükəndi, ona:
- Çətin də olsa, yoldaş Çiçerinin bir qəzaya uğrayaraq
mühacir və ya sürgünə göndərilmiş bir adam vəziyyətinə düşdüyünü fərz edək.
Bu vəziyyətdə o, adi bir mütərcimlik vəzifəsini özünə rəva görərdimi? -
deyirəm.
Məmur lap özünü itirir:
- Bu nə sözdür? - deyir və dərhal enerjili bir jestlə
perronun ta o başında duran digər yoldaşları ilə danışmaq üçün addımlayır,
bu əsnada içimdən bir səs:
- Nə durursan!.. - deyir.
Tez perrondan çıxıb, hərəkət etməkdə olan tramvaya minirəm.
Məni təhdid edən “şərəf”dən bu surətlə azad oluram.
Səfarəti gətirən qatarın bir saata qədər gecikməsi məmurları
müşkül vəziyyətdən qurtarır. İnstitutdakı dosentlərdən birinin cəlb edilməsi ilə
istiqbal mərasimi birtəhər baş tutur. Bunu öyrənincə mənim də narahatlığım bir
az azalır.
Ertəsi gün İnstitutdakı dostlar məni tələdən qaçıb
qurtarmağım münasibəti ilə təbrik edirlər.
Müsəlman qəhətzadələrinə yardım
cəmiyyəti
1921-ci ildə İdil (Volqa) çayı çevrəsində qorxunc bir
qəhətlik və aclıq olmuşdu. Buralarda öz əzizlərini yeyən insanların olması
danışılırdı. Deyirdilər ki, qida maddəsi olan torpağı bölüşdürə bilməmək üzündən
kəndlilər silahlanaraq bir-birinin üstünə hücum çəkmişlər... Aclığın doğurduğu
səfalət haqqında bu cür tükürpədici təfsilat ağızdan-ağıza təkrarlanıb gedirdi.
İnqilabi hadisələr və vətəndaş müharibəsinin bir nəticəsi olaraq yaranmış bu
səfalət üzündən iyirmi milyona yaxın adam ölüb getmişdi.
Qəhətzədələrə yardım məqsədi ilə Moskvada yaşayan bəzi
ictimai xadimlər tərəfindən “Qəhətzədələrə ümumi yardım cəmiyyəti” adı ilə
xüsusi bir təşkilat təsis edilmişdi. Bu cəmiyyət cürbəcür vasitələrlə ianələr
toplayır və aclıq çəkən rayonlara xüsusi dəstələr göndərərək yardım edirdilər.
Moskvada yaşayan tatar (müsəlman) ziyalılarından bir qrupu
qəhətzədələrdən çoxunun türk və müsəlman əhalidən ibarət olduğunu nəzərə alaraq,
“Qəhətzədələrə yardım cəmiyyəti” adı ilə bir komitə təşkili üçün rəsmi məqamlara
müraciət etmişdilər. Bu məqsədlə yazılmış müraciətlərini Leninin katibi
cəsarətverici bir mehribanlıqla qarşılamış, fəqət bu kimi məsələlərdə söz sahibi
olan yoldaş Stalinlə də bir kərə danışmaq lazım gəldiyini bildirmişdir. Stalin
isə o zaman Moskvada deyilmiş, yaxında qayıdacaqmış, onda bu məsələ üçün onunla
görüşmək gərək imiş.
Qeyd olunan bu münasibətdən həvəslənən Moskvadakı müsəlman
ziyalıları indi görəcəkləri işlərin planını çəkir; Müsəlman Komitəsi adından
bütün islam dünyasına bəyannamələr yayaraq müsəlman qəhətzədələrinə yardım üçün
müsəlman şəfqəti namına din qardaşlarının riqqəti təhrik olunacaq və nəticədə
Hindistan, Misir, Türkiyə, İran, Əfqanıstan və sairə kimi məmləkətlərdən,
şübhəsiz ki, böyük miqdarda ianələr gələcək, zavallı millətdaşlarımızın bu
surətlə olsun ələm və iztirabları bir az da olsun azalacaqmış.
Moskva müsəlman ziyalıları niyyətlərini mənə açdılar, mənim
də bu təşəbbüsə qoşulmamı istədilər. Hətta yaxında Moskvaya qayıdacaq Stalinə
müsəlman ziyalıları adından göndəriləcək heyətə mənim də daxil olmamı arzu
etdilər. Onlara xam xəyallara qapıldıqlarını dedim. Düşünülən bu təşkilata Sovet
hökumətinin hər şeydən əvvəl prinsip baxımından icazə verməyəcəyini, praktik
məqsədlər üçün olsa belə insanlara din və millət fərqini əsas tutaraq yardım
təşkil etməyin kommunist internasionalizmi anlayışı ilə uyğun gəlmədiyini
xatırlatdım.
Onlar mənim nəzəriyyəçilik etdiyimi, məsələnin isə felən həll
edilmiş olduğunu, işin indi yalnız Stalinlə bir dəfə görüşməyə qaldığını, bunun
sadəcə bir formal məsələ olduğunu irəli sürdülər və mütləq mənim də Stalinin
yanına gedəcək heyətin tərkibinə daxil olmamı israrla tələb etdilər (Stalinlə
olan münasibətimi mübaliğəli surətdə təsəvvür edən bunlar mənim bu heyətə
girməmə xüsusi əhəmiyyət verirdilər). Mən bu təşəbbüsün müsbət bir nəticəyə
varacağına inanmır, inanmadığım və öncədən nəticəsiz qalmağa məhkum olduğuna
şübhə etmədiyim bir təşəbbüsdə faktiki iştirakda da bir məna görmürəm, dedim.
Siz madam ki, bu təşəbbüsə girişmisiniz, işi axıra çatdırın, mənim bədbinliyim
özünü doğrultmasa, iş müsbət bir nəticəyə vararsa, onda mən sizə söz verirəm,
əlimdən gəldiyi qədər bu işə yardım edəcəyəm, - deyə təminat verdim.
Heyət getdi. Stalinlə görüşdü gəldi.
- Necə oldu? - dedim.
- Necə olacaq, əla! Stalin bizi gözəlcə qəbul etdi. Sizin bədbinliyinizə
qətiyyən əsas yoxdur. Projelərimizi (layihələrimizi) çox faydalı və müsbət
qiymətləndirdi!..
- E?..
- Yalnız bir dəfə də müsəlman kommunistlərdən soruşaq, - dedi.
- Müsəlman kommunistlər bu işin mümkün olmayacağını deyəcəklər, təbii, -
dedim.
Elə də oldu. Qəti cavabı almaq üçün gedən heyətə Stalin
“böyük bir təəssüflə”:
- Müsəlman kommunistləri bu işin əleyhinədirlər, -
demişdi.
Azərbaycanı Azərbaycana
bitişdirməlimi?
Məhəməd Əli küçədə Bakıdan yeni gələn Orconikidzeyə rast
gəlmiş, Orconikidze Stalinin bizi görmək istədiyini və gəlsək Kremldə bizi qəbul
edəcəyini demişdi.
Orconikidze qafqazlı bolşeviklərin qocamanlarındandı.
Stalinin əski mübarizə yoldaşı idi. Qafqazın sovetləşdirilməsində mühüm bir rol
oynamışdı. Bəhs etdiyimiz dövrdə də böyük komissarlıqlardan birini tutmuşdu.
Stalinin ən yaxın, sevdiyi və təqdir etdiyi şəxslərdən idi. Məhəmməd Əli ilə
çarlığa qarşı bərabər aparılan mübarizə dövründə tanış olmuşdular. Çar polisinin
təqibinə qarşı Məhəmməd Əli onu müəyyən bir vaxt saxlamışdı. Bir-biri ilə sənlə
danışırdılar. Dəvəti qəbul etdik. Təsbit olunan gün günorta vaxtı Kremlin bayır
qapısındayıq. Gözətçi pəncərəsinə kimliyimizi bildirdik. Məqsədimizi dedik.
Gözətçi bizi başdan-ayağa süzdü. İçəri zəng etməyə çox da cəsarət etmir,
tərəddüd edirdi. Kim bilir nə düşünmüşdü. Bu əsnada onu ta İstambuldan tanıdığım
Kamo peyda olur.
Kamonu 1911-ci ildə İstambulda çarizmdən qaçan bir mühacir
həyatı yaşayarkən görmüşdüm. Bir gün Parisdən gəlmiş, İran məşrutə hərəkatı
zamanı münasibətdə olduğum gürcü inqilabçılarından birinin tövsiyənaməsini
gətirmişdi. Yanında vaxtilə Stalinin Tiflisdə, Erivan meydanında qarət etdiyi
dövlət pullarından 100 manatlıq bir əskinas vardı. Bu əskinası xırdalamaq
istəyirdi. Ona Sirkəçidəki sərraflara dəyməyi məsləhət gördüm. Getdi pulu
xırdalaya bildi. Niyyəti bir-iki gün İstambulda qalmaq, sonra isə bir yol tapıb
Qafqaza keçmək idi. Orada Türkiyə sərhəddinə yaxın bir yerdə yurd salacaq,
çarizm əleyhinə bir neçə terror aktı həyata keçirəcəkdi.
Ertəsi gün qəzetlərdə bolqariyalı bir komitəçinin
yaxalandığını oxudum. Qəzetlərdəki təsvirdən yaxalanan “bolqar”ın bizim Kamo
olacağını təxmin etdim. Dərhal İttihad və Tərəqqi mərkəzində tanıdığım yurddaşım
prof. Əli bəy Hüseynzadənin yanına getdim. Məsələni danışdım. Yaxalanan adamın
bolqar çetəçiliyi ilə əlaqəsi yoxdur, bu, Rusiya çarizmindən gizlənən, qaçan bir
təşkilata mənsubdur, - dedim. İşə müdaxilə etməsini xahiş etdim.
İki gün sonra bizim Kamo gəldi. Onu gündüz həbsxanaya salmış,
gecələri hotelə gətirirlərmiş, yaxşı da rəftar edirlərmiş. Rus konsulxanası da
onu daim tələb edib dururmuş. Bu tələbi rədd etmiş və nəhayət, azad edərək,
həmin anda İstambuldan getməsini tələb etmişlər. O indi məmnun olub, təşəkkür
edir və yalnız bircə dərdinin olduğunu deyirdi:
- Nə olar, bir təşəbbüs də edin, bombalarımı da geri
versinlər.
- Bu artıq ağ olar, bombanı bir təhər taparsan, indilik hökumətin
vəziyyətini pisləşdirməmək üçün tezcə buradan çıx get, - dedim.
İndi bu Kamo Kremlin qapısında bizə bələdçilik edir. *
Kamo dərhal telefonu götürdü. İçəri girmək icazəsini alaraq,
bizi ta Stalinin apartmanına qədər müşayiət etdi.
Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada
hazırdı. Masada çoxdan görmədiyimiz və heç bir tərəfdə tapılmayan ağ çörək,
nəfis Gürcüstan şərabı, qara Azərbaycan kürüsü və sairə vardı.
Həm yeyir, həm də danışırdı. Söhbətin təşəbbüsü Stalinin
əlində idi. Bir vaxt bizə xitabla:
- Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin
bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz
ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha
çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə aşılanmışlar,
- dedi və sonra üzünü şəxsən mənə çevirərək:
- Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? - deyə soruşdu.
- Millətçilik deyilən hadisə bir insan birliyinin öz varlığını müdafiədən
başqa bir şey deyildir. Fərdlərdə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi
milli kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir, -
dedim.
- Yox, - dedi, - məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli
ziyalıların öz mənfəətlərini qısqanmaqdan başqa bir şey deyildir, - dedi.
Bu əsnada otağın birindən o birinə telefon başına keçən
Kalinin (o zamankı Sovet İttifaqı prezidenti) peyda oldu. Stalin dərhal ona:
- Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana bitişdirmək
istəmirsiniz?! - deyə xitab etdi. O isə heç dayanmadan əli ilə sərt bir jest
edərək:
- Yox, yox, istəmirəm, - dedi.
Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi İran
Azərbaycanının da sovetləşdirilməsi planlarından bəhslə ortada dolaşan
söyləntilərin çox da səbəbsiz olmadığına bir dəlildi. Bu, dialoq məsələsinin hər
necəsə Sovet yuxarı dairələrində müzakirə edilmiş olduğunu göstərirdi.
Əcaib insandır Rəsulzadə
Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin
mənə:
- Braydonun təklifini qəbul etməmisiniz. Şərqi tədqiq
cəmiyyətinə niyə getmək istəmədiniz? - dedi.
- O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna
sahib olması şərtdir, - dedim.
- Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə
yönəlmiş bir maddədir.
Birinci çay stəkanını boşaldıb, ikincisinə keçdiyimiz zaman
Stalin daha bir təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını
tədqiq edən bir cəmiyyət vardır. Tədqiqlərini nəşr etmək üçün bu cəmiyyət bir
jurnal da çıxarır. Siz bu jurnalın redaksiyasına girsəniz, şəxsən Sizin üçün də
yaxşı olar. Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya
adından müxtəlif yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə
müsavatçı fikirlərinizi yayar və yerlərdə özəklər də təsis edərsiniz, - dedi.
Üzünə mənalı-mənalı baxdım, içimdən Azərbaycan xalq şivəsilə
aldada bilməzsən mənasına gələn “Keçəl suya getməz!” təbirini təkrarlayaraq
Stalinə “yeni iltifatı” üçün təşəkkürlə dedim ki:
- Mən özünə sadiq bir adamam. Nə özümü, nə də başqalarını
aldatmaq istəmərəm. Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya
daxil olub, batində başqa bir məqsəd güdmək əlimizdən gəlməz.
Stalin bu cavabdan sonra Orconikidzeyə döndü:
- Əcaib insandır bu Rəsulzadə. İdealizm ona mane olur.
Aciz-aciz oturub durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir, - dedi.
Sensasiyalı hadisə
Kremldən ayrıldığımız zaman Stalinin otağının yerləşdiyi
koridordan çıxarkən tatar kommunistlərindən Sultan Qaliyevə rast gəldik.
Sonradan milli təmayülçü suçu ilə töhmətləndirilərək edama məhkum olan Sultan
Qaliyevi lap Bakıdan tanıyırdım. Moskvada onunla bir neçə dəfə görüşmüşdüm.
Özünəməxsus orijinal bəzi fikirləri vardı. Bizi görər-görməz:
- Siz burada nə gəzirsiniz, - dedi.
Ona ayaqüstü izahat verəcək deyildik, təbii ki.
- Sizə bir təklifmi etdilər? - deyə maraqlandı...
- Yox canım. Sizdə bir söz var deyəsən, gələrsiniz, söhbət edərik, - dedim.
Ayrıldıq.
Ertəsi gün Sultan Qaliyev gəldi. Partiya dairələrində
sensasional bir xəbər yayılıbmış. Sultan Qaliyev maraqlanıb soruşur:
- Bu doğrudurmu ki, dr. Nərimanovu (o vaxt Azərbaycan
Sosialist Sovet Respublikası Komissarları Şurasının sədri) götürüb, yerinə
Sizi (yəni məni) gətirəcəklər...
- Yox canım, bunu haradan çıxartdınız?..
- Kreml dairələrində belə danışırlar.
- Siz ağlınızı itirdinizmi? Bu şayiələrə necə olur qulaq asırsınız?.. Dr.
Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi necə bəhs
mövzusu ola bilər?
Bu şayiələrin, həqiqətən əgər varsa, müəyyən bir məqsədlə
xüsusi uydurulub yayıldığını, Sultan Qaliyevin tez inanan adam olduğuna eyhamla
izah edirəm. Fəqət içimdən bu sensasiyalı hadisə ilə bir gün əvvəl Stalinlə
Kalininin arasında iki Azərbaycanın birləşdirilməsi mövzusundakı “zarafat”
arasında hər halda bir münasibət aramağın əbəs olmadığı fikri də ağlıma gəlməmiş
deyildir...
Bir məqalənin macərası
Əlifba məsələsinin Azərbaycanda mübahisələrə səbəb olduğu
günlər idi. Ərəb hərfləri tamamilə götürülüb, yerinə latın hərflərimi qoyulsun,
yoxsa ərəb hərflərinə səsli hərflər əlavə edilmək surətilə və əlifbanın sadəcə
islahı iləmi kifayətlənilsin, deyə cəmiyyət iki zümrəyə ayrılmış, hər iki tərəf
öz tezisini müdafiə edirdi. O zaman Azərbaycanda maarif komissarı olan Dadaş
Bünyadzadə ərəb əlifbasının islahı tezisini müdafiə edirdi. Bu tezis o zamankı
şərtlər və mülahizələrlə Azərbaycan vətənpərvərləri və türkçüləri tərəfindən də
müdafiə olunurdu. Dadaş Bünyadzadə Moskvaya gəlişində məni ziyarət etmiş, əlifba
məsələsindəki görüşümü bir layihə halında yazmamı xahiş etmiş və bu layihənin
Azərbaycanda müdafiəsini şəxsən üzərinə götürəcəyini vəd etmişdi. Mən məsələ
haqqındakı görüşlərimi bir məqalə şəklində Moskvada Millətlər Komissarlığı
tərəfindən nəşr olunan “Jizni nasionalnostey” qəzetində nəşr etdirdim.
Bolşeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz
etdirmək xüsusunda gizli və əsil fikirlərini bildiyimizdən (ki bu fikir sonradan
həyata keçirilmiş, ərəb hərfləri öncə latın hərflərinə, sonra da rus hərflərinə
təbəddül edilmişdir) bu məqalədə türk elləri arasındakı mədəni əlaqələri
tamamilə kəsdirməmək üçün yazılanı daha asan oxutdura bilmək məqsədini təmin
edən inqilabçılara haqq verirdim. Məqaləni eynən nəşr edən bu qəzet sonunda
özündən bir-iki cümlə əlavə etmiş və bu əlavə cümlələrdə “əlifbanı” islah
xüsusundakı fikirlərimizin kommunizmi müvəffəqiyyətlə yaymaq niyyətindən irəli
“gəldiyi” də göstərilmişdi.
Məqalənin Azərbaycandakı oxucuları, təbii, bu fikrin mənə aid
olmadığını yaxşıca anlamışlarsa da bu taktikanın nəyi gözə aldığını da şübhəsiz
ki, sezmişdilər. Bu münasibətlə qəzet idarəsi qarşısında verdiyim bütün
protestlər nəticəsiz qalmış, göndərdiyim məktub da heç cür nəşr edilməmişdi.
Ənvər paşanın təklifi
Hələ Bakıda “Osobı otdel”in “mətbəx”ində müqəddəratımızı
acizanə gözləyib qaldığımız zaman Sovet hökumətinin bütün Şərq millətlərini
Avropa kapitalizmə qarşı ayağa qaldırmaq üçün tədbirlər gördüyünə aid hər gün
yeni-yeni məlumatlar alırdıq.
Vaxtilə Hindistanlı Bərəkətulla əfəndi, tatar məşhurlarından
Əbdürrəşid İbrahimov və Musa Begiyevin Lenin və Stalinin məşhur dekretlərini
müdafiə etmək üçün islam dünyasına etdikləri xitablardan xəbərimiz vardı. Bu
dəfə isə Bakıda məşhur Şərq millətləri qurultayı toplanırdı. Qurultaya Rusiya
idarəsində olan türk-müsəlman millətlərindən başqa Rusiya sərhəddi xaricindəki
inqilabçı ünsürlərin nümayəndələri də gəlmişdilər. Günün ən sensasiyalı hadisəsi
Ənvər paşanın da bu münasibətlə Bakıya gəlməsi idi. Paşanın müsəlman əhali
tərəfindən qarşılandığına dair dastan və rəvayətlər saxlandığımız həbsxananın
səskeçməz divarlarından nüfuz edərək bizə qədər gəlirdi. Paşanın minmiş olduğu
avtomobilin ətrafını bürümüş qələbəlikdən hərəkət etməz bir hala gəldiyi, əlini,
ətəyini, maşınını öpənlər olduğunu hər kəsin “aman paşam, nə zaman
qurtaracayıq?” deyə ona xitab edildiyi kameradan-kameraya danışılırdı.
Şərq millətləri qurultayında paşaya söz verməmiş, əksinə
keçmişdəki siyasi fəaliyyətini acı-acı tənqid edən bir nitqlə qarşılamışlarsa
da, lojada görünər-görünməz bütün qurultay ayağa qalxmış, onu əzəmətli bir
şəkildə, gurultulu alqışlarla qarşılamışlar.
1918-ci ildəki məğlubiyyətlərdən sonra Ənvər paşanın Rusiyada
necə peyda olduğunun təfsilatını burada anladacaq deyiləm. Yalnız onunla
Moskvada ikən görüşümdə bolşeviklərlə hansı məqsədlərlə təmasa gəlmiş olduğuna
və bu təmasın nə kimi bir nəticə ilə bitdiyinə aid qeydlərimi birbaşa və
dolayısilə Stalinlə əlaqəsi olduğu üçün burada təsbit edəcəyəm.
Moskvaya gəlib yerləşdikdən sonra burada iki türk
nümayəndəliyinin olduğunu öyrəndik. Bunlardan biri Ankara hökumətini rəsmən
təmsil edən Türkiyə nümayəndəliyi idi. Digəri isə türk missiyası (Turetskaya
missiya) deyilən ikinci bir heyət idi. Bu, əsil İttihad və Tərəqqi liderlərindən
Ənvər paşa ilə Camal paşanın bütün islam dünyasını qurtarmaq qayəsilə təşkil
etdikləri “İslam İnqilab Cəmiyyəti”nin bir bürosundan ibarət idi.
Ənvər paşa məhrumla bu türk missiyası binasında görüşdük. Onu
daha əvvəl 1918-ci ildə İstambulda hakimiyyətinin ən yüksək pilləsində, hərbiyyə
naziri və baş komandan müavini olaraq görmüşdüm. O zaman mən İstambulda olan
Azərbaycan nümayəndə heyətinin sədri idim, Şimali Qafqaz, Gürcüstan və
Ermənistan cümhuriyyətlərinin nümayəndə heyətlərilə birlikdə Mərkəzi Avropa
dövlətlərinin səlahiyyətli nümayəndələrindən ibarət olacaq millətlərarası
konqresdə Qafqaz cümhuriyyətləri işlərinin müzakirəsini gözləyirdik. Bu
münasibətlə İstambulda, hətta ondan öncə yenə Qafqaz işlərilə əlaqədar olaraq
“Gülcamal” paroxodu ilə gəldiyi Batumda paşanı görmüş, müxtəlif vəsilələrlə
onunla tez-tez təmaslarda olmuşdum. Onun idealist bir inqilabçı olduğunu bilir,
islami bir romantizm ruhu daşıdığına vaqifdim.
Bu dəfə ona qırmızı Moskvada rast gəlirdim. Bir gün bəyan
etdiyi arzuya görə türk missiyasının katibi vəzifəsini ifa edən qafqazlı bir
yoldaş vasitəsilə onunla qarşılaşdım. Mənə təmsil etməkdə olduğu cəmiyyətin
qayəsini anlatdı: “Biz, dedi, bolşeviklərlə müvafiq qaldıq. İslam dünyasındakı
məhkum millətlərin istiqlallarını qurtarmaq qayəsilə fəaliyyətə başlamışıq”.
Bu məqsədlə Berlində nəşr etmiş olduqları bəyannamə və
“Ürvətülvüska” başlıqlı məcmuədən də bir nüsxəsini mənə verdi. XIX yüzilin
ortalarına aid ittihadi-islamçı məşhur Cəmaləddin Əfqaninin vaxtilə nəşr etmiş
olduğu bir qəzetin başlığını daşıyan bu məcmuə mənə çox xarakterik göründü. Bir
göz gəzdirincə məcmuənin elə də çağdaş olmayan arxaik islami bir para məfhumlar,
ayətlər, hədislər və klişe təbirlərlə redaktə edilmiş olduğunu gördüm.
Paşa izah edirdi: “Avropa imperializminin əlində əsir olan
müsəlman millətlər özlərini qurtarmaq üçün təşkilatlanmalı; fəqət bu
təşkilatların aralarında sıx bir rabitə və həmrəylik olmalıdır, yoxsa bütün bu
hərəkatların müştərək qayə naminə müştərək bir mərkəzə ehtiyacları vardır”.
Bu mərkəz isə paşanın digər səlahiyyətdar yoldaşları ilə
birlikdə vücuda gətirmiş olduqları cəmiyyət idi. Paşa bu cəmiyyətə bizim
partiyanın, yəni Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının da qatılmasını
istəyirdi; fəqət:
- “Müsavat” firqəsi Sovet hökuməti əleyhindəki
müxalifətindən hələlik vaz keçməli, bu hökumətə qarşı hər cür qiyam
niyyətlərindən uzaq olmalıdır. Çünki Qızıl Orduya qarşı heç nə edə bilməz;
ən kiçik bir hərəkat nəticəsində məhvi-pərişan olar, bundan da bütün
Azərbaycan zərər görər, türklər və müsəlmanlar qılıncdan keçirilərlər”, deyə
şərt qoyurdu.
- Eyni vəziyyət Hindistandakı müsəlmanlar üçün varid deyildirmi, paşam? -
deyə soruşdum.
Bu suala verdiyi cavab hərəkat xəttini bolşeviklərin Avropa
kapitalistlərinə qarşı bütün Şərqi, ilk sırada müsəlman Şərqini ayağa qaldırmaq
taktikasına uyğunlaşdırmaq qərarını vermiş bir adamın verəcəyi cavab idi. Məntiq
və səmimiyyətdən çox uzaq olan bu cavab məni təmin etmədi, təbii, ona:
- Paşam, - dedim, - qaye özü-özlüyündə mükəmməldir. Şərq
millətləri və o cümlədən müsəlman millətləri hürr və müstəqil olmalıdırlar.
Biz azərbaycanlılar və dolayısı ilə biz müsavatçılar bu dava uğrunda yanmış
insanlarıq. Fəqət, məncə, diqqət ediləcək mühüm bir nöqtə vardır. Sizin
təsəvvür etdiyiniz müsəlman millətlərini qurtarma təşkilatı ona görə bir növ
internasionaldır. Sosialist internasionalının mərkəzi Moskvadır; çünki
Moskva sosializmin hal-hazırda vuruşan bir mərkəzidir. Milli istiqlal
internasionalının mərkəzi də analoji olaraq bu ideyanın həyata keçməsi üçün
hal-hazırda mübarizə halında olan bir yerdə, məsələn, Ankarada olması lazım
gəlir. Yoxsa, mərkəzi qırmızı Moskvada olacaq bir müsəlman hərəkatı ümumi
kommunist hərəkatının bir silahı olar. Belə olmaqdan çıxmaq istədiyi gün isə
mövcud şərtlər daxilində məhv olduğu gündür, - dedim.
Paşa təşkilat proqramını bir kərə (K) bəylə (katib) ətraflı
müzakirə etdikdən sonra bir daha görüşərik, deyə mövzunu dəyişdirdi və bir az
sonra vidalaşaraq ayrıldıq.
Ənvər-Camal paşaların aqibəti
Bundan günlər, həftələr və aylar keçdikdən sonra paşanın
Türküstana keçdiyi, orada “basmaçı” deyilən bolşevik əleyhdarı milli Türküstan
partizanlarının başına keçib, Qızıl Ordu hissələrini müəyyən ərazidə qovduğunu
və onunla müzakirəyə girişmək istəyən Moskva nümayəndələrinə Türküstandan
çıxmaları xüsusunda ultimatum verdiyi xəbəri Moskvada bomba kimi partladı. Bu
xəbər hər kəs üçün bir sürprizdi; hələ mənim üçün bu, yuxarıda anlatdığım
təfsilata nəzərən, çaşdıracaq bir şeydi. Ehtimal olunan “Müsavat” qiyamını
təqdir etməyən paşa necə oldu bu qədər qısa bir zamanda bolşeviklərin iş birliyi
yaradılacaq dost deyil, onlara qarşı silah çəkiləcək düşmən bir qüvvə olduqları
qənaət və qərarına gəldi, deyə heyrət içində qaldım. Paşanın mənə etdiyi təklifi
Moskvada ikən o zaman Türküstanda gizli fəaliyyətdə olan Milli Birlik Cəmiyyəti
liderlərinə də etdiyini və bu fikrin onun kimi dostu Camal paşa tərəfindən də
müdafiə olunduğunu sonradan öyrəndim.
Türküstanda Ənvər paşanın sonu 1922-ci il avqustun 4-də
intihara bənzəyən bir igidlik içində yalın qılınc pulemyot atəşinə hücum edərək
şəhid düşməsinə müncər olacaq faciələr cərəyan edərkən, dostu ilə müzakirə etmək
üçün Rusiyaya dönməkdə idi.
Ənvər paşanın Türküstanda bolşeviklər əleyhinə üsyan bayrağı
qaldırdığı xəbərini Tiflisdə eşidən Camal paşa İran yolu ilə təkrar Əfqanıstana
getmək üzrə idi. 28 iyun tarixli “İzvestiya” qəzetinə göndərdiyi məktubunda
paşanın bu hərəkatını “aləmi-islamın müttəhid cəbhəsində açılan bir rəxnə” deyə
təsvir edirdi.
Fəqət Camal paşanın dostu Ənvər paşanın macərasından bu
şəkildə üz döndərməsi bolşeviklərin ona qarşı əhəmiyyət və etimadını cəlb etmədi
və Ənvər paşanın şəhadətindən iki həftə öncə 21 iyulda Tiflisdə küçədə arxadan
atılan bir güllə ilə öldürüldü.
Ənvər paşa hadisənin cərəyan etdiyi günlərdə Stalin “Pravda”
qəzetində bir məqalə yazır, bu yazısında paşa ilə bərabər Türküstan
millətçilərini imperializmin bir uşağı olaraq tənqid edirdi.
Stalinin Ənvər paşa haqqında cəsur olduğu qədər səbirsiz və
ötkəm bir adam olduğu haqqındakı fikrini bilirdim. Bununla bərabər, o, paşanın
idealizmini də etiraf edirdi.
Atattürk haqqında
Türkiyə məsələləri və ümumiyyətlə Şərqdə inqilab mövzuları
ətrafında söhbət etdiyimiz zaman (yoldakı söhbətlər əsnasında) Stalinin Atatürk
haqqındakı fikrini də eşitmişdim. Ümumi bir qayda olaraq strategiyanı və
diplomatiyanı nəfəslərində ram edən siyasi adamların ancaq böyük dövlət adamı
ola bilmələrini qeyd edən Stalin Atatürkün müqtədir bir dövlət və inqilab adamı
olduğunu deyərdi, eyni zamanda yeni ümumi bir qayda olaraq yaşadığımız əsrdə
dövlət idarəsində hüququ təmsil prinsipinin zehnlərdə olduqca yer etdiyini,
Millət Məclisi olmadan heç bir hakimiyyətin müvəffəqiyyətlə həyata keçməyəcəyini
söyləyən bu diktator Atatürkə deyir, gənc yoldaşları dəfələrlə rast gəldiyi
müxalifət qarşısında səbirsizlik göstərərək idarəni tamamilə öz əlinə almasını
tövsiyə etmişlərsə də Atatürkün bu fikrə ehtiyat edib yanaşmadığından bizə bəhs
edirdi.
Türkiyə istiqlal hərbinin böhranlı
gübnlərində
Yunanların bir ara Əskişəhərə qədər gələrək Ankaranı təhdid
etdiyi günlər idi. Qırmızı Moskva dairələri Mustafa Kamal hakimiyyəti günlərinin
sayılmış olduğunu düşünürdü. Stalin başçılıq etdiyi Millətlər Komissarlığının
orqanı “Jizn nasionalnostey” qəzetində əfkari-ümumiyyəni Ankaranın süqutuna
hazırlayan bir məqalə dərc etdi. Məqalə Türkiyənin məğlubiyyətinin səbəbini
Kamal siyasətinin milliyyət məsələsində göstərdiyi geriliyə, şovinist
prinsiplərindən ayrılmamasına və zəhmətkeş siniflərin mənafeyini təqdir edən
acizliyinə hücum edir, vəziyyəti xilas etmək üçün hakimiyyətin daha əzmkar və
idealist əllərə keçməsi lüzumunu irəli sürürdü. Eyni zamanda siyasi dairələrə
yaxın olanlar arasında Ənvər paşanın komandanlığı altında Qafqazın Türkiyə
sərhəddində sərhədi aşmağa hazır hərbi hissələrin fürsət gözlədiklərini
əhəmiyyətlə təkrar edirdilər.
Fəqət bu dairələrin bəlkə də daxilən arzu edib gözlədikləri
fəlakət yerinə türkün dönük taleyinə enən zəfər günəşi bütün görkəmi ilə
parladı; bir gün sonrakı qəzetlər türk istiqlal ordusunun qaçan işğalçıları
Aralıq dənizinə tökmək üzrə İzmiri hədəf alaraq irəlilədiyini xəbər verdilər.
Tam bu günlərdə Bakıdan yoldaşlar gəlmiş, orada təşkilatın
vəziyyətinin düzəldiyini, “Müsavat” qeyri-leqal hərəkatının canlandığını
bildirmişdilər. Təşkilat arzu edərsə mənim xaricə çıxaraq orada milli hərəkatı
təmsil edərək fəaliyyətə başlamanın faydalı olacağı qənaətində olduğunu
bildirirdi. Digər tərəfdən, Moskvada qaldıqca ətalətə məhkum olunur və üstəlik
Stalin taktikasının bizi “işə cəlb etmək” cəhdlərinə qarşı daima sayıqlıq
göstərmək məcburiyyətində qalırdıq.
Yuxarıda qeyd etdiyim vəchlə inqilabın əvvəllərində bəzi
misallarda gördüyümüz kimi Sovet hökumətinin müvəffəqiyyətilə öz kontrolunda
olmayan bir sahəyə çıxmaq təsəvvürü də artıq meydandan qalxmış olurdu. Yeganə
çarə qaçmaqdı.
Günün aktual məsələsi bu fərarı təşkil etmək və planı
müvəffəqiyyətlə tətbiq etməkdi.
Bunun üçün Moskvada qalıb, mədəniyyət sahələrində olsa da,
işləməyə qərar vermiş kimi davranmaq təsəvvürünü yaratmaq üsuluna keçdim. Bu
məqsədlə “Vostok” adı ilə Pavloviçin idarəsində çıxan qalın bir məcmuədə nəşr
edilmək üçün Sasanilər dövründəki məşhur Məzdək hərəkatı haqqında məqalə qələmə
aldım. Məlum olduğu üzrə, Məzdək Sasani Qubad zamanında peyda olmuş bir
kommunist peyğəmbəri idi ki, təlimi ilə şahı öz dininə döndərmiş, məmləkətində
mallarla qadınların ictimailəşməsini nəzərdə tutan kommunist məzhəbinin rəsmən
qəbulunu təmin etmişdi. Sonra Ənuşirəvanın qəti bir müdaxiləsi ilə bu məzhəb
tərəfdarları payaya keçirdilmiş, Məzdək də edam edilmişdi.
Nəşr üçün verdiyim bu elmi məqalə ilə birlikdə bir də
Azərbaycan tarixinin tədqiqi ilə məşğul olduğumu irəli sürərək, Leninqradda
Elmlər Akademiyası kitabxanasında Azərbaycan tarixi ilə əlaqədar xüsusi bir neçə
əlyazmanı tədqiq etmək üçün Şərq Dilləri İnstitutunda yay istirahətindən
istifadə edərək Leninqrada getmək məqsədilə məzuniyyət aldım.
Leninqradda Leninqrad Şərq Dilləri İnstitutunun yayda boş
olan sinif otaqlarından birində yerləşərək Akademiya kitabxanasına gedir və
başda prof. Marr, Bartold və sairə olmaq üzrə akademiya professorları ilə
görüşərək, Azərbaycan tarixi və ədəbiyyatına aid mövzular üzrə söhbətlər etməklə
Leninqrada gəlişin həqiqi məqsədini pərdələyə bildim.
Əl altından hələ Moskvada ikən görüşdüyüm dostlarımdan
aldığım tövsiyyələrə görə, xüsusilə mərhum Musa Begiyevin vasitəsilə Fin körfəzi
üzərindən Finlandiyaya keçmək planının həyata keçməsi təfərrüatını hazırlamağa
başladım.
Leninqraddakı tatarların bu xüsusda təcrübələri vardı. Məndən
əvvəl bu təcrübədən prof. Sədri Maqsudi Arsal, redaktor Abdulla Taymas bəylər
istifadə etmişdilər; və Helsinqforsa çıxaraq sovet cəhənnəmindən qurtarmışdılar.
Fəqət onlar qaçarkən qış mövsümü idi. Körfəz donmuş və qarla örtülmüşdü. Bu yolu
onlar xizəklə keçmişdilər. İndi isə mövsüm məktəblərin tətilə buraxıldığı bir
yay mövsümüdür. Körfəzdən ancaq bir qayıqla keçmək olar. Bütün məsələ etibarlı
bir qayıqçı tapmaqda idi.
Musa Begiyev məni Fin körfəzinin kənarında bir tatar evinə
gətirdi. Sözləşilən fin qayıqçıları gecənin yarısında bu evə yanaşacaq, məni
götürüb yola çıxacaqdılar. Gəldiyimiz evdə bir tatar müsafirinə rast gəldim.
Demə bu, 1917-ci ilin mayında Moskvada toplanan məşhur Müsəlman qurultayının
nümayəndələrindən imiş. Məni dərhal tanıdı. Qurultaydakı müvəffəqiyyətlərimdən
həyəcanlı danışmağa başladı. Mən tez mövzunu dəyişdirdim, tarixi xatirələrin
canlandırılması vaxtının olmadığını ona hiss etdirdim (konspirasiya şəraitində
1917-ci il Moskva Müsəlman qurultayının nümayəndələrinə bu ilk təsadüf deyildi).
Sözləşilmiş saatda qayıqçılar gəlmədilər. Mütləq bir hadisə oldu, deyə məni
narahatlıq bürüdü. Ertəsi gün oradan dərhal uzaqlaşmaq, başqa bir yerdə qalmaq
lazım gəlirdi.
İkinci bir qayıqçı tutuldu. Bu dəfə göz önündəki bağ evində
deyil, şəhər kənarındakı bir fin kəndində qalacaq, gecənin hamının yatdığı bir
vaxtında kimsəyə sezdirmədən sahilə enəcək və qamışlıqda əvvəldən gizlədilmiş
qayığa minərək dənizə çıxacaq və beləliklə Fin körfəzini keçərək qarşıdakı
Finlandiya sahilinə çıxacayıq.
Qərarlaşdırılmış saatda müəyyən edilmiş bir fin kəndindəyik.
Biri qoca, digəri gənc iki fin qayıqçısı bizi götürəcək. Qoca bir az rusca
bilirsə, gənc yalnız fincə danışır. Müqəddəratımızı bunların əlinə təslim
edəcəyik.
Kəndlinin daxmasına girincə bir sürprizlə qarşılaşıram.
Burada biri qız, digəri oğlan iki tatar uşağı var. Bunlar da mənimlə bərabər
yolçuluq edəcəkdilər. Ana-ataları o tərəfdə olan bu uşaqları öz ailələrinə
qovuşdurmaq vəzifəsini də insanlıq naminə mən öhdəmə götürməliyəm. Əvvəlcə
bilsəydim, təbii, üzərimə belə bir külfəti almazdım. Fəqət indi olan oldu, keçən
keçdi qarşısındayam. Gecənin yarısında qumlar üzərində adətən sürünərək
qamışlığa gəldik. Finlər qayıqlarını qamışlıqlardan çıxardılar; iki uşaq ilə
bərabər məni də qayığa mindirdilər. Bizi ötürməyə gələn tatarlarla vidalaşaraq,
səssizcə dənizə çıxdıq.
Qoca qayıqçı əvvəlcədən mənə xəbərdarlıq etmişdi.
Danışmayacaqdıq, səs salmayacaqdıq. Çünki su keçiricidir. Səsimizi Kronştad
müşahidə qülləsi dərhal eşidər. Projektorla olduğumuz nöqtəni tapar və
qayığımızı pulemyot atəşinə tutar.
Hərəkət etdiyimiz gecə yağmurlu bir gecə idi. Uzun zaman
şimalın məşhur aydın gecələri keçsin deyə gözləmişdim. Aydın gecələr keçmiş,
arxasından aydınlıq gecələr başlamışdı. Daha gözləyə bilməzdim. Çünki
məzuniyyətimin vaxtı qurtarır, Moskvaya qayıtmağımın gecikməsi şübhəyə səbəb
olar; bütün planım alt-üst olardı. Onun üçün yağmurlu bir gecəni xüsusi
seçmişdim.
Gecə saat 12-dən sonra dənizə çıxmış, səhər saat 7
radələrində dan yeri ağararkən fin sahilinə yaxınlaşırdıq. Yandan əsən namünasib
bir külək bizi təkrar rus sərhəddinə apara bilər narahatlığı içindəyik.
Qayığımız sahilə yanaşar-yanaşmaz silahlı fin gözətçiləri bizi tuturlar.
Oradan Feriokidəki qarantində on beş gün qaldıqdan sonra
Helsinkiyə; Helsinkidə bir aya qədər tatar koloniyasının müsafiri olduqdan sonra
Almaniyaya, oradan Parisə, Parisdən də İstambula gəldim. İstambul o zaman hələ
müttəfiq ordularının işğalı altında idi. Fəqət eyni zamanda şəhərdə milli qüvvə
nümayəndəsi vardı və polis də Ankara hökumətinin əlində idi.
Burada yoldaşlarla birləşərək milli nəşriyyata qərar verdik
və ilk iş olaraq Stalinə, surəti aşağıda dərc olunan məktubu göndərdim:
Stalinə məktub
“Möhtərəm Stalin,
Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri
buraxmışdır. Onlar, təbii, haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları
üçün güllələnmədilərmi? Bu saatlar daxilində, adı çəkilən partiyanın rəisi olmaq
hesabilə mənim qurtuluşum bir növ möcüzə imiş. Vaqiənin tərifi, bu təbirə
layiqdirsə, insaf tələb edir, qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti
Sizsiniz; çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa
lüzum gördünüz.
Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım.
Bəzi məhrumiyyətlərə məruz qaldımsa da bunlar hər kəsin ümumiyyətlə yükləndiyi
məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə,
bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə
təşəkkür edirəm.
Moskvadan ayrılarkən Sizinlə görüşə bilmədim. Çünki Rusiyanı
gizlincə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə Sizə qarşı hörmətsizlik
görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim; işin mənfi tərəfini
mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da Rusiyanı
tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu,
mənim üçün mümkün olan iş deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq
tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada
cərəyan edən hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müşahidi
qalmaq olardı.
Hazırda Rusiyada hüsulə gələn hadisələr isə bundan yüz il
əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu
kimi indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır.
Taleyin hökmü ilə hakimiyyəti ələ keçirmiş kommunist firqəsi
ideologiyanın bütün cəbhələrində geri çəkilə-çəkilə keçmiş rus imperiyasının
bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından ziyadə
hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və
hədəfə malikdir. Bir hökumətin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə
kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonunda
geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına
(denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları)
kimi bir nəticəyə səbəb olur. Yerli fəhlə (proletariat) sinfinə istinad
iddiasilə əldə silah Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiş
olan demokratik siyasi təşəkkülləri işğal etdiyiniz zaman ümumiyyətlə, sabiq
imperiyanın çarizm siyasətiylə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus
fəhləsindən ibarət ən kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq
təşkil edən yerli əhalinin ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş
olursunuz. Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva
diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır.
Əski Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey
deyildi. Ucqar vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir
şey ifadə etməz. Azərbaycan xanlıqlarının ilk Qafqaz “namesnikləri”
(canişinləri) zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin
“Zakkraykom” (Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı
istiqlallarından heç də az deyildi. Ortadakı fərq olsa-olsa, indiki
cümhuriyyətlərin dağılması prosesi o zamankı xanlıqların dağılma prosesindən
daha artıq olmasından ibarətdir.
Bolşevik partiyasının mərkəziyyətçi olduğunu bildiyimdən bu
partiyanın növü özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir
dəyişikliyə keçə biləcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi
durumunda olduğumdan bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvada olduğum
iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının
yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti
surətdə inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın
kökündən yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil
edildiyinə soyuqqanlı baxa bilmirdim.
Sizin istədiyiniz bu mübadilə baş tuta bilməz. Şərq
millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq
istəyirlər.
Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı
mübarizə aparırlar və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər
axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız
isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal,
Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna,
Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim
Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin
Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.
Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda
Sizin də xeyirxahınız qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə
mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inanmanızı xahiş
ilə Sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz
edirəm. Ehtirami-tamla: Rəsulzadə Məmməd Əmin. Yanvar 1923 (bu məktub vaxtilə
İstambulda çıxan 23.1.1923-cü il tarixli və 5 nömrəli “Yeni Qafqazya” dərgisində
nəşr olunmuşdur).
Dostların müqəddəratı
Möhtərəm oxucular, yuxarıdan bəri hekayəsini anlatdığım
sərgüzəştlərimdə daima digər iki dostumla - Məhəmməd Əli və Abbasqulu ilə
birlikdə olduğuma şübhəsiz diqqət yetirmisiniz. Moskvada Preçirtenski bulvardakı
mənzildə bərabər yaşayırdıq. Mən fərara qərar verib, bir fin qayığı ilə
Finlandiyaya qaçdığım zaman onların başına nələr gəldi, deyə soruşa bilərsiniz.
Mən Moskvadan məzuniyyət alıb, Leninqrada yola düşdüyüm zaman Məhəmməd Əli
Narkomnats yanında mövcud olan bir kooperativin nümayəndəsi kimi Bakıda idi.
Abbasqulu da sonradan bir məzuniyyət uyduraraq mən Leninqradda ikən Moskvadan
Bakıya getmişdi. Fin sahilinə çıxdığımı aramızda qərarlaşdırdığımız bir vasitə
ilə Bakıya bildirəcəkdim. Mənim fin qayığı ilə salamat sahilə çıxdığım xəbərini
alınca, hər iki yoldaş dərhal əvvəlcədən hazırlanmış olan bir türkmən qayığına
minərək Xəzər dənizinə çıxmış və günlərlə su üzündə qalaraq, nəhayət, İranın
Pəhləvi (o zaman Ənzəli) limanına varmışdılar.
Yox olmağım Moskvada bir neçə gün sonra aydın olmuşsa da heç
bir iz əldə edilməmiş, iş sadəcə bir çox təhqiqatlar, istintaqlar və həbslərə
müncər olmuşdur.
Təfsirə möhtac olmayan bir fərq
Moskvadan fərar özbaşına anladılacaq çox həyəcanlı bir sıra
təfərrüata maliksə də əsil mövzu ilə az əlaqəsi olduğundan burada təsvirdən vaz
keçir, yalnız üzərimdə çox böyük bir təsir buraxan, biri Sovet Rusiyası, digəri
azad və müstəqil Finlandiyaya aid iki tablonun təsvirindən burada özümü saxlaya
bilməyəcəyəm.
Moskva yolunda bəzi stansiyalarda qatarımız dayanır, biz
bəzən bayıra çıxır, ətrafı seyr və tədqiq edirik. Bir dəfə Don çayı üzərindəki
Rostovdakı böyük şose yolunu gəzmiş, zəruri ehtiyac Məhəmməd Əlini
sıxışdırdığından su tökməyə məhrəm bir yer axtararkən rostovlulardan birisi bizə
Marksın müvəqqəti heykəli arxasına getməmizi tövsiyə etmişdi. Öncə şübhə ilə
qarşılaşdığımız bu təklifdə sonradan şübhəli heç bir şey olmadığını şəxsən
görmüş, heykəlin arxa tərəfinə yaxınlaşınca buranın həqiqətən də bir həla
olduğuna heyrət etmişdik.
Xarkovda gördüyümüz mənzərə isə daha əcayibdi. Stansiya
ətrafında marksizmin böyük mürşüdü və bolşevik inqilabının ən çox sitayiş olunan
ideoloji simvolu Marksın gipsdən yapılmış qoca büstünün ağacdan olan əsasının
yanları Qızıl Ordu nəfərlərinin ifrazatı ilə pislənmişdi.
Bu mənzərə kommunist inqilabı ünsürləri ilə kommunist idealı
arasındakı mənəvi rabitə haqqında bizə qəti və aydın bir fikir verirdi.
Finlandiya Sovetlərə qarşı istiqlal mübarizəsi aparmışdı və
bu mücadilədə öz istiqlal və hürriyyətini Lenin hökumətinə qəbul etdirmişdi.
Finlandiya istiqlal hərbində şəhid düşənlərin qardaş məzarları üzərində
Finlandiya paytaxtı Helsinkinin mərkəzində bu məmləkətə xas qranitdən bir abidə
qoyulmuşdu... Finlandiyaya çıxdıqdan sonra Helsinkidəki çox sevimli və
müsafirpərvər tatar koloniyasına qonaq qaldığım bir ay əsnasında hər gün yolum
bu şəhidlikdən keçirdi. Hər dəfə keçəndə burada etinalı və minnətdar əllərin
qoyduğu yeni çeşidli saxsılar tapırdım.
Sovetlərdə gördüyüm Marks abidəsinin halı ilə Helsinkidəki bu
şəhidliyin vəziyyətinin müqayisəsi təfsirə möhtac olmasın gərək!..
“Fantastik adamın fantastik karyerası”na aid özəlliklər
gözdən keçirilincə XII yüzil Yaxın Şərq ədəbiyyatının böyük şairi Gəncəvi
Nizaminin “Həft peykər” mənzuməsində təsvir olunan qızıl köynəkli bir demaqoq
tipi göz önündə canlanır.
Son dərəcə gözəl bir rus prinsesi varmış. Gözəlliyi
nisbətində xudbin, qəddar və müstəbid olan bu prinses özünə tilsimli bir qala
tikdirmiş və orada qalmışdı. Tilsimi qırıb, qalanı ala biləcək bir dəliqanlıya
ancaq qovuşacağam, təşəbbüslərində müvəffəq olmayan gənclərin isə başlarını
kəsib qala divarına asacağam, deyə elan etmişdi. Nəticədə minlərlə kəsik baş
qala divarını “bəzəmişdi”.
Camaatı həyəcana gətirən bu qəddarlığa qarşı üsyan edən cəsur
bir gənc əyninə qırmızı bir köynək geymiş, qanlı prinseslə evlənmək üçün deyil,
tökülən bu qədər qanların intiqamını almaq məqsədilə üsyan bayrağı qaldırmışdı.
Eqoist deyil, altruist bir niyyətlə hərəkətə keçən igidin başına geniş bir xalq
kütləsi toplanmışdır. Nəticədə prinsesin tilsimli qalası alınmış, qırmızı
köynəkli qəhrəman müvəffəq olmuşdu. Fəqət o, sözünün üstündə durmamış, qanlı
prinseslə evlənmiş və taxta çıxaraq, özünü qızıl çar elan etmişdi.
Stalin XII yüzil məsəlində təsvir olunan bu “qızıl çar”ın XX
yüzildə rus şərtləri daxilində yetişən real bir yarısıdır.
Dünyanın böyük bir parçasını şəxsi iqtidar və kontrolu altına
alan bu qorxunc adamın ehtirası bütün dünyanı hakimiyyəti altına almaq həddində
idi. Onun yeganə qayəsi insanı hər cür ideyalardan uzaq qalaraq yuxarıda adı
keçən fəhlə Peterburjetsin dediyi kimi hakimiyyətə ancaq hakimiyyət üçün gəlmək
və bütün dünyaya yaymaq idi.
O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik
ənənəsinin ən qəddar bir nümayəndəsi idi!
|
|